İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MURADVERDİYEV AZƏRBAYCANA QARŞI
(Şikayət № 16966/06)
Q Ə R A R
STRASBURQ
09 dekabr 2010-cu il
Muradverdiyev Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
18 noyabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Akif Şəmsəddin oğlu Muradverdiyevin («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 16966/06) iş 27 aprel 2006-cı ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab F.Ağayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi xüsusən iddia etdi ki, Konvensiyanın 5-ci maddəsinə əsasən onun azadlıq hüququ pozulmuşdur, ona görə ki, davamlı həbsinin əsaslandırılması üçün əhəmiyyətli və ya kifayətedici səbəblər olmamışdır. O həmçinin iddia edib ki, onun Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən təqsirsizlik prezumpsiyası hüququ daxili dövlət orqanları tərəfindən pozulmuşdur.
4. Bölmənin Sədri 03 iyul 2007-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1949-cu ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. Ərizəçi aşağıda göstərilmiş hadisələrdən əvvəl Prezident Aparatının İşlər İdarəsinin müdiri işləmişdir.
7. O, 20 oktyabr 2005-ci ildə telefon danışığı zamanı Milli Təhlükəsizlik Naziri ilə razılaşmışdır ki, 06 noyabr 2005-ci il tarixli parlament seçkilərindən dərhal sonra bir neçə yüksək vəzifəli şəxlər tərəfindən planlaşdırılması iddia olunan və həyata keçirilməsinə cəhd edilən, lakin baş tutmayan dövlət çevrilişini müzakirə etmək üçün ertəsi gün görüşsünlər. Bu işlə bağlı artıq bir neçə şəxs tutulmuşdur.
Ərizəçinin tutulmasının halları
Hadisələr barədə ərizəçinin versiyası
8. 21 oktyabr 2005-ci ildə ərizəçi Nazirlə təxminən otuz dəqiqə ərzində görüşdüyü Milli Təhlükəsizlik Nazirliyinin (“MTN”) binasına gəlmişdir. Bu görüşdən sonra o, MTN-nin bir neçə digər əməkdaşları ilə də kabinetlərində görüşmüşdür.
9. Həmin gün saat 17:20-dən 19:15-dək ərizəçi şahid qismində dindirilmişdir. Saat 22:00 radələrində o, Nazirin müavini ilə görüşmüşdür. Həmin gecə o, Milli Təhlükəsizlik Nazirinə ünvanlanmış bəyanat (məzmunu bəlli olmayan) yazmışdır.
10. Ertəsi gün, 22 oktyabr 2005-ci ildə ərizəçi bir daha dindirilmişdir. 22 oktyabr 2005-ci ildə saat 22:55-də müstəntiq ərizəçinin qirx səkkiz saat ərzində şübhəli şəxs qismində tutulmasını qərara almışdır. Müstəntiq qeyd etmişdir ki, ərizəçi keçmiş spiker Rəsul Quliyev, keçmiş Maliyyə Naziri Fikrət Yusifov, İqtisadi İnkişaf Naziri Fərhad Əliyev, Səhiyyə Naziri Əli İnsanov və başqaları tərəfindən təşkil edilməsi iddia olunan dövlət çevrilişi haqqında müvafiq dövlət orqanlarına Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə zidd olaraq məlumat verməməkdə şübhəli bilinirdi. Müstəntiq, həmçinin həbsə səbəb kimi ərizəçinin qaçmaq ehtimalını göstərmişdir.
Hadisələr barədə Hökumətin versiyası
11. Ərizəçi 76586 saylı cinayət işi üzrə şahid qismində MTN-ə dəvət olunmuş və 21 oktyabr 2005-ci ildə saat 17:10-da MTN-nin binasına gəlmişdir. Həmin gün o, saat 17:20-dən 19:15-dək şahid qismində dindirilmiş və 19:25-də MTN-nin binasını tərk etmişdir.
12. 22 oktyabr 2005-ci ildə ərizəçi bir daha MTN-ə dəvət olunmuş və saat 13:00 radələrində ora gəlmişdir. Həmin gün o, saat 13:10-dan 15:15-dək və 16:20-dən 17:50-dək şahid qismində dindirilmişdir. Hökumətə görə, qeyd olunan dindirmələr arasındakı fasilədə ərizəçi MTN-nin binasını tərk etmiş və ikinci dindirmədən sonra saat 18:00-da getmişdir. Həmin gün ərizəçi saat 21:55-də MTN-nin binasına dönmüş və 22:55-də işə məsuliyyətli olan müstəntiq ərizəçinin şübhəli şəxs qismində qırx səkkiz saat ərzində həbs edilməsini qərara almışdır.
Ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiqi
13. 24 oktyabr 2005-ci ildə ərizəçinin və vəkilinin iştirakı ilə Baş Prokurorluğun müstəntiqi tərəfindən qəbul olunmuş qərarla ərizəçi Cinayət Məcəlləsinin 28, 220.1 və 278-ci maddələrində nəzərdə tutulan kütləvi iğtişaşların təşkilinə və dövlət hakimiyyətinin zorla mənimsənilməsinə cəhdə görə 76586 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.
14. 24 oktyabr 2005-ci ildə saat təxminən 17:30-da Nəsimi rayon məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülmüş rəsmi ittihamlara və həbs qətimkan tədbirinin tətbiqi haqqında prokurorun tədimatına istinad edərək, ərizəçinin üç ay müddətində həbsə alınmasını qərara almışdır. Bu tədbirin zəruriliyini hakim aşağıdakı kimi əsaslandırmışdır:
“Akif Muradverdiyev tərəfindən törədilmiş cinayətin xarakterini və ağırlığını, eləcə də onun istintaq və məhkəmədən gizlənməsinin mümkünlüyünü nəzərə alaraq, mən onun barəsində həbs qətimkan tədbirinin tətbiqini lazımi hesab edirəm.”
Həbs qətimkan tədbirinin tətbiqi barədə iclas MTN-nin binasında keçirilmişdir.
15. 26 oktyabr 2005-ci ildə ərizəçi Nəsimi rayon məhkəməsinin 24 oktyabr 2005-ci il tarixli qərarından şikayət edərək, onun tərəfindən cinayətin törədilməsinə hər hansı əsaslı şübhənin mövcudluğunu müəyyən etmək üçün hakimin heç bir müstəqil araşdırma aparmadığını iddia etmişdir. O həmçinin bildirmişdir ki, hakim onun həbsini əsaslandırmaq üçün hər hansı səbəb göstərməmiş və həbsi qərara alarkən onun şəxsiyyətini, ailə vəziyyətini və digər şəxsi halları nəzərə almamışdır.
16. 28 oktyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin 24 oktyabr 2005-ci il tarixli qərarını qüvvədə saxladı. Məhkəmə ittihamların ağırlığına və ərizəçinin gizlənməsinin mümkünlüyünə dair birinci instansiya məhkəməsinin qənaətlərini təkrar etmişdir.
Ərizəçiyə qarşı cinayət icraatına dair hüquq-mühafizə orqanlarının birgə bəyanatı
17. 25 oktyabr 2005-ci ildə rəsmi qəzet olan “Azərbaycan” və digər kütləvi informasiya vasitələri “Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin Məlumatı” adı ilə birgə bəyanatı dərc etmişlər. Bu birgə bəyanat ərizəçi daxil olmaqla, bir neçə tanınmış cari və keçmiş dövlət rəsmilərinin həbs olunması və ittiham edilməsi barədə ictimaiyyəti rəsmi məlumatlandırıb və onların iddia olunan bir neçə ağır cinayətlərdə iştirakına dair toplanmış sübutların məcmusunu təqdim edib. Sübutlar əsasən həbs olunmuş şəxslərin onların arasındakı gizli görüşlər və maliyyə mənbələrinə dair ifadələrindən, eləcə də onlardan bəzilərinin evində aşkar olunmuş nəğd pul və digər dəyərli əşyalardan ibarət olmuşdur.
18. 25 oktyabr 2005-ci il tarixli birgə bəyanat, inter alia, qeyd edib:
“Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezident Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev və “Azərkimya” Dövlət Şirkətinin keçmiş Prezidenti Fikrət Sadıqov dövlət vəsaitlərinin geniş miqyasda talanmasında ittiham olunan və hazırda buna görə təqib edilən Rəsul Quliyevlə, eləcə də keçmiş Səhiyyə Naziri Əli İnsanovla, keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevlə, keçmiş Maliyyə Naziri Fikrət Yusifovla və hakimiyyətin zorla alınmasında maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə girmişdir. Novxanı-Sumqayıt magistral yolu kənarında yerləşən “Flaqman” restoranında, paytaxtda və ətrafında yerləşən müxtəlif mənzillərdə və bağlarda gizli görüşləri zamanı onlar dövlət hakimiyyətinin qanunsuz mənimsənilməsinə, kütləvi iğtişaşların planlaşdırılması üçün toplanmış sabotaj qruplarının təşkilinə və bu fəaliyyət üçün maliyyə dəstəyinə dair razılığa gəlmişlər.
...
İstintaq zamanı, 22 oktyabr 2005-ci ildə Akif Muradverdiyev Baş Prokurora yazılı müraciət edərək, dövlət hakimiyyətinə qarşı planlaşdırılmış cinayət haqqında məlumatı könüllü olaraq təqdim etmək niyyətini bildirmişdir ...
...
Cinayət işi üzrə ittiham olunan və şübhəli şəxs və ya şahid qismində dindirilmiş şəxslər Akif Muradverdiyevin anti-konstitusiya fəaliyyətinin birbaşa iştirakçısı olduğuna və ... istintaq çərçivəsində həyata keçirilmiş axtarış zamanı 32.700 ABŞ dollarının, 14.000 avronun və 9.100 funtun, eləcə də digər xarici valyutanın, 209 qızıl qəpiklərin, 40 qızıl saatın və digər zinət əşyalarının Akif Muradverdiyevin Novxanıda yerləşən bağında aşkarlanmasına dair ifadələrini təsdiq etmişlər. ...”
Ərizəçinin həbs müddətinin sonrakı uzadılması
19. Cinayət işini aparan müstəntiqin vəsatəti üzrə 14 yanvar 2006-cı ildə Nəsimi rayon məhkəməsi ərizəçi və onun vəkilləri olmadan ərizəçinin həbs müddətinin 22 may 2006-cı ilədək dörd ay müddətində uzadılması barədə qərar çıxarmışdır. Bu uzadılmanın zəruriliyini hakim aşağıdakı kimi əsaslandırmışdır:
“Ərizəçinin cinayət təqibini aparan orqandan gizlənməsinin mümkünlüyünə, icraatda iştirak edən şəxslərə qanunsuz təsirə, eləcə də zəruri sübutların prokurorluqdan gizlədilməsinə və ya saxtalaşdırılmasına dair kifayət qədər əsasların olduğunu nəzərə alaraq, onun həbsinin dörd ay uzadılması zəruridir.”
20. Ərizəçi bu qərardan şikayət verərək iddia etmişdir ki, həbs müddətinin uzadılmasına əsaslar olmamışdır. O, daha sonra iddia edib ki, nə o, nə də onun vəkilləri həbs müddətinin uzadılmasının qərara alındığı iclasın yeri və vaxtı barədə məlumat almışlar.
21. 10 fevral 2006-cı ildə Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin 14 yanvar 2006-cı il tarixli qərarını qüvvədə saxladı. Ərizəçinin həbsinin uzadılmasının əsaslandırılması üçün apellyasiya instansiyası aşağıdakıları göstərmişdir:
“Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.
Faktiki olaraq, müstəntiq R.Hüseynov öz izahatında vurğulamışdır ki, A.Muradverdiyevin cinayət əlaqəsinə girdiyi R.Quliyev xaricdə yaşayır və əgər A.Muradverdiyev azad olunarsa, R.Quliyevin köməyi ilə istintaqdan yayınmaq məqsədilə xaricə gedə bilər. Bundan başqa, təqsirləndirilən şəxs A.Muradverdiyev bir neçə illər ərzində vacib vəzifələr tutmuş və azad edildiyi halda, icraatda iştirak edən şəxslərə təsir edə və istintaqa maneə törədə bilər.”
Məhkəmə, həmçinin müəyyən edib ki, ərizəçinin vəkillərinin Nəsimi rayon məhkəməsində iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına və iclasın onların xahişi ilə bir gün təxirə salınmasına baxmayaraq, onlar iclasda iştirak etməmişlər.
22. 16 may 2006-cı ildə işi aparan müstəntiq ibtidai istintaq müddətinin uzadılmasını xahiş edərək qeyd etmişdir ki, istintaq ərizəçinin dövlət əmlakının talanması və hakimiyyətdən sui-istifadə kimi başqa cinayətlərə görə mümkün cəlb olunmasına dair yeni sübutlar əldə etmiş və istintaqın bitməsi üçün daha çox vaxt tələb edilir. Həmin gün Baş Prokuror məhkəməyə müraciət edərək, ərizəçinin həbs müddətinin 22 oktyabr 2006-cı ilədək beş ay müddətində uzadılmasını xahiş etmişdir.
23. 16 may 2006-cı ildə Nəsimi rayon məhkəməsi ərizəçinin həbs müddətini 22 oktyabr 2006-cı ilədək uzatmışdır. Məhkəmə hesab edib ki, istintaqın hərtərəfli və obyektiv aparılması üçün daha çox vaxt tələb edilir və qeyd edib ki, istintaq ərizəçinin dövlət əmlakının talanması və hakimiyyətdən sui-istifadə kimi başqa cinayətlərə görə mümkün cəlb olunmasına dair yeni sübutları təzəlikcə aşkar etmişdir. Ərizəçinin həbs müddətinin uzadılmasının əsaslandırılmasına dair aşağıdakılar qeyd olunub:
“Ərizəçinin cinayət təqibini aparan orqandan gizlənməsinin mümkünlüyünə, icraatda iştirak edən şəxslərə qanunsuz təsirə, eləcə də zəruri sübutların prokurorluqdan gizlədilməsinə və ya saxtalaşdırılmasına dair kifayət qədər əsasların olduğunu nəzərə alaraq, işin müstəsna mürəkkəbliyi ilə bağlı həbsin daha beş ay müddətinə uzadılması üçün təqdimat məhkəməyə göndərilmişdir.
...
İş materiallarını və təqdimatı araşdıraraq müəyyən olunub ki, təqsirləndirilən şəxs A.Muradverdiyevin qətimkan tədbirinin uzadılması barədə təqdimat əsaslıdır və təmin edilməlidir.”
24. Ərizəçi uzadılma üçün əsasların olmadığını iddia edərək şikayət vermişdir. 31 may 2006-cı ildə Apellyasiya Məhkəməsi şikayəti rədd edərək, Nəsimi rayon məhkəməsinin 16 may 2006-cı il tarixli qərarının qanuni olduğunu qeyd etmişdir. Həbs müddətinin uzadılmasının əsaslandırılması qısa olmuş və aşağıdakıları əks etdirmişdir:
“Şikayətin dəlillərini araşdıraraq və şikayətçinin xeyrinə vəkilin izahatını və şikayətə qarşı prokurorun çıxışını dinləyərək, məhkəmə hesab edir ki, Nəsimi rayon məhkəməsinin qərarı qanuni və əsaslıdır, şikayət rədd edilməlidir.”
25. Eyni zamanda, 01 iyun 2006-cı ildə ərizəçi sağlamlıq vəziyyətinin pisləşməsinə görə Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə yerləşdirilmişdir. Tibbi müayinədən sonra ona müəyyən müalicə yazılmışdır. Onun vəkilləri məlumatlandırılıb ki, o, beyin arteriyaların yayılmış ateroskleroz, fırlanan ensefalopatiya, gipotoniya, xroniki pankreatit, duodenal yazva və pankreatik şiş kimi bir neçə xəstəliklərdən əziyyət çəkir.
26. 05 avqust 2006-cı ildə ərizəçinin vəkili Nəsimi rayon məhkəməsində vəsatət qaldıraraq, həbs yerinə ərizəçinin ev dustaqlığına yerləşdirilməsini xahiş etmişdir. 09 avqust 2006-cı ildə Nəsimi rayon məhkəməsi vəsatəti rədd edərək, qətimkan tədbirinin dəyişdirilməsinə əsas olmadığını göstərmişdir. Ərizəçinin şikayətindən sonra, 16 avqust 2006-cı ildə Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxladı.
Yeni cinayət ittihamları və mühakimə
27. 13 sentyabr 2006-cı ildə Baş Prokurorluğun müstəntiqinin qərarı ilə ərizəçi 76586 saylı cinayət işindən ayrılmış 76844 saylı cinayət işi üzrə yeni cinayət əməllərində ittiham edilmişdir. Ərizəçi Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulan dövlət əmlakının talanmasında, hakimiyyətdən sui-istifadədə, rüşvətxorluqda və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham edilirdi. 25 sentyabr 2006-cı ildə Baş Prokuror ittiham aktını Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir.
28. 06 oktyabr 2006-cı ildə Ağır Cinayətlər Məhkəməsi hazırlıq iclasını keçirmişdir. Bu iclasda Ağır Cinayətlər Məhkəməsi, inter alia, qərara alıb ki, ərizəçinin barəsində həbs qətimkan tədbiri dəyişdirilməməlidir.
29. 31 oktyabr 2006-cı ildə Ağır Cinayətlər Məhkəməsi hökm çıxararaq, ərizəçini Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərdə təqsirli bilmiş və onu altı il azadlıqdan məhrum etmə, əmlakın müsadirəsi və iki il dövlət vəzifəsi tutmaq qadağası cəzasına məhkum etmişdir.
30. 05 mart 2007-ci ildə Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli hökmünü qüvvədə saxladı. 15 yanvar 2008-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmiş və ərizəçinin cəzasını şərti olaraq beş il azadlıqdan məhrum etmə cəzasına dəyişmişdir. Ərizəçi həbsxanadan azad edilmişdir.
31. Ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 28, 220.1 və 278-ci maddələri ilə ittihamları hələ də nəzərdə tutan 76586 saylı cinayət işi üzrə istintaqın hazırkı vəziyyətinə gəldikdə, belə görünür ki, bu iş nə məhkəməyə göndərilmiş, nə də ona xitam verilmişdir.
Şikayətin geri götürülməsinə dair sonrakı hadisələr
32. 02 noyabr 2007-ci ildə ərizəçinin imzaladığı və Ədliyyə Nazirliyinin Həbsxana xidməti tərəfindən Məhkəməyə göndərilmiş məktubla ərizəçi şikayətini geri götürdüyünü bildirib.
33. 21 dekabr 2007-ci il tarixli məktubla ərizəçinin vəkili Məhkəməni məlumatlandırıb ki, ərizəçi 02 noyabr 2007-ci il tarixli məktubu vəkilin iştirakı olmadan və Hökumət rəsmilərinin tövsiyələri ilə yazıb.
34. Ərizəçinin həqiqətən şikayətini geri götürmək xahişinə aydınlıq gətirməyi xahiş edən Məhkəmənin 18 yanvar 2008-ci il tarixli məktubundan sonra ərizəçinin vəkili 02 noyabr 2007-ci il tarixli məktubun ərizəçinin səhhətinin pis vəziyyətdə olduğu vaxtda yazıldığını qeyd edən 2 fevral 2007-ci il tarixli məktubla Məhkəməni məlumatlandırıb ki, ərizəçi şikayətə baxılmasını istəyir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Həbs qətimkan tədbiri
35. Cinayət-Prosessual Məcəlləsinin (“CPM”) XVII fəsli qətimkan tədbirlərini tənzimləyir. CPM-in 154-cü maddəsi həbs daxil olmaqla on növ qətimkan tədbirləri nəzərdə tutur. Qətimkan tədbirləri o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin: (a) cinayət prosesini həyata keçirən orqandan gizlənmək; (b) cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; (c) cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; (d) cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; və ya (e) məhkəmə hökmünün icra edilməsinə maneə törətmək (155.1-ci maddə). Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən aşağıdakılar nəzərə alınmalıdır: (a) şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini; (b) şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını; və (c) əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları (155.2-ci maddə). Bundan başqa, ümumi qayda kimi həbs qətimkan tədbiri yalnız 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq edilə bilər.
36. CPM iki növ həbs qətimkan tədbirini fərqləndirir: (1) “məhkəməyədək icraat zamanı” həbs, yəni müvafiq cinayət prosesi orqanı ibtidai araşdırmanı həyata keçirdikdə; (2) iş məhkəmədə baxılarkən sonrakı həbs. Müddətlərin hesablanması istisna olmaqla, bu növ həbslər arasında aşkar fərq yoxdur.
37. Xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxslərə aid məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbsdə saxlama müddəti ilkin üç aylıq müddətin bütün mümkün uzadılmaları daxil olmaqla, tutulma tarixindən on səkkiz ayı keçə bilməz (158.1, 159.1, 159.2, 159.7 və 159.8-ci maddələr). Məhkəməyədək icraat zamanı bütün həbs müddətinin hesablanması faktiki həbsin, ev dustaqlığının və ya tibbi müəssisədə qalmanın istənilən müddətlərini ehtiva edir. Məhkəməyədək icraat zamanı həbsin axımı işin məhkəməyə göndərildiyi və ya həbs qətimkan tədbirinin aradan qalxdığı gündə bitir (158.3-cü maddə).
38. Qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti nəzərə alınmır (158.4-cü maddə).
39. İbtidai istintaq qurtardıqda, müstəntiq bu barədə təqsirləndirilən şəxsə və digər müvafiq tərəflərə məlumat verir və cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir (284.1-ci maddə). CPM-in 284-288-ci maddələri təqsirləndirilən şəxs daxil olmaqla, müvafiq tərəflərin cinayət işinin materialları ilə tanış olmağının təfsilatlı qaydalarını və prosedurunu müəyyən edir. 284-289-cu maddələrin tələb etdiyi kimi iş materialları ilə tanış olma bitdikdə, müstəntiq ittiham aktı tərtib edir (289-cü maddə). Daha sonra ittiham aktı onu, inter alia, beş gün müddətində təsdiq edən və ya yenidən tərtib etmək üçün müstəntiqə qaytaran ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir (290-cı maddə).
40. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktını təsdiq etdikdən sonra iş baxılması üçün məhkəməyə göndərilir (292-ci maddə). Təqsirləndirilən şəxs həbsdə olduqda, işin məhkəməyə göndərildiyi gün onun məhkəməyədək icraat zamanı həbsin bitdiyini (158.3-cü maddə) və mühakimə zamanı həbsin əvvəlini göstərir.
41. 14 iyun 2005-ci il tarixli qanunvericilik dəyişikliyinə (keçmiş 158.5-ci maddəni ləğv edən) müvafiq olaraq, CPM artıq mühakimə zamanı həbsin müddətlərinə hər hansı məhdudiyyət nəzərdə tutmur.
B. Həbs qətimkan tədbirinin tətbiqinə və yoxlanılmasına aid icraat
“Məhkəməyədək icraat zamanı” həbs
42. Həbs qətimkan tədbiri yalnız ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmə qərarına əsasən tətbiq oluna və uzadıla bilər (156.2 və 441.1.2-ci maddələr).
43. Həbsə aid müxtəlif prosessual məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində hakim tərəfindən təkbaşına, qapalı məhkəmə iclasında baxılır (447.1 və 447.2-ci maddələr). Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər: (a) vəsatət vermiş şəxs; (b) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror; və (c) vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi (447.3-cü maddə).
44. Həbs qətimkan tədbirini həm tətbiq və ya bundan imtina edən məhkəmə qərarı, həm də onu uzadan və ya bundan imtina edən məhkəmə qərarından şikayət oluna bilər. Bununla bağlı apellyasiya instansiyasının qərarı qətidir (157.6 və 159.6-cı maddələr).
45. Şikayət müvafiq məhkəmə qərarının çıxarıldığı gündən üç gün müddətində verilməlidir (452.1-ci maddə). Şikayəti aldıqdan sonra üç gün müddətində o, apellyasiya instansiyasının üç hakimdən ibarət kollegiyasında baxılır (453.1 və 453.2-ci maddələr). Aşağıdakı şəxslər iclasda iştirak edə bilərlər: (a) şikayət vermiş şəxs; (b) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror; və (c) təqsirləndirilən şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi (453.3-cü maddə).
Məhkəmə icraatı zamanı həbs
46. Məhkəmə işi aldıqdan sonra on beş gün (və ya mürəkkəb işlərdə otuz gün) müddətində hazırlıq iclası keçirməlidir (298.2-ci maddə). Bu hazırlıq iclasında digər məsələlərdən başqa məhkəmə müdafiə olunan şəxsin həbsdə qalmalı və ya azad edilməli olduğunu həll edir və müvafiq qərar çıxarır (299.3.5, 300.2, 301.2 və 306-cı maddələr).
47. Məhkəmə icraatının istənilən mərhələsində və öz təşəbbüsü ilə məhkəmə həbs daxil olmaqla, istənilən qətimkan tədbirini qərara ala, dəyişdirə və ya ləğv edə bilər (156.2 və 320-ci maddələr). İstənilən belə qərar müşavirə otağında çıxarılmalı və məhkəmənin bütün tərkibi tərəfindən imzalanmalıdır (321.2.2-ci maddə).
48. Mühakimə zamanı qətimkan tədbirlərinə dair qərarlardan yuxarı məhkəməyə şikayət edilə bilər (173.2-ci maddə).
C. Cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və
qərarlarından şikayət
49. CPM-in LII fəsli cinayət prosesində tərəflərin cinayət prosesi orqanlarının hərəkət və ya qərarlarından məhkəməyə şikayət prosedurunu müəyyən edir. 449-cu maddə nəzərdə tutur ki, təqsirləndirilən (və ya şübhəli) şəxs və ya onun vəkili, inter alia, onun tutulmasından və ya həbsindən şikayət verə bilər. Cinayət prosesini həyata keçirən orqanın hərəkət və ya qərarlarının qanuniliyini yoxlayan hakim onları qanunsuz kimi ləğv edə bilər (451.1.2-ci maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
50. Ərizəçi şikayət edib ki, tutulması və həbsi onun tərəfindən cinayətin törədilməsinə dair şübhə üçün əsaslara malik deyildir. O, həmçinin şikayət edib ki, azadlıqdan məhrum etmə qanuni olmamışdır. Xüsusən, qeyd edib ki, qanunsuz şəkildə tutulmuş və hakimin qarşısına çıxarılmazdan əvvəl daxili qanunvericiliyin mümkün hesab etdiyi qırx səkkiz saatdan artiq saxlanılmışdır. Daha sonra ərizəçi iddia edib ki, Nəsimi rayon məhkəməsinin 16 may 2006-cı il tarixli qərarı ilə icazə verilmiş həbs müddətinin 22 oktyabr 2006-cı ildə bitməsindən sonra o, 31 oktyabr 2006-cı ilədək qanunsuz həbsdə saxlanılmışdır.
Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsi aşağıdakıları nəzərdə tutur:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; ...”
Əsaslı şübhə
51. Hökumət bildirib ki, ərizəçi cinayət törətməkdə əsaslı şübhə üzrə tutulmuşdur. Xüsusən, bu şübhə cinayət işi üzrə verilmiş ifadələrə, eləcə də digər sübutlara əsaslanır.
52. Ərizəçi iddia edib ki, onun tərəfindən cinayətin törədilməsinə əsaslı şübhə olmamış və daxili dövlət orqanları hər hansı cinayət əməlinin törədilməsinə əsaslı şübhənin yaranması üçün kifayətedici fakt və məlumatları təqdim etməmişdir.
53. Məhkəmə xatırladır ki, əsaslı şübhə üzrə tutulmanın Konvensiyanın 5-ci maddəsinin 1 “c” yarımbəndi ilə əsaslandırılması üçün tutulma anına və ya tutulma zamanında polisə ittihamların irəli sürülməsinə kifayət edən sübutların əldə olunması zəruri deyildir (baxın, Broqan və digərləri Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988-ci il, § 53, A Seriyaları, no. 145-B və Erdagöz Türkiyəyə qarşı, 22 oktyabr 1997-ci il, § 51, Qərar və Qərardadların Hesabatı, 1997-VI). Həbs olunmuş şəxsin sonradan ittiham olunması və ya məhkəməyə verilməsi də tələb edilmir. Dindirilmə üçün həbsin məqsədi buna əsas verən şübhələrin təsdiqi və ya rədd olunması ilə cinayət araşdırmasının irəliləməsidir. Bununla da, şübhəyə əsas olan faktlar cinayət icraatının növbəti mərhələsində yer alan məhkum etməni və ya hətta ittihamı əsaslandırmaq üçün zəruri olanlarla eyni dərəcədə olmamalıdır (baxın, Murrey Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1994-cü il, § 55, A Seriyaları, no. 300-A). Lakin şübhənin əsaslı səbəblər üzərində qurulması tələbi qanunsuz tutulma və ya həbsə qarşı təminatların əsas hissəsidir. Şübhənin vicdanlı olması faktı özlüyündə kifayət deyildir. “Əsaslı şübhə” sözləri sözügedən şəxsin cinayət törədə bilməsinə dair obyektiv müşahidəçini qane edə bilən faktların və ya məlumatların mövcudluğudur (baxın, Foks, Kempbel və Hartley Birləşmiş Krallığa qarşı, 30 avqust 1990-cı il, § 32, A Seriyaları, no. 182 və Kebotari Moldovaya qarşı, no. 35615/06, § 48, 13 noyabr 2007-ci il).
54. Hazırkı işdə ərizəçi dövlət hakimiyyətinin qanunsuz zorakı yolla mənimsənilməsinə cəhdin planlaşdırılmasında iştirakda və kütləvi iğtişaşların təşkilinə cəhddə şübhəli bilinmişdir. Mübahisə edilmir ki, bu növ hərəkətlər daxili qanunvericiliklə cinayət əməlləri kimi qiymətləndirilir.
55. Görünür ki, ərizəçiyə qarşı ilkin şübhə cari və keçmiş vəzifəli şəxslər tərəfindən qanunsuz vasitələrlə dövlət hakimiyyətinin mənimsənilməsinə yönələn cinayət sövdələşməsində iştirakda şübhəli bilinən digər şəxslərin ifadələrinə əsaslanmışdır. Ərizəçinin bu ifadələrin saxta və həqiqətəuyğun olmayan olduğunu bəyan etməsinə baxmayaraq, Məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş presedent-hüququnun mənasında bu cür sübutlar obyektiv olaraq ərizəçini cinayət əməli ilə bağlı edir və ona qarşı “əsaslı şübhənin” yaranması üçün kifayətdir.
56. Bu səbəblərə görə, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Hakimin qarşısına çıxarılmazdan əvvəl ərizəçinin ibtidai həbsinin qanuniliyi
57. Hökumət bildirib ki, ərizəçi hakimin qarşısına çıxarılmazdan əvvəl daxili qanunvericiliklə icazə verilən maksimum qırx səkkiz saatı keçməsi iddia olunan tutulmaya dair şikayətini daxili məhkəmələrə verməmişdir. Bundan başqa, Hökumət bildirib ki, ərizəçinin həbsi 22 oktyabr 2005-ci ildə saat 22:00-da başlamış və o, hakimin qarşısına 24 oktyabr 2005-ci ildə saat 17:40-da gətirilmiş, bununla da, qanunla nəzərdə tutulmuş qırx səkkiz saat tələbinə riayət edilmişdir.
58. Ərizəçi Hökumətin dəlillərini mübahisələndirmişdir. Xüsusən, o iddia edib ki, 21 oktyabr 2005-ci ildə tutulmuş və yalnız 24 oktyabr 2005-ci ildə hakimin qarşısına çıxarılmışdır.
59. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsində istinad edilən daxili vasitələrin tükənməsi tələbi Dövlətə qarşı Məhkəmə qarşısında iş qaldırmaq niyyətində olan şəxslərdən tələb edir ki, ilk növbədə milli sistemlərdə olan vasitələrdən istifadə etsinlər, bununla da, Dövlətlər öz hüquqi sistemləri vasitəsilə məsələləri həll etmək imkanına malik olmazdan əvvəl beynəlxalq orqan qarşısında suallara cavab verməkdən azad edilir. Bu qaydaya riayət etmək üçün ərizəçi tərəfindən iddia olunan pozuntulara dair əlçatan və kifayətedici olan vasitələrə normal şəkildə əl atılmalıdır (baxın, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, §§ 51-52, Qərar və Qərardadların Hesabatı, 1996-VI).
60. Hazırkı işdə Məhkəmə hesab edir ki, ərizəçi bu şikayəti 24 oktyabr 2005-ci ildə onun həbsinə baxan hakim qarşısında qaldırmamışdır. O, həmçinin həbs qərarına qarşı şikayətində, eləcə də 28 oktyabr 2005-ci ildə bu qərarı qüvvədə saxlayan Apellyasiya Məhkəməsində araşdırmada belə məsələni qaldırmamışdır. Bundan başqa, o, heç zaman bu məsələni hər hansı başqa daxili dövlət orqanı qarşısında qaldırmamışdır.
61. Belə nəticəyə gəlinir ki, bu şikayət daxili vasitələrin tükənməməsi səbəbindən Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
22 oktyabr 2006-cı ildən 31 oktyabr 2006-cı ilədək ərizəçinin həbsinin qanuniliyi
62. Hökumət bildirib ki, ərizəçi bu məsələni daxili məhkəmələr qarşısında qaldırmamışdır. Hökumət, həmçinin bildirib ki, 22-31 oktyabr tarixlərində ərizəçinin həbsi qanuni idi və Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2006-cı il tarixli qərarına əsaslanmışdır.
63. Ərizəçi bildirib ki, 22-31 oktyabr 2006-cı il tarixində onun həbsi üçün qanuni əsas olmamışdır, ona görə ki, Nəsimi rayon məhkəməsinin 16 may 2006-cı il tarixli qərarı ilə uzadıldığı kimi qətimkan tədbiri qismində həbsdə saxlamaq üçün maksimum yolverilən müddət 22 oktyabr 2006-cı ildə sona çatmışdır.
64. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən daxili vasitələrin tükənib-tükənməməsinin araşdırlması tələb olunmur, ona görə ki, onun tərəfindən buna riayət edilməsi güman olunsa belə, bu şikayət hər bir halda aşağıdaki səbəblərə görə qeyri-məqbuldur.
65. Məhkəmə qeyd edir ki, Nəsimi rayon məhkəməsinin sonuncu 16 may 2006-cı il tarixli qərarı ilə icazə verilmiş ərizəçinin qətimkan tədbiri qismində həbsdə olmasının müddəti 22 oktyabr 2006-cı ildə bitməli olmuşdur. Eyni zamanda, 25 sentyabr 2006-cı ildə istintaq bitmiş və ittiham aktı məhkəmə araşdırılmasını başlayan Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırlıq iclasından sonra 06 oktyabr 2006-cı ildə Ağır Cinayətlər Məhkəməsi digər məsələlərlə yanaşı ərizəçinin barəsində tətbiq olunmuş həbs qətimkan tədbirinin “dəyişilməmiş” saxlanmasını qərara alıb.
66. Bununla bağlı, Məhkəmə qeyd edir ki, o, yalnız ittiham aktının məhkəməyə təqdim edilməsi əsası ilə müdafiə olunan şəxslərin həbsdə saxlanması təcrübəsinə aid Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir. Məhkəmə hesab edib ki, spesifik qanuni əsaslar və ya onların vəziyyətini idarə edən aydın qaydalar olmadan müdafiə olunan şəxslərin həbsdə saxlanması - onların məhkəmə icazəsi olmadan qeyrı-məhdud müddətdə azadlıqdan məhrum etmə ilə üzləşə bilməsi nəticəsi ilə - bütün Konvensiyaya və qanunun aliliyinə xas olan hüquqi müəyyənlik və qanunsuzluqdan müdafiə prinsiplərinə ziddir (baxın, digər işlər arasında, Baranovski Polşaya qarşı, no. 28358.95, §§ 53-57, İHAM 2000-III; Jecius Litvaya qarşı, no. 34578/97, §§ 60-63, İHAM 2000-IX; Qrauslus Litvaya qarşı, no. 36743/97, §§ 39-40, 10 oktyabr 2000-ci il; Qiqolaşvili Gürcüstana qarşı, no. 18145/05, §§ 33-36, 08 iyul 2008-ci il).
67. Lakin yuxarıda qeyd olunan işlərdən fərqli olaraq, hazırkı işdə ərizəçi yalnız ittiham aktının məhkəməyə təqdim edilməsi əsası ilə həbs müddətinin bitməsindən sonra həbsdə saxlanmamışdır. O, Nəsimi rayon məhkəməsinin qərarı ilə təyin olunmuş həbs müddətinin bitməsindən əvvəl Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2006-cı il tarixli qərarı ilə həbsdə olmuşdur. Məhkəmə qeyd edir ki, Ağır Cinayətlər Məhkəməsi hazırlıq iclasında, inter alia, daxili qanunvericiliyin tələb etdiyi kimi ərizəçiyə qarşı həbs qətimkan tədbirinin tətbiqini araşdırmış və onun dəyişilmədən saxlanmasını qərara almışdır. Bununla bağlı, Məhkəmə xatırladır ki, məhkəmə qərarına əsaslandıqda, həbs müddəti prinsipcə “qanunidir”. Həbs qərarında çatışmazlıqlar belə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında müvafiq həbs müddətini qaçılmaz olaraq qanunsuz etmir (baxın, Benham Birləşmiş Krallığa qarşı, 10 iyun 1996-cı il, §§ 42-47, Qərar və Qərardadların Hesabatı, 1996-III və yuxarıda qeyd olunan Jecius, § 68).
68. Beləliklə, Məhkəmə hesab edir ki, 22-31 oktyabr 2006-cı ildə ərizəçinin davamlı həbsini qərara alan etibarlı məhkəmə qərarı mövcud olmuşdur. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
II. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 2-ci BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
69. Ərizəçi şikayət edib ki, o, tutulmanın səbəbləri və ona qarşı ittihamlar barədə dərhal məlumatlandırılmamışdır. Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinin müvafiq hissəsi aşağıdakıları nəzərdə tutur:
“Tutulmuş hər bir kəsə ona aydın olan dildə tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.”
70. Hökumət bildirib ki, ərizəçi tutulmanın səbəbləri və ona qarşı ittihamlar barədə şübhəli şəxs qismində 22 oktyabr 2005-ci ildə tutularkən məlumatlandırılmışdır.
71. Ərizəçi şikayətini təkrar etmişdir.
72. Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndi adi təminatı əks etdirir ki, hər hansı tutulmuş şəxs azadlığının niyə məhdudlaşdırılması barədə xəbərdar olmalıdır. Bu müddəa Konvensiyanın 5-ci maddəsi ilə təqdim edilmiş müdafiə sxeminin tərkib hissəsidir: 2-ci bəndə əsasən tutulmuş istənilən şəxs adi, başa düşə bildiyi qeyri-texniki sözlərlə tutulmasının hüquqi və faktiki əsas səbəbləri barədə məlumatlandırılmalıdır ki, istədiyi halda onun qanuniliyini Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq məhkəmədə mübahisələndirsin. Bu məlumatın “tezliklə” verilməli olması ilə yanaşı, o, tutulmanı həyata keçirən əməkdaş tərəfindən tutulma anında tam şəkildə dərhal izah olunmalıdır. İzah olunmuş məlumatın məzmunu və tezliyinin kifayətedici olub-olmaması hər bir işdə onun xüsusi halları baxımından qiymətləndirilməlidir (baxın, yuxarıda qeyd olunmuş Foks, Kempbel və Hartley, § 40).
73. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə qeyd edir ki, 22 oktyabr 2005-ci ildə müstəntiqin şübhəli şəxs qismində qırx səkkiz saat müddətində tutulma haqqında protokolu tərtib edərkən, ərizəçinin tutulmanın səbəbləri haqqında məlumatlandırılması mübahisəsizdir. O, həmçinin cinayət işini aparan müstəntiqin ona qarşı 24 oktyabr 2005-ci ildə irəli sürülmüş ittihamları haqqında məlumat almışdır.
74. Məhkəmə daha sonra qeyd edir ki, tərəflərin təqdim etdikləri kimi ərizəçinin tutulmasının hallarına aid hadisələrin iki fərqli versiyasına baxmayaraq, aydındır ki, ərizəçi Milli Təhlükəsizlik Naziri ilə telefon danışığı zamanı MTN-ə çağırış vərəqəsi aldığı cinayət işi ilə bağlı məlumatlı idi. Məhkəmə qeyd edir ki, MTN-nin binasına gəldikdən sonra ərizəçi sözügedən cinayət işi ilə bağlı artıq tutulmuş şəxslərlə iddia olunan əlaqələri haqqında dindirilmiş və o, şübhəli bilindiyi məsələdən müəyyən təsəvvürə malik olmuşdur (müqayisə edin, mutatis mutandis, Dikmə Türkiyəyə qarşı, no. 20869/92, § 56, İHAM 2000-VIII).
75. Bu səbəblərə görə, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
III. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 3-cü BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
76. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, onun həbsi əsasız olaraq uzun olmuş və davamlı həbsini əsaslandırmaq üçün hər hansı əhəmiyyətli və kifayətedici səbəblər göstərilməmişdir. Məhkəmə hesab edir ki, bu şikayət aşağıdakıları nəzərdə tutan Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi üzrə araşdırılmalıdır:
“Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs ... ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”
Şikayətin məqbuliyyəti
77. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
İşin mahiyyəti
78. Hökumət ərizəçinin dəlillərini mübahisələndirdi. Hökumət bildirdi ki, ərizəçinin həbsinin sonrakı uzadılması qanuni idi.
79. Ərizəçi şikayətlərini təkrar etdi.
80. Məhkəmənin formalaşmış presedent-hüququna əsasən, Konvensiyanın 5-ci maddəsinə əsasən prezumpsiya azad etmənin xeyrinədir. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin ikinci məqamı məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddətdə məhkəməyə verməklə araşdırma zamanı müvəqqəti azadlığın verilməsi arasında seçim vermir. Hökmün çıxarılmasınadək o, təqsirsiz güman edilməli və sözügedən müddəanın məqsədi onun davamlı həbsi artıq əsaslı olmadıqda, ona müvəqqəti azadlığın verilməsindədir (baxın, MakKey Birləşmiş Krallığa qarşı (BP), no. 543/03, § 41, İHAM 2006-X və Bıkov Rusiyaya qarşı (BP), no. 4378/02, § 61, IHAM 2009-...).
81. Həbs müddətinin əsaslı olub-olmadığı məsələsi abstrakt şəkildə qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs üçün həbsdə qalmanın əsaslı olub-olmaması hər bir işdə onun xüsusi halları baxımından qiymətləndirilməlidir. Davamlı həbs iş üzrə o halda əsaslı hesab oluna bilər ki, təqsirsizlik prezumpsiyasına baxmayaraq, ictimai marağın əhəmiyyətli tələbinin spesifik göstəriciləri Konvensiyanın 5-ci maddəsində əks olunmuş fərdi azadlığa hörmət qaydasını üstələsin (baxın, Labita İtaliyaya qarşı (BP), no. 26772/95, § 152, İHAM 2000-IV və Kudla Polşaya qarşı (BP), no. 30210/96, § 110, İHAM 2000-XI).
82. Milli məhkəmə orqanlarının üzərinə ilk növbədə təmin etmək məsuliyyəti düşür ki, müvafiq işdə təqsirləndirilən şəxsin həbsi əsaslı müddəti keçməsin. Bu mənada, təqsirsizlik prezumpsiyasına lazımı diqqət yetirərək, onlar Konvensiyanın 5-ci maddəsindəki qaydadan kənara çıxmanı əsaslandıran yuxarıda qeyd olunmuş ictimai maraq tələbinin mövcudluğunun lehinə və əleyhinə olan bütün faktları araşdırmalıdırlar. Əsasən bu qərarlarda göstərilmiş səbəblər və ərizəçinin şikayətlərində bildirdiyi faktlar əsasında Məhkəmə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulub-pozulmadığını həll etməlidir (baxın, məsələn, Veyntzal Polşaya qarşı, no. 43748/98, § 50, 30 may 2006-cı il; yuxarıda qeyd olunmuş Labita, § 152 və yuxarıda qeyd olunmuş MakKey, § 43).
83. Tutulmuş şəxsin cinayət törətməsinə dair əsaslı şübhənin mövcudluğu davamlı həbsin qanuniliyi üçün sine qua non şərtidir, lakin zamanın keçməsi ilə bu artıq kifayət etmir və Məhkəmə daxili məhkəmə orqanlarının azadlığın davamlı məhdudlaşdırılması üçün irəli sürdükləri səbəblərin əsaslı olub-olmamasını müəyyən etməlidir. Belə əsasların “əhəmiyyətli” və “kifayətedici” olduğu halda, Məhkəmə həmçinin müəyyən etməlidir ki, milli orqanlar icraatın aparılmasında “xüsusi səriştəlilik” nümayiş etdiriblər (baxın, digər mənbələr arasında, Letellie Fransaya qarşı, 26 iyun 1991-ci il, § 35, A Seriyaları, no. 207 və Yağçı və Sargın Türkiyəyə qarşı, 08 iyun 1995-ci il, § 50, A Seriyaları, no. 319-A). Bu məsələlərdə sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə onun azadlığını şərtləndirən səbəblərin mövcudluğunu göstərmək üçün əksinə çevrilməməlidir (baxın, İlijkov Bolqarıstana qarşı, no. 33977/96, § 85, 26 iyul 2001-ci il).
84. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri üçün nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin tutulduğu andan başlayır və “birinci instansiya məhkəməsi tərəfindən olsa belə, ittihamın həll edildiyi gündə” bitir (baxın, Kalaşnikov Rusiyaya qarşı, no. 47095/99, § 110, İHAM 2002-VI və yuxarıda qeyd olunmuş Labita, § 147). Hazırkı işdə bu müddət ərizəçinin tutulduğu 22 oktyabr 2005-ci ildə başlamış və Ağır Cinayətlər Məhkəməsinin onu məhkum edən hökmü çıxardığı 31 oktyabr 2006-cı ildə bitmişdir. Bununla da, ərizəçinin həbsi ümumilikdə bir il doqquz gün təşkil etmişdir.
85. Məhkəmə qəbul edir ki, ərizəçinin ağır cinayət əməlləri törətdiyinə dair əsaslı şübhələrin mövcudluğu onun həbsə alınması üçün kifayət edə bilər. Lakin zamanın keçməsi ilə bu əsas qaçılmaz olaraq daha az əhəmiyyətli olmuş və onun davamlı həbsi şəxsi vəziyyəti nəzərə alınmaqla, başqa əhəmiyyətli səbəblərlə əsaslandırılmalı olmuşdur (baxın, digər mənbələr arasında, Lakieviç Polşaya qarşı, no. 28481/03, § 57, 15 yanvar 2008-ci il və Matyuş Rusiyaya qarşı, no. 14850/03, § 87, 09 dekabr 2008-ci il).
86. İbtidai araşdırma müddətində ərizəçinin həbsi Nəsimi rayon məhkəməsinin 14 yanvar və 16 may 2006-cı il tarixli qərarları ilə iki dəfə uzadılmışdır. Hər iki qərar ərizəçinin azadlığı tələb etdiyi şikayətlər üzrə Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bundan başqa, Nəsimi rayon məhkəməsi və Apellyasiya Məhkəməsi 09 və 16 avqust tarixlərində müvafiq olaraq həbsin ev dustaqlığı ilə əvəz olunması barədə ərizəçinin tələbini rədd etmişlər. Nəhayət, icraatın məhkəmə araşdırılması mərhələsində ərizəçinin həbsi Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2006-cı il tarixli qərarı ilə uzadılmışdır.
87. Apellyasiya Məhkəməsinin 10 fevral 2006-cı il tarixli qərarı ilə qüvvədə saxlanılmış və ərizəçinin həbsinin dörd ay müddətinə birinci dəfə uzadılmasını qərara alan Nəsimi rayon məhkəməsinin 14 yanvar 2006-cı il tarixli qərarına gəldikdə, ərizəçinin davamlı həbsi ittihamların ağırlığı, xaricdəki əlaqələrdən istifadə edərək gizlənməsi ehtimalı və icraatda iştirak edən şəxslərə təsiri ilə əsaslandırılıb. Bununla bağlı, Məhkəmə qeyd edir ki, təyin edilə bilən cəzanın sərtliyinin gizlənmə təhlükəsinin qiymətləndirilməsində əhəmiyyətli elementlərdən biri olması ilə yanaşı, ittihamların ağırlığı həbsin uzun müddətini əsaslandırmaq üçün özlüyündə kifayət deyildir (baxın, yuxarıda qeyd olunmuş İlijkov, §§ 80-81). Bundan başqa, həbsi əsaslandıra bilən gizlənmə təhlükəsi yalnız təyin oluna bilən cəzanın ağırlığı ilə qiymətləndirilə bilməz. O, gizlənmə təhlükəsinin mövcudluğunu ya təsdiq edən, ya da həbsi əsaslandıra bilməyin zəif olduğunu aşkar edən bir neçə başqa əhəmiyyətli faktorlara istinadən qiymətləndirilməlidir (baxın, Panşenko Rusiyaya qarşı, no. 45100/98, § 106, 08 fevral 2005-ci il və yuxarıda qeyd olunmuş Letellie, § 43). Lakin hazırkı işdə məhkəmə qərarları CPM-in ifadələri ilə standart formalardan istifadə etməklə gizlənmə təhlükəsi daxil olmaqla yuxarıdakı səbəbləri qeyd etməkdən irəliyə getməmişdir (müqayisə edin, yuxarıda qeyd olunmuş Qiorqi Nikolaişvili, § 23-24, 28, 76 və 79). Onlar bu əsaslara müvafiq olan hər hansı faktları qeyd etməmiş və onları əhəmiyyətli və kifayətedici səbəblərlə əsaslandırmamışlar.
88. Ərizəçinin həbsinin beş ay müddətində ikinci dəfə uzadılmasına dair Nəsimi rayon məhkəməsinin 16 may 2006-cı il tarixli və Apellyasiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarlarına gəldikdə, ərizəçinin davamlı həbsi o faktla əsaslandırılmışdır ki, onun digər cinayətlərdə mümkün iştirakına aid yeni sübutun aşkarlanmasından sonra istintaqın yekunlaşması üçün daha çox vaxt tələb olunur və ərizəçinin gizlənməsinə, cinayət prosesində iştirak edən şəxslərə təsir və ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməsinə inanmağa kifayətedici əsaslar vardır. Lakin Məhkəmə qeyd edir ki, başqa cinayətlərdə iddia olunan iştirakına dair “yeni sübutların” aşkarlanmasına əsaslanaraq, daxili məhkəmələr ərizəçinin davamlı həbsini 2006-cı ilin mayında uzadarkən, həmin iddia olunan digər cinayətlərlə bağlı ərizəçiyə qarşı yeni ittihamlar irəli sürülməmişdir. Ərizəçi yeni cinayətlərə görə yalnız 13 sentyabr 2006-cı ildə, uzadılma haqqında qərardan dörd ay sonra ittiham edilmişdir. Buna görə, beş ay müddətində ərizəçinin davamlı həbsi üçün daxili məhkəmələrin 16 may və 31 may 2006-cı il tarixli qərarlarında irəli sürdükləri səbəblər yersiz olmuşdur, ona görə ki, onlar ərizəçinin həbsini hələ ittiham edilmədiyi cinayət əməllərində şübhəyə istinadən əsaslandırmışlar.
89. Müvafiq olaraq, Məhkəmə qeyd edir ki, daxili məhkəmələr eyni standart ifadədən istifadə etməkdə davam etmiş və onların əsaslandırılması inkişaf edən vəziyyəti əks etdirmək və icraatın sonrakı mərhələlərində bu səbəblərin etibarlı qalıb-qalmamasını yoxlamaq üçün dəyişməmişdir. Onlar nə ərizəçinin həbsinə, nə də daimi yaşayış yeri və ailə əlaqələri, pozitiv iş xasiyyətnaməsi və cinayət məhkumluğunun olmaması kimi şəxsi vəziyyətinə aid səbəbləri təfsilatlı izah etmişlər. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, 16 may və 31 may 2006-cı il tarixli qərarlar ərizəçinin davamlı həbsini əsaslandırmaq üçün yersiz səbəblərə istinad edirdi.
90. Məhkəmə inkar etmir ki, ərizəçinin azadlıqdan məhrum olunmasını şərtləndirən spesifik və əhəmiyyətli faktlar mövcud ola bilərdi. Lakin bu cür faktlar mövcud olduğu halda belə, onlar müvafiq daxili məhkəmə qərarlarında əks olunmamışdır. Milli dövlət orqanlarının yerini tutmaq və onların əvəzinə bu cür faktları müəyyən etmək Məhkəmənin vəzifəsinə aid deyildir (baxın, yuxarıda qeyd olunmuş İlijkov, § 86; yuxarıda qeyd olunmuş Pamçenko, § 105; və yuxarıda qeyd olunmuş Qiorqi Nikolaişvili, § 77).
91. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, standart ifadədən istifadə edərək, ərizəçinin işinin spesifik hallarına münasibət bildirmədən, həbs üçün əsasları sadəcə olaraq sadalamaqla, eləcə də yersiz səbəblərə istinad etməklə, dövlət orqanları ərizəçinin həbsini bir il doqquz gün uzatmağı əsaslandırmaq üçün “əhəmiyyətli” və “kifayətedici” səbəblər göstərməmişlər.
92. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
IV. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 2-ci BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
93. Ərizəçi şikayət edib ki, Baş Prokurorluq, MTN və Daxili İşlər Nazirliyinin 25 oktyabr 2005-ci ildə etdikləri birgə bəyanat onun təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdur. O, həmçinin şikayət edib ki, onun həbsini qərara alan və onu uzadan Nəsimi rayon məhkəməsinin 14 yanvar 2006-cı il tarixli və Apellyasiya Məhkəməsinin 10 fevral 2006-cı il tarixli qərarlarında daxili məhkəmələr də təqsirinin cinayət icraatının nəticəsi etibailə sübuta yetirilməsindən əvvəl onun təqsirli olduğunu qabaqcadan güman etməklə, təqsirsizlik prezumpsiyasını pozmuşlar.
Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi aşağıdakıları nəzərdə tutur:
“Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.”
Şikayətin məqbuliyyəti
94. Hökumət bildirib ki, ərizəçi hüquq-mühafizə orqanlarının mübahisəli birgə bəyanatına aid bütün əlçatan və səmərəli daxili vasitələri tükətməmişdir. Bununla bağlı Hökumət bildirib ki, ərizəçi CPM-in 449-451-ci maddələrində cinayət prosesini aparan orqanın hərəkət və ya qərarlarından şikayətlərə aid prosedurdan istifadə edə və ya böhtana görə cinayət şikayəti verə bilərdi. Hökumət şikayətin daxili məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyasının iddia olunan pozuntusuna dair hissəsinə münasibət bildirməmişdir.
95. Ərizəçi şikayətlərini təkrar etmişdir.
96. Həbsi qərara alan və onu uzadan Nəsimi rayon məhkəməsinin 14 yanvar 2006-cı il tarixli və Apellyasiya Məhkəməsinin 10 fevral 2006-cı il tarixli qərarlarında daxili məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı ərizəçinin şikayətinə gəldikdə, Məhkəmə müvafiq mətnləri diqqətlə araşdıraraq hesab edir ki, onlardan heç biri ərizəçini ittiham olunduğu cinayətlərdə vaxtından əvvəl təqsirli bəyan edən kimi təfsir etməyi mümkün edən ifadələri əks etdirmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
97. Şikayətin qalan hissəsinə gəldikdə isə, Məhkəmə xatırladır ki, Konvensiyanın daxili vasitələrin tükənməsinə dair qaydanı nəzərdə tutan 35-ci maddəsinin 1-ci bəndi sübutetmə vəzifəsinin təqdim olunmasını nəzərdə tutur. Hökumətin üzərinə düşür ki, tükənmədiyini iddia edərək Məhkəməni inandırsın ki, vasitə həmin vaxtda nəzəriyyədə və təcrübədə əlçatan olmaqla səmərəli olub, yəni, ona müraciət etmək mümkün idi və bu vasitə ərizəçinin şikayətlərinin bərpası imkanına malik olub və uğurun ağlabatan gözləntilərini vəd edib (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, § 68, Qərar və Qərardadların Hesabatı, 1996-IV və Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 76, İHAM 1999-V). Daha sonra Məhkəmə vurğulayır ki, daxili vasitələr ya iddia olunan pozuntunun, ya da onun davamiyyətinin qarşısının alınması və ya artıq baş vermiş hər hansı pozuntunun adekvat bərpasının təmin olunması baxımından «səmərəli» olmalıdır (baxın, yuxarıda qeyd olunmuş Kudla, § 158).
98. Hökumətin nəzəriyyədə təqsirsizlik prezumpsiyasının iddia olunan pozuntularına qarşı bərpaetməni təqdim edə bilən CPM-in 449-451-ci maddələrində cinayət prosesini aparan orqanın hərəkət və ya qərarlarından şikayətlərə aid prosedurdan istifadə və ya böhtana görə cinayət şikayəti vasitəsilə daxili qanunvericiliyin səmərəli vasitələri nəzərdə tutduğunu iddia etməsinə baxmayaraq, Məhkəmə qeyd edir ki, Hökumət təqsirsizlik prezumpsiyasının iddia olunan pozuntuları ilə bağlı yuxarıdakı bərpaetmə vasitələrindən uğurlu istifadənin hər hansı spesifik misallarını təqdim etməmişdir (baxın, mutatis mutandis, Matijasevic Serbiyaya qarşı, no. 23037/04, § 32, İHAM 2006-X). Nə də Hökumət spesifik misallar vasitəsilə göstərmişdir ki, konkret bu maddi subyektlə bağlı hər hansı şikayət qeyd olunan prosedur üzrə müvafiq cinayət orqanları və ya mülki məhkəmələr tərəfindən nə vaxtsa ümumiyyətlə icraata qəbul olunub. Belə olan halda, Məhkəmə hesab edə bilməz ki, Hökumətin qeyd etdiyi hər hansı vasitələr iddia olunan pozuntularla bağlı xüsusilə istifadə edilə bilər və ya belə vasitələrin mövcudluğu təcrübədə kifayət qədər aydındır.
99. Müvafiq olaraq, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
İşin mahiyyəti
100. Hökumət bu şikayətin mahiyyəti ilə bağlı hər hansı dəlillər irəli sürməmişdir.
101. Ərizəçi şikayətini təkrar etmişdir.
102. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi onun müvafiq aspektində ədalətli cinayət araşdırılmasının icraatı ilə bağlı sıx əlaqədə olan və qabaqcadan mühakiməni ifadə edən bəyanatlarla pozulmasının qarşısının alınmasına yönəlir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində əks olunmuş təqsirsizlik prezumpsiyası həmin maddənin 1-ci bəndi ilə tələb olunan ədalətli cinayət araşdırılmasının elementlərindən biridir (baxın, Allene de Ribemon Fransaya qarşı, 10 fevral 1995-ci il, § 35, A Seriyaları, no. 308). O, qanuna müvafiq olaraq sübuta yetirilməsindən əvvəl “cinayətdə ittiham olunanın” təqsirli olduğuna dair yalnız tribunalın özü tərəfindən vaxtından əvvəl ifadənin işlədilməsini qadağan edir (baxın, Minelli İsveçrəyə qarşı, 25 mart 1983-cü il, § 38, A seriyaları, no. 62), lakin bu, həmçinin həyata keçirilən cinayət araşdırmaları barədə digər dövlət rəsmiləri tərəfindən ictimaiyyəti şübhəli şəxsin təqsirinə inandıran və səlahiyyətli məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsini qabaqcadan həll edən bəyanatları da əhatə edir (baxın, yuxarıda qeyd olunmuş, Allene de Ribemon, § 41 və Daktaras Litvaya qarşı, no. 42095/98, §§ 41-43, İHAM 2000-X). Məhkəmə vurğulayır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi dövlət orqanlarını icraatda olan cinayət araşdırmaları barədə ictimaiyyəti məlumatlandırmaqdan çəkindirə bilməz, lakin o tələb edir ki, təqsirsizlik prezumpsiyasına riayət edilməli oduğu halda, onlar bunu dərindən düşünərək və zəruri ehtiyatlılıqla etməlidirlər (baxın, yuxarıda qeyd olunmuş, Allene de Ribemon, § 38).
103. Bu, Məhkəmənin daimi yanaşmasıdır ki, qanuna müvafiq olaraq sübuta yetirilməsindən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin bəyanatı onun təqsirli olduğunu əks etdirirsə, təqsirsizlik prezumpsiyası pozulmuş olur. Hər hansı rəsmi qənaət olmadıqda belə, məhkəmənin və ya vəzifəli şəxsin təqsirləndirilən şəxsi təqsirli kimi qiymətləndirilməsini təklif edən istənilən düşüncənin mövcud olması kifayətdir. Şəxsin cinayət törətməkdə sadəcə olaraq şübhəli olduğunu ifadə edən bəyanatla yekun məhkumetmə olmadan onun sözügedən cinayəti törətməsi barədə aydın bəyanat arasında fundamental fərqləndirmə olmalıdır. Məhkəmə davamlı olaraq vurğulamışdır ki, şəxsin mühakimə olunmasından və konkret cinayətdə təqsirli bilinməsindən əvvəl dövlət rəsmiləri tərəfindən verilən bəyanatlarda ifadələrin seçimi mühüm əhəmiyyət kəsb edir (baxın, sonrakı istinadlarla, Xuzin və digərləri Rusiyaya qarşı, no. 13470/02, § 94, 23 oktyabr 2008-ci il). Dövlət rəsmisinin bəyanatının təqsirsizlik prezumpsiyasına zidd olub-olmaması mübahisəli bəyanatın edildiyi konkret hallar baxımından müəyyən edilməlidir (baxın, Butkevicius Litvaya qarşı, no. 48297/99, § 49, İHAM 2002-II).
104. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi cinayət prosesini bütövlükdə əhatə edir və cinayət törətməkdə ittiham olunan şəxs sonradan səlahiyyətli məhkəmə tərəfindən təqsirli bilinib-bilinməməsindən asılı olmayaraq bütün proses gedişində təqsirsiz güman olunmaq hüququna malikdir (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Minelli, § 30 və yuxarıda qeyd olunmuş Matijasevic, § 49).
105. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisəli bəyanat cinayət prosesinin özündən ayrı olaraq müstəqil şəkildə mətbuata edilmişdir. Məhkəmə təsdiq edir ki, ərizəçinin Prezident Aparatının İşlər İdarəsinin keçmiş müdiri kimi yüksək dərəcəli dövlət rəsmisi olması faktı dövlət orqanlarından tələb edə bilərdi ki, ictimaiyyəti ona qarşı cinayət ittihamlarından və cinayət prosesinin gedişindən məlumatlı saxlasınlar. Lakin bu hal öz bəyanatlarında dövlət orqanlarının istifadə etdikləri ifadələrin seçimində ehtiyatın çatışmazlığını əsaslandıra bilməz. Bundan başqa, hazırkı işdə sözügedən bəyanat ərizəçiyə qarşı cinayət istintaqının yalnız başlandığı vaxtda verilmişdir.
106. Məhkəmə qəbul edir ki, mübahisəli bəyanatın əsas məqsədi ərizəçiyə və bir neçə digər dövlət rəsmilərinə qarşı cinayət təqibinin başlanılması və bunun səbəbləri barədə ictimaiyyəti məlumatlandırmaq olmuşdur. Lakin Məhkəmə hesab edir ki, orada istifadə olunan ifadələrin seçimi daxil olmaqla, bu bəyanatın spesifik məzmunu Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi baxımından qəbuledilməzdir.
107. Məhkəmə qeyd edir ki, sözügedən birgə bəyanat bir neçə tutulmuş şəxslərin ifadələrinə istinadən ərizəçinin və digər tutulmuş şəxslərin cinayətdə iddia olunan iştirakını təsvir edib. Birgə bəyanatın mətnini araşdıraraq, Məhkəmə hesab edir ki, istifadə edilən ifadələr imperativ və təsdiqedici xarakterlidir. Xüsusən qeyd olunub ki, “müəyyən edilib ki, Akif Muradverdiyev ... və Fikrət Sadıqov ... Rəsul Quliyevlə, eləcə də Əli İnsanov, ... Fərhad Əliyev, ... Fikrət Yusifov və hakimiyyəti zorla ələ keçirməkdə maraqlı olan başqa şəxslərlə cinayət əlaqəsinə girmişdir. Gizli görüşlər zamanı ..., onlar dövlət hakimiyyətinin qanunsuz mənimsənilməsinə, kütləvi iğtişaşların planlaşdırılması üçün toplanmış sabotaj qruplarının təşkilinə və bu fəaliyyət üçün maliyyə dəstəyinə dair razılığa gəlmişlər”. Məhkəmə hesab edir ki, hər hansı təmkinlilik və ya ehtiyatlılıq olmadan, birgə bəyanatda üç hüquq-mühafizə orqanı tərəfindən edilmiş bu qeydlər ərizəçinin təqsirsizlik prezumpsiyasına ziddir.
108. Yuxarıdakı rəsmi bəyanatın Dövlətin adından cinayət təqibini həyata keçirməyə səlahiyyətli olan üç fərqli hüquq-mühafizə orqanı tərəfindən edildiyini nəzərə alaraq, icraatda olan cinayət prosesini təsvir etmək üçün istifadə olunmuş ifadələrin seçimində onlar tərəfindən xüsusi ehtiyatlılıq göstərilməli idi. Məhkəmə hesab edir ki, hər hansı zəruri tövsiflər və ya ehtiyatlılıq göstərilmədən edilmiş bu bəyanat ərizəçinin müəyyən cinayətləri törətdiyi barədə bəyanatı təşkil edən ifadələri əks etdirib. Belə olan halda, onlar səlahiyyətli məhkəmə tərəfindən faktların qiymətləndirilməsini qabaqlayıb və qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməzdən əvvəl lazımsız olaraq ictimaiyyəti ərizəçinin təqsirli olduğuna inandırıb.
109. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulmuşdur.
V. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
110. Konvensiyanın 5-ci maddəsi ilə birgə ərizəçi Konvensiyanın 13 və 14-cü maddələrinə əsasən şikayət edib ki, daxili vasitələr səmərəsiz olmuşdur və o, siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalmışdır.
111. Lakin malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin onun səlahiyyətində olduğu qədər Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, o, açıq-aşkar əsassız kimi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
VI. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
112. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
113. Ərizəçi ədalətli kompensasiya üçün hər hansı tələb irəli sürməmişdir. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ona bu məqam üzrə hər hansı məbləğin təyin olunması zəruri deyildir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Ərizəçinin davamlı həbsinin qanuniliyinə və hüquq-mühafizə orqanlarının birgə bəyanatı ilə onun təqsirzsizlik prezumpsiyası hüququnun pozulmasına dair Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə və 6-cı maddəsinin 2-ci bəndinə əsasən şikayətləri məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
İş üzrə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulduğunu qərara alır;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin pozulduğunu qərara alır;
Ədalətli kompensasiyanın təyin olunmasının tələb edilmədiyini qərara alır.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 09 dekabr 2010-cu ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy