Moris (Morice) Fransaya qarşı [BP] – ərizə № 29369/10
23.4.2015 tarixli qərar [BP]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
İstintaq aparan hakimlərə qarşı böhtan yaymaqda qəzetlə əlbir olaraq iştirak etdiyinə görə vəkilin məhkum edilməsi: pozuntu baş verib
Faktlar – Fransa ilə Cibuti arasında əməkdaşlıq sazişi çərçivəsində texniki məsləhətçi təyin olunmuş hakim Bernar Borrel 19 oktyabr 1995-ci ildə ölmüş halda tapıldı. Növbəti günlərdə Cibuti jandarmeriyası tərəfindən aparılmış araşdırma nəticəsində bu qənaətə gəlindi ki, o intihar edib. Onun dul arvadı intihar barədə qərara etiraz edərək mülki iddiaçı qismində şikayət ərizəsi verdi və ərizəçini prosesdə vəkil qismində onu təmsil etməsi üçün təyin etdi. Naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən adamöldürmə ilə bağlı iki məhkəmə istintaqı başlandı. Məhkəmə istintaqının aparılması hakim M. ilə hakim L.L.-ə həvalə olundu.
2000-ci ilin iyununda Apellyasiya Məhkəməsinin ittiham aktları bölməsi bu hakimləri işdən kənarlaşdırdı və hakim P-ni işin istintaqını aparan yeni hakim qismində təyin etdi. Az sonra həmin bölmə geniş rezonans doğurmuş "sayentoloqlar" işinin hakim M-dən alınması barədə ərizəçinin vəsatətini təmin etdi.
2000-ci ilin sentyabrında ərizəçi və həmkarlarından biri Fransanın ədliyyə nazirinə hakim Borrelin ölümünə dair məhkəmə istintaqı ilə bağlı məktub yazdılar. Onlar hakim M. ilə hakim L.L.-in "qərəzsizlik və ədalət prinsiplərinə tamamilə zidd olan" davranışı ilə əlaqədar olaraq bir daha nazirə müraciət etdiklərini bildirdilər və xahiş etdilər ki, "məhkəmə istintaqının gedişində üzə çıxmış çoxsaylı qüsurlarla" əlaqədar olaraq Məhkəmə Xidmətləri Baş Müfəttişliyi tərəfindən araşdırma aparılsın.
Ertəsi gün "Mond" (Le Monde) qəzetində çıxmış məqalədə bildirilmişdi ki, xanım Borrelin vəkilləri ədliyyə nazirinə hakim M. barəsində "kəskin tənqid" məktubu yazıblar və onu konkret olaraq "qərəzsizlik və ədalət prinsiplərinə tamamilə zidd olan" davranışda ittiham ediblər və həmçinin əlavə edilmişdi ki, o, işin materiallarındakı sübutları açıq-aşkar qeydə almayıb və onları xələfinə təhvil verməyib.
Yuxarıda qeyd edilən iki hakim "Mond" qəzetinin naşirinə, məqalənin yazmış jurnalistə və cənab Morisə qarşı cinayət işi açılması üçün mülki tərəf qismində şikayət ərizəsi verərək onları mülki dövlət qulluqçusuna qarşı açıq böhtan yaymaqda ittiham etdilər. Ərizəçi bu cinayət əməlində iştirak etməkdə təqsirkar sayıldı və onun üzərinə 4.000 avro məbləğində cərimə ödəmək vəzifəsi qoyuldu. Məruz qaldıqları ziyana görə hakimlərin hər birinə 7.500 avro məbləğində kompensasiya təyin olundu, bu məbləği ərizəçi və digər iki müttəhim birlikdə ödəməli idilər.
11 iyul 2013-cü il tarixli qərarında Məhkəmənin Palatası bir səsə qarşı altı səslə bu qənaətə gəldi ki, 10-cu maddənin pozuntusu baş verməyib. 9 dekabr 2013-cü ildə iş ərizəçinin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi (169 saylı məlumat bülleteninə bax).
Hüquqi məsələlər – Maddə 10: Ərizəçinin məhkum edilməsi onun Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı hüququna müdaxilə təşkil edirdi. Bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və onun məqsədi digər şəxslərin nüfuzunu və hüquqlarını müdafiə etmək idi.
Ərizəçini məhkum edərkən Apellyasiya Məhkəməsi belə bir rəy bildirdi ki, təkcə elə istintaq aparan hakimin davranışının "qərəzsizlik və ədalət prinsiplərinə tamamilə zidd olduğunun" iddia edilməsi faktının özü xüsusilə ləkələyici xarakter daşıyır. Həmin məhkəmə əlavə etdi ki, videokassetlərin təhvil verilməsinin yubadılması ilə bağlı ərizəçinin şərhləri və Cibuti prokurorunun hakim M.-ə əlyazması formasında yazdığı açıqca (ərizəçi hakim M.-in hərəkətini "susmaqla razılıq vermə" adlandırmışdı) sadəcə olaraq ittihamın böhtan xarakteri daşıdığını təsdiqləyirdi, beləliklə, iddiaların "həqiqətə uyğunluğu" sübuta yetirilmədi, ərizəçinin vicdanlı yanılma arqumenti isə rədd edildi.
a) Ərizəçinin vəkil statusu – Mübahisələndirilən fikirlərin məhkəmə prosesi kontekstində bildirildiyi şübhə altına alınmasa da, onlar konkret olaraq istintaq aparan hakimlərə qarşı yönəlmişdi, bu hakimlər isə həmin anda artıq birmənalı olaraq prosesdən kənarlaşdırılmışdılar. Müvafiq olaraq, ərizəçinin söylədiyi fikirlər onun müştərisini müdafiə etmək vəzifəsinə birbaşa yardımçı ola bilməzdi, belə ki, həmin vaxt məhkəmə istintaqı tənqid hədəfi olmayan başqa bir hakimə həvalə olunmuşdu.
b) İctimai maraq doğuran məsələnin müzakirəsinə şərait yaratma – Ərizəçinin mübahisələndirilən fikirləri, yəni ictimai maraq doğuran məsələ olan məhkəmə hakimiyyətinin fəaliyyətinə və Borrelin işinin (bu iş medianın hədsiz dərəcədə diqqətini cəlb etmişdi) necə araşdırılmasına aid olan fikirlər ictimai maraq doğuran məsələyə dair müzakirələrin kontekstinə aid fikirlər idi və buna görə də ifadə azadlığı üçün təmin edilən daha yüksək dərəcəli müdafiə bu fikirlərə şamil olunurdu və müvafiq olaraq, bu məsələdə dövlət orqanlarına verilən qiymətləndirmə sərbəstliyinin hüdudları məhdud idi.
c) Mübahisələndirilən fikirlərin xarakteri – Mübahisələndirilən fikirlərin ümumi tonunu və hansı kontekstdə ifadə edildiyini nəzərə alsaq, onlar sırf faktlara dair qeydlər olmaqdan daha çox, qiymətləndirici mülahizələr idi, belə ki, onlar əsas etibarı ilə istintaqı aparan hakimlərin istintaqın gedişindəki davranışına verilən ümumi qiyməti əks etdirirdi.
Bu qiymətləndirici mülahizələr yetərincə "faktoloji əsasa" malik idi. Hakimin videokasseti təhvil verməməsi nəinki müəyyən edilmişdi, həm də bu hal o dərəcədə ciddi idi ki, onun işin materialları arasında olmaması hakim P. tərəfindən qeydə alınmışdı. Əlyazması formasında yazılmış açıqcaya gəlincə, Cibuti prokuroru ilə hakim M. arasında müəyyən dostluq münasibətlərinin olduğunu göstərməkdən əlavə, bu açıqca həm də mülki tərəflərin vəkillərini "manipulyasiyaların təşkilində" ittiham edirdi.
Nəhayət, bu da müəyyən edilmiş fakt idi ki, ərizəçi hakim M-in istintaq aparan hakim qismində çıxış etdiyi yüksək rezonans doğurmuş iki işdə vəkil qismində iştirak etmişdi. Onların hər ikisində ərizəçi apellyasiya məhkəmələrinin həmin işlər üzrə prosesdə nöqsanlar olduğu qənaətinə gəlməsinə nail olmuşdu ki, bu da hakim M-in həmin işlərdən kənarlaşdırılması ilə nəticələnmişdi.
