© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
RAELİEN SUİSSE HƏRƏKATI İSVEÇRƏYƏ QARŞI İŞİ
(CASE OF MOUVEMENT RAËLIEN SUISSE v. SWITZERLAND)
(16354/06 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
13 iyul 2012
Bu qərar yekundur, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Raelien Suisse Hərəkatı İsveçrəyə qarşı işinə,
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Françoise Tulkens,
Josep Casadevall,
Corneliu Bîrsan,
Egbert Myjer,
Mark Villiger,
Päivi Hirvelä,
András Sajó,
Mirjana Lazarova Trajkovska,
Ledi Bianku,
Ann Power-Forde,
Mihai Poalelungi,
Nebojša Vučinić,
Kristina Pardalos,
Ganna Yudkivska,
Paulo Pinto de Albuquerque,
Helen Keller, hakimlər,
və Michael O’Boyle,Katibin Müavini,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi 16 noyabr 2011-ci il və 9 may 2012-ci il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd olunan tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (Konvensiya) 34-cü Maddəsinə əsasən İsveçrə Konfederasiyasına qarşı raëlien suisse Hərəkatı (ərizəçi assosiasiya) tərəfindən 10 aprel 2006-cı il tarixində Məhkəməyə təqdim edilmiş ərizə (16354/06 saylı) əsasında açılmışdır.
2. Ərizəçilər Lozannada (İsveçrə) fəaliyyət göstərən hüquqşünas olan c-b E. Elkaim tərəfindən təmsil olunmuşdur. İsveçrə Hökuməti (Hökumət) öz Federal Ədliyyə İdarəsinin Nümayəndəsi, c-b F. Schürmann tərəfindən təmsil olunub.
3. Ərizəçi assosiasiya iddia edir ki, onun afişalarının İsveçrənin dövlət orqanları tərəfindən qadağan edilməsi onun müvafiq olaraq Konvensiyanın 9-cu və 10-cu maddələri ilə qorunan din və ifadə azadlığı hüquqlarını pozmuşdur.
4. Ərizəyə baxılması Məhkəmənin Birinci Bölməsinə təyin edilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 15 may 2008-ci ildə, Məhkəmə ərizə barədə Hökumətə məlumat verməyi və Konvensiyanın keçmiş 29-cu Maddəsinin 3-cü bəndinə əsasən işə qəbuledilənliyi ilə bağlı və mahiyyəti üzrə birgə baxmağı qərara alıb.
5. 13 yanvar 2011-ci ildə Həmin Bölmənin aşağıdakı tərkibdən: Christos Rozakis, Nina Vajić, Khanlar Hajiyev, Dean Spielmann, Sverre Erik Jebens, Giorgio Malinverni və George Nicolaou və həmçinin Bölmənin Katibi Søren Nielsen, ibarət Palatası aşağıdakı qərarı çıxarmış və iki səsə qarşı beş səslə Konvensiyanın10-cu Maddəsinin pozulmadığını və şikayətin 9-cu maddəyə uyğun olaraq ayrıca baxılmasına ehtiyac olmadığını müəyyən edib. Hakimlər Rozakis and Vajićin fərqlənən rəyləri qərara əlavə edilib.
6. 12 aprel 2011-ci ildə ərizəçi assosiasiya Konvensiyanın 43-cü Maddəsinə və Məhkəmə Reqlamentinin 75-ci Qaydasına əsasən işin Böyük Palataya göndərilməsi ilə bağlı müraciət ediblər. 20 iyun 2011-ci ildə Böyük Palatanın paneli müraciəti qəbul edib.
7. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4 və 5-ci bəndlərinə və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına əsasən təyin edilib. Mihai Poalelunginin vəzifə müddəti 30 aprel 2012-ci ildə başa çatıb. O, işin baxılmasında iştirak etməyə davam edib.(Konvensiyanın 23-cü Maddəsinin 3-cü bəndi və Məhkəmə Reqlamentinin 24-ci Qaydasının 4-cü bəndi).
8. Ərizəçi assosiasiya və Hökumət hər biri daha sonra yazılı müşahidələrini təqdim ediblər (59-cu Qaydanın 1-ci bəndi). Əlavə olaraq, Məhkəmənin Sədri tərəfindən yazılı prosedurda iştirak etməsinə icazə verilmiş “Article 19” təşkilatından üçüncü tərəf şərhləri alınmışdır (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü Qaydasının 3-cü bəndi).
9. Dinləmə ictimaiyyətə açıq şəkildə Strasburqda İnsan Hüquqları Binasında 16 noyabr 2011-ci ildə keçirilib (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakılar iştirak edib:
(a) Hökumətin adından
c-bF. Schürmann, Avropa Hüququ və beynəlxalq insan hüquqları şöbəsinin müdiri, Federal Ədliyyə İdarəsi,
Federal Polis və Ədliyyə Departamenti,Nümayəndə,
c-bA. Tendon, Hüquqşünas, Neuchatel Kantonunun Hüquq Departamentinin müdir müavini,
x-mD. Steiger Leuba, Texniki məsləhətçi, Avropa Hüququ və beynəlxalq insan hüquqları şöbəsi, Federal Ədliyyə İdarəsi,
Federal Polis və Ədliyyə Departamenti, Məsləhətçilər;
(b) Ərizəçi assosiasiyanın adından
c-bE. Elkaim, hüquqşünas,
c-bN. Blanc, hüquqşünasin köməkçisi, Vəkil,
c-bM.P. Chabloz, raëlien Suisse Hərəkatının rəhbəri və nümayəndəsi, Məsləhətçi.
Məhkəmə c-b Elkaim və c-b Schürmannın çıxışlarını və onların hakimlərin müəyyən suallarına verdikləri cavabları dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçi assosiasiya və Rael Hərəkatı
10. Ərizəçi assosiasiya 1977-ci ildə təsis edilmiş, Rennazda (Vaud kantonu) qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatıdır. Bu assosiasiya, Cenevrədə yerləşən və 1976-cı ildə “Raël” kimi tanınan Klod Vorilhon tərəfindən təsis edilmiş Rael Hərəkatının ölkə nümayəndəliyidir. Assosiasiyanın nizamnaməsinə əsasən, bu assosiasiyanın əsas məqsədi başqa planetlərdən olanlar ilə ilk əlaqəni qurmaq və onlarla yaxşı ünsiyyət yaratmaqdır.
11. Hazırkı məhkəmə qərarının qəbul edildiyi vaxt ərizəçi assosiasiyanın internet səhifəsində yer alan məlumatlara əsasən, Rael Hərəkatının doktrinası Raelin “Elohim” adlanan və “yüksək texnologiyaya” malik olan yad planetlilər ilə girdiyi iddia olunan əlaqəyə əsaslanır. Deyilənlərə görə, Yer kürəsində həyatı və Xristianlıq, Yəhudilik və İslam dini də daxil olmaqla bir çox dünya dinlərini bu yad planetlilər yaratmışdılar. Rael Hərəkatının davamçıları elmi-texniki inkişafın mühüm olduğuna və klonlaşdırma və “şüur nəqli”nin insanı ölümsüzləşdirəcəyinə inanırlar. Bu baxımdan, Rael Hərəkatı insan klonlaşdırılmasını dəstəkləyən fikirlər ifadə etmişdir.
12. Rael Hərəkatının bəzi mətnləri və Raelin özü tərəfindən yazılmış əsərlər “geniokratiya” adlanan dövlət quruluşunu təbliğ edir. Bu doktrinaya əsasən, hakimiyyət yalnız yüksək zəkalı şəxslərə etibar edilməlidir. 13. Rael öz Hissi meditasiya kitabında, bu konsepsiyanı yad planetlilər tərəfindən insanlara verilmiş bir təlimat kitabçası adlandırır ki, həmin kitabçadan istifadə etməklə hər bir şəxs “öz bədənini kəşf edə və xüsusilə də, ondan istifadə etməklə , səslər, rənglər, ətirlər, dadlar, toxunuşlardan və ələxsus da cinsəllikdən zövq almağı və bütün hisslərindən istifadə edərək ona çatanların əqlini işiqlandıran və bununla da insanın tərkib hissəsi olduğu və onun tərkib hissəsi olan sonsuz və mütləq kosmik orqazmı yaşamağı öyrənə bilər.
.
B. Müvafiq icraatlar
14. 7 mart 2001-ci il tarixində ərizəçi assosiasiya 2001-ci il aprel ayının 2-13 tarixləri arasında afişa kampaniyasının həyata keçirilməsi üçün Neuçatel şəhərinin polis idarəsindən (polis idarəsi) icazə istədi. 69x97 cm ölçüsündəki bu afişanın yuxarı hissəsində tünd mavi fonda böyük sarı hərflər ilə “Yad planetlilərdən ismarıc” sözləri yazılmışdı; bir qədər aşağı hissədə isə Hərəkatın Fransadakı telefon nömrəsi ilə yanaşı eyni ölcülü, lakin, daha qabarıq hərflərlə Rael Hərəkatının internet səhifəsi ünvanı görünürdü; afişanın ən aşağı hissəsində isə “Nəhayətdə, elm dini əvəz edir” ifadəsi yazılmışdı. Afişanın ortasında uçan boşqab və Yer kürəsinin şəkilləri ilə yanaşı yad planetlilərin sifəti və piramida şəkilləri yerləşdirilmişdi.
15. 29 mart 2001-ci il tarixində polis idarəsi əvvəlki iki etiraza istinad edərək icazə verilməsindən imtina etdi. 1995-ci ildə Fransa parlamentinin tariqətlər haqqında hesabatında və La Sarine (Friburq kantonu) mülki məhkəməsinin sədrinin qəbul etdiyi qərara görə Rael Hərəkatı ictimai asayişə (ordre public) zidd olan və əxlaqsız fəaliyyətlər ilə məşğuldur.
16. Neuçatel şəhərinin bələdiyyə şurası 19 dekabr 2001-ci il tarixli qərar ilə, təhlükəli təriqət hesab edildiyi üçün, ərizəçi assosiasiyanın dini azadlığın qorunmasından faydalana bilməyəcəyini əsas gətirərək, ərizəçi assosiasiyanın şikayətini rədd etdi. İfadə azadlığına müdaxilə edilməsi isə Neuçatel şəhərinin İnzibati İdarəetmə Qaydalarının (Qaydalar) 19-cu maddəsi ilə əsaslandırılmışdı; assosiasiyanın, digərləri ilə yanaşı, insanın klonlaşdırılması, “geniokratiya” və “hissi meditasiya”nı təbliğ etdiyini nəzərə alarsaq, bu müdaxilənin məqsədi ictimai marağı qorumaq olmuşdur və proporsional şəkildə həyata keçirilmişdir.
17. 27 oktyabr 2003-cü il tarixində Neuçatel Torpaqların İdarəsi Direktorluğu bu qərarı qüvvədə saxladı. Direktorluq qeyd edib ki, Rael Hərəkatına görə, yerdə həyat və müxtəlif dinlər yad planetlilər tərəfindən yaradılmışdır və onlar dünyanı qorumaq gücündədirlər və qəbul edib ki, bu sadalananlar din və əqidə azadlığı ilə qorunan dini əqidə hesab edilir. Bundan əlavə, Direktorluq təsdiq edib ki, Qaydalar bu cür məsələlər ilə bağlı kifayət qədər hüquqi əsas yaradır. Direktorluq müşahidə edib ki, afişanın mətni və şəkillərində və ya yad planetlilərə edilmiş istinadda təhqiramiz heç bir şey yoxdur. Lakin, Direktorluq Rael Hərəkatının “geniokratiya”(intellektə əsaslanan siyasi model) və insan klonlaşdırılmasının təbliğ edilməsi faktını vurğulayıb. Əlavə olaraq, Fribourq Kanton Məhkəməsi 13 fevral 1998-ci il tarixli qərarında müəyyən etmişdir ki, hərəkat, xüsusilə də Rael öz əsərlərində pedofiliya və insesti təbliğ etmişdir. “Hissi meditasiya” təcrübəsi də asanlıqla təhqirə sövq edə bilər. Bundan əlavə, Rael Hərəkatının vebsaytında Clonaid saytına link qoyulmuşdur və bu saytda klonlaşdırma sahəsində xüsusi xidmətlər təklif olunmuşdur, həmçinin, saytda əksini tapan yevgenika nəzəriyyəsi irqi ayrı seçkiliyin aradan qaldırılması prinsipinə ziddir. Afişa kampaniyası əxlaqa və digər şəxslərin hüquqlarına ziddir. Hər bir halda, Rael Hərəkatı öz ideyalarını yaymaq üçün digər vasitələrdən istifadə edə bilərdi.
18. Ərizəçi assosiasiya Neuçatel Kantonu İnzibati Məhkəməsinə apelyasiya şikayəti vermişdir. O, digərləri ilə yanaşı, iddia etmişdir ki, sadəcə “geniokratiya”nın, klonlaşdırmanın və hissi meditasiyanın müdafiə edilməsində heç bir təhqiramiz nüans yoxdur. Əlavə olaraq, bildirmişdir ki, hərəkat pedafiliyanı öz Nopedo assosiasiyası vasitəsilə pisləmişdir. Bu səbəbdən, xüsusilə də, ərizəçi assosiasiyanın internet səhifəsinin axtarış sistemləri vasitəsilə hər zaman əlçatan olduğu üçün, ona afişa yerləşdirmək üçün icazənin verilməməsi xalis və sadə şəkildə senzuranı təşkil edir.
19. İnzibati Məhkəmə 22 aprel 2005-ci il tarixli qərarı ilə ərizəçi assosiasiyanın dünyaya qlobal baxışı təbliğ etdiyini və assosiasiyanın ifadə azadlığı və din azadlığına malik olduğunu təsdiqləmiş, buna baxmayaraq, apelyasiya şikayətini rədd etmişdir. Məhkəmə, ilk öncə, bildirmişdir ki, mübahisələndirilən tədbir substantiv mənada qanunvericiliyi təşkil İnzibatı Qaydalara əsaslanmışdır və bu afişa hərəkatın internet səhifəsində yerləşdirilmiş kitab və internet səhifələrinin daşıdığı mesaj nəzərə alınaraq dəyərləndirilməlidir. Clonaid tərəfindən təklif olunan xidmətlər açıq şəkildə İsveçrənin ictimai asayişinə zidd idi. Məhkəmə daha sonra müşahidə edir ki, Rael Hərəkatını sistemli şəkildə yeniyetmələrin əxlaqını pozmaq məqsədi daşıyan seksual təcrübənin mövcudluğunda ittiham edən cinayət əməllərinə dair şikayətlər qeydə alınmışdır. “Geniokratiya” və “hissi meditasiya” ilə bağlı yazılmış əsərlər yetkinlik yaşına çatmış bəzi şəxsləri uşaqları cinsi istismar etməyə sövq edə bilər, çünki, müəyyən əsərlərdə uşağa “seksual obyekt kimi üstünlük verilir”. “Geniokratiya” ilə bağlı yazılmış şərhlər və müasir demokratik quruluşların tənqid edilməsi ictimai asayiş, təhlükəsizlik və əxlaqa zərər gətirə bilər. Bu səbəbləri nəzərə alaraq, İnzibati Məhkəmə qərar vermişdir ki, bu cür ideyaların ictimai şəkildə təbliğinə icazə verilməsinə haqq qazandırmaq olmaz.
20. Ərizəçi assosiasiya bu qərardan Federal Məhkəməyə ümumi (publik) hüquq üzrə apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yeni qərar verilməsi üçün işin cavabdeh quruma geri göndərilməsini tələb etdi.
21. Federal Məhkəmə 10 oktyabr 2005-ci il tarixində ərizəçi assosiasiyaya çatdırılmış 20 sentyabr 2005-ci il tarixli qərar ilə apelyasiya şikayətini rədd etmişdir. Qərarın müvafiq hissələrində bildirilir:
“Direktorluq və sonra da İnzibati Məhkəmə [ərizəçi] assosiasiyanın dünyaya, xüsusilə də, dünyanın yaranması və müxtəlif dinlərin mənşəyi barədə qlobal baxışı təbliğ etdiyi müddətcə din azadlığından faydalana biləcəyini təsdiqləmişdirlər ( Konstitusiyanın 15-ci maddəsi, AİHK-nın 9-cu Maddəsi və BMT 2-ci Paktının 18-ci Maddəsi). Neuçatel şəhəri [ərizəçi] assosiasiyanın məqsədinin xarakter etibarı ilə Konstitusiyanın 2-ci maddəsində müəyyən edildiyi şəkildə dini məqsəd olmadığını qeyd edərək yuxarıdakı yanaşmanı mübahisələndirir. 1995-ci ildə Fransa Milli Assambleyasında “təriqətlər” haqqında verilmiş hesabatlara əsasən, Rael Hərəkatı, xüsusilə də, hərəkatın üzvlərindən ifrat maliyyə tələbləri edilməsi və fiziki xəsarət yetirən praktikadan istifadə edilməsi səbəbilə, şəxslər üçün və xüsusilə, ictimaiyyətə zidd fikirlər vasitəsilə isə cəmiyyət üçün təhlükə daşıyan hərəkat kimi təsnif edilir. Hərəkatın nəşr etdirdiyi yazıların bir çoxunda təhqiramiz hesab edilən mətnlər vardır.
Hər hansı bir dini hərəkatın daşıdığı təhlükələr səbəbilə dini azadlıqdan faydalana bilib-bilməyəcəyini və ya [ərizəçi] assosiasiyanın bu cür təhlükələr daşıyıb-daşımadığını sübut etməyə ehtiyac yoxdur. Əslində, tərəflər razılaşırlar ki, [ərizəçi] assosiasiya fikir azadlığından faydalana bilər. Bu azadlıq bəzi hallarda, Konstitusiyanın 36-cı maddəsində nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bildiyi üçün Konstitusiyanın 15-ci və yaxud 16-ci maddəsinə (həmçinin, bax AİH-nın 9.2-ci və 10.2-ci Maddələri) istinad edilməsi arasında az fərq vardır. [Ərizəçi] assosiasiya mübahisələndirilən tədbirin onun dini azadlığının mahiyyətini zədələdiyini və ya bu işin halları çərçivəsində, bu azadlığın sərt şərtlərdən asılı salınaraq məhdudlaşdırıldığını iddia etmir. Əksinə, [ərizəçi] assosiasiya istinad edilən konstitusiya hüquqları arasında fərq qoymadan proporsionallıq və ictimai maraq prinsiplərinə əsaslanır....
5.2 President hüququna əsasən, xüsusilə də, ictimai magistralda yerləşən reklam vasitələri müəyyən ölçü və müddət əsasında fəaliyyət göstərdikdə və üçüncü tərəflərin buna bənzər hər hansı bir qaydada istifadəsini istisna etdikdə, vətəndaşlar ictimai sahənin uzunmüddətli istifadəsi üçün şərtsiz hüquqa malik deyillər (Federal Məhkəmənin qərarı 128 I 295 bənd 3c/aa səh. 300 və burada istinad edilmiş qərarlar). İctimai sahənin geniş və dar çərçivədə istifadəsi üçün icazə vermək istərkən və verilmiş icazədən hansı şərtlər altında istifadə edildiyinə nəzarət edərkən, Dövlət mövcud maraqların balanslaşdırılmasında ifadə azadlığının substantiv məzmununu nəzərə almalıdır (Federal Məhkəmənin qərarı 100 Ia 392 bənd 5 səh. 402).
5.3 Hazırkı işdə, Neuçatel Şəhəri tərəfindən iddianın rədd edilməsini təsdiqləmək üçün, Kanton Məhkəməsi əxlaq və İsveçrə hüquqi qaydasına hörmət edilməsi ilə bağlı əsaslar göstərmişdir. İnzibati Məhkəmə hesab edib ki, təkcə afişanın məzmunu deyil, həmçinin, hərəkatın internet səhifəsində yerləşdirilmiş əsərlər və internet səhifələri ilə birlikdə Rael Hərəkatının daşıdığı ideyalar da nəzərə alınmalıdır. Beləliklə, [ərizəçi] assosiasiyaya qarşı üç müxtəlif tənqid yönəldilmişdir. Birincisi, [ərizəçi] assosiasiyanın internet səhifəsində Clonaid internet səhifəsinə link vardır. Şirkət bu interner səhifəsi vasitəsilə bütün ictimaiyyətə klonlaşdırma ilə bağlı müəyyən xidmətlər təklif etmişdir və 2003-cü ilin əvvəlində klonlaşdırılmış uşaqların doğulması xəbərini vermişdir. Konstitusiyanın 119-cu maddəsi və Tibbi Müdaxilə yolu ilə Reproduksiya haqqında Qanuna (RS 814.90) əsasən klonlaşdırma qadağandır. İkincisi, Inzibati Məhkəmə La Sarine Rayon Məhkəməsinin, uşaqların cinsi istismar edilməsi ehtimalını vurğulayan qərarına istinad etmişdir. Bundan əlavə, hərəkatın bir çox üzvü seksual xarakterli hərəkətləri səbəbilə polis tərəfindən sorğu-sual ediliblər. Üçüncüsü, “geniokratiya”nın (bu nəzəriyyəyə görə, hakimiyyət ən intellektual şəxslərə verilməlidir) təbliği və müasir demokratik quruluşlara yönəldilmiş tənqid ictimai asayişin, təhlükəsizlik və əxlaqın qorunmasına xələl yetirə bilər.
5.4 Bu mərhələdə, artıq, [ərizəçi] kifayət qədər hüquqi əsasın, bu işdə məhz Qaydaların 19-cu maddəsinin, mövcudluğunu mübahisələndirmir. Bələdiyyə qərarı demokratik legitimlik çərçivəsində Kanton hüququ ilə eyni zəmanətlər verir və bununla da kifayət qədər hüquqi əsas yaradır (31 may 2005-ci il tarixli qərar 1P.293/2004, bənd 4.3, Federal Məhkəmə qərarı 131 I xxx; Federal Məhkəmə qərarı 122 I 305, bənd 5a, səh. 312; 120 Ia 265, bənd 2a, səh. 266-267 və burada edilmiş istinadlar). Buna baxmayaraq, [ərizəçi] assosiasiya ictimai maraq prinsipinə əsaslanır və cavabdeh orqanları afişanın məzmunundan kənara çıxdıqları və [ərizəçi] assosiasiyanın fəaliyyətini qimətləndirdikləri üçün tənqid edir. [Ərizəçi] iddia edir ki, əgər, o, ümumiyyətlə əxlaqsız və ictimai asayişi pozan fəaliyyət ilə məşğul olurdusa, assosiasiya məhkəmələr tərəfindən Mülki Məcəllənin 78-ci maddəsinə əsasən ləğv edilməli idi. Əgər, bu cür qərar verilməmişdirsə, ona öz fəlsəfəsi və dünyaya baxışını ictimaiyyətə açıqlamaq qadağan edilə bilməz.
5.5 Afişanın nə mətnində, nə də ki şəkillərində özü-özlüyündə qanunsuz və ya bütün ictimaiyyəti təhqir edə biləcək heç bir şey yoxdur. Afişanın mərkəzindəki yad planetlilər şəklinin üstündə heç bir izahat verilmədən “Yad planetlilərdən ismarıc” mətni yer alır. Bundan aşağıda, qara şriftlər ilə [ərizəçi] assosiasiyanın internet səhifəsinin ünvanı və telefon nömrəsi yerləşdirilmişdir. “Nəhayətində elm dini əvəz edir” yazısı açıq şəkildə dini inancları olan müəyyən şəxsləri təhqir edə bilər, lakin bu sadəcə olaraq hərəkatın doktrinasının ifadəsidir və xüsusilə, təxribat kimi təsvir edilə bilməz.
Beləliklə, bütövlükdə afişa, aydın şəkildə, [ərizəçi] assosiasiyanın internet səhifəsinə daxil olmağa və ya telefon vasitəsi ilə əlaqə saxlamağa edilmiş bir dəvət kimi qiymətləndirilə bilər. Bu cür afişa ilə qarşılaşarkən, dövlət orqanı təkcə afişadakı ismarıcın qəbuledilənliyini deyil, həmçinin, bunun məzmununu da təhlil etməlidir. Buna görə də, sözügedən internet səhifəsində insanları təhqir edəcək və ya qanunu poza biləcək məlumat və ya linklərin mövcud olub-olmadığını müəyyən etmək legitimdir.
Bundan əlavə, [ərizəçi] assosiasiyanın iddiasının əksinə olaraq, hər hansı bir assosiasiya, öz fikir və fəaliyyətlərinə görə, Mülki Məcəllənin 78-ci maddəsinin tətbiq çərçivəsində assosiasiyanın ləğv edilməsi üçün əsas yaratmadan, lakin, reklam verilməsinin məhdudlaşdırılmasına haqq qazandıracaq şəkildə tənqid edilə bilər.
5.5.1 Klonlaşdırma ilə bağlı olaraq isə, [ərizəçi] assosiasiya bu cür fəaliyyətləri dəstəkləyən fikirlərinə (xüsusilə, 2001-ci ildə nəşr olunmuş və [ərizəçi]nin internet səhifəsində yerləşdirilmiş “İnsan klonlaşdırmasına hə deyirik” kitabındakı fikirlər) görə deyil, assosiasiyanın özü tərəfindən yaradılmış və bu sahədə müxtəlif ödənişli praktik xidmət təklif edən Clonaid şirkətinin assosiasiyanın internet səhifəsində yerləşdirilmiş linkinə görə cəzalandırılmışdır. Beləliklə, məsələ [ərizəçi] assosiasiyanın iddia etdiyi kimi sadəcə klonlaşdırmanı dəstəkləyən, Konstitusiyanın 16-cı maddəsi ilə qorunan fikirlərin səsləndirilməsi deyil, lakin, Konstitusiyanın 119-cu maddəsinin 2 (a) bəndini pozaraq həmin fəaliyyətlə məşğul olmaqdır. Əhalinin və İsveçrə Kantonlarının əksəriyyəti tərəfindən 1992-ci ildə qəbul edilmiş bu maddə (Konstitusiyanın 24 (a) novies bəndi formasında) bu ölkədə əksəriyyətin həmfikir olduğu konsepsiyanın-insan ləyaqətinin qorunması siyasətinin dairəsinə düşür (FF 1996 III 278; həmçinin, bax Federal Şuranın R. Gonsethin sualına cavabı, 9 iyun 1997). [Ərizəçi], xüsusilə də, kommersiya gəliri əldə etmək üçün insan klonlaşdırılmasının qanunsuz olduğunu mübahisələndirmir (Tibbi Müdaxilə Yolu ilə Reproduksiya haqqında Qanunun 36-cı bölməsi; Konstitusiyanın 119-cu maddəsinin 2 (e) bəndi). O, həmçinin, Clonaid internet səhifəsinin qanunsuz fəaliyyətə təkan verməsi və bunun sadəcə fikir ifadəsindən daha irəli getməsi faktını əsaslı şəkildə mübahisələndirə bilməz. Apelyasiya şikayətinin təmin edilməməsini əsaslandırmaq üçün kifayət edən birinci məsələ ilə bağlı olaraq, [ərizəçi] Qanuni Assosiasiya haqqında Qanunun 90 –cı maddəsinin 1 (b) bölməsinin tətbiq çərçivəsində heç bir müvafiq arqument irəli sürməmişdir
5.5.2 Kantonlar arası Etiqad Məlumat Mərkəzi 15 oktyabr 2003-cü il tarixidə Rael Hərəkatı ilə bağlı məlumat vermişdir. Bu məlumat, digərləri ilə birlikdə, göstərir ki, hərəkatın açıq şəkildə siyasi missiyası vardır. “Mediokratiya” adlandırdıqları demokratik quruluşlara kəskin şəkildə hücüm edir və fərdin zəka səviyyəsinə əsaslanan siyasi model-“geniokratiya”nı dəstəkləyirlər. Dünya hökuməti orta zəka səviyyəsindən 10% yuxarı zəka səviyyəsinə malik olan şəxslər tərəfindən seçilən dahilərdən ibarət olmalıdır. Qəbul edildiyi kimi, “geniokratiya” utopiya kimi təqdim edilir və həqiqi siyasi layihə deyildir; İnzibati Məhkəminin əsaslandırmasının əksinə olaraq, bu doktrina ictimai asayiş və ya təhlükəsizliyə xələl gətirmir.
Lakin, doktrinanın ciddi dərəcədə yevgeniya nəzəriyyələrindən qaynaqlanması faktından əlavə, bu doktrina qanunun aliliyini möhkəmləndirən demokratiya və irqi ayrı-seçkiliyin aradan qaldırılması inancını acıq şəkildə zədələyə bilər (bax 18 aprel 1999-cu il Federal Konstitusiyanın preambulasının yazılışı və bərabərlik və irqi ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı Konstitusiyanın 8-ci maddəsi ).
5.5.3 Nəhayət, apelyasiya şikayəti ilə bağlı qərara əsasən, Rael Hərəkatı pedafilyanı təbliğ edən hərəkat hesab edilə bilməz. Lakin, bir çox hərəkat üzvləri seksual xarakterli hərəkətləri səbəbilə polis tərəfindən sorğu-sual ediliblər. La Sarine Rayon Məhkəməsinin Mouvement Raëlien Suisse tərəfindən tələb edilən cavab vermək hüququ ilə bağlı 28 noyabr 1997-ci il tarixli qərarına əsasən, Raelin öz əsərlərində səsləndirdiyi fikirlər yetkinlik yaşına çatmış bəzi şəxsləri uşaqları cinsi istismar etməyə sövq edə bilər. Hakim Raelin [ərizəçi] assosiasiyanın internet səhifəsindən yüklənə bilən əsərlərindən müəyyən hissələrə istinad edir. Bu hissələrə əsasən, uşaqların cinsi tərbiyəsi sadəcə nəzəri deyil, uşaqlara cinsi əlaqədən həzz almağın yollarını göstərmək üçün, həm də, praktiki olmalıdır. Qərarda daha sonra qeyd edilir ki, bu məsələ ilə bağlı olaraq sonradan təkzib verilməsinə baxmayaraq, üç ayda bir çıxan Vəhy qəzetində çap olunan məqalələrdə uşaq “ üstünlük verilən cinsi obyekt” kimi təsvir edilir. Nəhayət, bildirilir ki, Rael hərəkatının bir üzvü Vaucluse Assize Məhkəməsi tərəfindən on iki yaşlı bir qıza cinsi təcavüz etməkdə təqsirli bilinmiş və “beş il müddətində azadlıqdan məhrum edilmişdir”. Bu qərar 13 fevral 1998-ci ildə Fribourg Kanton Məhkəməsi tərəfindən təsdiq edilmişdir. Federal Məhkəmə, xüsusilə hərəkatın təsisçi üzvlərinin şübhəli yazılarına əsaslanaraq, Rael Hərəkatı tərəfindən edilmiş adi apelyasiya şikayəti və ümumi hüquq üzrə apelyasiya şikayətini 24 aprel 1998-ci il tarixində rədd etmişdir (qərarlar 5P.172/1998 və 5C.104/1998).
Əlavə olaraq, bu iş ilə bağlı məhkəməyə təqdim edilmiş materiallara [ərizəçi assosiasiya]nın üzvlərinə qarşı cinsi təcavüz ittihamı ilə qaldırılmış cinayət işləri barədə sənədlər də daxildir. Lyon Apelyasiya Məhkəməsinin 24 yanvar 2002-ci il tarixli qərarı açıq şəkildə göstərir ki, cinsi zorakılıq hərəkətləri hərəkatın liderləri tərəfindən uşaqlara qarşı edilmişdir. Beləliklə, hərəkatın liderlərinin “bu cür seksual hərəkətlərin edilməsinə ciddi şəkildə təhrik edən geniş cinsi azadlığı” təbliğ etdikləri bildirilir; bununla da, onlar “yenicə on beş yaşına çatmış və öz partnyorlarını tez-tez dəyişən qızlarla öz cinsi ehtiyaclarını ödəmək və cinsi fantaziyalarını reallaşdırmaq üçün”qondarma fəlsəfi fikirlər söyləyərək, xüsusi nəvaziş göstərərək və get-gedə daha güclü şəkildə təhrik edərək yetkinlik yaşına çatmamış şəxsləri yoldan çıxarıblar.
Mübahisələndirilən məqalələrin 1980-ci illərdən başlayaraq nəşr edilməsi və məqalələrə görə İsveçrədə heç bir ittihamın irəli sürülməməsi faktı [ərizəçi] assosiasiyanın üzvləri tərəfindən cinayət sanksiyalarının verilməsi ilə nəticələnən əməllərin törədildiyini istisna etmir. [Ərizəçi] assosiasiya öz internet səhifəsində yerləşdirilmiş kitabların müəyyən hissələrinin yetkinlik yaşına çatmış şəxsləri uşaqları cinsi istismar etməyə sövq edə biləcəyini mübahisələndirmir. Həmçinin, [ərizəçini]nin bu məsələ ilə bağlı olaraq irəli sürdüyü arqumentlər apelyasiya şikayəti ilə bağlı qərarın əsaslarına xitab etməmişdir. Rael Hərəkatı üzvlərinin cinsi istismar əməlləri qeydə alındığı üçün, hərəkatın rəsmi doktrinası tərəfindən pedafilyanın kəskin şəkildə tənqid edilməsi barədə arqument həlledici deyildir.
5.6 Yuxarıda qeyd edilənlərdən görünür ki, afişa asmaq üçün [ərizəçi]yə icazə verilməməsi ictimai maraq ilə bağlı kifayət qədər səbəb gətirilərək əsaslandırılmışdır, cünki, İsveçrə hüququna əsasən cinayət əməlini təşkil edən hərəkətlərin qarşisi alınmalıdır (klonlaşdırma və uşaqların cinsi istismarı). Bundan əlavə, [ərizəçin]nin internet səhifəsində yerləşdirilmiş əsərlərin müəyyən hissələri (xüsusilə, uşaqların “hisslərinin oyanması” və “geniokratiya” ilə bağlı) oxuyucuları kəskin şəkildə təhqir edə bilər.
5.7 [Ərizəçi] proporsionallıq prinsipinə istinad edir. O, afişanın özlüyündə ictimai asayişə zidd olan heç bir şey daşımadığını bildirir və görülmüş tədbirin qarşıya qoyulmuş məqsədə uyğun olmadığını müdafiə edir.
5.7.1 Konstitusiyanın 36 § 3-cü bəndinə əsasən, əsas hüquqa qoyulmuş hər hansı bir məhdudiyyət qarşıya qoyulmuş məqsədə proporsional olmalıdır. Bu məhdüdiyyət həmin məqsədin reallaşmasına uyğun olmalı və şəxsi maraqlara dəyən hər hansı bir ziyanın həddi minimallaşdırılmalıdır. (Federal Məhkəmənin qərarı, 125 I 474, bənd 3,səh. 482, və burada edilmiş istinadlar).
5.7.2 Hazırkı məhkəmə işində, ictimai asayiş və əxlaq ilə bağlı olaraq yuxarıda qeyd edilənləri nəzərə alaraq, ictimai maraq təkcə [ərizəçi] assosiasiyanın internet səhifəsinin ictimailəşdirilməsinə məhdudiyyət qoyulmasından ibarət deyildir; Dövlətin ictimai sahəni istifadəyə verərək internet səhifəsinin ictimailəşdirilməsinə hər hansı bir dəstək verməməsinin təminatı daha önəmlidir, əks halda, bu, Dövlətin sözügedən fikir və fəaliyyəti təsdiqləməsi və ya bunlara tolerantlıq göstərməsi mənasına gələ bilər. Bu baxımdan, afişaların qadağan edilməsi qarşıya qoyulmuş məqsədə uyğundur. Bundan əlavə, [ərizəçi] tərəfindən tənqid edilən tədbir afişaların ictimai sahələrdə yerləşdirilməsinə qoyulan qadağa ilə məhdudlaşır. [Ərizəçi] öz etiqadını sərəncamında olan bir çox digər kommunikasiya vasitələri ilə ifadə etməkdə azaddır. (bax Murphy qərarı 10 iyul 2003, ECHR 2003-IX, p. 33, § 74).
5.7.3 [Ərizəçi] hesab edir ki, afişanın məzmununun qəbüledilən olması üçün dövlət orqanı məzmuna dəyişikliklər edilməsini təklif etməli idi. Lakin, baxmayaraq ki, [ərizəçi] afişa kampaniyasına qarşı etiraz edildiyini bilirdi, o, özü heç vaxt afişanın qəbul edilə biləcək versiyasını təklif etməmişdi. İnzibati Məhkəmə, öz növbəsində, bildirmişdir ki, afişada internet səhifəsinə istinad olmasa belə afişa qadağan edilməli idi, lakin, bu fikir mübahisəlidir; şübhə yoxdur ki, sözügedən internet səhifəsinin ünvanının afişadan götürülməsi afişa kampaniyasını öz məqsədindən məhrum edərdi, çünki, qeyd edildiyi kimi kampaniyanın əsas məqsədi internet səhifəsinin reklam edilməsi idi. Buna görə də, internet səhifəsinin ünvanı və telefon nömrəsinə istinad olmadan afişanın nə məna daşıyacağını müəyyən etmək çətindir.
5.7.4 Buna görə də, mübahisələndirilən tədbir bütün aspektlərdə proporsianallıq prinsipinə uyğundur. Eyni səbəbdən, bu tədbir, xüsusilə, AİHK-nın 9-cu Maddəsinin 2-ci bəndi və 10-cu Maddəsinin 2-ci bəndinin tətbiq dairəsinə əxlaqın qorunması məqsədilə “demokratik cəmiyyətdə” zəruri olan qadağanı təşkil edir.
C. Ərizəçi assosiasiyanın digər İsveçrə şəhərlərindəki afişa kampaniyası
22. 1999-cu ilin dekabr ayında, Zürix və Lozanna kimi bir neçə İsveçrə şəhərində hazırkı məhkəmə işinin predmeti olan afişaya bənzər dizaynda olan - üzərində Rael Hərəkatının İnternet səhifəsi ünvanı və telefon nömrəsi yerləşdirilmiş, lakin, fərqli mətn, yəni, “Tanrının əsl üzü” mətni yazılmış afişaların asılmasına icazə verilmişdi. Həmçinin, ərizəçi assosiasiya 2004-2006-cı illər arasında, müxtəlif İsveçrə rayonlarında və Neuçateldən başqa digər şəhərlərdə növbəti kampaniyaları fərqli dizaynlarda olan - bəzilərində Rael Hərəkatının internet səhifəsinin ünvanı yerləşdirilmiş - afişalar ilə həyata keçirmişdir. Lakin, 2004-cü ilin oktyabr ayında Delemont rayon şurası ərizəçi assosiasiyanın üzərində “Tanrı yoxdur” sözlərini yazmaq istədiyi afişanın asılmasına icazə verməmişdir.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Yerli qanunvericilik
1. Konstitusiya
23. 18 aprel 1999-cu il tarixli Federal Konstitusiyanın 119-cu maddəsi insanlar ilə bağlı reproduktiv tibb və genetika texnologiyası haqqındadır. Maddədə aşağıdakılar qeyd edilir:
“İnsanlar reproduktiv tibb və genetika texnologiyasından sui-istifadə edilməsi əleyhinə qorunmalıdırlar .
Konfederasiya insan reproduksiyası və genetik materialdan istifadə haqqında qanun qəbul etməlidir. Qanun qəbul edərkən, Konfederasiya insan ləyaqətinin, şəxsi həyatın və ailənin qorunmasını təmin etməli və xüsusilə də, aşağıdakı prinsiplərə sadiq qalmalıdır:
(a) Klonlaşdırmanın və insanın reproduktiv hüceyrələri və embrionlarına edilmiş müdaxilənin bütün formaları qanunsuzdur.
(b) İnsana məxsus olmayan reproduktiv və genetik material insanın reproduktiv materialına daxil edilə və ya bununla birləşdirilə bilməz.
(c) Tibbi müdaxilə yolu ilə reproduksiya metodlarından müəyyən xarakterlərə malik uşaq dünyaya gətirmək və ya araşdırma məqsədləri üçün deyil, yalnız, sonsuzluq halında və ya ciddi bir xəstəliyin uşağa ötürülməsinin qarşısı başqa bir yolla alına bilmədikdə istifadə edilə bilər; insanın yumurta hüceyrələrinin qadının bədənindən kənarda mayalandırılmasına yalnız qanunda nəzərdə tutulmuş hallarda icazə verilir; dərhal implantasiya edilə bilən miqdardan artıq insan yumurta hüceyrələri qadının bədənindən kənarda embriona çevrilə bilməz.
(d) Embrionların bağışlanması və surroqat analığın bütün formaları qanunsuzdur.
(e) İnsan reproduktiv material və embrionlardan əldə edilən bütün məhsulların ticarəti qadağandır.
(f) Bir şəxsin genetik materialı yalnız həmin şəxsin icazəsi və ya qanunun tələbi ilə analiz edilə, qeydiyyata alına və ya ictimaiyyətə açıqlana bilər.
(g) Hər kəs öz mənşəyi barədə məlumat əldə edə bilər.”
24. 21 may 2003-cü il tarixində Federal Şura İsveçrə Milli Şurasının bir üzvünün “119-cu maddənin (a) bəndinə əsasən Rael Hərəkatına qarşı tədbirlər görülməlidirmi?” sualına cavab olaraq bildirmişdir:
“Rael Hərəkatı İsveçrədə sadəcə klonlaşdırma texnikasının ictimai qaydada tanınmasına və ya klonlaşdırmaya qoyulmuş qadağanın aradan qaldırılmasına çağırış edirsə, bu fəaliyyət ifadə azadlığı çərçivəsinə düşür. ...”
2. Neuçatel İnzibati Qaydaları
25. Digər İsveçrə bələdiyyələrində olduğu kimi, Neuçateldə ictimai sahələrdəki afişaların idarə edilməsi özəl şirkətlərə tapşırılır. Bu məqsədlə, Bələdiyyə şurası 17 yanvar 2000-ci il tarixli İnzibati Qaydalara əsasən işi bu cür özəl şirkətə tapşırmışdır. Qaydaların bununla bağlı müvafiq maddəsində deyilir:
Maddə 18
“1. Lövhə və reklam panellərinin ictimai yerlərdə və ya ictimai yerlərdən görülə bilən özəl sahədə yerləşdirilməsi üçün rəsmi icazə alınmalıdır.
2. Bu icazə yalnız şəhər planlaşdırılması və təhlükəsizlik şərtlərinə əməl edildiyi təqdirdə verilir.”
Maddə 19
“1. Polis idarəsi qanunsuz və əxlaqa zidd olan afişaların asılmasını qadağan edə bilər.
2. Hava afişası ( Flyposting) qadağan edilir.”
Maddə 20
“Bələdiyyə şurası bələdiyyənin ərazisində afişa asmaq üçün müstəsna hüquq verə bilər.”
B. Beynəlxalq hüquq
26. “İnsan Hüquqları və Bio-tibb Konvensiyası” kimi də tanınan Biologiya və Tibbin tətbiqi ilə bağlı olaraq İnsan Hüquqları və İnsan Ləyaqətinin qorunmasına dair Konvensiya 4 aprel 1997-ci ildə Oviedoda (Oviedo Konvensiyası) imza üçün açılmışdır və 1 dekabr 1999-da qüvvəyə minmişdir. Bu Konvensiya 1 noyabr 2008-ci il tarixindən başlayaraq İsveçrəyə münasibətdə tətbiq olunmuşdur.
27. Oviedo Konvensiyasına Əlavə Protokol 12 yanvar 1998-ci il tarixində Parisdə imza üçün açılmış, 1 may 2006-cı il tarixində qüvvəyə minmiş və 1 mart 2010-cu il tarixindən başlayaraq İsveçrəyə münasibətdə tətbiq olunmuşdur. Bu Protokola əsasən “yaşayan və ya ölü bir insana genetik baxımdan bənzər digər bir insanın yaradılması məqsədilə edilmiş hər hansı bir kənar müdaxilə” qadağan edilir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
28. Ərizəçi assosiasiya iddia edib ki, ona afişa asmağı qadağan etmək üçün İsveçrə dövlət orqanları tərəfindən görülmüş tədbir onun Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığını pozmuşdur. Bu maddədə deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Hökumətin ilkin etirazı
29. Hökumət Böyük Palata qarşısında verdiyi yazılı və şifahi etirazında Məhkəmədən, açıq şəkildə əsassız olduğu üçün, ərizənin qəbuledilməz elan olunmasını tələb etmişdir. Hökumət hesab edir ki, Məhkəmə bütün ədalət prinsiplərinə uyğun şəkildə həyata keçirilmiş icraat zamanı səlahiyyətli dövlət orqanları tərəfindən mahiyyəti üzrə araşdırılmış şikayəti açıq şəkildə əsassız hesab edə bilər. Hökumət vurğulamışdır ki, bu cür iş ilə bağlı olaraq, Məhkəmə faktların sözügedən icraat zamanı öz qərarlarını vermiş müxtəlif dövlət orqanları tərəfindən qiymətləndirilməsini öz qiymətləndirməsi ilə əvəz etməməlidir.
30. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 43-cü Maddəsinin 3-cü bəndinin kontekstində, Böyük Palataya göndərilmiş “iş” Palata tərəfindən qəbuledilən elan olunmuş ərizənin bütün nüanslarını əhatə edir (bax digər mənbələr ilə yanaşı, K. və T.Finlandiyaya qarşı ( K. and T. v. Finland [GC], 25702/94 saylı, § 141, ECHR 2001‑VII). Buna baxmayaraq, hətta, Palatanın şikayətin qəbuledilən olduğunu elan edən qərarından sonra da Böyük Palata, lazım gəldikdə, məsələn, Konvensiyanın Məhkəməyə “icraatın istənilən mərhələsində …..qəbul olunmayan hesab etdiyi istənilən şikayəti rədd etmək” səlahiyyəti verən 35-ci maddəsinin 4-cü bəndinə əsasən və ya ərizənin qəbuledilən olması ilə bağlı məsələlər işin mahiyyəti ilə birləşdirildikdə və ya bu məsələlərin araşdırılması işə mahiyyəti üzrə baxılması mərhələsində digər bir şəkildə önəm daşıyarsa, ərizənin qəbuledilən olması ilə bağlı məsələləri araşdıra bilər (bax K. və T. Finlandiyaya qarşı (K. and T. v. Finland, yuxarıda istinad edilmişdir, § 141, və Perna İtaliyaya qarşı ( Perna v. Italy [GC], no. 48898/99, §§ 23-24, ECHR 2003‑V).
31. Hazırkı işdə, Böyük Palata qeyd edir ki, Palatanın qərarındakı yanaşmaya əsasən ərizə “Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin tətbiq dairəsində açıq şəkildə əsassız” deyildir (bax Palatanın qərarının 22-ci bəndi). Xüsusilə, bununla bağlı olaraq, Hökumət tərəfindən qaldırılmış məsələlər mahiyyəti üzrə baxılmağa münasib olduğu üçün, Böyük Palata bu qərarın dəyişdirilməsi üçün heç bir səbəb görmür.
32. Müvafiq olaraq, Məhkəmə Hökumətin ilkin etirazını rədd etdi.
B. Konvensiyanın 10-cu Maddəsinə uyğunluq
1. Palatanın qərarı
33. Palata 13 yanvar 2001-ci il qərarında ilk öncə müəyyən etmişdir ki, mübahisə mövzusu olan afişaların qadağan edilməsi ərizəçi assosiasiyanın ifadə azadlığına müdaxiləni təşkil etmişdir. Palatanın rəyinə görə, bu cür müdaxilə qanunda nəzərdə tutulmuşdur və cinayətin qarşısının alınması, sağlamlıq, əxlaq və digər şəxslərin hüquqlarının qorunması kimi legitim məqsədlər güdmüşdür. Bunun ardınca, müdaxilənin zəruriliyinə toxunan Palata “yerli orqanların ictimai sahəni assosiasiyaya verərək, ona öz ideyalarını afişa kampaniyası vasitəsilə yaymasına icazə verməlidirmi?” sualı ilə ilk dəfə qarşılaşdığını qeyd etdikdən sonra vurğuladı ki, baxmayaraq ki, afişanın mətnində və ya şəkillərində qanunsuz və ya şokedici hər hansı bir şeyin olmaması mübahisələndirilmir, afişada assosiasiyanın internet səhifəsinin ünvanı yerləşdirilmişdir. Afişanın ümumi kontekstini və xüsusilə, internet səhifəsinin daşıdığı ideyalar və bu internet səhifəsindən digər saytlara qoyulmuş linkləri nəzərə alaraq, Palata qeyd edir ki, məlumat ötürməyin bu cür müasir vasitələri və bunların, uşaqlar da daxil olmaqla, hər kəs üçün əlçatan olması faktı afişa kampaniyasının təsirini qat-qat artırardı. Isveçrə məhkəmələrinin öz qərarlarını diqqətlə əsaslandırdıqlarını müşahidə edərək və həmçinin, mübahisələndirilən qadağanın əhatə sahəsinin yalnız assosiasiyanın özü və internet səhifəsi ilə məhdudlaşdığını nəzərə alaraq, Palata bildirmişdir ki, səlahiyyətli orqanlar ictimai sahənin tənzimlənməsi ilə bağlı onlara verilmiş geniş təqdir səlahiyyətinin həddini aşmamışdırlar. Beləliklə, Palata hesab etmişdir ki, Konvensiyanın 10-cu Maddəsi pozulmamışdır.
2. Tərəflərin təqdimatları və üçüncü tərəfin müdaxiləsi
(a) Ərizəçi assosiasiya
34. Ərizəçi assosiasiya əvvəlcədən vurğulamışdır ki, Palata ictimai sahənin geniş şəkildə istifadəsinin tənzimlənməsində İsveçrənin bu cür geniş təqdir səlahiyyətinə malik olduğunu nəzərdə tutan qərarını verməklə, müvafiq dövlət orqanlarının diskresion hüquq səlahiyyətinə malik olmasını təsdiqləyib. Bu, hər hansı bir şəhər və ya Dövlətə kifayət edər ki, o, öz adının azlıq təşkil edən insanlar tərəfindən dəstəklənən, lakin, qanuni olan müəyyən ideyalar ilə bağlanması arzusunda olmadığını bildirərək, bu cür ideyaların davamlı olaraq ictimai şəkildə səsləndirilməsinə sistemli qaydada icazə verilməməsini əsaslandırsın. Bununla bağlı olaraq, ərizəçi assosiasiya Women On Waves və Digərləri Portuqalyaya qarşı işində (Women On Waves and Others v. Portugal) (no. 31276/05, 3 fevral 2009) qəbul edilmiş mövqeyə istinad etdilər. Həmin işdə, Məhkəmə əksəriyyətə zidd olan ideyalara qoyulmuş qadağanı tənqid etmişdir. Oxşar qaydada, 22 fevral 2011-ci il tarixli (no. 1 BvR 699/06) qərarında Alman Konstitusiya Məhkəməsi hava limanında deportasiya siyasətini tənqid edən vərəqələrin paylanmasına qoyulmuş qadağanın sağlam mühitin mühafizəsi qayğısı ilə əsaslandırılması barədə arqumenti qəbul etməmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, o, dövlət orqanlarının özlərinin razılaşmadığı fikirlərin ifadə edilməsini qadağan etməsini qəbul edə bilməz.
35. Ərizəçi assosiasiya vurğulamışdır ki, o, İsveçrə hüququna əsasən qanuni qaydada təsis edilmiş assosiasiyadır və ona qarşı heç bir cinayət sanksiyası tətbiq edilməmişdir və ya onun fəaliyyətinin qadağan edilməsi üçün heç bir tədbir həyata keçirilməmişdir. O, təqdim etdiyi məlumatlarda bildirir ki, mübahisəli afişanın məzmununun özlüyündə qanunsuz və ya ictimaiyyəti təhqir edən heç bir şey daşımaması faktı mübahisələndirilmədiyinə görə, afişanın qadağan edilməsi üçün əsas afişanın insanları Rael Hərəkatının internet səhifəsinə yönləndirməsi və bununla da həmin internet səhifəsində ifadə edilən fikirlərə keçid təşkil etməsi faktından qaynaqlanır. Ərizəçi assosiasiya iddia edir ki, onun istifadə edə biləcəyi digər kommunikasiya vasitələri, xüsusilə də, internetin mövcud olması səbəbilə ona öz ideyalarını afişa vasitəsilə yaymaq qadağan edilir, lakin, o, afişada öz internet səhifəsi ünvanını yerləşdirdikdə, bu, ictimaiyyət üçün təhlükəli olduğu iddia edilən ideyalara keçid təşkil etməsi bəhanəsilə qadağan edilir. Ərizəçi assosiasiyanın təqdim etdiyi məlumatlarda bildirilir ki, İsveçrə dövlət orqanları tərəfindən seçilmiş və Palata tərəfindən təsdiqlənmiş mövqe onun ideyalarının ictimailəşdirilməsi və ya yayılmasının həddindən artıq çətinləşdirilməsinə və ya hətta, qadağan edilməsinə bərabərdir.
36. Ərizəçi assosiasiya, İsveçrə dövlət orqanları və Palata tərəfindən afişanın qadağan edilməsi üçün kifayətedici səbəb sayılan ideyalar ilə bağlı olaraq, bir daha bildirmişdir ki, klonlaşdırma və “geniokratiya”nın lehinə fikir səsləndirilməsində qanunsuz heç bir şey yoxdur. O, qeyd edir ki, klonlaşdırma lehinə fikirlər səsləndirdiyinə baxmayaraq, o, heç vaxt insanın klonlaşdırlması ilə bağlı hər hansı bir terapevtik və ya eksperimental fəaliyyət göstərməmişdir. “Geniokratiya” konsepsiyası ilə bağlı olaraq isə, o, bildirmişdir ki, onun hüquqlarına edilmiş müdaxilə mübahisələndirlən afişa və ya afişada Rael Hərəkatının internet səhifəsinin ünvanının yerləşdirilməsinə edilmiş müdaxilədən daha ciddidir. Ərizəçi assosiasiya izah etmişdir ki, bu konsepsiya internet səhifəsində reklam olunan fəlsəfi fikirləri əks etdirən kitabdan qaynaqlanır və hər bir kəs bu fikirlər ilə razılaşıb-razılaşmamaqda azaddır.
37. Rael Hərəkatının ideyalarının cinsi istismara təşviq etməsi ilə bağlı ehtimallara toxunan ərizəçi assosiasiya iddia edir ki, heç bir polis və ya məhkəmə orqanı heç vaxt hərəkat və ya bunun hər hansı bir üzvü ilə hər hansı bir şəkildə əlaqəli olan hər hansı bir pedafiliya və ya cinsi istismar halı ilə rastlaşmamışdırlar. O, iddia etmişdir ki, əksinə, o, uşaqların qorunmasına dair qanunvericiliyə zidd olan əməlin törədilməsində cüzi də olsa şübhəli bilinən bütün üzvləri assosiasiyadan kənarlaşdırmışdır.
38. Ərizəçi assosiasiya bu nəticəyə gəlmişdir ki, afişada sadəcə onun internet səhifəsinin ünvanının yerləşdirildiyi üçün afişanı qadağan etməyə heç bir ciddi ehtiyac yoxdur. Konvensiyanın 10-cu Maddəsinin ideyaların ifadə formalarını da qoruduğunu qeyd edərək (Thoma Lüksemburqa qarşı işinə istinad etmişdir (Thoma v. Luxembourg, no. 38432/97, § 45, ECHR 2001‑III) və dövlət orqanlarının neqativ öhdəliklər ilə bağlı mülahizə sərbəstliyinin dar olduğunu müdafiə edən fərqli rəydə olan hakimlər Rozakis və Vajićin fikirlərini bölüşərək (Women On Waves və Digərləri (Women On Waves and Others, yuxarıda istinad edilmişdir, § 40), ərizəçi assosiasiya hazırkı işdə Konvensiyanın 10-cu Maddəsinin pozulduğunu iddia etmişdir.
(b) Hökumət
39. Hökumət təkcə Palatanın bir daha vurğuladığı ifadə azadlığının prinsipləri ilə deyil, həmçinin, bu prinsiplərin tətbiqi ilə də qeyd-şərtsiz razılaşmışdır. Hökumət hesab edir ki, Palata mövcud maraqları düzgün şəkildə balanslaşdırmışdır. Onlar iddia etmişdirlər ki, aşağıdakı məqamların nəzərə alınması vacibdir.
40. İlk öncə, Hökumət ictimai sahənin təmin edilməsi ilə bağlı olaraq qeyd etmişdir ki, şəxslər bu cür sahənin, xüsusilə, müəyyən ölcü və müddətdə olan fəaliyyəti reklam etmək və üçüncü tərəfin həmin sahədən bənzər şəkildə istifadəsini istisna etmək məqsədilə genişləndirilmiş istifadəsi üçün mütləq hüquqa malik deyildirlər. Mübahisəli afişanın siyasi xarakterli olmamasını vurğulayaraq, Hökumət yerli orqanlarin, xüsusilə də, yalnız reklamın daşıdığı ismarıcın deyil, həmçinin, afişanın internet səhifəsinə yönləndirməsi də daxil olmaqla, reklamın tam məzmununun araşdırılmasının zəruriliyi barədə verdikləri qərar ilə razılaşmışdır. Bununla bağlı olaraq, Hökumət insanları Rael Hərəkatının internet səhifəsi ünvanına yönləndirdiyi üçün afişanın təsirinin qat-qat artıq olacağına dair Palatanın əsaslandırmasını təsdiq etmişdir.
41. Mülahizə sərbəstliyinin genişliyi ilə bağlı olaraq, Hökumət vurğulamışdır ki, Rael Hərəkatının internet səhifəsi vasitəsilə əldə edilə bilən müxtəlif nəşrlərdə əks olunan ideyalar müəyyən şəxslərin dini etiqadını təhqir edə bilər və dövlət orqanları bu sahədə geniş mülahizə sərbəstliyinə malikdirlər (onlar Murphy İrlandiyaya qarşı işinə istinad etmişdirlər (Murphy v. Ireland, no. 44179/98, § 67, ECHR 2003‑IX). Bununla əlaqədar olaraq, Hökumət Palatanın qərarına əlavə edilmiş fərqlənən rəyi, bu rəyin mülahizə sərbəstliyinin dərəcəsini müəyyən edərkən pozitiv və neqativ öhdəliklər arasındakı fərqə çox böyük önəm verdiyini nəzərə alaraq, tənqid etmişdir. Hökumət hesab edir ki, hazırki iş o cür işlərin kateqoriyasına düşür ki, bu işlərdə öhdəliyin pozitiv və ya neqativ kimi səciyyələndirilməsi sualın qoyuluş tərzindən asılıdır: dövlət orqanları nəyisə etdikləri üçünmü, yoxsa nəyisə edə bilmədikləri üçünmü tənqid edilirlər? Onlar qəbul etmişdirlər ki, hazırkı işin hallarından fərqli olaraq, əgər, ictimai sahəyə girişə heç bir məhdudiyyət qoyulmasaydı və ya buna icazə verilsəydi sualın qoyuluşu fərqli olardı.
42. Hökumət, mübahisələndirilən qadağanın legitim məqsədinin araşdırılmasına toxunaraq, Palatanın polis tərəfindən ərizəçi assosiasiyaya verilmiş imtina qərarına baxılması istənən dörd dövlət orqanının arqumentlərini təsdiqləyən təhlili ilə razılaşır. Uşaqların “hissi cəhətdən oyadılması”na dair ərizəçi assosiasiyanın fikirləri ilə bağlı olaraq, Məhkəmə cinsi istismar əməlinə görə Rael Hərəkatın üzvləri əleyhinə aparılmış müxtəlif icraatlara istinad edir (Vaucluse Assize Məhkəməsi, Lyons və Colmar Apelyasiya Məhkəmələri, Versalda istintaq aparan hakim ). Onların yanaşmasına görə, qərarların siyahısı ciddi şəkildə göstərir ki, hərəkatın internet səhifəsi vasitəsilə əldə oluna bilən məqalələrin müəyyən hissələri yetkinlik yaşına çatmış şəxsləri uşaqlar əleyhinə cinsi istismar əməlini törətməyə sövq edə bilər
43. Klonlaşdırma məsələsi ilə bağlı olaraq, Hökumət Məhkəmənin diqqətini ərizəçi assosiasiya və Rael tərəfindən təsis edilmiş Clonaid şirkəti arasındakı əlaqəyə cəlb edir. Onların hər ikisi klonlaşdırma sahəsində Federal Konstitusiya və cinayət qanunvericiliyi tərəfindən qadağan edilən müxtəlif praktiki və ödənişli xidmətlər təklif etmişdilər. Hərəkatın internet səhifəsində Clonaid şirkətinin internet səhifəsinə link qoyulması qanunsuz fəaliyyətin təşviqinə təkan vermişdir və bununla da fikir azadlığı çərçivəsindən kənara çıxmışdır.
44. “Geniokratiya” ilə bağlı olaraq, Hökumət qeyd etmişdir ki, ictimai asayişi və təhlükəsizliyi təhdid etməsindən başqa, bu konsepsiya, həm də, qanunun aliliyi prinsipinin əsaslandığı demokratiya və irqi ayrı seçkiliyin aradan qaldırılması inancını təhqir edir. Hökumət Federal Məhkəmənin bu qənaəti ilə razılaşır ki, hətta “geniokratiya” utopiya və qeyri-real siyasi layihə olsa belə, bunun əsasən yevgeniya nəzəriyyələrindən qaynaqlandığı görülür və demokratik prinsiplərə ziddir.
45. Nəhayət, Hökumət müşahidə edib ki, qadağa məhdud çərçivədədir. Palatanın bununla bağlı mövqeyi ilə razılaşan Hökumət bildirir ki, ərizəçi assosiasiyaya öz ideyalarını, internet də daxil olmaqla, digər kommunikasiya vasitələri ilə yaymaq qadağan edilməmişdir. Hökumət bununla bağlı olaraq vurğulayıb ki, heç vaxt Rael hərəkatının internet səhifəsinin və hərəkatın özünün yasaqlanması məsələsi qaldırılmamışdır. Hökumət hesab edir ki, assosiasiyanın məqsədi (hansı ki tamamilə qanuni ola bilər) və bu məqsədə çatmaq üçün istifadə edilən vasitələr (hansı ki öz hissəsi üçün qanunsuz ola bilər) arasında fərq qoyulmalıdır.
46. Bütün bu səbəbləri nəzərə alaraq, Hökumət Böyük Palatadan Palatanın qərarının təsdiqlənməsini və 10-cu Maddənin pozulmadığı barədə qərarın verilməsini xahiş etmişdir.
(c) Üçünvü tərəf
47. “Article 19” assosiasiyası İnternetdə məlumatın yayılması ilə bağlı məhkəmə işlərində ifadə azadlığına məhdudiyyət qoymaq üçün Dövlətə verilmiş mülahizə sərbəstliyinin diqqətlə araşdırılmasını Məhkəmədən xahiş etdi. Assosiasiyanın rəyinə görə, beynəlxalq hüquqa əsasən İnternetdə ifadə azadlığının əhəmiyyəti Dövlətin bu sahədəki mülahizə sərbəstliyinin dar çərçivədə olmasını vacib edir. Xüsusilə digər saytlara yönləndirən hiperlinklər ilə bağlı olaraq, “Article 19” assosiasiyası ilkin olaraq qanunsuz olduğu iddia edilən məzmunun mənbəyinə müraciət etmədən linkin götürülməsini tələb edən tədbirin hər zaman qeyri-proporsional addım olacağını sübut etmək üçün xüsusilə Birləşmiş Krallıq, Almaniya və Birləşmiş Ştatlarda məhkəmə qərarlarına dair müqayisəli hüquqi materiallarına istinad etmişdir.
3. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
48. İfadə azadlığının ümumi prinsipləri Məhkəmənin presedent hüququnda müəyyən edilmişdir. Palata öz qərarında Stoll İsveçrəyə qarşı (Stoll v. Switzerland ([GC], no. 69698/01, § 101, ECHR 2007‑V) və Steel və Morris Birləşmiş Krallığa qarşı (Steel and Morris v. the United Kingdom (no. 68416/01, § 87, ECHR 2005-II) işlərinə istinad edərək həmin prinsipləri aşağıdakı şəkildə yenidən ifadə edir (§ 49):
“(i) İfadə azadlığı demokratik cəmiyyətin önəmli əsaslarından birini və bu cəmiyyətin inkişafının və hər bir fərdin özünü reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir. 10-cu Maddənin 2-ci bəndində qeyd edilənlərlə yanaşı, bu təkcə münasib şəkildə qəbul edilən və ya təhqiramiz hesab edilməyən “məlumat” və ya “ideyalar”a deyil, həmçinin, təhqir edən, şok təsiri yaradan və narahat edən ideyalara da tətbiq edilir. Bunlar plülarizm, tolerantlıq və düşüncə genişliyinin tələbləridir və bunlar olmadan “demokratik cəmiyyət”in mövcud olması mümkün deyildir. 10-cu Maddədə qeyd edildiyi kimi, bu azadlıq istisnalara məruz qala bilər,…. lakin, bu istisnalar dəqiq şəkildə təhlil edilməli və hər hansı bir məhdudiyyət qoymaq ehtiyacı inandırıcı şəkildə sübut edilməlidir ...
(ii) 10-cu maddənin 2-ci bəndinin tətbiq dairəsində “zəruri” sifəti “təcili sosial ehtiyac”ın mövcudluğunu nəzərdə tutur. Üzv Dövlətlər bu cür ehtiyacın mövcud olub-olmadığını qiymətləndirmək üçün müəyyən mülahizə sərbəstliyinə malikdirlər, lakin, bu proses parallel olaraq Avropanın buna tətbiq edilən qanunvericilik və hətta, müstəqil məhkəmə tərəfindən verilmiş qərarlar da daxil olmaqla, qərarları əhatə edən nəzarəti altında baş verir. Buna görə də, Məhkəmənin “məhdudiyyət”in 10-cu Maddə ilə qorunan ifadə azadlığına uyğun olub-olmadığı barədə yekun qərar vermək səlahiyyəti vardır.
(iii) Nəzarət yurisdiksiyasının həyata keçirməklə bağlı Məhkəmənin vəzifəsi səlahiyyətli dövlət orqanlarının yerini almaq kimi deyil, onların öz mülahizə sərbəstliyinə uyğun olaraq verdikləri qərarı 10-cu Maddə altında nəzərdən keçirmək kimi başa düşülməlidir. Bu o demək deyildir ki, müşahidə cavabdeh Dövlətin öz mülahizə yürütmək səlahiyyətini ağlabatan şəkildə, diqqətlə və vicdanlı şəkildə həyata keçirib-keçirmədiyini müəyyən etməklə məhdüdlaşır; Məhkəmənin etməli olduğu şey şikayət edilən müdaxiləyə işin çərçivəsində bütöv şəkildə baxmaq və bunun “qarşıya qoyulmuş məqsədə proporsional” olub-olmadığını və bu müdaxiləni əsaslandırmaq üçün dövlət orqanları tərəfindən göstərilmiş dəlillərin “uyğun və qənaətbəxş” olub-olmadığını müəyyən etməkdir…. Bunu edərkən, Məhkəmə dövlət orqanlarının 10-cu Maddədə əks olunan prinsiplərə uyğun olan standartları tətbiq etdiyi və bundan əlavə, onların müvafiq faktların qəbul edilən şəkildə qiymətlədirilməsinə əsaslandığı barədə qənaətə gəlməlidir. ....”
(b) Yuxarıda sadalanan prinsiplərin hazırkı işə tətbiqi
(i) Müdaxilə olmuşdurmu?
49. Ərizəçi assosiasiyanın həyata keçirmək istədiyi afişa kampaniyasının yasaqlanması ilə assosiasiyanın ifadə azadlığının məhdudlaşdırılmasına məruz qaldığı mübahisələndirilmir. Lakin, tərəflər Böyük Palata qarşısında bu cür məhdudiyyətə neqativ və pozitiv öhdəliklər baxımından bəraət qazandırmağın mümkün olub-olmadığını mübahisələndirirlər.
50. Bununla bağlı olaraq, Məhkəmə bir daha qeyd edir ki, Dövlətin ilkin, Konvensiya tərəfindən qorunan hüquqlara müdaxilə etməmək neqativ öhdəliyindən əlavə, “müdaxilə etmək pozitiv öhdəliyi də” mövcud ola bilər (bax Marckx Belçikaya qarşı (Marckx v. Belgium, 13 iyun 1979, § 31, Series A no. 31). Konvensiyaya əsasən Dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhədlər onlara dəqiq tərif verilməsi üçün kifayət etmir (bax Verein gegen Tierfabriken Schweiz (VgT) İsveçrəyə qarşı (Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [GC], no. 32772/02, § 82, ECHR 2009); hər iki halda-öhdəlik pozitiv və ya neqativ olduqda- Dövlət müəyyən mülahizə sərbəstliyindən istifadə edir (bax, məsələn, Keegan İrlandiyaya qarşı (Keegan v. Ireland, 26 may 1994, §§ 51-52, Series A no. 290).
51. Hazırkı işdə, Məhkəmənin qənaətinə əsasən, 10-cu Maddənin İsveçrə dövlət orqanlarının üzərinə pozitiv öhdəlik qoyub-qoymamasını araşdırmağa artıq ehtiyac yoxdur. Mübahisələndirilən qadağa hər bir halda, müdaxilə təşkil etmişdirsə, o, həmin Maddənin 2-ci bəndinin tələblərinə cavab vermədiyi təqdirdə, qəbul edilə bilməz.
(ii) Müdaxilənin əsaslandırılması
52. Ərizəçi assosiasiyanın ifadə azadlığına edilmiş bu cür müdaxilə “qanunda nəzərdə tutulmalıdır, 10-cu Maddənin 2-ci bəndinə uyğun olaraq bir və ya daha artıq legitim məqsədləri olmalıdır və “demokratik cəmiyyətdə zəruri” olmalıdır.
53. İlk öncə, Məhkəmə qeyd edir ki, qoyulmuş məhdudiyyətin Neuçatel şəhərinin İnzibati Qaydalarının 19-cu maddəsinə əsaslanması tərəflər arasında mübahisə yaratmır. (bax yuxarıda 25-ci bənd).
54. Məhdudiyyətin qarşıya qoyduğu məqsədlər ilə bağlı olaraq, Hökumət bildirmişdir ki, o, cinayətin qarşısını almaq, sağlamlıq və əxlaqı qorumaq və digər şəxslərin hüquqlarını müdafiə etmək istəmişdir.
55. Palata kimi Böyük Palata da müşahidə edir ki, ərizəçi assosiasiya mübahisə mövzusu olan tədbirin həmin legitim məqsədlərin əldə edilməsi üçün həyata keçirildiğini mübahisələndirmir. Bununla da, Böyük Palata qəbul edir ki, bu məhdudiyyət yuxarıda qeyd edilən legitim məqsədlərin əldə edilməsi üçün qoyulmuşdur.
56. Hazırki işdə növbəti cavablandırılmalı olan əsas sual mübahisə yaradan tədbirin demokratik cəmiyyətdə zəruri olub-olmamasıdır.
57. Palatanın qeyd etdiyi kimi, hazırkı iş “Dövlət orqanları müəyyən ictimai sahəni ərizəçi assosiasiyanın sərəncamına verməklə ona öz ideyalarını yaymaq imkanı verməli idirlərmi?” sualını qoyur və bu anlamda bu iş müstəsnadır. Bununla bağlı olaraq, Məhkəmə qeyd edir ki, Məhkəmə Türkiyə ilə bağlı iki məhkəmə işində siyasi partiyaya qoyulmuş afişa yasağı ilə bağlı hüquq pozuntusu qeydə almışdır. Lakin, Məhkəmənin həmin işlər ilə bağlı verdiyi qərarlar bu cür yasağın qoyulmasına icazə verən qanunların “heç bir ciddi və effektli məhkəmə nəzarətindən keçməməsinə” əsaslanmışdır (bax Tüzel Türkiyəyə qarşı (Tüzel v. Turkey, no. 57225/00, § 15, 21 fevral 2006,və Tüzel Türkiyəyə qarşı (Tüzel v. Turkey (no. 2), no. 71459/01, § 16, 31 oktyabr 2006).
58. Həmçinin, hazırkı iş özəl şirkətə məxsus olan sahənin istifadəsi ilə bağlı olan Appleby və Digərləri Birləşmiş Krallığa qarşı (Appleby and Others v. the United Kingdom (no. 44306/98, ECHR 2003‑VI) işindən və gəminin Dövlətin su sahəsinə - “ictimai və xarakter etibarı ilə açıq” olan sahəyə girişinə icazə verilməməsi ilə bağlı olan (Women On Waves) işindən (yuxarıda istinad olunmuşdur, § 40) fərqləndirilə bilər. Hazırkı işdə müəyyən ideyaların ifadə edilməsinə heç bir ümumi qadağa qoyulmamışdır, yalnız ictimai sahədə tənzimlənən və nəzarət edilən vasitələrin istifadəsi yasaqlanmışdır. Bundan əvvəl İsveçrə Federal Məhkəməsinin qeyd etdiyi kimi Palata da bildirir ki, şəxslər ictimai sahədən, xüsusilə, reklam və ya məlumat kampaniyasının aparılması üçün nəzərdə tutulmuş vasitələrdən geniş şəkildə istifadə etmək üçün mütləq və qeyri-məhdud hüquqa malik deyildirlər (bax Palatanın qərarının 14 və 51-ci bəndləri).
(α) Mülahizə sərbəstliyi
59. Məhkəmə 10-cu Maddə ilə qorunan ifadə azadlığına müdaxilə etmək üçün ehtiyacın mövcudluğunu və bu müdaxilənin dərəcəsini qiymətləndirmək üçün həmin Maddəyə əsasən Üzv Dövlətlərin istifadə etdiyi mülahizə sərbəstliyi ilə bağlı olaraq diqqəti öz formalaşmış presedent hüququna cəlb etmək istəyir (bax Tammer Fransaya qarşı (Tammer v. Estonia, no. 41205/98, § 60, ECHR 2001-I).
60. Lakin, bu mülahizə sərbəstliyi paralel olaraq Avropanın, bu səlahiyyətə tətbiq edilən qanunvericiliyi və hətta, müstəqil məhkəmə tərəfindən verilmiş qərarlar da daxil olmaqla, qərarları əhatə edən, nəzarəti altında həyata keçirilir. (bax Karhuvaara və Iltalehti Finlandiyaya qarşı (Karhuvaara and Iltalehti v. Finland, no. 53678/00, § 38, ECHR 2004-X, və Flintikkila və Digərləri Finlandiyaya qarşı (Flinkkilä and Others v. Finland, no. 25576/04, § 70, 6 April 2010). ) Nəzarət funksiyasını həyata keçirərkən, Məhkəmənin vəzifəsi yerli məhkəmələri əvəz etmək deyil, onların öz mülahizə sərbəstliyinə əsasən verdikləri qərarın Konvensiyanın müvafiq şərtinə uyğun olub-olmamasını tam olaraq məhkəmə işinin çərçivəsində nəzərdən keçirməkdir (bax Axel Springer AG Almaniyaya qarşı (Axel Springer AG v. Germany [GC], no. 39954/08, § 86, 7 fevral 2012).
61. Bu cür mülahizə sərbəstliyinin genişliyi bir sıra faktorlardan asılı olaraq dəyişir və bu faktorların içərisində sözügedən ifadə edilən fikirlərin növü xüsusi əhəmiyyətə malikdir. Konvensiyanın 10-cu Maddəsinin 2-ci bəndinə əsasən siyasi ifadəyə qoyulan məhdudiyyət üçün dar çərçivənin olmasına baxmayaraq (bax Ceylan Türkiyəyə qarşı (Ceylan v. Turkey [GC], no. 23556/94, § 34, ECHR 1999‑IV), əxlaq və ya xüsusilə, din sahəsində şəxsi məhrəm inancları təhqir edən məsələlər ilə bağlı ifadə azadlığının tənzimlənməsində Üzv Dövlətlər daha geniş mülahizə sərbəstliyindən istifadə edə bilərlər (bax Murphy, yuxarıda istinad edilmişdir, § 67). Bənzər şəkildə, Dövlətlər kommersiya məsələləri və ya reklam sahəsində ifadənin tənzimlənməsində geniş təqdir səlahiyyətinə malikdirlər (bax markt intern Verlag GmbH və Klaus Beermann Almaniyaya qarşı (markt intern Verlag GmbH and Klaus Beermann v. Germany, 20 noyabr 1989, § 33, Series A no. 165, və Casado Coca İspaniyaya qarşı (Casado Coca v. Spain, 24 fevral 1994, § 50, Series A no. 285‑A).
62. Məhkəmə müşahidə edir ki, hazırkı işdə ağlabatan şəkildə iddia edilə bilər ki, sözügedən afişa kampaniyasının məqsədi ictimaiyyətin diqqətini dini konnotasiyası yad planetlilər tərəfindən göndərildiyi iddia edilən ismarıcın ötürülməsi olduğu fərz edilən bir qrupun ideya və fəaliyyətinə cəlb etmək və bu məqsədlə, insanları internet səhifəsinin ünvanına yönləndirmək olmuşdur. Bununla da, ərizəçi assosiasiyanın internet səhifəsi qismən ictimai və siyasi ideyalara istinad edir. Məhkəmənin yanaşmasına əsasən, mübahisə mövzusu olan nitqin növü siyasi deyildir, çünki, mübahisə mövzusu olan internet səhifəsinin əsas məqsədi İsveçrədə baş verən siyasi debatlara xitab etmək deyil, insanların diqqətini ərizəçi assosiasiyanın yaradılmasının səbəbinə cəlb etməkdir. Hətta, əgər, ərizəçi assosiasiyanın nitqi kommersiya reklamı kontekstindən kənara çıxsa da- nitq müəyyən məhsulun alınmasına həvəsləndirmir- nitqin prolestik funksiyası olduğu üçün bu özlüyündə (per se) siyasi nitqdən daha çox kommersiya nitqinə yaxındır. Buna görə də, bu halda, Dövlət daha geniş təqdir səlahiyyətinə malikdir. 63. Bu cür işlərdə, qarşıya qoyulmuş legitim məqsədləri reallaşdırmaq niyyəti ilə tətbiq edilən “məhdudiyyət” və ya “cərimə”nin “zəruriyyət”i barədə qərar vermək üçün, öz ölkələrindəki mühüm qüvvələr ilə birbaşa və davamlı ünsiyyətdə olmaları səbəbilə, dövlət orqanları prinsip olaraq beynəlxalq hakimlərdən daha əlverişli mövqedədirlər (bax Müller və Digərləri İsveçrəyə qarşı (Müller and Others v. Switzerland, 24 may 1988, § 35, Series A no. 133).
64. Bu səbəbdən, ciddi şəkildə siyasi olmayan afişa kampaniyaları çərçivəsində ictimai reklam lövhələrinin idarə edilməsi bir Dövlətdən digər Dövlətə, hətta, xüsusilə, siyasi quruluş olaraq federativ quruluşu seçmiş eyni Dövlətin daxilində bir bölgədən digər bölgəyə fərqlənə bilər. Bununla bağlı olaraq, Məhkəmə qeyd etmək istərdi ki, müəyyən yerli orqanların bu cür məsələlərdə məhdudiyyət tətbiq etməməyi seçmək üçün əsaslı səbəbləri ola bilər. (bax Handyside Birləşmiş Krallığa qarşı (Handyside v. the United Kingdom, 7 dekabr 1976, § 54, Series A no. 24). Məhkəmə öz ölkələrinin reallığına daha yaxın olan dövlət və yerli orqanlarının seçimlərinə müdaxilə edə bilməz və əgər, bunu edərsə, Konvensiya sisteminin köməkçi xarakterini nəzərdən qaçırmış olar (bax “Belçika təhsil sistemində dillərin istifadəsi haqqında qanunun müəyyən aspektləri ilə bağlı” (“relating to certain aspects of the laws on the use of languages in education in Belgium” ) Məhkəmə işi (mahiyyət), 23 iyul 1968, p. 35, § 10, Series A no. 6).
65. Beləliklə, yerli orqanlar tərəfindən afişanın, məsələn, əxlaqın, yol hərəkətinin təhlükəsizliyinin və ya landşaftın qorunması kimi maraqların müdafiə edilməsi üçün qanunla müəyyən edilmiş tələblərə cavab verib-vermədiyinin araşdırılması Dövlətə verilmiş mülahizə sərbəstliyinin çərçivəsinə düşür, belə ki, dövlət orqanları bu sahədə icazənin verilməsi ilə bağlı müəyyən səlahiyyətə malikdirlər.
66. Hazırkı işdə mülahizə sərbəstliyinin genişliyi ilə bağlı yuxarıda qeyd edilən mülahizələri nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, yalnız çox mühüm səbəblər Məhkəməni dövlət orqanlarının qiymətləndirməsini öz qiymətləndirməsi ilə əvəz etməyə sövq edə bilər .
(β) Yerli məhkəmələr tərəfindən göstərilmiş səbəblər
67. Məhkəmə müvafiq olaraq afişa kampaniyasının yasaqlanması üçün dövlət orqanları tərəfindən göstərilmiş səbəblərin “münasib” və “qənaətbəxş” olub-olmamasını və bununla da, dövlət orqanlarına verilmiş mülahizə sərbəstliyini nəzərə alaraq, müdaxilənin legitim məqsədlərə proporsional olub-olmaması və bunun “təcili sosial ehtiyac”a uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün bu səbəbləri təhlil etməlidir. Məhkəmə bununla bağlı olaraq qeyd edir ki, yuxarıda sadalanan məhkəmə işlərindən, haradakı afişa kampaniyasının yasaqlanması barədə qərarların heç bir ciddi və effektli məhkəmə nəzarətindən keçməməsi səbəbilə Məhkəmə hüquq pozuntusu müəyyən etmişdir, fərqli olaraq (bax Tüzel, yuxarıda istinad edilmişdir, § 15, və Tüzel (no. 2), yuxarıda istinad edilmişdir, § 16), hazırkı işdə yerli məhkəmələr tərəfindən həyata keçirilmiş məhkəmə nəzarətinin effekttivliyi heç kimdə sual doğurmur.
68. Tərəflər mübahisələndirilən tədbirin zəruriliyini təhlil etmək üçün, yerli məhkəmələrin etdiyi kimi, Rael Hərəkatının internet səhifəsinin, hansının ki, ünvanı mübahisə mövzusu olan afişada yerləşdirilmişdir, məzmununun nəzərə alınmasının uyğun olub-olmamasını müzakirə etmişlər. Konvensiya və onun Protokollarının indiki dövrü şərtlərinə uyğun şəkildə təfsir edilməsinin zəruriliyi prinsipini nəzərə alaraq (bax Tyrer Birləşmiş Krallığa qarşı (Tyrer v. the United Kingdom, 25 aprel 1978, § 31, Series A no. 26, and Vo Fransaya qarşı (Vo v. France [GC], no. 53924/00, § 82, ECHR 2004‑VIII), Palata bildirmişdir ki, internet səhifəsi məhz nəzərə alınmalıdır, çünki, uşaqlar da daxil olmaqla, internet səhifəsi hər kəsin daxil ola bildiyi üçün, insanları internet səhifəsinəa yönəltməsi səbəbilə afişaların ümumi ictimaiyyət üzərindəki təsiri qat-qat artıq olacaqdı.
69. Məhkəmə öz əsas prinsipini bir daha xatırladır ki, müdaxilənin “qarşıya qoyulmuş legitim məqsədə proporsional” olub-olmadığını və bu müdaxilənin əsaslandırılması üçün dövlət orqanları tərəfindən göstərilmiş səbəblərin “münasib və qənaətbəxş” olub-olmadığını müəyyən etmək üçün mübahisələndirilən müdaxilə tam şəkildə işin kontekstində araşdırılmalıdır (bax yuxarıda 48-ci bənd). Məhkəmə müşahidə edir ki, sözügedən afişa açıq-aşkar insanların diqqətini internet səhifəsinə cəlb etmək məqsədi güdmüşdür: həmin internet səhifəsinin ünvanı “Yad planetlilərin ismarıcı” şüarından yuxarıda qara rəngdə yazılmışdır (bax yuxarıda 14-cü bənd). Buna görə də Məhkəmənin təkcə afişanı nəzərdən keçirməsi məntiqsiz olardı: yerli məhkəmələr kimi, Məhkəmə də mübahisə mövzusu olan internet səhifəsinin məzmununu təhlil etməlidir.
70. Səbəblər ilə bağlı olaraq, Məhkəmə, Palatanın da etdiyi kimi, ilk öncə qeyd edir ki, işi araşdıran beş dövlət orqanı (polis idarəsi, bələdiyyə şurası, Neuçatel Torpaqların İdarə edilməsi Direktorluğu və Federal Məhkəmə) afişa kampaniyasına icazə verməyi niyə münasib hesab etmədiklərini izah edərək öz qərarlarını təfsilatlı şəkildə əsaslandırıblar. Ən yüksək yerli məhkəmə instansiyası olan Federal Məhkəmə xüsusilə Konvensiyanın 10-cu Maddəsinə və Məhkəmənin bu sahədəki presedent hüququna istinad etmişdir və mübahisələndirilən tədbirin proporsionallığını araşdırmişdır.
71. Mübahisə mövzusu olan kampaniyanın keçirilməsinə əsaslı olaraq icazə verilmədiyini müəyyən edərkən, Federal Məhkəmə aşağı instansiya məhkəmələrinin kampaniyanın keçirilməsinə icazə verilməməsini əsaslandırmaq üçün əsaslandıqları hər bir sübutu, xüsusilə, insan klonlaşdırmasının təşviqi, “geniokratiyanın” təbliği və Rael Hərəkatının ədəbiyyat və ideyalarının öz üzvlərindən bəzilərini uşaqların cinsi istismarına sövq etmə ehtimalını uğurla təhlil etmişdir.
72. Hətta, bu səbəblərdən bəziləri ayrılıqda baxıldıqda sözügedən imtinaya haqq qazandırmasa belə, Məhkəmənin yanaşmasına əsasən dövlət orqanlarının ağlabatan şəkildə, işin bütün hallarını nəzərə alaraq, sağlamlıq və əxlaqı, digər şəxslərin hüquqlarını qorumaq və cinayətin qarşısını almaq məqsədilə mübahisə mövzusu olan kampaniyanın yasaqlanmasını zəruri hesab etmək səlahiyyəti vardır. Palata digərləri ilə yanaşı xüsusilə aşağıdakıları müəyyən etmişdir (qərarın 55-57-ci bəndləri):
“55. ... Birincisi, assosiasiyanın internet səhifəsində Clonaid şirkətinin internet səhifəsinə keçid vardır. Bu şirkət internet səhifəsi vasitəsilə ictimaiyyətə klonlaşdırma ilə bağlı xüsusi xidmətlər təklif edir və 2003-cü ilin əvvəllərində klonlaşdırılmış uşaqların doğulduğunu bu internet səhifəsində elan etmişdir. İkincisi, İnzibati Məhkəmə uşaqların mümkün cinsi istismar hallarını vurğulayan La Sarine Rayon Məhkəməsinin qərarına istinad etmişdir. Üçüncüsü, “geniokratiya”, yəni, hakimiyyətin yüksək zəkalı insanlara etibar edilməsini nəzərdə tutan və nəticə etibarı ilə, müasir demokratik quruluşları tənqid edən doktrina lehinə təbliğat ictimai asayişi, təhlükəsizliyi və əxlaqı zədələyə bilər.
56. Məhkəmə müəyyən edir ki, yerli orqanlar tərəfindən ərizəçi assosiasiyanın müəyyən üzvlərinin uşaqlar ilə seksual xarakterli hərəkətlərə yol verməkdə ittiham edilməsi xüsusilə qayğı yaradır…Qəbul edildiyi kimi, yerli orqanlar tərəfindən müəyyən edilmiş faktlar və ya yerli qanunun lazımi qaydada tətbiqi barədə rəy bildirmək, prinsip olaraq, Məhkəmənin səlahiyyətində deyildir; buna görə də, dövlət orqanlarının ittihamlarının sübut edilib-edilmədiyini dəqiqləşdirməyə ehtiyac yoxdur. Lakin, Məhkəmə, hazırkı işin bütün hallarını nəzərə alaraq, bu rəyə gəlir ki, ərizəçi assosiasiyanın tələb etdiyi icazənin verilməməsini zəruri hesab etmək üçün dövlət orqanlarının kifayət qədər əsası olmuşdur.
57. Analoji əsasandırma klonlaşdırma məsələsinə də tətbiq edilir. Məhkəmə müşahidə edir ki, yerli orqanlar ərizəçi assosiasiyanın öz internet səhifəsində assosiasiyanın özü tərəfindən yaradılmış Clonaid şirkətinin internet səhifəsinə link yerləşdirdiyini nəzərə alaraq sağlamlıq və əxlaqı qorumaq və cinayətin qarşısını almaq məqsədilə vicdanlı şəkildə afişanın reklam kampaniyasını qadağan edə bilər.... Bundan əlavə, assosiasiyanın özünün də təsdiqlədiyi kimi, assosiasiya Federal Konstitusiyanın 119-cu maddəsinin 2(a) bəndində açıq şəkildə qadağan edilən klonlaşdırma fəaliyyəti barədə müsbət fikirdədir....”
Böyük Palata Palatanın bununla bağlı mülahizələri ilə razılaşmamaq üçün heç bir səbəb görmədi. Müvafiq olaraq, Məhkəmə müəyyən etdi ki, dövlət orqanları tərəfindən səsləndirilən qayğılar müvafiq və qənaətbəxş səbəblərə əsaslanır.
73. Nəhayət, Palata hesab etdi ki, ərizəçi assosiasiya “öz sərəncamında olan bir çox sayda digər kommunikasiya vasitələri ilə öz inancını ifadə etməkdə” sərbəst olduğu üçün, mübahisələndirilən tədbir qəti şəkildə dar çərçivədə tətbiq edilmişdir; həmçinin, Palata qeyd edir ki, “ərizəçi assosiasiyanın özünün və ya internet səhifəsinin fəaliyyətinin yasaqlanması ilə bağlı heç bir məsələ” qaldırılmamışdır (bax Palatanın qərarının 58-ci bəndi).
74. Ərizəçi assosiasiya iddia etmişdir ki, Palatanın mövqeyi ziddiyyətlidir və onun ümumiyyətlə hər hansı bir ideyasının yayılmasını çətinləşdirməyə bərabərdir , belə ki, onun internet səhifəsi olduğu üçün ona afişadan istifadə edərək öz ideyalarını yaymaq qadağan edilmişdir, lakin, o, öz internet səhifəsinin ünvanını afişada yerləşdirdikdə, bu ictimaiyyət üçün təhlükəli olduğu iddia edilən ideyalara keçid təşkil etməsi bəhanəsilə qadağan edilmişdir.
75. Lakin, Məhkəmə hesab edir ki, bu cür ziddiyyət tam aşkardır. Hökumət kimi, Məhkəmə də müəyyən edir ki, assosiasiyanın məqsədi və bu məqsədə çatmaq üçün istifadə etdiyi vasitələr arasında fərq qoyulmalıdır. Müvafiq olaraq, hazırkı işdə yuxarıda sadalanan faktlara əsasən assosiasiyanın özünün və ya internet səhifəsinin yasaqlanması qeyri-proporsional ola bilər. (bax, bununla bağlı olaraq, Rhino Assosiasiyaı və Digərləri İsveçrəyə qarşı (Association Rhino and Others v. Switzerland, no. 48848/07, §§ 66-67, 11 oktyabr 2011). Beləliklə, mübahisəli qadağanın afişanın ictimai sahədə asılması ilə məhdudlaşması ərizəçi assosiasiyanın hüquqlarının minimum şəkildə xələl görməsini təmin edir. Bununla bağlı olaraq, Məhkəmə bir daha qeyd edir ki, dövlət orqanları fundamental hüquqları məhdudlaşdırmaq qərarı verərkən, mübahisə mövzusu olan hüquqlara mümkün qədər az xələl yetirəcək yolu seçməlidirlər (bax Women On Waves, yuxarıda istinad edilmişdir, § 41). Ərizəçi assosiasiya öz ideyalarını öz internet səhifəsi və ya küçələrdə və ya poçt qutularına vərəqə paylamaq kimi öz sərəncamında olan digər vasitələr ilə yaymağa davam edə bildiyi üçün mübahisələndirilən tətbiq qeyri-proporsional hesab edilə bilməz.
(c) Nəticə
76. Məhkəmə bu qərara gəlir ki, hazırkı işdə dövlət orqanları geniş mülahizə sərbəstliyinin sərhədini aşmamışdırlar və onların öz qərarlarını əsaslandırmaq üçün göstərdikləri səbəblər “münasib və qənaətbəxş”dir və “təcili sosial ehtiyac”a cavab verir. Buna görə də, Məhkəmə sözügedən məsələni diqqətlə və Məhkəmənin presedent hüququnun prinsiplərinə uyğun şəkildə araşdırmış Federal Məhkəmənin qiymətləndirməsini öz qiymətləndirməsi ilə əvəz etmək üçün heç bir ciddi səbəb görmür. 77. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsi pozulmamışdır...
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
1. Yekdilliklə Hökumətin ilkin etirazının rədd edir;
2. Səkkiz səsə qarşı doqquz səslə qərara alır ki, Konvensiyanın 10-cu Maddəsi pozulmamışdır;
...
Qərar ingilis və fransız dillərində tərtib edilib və 13 iyul 2012-ci ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Michael O’BoyleNicolas Bratza
KatibSədr
Konvensiyanın 45-ci Maddəsinin 2-ci bəndinə və Məhkəmə Qaydalarının 74-cü Qaydasının 2-ci bəndinə əsasən aşağıdakı ayrı rəylər bu qərara əlavə olunur:
(a) Hakim Bratzanın qismən xüsusi rəyi;
(b) Hakimlər Tulkens, Sajó, Lazarova Trajkovska, Bianku, Power-Forde, Vučinić and Yudkivskanın birgə fəqlənən rəyi;
(c) Hakimlər Sajó, Lazarova Trajkovska and Vučinić-in birgə qismən xüsusi rəyi.
(d) Hakim Pinto de Albuquerquenin fəqlənən rəyi.
N.B.
M.O’B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy