Mozer (Mozer) Moldova Respublikasına və Rusiyaya qarşı [BP] – ərizə № 11138/10
23.2.2016 tarixli qərar [BP]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Qanunsuz tutulma və ya həbsə alınma
Moldova Respublikasının separatçı bölgəsinin "məhkəmələri" tərəfindən həbs qərarının qəbul edilməsi: pozuntu baş verməyib (Moldova); pozuntu baş verib (Rusiya)
Maddə 1
Dövlətlərin yurisdiksiyası
Moldova Respublikasının separatçı bölgəsi daxilində həbs edilmiş şəxs ilə əlaqədar Moldova və Rusiya hökumətlərinin yurisdiksiyası
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Moldova Respublikasının separatçı bölgəsində həbsdə saxlanma şəraiti və həbsxanada tibbi yardımın göstərilməməsi: pozuntu baş verməyib (Moldova); pozuntu baş verib (Rusiya)
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Moldova Respublikasının separatçı bölgəsində həbsxanada şəxsin ailə üzvləri ilə görüşlərinə və onlarla ana dilində söhbət etməsinə məhdudiyyətlər qoyulması: pozuntu baş verməyib (Moldova); pozuntu baş verib (Rusiya)
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Din azadlığı
Moldova Respublikasının separatçı bölgəsində həbsxana müdiriyyətinin məhbusun pastorla görüşünə icazə verməkdən imtina etməsi: pozuntu baş verməyib (Moldova); pozuntu baş verib (Rusiya)
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Moldova Respublikasının separatçı bölgəsində həbsdə saxlanılan şəxsin Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulmasından şikayət etməsi üçün səmərəli daxili hüquqi müdafiə vasitələrinin olmaması: pozuntu baş verməyib (Moldova); pozuntu baş verib (Rusiya)
Maddə 35
35-ci maddənin 1-ci bəndi
Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
Səmərəli daxili hüquqi müdafiə vasitəsi
Separatçı bölgədə qanunsuz həbsdə saxlanma ilə əlaqədar olaraq Moldovada 1545 (1998) saylı qanun əsasında kompensasiya üçün müraciətin səmərəli daxili hüquqi müdafiə vasitəsi təşkil etməməsi: ilkin etiraz rədd edildi
Faktlar – Alman etnik azlığına mənsub Moldova vətəndaşı olan ərizəçi özünü müstəqil elan edən, beynəlxalq birlik tərəfindən tanınmayan "Dnestryanı Moldova Respublikasının" ("DMR") hakimiyyət orqanları tərəfindən 2008-ci ilin noyabrında işlədiyi şirkətin pullarını mənimsəməkdə şübhəli bilinərək həbs edildi. O, "Tiraspol xalq məhkəməsi" tərəfindən aparılmış məhkəmə araşdırmasına qədər həbsdə saxlanıldı və 2010-cu ilin iyulunda həmin məhkəmə onu təqsirkar hesab edərək beş ili şərti olmaqla yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Məhkəmə onun şəhəri tərk etməmək barədə öhdəlik götürməsi şərti ilə azadlığa buraxılması barədə qərar qəbul etdi. Sonradan ərizəçi müalicə üçün Kişinyova (Moldova Respublikası), daha sonra İsveçrəyə yollandı.
Avropa Məhkəməsinə şikayət ərizəsində bronxial astmadan, respirator çatışmazlıqdan və digər xəstəliklərdən əziyyət çəkən ərizəçi şikayət etdi ki, həbsdə olarkən "DMR-in hakimiyyət orqanları" tərəfindən tibbi yardım imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb (Konvensiyanın 3-cü maddəsi), tutulması və həbsdə saxlanması qanunsuz olub (5-ci maddənin 1-ci bəndi), valideynləri ilə və pastorla görüşmək hüququ qanunsuz olaraq məhdudlaşdırılıb (8-ci və 9-cu maddələr) və sərəncamında səmərəli daxili hüquqi müdafiə vasitəsi olmayıb (13-cü maddə). O bildirdi ki, onun Konvensiyada nəzərdə tutulmuş hüquqlarının iddia edilən pozuntularına görə həm Moldova, həm də Rusiya məsuliyyət daşıyır.
2014-cü ilin mayında Məhkəmənin Palatası Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etməyi qərara aldı.
Hüquqi məsələlər
a) Şikayətin qəbuledilənliyi
Maddə 1
i) Moldovanın yurisdiksiyası – Hazırkı işi "DMR-in" nəzarət etdiyi ərazidə baş verən hadisələrə münasibətdə Moldovanın yurisdiksiyası məsələsinə aid olan əvvəlki işlərdən (məsələn, İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı və Katan və başqaları Moldovaya və Rusiyaya qarşı) fərqləndirmək üçün heç bir əsas yoxdur. Moldova Dnestryanı bölgədə "DMR-in" hərəkətləri üzərində faktiki nəzarətə malik olmasa da, həmin bölgənin beynəlxalq ümumi hüquqda Moldova ərazisinin tərkib hissəsi kimi tanınması faktı Konvensiyanın 1-ci maddəsi əsasında Moldovanın üzərinə belə bir öhdəlik qoyurdu ki, həmin ərazidə yaşayanların Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə etməsini təmin etmək üçün sərəncamında olan bütün hüquqi və diplomatik vasitələrdən istifadə etsin.
Nəticə: sözügedən ərazi Moldovanın yurisdiksiyası daxilindədir (yekdilliklə).
ii) Rusiyanın yurisdiksiyası – Müvafiq dövrdə (2008-ci ilin noyabrından 2010-cu ilin iyulunadək) vəziyyətin dəyişdiyini göstərən hər hansı yeni informasiyanın olmadığı bir vəziyyətdə Məhkəmə əvvəlki qənaətlərində qalır ki, Rusiyanın hərbi, iqtisadi və siyasi dəstəyi səbəbindən "DMR" mövcudluğunu davam etdirmək və Moldovanın və beynəlxalq birliyin münaqişənin həll edilməsinə və bölgəyə demokratiyanı və qanunun aliliyi prinsipini gətirməyə yönələn səylərinə müqavimət göstərmək iqtidarındadır. "DMR-in" Rusiyanın dəstəyindən asılılıq səviyyəsinin yüksək olması aydın şəkildə göstərir ki, Rusiya "DMR-in" hakimiyyət orqanları üzərində faktiki nəzarəti həyata keçirməkdə və ona həlledici təsir göstərməkdə davam edir.
Nəticə: sözügedən ərazi Rusiyanın da yurisdiksiyası daxilindədir (bir səsə qarşı on altı səslə).
35-ci maddənin 1-ci bəndi (Moldovada daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi) – Məhkəmə Moldova Hökumətinin etirazındakı bu arqumenti rədd etdi ki, Moldovada daxili hüquqi müdafiə vasitələrini tükəndirmək üçün ərizəçi 1545 (1998) saylı qanun əsasında kompensasiya üçün müraciət etməli idi. O qeyd etdi ki, 1545 saylı qanun, belə görünür ki, "DMR-in" hakimiyyət orqanları tərəfindən törədilmiş qanunsuz hərəkətlərə şamil olunmurdu və "DMR məhkəməsinin" ittiham hökmünün ləğvinə nail olduqdan sonra hər hansı şəxsin Moldovadan kompensasiya aldığına dair heç bir nümunə yox idi, həmçinin 1545 saylı qanunda Moldovanın hakimiyyət orqanlarının dövlət səviyyəsində diplomatik və ya digər vasitələrdən istifadə etməkdə yubanmalarına və ya istifadə etməmələrinə görə ərizəçinin kompensasiya üçün müraciət etməsinə imkan verən heç bir müddəa yox idi.
Nəticə: ilkin etiraz rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti
5-ci maddənin 1-ci bəndi: Məhkəmə bir daha xatırlatdı ki, tanınmayan qurumların məhkəmələri, o cümlədən cinayət məhkəmələri tərəfindən qəbul edilmiş qərarlar Konvensiyanın məqsədləri üçün "qanuni" hesab edilə bilər, bu şərtlə ki, həmin məhkəmələr Konvensiyaya uyğun olan, konstitusion və qanuni əsasda fəaliyyət göstərən məhkəmə sisteminin tərkib hissəsini təşkil etmiş olsunlar. Hər şeydən əvvəl "DMR" məhkəmələrinin bu meyara cavab verdiklərini sübut etmək tanınmayan qurum üzərində faktiki nəzarətə malik iştirakçı dövlət olaraq Rusiyanın üzərinə düşən vəzifə idi. İlaşku və başqalarının işində Məhkəmə həmin məhkəmələrin bu meyara cavab vermədiyi qənaətinə gəlmişdi, xüsusən ona görə ki, ərizəçilərin məhkəməyə cəlb edilmələri və məhkum olunmaları açıq-aydın əsassız xarakter daşıyırdı. Rusiya Hökumətindən hər hansı informasiya alınmadığını və "DMR-in" hüquq və məhkəmə sisteminə dair rəsmi informasiyaların kasad olduğunu nəzərə alaraq, Məhkəmə "DMR" məhkəmələrinin və onların praktikasının hazırda bu tələblərə cavab verib-vermədiyini yoxlamaq imkanına malik deyil. Bununla belə, bu məsələ aydındır ki, Moldova 1995-ci ildə Avropa Şurasına daxil olduğu zaman onun hüquq sistemi hərtərəfli təhlil olunsa da, "DMR-in" 1990-cı ildə yaradılmış hüquq sistemi bu cür təhlilə məruz qalmayıb. Müvafiq olaraq, belə güman etməyə heç bir əsas yoxdur ki, "DMR-in" hüquq sistemi Konvensiya prinsiplərinə uyğun hesab edilən məhkəmə ənənəsini özündə əks etdirir. Bu qənaəti digər məsələlərlə yanaşı ərizəçinin tutulmasının və həbsdə saxlanmasının halları (xüsusən onun qeyri-müəyyən müddətə həbsdə saxlanması barədə qərar çıxarılması və onun apellyasiya şikayətlərinə özünün iştirakı olmadan baxılması), habelə "DMR" məhkəmələrinin müstəqilliyi və keyfiyyəti ilə bağlı mediadakı məlumatlar daha da möhkəmləndirir. Beləliklə, nə "DMR" məhkəmələri, nə də "DMR-in" hər hansı digər hakimiyyət orqanı Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində nəzərdə tutulan mənada ərizəçinin "qanuni tutulması və ya həbsə alınması" barədə qərar çıxarmaq iqtidarında deyildi.
i) Moldovanın məsuliyyəti – İlaşku və başqalarının işində Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş hüquqlarını təmin etmək üçün Moldovanın münasib və yetərli tədbirlər görməkdən ibarət pozitiv öhdəlikləri həm Dnestryanı bölgənin ərazisi üzərində nəzarətini yenidən bərqərar etməsi üçün (bu onun həmin ərazi üzərində yurisdiksiyaya malik olduğunun təzahürü olardı) tələb olunan tədbirlərlə, həm də ayrı-ayrı ərizəçilərin hüquqlarına hörməti təmin etməyə yönələn tədbirlərlə əlaqədar idi.
Nəzarəti yenidən bərqərar etmək öhdəliyinə gəlincə, Dnestryanı bölgənin ərazisi üzərində nəzarətini yenidən bərqərar etmək üçün imkanı daxilində olan bütün tədbirləri görmüş Moldova Hökumətinin ərizəçi həbsdə olduğu müddətdə mövqeyinin dəyişdiyini göstərən heç bir əlamət yoxdur. Ərizəçilərin hüquqlarına hörməti təmin etmək öhdəliyinə gəlincə, Moldova Hökuməti ərizəçiyə yardım etmək üçün xeyli səy göstərmiş, konkret olaraq müxtəlif hökumətlərarası təşkilatlara və xarici ölkələrə, o cümlədən Rusiyaya müraciətlər etmiş, ərizəçi barəsindəki ittiham hökmünün ləğv edilməsi barədə Moldova Ali Ədalət Məhkəməsi tərəfindən qərar qəbul edilmiş və qanunsuz olduğu iddia edilən həbslə bağlı araşdırma aparılmışdı. Beləliklə, Moldova öz pozitiv öhdəliklərini yerinə yetirmişdi.
Nəticə: Moldova tərəfindən pozuntu baş verməyib (yekdilliklə).
ii) Rusiyanın məsuliyyəti – Rusiya Federasiyasının adından hərəkət edən şəxslərin ərizəçiyə qarşı görülmüş tədbirlərdə birbaşa iştirakını göstərən heç bir dəlil olmasa da, "DMR-ə" göstərdiyi davamlı hərbi, iqtisadi və siyasi dəstəklə (bu dəstək olmasaydı "DMR" mövcudluğunu qoruya bilməzdi) əlaqədar olaraq Rusiya Konvensiya əsasında məsuliyyət daşıyırdı.
Nəticə: Rusiya tərəfindən pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 3: Ərizəçi tibbi yardım almamasından və həbsdə saxlanma şəraitindən şikayət etdi.
Bu fakt şübhə doğurmur ki, ərizəçi astma tutmalarından olduqca əziyyət çəkirdi. Həkimlərin ərizəçinin vəziyyətinin pisləşdiyi qənaətinə gəlmələrinə və həbsxanada onun müalicəsi üçün tələb olunan mütəxəssislərin və avadanlıqların olmadığına baxmayaraq, "DMR-in" hakimiyyət orqanları təkcə onu müalicə üçün mülki xəstəxanaya köçürməkdən imtina etməmişdilər, həm də onun əziyyətlərinin davam etməsinə imkan vermiş və onu adi həbsxanaya köçürməklə sağlamlığını daha ciddi riskə məruz qoymuşdular. Onu lazımi müalicə ilə təmin etməkdən imtina ilə əlaqədar hər hansı izahat verilmədiyini nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin tibbi yardım alması lazımi qaydada təmin edilməyib.
Daha sonra Məhkəmə xüsusən İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsinin (CPT) hesabatları və Birləşmiş Millətlər Təşkilatının işgəncələr üzrə xüsusi məruzəçisinin məruzələri əsasında müəyyən etdi ki, ərizəçinin həbsdə saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabər idi, belə ki, konkret olaraq kamerada həddən artıq çox adamın olması, oraya gün işığının düşməməsi, işləyən ventilyasiya sisteminin olmaması və üstəlik siqaret tüstüsü və kameradakı rütubət ərizəçinin astma tutmalarını daha da ağırlaşdırmışdı.
Yuxarıda 5-ci maddənin 1-ci bəndi üzrə qərarda qeyd edilən səbəblərə görə Məhkəmə bu qənaətə gəldi ki, bu pozuntuya görə məsuliyyəti yalnız Rusiya daşıyır.
Nəticə: Moldova tərəfindən pozuntu baş verməyib (yekdilliklə); Rusiya tərəfindən pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 8: Ərizəçi şikayət etdi ki, uzun müddət valideynləri ilə görüşmək imkanına malik olmayıb və sonda müraciətləri nəticəsində icazə verilmiş görüşlər zamanı onların öz ana dili olan alman dilində danışmalarına icazə verilməyib.
Məhkəmə qeyd etdi ki, işin materiallarında ailə üzvlərinin görüşlərinə icazə verməkdən imtina üçün hər hansı əsasın olduğu görünmür və belə aydın olur ki, ərizəçi ilkin həbsindən sonra altı ay ərzində valideynləri ilə görüşə bilməyib. Ərizəçini belə uzun müddət ərzində ailə üzvlərindən təcrid etməyin nə üçün zəruri olduğuna dair heç bir izahat verilməyib. Analoji olaraq, ailənin görüşlərində həbsxana mühafizəçisinin iştirakı prinsipcə qəbuledilməzdir. Aydın məsələdir ki, mühafizəçi ailənin nələri müzakirə etdiyini xüsusi olaraq izləmək üçün orada olurdu, belə ki, əgər onlar mühafizəçinin başa düşmədiyi dildə danışsaydılar, görüşün ləğv edilməsi riski ilə üzləşə bilərdilər. Görüşlərin belə yaxından izlənməsinin səbəbi barədə heç bir izahat verilməyib. Beləliklə, ərizəçinin hüquqlarına müdaxilə üçün qanuni əsasın olub-olmadığından asılı olmayaraq, valideynləri ilə həbsxanada görüşlərinə məhdudiyyət qoyulması Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində müəyyən edilmiş digər şərtlərə uyğun deyildi.
5-ci maddənin 1-ci bəndi üzrə qərarda (yuxarıya bax) qeyd edilən səbəblərə görə Məhkəmə bu qənaətə gəldi ki, bu pozuntuya görə məsuliyyəti yalnız Rusiya daşıyır.
Nəticə: Moldova tərəfindən pozuntu baş verməyib (yekdilliklə); Rusiya tərəfindən pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 9: Ərizəçi şikayət etdi ki, pastorla görüşməsinin də qarşısı alınıb. Məhkəmə bir daha xatırlatdı ki, məhbusun ruhani ilə görüşünə icazə verməkdən imtina edilməsi onun 9-cu maddə əsasında təmin edilən hüquqlarına müdaxilə təşkil edir. Bu imtina üçün qanuni əsasın olub-olmadığı aydın deyildi və onu əsaslandırmaq üçün heç bir səbəb göstərilməmişdi. Məhkəmə hesab etdi ki, ərizəçinin hüququna müdaxilənin qanuni məqsəd daşıdığı və ya həmin məqsədə mütənasib olduğu sübuta yetirilməyib.
5-ci maddənin 1-ci bəndi üzrə qərarda (yuxarıya bax) qeyd edilən səbəblərə görə Məhkəmə bu qənaətə gəldi ki, bu pozuntuya görə məsuliyyəti yalnız Rusiya daşıyır.
Nəticə: Moldova tərəfindən pozuntu baş verməyib (yekdilliklə); Rusiya tərəfindən pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 13: Ərizəçi Konvensiyanın 3, 8 və 9-cu maddələri üzrə şikayətləri ilə əlaqədar olaraq 13-cü maddədə nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin edilmək hüququna malik idi. Məhkəmə Moldova Hökumətinin ilkin etirazını nəzərdən keçirərkən artıq müəyyən etdi ki, 1545 (1998) saylı qanun əsasında Moldova məhkəmələrimdə kompensasiya tələbinin irəli sürülməsi səmərəli hüquqi müdafiə vasitəsi sayıla bilməz. Rusiya Hökuməti "DMR-də" ərizəçinin sərəncamında səmərəli hüquqi müdafiə vasitələrinin olduğunu iddia etmədi. Beləliklə, ərizəçi Konvensiyanın 3, 8 və 9-cu maddələri üzrə şikayətləri ilə əlaqədar olaraq səmərəli hüquqi müdafiə vasitəsinə malik deyildi.
i) Moldovanın məsuliyyəti – Moldova tərəfindən yerinə yetirilməli olan pozitiv öhdəliklərin xarakteri "DMR" tərəfindən törədilmiş pozuntulara görə onun kompensasiya ödəməsini tələb etmirdi. Müvafiq olaraq, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı ilkin etirazın rədd edilməsi Moldovanın pozitiv öhdəliklərini yerinə yetirməsi ilə bağlı Məhkəmənin aparacağı təhlilə təsir göstərmir.
Moldovanın üzərinə düşən pozitiv öhdəlik Dnestryanı bölgədə yaşayanların Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə etmələrinin təmin olunmasını davam etdirmək üçün sərəncamında olan bütün hüquqi və diplomatik vasitələrdən istifadə etməkdən ibarət idi. Müvafiq olaraq, Moldova tərəfindən ərizəçiyə təqdim edilməsi tələb olunan "hüquqi müdafiə vasitələri" onun düşdüyü vəziyyətin təfsilatları barədə Moldovanın hakimiyyət orqanlarını məlumatlandırmasına imkan yaratmaqdan və atılan müxtəlif hüquqi və diplomatik addımlar barədə onu mütəmadi məlumatlandırmaqdan ibarət idi. Moldova məhkəmə və istintaq orqanlarının və mülki orqanlarının şəbəkəsini yaratmışdı ki, onlar da "DMR-də" fəaliyyət göstərən orqanlarla paralel işləyirdilər. Baxmayaraq ki, bu orqanların qəbul etdiyi qərarlar yalnız Dnestryanı bölgənin ərazisi xaricində qüvvəyə malik ola bilərdi, onların funksiyasına müvafiq məhkəmə işlərinin lazımi qaydada Moldovanın hakimiyyət orqanlarına verilməsinə nail olmaq daxil idi, sonuncular isə sonradan konkret işlərə müdaxilə etməyə cəhd edərək diplomatik və hüquqi addımlar ata və konkret olaraq Rusiyanı "DMR" ilə münasibətlərində və orada qəbul edilən qərarlarda Konvensiya üzrə öhdəliklərini yerinə yetirməyə çağıra bilərdilər.
Moldova məhdud imkanları çərçivəsində ərizəçinin hüquqlarını qorumaq üçün onun müvafiq prosedurlardan istifadə etməsinə şərait yaratmışdı. Beləliklə, o, pozitiv öhdəliklərini yerinə yetirmişdi.
ii) Rusiyanın məsuliyyəti – 5-ci maddənin 1-ci bəndi üzrə qərarda (yuxarıya bax) qeyd edilən səbəblərə görə Rusiya 13-cü maddə üzrə məsuliyyət daşıyırdı.
Nəticə: Moldova tərəfindən pozuntu baş verməyib (yekdilliklə); Rusiya tərəfindən pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 17: Ərizəçi "DMR-də" qanunsuz rejimin qurulmasına dözümlü yanaşmaları ilə əlaqədar olaraq cavabdeh dövlətlərin hər ikisi tərəfindən Konvensiyanın 17-ci maddəsinin pozulmasından şikayət etdi.
Məhkəmə hesab etdi ki, ərizəçinin irəli sürdüyü bu şikayət 17-ci maddənin tətbiq dairəsindən kənardır. İstənilən halda, cavabdeh dövlətlərdən hər hansı birinin ərizəçinin istinad etdiyi hüquqlardan hər hansı birini bilərəkdən heçə endirmək, yaxud Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq niyyətində olduğunu düşünməyə əsas verən heç bir dəlil yox idi.
Nəticə: şikayət qəbul edilən deyil (açıq-aydın əsassız olduğuna görə).
Maddə 41: mənəvi ziyana görə 20.000 avro; maddi ziyana görə isə 5.000 avro təyin olundu.
(Bax: İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı [BP], ərizə № 48787/99, 8 iyul 2004-cü il, 66 saylı məlumat bülleteni; İvantsok və başqaları Moldovaya və Rusiyaya qarşı, ərizə № 23687/05, 15 noyabr 2011-ci il, 146 saylı məlumat bülleteni; Katan və başqaları Moldovaya və Rusiyaya qarşı [BP], ərizələr № 43370/04, 8252/05 və 18454/06, 8 iyul 2004-cü il, 19 oktyabr 2012-ci il, 156 saylı məlumat bülleteni; həmçinin bax: Kipr Türkiyəyə qarşı [BP], ərizə № 25781/94, 10 may 2001-ci il)
Full & Egal Universal Law Academy