Bundan başqa, ərizəçinin işlətdiyi ifadələrlə işin faktları arasında kifayət qədər sıx əlaqə vardı və onun fikirləri azdırıcı və ya səbəbsiz hücum xarakteri daşıyan fikirlər sayıla bilməzdi.
d) İşin xüsusi halları
i) Məsələnin bütün tarixçəsinin nəzərə alınmasının zəruriliyi – Bu işdə qaldırılan məsələnin tarixçəsi təkcə istintaqı aparan hakimlərin davranışı ilə və ərizəçinin onlardan biri ilə qarşılıqlı münasibəti ilə deyil, həm də işin konkret tarixçəsi ilə, onun dövlətlərarası xarakteri ilə və media tərəfindən geniş işıqlandırılması ilə izah oluna bilərdi. Lakin Apellyasiya Məhkəməsi ərizəçinin istintaqı aparan hakimi "qərəzsizlik və ədalət prinsiplərinə tamamilə zidd olan" davranışa görə tənqid edən mübahisələndirilmiş qeydlərini həddən artıq qabartmışdı, halbuki bu sitat baxılan işin konkret hallarının işığında qiymətləndirilməli idi, xüsusən ona görə ki, bu sitat əslində məqalə müəllifinə bildirilmiş fikir deyildi, ərizəçi və həmkarı tərəfindən ədliyyə nazirinə göndərilmiş məktubdan bir parça idi. Bundan əlavə, ərizəçi onun suallarına cavab verdiyi zaman jurnalist artıq öz mənbələri vasitəsilə ədliyyə nazirinə göndərilmiş məktubdan xəbərdar idi. "Sayentoloqların" işinin kontekstində hakim M. barəsində aparılmış intizam icraatının qeyd edilməsinə görə təkcə məqalə müəllifi cavabdehlik daşıyırdı. Mətbuatın dərc etdiyi "müsahibənin" məzmununda peyda olan hər bir şeyə görə və ya mətbuatın hərəkətlərinə görə vəkillər məsuliyyət daşıya bilməzdilər.
Beləliklə, Apellyasiya Məhkəməsi mübahisələndirilən fikirləri araşdırarkən həm işin tarixçəsinə, həm də məktubun məzmununa tam diqqət yetirməklə onları məcmu halında nəzərdən keçirməli idi.
"Susmaqla razılıq vermə" termininin işlədilməsi özü-özlüyündə hakim M.-in və Cibuti prokurorunun şərf və nüfuzuna qarşı ciddi hücum sayıla bilməzdi.
Bundan əlavə, ərizəçinin fikirlərini sadəcə hakim M.-ə qarşı şəxsi antipatiyanın ifadəsi hesab etmək olmazdı. Mübahisələndirilən fikirlər iki vəkilin peşə fəaliyyəti ilə bağlı birgə təşəbbüslərinin tərkib hissəsi idi və yeni faktlara aid idi, bu faktlar müəyyən edilmiş olan və məhkəmə sisteminin işində ciddi nöqsanları aşkara çıxarmaq iqtidarında olan faktlar idi və o cümlədən bundan öncə bu vəkillərin müştərilərinin mülki tərəf qismində iştirak etdikləri işin istintaqını aparmış iki hakimə aid idi.
Ərizəçinin fikirləri mənfi çalarda olsa da, qeyd etmək lazımdır ki, bir qədər düşmənçilik yönümlü və ciddi xarakterli olmalarına baxmayaraq, bu fikirlərdə əsas məsələ məhkəmə istintaqının aparılması ilə əlaqədar idi ki, bu da ictimai maraq doğuran məsələ idi və beləliklə bu məsələ ilə bağlı ifadə azadlığına məhdudiyyət qoymaq imkanı çox az idi. Bundan əlavə, vəkil ictimaiyyətin diqqətini ədalət mühakiməsi sistemindəki potensial nöqsanlara cəlb etmək imkanına malik olmalıdır və məhkəmə hakimiyyəti konstruktiv tənqiddən yalnız faydalana bilər.
ii) Məhkəmə hakimiyyətinin nüfuzunun qorunması – Hakim M. və hakim L.L. məhkəmə hakimiyyətinin nümayəndələri idilər və beləliklə adi vətəndaşlara nisbətən daha çox tənqidə məruz qalmaları qəbul edilə bilən hal idi, buna görə də mübahisələndirilən fikirlər onlara qarşı məhz hakim funksiyasını yerinə yetirən şəxs qismində yönəlmişdi.
Bundan əlavə, ərizəçinin fikirləri məhkəmə prosesinin lazımi qaydada aparılmasına zərər yetirə bilməzdi, belə ki, yuxarı məhkəmə sözügedən işi həmin işin istintaqını aparan bu iki hakimdən almışdı.
Qeyd edilən bu əsaslara görə və həmçinin yuxarıdakılar nəzərə alınmaqla, ərizəçinin məhkum edilməsi məhkəmə hakimiyyətinin nüfuzunun qorunmasına xidmət edə bilməzdi.
iii) Mövcud hüquqi müdafiə vasitələrindən istifadə edilməsi – Apellyasiya Məhkəməsinin ittiham aktları bölməsinə müraciət açıq-aydın nümayiş etdirdi ki, öncə ərizəçinin və həmkarının niyyəti mövcud hüquqi müdafiə vasitələrindən istifadə etməklə məsələni həll etmək idi. Əslində barəsində şikayət edilən problem yalnız bu hüquqi müdafiə vasitəsi istifadə edildikdən, yəni həmin müraciətdən sonra yaranmışdı və sonradan işin istintaqını aparan hakim P. də işin materiallarında bunu qeydə almışdı. Həmin mərhələdə ittiham aktları bölməsi bu cür şikayətlərə baxmaq səlahiyyətinə malik deyildi, çünki artıq işi hakim M. və hakim L.L.-dən almışdı. İstənilən halda, məhkəmə istintaqının başlanmasından dörd il yarım vaxt keçmişdi və Avropa Məhkəməsi bu qərarı çıxardığı anda həmin istintaq hələ də yekunlaşmamışdı. Öz növbəsində iş üzrə mülki tərəflər və onların vəkilləri məhkəmə prosesində aktiv iştirak edirdilər.
Bundan başqa, qeyd edilən iki faktla bağlı ədliyyə nazirinə edilmiş müraciət hüquqi müdafiə vasitəsi deyildi (yəni bu vasitədən istifadə edilməsi mətbuata müraciət etmənin qarşısını almırdı), sadəcə nazirin öz təşəbbüsü ilə inzibati araşdırma aparması üçün verilmiş sorğu idi.
Nəhayət, nə baş prokuror, nə də müvafiq vəkillər kollegiyası və ya kollegiyanın sədri mətbuatda ifadə etdiyi fikirlərlə bağlı ərizəçiyə qarşı intizam icraatına başlamağa lüzum görməmişdilər, hərçənd ki, bunu etmək üçün onların imkanı var idi.
iv) İşin halları ilə bağlı nəticə – Ərizəçinin mübahisələndirilən fikirləri nə məhkəmələrin fəaliyyətinə ciddi ziyan yetirən fikirlər idi, nə də mahiyyət etibarı ilə onların hərəkətlərinə qarşı əsassız hücumlar idi, onlar məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ictimai maraq doğuran müzakirələrin tərkib hissəsi olmaqla hakim M. ilə hakim L.L.-ə qarşı yönələn tənqidlər idi və lap əvvəldən media tərəfindən geniş işıqlandırılmış məhkəmə işi kontekstində səsləndirilmişdi. Baxmayaraq ki, bu fikirləri həqiqətən sərt hesab etmək olardı, onlar kifayət qədər "faktoloji əsası" olan qiymətləndirici mülahizələr idi.
e) Tətbiq edilmiş sanksiyalar – Ərizəçinin üzərinə 4.000 avro məbləğində cərimə, habelə mülki tərəf qismində şikayət etmiş hakimlərin hər birinə dəymiş ziyana görə digər iki müttəhimlə birlikdə 7.500 avro məbləğində kompensasiya ödəmək vəzifəsi qoyulmuşdu. Beləliklə, ona tətbiq edilmiş sanksiya "mümkün olan ən yüngül" sanksiya deyil, müəyyən qədər ağır sanksiyalardan biri idi və hətta sanksiyanın ağırlığına haqq qazandırmaq üçün onun vəkil statusu əsas gətirilmişdi.
Yuxarıda qeyd edilənləri nəzərə alsaq, böhtanda iştirakçılığa görə ərizəçiyə qarşı çıxarılmış hökm onun ifadə azadlığı hüququna qeyri-mütənasib müdaxilə hesab edilə bilər, buna görə də bu müdaxilə Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan mənada "demokratik cəmiyyətdə zəruri" deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Avropa Məhkəməsi həmçinin Kassasiya Məhkəməsindəki icraatda məhkəmə heyətinin tərkibində əvvəllər prosesdəki mülki tərəflərdən birinə açıq şəkildə dəstəyini ifadə etmiş hakimin olması ilə əlaqədar olaraq onun iş ilə bağlı qərəzsiz məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması aparılmadığı barədə ərizəçinin şikayəti ilə bağlı 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi. Həmin məhkəmənin qərəzsiz olmaması ilə bağlı ərizəçinin qorxusu obyektiv cəhətdən əsaslı hesab edilə bilərdi.
Maddə 41: mənəvi ziyana görə 15.000 avro; maddi ziyana görə isə 270 avro təyin edildi.
(Həmçinin bax: Jüli və "SARL Liberasyon" şirkəti Fransaya qarşı, ərizə № 20893/03, 14 fevral 2008-ci il, 105 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy