İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
M.S.S. BELÇİKA VƏ YUNANISTANA QARŞI
(CASE OF M.S.S. v. BELGIUM AND GREECE)
(30696/09 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
21 yanvar 2011-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
M.S.S. Belçika və Yunanıstana qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər:
Xristos Rozakis (Christos Rozakis),
Nikolas Bratza (Nicolas Bratza),
Per Lorensen (Peer Lorenzen),
Fransuaz Tulkens (Francoise Tulkens),
Jozep Kasadeval (Josep Casadevall),
İreneu Kabral Baretto (Ireneu Cabral Barreto),
Elizabet Fura (Elisabet Fura),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Danute Yoçiyene (Danutė Jočienė),
Draqolyub Popoviç (Dragoljub Popović),
Mark Villiger (Mark Villiger),
Andras Sajo (András Sajó),
Ledi Bianku (Ledi Bianku)
Ən Pauer (Ann Power),
İşıl Karakaş (Işıl Karakaş),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
və məhkəmə katibinin müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə
2010-cu 1 sentyabr və 15 dekabr tarixlərində qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2009-cu il 11 iyun tarixində Əfqanıstan vətəndaşı cənab M.S.S. (“ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Belçika Krallığı və Yunanıstan Respublikasına qarşı ərizənin (30696/09 nömrəli) təqdim edilməsi ilə başlanmışdır. İşin baxış üçün təyin edildiyi Palatanın sədri ərizəçinin adının açıqlanmaması ilə bağlı xahişini təmin etmişdir (Prosedur Qaydalarının 47-ci qaydasının 3-cü bəndi).
2. Ərizəçini Brüsseldə vəkil kimi fəaliyyət göstərən cənab Z.Çihaui təmsil etmişdir. Belçika Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndələri cənab M.Taysebaert və xanım İ.Nidlispaçer tərəfindən təmsil olunmuşdur. Yunanıstan Hökumətini Dövlət Hüquq Şurasında vəkil köməkçi vəzifəsində çalışam xanım M.Cermani təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, Belçika hakimiyyət orqanlarının onu ölkə hüdudlarından kənara çıxarması nəticəsində Konvensiyanın 2-ci və 3-cü maddələri pozulmuşdur və o, Yunanıstanda 3-cü maddə ilə qadağan edilmiş rəftara məruz qalmışdır. Ərizəçi həmçinin şikayətlərinə baxılması üçün Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş hüquq müdafiə vasitəsinin olmamasından da şikayət etmişdir.
4. Ərizə baxılması üçün Məhkəmənin İkinci Bölməsinə verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci qaydasının 1-ci bəndi). 2009-cu il 19 noyabr tarixində həmin Bölmənin Palatası ərizə barədə Hökumətlərə məlumat vermişdir. 2010-cu il 16 martda sədr İreneu Kabral Baretto və hakimlər - Fransuaz Tulkens, Vladimiro Zaqrebelski, Danute Yoçiyene, Draqolyub Popoviç, Andras Sajo, Nona Tsotsoria və həmçinin Bölmənin katibi Salli Dolledən ibarət Palata işə baxılması üçün yurisdiksiyanın Böyük Palataya verilməsi barədə qərar qəbul etmiş və tərəflərdən heç biri bu qərara etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və 72-ci qayda).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndləri və Məhkəmənin Prosedur Qaydalarının 24-cü qaydasına uyğun şəkildə müəyyən edilmişdir.
6. Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məsələlərə birlikdə baxılması barədə qərar qəbul edilmişdir.
7. Ərizəçi və Hökumətlər ərizənin mahiyyəti ilə bağlı yazılı qeydlərini təqdim etmişlər (59-cu qaydanın 1-ci bəndi). Tərəflərin hər biri işin məhkəmə baxışı zamanı digər tərəfin qeydlərinə cavab vermişdir (44-cü qaydanın 5-ci bəndi). Həmçinin Palata sədrinin işə müdaxilə etmələrinə icazə verdiyi Niderlandın və Birləşmiş Krallığın Hökumətləri, Avropada Fərdi Hüquqlar üzrə Məşvərət Mərkəzi (“Aire Mərkəzi”) və “Amnesty International” təşkilatı öz yazılı qeydlərini təqdim etmişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü qaydanın 2-ci bəndi). Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı (“Komissar”), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (“BMTQAK”) və Yunanıstanın “Helsinki Monitor” təşkilatı da Palata sədrinin icazəsi ilə işə müdaxilə edərək qeydlərini təqdim etmişlər. Niderlandın və Birləşmiş Krallığın Hökumətlərinə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına və BMT-nin Qaçqınlar üzrə Ali Komissarına şifahi dinləmələrdə də iştirak etməyə icazə verilmişdir.
8. Məhkəmə iclası 2010-cu ilin 1 sentyabr tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
– Belçika Hökuməti adından,
cənab M.Taysebaert, Səlahiyyətli nümayəndə,
xanım İ.Nidlispaçer, Səlahiyyətli nümayəndə;
xanım Edda Materne, hüquqşünas, Vəkil;
xanım Valeri Demin, Əcnəbilərin işləri üzrə
idarənin attaşesi, Məsləhətçi.
– Yunanıstan Hökuməti adından,
cənab Konstantinos Qeorqiadis, Dövlət Hüquq Şurasının məsləhətçisi,
Səlahiyyətli nümayəndənin təmsilçisi,
cənab Mirto Cermani, Dövlət Hüquq Şurasında vəkil köməkçisi, Vəkil;
– ərizəçinin adından,
cənab Zuhayer Çihaui, hüquqşunas, Vəkil;
– Birləşmiş Krallığın Hökuməti adından, üçüncü tərəf kimi,
cənab Martin Kuzmiki, Səlahiyyətli nümayəndə,
xanım Liza Ciovanetti, Vəkil;
– Niderland Hökumətinin adından, üçüncü tərəf kimi,
cənab Roeland Böker, Səlahiyyətli nümayəndə,
cənab Martin Kuijer, Ədliyyə Nazirliyi,
xanım Klarinda Koert, İmmiqrasiya
və Naturalizasiya şöbəsi, Məsləhətçilər;
– Avropa Şurasının İnsan Hüquqları Komissarının adından, üçüncü tərəf kimi,
cənab Tomas Hammarberq, Komissar
cənab Nikolaos Sitaropulos, Direktor müavini,
xanım Anne Ueber, Məsləhətçi;
– BMT-nin Qaçqınlar üzrə Ali Komissarının adından, üçüncü tərəf kimi,
cənab Volker Türk, Beynəlxalq müdafiə bölməsinin direktoru, Məsləhətçi,
xanım Madlin Qarlik, Avropa Ofisinin Siyasi və hüquqi məsələlər şöbəsinin sektor müdiri,
cənab Kornelis Vuters, Milli Müdafiə Bölməsinin qaçqınların hüquqları üzrə şöbəsinin baş məsləhətçisi, Məsləhətçilər.
Məhkəmədə xanım Nidlispaçer, xanım Materne, xanım Cermani, cənab Çihaui, cənab Böker, xanım Ciovanetti, cənab Türk və cənab Hammarberq çıxış edərək məhkəmənin suallarına cavab vermişlər.
FAKTLAR
I. İŞİN HALLARI
A. Avropa İttifaqının ərazisinə daxil olma
9. Ərizəçi 2008-ci ilin əvvəllərində Kabil şəhərini tərk edərək İran və Türkiyə ərazilərindən keçməklə Yunanıstan ərazisindən Avropa İttifaqına daxil olmuşdur. 2008-ci ilin 7 dekabrında Maytilendə onun barmaq izləri götürülmüşdür.
10. O, bir həftə saxlanılmış, sonra isə ölkəni tərk etmək barədə əmr ona təqdim olunaraq azad edilmişdir. Ərizəçi sığınacaq almaq üçün Yunanıstana müraciət etməmişdir.
B. Belçikada sığınacaq almaq və ölkə hüdudlarından kənara çıxarılmaq proseduru
11. 2009-cu ilin 10 fevral tarixində ərizəçi Fransa ərazisindən tranzitlə keçməklə Belçikaya daxil olmuş və burada Əcnəbilərin işləri üzrə idarəyə müraciət edərək (onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd yox idi) ona sığınacaq verilməsini xahiş etmişdir.
12. Ərizəçinin barmaq izlərinin araşdırılması və müqayisə edilməsi zamanı 2009-cu ilin 10 fevralında “Eurodac”-dan əldə edilmiş məlumata əsasən ərizəçinin Yunanıstanda qeydiyyatdan keçdiyi aşkar olunmuşdur.
13. Ərizəçi ilk öncə sığınacaq axtaranlar üçün nəzərdə tutulmuş Lanaken açıq qəbul mərkəzində saxlanılmışdır.
14. 2009-cu ilin 18 mart tarixində Əcnəbilərin işləri üzrə idarə 343/2003/EC nömrəli Qaydanın (Dublin Qaydası, aşağıda 65-82-ci bəndlərə bax) 10-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq sığınacaq verilməsi ilə bağlı ərizəyə baxılmasını Yunanıstanın hakimiyyət orqanlarından xahiş etmişdir. Yunanıstanın hakimiyyət orqanları Qaydanın 18-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulduğu kimi iki ay ərzində xahişə cavab vermədikləri üçün Əcnəbilərin işləri üzrə idarə bunu həmin maddənin 7-ci bəndinə uyğun olaraq ərizəyə baxılması xahişinin susmaqla qəbul edilməsi hesab etmişdir.
15. Dublin Qaydalarına uyğun olaraq 2009-cu ilin 18 mart tarixində dindirilmiş ərizəçi Əcnəbilərin işləri üzrə idarəyə qaçaqmalçının köməyi ilə Əfqanıstandan qaçdığını, bunun müqabilində ona 12000 ABŞ dolları məbləğində pul verdiyini və şəxsiyyətini təsdiq edən sənədlərin həmin şəxs tərəfindən götürüldüyünü bildirmişdir. Ərizəçi ona yaxşı dost münasibəti bəsləyən NATO-nun Belçikadan olan əsgərləri ilə qarşılaşdıqdan sonra Belçikaya gəlmək qərarını verdiyini bildirmişdir. O, həmçinin Belçikanın hakimiyyət orqanlarından üzləşdiyi təhlükələri araşdırmağı xahiş etmişdir. O, Niderlandda yaşayan bacısı ilə əlaqələrinin kəsildiyini, həmçinin hepatit B xəstəliyindən əzab çəkdiyini və bununla bağlı səkkiz ay müalicə olunduğunu da xatırlatmışdır.
16. 2009-cu ilin 2 aprelində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Belçikanın Miqrasiya və sığınacaq siyasəti üzrə nazirinə məktubla müraciət edərək Yunanıstanda sığınacaq alınması prosedurundakı çatışmazlıqları və sığınacaq axtaranların qəbulu şəraitini tənqid edərək sığınacaq axtaran şəxslərin Yunanıstana təhvil verilməsinin dayandırılmasını tövsiyə etmişdir (aşağıda 194-cü və 195-ci bəndlərə bax). Məktubun surəti Əcnəbilərin işləri üzrə idarəyə göndərilmişdir.
17. 2009-cu ilin 19 mayında Əcnəbilərin işləri üzrə idarə əcnəbilərin ölkəyə girməsi, ölkədə yaşaması, məskunlaşması və ölkə hüdudlarından kənara çıxarılması haqqında 1980-ci il 15 dekabr tarixli qanunun (“Əcnəbilər haqqında qanun”) 51/5-ci maddəsini tətbiq edərək ərizəçinin ölkədə qalmasına icazə verməmək qərarına gəlmiş və onun ölkədən çıxması göstərişini nəzərdə tutan əmr vermişdir. Əmrin verilməsi belə əsaslandırılmışdır ki, Dublin Qaydalarına əsasən Belçika sığınacaq ilə bağlı müraciətə baxılması üçün məsuliyyət daşımırdı. Bu müraciətə Yunanıstan baxmalı idi və Yunanıstanın Birlik hüququ və Qaçqınların statusuna dair 1951-ci il tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş öhdəliyinə hörmət etməyəcəyindən şübhələnmək üçün hər hansı əsas mövcud deyildi. Başqa sözlə, ərizəçi üçün belə bir təminat var idi ki, o, Yunanıstana gələn kimi sığınacaq almaq üçün müraciət edə biləcək və onun müraciətinə müvafiq qaydalara uyğun olaraq baxılacaqdır. Belçikanın hakimiyyət orqanları Qaydaların 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş öhdəlikdən geri çəkilməyə dair qeyd-şərtin tətbiqi üçün öhdəlik daşımırdı. Nəhayət, ərizəçi səhhəti ilə bağlı onun başqa ölkəyə təhvil verilməsinə mane ola biləcək hər hansı problemdən əziyyət çəkmirdi və onun Belçikada heç bir qohumu yox idi.
18. Həmin günü də qeyd edilən qərarın icrası məqsədilə ərizəçi azadlıqdan məhrum etmə yerinə aparılmış və Steenokkerzeeldə qeyri-qanuni mühacirlər üçün nəzərdə tutulmuş 127 bis nömrəli qapalı müəssisədə saxlanılmışdır.
19. 2009-cu il 26 may tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Belçikada əməliyyatlar üzrə tərəfdaşı olan Qaçqınlara yardım üzrə Belçika Komitəsinə ərizəçi üçün təyin edilmiş vəkilin əlaqə telefonları barədə məlumat verilmişdir.
20. 2009-cu ilin 27 mayında Əcnəbilərin işləri üzrə idarə ərizəçinin 2009-cu il 29 may tarixində ölkə hüdudlarından kənara çıxarılacağını qərarlaşdırmışdır.
21. Müəyyən edilmiş tarixdə saat 10:25 radələrində Tonqresdə ərizəçinin birinci vəkili qərardan faks ilə Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya şikayət verərək ölkə hüdudlarından kənara çıxarılma haqqında qərarın ləğv edilməsini və şikayətə baxılana qədər qərarın icrasının çox təcili prosedurlara uyğun olaraq təxirə salınmasını xahiş etmişdir. Vəkil Konvensiyanın 3-cü maddəsini rəhbər tutaraq xahişini ərizəçinin Yunanıstanda ağır şəraitdə özbaşına olaraq saxlanılması, o cümlədən ona qarşı pis rəftarın ola bilməsi təhlükəsi ilə əsaslandırmışdır. Ərizəçi də həmçinin Yunanıstanda sığınacaq verilməsi ilə bağlı prosedurlarda çatışmazlıqların olduğunu, məhkəməyə səmərəli müraciət imkanının olmadığını bildirmiş və Əfqanıstanı tərk etmə səbəbləri hər hansı bir formada araşdırılmadan həmin ölkəyə geri qaytarıla biləcəyindən qorxduğunu dilə gətirmişdir.
22. İşə həmin günü saat 11:30-da Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın Brüsseldəki binasında baxılması qərara alınmışdır. Ərizəçinin vəkili iclasda iştirak etməmiş və qərarın icrasının təxirə salınması barədə vəsatət vəkilin iştirak etməməsi səbəbindən həmin günü də rədd edilmişdir.
23. Ərizəçi 2009-cu il 29 mayda təyyarəyə minməkdən imtina etmiş və Əcnəbilər haqqında qanunun 27-ci maddəsinin 1-ci bəndinə əsasən onun saxlanması müddətinin uzadılması barədə əmr verilmişdir.
24. 2009-cu il 4 iyunda Yunanıstanın hakimiyyət orqanları Dublin Qaydalarının 18-ci maddəsinin 7-ci bəndi və 10-cu maddəsinin 1-ci bəndinə əsasən ərizəçinin sığınacaq verilməsi barədə xahişinə baxılmasına görə məsuliyyət daşıdıqlarını təsdiq edən standart sənəd göndərmişdir. Sənəd aşağıdakı cümlə ilə bitirdi: “Xahiş edirik nəzərə alasınız ki, şəxs istədiyi təqdirdə, Yunanıstana daxil olan zaman ona sığınacaq verilməsi barədə ərizə ilə müraciət edə bilər”.
25. 2009-cu il 9 iyunda ərizəçinin saxlanılması barədə qərar Brüsselin birinci instansiya məhkəməsinin məşvərət palatası (chambre du conseil) tərəfindən qüvvədə saxlanılmışdır.
26. 10 iyunda Brüsselin Apellyasiya Məhkəməsinin İttihamlar üzrə Palatası işə baxılmasını 2009-cu il 22 iyun tarixinə təyin etmişdir.
27. 2009-cu ilin 11 iyun tarixində ərizəçiyə məlumat verilmişdir ki, onun ölkədən çıxarılması 15 iyuna nəzərdə tutulmuşdur. Bundan sonra o, yeni vəkili vasitəsilə ölkə hüdudlarından kənara çıxarılmasına dair qərarın ləğv edilməsi üçün Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya ikinci vəsatətini təqdim etmişdir. O, Əfqanıstana qaytarılacağı təqdirdə burada üzləşə biləcəyi riskləri əsas kimi göstərmişdir. Eyni zamanda o, Yunanıstana təhvil veriləcəyi təqdirdə də təhlükə ilə üzləşəcəyini qeyd etmişdir. Belə ki, onun sığınacaq verilməsi barədə ərizəsinə bu ölkənin dövlət orqanları tərəfindən lazımi qaydada baxılacağı imkanı cüzi idi və eyni zamanda Yunanıstanda sığınacaq üçün müraciət edənlərin saxlanılması və qəbulu şəraiti da ağır idi.
28. İkinci dəfə təhvil vermə tarixi 2009-cu ilin 15 iyununa nəzərdə tutulmuşdu və bu dəfə onu müşayiət edirdilər.
29. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya 2009-cu ilin 3 və 10 sentyabr tarixlərində qəbul etdiyi qərarlar ilə ölkə hüdudlarından kənara çıxarılmağa dair qərarın ləğv edilməsi ilə bağlı ərizəni təmin etməmişdir. Bu, iki səbəb ilə bağlı olmuşdur - birincisi, ərizəçi prosesin davam etdirilməsi barədə xahişini çox təcili prosedurlara uyğun olaraq təqdim edilmiş icranın təxirə salınmasına dair vəsatətin rədd edilməsi barədə qərarın qəbul edilməsindən sonra tələb olunduğu kimi on beş gün müddətində etməmiş və ikincisi, ərizəçi müraciətə cavab olaraq faktların ətraflı təsvirini təqdim etməmişdir.
30. Dövlət Şurasına (Conseil d’Etat) hüquqi məsələlər ilə bağlı hər hansı inzibati şikayət təqdim edilməmişdir.
C. Belçikaya qarşı müvəqqəti xarakterli tədbirlər barədə vəsatət
31. Eyni zamanda, 2009-cu il 11 iyunda ərizəçi vəkili vasitəsilə Avropa Məhkəməsinə müraciət edərək Yunanıstana təhvil verilməsinin dayandırılmasını xahiş etmişdir. Yunanıstanda üzləşə biləcəyi təhlükələri qeyd etməklə yanaşı o, iddia etmişdir ki, Kabildə yerləşmiş beynəlxalq hava qüvvələri qoşunlarının tərcüməçisi kimi çalışdığı üçün Taliban onu öldürməyə cəhd göstərmişdir və o, buna görə Əfqanıstandan qaçmışdır. Dediklərini sübut etmək üçün o, tərcüməçi kimi çalışdığını təsdiq edən sertifikatlar təqdim etmişdir.
32. 2009-cu ilin 12 iyununda Avropa Məhkəməsi 39-cu maddəni tətbiq etməkdən imtina etmiş, lakin Yunanıstan Hökumətinə məlumat vermişdir ki, Məhkəmə bu qərarı qəbul edərkən Yunanıstanın Konvensiyada nəzərdə tutulmuş öhdəliklərinə və Avropa İttifaqının sığınacaq məsələləri ilə bağlı qanunvericiliyinə əməl edəcəyinə inanmışdır. Yunanıstan Hökumətinə göndərilmiş məktubda qeyd edilirdi:
“Bu qərarı qəbul edən zaman Məhkəmə açıq şəkildə anlayırdı ki, Yunanıstan Razılığa Gələn Dövlət kimi Konvensiyanın 3-cü, 13-cü və 34-cü maddələrində nəzərdə tutulmuş öhdəliklərinə əməl edəcək. Bölmə həmçinin Hökumətinizin aşağıdakı sənədlərdə nəzərdə tutulmuş öhdəliklərinə əməl edəcəyinə inandığını ifadə etmişdir:
- yuxarıda qeyd edilmiş Dublin Qaydaları;
- Üzv Dövlətlərdə qaçqın statusunun verilməsi və ondan imtina prosedurlarına dair minimal standartlar haqqında Avropa İttifaqı Şurasının 2005-ci il 1 dekabr tarixli 2005/85/EC nömrəli direktivi; və
- sığınacaq üçün müraciət edənlərin qəbul edilməsinin minimal standartları ilə bağlı Avropa İttifaqı Şurasının 2003-cü il 27 yanvar tarixli 2003/9/EC nömrəli direktivi.
Bununla əlaqədar olaraq ərizəçinin Yunanıstandan sığınacaq almaq üçün etdiyi istənilən müraciət ilə bağlı qəbul edilmiş qərar, həmçinin ərizəçi Yunanıstana gələn zaman saxlanmışdırsa, onun saxlanma yeri barədə Hökumətiniz tərəfindən Məhkəməyə veriləcək məlumatlara görə minnətdar olardıq”.
D. Yunanıstana qarşı müvəqqəti xarakterli tədbirlərin müəyyən edilməsi
33. 2009-cu ilin 15 iyun tarixində ərizəçi Yunanıstana təhvil verilmişdir. Afina hava limanına gələn zaman o, bu ölkənin hakimiyyət orqanları tərəfindən 2009-cu ilin 4 iyununda təqdim edilmiş məsuliyyətin üzərinə götürülməsi barədə sazişdə istifadə etdiyi adını demişdir.
34. 2009-cu ilin 19 iyununda ərizəçinin vəkili birinci qısa mətn mesajını (sms) almış və bu barədə Məhkəməyə məlumat vermişdir. O bildirmişdir ki, ərizəçi Yunanıstana gəldiyində dərhal hava limanının yaxınlığında yerləşən saxlama binasına yerləşdirilmiş, burada kiçik bir yerdə 20 nəfər başqa şəxs ilə birlikdə saxlanılmışdır. Ərizəçi yalnız nəzarətçilərin icazəsi ilə ayaqyoluna gedə bilərdi. Ona açıq havaya çıxmağa icazə verilmirdi. Ərizəçi çox cüzi miqdarda qida alır və çirkli döşək üzərində, yaxud döşəmənin üstündə yatırdı.
35. 2009-cu il 18 iyun tarixində azad olunarkən ona sığınacaq almaq məqsədilə müraciət edən şəxslər üçün nəzərdə tutulmuş vəsiqə (“çəhrayı vəsiqə”) verilmişdir. Eyni zamanda polis tərəfindən ona aşağıdakı məzmunda bildiriş məktubu verilmişdir (tərcüməsi Yunanıstan Hökuməti tərəfindən təqdim edilmişdir):
“2009-cu il 18 iyun tarixində saat 12:58-də Spatada aşağıda imza etmiş polis əməkdaşı [...] [...] tarixində adandan olmuş heç ünvanda qeydiyyatda olmayan Əfqanıstan vətəndaşı [...] xəbərdar edərək bildirmişdir ki, o, sığınacaq verilməsinə dair ərizəsinə baxılmasının vəziyyəti ilə bağlı məlumatın ona çatdırıla bilməsi üçün iki gün ərzində Attika Polisinin sığınacaq məsələləri üzrə departamentinin əcnəbilərin işləri üzrə idarəsinə müraciət edərək Yunanıstanda yaşadığı ünvan barədə məlumat verməlidir”.
36. Ərizəçi Afinada Petrou Ralli prospektində yerləşən Attika Baş Polis İdarəsinə heç bir məlumat verməmişdir (bundan sonra “Attika Baş Polis İdarəsi”).
37. Yaşamaq üçün heç bir vəsaiti olmadığından ərizəçi sığınacaq almaq üçün müraciət etmiş digər əfqanlar ilə birlikdə Afinanın mərkəzində bir parkda məskunlaşmışdır.
38. İkinci Bölmənin katibi 2009-cu il 22 iyun tarixində vəziyyət barədə məlumat aldıqdan sonra Yunanıstan Hökumətinə aşağıdakı məzmunda ikinci məktub göndərilmişdir:
“Hökumətinizin ərizəçinin hazırkı vəziyyəti, xüsusilə onun sığınacaq almaq üçün səmərəli şəkildə vəsatət qaldırmaq imkanları barədə Məhkəməyə məlumat verməsi xahiş olunur. Bundan əlavə, Məhkəməyə aşağıdakılarla bağlı Hökumətiniz tərəfindən görülməsi nəzərdə tutulan tədbirlər barədə də məlumat verilməlidir:
a) ərizəçinin deportasiyası;
b) ərizəçinin yaşaması üçün təmin olunduğu vasitələr”.
39. Yunanıstan Hökumətinə bununla bağlı məlumat verilməsi üçün 2009-cu ilin 29 iyun tarixinə qədər vaxt verilmişdir. Xüsusi olaraq qeyd olunurdu ki: “Əgər qeyd edilmiş son tarixə qədər məktubumuza cavab verməsəniz, Məhkəmə 39-cu qaydanın Yunanıstan əleyhinə tətbiq edilməsi məsələsinə ciddi şəkildə baxacaqdır”.
40. 2009-cu ilin 2 iyulunda Əfqanıstandakı vəziyyətin daha da təhlükəli xarakter aldığını, ərizəçinin üzləşdiyi və ölkəsinə qaytarılacağı təqdirdə üzləşə biləcəyi risklər barədə danışdıqlarının həqiqətə oxşadığını və Yunanıstan Hökuməti tərəfindən məsələ ilə bağlı hər hansı reaksiyanın verilmədiyini nəzərə alaraq Məhkəmə 39-cu qaydanın tətbiqi və tərəflərin maraqları, eyni zamanda prosesin sakit tərzdə həyata keçirilməsi naminə Avropa Məhkəməsində işə baxılması sona çatana qədər ərizəçinin deportasiya edilməməsinə dair Yunanıstan Hökumətinə göstəriş verilməsi barədə qərar qəbul etmişdir.
41. 2009-cu il 23 iyul tarixində Yunanıstan Hökuməti Məhkəmənin 2009-cu il 22 iyun tarixli məktubuna cavab olaraq bildirmişdir ki, ərizəçi 2009-cu il 15 iyunda Afina hava limanına gələn zaman ona sığınacaq verilməsi ilə bağlı müraciət etmiş və bu müraciətə baxılması proseduruna başlanmışdır. Hökumət əlavə etmişdir ki, ərizəçi sığınacaq verilməsinə dair ərizə formasında göstərilmiş iki gün müddətində Attika Baş Polis İdarəsinə gedib yaşadığı ünvan barədə məlumat verməli olsa da, bunu etməmişdir.
42. Eyni zamanda, ərizəçinin vəkili onunla apardığı yazışmalar barədə Məhkəməyə məlumat verməkdə davam etmişdir. Ərizəçi təsdiq etmişdir ki, o, hava limanında sığınacaq almaq üçün müraciət etmiş və ona proses ilə bağlı məlumatların göndərilməsi üçün Attika Baş Polis İdarəsinə gedərək yaşadığı ünvan barədə onlara məlumat verilməsi deyilmişdir. Lakin hər hansı bir ünvanda yaşamadığı üçün o, polisə getməmişdir.
E. Sonrakı hadisələr
43. 2009-cu il 1 avqust tarixində ərizəçi Yunanıstanı tərk etməyə cəhd göstərərkən hava limanında həbs edilmişdir. Onun üzərində saxta Bolqarıstan şəxsiyyət vəsiqəsi tapılmışdır.
44. O, yenidən əvvəllər də saxlanıldığı hava limanının yanındakı binada yeddi gün müddətində saxlanılmışdır. Vəkilinə yazdığı qısa mesajla ərizəçi saxlanma şəraitini təsvir edərək mərkəzə nəzarət edən polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etmiş və belə çətin şəraitdə yaşamaması üçün nəyin bahasına olursa olsun Yunanıstandan getmək istədiyini demişdir.
45. 2009-cu ilin 3 avqust tarixində o, Afinanın Cinayət işləri üzrə məhkəməsi tərəfindən saxta sənədlərlə ölkəni tərk etməyə cəhd göstərdiyi üçün iki ay müddətinə azadlıqdan məhrum edilmiş və hökmün icrası təxirə salınaraq 3 il sınaq müddəti təyin edilmişdir.
46. 2009-cu il 4 avqustda İctimai Qayda Nazirliyi (hazırda Vətəndaşların Müdafiəsi Nazirliyi adlanır) tərəfindən qəbul edilmiş əmrdə qeyd edilirdi ki, Üçüncü ölkə vətəndaşlarının Yunanıstana girməsi, burada yaşaması və sosial inteqrasiyasına dair 3386/2005 nömrəli qanunun 76-cı maddəsi tətbiq olunmaqla ərizəçi barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma proseduru başlanmışıdır. Burada daha sonra qeyd edilirdi ki, ərizəçi azad edilə bilər, belə ki, onun qaçıb gizlənmək niyyətinin olduğu müəyyən edilməmişdir və o, ictimai qayda üçün heç bir təhlükə yaratmır.
47. 2009-cu il 18 dekabr tarixində ərizəçi Attika Baş Polis İdarəsinə getmiş və burada ona altı aylıq yeni çəhrayı vəsiqə verilmişdir. Həmin günü polis tərəfindən yazılı şəkildə məktubda qeyd edilmişdir ki, ərizəçi onlara heç yerdə yaşamadığı barədə məlumat vermiş və Səhiyyə və Sosial Həmrəylik Nazirliyindən ona yaşayış yeri tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
48. Ərizəçi sığınacaq verilməsinə dair ərizəsini həbs olunana qədər təqdim etdiyindən 2010-cu il 20 yanvar tarixində onun ölkə hüdudlarından kənara çıxarılması haqqında qərar avtomatik olaraq Yunanıstanın hakimiyyət orqanları tərəfindən ləğv edilmişdir.
49. 2010-cu il 26 yanvar tarixli məktubunda Səhiyyə və Sosial Həmrəylik Nazirliyi Dövlət Hüquq Şurasına məlumat vermişdir ki, tələbatın çox olması ilə əlaqədar olaraq ərizəçi üçün yaşayış yerinin axtarılması təxirə salınmış, lakin bununla yanaşı, onun üçün müəyyən yer tapılmışdır. Lakin ünvanı olmadığından ərizəçi ilə əlaqə saxlayıb bu barədə ona məlumat vermək mümkün olmamışdır.
50. 2010-cu il 18 iyun tarixində ərizəçi Attika Baş Polis İdarəsinə getmiş və onun çəhrayı vəsiqəsi daha altı ay müddətinə uzadılmışdır.
51. 2010-cu il 21 iyunda ərizəçiyə müsahibə alınması məqsədilə Attika Baş Polis İdarəsinə dəvət olunduğu barədə yunan dilində bildiriş təqdim edilmiş və o, tərcüməçinin iştirakı ilə bildirişi imzalamışdır. Lakin ərizəçi müsahibəyə getməmişdir.
52. Ərizəçinin vəkili Avropa Məhkəməsinin iclasından sonra onunla əlaqə yaratmış və o, vəkilə bildirmişdir ki, yeni çəhrayı vəsiqə ona yunan dilində təqdim edilmiş və tərcüməçi müsahibənin vaxtı barədə ona heç nə deməmişdir.
53. Ərizəçi 2010-cu il 1 sentyabrda vəkilinə yazdığı qısa mesajında bildirmişdir ki, o, yenidən Yunanıstanı tərk edərək qəbul şəraitinin daha yaxşı olduğu və küçədə yaşamaq məcburiyyətində qalmayacağı İtaliyaya getməyə cəhd göstərmişdir. O, Patrasda polis tərəfindən saxlanılmış və ölkə hüdudlarından kənara çıxarılması məqsədilə Salonikaya, sonra isə Türkiyə ilə sərhədə aparılmışdır. Lakin ərizəçinin sözlərinə görə burada Türk polisi də olduğundan son anda yunan polisi onu ölkə hüdudlarından kənara çıxarmamaq qərarına gəlmişdir.
II. MƏSƏLƏ İLƏ BAĞLI BEYNƏLXALQ HÜQUQ VƏ AVROPA HÜQUQU NORMALARI
A. Qaçqınların statusu ilə bağlı 1951-ci il Cenevrə Konvensiyası
54. Belçika və Yunanıstan Qaçqınların statusu ilə bağlı 1951-ci il Cenevrə Konvensiyasını (bundan sonra “Cenevrə Konvensiyası”) ratifikasiya etmişdir. Konvensiyada dövlətin qaçqın statusu almaq üçün müraciət etmiş şəxslərə bu statusu verməli olduğu hallar, həmçinin bu şəxslərin hüquq və vəzifələri göstərilmişdir.
55. Hazırkı iş ilə bağlı Cenevrə Konvensiyasının əsas müddəası 33-cü maddənin 1-ci bəndidir. Burada qeyd edilir:
“1. Razılığa Gələn Tərəflərdən heç biri qaçqını irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubiyyətinə və ya siyasi əqidəsinə görə həyatının və ya azadlığının təhlükə altında ola biləcəyi hər hansı bir tərzdə öz ərazisinin sərhədlərinə göndərməməli və ya bura qaytarmamalıdır (fransız dilində “refouler”)”.
56. Beynəlxalq müdafiə ilə bağlı 2001-ci il 13 sentyabr tarixli notasında (A/AC.96/951, § 16) Cenevrə Konvensiyasına iştirakçı dövlətlər tərəfindən riayət olunması üzərində nəzarəti həyata keçirən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı “non-refoulement” (qaçqının həyatı və ya azadlığının təhlükə altında olduğu dövlətə geri qaytarılmaması) prinsipini aşağıdakı kimi müəyyən etmişdir:
“Konvensiyada mühüm müdafiə prinsipi əks olunmuşdur və bu prinsip ilə bağlı hər hansı qeyd-şərt edilməsinə icazə verilmir. Bu prinsip əsas etibarı ilə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilmiş sığınacaq almaq üçün müraciət etmək hüququnu tamamlayır. Bu prinsipə bütün dövlətlər üçün məcburi xarakter daşıyan beynəlxalq adət hüquq norması kimi baxılır. Bundan əlavə, beynəlxalq insan hüquqları hüququ non-refoulement prinsipini işgəncələr və qəddar, qeyri-insani və ya alçaldıcı rəftar, yaxud cəzaya qoyulan mütləq qadağanın əsas komponentlərindən biri kimi təsbit etmişdir. Geri qaytarmamaq vəzifəsi (duty not to refoule) qaçqınlara münasibətdə, onların formal olaraq qaçqın hesab edilib-edilməməsindən asılı olmayaraq tətbiq olunur. Başqa sözlə bu vəzifə statusları hələ müəyyən olmamış sığınacaq axtaran şəxslərə münasibətdə də tətbiq edilir. O, sığınacaq axtaran şəxsin və ya qaçqının həyatı və ya azadlığının təhlükə altında olacağı və ya təqib ilə üzləşəcəyi ərazilərin sərhədlərinə qaytarılması ilə nəticələnə biləcək istənilən dövlət tədbirini ehtiva edir. Bura sığınacaq axtaran şəxsin bir fərd olması və ya axının kütləvi hal almasından asılı olmayaraq, sərhəddən buraxmama, tutma və dolayı yola geri qaytarma daxildir”.
B. Birlik hüququ
1. Avropa İttifaqının yaradılması haqqında müqavilə (2009-cu ilin 1 dekabr tarixində qüvvəyə minmiş Lissabon müqaviləsi ilə dəyişiklik edilmiş redaksiyada)
57. Konvensiya ilə təmin edilmiş əsas hüquqlar Avropa İttifaqı hüququnun tərkib hissəsidir və aşağıdakı şəkildə tanınır:
Maddə 2
“İttifaq insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi və insan hüquqlarına, o cümlədən azlıqlara mənsub olan şəxslərin hüquqlarına hörmət kimi dəyərlər üzərində qurulur...”
Maddə 6
“1. İttifaq 2000-ci il 7 dekabr tarixində qəbul edilmiş, 2007-ci il 12 dekabrda Strasburqda düzəlişlər edilmiş və müqavilələr ilə eyni hüquqi qüvvəyə malik olan Avropa İttifaqının Əsas Hüquqlara dair Xartiyasında təsbit edilmiş hüquqları, azadlıqları və prinsipləri tanıyır.
...
3. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında təsbit edildiyi və Üzv Dövlətlərin ümumi konstitusion ənənələrindən irəli gəldiyi kimi əsas hüquqlar İttifaqın hüququnun ümumi prinsipləri hesab edilir”.
2. Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilə (2009-cu ilin 1 dekabr tarixində qüvvəyə minmiş Lissabon müqaviləsi ilə dəyişiklik edilmiş redaksiyada)
58. Hazırkı iş ilə bağlı məsələlər Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin İttifaqın siyasəti və daxili fəaliyyətinə dair üçüncü hissəsinin Azadlıq, Təhlükəsizlik və Ədalət adlı V bölməsi ilə tənzim olunur. Bu bölmənin 1-ci fəslinin 67-ci maddəsində qeyd edilir:
“1. İttifaq əsas hüquqlar və Üzv Dövlətlərin müxtəlif hüquq sistemləri və ənənələri ilə bağlı azadlıq, təhlükəsizlik və ədalət məkanını təşkil edəcək.
2. O, sığınacaq, immiqrasiya və xarici sərhədlərə nəzarət sahəsində Üzv Dövlətlərin həmrəyliyinə əsaslanan və üçüncü ölkələrin vətəndaşlarına münasibətdə ədalətli xarakter daşıyan ümumi siyasəti formalaşdırır....”
59. Beşinci bölmənin ikinci fəsli “sərhəd-keçid məntəqələri, sığınacaq və immiqrasiya məsələləri üzrə siyasətlər” adlanır. 78-ci maddənin 1-ci bəndində qeyd edilir:
“İttifaq beynəlxalq müdafiəsi tələb olunan üçüncü dövlətin istənilən vətəndaşına müvafiq statusun təklif edilməsi və geri qaytarmama (non-refoulement) prinsipinə əməl olunmasının təmin edilməsi məqsədilə sığınacaq, qaçqınların köməkçi müdafiəsi və müvəqqəti müdafiəsi ilə bağlı ümumi siyasəti hazırlayaraq həyata keçirir. Bu siyasət Cenevrə Konvensiyası ....və digər müvafiq müqavilələrə uyğun olmalıdır”.
60. 78-ci maddənin 2-ci bəndi, inter alia, İttifaqın qanunvericilik orqanları tərəfindən sığınacaq və köməkçi müdafiə, həmçinin sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə hansı üzv dövlətin məsuliyyət daşımasının meyarları və mexanizmləri ilə bağlı vahid statusun qəbul edilməsini nəzərdə tutmuşdur.
3. Avropa İttifaqının Əsas hüquqlar haqqında Xartiyası
61. Lissabon müqaviləsinin qüvvəyə minməsindən sonra Avropa İttifaqının ilkin hüququnun tərkib hissəsi olmuş Əsas hüquqlar haqqında Xartiyada sığınacaq hüququnu açıq şəkildə təsbit edən müddəalar əks olunmuşdur. Burada qeyd edilir:
Maddə 18 – Sığınacaq hüququ
“Sığınacaq hüququ qaçqınların statusuna dair 1951-ci il 28 iyul tarixli Cenevrə Konvensiyası və 1967-ci il 31 yanvar tarixli Protokolun müddəaları nəzərə alınmaqla və Avropa Birliyinin təsis edilməsi haqqında müqaviləyə uyğun olaraq təmin edilməlidir”.
4. “Dublin” sığınacaq sistemi
62. 1999-cu ildə Tamperedə keçirilmiş Avropa İttifaqı Şurasının iclasından sonra Avropa İttifaqı ümumi Avropa sığınacaq sisteminin həyata keçirilməsini təşkil etmişdir.
63. İlkin mərhələdə (1999-2004-cü illər) sığınacaq axtaran şəxslərin qəbulu, sığınacağın verilməsi qaydası və beynəlxalq müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmaq üçün zəruri olan şərtlər kimi sahələrdə minimal ümumi standartları təsbit edəcək bir sıra hüquqi sənədlərin, həmçinin sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə hansı üzv dövlətin məsuliyyət daşıdığını müəyyənləşdirən qaydaların qəbul edilməsi nəzərdə tutulurdu (“Dublin sistemi”).
64. İkinci mərhələ hal-hazırda hazırlıq mərhələsindədir. Məqsəd 2012-ci ilə qədər ümumi Avropa sığınacaq sisteminin həyata keçirilməsi məqsədilə müdafiə sahəsində standartların daha da ahəngləşdirilməsi və təkmilləşdirilməsidir. Komissiya 2008-ci il 17 iyunda (COM(2008) 360) sığınacaq məsələsi üzrə siyasi planı ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür.
(a) Dublin və Eurodac Qaydaları
65. Avropa İttifaqı Şurasının üçüncü ölkənin vətəndaşı tərəfindən üzv dövlətlərdən birinə təqdim edilmiş sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə məsuliyyət daşıyan üzv dövlətin müəyyən edilməsi meyarları və mexanizmlərini təsbit edən 2003-cü il 18 fevral tarixli, 343/2003 nömrəli qaydaları (“Dublin Qaydaları”) Avropa İttifaqının üzvü olan dövlətlərdə, Norveç, İslandiya və İsveçrədə tətbiq olunur.
66. Qaydalar 1990-cı il 15 iyunda imzalanmış Avropa Birliklərinin üzvü olan dövlətlərdən birində təqdim edilmiş sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə məsuliyyət daşıyan dövlətin müəyyənləşdirilməsi ilə bağlı Dublin konvensiyasının müddəalarını əvəz edir.
67. 2003-cü il 2 sentyabr tarixli 1560/2003 nömrəli əlavə qaydalar Dublin Qaydalarının tətbiq edilməsi qaydalarını müəyyən edir.
68. Dublin Qaydalarının deklarativ xarakter daşıyan birinci hissəsində qeyd edilir ki, qaydalar sığınacaq məsələləri üzrə ümumi siyasətin tərkib hissəsidir və onun məqsədi müəyyən şərtlərin təsiri altında Birlik ərazisində qanuni şəkildə müdafiə axtarmaq məcburiyyətində qalan şəxslər üçün açıq olan azadlıq, təhlükəsizlik və ədalət məkanının tədricən yaradılması məqsədi daşıyır.
69. Deklarativ xarakter daşıyan ikinci hissədə qeyd edilir ki, Qaydalar üzv dövlətlərin Cenevrə Konvensiyasında təsbit edilmiş geri qaytarmama (non-refoulement) prinsipinə hörmət etmələri və təhlükəsiz ölkə hesab edilmələri prezumpsiyasına əsaslanır.
70. Qaydalara görə üzv dövlətlər obyektiv meyarın iyerarxiyasını əsas kimi götürərək (5-14-cü maddələr) onun ərazisində təqdim edilmiş sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə hansı üzv dövlətin məsuliyyət daşıdığını müəyyənləşdirməlidir. Məqsəd çoxlu ərizələrin verilməsinin qarşısını almaq və sığınacaq almaq haqqında müraciət etmiş hər bir şəxsin işinə bir üzv dövlət tərəfindən baxılmasını təmin etməkdir.
71. Sığınacaq axtaran şəxsin üçüncü ölkə ərazisindən gələrək üzv dövlətin ərazisinə qanunsuz olaraq daxil olduğu müəyyən edirlərsə, həmin şəxsin ərazisinə daxil olduğu dövlət sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə məsuliyyət daşıyır (10-cu maddənin 1-ci bəndi). Bu məsuliyyət qanunsuz olaraq sərhədin keçildiyi gündən on iki ay keçdikdən sonra qüvvəsini itirir.
72. Qaydalardakı meyar başqa üzv dövlətin məsuliyyət daşıdığını göstərirsə, həmin dövlətdən sığınacaq axtaran şəxsin işi ilə məşğul olmaq və sığınacaq verilməsinə dair ərizəyə baxmaq xahiş olunur. Xahişin ünvanlandığı dövlət xahişə onun qəbul edilməsindən sonra iki ay müddətində cavab verməlidir. Əgər həmin müddət ərzində xahişə cavab verilməzsə, belə hesab olunur ki, dövlət həmin şəxsin işi ilə məşğul olmaq xahişini qəbul etmişdir (17-ci maddə və 18-ci maddənin 1-ci və 7-ci bəndləri).
73. Xahişin ünvanlandığı üzv dövlət ərizəçinin işi ilə məşğul olmağa razılıq verdiyi halda, ərazisində sığınacaq verilməsinə dair ərizənin təqdim edildiyi üzv dövlət səbəblərini izah etməklə onun başqa dövlətə təhvil verilməsi barədə qərar qəbul etməlidir. Təhvil vermə ərizəçinin işi ilə məşğul olmaq barədə xahişin qəbul edilməsindən sonra ən gec altı ay ərzində həyata keçirilməlidir. Təhvil vermə müəyyən edilmiş müddət ərzində həyata keçirilmədikdə, sığınacaq verilməsinə dair ərizə ilə məşğul olmaq məsuliyyəti həmin ərizənin təqdim edildiyi üzv dövlətin üzərinə düşür (19-cu maddə).
74. Hər bir üzv dövlət ümumi qaydadan geri çəkilməklə üçüncü dövlətin vətəndaşı tərəfindən ona təqdim edilmiş ərizəyə, hətta bu, Qaydalarda müəyyən edilmiş meyara görə onun məsuliyyətinə aid olmasa belə, baxa bilər (3-cü maddənin 2-ci bəndi). Bu, “suverenlik” qeyd-şərti adlanır. Bu halda maraqlı dövlət məsuliyyət daşıyan üzv dövlətə çevrilir və bu məsuliyyətdən irəli gələn öhdəlikləri daşıyır.
75. Bundan əlavə, istənilən üzv dövlət, hətta Qaydalarda təsbit edilmiş meyara görə məsuliyyət daşımadığı halda belə, xüsusilə ailə və mədəniyyət ilə bağlı mülahizələrə əsaslanan humanist yanaşmanı əsas kimi götürərək ailə üzvlərini, həmçinin himayədə olan digər qohumları bir araya gətirə bilər (15-ci maddənin 1-ci bəndi). Bu, “humanitar” qeyd-şərt kimi tanınır. Bu halda həmin üzv dövlət başqa üzv dövlətin xahişi əsasında maraqlı şəxsin sığınacaq verilməsinə dair ərizəsinə baxa bilər. Maraqlı şəxsin buna razılıq verməsi tələb olunur.
76. Avropa İttifaqı Şurasının 2000-ci il 11 dekabr tarixində qəbul edilmiş 2725/2000 nömrəli başqa bir Qaydalarında barmaq izlərinin müqayisə edilməsi üçün Eurodac sisteminin yaradılması nəzərdə tutulmuşdur (“Eurodac Qaydaları”). Bu qaydalar dövlətdən sığınacaq axtaran şəxslərin barmaq izlərinin qeydə alınmasını tələb edir. Məlumat Avropa Komissiyası tərəfindən idarə olunan Eurodac-ın mərkəzi idarəsinə göndərilir. Eurodac onu məlumat bazasında saxlayır və artıq mövcud olan məlumat ilə müqayisə edir.
77. 2007-ci il 6 iyunda Avropa Komissiyası Dublin sisteminin qiymətləndirilməsi ilə bağlı Avropa Parlamenti və Şuraya hesabat təqdim etmişdir (COM(2007)299 final). 2008-ci ilin 3 dekabrında o, Dublin Qaydalarının dəyişdirilməsi barədə təklifini ictimaiyyətə açıqlamışdır (COM(2008) 820 final/2). İslahatın məqsədi sistemin səmərəliliyinin artırılması və beynəlxalq müdafiə axtaran şəxslərin bütün ehtiyaclarının məsuliyyətin müəyyənləşdirilməsi proseduru ilə əhatə olunmasını təmin etməkdir.
78. Təklifin məqsədi Dublin sisteminə uyğun olaraq təhvil vermənin dayandırılmasının elə bir mexanizminin tətbiq edilməsidir ki, bir tərəfdən, sığınacaq verilməsi sistemləri xüsusilə ağır təzyiq altında olan üzv dövlətlərin belə təhvil vermələr ilə daha da artıq təzyiq altına düşməməsi, digər tərəfdən isə sığınacaq axtaran şəxslərin xüsusilə qəbul şəraiti və sığınacaq almaq prosedurundan istifadə ilə bağlı qənaətbəxş səviyyədə müdafiə təklif edə bilməyən üzv dövlətlərə təhvil verilməmələri təmin olunsun (təklifin 31-ci maddəsi). Maraqlı dövlət qərar qəbul etmək üçün Avropa Komissiyasına müraciət etməlidir. Təhvil vermə altı ay müddətinə qədər dayandırıla bilər. Komissiya dayandırmanı öz təşəbbüsü və ya maraqlı dövlətin vəsatəti əsasında daha altı ay müddətinə uzada bilər.
79. Birgə qərar proseduru altında araşdırılan bu təklif 2009-cu il 7 may tarixində Avropa Parlamenti tərəfindən ilkin oxunuşda qəbul edilərək Komissiya və Şuraya təqdim edilmişdir.
80. Qeyri-Rəsmi Ədliyyə və Daxili İşlər Şurasının 2010-cu il 15-16 iyul tarixlərində Brüsseldə keçirilmiş iclasının gündəliyinə Avropa İttifaqı Şurasının Belçikadan olan sədarəti tərəfindən 2012-ci ilin sonuna qədər vahid sığınacaq proseduru və beynəlxalq müdafiə standartına nail olma yollarına dair fikir mübadiləsinin aparılmasını salmışdır. Müzakirələrin mərkəzində xüsusilə Dublin Qaydalarının dəyişdirilməsi ilə bağlı aparılacaq danışıqlarda Şuranın prioritet verəcəyi məsələlər və müvəqqəti dayandırma ilə bağlı qeyd-şərtin nazirlərin tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi məsələsi dururdu.
81. Lissabon müqaviləsinin qüvvəyə minməsindən sonra Avropa İttifaqı Məhkəməsi (AİM) adlandırılmış Avropa Birlikləri Məhkəməsi (ABM) Dublin Qaydaları ilə bağlı bir qərar qəbul etmişdir. Petrosyan işində (C-19/08, 2009-cu il 29 yanvar tarixli qərar) sığınacaq verilməsinə dair ərizəyə baxmaq məsuliyyətinin üzərinə götürülməsi və xahiş edən üzv dövlətin qanunvericiliyi qərardan şikayət verildiyi təqdirdə təhvil vermənin dayandırılmasını nəzərdə tutduğu hallarda bu təhvil vermə ilə bağlı son tarixin hesablanması məsələlərini tənzim edən 20-ci maddənin 1-ci və 2-ci bəndlərinin təfsirinə aydınlıq gətirilməsi xahiş edilmişdir. Avropa İttifaqı Məhkəməsi müəyyən etmişdir ki, bu zaman vaxt vəsatətin mahiyyəti ilə bağlı qərarın qəbul edildiyi gündən axmağa başlayır.
82. Bu yaxınlarda Birləşmiş Krallığın Apellyasiya Məhkəməsi Dublin Qaydalarındakı suverenlik qeyd-şərtinin təfsiri ilə bağlı ilkin qərarın qəbul edilməsi üçün Avropa İttifaqı Məhkəməsinə vəsatət ilə müraciət etmişdir (case of N.S., C-411/10).
(b) Sığınacaq məsələləri ilə bağlı Avropa İttifaqının direktivləri
83. Dublin Qaydalarını Avropa İttifaqı tərəfindən qəbul edilmiş daha üç sənəd tamamlayır.
84. Üzv dövlətlərdə sığınacaq axtaran şəxslərin qəbulunun minimal standartlarının müəyyən edilməsi haqqında 2003-cü il 27 yanvar tarixli, 2003/9 nömrəli direktiv (“Qəbul məsələləri ilə bağlı direktiv”) rəsmi qəzetdə dərc edildiyi tarixdə (2003-cü il 6 fevral) qüvvəyə minmişdir. Sənəd dövlətlərdən sığınacaq axtaran şəxslərə aşağıdakıları təmin etməyi tələb edir:
- qəbul ilə bağlı müəyyən maddi şərtlər, o cümlədən yaşayış sahəsi, ərzaq və paltar və ya pul vəsaiti; bu vəsait sığınacaq axtaranların əsas tələbatlarının ödənilməsinə kifayət etməlidir;
- ailənin bütövlüyünün qorunmasına yönələn təşkilatı xarakterli tədbirlər;
- tibbi və psixoloji yardım;
- azyaşlıların məktəbə və normal təhsil almaq üçün zəruri olan dil siniflərinə getmələri.
2007-ci ildə Avropa Komissiyası Avropa Birlikləri Məhkəməsinə müraciət edərək Yunanıstanın qaçqınların qəbulu ilə bağlı öhdəliklərinə əməl edib-etmədiyini araşdırmağı xahiş etmişdir. Avropa Birlikləri Məhkəməsi 2007-ci il 19 aprel tarixində qəbul etdiyi qərarında (C-72/06 nömrəli iş) Yunanıstanın Qəbul məsələləri ilə bağlı direktivdə nəzərdə tutulmuş öhdəliklərinə əməl etmədiyini müəyyənləşdirmişdir. Sonradan Yunanıstan hakimiyyəti Qəbul məsələləri ilə bağlı direktivlə əlaqədar dəyişikliklər etmişdir.
2009-cu il 3 noyabr tarixində Avropa Komissiyası Yunanıstana məktub göndərərək ona qarşı yeni məhkəmə işinə başlayacaqlarını bəyan etmişdir.
85. Üzv dövlətlərdə qaçqın statusunun verilməsi və qaçqın statusundan məhrum etmə qaydalarının minimal standartları barədə 2005-ci il 1 dekabr tarixli, 2005/85 nömrəli direktiv (“Qaydalar ilə bağlı direktiv”) rəsmi qəzetdə dərc edildiyi tarixdə (2005-ci il 13 dekabr) qüvvəyə minmişdir. Burada aşağıdakı hüquqlar təsbit edilmişdir:
- sığınacaq verilməsinə dair ərizə yalnız mümkün olduğu qədər tez bir vaxtda təqdim edilmədiyi səbəbinə əsaslanaraq rədd edilə bilməz. Bundan əlavə, ərizələr fərdi surətdə, obyektiv və qərəzsiz şəkildə araşdırılmalıdır;
- sığınacaq axtaran şəxslər ərizələrinin araşdırılmasına qədər üzv dövlətin ərazisində qalmaq hüququna malikdirlər;
- üzv dövlətlər sığınacaq verilməsinə dair ərizələr ilə bağlı qərarların yazılı şəkildə qəbul edilməsini və ərizənin təmin olunmadığı hallarda qərarda bunun səbəblərinin göstərilməsini və rədd qərarından şikayət verilməsi qaydaları barədə məlumatın yazılı şəkildə təqdim edilməsini təmin etməlidir;
- sığınacaq axtaranlara riayət etmələri olduqları qaydalar, hüquq və vəzifələri və müvafiq dövlət orqanı tərəfindən qərar qəbul edilməsinin nəticələri barədə məlumat verilməlidir;
- sığınacaq axtaran şəxslər zəruri olan hallarda işlərinə səlahiyyətli dövlət orqanı tərəfindən baxılması üçün tərcüməçinin xidmətlərindən istifadə edə bilməlidirlər;
- sığınacaq axtaran şəxslər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə əlaqə yaratmaq imkanından məhrum edilməməlidirlər. Ümumiyyətlə, üzv dövlətlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarının sığınacaq axtaran şəxslər, o cümlədən saxlama yerlərində olanlar ilə görüşməsinə, həmçinin sığınacaq verilməsinə dair ərizələr və bu ərizələrə baxılması qaydalarına dair məlumat almasına, eyni zamanda istənilən aidiyyəti dövlət orqanına öz mövqeyini bildirməsinə icazə verməlidir;
- sığınacaq axtaran şəxslər öz vəsaitləri hesabına hüquqi məsələlər üzrə mütəxəssis ilə səmərəli şəkildə məsləhətləşmələr aparmaq imkanına malik olmalıdırlar. Müvafiq dövlət orqanı tərəfindən rədd qərarı qəbul edilən zaman üzv dövlət şəxsin xahişi ilə ona pulsuz hüququ yardım verilməsini təmin etməlidir. Bu hüquq ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər (vəkil seçimi milli qanunvericilik ilə xüsusi olaraq müəyyən edilmiş hüquq sahəsində mütəxəssislər ilə məhdudlaşa, yalnız təmin edilməsi mümkün olan şikayətlərin verilməsi mümkün hesab edilə və ya pulsuz hüquqi yardım yalnız kifayət qədər vəsaiti olmayan ərizəçilərə verilə bilər).
Yunanıstanın öz öhdəliklərinə əməl etməməsi, xüsusilə sığınacaq sistemindəki çatışmazlıqları ilə bağlı olaraq 2006-cı ilin fevral ayında Avropa Komissiyası bu ölkəyə qarşı Avropa Birlikləri Məhkəməsi qarşısında iş qaldırmışdır. 2008-ci ilin iyulunda Qaydalar ilə bağlı direktivin müddəaları Yunanıstanın qanunvericiliyində əks etdirildikdən sonra bu iş baxılacaq işlərin siyahısından çıxarılmışdır.
Belçika hakimiyyət orqanlarının Qaydalar ilə bağlı direktivin müddəalarını, xüsusilə şəxs ilə müsahibələrin keçirilməsinə dair minimal vəzifələri öz qanunvericiliyində tam şəkildə əks etdirməməsi ilə əlaqədar olaraq 2010-cu ilin 24 iyununda Avropa Komissiyası bu ölkəyə qarşı Avropa İttifaqı Məhkəməsində iş qaldırmışdır.
Qaydalar ilə bağlı direktivin dəyişdirilməsinə dair 2009-cu ilin 12 oktyabr tarixində təqdim etdiyi təklifində (COM(2009) 554 final) Komissiya ərizəçiyə məlumat verilməsi öhdəliyinin gücləndirilməsini qarşısına məqsəd kimi qoymuşdur. Burada həmçinin birinci instansiya məhkəmələrinin qərarlarına sonradan məhkəmə və ya tribunal tərəfindən yenidən baxılması nəzərdə tutulmuş və qeyd edilmişdir ki, səmərəli hüquq müdafiə vasitəsi anlayışı həm faktların, həm də hüquqi məsələlərin yenidən araşdırılmasını tələb edir. Sonradan qəbul edilmiş müddəalarda şikayətin verilməsi ilə qərarların icrasının avtomatik olaraq təxirə salınması nəzərdə tutulurdu. Təklif edilmiş dəyişikliklər müdafiə hüququ, tərəflərin bərabərliyi və məhkəmə tərəfindən səmərəli müdafiə hüquqları ilə bağlı inkişafda olan məhkəmə təcrübəsinə uyğunluğun təmin edilməsinin təkmilləşdirilməsi məqsədinə xidmət edirdi.
86. Üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin qaçqın kimi qiymətləndirilməsi və onların statusu, yaxud belə şəxslərin başqa şəkildə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxs kimi qiymətləndirilməsi və bu müdafiənin məzmunu ilə bağlı 2004-cü il 29 aprel tarixli, 2004/83 nömrəli direktiv (“Qiymətləndirmə ilə bağlı direktiv”) rəsmi qəzetdə dərc edildikdən (2004-cü il 30 sentyabr) 20 gün sonra qüvvəyə minmişdir.
Direktivdə qaçqın statusunun və ya köməkçi müdafiənin verilməsi üçün tələb olunan meyarlar əks edilmiş və hər bir statusa malik şəxslərin hüquqları təsbit olunmuşdur. Burada Cenevrə Konvensiyasının əhatə dairəsinə düşməyən, lakin buna baxmayaraq beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərin, misal üçün geniş miqyaslı zorakılığın və ya vətəndaş müharibəsinin qurbanlarının ahəngdar müvəqqəti müdafiə sistemi nəzərdə tutulur.
Avropa Birlikləri Məhkəməsi Qiymətləndirmə ilə bağlı direktivə dair iki qərar qəbul etmişdir: “Elqafaji” işi üzrə 2009-cu il 17 fevral tarixli qərar (C-465/07) və “Səlahədin Abdulla və Digərləri” işi üzrə 2010-cu il 2 mart tarixli qərar (C-175, 176, 178 və 179/08 nömrəli işlər).
C. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı tərəfindən qəbul edilmiş müvafiq sənədlər
87. Yunanıstana səfərindən sonra dərc etdirdiyi hesabata əlavə olaraq (aşağıda 160-cı bəndə bax) Komissar 2001-ci il 19 sentyabr tarixində “Avropa Şurasının üzvü olan dövlətlərə daxil olmaq istəyən əcnəbilərin hüquqları və ölkə hüdudlarından kənara çıxarmağa dair əmrlərin icrası ilə bağlı” tövsiyə qəbul etmişdir. Burada, inter alia, qeyd edilir:
“1. Hər bir kəsin üzv dövlətin sərhədinə yaxınlaşan zaman avtomatik şəkildə cinayətkar və ya dələduz hesab edilmədən ləyaqətinə hörmət edilməsi hüququ var.
2. Ölkəyə gələn zaman onun hüdudlarına daxil olmaq hüququ mübahisə edilən hər bir kəsin işinə, lazım olan hallarda sığınacaq almaq üçün müraciət edə bilməsini təmin etmək məqsədilə və zəruri olduqda həmin ölkənin vəsaiti hesabına təmin olunan tərcüməçinin köməyi ilə, baxılması təşkil edilməlidir. Bu, lazımı qaydada və bildiyi dildə əməl etməli olduğu prosedur barədə məlumat aldıqdan sonra şikayət vermək hüququnu da ehtiva etməlidir. Bununla da “çatdığı qapıdan” geri qaytarılma təcrübəsi qəbuledilməzdir.
3. Bir qayda olaraq hərəkət azadlığına hər hansı məhdudiyyət qoyulmamalıdır. Mümkün olduğu yerlərdə saxlama başqa nəzarət tədbiri, misal üçün zaminə götürmə və ya təminat vermə, yaxud digər oxşar tədbirlər ilə əvəz olunmalıdır. Saxlama əcnəbinin fiziki cəhətdən gəlişinin təmin edilməsinin yeganə yolu olduğu halda praktiki baxımdan alternativi varsa, sistematik olaraq polis məntəqəsində və ya cəza çəkmə yerində həyata keçirilməməli və keçirilirsə, xüsusi mərkəzlərə təxliyə işinin təşkili üçün zəruri olan müddətdən artıq davam etməməlidir.
...
9. Heç bir halda saxlama mərkəzlərinə cəza çəkmə yeri kimi baxılmamalıdır.
...
11. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 13-cü maddəsinin mənasında hüquqların məhkəmədə müdafiəsi hüququnun yalnız qanun ilə nəzərdə tutulması deyil, şəxsin səlahiyyətli dövlət orqanlarının Konvensiyada təsbit edilmiş hüququ pozduğunu və ya pozduğunun ehtimal edildiyini iddia etdiyi hallarda təcrübədə təmin olunması da vacibdir. Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququ geri qaytarma və ya ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı qərardan şikayət vermək istəyən hər bir şəxs üçün təmin olunmalıdır. Bu vasitə ən azından tədbirin Konvensiyanın 2-ci və 3-cü maddələrinə zidd olması iddia edildiyi hallarda ölkə hüdudlarından kənara çıxarılma haqqında qərarın icrasını təxirə salmaq imkanına malik olmalıdır”.
III. YUNANISTANIN MÜVAFİQ QANUNVERİCİLİYİ VƏ TƏCRÜBƏSİ
A. Sığınacaq axtaranların qəbulu şəraiti
1. Yaşayış
88. Yunanıstanda sığınacaq axtaran şəxslərin qəbulu şəraiti ilk növbədə Qəbul məsələləri ilə bağlı direktivin müddəalarını əks etdirən 220/2007 nömrəli prezident fərmanı ilə tənzim edilir. Bu sənədin hazırkı qərara aid müddəalarını aşağıdakı kimi ümumiləşdirmək mümkündür.
89. Sığınacaq verilməsinə dair ərizələrin qəbulu və araşdırılmasına görə məsuliyyət daşıyan dövlət orqanı barmaq izlərinin yoxlanılmasının nəticələri məlum olduqdan dərhal sonra və hər bir halda bu ərizənin təqdim edilməsindən üç gündən gec olmayaraq ərizəçinin sığınacaq vəsiqəsini pulsuz olaraq təqdim edir. “Çəhrayı vəsiqə” adlanan bu vəsiqə ərizəçiyə ərizəsinə baxıldığı bütün dövr ərzində Yunanıstanda qalmaq hüququ verir. Vəsiqə altı ay müddətində qüvvədədir və son qərar qəbul edilənə qədər müddəti uzadıla bilər (5-ci maddənin 1-ci bəndi).
90. 12-ci maddənin 1-ci və 3-cü bəndlərinə görə səlahiyyətli dövlət orqanları sığınacaq axtaran şəxslərin qəbul ilə bağlı maddi şərtlərindən yararlanmalarını təmin etməlidir. Onlar səhhətlərinə uyğun, burada qalmaları və əsas hüquqlarını müdafiə etmələri üçün kifayət edən yaşayış standartı ilə təmin edilməlidirlər. Bu tədbirlərlə bağlı maraqlı şəxsin yoxsul olması şərti irəli sürülə bilər.
91. Evi və yaşayışı üçün ödəməyə vəsaiti olmayan sığınacaq axtaran şəxs səlahiyyətli dövlət orqanına müraciət etdikdən sonra qəbul mərkəzində və ya başqa yerdə yerləşdirilir (6-cı maddənin 2-ci bəndi). Yunanıstanın Səhiyyə və Sosial Həmrəylik Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən 2009-cu ildə sığınacaq axtaran şəxslər üçün ölkənin müxtəlif yerlərində 935 adamlıq on dörd qəbul mərkəzi fəaliyyət göstərmişdir. Bunlardan altısı müşayiət edilməyən azyaşlılar üçün nəzərdə tutulmuşdur.
92. İşləmək istəyən sığınacaq axtaran şəxslərə 189/1998 nömrəli prezident fərmanına uyğun olaraq müvəqqəti işləmək üçüm icazə verilir (220/2007 nömrəli prezident fərmanının 10-cu maddəsinin 1-ci bəndi). 189/1998 nömrəli prezident fərmanının 4-cü maddəsinin c) bəndi səlahiyyətli dövlət orqanından müvafiq iş yerinin “Yunanıstan vətəndaşını, Avropa İttifaqının vətəndaşını, qaçqın statusuna malik olan şəxsi, yunan mənşəli şəxsi və digər belə şəxsləri” maraqlandırmadığına əmin olduğu halda işləmə icazəsini verməyi tələb edir.
93. Sığınacaq axtaran şəxslər Yunanıstan vətəndaşları ilə eyni şərtlərlə texniki-peşə proqramlarından yararlana bilərlər (11-ci maddə).
94. Əgər sığınacaq axtaran şəxs maddi baxımdan yoxsuldursa və hər hansı başqa yolla yaşayışı təmin olunmayıbsa, pulsuz tibbi yardım və xəstəxanada müalicə almaq hüququna malikdir (220/2007 nömrəli prezident fərmanının 14-cü maddəsi).
2. Saxlama
95. Əgər 3386/2005 nömrəli qanunun 76-cı maddəsinin 1-ci bəndi əsasında əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilmişdirsə və əcnəbinin qaçmaq niyyəti olduğuna şübhə varsa, onun ictimai qayda üçün təhlükə yaratdığı hesab edilirsə və ya o, ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı hazırlıq işlərinə və ya çıxarılma proseduruna maneçilik törədirsə, çıxarılma barədə qərar qəbul edilənə qədər onun üç gün ərzində müvəqqəti saxlanması mümkündür (76-cı maddənin 2-ci bəndi). 3772/2009 nömrəli qanun qüvvəyə minənə qədər inzibati qaydada saxlama üç ay müddətində mümkün idi. Hazırda bu müddət altı aydır və müəyyən hallarda on iki aya qədər uzadıla bilər.
96. Ölkə hüdudlarından kənara çıxarılma barədə əmrdən Ali İnzibati Məhkəməyə şikayət verilməsi saxlama barədə qərarın icrasını təxirə salmır (3386/2005 nömrəli qanunun 77-ci maddəsi).
97. 76-cı maddənin 1-ci bəndinin Afina beynəlxalq hava limanına gələn zaman tətbiq edilməli olduğu hallarda maraqlı şəxslər hava limanına yaxın saxlama mərkəzlərində yerləşdirilir. Ölkənin digər yerlərində onlar ya sığınacaq almaq üçün müraciət etmiş şəxslər üçün nəzərdə tutulan saxlama mərkəzlərində, ya da polis məntəqələrində saxlanılır.
98. 90/2008 nömrəli prezident fərmanının 13-cü maddəsinin 1-ci bəndinə görə sığınacaq almaq üçün ərizə ilə müraciət etmə cinayət deyil və buna görə də o, şəxsin hətta ölkəyə qanunsuz şəkildə daxil olduğu təqdirdə belə ərizəçinin saxlanılmasına haqq qazandıra bilməz.
B. Sığınacaq almaq proseduru
1. Tətbiq edilən müddəalar
99. Ərizəçinin sığınacaq almaq üçün təqdim etdiyi ərizə ilə bağlı aşağıdakı prezident fərmanları tətbiq olunur: qaçqın statusunun verilməsi və onun geri götürülməsi və əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması, ailə üzvləri üçün yaşamağa icazə və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə əməkdaşlıq məsələlərinə dair 61/1999 nömrəli prezident fərmanı və Qaydalar ilə bağlı direktivin müddəalarını əks etdirən 90/2008 nömrəli prezident fərmanı (81/2009 nömrəli prezident fərmanı ilə dəyişikliklər edilmiş redaksiyada).
(a) Prosedurdan istifadə etmə
100. Üçüncü ölkələrin bütün vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin sığınacaq almaq üçün müraciət etmək hüququ var. Ərizələrin qəbulu və araşdırılmasına görə məsuliyyət daşıyan dövlət orqanları yetkinlik yaşına çatmış bütün şəxslərin dövlət orqanlarına şəxsən müraciət etmələri şərti ilə ərizə ilə müraciət etmək hüququnun həyata keçirilməsini təmin etməlidir (90/2008 nömrəli prezident fərmanının 4-cü maddəsinin 1-ci bəndi).
101. Dövlət orqanları sığınacaq almaq üçün müraciət edən şəxslərə başa düşdükləri dildə sığınacaq verilməsinə dair ərizələrin araşdırılması prosedurunu təsvir edən, həmçinin onların hüquq və vəzifələrinin əks olunduğu kitabça verməklə dərhal hüquq və vəzifələri barədə məlumat verir. Əgər sığınacaq almaq üçün müraciət etmiş şəxs formada istifadə olunan dili anlamırsa və ya savadsızdırsa, ona tərcüməçinin yardımı ilə şifahi şəkildə məlumat verilir (61/1999 nömrəli prezident fərmanının 1-ci maddəsinin 6-cı bəndi və 90/2008 nömrəli prezident fərmanının 8-ci maddəsinin 1-ci bəndinin a) yarım bəndi).
102. Məlumat kitabçası BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə birgə hazırlanmışdır və altı dildədir (ərəb, ingilis, fransız, yunan, fars və türk).
103. Sığınacaq axtaran şəxslər Afina beynəlxalq hava limanına gələn zaman bu məlumatı vermək vəzifəsi hava limanında olan təhlükəsizlik xidməti əməkdaşlarının üzərinə düşür. Tərcüməçilər Attika Baş Polis İdarəsi, qeyri-hökumət təşkilatları və hava limanının heyəti tərəfindən təqdim edilir.
104. Sığınacaq almaq üçün müraciət edən şəxslər səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq etməlidirlər (90/2008 nömrəli prezident fərmanının 9-cu maddəsinin 1-ci bəndi). Xüsusilə, onlar ünvanlarındakı istənilən dəyişiklik ilə bağlı dövlət orqanlarına məlumat verməlidirlər (220/2007 nömrəli prezident fərmanının 6-cı maddəsi).
105. Sığınacaq axtaran şəxslər sığınacaq verilməsinə dair ərizələrini hava limanında təqdim etmədikləri təqdirdə, bunu şənbə günü Attika Baş Polis İdarəsinin Əcnəbilərin işləri üzrə idarəsinə gələrək etməlidirlər. 81/2009 nömrəli prezident fərmanı qüvvəyə mindikdən sonra (1-ci maddə) sığınacaq verilməsinə dair ərizələrin ölkənin müxtəlif hissələrində yerləşən əlli iki baş polis idarəsinə təqdim edilməsi mümkün olmuşdur.
106. Sığınacaq almaq üçün hava limanında müraciət etmiş şəxslər yaşayış yeri üzrə qeydiyyatdan keçmək məqsədilə Attika Baş Polis İdarəsinə müraciət etməlidirlər.
107. Sonra onlar fərdi şəkildə müsahibə alınması üçün baş polis idarələrinə dəvət olunurlar. Bura onların əvəzinə təmsilçi də gələ bilər. Müsahibə tərcüməçinin köməyi ilə keçirilir və maraqlı şəxsdən ərizədə olan bütün məlumatı təsdiq etməsi və kimliyi, Yunanıstana hansı marşrutla gəlməsi və öz ölkəsindən qaçmasının səbəbləri barədə geniş məlumat verməsi xahiş edilir (90/2008 nömrəli prezident fərmanının 10-cu maddəsinin 1-ci bəndi).
(b) Sığınacaq verilməsinə dair ərizənin birinci instansiyada araşdırılması
108. 2009-cu ilə qədər müsahibədən sonra müsahibəni həyata keçirmiş polis əməkdaşı sığınacaq verilməsinə dair ərizəni rəyin verilməsi üçün İctimai Qayda Nazirliyinin (Vətəndaşların Müdafiəsi Nazirliyi) tərkibində olan qaçqınların işləri üzrə üç məşvərətçi komitədən birinə göndərirdi. Bu komitələr polis əməkdaşlarından və bələdiyyə nümayəndələrindən ibarət idi, bəzən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da burada müşahidəçi qismində iştirak edirdi. Ərizənin göndərildiyi komitə rəyi daxili hesabat formasında Attika Baş Polis İdarəsinə təqdim edir, o isə öz növbəsində məsələ ilə bağlı qərarını qəbul edirdi.
109. 81/2009 nömrəli prezident fərmanı sığınacaq verilməsinə dair ərizələrə birinci instansiyada baxılmasının desentralizasiyasını həyata keçirmiş və ölkə üzrə əlli iki baş polis idarəsinin hər birində qaçqınların işləri üzrə məşvərətçi komitələr təsis etmişdir.
110. Qərarlar diqqətli, obyektiv və qərəzsiz araşdırmadan sonra fərdi şəkildə qəbul edilir. Dövlət orqanları mötəbər mənbələrdən, misal üçün qaçqının gəldiyi ölkədəki ümumi vəziyyətə dair BMT-nin Qaçqınlar üzrə Ali Komissarından daxil olan dəqiq, ətraflı məlumatı toplayaq ona qiymət verir (90/2008 nömrəli prezident fərmanının 6-cı maddəsinin 2-ci bəndi). Prosedurun hər bir mərhələsində ərizəçilər dövlətin hesabına tərcüməçi ilə təmin olunurlar (90/2008 nömrəli prezident fərmanının 8-ci maddəsinin 1-ci bəndinin b) yarımbəndi).
111. Onlar öz vəsaitləri hesabına hüquqi və ya digər məsələlər üzrə mütəxəssislər ilə məsləhətləşmə aparmaq hüququna malikdirlər (90/2008 nömrəli prezident fərmanının 11-ci maddəsinin 1-ci bəndi).
112. Qərar ərizəçiyə, onun vəkilinə və ya qanuni nümayəndəsinə təqdim edilir (90/2008 nömrəli prezident fərmanının 8-ci maddəsinin 1-ci bəndinin d) yarımbəndi). Bu məsələ ilə bağlı kitabçanın 10-cu bəndində qeyd edilir:
“...Çəhrayı vəsiqədə sizin bildirdiyiniz yaşayış yeri və qalmaq üçün təhkim edildiyiniz qəbul mərkəzi göstərilməlidir. Qərar qəbul edilən zaman o, sizin bildirdiyiniz ünvana göndəriləcəkdir; buna görə də ünvandakı istənilən dəyişiklik barədə dərhal polisə məlumat verilməlidir”.
113. Əgər ünvan naməlumdursa, qərar sığınacaq verilməsinə dair ərizənin təqdim edildiyi xidmətin baş ofisinin yerləşdiyi bələdiyyəyə göndərilir. Burada qərar bələdiyyənin məlumatlar lövhəsində yerləşdirilir və qərar barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarına məlumat verilir (90/2008 nömrəli prezident fərmanının 7-ci maddəsinin 2-ci bəndi).
114. Əgər sığınacaq almaq üçün müraciət etmiş şəxs nümayəndə vasitəsilə təmsil olunmursa və ona hüquqi yardım göstərilməmişdirsə, məlumat ona bilməsi ağlabatan dərəcədə güman edilən dildə təqdim edilməlidir (90/2008 nömrəli prezident fərmanının 8-ci maddəsinin 1-ci bəndinin e) yarımbəndi).
(c) Ərizənin təmin edilməməsi barədə qərarlardan apellyasiya
115. 2009-cu ilə qədər qaçqınların işləri üzrə məşvərətçi komitələr sığınacaq verilməsinə dair ərizələrə onlar rədd edildikdən sonra ikinci instansiyada baxırdı (90/2008 nömrəli prezident fərmanının 25-ci maddəsi). BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bu komitələrin işində iştirak edirdi (90/2008 nömrəli prezident fərmanının 26-cı maddəsi). Komitələrin qərarını ləğv etmək üçün sonradan Ali İnzibati Məhkəməyə müraciət etmək mümkün idi. 81/2009 nömrəli prezident fərmanının 5-ci maddəsi ilə qaçqınların işləri üzrə məşvərətçi komitələrin ikinci instansiya kimi rolu ləğv edildi. 2009-cu ildən başlayaraq birinci instansiya orqanların qərarlarından birbaşa Ali İnzibati Məhkəməyə şikayət edilir. 2009-cu ilin iyulunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı prosesdə daha iştirak etməmək qərarına gəlmişdir.
116. Əgər ərizəçiyə yazılı formada müvafiq məlumat verilməmişdirsə, ərizənin təmin edilməməsi barədə qərarda apellyasiyanın verilməsi imkanı nəzərdə tutulmalı, bunun müddəti və bu müddətin keçirilməsinin nəticələri göstərilməlidir (90/2008 nömrəli prezident fərmanının 7-ci maddəsinin 3-cü bəndi və 8-ci maddəsinin 1-ci bəndinin e) yarımbəndi).
117. Ali İnzibati Məhkəməyə apellyasiya verilməsi sığınacaq verilməsinə dair ərizənin rədd edilməsindən sonra qəbul edilən ölkə hüdudlarından kənara çıxarılmağa dair qərarın icrasını təxirə salmır. Bununla belə, əcnəbilər deportasiya barədə əmrdən onunla bağlı məlumat aldıqdan sonra beş gün müddətində şikayət edə bilərlər. Bundan sonra şikayətin təqdim edildiyi gündən üç iş günü ərzində qərar qəbul edilir. Belə şikayətin verilməsi çıxarılma barədə qərarın icrasını təxirə salmır. Çıxarılma ilə eyni vaxtda saxlama barədə qərar qəbul edilən zaman şikayətin verilməsi saxlama deyil, çıxarılma barədə qərarın icrasını təxirə salır (3386/2005 nömrəli qanunun 77-ci maddəsi).
118. Sığınacaq almaq üçün müraciət etmiş şəxslər Ali İnzibati Məhkəməyə şikayət vermək üçün hüquqi yardım almaq hüququna malikdirlər, bir şərtlə ki, şikayətlər açıq-aşkar qeyri-mümkün və ya əsassız olmasın (90/2008 nömrəli prezident fərmanının 11-ci maddəsinin 2-ci bəndi).
(d) Geri qaytarılmaya (refoulement) qarşı müdafiə
119. 3772/2009 nömrəli qanunla dəyişikliklər edilmiş 3386/2005 nömrəli qanun (76-cı maddənin 1-ci bəndinin c) yarımbəndi) əcnəbinin Yunanıstanda olmasının xüsusilə ictimai qayda və milli təhlükəsizlik üçün təhlükə yaratdığı hallarda inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmasına icazə verir. Əcnəbi barəsində üç aydan artıq müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması mümkün olan cinayət əməli ilə bağlı cinayət prosesinin həyata keçirilməsi gözlənilirsə, o, belə bir təhlükəni yaratmış hesab olunur. 3386/2005 nömrəli qanunun 83-cü maddəsinin 1-ci bəndi və 87-ci maddəsinin 7-ci bəndinə görə saxta pasport və ya digər sənəddən istifadə edərək ölkəni qanunsuz olaraq tərk etmə cinayət hesab edilir.
120. Lakin sığınacaq axtaran şəxslər və qaçqınlar bu qanunun tətbiqi dairəsinə daxil deyillər (1-ci maddəsinin c) bəndi və 79-cu maddənin d) bəndi). Sığınacaq axtaran şəxslər ərizələrinin yoxlanılması inzibati prosedurası başa çatana qədər ölkədə qala bilərlər və heç bir vasitə ilə ölkə hüdudlarından kənara çıxarıla bilməzlər (61/1999 nömrəli prezident fərmanının 1-ci maddəsinin 1-ci bəndi və 90/2008 nömrəli prezident fərmanının 5-ci maddəsinin 1-ci bəndi).
(e) Humanist mülahizələrə görə qalmağa icazə vermə və köməkçi müdafiə
121. Müstəsna hallarda, xüsusilə humanist mülahizələrə görə İctimai Qayda Naziri (hazırda Vətəndaşların Müdafiəsi Naziri) qaçqın statusu verilməkdən imtina edilmiş əcnəbiyə ölkədən getməsi mümkün olana qədər ona müvəqqəti qalma icazəsi verə bilər (1975/1991 nömrəli qanunun 25-ci maddəsinin 6-cı bəndi). Humanist mülahizələrə əsasən belə bir icazənin verilməsi üçün meyar kimi fors major səbəblərə görə (misal üçün, səhhəti ilə bağlı ciddi problemlər, ölkəsinin beynəlxalq aləm tərəfindən boykot edilməsi, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşayiət olunan vətəndaş münaqişələri və ya öz ölkəsində Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmaq riski) şəxsin öz ölkəsinə qayıtmasının və ya qaytarılmasının obyektiv baxımdan mümkün olmaması çıxış edir (61/1999 nömrəli prezident fərmanının 8-ci maddəsinin 2-ci bəndi). Sonuncu hal ilə bağlı Ali İnzibati Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsi baxımından risklərin nəzərə alınması dövlət orqanlarının hüququ deyil, vəzifəsidir (misal üçün 4055/2008 və 434/2009 nömrəli qərarlara bax).
122. Köməkçi müdafiə həmçinin üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin qaçqın kimi qiymətləndirilməsi və onların statusu, yaxud belə şəxslərin başqa şəkildə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxs kimi qiymətləndirilməsi və bu müdafiənin məzmunu ilə bağlı 2004/83/EC nömrəli direktivin müddəalarını əks etdirən 96/2008 nömrəli prezident fərmanına uyğun olaraq da verilə bilər.
(f) Sığınacaq verilməsi qaydaları ilə bağlı aparılan islahatlar
123. Yunanıstanda 2009-cu ilin oktyabr ayında həyata keçirilmiş parlament seçkilərindən sonra yeni hökumət ölkənin sığınacaq verilməsi sistemində islahatlar ilə bağlı rəy verilməsi üçün ekspert komitəsini təsis etmişdir. Vətəndaşların Müdafiəsi, Daxili İşlər və Səhiyyə Nazirliklərinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Yunanıstanın Qaçqınlar üzrə Şurasının, Ombudsman Aparatının ekspertlərindən, həmçinin elm adamlarından ibarət bu komitədən mövcud qanunvericilik və təcrübəyə dəyişikliklər təklif etməsi və sığınacaq verilməsinə dair ərizələrə baxmaq üçün hazırda olduğu kimi polis əməkdaşlarından deyil, dövlət qulluqçularından ibarət yeni mülki dövlət orqanının tərkibi və fəaliyyət qaydası ilə bağlı təkliflərini irəli sürməsi xahiş edilmişdir. Eyni zamanda, qaçqınların işləri üzrə məşvərətçi komitələrin apellyasiya şikayətlərinə baxılması üzrə rolunun bərpa edilməsi nəzərdə tutulmuşdur.
124. Ekspert komitəsi təkliflərini 2009-cu ilin 22 dekabr tarixində Yunanıstan hökumətinə təqdim etmişdir və hazırda qanun layihəsi hazırlanmaqdadır. Yunanıstanın Baş naziri Qeorq Papandreunun 2010-cu ilin 20 yanvar tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterresin iştirakı ilə keçirilmiş mətbuat konfransında səsləndirdiyi fikrə görə məqsəd qanunvericilik bazasında islahatlar apararaq “onun Qaçqınlar üzrə 1951-ci il Konvensiyası və Avropa hüququna uyğunlaşdırılmasını təmin etməkdir”.
2. Sığınacaq axtaran şəxslər ilə bağlı Yunanıstanın statistikası
125. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən dərc edilmiş statistikaya görə 2008-ci ildə Yunanıstan sığınacaq almaq üçün müraciət etmiş şəxslərin sayına görə Avropa İttifaqının üzvü olan dövlət arasında on yeddinci yerdə olmuşdur. Həmin il Yunanıstana ümumilikdə 19880 ərizə təqdim edilmişdir (bununla müqayisədə 2009-cu ildə 15930 ərizə təqdim edilmişdir) (Sənayeləşmiş ölkələrdə sığınacaq almanın səviyyəsi və bu sahədə meyllər, 2009). 2009-cu ildə Avropa İttifaqının ərazisinə daxil olmuş xarici vətəndaşların 88 faizi Yunanıstan ərazisindən İttifaqa girmişlər.
126. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı 2008-ci ildə birinci instansiyada Cenevrə Konvensiyasına uyğun olaraq qaçqın statusu almaq üçün müraciət edən şəxslər ilə bağlı 0,04 faiz (on bir nəfər), humanist mülahizələr görə və ya köməkçi müdafiə kimi qaçqın statusu verilmiş şəxslər ilə bağlı 0,06 faiz (on səkkiz nəfər) müsbət artımın olduğunu (müsbət qərarların ümumi qəbul edilmiş qərarların sayına nisbəti) hesabatında bildirmişdir (BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Sığınacaq verən ölkə kimi Yunanıstan ilə bağlı qeydlər, 2009-cu il). Ərizəçilər əleyhinə olan qərarlardan 12095 şikayət təqdim etmişlər. Bunun nəticəsində 25 şəxsə Cenevrə Konvensiyası əsasında, 11 şəxsə isə humanist mülahizələrə görə və ya köməkçi müdafiə kimi qaçqın statusu verilmişdir. Şikayətlərə baxılması ilə bağlı müsbət dəyişiklik 2,87 və 1,26 faiz olmuşdur. Müqayisə üçün qeyd edilməlidir ki, 2008-ci ildə Yunanıstan ilə birlikdə daha çox ərizə alan beş və ya altı ölkədə (Fransa, Birləşmiş Krallıq, İtaliya, İsveç və Almaniya) birinci instansiyada müsbət irəliləyiş 36,2 faiz olmuşdur (BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, 2008-ci ilin qlobal meylləri, qaçqınlar, sığınacaq axtaranlar, geri qayıdanlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər).
127. 2009-cu ilə qədər sığınacaq almaq üçün müraciətlərin 95 faizi Attika Baş Polis İdarəsi vasitəsilə verilirdi. Sığınacaq almaq üçün müraciətlərin bütün ölkə üzrə baş polis idarələri tərəfindən verilməsi mümkün olduqdan sonra Attika Baş Polis İdarəsi ümumi ərizələrin 79 faizi ilə məşğul olur.
IV. BELÇİKANIN MÜVAFİQ QANUNVERİCİLİYİ VƏ TƏCRÜBƏSİ
128. Əcnəbilər haqqında qanun sığınacaq verilməsi qaydasının müxtəlif mərhələlərini nəzərdə tutur. “Dublin” qaydaları əsasında sığınacaq almaq üçün müraciət edən şəxslər ilə bağlı müvafiq müddəaları aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
A. Əcnəbilərin işləri üzrə idarə
129. Əcnəbilərin işləri üzrə idarə Eurodac məlumat bazası ilə məsləhətləşmələr apardıqdan sonra sığınacaq verilməsinə dair ərizələrin qeydiyyatına görə məsuliyyət daşıyan inzibati qurumdur. O, həmçinin Dublin Qaydalarına görə sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə Belçikanın məsuliyyət daşıyıb-daşımadığını müəyyənləşdirmək üçün sığınacaq almaq məqsədilə müraciət etmiş şəxslərlə müsahibə də keçirir. Prosedurun bu aspektləri Əcnəbilər haqqında qanunun 51-5-ci maddəsi ilə tənzim olunur.
130. Müsahibə aldıqdan sonra Əcnəbilərin işləri üzrə idarə “Dublin” xahiş formasını doldurur. Forma sığınacaq almaq üçün müraciət etmiş şəxs barədə ümumi məlumat bölmələrindən və onların necə Belçikaya gəlmələri, səhhəti, Belçikaya gəlmə səbəbləri barədə daha spesifik detallardan ibarətdir. Müsahibə vaxtı sığınacaq üçün müraciət etmiş şəxsə vəkil tərəfindən yardım göstərilməsinə dair hər hansı müddəa mövcud deyil.
131. Əcnəbilərin işləri üzrə idarə Dublin meyarı və ya xüsusi qeyd-şərtin tətbiqi əsasında, yaxud təhvil vermə müddəti keçdiyi üçün ərizəyə baxılmasına görə Belçikanın məsuliyyət daşıdığı qənaətinə gələrsə (müsbət qərar), ərizəni Belçikada sığınacaq verilməsinə dair ərizələrə baxmaq səlahiyyətinə malik olan Qaçqınlar və vətəndaşlığı olmayan şəxslərin işləri üzrə Baş Komissarlığa (“QVOŞİBK”) göndərir.
132. Əcnəbilərin işləri üzrə idarə Belçikanın ərizəyə baxılmasına görə məsuliyyət daşımadığı qənaətinə gələrsə (mənfi qərar), xahişi ərizəyə baxılmasına görə məsuliyyət daşıyan dövlətə göndərir. Əgər həmin dövlət açıq şəkildə və ya susmaqla razılığını ifadə edərsə, Əcnəbilərin işləri üzrə idarə sığınacaq verilməsinə dair ərizəni rədd edir və ölkəni tərk etmək barədə əmrlə birlikdə yaşamağa icazə verilməməsinə dair qərar qəbul edir.
133. Sığınacaq axtaran şəxslərin təhvil verilməsini nəzərdə tutan mənfi qərar qəbul edilən zaman belə qərar qəbul edilməsinin səbəbləri göstərilməlidir. Ərizəçi Yunanıstana təhvil verilən zaman ölkəni tərk etmə haqqında əmrdə Yunanıstanın sığınacaq məsələləri ilə bağlı Birlik qarşısında üzərinə götürdüyü və beynəlxalq öhdəliklərinə əməl etdiyi prezumpsiyasına və Dublin Qaydalarına görə suverenlik qeyd-şərtindən istifadənin məcburi olmadığı faktına istinad edilir. Bəzi işlərdə ərizəçinin ümumi vəziyyətin onun üçün hansı konkret nəticələr doğurduğu ilə bağlı hər hansı sübut təqdim edə bilməməsi faktı da qeyd olunur.
134. Əcnəbilərin işləri üzrə idarənin suverenlik qeyd-şərtini tətbiq etməsi səviyyəsi barədə heç bir dəqiq statistika yoxdur. Qəbul edilən müsbət qərarlarda bu qeyd edilmir. Əcnəbilərin işləri üzrə idarə tərəfindən 2009-cu ildə hazırlanmış illik hesabata görə 2009-cu ildə Belçika sığınacaq verilməsinə dair ərizələrə baxmaq üçün üzv dövlətlərə 1116 xahiş göndərmişdir. Bunlardan 420-si Yunanıstana göndərilmişdir. Ümumilikdə 166 ərizə baxılması üçün Qaçqınlar və vətəndaşlığı olmayan şəxslərin işləri üzrə Baş Komissarlığa təqdim edilmişdir.
135. Hansı dövlətin ərizəyə baxılması üçün məsuliyyət daşıdığının müəyyənləşdirilməsinə səylər göstərilən zaman əcnəbi müəyyən yerdə zəruri olduğu müddətdə, lakin bir aydan artıq olmayaraq saxlana bilər.
B. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya
136. Əcnəbilərin işləri üzrə idarə tərəfindən yaşamağa icazə ilə bağlı qəbul edilmiş qərarlardan Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya şikayət etmək mümkündür. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya Dövlət Şurasında (Conseil d’Etat ) islahatlar aparılmasını nəzərdə tutan və Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanı təsis edən 2006-cı il 15 sentyabr tarixli qanun ilə yaradılmış inzibati orqandır. Əcnəbilər ilə bağlı mübahisələrə baxmaq sahəsində səlahiyyətlər Dövlət Şurasından, həmçinin Qaçqınların şikayətlərinə baxılması üzrə daimi komissiyadan bu orqana keçmişdir.
137. Ölkəni tərk etmək əmrlərindən verilən şikayətlər müvafiq qərarın icrasını dayandırmır. Buna görə də qanun belə əmrlərin icrasının təxirə salınması üçün ərizə ilə müraciət etmək imkanını təsbit edir. İcranın təxirə salınmasına dair ərizə əmrdən şikayət verilməsinə qədər və ya ən gec belə şikayət ilə eyni vaxtda təqdim edilməlidir.
1. Çox təcili prosedurlara uyğun olaraq təxirə salma
138. Əcnəbilər haqqında qanunun 39/82-ci maddəsinə əsasən qaçılmaz təhlükənin olduğu hallarda çox təcili prosedurlara uyğun olaraq ölkəni tərk etmək barədə əmrin icrasının təxirə salınması ilə bağlı ərizə təqdim edilə bilər. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya ərizəçinin istinad etdiyi əsasların mübahisə predmeti olan qərarın icrasının dayandırılmasına haqq qazandırılması üçün kifayət qədər ciddi olduğu və qərarın dərhal icra edilməsinin müvafiq şəxsə ciddi, faktiki baxımdan aradan qaldırılması mümkün olmayan ziyan vura biləcəyi qənaətinə gələrsə, ərizəni təmin edə bilər. Qərarın icrasının təxirə salınması barədə ərizə ölkəni tərk etməyə dair əmr barədə məlumat alındıqdan sonra beş gündən gec olmayaraq, eyni zamanda üç iş günündən tez olmayaraq təqdim olunmalıdır. 2009-cu il 6 may tarixli qanunun 2009-cu il 25 may tarixində qüvvəyə minməsindən öncə belə ərizənin verilməsi üçün iyirmi dörd saat müddəti nəzərdə tutulurdu. Çox təcili prosedurlara uyğun olaraq qərarın icrasının təxirə salınmasına dair ərizənin təqdim edilməsi ilə ölkədən çıxarılma əmrinin icrası dayandırılır.
139. Qanunun 39/82(4)-cü maddəsinə görə çox təcili prosedurlara uyğun olaraq qərarın icrasının təxirə salınması barədə ərizəyə Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya tərəfindən ərizənin alındığı vaxtdan qırx səkkiz saat ərzində baxılmalıdır. Bölmə rəhbəri və ya hakim müəyyən edilmiş müddət ərzində qərar qəbul etməzsə, birinci sədrə və ya sədrə bu barədə məlumat verilməli və onlar ərizənin qəbul edilməsindən sonra yetmiş iki saat ərzində qərarın qəbul edilməsini təmin etməlidirlər. Onlar hətta özləri işə baxaraq qərar qəbul edə bilərlər.
140. Dövlət Şurası tərəfindən əsası qoyulmuş və Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya tərəfindən davam etdirilən təcrübəyə əsasən azadlıqdan məhrum edilə bilmə təhlükənin qaçılmaz təbiətə malik olduğunu təsbit etmək və beləliklə də, şəxsi ölkədən çıxarmamaq üçün kifayət edici əsasdır.
2. Ərizəyə mahiyyəti üzrə baxılması
141. Sonra Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya mübahisə predmeti olan qərarın Əcnəbilər haqqında qanunun 39/2(2)-ci maddəsinə uyğun olaraq qanuni olub-olmadığını yoxlayır. Bu məqsədlə komissiya inzibati orqanın qərarının inzibati işdə olan faktlara əsaslanıb-əsaslanmadığını, qərarın maddi və formal baxımdan əsaslandırılması zamanı faktların təfsiri ilə bağlı açıq-aşkar səhvə yol verilib-verilmədiyini, əsas prosessual tələblərə əməl edilib-edilmədiyini və ya etibarsız hesab edilməmək üçün qanun ilə tələn olunan formallıqlara riayət edilib-edilmədiyini, yaxud qərarın qəbul edilməsi zamanı səlahiyyətdən sui-istifadə və ya səlahiyyət həddini aşma hallarının olub-olmadığını araşdırır (misal üçün bax: Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya, 2008-ci il 31 iyul tarixli 14.175 nömrəli qərar).
142. Qərarın icrasının təxirə salınması barədə ərizə təmin edilmədikdə və ərizəçi ölkədən deportasiya edildikdə belə ərizəyə mahiyyəti üzrə baxılması davam etdirilir. Lakin Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya ərizəçilərin artıq ölkə ərazisində olmadıqları səbəbindən əmrə etiraz etməkdə daha maraqlı olmadıqları əsası ilə ölkədən çıxarılma əmrindən verilən şikayətləri təmin etməyə bilər (2009-cu il 29 may tarixli 28.233 nömrəli qərar; həmçinin bax: 2009-cu il 16 noyabr tarixli 34.177 nömrəli qərar).
3. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın “Dublin” işləri üzrə presedent hüququ
143. İlk dəfə olaraq 2008-ci ilin aprelində sığınacaq axtaran şəxslər Yunanıstanda bu prosedurdan istifadənin çətinlikləri barədə iradlarını bildirmişlər. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya 2008-ci il 10 aprel tarixli 9.796 nömrəli qərarı ilə Yunanıstana “Dublin” qaydaları əsasında təhvil vermə barədə qərarın icrasını çox təcili prosedurlara uyğun olaraq təxirə salmışdır. Bunun səbəbi Yunanıstanın hakimiyyət orqanlarının sığınacaq axtaran müvafiq şəxsin işinə baxmaq xahişinə bu ölkənin cavab verməməsi və Əcnəbilərin işləri üzrə idarənin hər hansı fərdi təminat əldə etməməsi olmuşdur. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya müəyyən etmişdir ki, susmaqla verilmiş razılıq sığınacaq verilməsinə dair ərizəyə Yunanıstanın hakimiyyət orqanları tərəfindən səmərəli şəkildə baxılacağına kifayət qədər təminat verməmişdir. Lakin 2009-cu ilin martından sonra Əcnəbilərin işləri üzrə idarə artıq belə bit təminatın verilməsini tələb etmir və qərarlarını susmaqla verilən razılıqlar əsasında qəbul edir. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya Yunanıstanın Qiymətləndirmə və Qaydalar ilə bağlı direktivləri öz qanunvericiliyində əks etdirdiyini hesab etdiyi üçün belə yanaşmanı artıq mübahisələndirmir.
144. Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya ölkədən çıxarılma barədə əmrin əsaslandırılmasını qiymətləndirən zaman ilk növbədə Əcnəbilərin işləri üzrə idarə tərəfindən Dublin müsahibəsi zamanı aşkar edilmiş və inzibati işin materiallarında olan faktları əsas kimi götürür. Əgər sübut, o cümlədən ümumi xarakterli sənədlər sonradan Əcnəbilərin işləri üzrə idarəyə Dublin araşdırma prosesi çərçivəsində məktub şəklində və ya ölkədən çıxarılma barədə əmrdən şikayətdə təqdim edilərsə, o, Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya tərəfindən lazımi vaxtda təqdim edilmədiyi, ərizəçinin sığınacaq almaq barədə Əcnəbilərin işləri üzrə idarəyə təqdim etdiyi ifadəsində əks olunmadığı, mötəbər olmadığı səbəblərindən heç də daim nəzərə alınmır (misal üçün bax: 2010-cu il 9 aprel tarixli 41.482 nömrəli qərar və 2010-cu il 1 aprel tarixli 41.351 nömrəli qərar).
145. Dublin qaydaları əsasında sığınacaq almaq üçün müraciət etmiş ərizəçilər tərəfindən təqdim edilmiş Yunanıstanda sığınacaq verilməsi prosedurunda, saxlama və qəbul şəraitində çatışmazlıqlar ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulması riskinin olduğunu təsdiq edən beynəlxalq hesabatların Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya tərəfindən nəzərə alındığı işlərdə qəbul edilmiş qərarlar nəticə baxımından fərqlənir.
146. Bəzi bölmələr bir qayda olaraq Yunanıstanda olan ümumi vəziyyəti nəzərə almağa meyllidirlər. Misal üçün, 2008-ci il 29 may tarixli 12.004 və 12.005 nömrəli qərarlarında Komissiya hesab etmişdir ki, Əcnəbilərin işləri üzrə idarə Yunanıstanda pis rəftar edilməsi ilə bağlı iddiaları nəzərə almalı idi:
“Ərizəçi tərəf digər tərəfə vaxtında məlumat vermişdir ki, onun fikrincə Yunanıstana verilməsi Konvensiyanın 3-cü maddəsinin pozulması hesab oluna bilər, xüsusilə ona görə ki, o, burada qeyri-insani və alçaldıcı rəftara məruz qaldığını iddia etmiş və veriləcəyi təqdirdə şübhəsiz ki, yenidən belə rəftara məruz qalacağını bildirmişdir... Komissiya qeyd edir ki, Yunanıstana qaytarılacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olaraq qeyri-insani və alçaldıcı rəftara məruz qoyularaq təhlükə ilə üzləşəcəyi arqumentini irəli sürməklə və bu arqumenti digər tərəfə təqdim etdiyi mötəbər sənədlərlə əsaslandırmaqla ərizəçi Yunanıstana verilməsinin mühüm aspekti ilə bağlı açıq və müfəssəl etiraz irəli sürmüşdür. Digər tərəf qərarın əsaslandırılması ilə bağlı öhdəliklərinə əməl etmək üçün öz qərarında bu etiraza cavab verməli idi”.
147. Eyni şəkildə Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın 2009-cu il 10 aprel tarixli 25.962 nömrəli qərarında Yunanıstana təhvil vermə haqqında qərarın icrasının təxirə salınması ilə bağlı aşağıdakılar qeyd edilmişdir:
“Komissiya hesab edir ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 2009-cu il 4 fevral tarixli hesabatında qeyd edilmiş şərtlər və sığınacaq axtaran şəxslərin saxlanma şəraiti ilə bağlı burada qeyd edilənləri əks etdirən şəkillər xüsusilə mühüm əhəmiyyətə malikdir....Bu hesabat Komissiyanın və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin burada istinad edilmiş qərarlarından sonra hazırlansa da, hesabatın məzmunundan kifayət qədər aydın görünür ki, Yunanıstanın hakimiyyət orqanları sığınacaq verilməsi və sığınacaq axtaran şəxslərin əsas hüquqları ilə bağlı məsələlərdə zəruri Avropa standartlarına əməl etmək üçün bu yaxınlarda səylər göstərsə də, hələ də həmin şəxslərə minimal qəbul və prosessual təminatlar təklif etmək iqtidarında deyil”.
148. Digər bölmələr başqa yanaşmaya üstünlük verərək Yunanıstandakı ümumi vəziyyət ilə ərizəçinin fərdi vəziyyəti arasında əlaqənin göstərilə bilinmədiyini nəzərə alırlar. Misal üçün, Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya 2009-cu il 27 fevral tarixli 37.916 nömrəli qərarında Yunanıstana təhvil verilmə haqqında qərarın icrasının təxirə salınmasına dair vəsatəti rədd etməsini belə izah etmişdir:
[Katib tərəfindən tərcümə edilmişdir]
“Ərizəçi tərəfindən iş üzrə təqdim edilmiş ümumi məlumat əsas etibarı ilə Yunanıstana beynəlxalq müdafiə üçün müraciət edən əcnəbilərin vəziyyəti, onların Yunanıstana təhvil verilməsi və burada qəbulu şərtləri, onlar ilə necə rəftar olunduğu, bu ölkədə sığınacaq verilməsi prosedurunun necə fəaliyyət göstərdiyi və tətbiq olunduğu ilə bağlıdır. Bu materiallar qeyd edilmiş çatışmazlıqların ərizəçi kimi Yunanıstana təhvil verilmiş əcnəbilərə münasibətdə bu ölkənin geri qaytarmama öhdəliyini pozacağı ilə nəticələnəcəyini heç bir şəkildə nümayiş etdirmir....Yuxarıdakılar nəzərə alınarsa, ərizəçi mübahisə predmeti olan qərarın icrası nəticəsində faktiki olan aradan qaldırılması mümkün olmayan təhlükəyə məruz qalacağını sübut edə bilməmişdir”.
149. 2009-cu ildə baxılmış üç işdə eyni bölmələr əks yanaşma nümayiş etdirərək Afinaya təhvil verməni dayandırmaq qərarına gəlmişlər. Onlar belə hesab etmişdir ki, Əcnəbilərin işləri üzrə idarə Yunanıstanda ümumi vəziyyət ilə bağlı məlumatı nəzərə almalı idi. Söhbət 2009-cu il 10 aprel tarixində qəbul edilmiş 25.959 və 25.960 nömrəli və 2009-cu ilin 17 iyun tarixində qəbul edilmiş 28.804 nömrəli qərarlardan gedir.
150. Presedent hüququnu ahəngdar etmək üçün Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın sədri 2010-cu il 26 mart tarixində plenar sessiya çağırmış və sessiya tərəfindən üç qərar qəbul edilmişdir (40.963, 40.964 və 10.965 nömrəli qərarlar). Bu qərarların əsaslandırma hissələri aşağıdakı kimi ümumiləşdirilə bilər:
- Yunanıstan Avropa İttifaqının üzvüdür, burada qanunun aliliyi mövcuddur, o, Konvensiyanın və Cenevrə Konvensiyasının iştirakçısıdır və sığınacaq məsələləri üzrə Birliyin qanunvericiliyinə uyğun olaraq üzərinə öhdəlik götürmüşdür;
- birlik daxili etimad prinsipi əsas götürülərək maraqlı dövlətin öz öhdəliklərinə əməl edəcəyi ehtimal edilməlidir (“K.R.S. Birləşmiş Krallığa qarşı” işi üzrə qəbul edilmiş qərardadda (K.R.S. v. the United Kingdom (dec.), no. 32733/08, ECHR 2008‑...) Məhkəmənin presedent hüququna istinad edilməsi);
- ehtimalı təkzib etmək üçün ərizəçi in concreto sübut etməlidir ki, təhvil verildiyi ölkədə Konvensiyanın 3-cü maddəsinə zidd davranışa məruz qalacağı ilə bağlı real təhlükə mövcuddur;
- qəbul ilə bağlı problemlərin və ya geri qaytarma (refoulement) təcrübəsinin mövcud olduğunu təsdiq edən etibarlı mənbələrdən əldə edilən ümumi hesabatlara, yaxud Avropa İttifaqının üzvü olan dövlətdə sığınacaq verilməsi prosedurunda çatışmazlıqların olduğuna istinad edilməsi belə bir təhlükənin olduğunu sübut etmək üçün kifayət deyil.
151. Mahiyyət etibarı ilə Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya qərarın ləğv edilməsinə dair şikayətlərə baxan zaman da qərarlarını eyni şəkildə əsaslandırır. Belə ki, ölkədən çıxarılma barədə əmr ilə bağlı verilmiş şikayəti ərizəçinin artıq təhvil verildiyi səbəbindən qəbuledilməz elan etdikdən sonra yuxarıda qeyd edilmiş 2009-cu il 29 may tarixli 28.233 nömrəli qərarda ərizəçinin xüsusilə Konvensiyanın 3-cü maddəsi əsasında təqdim etdiyi şikayətləri təhlil edilmiş və şikayət rədd edilmişdir, belə ki, ərizəçi Yunanıstandakı ümumi vəziyyət ilə özünün fərdi vəziyyəti arasında hər hansı konkret əlaqənin olduğunu sübut edə bilməmişdir.
C. Dövlət Şurası (The Conseil d’Etat)
152. İşlərin Dövlət Şurasına verilməsi və onun səlahiyyətlərinə dair müddəalar Dövlət Şurası haqqında 1973-cü il 12 yanvar tarixli qanunda əks olunmuşdur.
153. Vəkil Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın qərarını aldıqdan sonra otuz gün ərzində ondan Dövlət Şurasına inzibati qaydada şikayət verə bilər.
154. Şikayət Dövlət Şurası tərəfindən baxıla bilmək üçün mümkün hesab edilməlidir. Aşağıdakı hallarda şikayət baxılması üçün mümkün hesab edilir: əgər o, açıq-aşkar mümkünsüz və ya məqsədsiz deyilsə; tələb açıq-aşkar əsassız olmadığı və iddia edilən səhvin qərara təsir göstərə bildiyi və ləğv edilməsinə haqq qazandırmaq üçün qənaətbəxş olduğu hallarda əgər qanunun pozulması və ya əsas prosessual tələblərə, yaxud etibarlılıq üçün qanun ilə tələb olunan formallıqlara əməl olunmadığı iddia olunursa; və ya presedent hüququnun davamlılığının təmin edilməsi üçün ona baxılması zəruridirsə.
155. Bu prosedur qərarın icrasını dayandırmır. Dövlət Şurası prinsip etibarı ilə səkkiz gün ərzində ərizənin mümkünlüyü ilə bağlı qərarını qəbul edir.
156. Ərizə mümkün elan edildiyi halda, Dövlət Şurası altı ay müddətində iş ilə bağlı qərarını qəbul edir və o, qanunun pozulması və ya əsas prosessual tələblərə, yaxud etibarlılıq üçün qanun ilə tələb olunan formallıqlara əməl olunmaması səbəbindən Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın qərarlarını ləğv edə bilər.
157. İş materiallarında istinad edilən qərarlar sübut edir ki, Dövlət Şurası Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın yuxarıda qeyd edilmiş yanaşmasını mübahisələndirmir və bunun Konvensiyanın 13-cü maddəsi ilə bağlı hər hansı problem yaratmadığını hesab edir (misal üçün 2009-cu il 15 dekabr tarixli 5115 nömrəli qərara bax).
D. Məhkəmələr və tribunallar
158. Əcnəbilərin işləri üzrə idarə tərəfindən saxlanma ilə bağlı qəbul edilmiş qərarlardan (ərizəçilərin müəyyən yerdə saxlanması barədə əmrlər və onların yenidən saxlanması barədə əmrlər) məhkəmələrə şikayət verilə bilər. Azad olunmaq barədə ərizələrin araşdırılması zamanı Brüsselin Apellyasiya Məhkəməsi (İttiham Bölməsi) ərizəçilərin geri Yunanıstana qaytarılacağı halda üzləşə biləcəkləri təhlükələri nəzərə alan presedent hüququnu, həmçinin Yunanıstanın 3-cü maddə ilə nəzərdə tutulmuş öhdəliyini pozmasına dair gəldiyi nəticəni inkişaf etdirmişdir (“S.D. Yunanıstana qarşı” (S.D. v. Greece, no. 53541/07, 11 June 2009 və “Tabeş Yunanıstana qarşı” (Tabesh v. Greece, no.8256/07, 26 November 2009)).
V. YUNANISTANDA SIĞINACAQ AXTARAN ŞƏXSLƏRİN SAXLANMASI VƏ QƏBULU ŞƏRAİTİ VƏ SIĞINACAQ VERİLMƏSİ PROSEDURUNU TƏSVİR EDƏN BEYNƏLXALQ SƏNƏDLƏR
A. 2006-cı ildən bəri dərc edilən hesabatlar
159. 2006-cı ildən bəri müntəzəm olaraq milli və beynəlxalq təşkilatlar, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən Yunanıstanda sığınacaq axtaran şəxslərin qəbulu şəraitini pisləyən hesabatlar dərc edilmişdir.
160. Aşağıda əsas hesabatların siyahısı təqdim edilmişdir:
- İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin 2005-ci il 27 avqust - 9 sentyabrda Yunanıstana səfərindən sonra 2006-cı il 20 dekabr tarixində dərc etdiyi hesabat;
- Avropa Parlamentinin LİBE Komitəsinin nümayəndə heyətinin Yunanıstana (Samos və Afina) səfərinə dair 2007-ci il 17 iyul tarixli hesabatı;
- Pro Asyl, “Həqiqət acı olsa da, deyilməlidir – Egeydə qaçqınların vəziyyəti və Yunanıstanın Sahil Mühafizəsinin təcrübəsi”, 2007-ci il, oktyabr;
-BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, “Avropa İttifaqında sığınacaq məsələləri. Qiymətləndirmə ilə bağlı direktivin yerinə yetirilməsinin öyrənilməsi”, 2007-ci il noyabr;
-İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin 2007-ci il 20-27 fevral tarixlərində Yunanıstana səfərindən sonra 2008-ci il 8 fevral tarixində dərc etdiyi hesabat;
-Amnesty International, “Yunanıstan: sığınacaq axtaranlara yer yoxdur”, 2008-ci il 27 fevral;
-Qaçqınlar və Deportasiyalar üzrə Avropa Şurası (“QDAŞ”), “Diqqət Yunanıstana – Avropa İttifaqının sığınacaq lotereyası atəş altındadır”, 2008-ci il 3 aprel;
- Sığınacaq Axtaranların Norveç Təşkilatı (“SANT”), “Avropada sığınacaq almaq hüququ ilə oyun – Yunanıstanın sığınacaq verilməsi sahəsindəki siyasəti və II Dublin qaydaları”, 2008-ci il 9 aprel;
-BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, “Sığınacaq axtaran şəxslərin Dublin Qaydaları əsasında Yunanıstana qaytarılması ilə bağlı mövqe”, 2008-ci il 15 aprel;
-Human Rights Watch, “Fırlanan qapıda batıq – iraqlılar və sığınacaq axtaran digər şəxslər və miqrantlar Avropa İttifaqına girişin Yunanıstan/Türkiyə qapısında”, 2008-ci il, noyabr;
-Clandestino, “Qeyri-rəsmi miqrasiya: sayılması mümkün olmayanın hesablanması: Avropa boyunca məlumatlar və meyllər”, 2008-ci il, dekabr;
-Human Rights Watch, “Taleyi ilə üz-üzə buraxılanlar”, 2008-ci il, dekabr;
-Climade, “Sığınacaq almaq hüququ: II Dublin Qaydalarının adamları, II Dublin Qaydalarına uyğun olaraq sığınacaq axtaran şəxslərin keçdiyi hüquqi yol”, 2008-ci il, dekabr;
-Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı cənab T.Hammarberqin 2008-ci ilin 8-10 dekabr tarixlərində Yunanıstana səfərinə dair 2009-cu il 4 fevral tarixli hesabatı;
-Yunanıstanın Qaçqınlar üzrə Şurası, “Dublin Dilemması – “Sığınacaq axtaran şəxsləri təhlükədə qoyan əziyyətlər””, 2009-cu il, 23 fevral;
-İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi, Yunanıstana 2008-ci il 23-28 sentyabr tarixli səfərdən sonra hazırlanmış 2009-cu il 30 iyun tarixli hesabat;
-Avstriya Qırmızı Xaçı və Caritas, “Dublin Qaydaları əsasında Avstriya tərəfindən Yunanıstana qaytarılmış şəxslərin vəziyyəti. Yunanıstana birgə fakt araşdırıcı missiyaya dair hesabat (2009-cu il 23-28 may)”, 2009-cu il, avqust;
-Norveç Helsinki Komitəsi (“NHK”), NOAS və Aitima, “Arxa qapıdan bayıra: II Dublin Qaydaları və Yunanıstandan qeyri-qanuni deportasiyalar”, 2009-cu il, oktyabr;
-Human Rights Watch, “Yunanıstan: Təhlükəli və xoş qəbul etməyən sahillər”, 2009-cu il, oktyabr;
-BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Sığınacaq verən ölkə kimi Yunanıstana dair qeydlər, 2009-cu il, dekabr;
-Amnesty International, “II Dublin Tələsi: Dublin Qaydaları əsasında sığınacaq axtaran şəxslərin Yunanıstana təhvil verilməsi”, 2010-cu il, mart;
-İnsan Hüquqları üzrə Milli Komissiya (Yunanıstan), “Polis məntəqələrində saxlama şəraiti və əcnəbilərin saxlandığı yerlər”, 2010-cu il, aprel;
-Amnesty International, “Qanunsuz miqrantlar və sığınacaq axtaran şəxslər müntəzəm olaraq standartlara cavab verməyən şəraitdə saxlanırlar”, 2010-cu il, iyul.
B. Saxlanma şəraiti
161. Yuxarıda qeyd edilmiş hesabatlar sığınacaq axtaran şəxslərin Yunanıstana gəldikdən sonra burada bir-neçə gündən bir-neçə aya qədər saxlanması təcrübəsinin sistematik hal aldığını təsdiq edir. Bu təcrübə həm ilk dəfə Yunanıstana sığınacaq almaq üçün müraciət etmiş şəxsləri, həm də Dublin Qaydaları əsasında Avropa İttifaqının üzvü olan dövlət tərəfindən təhvil verilmiş şəxsləri əhatə edir. Şahidlər bildirirlər ki, saxlanmanın səbəbləri barədə heç bir məlumat verilmir.
162. Yuxarıda qeyd edilmiş təşkilatlar və qurumlar tərəfindən baş çəkilmiş bütün mərkəzlər müxtəlif ağırlıq səviyyəsinə malik olan oxşar vəziyyətlər barədə məlumat verir: izdihamlılıq, yerin çatmaması, ventilyasiya sisteminin olmaması, gəzmək üçün imkanın olmaması və ya az olması, istirahət üçün yer olmaması, döşəklərin çatışmaması, döşəklərin çirkli olması, ayaqyoluna sərbəst gedib-gəlmək imkanının olmaması, sanitariya qovşaqlarının lazımı səviyyədə olmaması, şəxsi həyatın məxfiliyinin təmin olunmaması, tibbi yardımın aşağı səviyyədə olması. Sorğu aparılan şəxslərin çoxu eyni zamanda işçi heyəti tərəfindən təhqirlərə, xüsusilə irqçi xarakterli təhqirlərə məruz qaldıqlarını və nəzarətçilər tərəfindən onlara qarşı fiziki güc tətbiq edildiyini bildirmişlər.
163. Misal üçün, İşgəncələrin Qarşısının Alınması üzrə Komitə 2005-ci il 27 avqust – 9 sentyabr tarixlərində Yunanıstana səfərindən sonra bildirmişdir:
“Əcnəbilər üçün yeni xüsusi saxlama binasının inşası Yunanıstanın Avropa daxilində qəbul edilmiş norma və standartlara uyğun yanaşma nümayiş etdirməsi üçün bir imkan yaratmışdır. Təəssüf ki, dövlət orqanları cinayət əməli törətməyə görə məhkum edilməyən və ya belə əməli törətməkdə şübhəli hesab olunmayan və bir çox yunan həmsöhbətlərimin təsvir etdiyi kimi əsasən urəksızladan yol qət edərək Yunanıstana gəlmiş şəxslər üçün burada həbsxana yanaşmasını göstərməkdə davam edirlər və burada şərait bərbad olmaqla hər hansı məqsədyönlü fəaliyyətin həyata keçirilməsi və minimal səhiyyə xidmətləri təmin olunmur”.
2007-ci ilin fevralında İşgəncələrin Qarşısının Alınması üzrə Komitə 24 polis məntəqəsində və İctimai Qayda Nazirliyinin tabeliyində olan miqrantlar üçün saxlama mərkəzlərində yoxlama aparmış və belə qənaətə gəlmişdir ki, “Yunanıstanda hüquq-mühafizə orqanları tərəfindən azadlıqdan məhrum edilmiş şəxslər real olaraq pis rəftara məruz qalmaq təhlükəsi ilə üz-üzrə qalırlar”. Komitə əlavə etmişdir:
“İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin (İQK) 2005-ci ildə Yunanıstana son səfərindən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış şəxslər ilə rəftar tərzində heç bir irəliləyiş olmamışdır. İQK-nın nümayəndə heyəti bir daha hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış bir çox şəxslər ilə pis rəftar edildiyinə dair iddiaları eşitmişlər. Bir çox şəxslər polis əməkdaşları tərəfindən həbs edildikləri və ya dindirildikləri zaman sillə, yumuruq, təpik və dəyənək ilə döyüldüklərini iddia etmişlər. Bir sıra hallarda nümayəndə heyətinin həkimləri hüquq-mühafizə orqanları tərəfindən pis rəftara məruz qalmaları barədə iddiaların müvafiq saxlanılan şəxslərin göstərdikləri xəsarətlərə uyğun gəldiyini müəyyən etmişlər”.
2008-ci ilin noyabrında “Human Rights Watch” təşkilatı öz narahatlığını aşağıdakı kimi ifadə etmişdir:
“Yunanıstanın polis idarələri “Human Rights Watch” təşkilatının saxlama şəraitini qiymətləndirməsi üçün baş çəkmək istədiyi bütün yerlərə maneəsiz girməyimizə imkan verməsələr də, biz saxlanılmış şəxslərin ifadələrini toplaya bilmişik. Onların öz ifadələrində bizim xüsusilə girməyimizə icazə verilməyən yerlərdə, misal üçün sərhəddəki, hava limanındakı, Venna və Mitilinidəki polis məntəqələrində polis tərəfindən pis rəftar olunması, izdiham və antisanitariya şəraiti barədə dedikləri narahatlıq doğurur. Bu hesabatın əvvəlki üç bölməsində təsvir edilmiş saxlama şəraiti və polis özbaşınalığı əlbəttə ki, qeyri-insani və alçaldıcı rəftar hesab olunur”.
Cimade 2008-ci il dekabr tarixli hesabatında bildirmişdir:
““2003-cü ildə Lesbosa 1000 insan gəlmişdir; 2007-ci ildə onların sayı 6000-ə və 2008-ci ilin ilk səkkiz ayı ərzində isə 10000-ə çatmışdır. Bizi bir qrup nümayişçi gözləyir: onlar “sərhədə yox, millətə yox, deportasiyaya yox” deyə çığırırlar. Onlardan təxminən onu bu yerin bağlanılmasını tələb edir. Divarların o biri tayından əllər uzadılır və yardım istənilir. Qəfəsə oxşayan üç geniş otağın hər birinə 85 insan yerləşir: əfqanlar, fələstinlilər, somalililər gün boyu iyrənc və bərbad vəziyyətdə olan yerdə saxlanırlar. Yunanıstanda yayın son günlərində hava sərindir və insanlar beton döşəmənin üzərində yatırlar. Buradakı qoxu mənə Roissidəki gözləmə zonasında müvəqqəti saxlama yerlərini xatırladır (...).
İnsanların əksəriyyəti bir-neçə gün, bəziləri isə bir ay idi ki, burada idilər. Onlar nə üçün burada yerləşdirildiklərini bilmirdilər. Kişilər qadın və uşaqlardan ayrı saxlanılırdılar. Mən ikinci mərtəbəyə qalxdım: yoluxucu xəstəliyi olan bir şrilankalı balaca bir bunqaloda saxlanılır. Qadın və uşaqların saxlanıldığı anqar yeganə açıq yerdir. Burada çarpayılar olsa da, sayları kifayət qədər deyil, buna görə də döşəklər beton döşəmənin üzərinə salınmışdır. Yay fəslinin sonu olmasına baxmayaraq hamı soyuq olmasından və kifayət qədər ədyalın olmamasından şikayət edir. Sonuncu həbsxana azyaşlılar üçündür. Burada iyirmi beş şəxs saxlanılır. (...)”
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2009-cu il fevral tarixli hesabatında aşağıdakıları qeyd etmişdir:
“Komissar ilə görüşdə Evros departamentindəki hakimiyyət nümayəndələri bildirmişlər ki, 2008-ci ilin 1 dekabr tarixinə qədər olan məlumata görə həmin departamentin altı müxtəlif saxlama yerlərində 449 qanunsuz miqrant saxlanılır. Bunlar əsasən aşağıdakı beş dövlətin vətəndaşlarıdır: İraq (215), Əfqanıstan (62), Gürcüstan (49), Pakistan (37) və Fələstin (27). 2008-ci il 9 dekabrda Komissarın Feres sərhədindəki mühafizə məntəqəsində yerləşən və 2000-ci ildə inşa edilmiş gecəqondu tipli iki ayrı saxlama otaqlarına baş çəkdiyi zaman burada əksəriyyətinin iraqlılar təşkil etdiyi 45 cavan miqrant oğlan saxlanılırdı. (...) Faktiki olaraq onlar otaqları ağzına qədər doldurmuşdular və sement döşəmədə bir-birinin yanında düzülmüş döşəklərin üstündə yatır və üstündən keçirdilər. Hamam otaqlarında şərait bərbad idi. Saxlanılan bəzi şəxslərin qollarında açıq-aşkar dəri səpgiləri var idi. Ayağı yalın şəxslərdən biri isə dövlət orqanlarının onu ayaqqabı və təmiz paltar ilə təmin etmədiyindən şikayət edirdi. (...) 2008-ci il 9 dekabrda polis əməkdaşları Komissara məlumat vermişlər ki, Kiprinosda (Filakio) yeddi saxlama otağında əksəriyyəti İraq və Əfqanıstan vətəndaşları olmaqla 320 şəxs saxlanılır”.
164. İşgəncələrin Qarşısının Alınması üzrə Komitə 2005-ci ilin avqust və sentyabr aylarında Afina beynəlxalq hava limanının yaxınlığında yerləşən saxlama mərkəzinə baş çəkmişdir. O qeyd etmişdir ki:
“Ayrıca korpusdakı şərait İQK-da narahatlığa səbəb olmuşdur. Hər bir kamera (9,5 kv.m.) rəsmi olaraq beş nəfər üçün nəzərdə tutulsa da, burada daha çox adam saxlanılırdı. Əslində aparılmış qeydiyyata görə bir çox hallarda, misal üçün 2005-ci ilin may və iyun aylarında hər bir kamerada altı və yeddi, hətta doqquz nəfər belə saxlanılırdı. Kameraların yoxlanılması belə bir nəticəyə gəlməyə əsas verir ki, ilkin olaraq onlar bir nəfər üçün nəzərdə tutulmuşdur, belə ki, kameralarda yalnız bir postament mövcud idi. Hər gecə belə kameralarda üçdən, mümkün dərəcədə ikidən çox sayda adam saxlanmamalı idi. Sanitariya qovşağı kameralardan kənarda yerləşirdi və nümayəndə heyətinə çoxlu şikayətlər edilmişdir ki, polis nəzarətçilər ayaqyoluna getmək xahişinə dərhal cavab vermirlər. Duş qəbul etmək imkanı son dərəcə məhdudlaşdırılmışdır və eyni kamerada yerləşən beş şəxs yeddi gün ərzində duş qəbul edə bilmədiklərini iddia etmişlər. Onlardan gələn güclü tər iyi dediklərini təsdiq edirdi. Nümayəndə heyətinin görüşdüyü başqa bir şəxs kamerada olduğu bir ay yarım ərzində paltarını dəyişməmiş, təmiz havaya çıxmamış və hər hansı məqsədli fəaliyyət həyata keçirməmişdir”.
2007-ci ildə Yunanıstana səfərindən sonra İQK saxlanılmış şəxslər ilə rəftar tərzində hər hansı irəliləyişin olmadığını qeyd etmiş və bildirmişdir ki, Afina Beynəlxalq Hava Limanında yerləşən deportasiya kamerasında polis əməkdaşları tərəfindən şəxslər ilə pis rəftar edilməsi halları barədə məlumatlar almışdır:
“Əcnəbilər üçün nəzərdə tutulmuş Petru Rali saxlama mərkəzində Banqladeş vətəndaşı Afina Beynəlxalq Hava Limanında deportasiya edilməkdən imtina edərkən onu müşayiət edən polis əməkdaşlarının ona sillə və təpik vurduqlarını iddia etmişdir. Bundan əlavə, o bildirmişdir ki, polislər onun boğazını tutaraq boğmuş, barmaqlarını göz yuvalarına soxmuş, əllərini arxa hissədə bağlayaraq arxadan ayaqlarına, yanına və qarın nahiyəsinə təpik vurmuş, bundan sonra da o huşunu itirmişdir. Nümayəndə heyətinin həkim üzvlərindən biri onu müayinə edərkən aşağıdakı xəsarətlər müəyyən edilmişdir: aşağı dodağında xırda sıyrıntı (təxminən 0,3 sm) və gözünün aşağı hissəsində sol yanaq üzərində qırmızı uzun zədə (2 sm), həmin zədənin üzərində iki sıyrıntı olmuşdur; alının hər iki hissəsində qırmızıya çalar dağınıq sahələr və döş qəfəsinin orta hissəsində qırmızımtıl qançır (2 sm); boğazın önündə qalxanvarı xirtdənəkdə şiş və hər iki çiyinin xarici hissəsində şiş; sağ ayaqda diz qapağının aşağı və yan hissələrində və ona yaxın hissədə qırmızıya çalar dağınıq sahələr (təxminən 2 sm x 2 sm).
165. “Amnesty International” təşkilatı 2009-cu ilin oktyabrında və 2010-cu ilin mayında hava limanının yaxınlığında yerləşən saxlama mərkəzinə baş çəkdikdən sonra aşağıdakıları qeyd etmişdir:
“Mərkəz üç sektordan ibarətdir. Birinci sektor hər biri 7 kv.m. olmaqla üç kameradan ibarətdir. Hər bir kamerada bir pəncərə var və sektorun ayrıca iki ayaqyolusu və duş otaqları var. İkinci sektor hər biri 50 kv.m.-dən ibarət olmaqla üç böyük kameradan ibarətdir. Kameralardan kənarda dəhlizdə ayrıca ayaqyolular var. Üçüncü sektor olduqca balaca doqquz kameradan ibarətdir və hər birinin ölçüsü 10 kv.m.-dir. Kameralar sıra ilə ardıcıllanır, onlar arasında kart vasitəsilə zəng etmək üçün telefonun yerləşdiyi dəhliz vasitəsilə ayrılırlar.
2009-cu il oktyabr tarixli səfəri zamanı “Amnesty International” təşkilatının nümayəndə heyəti II Dublin Qaydalarına əsasən geri qaytarılanların və sığınacaq axtaran şəxslərin saxlanıldığı ilk iki sektora baş çəkə bilmişdir. Nümayəndə heyəti şəxslərin saxlanıldığı kameraların çox izdihamlı və fiziki şəraitin qeyri-adekvat olduğunun şahidi olmuşdur. Sığınacaq axtaran şəxslər polis əməkdaşları tərəfindən sözlə təhqir olunduqlarını bildirmişlər.
2010-cu ilin may ayında etdiyi səfər zamanı “Amnesty International” təşkilatının nümayəndələrinə üç sektorun hamısına baş çəkməyə icazə verilmişdir. Polis əməkdaşları nümayəndə heyətinə bildirmişlər ki, birinci sektor II Dublin Qaydalarına əsasən geri qaytarılan şəxslərin və sığınacaq axtaranların, ikinci sektor saxta sənədlər ilə Yunanıstanı tərk etməyə cəhd göstərdiyinə görə məhkum edilmiş qanunsuz qadın miqrantların və üçüncü sektor isə saxta sənədlər ilə Yunanıstanı tərk etməyə cəhd göstərdiyinə görə məhkum edilmiş qanunsuz kişi miqrantların saxlanılması üçün istifadə edilir.
2010-cu ilin may ayında həyata keçirilmiş səfər zamanı birinci sektorda sığınacaq axtaran yeddi şəxs (altı kişi və bir qadın) saxlanılırdı. Lakin burada II Dublin Qaydalarına əsasən geri qaytarılan şəxslər yox idi. İkinci sektorda bir kamerada 15 qadın saxlanılırdı, onlardan üçü hamilə idi. Hamilə qadınlardan biri bir-neçə dəfə şikayət edərək nəfəs ala bilmədiyini bildirdi və kameradan nə zaman çıxa biləcəyini soruşurdu. Digər kamerada olan kişinin ayağında xəsarət var idi. Birinci və ikinci sektorda saxlanılan şəxslər “Amnesty International” təşkilatının nümayəndələrinə polisin onların sektorlarının qapılarını nadir hallarda açdığını bildirmişlər. Bunun nəticəsində onlar kameradan kənarda yerləşən soyuq sudan istifadə edə bilmirlər və ayaqyolunda olan suyu içməyə məcburdurlar. Səfərin edildiyi zaman təxminən 145 şəxs üçüncü sektorda çox izdihamlı bir şəraitdə saxlanılırdı. Nümayəndə heyəti onların arasında II Dublin Qaydalarına əsasən geri qaytarılan şəxslərə də rast gəlmişdir. Ümumilikdə burada doqquz kamera var idi. Nümayəndə heyəti kameralardan ikisinə baxa bildi. Bu kameralardan hər birində yalnız bir çarpayı (beton özül və üzərində döşək) var idi və 14-17 arasında şəxs saxlanılırdı. Döşəklərin sayı kifayət qədər deyildi və saxlanılan şəxslər döşəmənin üzərində yatırdılar. İzdihamın olması və döşəklərin döşəmənin üzərinə qoyulması nəticəsində hərəkət etmək üçün yer yox idi. Saxlanılan şəxslər “Amnesty International” təşkilatının nümayəndələrinə bildirmişlər ki, yer olmadığından onlar hamısı eyni vaxtda yata bilmirlər. Baş çəkilmiş kameralarda pəncərələr olsa da, izdihamın olması o demək idi ki, ventilyasiya qənaətbəxş səviyyədə deyildi. Kameralarda dözülməz isti var idi.
Üçüncü sektorda saxlanılan şəxslər “Amnesty International” təşkilatının nümayəndələrinə polis əməkdaşlarının onların kameralardan kənarda dəhlizdə gəzmələrinə icazə vermədiklərini və ayaqyoluna getməkdə çətinlik çəkdiklərini bildirmişlər. Təşkilatın səfəri zamanı saxlanılan şəxslər acizanə şəkildə kamera qapılarını döyərək polisdən ayaqyoluna getmələrinə icazə verilməsini xahiş edirdilər. “Amnesty International” təşkilatının nümayəndələri ayaqyoluna getmələrinə icazə verilmiş bəzi şəxslərin əllərində tam və ya yarıya qədər sidiklə dolmuş plastik su şüşələrinin olduğunu görmüşlər. Polis əməkdaşları etiraf etmişlər ki, hər kamerada saxlanılan şəxslər ayaqyolu ehtiyacları üçün plastik şüşələrdən istifadə edirlər. Onlar bu şüşələri ayaqyoluna getmələrinə icazə verilən zaman boşaldırlar. Nümayəndə heyəti həmçinin ayaqyolunun çirkli vəziyyətdə olduğunun və duş kabinələrində nə qapının, nə də pərdənin olmadığının, beləliklə də heç bir gizliliyin olmadığının şahidi olmuşdur.
Afina hava limanının polis əməkdaşları “Amnesty International” təşkilatının nümayəndələrinə bildirmişlər ki, saxta sənədlərdən istifadə etdiklərinə görə hava limanında həbs edilmiş və məhkəmə xərclərini ödəyə bilməmiş qanunsuz miqrantlar və ya sığınacaq axtaran şəxslər barəsində azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi saxlanma yerlərində izdihamın yaranmasına səbəb olmuşdur.
Səfərin həyata keçirildiyi zaman təşkilat heç bir sektorda sabun, şampun və tualet kağızı kimi gigiyenik məhsulların olmadığını müşahidə etmişdir. Bundan əlavə, saxlanılan şəxslərdən bir çoxu nümayəndə heyətinə bildirmişdir ki, baqajları onlara verilmədiyindən şəxsi əşyalarını əldə edə, o cümlədən paltarlarını dəyişə bilmirlər. Bəziləri bunun nəticəsində həftələrlə eyni paltar geyindiklərini bildirmişlər. Bundan əlavə, bayırda gəzmək üçün ümumiyyətlə imkan yoxdur. İki şəxs baqajları onlara verilmədiyi üçün dərmanlarını götürə bilmədiklərindən şikayət etmişdir. Eyni xarakterli şikayətlər 2009-cu ilin oktyabr ayındakı səfər zamanı da edilmişdir. Bundan əlavə, tibbi yardımın göstərilməməsi ilə bağlı narahatlıqlar 2009-cu ilin oktyabrından sonra da qalmışdır. Hava limanının rəsmiləri “Amnesty International” təşkilatının nümayəndələrinə bildirmişlər ki, burada daimi fəaliyyət göstərən həkim yoxdur və tibbi yardım yalnız saxlanılan şəxs tərəfindən xahiş edilən zaman hava limanının ilkin tibbi yardım həkimlərinin çağırılması ilə göstərilir”.
166. 2010-cu il 20 aprel səfərlərindən sonra “Sərhədsiz həkimlər” təşkilatının Yunanıstan bölməsi hesabat dərc edərək saxlama mərkəzlərindəki izdihamı (300 saxlanılan şəxs), sanitariya və gigiyenik şəraitin bərbad vəziyyətdə olmasını təsvir etmişdir. Səkkiz nəfərdən on iki nəfərə qədər ailələr üçün nəzərdə tutulmuş üç kamerada 155 şəxs heç bir ventilyasiyası olmayan və yalnız üç ayaqyolusu və duş kabinəsi olan şəraitdə saxlanılırdı.
C. Yaşayış şəraiti
167. 160-cı bənddə qeyd edilmiş hesabatlar üçün müsahibə vermiş şəxslərin dediklərinə görə sığınacaq axtaran şəxslər azad edilərkən təcrübə fərqli idi. Bəzi hallarda onlara Afina hava limanındaca çəhrayı vəsiqə verilir, bəzi hallarda isə bu vəsiqəni almaları üçün Attika Baş Polis İdarəsinə müraciət etmələri məsləhət görülürdü. Bəzən Yunanıstana ilk dəfə gələnlərə bir-neçə gün ərzində ölkədən çıxmaq barədə əmr təqdim edilirdi. Ölkəyə gələn zaman başqa yerdə saxlandıqları təqdirdə təcrübə daha davamlı idi və o, ölkədən çıxmaq barədə əmrin verilməsi və Afina və ya Patras kimi böyük şəhərlərə göndərilmələrindən ibarət idi.
168. Hər bir halda belə görünür ki, onlara yaşayış imkanları barədə heç bir məlumat verilmirdi. Xüsusilə müsahibə alınmış şəxslər bildirmişlər ki, heç kim dövlət orqanlarının onlara hər hansı bir formada yaşayış yeri axtarması üçün bu orqanlara yaşayış yerlərinin olmaması barədə məlumat vermələrinin şərt olduğunu deməmişdir.
169. Yunanıstanda ailələri və ya hər hansı əlaqələri olmayan və kirayə haqqını ödəmək iqtidarında olmayan şəxslər küçələrdə yatmalı olurdular. Bunun nəticəsində evsiz-eşiksiz olan bir çox sığınacaq axtaran şəxslər, əsasən də tənha kişilər, həmçinin ailələr qanunsuz olaraq Patrasdakı müvəqqəti düşərgə (2009-cu ilin iyulunda insanlar buradan evakuasiya edilmiş və düşərgə dağıdılmışdır) və ya Afinada apellyasiya məhkəməsinin köhnə binası və bəzi parklar kimi ictimai yerləri zəbt edirdilər.
170. Müsahibə alınmış bir çox şəxslər daim hücuma məruz qalmaq və soyulmaq qorxusu altında və vəziyyətləri ilə bağlı tam yoxsulluq şəraitində (qida tapılmasında çəkdikləri çətinliklər, sanitariya qovşaqlarının olmaması və s.) yaşadıqlarını bildirmişlər.
171. Ümumiyyətlə, bu cür şəxslər vətəndaş cəmiyyətinin, Qırmızı Xaç Komitəsinin və bəzi dini təşkilatların verdikləri vəsait hesabına yaşayırdılar.
172. Belə görünür ki, çəhrayı vəsiqəyə sahib olmaq dövlətdən yardım almaq işində hər hansı fayda vermir və müvəqqəti işləmək üçün icazə alınması qarşısında böyük bürokratik əngəllər mövcuddur. Misal üçün, vergi ödəyicisi nömrəsi almaq üçün ərizəçi daimi yaşayış yerinin olduğunu sübut etməlidir. Bu isə yaşayış yeri olmayan şəxsləri əmək bazarından tam şəkildə uzaqlaşdırır. Bundan əlavə, məlum olduğu qədər səhiyyə orqanları sığınacaq axtaran şəxsləri pulsuz tibbi yardımla təmin etmək öhdəliyindən və ya bu şəxslərin sağlamlıqları üçün mövcud olan əlavə risklərdən xəbərsizdirlər.
2008-ci ilin noyabrında “Human Right Watch” təşkilatı bildirmişdir:
“Çəhrayı vəsiqə əldə etməyə nail olan istənilən dövlətin vətəndaşlığına malik olan sığınacaq axtaran şəxslərin tələblərinə baxılmasında çox zaman süründürməçiliyə yol verilir və onlar bu dövr ərzində hökumətdən dəstək alacaqlarına az ümid edirlər. Yunanıstanın yalnız ən çox ehtiyacı olan və zəif təbəqəyə mənsub sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş 770 nəfərlik qəbul mərkəzləri olduğundan bu şəxslər arasında evi olmayanlar və yoxsullar çox zaman yaşayış sahəsi və sosial yardımın digər əsas formaları ilə təmin edilmirlər. 10 qəbul mərkəzindən üçü müşayiət olunmayan uşaqlar üçün nəzərdə tutulsa da, “Human Right Watch” təşkilatı yaşayış sahələri olmadığı və digər sosial xidmətlər ilə təmin olunmadıqları üçün küçələrdə, parklarda və tərk edilmiş binalarda yaşayan şəxslər arasında müşayiət olunmayan uşaqlara da rast gəlmişdir. “Human Right Watch” təşkilatı polisdə qeydiyyatdan keçmiş və heç bir yardım göstərilmədən küçədə yaşayan Nigeriyadan olan oğlandan müsahibə götürmüşdür: “Mənim hələ də yaşamağa yerim yoxdur. Yaşayış yeri məsələsinin həll edilməsi üçün vəkillər mənə görüş təyin ediblər. İndi mən küçələrdə yatıram. Yaşamağa yerim yoxdur. Bədənimdə soyuq var. Özümü təhlükəsiz hiss etmirəm. Mən gecə saat 1 və ya 2-yə qədər gəzir, sonra isə yatmaq üçün park axtarıram”. Sığınacaq Axtaranların Norveç Təşkilatı (SANT), Norveçin Helsinki Komitəsi və Yunanıstanın Helsinki Monitor təşkilatı 2008-ci ilin aprelində II Dublin Qaydaları əsasında Yunanıstana qaytarılan şəxslərin üzləşdikləri yaşayış və sosial şərait barədə birgə hazırladıqları hesabatda qeyd etmişlər ki, yoxsul vəziyyətdə olan sığınacaq axtaran şəxslərin yaşaması məqsədilə ayrılmış faktiki yerlərin sayı “cüzidir” və az sayda olan yaşayış mərkəzlərinin şəraiti “bərbaddır”. Onlar bildirmişdir ki, “sığınacaq almaq üçün müraciət etmiş şəxslərin böyük əksəriyyəti yaşayış yeri və/və ya sosial yardımın digər formaları ilə təmin olunma məsələlərində tamamilə sosial yardımdan məhrum olurlar”.
D. Sığınacağın verilməsi proseduru
1. Sığınacaq almaq üçün müraciət etmə
173. 160-cı bənddə qeyd edilmiş hesabatlarda istər birinci dəfə ölkəyə gələn, istərsə də Dublin Qaydalarına görə təhvil verilmiş və Afina beynəlxalq hava limanından keçən şəxslərin sığınacaq almaq üçün müraciət etmələrinə mane olan və ya bunun qarşısında böyük çətinlik yaradan bir sıra əngəllər təsvir etmişdir.
174. Beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən ilkin mənbələrdən toplanmış məlumatlar və gəlinmiş nəticələr aşağıdakı kimi ümumiləşdirilə bilər.
175. Çox az sayda sığınacaq almaq üçün ərizə birbaşa hava limanının təhlükəsizlik xidmətlərinə təqdim edilir. Bu, həm müvafiq kadr çatışmazlığı, həm də bəzi hallarda belə xidmətin mövcudluğu barədə məlumatlın olmaması ilə izah olunur.
176. Sığınacaq axtaran şəxslər hava limanına gələrkən bir qayda olaraq vəziyyətləri aydınlaşdırılana qədər birbaşa saxlama yerlərinə yerləşdirilirlər.
177. Azad olunan zaman Yunanıstana ilk dəfə gələnlərə bəzən yunan dilində tərtib edilmiş ölkədən çıxma barədə əmr təqdim edilir və onlara sığınacaq almaq üçün bu əmrdən şikayət vermək və ya bu məqsədlə vəkil ilə əlaqə yaratmaq imkanı barədə məlumat verilmir. Hətta məlumdur ki, Yunanıstana ilk gəlişləri zamanı sığınacaq almaq üçün müraciət etmiş, sonradan Dublin Qaydaları əsasında geri qaytarılmış şəxslərə olmadıqları dövrdə şikayət vermək müddətləri bitdiyindən ölkədən çıxmaq barədə əmr təqdim edilmişdir.
178. Bir sıra təşkilatlar bildirmişdir ki, Afina hava limanında Dublin Qaydalarına əsasən geri qaytarılmış şəxslərə heç də həmişə sığınacaq verilməsi proseduru barədə məlumat kitabçaları verilmir. Eyni zamanda onlara prosedurlar, müddətlər və ya hüquqi məsləhət almaq üçün vəkil, yaxud qeyri-hökumət təşkilatı ilə əlaqə saxlamaq imkanı barədə də hər hansı məlumat verilmir.
179. Əksinə, polis onların bu prosedurlardan istifadə etməmələri üçün “hiylələrdən” istifadə edir. Misal üçün, bir-neçə şahid bildirmişdir ki, polis onları sığınacaq verilməsi proseduruna başlanması üçün ünvanın bəyan edilməsinin mütləq şərt olduğuna inandırmağa çalışmışdır.
180. Sığınacaq axtaran şəxslərin baş polis idarələrinə gəlmələri üçün müəyyən edilmiş üç gün müddəti təcrübədə olduqca qısa müddətdir. Gözləyən şəxslərin çoxluğu və sığınacaq almaq üçün ərizələrin həftənin yalnız bir günündə verilə bilməsi ilə əlaqədar olaraq müvafiq idarələrə düşmək faktiki olaraq mümkün deyil. Bundan əlavə, idarələrin girişindəki seçim meyarı özbaşına xarakter daşıyır və sığınacaq almaq üçün binaya girmək arzusunda olanların hansına üstünlük verildiyinin standart qaydası yoxdur. Bəzən elə olur ki, görüş günü minlərlə insan idarəyə gəlsə də həmin həftə üçün yalnız 300-350 adam qeydiyyatdan keçir. Hazırda hər gün təxminən iyirmi ərizə qeydiyyatdan keçirilir, halbuki 2000-ə yaxın insan bayırda müxtəlif formal prosedurları bitirmək üçün gözləyirlər. Bu, ilk müsahibəyə görüş almaq üçün çox uzun müddət gözləmək ilə nəticələnir.
181. Tərcüməçi ilə təminat açıq-aşkar qənaətbəxş səviyyədə olmadığından birinci müsahibə çox zaman sığınacaq üçün müraciət etmiş şəxsin anlamadığı dildə aparılır. Müsahibələr səthi aparılır və mahiyyət etibarı ilə sığınacaq almaq üçün müraciət etmiş şəxsdən Yunanıstana nə üçün gəldiyini soruşmaq ilə məhdudlaşır. Bu zaman onun gəldiyi ölkədə vəziyyətə dair ümumiyyətlə heç bir sual verilmir. Bundan əlavə, heç bir hüquqi yardım verilmədiyi üçün ərizəçilər vəkilin xidmətindən istifadə edə bilmirlər və çox az hallarda onları vəkil müşayiət edir.
182. Avropa Məhkəməsinə müraciət etmək məsələsinə gəldikdə, nəzəri baxımdan sığınacaq axtaran istənilən şəxs Məhkəməyə müraciət edə və Məhkəmənin Prosedur Qaydalarının 39-cu maddəsinin tətbiq edilməsini xahiş edə bilər. Lakin belə görünür ki, yuxarıda qeyd edilmiş çatışmazlıqlar o qədər əhəmiyyətli dərəcədədir ki, sığınacaq axtaran şəxslərin Avropa Məhkəməsinə müraciət etmələri demək olar ki, qeyri-mümkündür. Məhkəməyə sığınacaq axtaran şəxslərdən daxil olmuş ərizələrin və Yunanıstana qarşı müvəqqəti xarakterli tədbirlərin tətbiq edilməsi barədə vəsatətlərin sayının azlığı bununla izah olunur.
2. Sığınacaq verilməsinə dair ərizələrə baxılması qaydası
183. Yuxarıda sadalanmış hesabatlarda sığınacaq almaq üçün verilmiş ərizələrə baxılması qaydasında mövcud olan çatışmazlıqlar da qeyd olunur.
184. Əksər hallarda ərizələr iqtisadi səbəblərə görə təqdim edildiyinə görə birinci instansiyada rədd edilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən 2010-cu ildə aparılmış tədqiqatın nəticələrinə görə birinci instansiyada qəbul edilmiş 202 qərardan 201-i mənfi olmaqla standart ifadələrdən ibarət olmuş, onlarda mənşə ölkəsi barədə məlumata istinad edilməmiş, qərarın hansı faktlara əsaslanması barədə izahat verilməmiş və qərarlar hüquqi cəhətdən əsaslandırılmamışdır.
185. Hesabatlarda sığınacaq verilməsinə dair ərizələrə baxılmasına görə məsul olan polis əməkdaşlarına treyninqlərin keçirilmədiyi, onların müvafiq ixtisasa və/və ya səriştəyə malik olmadığı qeyd edilmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının 2008-ci il üçün təqdim etdiyi məlumata görə Attika Baş Polis İdarəsində sığınacaq almaq üçün verilmiş ərizələrə baxılmasına görə məsul olan altmış beş polis əməkdaşından yalnız on biri sığınacaq məsələləri üzrə mütəxəssis olmuşdur.
186. Müxtəlif mənbələrin məlumatlarına görə çəhrayı vəsiqənin verilməsi və ya təzələnməsi zamanı ərizənin rədd edildiyi və şikayətin verilməsi üçün müddətin göstərildiyi qərarın yunan dilində yazılı şəkildə elan edilməsi hallarına heç də az rast gəlinmirdi. Vəsiqələr hər altı aydan bir təzələndiyindən sığınacaq almaq üçün müraciət edən şəxslər ərizələrinin əslində rədd edildiyini və şikayət vermək hüququna malik olduqlarını anlamırdılar. Lakin əgər onlar qeyd edilmiş müddətdə şikayət vermirdilərsə, prosedurdan kənarlaşdırılırdılar. Bu zaman qanunsuz vəziyyətə düşür, həbs olunmaq və ölkə hüdudlarından kənara çıxarılana qədər saxlanma yerlərində yerləşdirilmək riski ilə üzləşirdilər.
187. Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da bildirmişlər ki, “heç bir ünvana malik olmayan şəxslərə” bildiriş göndərilməsi proseduru təcrübədə işləmirdi. Belə ki, sığınacaq almaq üçün müraciət etmiş şəxslərin çoxu ərizələrinə baxılmasını davam etdirə bilmir və şikayət etmək üçün müəyyən edilmiş müddəti buraxırdılar.
188. Birinci instansiyada sığınacaq almaq üçün verilmiş ərizələrə və qəbul edilmiş qərarlardan şikayətlərə baxılması çox uzun zaman çəkir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məlumatına görə 2009-cu ilin iyulunda birinci instansiyada 6145 işə, apellyasiya qaydasında isə 42700 işə baxılması zamanı gecikdirmələrə yol verilmişdir. Yunanıstanın Vətəndaşların Müdafiəsi Nazirliyi tərəfindən Komissara göndərilmiş məlumata görə baxılması gözlənilən ərizələrin ümumi sayı 2010-cu ilin fevralında 44650-yə çatmışdır.
3. Hüquq müdafiə vasitələri
189. İnter alia, qaçqınların işləri üzrə məşvərətçi komitələrin ikinci instansiya rolunda çıxış etməsinin (yuxarıda 115-ci bəndə bax) 2009-cu ildə ləğv edilməsinə qarşı çıxan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı 2009-cu il 17 iyul tarixli pres-rilizində bildirmişdir ki, artıq Yunanıstanda sığınacaq verilməsi prosedurunda iştirak etməyəcəkdir.
190. Ali İnzibati Məhkəmədə şikayətlərə baxılması məsələsinə gəlincə, 160-cı bənddə qeyd edilmiş hesabatlar bu prosesin də çox uzun müddət çəkdiyini bildirir. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının verdiyi məlumata görə hazırda şikayətlərə baxılmasının orta müddəti beş il yarımdır. Hesabatlarda həmçinin vurğulanır ki, mənfi qərardan şikayət verilməsi avtomatik olaraq ölkədən çıxarılma əmrinin icrasının dayandırılmasına səbəb olmur və bu əmrin icrasının təxirə salınması üçün ayrıca proses başlanmalıdır. Bu, on gündən dörd ilə qədər davam edə bilər. Bundan əlavə, onlar hesab edir ki, Ali İnzibati Məhkəmədə işə baxılması Konvensiyanın pozulması iddiaları ilə bağlı şikayətlərin əsas detallarını əhatə edəcək dərəcədə geniş deyil.
191. Nəhayət, hesabatlarda bildirilmişdir ki, Ali İnzibati Məhkəməyə şikayət verilməsi üçün hüquqi yardımın göstərilməsi təcrübəsi işləmir. Buna etinasızlıq mane olur və o, hüquqi yardım göstərəcək şəxslərin siyahısında hüquqşünasların adlarının olmaması ilə nəticələnir. Bunun isə səbəbi işlərə baxılması müddətinin uzunluğu və mükafatın verilməsində gecikdirmələrə yol verilməsidir.
4. Geri qaytarılma riski
192. Sığınacaq axtaran şəxslərin Yunanıstan tərəfindən dolayı yolla Türkiyəyə və ya birbaşa gəldikləri ölkəyə geri qaytarılmaları riski daim narahatlıq doğuran məsələdir. 161-ci bənddə qeyd edilmiş hesabatlar, həmçinin mətbuat bu təcrübə barədə müntəzəm olaraq məlumat verərək Yunanıstanın dövlət orqanlarının istər sığınacaq almaq üçün hələ də müraciət etməmiş, istərsə də ərizələri qeydiyyatdan keçirilərək çəhrayı vəsiqə verilmiş şəxsləri bəzən kollektiv şəkildə deportasiya etməsi barədə məlumatlar vermişdir. Türkiyəyə deportasiya ya birtərəfli qaydada Yunanıstanın dövlət orqanlarının təşəbbüsünə əsasən Türkiyə ilə sərhəddə, ya da Yunanıstan ilə Türkiyə arasında bağlanmış readmissiyaya dair saziş çərçivəsində həyata keçirilir. Müəyyən edilmişdir ki, bu insanların bir-neçəsi sonradan Türkiyənin dövlət orqanları tərəfindən sığınacaq verilməsinə dair ərizələrinə baxılmadan Əfqanıstana göndərilmişdir.
193. Bəzi hesabatlarda sığınacaq verilməsinə dair ərizə rədd edildikdən sonra dərhal geri qaytarılmanın ciddi risk olduğu qabardılmışdır, belə ki, Ali İnzibati Məhkəməyə şikayət verilməsi avtomatik olaraq qərarın icrasını dayandırmır.
5. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının 2009-cu il 2 aprel tarixli məktubu
194. 2009-cu ilin 2 aprelində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Belçikanın miqrasiya və sığınacaq siyasəti nazirinə məktub yazaraq Yunanıstanda sığınacaq verilməsi proseduru və sığınacaq axtaran şəxslərin qəbulunda mövcud olan çatışmazlıqları tənqid etmiş və bu şəxslərin Yunanıstana təhvil verilməsinin dayandırılmasını tövsiyə etmişdir. Məktubda aşağıdakılar qeyd edilmişdir (çıxarışlarla):
“BMT-nin Qaçqınlar üzrə Ali Komissarına məlumdur ki, Avropa Məhkəməsi K.R.S. Birləşmiş Krallığa qarşı işi üzrə bu yaxınlarda qəbul etdiyi qərarında qət etmişdir ki, sığınacaq axtaran şəxsin Yunanıstana təhvil verilməsi onun Konvensiyanın 3-cü maddənin məqsədləri baxımından geri qaytarılması riskini yaratmır. Lakin Məhkəmə Yunanıstanın qaçqınlar ilə bağlı beynəlxalq hüquq normalarına əməl edib-etməməsi məsələsi ilə bağlı qərar verməmişdir. Xüsusilə sığınacaq axtaran şəxslərin qəbulu şərtlərinin insan hüquqlarının müdafiəsinə dair regional və beynəlxalq standartlara cavab verib-vermədiyi və ya bu şəxslərin ərizələrinə ədalətli şəkildə baxılmasının mümkün olub-olmadığı, yaxud da qaçqınların Cenevrə Konvensiyasında nəzərdə tutulmuş hüquqlarını səmərəli şəkildə həyata keçirə bilib-bilmədikləri barədə heç nə qeyd etməmişdir”.
195. Məktubun sonunda qeyd edilirdi:
“Yuxarıda qeyd edilən səbəblərə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı 2008-ci ilin aprel ayında Yunanıstanda sığınacaq verilməsi sisteminin qiymətləndirilməsi və bununla bağlı tövsiyələrini ifadə etdiyi mövqeyini, xüsusilə hökumətlərin sığınacaq axtaran şəxsləri Yunanıstana təhvil verməkdən çəkinmələri və Dublin Qaydalarının 3-cü maddəsinin 2-ci bəndinə əməl etməklə sığınacaq verilməsinə dair müvafiq ərizələrə baxılması məsuliyyətini öz üzərilərinə götürmələrinin zəruriliyi ilə bağlı fikirlərini bir daha təsdiq edir.
VI. ƏFQANISTANDAKI VƏZİYYƏTİ TƏSVİR EDƏN BEYNƏLXALQ SƏNƏDLƏR
196. 1979-cu ildən Əfqanıstanda silahlı münaqişə tüğyan edir. Hazırda mövcud olan vəziyyət 1994-2001-ci illərdə aparılmış vətəndaş müharibəsi nəticəsində yaranmışdır. Bu müharibə dövründə Mücahidlər (anti-sovet müqavimətinin veteranları – onların liderlərinin çoxu indi dövlət vəzifələrində çalışırlar) Taliban hərəkatına qarşı müharibə aparmış və ABŞ-a 2001-ci ilin 11 sentyabr tarixində edilmiş hücumlardan sonra sıradan çıxmışlar.
197. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məlumatına görə (“Sığınacaq almaq üçün müraciət etmiş Əfqanıstan vətəndaşlarının beynəlxalq müdafiə ehtiyaclarının qiymətləndirilməsi əsasları”, 2009-cu ilin iyulu – bu sənəd 2007-ci il dekabr tarixli eyni adlı sənədi əvəz etmişdir) Əfqanıstandakı vəziyyəti insan hüquqlarının ciddi və geniş miqyasda pozulması ilə müşayiət olunan gərgin silahlı münaqişə kimi təsvir etmək mümkündür. Hökumət və onun beynəlxalq müttəfiqləri Taliban, Həzb-e İslami və Əl-Qəidə kimi qiyamçı qruplara qarşı mübarizə aparır. Bu münaqişədə qanuni və qanunsuz silahlı qruplar və mütəşəkkil cinayətkar dəstələr də mühüm rol oynayır. İslahatlar aparılması istiqamətində səylər göstərilsə də, Əfqanıstanda hələ də korrupsiya geniş vüsət almaqdadır, icraatlar lazımi qaydada həyata keçirilmir və ədalət mühakiməsi səmərəsiz fəaliyyət göstərir. Ədalət mühakiməsi sistemində insan hüquqlarının pozulması halları nadir hallarda araşdırılır və ya onların nəticəsi aradan qaldırılır və cəzasızlıq şəraiti geniş vüsət almışdır. Dini mühafizəkarlığın getdikcə güclənməsi hökuməti və parlamenti əsas insan hüquqları və azadlıqlarını məhdudlaşdırmağa məcbur etmişdir.
198. Yuxarıda qeyd edilmiş sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bildirmişdir ki, döyüşlərin əsas hissəsi hələ də ölkənin cənubunda və cənub-şərq hissəsində gedir. Talibanların dayağı sayılan cənub əyalətləri Qəndəhar və Helmand amansız döyüşlər səhnəsidir. Cənubda, cənub-şərqdə və şərq rayonlarında baş verən münaqişə nəticəsində əhali məcburi köçkün vəziyyətinə düşmüş və çox sayda mülki şəxs vəfat etmişdir.
199. Hökumətin layihələrini həyata keçirən və ya həyata keçirməsi güman edilən insanların və Əfqanıstandakı beynəlxalq qüvvələr ilə əməkdaşlıq edən və ya əməkdaşlıq etməsi ehtimal olunan qeyri-hökumət təşkilatları, yaxud adi şirkətlərin anti-hökumət dəstələri tərəfindən hədəfə alınma risklərinin çox yüksək olduğunu təsdiq edən sübutlar artmaqdadır.
200. Ölkə daxilində yerdəyişmə imkanları ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı qeyd edir ki, Əfqanıstanın heç bir regionu təhlükəsiz deyil və hətta bu cür bir region tapılsaydı belə Əfqanıstanın əsas yollarının təhlükəli olması səbəbindən həmin regiona getmək mümkün olmazdı.
201. Kabildə vəziyyət ağırlaşmışdır. İqtisadi emiqrasiyanın səviyyəsinin yüksəlməsi əmək bazarına və infrastruktur, torpaq və içməli su kimi infrastruktur obyektləri üzərinə olan təzyiqləri artırır. Daimi quraqlıq vəziyyəti daha da gərginləşdirir və bu da su ilə bağlı xəstəliklərin artması ilə nəticələnir. İşsizliyin geniş yayılması və əhalinin az hissəsinin işlə təmin olunması əhalinin əsas tələbatlarını təmin etməsi imkanını məhdudlaşdırır.
202. Ümumiyyətlə, yer dəyişilən ərazidə şəxsin geniş mənada ailəsi, onun icması və ya tayfası tərəfindən müdafiənin təmin olunması mümkündürsə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı daxili yerdəyişməyə ağlabatan alternativ həll kimi baxır. Lakin belə müdafiə forması ailə və ya tayfa əlaqələrinin mövcud olduğu regionlar ilə məhdudlaşır. Hətta bu cür hallarda belə vəziyyətin hər bir iş üzrə təhlil edilməsi zəruridir. Belə ki, otuz il ərzində aparılmış müharibə, qaçqınların kütləvi şəkildə yer dəyişməsi və kənd yerlərindən əhalinin köçməsi hallarının artması ilə bağlı olaraq ölkədəki ənənəvi bağlar itirilmişdir.
203. Bu direktivlərdə əks olunmuş tövsiyələri nəzərə alaraq Belçikanın sığınacaq verilməsinə dair ərizələrlə məşğul olan orqanı (QVOŞİBK, yuxarıda 131-ci bəndə bax) 2010-cu il fevral tarixli “Qaçqınlar və Vətəndaşlığı Olmayan Şəxslərə dair Siyasət üzrə Baş Komissarlıq Əfqanıstandan olan sığınacaq axtaran şəxslər barədə” adlı sənəddə bildirmişdir ki, onlar xüsusilə təhlükəli regionlardan olan çox sayda Əfqanıstan vətəndaşına müdafiə təmin etmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
204. İşin halları ilə bağlı olaraq Məhkəmə ilk növbədə Yunanıstana, sonra isə Belçikaya qarşı şikayətlərin araşdırılmasını münasib hesab edir.
I. ƏRİZƏÇİNİN SAXLANMASI ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR YUNANISTAN TƏRƏFİNDƏN KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
205. Ərizəçi iddia etmişdir ki, onun Afina beynəlxalq hava limanında saxlanması şəraiti Konvensiyanın 3-cü maddəsinin mənasında qeyri-insani və alçaldıcı rəftara bərabər olmuşdur. Bu maddədə qeyd edilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.
A. Tərəflərin izahatları
1. Ərizəçi
206. Ərizəçi hər iki halda, istər ilk dəfə Afina beynəlxalq hava limanına gəldikdən sonra 2009-cu ilin 15-18 iyun tarixlərində, istərsə də hava limanında 2009-cu ilin 1-7 avqust tarixlərində saxlanılmasından şikayət etmişdir. O bildirmişdir ki, Afina beynəlxalq hava limanının yanındakı saxlama mərkəzindəki şərait o qədər bərbaddır ki, burada saxlanılma qeyri-insani və alçaldıcı rəftar hesab edilməlidir. Ərizəçi saxlanma şəraitini belə təsvir etmişdir: o, balaca bir otaqda iyirmi digər şəxs ilə birlikdə saxlanılırdı, yalnız nəzarətçilərin mülahizəsinə görə ayaqyoluna gedə bilirdi, onun açıq havada gəzməsinə icazə verilmirdi, ona az yemək verilirdi və o, çirkli döşək üzərində, yaxud da döşəmənin üstündə yatmağa məcbur olurdu. O, daha sonra şikayət edərək bildirmişdir ki, ikinci dəfə saxlanılan zaman nəzarətçilər tərəfindən döyülmüşdür.
2. Yunanıstan Hökuməti
207. Hökumət ərizəçinin saxlanması zamanı 3-cü maddədə nəzərdə tutulmuş hüquqlarının pozulmadığını bildirmişdir. Ərizəçi qeyri-insani və ya alçaldıcı rəftara məruz qaldığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
208. Ərizəçi tərəfindən verilən təsvirin əksinə olaraq Hökumət saxlama mərkəzini lazımı şəkildə təchiz edilmiş və xüsusilə sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş qısa müddətli qalma mərkəzi kimi təsvir etmiş, burada saxlanılan şəxslərə zəruri qida verildiyini bildirmişdir.
209. İşə Böyük Palatada baxılması zamanı Məhkəmə tərəfindən verilmiş suala cavabında Hökumət mərkəzin quruluşu və avadanlıqları barədə daha ətraflı məlumat vermişdir. Mərkəzin sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş bir sektoru üç otaqdan, on çarpayıdan və iki ayaqyolundan ibarətdir. Sığınacaq axtaran şəxslər deportasiya olunmalarını gözləyən şəxslər ilə bir otaqda saxlanılırlar. Burada hamının istifadə edə biləcəyi telefon və su fontanı mövcuddur. Ərizəçi 2009-cu ilin iyununda çəhrayı vəsiqənin verilməsini gözləyən zaman burada saxlanılmışdı.
210. Hökumət bildirmişdir ki, 2009-cu ilin avqustunda ərizəçi mərkəzin sığınacaq axtaran şəxslərin saxlanıldığı sektordan kənarda yerləşən və cinayət əməli etmiş əcnəbilər üçün nəzərdə tutulmuş sektorda saxlanılmışdır. Bu sektorun ərazisi 110 kv.m. olmaqla doqquz otaq və iki ayaqyolundan ibarət idi. Burada da həmçinin hamının istifadə edə biləcəyi telefon və su fontanı mövcud idi.
211. Nəhayət, Hökumət saxlama müddətlərinin qısa olduğunu və ikinci müddətin hallarının ərizəçinin sığınacaq almaq üçün ərizə təqdim etməsi ilə deyil, Yunanıstanı saxta sənədlər ilə tərk etməyə cəhd göstərməklə cinayət törətməsi ilə bağlı olduğunu bildirmişdir.
B. Üçüncü tərəf kimi işdə iştirak edən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının qeydləri
212. Komissar bildirmişdir ki, hava limanının yaxınlığında yerləşən mərkəzin şəraiti barədə məlumatı ona Yunanıstanın Sərhədsiz Həkimlər təşkilatı vermişdir (yuxarıda 166-cı bəndə bax).
213. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı mərkəzə 2010-cu ilin may ayında baş çəkmiş və burada saxlama şəraitinin qəbuledilməz olduğunun, mərkəzə təmiz havanın daxil olmadığının, açıq havada gəzmək imkanının və kameralarda ayaqyoluların olmadığının şahidi olmuşdur.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ərizənin qəbuledilənliyi
214. Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsi əsasında Yunanıstanda saxlanma şəraiti barədə irəli sürdüyü şikayətlər hüquq və faktlarla bağlı mürəkkəb məsələlər ortaya çıxarır və işin mahiyyəti araşdırılmadan bu məsələlərin müəyyən edilməsi mümkün deyil.
215. Buradan belə çıxır ki, ərizə bu hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq-aşkar əsassız deyil. Eyni zamanda o, hər hansı başqa əsasa görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.
2. Ərizənin mahiyyəti
(a) Ümumi prinsiplərin xülasəsi
216. Məhkəmə təkrar edir ki, əcnəbilərə münasib təminatlar verməklə onların hərəkət azadlığının məhdudlaşdırılması yalnız dövlətlərin beynəlxalq öhdəlikləri, xüsusilə Qaçqınların statusuna dair 1951-ci il tarixli Cenevrə Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə üzərilərinə götürdükləri öhdəliklərə əməl etməklə qanunsuz immiqrasiyanın qarşısını alması məqsədilə edildikdə qəbul edilə bilər. Dövlətlərin immiqrasiya sahəsində müəyyən edilmiş məhdudiyyətləri aşmaq istiqamətində edilən artmaqda olan çoxsaylı cəhdlərin qarşısını almaq sahəsindəki qanuni marağı sığınacaq axtaran şəxsləri bu konvensiyalarda təsbit edilmiş müdafiədən məhrum etməməlidir (bax: “Amuur Fransaya qarşı” (Amuur v. France, 25 June 1996, § 43, Reports of Judgments and Decisions 1996‑III)).
217. Məhkəmə tədbirin icrası üsulu və qaydasının Konvensiyanın müddəalarına uyğunluğu məsələsini araşdıran zaman maraqlı şəxslərin düşdükləri konkret vəziyyətə baxmalıdır (bax: “Riad və İdiab Belçikaya qarşı” (Riad and Idiab v. Belgium, nos. 29787/03 and 29810/03, § 100, ECHR 2008‑... (extracts))).
218. Dövlətlər demokratik cəmiyyətin ən əsas dəyərlərindən birini əks etdirən və vəziyyətdən, həmçinin zərərçəkmiş şəxsin davranışından asılı olmayaraq işgəncələri və qeyri-insani, yaxud alçaldıcı rəftarı və ya cəzanı qəti şəkildə qadağan edən Konvensiyanın 3-cü maddəsinin tələblərini xüsusilə nəzərə almalıdır (digər qərarlar ilə yanaş bax: “Labita İtaliyaya qarşı” [Böyük Palata] (Labita v. Italy [GC],
no. 26772/95, § 119, ECHR 2000-IV)).
219. Məhkəmə bir çox işlərdə qeyd etmişdir ki, pis rəftar 3-cü maddənin əhatəsi dairəsinə düşmək üçün minimum ağırlıq dərəcəsinə malik olmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbi xarakter daşıyır. O, işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun fiziki və psixoloji nəticələri və bəzi hallarda zərərçəkmişin cinsi, yaşı və səhhətindən də asılıdır (misal üçün bax: “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI)).
220. Məhkəmə “qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və real bədən xəsarəti və ya əhəmiyyətli fiziki, yaxud psixoloji əzaba səbəb olmuş” rəftarı “qeyri-insani” hesab edir.
Rəftar o zaman “alçaldıcı” hesab edilir ki, o, şəxsin ləyaqətinə hörmətsizlik göstərməklə və ya ləyaqəti aşağılamaqla fərdi təhqir etsin və ya alçaltsın, yaxud şəxsin mənəvi və fiziki müqavimətini qıra bilmək iqtidarında olan qorxu, əzab və ya alçalma hissləri doğursun (yenə orada, 92-ci bənd və “Pretti Birləşmiş Krallığa qarşı” (Pretty v. the United Kingdom, no. 2346/02, § 52, ECHR 2002‑III)). Zərərçəkmiş şəxsin digərlərinin deyil, öz gözündə təhqir edilməsi kifayət edir (digər qərarlar ilə yanaşı bax: “Tayrer Birləşmiş Krallığa qarşı” (Tyrer v. the United Kingdom, 25 April 1978, § 32, Series A no. 26)). Nəhayət, rəftarın məqsədinin zərərçəkmiş şəxsi təhqir etmək və ya alçaltmaq olduğu nəzərə alınmalı amil olsa da, belə bir məqsədin olmaması 3-cü maddənin pozuntusunun müəyyən edilməsini qəti şəkildə istisna edə bilməz (bax: “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 74, ECHR 2001-III)).
221. Konvensiyanın 3-cü maddəsi dövlətdən saxlama şəraitinin insan ləyaqətinə hörmət qoymasını, tədbirin icrası üsulu və qaydasının saxlamaya xas olan qaçılmaz əzab səviyyəsindən artıq fiziki ağrı və ya əziyyətə məruz qoymamasını təmin etməyi və azadlıqdan məhrumetmənin praktiki tələbləri nəzərə alınmaqla saxlanılan şəxslərin səhhətinin və sağlamlığının adekvat şəkildə qorunmasımı tələb edir (misal üçün bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 94-cü bənd).
222. Məhkəmə müəyyən etmişdir ki, sığınacaq axtaran şəxsin iki ay ərzində bayıra çıxmağa və ya telefon zəngi etməyə imkan vermədən və təmiz döşəkağı və kifayət sayda gigiyena məhsulu ilə təmin olunmadan əvvəlcədən hazırlanmış qapalı otaqlarda saxlanılması Konvensiyanın 3-cü maddəsinin mənasında alçaldıcı rəftar hesab edilir (bax: “S.D. Yunanıstana qarşı” (S.D. v. Greece, no.53541/07, §§ 49 to 54, 11 June 2009)). Eyni şəkildə, gəzmək üçün imkanın, istirahət üçün ərazinin olmadığı, insanların çirkli döşəklər üzərində yatdığı və ayaqyoluna sərbəst şəkildə getməyin mümkün olmadığı qapalı yerdə altı gün ərzində saxlama 3-cü maddənin mənasında qəbuledilməzdir (yenə orada, 51-ci bənd). İnzibati tədbirin tətbiqinə qədər sığınacaq axtaran şəxsin heç bir əyləncə xarakterli fəaliyyət olmadan və lazımi keyfiyyətdə olan yeməklər verilmədən polisdə üç ay ərzində saxlanılması da alçaldıcı rəftar hesab edilmişdir (bax: “Tabeş Yunanıstana qarşı” (Tabesh v. Greece, no. 8256/07, §§ 38 to 44, 26 November 2009)). Nəhayət, Məhkəmə müəyyən etmişdir ki, eyni zamanda sığınacaq axtaran ərizəçinin üç ay ərzində çox izdihamlı, gigiyena baxımından təmiz olmayan bərbad şəraitdə, dincəlmək və ya yemək hazırlamaq üçün avadanlıqların olmadığı, sanitariya qovşaqlarının yarı dağılmış vəziyyətdə olması nəticəsində onlardan istifadənin demək olar ki, mümkünsüz olduğu və saxlanılan şəxslərin son dərəcə natəmiz və izdihamlı şəraitdə yatdığı yerdə saxlanılması Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan alçaldıcı rəftara bərabərdir (bax: “A.A. Yunanıstana qarşı” (A.A. v. Greece, no. 12186/08, §§ 57 to65, 22 July 2010)).
(b) Hazırkı işə tətbiq etmə
223. Məhkəmə ilk növbədə qeyd edir ki, əraziləri Avropa İttifaqının xarici sərhədlərini təşkil edən dövlətlər hazırda artmaqda olan miqrant və sığınacaq axtaranların axımı ilə bağlı böyük çətinliklərlə üzləşmişlər. Dublin Qaydaları əsasında sığınacaq axtaranların digər üzv dövlətlərdən bu ölkələrə təhvil verilməsi (yuxarıda 65-82-ci bəndlərə bax) vəziyyəti daha da ağırlaşdırır. Məhkəmə bu vəziyyətin maraqlı dövlətlərin üzərinə qoyduğu və hazırkı iqtisadi böhran şəraitində daha da ağır olan yükü və təzyiqi göz ardına almır. O, xüsusilə miqrantların və sığınacaq axtaranların beynəlxalq hava limanlarına gəlişləri zamanı qəbulunda yaranan çətinliklərdən və bu dövlətlərdən bəzilərinin imkanları ilə müqayisə edildikdə sığınacaq axtaranların qeyri-mütənasib sayda olmalarından xəbərdardır. Lakin 3-cü maddənin mütləq təbiətə malik olması nəzərə alınarsa, qeyd edilən vəziyyət dövləti bu müddəadan irəli gələn öhdəliklərindən azad etmir.
224. Bunu nəzərə alaraq Məhkəmə ərizəçinin 3-cü maddə əsasında irəli sürdüyü şikayətlərinə baxılması zamanı bu çətin vəziyyətin nəzərə alınmalı olmasına dair Yunanıstan Hökumətinin dəlilini qəbul etmir.
225. Məhkəmə ərizəçinin saxlama yerində yerləşdirilməsinin hallarının və Yunanıstan Hökumətinin ehtimalına baxmayaraq ərizəçinin “qanunsuz miqrant” xarakteristikasına malik olmadığı faktının nəzərə alınmasının zəruri olduğunu hesab edir. Bunun əksinə, ərizəçinin işi ilə məşğul olmaq barədə 2009-cu il 4 iyun tarixində razılığa gəldikdən sonra Yunanıstan Hökuməti ərizəçinin kimliyi və onun potensial sığınacaq axtaran şəxs olması barədə məlumata malik idi. Buna baxmayaraq o, dərhal, heç bir izahat verilmədən saxlama yerinə yerləşdirilmişdir.
226. Məhkəmə qeyd edir ki, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmiş müxtəlif hesabatlara görə (yuxarıda 160-cı bəndə bax) sığınacaq axtaranların saxlanma səbəbləri barədə heç bir məlumat verilmədən azadlıqdan məhrumetmə yerlərinə salınması Yunanıstanın hakimiyyət orqanlarının geniş istifadə etdiyi təcrübədir.
227. Məhkəmə həmçinin ərizəçinin ikinci dəfə saxlanılması zamanı polis tərəfindən qəddarlıqlara və təhqirlərə məruz qaldığını iddia etməsini nəzərə alır. O qeyd edir ki, bu iddialar tibbi arayış kimi hər hansı sənəd ilə təsdiq edilmədiyindən ərizəçiyə dəqiq nə olduğunu əminliklə təsdiq etmək qeyri-mümkündür. Lakin Məhkəmə bir daha qeyd etməlidir ki, ərizəçinin iddiaları beynəlxalq təşkilatların şahidlərdən əldə etdiyi bir çox məlumatlara uyğundur (yuxarıda 160-cı bəndə bax). O xüsusilə qeyd edir ki, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi 2007-ci ildə Afina beynəlxalq hava limanının yaxınlığında yerləşən saxlama mərkəzinə baş çəkdikdən sonra şəxslərlə polis əməkdaşları tərəfindən pis rəftar olunması halları barədə məlumat vermişdir (yuxarıda 163-cü bəndə bax).
228. Məhkəmə qeyd edir ki, tərəflər ərizəçinin hansı sektorda saxlanması barədə fikir ayrılığına malikdirlər. Hökumət ərizəçinin iki müxtəlif sektorda saxlanıldığını və iki sektorun avadanlıqları arasındakı fərqlərin nəzərə alınmalı olduğunu qeyd etmişdir. Digər tərəfdən ərizəçi iddia edir ki, o, hər iki dəfə eyni şəraitdə saxlanılmışdır. Məhkəmə qeyd edir ki, saxlanılan şəxslərin bu və ya digər sektora salınması təcrübədə hər hansı ciddi qaydaya uyğun həyata keçirilmir, lakin hər bir sektorda saxlanılan şəxslərin sayından asılı olaraq dəyişə bilər (yuxarıda 165-ci bəndə bax). Ona görə də olsa bilsin ki, ərizəçi eyni sektorda iki dəfə saxlanmışdır. Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı Hökumətin göstərdiyi fərqin nəzərə alınmasına heç bir ehtiyac yoxdur.
229. Qeyd etmək vacibdir ki, ərizəçinin saxlama mərkəzindəki yaşayış şəraiti ilə bağlı iddiaları İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin (yuxarıda 163-cü bəndə bax), BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (yuxarıda 213-cü bəndə bax), “Amnesty International” təşkilatının və Sərhədsiz həkimlər təşkilatının Yunanıstan bölməsinin (yuxarıda 165-ci və 166-cı bəndlərə bax) hesabatlarındakı məlumatlar ilə də təsdiq olunur və Hökumət bu məlumatları açıq şəkildə mübahisələndirmir.
230. Məhkəmə qeyd edir ki, hava limanının yaxınlığında yerləşən saxlama mərkəzlərinə baş çəkmiş təşkilatların məlumatlarına görə sığınacaq axtaranlar üçün nəzərdə tutulmuş sektorun qapıları nadir hallarda açılırdı. Saxlanılan şəxslər bayırdakı su fontanından istifadə edə bilmirdilər və ayaqyolundan su içməyə məcbur olurdular. Həbs edilmiş şəxslər üçün nəzərdə tutulmuş sektorda 110 kv.m.-lik yerdə 145 şəxs saxlanılırdı. Bir çox kameralarda 14-17 şəxs üçün yalnız bir çarpayı var idi. Kifayət sayda döşək olmadığından saxlanılan şəxslərin bəziləri döşəmənin üzərində yatırlar. Saxlanılan bütün şəxslərin eyni vaxtda uzanması və yatması üçün kifayət qədər yer yox idi. İçəridə adam sayı çox olduğundan ventilyasiyanın səviyyəsi aşağı idi və kameralar dözülməz dərəcədə isti idi. Saxlanılan şəxslərin ayaqyoluna getmələri ciddi şəkildə məhdudlaşdırılmışdı və onlar polisin dəhlizə çıxmalarına icazə verməməsindən şikayət edirdilər. Polis etiraf etmişdir ki, saxlanılan şəxslər ayaqyolu əvəzinə plastik şüşələrdən istifadə edir və bu şüşələri ayaqyoluna getmələrinə icazə verilən zaman boşaldırdılar. Müşahidələrə görə sektorlardan heç birində sabun və ya tualet kağızı yoz idi, sanitar və digər qovşaqlar çirkli vəziyyətdə idi, sanitar qovşaqların qapıları yox idi və saxlanılan şəxslər bayırda gəzməkdən məhrum edilmişlər.
231. Məhkəmə təkrar edir ki, o, artıq Yunanıstanın digər saxlama mərkəzlərində də rast gəlinmiş bu şəraitin Konvensiyanın 3-cü maddəsinin mənasında alçaldıcı rəftara bərabər tutulması barədə qərar qəbul etmişdir (yuxarıda 222-ci bəndə bax). Belə bir qənaətə gələn zaman Məhkəmə ərizəçilərin sığınacaq axtaran şəxs olduqlarını nəzərə almışdır.
232. Məhkəmə Yunanıstan Hökumətinin ərizəçinin saxlanma müddətlərinin qısa olması dəlilini əsas kimi götürərək yuxarıda qeyd edilmiş qərardan fərqli qərar qəbul edilməsi üçün heç bir səbəb görmür. O, ərizəçinin saxlanma müddətlərinin (2009-cu ilin iyun ayında dörd gün və 2009-cu ilin avqust ayında bir həftə) az olduğunu hesab etmir. Hazırkı işdə Məhkəmə onu nəzərə almalıdır ki, sığınacaq axtaran şəxs kimi ərizəçinin vəziyyəti onun mühacirəti zamanı çəkdikləri və əvvəllər dözməyə məcbur olduğu ağrı dolu günlər ilə əlaqədar olaraq xüsusi ilə həssas idi.
233. Bunun əksinə, Afina hava limanının yaxınlığında yerləşən saxlama mərkəzində şərait ilə bağlı sərəncamında olan məlumatı nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin saxlanma şəraiti qəbuledilməz idi. O hesab edir ki, özbaşınalığın mövcudluğu hissi, çox zaman bununla yanaşı keçirilən alçalma və narahatlıq hissi, həmçinin belə saxlama şəraitinin təbii olaraq şəxsin ləyaqətində buraxdığı dərin izlər birlikdə götürüldükdə Konvensiyanın 3-cü maddəsinə ziddiyyət təşkil edən alçaldıcı rəftar hesab edilir. Bundan əlavə, ərizəçinin əzabları onun sığınacaq axtaran şəxslərin vəziyyətinə xas olan həssaslıq ilə daha da dərinləşmişdir.
234. Buna görə də bu halda Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
II.ƏRİZƏÇİNİN YAŞAYIŞ ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR YUNANISTAN TƏRƏFİNDƏN KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
235. Ərizəçi iddia etmişdir ki, Yunanıstana gəlişindən sonra yaşamağa məcbur olduğu son dərəcə yoxsulluq vəziyyəti yuxarıda istinad edilmiş 3-cü maddənin mənasında qeyri-insani və alçaldıcı rəftara bərabərdir.
A. Tərəflərin izahatları
1. Ərizəçi
236. Ərizəçi şikayət edərək bildirmişdir ki, Yunanıstanın hakimiyyət orqanları yaşayış sahəsi ilə təmin olunma imkanları barədə ona heç bir məlumat verməmiş və ümumiyyətlə, sığınacaq axtaranların, xüsusilə də onun riskli vəziyyətdə olması barədə xəbərdar olsalar da, onu yaşamaq üçün zəruri vasitələrlə təmin etmək istiqamətində heç bir tədbir görməmişdir. O bildirmişdir ki, ona sığınacaq alma qaydası barədə heç bir kitabça verilməmiş və dövlət orqanlarına bir-neçə dəfə evsiz olmasını demişdir. O qeyd etmişdir ki, 2009-cu ilin 18 iyun tarixində ona təqdim edilmiş bildirişdə yazılmış “məlum olan yaşayış yeri yoxdur” sözləri dediklərini sübut edir.
237. Ərizəçi bildirmişdir ki, yalnız 2009-cu ilin 18 dekabr tarixində işinin Avropa Məhkəməsində olduğunu polisə bildirdikdən sonra onun üçün yaşayış yerinin tapılması məqsədilə addımlar atılmağa başlanmışdır. O qeyd etmişdir ki, dekabr ayında və 2010-cu ilin yanvar ayının əvvəllərində bir-neçə dəfə baş polis idarəsinə gəlmiş və hər hansı yaşayış yerinin tapılıb-tapılmadığını öyrənmək üçün burada saatlarla gözləmişdir. Heç bir yaşayış yeri tapılmadığından o demək olar ki, ümidlərini kəsmişdir.
238. Yaşayış üçün heç bir vəsaitə malik olmadığına görə o, bir çox başqa sığınacaq axtaran əfqanlar kimi aylarla Afinanın mərkəzində yerləşən parkda yaşamışdır. O, gününü yemək axtarmaqla keçirmişdir. Bəzən yerli əhali və kilsə ona maddi yardım göstərirdi. Hər hansı sanitar qovşaqdan istifadə edə bilmirdi. Gecələr o, daim hücuma və soyğunçuluğa məruz qalacağı qorxusu ilə yaşayırdı. O bildirmişdir ki, çarəsizlik və maddi və psixoloji məhrumiyyətlər ilə nəticələnmiş bu vəziyyəti 3-cü maddəyə ziddiyyət təşkil edən rəftara bərabərdir.
239. Ərizəçi hesab etmişdir ki, onun ehtiyac, qorxu və qeyri-müəyyənlik içində yaşaması elə bir vəziyyətə gəlib çatmışdır ki, Yunanıstanı tərk edərək başqa yerdə sığınacaq axtarmaqdan başqa çarəsi qalmamışdır.
2. Yunanıstan Hökuməti
240. Hökumət bildirmişdir ki, ərizəçi azad edildikdən sonra düşdüyü vəziyyət onun öz seçimi və hərəkətsizliyinin nəticəsi olmuşdur. Ərizəçi malik olduğu vəsaiti yaşayış yeri tapmağa deyil, başqa bir ölkəyə qaçmağa sərf etmək qərarına gəlmişdir. Bundan əlavə, o, yalnız 2009-cu ilin 18 dekabrında evsiz olduğunu bildirmişdir. Əgər o, 2009-cu il 18 iyun tarixli bildirişdəki göstərişlərə əməl etsəydi və daha erkən vaxtlarda Attika Baş Polis İdarəsinə gedərək qalmağa yerinin olmadığını bildirsəydi, hakimiyyət orqanları onun üçün yaşayış yerinin tapılması istiqamətində tədbirlər görə bilərdi. Hökumət qeyd etmişdir ki, bildirişdə yazılmış “məlum olan yaşayış yeri yoxdur” sözləri sadəcə o demək idi ki, o, hakimiyyət orqanlarına yaşadığı ünvan barədə məlumat verməmişdir.
241. Hakimiyyət orqanları ərizəçinin vəziyyəti barədə məlumat aldıqdan sonra zəruri tədbirlər görülmüşdür və yataqxanada onun qalması üçün yer tapılmışdır. Lakin ərizəçi onunla əlaqə saxlanılması üçün hər hansı bir ünvan qoymadığından ona bu barədə məlumat vermək mümkün olmamışdır. Bundan əlavə, 2009-cu ilin iyunundan ərizəçi “çəhrayı vəsiqə”yə malik olmuşdur ki, bu da ona işləmək, peşə təlimi keçmək, yaşayış yeri tapmaq və tibbi yardım almaq hüququ verirdi və bu vəsiqə iki dəfə yenilənmişdi.
242. Hökumət bildirmişdir ki, belə şəraitdə ərizəçi özü hərəkət edərək öz vəziyyətini yaxşılaşdırmaq istiqamətində marağını nümayiş etdirməli idi. Lakin bunun əksinə onun Yunanıstanda etdikləri göstərirdi ki, bu ölkədə qalmaq istəyi yoxdur.
243. Yunanıstan Hökuməti qeyd etmişdir ki, hər bir halda ərizəçinin lehinə qərar qəbul edilməsi Konvensiyanın müddəalarına zidd getmiş olardı. Belə ki, bu müddəalarda yaşayış yeri ilə təmin olunmaq və ya siyasi sığınacaq almaq hüququ təsbit edilməmişdir. Başqa bir qərarın qəbul edilməsi evsiz insanlardan saysız-hesabsız oxşar ərizələrin təqdim edilməsi üçün imkan yaradacaq və sosial təminat sahəsində siyasət ilə bağlı dövlətin üzərinə həddən artıq pozitiv öhdəlik qoyacaqdır. Hökumət qeyd etmişdir ki, Məhkəmənin özünün mövqeyin görə “hər bir insanın ləyaqətli şəkildə yaşaya biləcəyi yerin olması arzu edilən olsa da, təəssüflər olsun ki, Razılığa Gələn Dövlətlərdə evi olmayan çox sayda insan vardır və dövlətin hər bir kəsin ev ilə təmin olunması üçün vəsait ayırması hüquqi deyil, siyasi bir məsələdir” (“Çapman Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Chapman v. the United Kingdom [GC], no. 27238/95, § 99, ECHR 2001‑I)).
B. Üçüncü tərəf kimi işdə iştirak edən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Aire Mərkəzi və “Amnesty International” təşkilatının qeydləri
244. Komissar qeyd etmişdir ki, hər il Yunanıstana təqdim edilən sığınacaq verilməsinə dair ərizələrin sayı ilə müqayisə edildikdə ölkənin 2010-cu ilin fevral ayı üçün ümumilikdə 741 nəfərdən ibarət olan on bir qəbul mərkəzini əhatə edən qəbul imkanları açıq-aşkar qeyri-qənaətbəxş olmuşdur. O, sığınacaq axtaran şəxslərin maddi vəziyyətinin çox ağır olduğunu bildirmiş və 2009-cu ilin iyul ayına qədər xüsusilə İraq və Əfqanıstandan olan 3000 insanın yaşayış və gigiyena standartları baxımından qeyri-məqbul şəraitdə saxlanıldığı Patras müvəqqəti düşərgəsini xatırlatmışdır. 2010-cu ilin fevral ayında həyata keçirdiyi səfər zamanı o qeyd etmişdir ki, Hökumətin 2008-ci ildə etdiyi bəyanata baxmayaraq 1000 nəfərin saxlana biləcəyi mərkəzin inşası üzrə işlər hələ də başlanmamışdır. Polis orqanlarının ona verdiyi məlumata görə əfqanların 70 faizi sığınacaq axtaran şəxs kimi qeydiyyatdan keçmişlər və “çəhrayı vəsiqəyə” malikdirlər. O, həmçinin Patras regionundakı üç əfqanının işini də xatırlatmışdır. Bu şəxslər iki il ərzində Yunanıstanda karton daldalanacaqda yaşamış və Yunanıstan dövləti onlara heç bir yardım göstərməmişdir. Yalnız Qırmızı Xaçın yerli bölməsi onlara ərzaq vermiş və qayğı göstərmişdir.
245. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da eyni narahatlığı ifadə etmişdir. 2009-cu ilə olan məlumata görə Yunanıstanda ümumilikdə 865 nəfərlik on iki qəbul mərkəzi fəaliyyət göstərmişdir. Yetkinlik yaşına çatmış kişi sığınacaq axtaranın demək olar ki, qəbul mərkəzində yer almaq imkanı yox idi. Bir çoxları dövlətdən heç bir dəstək almadan ictimai yerlərdə və ya tərk edilmiş binalarda yaşayır, yaxud da birlikdə otaq kirayə edərək həddən artıq ağır xərci üzərilərinə götürürdülər. 2010-cu ilin fevral ayından aprel ayına qədər aparılmış rəy sorğusuna əsasən “Dublin qaydaları”na görə sığınacaq axtaran bütün şəxslər evsiz olmuşlar. Dinləmələr zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Attika Baş Polis İdarəsində qəbula düşməyin nə qədər çətin olduğunu vurğulamışdır. Bu vəziyyət faktiki olaraq hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş müddətlərə əməl edilməsini mümkünsüz edirdi, belə ki, gözləyən şəxslərin sayı çox idi və təhlükəsizlik əməkdaşları qapının girişində içəri daxil olacaq insanları necə gəldi müəyyən edirdilər.
246. Aire Mərkəzi və “Amnesty International” təşkilatının məlumatlarına görə Yunanıstandakı hazırkı vəziyyət elədir ki, sığınacaq axtaranlar yalnız dövlət orqanlarının maddi dəstəyindən deyil, eyni zamanda öz ehtiyaclarını özləri ödəmək hüququndan da məhrum edilmişlər. Buna görə də onların düşdükləri son dərəcə yoxsulluq şəraiti dövlətin qanunsuz əməlləri nəticəsində yaranmış yoxsulluq vəziyyətinə dair Məhkəmənin təcrübəsinə uyğun olaraq Konvensiyanın 3-cü maddəsinə zidd rəftar hesab edilməlidir.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ərizənin qəbuledilənliyi
247. Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsi əsasında Yunanıstanda yaşama şəraiti barədə irəli sürdüyü şikayətlər hüquq və faktlarla bağlı mürəkkəb məsələlər ortaya çıxarır və işin mahiyyəti araşdırılmadan bu məsələlərin müəyyən edilməsi mümkün deyil.
248. Buradan belə çıxır ki, ərizə bu hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq-aşkar əsassız deyil. Eyni zamanda o, hər hansı başqa əsasa görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.
2. Ərizənin mahiyyəti
249. Məhkəmə artıq Konvensiyanın 3-cü maddəsi ilə bağlı presedent hüququnda müəyyən edilmiş və hazırkı işdə tətbiq edilməli olan ümumi prinsipləri təkrar etmişdir (yuxarıda 216-222-ci bəndlərə bax). O həmçinin qeyd etməyi zəruri hesab edir ki, 3-cü maddə Yüksək Razılığa Gələn Tərəfləri yurisdiksiyası altında olan hər bir kəsi ev ilə təmin etməyə məcbur edən müddəa kimi təfsir edilə bilməz (bax: yuxarıda qeyd edilmiş “Çapman” işi, 99-cu bənd). Eyni zamanda 3-cü maddə qaçqınlar üçün müəyyən yaşayış standartının təmin olunması məqsədilə onlara maddi yardım göstərilməsi sahəsində ümumi öhdəlik də müəyyən etmir (bax: “Müslim Türkiyəyə qarşı” (Müslim v. Turkey, no. 53566/99, § 85, 26 April 2005)).
250. Bununla belə, Məhkəmənin fikrinə görə hazırkı işə həmin kontekstdə baxıla bilməz. Yuxarıda qeyd edilmiş Müslim işindən (83-cü və 84-cü bəndlər) fərqli olaraq yoxsul vəziyyətdə olan sığınacaq axtaran şəxsin yaşayın yeri və zəruri maddi şərait ilə təmin olunması hazırda pozitiv hüququn tərkib hissəsidir və Yunanıstan hakimiyyəti Birlik hüququnu, xüsusilə üzv dövlətlərdə sığınacaq axtaranların qəbulunun minimal standartlarını təsbit edən 2003/9 nömrəli direktivi (“Qəbul məsələləri ilə bağlı direktiv”) implementasiya etmiş qanunvericiliyinə əməl etməlidir. Ərizəçi hazırkı işdə Yunanıstanın hakimiyyət orqanları əleyhinə ona görə şikayət edir ki, bu orqanların qəsdən edilmiş hərəkətləri və hərəkətsizlikləri nəticəsində onun faktiki olaraq bu hüquqlardan istifadə etməsi və əsas tələbatlarını təmin etməsi mümkünsüz olmuşdur.
251. Məhkəmə ərizəçinin sığınacaq axtaran şəxs statusuna malik olmasına və bu qisimdə xüsusi müdafiəyə ehtiyacı olan çox imtiyazsız və zəif əhali qrupunun üzvü olmasına mühüm əhəmiyyət verir (bax: mutatis mutandis, “Orşuş və Digərləri Xorvatiyaya qarşı” [Böyük Palata] (Oršuš and Others v. Croatia [GC], no. 15766/03, § 147, ECHR 2010‑...)). O, Cenevrə Konvensiyası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının səlahiyyətləri və fəaliyyəti və Avropa İttifaqının Qəbul məsələləri ilə bağlı direktivinin də təsbit etdiyi kimi xüsusi müdafiəyə olan bu ehtiyac ilə bağlı beynəlxalq və Avropa səviyyəsində geniş konsensusun mövcud olduğunu bildirmişdir.
252. Başqa sözlə, Məhkəmə maddi baxımdan son dərəcə yoxsul vəziyyətə düşmənin 3-cü maddə ilə bağlı məsələnin qalxması üçün əsas olub-ola bilməyəcəyini müəyyənləşdirməlidir.
253. Məhkəmə təkrar edir ki, o, “tam şəkildə dövlət dəstəyindən asılı vəziyyətdə olmuş ərizəçinin xüsusi məhrumiyyətlər və ya insan ləyaqəti ilə bir araya sığmayan yoxsulluq vəziyyətində rəsmi orqanların laqeydliyi ilə üzləşdiyi hallarda dövlətin rəftarına görə məsuliyyət daşımasını” istisna etməmişdir (bax: “Budina Rusiyaya qarşı” (Budina v. Russia, dec., no. 45603/05, ECHR 2009...)).
254. Məhkəmə qeyd edir ki, ərizəçinin düşdüyü vəziyyət xüsusilə ciddidir. O, ehtimal ki, aylarla son dərəcə yoxsul vəziyyətdə yaşamış və ən əsas ehtiyaclarını (qida, gigiyena və yaşayış yeri) belə ödəyə bilməmişdir. Bununla yanaşı o, daim hücuma və soyğunçuluğa məruz qalacağı hissi ilə yaşamış və onun vəziyyətinin yaxşılaşacağına azacıq belə güman olmamışdır. O, məhz təhlükəli vəziyyətdən və maddi və psixoloji sıxıntılarından canını qurtarmaq üçün bir-neçə dəfə Yunanıstandan qaçmağa cəhd göstərmişdir.
255. Məhkəmə qeyd edir ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının qeydlərinə, həmçinin qeyri-hökumət təşkilatlarının hesabatlarına görə (yuxarıda 160-cı bəndə bax) ərizəçinin təsvir etdiyi vəziyyətə geniş rast gəlinir və o, ərizəçi ilə eyni vəziyyətdə olan çox saylı sığınacaq axtaranların hər gün üzləşdiyi taledir. Buna görə də Məhkəmə ərizəçinin iddialarının həqiqiliyini şübhə altına almaq üçün hər hansı bir səbəb görmür.
256. Yunanıstan Hökuməti ərizəçinin düşdüyü vəziyyətə görə özünün məsuliyyət daşıdığını, hakimiyyət orqanlarının bu işdə lazımı çalışqanlıq nümayiş etdirdiklərini və ərizəçinin öz vəziyyətini yaxşılaşdırmaq üçün daha artıq səy göstərməli olduğunu bildirmişdir.
257. Tərəflər ərizəçiyə sığınacaq axtaranlar üçün nəzərdə tutulmuş məlumat kitabçasının verilib-verilmədiyi ilə bağlı fikir ayrılığına malikdirlər. Lakin Məhkəmə bunun işə hər hansı bir formada aidiyyəti olduğunu görmür, belə ki, kitabçada sığınacaq axtaranların polisə evsiz olmaları barədə məlumat verə biləcəkləri göstərilməmişdir və burada həmçinin yaşayış yeri ilə təminat məsələləri barədə də hər hansı məlumat yoxdur. Ərizəçinin ünvanını qeydiyyata salmaq üçün Attika Baş Polis İdarəsinə gəlməsi vəzifəsi ilə bağlı aldığı bildirişə gəlincə (yuxarıda 35-ci bəndə bax), Məhkəmənin fikrinə görə bu bildiriş qeyri-müəyyən xarakter daşıyır və burada yazılanlara qənaətbəxş informasiya kimi baxmaq mümkün deyil. Məhkəmə belə bir nəticəyə gəlir ki, hətta yaşayış yeri mövcud olardısa belə, ərizəçiyə yaşayış yeri ilə təmin olunmaq imkanları barədə heç zaman lazımı məlumat verilməmişdir.
258. Hər bir halda Məhkəmə dövlət orqanlarının ərizəçinin evsiz olduğunu görə və ya ehtimal edə bilmədiyinin səbəblərini anlaya bilmir. Hökumət özü etiraf etmişdir ki, on minlərlə sığınacaq axtaranın yerləşdirilməsi üçün qəbul mərkəzlərində mindən az yer var. Məhkəmə həmçinin qeyd edir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məlumatına görə hazırkı vaxtda yetkinlik yaşına çatmış kişi sığınacaq axtaranların faktiki olaraq qəbul mərkəzində yer almaq imkanlarının olmadığı hamıya məlum olan faktdır və 2010-cu ilin fevral ayından aprel ayına qədər aparılmış rəy sorğusunun nəticələrinə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən sorğuya cəlb edilmiş Dublin Qaydalarına əsasən sığınacaq axtaran bütün şəxslər evsiz idilər. Ərizəçi kimi onların əksəriyyəti də parklarda və ya istifadə edilməyən binalarda yaşayırlar (yuxarıda 169-cu, 244-cü və 242-ci bəndlərə bax).
259. Məhkəmənin ərizəçinin 2009-cu ilin dekabrına qədər bir-neçə dəfə evsiz olduğu barədə Yunanıstanın hakimiyyət orqanlarına məlumat verdiyi ilə bağlı söylədiklərinin düzgünlüyünü yoxlamaq imkanı olmasa da, Yunanıstanın qəbul mərkəzlərinin tutumu ilə bağlı yuxarıda qeyd edilmiş məlumatlar ərizəçinin düşdüyü vəziyyətin onun hərəkətindən irəli gəldiyinə dair Hökumətinin dəlillərinin çəkisini kifayət qədər aşağı salır. Hər bir halda sığınacaq axtaranların Yunanıstanda yaşadıqları məlum təhlükəli və həssas şəraiti xüsusi olaraq nəzərə alaraq Məhkəmə hesab edir ki, Yunanıstanın hakimiyyət orqanları ərizəçinin əsas tələbatlarının ödənilməsini təmin etmək üçün sadəcə olaraq onun təşəbbüsü ələ alaraq baş polis idarəsinə gəlməyini gözləməməli idi.
260. Qəbul mərkəzində yerin tapılması faktı da ərizəçinin vəziyyətini dəyişmir, belə ki, dövlət orqanları ona bu barədə hər hansı yolla məlumat verə bilməmişdir. Vəziyyət həm də ona görə narahatlıq doğurur ki, Hökumət artıq 2010-cu ilin 1 fevral tarixində Məhkəməyə təqdim etdiyi qeydlərdə bu məlumata istinad etmişdir və Böyük Palataya bildirmişdir ki, dövlət orqanları ərizəçini 2010-cu ilin 21 iyun tarixində görmüş və ona bildiriş təqdim etmiş, lakin bu zaman yaşayış yerinin tapılması barədə ona məlumat verməmişdir.
261. Məhkəmə həmçinin çəhrayı vəsiqənin ərizəçiyə praktiki baxımdan necə faydalı ola biləcəyini də anlamır. Qanun çəhrayı vəsiqəsi olan sığınacaq axtaranın əmək bazarının iştirakçısı olmasını təmin edir ki, bu da onun öz problemlərini həll etməsinə kömək edə və əsas tələbatlarının ödənilməsini təmin edə bilər. Lakin, burada da, istinad edilmiş hesabatlara görə təcrübədə əmək bazarına daxil olmaq qarşısında elə inzibati maneələr mövcuddur ki, buna real alternativ kimi baxılması mümkün deyil (yuxarıda 160-cı və 172-ci bəndlərə bax). Bununla yanaşı, ərizəçi yunan dilini bilməməsi, ona hər hansı dəstəyin göstərilməməsi və ümumilikdə iqtisadi mühitin əlverişsiz olması ilə əlaqədar şəxsi çətinliklər ilə də üzləşirdi.
262. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçinin şikayət etdiyi vəziyyət 2009-cu ilin iyununda Yunanıstana təhvil verilməsindən bəri davam etmişdir. Bu, onun sığınacaq axtaran şəxs statusuna malik olması və sığınacaq almaq barədə ərizəsinə Yunanıstanın hakimiyyət orqanları tərəfindən hələ də baxılmaması ilə bağlı olmuşdur. Başqa sözlə, Məhkəmənin fikrincə ərizəçinin ona sığınacaq verilməsinə dair xahişinə tez bir zamanda baxılsaydı, Yunanıstanın hakimiyyət orqanları onun əzablarını kifayət qədər azalda bilərdi.
263. Yuxarıda qeyd edilənləri və Yunanıstanın hakimiyyət orqanlarının Avropanın Qəbul ilə bağlı məsələlərə dair direktivi əsasında üzərilərinə götürdükləri öhdəlikləri (yuxarıda 84-cü bəndə bax) nəzərə alaraq Məhkəmə hesab edir ki, Yunanıstanın hakimiyyət orqanları ərizəçinin sığınacaq axtaran şəxs kimi həssas vəziyyətinə lazımı diqqət verməmişdir və öz hərəkətsizliklərinə, ərizəçinin bir-neçə ay ərzində düşdüyü vəziyyətə, sanitar qovşaqlardan istifadə etmək imkanı olmadan və əsas tələbatlarını ödəmək iqtidarında olmadan küçələrdə yaşamasına görə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, ərizəçi alçaldıcı rəftarın qurbanı olmuş, onun ləyaqətinə heç bir hörmət qoyulmamışdır və belə vəziyyət heç şübhəsiz onda qorxu, narahatlıq və alçalma hissləri doğurmuşdur ki, bu da ümidsizliyin yaranmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, bu cür yaşayış şəraiti onun uzun müddət ərzində qaldığı qeyri-müəyyənlik və vəziyyətinin yaxşılaşacağı ilə bağlı hər hansı perspektivin olmaması ilə birlikdə Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan ağırlıq səviyyəsinə malik olmuşdur.
264. Buradan belə çıxır ki, ərizəçi hakimiyyət orqanlarının təqsiri ucbatından Konvensiyanın 3-cü maddəsi ilə bir araya sığmayan vəziyyətə düşmüşdür. Buna görə də bu müddəanın tələbləri pozulmuşdur.
II. SIĞINACAQ VERİLMƏSİ QAYDASINDA ÇATIŞMAZLIQLAR İLƏ ƏLAQƏDAR YUNANISTAN TƏRƏFİNDƏN KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİ İLƏ BİRGƏ 13-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
265. Ərizəçi şikayət edərək bildirmişdir ki, Konvensiyanın 13-cü maddəsinə zidd olaraq onun 2-ci və 3-cü maddələr əsasında təqdim etdiyi şikayətləri ilə bağlı Yunanıstan qanunvericiliyinə görə səmərəli hüquq müdafiə vasitəsi olmamışdır.
Maddə 13
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
266. Ərizəçinin iddiasına görə Yunanıstanda sığınacaq verilməsi qaydasında elə çatışmazlıqlar mövcuddur ki, o, sığınacaq verilməsinə dair ərizəsi mahiyyəti üzrə real şəkildə araşdırılmadan Konvensiyanın yuxarıda qeyd edilmiş 3-cü və məzmunu aşağıda qeyd edilmiş 2-ci maddələrinə zidd olaraq gəldiyi ölkəyə geri qaytarılma təhlükəsi ilə üz-üzə qalmışdır.
Maddə 2
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
...”
A. Tərəflərin izahatları
1. Ərizəçi
267. Ərizəçi bildirmişdir ki, Kabildə yerləşmiş beynəlxalq hava qüvvələri qoşunları üçün tərcüməçi kimi çalışdığına görə Talibanın onu cəzalandırmaq məqsədilə həyatına qəsd etmək cəhdlərindən qaçaraq Əfqanıstanı tərk etmişdir. Avropaya gəldikdən sonra o, Əfqanıstanda qalmış ailə üzvləri ilə əlaqə saxlamış və onlar vəziyyətin təhlükəli olması və cəzalanma hədələrinin daha da artması ilə bağlı olaraq ərizəçiyə geri qayıtmamağı tövsiyə etmişlər.
268. Ərizəçi qorxularının araşdırılmasını istəmiş və Yunanıstana sığınacaq almaq üçün bu məqsədlə müraciət etmişdir. Lakin sığınacaq verilməsi prosedurunun işləyəcəyinə onun inamı olmamışdır.
269. İlk növbədə o, üzləşdiyi praktiki maneələrdən şikayət etmişdir. Misal üçün, o iddia etmişdir ki, hava limanında ona sığınacaq alınması qaydası barədə məlumat kitabçası verilməmiş və sadəcə olaraq ünvanını qeydiyyatdan keçirmək üçün Attika Baş Polis İdarəsinə getməli olması deyilmişdir. Qeydiyyatdan keçiriləcək ünvanı olmadığı üçün o, bunu etməmişdir. Onu inandırmışlar ki, prosedura başlanması üçün ünvanın olması şərtdir. Sonradan o, bir-neçə dəfə uğursuz şəkildə baş polis idarəsinə gələrək özünü təqdim etməyə çalışmış, burada saatlarla gözləməyə məcbur olmuş, lakin bununla da vəziyyətinə hər hansı bir aydınlıq gətirilməmişdir.
270. İkincisi, ərizəçi inanır ki, yalnız müvəqqəti xarakterli tədbirlərin görülməsi ilə bağlı Avropa Məhkəməsinin Yunanıstan Hökumətinə göstərişi sayəsində onun öz ölkəsinə geri qaytarılmasının qarşısı alınmışdır. Həmin “müdafiə”dən savayı sığınacaq prosedurunun öz axarı ilə gedəcəyinə dair onda hər hansı başqa təminat olmamışdır. Hətta prosedur öz axarı ilə getsəydi belə, o, qorxularının mahiyyəti üzrə Yunanıstanın hakimiyyət orqanları tərəfindən ciddi şəkildə araşdırılacağına dair hər hansı təminat vermirdi. O, bildirmişdir ki, vəkilin xidmətlərinin ödənilməsi üçün zəruri vəsaitə malik olmamış, bu mərhələdə ona hüquqi yardım göstərilməmiş, birinci instansiyada müsahibələrin səthi xarakter daşıması hamıya məlum olan fakt olmuş, qorxularının mahiyyəti üzrə araşdırılması məqsədilə səlahiyyətli orqana şikayət etmək imkanına malik olmamış, Ali İnzibati Məhkəməyə şikayət verilməsi qərarının icrasını avtomatik dayandırmaq effektinə malik olmamış və prosedur uzun müddətli olmuşdur. Ərizəçinin sözlərinə görə Yunanıstan hakimiyyət orqanlarının birinci instansiyada və ya şikayətlərə baxılan zaman beynəlxalq müdafiə verməsi ilə bağlı hər hansı məlumatın olmaması bu prosedurun nə qədər effektiv işləməsinin göstəricisidir.
2. Yunanıstan Hökuməti
271. Hökumət ərizəçinin sığınacaq verilməsi proseduru zamanı iddia etdiyi çatışmazlıqların nəticələrindən əziyyət çəkmədiyini və buna görə də Konvensiyanın məqsədləri üçün zərərçəkmiş şəxs hesab edilməli olmadığını bildirmişdir.
272. Ərizəçinin davranışı nəzərə alınmalıdır: bu davranış qanunvericiliyə zidd olmuş, o, hakimiyyət orqanları ilə əməkdaşlıq etməmiş və prosedurun sakit axarı ilə getməsi üçün heç bir maraq göstərməmişdir. 2009-cu ilin iyun ayında Attika Baş Polis İdarəsinə gəlməməklə o, prosedura başlanması üçün formal tələblərə əməl etməmiş və imkandan istifadə edərək polisə ünvanının olmaması barədə məlumat verməmişdir. Belə məlumat verilsəydi, başqa kanallar vasitəsilə ona işində hər hansı bir irəliləyişin olması barədə xəbərdarlıq edilə bilinərdi. Bundan əlavə, o, sığınacaq almaq üçün müraciət etdiyini hakimiyyət orqanlarından gizlətməklə müxtəlif sənədlər təqdim edərək Yunanıstanı tərk etməyə cəhd etmişdir.
273. Hökumət hesab edir ki, ərizəçinin etinasızlığına və buraxdığı səhvlərə baxmayaraq Yunanıstanın hakimiyyət orqanları qanunvericiliyin normalarına əməl etmişdir. O xüsusilə bildirmişdir ki, ərizəçinin hələ də Yunanıstanda olması və 2009-cu ilin avqustunda ölkəni tərk etməyə səy göstərməklə yaratdığı vəziyyətə baxmayaraq deportasiya olunmaması faktı bunun bariz sübutudur.
274. Ərizəçinin dediklərinin əksinə olaraq Hökumət onun şikayətlərinin əsassız olduğunu iddia etmişdir. Hökumət bildirmişdir ki, Yunanıstanın qanunvericiliyi sığınacaq məsələləri, o cümlədən geri qaytarılmama prinsipi ilə bağlı Birlik hüququ və beynəlxalq hüquq normalarına uyğundur. Yunanıstan qanunvericiliyi sığınacaq verilməsinə dair ərizələrin Konvensiyanın 2-ci və 3-cü maddələri ilə bağlı mahiyyəti üzrə araşdırılmasını nəzərdə tutur. Sığınacaq axtaranlar prosesin hər mərhələsində tərcüməçinin xidmətlərindən istifadə edə bilərlər.
275. Hökumət ərizəçinin sığınacaq verilməsinə dair ərizəsinə Yunanıstanın hakimiyyət orqanları tərəfindən hələ də baxılmadığını təsdiq etmiş, lakin Məhkəməni əmin etmişdir ki, ərizəyə yuxarıda qeyd edilmiş standartlara uyğun şəkildə baxılacaqdır.
276. Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq müraciətləri təmin olunmamış sığınacaq axtaranlar işlərinə yenidən baxılması üçün Ali İnzibati Məhkəməyə şikayət edə bilərlər. Hökumətin mövqeyinə görə belə şikayət Məhkəmənin “Brayən Birləşmiş Krallığa qarşı” qərarında (Bryan v. the United Kingdom judgment (22 November 1995, § 47, Series A no. 335‑A)) xahiş etdiyi təminatları təklif edən səmərəli vasitədir. Hökumət Ali İnzibati Məhkəmənin bir sıra qərarlarını Avropa Məhkəməsinə təqdim etmişdir ki, bu qərarlarla dövlət orqanlarının, misal üçün, təqib risklərinə istinad edilən bəzi sənədləri nəzərə almaması ilə bağlı olaraq sığınacaq verilməsinə dair ərizələrin təmin olunmamasına dair qərarları ləğv edilmişdir. Hökumət qeyd etmişdir ki, hər bir halda birinci instansiyada ərizələri təmin olunmamış sığınacaq axtaranlara işin mahiyyəti ilə bağlı şikayət etmək imkanının verilməsi Konvensiyanın tələbi kimi nəzərdə tutulmamışdır.
277. Hökumətin mövqeyinə görə hüquqi yardım sisteminin pis işləməsi ilə bağlı şikayətlər nəzərə alınmamalıdır, belə ki, 6-cı maddə sığınacaq verilməsi qaydasına münasibətdə tətbiq edilmir. Eyni şəkildə Ali İnzibati Məhkəmənin işlərə baxan zaman yol verdiyi istənilən prosessual ləngitmə halları Konvensiyanın 6-cı maddəsinin hüdudları daxilinə düşmədiyindən Məhkəmə tərəfindən hazırkı işdə bu məsələlərə baxıla bilməz.
278. Bundan əlavə, sığınacaq verilməsi proseduru başa çatdırılana qədər sığınacaq axtaranlar üçün öz ölkələrinə geri qaytarılmaq riski olmamışdır və zəruri olduqda onlar Ali İnzibati Məhkəmədən sığınacaq verilməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra çıxarılmış ölkə hüdudlarından kənara çıxarılma barədə əmrin icrasının təxirə salınmasını xahiş edə bilərdilər və bunun da nəticəsində əmrin icrası dayandırılacaqdı. Bunu sübut etmək üçün Hökumət bir neçə məhkəmə qərarını təqdim etmişdir.
279. Hökumət Böyük Palatada keçirilmiş şifahi dinləmələrdə bildirmişdir ki, hətta hazırkı şəraitdə belə ərizəçinin istənilən vaxt Əfqanıstana deportasiya olunması təhlükəsi yoxdur, belə ki, indiki siyasətə görə heç kəs zorla həmin ölkəyə göndərilmir. 2009-cu ildə zorla çarter reysli ilə Pakistan vətəndaşları geri qaytarılmışlar, çünki onlar sığınacaq almaq üçün Yunanıstana müraciət etməmişdilər. Yalnız 2009-cu ildə 468, 2010-cu ildə isə 296 nəfər əfqan könüllü qaydada Avropa Qayıdış Fondunun maliyyələşdirdiyi proqramın tərkib hissəsi kimi geri Əfqanıstana qaytarılmışlar. Ərizəçinin Türkiyəyə göndərilməsi təhlükəsi də olmamışdır. Belə ki, o, Yunanıstana Avropa İttifaqının üzvü olan başqa bir dövlət tərəfindən təhvil verildiyindən Yunanıstan ilə Türkiyə arasında readmissiyaya dair bağlanmış sazişin təsiri dairəsinə düşmürdü.
280. Hökumət Böyük Palatada keçirilmiş şifahi dinləmələrdə daha sonra ərizəçinin 2010-cu ilin 21 iyun tarixində 2010-cu ilin 2 iyul tarixinə təyin edilmiş ilkin müsahibəyə gəlmədiyi faktına istinad edərək bu müsahibənin onun Əfqanıstana geri qaytarılacağından qorxduğunu Yunanıstanın hakimiyyət orqanlarına izah etməsi üçün imkan olduğunu bildirmişdir. Hökumətin mövqeyinə görə bu, yalnız ərizəçinin sığınacaq verilməsi proseduruna hər hansı maraq göstərməməsinin deyil, Konvensiyanın 2-ci və 3-cü maddələrinin pozulması qorxusu ilə bağlı Yunanıstanın qanunvericiliyində nəzərdə tutulmuş hüquq müdafiə vasitələrini tükəndirmədiyinin göstəricisidir.
B. Üçüncü tərəf kimi işdə iştirak edən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Aire Mərkəzi, “Amnesty International” və Yunanıstanın Helsinki Monitor təşkilatlarının qeydləri
281. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Aire Mərkəzi, “Amnesty International” və Yunanıstanın Helsinki Monitor təşkilatlarının yekdil mövqeyinə görə Yunanıstanın sığınacaq məsələlərinə dair hazırkı qanunvericiliyi və təcrübəsi insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq və Avropa standartlarına uyğun deyil. Onlar sığınacaq almaq proseduru barədə adekvat, bəzən isə ümumiyyətlə hər hansı zəruri məlumatın olmamasından, sığınacaq verilməsinə dair ərizələri qəbul edib onlara baxmaq üçün müvafiq qaydada təlim keçmiş kadrların olmamasından, birinci instansiyada qəbul edilmiş qərarların strukturda olan çatışmazlıqlar və prosessual təminatların olmaması, xüsusilə hüquqi yardım və tərcüməçi xidmətindən istifadənin mümkün olmamasından qaynaqlanaraq aşağı səviyyədə olması və kifayət qədər uzun müddət davam etməsi, qərarın icrasının avtomatik dayandırılması təsirinə malik olmaması və hüquqi yardım almağın çətinliyi ilə əlaqədar olaraq Ali İnzibati Məhkəməyə şikayət etmənin səmərəsizliyindən təəssüfləndiklərini bildirmişlər. Onlar təcrübədə “Dublin Qaydaları” əsasında sığınacaq axtaranların digər sığınacaq axtaranlar ilə eyni maneələr ilə üzləşdiklərini vurğulamışlar.
282. Komissar və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Yunanıstanın hakimiyyət orqanları tərəfindən fərdi və ya kollektiv qaydada zorla Türkiyəyə qaytarma təcrübəsinin davam etdirilməsindən narahatlıqlarını ifadə etmişdir. Onlar tərəfindən təsbit edilmiş işlər istər ilk dəfə Yunanıstana gəlmiş, istərsə də artıq sığınacaq axtaran kimi qeydiyyatdan keçmiş şəxslər ilə bağlı olmuşdur.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ərizənin qəbuledilənliyi
283. Yunanıstan Hökuməti bildirmişdir ki, ərizəçi Konvensiyanın 34-cü maddəsinin mənasında zərərçəkmiş şəxs hesab edilə bilməz. Belə ki, şikayətində göstərdiyi vəziyyətə düşdüyünə görə yalnız o, özü günahlandırılmalıdır və ərizəçi prosedurdakı hər hansı çatışmazlığın nəticələrindən əziyyət çəkməmişdir. Hökumət daha sonra bildirmişdir ki, 2010-cu ilin 2 iyulunda Attika Baş Polis İdarəsində təyin edilmiş ilk müsahibəyə getməmiş və Yunanıstanın hakimiyyət orqanlarına iddialarını mahiyyəti üzrə yoxlamaq imkanı verməmişdir. Bu o deməkdir ki, o, dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir. Hökumət Məhkəməni ərizənin bu hissəsini qəbuledilməz elan etməyə və Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndləri əsasında onu təmin etməməyə dəvət etmişdir.
284. Məhkəmə qeyd edir ki, Hökumətin ilkin etirazında qaldırılmış məsələlər Yunanıstanın sığınacaq verilməsi prosedurunda mövcud olan çatışmazlıqlar ilə əlaqədar Konvensiyanın 2-ci və 3-cü maddələri ilə birgə 13-cü maddəsi əsasında irəli sürülmüş, onun tərəfindən araşdırılacaq şikayətlər ilə sıx surətdə bağlıdır. Buna görə də bu məsələlərə şikayətlərin mahiyyəti ilə bağlı olan məsələlər ilə birgə baxılmalıdır.
285. Bundan əlavə, Məhkəmə hesab edir ki, ərizənin bu hissəsində hüquq və faktlarla bağlı kompleks məsələlər ortaya çıxır və ərizənin mahiyyəti ilə bağlı məsələlər araşdırılmadan onları müəyyən etmək mümkün deyil. Buradan belə çıxır ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyil. O, başqa əsaslara görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə bu hissədə qəbuledilən elan edilməlidir.
2. Ərizənin mahiyyəti
(a) Ümumi prinsiplərin xülasəsi
286. Sığınacaq axtaranların deportasiyası ilə bağlı işlərdə Məhkəmə izah etmişdir ki, o, özü sığınacaq verilməsinə dair mövcud ərizələri araşdırmır və dövlətlərin Cenevrə Konvensiyasına necə əməl etmələrini yoxlamır. Onu ərizəçinin birbaşa və ya dolayısı ilə qaçdığı ölkəyə qanunsuz olaraq geri qaytarılmaqdan müdafiə olunması üçün səmərəli təminatların mövcud olub-olmadığı maraqlandırır (digər qərarlar ilə yanaşı bax: “T.İ. Birləşmiş Krallığa qarşı” (T.I. v. the United Kingdom (dec. no. 43844/98, ECHR 2000-III) və yuxarıda qeyd edilmiş “Müslim” işi, 72-ci və 76-cı bəndlər).
287. 1-ci maddəyə əsasən (burada qeyd edilir: “Yüksək Razılığa Gələn Tərəflər yurisdiksiyası alında olan hər kəsin bu Konvensiyanın 1-ci bölməsində təsbit edilmiş hüquq və azadlıqlardan istifadəsini təmin etməlidir”.) müəyyən edilmiş hüquq və azadlıqların həyata keçirilməsi sahəsində əsas məsuliyyət milli hakimiyyət orqanlarının üzərinə düşür. Beləliklə də, Məhkəmənin şikayətlərə baxma mexanizmi insan hüquqlarını müdafiə edən milli sistemlərə münasibətdə tamamlayıcı xüsusiyyətə malikdir. Tamamlayıcılıq xüsusiyyəti Konvensiyanın 13-cü maddəsi və 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdur (“Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no.30210/96, § 152, ECHR 2000‑XI)).
288. Məhkəmə bir çox hallarda qeyd etdiyi kimi Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların, onların dövlətin hüquq qaydasında hansı formada təsbit edilməsindən asılı olmayaraq, mahiyyəti üzrə həyata keçirilməsi vasitəsindən milli səviyyədə istifadəni təmin edir. Beləliklə də, 13-cü maddənin məqsədi Konvensiyaya əsasən “mübahisə edilə bilən şikayətə” mahiyyəti üzrə baxılması üçün dövlətdaxili hüquq müdafiə vasitəsinin təmin edilməsini tələb etmək və hüquqların pozulmasının nəticələrinin aradan qaldırılmasını təmin etməkdir. Razılığa Gələn Dövlətin 13-cü maddə əsasında mövcud olan öhdəlikləri ərizəçinin şikayətinin xarakterindən asılı olaraq dəyişir; bununla belə, 13-cü maddə ilə tələb olunan vasitə qanunda və təcrübədə “səmərəli” olmalıdır (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 157-ci bənd).
289. 13-cü maddənin mənasında “vasitənin səmərəliliyi” nəticənin mütləq şəkildə ərizəçinin xeyrinə olmasında asılı deyil. Həmin müddəada istinad edilmiş “dövlət orqanı” dedikdə də yalnız məhkəmə orqanı başa düşülmür; lakin bu orqan məhkəmə orqanı deyilsə, onun səlahiyyətləri və verdiyi təminatlar onun qarşısında vasitənin səmərəli olduğunu müəyyənləşdirmək üçün münasib olmalıdır. Eyni zamanda, əgər bir vasitə özü-özlüyündə 13-cü maddənin tələblərinə tam cavab vermirsə, ölkə qanunvericiliyi ilə müəyyən edilmiş vasitələr birlikdə bunu edə bilər (bax: “Qebremedhin (Qaberamadhien) Fransaya qarşı” (Gebremedhin [Gaberamadhien] v. France, no. 25389/05, § 53, ECHR 2007‑V § 53)).
290. 13-cü maddədə tələb olunan vasitənin səmərəli hesab edilməsi üçün qanunvericilikdə və təcrübədə ondan istifadə edilməsi mümkün olmalıdır. Xüsusilə o mənada ki, bu vasitədən istifadəyə cavabdeh dövlətin hakimiyyət orqanlarının hərəkəti və ya hərəkətsizliyi ilə əsassız maneələr törədilməməlidir (bax: “Çakıcı Türkiəyə qarşı” [Böyük Palata] (Çakıcı v. Turkey [GC], no. 23657/94, § 112, ECHR 1999‑IV)).
291. 13-cü maddə səlahiyyətli dövlət hakimiyyət orqanına həm Konvensiya əsasında verilmiş şikayətə mahiyyətə üzrə baxılması, həm də pozulmuş hüquqların müvafiq qaydada nəticələrinin aradan qaldırılması imkanı verən dövlətdaxili hüquq müdafiə vasitəsinin təmin olunmasını tələb edir. Bununla belə, Razılığa Gələn Dövlətlərə bu müddəa əsasında öhdəliklərinə hansı qaydada əməl edilməsini müəyyənləşdirmək ilə bağlı müəyyən diskresiya verilir (bax: “Cabari Türkiyəyə qarşı” (Jabari v. Turkey, no. 40035/98, § 48, ECHR 2000‑VIII)).
292. Pozulmuş hüquqların müdafiəsi üçün istifadə edilən vasitənin tezliyinə də xüsusi diqqət verilməlidir, belə ki, istisna etmək olmaz ki, vasitənin həddən artıq uzun müddət vaxt aparması onun adekvat xarakterdə olmasını sarsıda bilər (bax: “Doran İrlandiyaya qarşı” (Doran v. Ireland,
no. 50389/99, § 57, ECHR 2003‑X)).
293. Nəhayət, Məhkəmənin Konvensiyanın 3-cü maddəsinə verdiyi önəm və işgəncə və ya pis rəftar riskinin reallaşacağı təqdirdə baş verə biləcək nəticələrin təbiət etibarı ilə aradan qaldırılmasının mümkünsüzlüyü nəzərə alınarsa, 13-cü maddənin mənasında vasitənin səmərəliliyi məcburi şəkildə milli hakimiyyət orqanları tərəfindən ciddi yoxlamanın aparılmasını (bax: “Şamayev və Digərləri Gürcüstan və Rusiyaya qarşı” (Shamayev and Others v.Georgia and Russia, no. 36378/02,§ 448, ECHR 2005‑III)), 3-cü maddəyə zidd olan rəftarın baş verməsi ilə bağlı real riskin olmasından qorxmaq üçün əhəmiyyətli əsasların mövcudluğuna dair iddianın müstəqil və ciddi surətdə yoxlanılmasını (bax: yuxarıda qeyd edilmiş “Cabari” işi, 50-ci bənd), həmçinin iddiaya tez bir zamanda baxılmasını (bax: “Batı və Digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos. 33097/96 and 57834/00, § 136, ECHR 2004‑IV (extracts))) tələb edir; o eyni zamanda tələb edir ki, maraqlı şəxsin istifadə etdiyi vasitə tədbirin icrasını avtomatik təxirə salma qüvvəsinə malik olsun (bax: “Konka Belçikaya qarşı” (Čonka v. Belgium, no. 51564/99, §§ 81-83, ECHR 2002‑I) və yuxarıda qeyd edilmiş “Qebremedhin (Qaberamadhien)” işi, 66-cı bənd).
(b) Prinsiplərin hazırkı işə tətbiqi
294. 13-cü maddənin hazırkı işə tətbiq edilib-edilmədiyini müəyyənləşdirmək məqsədilə Məhkəmə ərizəçinin Əfqanıstana geri qaytarılacağı təqdirdə Konvensiyanın 2-ci və 3-cü maddələrinin pozulacağını kifayət qədər sübut edə bilib-bilmədiyini təsbit etməlidir.
295. Məhkəmə qeyd edir ki, ərizəsini verən zaman ərizəçi Əfqanıstan ilə bağlı qorxularını təsdiq etmək üçün tərcüməçi kimi çalışdığını təsdiq edən vəsiqələrin surətlərini təqdim etmişdir (yuxarıda 31-ci bəndə bax). Məhkəmə eyni zamanda Əfqanıstandakı hazırkı vəziyyətə dair ümumi məlumata və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən dərc edilmiş və mütəmadi şəkildə yeniləşən Əfqanıstandan olan Sığınacaq Axtaranların Beynəlxalq Müdafiə Ehtiyaclarının Qiymətləndirilməsi üçün Əsaslara malikdir (bax: yuxarıda 197-202-ci bəndlər).
296. Məhkəmə üçün bu məlumatlar Əfqanıstandakı vəziyyətin təhlükəsizliyə geniş miqyasda problemlər yaratdığı və yaratmaqda davam etdiyinin, həmçinin beynəlxalq hava qüvvələri qoşunları üçün tərcüməçi qismində çalışdığına görə ərizəçinin hökumət əleyhinə qüvvələrin cəza tədbirlərinə xüsusilə məruz qalan şəxslər kateqoriyasına aid olmasının prima facie sübutudur. Məhkəmə bundan əlavə qeyd edir ki, Əfqanıstandakı vəziyyətin ağırlığı və burada mövcud olan təhlükələr ilə bağlı tərəflər mübahisə etmirlər. Əksinə, Yunanıstan Hökuməti bildirmişdir ki, onların hazırda yeritdiyi siyasətə görə yüksək təhlükəli vəziyyətin olması ilə əlaqədar olaraq sığınacaq axtaranlar həmin ölkəyə geri qaytarılmırlar.
297. Məhkəmə bununla bağlı belə bir nəticəyə gəlir ki, ərizəçi Konvensiyanın 2-ci və 3-cü maddələri əsasında mübahisə oluna bilən iddiaya malikdir.
298. Bu o demək deyil ki, hazırkı işdə ərizəçinin geri qaytarılacağı təqdirdə həmin müddəaların pozulub-pozulmayacağına dair qərar qəbul etməlidir. Ərizəçinin xahişini və onun tərəfindən təqdim edilmiş sənədləri yoxlamaq, həmçinin Əfqanıstanda məruz qala biləcəyi riskləri qiymətləndirmək ilk növbədə sığınacaq verilməsinə dair işlərə baxmağa görə məsuliyyət daşıyan Yunanıstanın hakimiyyət orqanlarının işidir. Məhkəməni əsas etibarı ilə ərizəçinin birbaşa və ya dolayısı yolla qanunsuz olaraq gəldiyi ölkəyə qaytarılmaqdan müdafiə olunması üçün səmərəli təminatların mövcud olub-olmadığı maraqlandırır.
299. Məhkəmə qeyd edir ki, Birliyin sığınacaq verilməsi qaydası ilə bağlı hüquqi standartlarına əsaslanan Yunanıstan qanunvericiliyi sığınacaq axtaranların qorxularının mahiyyəti üzrə araşdırılmadan qaçdıqları ölkəyə geri qaytarılmaqdan müdafiə olunmaları məqsədilə bir sıra təminatları nəzərdə tutmuşdur (yuxarıda 99-121-ci bəndlərə bax). O, Hökumətin ərizəçinin sığınacaq almaq barədə ərizəsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılacağına dair verdiyi vədləri qeyd edir.
300. Lakin Məhkəmə qeyd edir ki, bir-neçə ildir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı və Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı, həmçinin bir çox beynəlxalq qeyri-hökumət təşkilatları dəfələrlə və davamlı olaraq bildirmişlər ki, Yunanıstanın qanunvericiliyi təcrübədə tətbiq olunmur və sığınacaq verilməsi prosedurunda elə mühüm struktur qüsurları mövcuddur ki, sığınacaq almaq üçün müraciət edən şəxslərin ərizələrinə və Konvensiya əsasında verdikləri şikayətlərə Yunanıstanın hakimiyyət orqanları tərəfindən baxılacağı ilə bağlı şanslar çox azdır və səmərəli hüquq müdafiə vasitəsi olmadığı üçün onlar sonda qanunsuz olaraq gəldikləri ölkələrə geri qaytarılmaqdan müdafiə olunmurlar (yuxarıda 160-cı və 173-195-ci bəndlərə bax).
301. Məhkəmə ilk növbədə sığınacaq alınması prosedurlarından istifadədə və sığınacaq verilməsinə dair ərizələrə baxılmasında mövcud olan çatışmazlıqları qeyd edir (yuxarıda 173-188-ci bəndlərə bax): sığınacaq almaq üçün müraciət edən şəxslərə keçməli olduqları prosedurlar barədə verilən məlumatın qeyri-qənaətbəxş səviyyədə olması, Attika Baş Polis İdarəsinə düşməkdə çətinlik çəkilməsi, dövlət orqanları ilə sığınacaq axtaranlar arasında etibarlı əlaqə sisteminin olmaması, tərcüməçilərin çatışmaması və fərdi müsahibələr aparmalı olan kadrlara treyninqlərin keçilməməsi, sığınacaq axtaran şəxslərə hüquqi məsələlər üzrə səmərəli məsləhət almaq imkanı verəcək hüququ yardımın olmaması və qərarların qəbul edilməsinin son dərəcə uzun müddət gecikdirilməsi. Bu çatışmazlıqlar Yunanıstana ilk dəfə gəlmiş, həmçinin Dublin Qaydalarının tətbiq edilməsi ilə bura qaytarılmış sığınacaq axtaranlara təsir göstərir.
302. Məhkəmə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən aparılmış və birinci instansiyada qəbul edilmiş demək olar ki, bütün qərarların mənfi olması və qərarın qəbul edilməsinin hər hansı səbəbi göstərilmədən stereotip şəkildə tərtib edilməsini göstərən müxtəlif rəy sorğularının nəticələri ilə bağlı da narahatlıq keçirir (yuxarıda 184-cü bəndə bax). Bundan əlavə, qaçqınların işləri üzrə məşvərətçi komitələrin ikinci instansiyada nəzarətçi rolu ləğv edilmişdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı artıq sığınacaq verilməsi prosedurunda hər hansı rol oynamır (yuxarıda 114-cü və 189-cu bəndlərə bax).
303. Hökumət bildirmişdir ki, sığınacaq verilməsi prosedurundakı çatışmazlıqlar ərizəçinin konkret vəziyyətinə təsir göstərməmişdir.
304. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçi keçməli olduğu prosedurlar barədə hər hansı məlumat almadığını iddia edir. Hava limanında təqdim edilən məlumat kitabçası prinsipi ilə bağlı Hökumətin xoş niyyətini şübhə altına almaq istəməyən Məhkəmə ərizəçinin dediklərinə daha böyük önəm verir, belə ki, onun dedikləri Komissar, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən başqa şahidlərdən toplanmış çox saylı məlumatlar ilə təsdiq olunur. Məhkəmənin fikrincə keçilməli olan prosedurlar barədə məlumata malik olmama açıq-aşkar bu prosedurları qiymətləndirmək qarşısında olan başlıca maneədir.
305. Hökumət həmçinin ərizəçini bildirişdə göstərilmiş müddət ərzində Attika Baş Polis İdarəsinə gedərək proseduru başlatmamağa görə də tənqid etmişdir.
306. Bu məsələ ilə bağlı Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq baş polis idarəsinə düşməyin nə qədər çətin olduğu nəzərə alınarsa, ərizəçiyə verilmiş üç gün müddəti çox qısa olmuşdur.
307. Eyni zamanda qeyd edilməlidir ki, ərizəçi heç də bildirişi düzgün başa düşməmiş yeganə insan olmamışdır və sığınacaq axtaranların çoxu bəyan ediləcək ünvanları olmadığı üçün baş polis idarəsinə getmirlər.
308. Bundan əlavə, hətta əgər ərizəçi məlumat kitabçasını almış olsaydı belə, Məhkəmə çağırışın məqsədi ilə bağlı hissədə kitabçadakı mətnin qeyri-müəyyən olması (yuxarıda 112-ci bəndə bax) və müvafiq məlumatın sığınacaq axtaranlara başqa vasitələr ilə göndərilməsi üçün Yunanıstanda ünvanlarının olmadığı ilə bağlı Attika Baş Polis İdarəsinə məlumat verə biləcəklərinin hər hansı yerdə qeyd olunmadığına dair ərizəçinin fikirləri ilə razılaşır.
309. Belə bir şəraitdə Məhkəmə hesab edir ki, Hökumət çətin ki, ərizəçinin bu formallığa əməl etmədiyinə istinad edə bilər və Hökumət ərizəçinin proseduru səmərəli şəkildə keçə bilməsi üçün onunla etibarlı əlaqə vasitəsi təklif etməli idi.
310. Bundan başqa Məhkəmə qeyd edir ki, tərəflər ərizəçinin sığınacaq verilməsinə dair xahişinə Yunanıstanın hakimiyyət orqanları tərəfindən hələ də baxılmadığını qəbul edirlər.
311. Hökumətin mövqeyinə görə ərizəçi 2010-cu ilin 2 iyul tarixində qaçqınların işləri üzrə məşvərətçi komitədə müsahibə alınması üçün təyin edilmiş görüşə gəlmədiyindən hazırkı vəziyyət yaranmışdır. Hökumət həmin görüşün ölkə daxilindəki prosedurların gedişinə hansı şəkildə təsir göstərdiyini izah etməmişdir. Hər şey deyildiyi kimi olsa belə, ərizəçi vəkili vasitəsilə Məhkəməyə bildirmişdir ki, çağırış ona çəhrayı vəsiqəsini təzələyən zaman yunan dilində verilmiş və tərcüməçi müsahibənin tarixi barədə ona heç nə deməmişdir. Məhkəmə bu məsələnin həqiqiliyini yoxlamaq iqtidarında olmasa da, yenə də ərizəçinin dediklərinə daha çox əhəmiyyət verir. Belə ki, o, ciddi məlumat və əlaqə çatışmazlığını ortaya çıxarır ki, bu da sığınacaq axtaranlar üçün mənfi nəticələr doğurur.
312. Belə vəziyyətdə Məhkəmə Hökumətin ərizəçinin öz hərəkətləri nəticəsində ölkənin hakimiyyət orqanlarına şikayətinə mahiyyəti üzrə baxmaq imkanı vermədiyi və sığınacaq verilməsi prosedurlarındakı çatışmazlıqların ona təsir göstərmədiyinə dair mövqeyini qəbul etmir.
313. Məhkəmə sonda qeyd edir ki, bu günə qədər Yunanıstanın dövlət orqanları ərizəçi ilə əlaqə qurmaq üçün hər hansı addım atmamış, onun işi üzrə qərar qəbul etməmiş və sığınacaq verilməsinə dair ərizəsini müdafiə etmək üçün hər hansı real və adekvat imkan verməmişdir. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, Avropa İttifaqının üzvü olan digər dövlətlər ilə müqayisədə Yunanıstanın hakimiyyət orqanları son dərəcə az adama sığınacaq və ya köməkçi müdafiə verir (yuxarıda 125-126-cı bəndlərə bax). Əlbəttə ki, önəm verilməli olan statistik məlumatlar işin hallarından asılı olaraq dəyişir, lakin Məhkəmənin fikrincə bu məlumatlar burada ərizəçinin sığınacaq verilməsi proseduruna inamını itirməsinə dair dəlilini gücləndirir.
314. Yunanıstan Hökumətinin Əfqanıstana geri qayıtma siyasətinin könüllülük əsasında təşkil edildiyi ilə bağlı izahatlarını Məhkəmə inandırıcı hesab etmir. O, şəxslərin Yunanıstan tərəfindən yüksək riskli ölkələrə geri qaytarılması ilə bağlı üçüncü tərəf kimi işdə iştirak edən qurumlar tərəfindən və Məhkəməyə təqdim edilmiş hesabatlarda dəfələrlə bəyan edilməsi faktını nəzərə almaya bilməz (yuxarıda 160-cı, 192-ci və 282-ci bəndlərə bax).
315. İşin mahiyyəti üzrə hər hansı qərar qəbul edilmədən ərizəçinin geri qaytarılması (refoulement) riski də Məhkəməni ən azı bu qədər narahat edən məsələlərdən biridir. Ərizəçi PD № 90/2008 nömrəli ərizəni təqdim etməklə 2009-cu ilin avqustunda deportasiyadan yaxa qurtara bilmişdir (yuxarıda 43-48-ci və 120-ci bəndlərə bax). Lakin o, polisin onu Türkiyəyə deportasiya etmək üçün göstərdiyi ikinci cəhddən güclə qurtara bilmişdir. Hər iki halda ərizəçinin Yunanıstanı tərk etməyə cəhd göstərməsi faktı Yunanıstanın hakimiyyət orqanlarının Konvensiya ilə bağlı davranışının araşdırıldığı və Məhkəmənin 3-cü maddəyə zidd hesab etdiyi vəziyyəti həll etmək üçün ərizəçinin səy göstərdiyi zaman ərizəçiyə qarşı istifadə oluna bilməz (yuxarıda 263-cü və 264-cü bəndlərə bax).
316. Məhkəmə daha sonra ərizəçinin sığınacaq verilməsinə dair ərizəsinin mümkün rədd qərarına yenidən baxılması üçün Ali İnzibati Məhkəməyə müraciətinə onun qanunsuz olaraq geri qaytarılmaqdan müdafiəsi üçün təhlükəsizlik toru kimi baxıla biləcəyinə dair Hökumətin iddiasını araşdırmalıdır.
317. Məhkəmə ilk növbədə qeyd edir ki, Hökumətin də iddia etdiyi kimi sığınacaq verilməsinə dair ərizənin rədd edilməsi ilə bağlı qərara yenidən baxılması haqqında ərizənin təqdim edilməsi qərarın icrasını avtomatik təxirə salmaq təsirinə malik olmasa da, sığınacaq verilməsinə dair ərizənin rədd edilməsindən sonra qəbul edilən ölkə hüdudlarından kənara çıxarılmağa dair əmrdən şikayət verilməsi əmrin icrasını avtomatik olaraq dayandırır.
318. Bununla belə, Məhkəmə təkrar edir ki, hüquq müdafiə vasitəsinin səmərəliliyi qiymətləndirilən zaman ondan təcrübədə istifadə edilə bilinməsinin mümkünlüyü həlledici əhəmiyyətə malik olur. Məhkəmə artıq qeyd etmişdir ki, Yunanıstanın hakimiyyət orqanları səlahiyyətli dövlət orqanları ilə ərizəçi arasında əlaqənin təmin edilməsi üçün heç bir addım atmamışdır. Bu fakt, həmçinin Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının da məruzə etdiyi kimi (yuxarıda 187-ci bəndə bax) “heç bir məlum ünvanı olmayan şəxslər” ilə bağlı bildiriş prosedurunun yaxşı işləməməsi ərizəçinin sığınacaq verilməsinə dair ərizəsinə baxılmasının nəticəsi barədə vaxtında məlumat alaraq nəzərdə tutulmuş müddətlərdə buna reaksiya verə bilib-bilməyəcəyi ilə əlaqədar kifayət qədər qeyri-müəyyənlik yaradır.
319. Bundan əlavə, ərizəçinin aşkar surətdə vəkilə ödəmək üçün maddi vəsaitinin olmadığına baxmayaraq, ona hüquqi məsləhət və təlimatlar verə biləcək təşkilatlara müraciət olunması barədə heç bir məlumat verilməmişdir. Hüquqi yardım sistemi üçün tərtib edilmiş siyahıdakı hüquqşünasların azlığı da (yuxarıda 191-ci və 281-ci bəndlərə bax) əlavə problem yaradır ki, bu da sistemin təcrübədə səmərəsiz olmasına səbəb olur. Hökumətlərin izahatlarının əksinə olaraq Məhkəmə hesab edir ki, bu vəziyyət də hüquq müdafiə vasitəsindən istifadənin qarşısını alan maneə kimi çıxış edə bilər və sığınacaq axtaranlar ilə bağlı məsələlərdə o, 13-cü maddənin tətbiqi dairəsinə düşür.
320. Nəhayət, Məhkəmə Hökumətin güman etdiyi kimi Ali İnzibati Məhkəmədə prosesin müddətinin 13-cü maddənin məqsədləri baxımından əhəmiyyətsiz olduğunu hesab etmir. Məhkəmə dövlət orqanları tərəfindən pis rəftar edilməsi hallarında tez qərar qəbul edilməsinin mühümlüyünü artıq vurğulamışdır (yuxarıda 293-cü bəndə bax). Bundan əlavə, o hesab edir ki hazırkı işdə olduğu kimi deportasiya ilə bağlı olaraq 3-cü maddə əsasında şikayət verdiyi, birinci instansiyada şikayətinə mahiyyəti üzrə ciddi şəkildə baxılacağına dair təminatının olmadığı, statistikaya görə demək olar ki, hər hansı formada müdafiənin təklif olunacağına şansının olmadığı və Məhkəmənin 3-cü maddəyə zidd saydığı təhlükəli vəziyyətə yaşadığı hallarda qərarın tez qəbul edilməsi daha da zəruridir. Buna görə də Məhkəmə hesab edir ki, prosesin müddəti ilə bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının təqdim etdiyi (yuxarıda 190-cı bəndə bax) və Hökumətin təkzib etmədiyi məlumatlar sübut edir ki, Ali İnzibati Məhkəməyə şikayət verilməsi sığınacaq almaq barədə ərizələrə mahiyyəti üzrə baxılması zamanı təminatların olmaması problemini aradan qaldırmır.
(c) Nəticə
321. Yuxarıdakılar nəzərə alınaraq Yunanıstan Hökuməti tərəfindən qaldırılmış ilkin etirazlar (yuxarıda 283-cü bəndə bax) qəbul edilə bilməz və Məhkəmə belə qərara gəlir ki, Konvensiyanın 3-cü və 13-cü maddələrinin pozuntusuna yol verilmişdir. Belə ki, Məhkəmənin qənaətinə əsasən ərizəçinin sığınacaq verilməsinə dair xahişinə Yunanıstanın hakimiyyət orqanları tərəfindən baxılması prosesində çatışmazlıqlar olmuş və ərizəçi sığınacaq verilməsinə dair ərizəsinin mahiyyəti ilə bağlı məsələlər hər hansı ciddi şəkildə araşdırılmadan və səmərəli hüquq müdafiə vasitəsindən istifadə imkanı verilmədən birbaşa və ya dolayısı ilə gəldiyi ölkəyə geri qaytarılmaq təhlükəsi ilə üzləşmişdir.
322. Gəldiyi bu nəticələri və işin hallarını nəzərə alaraq Məhkəmə 2-ci maddə ilə birlikdə götürüldükdə 13-cü maddənin pozulması ilə bağlı şikayətlərin araşdırılmasına ehtiyacın olmadığını hesab edir.
IV. BELÇİKANIN ƏRİZƏÇİNİ YUNANISTANIN SIĞINACAQ VERİLMƏSİ PROSEDURUNDAKI ÇATIŞMAZLIQLARDAN İRƏLİ GƏLƏN TƏHLÜKƏLƏRƏ MƏRUZ QOYMAQLA KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİNİ POZDUĞU İLƏ BAĞLI İDDİA
323. Ərizəçi iddia etmişdir ki, Yunanıstanın sığınacaq verilməsi prosedurunda mövcud olan çatışmazlıqlardan xəbərdar ola-ola və onun üzləşə biləcəyi təhlükəni qiymətləndirmədən Dublin Qaydaları əsasında onu Yunanıstana göndərməklə Belçikanın hakimiyyət orqanları mətnləri yuxarıda qeyd edilmiş Konvensiyanın 2-ci və 3-cü maddələrini pozmuşdur.
A. Tərəflərin izahatları
1. Ərizəçi
324. Ərizəçi bildirmişdir ki, ölkə hüdudlarından kənara çıxarıldığı zaman Belçikanın hakimiyyət orqanları bilirdi ki, Yunanıstanda sığınacaq verilməsi prosedurunda elə çatışmazlıqlar mövcuddur ki, onun sığınacaq verilməsinə dair ərizəsinə Yunanıstanın hakimiyyət orqanları tərəfindən ciddi şəkildə baxılacağı şansı azdır və onun gəldiyi ölkəyə geri qaytarılması təhlükəsi mövcuddur. Ölkə hüdudlarından kənara çıxarılmasına qədər artıq dərc edilmiş bir sıra beynəlxalq hesabatlara əlavə olaraq onun vəkili Yunanıstanda sığınacaq axtaranların əsas hüquqlarının sistematik surətdə pozulması ilə bağlı vəziyyəti aydın şəkildə izah etmişdir. O, bunu 2009-cu ilin 29 may tarixində Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya verdiyi apellyasiya şikayətini və həmçinin 2009-cu ilin 10 iyun tarixində Brüsselin Apellyasiya Məhkəməsinin İttihamlar Palatasına verdiyi şikayəti əsaslandırmaq üçün etmişdir. Ərizəçi hesab etmişdir ki, onun Belçikaya gəlməzdən əvvəl Yunanıstanda sığınacaq verilməsi sisteminin çatışmazlıqlarından zərər çəkmiş şəxs olduğunu iddia etməyə əsasının olmamasına dair Belçika dövlət orqanlarının arqumenti düzgün deyil. Bunun formal sübutunun in abstracto və təhlükə reallaşdıqdan sonra təqdim edilməsinin mümkün olmaması faktına əlavə olaraq Belçikanın dövlət orqanları ümumi vəziyyəti nəzərə almalı və onu geri göndərməməli idi.
325. Ərizəçinin fikrincə “T.İ” (qərardad, yuxarıda qeyd edilmişdir) işindən öyrənilənlər nəzərə alınarsa, Dublin Qaydalarının tətbiqi Belçikanı prosedurdakı çatışmazlıqlar və ya Əfqanıstana birbaşa və ya dolayısı ilə geri qaytarılma siyasəti ilə bağlı Yunanıstanda geri qaytarılmağa qarşı kifayət edici təminatların olub-olmadığını araşdırmaq vəzifəsindən azad etmirdi. Belə bir təminatın olmadığı halda və ərizəçi tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmaqla Belçikanın hakimiyyət orqanları özləri Konvensiyanın 2-ci və 3-cü maddələri və Məhkəmənin presedent hüququna uyğun olaraq ərizəçinin gəldiyi ölkədə üzləşdiyi təhlükələri yoxlamalı idi (xüsusilə “NA. Birləşmiş Krallığa qarşı” işi (NA. v. the United Kingdom, no. 25904/07, 17 July 2008)). Lakin bu işdə Belçika Hökuməti onu deportasiya etməzdən öncə heç bir ehtiyat tədbiri görməmişdir. Əksinə, onu deportasiya etmək qərarı yalnız Dublin Qaydalarında təsbit edilmiş susmaqla razılıq verilməsi qaydasına uyğun olaraq Yunanıstanın öz öhdəliklərinə əməl edəcəyi prezumpsiyası əsasında qəbul edilmiş və bu zaman ərizəçi ilə bağlı hər hansı fərdi təminat tələb olunmamışdır. Ərizəçi bunun Dublin Qaydalarındakı suverenlik qeyd-şərtini tətbiq etməkdən daim imtina etmiş və hazırda da imtina edən və insanları Yunanıstana verməkdə davam edən Belçika hakimiyyət orqanlarının sistematik təcrübəsi olduğunu bildirmişdir.
2. Belçika Hökuməti
326. Hökumət bildirmişdir ki, Dublin Qaydalarını tətbiq edən zaman Belçika ərizəçinin sığınacaq verilməsi barədə ərizəsini araşdırmalı deyildi və buna görə də ərizəçinin Əfqanıstanda həyatı və fiziki təhlükəsizliyi ilə bağlı qorxularını araşdırmaq onların vəzifəsi deyildi. Dublin Qaydaları Cenevrə Konvensiyasında təsbit edilmiş geri qaytarılmama prinsipi, əsas hüquqları və üzv dövlətlərin təhlükəsiz ölkələr olması prinsipi nəzərə alınmaqla tərtib edilmişdir. Yalnız müstəsna hallarda, konkret iş üzrə və maraqlı şəxsin 3-cü maddənin tələblərinə zidd olaraq işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalmaq təhlükəsi ilə üzləşdiyini inandırıcı şəkildə sübut etdiyi hallarda Belçika Qaydaların 3-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş prinsiplərdən geri çəkilmədən istifadə edir. Əlbəttə ki, belə yanaşma şikayət edilən ümumi vəziyyət ilə ərizəçinin fərdi vəziyyəti arasında əlaqənin olmasını tələb edən Məhkəmənin presedent hüququna uyğundur (yuxarıda qeyd edilmiş “Sultani” işində, “Tampbilai Niderlanda qarşı” (Thampibi) və “Y. Rusiyaya qarşı” (Y. v. Russia,
no. 20113/07, 4 December 2008) işlərində olduğu kimi).
327. Əcnəbilərin işləri üzrə idarə tərəfindən heç bir statistik məlumat təqdim edilmədiyindən Belçika Hökuməti suverenlik qeyd-şərtinin dəqiq hansı hallarda tətbiq edildiyini bilmirdi və bu qeyd-şərtdən istifadə edilərək qərar qəbul edilən zaman bunun səbəbi göstərilmirdi. Lakin suverenlik qeyd-şərtini vəziyyətin tələb etdiyi hallarda tətbiq etdiyini göstərmək üçün Hökumət müvafiq səbəblərə görə suverenlik qeyd-şərtinə istinad edilərək məsul ölkələrə təhvil vermənin dayandırıldığı on iş barədə məlumat vermişdir. Bu işlərin yarısında ərizələrə baxılmasına görə məsuliyyət daşıyan ölkə Polşa, iki işdə Yunanıstan və digər işlərdə isə Macarıstan və Fransa idi. Yeddi işdə səbəb kimi ailə üzvünün Belçikada olması, iki işdə şəxsin səhhəti ilə bağlı problemlər göstərilmiş, son iş isə azyaşlı ilə bağlı olmuşdur. Ərizəçinin işində qeyd-şərtin tətbiq olunması üçün Belçikanın heç bir səbəbi yox idi və onun Yunanıstanda şəxsən 3-cü maddə ilə qadağan edilmiş rəftarın qurbanı olması barədə hər hansı məlumat mövcud deyildi. Əksinə, o, Əcnəbilərin işləri üzrə idarəyə sığınacaq verilməsinə dair ərizəsindən imtina etməsi və ya Yunanıstana qarşı şikayətlərinin olması barədə məlumat verməmişdir. Təbii ki, Avropa Məhkəməsi özü də ərizəçinin təhvil verilməsinin təxirə salınması ilə bağlı Belçika Hökumətinə hər hansı müvəqqəti xarakterli tədbir göstərilməsini zəruri hesab etməmişdir.
328. Lakin Hökumət qeyd etmişdir ki, ölkə hüdudlarını tərk etmə əmri qəbul edilən zaman ərizəçinin şikayətinin mahiyyəti ilə bağlı məsələlər Yunanıstan hakimiyyət orqanları tərəfindən araşdırılmadan onun geri Əfqanıstana qaytarılmayacağı barədə təminat alınmışdır. Sığınacaq verilməsi prosedurundan istifadə və həmin prosedurun gedişi ilə bağlı məsələyə gəlincə Hökumət Yunanıstanın hakimiyyət orqanlarının nəhayət ki, məsuliyyəti qəbul etməsinə dair təminatlarına və onlar tərəfindən tərtib edilmiş yekun sənəddə və Yunanıstanın Avropa Məhkəməsinin baxışında olan digər işlər üzrə təqdim etdiyi qeydlərdə əks olunmuş ümumi məlumata əsaslanmışdır. Belçikanın hakimiyyət orqanları bu məlumatı əsas kimi götürərək qeyd etmişlər ki, əgər əcnəbi sığınacaq verilməsinə dair ərizə ilə Yunanıstana müraciət edərsə, ərizənin mahiyyəti ilə bağlı məsələlərə fərdi şəkildə baxılacaq, sığınacaq axtarana vəkil tərəfindən yardım göstərilməsi mümkün olacaq və prosesin hər bir mərhələsində tərcüməçi iştirak edəcəkdir. Hüquq müdafiə vasitələri də mövcud idi, o cümlədən Ali İnzibati Məhkəməyə müraciət etmək olardı. Buna görə də Hökumət Yunanıstanın sığınacaq verilməsi prosedurundakı mümkün çatışmazlıqlardan xəbərdar olsa da, Yunanıstanın Birlik hüququ və insan hüquqları sahəsindəki öhdəliklərinə, o cümlədən prosessual öhdəliklərinə əməl etmək istiqamətində səy göstərdiyinə kifayət qədər inandırılmışdı.
329. Əfqanıstana geri qaytarılmaq riskinə gəlincə, Hökumət həmçinin Yunanıstanın “K.R.S. Birləşmiş Krallığa qarşı işində” (qərardad, yuxarıda qeyd edilmişdir) Avropa Məhkəməsinə verdiyi təminatları və ərizəçinin Yunanıstanda olan zaman Avropa Məhkəməsinə şikayət verə bilmək imkanını, zəruri olduqda isə 39-cu qaydanın tətbiqi ilə bağlı müraciət edə bilməsini nəzərə almışdır. Bu təminatları nəzərə alaraq Hökumət hesab etmişdir ki, ərizəçinin təhvil verilməsi 3-cü maddənin tələblərini pozmur.
B. Üçüncü tərəf kimi işdə iştirak edən Niderland və Birləşmiş Krallıq Hökumətləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Aire Mərkəzi, “Amnesty International” və Yunanıstanın Helsinki Monitor təşkilatlarının qeydləri
330. Niderland Hökumətinin mövqeyinə görə Yunanıstanda sığınacaq verilməsi prosedurunda mövcud olan mümkün çatışmazlıqlar Yunanıstanda sığınacaq axtaranlara verilən hüquqi müdafiənin ümumiyyətlə xəyali xarakter daşıması anlamına gəlmir və bu o demək deyil ki, üzv dövlətlər insanları Konvensiyanın 3-cü maddəsinin tələblərini pozacağı səbəbi ilə Yunanıstana təhvil verməkdən çəkinməlidir. Yunanıstanın sisteminin Birliyin standartlarına uyğunlaşdırılması istiqamətində çalışmaq Məhkəmənin deyil, maddi-texniki sahədə yardım göstərəcək digər üzv dövlətlərin dəstəyi ilə Komissiyanın və Yunanıstan hakimiyyətinin işidir. Buna görə də Niderland Hökuməti hesab etmişdir ki, Afinadakı səfirliyinin rəsmisini sığınacaq axtaranın birbaşa beynəlxalq hava limanının sığınacaq verilməsi üzrə xidmətlərinə göndəriləcəyi ilə bağlı əmin etməklə onlar tam şəkildə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Yuxarıda qeyd edilmiş “K.R.S.” işi üzrə Məhkəmənin qərarı əsas kimi götürülərsə, Yunanıstanın beynəlxalq öhdəliklərinə əməl edəcəyi və təhvil verilmiş şəxslərin ölkə daxili məhkəmələrə, sonra isə zəruri olduğu halda Avropa Məhkəməsinə müraciət edə bilmək imkanına malik olacaqları ehtimal edilməlidir. Başqa cür düşünmək Dublin sisteminin əsasını təşkil edən dövlətlərarası etimad prinsipini inkar etmək, müvəqqəti xarakterli tədbirlər vasitəsilə Qaydaların tətbiqinin qarşısını almaq və Birlik hüququnun tətbiq edilməsi zamanı dövlətlərin məsuliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmənin, misal üçün, “Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti İrlandiyaya qarşı” (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi v. Ireland [GC] (no. 45036/98, ECHR 2005 VI)) işi üzrə Böyük Palata tərəfindən qəbul edilmiş qərarda qəbul etdiyi tarazlaşdırılmış, incə yanaşmasını mübahisələndirmək demək olardı.
331. Birləşmiş Krallıq Hökuməti vurğulamışdır ki, Dublin Qaydaları maraqlı şəxslərin dövlətdə uzun müddət ərzində sosial və mədəni əlaqələrini inkişaf etdirmək üçün zəruri vaxta malik olmamalarını təmin etmək məqsədilə ərizələrə baxılmasını sürətləndirmək baxımından mühüm üstünlük vermişdir. Başqa sözlə, nəzərə alınmalıdır ki, təhvil verməni həyata keçirməzdən qabaq sığınacaq verilməsinə dair ərizəyə baxılmasına görə məsuliyyət daşıyan dövlət hazırkı işdə olduğu kimi 3-cü maddə əsasında izahat almaqla bütün prosesi yavaşıtmağa məcbur olmuşdur. Birləşmiş Krallıq Hökuməti inanmışdır ki, Konvensiya ilə bağlılığı olmayan dövlətə deportasiya olunmaq ilə bağlı işlərdə anlaşma ilə qəbul edilən belə şikayətlər sığınacaq almaq barədə ərizəyə baxılmasına görə məsuliyyəti Konvensiyanın iştirakçısı olan dövlət daşıdığı hallarda rədd edilməlidir. Avropa Məhkəməsinin “K.R.S.” qərarında da (yuxarıda qeyd edilmişdir) müəyyən etdiyi kimi belə işlərdə Konvensiyanın normal təfsiri maraqlı şəxslərin sığınacaq verilməsinə dair ərizələrinə baxılmasına görə məsuliyyət daşıyan dövlətin məhkəmələrinə, sonra isə Avropa Məhkəməsinə şikayət edə biləcəklərini nəzərdə tutur. Birləşmiş Krallıq Hökumətinin mövqeyinə görə bu, təhvil verən dövlətləri Konvensiyanın potensial pozuntularına görə məsuliyyətdən azad etmir, lakin bu o demək idi ki, onlar yalnız müstəsna hallarda, maraqlı şəxslər sığınacaq verilməsinə dair ərizələrinə baxılmasına görə məsuliyyət daşıyan dövlətdə Avropa Məhkəməsinə müraciət edə bilməyəcəklərini sübut edə biləcəkləri halda məsuliyyət daşıyır. Lakin hazırkı işdə belə hallar mövcud olmamışdır.
332. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının mövqeyinə görə artıq 2008-ci ilin aprel ayında dərc edilmiş hesabatlarında qeyd etdikləri kimi hazırkı işdə olduğu kimi sığınacaq verilməsinə dair ərizəyə baxan dövlətin yüksək təhlükəyə malik ölkələrə təhvil verməni həyata keçirməsini, maraqlı şəxslərin sığınacaq verilməsi prosedurlarından istifadədə, ərizələrinə səmərəli şəkildə baxılmasında və səmərəli hüquq müdafiə vasitələrindən istifadə etmələrində maneələr ilə üzləşdiklərini təsdiq edən sübutlar olduğu və qəbul şəraitinin Konvensiyanın 3-cü maddəsinin pozulması ilə nəticələnə biləcəyi hallarda sığınacaq axtaranların təhvil verilməsi həyata keçirilməməlidir. Belə sığınacaq axtaranların təhvil verilməməsi Dublin Qaydalarının özündə təsbit edilmişdir və bu, Cenevrə Konvensiyasının 33-cü maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına tam uyğundur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bu ehtimalın nəzəri xarakter daşımadığını və Belçikadan fərqli olaraq bəzi ölkələrin məhkəmələrinin yuxarıda qeyd edilmiş səbəblərə görə Yunanıstana təhvil verməni dayandırdıqlarını vurğulamışdır. Hər bir halda Məhkəmənin “T.İ.” işi üzrə qərardadında da bildirildiyi kimi (yuxarıda qeyd edilmişdir) hər bir Razılığa Gələn Dövlət Dublin sistemini avtomatik şəkildə tətbiq etməklə insanları 3-cü maddənin tələblərinə zidd olan rəftara məruz qoymamaq ilə bağlı Konvensiya qarşısında məsuliyyət daşımaqda davam edir.
333. Aire Mərkəzi və “Amnesty International” təşkilatı hesab etmişdir ki, sığınacaq məsələləri üzrə beynəlxalq öhdəliklərinə əməl etmək iqtidarında olmayan ölkələrə təhvil vermənin dayandırılması ilə bağlı qeyd-şərtin olmadığı hazırkı formasında Dublin Qaydaları sığınacaq axtaran şəxsləri Avropa Konvensiyasının və Cenevrə Konvensiyasının müddəalarına zidd şəkildə geri qaytarılma təhlükəsi ilə üz-üzə qoyur. Onlar əsas hüquqların pozulması riskinin qiymətləndirilməsi zamanı, xüsusilə sığınacaq verilməsinə dair ərizəyə baxmalı olan dövlətin sığınacaq məsələləri ilə bağlı Birliyin digər tədbirlərini qanunvericiliyində lazımı qaydada əks etdirmədiyi hallarda, Qaydaların Avropa İttifaqının üzvü olan dövlətlər tərəfindən tətbiqi tərzində əhəmiyyətli uyğunsuzluqların olduğunu göstərmişlər. Aire Mərkəzi və “Amnesty International” təşkilatı hesab etmişdir ki, sığınacaq axtaranları təhvil vermiş dövlətlər, Qaydalardakı suverenlik qeyd-şərtindən istifadə etməklə insan hüquqlarının pozuntusunun qarşısını ala biləcəkləri təqdirdə, qəbul edən dövlət tərəfindən həmin şəxslər ilə edilən rəftara görə özləri də məsuliyyət daşıyır. Onların fikrincə Avropa Komissiyası tərəfindən qəbul edən dövlətə qarşı öhdəliklərinə əməl etmədiyinə görə tədbirlərin görülməsi sığınacaq axtaranların əsas hüquqlarının pozulması hallarına qarşı səmərəli hüquq müdafiə vasitəsi deyil. Avropa İttifaqı Məhkəməsi belə pozuntulara gətirib çıxara biləcək Dublin təhvil vermələrinin qanuniliyi ilə bağlı mövqeyini bildirmədiyinə görə onlar Lissabon Müqaviləsi ilə təsbit edilmiş ilkin sorğu prosedurunun da səmərəliliyinə inanmırlar.
334. Yunanıstanın Helsinki Monitor (YHM) təşkilatı qeyd etmişdir ki, ərizəçinin ölkə hüdudlarından kənara çıxarılması zamanı sığınacaq verilməsi prosedurundakı çatışmazlıqları, sığınacaq axtaranların qəbulu şəraitini və Türkiyəyə birbaşa və ya dolayısı ilə geri qaytarılma riskinin olduğunu təsdiq edən çox sayda sənəd var idi. YHM hesab edir ki, Belçikanın hakimiyyət orqanları bu barədə məlumatsız ola bilməzdilər, xüsusilə ona görə ki, eyni sənədlərdən Yunanıstana təhvil vermənin təxirə salınması ilə bağlı ölkə daxili proseslərdə istifadə edilirdi. YHM-in fikrincə Yunanıstanın sığınacaq məsələlərində beynəlxalq öhdəliklərinə əməl etdiyinə dair Məhkəmənin yuxarıda qeyd edilmiş “K.R.S.” qərardadında irəli sürdüyü ehtimalı aradan qaldıra bilərdi.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ərizənin qəbuledilənliyi
335. Belçika Hökuməti ərizəçini çox təcili prosedura uyğun olaraq qərarın icrasının təxirə salınması qaydasından düzgün istifadə etməməyə, ölkəni tərk etmə barədə əmrin ləğv edilməsi üçün Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya şikayət etmədiyinə və hüquqi məsələlər ilə bağlı Dövlət Şurasına inzibati qaydada şikayət vermədiyinə görə tənqid etmişdir. Buna görə də Hökumət ərizəçinin dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirmədiyini bildirmiş və Məhkəmədən ərizəni bu hissədə qəbuledilməz elan etməyi və Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd etməyi xahiş etmişdir.
336. Məhkəmə qeyd edir ki, ərizəçi də həmçinin 2-ci və 3-cü maddələr əsasında şikayət etməsi üçün Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab verən vasitənin olmadığından şikayət etmiş və bu kontekstdə bildirmişdir ki, sözü gedən vasitələr həmin müddəanın mənasında səmərəli olmamışdır (aşağıda 370-377-ci bəndlərə bax). O, hesab edir ki, Hökumətin dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazı Konvensiyanın 13-cü və onunla birgə 2-ci və 3-cü maddələri əsasında verilmiş şikayətlərə mahiyyəti üzrə baxılması ilə bir icraatda birləşdirilməli və bu məsələlər birlikdə araşdırılmalıdır.
337. Məhkəmə hesab edir ki, ərizə bu hissədə dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi səbəbi ilə rədd edilə bilməz (aşağıda 385-396-cı maddələrə bax) və o, hüquq və faktlar ilə bağlı mürəkkəb məsələləri ortaya çıxardığı üçün işə mahiyyəti üzrə baxılmadan bu məsələlərin müəyyənləşdirilməsi mümkün deyil; buradan belə çıxır ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil. O, başqa əsaslara görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.
2. Belçikanın Konvensiya əsasında məsuliyyəti
338. Məhkəmə Niderland Hökumətinin üçüncü tərəf kimi təqdim etdiyi qeydlərdə “Bosfor” işi üzrə çıxarılmış qərara istinad edildiyini qeyd edir (yuxarıda 330-cu bəndə bax).
Məhkəmə həmin işdə təkrar etmişdir ki, Konvensiya Razılığa Gələn Dövlətlərin müəyyən fəaliyyət sahələrində əməkdaşlıq məqsədləri üçün suveren səlahiyyətlərini beynəlxalq təşkilata vermələrinə mane olmur (yuxarıda qeyd edilmiş “Bosfor” işi, 152-ci bənd). Buna baxmayaraq, dövlətlər orqanlarının etdiyi bütün hərəkətlərə və hərəkətsizliyə görə ölkə qanunvericiliyi və beynəlxalq hüquqi öhdəlikləri qarşısında məsuliyyət daşıyır (yenə orada, 153-cü bənd). Müvafiq təşkilatın əsas hüquqları Konvensiyanın təsbit etdiyinə ən azından ekvivalent hesab olunan tərzdə müdafiə etdiyi müəyyən edilərsə, dövlətin bu hüquqi öhdəliklərinə uyğun şəkildə etdiyi hərəkətlərə haqq qazandırılır. Lakin dövlət birbaşa beynəlxalq hüquqi öhdəliklərindən kənara çıxan, xüsusilə diskresiyasını həyata keçirdiyi hallarda etdiyi bütün hərəkətlərə görə Konvensiya əsasında məsuliyyət daşıyır (yenə orada, 155-157-ci bəndlər).
Məhkəmə müəyyən etmişdir ki, əsas hüquqların Birlik hüququ ilə təsbit edilmiş müdafiəsi Konvensiya sistemi ilə təmin edilmiş müdafiəyə ekvivalentdir (yenə orada, 165-ci bənd). Bu nəticəyə gələrkən o, hazırda Avropa İttifaqının Məhkəməsi adlanan Avropa Birliyi Məhkəməsinin əsas hüquqların maddi-hüquqi təminatlarının səmərəliliyinin onlara əməl edilməsi üçün təsbit edilmiş nəzarət mexanizmlərindən asılı olmasının təcrübədə nəzərə alınması məsələsindəki roluna və səlahiyyətlərinə böyük önəm verir (yenə orada, 160-cı bənd). Məhkəmə eyni zamanda “Bosfor” işi üzrə qərarın tətbiqi dairəsinin birbaşa mənada Avropa İttifaqı hüququnun “birinci sütununun” mövcud olduğu dövrdəki Birlik hüququ ilə məhdudlaşdırılmasını təmin etmişdir (yenə orada, 72-ci bənd).
339. Məhkəmə qeyd edir ki, Dublin Qaydalarının 3-cü maddəsinin 2-ci bəndinə görə hər bir üzv dövlət 3-cü maddənin 1-ci bəndində təsbit edilmiş ümumi qaydadan geri çəkilməklə üçüncü ölkənin vətəndaşı tərəfindən ona təqdim edilmiş sığınacaq almaq barədə ərizəni araşdıra bilər (hətta Qaydalarda müəyyən edilmiş meyarlara əsasən belə araşdırmanın həyata keçirilməsinə görə o, məsuliyyət daşımasa belə). Bu, “suverenlik” qeyd-şərti adlanır. Belə işlərdə maraqlı dövlət Qaydaların məqsədləri üçün ərizənin araşdırılmasına görə məsuliyyət daşıyan üzv dövlət hesab edilir və o, bu məsuliyyətdən irəli gələn öhdəlikləri üzərinə götürmüş olur.
340. Məhkəmə belə bir nəticəyə gəlir ki, Qaydalara görə Belçikanın dövlət orqanları qəbul edən ölkənin, xüsusilə Yunanıstanın Konvensiya ilə müəyyən edilmiş öhdəliklərinə əməl etmədiyini hesab edərdisə, ərizəçini təhvil verməyə bilərdi. Beləliklə Məhkəmə hesab edir ki, Belçikanın dövlət orqanları tərəfindən həyata keçirilmiş sözü gedən tədbir bu ölkənin beynəlxalq hüquqi öhdəliklərinə tam uyğun olmamışdır. Buna görə də ekvivalent müdafiə prezumpsiyası bu işdə tətbiq olunmur.
3. Konvensiyanın 2-ci və 3-cü maddələri əsasında edilmiş şikayətlərin mahiyyəti ilə bağlı məsələlər
(a) “T.İ.” və “K.R.S” işləri üzrə qərarlar
341. Bu iki işdə Məhkəmə Dublin Konvensiyası, sonra isə Dublin Qaydalarının Konvensiya ilə bağlı doğurduğu nəticələri araşdırmaq imkanına malik olmuşdur.
342. Yuxarıda qeyd edilmiş “T.İ.” işi Almaniyada sığınacaq axtarsa da, heç bir uğur qazanmamış, sonra isə eyni ərizəni Birləşmiş Krallığa təqdim etmiş Şri Lanka vətəndaşı ilə bağlı olmuşdur. Birləşmiş Krallıq Dublin Konvensiyasını tətbiq edərək onun Almaniyaya təhvil verilməsinə göstəriş vermişdir.
Avropa Məhkəməsi öz qərarında hesab etmişdir ki, Razılığa Gəlmiş Tərəf qismində olan aralıq ölkəyə dolayı yolla göndərmə təhvil verən dövlətin məsuliyyəti məsələsinə təsir göstərməmişdir və uzun müddət ərzində mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq həmin dövlətdən sözü gedən şəxsi, onun ölkə hüdudlarında kənara çıxarılacağı təqdirdə qəbul edən ölkədə 3-cü maddənin tələblərinə zidd rəftara məruz qalmaq təhlükəsi ilə üzləşə biləcəyinə inanmağa imkan verən kifayət qədər sübutlar irəli sürülərsə, deportasiya etməməsi tələb olunur.
Bundan əlavə, Məhkəmə təkrar etmişdir ki, dövlətlər insan hüquqlarının müdafiəsi ilə bağlı sahələrdə əməkdaşlıq edən zaman müvafiq sahədə Konvensiyaya münasibətdə onların tam məsuliyyətdən azad olunması Konvensiyanın məqsədi və obyekti ilə bir araya sığmazdı (digər qərarlar ilə yanaşı bax: “Ueyt və Kennedi Almaniyaya qarşı” [Böyük Palata] (Waite and Kennedy v. Germany [GC], no. 26083/94, § 67, ECHR 1999‑I)).
Buna görə də dövlətlər Dublin Qaydalarını tətbiq edən zaman aralıq ölkənin sığınacaq verilməsi prosedurunun sığınacaq axtaranın Konvensiyanın 3-cü maddəsi baxımından üzləşə biləcəyi təhlükələri qiymətləndirmədən birbaşa və ya dolayısı ilə gəldiyi ölkəyə geri qaytarılmasının qarşısını almaq üçün kifayət qədər təminat verdiyindən əmin olmalıdır.
“T.İ.” işində Məhkəmə Almaniyanın Konvensiyanın iştirakçısı olduğuna görə Birləşmiş Krallığın sığınacaq axtaranın təhvil veriləcəyi ölkədə üzləşəcəyi taleyini araşdırmaq vəzifəsindən azad olunduğu ilə bağlı arqumentini rədd etsə də, Almaniyada sığınacaq verilməsi proseduru aşkar şəkildə Konvensiyaya və xüsusilə 3-cü maddənin tələblərinə uyğun olduğundan, Məhkəmə ərizəçinin Almaniyaya təhvil verilməklə həmin maddənin tələblərinə zidd rəftara məruz qalacağına real və ciddi təhlükənin olması barədə iddiasını qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin konkret işdə Almaniyanın Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərinə əməl etməyəcəyini və ərizəçi Şri Lankada pis rəftara məruz qalacağını sübut etmək üçün mötəbər dəlillər təqdim edəcəyi təqdirdə onu həmin ölkəyə geri qaytarılmaqdan müdafiə etməyəcəyini güman etməyə hər hansı bir əsas olmamışdır.
343. Bu yanaşma yuxarıda qeyd edilmiş “K.R.S.” işində də təsdiq edilmiş və inkişaf etdirilmişdir. İş 2006-cı ildə Yunanıstanın ərazisindən keçməklə Birləşmiş Krallığa gəlmiş İranlı sığınacaq axtaranın Birləşmiş Krallığın dövlət orqanları tərəfindən Dublin Qaydaları tətbiq edilməklə Yunanıstana qaytarılması ilə bağlı olmuşdur. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə istinad edərək Yunanıstandakı sığınacaq verilməsi prosedurundakı çatışmazlıqlardan və ərizəsi mahiyyəti üzrə araşdırılmadan İrana geri qaytarılmaq təhlükəsinin mövcudluğundan, həmçinin Yunanıstanda sığınacaq axtaranların qəbulu şəraitindən şikayət etmişdir.
“T.İ.” işi üzrə qərardadın Dublin Qaydalarına tətbiq edilməsinin mümkünlüyünü təsdiq etdikdən sonra (bununla bağlı həmçinin bax: “Steyplton İrlandiyaya qarşı” (qərardad) (Stapleton v. Ireland (dec.),
no. 56588/07, § 30, ECHR 2010‑...)) Məhkəmə hesab etmişdir ki, əksini təsdiq edən sübut olmadığı təqdirdə, Yunanıstanın sığınacaq prosedurları və sığınacaq axtaranların qəbulu üzrə minimal standartları müəyyən edən və bu ölkənin qanunvericiliyində əks etdirilmiş Birliyin direktivləri ilə onun üzərinə düşən öhdəliklərə riayət etdiyi və Konvensiyanın 3-cü maddəsinin tələblərinə əməl edəcəyi zənn edilməlidir.
Məhkəmənin mövqeyinə görə o zaman Birləşmiş Krallıq Hökumətinə və Məhkəməyə məlum olan məlumat əsasında belə zənn etmək olardı ki, Yunanıstan öz öhdəliklərinə əməl edir və heç kimi ərizəçinin gəldiyi ölkə olan İrana geri qaytarmır.
Eyni zamanda Dublin Qaydaları əsasında Yunanıstana geri qaytarılmış şəxslərin, o cümlədən sığınacaq almaq barədə ərizələri Yunanıstanın dövlət orqanlarının yekun qərarı ilə rədd edilmiş şəxslərin Avropa Məhkəməsinin Prosedur Qaydalarının 39-cu qaydasına əsasən müvəqqəti xarakterli tədbirlərin görülməsi üçün Məhkəməyə müraciət etmələrinə maneçiliyin törədildiyi və ya törədilə biləcəyinə inanmaq üçün də hər hansı səbəb mövcud deyildi.
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
344. Məhkəmə artıq öz rəyini bildirmişdir ki, ərizəçi Əfqanıstana geri qaytarılmasının Konvensiyanın 2-ci və 3-cü maddələrini poza biləcəyini iddia edə bilər (yuxarıda 296-297-ci bəndlərə bax).
345. Buna görə də indi Məhkəmə Hökumətin inzibati və məhkəmə orqanlarının bu işdə riayət etmək istədiyi “K.R.S.” işi üzrə qərardada baxmayaraq Belçikanın dövlət orqanlarının Yunanıstanın dövlət orqanları tərəfindən beynəlxalq öhdəliklərinə əməl ediləcəyi ilə bağlı prezumpsiyanı təkzib edib-etmədiyini araşdırmalıdır.
346. Məhkəmə ərizəçi tərəfindən müsahibə zamanı səsləndirilmədiyinə görə Əcnəbilərin işləri üzrə idarənin ölkəni tərk etmək əmri verilən zaman onun Yunanıstana təhvil verilməkdən qorxması barədə məlumata malik olmaması barədə Belçika Hökumətinin arqumenti ilə razılaşmır.
347. Məhkəmə ilk növbədə qeyd edir ki, 2008-ci ildə “K.R.S.” işi üzrə qərardadını qəbul edən zaman malik olduğu məlumata bir sıra hesabatlar və materiallar əlavə edilmişdir. Müvafiq sahələr üzrə sorğulara əsaslanmış bu hesabat və materialların hamısında Yunanıstanda Dublin sisteminin tətbiqi ilə bağlı praktiki çətinliklərin, sığınacaq verilməsi prosedurunda çatışmazlıqların və fərdi və ya kollektiv qaydada, birbaşa və ya dolayısı ilə geri qaytarılma təcrübəsinin olduğu qeyd edilmişdir.
348. Bu sənədlərin müəllifləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, “Amnesty International”, “Human Rights Watch”, “Pro-Asyl” və Qaçqınlar və Ölkədən Çıxarılmış Şəxslərin İşləri üzrə Avropa Şurası kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Helsinki Monitor və İnsan Hüquqları üzrə Milli Komissiya kimi Yunanıstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarıdır (yuxarıda 160-cı bəndə bax). Məhkəmə qeyd edir ki, bu sənədlər 2006-cı ildən başlayaraq mütəmadi qaydada, 2008-ci və 2009-cu illərdə isə daha tez-tez dərc edilmişdir. Ərizəçinin ölkəni tərk etməsi barədə əmr verilənə qədər bu sənədlərin əksəriyyəti artıq dərc edilmişdi.
349. Məhkəmə həmçinin 2009-cu ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Belçikanın immiqrasiya məsələləri üzrə nazirinə göndərdiyi məktuba mühüm önəm verir. Bir nüsxəsinin Əcnəbilərin işləri üzrə idarəyə göndərildiyi bildirilən məktubda birmənalı şəkildə Yunanıstana təhvil vermənin təxirə salınması xahiş olunmuşdur (yuxarıda 194-cü və 195-ci bəndlərə bax).
350. Bundan əlavə, 2008-ci ilin dekabrından bəri Avropanın sığınacaq verilməsi sisteminin özündə islahat başlanmış və birinci mərhələdə qəbul edilmiş sənədlərin tətbiqindən irəli gələn problemlərin öyrənilməsi nəticəsində Avropa Komissiyası sığınacaq axtaranların əsas hüquqlarının müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və sığınacaq axtaranların onların əsas hüquqlarının qənaətbəxş səviyyədə müdafiəsini təmin edə bilməyəcək üzv dövlətə geri qaytarılmalarının qarşısını üçün Dublin Qaydaları əsasında təhvil vermələrin müvəqqəti olaraq dayandırılması məqsədilə təkliflər vermişdir (yuxarıda 77-79-cu bəndlərə bax).
351. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Əcnəbilərin işləri üzrə idarədə Dublin Qaydalarının tətbiqi ilə bağlı mövcud olan prosedur ərizəçiyə Yunanıstana təhvil verilməsinə qarşı olmasının səbəblərini bəyan etməsinə imkan vermirdi. Əcnəbilərin işləri üzrə idarədə doldurulan formada bu məsələ ilə bağlı qeydlərin edilməsi üçün hər hansı bölmə mövcud deyil (yuxarıda 130-cu bəndə bax).
352. Belə vəziyyətdə Məhkəmə hesab edir ki, Belçika dövlət orqanları ümumi vəziyyətdən xəbərdar idi və sübut etmə vəzifəsi tam şəkildə ərizəçinin üzərinə qoyulmamalıdır. Əksinə, o hesab edir ki, Hökumət suverenlik qeyd-şərtinin tətbiq edilməsi ilə bağlı bir-neçə misal gətirsə də (bunlardan heç biri Yunanıstan ilə bağlı olmamışdır), Əcnəbilərin işləri üzrə idarə insanların Yunanıstana təhvil verilməsi üçün əsasən istisnalıq etmək imkanını nəzərdən keçirmədən müntəzəm şəkildə Dublin Qaydalarını tətbiq etmişdir.
353. Belçika Hökuməti bildirmişdir ki, hər bir halda o, ərizəçinin Yunanıstanda Konvensiyaya zidd rəftar ilə üzləşəcəyi riskinin olmamasına dair bu ölkənin dövlət orqanlarından qənaətbəxş səviyyədə təminatlar almışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, ölkə daxili qanunların olması və əsas hüquqlara hörmət edilməsini təmin edən beynəlxalq müqavilələrə qoşulma mahiyyət etibarı ilə hazırkı işdə olduğu kimi dövlət orqanlarının aşkar şəkildə Konvensiyanın prinsiplərinə zidd olan təcrübələrdən istifadə etdiyi və ya belə təcrübələri qəbul etdiyinə dair mötəbər mənbələrin məlumatının olduğu hallarda pis rəftar riskinə qarşı adekvat müdafiənin təmin edilməsi üçün özü-özlüyündə kifayət deyil (bax: mutatis mutandis, “Saadi İtaliyaya qarşı” [Böyük Palata] (Saadi v. Italy [GC], no. 37201/06, § 147, ECHR 2008‑...)).
354. Məhkəmə eyni zamanda hesab edir ki, Yunanıstan tərəfindən Belçikanın dövlət orqanlarına verilmiş diplomatik təminatlar kifayət edici təminata bərabər deyil. O ilk növbədə qeyd edir ki, Dublin Qaydalarının tətbiq edilməsi əsasında məsuliyyətin üzərinə götürülməsi barədə razılıq Yunanıstanın dövlət orqanları tərəfindən ölkəni tərk etmə əmri çıxarıldıqdan sonra göndərilmişdir və buna görə də ölkədən çıxarılma əmri yalnız Yunanıstanın dövlət orqanlarının susmaqla verdiyi razılıq əsasında qəbul edilmişdir. İkincisi, o qeyd edir ki, razılıq sənədi şablon şəkildə tərtib edilmişdir (yuxarıda 24-cü bəndə bax) və şəxsən ərizəçi ilə bağlı burada hər hansı təminat göstərilməmişdir. Eyni zamanda Belçika Hökumətinin xatırlatdığı Yunanıstanın dövlət orqanları tərəfindən təqdim edilmiş məlumat sənədində də hər hansı fərdi xarakterli təminat əks olunmamışdır; burada yalnız tətbiq edilməsi mümkün olan qanunvericilik göstərilmiş və təcrübədə mövcud olan vəziyyət barədə heç bir aidiyyəti məlumat qeyd olunmamışdır.
355. Bundan sonra Məhkəmə ərizəçinin təhvil verilməsinin təxirə salınması məqsədilə 39-cu qayda əsasında müvəqqəti xarakterli tədbirin tətbiq edilməsinin Avropa Məhkəməsinin özü tərəfindən zəruri hesab edilmədiyi barədə Hökumətin irəli sürdüyü arqumenti qəbul etmir. O təkrar edir ki, ərizəçinin ölkə hüdudlarından kənara çıxarılmasının məsələnin Məhkəmənin diqqətinə çatdırıldığı ərəfələrdə dərhal həyata keçirilməli olduğu bu kimi işlərdə təcili qərar qəbul edilməlidir. Göstərilmiş tədbir müdafiə xarakterli olacaq və o, heç bir şəkildə ərizəyə Konvensiyanın 34-cü maddəsi əsasında baxılması ilə bağlı əvvəlcədən mühakimə yürütmək üçün əsas vermir. Bu mərhələdə müvəqqəti xarakterli tədbir göstərilən zaman Məhkəmə işi təfsilatı ilə təhlil etməli deyil və əlbəttə ki, o, bunu etmək üçün çox zaman bütün zəruri məlumata malik olmur (bax: mutatis mutandis, “Paladi Moldovaya qarşı” [Böyük Palata] (Paladi v. Moldova [GC], no. 39806/05, § 89,ECHR 2009‑...)). Bundan əlavə, hazırkı işdə Məhkəmə tərəfindən göndərilmiş məktublar açıq şəkildə göstərir ki, o, Yunanıstandakı vəziyyətdən tam şəkildə xəbərdar olmaqla bu dövlətin Hökumətindən ərizəçinin işini yaxından izləməyi və Məhkəməyə onun gedişi barədə məlumat verməyi xahiş etmişdir (yuxarıda 32-ci və 38-39-cu bəndlərə bax).
356. Üçüncü tərəf kimi işə müdaxilə edən Hökumətlərin dəstək verdiyi cavabdeh Hökumət sonda bildirmişdir ki, sığınacaq axtaranlar yalnız Yunanıstanda mövcud olan bütün hüquq müdafiə vasitələrini tükəndirdikdən və zəruri olduğu halda müvəqqəti xarakterli tədbirin tətbiqini xahiş etdikdən sonra həmin ölkəyə qarşı Avropa Məhkəməsinə şikayət etməlidirlər.
357. Bunun prinsip etibarı ilə Konvensiya sistemi altında işlərin ən normal gedişi olduğunu hesab etsə də Məhkəmə güman edir ki, sığınacaq axtaranların Yunanıstanda üzləşdikləri maneələrin onun tərəfindən təhlili hazırkı dövrdə bu məsələ ilə bağlı onların vaxtında ərizə təqdim edə bilmələrinin xəyali olduğunu açıq-aşkar göstərir. Məhkəmə qeyd edir ki, ərizəçini Avropa Məhkəməsində onu Belçikada müdafiə etmiş vəkil təmsil edir. Yunanıstanda baxılmasını gözləyən sığınacaq almaq barədə ərizələrin sayı nəzərə alınaraq bəzi sığınacaq axtaranların Yunanıstana qarşı Avropa Məhkəməsində iş qaldırdıqları faktı əsasında hər hansı nəticə çıxarılması mümkün deyil. Bununla bağlı o həmçinin Yunanıstanda olan sığınacaq axtaranlar tərəfindən bu ölkəyə qarşı müvəqqəti xarakterli tədbirlərin nəzərdə tutulduğu 39-cu maddənin tətbiq edilməsi ilə bağlı xahişlərin digər dövlətlər ilə müqayisədə çox az olduğunu nəzərə alır.
358. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin ölkədən çıxarılması vaxtı Belçikanın dövlət orqanları ərizəçinin sığınacaq verilməsinə dair ərizəsinin Yunanıstanın dövlət orqanları tərəfindən ciddi şəkildə araşdırılacağına heç bir təminatın olmadığını bilirdi və ya bilməli idi. Onların eyni zamanda onun təhvil verilməsindən imtina etmək vasitələri də mövcud idi.
359. Hökumət bildirmişdir ki, ərizəçi Belçikanın dövlət orqanlarına sığınacaq verilməsi prosedurundan istifadə edə bilməyəcəyi və Yunanıstanın dövlət orqanları tərəfindən öz ölkəsinə geri qaytarılacağı təhlükəsini kifayət qədər konkret izah edə bilməmişdir. Lakin Məhkəmə hesab edir ki, sadəcə ərizəçi ilə Konvensiya standartlarına uyğun davranılacağını ehtimal etmək deyil, əksinə, Yunanıstanın təcrübədə sığınacaq verilməsi məsələləri ilə bağlı qanunvericiliyini necə tətbiq etdiyini yoxlamaq faktiki olaraq yuxarıda qeyd edilmiş vəziyyət ilə üzləşmiş Belçika dövlət orqanlarının vəzifəsi idi. Onlar bunu etsəydi, ərizəçinin üzləşdiyi riskin 3-cü maddənin tətbiqi dairəsinə düşə biləcək qədər real və konkret olduğunu görərdi. Yunanıstandakı çox sayda sığınacaq axtaranın ərizəçinin vəziyyətində olması faktı riskin kifayət qədər və reallaşması mümkün səviyyədə olması halında onun konkretliyin daha az olmasına dəlalət etmir (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Saadi” işi, 132-ci bənd ).
(c) Nəticə
360. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin Belçika tərəfindən Yunanıstana təhvil verilməsi Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olmuşdur.
361. Bu nəticəni və işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin 2-ci maddə əsasında irəli sürdüyü şikayətlərin araşdırılmasına zərurət yoxdur.
V. 3-CÜ MADDƏNİN TƏLƏBLƏRİNƏ ZİDD OLAN SAXLAMA VƏ YAŞAYIŞ ŞƏRAİTİNƏ MƏRUZ QOYDUĞU ÜÇÜN BELÇİKA TƏRƏFİNDƏN KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
362. Ərizəçi iddia etmişdir ki, sığınacaq axtaranların Yunanıstanda məruz qaldıqları saxlama və yaşayış şəraitinə görə Dublin Qaydalarını tətbiq etməklə onu həmin ölkəyə geri qaytarmaqla Belçikanın dövlət orqanları onu Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilmiş rəftara məruz qoymuşdur.
363. Hökumət iddianı rədd edərək ərizəçinin ölkədən çıxarılması və sığınacaq verilməsi prosedurundakı çatışmazlıqlardan irəli gələn risklər ilə üzləşməsi nəticəsində 3-cü maddənin pozulması ilə bağlı iddialarını təkzib edən zaman gətirdiyi dəlilləri əsas kimi götürmüşdür.
364. Məhkəmə hesab edir ki, ərizəçinin yuxarıda qeyd edilmiş müddəa əsasında irəli sürdüyü iddiaları hüquq və faktlar ilə bağlı kompleks məsələləri ortaya çıxarır və işin mahiyyəti araşdırılmadan bu məsələlərin müəyyən edilməsi mümkün deyil; buradan belə çıxır ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil. O, başqa əsaslara görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də ərizə bu hissədə qəbuledilən elan edilməlidir.
365. İşin mahiyyəti ilə bağlı Məhkəmə təkrar edir ki, onun uzun müddətdən bəri mövcud olan təcrübəsinə uyğun olaraq sığınacaq axtaranın Razılığa Gələn Dövlət tərəfindən ölkə hüdudlarından kənara çıxarılması 3-cü maddə ilə bağlı məsələlərin ortaya çıxmasına və maraqlı şəxsin real şəkildə qəbul edən ölkədə işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmaq təhlükəsi ilə üzləşə biləcəyinə inanmaq üçün mühüm əsasları irəli sürdüyü təqdirdə həmin dövlətin Konvensiyaya uyğun qaydada məsuliyyətinin yaranmasına səbəb ola bilər. Belə olan halda 3-cü maddə fərdi həmin ölkəyə göndərməmək öhdəliyini ehtiva edir (bax: “Soerinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, judgment of7 July 1989, Series A no. 161, §§ 90-91); “Vilvaraca və Digərləri Birləşmiş Krallığa qarşı” (Vilvarajah and Others v. the United Kingdom, judgment of 30 October1991, Series A no. 125, § 103); “H.L.R. Fransaya qarşı” (H.L.R. v. France, judgment of 29 April 1997, Reports 1997-III, § 34); yuxarıda qeyd edilmiş “Cabari” işi, 38-ci bənd; “Saleh Şiix Niderlanda qarşı” (Salah Sheekh v. the Netherlands, no. 1948/04, § 135, ECHR 2007‑I (extracts), no. 1948/04) və yuxarıda qeyd edilmiş “Saadi” işi, 152-ci bənd).
366. Hazırkı işdə Məhkəmə artıq ərizəçinin Yunanıstandakı saxlama və yaşayış şəraitinin alçaldıcı olduğunu müəyyən etmişdir (yuxarıda 233-cü, 234-cü, 263-cü və 264-cü bəndlərə bax). O qeyd edir ki, bu faktlar ərizəçinin təhvil verilməsindən qabaq yaxşı məlum idi və çox saylı mənbələr vasitəsilə dəqiqləşdirilə bilərdi (yuxarıda 162-164-cü bəndlərə bax). Məhkəmə həmçinin vurğulayır ki, ərizəçinin Yunanıstana hansı səbəbə görə təhvil verilmək istəmədiyi barədə Belçika dövlət orqanlarına məlumat verməməsi ona qarşı istifadə oluna bilməz. Məhkəmə müəyyən etmişdir ki, Əcnəbilərin işləri üzrə idarədə həyata keçirilən prosedur belə bir izahatın verilməsi üçün heç bir müddəa nəzərdə tutmamışdır və Belçikanın dövlət orqanları Dublin Qaydalarını müntəzəm şəkildə tətbiq etmişdir (yuxarıda 352-ci bəndə bax).
367. Bu nəticələri və ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı Konvensiyanın 3-cü maddəsi əsasında dövlətlərin üzərilərinə düşən öhdəlikləri əsas kimi götürərək Məhkəmə hesab edir ki, Belçikanın dövlət orqanları ərizəçini Yunanıstana təhvil verməklə qəsdən onu alçaldıcı rəftara bərabər tutulan saxlama və yaşayış şəraitinə məruz qoymuşdur.
368. Beləliklə, Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
VI. ÖLKƏ HÜDUDLARINDAN KƏNARA ÇIXARILMA ƏMRİNƏ QARŞI SƏMƏRƏLİ HÜQUQ MÜDAFİƏ VASİTƏSİNİN OLMADIĞINA GÖRƏ BELÇİKA TƏRƏFİNDƏN KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİ İLƏ BİRLİKDƏ 13-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
369. Ərizəçi bildirmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələrinin iddia olunan pozuntuları barədə şikayət edə bilməsi üçün Belçika qanunvericiliyində Konvensiyanın 13-cü maddəsinin tələblərinə uyğun hüquq müdafiə vasitəsi olmamışdır.
A. Tərəflərin izahatları
1. Ərizəçi
370. Ərizəçi bildirmişdir ki, o, çox təcili prosedurlara uyğun olaraq ölkə hüdudlarından kənara çıxarılma tədbirinin icrasının təxirə salınması üçün ilkin ərizəsini təqdim edən zaman mümkün olduğu qədər tez hərəkət etmişdir. Lakin o, praktiki maneələr ilə üzləşmiş və bu maneələr onun təcili prosedurlardan istifadəsinin qarşısını almışdır.
371. İlk növbədə o izah etmişdir ki, ölkəni tərk etmək haqqında əmrin verildiyi gün, yəni 2009-cu il 19 may tarixində o, azadlıqdan məhrumetmə yerinə götürülmüş və ölkəyə qanunsuz olaraq daxil olmuş əcnəbilər üçün nəzərdə tutulmuş qapalı mərkəzə salınmışdır. Yalnız beş gün keçdikdən - uzun sürən “Vozneseniye Günü” bayramından sonra onun xahişi ilə Belçikanın dövlət orqanları tərəfindən vəkil təyin edilmiş və Belçikanın Qaçqınlara Yardım Komitəsi vəkil tərəfindən Dublin Qaydaları əsasında sığınacaq axtaranlarla bağlı ona ümumi məlumat çatdırıldığını müəyyən edə bilmişdir. Sığınacaq işləri üzrə mütəxəssis olmayan bu ilk vəkil üç gün sonra işin materiallarını əldə etməyə nail olaraq (ərizəçinin fikrincə bu, həddən çox uzun müddət idi) çox təcili prosedurlara uyğun olaraq qərarın icrasının təxirə salınması ilə bağlı ərizə təqdim etmişdir.
372. İkincisi, iş ərizə təqdim edildikdən yalnız bir saat sonra baxılması üçün təyin edilmişdir. Bu isə ofisi Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyadan 130 km aralıda yerləşən vəkilin dinləmələrdə iştirak etməsinə imkan verməmişdir. Ərizəçinin dediyinə görə vəkili onu təmsil etmək üçün hər hansı praktiki imkana malik olmamışdır, belə ki, dinləmələrdə iştirak edə bilməyən növbətçi vəkilləri əvəz etmək hüquqi yardım ofisinin “əcnəbilər” ilə bağlı bölməsinin daimi yardım xidmətinin vəzifəsi deyildi. Dediklərini təsdiq etmək üçün o, həmin bölmənin rəhbəri tərəfindən yazılmış qeydi təqdim etmişdir. Ərizəçi daha sonra bildirmişdir ki, onun yola salınması dərhal olmadığı və 27 may tarixinə təyin edildiyi üçün onun xahişi heç bir təcililik olmadığı ilə əlaqədar hər bir halda rədd edilə bilərdi.
373. Ərizəçi bildirmişdir ki, bu işdə təcili prosedurlardan praktiki baxımdan istifadənin mümkünsüz olması ilə yanaşı hər bir halda Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya şikayət edilməsi ölkə hüdudlarından kənara çıxarılma hallarında Konvensiyanın 2-ci və 3-cü maddələrinin pozulması riski baxımından Konvensiyanın 13-cü maddəsinin mənasında səmərəli hüquq müdafiə vasitəsi olmamışdır. Buna görə onun hüquq müdafiə vasitəsini tükəndirməməsindən ona qarşı istifadə oluna bilməz.
374. İlk növbədə o bildirmişdir ki, ölkədən çıxarılması vaxtı qərarın icrasının təxirə salınması barədə xahişinin müsbət həll olunacağına heç bir şans yox idi. Belə ki, Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın müəyyən bölmələrinin təcrübəsi göstərir ki, onlar müntəzəm şəkildə faktiki olaraq aradan qaldırılması mümkün olmayan ziyanın mövcud olmadığını bildirir. Onların mövqeyinə görə Yunanıstanın sığınacaq məsələlərində beynəlxalq öhdəliklərinə əməl edəcəyi prezumpsiyasi var və bu prezumpsiya şəxs üçün mövcud olan riski konkret olaraq sübut edilə bilmədikdə Yunanıstandakı ümumi vəziyyət barədə hesabatlar əsasında təkzib oluna bilməz. Bunun əksini göstərən yalnız az sayda qərar təqdim edilmişdir. Lakin bu qərarlar da tamamilə proqnozlaşdırılması mümkün olmayan tərzdə və əsaslar ilə əlaqədar izahat verilmədən qəbul edilmişdir.
375. Ərizənin fikrincə sübut etmə vəzifəsində belə artım və bunun da nəticəsində maraqlı şəxslərin Yunanıstanda müntəzəm olaraq Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olan rəftara məruz qalan həssas qrupun üzvləri olmalarını sübut etmələri Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya şikayət edilməsinin tamamilə səmərəsiz olmasına səbəb olmuşdur. Sonrakı hadisələr onun haqlı olduğunu təsdiq etmişdir, belə ki, o, şikayət etdiyi risklərdən konkret olaraq özü əziyyət çəkmişdir.
376. Çox təcili prosedurlara uyğun olaraq təqdim etdiyi ərizəsi rədd edildikdən sonra ərizəçinin işə mahiyyəti üzrə baxılmasını davam etdirməsinin heç bir mənası qalmamışdı, belə ki, bu, qərarın icrasını təxirə salmaq effektinə malik olmayacaq və onun ölkə hüdudlarından kənara çıxarılmasının qarşısını almayacaqdı. Əslində belə şikayətləri rədd etmək Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın daimi təcrübəsi idi. Belə ki, bu hallarda ərizəçinin tədbirin ləğv edilməsində artıq heç bir marağı qalmırdı. Nəhayət, hətta Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya həmin əsasa görə işi qəbuledilməz elan etməsəydi belə, yuxarıda qeyd edilmiş davamlı təcrübə ilə əlaqədar ərizəçinin ölkəni tərk etməsi əmri ləğv edilməyəcəkdi.
377. Ərizəçi əlavə etmişdir ki, bu cür qərarlardan hüquqi məsələlər ilə bağlı Dövlət Şurasına inzibati şikayətlər təqdim edilən zaman sonuncu Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın yanaşmasını mübahisələndirmir və vəziyyətin Konvensiyanın 13-cü maddəsi ilə bağlı hər hansı məsələ ortaya çıxarmadığını hesab edirdi.
2. Belçika Hökuməti
378. Belçika Hökuməti bildirmişdir ki, ərizəçi ölkə məhkəmələrinə müraciət etmək üçün Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab verən bir-neçə hüquq müdafiə vasitəsindən istifadə edə bilərdi, lakin o, bu vasitələri lazımı qaydada tükəndirməmişdir.
379. Qərarın icrasının təxirə salınması üçün çox təcili prosedurlar məsələsinə gəlincə Hökumət qeyd etmişdir ki, Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya istənilən vaxt heç bir maneçilik olmadan ərizə ilə müraciət edilməsi mümkün idi və belə müraciət qərarın icrasını təxirə salırdı. Hökumət prosedurun səmərəliliyinin “Quraişi Belçikaya qarşı” (Quraishi v. Belgium (application no. 6130/08, decision of 12 May 2009) işində təsdiq edildiyini bildirmişdir. O iddia etmişdir ki, ərizəçi ölkəni tərk etmək əmrinə əsasən on gün əvvəl azadlıqdan məhrumetmə yerinə götürülməzdən bir-neçə saat öncə Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya təcili qaydada müraciət etmişdir. Ərizəçinin səy göstərməməyə görə cəzalandırılması Dövlət Şurası tərəfindən uzun müddətdən bəri tətbiq edilən təcrübədir və müdafiə tərəfinin hüquqlarını və işin araşdırılmasını məhdudlaşdıran prosedurun müstəsna xarakteri ona haqq qazandırır. Uçuşun 27 may tarixinə kimi təyin olunmaması elə bir əhəmiyyətə malik deyildi, belə ki, ərizəçi tərəfindən gətirilmiş nümunədən başqa digər hallarda Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın təcrübəsi göstərir ki, azadlıqdan məhrum edilməsi təhlükənin ani təbiətə malik olduğunu əsaslandırmaq üçün kifayət edir.
380. Bundan əlavə, təcili olması ilə bağlı olaraq iş dərhal baxılmaq üçün təyin edilmiş, lakin dinləmələrdə heç kəs iştirak etməmişdir. Halbuki ərizəçinin vəkili Brüsseldə yerləşən hüquqi yardım ofisinin daimi xidmətindən Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyada kiminsə onu təmsil etməsini xahiş edə bilərdi.
381. Hökumət qərarın icrasının təxirə salınması barədə xahişinin təmin olunacağına heç bir şansın olmamasına dair ərizəçinin arqumenti ilə razılaşmamış və Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya tərəfindən 2008-2009-cu illər ərzində çox təcili prosedurlara uyğun olaraq Yunanıstana təhvil vermənin dayandırılması haqqında qəbul edilmiş beş qərarı təqdim etmişdir. Komissiya bu qərarlarını onunla əsaslandırmışdır ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə uyğun olaraq təqdim etdiyi şikayətlərin ağırlığı nəzərə alınarsa, ölkəni tərk etmə haqqında əmr prima facie kifayət qədər əsaslandırılmamışdır. Hökumətin mövqeyinə görə Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya və Dövlət Şurasına məsələnin həllinə dair təklifin verilməsi və mübahisə edilən tədbirin qanuniliyinin araşdırılması üçün imkanın verilməsi məqsədilə ərizəyə yenidən baxılması üçün müraciət edilməsi daim ərizənin marağında olmalıdır.
382. Bu arada ərizəçinin ölkə hüdudlarından kənara çıxarılması onu prosesi davam etdirməkdən çəkindirməməli idi. Qeyd etdiklərini təsdiq etmək üçün Hökumət Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın 2009-cu il 29 may tarixli 28.233 nömrəli qərarına istinad etmişdir. Bu qərarda ərizəçi artıq təhvil verilmiş olsa da, şikayət qəbuledilən elan edilmişdir. Ərizəçinin işdə artıq marağı olmadığından ərizə sonradan rədd edilmişdir. Belə ki, ərizə ölkəni tərk etmə qərarı ilə bağlı olmuş və ərizəçi Konvensiyanın 3-cü maddəsinin pozulduğunu in concreto sübut edə bilməmişdir.
383. İşin mahiyyəti ilə bağlı məsələlərə gəlincə Hökumət təsdiq etmişdir ki, təxirə salma mərhələsində aradan qaldırılması mümkün olmayan ziyanın mövcudluğunu müəyyən edən zaman faktiki olaraq Məhkəmənin təcrübəsinə əsaslanan Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın təcrübəsi ərizəçilərdən üzləşdikləri konkret təhlükəni sübut etməyi tələb edir. Lakin Hökumət bildirmişdir ki, 13-cü maddənin mənasında hüquq müdafiə vasitəsinin səmərəliliyi müsbət nəticənin dəqiq əldə olunacağından asılı olmadığı kimi işə mahiyyəti üzrə baxılaraq mənfi qərarın qəbul edilə biləcəyi perspektivi də vasitənin səmərəliyinin qiymətləndirilməsi zamanı əsas kimi götürülə bilməz.
384. Üçüncü tərəf kimi işdə iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı hesab etmişdir ki, Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya və Dövlət Şurasının mövcud təcrübəsinə görə maraqlı şəxslər konkret risk ilə üzləşdiklərini və qəbul edən ölkədə müdafiələrinin təmin olunmasının mümkünsüzlüyünü sübut etmək üçün konkret dəlillər irəli sürə bilmədiklərinə görə Dublin Qaydaları əsasında verilmiş ölkəni tərk etmək barədə əmrin icrasının təxirə salınması və ya ona yenidən baxılmasına dair ərizələr təmin olunmur. Belə yanaşmanı qəbul etməklə Belçika məhkəmələri avtomatik olaraq Dublin Qaydalarına əsaslanmış və Konvensiya və qaçqınların məsələləri üzrə beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş yüksək öhdəliklərini yerinə yetirə bilməmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
385. Məhkəmə artıq müəyyən etmişdir ki, Belçikanın dövlət orqanları ərizəçini Yunanıstana göndərməklə Konvensiyanın 3-cü maddəsinin tələblərini pozmuşdur (yuxarıda 359-cu və 360-cı bəndlərə bax). Bu baxımdan 13-cü maddənin məqsədləri baxımından ərizəçinin şikayətləri “mübahisə predmetini” təşkil edir.
386. Məhkəmə ilk növbədə qeyd edir ki, Belçika qanunvericiliyinə görə ölkədən çıxarılma əmrinin ləğv edilməsi üçün Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya şikayət verilməsi əmrin icrasını təxirə salmır. Lakin Hökumət qeyd etmişdir ki, eyni məhkəmədən “çox təcili prosedurlar”a uyğun olaraq icranın təxirə salınmasını xahiş etmək mümkün idi və Dövlət Şurasına müraciət etmək üçün istifadə olunan çox təcili prosedurlardan fərqli olaraq Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya müraciət etmək üçün mövcud prosedur Komissiya tərəfindən qərar qəbul edilənə qədər (ən çoxu 72 saat ərzində bu qərar qəbul edilir) ölkədən çıxarma tədbirinin avtomatik olaraq dayandırılmanı nəzərdə tutur.
387. Məhkəmə yuxarıda qeyd edilmiş “Konka” qərarına (81-83-cü bəndlər, bu qərarda gəlinmiş nəticələr yuxarıda qeyd edilmiş “Qebremedhin” qərarının 66-67-ci bəndlərində də təsdiq edilmişdir) əməl edilməsinin irəliləyiş olduğu ilə razılaşsa da, təkrar edir ki, onun mövcud təcrübəsinə görə (yuxarıda 293-cü bənd) başqa ölkəyə göndərilməsi şəxsi Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan rəftara məruz qoyacağına dair istənilən şikayət yaxından və ciddi şəkildə yoxlanmalıdır. Bu zaman dövlətə verilmiş müəyyən təqdir səlahiyyəti nəzərə alınmaqla 13-cü maddəyə uyğunluq səlahiyyətli orqanın şikayətə mahiyyəti üzrə baxa bilməsini və zəruri kompensasiya təyin etməsini tələb edir.
388. Məhkəmənin mövqeyinə görə yoxlamanın hüdudlarına dair tələblər nəzərə alınmazsa, mübahisə predmeti olan tədbirin icrasının təxirə salınması ilə bağlı 13-cü maddədən irəli gələn tələbə köməkçi tədbir kimi baxmaq olmaz. Bunun əksinin olması dövlətlərə 3-cü maddə əsasında verilən şikayətlərə mümkün qədər dəqiqliklə baxmadan şəxsi ölkə hüdudlarından kənara çıxarmağa icazə vermək olardı.
389. Lakin çox təcili prosedur məhz bu nəticəyə səbəb olur. Hökumət özü izah edir ki, bu prosedur müdafiə tərəfinin hüquqlarını və işin araşdırılmasını minimuma qədər məhdudlaşdırır. Məhkəməyə məlum olan qərarlar (yuxarıda 144-cü və 148-ci bəndlər) bir daha təsdiq edir ki, 3-cü maddə əsasında təqdim edilmiş şikayətlərin ərizəçinin ölkədən çıxarılması zamanı Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın bəzi bölmələri tərəfindən araşdırılması hərtərəfli aparılmırdı. Araşdırma 3-cü maddənin iddia edilən potensial pozuntusu nəticəsində ortaya çıxa biləcək ziyanın aradan qaldırılmasının mümkün olmadığını sübut etmək üçün konkret dəlillər irəli sürüb-sürmədiyinin yoxlanılması ilə məhdudlaşdır və beləliklə də, sübut etmə vəzifəsini iddia olunan pozuntu riskinin mahiyyətinin araşdırılmasına mane ola biləcək dərəcədə artırırdı. Bundan əlavə, maraqlı şəxslər Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyaya müsahibə verdikdən sonra bununla bağlı işin materiallarına yeni materiallar əlavə etməyə cəhd göstərdikdə, Komissiya heç də həmişə həmin materialı nəzərə almırdı. Beləliklə də maraqlı şəxslər Konvensiyanın 3-cü maddəsi əsasında irəli sürdükləri şikayətin mübahisə yarada biləcək xarakterə malik olduğunu təsdiq etmək imkanından məhrum olurdular.
390. Məhkəmə belə nəticəyə gəlir ki, çox təcili prosedurlara uyğun olaraq qərarın icrasının təxirə salınması üçün istifadə olunan prosedur Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab vermir.
391. Mövcud presedent hüququndan fərqli olaraq bəzi qərarların Yunanıstana təhvil verməni təxirə salması (yuxarıda 149-cu bənd) gəlinən nəticəni dəyişmir, belə ki, təxirə salma qərarları 3-cü maddənin pozuntusu riskinin mahiyyəti üzrə araşdırılmasının nəticələri əsasında deyil, Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın Əcnəbilərin işləri üzrə idarə tərəfindən qərarının kifayət qədər əsaslandırılmamasına dair gəldiyi nəticəyə uyğun olaraq qəbul edilmişdi.
392. Məhkəmə bundan əlavə qeyd edir ki, ərizəçi Hökumətin istinad etdiyi hüquq müdafiə vasitələrindən istifadə edilməsi ilə bağlı bəzi praktiki maneələr ilə də üzləşmişdir. O qeyd edir ki, ərizəçinin çox təcili prosedura uyğun olaraq qərarın icrasının təxirə salınması barədə xahişi prosessual əsaslara görə, xüsusilə iclasda iştirak etmədiyinə görə rədd edilmişdir. Məhkəmə Hökumətin bildirdiklərinin əksinə hesab edir ki, işin hallarına görə bu fakt ərizəçi tərəfindən məsələnin həllinə səy göstərmədiyinin əlaməti deyil. Məhkəmə ərizəçinin vəkilinin Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın iclasına vaxtında necə çata biləcəyini anlamır. Gecə-gündüzlü xidmətdən yardım istəmək xahişinə gəlincə, Məhkəmə hər bir halda qeyd edir ki, Hökumət təcrübədə belə bir xidmətin mövcud olmasını sübut edə bilməmişdir.
393. Ərizəçinin hətta təhvil verilməsindən sonra ölkəni tərk etmək əmrinin ləğv edilməsi üçün prosesi davam etdirməsinin faydası məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, Hökumət tərəfindən təqdim edilmiş yeganə nümunə (yuxarıda 151-ci və 382-ci bəndlərə bax) ərizəçinin şəxs deportasiya edildikdən sonra Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın ölkəni tərk etmək barədə əmrə yenidən baxılmasının əhəmiyyəti qalmadığına görə şikayəti qəbuledilməz elan etməsi ilə əlaqədar inancını təsdiq edir. Həmin qərarda Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın Konvensiyanın 3-cü maddəsi əsasında şikayətləri araşdırdığı həqiqətə uyğun olsa da, qərarının icranı təxirə salmaq effektinə malik olmadığı halda Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın 3-cü maddənin pozuntusunu qət edəcəyi təqdirdə ərizəçinin pozulmuş hüquqlarını necə bərpa edəcəyi Məhkəməyə aydın deyil.
394. Bundan əlavə, Məhkəmə qeyd edir ki, göründüyü kimi tərəflər Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiya və Dövlət Şurasının yuxarıda qeyd edilmiş təcrübəsinə görə ərizəçinin şikayətinin təmin edilməsi mümkünlüyünün olmaması və ərizəçinin iddia olunan potensial pozuntunun vurduğu ziyanın aradan qaldırılması imkanının olmadığını in concreto sübut etməsinin mümkünsüzlüyü ilə razılaşırlar. Məhkəmə təkrar edir ki, hüquq müdafiə vasitəsinin səmərəliliyi ərizəçi üçün dəqiq şəkildə müsbət qərarın qəbul edilməsindən asılı olmasa da, pozulmuş hüquqlarının adekvat şəkildə bərpası üçün hər hansı perspektivin olmaması 13-cü maddə əsasında məsələnin qalxmasına səbəb olur (yuxarıda qeyd edilmiş “Kudla” işi, 157-ci bənd).
395. Nəhayət, Məhkəmə qeyd edir ki, hazırkı işin halları Hökumətin istinad etdiyi “Quraişi” işindən açıq şəkildə fərqlənir. 2006-cı ildə baş vermiş və Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyada 2007-ci ildə, yəni Komissiyanın fəaliyyətə başlamasından bir-neçə ay sonra keçirilmiş proses ilə bağlı olan sonuncu işdə ərizəçilər məhkəmələrin müdaxiləsindən sonra ölkədən çıxarılma əmrlərinin icrasının təxirə salınmasına nail ola bilmişlər. Bundan əlavə, Avropa Məhkəməsinin onların işlərinə baxan zaman ərizəçilər hələ də ölkədən çıxarılmamışdılar və Əcnəbilərin işləri ilə bağlı şikayətlərə baxılması üzrə komissiyanın Dublin işləri ilə bağlı hələ də mövqeyi formalaşmamışdı.
396. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə 3-cü maddə ilə birgə 13-cü maddənin pozulduğunu qət edir. Buradan belə çıxır ki, ərizəçi dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirmədiyi üçün günahkar hesab edilə bilməz və Belçika Hökumətinin bu vasitələrin tükəndirilməməsi ilə bağlı ilkin etirazı (yuxarıda 335-ci bəndə bax) qəbul edilə bilməz.
397. Məhkəmə bu nəticəni və işin hallarını nəzərə alaraq 2-ci maddə ilə birgə 13-cü maddənin pozulduğuna dair ərizəçinin şikayətinin araşdırılmasına ehtiyac olmadığını hesab edir.
VII. KONVENSİYANIN 46-CI VƏ 41-Cİ MADDƏLƏRİNİN TƏTBİQİ
A. Konvensiyanın 46-cı maddəsi
398. Konvensiyanın 46-cı maddəsində qeyd edilir:
“1. Yüksək Razılığa Gələn Tərəflər tərəf olduqları işlər üzrə Məhkəmənin yekun qərarlarına tabe olmaq öhdəliyini üzərilərinə götürürlər.
2. Məhkəmənin yekun qərarı icrası üzərində nəzarətin həyata keçirilməsi üçün Nazirlər Komitəsinə göndərilir”.
399. Konvensiyanın 46-cı maddəsinə görə Yüksək Razılığa Gələn Tərəflər tərəf olduqları işlər üzrə Məhkəmənin yekun qərarlarına tabe olmaq öhdəliyini üzərilərinə götürürlər və Nazirlər Komitəsi həmin qərarların icrasına nəzarəti həyata keçirir. Bu o deməkdir ki, Məhkəmə pozuntunun olduğunu qət edən zaman cavabdeh dövlət sadəcə 41-ci maddə əsasında maraqlı tərəflərə ədalətli kompensasiya ödəməməli, həm də zəruri ümumi və / və ya lazım olduğu halda fərdi xarakterli tədbirlər görməlidir. Məhkəmənin qərarları əsasən təbiəti etibarı ilə deklarativ xarakterə malik olduğundan, Konvensiyanın 46-cı maddəsinə əsasən hüquqi öhdəliyini yerinə yetirmək məqsədilə vasitələrin seçilməsini Nazirlər Komitəsinin nəzarəti altında ilk növbədə maraqlı dövlət özü edir, bir şərtlə ki, həmin vasitələr Məhkəmənin qərarında əks olunmuş nəticələrə uyğun olsun. Bununla belə bəzi xüsusi hallarda Məhkəmə əsasən Konvensiyanın pozuntusuna səbəb olan sistematik xarakterli vəziyyətlərə son qoymaq üçün görülməli tədbirlər ilə bağlı cavabdeh dövlətə göstərişlər verilməsini zəruri hesab edə bilər (misal üçün bax: “Öcalan Türkiyəyə qarşı” [Böyük Palata] (Öcalan v. Turkey [GC], no. 46221/99, § 210, ECHR 2005-IV) və “Popov Rusiyaya qarşı” (Popov v. Russia, no. 26853/04, § 263, 13 July 2006)). Bəzən müəyyən edilmiş pozuntular təbiət etibarı ilə elə ola bilər ki, onların aradan qaldırılması üçün tələb olunan tədbirlər ilə bağlı seçim imkanı qoymaya bilər (bax: “Assanidze Gürcüstana qarşı” [Böyük Palata] (Assanidzé v. Goorgia [GC], no. 71503/01, 8 April 2004, § 198, ECHR 2004-II); “Verein gegen Tierfabriken Schweiz (VgT) İsveçrəyə qarşı” [Böyük Palata] (Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [GC], no. 32772/02, of 30 June 2009, §§ 85 and 88, ECHR 2009-..)).
400. Hazırkı işdə Məhkəmə gələcəkdə oxşar pozuntuların qarşısının alınması üçün tələb olunan ümumi xarakterli tədbirlərə xələl gətirmədən qərarın ərizəçinin maraqları baxımından icrası üçün tələb olunan bəzi fərdi xarakterli tədbirlərin göstərilməsini zəruri hesab edir (bax: mutatis mutandis, “Broniovski Polşaya qarşı” [Böyük Palata] (Broniowski v. Poland [GC], no. 31443/96, § 193, ECHR 2004-V)).
401. Məhkəmə ərizəçinin Yunanıstandakı yaşayış şəraiti, uzun müddət ərzində qeyri-müəyyən şəraitdə yaşaması və vəziyyətinin yaxşılaşacağına hər hansı ümidin olmaması ilə bağlı Yunanıstan tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət etmişdir (yuxarıda 263-cü bəndə bax). O həmçinin ərizəçi barəsində tətbiq edilmiş sığınacaq verilməsi prosedurundakı çatışmazlıqlar və sığınacaq verilməsinə dair ərizəsi ciddi şəkildə araşdırılmadan, həmçinin səmərəli hüquq müdafiə vasitələrindən istifadə imkanı olmadan Əfqanıstana geri qaytarılma riskinin olması ilə bağlı Konvensiyanın 3-cü maddəsi ilə birlikdə 13-cü maddənin pozulduğunu qət etmişdir (yuxarıda 322-ci bəndə bax).
402. İşin xüsusi hallarını və Konvensiyanın 13-cü və 3-cü maddələrinin pozuntularına son qoyulmasına təcili ehtiyacın olduğunu nəzərə alan Məhkəmə Yunanıstanın üzərinə ərizəçinin sığınacaq verilməsinə dair xahişinə mahiyyəti üzrə təxirə salmadan baxılmasını davam etdirmək və baxışın nəticəsi müəyyən olana qədər ərizəçini deportasiya etməkdən çəkinmək öhdəliyini qoymağı zəruri hesab edir.
B. Konvensiyanın 41-ci maddəsi
403. Konvensiyanın 41-ci maddəsində qeyd edilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ təzminatın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli kompensasiyanın ödənilməsi barədə qərar çıxarır.”
1. Mənəvi ziyan
(a) Yunanıstan ilə bağlı
404. Ərizəçi saxlandığı iki müddət ərzində ona dəymiş mənəvi ziyana görə 1000 avro məbləğində vəsaitin kompensasiya kimi ödənilməsini tələb etmişdir.
405. Yunanıstan Hökuməti tələbi əsassız hesab etmişdir.
406. Məhkəmə ərizəçinin saxlanma şəraitinin Konvensiyanın 3-cü maddəsini pozduğunu qət etmişdir. O hesab edir ki, ərizəçi müəyyən əzab çəkmişdir ki, bunu da yalnız pozuntunun olması faktının qət edilməsi ilə kompensasiya etmək mümkün deyil. Hazırkı işdə müəyyən edilmiş pozuntuların xarakterini nəzərə alaraq Məhkəmə ərizəçinin tələbini təmin etməyi ədalətli hesab edir və ona dəymiş mənəvi ziyana görə 1000 avro məbləğində kompensasiya verilməsini qət edir.
(b) Belçika ilə bağlı
407. Ərizəçi bir tərəfdən Yunanıstana təhvil verilməzdən öncə Belçikada o zaman qapalı olmuş, hazırda isə açıq mərkəzdə saxlanılması, digər tərəfdən isə Belçika dövlət orqanlarının onu Yunanıstana təhvil vermək barədə çıxardıqları qərar ilə bağlı dəymiş mənəvi ziyana görə 31825 avro (müvafiq olaraq 6925 və 24900 avro) məbləğində vəsaitin ona kompensasiya kimi verilməsini tələb etmişdir.
408. Belçika Hökuməti bildirmişdir ki, əgər Avropa Məhkəməsi Belçikanın məsuliyyət daşıdığını müəyyən edərsə, ərizəçi saxlanması ilə ona dəymiş hər hansı mənəvi ziyana görə kompensasiya almaq üçün Belçika məhkəmələrində iddia qaldıra bilər. Hökumət hesab etmişdir ki, hər bir halda tələb əsassızdır, ərizəçi dövlətin təqsirini və ya iddia edilən pozuntu ilə vurulması iddia olunan mənəvi ziyan arasında səbəbiyyət əlaqəsinin olduğunu sübut edə bilməmişdir.
409. Məhkəmə təkrar edir ki, o, o zaman 41-ci maddədə nəzərdə tutulmuş ədalətli kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər ki, iddia edilən itki və ya ziyan müəyyən edilmiş pozuntu nəticəsində baş vermiş və ya dəymiş olsun. Bununla yanaşı, dövlətdən məsuliyyət daşımadığı ziyana görə vəsait ödəməsi tələb oluna bilməz (yuxarıda qeyd edilmiş “Saadi” işi, 186-cı bənd). Hazırkı işdə Məhkəmə ərizəçinin Yunanıstana təhvil verilməzdən öncə Belçikada saxlanılması zamanı Konvensiyanın pozulduğunu müəyyən etməmişdir. Buna görə də o, tələbi bu hissədə təmin etmir.
410. Yunanıstana təhvil verilməklə vurulan ziyan məsələsinə gəlincə Məhkəmə ərizəçinin təhvil verilməsi ilə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət etmişdir. Belə ki, bu zaman o, Yunanıstanda azadlıqdan məhrum etmə yerində saxlandığı və burada yaşadığı zaman Konvensiyanın həmin müddəası ilə qadağan edilmiş rəftara və Yunanıstanın sığınacaq prosedurundakı çatışmazlıqlardan irəli gələn risklərə məruz qoyulmuşdur. Məhkəmə təkrar edir ki, ərizəçinin kompensasiya almaq üçün Belçika məhkəmələrinə müraciət edə bilməsi Məhkəməni tələbi əsassız hesab etməyə məcbur etmir (bax: “De Vilde, Ooms və Versip Belçikaya qarşı (50-ci maddə)” (De Wilde, Ooms and Versyp v. Belgium (Article 50), 10 March 1972, § 16, Series A no. 14)).
411. Məhkəmə hesab edir ki, ərizəçi müəyyən əzab çəkmişdir və sadəcə Məhkəmənin pozuntunun olduğunu qət etməsi ədalət kompensasiya hesab edilə bilməz. Hazırkı işdə müəyyən edilmiş pozuntuların xarakterini nəzərə alan Məhkəmə ərizəçinin tələbinin təmin edilməsinin ədalətli olduğunu hesab edir və ona dəymiş mənəvi ziyana görə 24900 avro məbləğində kompensasiya verilməsini qət edir.
2. Məhkəmə xərcləri
(a) Yunanıstan ilə bağlı
412. Ərizəçi Yunanıstan Hökumətinə qarşı Avropa Məhkəməsində müdafiəsi ilə bağlı çəkilmiş xərclərin ödənilməsini tələb etmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş xərc və məsrəflərin siyahısına görə 2010-cu ilin 15 martı üçün məhkəmə xərcləri ümumilikdə 3450 avro olmuşdur (hər saat üçün vəkilin haqqı 75 avrodan hesablanmışdır). Vəkil bildirmişdir ki, o, Avropa Məhkəməsində işi udacağı təqdirdə ərizəçinin yuxarıda qeyd edilmiş saat hesabı haqqa uyğun olaraq ödəniş edəcəyi barədə sonuncu ilə razılaşmışdır.
413. Yunanıstan Hökuməti bu tələbi həddən artıq və əsassız hesab etmişdir.
414. Məhkəmə hesab edir ki, ərizəçi sifarişçi kimi hüquqi nümayəndəsinə razılaşdırılmış vəsaitin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürməklə tələb etdiyi xərcləri ödəmişdir (bax: mutatis mutandis, “Sanoma Uitqevers B.V. Niderlanda qarşı” (Sanoma Uitgevers B.V. v. the Netherlands, no. 38224/03, § 110, 31 March 2009)). Məhkəmə eyni zamanda məhkəmə xərclərinin zəruri və ağlabatan olduğunu hesab edərək ərizəçiyə 3450 avro məbləğində vəsaitin ödənilməsini qət edir.
(b) Belçika ilə bağlı
415. Ərizəçi Belçika məhkəmələri və Avropa Məhkəməsi qarşısında çəkdiyi xərclərin ödənilməsini tələb etmişdir. Ərizəçinin vəkili tərəfindən təqdim edilmiş xərc və məsrəflərin siyahısına görə 2010-cu ilin 15 mart tarixinə kimi çəkilmiş məhkəmə xərclərinin ümumi məbləği 7680 avro olmuşdur (hər saat üçün vəkilin haqqı 75 avrodan hesablanmışdır). Belçika məhkəmələrində işə baxılması ilə bağlı 1605 avro, Avropa Məhkəməsində Belçikaya qarşı işə baxılmasına görə 6705 avro vəsaitin ödənilməsi tələb olunmuşdur.
416. Belçika Hökuməti Məhkəmədən tələbi rədd etməyi xahiş etmişdir. O bildirmişdir ki, ərizəçinin pulsuz hüquqi yardım almaq və hüquqi xərcləri ilə bağlı yardım almaq hüququ olmuşdur. Buna görə də onun bu xərcləri çəkməsi zəruri deyildi. Onun vəkili Məhkəmə Məcəlləsinin hüquqi yardıma dair müddəalarına əsasən Belçika məhkəmələri və Avropa Məhkəməsi qarşısında çəkilmiş bütün xərclərə görə kompensasiya ala bilərdi. Məcəllədə vəkil tərəfindən göstərilmiş xidmətlərə uyğun “xallar” formasında çəkilmiş xərclərin ödənilməsi sistemini təsbit edilmişdir. 2010-cu ildə bir xal 26,91 avroya bərabər idi. 2009-cu ildə isə bu rəqəm 23,25 xal olmuşdur. Bu müddəalara əməl edilmiş olunsaydı, vəkil artıq 2009-cu ildə çəkdiyi xərclərə görə ödəməni almış olardı. Hökumət həmçinin göstərmişdir ki, Məhkəmə Məcəlləsinin məhkəmə xərclərinin ödənilməsi ilə bağlı 1022-ci maddəsinə əsasən işdə məğlub olmuş tərəfdən digər tərəfin çəkdiyi xərclərin hamısını və ya bir qismini ödəməsi tələb olunur. Prosesin pul vahidi ilə qiymətləndirilə bilinmədiyi işlərdə ödəniləcək məbləğ məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi yardım verildikdən sonra çəkilmiş xərclər daha artıq olarsa, Maliyyə Nazirliyi hüquqi yardım kimi verilmiş məbləğə əlavələr edə bilər.
417. Ərizəçinin vəkili Belçika dövləti tərəfindən hüquqi yardım göstərən vəkil kimi təyin olunduğunu təsdiq etmiş, lakin bu təyinatın yalnız birinci instansiya məhkəməsinə aid olduğunu bildirmişdir. Buna görə o, “on xal” almaq hüququna malik idi. O, göstərdiyi hüquqi yardıma görə heç bir vəsait almadığını bildirmişdir. Prosesin digər hissələri ilə bağlı o, Avropa Məhkəməsi qarşısında işi qazanacağı təqdirdə ödəmənin yuxarıda qeyd edilmiş saat hesabı haqqa uyğun olaraq hissə-hissə ödənilməsi barədə razılığa gəlmişdir. Bu öhdəlik yalnız qismən yerinə yetirilmişdir. Ərizəçinin fikrincə ödənilmiş prosessual xərclər ödənilməli olan hüquqi yardımdan çıxıldığından Belçika dövlət orqanları tərəfindən ona həddindən çox kompensasiya ödənilməsi təhlükəsi yoxdur. Buradan belə çıxır ki, əvvəlki məbləğ sonrakından artıq olardısa, onun vəkili hüquqi yardım idarəsindən hüquqi yardım göstərilməsini dayandırmağı xahiş edəcəkdi və əgər Avropa Məhkəməsi tərəfindən ödənilməsi qət edilən məhkəmə xərcləri göstərilmiş hüquqi yardımın məbləğindən artıq olardısa, onun vəkili hüquqi yardım kimi heç bir vəsaiti almayacaqdı.
418. Məhkəmənin mövcud presedent hüququna görə Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri yalnız o zaman ödənilir ki, bu xərclər həqiqətən də və zəruri olaraq çəkilsin və onun məbləği ağlabatan olsun. Bundan əlavə, məhkəmə xərcləri yalnız müəyyən edilmiş pozuntuya aid olduğu halda ödənilir (digər qərar ilə yanaşı bax: yuxarıda qeyd edilmiş “Sanoma Uitqevers B.V. Niderlanda qarşı” işi, 109-cu bənd).
419. Məhkəmə ilk növbədə ölkə daxili məhkəmələrdə işə baxılması ilə bağlı çəkilmiş xərclər məsələsinə baxır. O qeyd edir ki, ərizəçi müxtəlif proseslərdə çəkilmiş xərclərin siyahısını bəndlər üzrə göstərməmişdir. Bu, Məhkəmənin hazırkı iş üzrə aşkar edilmiş pozuntuya dəqiq olaraq hansı məbləğin uyğun gəldiyini və bu məbləğin hansı hissədə hüquqi yardım ilə ödənildiyini və ya ödənilə biləcəyini müəyyənləşdirməsinə mane olur. Bu qeyri-müəyyənliyə görə (bax: mutatis mutandis, “Musial Polşaya qarşı” [Böyük Palata] (Musiał v. Poland [GC], no. 24557/94, § 61, ECHR 1999‑II)) Məhkəmə bu tələbləri rədd edir.
420. Avropa Məhkəməsində Belçikaya qarşı işə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərclərinə gəlincə, Məhkəmə təkrar edir ki, ölkə daxili qiymətlər və təcrübəni nəzərə alsa da, onlar Məhkəmə üçün məcburi xarakter daşımır (bax: “Venema Niderlanda qarşı” (Venema v. the Netherlands, no. 35731/97, § 116, ECHR 2002‑X)). Hər bir halda Yunanıstana münasibətdə göstərilən səbəblərə görə (yuxarıda 414-cü bəndə bax) Məhkəmə ərizəçiyə 6075 avro məbləğində kompensasiyanın verilməsini qət edir.
(c) Belçika və Yunanıstan ilə bağlı
421. Ərizəçi sonda Avropa Məhkəməsindəki dinləmələr ilə bağlı çəkilmiş məhkəmə xərclərinin ödənilməsini tələb etmişdir. Ərizəçinin vəkili tərəfindən təqdim edilmiş xərclərin və haqların siyahısına görə dinləmələrdə iştirak və ona hazırlıq ilə bağlı 2550 avro məbləğində vəsait sərf edilmişdir (hər saat üçün 75 avro hesabı ilə). Heç bir qəbz təqdim etmədən o, həmçinin vəkilinin Strasburqa səfəri zamanı çəkdiyi yol və qalma xərclərinə görə 297,74 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
422. Məhkəmə mövcud presedent hüququna uyğun olaraq tələb olunan qəbzlər ilə təsdiq edilməmiş hissədə ərizəçinin tələbini rədd edir.
423. Tələbin digər hissəsinə gəlincə, tələb olunan məhkəmə xərclərinin zəruri olaraq çəkildiyini və məbləğin ağlabatan olduğunu müəyyən edən Məhkəmə ərizəçiyə 2550 avro məbləğində vəsaitin ödənilməsi qət edir. Məhkəmə tərəfindən müəyyən edilmiş müxtəlif pozuntulara görə məsuliyyət nəzərə alınaraq Belçika və Yunanıstan hər biri bu məbləğin yarısını ödəyəcək.
(d) Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
424. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
1. On altı səs lehinə, bir səs əleyhinə olmaqla Yunanıstan tərəfindən qaldırılmış ilkin etirazları ərizənin mahiyyətinə baxılması ilə eyni icraatda birləşdirir və onları rədd edir;
2. Ərizəçinin Yunanıstanda saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi əsasında təqdim etdiyi şikayəti yekdilliklə qəbuledilən elan edir;
3. Ərizəçinin saxlanma şəraiti ilə bağlı Yunanıstan tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu yekdilliklə qət edir;
4. Ərizəçinin Yunanıstanda yaşayış şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi əsasında təqdim etdiyi şikayəti əksəriyyət səs çoxluğu ilə qəbuledilən elan edir;
5. On altı səs lehinə, bir səs əleyhinə olmaqla ərizəçinin Yunanıstanda yaşayış şəraiti ilə bağlı olaraq Yunanıstan tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
6. Konvensiyanın 3-cü maddəsi ilə birlikdə 13-cü maddəsi əsasında Yunanıstana qarşı təqdim edilmiş şikayəti yekdilliklə qəbuledilən elan edir
7. Ərizəçinin işi üzrə sığınacaq verilməsi prosedurunda çatışmazlıqların olması və onun sığınacaq verilməsinə dair ərizəsi mahiyyəti üzrə ciddi şəkildə araşdırılmadan və hər hansı səmərəli hüquq müdafiə vasitəsindən istifadə imkanı olmadan ölkə hüdudlarından kənara çıxarılma riskinin olması ilə bağlı Yunanıstan tərəfindən Konvensiyanın 3-cü maddəsi ilə birlikdə 13-cü maddəsinin pozulduğunu yekdilliklə qət edir;
8. Ərizəçinin Konvensiyanın 2-ci maddəsi ilə birlikdə 13-cü maddəsi əsasında təqdim etdiyi şikayətlərinin araşdırılmasına ehtiyacın olmadığını yekdilliklə qət edir;
9. Belçika Hökuməti tərəfindən qaldırılmış ilkin etirazı ərizənin mahiyyətinə baxılması ilə eyni icraatda birləşdirir, onu rədd edir və Belçikaya qarşı təqdim edilmiş şikayətləri yekdilliklə qəbuledilən elan edir;
10. On altı səs lehinə, bir səs əleyhinə olmaqla Belçika tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir, belə ki, onu Yunanıstana geri göndərməklə Belçikanın hakimiyyət orqanları ərizəçini həmin dövlətin sığınacaq verilməsi prosedurunda mövcud olan çatışmazlıqlar ilə bağlı risklərə məruz qoymuşdur;
11. Ərizəçinin Konvensiyanın 2-ci maddəsi əsasında təqdim etdiyi şikayətlərə baxılmasına ehtiyac olmadığını yekdilliklə qət edir;
12. On beş səs lehinə, iki səs əleyhinə olmaqla Belçika tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir, belə ki, ərizəçini Yunanıstana geri qaytarmaqla Belçikanın hakimiyyət orqanları onu həmin dövlətdə bu maddənin tələblərinə zidd olan saxlama və yaşayış şəraitinə məruz qoymuşdur;
13. Konvensiyanın 3-cü maddəsi ilə birgə 13-cü maddəsinin Belçika tərəfindən pozulduğunu yekdilliklə qət edir;
14. Ərizəçinin Konvensiyanın 2-ci maddəsi ilə birgə 13-cü maddəsi əsasında təqdim etdiyi şikayətlərin araşdırılmasına ehtiyac olmadığını yekdilliklə qət edir;
15. Yekdilliklə qərara alır ki,
(a) Yunanıstan dövləti üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir,
(i) ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziyana görə 1000 (min) avro;
(ii) ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərclərinə görə 4725 (dörd min yeddi yüz iyirmi beş) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
16. Qərara alır ki,
(a) On beş səs lehinə, iki səs əleyhinə olmaqla – Belçika dövləti ödənilməli olan vergilər də daxil olmaqla üç ay ərzində ərizəçiyə mənəvi ziyana görə 24900 (iyirmi dörd min doqquz yüz) avro ödəməlidir;
(b) on altı səs lehinə, bir səs əleyhinə olmaqla – Belçika dövləti ödənilməli olan vergilər də daxil olmaqla üç ay ərzində ərizəçiyə məhkəmə xərclərinə görə 7350 (yeddi min üç yüz əlli) avro ödəməlidir;
(c) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
17. Ədalətli kompensasiya tələbini digər hissələrdə yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2011-ci il 21 yanvar tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Maykl O’Boyl Jan-Pol Kosta
Məhkəmə katibinin müavini Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara aşağıdakı xüsusi rəylər əlavə olunur[1]:
(a) Hakim Rozakisin əksəriyyətin mövqeyinə uyğun gələn xüsusi rəyi;
(b) Hakim Villigerin əksəriyyətin mövqeyinə uyğun gələn xüsusi rəyi;
(c) Hakim Sajonun əksəriyyətin mövqeyinə qismən uyğun gələn xüsusi rəyi və əksəriyyətin mövqeyindən qismən fərqlənən xüsusi rəyi;
(d) Hakim Bratzanın əksəriyyətin mövqeyindən qismən fərqlənən xüsusi rəyi.
J.-P.K.
M.OB.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy