Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 200
Oktyabr 2016-cı il
***
Murşiç (Muršić) Xorvatiyaya qarşı [BP] – ərizə № 7334/13
20.10.2016 tarixli qərar [Böyük Palata]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Çoxlu məhbusların olduğu həbsxanada fərdi məkanın məhdud olması: pozuntu baş verib (cəzaçəkmə müddətinin müəyyən dövründə), pozuntu baş verməyib (cəzaçəkmə müddətinin qalan dövrlərində)
Faktlar – Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi həbsxanada yetərincə fərdi məkanının olmamasından şikayət etmişdi, bəzi hallarda bu məkanın sahəsi 3 kvadrat metrdən də az olurdu.
12 mart 2015-ci il tarixli qərarında Məhkəmənin Palatası bir səsə qarşı altı səslə müəyyən etdi ki, Konvensiyanın 3-cü maddəsi pozulmayıb. O, konkret olaraq hesab etdi ki, ərizəçinin saxlanma şəraiti, həmişə adekvat olmasa da, 3-cü maddədə nəzərdə tutulan qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi xarakterizə oluna biləcək sərtlik səviyyəsinə çatmamışdı (bax: 183 saylı Məlumat bülleteni).
Ərizəçinin vəsatəti əsasında 7 iyul 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 3: Konvensiyanın 3-cü maddəsinin pozulub-pozulmadığı ilə bağlı Məhkəmənin apardığı qiymətləndirmə məhbusa ayrılmış sahənin neçə kvadrat metr olması məsələsi ilə məhdudlaşa bilməz. Bu cür yanaşmada belə bir fakt diqqətdən kənarda qalmış olar ki, konkret saxlanma şəraiti məsələsinə yalnız hərtərəfli yanaşma məhbusların real vəziyyətinin dəqiq mənzərəsini yarada bilər.
Lakin çoxlu məhbusların olduğu həbsxanada məhbusun sərəncamında olan fərdi məkan döşəmənin sahəsi əsasında hesablanmaqla 3 kv. metrdən azdırsa, vəziyyət o dərəcədə ciddi hesab edilir ki, 3-cü maddənin pozulduğuna dair ciddi ehtimal yaranır. Bu halda sübutetmə yükü cavabdeh Hökumətin üzərinə düşür və o, fərdi məkanın azlığını yetərincə kompensasiya edə bilən amillərin olduğunu sübut etməlidir. Adətən pozuntunun baş verdiyinə dair ciddi ehtimal yalnız aşağıdakı amillər məcmu halında mövcud olduqda təkzib edilə bilər: fərdi məkanın 3 kv. metrlik minimal həddədək azalması qısamüddətli, təsadüfi və əhəmiyyətsiz hal olduqda; bu cür azalma kameradan kənarda kifayət qədər hərəkət azadlığı ilə və kameradankənar adekvat fəaliyyətlərlə müşayiət olunduqda; ərizəçinin saxlanıldığı yer ümumi nöqteyi-nəzərdən münasib hesab edildikdə və saxlanma şəraitini ağırlaşdıran digər aspektlər olmadıqda.
Bir məhbusa düşən fərdi məkanın 3-4 kv. metr təşkil etdiyi işlərdə məkan məsələsi Məhkəmə tərəfindən saxlanma şəraitinin adekvatlığının qiymətləndirilməsində mühüm amil olaraq qalır. Belə hallarda, əgər məkanın azlığından əlavə fiziki baxımdan saxlanma şəraitinin digər əlverişsiz aspektləri də mövcuddursa, məsələn, açıq havaya çıxma imkanı, kameraya təbii işığın və ya havanın daxil olması, ventilyasiya sisteminin olması, kamerada adekvat temperaturun olması, tualetdən istifadə edərkən təklikdə qalmaq imkanının olması və zəruri sanitariya-gigiyena tələblərinə riayət edilməsi kimi məsələlər qaneedici deyilsə, 3-cü maddənin pozulduğu müəyyən edilir.
Çoxlu məhbusların olduğu həbsxanada məhbusun 4 kv. metrdən çox fərdi məkanının olduğu və buna görə də fərdi məkanla bağlı sual yaranmadığı işlərdə ərizəçinin şaxlanma şəraitinin adekvatlığının Məhkəmə tərəfindən qiymətləndirilməsi üçün fiziki baxımdan saxlanma şəraitinin digər aspektləri əhəmiyyət kəsb edir.
Ərizəçi bəzi hallarda sahəsi 3 kv. metrdən az olan kameralarda saxlanılmışdı ki, bu da özü-özlüyündə 3-cü maddənin pozulduğuna dair ciddi ehtimal yaradırdı. İyirmi yeddi gün davam etmiş bu cür hallardan birində ciddi pozuntu ehtimalı sual altına alına bilməzdi. Həmin dövrdə ərizəçinin saxlanma şəraiti onu cəzaçəkmə yerində saxlanılmaya xas olan qaçılmaz məhrumiyyətlərin səviyyəsini aşan məhrumiyyətə məruz qoymuşdu ki, bu da 3-cü maddə ilə qadağan edilmiş ləyaqəti alçaldan rəftara bərabər idi. Fərdi məkanı 3 kv. metrdən az olan kameralarda ərizəçinin saxlanıldığı qalan dövrlərə gəlincə, Hökumət pozuntunun baş verdiyinə dair ciddi ehtimalı təkzib edə bildi. Ərizəçi ümumən münasib şəraitdə saxlanılmışdı, ardıcıl olmayan müəyyən dövrlərdə onun fərdi məkanı az olan kameralarda saxlanılması halları qısamüddətli və az əhəmiyyətli sayıla bilərdi, həmin dövrlərdə o, kifayət qədər hərəkət azadlığına və kameradankənar fəaliyyətlərlə məşğul olmaq imkanına malik idi, buna görə də Məhkəmə hesab etdi ki, bu dövrlərdəki rəftar Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilmiş ləyaqəti alçaldan rəftara bərabər deyil. Beləliklə, fərdi məkanı 3 kv. metrdən 4 kv. metrədək olan kameralarda ərizəçinin saxlanıldığı dövrlərdə saxlanma şəraiti qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil etmirdi.
Nəticələr:
- fərdi məkanı 3 kv. metrdən az olan kamerada ərizəçinin iyirmi yeddi gün ərzində saxlanıldığı dövr: pozuntu baş verib (yekdilliklə);
- ərizəçinin fərdi məkanı 3 kv. metrdən az olan kameralarda qeyri-ardıcıl olaraq saxlanıldığı qalan dövrlər: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə);
- fərdi məkanı 3 kv. metrdən 4 kv. metrədək olan kameralarda ərizəçinin saxlanıldığı dövrlər: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
Maddə 41: mənəvi ziyana görə 1.000 avro təyin edildi.
(Həmçinin bax: Ananyev və başqaları Rusiyaya qarşı, ərizə № 42525/07 və 60800/08, 10 yanvar 2012-ci il, 148 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy