© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
M.S.S. Belçikaya və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece [GC]), ərizə № 30696/09
21.01.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Ölkədən çıxarılma
Dublin Qaydaları əsasında ölkədən çıxarılmalı olan sığınacaq axtaran şəxsin həbsdə saxlanma və yaşayış şəraiti: pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Yunanıstanın sığınacaq prosedurundakı nöqsanlar və sığınacaq almaq üçün verilmiş ərizə mahiyyəti üzrə ciddi şəkildə araşdırılmadan ərizəçinin ölkədən çıxarılması təhlükəsi, yaxud səmərəli hüquqi müdafiə vasitələrinə çıxışın olmaması: pozuntu baş verib
Faktlar – Əfqanıstan vətəndaşı olan ərizəçi Yunanıstan vasitəsilə Avropa İttifaqı ərazisinə daxil olmuşdu. 2009-cu ilin fevralında o, Belçikaya gəldi və sığınacaq almaq üçün müraciət etdi. Dublin Qaydalarına əsasən, Əcnəbilərin İşləri üzrə İdarə sığınacaq üçün ərizələrə baxılmasına görə cavabdeh idi. 2009-cu il mayın sonlarında Əcnəbilərin İşləri üzrə İdarə qərar çıxardı ki, ərizəçi ölkəni tərk edib Yunanıstana getsin. Ərizəçi qərarın icrasının təxirə salınması üçün təcili prosedur qaydasında ərizə verdi, amma ərizəsi rədd edildi. 4 iyul 2009-cu ildə Yunanıstanın dövlət orqanları Belçikaya standart sənəd göndərərək təsdiq etdilər ki, sığınacaq üçün verilmiş ərizəyə baxılmasına görə onlar cavabdehlik daşıyırlar və bildirdilər ki, ərizəçi ölkəyə gələn kimi sığınacaq üçün müraciət edə bilər. O, 15 iyun 2009-cu ildə geriyə – Yunanıstana göndərildi. Ölkəyə çatan kimi o, dərhal aeroportun yaxınlığındakı binada həbsdə saxlanıldı, iddia edildiyinə görə, orada saxlanma şəraiti dəhşətli idi. 18 iyun 2009-cu ildə o, azadlığa buraxıldı və ona sığınacaq axtaran şəxs üçün kart verildi, həmçinin xəbərdarlıq edildi ki, baş polis idarəsinə getsin və sığınacaq üçün verdiyi ərizəsi ilə bağlı məlumat olduqda ona xəbər verilməsi üçün ünvanını orada qeydə aldırsın. Ərizəçi baş polis idarəsinə heç bir məlumat vermədi. Yaşayış üçün heç bir vəsaiti olmayan ərizəçi küçədə yaşayırdı. Sonradan Yunanıstanı tərk etməyə cəhd göstərərkən o, həbs olundu və aeroportun yaxınlığındakı binada bir həftə həbsdə saxlanıldı, iddia etdiyinə görə, orada polislər onu döymüşdülər. Azadlığa buraxıldıqdan sonra o, küçədə yaşamaqda davam etdi. Onun sığınacaq axtaran şəxs üçün kartı 2009-cu ilin dekabrında təzələnərkən ona yaşayış yeri tapmaq üçün addımlar atıldı, amma bir nəticə vermədi.
Hüquqi məsələlər – Maddə 3
a) Yunanıstanda həbsdə saxlanma şəraiti – Avropa İttifaqının sərhədləri xaricindəki dövlətlərdən gələn miqrantların və sığınacaq axtaranların sayının artmasının doğurduğu çətinliklər dövlətləri 3-cü maddə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməkdən azad etmir. Ərizəçinin işini həll edəcəkləri barədə 4 iyun 2009-cu il tarixli razılaşmaya əsasən, Yunanıstanın dövlət orqanları ərizəçinin kimliyindən və potensial sığınacaq axtaran statusundan xəbərdar idilər. Buna baxmayaraq, o, izahat verilmədən dərhal həbsxanaya salındı, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının təqdim etdikləri müxtəlif hesabatlara əsasən, bu, ölkədə geniş yayılmış praktika idi. O, saxlanma şəraitinin pis olmasından və saxlanma mərkəzində polis əməkdaşlarının qəddarlığından və təhqirlərindən əziyyət çəkirdi, baxmayaraq ki, qurbanların sığınacaq axtaran şəxs olması ucbatından məruz qaldıqları bu cür şərait artıq ləyaqəti alçaldan rəftara bərabər hesab edilmişdi. Ərizəçinin həbsdə saxlanma müddətləri qısa olsa da, onun həbsdə saxlanma şəraiti əhəmiyyətsiz sayıla bilməzdi. Belə şərait çox vaxt özbaşınalığa məruz qalma, alçaldılma və təşviş hissləri ilə müşayiət olunur, həmçinin bu cür saxlanma şəraiti, şübhəsiz ki, şəxsin ləyaqətinə dərin təsir göstərir və ləyaqəti alçaldan rəftar təşkil edir. Bundan əlavə, sığınacaq axtaran şəxs kimi ərizəçinin əlverişsiz vəziyyəti onun iztirablarını daha da gücləndirib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Ərizəçinin Yunanıstanda yaşayış şəraiti – Yunanıstanın dövlət orqanları öz qanunvericiliklərinə və Avropa İttifaqının Qəbul Direktivinə əsasən öhdəliklər daşıdıqlarına baxmayaraq, ərizəçi aylarla alçaldıcı yoxsulluq şəraitində yaşamışdı, yeməyi, yaşamaq və ya yuyunmaq üçün yeri yox idi. O, həm də hücuma və ya soyğunçuluğa məruz qalacağı ilə bağlı daimi qorxu içərisində yaşayırdı və vəziyyətinin yaxşılaşması üçün heç bir perspektiv yox idi. Bu, onun nəyə görə bir neçə dəfə Yunanıstanı tərk etməyə cəhd göstərdiyini izahı edirdi. Onun yaşayış şəraiti barədə verdiyi məlumat müxtəlif beynəlxalq təşkilatların və orqanların hesabatları ilə təsdiqlənirdi. Ərizəçi ona yaşayış yeri verilməsinin mümkünlüyü barədə heç vaxt lazımi qaydada məlumatlandırılmamışdı. Dövlət orqanları ərizəçinin evsiz olmasından xəbərdar olmaya bilməzdilər və ərizəçinin əsas ehtiyaclarını təmin etmək üçün onun baş polis idarəsinə məlumat verəcəyini gözləməməli idilər. Bu vəziyyət 2009-cu ilin iyununda ərizəçi Yunanıstana göndərilənə qədər davam etdi, hərçənd ki, dövlət orqanları onun sığınacaq üçün ərizəsinə vaxtında baxmaqla onun iztirablarını azalda bilərdilər. Beləliklə, onlar sığınacaq axtaran şəxs kimi ərizəçinin əlverişsiz vəziyyətini yetərincə nəzərə almayıblar və onun aylarla məruz qaldığı şəraitə görə məsuliyyət daşımalıdırlar (ona görə ki, tam hərəkətsiz qalıblar və onun sığınacaq üçün verdiyi ərizəyə baxmayıblar). Ərizəçinin yaşayış şəraiti, üstəlik uzun müddət qeyri-müəyyənlik içərisində yaşaması və vəziyyətinin yaxşılaşması üçün ümumiyyətlə heç bir perspektivin olmaması Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün tələb olunan minimum qəddarlıq səviyyəsinə çatıb.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
c) Ərizəçinin Belçikadan Yunanıstana göndərilməsi – Ərizəçinin sığınacaq üçün müraciətinin hələ də icraatda olduğuna baxmayaraq, beynəlxalq təşkilatların və orqanların təqdim etdikləri hesabatların hamısında ərizəçinin qarşılaşdığı praktiki çətinliklərə bənzər çətinliklər barədə məlumat verildiyini və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Yunanıstandakı vəziyyət barədə Belçika Hökumətinə xəbərdarlıq etdiyini nəzərə alsaq, Belçikanın dövlət orqanları ərizəçinin ölkədən çıxarılması barədə qərar qəbul edərkən Yunanıstandakı sığınacaq prosedurunda olan nöqsanlardan xəbərdar olmalı və həmin prosedura məruz qalacağı təqdirdə ərizəçinin üzləşəcəyi risklərlə bağlı sübutetmə yükünü bütünlüklə onun üzərinə qoymamalı idilər. Belçika ərizəçinin ölkədən çıxarılması barədə ilkin qərarı sadəcə buna Yunanıstanın susmaqla razılıq verməsi əsasında qəbul etmiş və Yunanıstandan hər hansı zəmanət almadan bu tədbirin həyata keçirilməsinə başlamışdı, halbuki ərizəçini oraya göndərməkdən asanlıqla imtina edə bilərdi. Belçikanın dövlət orqanları sadəcə ərizəçi ilə orada Konvensiya standartlarına uyğun şəkildə davranılacağını ehtimal etməməli və Yunanıstanın sığınacaq barədə qanunvericiliyini praktikada necə tətbiq etdiyini yoxlamalı idilər, amma bunu etmədilər.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
d) Belçikanın dövlət orqanlarının ərizəçini Yunanıstanda üstünlük təşkil edən saxlanma və yaşayış şəraitinə məruz qoymuş qərarı – Məhkəmə artıq müəyyən etdi ki, ərizəçinin Yunanıstanda saxlanma və yaşayış şəraiti ləyaqəti alçaldan rəftara bərabəridir. Həmin şərait yetərincə sənədləşdirilmişdi və ərizəçi Yunanıstana göndərilməzdən əvvəl çoxsaylı mənbələrə baxmaqla asanlıqla yoxlanıla bilərdi. Belə bir vəziyyətdə ərizəçini Yunanıstana göndərməklə Belçikanın dövlət orqanları onu bilərəkdən ləyaqəti alçaldan rəftara bərabər olan saxlanma və yaşayış şəraitinə məruz qoymuşdular.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
3-cü maddə ilə birgə götürülməklə 13-cü maddə
a) Yunanıstanın məsələsi – Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyətdə böyük problemlər vardı və ərizəçi xüsusən hökumət əleyhinə çıxan qrupların qisasına məruz qala bilərdi, çünki orada yerləşən beynəlxalq hava qüvvələri üçün tərcüməçi işləmişdi.
Növbə ucbatından baş polis idarəsinin binasına girişin nə qədər çətin olduğunu nəzərə alsaq, ərizəçinin həmin idarəynə hesabat verməsi üçün üç günlük müddət çox qısa idi. Bir çox digər sığınacaq axtaranlar kimi ərizəçi də düşünürdü ki, bu formallığın yeganə məqsədi onun Yunanıstandakı ünvanını bildirməsidir, amma o, bunu edə bilməzdi, çünki evsiz idi. Ona verilmiş bildirişin heç bir yerində göstərilməmişdi ki, ərizəçi xəbərlərin ona başqa üsullarla çatdırıla bilməsindən ötrü daimi yaşayış yerinin olmadığını bildirə bilər. Ərizəçinin prosedurdan səmərəli şəkildə istifadə edə bilməsi üçün onunla etibarlı əlaqə vasitələri yaratmaq vəzifəsi Yunanıstan Hökumətinin üzərinə düşürdü.
Bundan başqa, dövlət orqanları ərizəçinin sığınacaq üçün ərizəsinə hələ də baxmayıblar. Onlar ərizəçi ilə əlaqə yaratmaq və ya onun məsələsi barədə qərar çıxarmaq üçün də heç bir addım atmayıblar. Ərizəçinin geri qaytarılmaqdan iki dəfə çətinliklə qurtula bildiyini nəzərə alsaq, bu məsələ də müəyyən narahatlıq doğururdu ki, ərizəçinin işinə mahiyyəti üzrə baxılmadan onun Əfqanıstana qaytarılması riski real idi.
Ərizəçinin sığınacaq üçün ərizəsi ilə bağlı potensial rədd cavabına məhkəmə qaydasında yeninə baxılması üçün onun Yunanıstan Ali İnzibati Məhkəməsinə müraciət imkanına gəlincə, dövlət orqanları onunla əlaqə yaratmaq üçün heç bir addım atmamışdılar. Bu amil, eləcə də ünvanı məlum olmayan şəxsləri məlumatlandırma prosedurunun çox pis işləməsi ərizəçinin sığınacaq üçün ərizəsinin cavabına qanunla nəzərdə tutulmuş müddət ərzində reaksiya verə bilməsi üçün ərizənin nəticəsini öyrənməsi məsələsini olduqca qeyri-müəyyən duruma gətirmişdi. Bundan əlavə, baxmayaraq ki, ərizəçinin vəkil tutmaq imkanı birmənalı olaraq yox idi, o, pulsuz hüquqi yardım sistemi vasitəsilə hüquqi məsləhət almaq imkanı barədə məlumatlandırılmamışdı, hərçənd ki, belə yardım göstərən vəkillərin sayının azlığı ucbatından bu məlumat da özlüyündə səmərəsiz olacaqdı. Nəhayət, Ali İnzibati Məhkəməsinə verilən şikayətlərə baxılması adətən o qədər uzun vaxt aparırdı ki, bu vasitə sığınacaq üçün ərizələrə mahiyyəti baxılmasını təmin edən hüquqi müdafiə vasitəsi sayıla bilməzdi. Beləliklə, ərizəçinin sığınacaq üçün ərizəsinin Yunanıstanın dövlət orqanları tərəfindən araşdırılmasındakı nöqsanlar ucbatından və ərizəsi mahiyyəti üzrə ciddi şəkildə araşdırılmadan və səmərəli hüquqi müdafiə vasitəsindən istifadə imkanı olmadan onun birbaşa və ya dolayısı ilə öz ölkəsinə qaytarılmaq təhlükəsi ilə üzləşə biləcəyi səbəbindən 3-cü maddə ilə birgə götürülməklə 13-cü maddənin pozuntusu baş vermişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Belçikanın məsələsi – Məhkəmə bu qənaətə gəldi ki, təcili prosedur Məhkəmənin presedent hüququnun tələblərinə cavab vermir, həmin tələblərə əsasən, şəxsin başqa ölkəyə göndəriləcəyi təqdirdə 3-cü maddə ilə qadağan olunmuş rəftara məruz qala biləcəyi barədə şikayəti diqqətlə və ciddi şəkildə araşdırılmalı, səlahiyyətli orqan şikayətə mahiyyəti üzrə baxmaq və ziyanın kompensasiyası barədə qərar çıxarmaq səlahiyyətinə malik olmalıdır. Əcnəbilərin İşləri üzrə İdarə tərəfindən şikayətlərin araşdırılması əsasən müvafiq şəxslərin 3-cü maddənin iddia edilən pozuntusundan irəli gələn və sonradan düzəldilməsi mümkün olmayan ziyana məruz qaldıqlarını təsdiq edən konkret sübut təqdim edib-etmədiklərini yoxlamaqla məhdudlaşdığına görə ərizəçinin bu quruma şikayətinin heç bir uğur şansı yox idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 46: Gələcəkdə buna bənzər digər pozuntuların qarşısını almaq üçün tələb olunan ümumi tədbirlərə xələl gətirməmək şərti ilə, Yunanıstan Konvensiyanın tələblərinə uyğun olaraq ləngimədən ərizəçinin sığınacaq üçün ərizəsinə mahiyyəti üzrə baxmalı və araşdırmanın nəticəsi məlum olana qədər ərizəçini deportasiya etməkdən çəkinməlidir.
Maddə 41: Belçika və Yunanıstan mənəvi ziyana görə ərizəçiyə, müvafiq olaraq, 1.000 və 24.900 avro ödəməlidirlər.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy