Mürrey (Murray) Niderlanda qarşı [BP] – ərizə № 10511/10
26.4.2016 tarixli qərar [BP]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Ruhi xəstəlikdən əziyyət çəkən məhbusa faktiki olaraq sonradan yüngülləşdirilməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması: pozuntu baş verib
Faktlar – Ruhi xəstəlikdən əziyyət çəkən ərizəçi adam öldürdüyünə görə 1980-ci ildə Niderlanda məxsus Antil adalarında məhkum olundu və ömürlük azadlıqdan məhrum edildi. Onun əfv olunmaq üçün dəfələrlə verdiyi vəsatətlər rədd edildi. Avropa Məhkəməsinə Konvensiyanın 3-cü maddəsi əsasında verdiyi şikayət ərizəsində o, hökmə və saxlanma şəraitinə yenidən baxılması imkanı olmadan təyin olunmuş ömürlük azadlıqdan məhrumetmə cəzasından şikayət etdi.
10 dekabr 2013-cü il tarixli qərarında Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, ərizəçinin ömürlük azadlıqdan məhrum edilməsi məsələsində Konvensiyanın 3-cü maddəsi pozulmayıb. O qeyd etdi ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına yenidən baxılması 2011-ci ildə qanunvericiliyə daxil edilmiş müddəa əsasında mümkün idi, həmin müddəada nəzərdə tutulurdu ki, ömürlük azadlıqdan məhrum edilmiş şəxs, əgər ömürlük həbs cəzası daha hər hansı ağlabatan məqsədə xidmət etmirsə, cəzasının ən azı 20 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti azad edilə bilər. Müvafiq olaraq, ərizəçinin işinin icraatı təzələndi, amma belə hesab edildi ki, o, vaxtından əvvəl azad edilə bilməz, çünki hələ də təhlükəlidir və yeni cinayət törədə bilər. Palata həmçinin yekdilliklə qərara aldı ki, ərizəçinin saxlanma şəraiti məsələsində Konvensiyanın 3-cü maddəsi pozulmayıb.
2014-cü ildə ərizəçi sağlamlığı ilə əlaqədar əfv edildi və azadlığa buraxıldı.
17 aprel 2014-cü ildə iş ərizəçinin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi (173 saylı məlumat bülleteninə bax). Bundan az sonra o vəfat etdi.
Hüquqi məsələlər – Maddə 3: Məhkəmə hər şeydən əvvəl bu işə tətbiq edilə bilən ümumi prinsiplərin qısa xülasəsini təqdim etdi və onları daha da təkmilləşdirdi.
a) Ömürlük azadlıqdan məhrumetmə cəzaları – Yetkinlik yaşına çatmış şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması Konvensiyanın 3-cü maddəsinə zidd deyil, bu şərtlə ki, bu cəza açıq-aydın qeyri-mütənasib olmamalı və cəzanın təyin olunduğu tarixdən etibarən şəxsin azad edilməsi və hökmə yenidən baxılması perspektivi mövcud olmalıdır. Mövcud müqayisəli hüquq normalarına və beynəlxalq standartlara uyğun olaraq, ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra iyirmi beş ildən gec olmayaraq bu cəzaya dövri qaydada yenidən baxılması imkanı mövcud olmalıdır və bu yenidən baxma dövlət hakimiyyəti orqanlarına cəzaçəkmənin gedişində məhbusun həyatında hər hansı dəyişikliklərin və islah olunması istiqamətində irəliləyişlərin olub-olmadığını nəzərdən keçirmək və beləliklə onun bu qədər uzun müddət həbsdə saxlanmasının qanuni cəzanın məqsədlərinə daha xidmət etmədiyini müəyyənləşdirə bilmək imkanı verməlidir. Bu qiymətləndirmə kifayət qədər aydın və dəqiq normalara, öncədən müəyyən edilmiş obyektiv meyarlara əsaslanmalı və yetərli prosessual təminatlarla müşayiət olunmalıdır.
b) Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların islahı və azad edilmə perspektivi – Yuxarıda qeyd edildiyi kimi, hökmə yenidən baxma dövlət hakimiyyəti orqanlarına cəzaçəkmənin gedişində məhbusun həyatında hər hansı dəyişikliklərin və islah olunması istiqamətində irəliləyişlərin olub-olmadığını qiymətləndirmək imkanı verməlidir. Avropa hüququnda və beynəlxalq hüquqda Avropa Məhkəməsi tərəfindən də dəstəklənən belə bir prinsip aydın şəkildə dəstəklənir ki, ömürlük azadlıqdan məhrum edilənlər də daxil olmaqla bütün məhbuslara islah olunma imkanı verilməli və islah məqsədinə nail olunduqda onların azadlığa çıxma perspektivi mövcud olmalıdır. Dövlətin daşıdığı pozitiv öhdəlik bu məqsədə çatmanın vasitələrindən biridir və buna, məsələn, məhbusu öz şəxsiyyətini inkişaf etdirərək məsuliyyətli və cinayətdən azad həyat sürməyə həvəsləndirən fərdi proqramın hazırlanması və mütəmadi olaraq yenidən nəzərdə keçirilməsi yolu ilə nail olmaq olar.
c) Ruhi sağlamlıq problemləri olan məhbuslara tibbi qulluq – Həbsdə olan məhbuslar üçün lazımi tibbi yardımın olmaması dövlətin Konvensiyanın 3-cü maddəsi üzrə məsuliyyətini doğura bilər. Həmin maddə üzrə öhdəliklər dövlətin məhbusları adekvat müalicə ala biləcəkləri xüsusi müəssisələrə köçürməsini tələb edəcək qədər ciddi ola bilər. Ruhi xəstəliyi olan məhbuslara gəlincə, konkret həbsdə saxlanma şəraitinin 3-cü maddənin standartlarına uyğun olub-olmadığını qiymətləndirərkən nəzərə almaq lazımdır ki, məhbuslar həssas vəziyyətdə olmaları səbəbindən konkret müalicənin təsiri ilə bağlı şikayətlərini ziddiyyətsiz şəkildə ifadə etmək və ya ümumiyyətlə bildirmək iqtidarında olmaya bilərlər. Onların müayinə olunması və diaqnoz qoyulması yetərli deyil; diaqnozun göstərdiyi problemlə bağlı düzgün müalicə və münasib tibbi nəzarət də təmin edilməlidir.
d) Ömürlük azadlıqdan məhrum edilən, psixi pozuntuları və (və ya) ruhi sağlamlıq problemləri olan məhbuslar – Cinayət məsuliyyətinə cəlb edilərək ömürlük azadlıqdan məhrum edilmiş məhbusların müəyyən ruhi sağlamlıq problemləri ola bilər ki, bu da onların yenidən cinayət törətməsi riskinə öz təsirini göstərə bilər. Dövlətlər belə məhbusların islahını asanlaşdırmaq və təkrar cinayət törətmələri riskini azaltmaq məqsədi ilə onların müalicəyə olan ehtiyaclarını qiymətləndirməli və xüsusən müalicə ömürlük azadlıqdan məhrum edilmiş məhbusların gələcəkdə azad edilməsi üçün zəruri ilkin şərtdirsə, həbsxana şəraitində mövcud olan məhdud imkanlar daxilində onların lazımi müalicə almalarına imkan yaratmalıdırlar. Lakin dövlətlər həm də cəmiyyəti zorakı cinayətlərdən müdafiə etməyə yönələn tədbirlər görmək öhdəliyini daşıyırlar və Konvensiya ciddi cinayətə görə məhkum olunmuş şəxsin dövlətlər tərəfindən cəmiyyətin müdafiəsi üçün zəruri olan hallarda uzun müddət həbsdə qalmasına imkan yaradan qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilməsini qadağan etmir.
Hazırkı işin konkret hallarına gəlincə, ərizəçi şikayət ərizəsini Məhkəməyə təqdim etdiyi zaman otuz ilə yaxın idi ki, həbsdə saxlanılırdı. Onun əfv üçün dəfələrlə verdiyi vəsatətlər, digər səbəblər yanaşı, residivizm riskinin mövcudluğu səbəbindən rədd edilmişdi. Ərizəçinin məhkəmə araşdırması zamanı onun müxtəlif ruhi sağlamlıq problemlərinin olduğunu göstərən diaqnoz qoyulsa da, həbsxanada o heç vaxt müalicə almamışdı. Əksinə, konkret və real alternativlərin olmadığı bir vəziyyətdə o, son nəticədə ömürlük azadlıqdan məhrumetmə cəzası almışdı.
Buna baxmayaraq ərizəçinin penitensiar xəstəxanada deyil, həbsxanada saxlanması tövsiyə olunan müalicənin zəruriliyini aradan qaldırmırdı. Sadəcə olaraq ona təyin olunmuş cəzanın onun müalicəsini nəzərdə tutmaması və onun heç vaxt müalicə üçün müraciət etməməsi cavabdeh dövləti ərizəçinin uzun müddətə azadlıqdan məhrum edilməsi ilə əlaqədar olan öhdəliklərindən və onun islahına yardım üçün lazımi müalicəni təmin etmək vəzifəsindən azad etmirdi. Məhbusların islah olunması prinsipi ən azı 1999-cu ildən etibarən daxili qanunvericilikdə aydın şəkildə nəzərdə tutulsa da, ərizəçinin yenidən cinayət törətməsi riski onun əfv olunmasına və ya şərti azadlığa buraxılmasına imkan verməyəcək dərəcədə yüksək hesab edilmişdi. Müalicə praktiki olaraq ərizəçinin islah olunma istiqamətində irəliləyişə nail olmasına imkan yaradan zəruri ilkin şərt idi. Beləliklə, müalicənin olmaması və ya onun müalicə ehtiyaclarının qiymətləndirilməməsi o deməkdir ki, ərizəçi Məhkəməyə şikayət ərizəsi verdiyi zaman əfv üçün təqdim etdiyi hər hansı vəsatət faydasız olacaqdı, yəni onun islah olunma istiqamətində nail olduğu hər hansı əhəmiyyətli irəliləyiş onun həbsdə saxlanmasının daha cəzanın məqsədinə xidmət etmədiyi qənaətinə gəlmək üçün yetərli olmayacaqdı. Buradan belə nəticə çıxır ki, faktiki olaraq ərizəçinin ömürlük azadlıqdan məhrumetmə cəzasını Konvensiyanın 3-cü maddəsinin tələbinə uyğun olaraq daha yüngül cəza ilə əvəz etmək mümkün deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi hər hansı mənəvi ziyana görə ədalətli kompensasiya təşkil edir.
(Həbsə alınma və ruhi sağlamlıq və Ömürlük azadlıqdan məhrumetmə mövzularında tematik məlumat vərəqələrinə bax)
Full & Egal Universal Law Academy