© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
NADA İSVEÇRƏYƏ qarşı İŞİ
(CASE OF NADA v. SWITZERLAND)
(10593/08 saylı ərizə)
QƏRAR
STRASBURQ
12 sentyabr 2012-ci il
Bu qərar yekun qərardır, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Nada İsveçrəyə qarşı işinə,
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Jean-Paul Costa,
Françoise Tulkens,
Josep Casadevall,
Nina Vajić,
Dean Spielmann,
Christos Rozakis,
Corneliu Bîrsan,
Karel Jungwiert,
Khanlar Hajiyev,
Ján Šikuta,
Isabelle Berro-Lefèvre,
Giorgio Malinverni,
George Nicolaou,
Mihai Poalelungi,
Kristina Pardalos,
Ganna Yudkivska, hakimlər,
və Michael O’Boyle, Katibin Müavinindən ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
23 mart 2001-ci il, 7 sentyabr 2011-ci il və 23 may 2012-ci il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd edilən tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən İtaliya və Misir vətəndaşı cənab Yusif Mustafa Nada (Youssef Moustafa Nada) (“ərizəçi”) tərəfindən Məhkəməyə 19 fevral 2008-ci il tarixində İsveçrə Konfederasiyasına qarşı təqdim olunmuş (10593/08 saylı) ərizə əsasında açılmışdır.
2. Ərizəçi Londonda vəkillik fəaliyyəti ilə məşğul olan cənab J. McBride tərəfindən təmsil olunurdu. İsveçrə Hökuməti (“Hökumət”) öz nümayəndəsi, Federal Ədliyyə İdarəsindən cənab F. Schürmann tərəfindən təmsil olunurdu.
3. Ərizəçi, cənab Nada iddia edir ki, adının Taliban haqqında Federal Qərara əlavə edilən siyahıya salınması nəticəsində onun İsveçrəyə daxil olmasına və tranzit məqsədilə İsveçrədən keçməsinə qoyulan qadağa onun azadlıq hüququnu (Konvensiyanın 5-ci Maddəsi) və şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət hüququnu (8-ci Maddə) pozmuşdur. O, bildirdi ki, bu qadağa həmçinin 3-cü Maddə ilə müəyyən olunan mənada pis rəftara bərabər idi. O, daha sonra, Campione d’Italia anklavını tərk edə bilməməsinin onun məsciddə ibadət etməsinə imkan vermədiyini bildirərək onun öz dinini və inanclarını ifadə etmək azadlığının (9-cu Maddə) pozulmasından da şikayət etdi. Sonda, ərizəçi həmin şikayətlər üzrə səmərəli müdafiə vasitəsinin olmamasından da şikayət etdi (13-cü Maddə).
4. Ərizə baxılmaq üçün Məhkəmənin Birinci Bölməsinə (Məhkəmə Reqlamentinin 52§1-ci Qaydası) həvalə edildi ki, həmin bölmə də qərara gəldi ki, ərizəyə Məhkəmə Reqlamentinin 41-ci Maddəsinə uyğun olaraq üstünlük qaydasında baxılsın. 12 mart 2009-cu ildə həmin Bölmənin Palatası 5, 8 və 13-cü Maddələrə uyğun olaraq Hökumətə şikayətlər haqqında bildiriş göndərmək barədə qərar verdi.
5. Tərəflərin hər biri digərinin mülahizələri ilə bağlı yazılı şərhlər təqdim etdi. Sədrin yazılı icraata müdaxilə etmək üçün dəvəti əsasında Fransa və Birləşmiş Krallıq Hökumətlərinin də mülahizələri qəbul edildi (Konvensiyanın 36§ 2-ci Maddəsi və həmin vaxt qüvvədə olan 44 § 2-ci Qayda). İtaliya Hökuməti icraata müdaxilə etmək hüququndan istifadə etmədi (Konvensiyanın 36§ 1-ci Maddəsi).
6. 20 yanvar 2010-cu ildə tərəflərə məlumat verildi ki, Palata ərizənin qəbuledilənliyinə və işin mahiyyətinə eyni zamanda baxmaq niyyətindədir (Konvensiyanın əvvəlku 29 § 3-cü Maddəsi əvvəlki 54A Qaydası ilə birlikdə).
7. 30 sentyabr 2010-cu ildə hakimlər Christos Rozakis, Nina Vajić, Xanlar Hacıyev, Dean Spielmann, Sverre Erik Jebens, Giorgio Malinverni, və George Nicolaou-dan və Bölmə üzrə katib Søren Nielsen-dən ibarət Palata işə baxmadan onu Böyük Palataya göndərdi və tərəflərdən heç biri bu məqsədlə məsləhətləşmədən sonra bu göndərişə etiraz etmədi (Konvensiyanın 30-cu Maddəsi və Qayda 72).
8. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci Maddəsinin 2 və 3-cü bəndlərinə və 24-cü Qaydaya uyğun olaraq müəyyən edilmişdi. Jean-Paul Costa, Christos Rozakis, Giorgio Malinverni və Mihai Poalelungi vəzifə müddətləri bitdikdən sonra da Konvensiyanın 23§ 3-cü Maddəsinə və 24 § 4-cü Qaydaya uyğun olaraq yekun qərarın verilməsinə qədər bu işlə məşğul olmaqda davam etdilər.
9. Həm ərizəçi və həm də Hökumət işin mahiyyəti üzrə öz yazılı müşahidələrini təqdim etdilər. Fransa və Birləşmiş Krallıq Hökumətləri də Palataya təqdim etdikləri eyni mülahizələri təqdim etdilər. Bundan əlavə, Böyük Palatanın Sədri Londonda yerləşən JUSTİCE (Ədalət) adlı qeyri-hökumət təşkilatına yazılı şərhlər vermək səlahiyyəti verdi (Konvensiyanın 36 § 2-ci Maddəsi 44 § 2-ci Qayda ilə birlikdə). Sonda, Böyük Palatanın Sədri Birləşmiş Krallıq Hökumətinə dinləmədə iştirak etmək səlahiyyəti verdi.
10. Dinləmə 23 mart 2011-ci ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq formada həyata keçirildi (Qayda 59 § 3).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
– Hökumət tərəfindən
Cənab F. Schürmann, Federal Polis və Ədliyyə Departamenti, Federal Ədliyyə İdarəsi, Avropa hüququ və beynəlxalq insan hüquqları bölməsinin rəhbəri, Nümayəndə,
Cənab J. Lindenmann, Səfir, Federal Xarici İşlər Departamenti, Beynəlxalq Ümumi Hüquq Direktorluğunun Direktor Müavini,
Cənab R. E. Vock, Federal İqtisadi İşlər Departamenti, İİqtisadi məsələlər üzrə Dövlət Katibi, Sanksiyalar Şöbəsinin Rəisi,
Xanım R. Bourguin, Federal Polis və Ədliyyə Departamenti, Federal Miqrasiya İdarəsi, Miqrasiya siyasəti şöbəsi, Hüquqi İşlər Bölməsi, siyasi məsuliyyətli ixtisaslaşmış hüquq məsləhətçisi,
Xanım C. Ehrich, Federal Polis və Ədliyyə Departamenti, Federal Ədliyyə İdarəsi, Avropa hüququ və beynəlxalq insan hüquqları bölməsi, Texniki məsləhətçi, Məsləhətçilər;
– ərizəçi tərəfdən
CənabJ. McBride, vəkil,Vəkil,
– Birləşmiş Krallıq Hökuməti adından (üçüncü tərəf)
CənabD. Walton, Nümayəndə,
CənabS. Wordsworth,Vəkil,
XanımC. Holmes,Məsləhətçi.
Ərizəçi və onun arvadı da iştirak etdi.
Məhkəmə Cənab Schürmannın, Cənab McBridenin və Cənab Wordsworthun çıxışlarını dinlədi. Məhkəmə həmçinin tərəflərin nümayəndələrinin hakimlərin suallarına verdikləri cavabları da dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
A. İş haqqında ümumi məlumat
11. Ərizəçi 1931-ci ildə doğulmuşdur və 1970-ci ildən etibarən Komo Əyalətində (Lombardiyada) yerləşən İsveçrə Kantonu Ticino ilə əhatə olunmuş, Italiyanın qalan hissəsindən Luqano Gölü vasitəsilə ayrılmış təxminən 1.6 kvadrat kilometrlik əraziyə malik İtalyan anklavı Campione d’Italiyada yaşayırdı.
12. Ərizəçi özünü mömin Müsəlman və maliyyə və siyasət dünyasında tanınmış və yüksək qiymətləndirilən iş adamı kimi təsvir edir. İxtisasca mühəndis olan ərizəçi çox müxtəlif sahələrdə, xüsusilə də bankçılıq, xarici ticarət, sənaye və daşınmaz əmlak sahəsində çalışmışdır. Biznes fəaliyyəti əsnasında o yeganə və ya əsas payçısının özü olduğu bir sıra şirkətlər təsis etmişdir.
13. Məhkəməyə təqdim etdiyi məlumatlarda o, terrorizmin bütün formalarına qarşı çıxdı və heç vaxt əl-Qaeda ilə hər hansı bağlılığının olmadığını bildirdi. Əksinə, o, davamlı şəkildə təkcə həmin təşkilatın istifadə etdiyi vasitələrə deyil, həmçinin onun ideologiyasına da qarşı çıxdı.
14. Ərizəçi daha sonra qeyd etdi ki, onun yalnız bir böyrəyi var (digəri son illərdə sıradan çıxmışdır). O, həmçinin, 20 dekabr 2001-ci il tarixli tibbi şəhadətnamədə də göstərildiyi kimi sol gözündəki qanaxmadan və boynundakı artiritdən əziyyət çəkir. Bundan əlavə, Sürixdə bir həkim tərəfindən 5 may 2006-cı il tarixində verilmiş tibbi şəhatədnaməyə görə onun sağ əlində, 2004-cü ildə əməliyyat edilməli olan çat var idi. Ərizəçi iddia etdi ki, onun üzərinə qoyulan və bu ərizənin yazılmasına gətirib çıxaran məhdudiyyətlər səbəbindən o, həmin əməliyyata girə bilməmiş və həmin çatın doğurduğu nəticələrdən əziyyət çəkməkdə davam etmişdir.
15. Usama Bin Laden və onun şəbəkəsinin üzvləri tərəfindən 7 avqust 1998-ci ildə ABŞ-ın Nayrobidəki (Keniya) və Dar-əs-Salamdakı (Tanzaniya) səfirliklərinə qarşı həyata keçirilmiş bombalamalara cavab olaraq Birləşmiş Millətlər Təşkilatının (“BMT”) Təhlükəsizlik Şurası 15 oktyabr 1999-cu ildə BMT Nizamnaməsinin VII Fəslinə uyğun olaraq 1267 (1999) saylı Qətnamə qəbul etdi ki, həmin qətnamə ilə Talibana qarşı sanksiyalar müəyyən olunurdu (bax aşağıda bənd 70) və həmin qətnamənin icrasının monitorinqini aparmaq üçün Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət komitə (“Sanksiyalar Komitəsi”) yaradıldı.
16. 2 oktyabr 2000-ci ildə həmin qətnamənin icra olunması üçün İsveçrə Federal Şurası (federal icra hakimiyyəti) “Talibana qarşı tədbirlər” adlı Fərman (“Taliban Fərmanı” – bax aşağıda 66-cı bənd) qəbul etdi ki, sonradan adı da daxil olmaqla, ona bir sıra dəyişikliklər edildi.
17. 1333 (2000) saylı, 19 dekabr 2000-ci il tarixli qətnamə (bax aşağıda bənd 71) ilə Təhlükəsizlik Şurası sanksiyalar rejimini genişləndirdi. Bu sanksiya rejimi artıq Usama bin Ladenə, əl-Qaeda təşkilatına, o cümlədən Talibanın yüksək rütbəli rəsmilərinə və müşavirlərinə də qarşı yönəlmişdi. 1267 (1999) və 1333 (2000) saylı Qətnamələrin hər ikisində də Təhlükəsizlik Şurası Sanksiyalar Komitəsindən Dövlətlər və regional təşkilatlar tərəfindən təmin edilmiş məlumatlar əsasında Usama bin Laden və əl-Qaeda ilə əlaqəsi olan fiziki şəxslərin və qurumların siyahısını tutmağı tələb edirdi.
18. 11 aprel 2001-ci ildə İsveçrə Hökuməti 1333 (2000) saylı Qətnamənin icra edilməsi üçün Taliban Fərmanına dəyişiklik etdi. Fərmana yeni 4a Maddəsi əlavə edildi ki, həmin maddənin də 1-ci bəndi ilə həmin qətnamədə (adları çəkilmədən) müəyyən olunan şəxslərin və qurumların İsveçrəyə daxil olması və tranzit məqsədilə İsveçrədən keçməsi qadağan edilirdi.
19. 24 oktyabr 2001-ci ildə Federal Prokuror ərizəçi ilə bağlı istintaq başlatdı.
20. 7 noyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti ərizəçinin sədri və əsas payçısı olduğu Bank Al Taqvanın vəsaitlərinə blok qoydu.
21. 9 noyabr 2001-ci ildə ərizəçi və onunla bağlılığı olan bir sıra təşkilatlar Sanksiyalar Komitəsinin siyahısına əlavə edildi. 30 noyabr 2001-ci ildə (və ya ərizəçinin mülahizələrinə görə 9 noyabrda) onların adları Taliban Fərmanının əlavəsindəki siyahıya əlavə edildi.
22. 16 yanvar 2002-ci ildə Təhlükəsizlik Şurası, 1267 (1999) və 1333 (2000) saylı Qətnamələrə əsasən hazırlanmış siyahılarda da göstərildiyi kimi, onlarla bağlılığı olan şəxslərə, qruplara, qurumlara və təşkilatlara qarşı giriş və tranzit qadağasını müəyyən edən 1390 (2002) saylı Qətnamə qəbul etdi (bax aşağıda bəndlər 70-71 və 74). 01 may 2002-ci ildə uyğun olaraq Federal Taliban Fərmanının 4a Maddəsinə dəyişiklik edildi: bundan sonra giriş və tranzit qadağası ərizəçi də daxil olmaqla, Fərmanın 2 saylı Əlavəsində adı çəkilən bütün şəxslərə şamil edilirdi.
23. 10 sentyabr 2002-ci ildə İsveçrə Birləşmiş Millətlər Təşkilatına üzv oldu.
24. 2002-ci ilin noyabrında Ərizəçi Londona səfər edəndə həbs olunur və pulları da müsadirə olunaraq İtaliyaya göndərilir.
25. 10 oktyabr 2003-cü ildə sanksiyaların tətbiqi ilə bağlı Monitorinq Qrupunun tənqidindən (bax aşağıda bənd 72) sonra Tikino (Ticino) Kantonu ərizəçinin xüsusi sərhəd keçid icazəsini ləğv etdi. Həmin Monitorinq Qrupu ərizəçinin fəaliyyəti barədə apardığı sorğunun gedişatında bildirdi ki, ərizəçi İsveçrə və İtaliya arasında nisbətən azad şəkildə hərəkət edə bilirdi. Hökumət bildirdi ki, giriş və tranzit qadağası ərizəçiyə elə həmin vaxtdan etibarən tətbiq olunurdu.
26. 27 noyabr 2003-cü ildə İsveçrə Federal İmmiqrasiya, İnteqrasiya və Emiqrasiya İdarəsi (“İMES”) ərizəçiyə məlumat verdi ki, artıq onun sərhədi keçməyə icazəsi yoxdur.
27. 23 mart 2004-cü ildə ərizəçi İMES-ə tibbi müalicə və həm İsveçrədə, həm də İtaliyada hüquqi icraatlar məqsədilə İsveçrəyə daxil olmaq üçün giriş və ya tranzit icazəsi ilə bağlı müraciət göndərdi. 26 mart 2004-cü ildə İMES əsasız olduğunu bildirərək həmin müraciəti rədd etdi. Bundan əlavə, ərizəçiyə göstərdi ki, bu ərizənin dəstəklənməsi üçün irəli sürülən əsaslar, daha dəqiq desək, öz vəkilləri ilə məsləhətləşmək və müalicə almaq ehtiyacı və ikincisi, onun Campione d’Italiyada olması ilə bağlı spesifik vəziyyət hökumətə onu ona qarşı tətbiq olunan tədbirdən istisna etməyə icazə vermir.
28. Federal Cinayət Məhkəməsi 27 aprel 2005-ci il tarixli qərarında Federal Prokurora ya icraatı davam etdirməmək, ya da 31 may 2005-ci il tarixinədək işi səlahiyyətli federal istintaq hakiminə göndərmək barədə göstəriş verdi. Elə həmin tarixli əmrlə Federal Prokuror ərizəçiyə qarşı ittihamların əsaslandırılmamış olduğunu müəyyən edərək ərizəçi barəsində aparılan araşdırmanı bağladı.
29. 22 sentyabr 2005-ci ildə ərizəçi onun adının və onunla assosiasiya olunan təşkilatların adlarının Fərmanın əlavəsindən silinməsi tələbi ilə Federal Şuraya müraciət etdi. Bu tələblə bağlı onun əsas arqumenti ondan ibarət idi ki, onun barəsindəki polis araşdırması Federal Prokurorun qərarı ilə dayandırılmışdır və ona görə də ona qarşı sanksiyaların tətbiq olunması əsassızdır.
30. 18 yanvar 2006-cı il tarixli qərarında İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (“SECO”) həmin adların BMT-nin Sanksiyalar Komitəsinin siyahısında olduğu müddətcə İsveçrənin onları əlavədən silə bilməyəcəyini əsas gətirərək ərizəçinin tələbini rədd etdi.
31. 13 fevral 2006-cı ildə ərizəçi Federal İqtisadi İşlər Departamentinə (“Departament”) inzibati apelyasiya müraciəti göndərdi.
32. Departament 15 iyun 2006-cı il tarixli qərarı ilə həmin apelyasiya müraciətini rədd etdi. Departament təsdiq etdi ki, adın Fərmanın əlavəsindən silinməsinə yalnız o vaxt baxıla bilər ki, həmin ad Sanksiyalar Komitəsinin siyahısından silinmiş olsun və izah etdi ki, bu məqsədlə, nəzərdə tutulan şəxsin vətəndaşı və ya rezidenti olduğu Dövlətin siyahıdan çıxarma ilə bağlı BMT institutlarına müraciət etməsi lazımdır. Departament müəyyən etdi ki, İsveçrə nə ərizəçinin vətəndaşı, nə də rezidenti olduğu Dövlət olmadığından, İsveçrə hakimiyyətinin bu proseduru başlatmaq səlahiyyəti yoxdur.
33. 6 iyul 2006-cı ildə ərizəçi Departamentin qərarından Federal Şuraya apelyasiya şikayəti verdi. O, tələb etdi ki, onun adı və onunla assosiasiya olunan müəyyən sayda təşkilatların adı Taliban Fərmanının 2 saylı Əlavəsində verilmiş siyahıdan silinsin.
34. 20 sentyabr 2006-cı ildə, 2005-ci ildə İMES-i özündə birləşdirərək yaradılmış Federal Miqrasiya İdarəsi (“ODM”) ərizəçiyə hüquqi icraat üçün Milana 25 sentyabr 2006-cı il tarixində gedə bilməsi üçün bir günlük möhlət verdi. Ərizəçi bu icazədən istifadə etmədi.
35. 6 aprel 2007-ci ildə ərizəçi Sanksiyalar Komitəsinin “əsas qurumuna” - 1730 (2006) saylı Qətnaməyə əsasən fərdlər və qurumlar tərəfindən Sanksiyalar Komitəsinin siyahısından silinmək üçün edilmiş müraciətlərə baxmaq üçün yaradılmış orqana (bax aşağıda bənd 76) öz adının müvafiq siyahıdan silinməsi üçün müraciət göndərdi.
36. Federal Şura 6 iyul 2006-cı il tarixli apelyasiya işi üzrə 18 aprel 2007-ci il tarixli qərarında ərizəçinin sahibi olduğu şeylərdən faydalanmaq hüququnun birbaşa məhdudiyyətlərə məruz qalmış olduğunu, həmçinin nəticə etibarilə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsinin ərizəçinin Fərmanın əlavəsindən silinməklə bağlı müraciətinə tətbiq olunduğunu və uyğun olaraq işə müstəqil və bitərəf məhkəmə tərəfindən baxılmalı olmasını müəyyən edərək işi Federal Məhkəməyə göndərdi.
37. Departament öz mülahizələrində Təhlükəsizlik Şurasının 1730 (2006) saylı, 19 dekabr 2006-cı il tarixli Qətnaməsinin adları Sanksiyalar Komitəsinin siyahısında olan şəxslərə və təşkilatlara siyahıdan silinmək üçün vətəndaşı və ya rezidenti olduqları Dövlət vasitəsi ilə deyil, şəxsi əsaslarla müraciət etməyə icazə verdiyini göstərərək bildirdi ki, apelyasiya müraciəti təmin edilməməlidir.
38. Ərizəçi öz mülahizələrini təkrarladı. Bundan əlavə, o, iddia etdi ki, ODM-in Taliban Fərmanının 4a § 2 Maddəsinə əsasən istisna müəyyən etməklə bağlı açıq-aşkar etinasızlığı səbəbindən o, adekvat müalicə imkanlarının olmamasına baxmayaraq, Campione d’Italiyadakı evini tərk edə bilməmiş və ya hətta inzibati və ya məhkəmə icraatları üçün İtaliyaya da gedə bilməmişdir və buna görə də son illəri faktiki olaraq ev dustaqlığı şəraitində yaşamışdır. Onun adının Sanksiyalar Komitəsinin siyahısına əlavə olunması onun ictimai şəkildə Usama bin Ladenlə, əl-Qaeda və Taliban ilə bağlılığı olmaqda təqsirləndirilməsi demək idi. Daha sonra, o, bildirdi ki, heç bir əsaslandırma olmadan və ya ona əvvəlcədən öz fikrini bildirmək imkanı verilmədən adının siyahıya salınması onun dinlənilmək hüququ və ədalətli məhkəmə hüquqları ilə birlikdə ayrı-seçkiliyin qadağan olunması, şəxsi azadlıq, malik olduqlarından faydalanmaq və iqtisadi azadlıq prinsiplərini pozmuşdur. Nəhayət, Təhlükəsizlik Şurasının sanksiyalarının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn imperativ (jus cogens) normalarına zidd olduğunu nəzərə alaraq, ərizəçi iddia etdi ki, İsveçrə həmin sanksiyaları yerinə yetirmək öhdəliyi daşımır.
39. ODM hüquqi müdafiə vasitəsinn çatımlılığını müəyyən etdiyi 11 may 2007-ci il tarixli qərarı ilə ərizəçinin sanksiyadan azadolma ilə bağlı yeni bir müraciətini də təmin etmədi. Bir daha mümkün müdafiə vasitələrinin göstərildiyi 12 iyul 2007-ci il tarixli qərarda ODM ərizəçinin məsələyə yenidən baxılması üçün müraciət kimi hesab etdiyi məktubuna baxmaqdan imtina etdi. 20 iyul 2007-ci il tarixli məktubunda ərizəçi izah etdi ki, yanlış anlaşılma olmuşdur və onun əvvəlki məktubu əslində azadolma üçün sadəcə yeni bir müraciət idi. 2 avqust 2007-ci ildə ODM yenidən ərizəçinin müraciətini rədd etdi və ona xatırlatdı ki, o, həmin rədd qərarından Federal İnzibati Məhkəməyə apelyasiya şikayəti verə bilər. Ərizəçi həmin qərardan apelyasiya şikayəti vermədi.
40. 29 oktyabr 2007-ci ildə siyahıdan silinmə ilə bağlı müraciətlər üzrə, Təhlükəsizlik Şurasının 1730 (2006) saylı Qətnaməsi ilə yaradılmış əsas qurum ərizəçinin adının Sanksiyalar Komitəsinin siyahısından silinməklə bağlı 6 aprel 2007-ci il tarixli müraciətini təmin etmədi (bax yuxarıda bənd 35). 2 noyabr 2007-ci ildə əsas qurum prosesin məxfiliyinə istinad edərək siyahıya almaq üzrə onu təyin etmiş ölkə ilə bağlı və həmin təyinatın əsasları ilə bağlı məlumat sorğusuna cavab verməkdən də imtina etdi. Nəhayət, 19 və 28 noyabr 2007-ci il tarixli məktublarda əsas qurum prosesin məxfiliyini bir daha vurğuladı, lakin, buna baxmayaraq, ərizəçiyə məlumat verdi ki, adının açıqlanması mümkün olmayan Dövlət ərizəçinin adının siyahıdan çıxarılmasına qarşı çıxmışdır.
B. Federal Məhkəmənin 14 noyabr 2007-ci il tarixli qərarı
41. Federal Şuranın ərizəçinin müraciətini (bax yuxarıda bənd 36) göndərdiyi Federal Məhkəmə özünün 14 noyabr 2007-ci il tarixli qərarında həmin müraciətin qəbuledilən olduğunu bəyan etdi, lakin mahiyyəti üzrə baxarkən həmin müraciəti təmin etmədi.
42. Federal Məhkəmə ilk olaraq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 25-ci Maddəsinə əsasən BMT-nin üzv Dövlətləri Təhlükəsizlik Şurasının qərarlarını qəbul etmək və Nizamnaməyə uyğun olaraq həyata keçirmək öhdəliyi götürmüşlər. Daha sonra qeyd edildi ki, Nizamnamənin 103-cü Maddəsinə əsasən həmin qərarlardan irəli gələn öhdəliklər təkcə üzv Dövlətlərin milli qanunvericiliklərindən deyil, həmçinin xarakterindən, ikitərəfli və ya çoxtərəfli olmağından asılı olmayaraq beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərdən də üstündür. O da qeyd olundu ki, bu üstünlük təkcə Nizamnamə ilə bağlı deyil və Təhlükəsizlik Şurasının məcburi qüvvəyə malik qətnaməsindən irəli gələn bütün öhdəliklərə də şamil olunur.
43. Bununla belə, Federal Məhkəmə bildirdi ki, Təhlükəsizlik Şurasının özü də Nizamnaməyə tabedir və insan hüquqlarına və əsas azadlıqlara hörmət edilməsi (Nizamnamənin 1 § 3-cü Maddəsi) də daxil olmaqla, onun məqsədlərinə və prinsiplərinə (Nizamnamənin 24 § 2-ci Maddəsi) uyğun hərəkət etməlidir. Eyni zamanda, qeyd olundu ki, üzv Dövlətlər Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qərarın (və ya qətnamənin), xüsusilə də Nizamnamənin VII Fəslinə əsasən qəbul olunmuş qərarların (qətnamələrin) (sülhə qarşı təhlükə, sülhün pozulması və təcavüz aktları) Nizamnaməyə zidd olmasını, əsas gətirərək öhdəlikdən yayına bilməzlər.
44. Federal Məhkəmə daha sonra öz mülahizəsində bildirdi ki, Federal Konstitusiyanın 190-cı Maddəsinə əsasən (bax aşağıda bənd 65) o, federal qanunlara və beynəlxalq hüquqa tabedir. Federal Məhkəmənin mövqeyinə görə qüvvədə olan beynəlxalq hüquq İsveçrə tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrdən əlavə, həmçinin beynəlxalq adət hüququndan, hüququn ümumi prinsiplərindən və Təhlükəsizlik Şurasının sanksiyalar rejimi ilə bağlı qərarları da daxil olmaqla beynəlxalq təşkilatların İsveçrə üçün məcburi hüquqi qüvvəyə malik qərarlarından da ibarətdir.
45. Bununla belə, Federal Məhkəmə qeyd etdi ki, Konstitusiyanın 190-cı Maddəsi beynəlxalq hüququn İsveçrə üçün məcburi qüvvəyə malik müxtəlif normaları arasında mümkün toqquşmaların həll olunması qaydalarını müəyyən etmir və hazırkı işdə də bir tərəfdən Təhlükəsizlik Şurasının qərarları və digər tərəfdən Avropa İnsan Hüquqları Konvensiyası və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın təminatları arasında bu cür toqquşma mövcuddur. Federal Məhkəmə bildirdi ki, həmin toqquşma müqavilələrin təfsiri qaydaları ilə həll olunmazsa, məsələni həll etmək üçün beynəlxalq hüquq normalarının iyerarxiyasına baxmaq lazım gələcəkdir. Həmin iyerarxiyaya görə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən irəli gələn öhdəliklər hər hansı digər beynəlxalq sazişdən irəli gələn öhdəliklərdən üstündür (Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 30-cu Maddəsi ilə birlikdə götürülməklə, Nizamnamənin 103-cü Maddəsi; bax aşağıda bəndlər 69 və 80). Federal Məhkəmə o fikirdə idi ki, əgər Avropa Konvensiyasına və ya Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta Üzv Dövlətlərin məhkəmələri müəyyən fərdlərin və təşkilatları əsas hüquqlarının qorunması üçün BMT sanksiyalarına məhəl qoymaya bilsələr, həmin sanksiyaların ümumi qaydada tətbiq olunması təhlükəyə məruz qalar.
46. Buna baxmayaraq, məhkəmə qəbul etdi ki, Təhlükəsizlik Şurasının qərarlarını icra etmək öhdəliyi jus cogens normalarla məhdudlaşır. Müvafiq olaraq, məhkəmə hesab etdi ki, Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunan sanksiyalar rejiminin, ərizəçinin iddia etdiyi kimi, beynəlxalq hüququn qəti normalarını pozub-pozmadığını müəyyən etməlidir.
47. Federal Məhkəmə daha sonra jus cogens normalara misal olaraq yaşamaq hüququnu, işgəncədən və qeyri-insani və ya alçaldıcı rəftardan müdafiə, quldarlığın qadağan olunması, kollektiv cəzalandırmanın qadağan olunması, fərdi cinayət məsuliyyəti prinsipi və geri qaytarmamaq (non-refoulement) prinsipini göstərdi. Bununla yanaşı, məhkəmə onu da qeyd etdi ki, mülkiyyətdən istifadə, iqtisadi azadlıq, ədalətli məhkəmə hüququ və ya səmərəli hüquqi müdafiə vasitələri təminatları jus cogens normalar hesab olunmur.
48. Ərizəçiyə qarşı görülmüş tədbirlərin, xüsusilə də İsveçrəyə giriş və oradan tranzit qadağasının onun üçün doğurduğu nəticələrə gəldikdə isə Federal Məhkəmə aşağıdakıları müəyyən etdi:
“7.4 ... Bu sanksiyalar onun təsiri altına düşənlərə geniş təsirli kommersiya məhdudiyyətləri qoyur; lakin, onların xilas olması üçün lazım olan maliyyə vasitələrinə əngəl törədilmir (bax, 1452 (2002) saylı Qətnamə, bənd 1(a)) ki, bunun da nəticəsində nə onların həyatına və ya sağlamlığına qarşı təhlükə, nə də hər hansı qeyri-insani və ya alçaldıcı rəftar təhlükəsi yoxdur.
Səyahət qadağası nəzərdə tutulan şəxslərin hərəkət azadlığını məhdudlaşdırsa da, prinsipcə azadlıqdan məhrumetməyə səbəb olmur: onlar rezidenti olduqları ölkə daxilində hərəkət etməkdə sərbəstdirlər (bununla belə, bax, konkret olaraq ərizəçinin vəziyyəti ilə bağlı aşağıda bənd 10.2); xüsusilə, onların öz ölkələrinə səfərlərinə də icazə verilir (bax, 1735 (2006) saylı Qətnamə, bənd 1(b)).
...”
49. Federal Məhkəmə daha sonra qeyd etdi ki, ümumilikdə sanksiyalar Təhlükəsizlik Şurası tərəfindən, fərdlərə və ya təşkilatlara öncədən və ya sonradan öz sanksiyalarla bağlı fikirlərini bildirmək və ya beynəlxalq və ya milli məhkəmələrə onlara qarşı şikayət etmək imkanı vermədən müəyyən olunmuşdur. Bununla əlaqədar qeyd edildi ki, xüsusilə də 1730 (2006) saylı Qətnamənin şərtlərinə əsasən, fərdlərin Sanksiyalar Komitəsinə birbaşa müraciət etməsinə icazə verən siyahıdan çıxarılma üzrə prosedur, hətta sistemdə insan hüquqları baxımından hələ də ciddi çatışmazlıqların olmasına baxmayaraq, artıq əsaslı bir irəliləyiş idi.
50. Federal Məhkəmə daha sonra müvafiq qətnamələrin İsveçrə üçün nə dərəcədə məcburi hüquqi qüvvəyə malik olması məsələsini, başqa sözlə desək, İsveçrənin həmin qətnamələri icra etməkdə hər hansı sərbəstliyə (Ermessensspielraum) malik olub-olmadığını nəzərdən keçirdi:
“8.1 Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin VII Fəslinə əsaslanaraq əl-Qaeda və Talibana qarşı sanksiyalarla bağlı 1267 (1999) saylı Qətnaməni və sonrakı qətnamələri qəbul etdi və aydın şəkildə bütün üzv Dövlətlərin üzərinə, beynəlxalq sazişlərdən və ya müqavilələrdən irəli gələn hər hansı mövcud hüquqlara və öhdəliklərə məhəl qoymayaraq həmin qətnamələrdə nəzərdə tutulan sanksiyaların həyata keçirilməsi ilə bağlı bütöv və ciddi yanaşmanın qəbul edilməsi öhdəliyini qoydu (bax, 1267 (1999) saylı Qətnamə, bənd 7).
Həmin sanksiyalar (hesabların dondurulması, giriş və tranzit qadağası, silah embarqosu) təfsilatlı şəkildə təsvir olunmuşdur və onların həyata keçirilməsində üzv Dövlətlərə heç bir qiymətləndirmə sərbəstliyi verilmir. Sanksiyaların təsiri altına düşənlərin adları da üzv Dövlətlərə bildirilir: bu Sanksiyalar Komitəsi tərəfindən hazırlanmış və aparılan siyahı ilə müəyyən olunur (bax 1933 (2000) saylı Qətnamə, bənd 8(c)).
Siyahıdan çıxarılmağın mümkünlüyünə gəldikdə isə, Sanksiyalar Komitəsi bunun üçün spesifik prosedur müəyyən etmişdir (bax, 1735 (2006) saylı Qətnamə, bənd 13 və Sanksiyalar Komitəsinin 12 fevral 2007-ci il tarixli direktivləri). Bununla da, üzv Dövlətlər sanksiyaların Sanksiyalar Komitəsinin siyahısında müəyyən olunan şəxsə və ya təşkilata qarşı tətbiq olunmasının davam etdirilib-etdirilməməsi ilə bağlı öz təşəbbüsləri əsasında qərar vermək hüququndan məhrum edilir.
Bu səbəbdən də, əgər İsveçrə ərizəçinin və onun təşkilatının adlarını Taliban Ordinansının əlavəsindən silsə, özünün Nizamnamədən irəli gələn öhdəliklərini pozmuş olar.`
...
8.3 Yuxarıda qeyd olunanlara əsasən, İsveçrəyə öz təşəbbüsü ilə ərizəçinin adını Taliban Fərmanının 2 saylı Əlavəsindən çıxarmağa icazə verilmir.
Qəbul olunmalıdır ki, bu vəziyyətdə ərizəçinin heç bir səmərəli hüquqi müdafiə imkanı yoxdur. Əlbəttə ki, Federal Məhkəmə Təhlükəsizlik Şurasının qətnamələrinin İsveçrə üçün məcburi olub-olmamasını və nə dərəcədə məcburi olmasını araşdıra bilər, lakin, ərizəçiyə qarşı sanksiyaların onların ərizəçinin əsas hüquqlarını pozduğuna əsaslanılaraq ləğv olunmasına icazə verilmir.
Şəxslərin və ya qurumların siyahıdan çıxarılmasına yalnız Sanksiyalar Komitəsi məsuldur. Yuxarıda qeyd olunan irəliləyişlərə baxmayaraq, siyahıdan çıxarılma proseduru həm Federal Konstitusiyanın 29a Maddəsi, AİHK-nın 6 § 1-ci Maddəsi və Mülki və Siyasi Hüquqlar haqqında BMT Paktının 14 § 1-ci Maddəsi ilə müəyyən olunan məhkəməyə çatımlılıq tələbinə, həm də AİHK-nın 13-cü Maddəsi və BMT Paktının 2(3)-cü Maddəsi ilə müəyyən olunan mənada səmərəli hüquqi müdafiə vasitələri tələbinə cavab vermir.
...”
51. Federal Məhkəmə daha sonra, öz təşəbbüsü ilə ərizəçinin adını siyahıdan çıxarmağa icazəsi olmasa da, İsveçrənin siyahıdan çıxarma proseduru ilə əlaqədar heç olmazsa ərizəçiyə kömək etmək öhdəliyinin olub-olmadığını araşdırdı. Məhkəmənin qənaəti aşağıdakı kimi oldu:
“9.1 Aşağı instansiya məhkəmələri İsveçrənin ərizəçinin adından siyahıdan çıxarma prosedurunu başlatmaq öhdəliyi daşıyıb-daşımadığını araşdırmışdır. Eyni zamanda, siyahıdan çıxarılma proseduruna dəyişiklik edilməsi nəticəsində ərizəçi özü müraciət edə bildiyindən və həqiqətən də bu imkandan istifadə etdiyindən bu məsələ öz aktuallığını itirdi.
9.2 Buna baxmayaraq, müraciətinin uğurlu olması üçün o, İsveçrənin dəstəyinə arxalanır. Çünki, İsveçrə bir sıra sorğu məktubları, ev axtarışları və şahidlərin dindirilməsi ilə ətraflı ilkin araşdırma aparmış yeganə ölkədir.
Birləşmiş Millətlər Təşkilatının üzv Dövlətləri terrorçuluğu maliyyələşdirməkdə və dəstəkləməkdə şübhəli bilinən şəxsləri mühakimə etmək öhdəliyi daşıyır (bax, Təhlükəsizlik Şurasının 1373 (2001) saylı Qətnaməsi, bənd 2(e)).
Digər tərəfdən, əgər cinayət işi bəraətlə başa çatdırılsa və ya davam etdirilməsə, bu qabaqlayıcı (preventiv) sanksiyaların ləğvinə gətirib çıxaracaqdır. Qəbul edildiyi kimi, cinayət işini və ya ilkin istintaqı aparan dövlət özü siyahıdan çıxarmanı həyata keçirə bilməz, lakin o, ən azından, ilkin istintaqın nəticələrini Sanksiyalar Komitəsinə ötürə və şəxsin adının siyahıdan çıxarılmasını xahiş edə və ya dəstəkləyə bilər.”
52. Sonda, Federal Məhkəmə Taliban Fərmaninin 4a Maddəsi ilə təmin olunan səyahət qadağasının Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunan sanksiyalardan daha geniş olub-olmadığını və sanksiyaların həyata keçirilməsi ilə əlaqədar İsveçrə dövlətinin hər hansı sərbəstliyə malik olub-olmadığını nəzərdən keçirdi. Məhkəmə aşağıdakı kimi qət etdi:
“10.1 Taliban Fərmanının 4a§1-ci Maddəsinə əsasən, siyahısı 2 saylı Əlavədə verilən şəxslərin İsveçrəyə daxil olması və tranziti qadağan edilir. 4a§2-ci Maddəyə əsasən Federal Miqrasiya İdarəsi BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olmadan və ya İsveçrənin maraqlarının qorunması üçün istisnalar müəyyən edə bilər.
Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, əgər daxil olma və ya tranzit məhkəmə prosesinin həyata keçirilməsi üçün tələb olunursa, səyahət qadağası tətbiq olunmur. Bundan əlavə, istisnalar Sanksiyalar Komitəsinin razılığı ilə fərdi işlər üzrə də müəyyən oluna bilər (bax, 1735 (2006) saylı Qətnamə, bənd 1(b)). Buna, xüsusilə də tibbi, humanitar və ya dini əsaslarla edilən səyahətlər daxildir (Broun İnstitutu, yuxarıda istinad edilib, bənd 32).
10.2 Taliban Fərmanının 4a § 2-ci Maddəsi ‘səlahiyyət verən’ müddəa kimi ifadə edilir və Federal Miqrasiya İdarəsinin müəyyən qiymətləndirmə sərbəstliyinə malik olması təəssüratını yaradır. Lakin, konstitusional baxımdan həmin müddəa elə təfsir olunmalıdır ki, istisna BMT-nin sanksiyalar rejiminin icazə verdiyi bütün hallarda müəyyən olunmalıdır mənasını versin. Ərizəçinin hərəkət azadlığının daha geniş məhdudlaşdırılması Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslana bilməz, ictimai maraq kəsb etmir və ərizəçinin mövcud vəziyyətinə mütənasib deyil.
Ərizəçi Campionedə, Ticinoda ərazisi 1.6 kvadrat kilometr olan İtalyan anklavında yaşayır. İsveçrəyə giriş və oradan tranzit qadağası nəticəsində o, Campioneni tərk edə bilmir. Ərizəçinin düzgün olaraq iddia etdiyi kimi, praktiki olaraq o, ev dustaqlığına məruz qalmışdır ki, bu da onun şəxsi azadlığının ciddi şəkildə məhdudlaşdırılmasıdır. Bu şəraitdə İsveçrə dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən müəyyən olunmuş sanksiyalar rejiminin bütün yüngülləşdirici şərtlərindən istifadə etməlidir.
Federal Miqrasiya İdarəsinin heç bir qiymətləndirmə sərbəstliyi yoxdur. İdarə istisnanın müəyyən edilməsi şərtlərinə əməl olunub-olunmadığını araşdırmalıdır. İstisnanın müəyyən olunması üçün müraciət Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunan ümumi istisna hallarından birinə aid olmazsa, müraciət təsdiq olunması üçün Sanksiyalar Komitəsinə təqdim olunmalıdır.
10.3 Ərizəçinin xaricə çıxmasına icazə verilməsi üzrə müraciətinə baxarkən Federal Miqrasiya İdarəsinin konstitusiyanın tələblərini nəzərə alıb-almadığı ilə bağlı məsələnin burada araşdırılmasına ehtiyac yoxdur: Federal İdarənin müvafiq əmrləri ərizəçi tərəfindən mübahisələndirilməmişdir və hazırkı icraatda mübahisə predmeti deyil.
Eyni qayda ərizəçinin rezidenti olduğu ərazini İtaylan anklavı olan Campionedən İtaliyaya dəyişmiş olmalı olub-olmaması ilə bağlı məsələyə də şamil edilir. Bu günədək ərizəçi belə bir müraciət etməmişdir.”
C. Federal Məhkəmənin qərarından sonrakı gedişatlar
53. Federal Məhkəmənin qərarının ardınca ərizəçi ümumi istisnaların onun vəziyyətinə tətbiq olunmasının mümkünlüyünə yenidən baxılması üçün ODM-ə yazılı müraciət göndərdi. 28 yanvar 2008-ci ildə ərizəçi giriş və tranzit qadağasının üç aylığa dayandırılması üçün yenidən müraciət etdi. 21 fevral 2008-ci il tarixli məktubunda ODM həmin müraciəti təmin etmədi və qeyd etdi ki, o, məsələni Sanksiyalar Komitəsinə çatdırmadan qadağanın qüvvəsini bu qədər uzun müddətə dayandıra bilməz, lakin yalnız birdəfəlik bir tədbir görmək mümkün ola bilər. Ərizəçi bu qərarı mübahisələndirmədi.
54. 22 fevral 2008-ci ildə ərizəçinin adının siyahıdan çıxarılması üçün göstərdiyi cəhdlərə İsveçrənin verə biləcəyi dəstəklə bağlı İsveçrə hakimiyyəti ilə ərizəçinin nümayəndəsi arasında keçirilən görüşdə Federal Xarici İşlər Departamentinin nümayəndəsi vəziyyətin çox qeyri-adi olduğunu bildirdi və qeyd etdi ki, bir tərəfdən ərizəçi İsveçrə dövlətinin ona BMT-nin siyahıdan çıxarılma proseduru ilə bağlı nə cür dəstək verə biləcəyini soruşmuş, digər tərəfdən isə Məhkəmədə İsveçrəyə qarşı iddia qaldırmışdır.
Görüş zamanı ərizəçinin nümayəndəsi izah etdi ki, ərizəçi ODM-dən şifahi təsdiq cavabı almışdır ki, onun müştərisinin Milandakı vəkili ilə məsləhətləşməsi üçün ona İtaliyaya getməsi üçün birdəfəlik icazə veriləcəkdir.
Federal Xarici İşlər Departamentinin nümayəndəsi, həmçinin qeyd etdi ki, ərizəçi öz vəziyyəti ilə əlaqədar daha geniş bir istisna üçün Sanksiyalar Komitəsinə müraciət edə bilər. Bununla belə, o, təkrar etdi ki, ərizəçinin adının siyahıdan çıxarılması üçün İsveçrə özü Sanksiyalar Komitəsinə müraciət edə bilməz. O, əlavə etdi ki, buna baxmayaraq, onun hökuməti ərizəçini dəstəkləməyə, o cümlədən ərizəçiyə ona qarşı cinayət işinin dayandırılmasını təsdiq edən sənəd verməyə hazır olacaq. Ərizəçinin vəkili cavab olaraq bildirdi ki, o, artıq işin müştərinin xeyrinə dayandırıldığını təsdiq edən bir məktub almışdır və həmin məktub kifayətdir.
Ərizəçinin siyahıdan çıxarılma prosedurunda İtaliya hökumətinin dəstəyini də əldə etmək üçün İtaliya hökumətinə ünvanlanan müraciətlərə gəldikdə isə, Federal Departamentin nümayəndəsi həmin vaxt İtaliyanın Təhlükəsizlik Şurasının üzvü olduğunu da əlavə edərək təklif etdi ki, vəkil İtaliyanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Missiyası ilə əlaqə saxlasın.
55. Hökumət Məhkəməyə məlumat verdi ki 2008-ci ilin aprelində Misir hərbi tribunalı Müsəlman Qardaşları təşkilatına maliyyə dəstəyi verdiyi üçün ərizəçini iştirakı olmadan (in absentia) mühakimə etmiş və ona on il həbs cəzası vermişdir (bax, gündəlik qəzet olan Corriere del Ticino-da bu mövzuda 16 aprel 2008-ci il tarixli məqalə). Ərizəçi mühakimə olunması ilə bağlı faktı mübahisələndirmədi, lakin bildirdi ki, ona qarşı olan həmin icraat barədə ona heç bir məlumat verilməmişdir və buna görə də özünü şəxsən və ya vəkil vasitəsi ilə müdafiə etmək imkanı olmamışdır. Həmin səbəblərdən və həmçinin onun mülki şəxs olmasına baxmayaraq, mühakimənin hərbi tribunal tərəfindən həyata keçirildiyini nəzərə alaraq, ərizəçi iddia etdi ki, sözügedən həmin icraat 6-cı Maddənin açıq-aşkar pozuntusu idi.
56. 5 iyul 2008-ci ildə İtaliya Hökuməti İtaliyada ərizəçiyə qarşı başlanmış işin təmin edilmədiyini əsas gətirərək onun adının siyahıdan çıxarılması üçün Sanksiyalar Komitəsinə müraciət etdi. Komitə 15 iyul 2008-ci il tarixli qərarı ilə həmin müraciəti təmin etmədi. Ərizəçinin bildirdiyinə görə, Komitə ona öz mülahizələrini əvvəlcədən ona təqdim etməyə icazə verməmişdi.
57. 11 sentyabr 2008-ci ildə ODM ərizəçiyə İsveçrəyə daxil olmaq və ölkədə iki gün qalmaq hüququ verdi, lakin ərizəçi bu hüquqdan istifadə etmədi.
58. 23 dekabr 2008-ci il tarixli məktubla ODM ərizəçiyə məlumat verdi ki, 12 dekabr 2008-ci ildə İsveçrənin Şengen məkanına daxil olmasının onun vəziyyətinə heç bir təsiri yoxdur.
59. İsveçrə Hökuməti Palataya təqdim etdiyi məlumatlarda qeyd etdi ki, onların bildiyinə görə, ərizəçinin adının siyahıya salınması təşəbbüsü Amerika Birləşmiş Ştatlarının müraciəti əsasında irəli sürülmüşdür və ABŞ 7 iyul 2009-cu ildə ərizəçi də daxil olmaqla bir sıra şəxslərin siyahıdan çıxarılması üçün Sanksiyalar Komitəsinə müraciət etmişdir.
60. 24 avqust 2009-cu ildə Təhlükəsizlik Şurasının 1730 (2006) saylı Qətnaməsi ilə müəyyən olunan prosedura uyğun olaraq ərizəçi adının Sanksiyalar Komitəsinin siyahısından silinməsi üçün siyahıdan çıxarma üzrə müraciətlər üçün əsas quruma müraciət etdi.
61. 2 sentyabr 2009-cu ildə İsveçrə Federal Prokurorluğun ərizəçinin vəkilinə göndərdiyi 13 avqust 2009-cu il tarixli məktubun bir surətini Sanksiyalar Komitəsinə göndərdi. Həmin məktubda Prokurorluq təsdiq edirdi ki, ərizəçi ilə bağlı polis araşdırması nəticəsində onun Usama bin Laden, əl-Qaeda və ya Talibanla bağlılığı olan şəxslər və ya təşkilatlarla əlaqəsi olduğunu göstərən heç bir şəhadət və ya sübut tapılmamışdır.
62. 23 sentyabr 2009-cu ildə ərizəçinin adı Təhlükəsizlik Şurasının sözügedən sanksiyaları müəyyən edən qətnamələrinə əlavə edilmiş siyahıdan silindi. Ərizəçinin bildirdiyinə görə, 1730 (2006) saylı Qətnamə ilə müəyyən olunan prosedura əməl olunmadı və bununla əlaqədar ona heç bir izah verilmədi. 29 sentyabr 2009-cu ildə müvafiq olaraq Taliban Fərmanının əlavəsinə dəyişiklik edildi və həmin dəyişiklik 2 oktyabr 2009-cu ildə qüvvəyə mindi.
63. 1 mart 2010-cu il tarixində qəbul edilmiş vəsatətlə Milli Şuranın Xarici Siyasət Komissiyası (federal parlamentin aşağı palatası) Federal Şuraya müraciət etdi ki, Şura 2010-cu ilin sonundan etibarən müəyyən işlərdə, anti-terror qətnamələrində göstərilən sanksiyaları tətbiq etməyəcəyi barədə BMT-nin Təhlükəsizlik Şurasına məlumat versin. Bundan əlavə, Komissiya Hökuməti Ştatların hüquq qaydalarına uyğun olaraq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı götürdüyü davamlı öhdəliyinə sadiq qaldığını yenidən təsdiq etməyə çağırdı. Vəsatət 12 iyun 2009-cu ildə Ştatlar Şurasının (parlamentin yuxarı palatası) üzvü Dik Marti (Dick Marty) tərəfindən təqdim edildi və nümunə kimi orada ərizəçinin işinə istinad edilirdi.
D. Sanksiyalar rejiminin təkmilləşdirilməsi üçün edilmiş cəhdlər
64. Hökumət təsdiq etdi ki, İsveçrənin Təhlükəsizlik Şurasının üzvü olmamasına baxmayaraq, o, 10 sentyabr 2002-ci ildə BMT-yə üzv olduqdan sonra digər Dövlətlərlə birlikdə siyahıya alma və siyahıdan çıxarılma prosedurunun ədalətliliyinin və əlaqəli şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün fəal şəkildə çalışmışdır. Belə ki, 2005-ci ilin yayında İsveçrə sanksiyalar prosedurunda əsas hüquqların təmin olunmasına daha çox önəm verilməsi üçün İsveç və Almaniya ilə birlikdə yeni bir təşəbbüslə çıxış etdi. Təşəbbüsünü həyata keçirməyə çalışaraq, İsveçrə 2008-ci ildə Danimarka, Almaniya, Lixtenşteyn, Hollandiya və İsveç ilə birlikdə siyahıdan çıxarılma ilə bağlı Sanksiyalar Komitəsinə təkliflər təqdim etmək səlahiyyəti olan, müstəqil ekspertlərdən ibarət bir məşvərətçi panelin yaradılması üçün Təhlükəsizlik Şurasına konkret təkliflər təqdim etdi. Bundan əlavə, 2009-cu ilin payızında, əl-Qaeda və Talibana qarşı sanksiyalar rejiminin yenilənməsi haqqında dekabrda qəbul ediləcəyi planlaşdırılan qətnamələrin həmin ehtiyaca cavab verməsi üçün İsveçrə öz öz tərəfdaşları ilə intensiv iş aparmışdı. Eyni zamanda, İsveçrə 2009-cu ilin oktyabrında məşvərətçi nəzarət mexanizminin bir yolu kimi ombudsmanın yaradılmasını təklif edən hesabatın dərc olunmasını dəstəklədi. 17 dekabr 2009-cu ildə Təhlükəsizlik Şurası 1904 (2009) saylı Qətnamə qəbul etdi ki, həmin qətnamə ilə BMT Təhlükəsizlik Şurasının terrorçuluq əleyhinə sanksiyaların təsirinə məruz qalan şəxslərin şikayətlərinin qəbul edilməsi üçün ombudsman ofisinin yaradıldı (bax aşağıda bənd 78). Nəhayət, İsveçrə dəfələrlə BMT Təhlükəsizlik Şurasını və Baş Assambleyanı həmin sanksiyaların şamil olunduğu şəxslərin prosessual hüquqlarının yaxşılaşdırılmasına çağırmışdır.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Dövlətdaxili hüquq
1. Federal Konstitusiya
65. Federal Konstitusiyanın 190-cı Maddəsinə (“Tətbiq olunan hüquq”) əsasən:
“Federal Məhkəmə və digər dövlət orqanlarından federal qanunları və beynəlxalq hüququ tətbiq etmək tələb olunmalıdır.”
2. Usama bin Laden, “əl-Qaeda” qrupu və ya Talibanla bağlılığı olan şəxslərə və qurumlara qarşı tədbirlər görülməsi haqqında 2 oktyabr 2000-ci il tarixli Fərman (“Taliban Fərmanı”)
66. Usama bin Laden, “əl-Qaeda” qrupu və ya Talibanla bağlılığı olan şəxslərə və qurumlara qarşı tədbirlər görülməsi haqqında 2 oktyabr 2000-ci il tarixli Fərmana bir neçə dəfə dəyişiklik edilmişdir. Müvafiq müddəalar hazırkı işə baxılan zaman və xüsusilə də Federal Məhkəmə öz qərarını verərkən qüvvədə olan versiyada aşağıdakı kimi müəyyən olunurdu (14 noyabr 2007-ci il):
Maddə 1 – Hərbi avadanlıqların və oxşar malların təchizatına qadağa
“1. Silah və sursatlar, hərbi maşınlar və avadanlıqlar, hərbiləşdirilmiş avadanlıqlar və yuxarıda göstərilənlərin ehtiyat hissələri və ya aksessuarları da daxil olmaqla bütün növlərdən olan silahların bu qanunun 2 saylı əlavəsində göstərilən şəxslərə, qurumlara, qruplara və ya müəssisələrə təchiz edilməsi, satılması və ya vasitəçilik edilməsi qadağandır.
...
3. Bu qanunun 2 saylı əlavəsində göstərilən şəxslərə, qurumlara, qruplara və ya müəssisələrə hərbi fəaliyyətlə bağlı texniki məsləhət, yardım və təlimlərin təchiz edilməsi, satılması və ya vasitəçilik edilməsi qadağandır.
4. Yuxarıdakı 1 və 3-cü bəndlər yalnız o halda tətbiq olunur ki, Mülkiyyətin Tənzimlənməsi haqqında 13 dekabr 1996-cı il tarixli Qanun, Müharibə Materialları haqqında 13 dekabr 1996-cı il tarixli Federal Qanun və onların icrası ilə bağlı müvafiq fərmanlar tətbiq olunmasın.
...”
Maddə 3 – Vəsaitlərin və iqtisadi resursların dondurulması
“1. Bu qanunun 2 saylı əlavəsində göstərilən şəxslərə, qurumlara, qruplara və ya müəssisələrə məxsus və ya onların nəzarətində olan vəsaitlər və iqtisadi resurslar dondurulmalıdır.
2. Bu qanunun 2 saylı əlavəsində göstərilən şəxslərə, qurumlara, qruplara və ya müəssisələrə maliyyə təmin etmək və ya birbaşa və ya dolayısı ilə müəyyən vəsaitlər və ya iqtisadi resursları onlar üçün əlçatan etmək qadağandır.
3. İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) demokratikləşmə və ya humanitar layihələrlə bağlı ödənişləri yuxarıda 1 və 2-ci bəndlərdə müəyyən olunan qadağalardan istisna edə bilər.
4. SECO İsveçrənin maraqlarını qorumaq və ya ağır məhrumiyyət hallarının qarşısını almaq üçün Federal Xarici İşlər Departamentinin və Federal Maliyyə Departamentinin səlahiyyətli xidmətləri ilə məsləhətləşdikdən sonra dayandırılmış hesablardan ödənişlərə, dondurulmuş kapital vəsaitlərinin köçürülməsinə və dondurulmuş iqtisadi resursların azad edilməsinə icazə verə bilər.”
Maddə 4 – Məcburi bəyannamə
“1. 3§1-ci Maddəyə əsasən dondurulan vəsaitlərə aid ediləcəyi təsdiq olunan vəsaitlərə sahib olan və ya onları idarə edən hər hansı şəxs dərhal bunu SECO-ya bəyan etməlidir.
2. 3§1-ci Maddəyə əsasən dondurulan vəsaitlərə aid ediləcəyi təsdiq olunan iqtisadi resurslardan xəbərdar olan hər hansı şəxs dərhal onlar barədə SECO-ya xəbərdarlıq etməlidir.
3. Bəyannamədə benefisiarın adı, dondurulmuş vəsaitlərin və ya iqtisadi resursların məqsədi və məbləği göstərilməlidir.”
Maddə 4a – İsveçrəyə giriş və İsveçrədən tranzit
“1. Bu sənədin 2 saylı əlavəsindəki siyahıda göstərilən şəxslərə İsveçrəyə giriş və İsveçrədən tranzit qadağandır.
2. Federal Miqrasiya İdarəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq və ya İsveçrənin maraqlarının qorunması üçün istisnalar müəyyən edə bilər.”
B. Beynəlxalq hüquq
1 Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi
67. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi 26 iyun 1945-ci ildə San Fransiskoda imzalandı. Hazırkı iş üzrə müvafiq müddəalar aşağıdakılardır:
Preambula
“Biz Birləşmiş Millətlərin xalqları,
Gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və
əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və
ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və
sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək,
və bu məqsədlərlə
mehriban qonşular kimi səbrlilik nümayiş etdirmək və birlikdə, bir-birilə yaşamaq və
beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və
prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və
bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək
əzmində olaraq,
bu məqsədlərə nail olmaq üçün öz səylərimizi birləşdirmək qərarına gəldik.
Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz, San Fransisko şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə, Birləşmiş Millətlərin hal-hazırkı Nizamnaməsinə razılıq vermişdir və bununla da Birləşmiş Millətlər Təşkilatı kimi tanınmalı olan beynəlxalq təşkilat yaradır.”
Maddə 1
“Birləşmiş Millətlər Təşkilatının məqsədləri aşağıdakılardır:
1. Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bu məqsədlə: sülhə təhlükənin qarşısını almaq və aradan qaldırmaq üçün və təcavüz aktlarını və digər sülhün pozulması hallarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər görmək və sülhün pozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə və vəziyyətlərin dinc vasitələrlə və ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına və yaxud həll olunmasına müvəffəq olmaq;
...
3. İqtisadi, sosial, mədəni və ya humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsində və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq; və
...”
Maddə 24
“1. Birləşmiş Millətlər Təşkilatının çevik və səmərəli hərəkətlərini təmin etmək üçün onun Üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti Təhlükəsizlik Şurasının üzərinə qoyurlar və razılaşırlar ki, bu məsuliyyətdən irəli gələn vəzifələrini yerinə yetirərkən Təhlükəsizlik Şurası onların adından çıxış edir.
2. Öz vəzifələrini icra edərkən Təhlükəsizlik Şurası Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq hərəkət edir. Bu vəzifələri icra etmək üçün Təhlükəsizlik Şurasına verilmiş konkret səlahiyyətlər VI, VII, VIII və XII Fəsillərdə öz əksini tapmışdır.
...”
Maddə 25
“Birləşmiş Millətlər Təşkilatının Üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər.”
68. Nizamnamənin VII Fəsli “Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər” adlanır. 39-cu Maddə aşağıdakı kimi müəyyən olunur:
“Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir və tövsiyələr verir və yaxud beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün 41-ci və 42-ci Maddələrə uyğun olaraq hansı tədbirlərin görülməsi haqqında qərar qəbul edir.”
69. XVI Fəsil “Müxtəlif Müddəalar” adlanır. 103-cü Maddə aşağıdakı kimi müəyyən olunur:
“Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin bu Nizamnamədən irəli gələn öhdəlikləri ilə onların istənilən digər beynəlxalq sazişdən irəli gələn öhdəlikləri arasında ziddiyyət olduqda, onların bu Nizamnamədən irəli gələn öhdəlikləri üstün qüvvəyə malik olur.”
2. Təhlükəsizlik Şurasının əl-Qaeda və Talibana qarşı tədbirlərlə bağlı qəbul etdiyi, hazırkı işə aidiyyatı olan Qətnamələr
70. 15 oktyabr 1999-cu ildə 1267 (1999) saylı Qətnamə qəbul edildi. Həmin Qətnamə ilə Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət Sanksiyalar Komitəsi yaradıldı. Bu Komitəyə həvalə edilmiş əsas tapşırıq bütün Dövlətlərdən qətnaməyə əsasən tələb olunan tədbirlərin, xüsusilə də Sanksiyalar Komitəsi tərəfindən uçuşa humanitar əsaslarla əvvəlcədən icazə verilməmiş olduğu halda Talibanla assosiasiya olunan hava gəmisinin qalxmaq və ya enmək üçün onların ərazisindən istifadə etməsinə icazə verilməməsinin, ikincisi də, Talibanın maliyyə vəsaitlərinin və digər maliyyə mənbələrinin dondurulmasının, səmərəli şəkildə yerinə yetirilməsinin təmin olunması üçün atılan addımlar barədə onu məlumatlandırmalarını tələb etmək idi. Bu Qətnamənin hazırkı işə aidiyyatı olan hissələri aşağıdakılardır:
1267 (1999) saylı Qətnamə
15 oktyabr 1999-cu ildə Təhlükəsizlik Şurası tərəfindən onun 4051-ci yığıncağında qəbul edilmişdir
“Təhlükəsizlik Şurası,
Özünün əvvəlki, o cümlədən 1189 (1998) saylı 13 avqust 1998-ci il tarixli, 1193 (1998) saylı 28 avqust 1998-ci il tarixli və 1214 (1998) saylı 8 dekabr 1998-ci il tarixli qətnamələrini və Sədrinin Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatlarını yenidən təsdiq edərək,
Əfqanıstanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə olan güclü inamını və Əfqanıstanın mədəni və tarixi irsinə hörmətini yenidən təsdiq edərək,
Beynəlxalq humanitar hüququn və insan hüquqlarının davam edən pozuntuları, xüsusilə də qadınlara və qızlara qarşı ayrı-seçkilik və tiryəkin qeyri-qanuni istehsalının artması barədə dərin narahatlığını təkrarən vurğulayaraq və Məzar-e-Şərifdə İran İslam Respublikasının Baş Konsulluğunun Taliban tərəfindən tutulmasının və İran diplomatlarının və bir jurnalistin qətlə yetirilməsinin mövcud beynəlxalq hüququ kobud şəkildə pozduğunu vurğulayaraq,
Terrorçuluğa qarşı müvafiq beynəlxalq konvensiyaları və xüsusilə də həmin konvensiyaların tərəflərinin terrorçuların ekstradisiyası və təqibi ilə bağlı öhdəliklərini xatırladaraq,
Əfqanıstan ərazisinin, xüsusən də Taliban tərəfindən nəzarət edilən hissələrin terrorçuların məskunlaşması, təlim keçməsi və terror aktlarının planlaşdırılması üçün davam etdirilən istifadəsini şiddətlə qınayaraq və beynəlxalq terrorçuluğa qarşı mübarizənin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün əhəmiyyətli olduğuna inamını yenidən təsdiq edərək,
Talibanın Usama bin Ladenə təhlükəsiz sığınacaq təmin etməkdə və ona və onunla bağlılığı olan digərlərinə Talibanın nəzarəti altında olan ərazilərdə terrorçular üçün təlim düşərgələri kimi fəaliyyət göstərməyə və Əfqanıstan ərazisindən beynəlxalq terrorçuluq fəaliyyətini dəstəkləyən baza kimi istifadə etmək üçün icazə verməyi davam etdirdiyindən təəssüflənərək,
Usama bin Ladenə və onun yoldaşlarına qarşı Amerika Birləşmiş Ştatları tərəfindən 7 avqust 1998-ci ildə Birləşmiş Ştatların Keniya, Nayrobidəki və Tanzaniya, Dar es Salamdakı səfirliklərinin partladılmasında və Birləşmiş Ştatlardan kənarda olan Amerikan vətəndaşlarına qarşı sui-qəsd təşkil etməkdə ittiham olunduğunu qeyd edərək və həmçinin Birləşmiş Ştatların Talibandan mühakimə olunmaq üçün onları təslim etməyi tələb etdiyini qeyd edərək (S/1999/1021),
Taliban hakimiyyətinin 1214 (1998) saylı qətnamənin 13-cü bəndi ilə müəyyən olunan tələblərə cavab verməməsinin beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhlükə olduğunu müəyyən edərək,
Qətnamələrinə hörmət edilməsinin təmin olunmasında qətiyyətli olduğunu vurğulayaraq,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən hərəkət edərək,
...
3. Qərara gəlir ki, daha əvvəl Şura Baş Katibin Talibanın yuxarıda 2-ci bənddə müəyyən olunan öhdəliklərə tam əməl etməsi barədə hesabatı əsasında qərar verməzsə, 14 noyabr 1999-cu ildə bütün Dövlətlər aşağıda 4-cü bənddə müəyyən olunan tədbirləri görməlidir;
4. Daha sonra qərara gəlir ki, yuxarıda 2-ci bəndin icrasını təmin etmək üçün bütün Dövlətlər:
(a) Aşağıda 6-cı bəndə əsasən yaradılmış Komitə tərəfindən müəyyən olunduğu kimi, hansısa xüsusi bir uçuşa Komitə tərəfindən Həcc ziyarətinin həyata keçirilməsi kimi dini öhdəlik də daxil olmaqla humanitar ehtiyac əsasında razılıq verilmədikcə Talibanın sahibliyində, icarəsində olan və ya onun tərəfindən və ya onun adından işlədilən hər hansı bir hava gəmisinin öz ərazilərindən qalxmasına və ya öz ərazilərinə enməsinə icazə verməməlidir;
(b) Aşağıda 6-cı bəndə əsasən yaradılmış Komitə tərəfindən müəyyən olunduğu kimi, Talibana məxsus və ya birbaşa və ya dolayısı ilə Talibanın və ya Talibana məxsus və ay onun nəzarəti altında olan hər hansı qurumun nəzarəti altında olan əmlakdan gələn vəsaitləri də daxil olmaqla vəsaitləri və digər maliyyə resurslarını dondurmalı və təmin etməlidirlər ki, həmin və ya digər vəsaitlər və ya maliyyə resursları öz vətəndaşları və ya öz əraziləri daxilində hər hansı digər şəxslər tərəfindən Talibana və ya birbaşa və ya dolayısı ilə Talibana məxsus və ya onun nəzarəti altında olan qurumların xeyrinə verilməsin. İstisna hallar Komitə tərəfindən ayrı-ayrı işlər üzrə humanitar ehtiyac əsasında müəyyən oluna bilər;
5. Bütün Dövlətləri yuxarıda 2-ci bəndin tələblərinin yerinə yetirilməsi üçün cəhdlər üzrə əməkdaşlıq etməyə və Usama bin Ladenə və onun yoldaşlarına qarşı əlavə tədbirlər nəzərdə tutmağa çağırır;
6. Aşağıdakı tapşırıqların yerinə yetirilməsi üçün və gördüyü işlər barədə öz mülahizələri və tövsiyələri ilə birlikdə Şuraya hesabat vermək üçün, müvəqqəti prosedur qaydalarının 28-ci qaydasına uyğun olaraq Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət Şuranın Komitəsini yaratmaq barədə qərar verir;
...
7. 4-cü bəndlə müəyyən olunan tədbirlərin qüvvəyə mindiyi tarixdən daha əvvəl qüvvəyə minmiş hər hansı beynəlxalq sazişlə və ya müqavilə ilə müəyyən olunmuş hər hansı hüquq və ya öhdəliklərin və ya verilmiş lisenziyaların və ya icazələrin mövcudluğuna baxmayaraq, bütün Dövlətləri bu qətnamənin müddəalarına ciddi şəkildə əməl etməyə çağırır;
8. Dövlətləri öz yurisdiksiyaları daxilində yuxarıda 4-cü bəndlə müəyyən olunan müddəaları pozan şəxsləri və qurumları təqib etməyə və müvafiq cəza tədbirləri müəyyən etməyə çağırır;
9. Bütün Dövlətləri yuxarıda 6-cı bəndə əsasən yaradılmış Komitənin, qətnamənin icrası üçün tələb oluna bilən məlumatların təmin edilməsi də daxil olmaqla, tapşırıqlarının yerinə yetirilməsi üçün Komitə ilə tam əməkdaşlıq etməyə çağırır;
10. Yuxarıda 4-cü bəndlə müəyyən olunan tədbirlərin qüvvəyə mindiyi tarixdən etibarən 30 gün ərzində bütün Dövlətlərdən 4-cü bəndin tələblərini səmərəli şəkildə yerinə yetirilməsi üçün atmış olduqları addımlar barədə yuxarıda 6-cı bəndə əsasən yaradılmış Komitəyə hesabat verməyi tələb edir;
...”
71. 19 dekabr 2000-ci il tarixində qəbul olunmuş 1333 (2000) saylı Qətnamə ilə Təhlükəsizlik Şurası 1267 (1999) saylı Qətnamə ilə müəyyən olunan sanksiyaların əl-Qaeda və ya Usama bin Laden ilə bağlılığı olduğu Sanksiyalar Komitəsi tərəfindən müəyyənləşdirilən şəxslərə və ya qurumlara da qarşı tətbiq olunmasını müəyyən etdi. Həmin qətnamə ilə BMT sanksiyalarının yerinə yetirilməsi üçün siyahı tutulması da tələb olunurdu. Qətnamənin hazırkı işə aidiyyatı olan hissələri aşağıdakılardır:
1333 (2000) saylı Qətnamə
“... Təhlükəsizlik Şurası ...
Özünün əvvəlki, o cümlədən 1267 (1999) saylı 15 oktyabr 1999-cu il tarixli qətnaməsini və Sədrinin Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatlarını yenidən təsdiq edərək,
Əfqanıstanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə olan güclü inamını və Əfqanıstanın mədəni və tarixi irsinə hörmətini yenidən təsdiq edərək,
Əfqan xalqının kritik humanitar ehtiyaclarını tanıyaraq,
...
8. Qərara gəlir ki, bütün Dövlətlər aşağıdakı tədbirləri görməlidir;
(a) Öz ərazilərindəki bütün Taliban ofislərini dərhal və tamamilə bağlamaq;
(b) Öz ərazilərindəki bütün Ariana Əfqan Hava yolları (Ariana Afghan Airlines) ofislərini dərhal və tamamilə bağlamaq;
(c) Usama bin Ladenin və Komitə tərəfindən müəyyən olunduğu kimi onunla bağlılığı olan və Əl-Qaida təşkilatında olan şəxslərin və qurumların pullarını və digər maliyyə vəsaitlərini və birbaşa və ya dolayısı ilə Usama bin Ladenə və onunla bağlılığı olan şəxslərə və qurumlara məxsus və ya onların nəzarəti altında olan əmlakdan gələn vəsaitləri təxirəsalmadan dondurmaq və təmin etmək ki, həmin və ya digər vəsaitlər və ya maliyyə resursları öz vətəndaşları və ya öz əraziləri daxilində hər hansı digər şəxslər tərəfindən Usama bin Ladenə, onun yoldaşlarına və ya birbaşa və ya dolayısı ilə Usama bin Ladenə, onun yoldaşlarına və ya Əl-Qaida təşkilatı da daxil olmaqla, onunla bağlılığı olan qurumlara məxsus və ya onların nəzarəti altında olan qurumların istifadəsinə verilməsin və Komitədən tələb etmək ki, Dövlətlər və regional təşkilatlardan alınan məlumatlar əsasında Əl-Qaida təşkilatında olanlar da daxil olmaqla, Usama bin Ladenlə bağlılığı olduğu müəyyən olunan şəxslərin və qurumların yenilənmiş siyahısını tutmaq;
...
12. Daha sonra qərara gəlir ki, Komitə Birləşmiş Millətlər Təşkilatı və onun agentlikləri, dövlətin humanitar yardım göstərən agentlikləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və müvafiq qeyri-hökumət təşkilatları da daxil olmaqla, Əfqanıstana humanitar yardım göstərdiyi təsdiq olunan təşkilatların və dövlət yardım agentliklərinin siyahısını tutsun, yuxarıda 11-ci bəndlə müəyyən olunan qadağa Komitə tərəfindən təsdiq olunan siyahıdakı təşkilatlar və dövlət yardım agentlikləri tərəfindən və ya onların adından həyata keçirilən humanitar uçuşlara şamil edilməsin, Komitə həmin siyahıya yeni təşkilatlar və müvafiq dövlət yardım agentliklərini əlavə etməklə müntəzəm olaraq nəzarət etsin və Komitə öz qərarı əsasında humanitar məqsədlərə xidmət etməyən uçuşlar həyata keçirdiyini və ya həyata keçirəcəyini müəyyən etdiyi təşkilatları və dövlət agentliklərini siyahıdan çıxarsın və bu cür təşkilatlara və müvafiq dövlət agentliklərinə dərhal məlumat versin ki, bundan sonra onlar tərəfindən və ya onların adından həyata keçirilən hər hansı uçuşlara yuxarıda 11-ci bəndin müddəaları tətbiq olunur;
...
16. Tələb edir ki, Komitə öz mandatını həyata keçirmək üçün 1267 (1999) saylı qətnamədə göstərilənlərdən əlavə aşağıdakı tapşırıqları da yerinə yetirsin:
(a) Dövlətlər, regional və beynəlxalq təşkilatlar tərəfindən verilən məlumatlar əsasında Talibanın nəzarəti altında olan Əfqanıstan ərazisində bütün giriş nöqtələri və təyyarələrin eniş ərazilərinin siyahılarını tutmaq və aparmaq və bu cür siyahıların məzmunu barədə Üzv Dövlətlərə məlumat vermək;
(b) Dövlətlər və regional təşkilatlar tərəfindən verilən məlumatlar əsasında, yuxarıda 8 (c) bəndinə uyğun olaraq, Usama bin Ladenlə bağlılığı olduğu müəyyən olunan şəxslərin və qurumların yenilənən siyahılarını tutmaq və aparmaq;
(c) yuxarıda 6 və 11-ci bəndlərdə müəyyən olunan istisnalar üçün müraciətlərə baxır və onlar barədə qərar qəbul etmək;
(d) yuxarıda 12-ci bəndə uyğun olaraq, bu qətnamənin qəbul edilməsindən sonra ən gec bir ay ərzində Əfqanıstana humanitar yardım etdiyi təsdiqlənən təşkilatların və dövlət yardım agentliklərinin yenilənmiş siyahısını hazırlamaq və aparmaq;
...
17. Yuxarıda 5, 8, 10 və 11-ci bəndlərlə müəyyən olunan tədbirlərin qüvvəyə mindiyi tarixdən daha əvvəl qüvvəyə minmiş hər hansı beynəlxalq sazişlə və ya müqavilə ilə müəyyən olunmuş hər hansı hüquq və ya öhdəliklərin və ya verilmiş lisenziyaların və ya icazələrin mövcudluğuna baxmayaraq, bütün Dövlətləri və Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış agentlikləri də daxil olmaqla bütün beynəlxalq və regional təşkilatları bu qətnamənin müddəalarına ciddi şəkildə əməl etməyə çağırır; ...”
72. 30 iyul 2001-ci ildə qəbul olunmuş 1363 (2001) saylı Qətnamə ilə Təhlükəsizlik Şurası 1267 (1999) və 1333 (2000) saylı Qətnamələrlə müəyyən olunan tədbirlərin monitorinqinin aparılması üçün ədalətli coğrafi bölgü əsasında seçilmiş beş ekspertdən ibarət bir mexanizm (“Monitorinq Qrupu”) yaratmaq barədə qərar verdi.
73. 11 sentyabr 2001-ci il hadisələrinin ardınca, 28 sentyabr 2001-ci ildə qəbul olunmuş 1373 (2001) saylı Qətnamə ilə Təhlükəsizlik Şurası qərara gəldi ki, Dövlətlər beynəlxalq terrorçuluğa qarşı mübarizə aparmaq və bununla əlaqədar səmərəli sərhəd nəzarətini təmin etmək üçün bir sıra tədbirlər görməlidirlər. Qətnamənin hazırkı işə aidiyyatı olan hissələri aşağıdakılardır:
1373 (2001) saylı Qətnamə
“... Təhlükəsizlik Şurası ...
1. Qərara gəlir ki, bütün Dövlətlər:
(a) Terror aktlarının maliyyələşdirilməsinin qarşısını almalı və ona qarşı mübarizə aparmalıdır;
(b) Öz vətəndaşları tərəfindən və ya öz ərazilərində birbaşa və ya dolayısı ilə, vəsaitlərin terror aktları törədilməsi üçün istifadə olunması məqsədilə və ya bu məqsədlə istifadə olunacağını bilərək, istənilən yolla qəsdən vəsait verilməsini və ya toplanmasını cinayət əməli kimi müəyyən etməlidir;
(c) Terror aktları törətmiş və ya törətməyə cəhd edən və ya terror aktlarının törədilməsində iştirak etmiş və ya buna kömək etmiş şəxslərin; bu cür şəxslərə məxsus və ya birbaşa və ya dolayısı ilə onların nəzarətində olan qurumların; və bu cür şəxslərin və qurumların adından və ya onların göstərişi ilə hərəkət edən şəxslərin və qurumların maliyyə vəsaitlərini və ya iqtisadi resurslarını, bu cür şəxslərə və əlaqədar şəxslərə və qurumlara məxsus və ya birbaşa və ya dolayısı ilə onların nəzarətində olan əmlakdan əldə olunan vəsaitləri də daxil olmaqla təxirə salmadan dondurmalıdır;
(d) Öz vətəndaşlarına və ya öz ərazilərində hər hansı şəxslərə və qurumlara, terror aktları törətmiş və ya törətməyə cəhd edən və ya terror aktlarının törədilməsinə kömək edən və ya bu aktların tərədilməsində iştirak edən şəxslərə, bu cür şəxslərə məxsus və ya birbaşa və ya dolayısı ilə bu cür şəxslərin nəzarətində olan qurumlara və bu cür şəxslərin adından və ya onların göstərişi ilə hərəkət edən şəxslərə və qurumlara birbaşa və ya dolayısı ilə maliyyə vəsaitləri və ya iqtisadi resursların və ya hər hansı maliyyə və ya digər xidmətlərin verilməsini qadağan etməlidir;
2. Həmçinin qərara gəlir ki, Dövlətlər:
(a) Terror aktlarında iştirak edən qurumlara və ya şəxslərə hər hansı formada, aktiv və ya passiv dəstək verməkdən çəkinməli, o cümlədən terrorçu qrupların üzv toplanmasına qarşı mübarizə aparmalı və terrorçulara silah təchiz edilməsinə imkan verməməlidir;
(b) Məlumat mübadiləsi yolu ilə digər Dövlətlərə erkən xəbərdarlıq etmək də daxil olmaqla, terror aktlarının törədilməsinin qarşısını almaq üçün zəruri addımlar atmalıdır;
(c) Terror aktlarını maliyyələşdirən, planlaşdıran, dəstəkləyən və ya törədən və ya təhlükəsiz sığınacaq verən şəxslərə təhlükəsiz sığınacaq verməməlidir;
(d) Terror aktlarını maliyyələşdirən, planlaşdıran, törədilməsinə köməklik edən və ya törədən şəxslərin öz müvafiq ərazilərindən digər Dövlətlərə və ya onların vətəndaşlarına qarşı həmin məqsədlərlə istifadə etmələrinin qarşısını almalıdır;
(e) Terror aktlarının maliyyələşdirilməsində, planlaşdırılmasında, hazırlanmasında və ya törədilməsində iştirak edən və ya terror aktlarını dəstəkləyən hər hansı şəxsin ədalət mühakiməsinə cəlb edilməsini və onlara qarşı hər hansı digər tədbirlərdən əlavə, bu cür terror aktlarının milli qanunvericiliklə ağır cinayət əməlləri kimi müəyyən olunmasını və cəzanın bu cür terror aktlarının ağırlığına mütənasib olmasını təmin etməlidir; ...
3. Dövlətləri aşağıdakı tədbirləri görməyə çağırır:
...
(f) İnsan hüquqları üzrə beynəlxalq standartlar da daxil olmaqla, milli və beynəlxalq hüququn müvafiq müddəalarına uyğun olaraq, qaçqınlıq statusu verməzdən əvvəl, sığınacaq istəyənin terror aktları törətməyi planlaşdırmamış, tərədilməsinə kömək etməmiş və ya törədilməsində iştirak etməmiş olduğuna əmin olmaq məqsədilə müvafiq tədbirlər görməlidir; ...”
74. 16 yanvar 2002-ci ildə qəbul olunmuş 1390 (2002) saylı Qətnamə ilə Təhlükəsizlik Şurası beynəlxalq sanksiyalarla müəyyən olunan şəxslərin və qurumların girişinə və tranzitinə qadağa qoymaq qərarını verdi. Bu qətnamə, həmçinin, sanksiyalar rejimini daha dəqiq və şəffaf etdi. Çünki, Sanksiyalar Komitəsindən sanksiyalarda müəyyən olunan şəxslərin siyahısını müntəzəm olaraq yeniləmək, sanksiyaların həyata keçirilməsinə kömək etmək üçün lazım ola bilən təlimat və kriteriyaları dərc etmək və şəxslərin siyahısı da daxil olmaqla, münasib hesab etdiyi məlumatları ictimaiyyət üçün çatımlı etmək tələb olunurdu. Qətnamənin hazırkı işə aidiyyatı olan hissələri aşağıdakılardır:
1390 (2002) saylı Qətnamə
“...Təhlükəsizlik Şurası ...
2. Qərara gəlir ki, bütün Dövlətlər 1267 (1999) və 1333 (2000) saylı qətnamələrə əsasən hazırlanmış və 1267 (1999) saylı qətnaməyə uyğun olaraq yaradılmış Komitə (bundan sonra ‘Komitə’) tərəfindən müntəzəm olaraq yenilənməli olan siyahıda müəyyən olunduğu kimi, Usama bin Laden, Əl-Qaida təşkilatının və Talibanın üzvləri və onlarla assosiasiya olunan digər şəxslərlə, qurumlarla və təşkilatlarla bağlı aşağıdakı tədbirləri görməlidirlər:
(a) bu şəxslərin, qrupların, qurumların pullarını və digər maliyyə vəsaitlərini və ya iqtisadi resurslarını, o cümlədən, birbaşa və ya dolayısı ilə onlara və ya onların adından çıxış və ya onların göstərişi ilə hərəkət edənlərə məxsus və ya onların nəzarətində olan əmlakdan əldə olunan vəsaitləri təxirəsalmadan dondurmaq və təmin etmək ki, nə bu, nə də hər hansı digər pullar, maliyyə vəsaitləri və ya iqtisadi resurslar öz vətəndaşları və ya öz əraziləri daxilində hər hansı digər şəxslər tərəfindən, birbaşa və ya dolayısı ilə, bu cür şəxslərin xeyrinə verilməsin;
(b) bu şəxslərin öz ərazilərinə daxil olmasının və ya ərazilərindən tranzit kimi istifadəsinin qarşısını almaq, o şərtlə ki, bu bənddə müəyyən olunan heç nə hər hansı bir Dövləti öz vətəndaşlarının öz ərazilərinə daxil olmasından imtina etməyə və ya onları öz ərazilərindən çıxarmağa məcbur edə bilməz və əgər ölkəyə daxil olma və ya tranzit məhkəmə prosesinin həyata keçirilməsi üçün zəruridirsə və ya bu cür daxil olma və ya tranzit iş üzrə Komitənin qərarı ilə əsaslandırılırsa bu bənd tətbiq olunmur;
(c) bu şəxslərə, qruplara, qurumlara və təşkilatlara öz ərazilərindən və ya öz ərazilərindən kənarda öz vətəndaşları tərəfindən və ya öz bayraqları altında üzən su və hava gəmilərindən istifadə edərək silah və sursatlar, hərbi maşınlar və avadanlıqlar, hərbiləşdirilmiş avadanlıqlar və yuxarıda göstərilənlərin ehtiyat hissələri və texniki məsləhətlər və yardım və ya hərbi fəaliyyətlərlə bağlı təlimlər də daxil olmaqla bütün növlərdən olan silahların və əlaqəli materialların birbaşa və ya dolayı yolla təchiz edilməsinin, satışının və ötürülməsinin qarşısını almaq;
...
8. bütün Dövlətləri qanunvericilik aktlarının qəbul edilməsi ilə və ya inzibati tədbirlərlə bu qətnamənin 2-ci bəndində göstərilən müddəaların pozuntusunun qarşısını almaq və onlara görə cəzalandırmaq məqsədilə öz vətəndaşlarına və öz ərazilərində fəaliyyət göstərən digər şəxslərə və ya qurumlara qarşı müvafiq milli qanunvericiliyin və ya qaydaların icrasının təmin olunması və gücləndirilməsi üçün təcili tədbirlər görməyə və bu cür tədbirlərin görülməsi ilə bağlı Komitəni məlumatlandırmağa çağırır və Dövlətləri, əgər bu həmin araşdırmalara və ya məcburiyyət tədbirlərinə xələl gətirmirsə, bütün əlaqəli araşdırmalar və ya məcburiyyət hərəkətləri ilə bağlı Komitəyə hesabat verməyə dəvət edir; ...”
75. 30 yanvar 2004-cü ildə qəbul olunmuş 1526 (2004) saylı Qətnamədə Təhlükəsizlik Şurası nəzərdə tutulan şəxslərin və qurumların mənsubiyyətinin müəyyənləşdirilməsini asanlaşdıran məlumatların təmin olunması üçün Dövlətlərdən Komitənin siyahısına əlavə ediləcək yeni adlar təqdim etməyi tələb etdi. Həmçinin, açıq şəkildə, Dövlətləri Komitənin siyahısında olan şəxslərə və qurumlara onlara qarşı görülən tədbirlər, Komitənin qaydaları və müəyyən sanksiyalardan azadolmanın mümkünlüyü ilə bağlı 1452 (2002) saylı Qətnamə barədə mümkün olduğu qədər məlumat verməyə həvəsləndirdi.
76. Sanksiyalar rejiminə qarşı tənqidlərə cavab olaraq, Təhlükəsizlik Şurası prosessual təminatları gücləndirmək üçün təfsilatlı qətnamələr qəbul etdi. Bununla əlaqədar, 1730 (2006) saylı Qətnamə ilə Sanksiyalar Komitəsinin siyahılarındakı şəxslərin və ya təşkilatların siyahıdan çıxarılması üzrə müraciətlərin qəbul edilməsi üçün “əsas qurum” yaradılmaqla hazırkı prosedur formalaşdırıldı. Həmin qətnaməyə əsasən bu cür müraciətlərin məlumatlar və ya şərhlər üçün təyinat dövlət(lər)inə və vətəndaşlıq və rezident dövlət(lər)inə yönləndirilməsinə görə əsas qurum cavabdeh idi. Həmin göndərişlərin ardınca əlaqəli dövlətlər arasında, vasitəçi kimi çıxış edən əsas qurumun iştirakı ilə və ya onun iştirakı olmadan məsləhətləşmə olmalı idi. Həmin dövlətlərdən biri tərəfindən tövsiyə olunardısa, siyahıdan çıxarılmaqla bağlı müraciət öz qərarlarını on beş üzvü arasında konsensus əsasında verən Sanksiyalar Komitəsinin gündəliyinə salınmalı idi.
77. 1735 (2006) saylı Qətnamə ilə adı siyahıda olan şəxslərə və ya təşkilatlara bildiriş verilməsi proseduru yaradıldı. Qətnamə ilə siyahıdan çıxarılmanın kriteriyaları aşağıdakı kimi aydınlaşdırıldı:
“14. ... Komitə, Vahid Siyahıdan adların silinib-silnməməsini müəyyən edərkən digər amillərlə yanaşı (i) şəxsin və ya təşkilatın mənsubiyyətinin səhv salınması nəticəsində Vahid Siyahıya daxil edilib-edilmədiyini, və ya (ii) şəxsin və ya təşkilatın artıq müvafiq qətnamələrlə, o cümlədən 1617 (2005) saylı Qətnaməylə müəyyən olunan kriteriyalara cavab verib-vermədiyini nəzərə ala bilər; yuxarıda (ii)-ci bənddəki dəyərləndirməni edərkən, Komitə, digər amillərlə yanaşı, şəxsin xəstə olub-olmadığını və ya şəxsin və ya təşkilatın Əl-Qaida, Usama bin Laden, Taliban və Vahid Siyahıda olan bütün şəxslər və təşkilatlar da daxil olmaqla onların dəstəkçiləri ilə əlaqələri kəsmiş olduğunun təsdiqləyici formada göstərilib-göstərilmədiyini nəzərə ala bilər. ...”
78. Nəticə etibarilə bu prosedur 1822 (2008) və 1904 (2009) saylı Qətnamələrin hazırkı işdən sonra qəbul edilməsi ilə gücləndirildi. 17 dekabr 2009-cu ildə qəbul olunmuş sonuncu qətnamədə Təhlükəsizlik Şurası Ombudsman Ofisinin yaradılması barədə qərar verdi ki, onu da vəzifəsi terrorçuluğa qarşı mübarizədə Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunmuş sanksiyaların təsirinə məruz qalan şəxslərdən müraciətlərin qəbul edilməsidir. Həmin qətnaməyə əsasən sanksiyalar siyahısında olan şəxslərin onlara qarşı görülən tədbirlərin səbəbləri barədə məlumat əldə etmək və siyahıdan çıxarılmaqla bağlı Ombudsmana petisiyalar göndərmək hüququ vardır. Ombudsman hər bir işə bitərəf və müstəqil baxır və Sanksiyalar Komitəsinə siyahıdan çıxarılmanın lehinə və ya əleyhinə olmağının səbəblərini izah edən bir hesabat təqdim edir.
3. Müqavilələr hüququ haqqında Vyana Konvensiyası (1969)
79. Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 27-ci Maddəsi (“Daxili hüquq və müqavilələrə əməl olunması”) ilə aşağıdakılar müəyyən olunur:
“Tərəf müqaviləni icra etmədiyinə haqq qazandırmaq üçün öz daxili hüququnun müddəalarını əsas gətirə bilməz. ...”
80. 30-cu Maddəyə (“Eyni məsələ ilə bağlı bir-birinin ardınca gələn müqavilələrin tətbiqi”) əsasən:
“1. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü Maddəsinə əsasən, eyni məsələ ilə bağlı bir-birninin ardınca gələn müqavilələrdə Tərəf olan Dövlətlərin hüquq və öhdəlikləri aşağıdakı bəndlərə uyğun olaraq müəyyən edilir.
2. Müqavilədə onun daha əvvəlki və ya sonrakı müqaviləyə əsaslandığı və ya həmin müqavilələrə zidd olmadığı göstəriləndə, onda həmin o digər müqavilənin müddəaları üstün qüvvəyə malikdir.
3. Daha əvvəlki müqavilənin bütün tərəfləri sonrakı müqavilənin də tərəfləri olduqda, lakin 59-cu maddəyə əsasən daha əvvəlki müqaviləyə xitam verilmədikdə və ya qüvvəsi dayandırılmadıqda, daha əvvəlki müqavilə yalnız o şərtlə tətbiq olunur ki, onun müddəaları daha sonrakı müqavilənin müddəalarına zidd olmasın.
4. Daha sonrakı müqavilənin tərəfləri daha əvvəlki müqavilənin tərəflərinin hamısından ibarət olmadıqda:
(a) hər iki müqaviləyə tərəf olan Dövlətlər arasında 3-cü bənddəki eyni qayda tətbiq olunur;
(b) hər iki müqaviləyə tərəf olan Dövlətlə müqavilələrdən yalnız birinə tərəf olan Dövlət arasındakı münasibətlərdə həmin dövlətlərin qarşılıqlı hüquq və öhdəlikləri hər iki dövlətin tərəf olduğu müqavilə ilə tənzimlənir.
5. 4-cü bənd 41-ci maddəyə və ya 60-cı maddəyə uyğun olaraq müqaviləyə xitam verilməsi və qüvvəsinin dayandırılması ilə bağlı hər hansı məsələyə və ya Dövlətin, müddəaları başqa bir müqavilə üzrə başqa bir Dövlət qarşısında götürdüyü öhdəliklərinə zidd olan müqavilənin imzalanması və ya tətbiqindən irəli gələ bilən məsuliyyəti məsələsinə xələl gətirmir.”
4. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Hüquq Komissiyasının İşi
81. Beynəlxalq Hüquq Komissiyasının (BHK) araşdırma qrupunun “Beynəlxalq hüququn fraqmentallaşdırılması: beynəlxalq hüququn diversifikasiyasından və genişlənməsindən irəli gələn çətinliklər” adlı 2006-cı ildə dərc olunmuş hesabatında Nizamnamənin 103-cü Maddəsi ilə bağlı aşağıdakı mülahizələr yer alır:
4. Ahəngləşdirmə - sistematik inteqrasiya
“37. Beynəlxalq hüquqda normativ münaqişəyə qarşı güclü bir prezumpsiya mövcuddur. Müqavilənin təfsiri diplomatiyadır və münaqişəyə yol verilməməsi və ya münaqişənin yumşaldılması diplomatiyanın işidir. Bu mühakimə yürüdülməsinə də şamil edilir. Müqavilə münaqişəsi ilə bağlı çoxdankı, lakin hələ də faydalı müzakirələrdən birində Russo hakimin vəzifələrini belə müəyyən edir:
... lorsqu’il est en présence de deux accords de volontés divergentes, il doit être tout naturellement porté a rechercher leur coordination plutôt qu’à consacrer à leur antagonisme [Charles Rousseau, “De la compatibilité des normes juridiques contradictoires dans l’ordre international”, RGDIP vol. 39 (1932), p. 153].
İki fərqli iradəni əks etdirən akt qarsısında qaldigi zaman özünü onların antoqonizmlərinə deyil, koordinasiyalarina həsr etməlidir (Şarl Russo. Beynəlxalq səviyyədə bir-birinə əks olan hüquq normalarının uyğunluğu RGDIP vol. 39 (1932), p. 153].
38. Bu geniş şəkildə qəbul edilən təfsir prinispi kimi formalaşmışdır və bir çox formalarda ifadə oluna bilər. Bu bələdçi qayda kimi ifadə oluna bilər ki, yeni öhdəliklər yaradarkən Dövlətlər öz öhdəliklərindən geri çəkilməməlidir. Misal üçün, Jennings və Watts qeyd edir ki:
Prezumpsiyanın mövcudluğu ilə tərəflər beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsiplərinə və ya üçüncü Dövlətlərlə münasibətdə daşıdıqları əvvəlki müqavilə öhdəliklərinə zidd olan heç nə barədə niyyət etmirlər [Sir Robert Jennings və Sir Arthur Watts (eds.), Oppenheim’s International Law (London: Longman, 1992) (9-cu nəşr), səh. 1275. Münaqişəyə qarşı prezumpsiyanın geniş surətdə qəbul edilməsi üzrə (bu ahəngləşdirmə təklifidir) həmçinin bax Normalar Münaqişəsi... (Conflict of Norm ..). supra note 21, pp. 240-244].
39. Beynəlxalq Ədalət Məhkəməsinin Keçid Hüququ (Right of Passage) işində qeyd etdiyi kimi:
Bir təfsir qaydasıdır ki, Hökumətin iradəsi ilə müəyyən olunan mətn prinsip etibarilə mövcud qanunvericiliyə uyğun effekt yaradan və ya yaradacaq mənada təfsir edilsin, onu pozan mənada deyil [Hindistan ərazisindən Keçid Hüququ ilə bağlı İş (İlkin Etirazlar) (Portuqaliya Hindistana qarşı) BƏM Hesabatları 1957 səh. 142]. ((Case concerning the Right of Passage over Indian Territory (Preliminary Objections) (Portugal v. India) I.C.J. Reports 1957 p. 142].)
...
331. 103-cü Maddə demir ki, Nizamnamə üstün qüvvəyə malikdir, lakin Nizamnamə öhdəliklərinə istinad edir. Nizamnamənin özündəki hüquq və öhdəliklərdən əlavə buraya həm də BMT-nin orqanlarının məcburi qərarlarına əsaslanan vəzifələr də aiddir. Ən vacib məsələ Üzv Dövlətləri Təhlükəsizlik Şurasının Nizamnamənin VII Fəslinə əsasən qəbul edilmiş qətnamələrini qəbul və icra etməyə məcbur edən 25-ci Maddədir. Hətta, 103-cü Maddəyə əsasən Təhlükəsizlik Şurasının qərarlarının üstünlüyü Nizamnamədə açıq ifadə olunmasa da, bu həm təcrübədə, həm də doktrinada geniş şəkildə qəbul olunmuşdur ...”
5. Müvafiq beynəlxalq presedent hüququ
82. Təhlükəsizlik Şurasının siyahıyaalma sistemini yaradan qətnamələri əsasında görülən tədbirlərə və bu cür tədbirlərin qanuniliyinin yenidən yoxlanmasının mümkünlüyünə beynəlxalq səviyyədə, Avropa Birliyinin Ədalət Məhkəməsi (ABƏM) və BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən baxılmışdır.
(a) Yassin Abdullah Kadi və Al Barakaat Beynəlxalq Fondu Şuraya və Komissiyaya qarşı işi (Avropa Birliyinin Ədalət Məhkəməsi)
83. Yassin Abdullah Kadi və Al Barakaat Beynəlxalq Fondu Avropa Birliyinin Şurasına və Avropa Birliyi Komissiyasına qarşı işi (Birləşdirilmiş C-402/05 P və C-415/05 P işləri; bundan sonra “Kadi işi üzrə qərar”) ərizəçinin vəsaitlərinin, Avropa Birliyinin, Təhlükəsizlik Şurasının BMT-nin bütün üzv Dövlətlərindən Təhlükəsizlik Şurasının Sanksiyalar Komitəsi tərəfindən Usama bin Laden, Əl-Qaeda və Talibanla bağlı olduğu müəyyən olunan bütün şəxslərin və təşkilatların vəsaitlərinin və digər maliyyə resurslarının dondurulması üçün tədbirlər görülməsini tələb edən 1267 (1999), 1333 (2000) və 1390 (2002) saylı qətnamələrinin icrası ilə əlaqədar qəbul olunmuş, qaydalarına əsasən dondurulması ilə əlaqədar idi. Bu işdə ərizəçilər həmin kateqoriyaya düşürdü və buna görə də onların vəsaitləri dondurulmuşdu ki, bu tədbir də onların fikrincə onların Avropa Birliyinin təsis Müqaviləsi (“AB Müqaviləsi”) ilə müəyyən olunan mülkiyyətə hörmət edilməsi hüququnun pozuntusu idi. Ərizəçilər iddia etmişdi ki, Avropa Birliyi həmin qaydaları səlahiyyət həddini aşaraq (ultra vires) qəbul etmişdir.
84. 21 sentyabr 2005-ci ildə Birinci İnstansiya Məhkəməsi (1 dekabr 2009-cu ildən “Ümumi Məhkəmə” adlanır) həmin şikayətləri rədd etdi və Nizamnamənin 103-cü Maddəsinə əsasən Təhlükəsizlik Şurasının qətnamələrinin (jus cogens normalarla müəyyən olunan öhdəliklərdən başqa) AB Müqaviləsindən irəli gələn öhdəliklər də daxil olmaqla bütün digər beynəlxalq öhdəliklərdən üstün qüvvəyə malik olduğunu müəyyən edərək qaydaların qanuni olduğunu təsdiq etdi. Həmin məhkəmə bildirdi ki, onun Təhlükəsizlik Şurasının qətnamələrinə hətta, təsadüfi əsaslarla da, əsas hüquqlara hörmət olunduğunu müəyyən etmək üçün yenidən baxmaq hüququ yoxdur.
85. Cənab Kadi ABƏM-ə (1 dekabr 2009-cu ildən “Avropa Birliyinin Ədalət Məhkəməsi adlanır”) apelyasiya şikayəti etdi. Apelyasiya müraciətinə Böyük Palata tərəfindən başqa bir işlə birlikdə baxıldı. Özünün 3 sentyabr 2008-ci il tarixli qərarında ABƏM, Birliyin hüquq qaydasının daxili və avtonom xarakterli olduğunu nəzərə alaraq, müəyyən etdi ki, onun Birliyin həmin hüquq qaydası çərçivəsində qəbul olunmuş qaydalarının, hətta həmin qaydaların məqsədi Təhlükəsizlik Şurasının qətnaməsinin icrası olsa da, onların qanuniliyinə yenidən baxmaq yurisdiksiyası vardır. Bununla da, müəyyən edildi ki, Təhlükəsizlik Şurasının qətnamələrinin qanuniliyinə baxılması Birliyin yurisdiksiyasına aid olmasa da, onun Birliyin, bu cür qətnamələrin icrası üçün qəbul olunmuş aktlarına və ya üzv Dövlətlərin aktlarına yenidən baxmaq ixtiyarı var və bu “beynəlxalq hüquqda qətnamənin üstünlüyü ilə bağlı heç nəyi mübahisələndirmir”.
86. ABƏM qərara gəldi ki, Birlik hüququ, Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün qəbul olunmuş tədbirlərə yenidən baxılması da daxil olmaqla, Birliyin aktlarına Birlik hüququnun ümumi prinsiplərinin ayrılmaz hissəsi olan əsas hüquqlara əsasən yenidən baxılmasını, prinsipcə tam olaraq yenidən baxılmasını təmin etməlidir. Qərarda aşağıdakı müvafiq hissələr yer alırdı:
...
“281. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Birlik hüququn aliliyinə əsaslanır və nə Üzv Dövlətlər, nə də onun təsisatları öz aktlarının əsas konstitusional nizamnaməyə, AB Müqaviləsinə uyğunluğuna yenidən baxılmasından qaça bilməz. AB Müqaviləsi hüquq müdafiə vasitələrinin və prosedurlarının bütöv sistemini yaratmış və Ədalət Məhkəməsinə təsisatların aktlarının qanuniliyinə yenidən baxmaq səlahiyyəti vermişdir (İş 294/83, Les Verts Parlamentə qarşı (Les Verts v Parliament) [1986] ECR 1339, bənd 23).
...
290. Buna görə də, Birinci İnstansiya Məhkəməsinin də müəyyən etdiyi kimi, yuxarıda 281 və 284-cü bəndlərdə istinad edilən qərarlardan da aydın olduğu kimi, bu cür yenidən baxılmanın Birliyin əsaslarının bir hissəsini formalaşdıran konstitusional təminat olmasına baxmayaraq, BMT-yə əsasən beynəlxalq hüquq qaydası ilə Birliyin hüquq qaydası arasındakı münasibətləri nizamlayan prinsiplər nəticəsində, mübahisələndirilən qaydanın əsas hüquqlara nəzərən daxili qanuniliyinə yenidən baxılmasının prinsipcə istisna edilib-edilmədiyi nəzərə alınmalıdır.
...
293. Təhlükəsizlik Şurası tərəfindən BMT Nizamnaməsinin VII Fəslinə əsasən qəbul edilmiş qətnamələr Birliyin AB Müqaviləsinin 60-cı və 301-ci Maddələrinə əsasən qəbul etdiyi tədbirlər vasitəsilə qüvvəyə minəndə, öhdəliklərə BMT kontekstində əməl olunması beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması üçün tələb olunur.
294. Sonuncu səlahiyyətin icrasında Birlik tərəfindən ona da xüsusi əhəmiyyət verilməlidir ki, BMT Nizamnaməsinin 24-cü Maddəsinə uyğun olaraq, Nizamnamənin VII Fəslinə əsasən Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul olunması əsas məsuliyyətin, yəni həmin orqanın üzərinə qoyulmuş beynəlxalq sülhün və təhlükəsizliyin qlobal səviyyədə təmin olunması məsuliyyətinin, VII Fəslə əsasən nəyin və kimin beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etdiyini müəyyənləşdirmək və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bərpa etmək səlahiyyətinin icrasını təşkil edir.
...
296. Bu cür aktın qəbul edilməsi ilə AB Müqaviləsinə əsasən Birliyin görməli olduğu, həmin aktla zəruri hesab olunan tədbirlərə baxmayaraq, məsələ Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII Fəslinə əsasən qəbul etdiyi qətnamənin icrası olanda, həmin öhdəlik o deməkdir ki, həmin tədbirləri hazırlayan zaman Birlik nəzərdə tutulan qətnamənin şərtlərini və tapşırıqlarını və bu cür icra ilə bağlı BMT Nizamnaməsi ilə müəyyən olunan öhdəlikləri nəzərə almalıdır.
297. Bundan əlavə, Məhkəmə daha əvvəl müəyyən etmişdir ki, mübahisəli qaydanın təfsir edilməsi məqsədilə həmin qaydanın preambulasının dördüncü bəndinə uyğun olaraq icra etməli olduğu 1390 (2002) saylı Qətnamənin dili və məqsədi də nəzərə alınmalıdır (Möllendorf və Möllendorf-Niehuus, bənd 54 və istinad edilən presedent hüququ).
298. Bununla belə qeyd olunmalıdır ki, BMT Nizamnaməsi Təhlükəsizlik Şurası tərəfindən Nizamnamənin VII Fəslinə əsasən qəbul olunmuş qətnamələrin icrası üçün xüsusi bir model seçimi müəyyən etmir, çünki həmin qətnamələr BMT-nin hər bir Üzvünün daxili qanunvericiliyinə əsasən qüvvədə olan prosedur qaydalara uyğun olaraq icra olunmalıdır. BMT Nizamnaməsi BMT-nin Üzvlərinə həmin qətnamələri öz daxili qanunvericiliklərinə tətbiq etməyin müxtəlif mümkün modelləri arasında seçim etmək azadlığı verir.
299. Bütün bu qeyd olunanlardan o çıxır ki, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququ nizamlayan prinsipləri mübahisələndirilən qaydanın daxili hüquqdakı qanuniliyinə əsas hüquqlara əməl olunması baxımından yenidən baxılmanı, həmin qaydanın Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII Fəslinə əsasən qəbul etdiyi qətnamənin icrası məqsədi daşıdığına baxmayaraq da, istisna etmir.
300. Bundan əlavə, beynəlxalq hüquqda BMT Nizamnaməsindən irəli gələn öhdəliklərin üstünlüyü prinsipinin nəticəsi kimi, mübahisələndirilən həmin qayda kimi Birliyin, xüsusən də Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII Fəslinə əsasən qəbul etdiyi qətnamələrin icrası ilə bağlı tədbir vasitəsinin yurisdiksiyadan bu cür immunitetinin AB Müqaviləsində də heç bir əsası yoxdur.”
87. ABƏM yekun qərarında müəyyən etdi ki, vəsaitlərin dondurulması ilə bağlı heç bir müdafiə vasitəsi təmin etməyən, mübahisələndirilən qaydalar əsas hüquqlara ziddir və ləğv edilməlidir.
(b) Sayadi və Vinck Belçikaya qarşı işi (Sayadi and Vinck v. Belgium) (Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi)
88. Nabil Sayadi və Patricia Vinck tərəfindən Belçikaya qarşı qaldırılmış bu işdə (İnsan Hüquqları Komitəsinin 1472/2006 saylı kommunikasiya ilə bağlı 22 oktyabr 2008-ci il tarixli görüşləri) İnsan Hüquqları Komitəsi Təhlükəsizlik Şurasının 1267 (1999) saylı Qətnaməsi ilə müəyyən olunmuş sanksiyalar rejiminin milli səviyyədə həyata keçirilməsini nəzərdən keçirdi. 2002-ci ilin sentyabrında cinayət işi üzrə istintaqın başlanmasından az sonra, 2003-cü ilin yanvarında Belçika vətəndaşları olan iki ərizəçi Belçika tərəfindən Təhlükəsizlik Şurasına təqdim olunmuş məlumatlar əsasında, qətnaməyə əlavə edilmiş siyahıya salındı. Onlar siyahıdan çıxarılmaqa bağlı milli, regional və BMT səviyyəsində bir neçə müraciətlər etdilər, lakin heç biri müsbət nəticə vermədi. 2005-ci ildə Brüssel Birinci İnstansiya Məhkəməsinin qərarı ilə Belçika Dövlətinə təcili olaraq BMT-nin Sanksiyalar Komitəsi ilə siyahıdan çıxarılma proseduruna başlamaq barədə göstəriş verildi və nəticədə Dövlət bu proseduru başlatdı.
89. İnsan Hüquqları Komitəsi qeyd etdi ki, şikayətçilərin məruz qoyulduğu səyahət qadağası onların fikirlərini dinləməmişdən əvvəl, adlarının Belçika tərəfindən Sanksiyalar Komitəsinə göndərilməsinin nəticəsi idi. Buna görə də, məhkəmə hesab etdi ki, şəxslərin adlarını nə BMT, nə də Avropa Birliyinin siyahılarından çıxarmaq səlahiyyəti olmasa da, onların adlarının siyahılara salınmasına və nəticədə səyahət qadağasına görə Belçika məsuliyyət daşıyırdı. Komitə şikayətçilərin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci Maddəsi ilə təmin olunan hərəkət azadlığı hüququnun pozulduğunu müəyyən etdi, çünki, həm cinayət işi üzrə istintaqa xitam verilməsi, həm də iştirakçı Dövlətin siyahıdan çıxarılma ilə bağlı müraciətləri göstərdi ki, həmin məhdudiyyətlər milli təhlükəsizliyi və ya ictimai qaydanı qorumaq üçün zəruri deyildi.
90. Komitə həmçinin, siyahının açıq şəkildə internetdə yerləşdirilməsini, bir neçə qəzet məqalələrini, şikayətçilər haqqında məlumatın cinayət işi üzrə istintaq başa çatmamış ötürüldüyünü və iştirakçı Dövlətin siyahıdan çıxarılma ilə bağlı müraciətlərinə baxmayaraq onların əlaqə məlumatlarının hələ də ictimaiyyətə açıq olmasını əsas gətirərək, Paktın 17-ci Maddəsinin pozulması ilə şikayətçilərin şərəf və ləyaqətinə qarşı qanunsuz hücumların olduğunu da müəyyən etdi.
91. Komitənin fikrincə, iştirakçı Dövlətin özünün adları siyahıdan çıxarmaq səlahiyyəti olmasa da, onun adların siyahıdan mümkün qədər tez çıxarılmasına nail olmaq üçün əlindən gələni etmək, şikayətçiləri kompensasiya ilə təmin etmək, siyahıdan çıxarılmaq barədə müraciətləri ictimailəşdirmək və gələcəkdə oxşar pozuntuların baş verməməsini təmin etmək vəzifəsi var idi.
92. 20 iyul 2009-cu ildə Sanksiyalar Komitəsinin qərarı ilə şikayətçilərin adları siyahıdan çıxarıldı.
6. Digər Dövlətlərin müvafiq presedent hüququ
93. Sözügedən tədbirlərə Birləşmiş Krallığın Ali Məhkəməsi və Kanadanın Federal Məhkəməsi tərəfindən milli səviyyədə də baxılmışdı.
(a) Ahmed və başqaları HM Xəzinədarlığına qarşı işi (Ahmed and others v. HM Treasury) (Birləşmiş Krallığın Ali Məhkəməsi)
94. Birləşmiş Krallığın Ali Məhkəməsi tərəfindən 27 yanvar 2010-cu ildə baxılan Ahmed və başqaları HM Xəzinədarlığına qarşı işi ərizəçilərin vəsaitlərinin 1267 (1999) və 1373 (2001) saylı Qətnamələrlə müəyyən olunan sanksiyalar rejiminə uyğun olaraq dondurulması ilə bağlı idi. Ali Məhkəmə hesab etdi ki, Hökumət Təhlükəsizlik Şurasının sanksiyalar haqqında qətnamələrini icra etmək üçün müəyyən qərarlar verərkən ona BMT-nin 1946-cı il tarixli Aktının 1-ci bölməsi ilə verilən səlahiyyətlərin həddini (ultra vires) aşmışdır.
95. Ali Məhkəmənin Sədrinin Müavini, Lord Hope aşağıdakı mülahizələri irəli sürdü:
“6. ... Bu işdə verilən Qərarların nəticələri o qədər təsirli və ağırdır ki, biz Xəzinədarlıq tərəfindən görülmüş məcburi tədbirin həqiqətən də 1946-cı il Aktı ilə verilən səlahiyyətlər çərçivəsində olduğunu müəyyən etmək üçün ayıq olmalıyıq. Hətta, beynəlxalq terrorçuluq təhlükəsi qarşısında da, insanların təhlükəsizliyi ən ali hüquq deyil. Biz şəxsi azadlığı qeyri-məhdud müdaxiləyə qarşı müdafiə etmək üçün də bu qədər ehtiyatlı olmalıyıq.”
96. O, təsdiq etdi ki, ərizəçilər səmərəli hüquqi müdafiə imkanından məhrum olmuşdur və bununla əlaqədar öz qərarında aşağıdakıları müəyyən etdi:
“81. Mən qərar verərdim ki, məruz qaldığı rejimin onu səmərəli hüquqi müdafiə imkanından məhrum etməsi məsələsində G-nin uğur qazanmaq hüququ var. Cənab Swift-in də göstərdiyi kimi, Xəzinədarlığın ona müəyyən olunmuş şəxs kimi münasibət göstərilməsi barədə qərarına yenidən baxılmasına çalışmaqla bir nəticəyə varmaq olmayacaq. G 1267 Komitəsi tərəfindən müəyyən edilmiş olduğundan həmin təsvirə cavab verir. Səmərəli hüquqi müdafiə imkanı ona həmin siyahıya yenidən baxılması vasitəsi kimi lazımdır. 1267 Komitəsinin hazırda fəaliyyət göstərdiyi sistem çərçivəsində buna imkan verilmir. Mən hesab edirəm ki, buna səbəb olan Əl-Qaeda haqqında Qərarın 3(1)(b) maddəsi 1946-cı il Aktının 1-ci bölməsi ilə müəyyən olunan həddi aşır. Bu işin məqsədləri üçün Əl-Qaeda haqqında Qərarın ümumilikdə həddi aşıb-aşmadığını müəyyən etməyə ehtiyac yoxdur. Sadəcə bunu da bildirirəm ki, elə başa düşülməməlidir ki, mən deyirəm ki, həmin Qərarın 4-cü maddəsi G-nin işinə tətbiq edilsəydi, bu maddə yenidən baxılmadan uğurla keçərdi.
82. Mən HAY-in işinə də eyni qaydada yanaşıram. O, da adı 1267 Komitəsinin siyahısında olduğundan, müəyyən olunmuş şəxs hesab olunur. Artıq bildirildiyi kimi, Birləşmiş Krallıq indi onun adının siyahıdan çıxarılmasına çalışır. 1 oktyabr 2009-cu il tarixli məktubla Xəzinədarlığın Sanksiyalar Komandası onun vəkillərinə məlumat verdilər ki, siyahıdan çıxarılma ilə bağlı müraciət 26 iyun 2009-cu ildə təqdim olunmuşdur, lakin komitə ona birinci dəfə baxarkən bir sıra Dövlətlər bu müraciətlə razılaşmayıblar. Siyahıdan çıxarılmanın baş tutması üçün əlavə cəhdlər edilir, lakin hələ ki, buna nail olunmayıb. Beləliklə də, ona hələ də, Əl-Qaeda haqqında Qərar tətbiq olunur. Bu vəziyyətdə ona səmərəli hüquqi müdafiə vasitəsi də təmin olunmur.”
97. Ali Məhkəmə həm 1373 (2001) saylı Qətnaməni terrorçuluğa qarşı ümumi kontekstdə icra edən qərarın (“Terrorçuluq haqqında Qərar”) və həm də əl-Qaeda və Taliban qətnamələrini icra edən qərarın (“əl-Qaeda haqqında Qərar”) qanunsuz olduğunu müəyyən etdi. Bununla belə, o, səmərəli hüquqi müdafiə imkanı təmin etmədiyi üçün yalnız əl-Qaeda haqqında Qərarı ləğv etdi (bax Lord Brown-un bu məsələ ilə bağlı fərqli rəyi).
(b) Abdelrazik Kanadaya qarşı işi (Abdelrazik v. Canada) (Xarici İşlər Naziri) (Kanada Federal Məhkəməsi)
98. Abdelrazik Kanadaya qarşı (Xarici İşlər Naziri) işi üzrə 4 iyun 2009-cu il tarixli qərarında Kanada Federal Məhkəməsi bildirdi ki, əl-Qaeda və Taliban Sanksiyaları Komitəsinin siyahıya alma proseduru səmərəli hüquq müdafiə vasitələri hüququ ilə bir araya sığmır. İş Təhlükəsizlik Şurasının sanksiyalar rejimini müəyyən edən qətnamələrinin Kanada tərəfindən tətbiq edilməsi nəticəsində Kanada və Sudan vətəndaşı olan ərizəçinin Kanadaya qayıtmasına qoyulan qadağa ilə bağlı idi. Ərizəçi Sudanın Xartumdakı səfirliyindəki sığınacağı tərk edəcəyi halda mümkün həbs və işgəncələrdən qorxaraq səfirlikdə yaşamağa məcbur oldu.
99. İş üzrə əsas qərarı ifadə edən Zinn J. aşağıdakıları qeyd etdi:
“[51] Mən də 1267 Komitəsi rejiminin əsas hüquqi müdafiə vasitələrini rədd etdiyini və beynəlxalq insan hüquqlarının prinsiplərinə görə əsassız olduğunu hesab edənlərə qoşuluram. Siyahıya alma və siyahıdan çıxarılma prosedurlarında təbii ədalət prinsiplərinə uyğun olan və ya əsas prosessual ədaləti təmin edən heç nə yoxdur.”
100. O, daha sonra bildirdi ki:
“[54] ... Hər hansı bu və ya digər ölkənin vətəndaşının özünü yalnızca şübhə əsasında 1267 Komitəsinin siyahısında tapa biləcəyini öyrənmək qorxuludur.”
101. Əl-Qaeda və Taliban qətnamələri ilə müəyyən olunan səyahət qadağasının icrası mexanizmlərinə yenidən baxdıqdan sonra hakim qərara gəldi ki, Kanada Hüquqlar və Azadlıqlar Xartiyasının müddəalarına zidd olaraq, ərizəçinin Kanadaya daxil olmaq hüququ pozulmuşdur (bax həmin qərarın 62 və sonrakı bəndləri).
HÜQUQİ MƏSƏLƏLƏR
I. HÖKUMƏTİN İLKİN ETİRAZLARI
A. Şikayətlərin Konvensiyaya və onun Protokollarına uyğunluğu
1. Tərəflərin təqdimatları
(a) Cavabdeh Hökumət
102. Hökumət ərizənin şəxs üzərində məhkəmənin yurisdiksiyası (ratione personae) baxımdan Konvensiyaya uyğun olmadığını iddia edərək Məhkəmədən ərizənin qəbuledilməyən elan olunmasını istədi. Hökumət bildirdi ki, mübahisələndirilən tədbirlər Təhlükəsizlik Şurasının (1267 (1999) saylı və sonrakı qətnamələrinə əsaslanırdı ki, BMT Nizamnaməsinin də 25 və 103-cü Maddələrinə əsasən həmin qətnamələr məcburi idi və hər hansı digər beynəlxalq sazişdən üstün qüvvəyə malik idi. Bununla əlaqədar, hökumət tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin, 1971-ci il Monreal Konvensiyasının Təfsiri və Tətbiqi ilə əlaqədar Lokerbidəki Ərazi İnsidenti nəticəsində meydana çıxan Suallarla bağlı işdə verdiyi müvəqqəti tədbirlər haqqında qərarına istinad edirdi ((Liviya Ərəb Cəmahiriyyəsi Birləşmiş Krallığa qarşı (Libyan Arab Jamahiriya v. United Kingdom)), Müvəqqəti Tədbirlər, 14 aprel 1992-ci tarixli Qərar, BƏM Hesabatları 1992, səh. 15, § 39):
“Birləşmiş Millətlər Təşkilatının üzvləri kimi həm Liviya, həm də Birləşmiş Krallığın Nizamnamənin 25-ci Maddəsinə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlarını qəbul etməli və həyata keçirməli olduğunu; Müvəqqəti tədbirlər üzrə icraat mərhələsində olan Məhkəmənin bu öhdəliyin 748 (1992) saylı qətnamədə yer alan qərara da şamil olunduğunu hesab etdiyini; və Nizamnamənin 103-cü Maddəsinə uyğun olaraq tərəflərin bu cür öhdəliklərinin Monreal Konvensiyası da daxil olmaqla, hər hansı digər beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərindən üstün hüquqi qüvvəyə malik olduğunu;”
Hökumət iddia etdi ki, həmin şərtlər altında, sözügedən tədbirlərin həyata keçirilməsinə görə İsveçrə beynəlxalq məsuliyyətə cəlb edilə bilməz.
103. Hökumət əlavə etdi ki, BMT-nin Təhlükəsizlik Şurasından irəli gələn həmin tədbirlər Məhkəmənin yurisdiksiyasından kənarda qalır. Bu səbəbdən, hazırkı iş üzrə ərizə həm də ratione materiae baxımdan qəbuledilməzdir.
(b) Ərizəçi
104. Ərizəçi iddia etdi ki, onun ərizəsi ratione materiae baxımdan Konvensiyaya uyğundur. O, bildirdi ki, Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərin birbaşa qüvvəsinin onun məruz qaldığı məhdudiyyətlərin dövlət tərəfindən edilib-edilmədiyi məsələsinə dəxli yoxdur, çünki həmin məhdudiyyətlər Federal Konstitusiyanın 190-cı Maddəsinə uyğun olaraq Hökumət tərəfindən dövlət səviyyəsində sanksiyalaşdırılmışdı. Ərizəçi Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının 27-ci Maddəsinə istinad edərək əlavə etdi ki, məsələ beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə gəldikdə İsveçrə öz daxili hüquq sisteminin arxasında gizlənə bilməz (bax yuxarıda bənd 79).
105. Ərizəçi həmçinin bildirdi ki, İsveçrə hakimiyyəti Təhlükəsizlik Şurasının qətnamələri ilə nəzərdə tutulan mümkün məhdudiyyətləri sanksiyalar rejimi ilə tələb olunduğundan daha məhdudlaşdırıcı şəkildə tətbiq etmişdir. Federal Məhkəmə özü də bunu özünün 14 noyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi. Təhlükəsizlik Şurasının qətnamələrini avtomatik olaraq icra etməli olmaqdansa, hakimiyyət orqanları sözügedən tədbirləri görərkən müəyyən qiymətləndirmə sərbəstliyindən istifadə etmişdir. Ərizəçi bununla əlaqədar əlavə etdi ki, Sanksiyalar Komitəsinin 23 sentyabr 2009-cu ildə onun siyahıdan çıxarılması barədə verdiyi qərar İsveçrədə bir həftə sonrayadək qüvvəyə minməmişdi. O, bunu Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqinin avtomatik olmadığına əlavə bir sübut kimi görürdü.
106. Son olaraq, ərizəçi iddia etdi ki, hazırkı işin predmeti BMT Nizamnaməsinin 103-cü Maddəsinə əsasən Nizamnamənin üstünlüyü məsələsinin qaldırılması deyil (çünki, onun fikrincə Konvensiyanın pozuntusunun müəyyən edilməsi Dövlətlərin beynəlxalq öhdəliklərinin qüvvəsinə xələl gətirə bilmir), sadəcə Konvensiyanın müddəalarına əməl etməkdən yayınmaq üçün Nizamnamədən bəhanə kimi istifadə edilməməsinin təmin olunmasıdır.
2. Üçüncü tərəflərin təqdimatları
(a) Fransa Hökuməti
107. Fransa Hökuməti hesab etdi ki, Konvensiyanın icra edilməsi ilə bağlı “ekvivalent müdafiə”nin təmin olunması mənasındakı qeyd-şərt hazırkı işə tətbiq oluna bilməz, çünki İsveçrə tərəfindən qəbul edilmiş tədbirlər zəruri olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gəlir ki, bu qətnamələri də bütün Dövlətlərin tətbiq etməsi tələb olunur və onlara hər hansı digər beynəlxalq qayda ilə müqayisədə üstünlük verilməlidir. Bu halda, Fransa hesab etdi ki, sözügedən tədbirlər Konvensiyanın 1-ci Maddəsi ilə müəyyən olunan mənada İsveçrənin “yurisdiksiyasına” aid edilə bilməz; əks tədqirdə həmin anlayış mənasızlaşardı.
108. Fransa Hökuməti bildirdi ki, Məhkəmə Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi İrlandiyaya qarşı (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi v. Ireland) ([GC], no. 45036/98, ECHR 2005‑VI) işi üzrə verdiyi 30 iyun 2005-ci il tarixli qərarında Avropa Birliyinin, özü özlüyündə Təhlükəsizlik Şurasının qətnaməsindən irəli gələn, bir qaydasını icra edən milli mexanizmin etibarlılığını mübahisələndirən bir ərizənin Konvensiyanın 1-ci Maddəsinə uyğun olduğunu hesab etsə də, Məhkəmə həmin qərarında qeyd etmişdir ki, sözügedən milli mexanizmin hüquqi əsasını Təhlükəsizlik Şurasının qətnaməsi deyil, AB qaydası təşkil edir (elə orada, bənd 145).
109. Fransa Hökuməti həm də inanır ki, Behrami və Behrami Fransaya qarşı və Saramati Fransa, Almaniya və Norveçə qarşı işlərdə ((dec.) [GC], nos. 71412/01 və 78166/01, 2 may 2007-ci il) olduğu kimi sözügedən mexanizmlərin üzv Dövlətlərin ərazisindən kənarda həyata keçirilən missiyalarla bağlı olmadığına, əksinə daxili qanunvericilikdə icra olunan mexanizmlər olduğuna baxmayaraq, həmin presedent hüququndan meydana gələn və Təhlükəsizlik Şurasının missiyalarının və Dövlətlərin həmin missiyalarla bağlı öhdəliklərinin xarakterindən irəli gələn arqumentlər Məhkəməyə əsas verməlidir ki, həmin mübahisələndirilən mexanimzlərin BMT-yə aid olduğunu elan etsin və buna görə də ərizəçinin şikayətlərinin ratione personae baxımından Konvensiyaya uyğun olmadığını müəyyən etsin. Bununla da, hökumət iddia etdi ki, hazırkı iş Məhkəməyə imkan verir ki, beynəlxalq hüquq normalarının və onlardan irəli gələn müxtəlif hüquq sahələrinin iyerarxiyasını nəzərə alaraq, Behrami və Behrami işindəki prinsipləri üzv Dövlətlərin ərazisinə tətbiq etsin.
110. Fransa Hökuməti, həmçinin bildirdi ki, Avropa Birliyinin Ədalət Məhkəməsi özünün Kadi işi üzrə qərarında (bax yuxarıda bənd 83) Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı qaydaya yenidən baxarkən AB Müqaviləsinin konstitusional xarakterinə istinad etmişdir. Hazırkı işdə bu nəzərə alınmadığından, Fransa Hökuməti, tətbiqi və hər hansı digər öhdəliklərdən üstün hesab edilməsi tələb olunan qətnamələri icra etdiyinə görə, BMT Nizamnaməsinin 103-cü Maddəsi nəzərə alınmadan, İsveçrənin məsuliyyət daşıdığını müəyyən edən Məhkəmə qərarının nəyə əsaslana biləcəyini anlamaqda çətinlik çəkir.
(b) Birləşmiş Krallıq Hökuməti
111. Birləşmiş Krallıq Hökuməti öz mülahizəsində qeyd etdi ki, ərizəçiyə giriş və tranzit qadağası Taliban Fərmanı kontekstində tətbiq olunmuşdu ki, həmin fərman da sadəcə Təhlükəsizlik Şurasının, bütün Dövlətlər üçün məcburi qüvvəyə malik olan və BMT Nizamnaməsinin VII Fəslinə (25-ci Maddəyə) əsasən qəbul olunmuş qətnamələrini icra edirdi və Nizamnamənin 103-cü Maddəsinə əsasən, həmin qətnamələrdən irəli gələn öhdəliklər bütün digər beynəlxalq sazişlərdən üstün idi. Bununla əlaqədar, Birləşmiş Krallıq Hökuməti hesab etdi ki, əgər Konvensiyanın 5 və ya 8-ci Maddələri ilə müəyyən olunan hüquqlara üstünlük verilsə, beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək üçün yaradılmış sanksiyalar rejiminin səmərəliliyi ciddi şəkildə azalacaq. Hökumət hesab etdi ki, xüsusilə də, 1390 (2002) saylı Qətnamənin 2(b) bəndində Təhlükəsizlik Şurası Dövlətlər üçün onların başqa öhdəlikləri ilə, o cümlədən insan hüquqları üzrə müqavilələrdən irəli gələn öhdəliklərlə ziddiyyət təşkil edə bilən spesifik tədbirlər müəyyən etmək üçün “aydın və açıq dildən” istifadə etmişdir. Bununla da hökumət, bu yaxınlarda Al‑Jedda Birləşmiş Krallığa qarşı ( Al‑Jedda v. the United Kingdom) ([GC], no. 27021/08, § 102, ECHR 2011) işi üzrə verilmiş qərara istinad edərək, iddia etdi ki, cavabdeh Dövlət mübahisələndirilən tədbirləri həyata keçirməli idi.
(c) JUSTICE
112. JUSTICE təşkilatı hesab edir ki, Təhlükəsizlik Şurasının 1267 (1999) saylı Qətnaməsi ilə yaradılmış sanksiyalar rejimi siyahıya alınmış şəxslərin və onların ailələrinin Konvensiya ilə müəyyən olunan hüquqlarının, o cümlədən şəxsi və ailə həyatına hörmət edilməsi hüququnun, mülkiyyətdən faydalanmaq hüququnun və hərəkət azadlığının kəskin məhdudlaşdırılmasına əsas verir.
113. Konvensiya ilə müəyyən olunan hüquqlara müdaxilənin kəskinliyi siyahıya alınmış şəxslərin onların siyahıya alınması il bağlı qərarı, o cümlədən qərarın əsaslandığı sübutları səmərəli şəkildə mübahisələndirə bilməməsi ilə daha da artırdı. Sanksiyalar rejimi həmin şəxslərə və onların ailələrinə məhkəməyə çatım hüququnu və səmərəli hüquqi müdafiə vasitəsi hüququnu təmin etmir. Buna görə də, JUSTICE hesab etdi ki, sanksiyalar komitəsinin prosedurları Konvensiya hüquqlarının ekvivalent müdafiəsini təmin etmir.
114. Təşkilatın gəldiyi həmin nəticələr Terrorçuluq, Terrorçuluğa-qarşı mübarizə və İnsan Hüquqları üzrə Görkəmli Hüquqşünaslar Panelinin, BMT-nin Terrorçuluq və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisinin qərarlarında və Kanada Federal Məhkəməsinin (Abdelrazik), Birləşmiş Krallığın Ali Məhkəməsinin (Ahmed) və Avropa Ədalət Məhkəməsinin (Kadi) qərarlarında əks olunurdu (bax “Müvafiq beynəlxalq presedent hüququ” və “Digər Dövlətlərin müvafiq presedent hüququ”, yuxarıda bəndlər 82-92 və 93-101).
115. JUSTICE inanır ki, Məhkəmə Nizamnamənin 103-cü Maddəsini Konvensiya ilə müəyyən olunan hüquqlara xələl gətirəcək mənada təfsir etməyə məcbur deyil. Təhlükəsizlik Şurasının başlıca funksiyası olmasına baxmayaraq, “Sülhün və təhlükəsizliyin qorunması” nə beynəlxalq hüququn, nə də Nizamnamənin ən üstün prinsipi deyil. Ən azından Nizamnamənin Preambulasında da göstərildiyi kimi, əsas hüquqlara hörmət edilməsi prinsipinə də bərabər dərəcədə vacib əhəmiyyət verilməli idi.
3. Məhkəmənin dəyərləndirməsi
116. Tərəflərin və üçüncü tərəflərin təqdim etdikləri arqumentlər əsasında Məhkəmə öz yursidiksiyasının ərizəçi tərəfindən irəli sürülmüş şikayətlərə baxmağa imkan verib-vermədiyini müəyyənləşdirməlidir. Bu məqsədlə Məhkəmə ərizənin Konvensiyanın 1-ci Maddəsinə uyğun olub-olmadığına və bundan asılı olaraq cavabdeh Dövlətin məsuliyyətini nəzərdə tutub-tutmadığına baxmalıdır.
(a) Ratione personae baxımdan uyğunluq
117. Konvensiyanın 1-ci Maddəsinə əsasən:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.”
118. Bu Maddə ilə müəyyən olunduğu kimi, Razılığa gələn Dövlətin məsuliyyəti özünün “yurisdiksiyası” çərçivəsində şəxslərin sadalanan hüquq və azadlıqlarının “təmin edilməsi” (İngilis dilində olan mətndə “securing”, Fransız dilində olan mətndə “reconnaître” ) ilə məhdudlaşır (bax Al-Skeini və Başqaları Birləşmiş Krallığa qarşı (Al-Skeini and Others v. the United Kingdom) [GC], no. 55721/07, § 130, ECHR 2011; Al-Jedda, yuxarıda istinad edilib, § 74; Banković və Başqaları Belçikaya və Razılığa gələn Digər 16 Dövlətə qarşı (Banković and Others v. Belgium and 16 Other Contracting States) (dec.) [GC], no. 52207/99, § 66, ECHR 2001‑XII; və Soering Birləşmiş Krallığa qarşı (Soering v. the United Kingdom), 7 iyul 1989-cu il, § 86, Series A no. 161). 1-ci Maddəyə əsasən “yurisdiksiya” Razılığa gələn Dövlətin Konvensiyada təsbit edilən hüquq və azadlıqların iddia olunan pozuntusuna səbəb olan hərəkətlərə və ya hərəkətsizliklərə görə məsuliyyət daşıya bilməsi üçün bir hədd kriteriyasıdır (bax Al-Skeini və Başqaları, yuxarıda istinad edilib, § 130; Al-Jedda, yuxarıda istinad edilib, § 74; və Ilaşcu və Başqaları Moldovaya və Rusiyaya qarşı (Ilaşcu and Others v. Moldova and Russia) [GC], no. 48787/99, § 311, ECHR 2004‑VII).
119. Yurisdiksiya anlayışı bu terminə beynəlxalq ümumi hüquqda verilmiş mənanı ifadə edir (bax Assanidze Gürcüstana qarşı (Assanidze v. Georgia), no. 71503/01, § 137, ECHR 2004-II; Gentilhomme və Başqaları Fransaya qarşı (Gentilhomme and Others v. France), nos. 48205/99, 48207/99 və 48209/99, § 20, 14 may 2002-ci il; və Banković və Başqaları, yuxarıda istinad edilib, §§ 59-61). Bu mənada Dövlətin yurisdiksiyası əsas etibarilə ərazi xarakterlidir (bax Al-Skeini və Başqaları, yuxarıda istinad edilib, § 131, və Banković və Başqaları, yuxarıda istinad edilib, § 59) və normalda Dövlətin ərazisi daxilində həyata keçirildiyi güman edilir (bax Ilaşcu və Başqaları, yuxarıda istinad edilib, § 312).
120. Məhkəmənin Behrami və Behrami (yuxarıda istinad edilib) işi üzrə verdiyi qərara əsaslanaraq, üçüncü tərəf kimi Fransa Hökuməti iddia etdi ki, BMT Nizamnaməsinin VII Fəslinə əsasən Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək üçün BMT-nin üzv Dövlətləri tərəfindən görülmüş tədbirlər BMT-yə aiddir və buna görə də ratione personae baxımdan Konvensiyaya uyğun deyil. Məhkəmə həmin arqumenti təsdiq edə bilmir. Məhkəmə qeyd edir ki, o, Behrami və Behrami işində müəyyən etmişdir ki, səlahiyyətləri BMT Nizamnaməsinin VII Fəslinə əsasən Təhlükəsizlik Şurası tərəfindən həvalə edilmiş Kosovo sülhməramlı Qüvvələrinin (KFOR) və elə həmin Nizamnaməyə əsasən BMT-nin əlavə orqanı kimi yaradılmış BMT-nin Kosovoda Müvəqqəti İnzibati Missiyasının (UNMİK) mübahisələndirilən hərəkətləri və hərəkətsizlikləri birbaşa olaraq BMT-yə, kollektiv təhlükəsizliklə bağlı öz imperativ vəzifəsini həyata keçirən universal yursidiksiyaya malik bir təşkilata aiddir (elə orada, § 151). Hazırkı işdə isə, bunun əksinə olaraq, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, xüsusilə də 1267 (1999), 1333 (2000), 1373 (2001) və 1390 (2002) saylı Qətnamələr Dövlətlərdən öz adlarından hərəkət etməyi və həmin qətnamələri milli səviyyədə həyata keçirməyi tələb edir.
121. Hazırkı işdə Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunan tədbirlər milli səviyyədə Federal Şuranın Fərmanı ilə icra edilmiş və ərizəçinin İsveçrə ərazisinə daxil olmaq qadağasından istisna olunmaqla bağlı müraciətləri İsveçrənin hakimiyyət orqanları (İMES, daha sonra ODM) tərəfindən rədd edilmişdi. Buna görə də, sözügedən hərəkətlər BMT Təhlükəsizlik Şurası qətnamələrinin milli səviyyədə həyata keçirilməsi ilə bağlıdır (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda istinad edilib, § 137, və əksi Behrami və Behrami, yuxarıda istinad edilib, § 151). Beləliklə də, Konvensiyanın iddia olunan pozuntuları İsveçrəyə aiddir.
122. Bu səbəbdən də, mübahisələndirilən tədbirlərin İsveçrə tərəfindən onun Konvensiyanın 1-ci Maddəsi ilə müəyyən olunan mənada “yurisdiksiyası” çərçivəsində görülmüş olduğu hesab olunur. Beləliklə də, mübahisələndirilən hərəkətlər və hərəkətsizliklər Konvensiyaya əsasən cavabdeh Dövlətin məsuliyyətini nəzərdə tutur. Bu həm də o deməkdir ki, Məhkəmənin hazırkı ərizəyə baxmağa ratione personae baxımdan yurisdiksiyası çatır.
123. Müvafiq olaraq, Məhkəmə ərizənin ratione personae baxımdan Konvensiyaya uyğun olmaması ilə bağlı etirazı rədd edir.
(b) Ratione materiae baxımdan uyğunluq
124. Cavabdeh Dövlət iddia etdi ki, hazırkı ərizə həm də ratione materiae baxımdan Konvensiyaya uyğun deyil. Bununla əlaqədar, Hökumət BMT Nizamnaməsinin VII Fəslinə əsasən Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin məcburi xarakterini və həmin Nizamnamənin 103-cü Maddəsinə görə hər hansı digər beynəlxalq sazişə nisbətən üstünlüyünü vurğuladı.
125. Məhkəmə müəyyən etdi ki, bu arqumentlər daha çox şikayətlərin mahiyyəti ilə bağlıdır, nəinki onların Konvensiyaya uyğunluğu ilə. Nəticə etibarilə, cavabdeh Hökumətin ərizənin ratione materiae baxımdan Konvensiyaya uyğun olmaması ilə bağlı etirazına şikayətlərin mahiyyəti ilə birlikdə baxılmalıdır.
B. Ərizəçinin “qurban” olub-olmaması ilə bağlı
1. Tərəflərin təqdimatları
126. Cavabdeh Hökumət bildirdi ki, 23 sentyabr 2009-cu ildə ərizəçinin adı Təhlükəsizlik Şurasının mübahisələndirilən sanksiyaları müəyyən edən qətnamələrinə əlavə edilmiş siyahıdan silinmiş və 29 sentyabr 2009-cu ildə Taliban Fərmanına müvafiq dəyişiklik edilmişdir ki, həmin dəyişiklik də 2 oktyabr 2009-cu ildən qüvvəyə minmişdir. Bununla da, Hökumət iddia etdi ki, mübahisələndirilən və ərizəçiyə qarşı tətbiq olunan tədbirlərin qüvvəsi tamamilə dayandırılmışdır. Hökumətin fikrincə, bu səbəbdən də mübahisə Konvensiyanın 37 § 1 (b) Maddəsi ilə müəyyən olunan mənada həll olunmuşdur və buna görə də Hökumət Məhkəmədən ərizənin həmin müddəaya uyğun olaraq işlərin siyahısından çıxarılmasını istədi.
127. Ərizəçi həmin arqumentlə razılaşmadı. O, hesab etdi ki, sadəcə vəziyyətin bu cür inkişaf etməsi nəticəsində onun adının Sanksiyalar Komitəsinin siyahısından silinməsi, buna müvafiq olaraq Taliban Fərmanına dəyişiklik edilməsi və 2009-cu ilin oktyabr ayının əvvəlindən sonra ona qarşı tətbiq olunan sanksiyaların qaldırılması, onu, hüquqlarının həmin vaxtadək məruz qaldığı pozuntularla bağlı, qurban statusundan məhrum etməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
128. Məhkəmənin oturuşmuş presedent hüququna əsasən Konvensiyanın 34-cü Maddəsi kontekstində “qurban” sözü sözügedən hərəkət və ya hərəkətsizliyin birbaşa təsirinə məruz qalmış şəxsi ifadə edir və Konvensiyanın pozuntusu hətta zərər olmadan da mümkündür; zərər yalnız 41-ci Maddənin kontekstinə aiddir. Nəticə etibarilə, Hökumət pozuntunu ya açıq-aşkar, ya da mahiyyətcə etiraf etmirsə və Konvensiyanın pozuntusunu aradan qaldırmırsa, yəni pozuntunun əvəzini ödəmirsə, ərizəçinin xeyrinə olan qərar və ya tədbir, prinsipcə, onun “qurban” statusundan məhrum edilməsi üçün yetərli deyil (bax, Gäfgen Almaniyaya qarşı (Gäfgen v. Germany) [GC], no. 22978/05, § 115, ECHR 2010; Association Ekin Fransaya qarşı (Association Ekin v. France) (dec.), no. 39288/98, 18 yanvar 2000-ci il; Brumărescu Rumıniyaya qarşı (Brumărescu v. Romania) [GC], no. 28342/95, § 50, ECHR 1999‑VII; Amuur Fransaya qarşı (Amuur v. France), 25 iyun 1996-cı il, § 36, Qərarlar üzrə Hesabatlar 1996‑III; və Eckle Almaniyaya qarşı (Eckle v. Germany), 15 iyul 1982-ci il, § 66, Series A no. 51).
129. Hazırkı işdə Məhkəmə bildirir ki, ərizəçinin üzərinə qoyulan sanksiyalar qaldırılmışdır və o indi sərbəst şəkildə İsveçrəyə daxil olmaq və oradan keçmək üçün Campione d’Italia-nın sərhəddini keçə bilər. Bununla belə, qərarı 2009-cu ilin sentyabr-oktyabr aylarına qədər verilməmiş sanksiyaların qaldırılması ərizəçini, 2001-ci ilin noyabr ayında adı Sanksiyalar Komitəsinin siyahısına və Taliban Fərmanına əlavə edilmiş siyahıya salındıqdan və ya ən azı 27 noyabr 2003-cü ildə ona daha sərhədi keçmək ixtiyarının olmaması ilə bağlı məlumat verildikdən sonra məruz qaldığı məhdudiyyətlərin qurbanı statusundan məhrum etmir (bax yuxarıda bənd 26). Yuxarıda istinad edilən presedent hüququ ilə müəyyən olunan mənada, sanksiyaların qaldırılması Hökumət tərəfindən, Konvensiyanın pozuntusunun etiraf edilməsi kimi, hətta nəzərdə tutulan etirafı kimi də hesab oluna bilməz. Bundan əlavə, elə həmin prsedent hüququ ilə müəyyən olunan mənada, sanksiyaların qaldırılmasının ardınca pozulmuş hüquqların hər hansı formada bərpası və ya əvəzinin ödənilməsi təmin edilmədi.
130. Müvafiq olaraq, ərizəçi ən azı altı il müddətində Konvensiyanın iddia olunan pozuntularının qurbanı olduğunu iddia edə bilər. Nəticə etibarilə, Hökumətin ərizəçinin qurban statusunun çatışmaması barədə etirazı rədd edilməlidir.
C. Daxili hüquq müdafiə vasitələrinin tükəndirilib-tükəndirilməmiş olması ilə bağlı
1. Tərəflərin təqdimatları
(a) Cavabdeh Hökumət
131. Cavabdeh Hökumət bildirdi ki, Təhlükəsizlik Şurasının sanksiyalar rejiminə görə daxil olma və tranzit qadağasından azadolma, o vaxt verilə bilər ki, o, məhkəmə prosesinin həyata keçirilməsi üçün və ya Sanksiyalar Komitəsi tərəfindən təsdiq edilən başqa, o cümlədən tibbi, humanitar və ya dini xarakterli səbəblər üçün zəruri olsun (bax 1390 (2002) saylı Qətnamə, bənd 2(b)). Bu cür vəziyyətləri nəzərə almaq üçün, Taliban Fərmanının 4a§ 2 Maddəsi ilə müəyyən olunurdu ki, Federal Miqrasiya İdarəsi (ODM) Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq və ya İsveçrənin maraqlarının qorunması üçün azadolmalar verə bilər.
132. Hökumət iddia etdi ki, İdarə tərəfindən verilmiş müxtəlif qərarlardan şikayət edilməmişdir və ona ünvanlanmış iddia yalnız ərizəçinin və onunla bağlılığı olan təşkilatların Taliban Fərmanının 2 saylı Əlavəsindən çıxarılması məsələsi ilə əlaqədar idi.
133. Hökumət qeyd etdi ki, nə Federal Məhkəmənin qərarından əvvəl, nə də sonra ərizəçi keçmiş Federal İmmiqrasiya, İnteqrasiya və Emiqrasiya İdarəsinin (2005-ci ildə ODM-in yaradılması ilə onunla birləşdirilmiş İMES) və ya ODM-in sanksiyalar rejimindən azadolmalarla bağlı heç bir qərarından şikayət etməmişdir. Bundan əlavə, dövlət orqanları (20 sentyabr 2006-cı il və 11 sentyabr 2008-ci il qərarları ilə) azadolmalar vermişdir, lakin ərizəçi onlardan istifadə etməmişdir. Ərizəçi bununla əlaqədar izah etmişdir ki, onun yaşı və səfər edəcəyi yerə qədər olan məsafə nəzərə alınmaqla, azadolmaların müddəti onun istədiyi səfərləri həyata keçirmək üçün yetərli olmamışdır. Bu məsələ ilə bağlı Hökumət qeyd etdi ki, bir günlük olan birinci azadolma məhkəmə prosesi ilə əlaqədar Milana səfər üçün verilmişdi və avtomobillə Campione d’Italia-dan Milanın mərkəzinə getmək yalnız bir saat vaxt aparır. İki günlük ikinci azadolma ərizəçiyə Berne və Sion-a getmək üçün verilmişdi və bu şəhərlərin hər ikisinə Campione-dən avtomobillə üç saat yarımdan da az vaxta çatmaq olur.
134. Sonda, Hökumət iddia etdi ki, ərizəçi istədiyi vaxt evinin, hətta müvəqqəti də olsa, vətəndaşı olduğu İtaliyanın başqa bir hissəsinə köçürülməsi üçün müraciət edə bilərdi. Bu cür müraciət İsveçrənin səlahiyyətli dövlət orqanı (İMES, daha sonra ODM) tərəfindən Sanksiyalar Komitəsinə təqdim olunardı. Sanksiyalar ümumi şərtlərlə müəyyən edilmiş olduğundan, Hökumət o fikirdə idi ki, Komitə böyük ehtimal ki, ərizəçinin köçməsinə icazə verərdi.
135. Bu səbəblərdən də, Hökumət bildirdi ki, ərizəçi daxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir.
(b) Ərizəçi
136. ODM tərəfindən (26 mart 2004-cü il, 11 may 2007-ci il və 2 avqust 2007-ci il tarixlərində) edilmiş ilk üç imtina ilə əlaqədar ərizəçi iddia etdi ki, İsveçrə hakimiyyət orqanlarının ona qarşı tətbiq olunan məhdudiyyətlərdən azadolmaların verilməsi ilə bağlı hər hansı qiymətləndirmə sərbəstliyinə malik olub-olmadığını aydın şəkildə müəyyən edən heç bir dövlətdaxili presedent hüququ yoxdur və Federal Məhkəmə tərəfindən bununla bağlı heç bir izahat verilməmişdir. Bundan əlavə, azadolmaların verilməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün ODM və ya hər hansı digər dövlət orqanı tərəfindən heç bir hərəkət edilməmişdir. Buna görə də, Məhkəmənin presedent hüququ ilə müəyyən olunan mənada səmərəli hüquq müdafiə vasitəsinin mövcud olduğunu demək olmaz.
137. ODM tərəfindən (20 sentyabr 2006-cı il və 11 sentyabr 2008-ci il tarixlərində) ona verilmiş azadolmalardan istifadə etməmiş olması ilə bağlı Hökumətin arqumentinə gəldikdə isə, ərizəçi iddia etdi ki, həmin azadolmalar ona qarşı həyata keçirilən məhdudiyyət tədbirlərinin çox spesifik vəziyyətlə əlaqədar yalnız qismən götürülməsi ilə bağlı idi. Ərizəçi yaşını və səfərlərinin uzunluğunu nəzərə alaraq, iddia etdi ki, bir və ya iki günlük azadolmalar yetərli olmaqdan çox uzaq idi.
138. Ərizəçi ümumi sanksiyalar rejimi ilə əlaqədar bildirdi ki, o, daxili hüquq müdafiə vasitələrini tükəndirmişdir, çünki o, Taliban Fərmanı ilə müəyyən olunan məhdudiyyətləri Federal Məhkəmə qarşısında mübahisələndirmişdir və Məhkəməyə də elə onun qərarından şikayət etmişdir.
139. Ərizəçi daha sonra, Hökumətin İtaliyanın başqa hissəsinə köçməklə bağlı müraciətin siyahıdan silinməklə bağlı müraciətdən daha çox uğurlu ola biləcəyi ilə bağlı arqumentinin tamamilə spekulyativ olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, vəsaitləri sanksiyalar rejimi tərəfindən dondurulduğundan və bu Federal Məhkəmə tərəfindən nəzərdən keçirilmədiyindən, onun öz işində mümkün hesab etmədiyi bu seçim hər bir halda mübahisələndirilən məhdudiyyətlərin yalnız bir qismini aradan qaldırmış olacaqdı.
2. Məhkəmənin qiymətləndirməsi
140. Məhkəmə təkrarən vurğulayır ki, Konvensiyanın 35-ci Maddəsi ilə tükəndirilməsi tələb olunan yeganə hüquq müdafiə vasitələri mümkün olan, qənaətbəxş və iddia olunan pozuntularla əlaqəli olanlardır (bax Tsomtsos və Başqaları Yunanıstaa qarşı (Tsomtsos and Others v. Greece), 15 noyabr 1996-cı il, § 32, Hesabatlar 1996‑V).
141. Nəzəri və təcrübi baxımdan, həmdə müvafiq vaxtda səmərəli hüquq müdafiə vasitələrinin olduğu barədə Məhkəməni inandırmaq üçün sübutetmə yükü hüquq müdafiə vasitələrinin tükəndirilmədiyini iddia edən Hökumətin üzərinə düşür; bu o deməkdir ki, hüquq müdafiə vasitəsi var idi, ərizəçinin şikayətləri ilə bağlı lazımi bərpa tədbirləri görülə bilərdi və bu istiqamətdə uğur əldə edilməsi ağlabatan idi (bax V. Birləşmiş Krallığa qarşı (V. v. the United Kingdom) [GC], no. 24888/94, § 57, ECHR 1999‑IX).
142. Bundan əlavə, səmərəli və yetərli olduğu aydın olan hüquq müdafiə vasitələrindən istifadə etmiş ərizəçidən digər əlçatan, lakin uğurlu olması ehtimal olunmayan hüquq müdafiə vasitələrindən də istifadə etmək tələb oluna bilməz (bax, misal üçün, Aquilina Maltaya qarşı (Aquilina v. Malta) [GC], no. 25642/94, § 39, ECHR 1999‑III, və Manoussakis və Başqaları Yunanıstana qarşı (Manoussakis and Others v. Greece), 26 sentyabr 1996-cı il, § 33, Hesabatlar 1996‑IV).
143. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi sanksiyalar rejimindən azadolmaların verilməsi üçün müraciətlərinin İMES və ODM tərəfindən rədd edilməsini mübahisələndirməmiş və iki halda ərizəçiyə azadolma verilmişdir ki, onlardan da istifadə etməmişdir (bax yuxarıda bəndlər 34 və 57).
144. Bununla belə, hətta həmin azadolmaların, ərizəçiyə tibbi və ya hüquqi səbəblərlə əlaqədar Campione d’Italia anklavını tərk etməyə icazə verməklə, sanksiyalar rejiminin müəyyən təsirlərini yüngülləşdirdiyi zənn edilsə də, Məhkəmə hesab edir ki, azadolmalar məsələsi, əsası İsveçrə hakimiyyəti tərəfindən ərizəçinin adının Taliban Fərmanına əlavə edilmiş və Sanksiyalar Komitəsinin siyahısına əsaslanan siyahıya salınmasından ibarət olan, daha geniş vəziyyətin bir hissəsidir. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, ərizəçi adının Taliban Fərmanına əlavə edilmiş siyahıdan çıxarılması üçün dövlət orqanlarına xeyli müraciətlər etmişdir və həmin müraciətlər SECO və Federal İqtisadi İşlər Departamenti tərəfindən rədd edilmişdir (bax yuxarıda bəndlər 30-32). Ərizəçinin Departamentin qərarından şikayət verdiyi Federal Şura işi Federal Məhkəməyə göndərdi. 14 noyabr 2007-ci il tarixli qərarla həmin məhkəmə Konvensiyaya əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxmadan ərizəçinin şikayətini təmin etmədi. Nəticə etibarilə, Məhkəmə hesab edir ki, ərizəçi tətbiqi adının Taliban Fərmanına əlavə edilmiş siyahıya daxil edilməsindən irəli gələn sanksiyalar rejimi ilə bağlı daxili hüquq müdafiə vasitələrini tamamilə tükəndirmişdir.
145. Bu şərtlər altında, Məhkəmə bu mərhələdə ərizəçinin 1970-ci ildən etibarən yaşadığı Campione d’Italia-dan İtaliyanın başqa bir regiona köçməsinin ərizəçi üçün ağlabatan şəkildə gözlənilən ola bilməsi ilə bağlı Hökumətin arqumentinə baxmağı zəruri hesab etmədi. Əksinə, həmin sual mübahisələndirilən tədbirlərin mütənasibliyi məsələsinə baxılanda müəyyən rol oynayacaqdır (bax aşağıda bənd 190).
146. 8-ci Maddəyə əsasən, ərizəçinin adının Taliban Fərmanına əlavə edilmiş siyahıya salınmasının onun şərəf və ləyaqətinə qarşı hörmətsizlik olması ilə bağlı verilmiş şikayətə gəldikdə isə, Məhkəmə bildirir ki, bu məsələ, ən azından mahiyyət etibarilə, dövlətdaxili hakimiyyət orqanları qarşısında qaldırılmışdı. Ərizəçi də iddia etdi ki, onun adının Sanksiyalar Komitəsinin siyahısına salınması onun ictimai şəkildə Usama bin Laden, əl-Qaeda və Talibanla bağlılığı olmaqda ittiham olunması idi, halbuki, bu həqiqətə uyğun deyildi (bax yuxarıda bəndlər 33 və 38).
147. Nəticədə, Məhkəmə ərizəçinin 5 və 8-ci Maddələr üzrə şikayətləri ilə bağlı ərizənin daxili hüquq müdafiə vasitələrini tükəndirmədiyindən qəbuledilməyən olması ilə bağlı Hökumətin etirazını rədd edir.
148. 13-cü Maddə üzrə şikayətə gəldikdə isə, Məhkəmə müəyyən edir ki, hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etiraz şikayətin mahiyyəti ilə sıx əlaqəlidir. Buna görə də, Məhkəmə onu işin mahiyyəti ilə birləşdirir.
II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
149. Ərizəçi şikayət etdi ki, onun İsveçrəyə daxil olmasını və oradan keçməsini qadağan edən tədbir onun peşə həyatı və ailə həyatı da daxil olmaqla şəxsi həyatına hörmət edilməsi hüququnu pozmuşdur. O, iddia etdi ki, həmin qadağa onun İtaliyada və ya İsveçrədə olan həkimlərinə müraciət etməsinə və dostlarına və ailəsinə baş çəkməsinə mane olmuşdur. O, daha sonra iddia etdi ki, adının Taliban Fərmanına əlavə edilmiş siyahıya salınması onun şərəf və ləyaqətinə toxunmuşdur. Bu şikayətlərlə başlı o, Konvensiyanın 8-ci Maddəsinə əsaslanmışdır ki, həmin maddəyə görə:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Qəbuledilənlik
150. Məhkəmə hesab edir ki, o, ilk növbədə 8-ci Maddənin hazırkı işə tətbiq oluna bilənliyinə baxmalıdır.
151. Məhkəmə təkrarən vurğulayır ki, “şəxsi həyat” məhdudlaşan anlayış deyil, geniş mənalı termindir (bax, misal üçün, Glor İsveçrəyə qarşı (Glor v. Switzerland), no. 13444/04, § 52, ECHR 2009; Tysiąc Polşaya qarşı (Tysiąc v. Poland), no. 5410/03, § 107, ECHR 2007‑I; Hadri-Vionnet İsveçrəyə qarşı (Hadri-Vionnet v. Switzerland), no. 55525/00, § 51, 14 fevral 2008-ci il; Pretty Birləşmiş Krallığa qarşı (Pretty v. the United Kingdom), no. 2346/02, § 61, ECHR 2002‑III; və S. və Marper Birləşmiş Krallığa qarşı (S. and Marper v. the United Kingdom) [GC], nos. 30562/04 and 30566/04, § 66, ECHR 2008). Məhkəmə müəyyən etdi ki, fiziki və mənəvi bütövlüklə birlikdə sağlamlıq şəxsi həyat anlayışı ilə əhatə olunur (bax Glor, yuxarıda istinad edilib, § 54, və X və Y Niderlanda qarşı (X and Y v. the Netherlands), 26 mart 1985-ci il, § 22, Series A no. 91; həmçinin bax Costello-Roberts Birləşmiş Krallığa qarşı (Costello-Roberts v. the United Kingdom), 25 mart 1993-cü il, § 36, Series A no. 247‑C). Şəxsi həyat hüququ həmçinin şəxsi inkişaf və digər insanlarla və ümumiyyətlə kənar dünya ilə münasibətlər qurmaq və inkişaf etdirmək hüququnu da əhatə edir (bax, misal üçün, S. və Marper, yuxarıda istinad edilib, § 66).
152. Əlavə olaraq o da qeyd olunmalıdır ki, 8-ci Maddə “ailə həyatına” hörmət edilməsi hüququnu da qoruyur. Həmin müddəaya əsasən Dövlət elə davranmalıdır ki, insanlar normal ailə həyatı yaşaya bilsinlər (bax Marckx Belçikaya qarşı (Marckx v. Belgium), 13 iyun 1979-cu il, § 31, Seriya A no. 31). Məhkəmə ailə həyatının mövcudluğunu hər bir işin hallarına baxmaqla presedent hüququ əsasında müəyyənləşdirir. Bu kimi məsələlərdə münasib kriteriya nəzərdə tutulan fərdlər arasında səmərəli bağların mövcudluğudur (elə orada; həmçinin bax K. Və T. Finlandiyaya qarşı (K. and T. v. Finland) [GC], no. 25702/94, § 150, ECHR 2001‑VII, və Şerife Yiğit Türkiyəyə qarşı (Şerife Yiğit v. Turkey) [GC], no. 3976/05, § 93, 2 noyabr 2010-cu il).
153. Məhkəmə daha sonra qeyd edir ki, 8-ci Maddə şəxsin evinə hörmət edilməsi hüququnu da qoruyur (bax, misal üçün, Gillow Birləşmiş Krallığa qarşı (Gillow v. the United Kingdom), 24 noyabr 1986-cı il, § 46, Seriya A no. 109).
154. Həmin presedent hüququ əsasında, Məhkəmə qərara gəlir ki, ərizəçi tərəfindən 8-ci Maddəyə əsaslanılaraq təqdim olunmuş şikayətlərə həmin Maddəyə əsasən baxılmalıdır. İstisna edilməməlidir ki, onun İsveçrəyə daxil olmasını qadağan edən tədbir onun İtaliyadakı və ya İsveçrədəki həkimləri ilə məsləhətləşməsinin və ya dostlarına və ailəsinə baş çəkməsinin qarşısını almış və ya ən azından bunu daha da çətinləşdirmişdir. Buna görə də, hazırkı işdə 8-ci Maddə həm “şəxsi həyat” və həm də “ailə həyatı” aspektindən tətbiq olunur.
155. Bundan əlavə, bu şikayət Konvensiyanın 35 § 3 Maddəsi ilə müəyyən olunan mənada qüsurlu deyil və şikayətin qəbuledilməyən elan olunmasını şərtləndirən heç bir başqa əsas da müəyyən olunmamışdır. Bu səbəbdən də şikayət qəbuledilən elan olunmalıdır.
B. İşin Mahiyyəti üzrə
1. Tərəflərin təqdimatları
(a) Ərizəçi
156. Ərizəçi iddia etdi ki, hərəkət azadlığına qarşı məhdudiyyətlər onun sanksiyalar rejimi səbəbindən sərbəst şəkildə səyahət edə bilmədiyi dövrdə keçirilmiş (yaslar və ya toylar kimi) ailə tədbirlərində iştirakına imkan verməmişdir. Buna görə də o, şəxsi və ailə həyatına hörmət edilməsi hüququnun pozuntusunun qurbanı olduğunu iddia etdi. Bununla əlaqədar bildirdi ki, onun cavabdeh Dövlətin ərazisində rezident olmayan İtaliya vətəndaşı olması, xüsusilə də İsveçrə ərazisi ilə əhatə olunan Campione d’Italia anklavının xüsusi vəziyyətini nəzərə alsaq, onun hüquqlarının İsveçrə tərəfindən pozulmasından şikayət etməsinə mane olmur. O, hətta hesab etdi ki, Campione d’Italia-nın Canton of Ticino ilə inteqrasiyasını, xüsusilə də iqtisadi inteqrasiyasını nəzərə alaraq demək olar ki, İsveçrə hakimiyyəti sanksiyalar rejiminin məqsədləri üçün ona İsveçrə vətəndaşı kimi münasibət göstərə bilərdi. Bundan əlavə, o, vurğuladı ki, Hökumətin iddia etdiyinin əksinə olaraq, onun İtaliyada hansısa başqa yerdə yaşamaq seçimi yox idi.
157. Ərizəçi daha sonra bildirdi ki, onun adının Taliban Fərmanına əlavə edilmiş siyahıya salınması, adları həmin siyahıda sadalanmış şəxslər terrorçuluğun maliyyələşdirilməsinə yardım etməkdə şübhəli bilindiklərindən, onun şərəf və nüfuzunun zədələnməsinə səbəb olmuşdur. Bu mövqeyini əsaslandırmaq üçün ərizəçi Sayadi və Vinck Belçikaya qarşı (Sayadi and Vinck v. Belgium) işinə (bax yuxarıda bəndlər 88-92) istinad etmişdir. Həmin işdə İnsan Hüquqları Komitəsi müəyyən etmişdir ki, şikayətçilərin adlarının Sanksiyalar Komitəsinin siyahısına salınması onların şərəfinə qarşı qanunsuz bir həmlədir.
158. Ərizəçinin təqdimatına görə, ərizəçiyə ona qarşı irəli sürülmüş iddiaları mübahisələndirmək imkanının verilməməsi həmin şəraiti daha da pisləşdirmişdir.
159. Ona görə də müxtəlif baxımlardan, işdə 8-ci Maddənin pozuntusu olmuşdur.
(b) Cavabdeh Hökumət
160. Hökumət bildirdi ki, ərizəçi Campione d’Italia-da arzu etdiyi bütün ziyarətləri, o cümlədən nəvələrinin ziyarətlərini qəbul etməkdə sərbəst idi. Ərizəçi ailəsinin və ya dostlarının, ailə və sosial həyat tədbirlərini münasib bildiyi şəkildə heç bir məhdudiyyət olmadan keçirə biləcəkləri Campione d’Italia-ya getməsinin qeyri-mümkün və ya çətin ola biləcəyini iddia etməmişdir. Dostun və ya qohumun toyu kimi xüsusi tədbirlərə gəldikdə isə, o, qüvvədə olan qaydalardan azadolma əldə etməyə çalışa bilərdi. Bundan əlavə, daxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi ilə əlaqədar göstərildiyi kimi, ərizəçi İtaliyanın başqa bir yerinə köçmək üçün müraciət də edə bilərdi. Nəhayət, Konvensiya xarici vətəndaşın onun ölkəyə girməyinə sadəcə həmin şəxsin o Dövlətin sərhəddini keçmədən tərk edə bilmədiyi anklavda rezident olmağını saxlamaq üçün qadağa qoymuş Dövlətə səfər etmək hüququnu qorumur. Bütün bu səbəblərdən də, Hökumət o fikirdədir ki, mübahisələndirilən tədbirlər 8-ci Maddə ilə təmin olunan hüquqlara müdaxilə etmir.
161. Ərizəçinin mübahisələndirilən tədbirlərə gətirib çıxaran faktorların nədən ibarət olduğunu heç vaxt öyrənə bilməməsi və ya onları məhkəmə qarşısında mübahisələndirə bilməməsi ilə bağlı iddiasına cavab olaraq, Hökumət bildirdi ki, daha əvvəlki mülahizələrində də göstərildiyi kimi, mübahisələndirilən tədbirlər ərizəçinin 8-ci Maddə ilə müəyyən olunan hüquqlarını pozmamışdır. Nəticədə, həmin müddəanın prosessual aspekti də tətbiq olunmur.
162. Bu səbəblərdən, Hökumət o fikirdə idi ki, tətbiq olunan məhdudiyyətlər ərizəçinin 8-ci Maddə ilə müəyyən olunan hüquqlarına müdaxilə etmir. Əgər Məhkəmə əksini müəyyən edərsə, Hökumət iddia edir ki, həmin tədbirlər hər bir halda 8 § 2-ci Maddəyə əsasən demokratik cəmiyyətdə zəruridir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Müdaxilənin olub-olmaması ilə bağlı
163. Məhkəmə ərizəçinin İsveçrəyə daxil olmasının və oradan keçməsinin qadağan edilməsi faktını nəzərə alaraq, onun şəxsi və ailə həyatına hörmət edilməsi hüququna müdaxilə edilməsi barədə iddiasına baxılmasını münasib hesab edir.
164. Məhkəmə bir daha vurğulayır ki, oturuşmuş beynəlxalq hüquqa və müqavilə öhdəliklərinə əsasən Dövlətin qeyri-vətəndaşların öz ərazisinə daxil olmasına nəzarət etmək hüququ vardır. Başqa sözlə desək, Konvensiya hər hansı bir əcnəbinin hansısa ölkəyə daxil olmaq hüququnu müəyyən etmir (bax, Maslov Avstriyaya qarşı (Maslov v. Austria) [GC], no. 1638/03, § 68, ECHR 2008; Üner Niderlanda qarşı (Üner v. the Netherlands) [GC], no. 46410/99, § 54, ECHR 2006‑XII; Boujlifa Fransaya qarşı (Boujlifa v. France), 21 oktyabr 1997-ci il, § 42, Hesabatlar 1997‑VI; və Abdulaziz, Cabales və Balkandali Birləşmiş Krallığa qarşı (Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom), 28 may 1985-ci il, § 67, Seriya A no. 94).
165. Hazırkı işdə, Məhkəmə bildirir ki, Federal Məhkəmə, Campione d’Italia-nın İsveçrə Kantonu olan Ticino tərəfindən əhatə olunan anklav olması səbəbi ilə ərizəçi çox xüsusi bir vəziyyətdə olduğundan, mübahisələndirilən tədbirin ərizəçinin azadlığını əhəmiyyətli ölçüdə məhdudlaşdırdığını müəyyən etmişdir (bax yuxarıda bənd 52). Məhkəmə həmin fikri təsdiqləyir və hesab edir ki, ən azı altı il müddətində ərizəçinin çox qapalı ərazi olan Campione d’Italia-nı tərk etməsinə mane olan həmin tədbir onun anklavdan kənarda yaşayan başqaları ilə, o cümlədən dostları və ailəsi ilə əlaqə saxlamaq hüququnu həyata keçirməyini daha da çətinləşdirir (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Agraw İsveçrəyə qarşı (Agraw v. Switzerland), no. 3295/06, § 51, və Mengesha Kimfe İsveçrəyə qarşı (Mengesha Kimfe v. Switzerland), no. 24404/05, §§ 69-72, 29 iyul 2010-cu il tarixli hər iki qərar).
166. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə qərara gəlir ki, 8§1-ci Maddə ilə müəyyən olunan mənada ərizəçinin şəxsi və ailə həyatına hörmət edilməsi hüququna müdaxilə edilmişdir.
(b) Müdaxilənin əsaslı olub-olmaması ilə bağlı
167. Yuxarıda müəyyən olunduğu kimi, ərizəçinin şəxsi və ailə həyatına müdaxilə 8-ci Maddənin 2-ci bəndinin tələblərinə cavab vermirsə, həmin maddəni pozur. Ona görə də, müdaxilənin “qanuna uyğun” olub-olmadığını, həmin bənddə sadalanan legitim məqsədlərdən birinə və ya daha artığına xidmət edib-etmədiyini və bu məqsədlərə çatmağın “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyənləşdirmək lazımdır. Məhkəmə ilk olaraq, işə baxarkən rəhbər tutacağı müəyyən prinsiplərin təkrarən vurğulanmasını münasib hesab edir.
(i) Ümumi prinsiplər
168. Formalaşmış presedent hüququna əsasən, Razılığa gələn Tərəf Konvensiyanın 1-ci Maddəsinə uyğun olaraq, bütün orqanlarının hərəkətlərinə və hərəkətsizliyinə görə, sözügedən hərəkət və ya hərəkətsizliyin dövlətdaxili hüququn və ya beynəlxalq hüquqi öhdəliklərə əməl etmək zərurətinin nəticəsi olub-olmamasından asılı olmayaraq, məsuliyyət daşıyır. 1-ci Maddə nəzərdə tutulan qaydanı və ya tədbiri tiplərinə görə fərqləndirmir və Razılığa gələn Tərəfin “yurisdiksiyasının” heç bir hissəsini Konvensiya əsasında baxılmaqdan istisna etmir (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda istinad edilib, § 153, və Türkiyə Birləşmiş Kommunist Partiyası və Başqaları Türkiyəyə qarşı (United Communist Party of Turkey and Others v. Turkey), 30 yanvar 1998-ci il, § 29, Hesabatlar 1998-I). Konvensiyanın Dövlət üçün qüvvəyə minməsinin ardınca Dövlətin öz üzərinə götürdüyü müqavilə öhdəlikləri Konvensiyanın məqsədləri üçün Dövlətin məsuliyyətini də nəzərdə tuta bilər (bax Al‑Saadoon və Mufdhi Birləşmiş Krallığa qarşı (Al‑Saadoon and Mufdhi v. the United Kingdom), no. 61498/08, § 128, ECHR 2010, və Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda istinad edilib, § 154, və orada istinad edilən işlər).
169. Bundan başqa, Məhkəmə bir daha vurğulayır ki, Konvensiya boşluqda (vakuumda) deyil, beynəlxalq hüququn ümumi prinsipləri ilə həmahəng şəkildə təfsir olunmalıdır. Müqavilələr Hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 31 § 3 (c) Maddəsində göstərildiyi kimi, “beynəlxalq hüququn tərəflər arasındakı münasibətlərə tətbiq olunan hər hansı müvafiq qaydaları” və xüsusilə insan hüquqlarının beynəlxalq müdafiəsi ilə bağlı qaydalar nəzərə alınmalıdır (bax, misal üçün, Neulinger və Shuruk İsveçrəyə qarşı (Neulinger and Shuruk v. Switzerland) [GC], no. 41615/07, § 131, ECHR 2010; Al‑Adsani Birləşmiş Krallığa qarşı (Al‑Adsani v. the United Kingdom) [GC], no. 35763/97, § 55, ECHR 2001-XI; və Golder Birləşmiş Krallığa qarşı (Golder v. the United Kingdom), 21 fevral 1975-ci il, § 29, Seriya A no. 18).
170. Yeni öhdəliklər yaradarkən, Dövlətlər əvvəlki öhdəliklərindən azad olmurlar. Bir neçə bir-birinə açlq-aşkar zidd olan müqavilələr tətbiq olunduqda, onlar beynəlxalq presedent hüququna və akademik fikirlərə əsasən elə təfsir olunmalıdır ki, onların təsiri əlaqələndirilsin və onlar arasında qarşıdurmaya yol verilməsin. Buna görə də, iki fərqli öhdəlik mümkün olduğu qədər elə ahəngləşdirilməlidir ki, onların təsirləri qüvvədə olan qanunvericiliyə tamamilə uyğun olsun (bax, buunla bağlı, Al-Saadoon və Mufdhi, yuxarıda istinad edilib, § 126; Al-Adsani, yuxarıda istinad edilib, § 55; və Banković işi üzrə qərar, yuxarıda istinad edilib, §§ 55-57; həmçinin bax Beynəlxalq Hüquq Komissiyasının araşdırma qrupunun “Beynəlxalq hüququn fraqmentallaşdırılması: beynəlxalq hüququn diversifikasiyasından və genişlənməsindən irəli gələn çətinliklər” adlı hesabatı, yuxarıda bənd 81).
171. Konvensiya ilə Təhlükəsizlik Şurasının qətnamələri arasındakı münasibətlərə gəldikdə isə Məhkəmə özünün Al-Jedda işi (yuxarıda istinad edilib) üzrə qərarında aşağıdakı kimi müəyyən edir:
“101. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü Maddəsi ilə müəyyən olunur ki, BMT-nin Üzvlərinin Nizamnamədən irəli gələn öhdəlikləri ilə hər hansı digər beynəlxalq sazişdən irəli gələn öhdəlikləri arasında ziddiyyət olarsa nizamnamədən irəli gələn öhdəliklərə üstünlük verilməlidir. 103-cü Maddənin hər hansı formada hazırkı işə tətbiq olunub-olunmadığına baxmazdan əvvəl, Məhkəmə Birləşmiş Krallığın BMT Təhlükəsizlik Şurasının 1546 saylı Qətnaməsindən irəli gələn öhdəlikləri ilə Konvensiyanın 5§1-ci Maddəsindən irəli gələn öhdəlikləri arasında ziddiyyət olub-olmadığını müəyyən etməlidir. Başqa sözlə desək, əsas sual odur ki, 1546 saylı qətnamə Birləşmiş Krallığın üzərinə ərizəçini qapalı şəraitdə saxlamaq öhdəliyi qoyurdumu ya yox.
102. 1546 saylı Qətnamənin təfsirinə yanaşmasında Məhkəmə yuxarıda 76-cı bənddə qeyd olunan mülahizələrə istinad edir. Bundan əlavə, Məhkəmə BMT-nin yaradılma məqsədlərini də nəzərə almalıdır. BMT Nizamnaməsinin 1-ci Maddəsinin birinci alt-bəndində təsbit edilən beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq məqsədi ilə yanaşı, üçüncü alt-bənddə müəyyən olunur ki, BMT ‘... insan hüquqlarına və əsas azadlıqlara hörmətin dəstəklənməsi və həvəsləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa nail olmaq’ üçün yaradılmışdır. Nizamnamənin 24(2)-ci Maddəsi ilə Təhlükəsizlik Şurasından, özünün beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ilə bağlı əsas vəzifələrini icra edərkən ‘Birləşmiş Millətlərin məqsəd və prinsiplərinə uyğun olaraq hərəkət etmək’ tələb olunur. Bu əsnada, Məhkəmə hesab edir ki, Təhlükəsizlik Şurasının qətnamələrini təfsir edərkən elə bir prezumpsiya olmalıdır ki, Təhlükəsizlik Şurasının niyyəti Üzv Dövlətlərin üzərinə insan hüquqlarının əsas prinsiplərini pozmaq öhdəliyi qoymaq deyil. Buna görə də, Təhlükəsizlik Şurasının Qətnaməsinin şərtlərində hər hansı ikimənalılıq olduqda, Məhkəmə Konvensiyanın tələblərinə daha uyğun olan və öhdəliklərin toqquşmasına yol verməyən təfsiri seçməlidir. Birləşmiş Millətlərin insan hüquqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsində oynadığı vacib rola əsasən, Təhlükəsizlik Şurası Dövlətlərdən onların beynəlxalq insan hüquqlarından irəli gələn öhdəlikləri ilə toqquşacaq ayrıca tədbirlər görməyi tələb etdikdə, aydın və dəqiq dildən istifadə etməlidir.”
172. Böyük Palata həmin prinsipləri təsdiq edir. Bununla belə, o, hazırkı işdə bildirir ki, müvafiq qətnamənin mətnində məhkəmə qərarı olmadan məhdudlaşdırmanın xüsusi olaraq göstərilmədiyi Al-Jedda işindəki vəziyyətdən fərqli olaraq, 1390 (2002) saylı Qətnamə açıq şəkildə Dövlətlərdən Birləşmiş Millətlərin siyahısında olan şəxslərin öz ərazilərinə daxil olmasının və ya oradan keçməsinin qarşısını almağı tələb edirdi. Nəticədə, qətnamənin, insan hüquqlarını poza bilən tədbirlərin görülməsi öhdəliyini müəyyən edən, aydın və dəqiq dilini nəzərə alaraq deyə bilərik ki, yuxarıda qeyd olunan prezumpsiya hazırkı işə şamil olunmur (bax həmçinin, 1267 (1999) saylı Qətnamənin 7-ci bəndi, yuxarıda bənd 70, bu qətnamədə Təhlükəsizlik Şurası həmin qətnaməyə zidd ola bilən hər hansı digər beynəlxalq öhdəliyi hətta daha aydın şəkildə qəbul etmirdi).
(ii) Hüquqi əsas
173. Məhkəmə qeyd edir ki, hüquqi əsasın olub-olmaması məsələsi tərəflər arasında mübahisə predmeti deyil. Məhkəmə bildirir ki, mübahisələndirilən tədbirlər Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üçün qəbul edilmiş Taliban Fərmanına əsasən həyata keçirilmişdir. Daha dəqiq desək, İsveçrəyə giriş və oradan tranzit qadağası həmin Fərmanın 4a Maddəsinə əsaslanırdı (bax yuxarıda bənd 66). Bu səbəbdən də, tədbirlərin kifayət qədər hüquqi əsası var idi.
(iii) Legitim məqsəd
174. Ərizəçi mübahisələndirilən məhdudiyyətlərin legitim məqsədlər üçün edildiyini təkzib etmirdi. Məhkəmə müəyyən edir ki, həmin məhdudiyyətlər 8§2-ci Maddədə sadalanan legitim məqsədlərin bir və ya bir neçəsini güdürdü: Birincisi, məhdudiyyətlərin məqsədi cinayətin qarşısını almaq idi, İkincisi, Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin VII Fəslinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən beynəlxalq terrorçuluğa qarşı mübarizə aparmaq üçün qətnamələr qəbul etmiş olduğundan, həmin qətnamələr həm də İsveçrənin milli və ictimai təhlükəsizliyi baxımdan faydalı idi.
(iv) “Demokratik cəmiyyətdə zəruri”
(α) Təhlükəsizlik Şurasının qətnamələrinin icrası
175. Cavabdeh Hökumət üçüncü tərəf kimi çıxış edən Fransa və Birləşmiş Krallıq Hökumətləri ilə birlikdə iddia etdi ki, hazırkı işdə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edərkən İsveçrə hakimiyyət orqanlarının heç bir sərbəstliyi yox idi. Ona görə də, Məhkəmə həmin qətnamələrin Dövlətlərə onların icrası üçün hər hansı azadlıq verib-vermədiyini və xüsusilə də hakimiyyət orqanlarına ərizəçinin xüsusi vəziyyətinin spesifik xarakterini nəzərə almaq və buna görə də Konvensiyanın 8-ci Maddəsinin tələblərinə cavab vermək imkanı verib-vermədiyini müəyyənləşdirmək üçün öncə həmin qətnamələrə baxmalıdır. Bunu etmək üçün, Məhkəmə həmin qətnamələrin dilini və onların qəbul edildiyi konteksti nəzərə alacaqdır (bax Al-Jedda, yuxarıda istinad edilib, § 76, Beynəlxalq Ədalət Məhkəməsinin həmin işdə istinad edilən presedent hüququna da istinad etməklə). Bundan əlavə, Məhkəmə həmin qətnamələrin preambulalarında BMT-nin prinsiplərinə və məqsədlərinə əsaslanaraq təsbit olunmaqla daşıdığı vəzifələri (bax, ABƏM-in Kadi işi üzrə qərarı, § 296, yuxarıda bənd 86) də nəzərə alacaqdır.
176. Məhkəmə bildirir ki, 10 sentyabr 2002-ci ilədək İsveçrə Birləşmiş Millətlərin üzvü deyildi. Bu o deməkdir ki, İsveçrə 02 oktyabr 2000-ci il tarixli Taliban Ordinansını qəbul edərkən hələ BMT-nin üzvü olmasa da, Konvensiyaya tabe idi. Oxşar qaydada, 16 yanvar 2002-ci il tarixli, 1390 (2002) saylı Qətnamə ilə tələb olunduğu kimi (bax yuxarıda bənd 74), elə həmin il mayın 1-ində Taliban Fərmanının 4a Maddəsinə dəyişiklik etməklə İsveçrə ərizəçiyə münasibətdə giriş və tranzit qadağasını da dövlətdaxili səviyyədə icra etmişdir. Məhkəmə razılaşır ki, bu qətnamə, xüsusilə də 2-ci bəndə əsasən təkcə BMT üzvlərinə deyil, “bütün Dövlətlərə” şamil olunur. Bununla belə, Məhkəmə bildirir ki, BMT Nizamnaməsi Təhlükəsizlik Şurası tərəfindən VII Fəslə əsasən qəbul olunmuş qətnamələrin icrası ilə əlaqədar Dövlətlər üçün xüsusi bir model müəyyənləşdirmir. Bu qətnamələrin məcburi xarakterinə xələl gətirmədən, Nizamnamə qətnamələrin öz dövlətdaxili qanunvericiliklərinə transformasiyası üçün BMT-nin üzv Dövlətlərinə müxtəlif mümkün modellər arasında azad seçim etmək imkanı verir. Bununla da Nizamnamə Dövlətlərə qətnamələrin icrası vasitələrini seçmək imkanı verməklə, onların üzərinə nəticəyə nail olmaq öhdəliyi qoyur (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), ABIM-in Kadi işi üzrə qərarı, § 298, yuxarıda bənd 86).
177. Hazırkı işdə, ərizəçi əsasən 1390 (2002) saylı Qətnamənin icrası yolu ilə məruz qaldığı İsveçrəyə giriş və oradan keçid qadağasını mübahisələndirir. Həmin qətnamənin 2(b) bəndi ilə Dövlətlərin bu cür tədbirlər görməsi tələb olunsa da, qeyd olunurdu ki, həmin qadağa “əgər ölkəyə daxil olma və ya tranzit məhkəmə prosesinin həyata keçirilməsi üçün zəruridirsə ... tətbiq olunmur” (bax yuxarıda bənd 74). Məhkəmənin fikrincə “zəruri” sözü hər bir işin hallarına uyğun olaraq təfsir olunmalı idi.
178. Bundan əlavə, 1390 (2002) saylı Qətnamənin 8-ci bəndində Təhlükəsizlik Şurası “bütün Dövlətləri qanunvericilik aktlarının qəbul edilməsi ilə və ya inzibati tədbirlərlə ... öz vətəndaşlarına və öz ərazilərində fəaliyyət göstərən digər şəxslərə və ya qurumlara qarşı müvafiq milli qanunvericiliyin və ya qaydaların icrasının təmin olunması və gücləndirilməsi üçün təcili tədbirlər görməyə ... [çağırırdı]” (bax yuxarıda bənd 74). “Müvafiq” sözü də qətnamənin icra olunması tərzinin seçilməsində dövlətə müəyyən sərbəstlik verirdi.
179. Nəhayət, Məhkəmə İsveçrə Milli Şurasının Xarici Siyasət Komissiyasının Federal Şuraya BMT Təhlükəsizlik Şurasına artıq terrorçuluğa qarşı qətnamələrə əsasən müəyyən olunan şəxslərə qarşı sanksiyaları şərtsiz tətbiq etməyəcəyi barədə məlumat verməsi barədə müraciət edərkən qaldırılan vəsatətə istinad edir (bax yuxarıda bənd 63). Baxmayaraq ki, həmin vəsatət ümumi sözlərlə hazırlanmışdı, yenə də demək olar ki, ərizəçinin işi onun qəbul edilməsinin ən əsas səbəblərindən biri olmuşdur. Hər bir halda, Məhkəmənin fikrincə İsveçrə Parlamenti həmin vəsatəti qəbul etməklə özünün Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı qətnamələrinin tətbiq olunmasında müəyyən sərbəstliyə imkan vermək niyyətini ifadə edirdi.
180. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, İsveçrə BMT Təhlükəsizlik Şurasının məcburi hüquqi qüvvəyə malik qətnamələrini icra edərkən məhdud, lakin real sərbəstliyə malik olub.
(β) Hazırkı işdə müdaxilənin mütənasib olub-olmaması ilə bağlı
181. Müdaxilə, əgər o, “təcili sosial ehtiyaca” cavab verirsə və xüsusilə, qarşıya qoyulan legitim məqsədə mütənasibdirsə və dövlət orqanlarının həmin onu əsaslandırmaq üçün gətirdiyi səbəblər “müvafiq və qənaətbəxşdirsə”, legitim məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunacaqdır (bax, misal üçün, S. və Marper, yuxarıda istinad edilib, § 101, və Coster Birləşmiş Krallığa qarşı (Coster v. the United Kingdom) [GC], no. 24876/94, § 104, 18 yanvar 2001-ci il, orada istinad edilən işlərlə birlikdə).
182. İnsanları obyektiv əsaslarla qoruyan insan hüquqları sazişi olmaqla (bax Neulinger və Shuruk, yuxarıda istinad edilib, § 145) Konvensiyanın vəzifəsi və məqsədi müddəalarının elə təfsir və tətbiq olunmasına çağırır ki, onun müəyyən etdiyi təminatlar praktiki və səmərəli olsun (bax, Artiko İtaliyaya qarşı (Artico v. Italy), 13 may 1980-ci il, § 33, Seriya A no. 37). Bununla da, şəxsi və ailə həyatına “hörmətin” 8-ci Maddə ilə müəyyən olunan məna çərçivəsində təmin olunması üçün hər bir işin reallıqları nəzərə alınmalıdır ki, xüsusi vəziyyətdə dövlətdaxili hüququn mexaniki şəkildə tətbiq olunmasına yol verilməsin (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Emonet və Başqaları İsveçrəyə qarşı (Emonet and Others v. Switzerland), no. 39051/03, § 86, 13 dekabr 2007-ci il).
183. Məhkəmə daha əvvəl müəyyən etmişdir ki, tədbir o zaman mütənasib və demokratik cəmiyyətdə zəruri hesab oluna bilər ki, eyni məqsədə çatmaq üçün əsas hüquqlara daha az zərər verən alternativ tədbirdən istifadə etmək qeyri-mümkün olsun (bax Glor, yuxarıda istinad edilib, § 94).
184. Hər bir halda, müdaxilənin zəruri olub-olmaması üzrə yekun dəyərləndirmə Konvensiyanın tələblərinə uyğunluqla bağlı Məhkəmənin baxışına əsaslanır (bax, misal üçün, S. və Marper, yuxarıda istinad edilib, § 101, və Coster, yuxarıda istinad edilib, § 104). Bununla əlaqədar qiymətləndirmə sərbəstliyi səlahiyyətli dövlət hakimiyyətinin öhdəsinə buraxılmalıdır. Bu qitmətləndirmə sərbəstliyinin genişliyi müxtəlifdir və sözügedən Konvensiya hüququnun xarakteri, onun fərd üçün vacibliyi, müdaxilənin xarakteri və müdaxilənin daşıdığı məqsəd də daxil olmaqla, bir sıra faktorlardan asılıdır (bax S. və Marper, yuxarıda istinad edilib, § 102).
185. Ərizəçinin məruz qaldığı tədbirlərin həmin tədbirlərin daşıdığı legitim məqsədə mütənasib olub-olmaması məsələsinə və dövlət orqanlarının gətirdiyi əsasların “müvafiq və qənaətbəxş” olub-olmadığına baxmaq üçün Məhkəmə İsveçrə hökumətinin ərizəçinin işinin xüsusi xarakterini kifayət qədər nəzərə alıb-almadığına və qiymətləndirmə sərbəstliyi kontekstində, sanksiyalar rejiminin ərizəçinin fərdi vəziyyətinə uyğunlaşdırılması üçün lazım olan tədbirləri görüb-görmədiyinə baxmalıdır.
186. Bunu etməklə, Məhkəmə o faktı nəzərə almağa hazırdır ki, terrorçuluq təhlükəsi həmin sanksiyaların müəyyən olunduğu qətnamələrin qəbul olunduğu dövrdə, yəni 1999-2002-ci illər ərzində xüsusilə ciddi idi. Bu həm həmin qətnamələrin dilində, həm də onların tətbiq olunduğu kontekstdə aydın şəkildə göstərilirdi. Bununla belə, illər sonra həmin tədbirlərin saxlanması və ya hətta yenidən təmin olunması inandırıcı şəkildə izah edilməli və əsaslandırılmalıdır.
187. Məhkəmə bununla əlaqədar bildirir ki, İsveçrə və İtaliyanın dövlət orqanları tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində müəyyən olundu ki, ərizəçinin beynəlxalq terrorçuluqla əlaqədar fəaliyyətdə iştirakı barədə şübhələr tamamilə əsassızdır. 31 may 2005-ci ildə İsveçrə Federal Prokuroru ərizə ilə bağlı 2001-ci ilin oktyabrında açılmış istintaq araşdırmasını bağladı və 5 iyul 2008-ci ildə İtaliya Hökuməti ərizəçiyə qarşı İtaliyada başlanmış icraatın dayandırılmış olduğunu əsas gətirərək, Sanksiyalar Komitəsinə ərizəçinin siyahıdan çıxarılması ilə bağlı müraciət etdi (bax yuxarıda bənd 56). Federal Məhkəmə, öz növbəsində, bildirdi ki, istintaqı və cinayət işi üzrə icraatı aparan Dövlət özü siyahıdan çıxarılmanı həyata keçirə bilməz, lakin həmin dövlət ən azından öz araşdırmalarının nəticələrini Sanksiyalar Komitəsinə göndərə və şəxsin siyahıdan çıxarılması üçün müraciət edə və ya siyahıdan çıxarılmasını dəstəkləyə bilər (bax yuxarıda bənd 51).
188. Bununla əlaqədar, Məhkəmə İsveçrə hakimiyyətinin 31 may 2005-ci ildə xitam verilmiş istintaqın yekunları barədə 2 sentyabr 2009-cu ilədək Sanksiyalar Komitəsinə məlumat verməməsi ilə bağlı qaldırılan iddiaya təəccüblənir (bax yuxarıda bənd 61). Bununla belə, bildirir ki, bu iddianın doğruluğu Hökumət tərəfindən mübahisələndirilməmişdir və bu cür gecikmə ilə bağlı Hökumət tərəfindən verilmiş hər hansı izahat olmadan, Məhkəmə müəyyən edir ki, istintaq orqanlarının nəticələrinin daha cəld çatdırılması nəticəsində ərizəçinin adı BMT-nin siyahısından daha tez çıxarıla bilərdi və bu da ona gətirib çıxarardı ki, ərizəçinin 8-ci Maddə ilə təmin olunan hüquqlarının məhdudlaşdırılması müddəti əhəmiyyətli dərəcədə azalmış olardı (bax, bununla əlaqədar, Sayadi və Vinck (İnsan Hüquqları Komitəsi), § 12, yuxarıda bəndlər 88-92).
189. Sözügedən qadağanın əhatə dairəsinə gəldikdə isə, Məhkəmə vurğulayır ki, sanksiyalar rejimini pozmadan, həmin qadağa ərizəçinin təkcə İsveçrəyə girişinə deyil, həm də anklav olduğundan, ümumiyyətlə Campione d’Italia-nı tərk etməsinə, hətta vətəndaşı olduğu İtaliyanın hər hansı başqa hissəsinə getməsinə də imkan vermirdi.
190. Bundan əlavə, Məhkəmə hesab edir ki, ərizəçidən 1970-ci ildən etibarən yaşadığı Campione d’Italia-dan köçməyin və İtaliyanın başqa bir regionunda məskunlaşmağın tələb olunması ağlabatan deyildi. Xüsusən də ona görə ki, 1373 (2001) saylı Qətnamənin 1(c) bəndi (bax yuxarıda bənd 73) ilə müəyyən olunan dondurulma nəticəsində o, bütün əmlakından və vəsaitlərindən sərbəst şəkildə istifadə edə bilmirdi. Evinin köçürülməsinə icazə verilməsi üçün müraciətin uğurlu olub-olmayacağından asılı olmayaraq, qeyd olunmalıdır ki, şəxsin evinə hörmət edilməsi hüququ Konvensiyanın 8-ci Maddəsi ilə müdafiə olunur (bax, misal üçün, Prokopovich Rusiyaya qarşı (Prokopovich v. Russia), no. 58255/00, § 37, ECHR 2004‑XI, və Gillow, yuxarıda istinad edilib, § 46).
191. Məhkəmə daha sonra bildirir ki, hazırkı işin həm də bir tibbi aspekti var ki, bu da lazımınca qiymətləndirilməlidir. Ərizəçi 1931-ci ildə doğulmuşdur və səhhətində problemlər var (bax yuxarıda bənd 14). Federal Məhkəmə özü müəyyən etmişdir ki, Taliban Fərmanının 4a § 2 Maddəsinin daha çox hüquq verən müddəa kimi ifadə olunmasına baxmayaraq, həmin müddəa hakimiyyət orqanlarının üzərinə BMT sanksiyalar rejiminin icazə verdiyi bütün hallarda istisna müəyyən etmək öhdəliyi qoyur. Çünki, fərdin hərəkət azadlığına qarşı daha geniş (əhatəli) məhdudiyyəti nə Təhlükəsizlik Şurasının qətnamələri, nə də ictimai mənafe ilə əsaslandırmaq mümkün olmazdı və ərizəçinin spesifik vəziyyətinə görə bu cür məhdudiyyət qeyri-mütənasib olardı (bax yuxarıda bənd 52).
192. Reallıqda, İMES və ODM ərizəçi tərəfindən tibbi əsaslarla və ya məhkəmə icraatları ilə əlaqədar giriş və tranzit qadağasından azadolmanın müəyyən olunması üçün edilmiş bir sıra müraciətləri rədd etmişdi. Ərizəçi həmin rədd qərarlarından apelyasiya şikayəti vermədi. Bundan başqa, müraciətlərinin qəbul olunduğu iki halda ərizəçi yaşı və qət ediləcək məsafənin uzunluğu baxımından azadolmaların uzunluğunun nəzərdə tutduğu səfərlər üçün kifayət etmədiyini əsas gətirərək, həmin (müvafiq olaraq bir və iki günlük) azadolmalardan istifadə etmədi. Yuxarıda göstərilən faktorlara görə, Məhkəmə anlayır ki, ərizəçi həmin azadolmaların müddətini kifayət hesab etməyə bilərdi (bax, xüsusilə, yuxarıda bənd 191).
193. Bununla əlaqədar qeyd edilməlidir ki, 1390 (2002) saylı Qətnamənin 2(b) bəndinə əsasən, Sanksiyalar Komitəsinin spesifik hallarda, xüsusilə də tibbi, humanitar və ya dini səbəblərlə əlaqədar azadolmalar vermək səlahiyyəti var. 22 fevral 2008-ci il tarixli görüşdə (bax yuxarıda bənd 54) Federal Xarici İşlər Departamentinin nümayəndəsi qeyd etdi ki, ərizəçi özünün xüsusi vəziyyəti səbəbi ilə daha geniş azadolmanın verilməsi üçün Sanksiyalar Komitəsinə müraciət edə bilər. Ərizəçi hər hansı bir bu cür müraciət etmədi, lakin, xüsusilə görüşün sənədlərindən də, İsveçrə hökumətinin bu məqsədlə hər hansı bir kömək təklifi etdiyi də görünmür.
194. Müəyyən olunmuşdur ki, ərizəçinin adı Birləşmiş Millətlərin siyahısına İsveçrənin deyil, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə salınmışdır. Nə də siyahıdan çıxarılmaq proseduru üzrə Sanksiyalar Komitəsinə müraciətin sözügedən şəxsin vətəndaşı olduğu, yoxsa rezidenti olduğu Dövlət tərəfindən edilməli olması da, ən azından 1730 (2006) saylı Qətnamənin qəbul olunmasınadək, mübahisə predmeti olmadı. Üstəlik də, ərizəçinin işində İsveçrə nə şəxsin vətəndaşı olduğu, nə də rezidenti olduğu ölkə deyildi və buna görə də İsveçrə hökumətinin bu işi görmək səlahiyyəti yox idi. Lakin, İsveçrə İtaliyanı da nə vaxtsa bu işi görməyə həvəsləndirməyə və ya bu məqsədlə ona köməklik təklifi etməyə çalışmamışdır (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Sayadi və Vinck (İnsan Hüquqları Komitəsi), § 12, yuxarıda bəndlər 88-92). 22 fevral 2008-ci il tarxili görüşün sənədlərindən (bax yuxarıda bənd 54) görmək olar ki, hakimiyyət orqanları İtaliyanın həmin vaxt Təhlükəsizlik Şurasının üzvü olduğunu əlavə edərək, sadəcə təklif etmişlər ki, ərizəçi İtaliyanın BMT-dəki Daimi Missiyası ilə əlaqə saxlasın.
195. Məhkəmə qəbul edir ki, digər Dövlətlərlə birgə, İsveçrə bir neçə ildən sonra sanksiyalar rejiminin yaxşılaşması ilə nəticələnmiş əhəmiyyətli işlər görmüşdür (bax yuxarıda bəndlər 64 və 78). Bununla belə, Konvensiya ilə qorunan hüquqların nəzəri və ya illüzion deyil, praktiki və səmərəli olması ilə bağlı prinsipə əsasən (bax Artico, yuxarıda istinad edilib, § 33), Məhkəmə o fikirdədir ki, ərizəçinin işində onun çox spesifik vəziyyəti qarşılığında dövlət orqanlarının həqiqətən də gördüyü və ya görməyə çalışdığı tədbirlərə baxmaq çox vacibdir. Bununla əlaqədar, Məhkəmə hesab edir ki, İsveçrənin hakimiyyət orqanları işin reallıqlarını, xüsusilə də Campione d’Italia-nın unikal coğrafi vəziyyətini, görülən tədbirlərin əhəmiyyətli müddətini və ya ərizəçinin milliyyətini, yaşını və sağlamlığını kifayət qədər nəzərə almayıb. Məhkəmə həm də müəyyən edir ki, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dövlətdaxili hüquqda necə tətbiq olunması ilə bağlı qərar verməyin mümkünlüyü, həmin reallıqları nəzərə alaraq, ərizəçinin şəxsi və ailə həyatına müdaxiləyə yol verilməməsi üçün, lakin müvafiq sanksiyaların məcburi xarakterinə və həmin qətnamələrdə müəyyən olunan sanksiyalara əməl olunmasına xələl gətirmədən, ərizəçiyə qarşı tətbiq olunan sanksiyalar rejiminin bir az yüngülləşməsinə imkan verməliydi.
196. İnsan hüquqlarının və əsas azadlıqların kollektiv şəkildə təmin olunması üçün bir saziş kimi Konvensiyanın xüsusi xarakterinə (bax, misal üçün, Soering, yuxarıda istinad edilib, § 87, və İrlandiya Birləşmiş Krallığa qarşı (Ireland v. the United Kingdom), 18 yanvar 1978-ci il, § 239, Seriya A no. 25) əsaslanaraq, Məhkəmə müəyyən edir ki, cavabdeh Dövlət özünü Təhlükəsizlik Şurasının qətnamələrinin məcburi xarakterinə əsaslanmaqla məhdudlaşdıra bilməz və Məhkəməni inandırmalı idi ki, o, sanksiyalar rejiminin ərizəçinin fərdi vəziyyətinə uyğunlaşdırılması üçün bütün mümkün olan tədbirləri görüb və ya ən azından görməyə çalışıb.
197. Həmin qərar, cavabdeh və üçüncü tərəf kimi çıxış edən Dövlətlərin Razılığa gələn Dövlətlərin bir tərəfdən Konvensiyaya əsasən daşıdıqları öhdəliklər, digər tərəfdən də BMT Nizamnaməsi əsasında daşıdıqları öhdəliklər arasındakı iyerarxiya ilə bağlı qaldırdığı məsələni müəyyən edərkən, Məhkəməni iki hissəyə ayırır. Məhkəmənin fikrincə, əsas məsələ odur ki, cavabdeh Dövlət, fərqli hesab etdiyi öhdəliklərin ahəngləşdiməsi üçün mümkün olduğu qədər çalışdığını göstərə bilməmişdir (bax, bununla əlaqədar, yuxarıda bəndlər 81 və 170).
198. Hazırkı işin bütün hallarını nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, ərizəçinin hərəkət azadlığının əhəmiyyətli bir müddət ərzində məhdudlaşdırılması, ərizəçinin şəxsi və ailə həyatının qorunması hüququ ilə cinayətin qarşısının alınması və İsveçrənin milli təhlükəsizliyinin və ictimai təhlükəsizliyin qorunması kimi legitim məqsədlər arasında ədalətli tarazlaşdırmanın aparılmaması ilə, həyata keçirilmişdi. Nəticə etibarilə, ərizəçinin şəxsi və ailə həyatına hörmət edilməsi hüququna müdaxilə mütənasib deyildi və buna görə də demokratik cəmiyyətdə zəruri də deyildi.
(γ) Nəticə
199. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə ərizənin ratione materiae baxımdan Konvensiyaya uyğun olmaması ilə bağlı Hökumətin ilkin etirazını qəbul etmədi və işin mahiyyəti üzrə qərara gəldi ki, Konvensiyanın 8-ci Maddəsi pozulmuşdur. Gəlinən nəticəni nəzərə alaraq və ərizəçinin adının Taliban Ordinansına əlavə edilmiş siyahıya salınmasının onun şərəf və nüfuzuna da toxunumasının ayrıca bir şikayət olduğunu iddia etməsinə baxmayaraq, Məhkəmə qərara gəldi ki, həmin şikayətə ayrıca baxmağa ehtiyac yoxdur.
III. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
200. Ərizəçi Konvensiya üzrə şikayətlərinə baxılması üçün səmərəli hüquq müdafiə vasitələrinin olmamasından şikayət etdi. O, Konvensiyada aşağıdakı kimi müəyyən olunan 13-cü Maddənin pozulmuş olduğunu iddia etdi:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Qəbuledilənlik
201. Məhkəmə bildirir ki, bu şikayət Konvensiyanın 35§3-cü Maddəsi ilə müəyyən olunan mənada əsassız deyil. Bundan əlavə, Məhkəmə hesab edir ki, şikayəti qəbuledilməz elan etmək üçün də bir əsas müəyyən olunmamışdır. Buna görə də şikayət qəbuledilən elan olunmalıdır.
B. İşin Mahiyyəti üzrə
1. Tərəflərin təqdimatları
(a) Ərizəçi
202. Ərizəçi, Al-Nashif Bolqarıstana qarşı (Al-Nashif v. Bulgaria) (no. 50963/99, 20 iyun 2002-ci il) işinə əsaslanaraq, iddia etdi ki, bir tərəfdən milli təhlükəsizlik baxımından əhəmiyyətli mənbələrin və məlumatların qorunması məsələsi ilə digər tərəfdən səmərəli hüquq müdafiə vasitəsi hüququ arasındakı ziddiyyət xüsusi bir prosedurun qəbul olunması ilə aradan qaldırıla bilərdi. Lakin, hazırkı işdə nə BMT-nin orqanları, nə də dövlət orqanları səviyyəsində hər hansı bu cür prosedur yox idi.
203. Ərizəçi daha sonra qeyd etdi ki, yuxarıda istinad edilən, İnsan Hüquqları Komitəsinin şikayətçilərin adını birinci olaraq Sanksiyalar Komitəsinə göndərən Belçika Hökumətindən adların siyahıdan çıxarılması üçün həmin Komitəyə müraciət etməyi tələb edən məhkəmə qərarının səmərəli hüquq müdafiə vasitəsi olduğunu müəyyən etdiyi, Sayadi və Vinck işi (bax yuxarıda bəndlər 88-92) iki səbəbdən hazırkı işə uyğun deyil. Birincisi, ona görə ki, ərizəçi İsveçrənin onun adını BMT-nin siyahısından çıxarmamasından şikayət etmirdi; İnsan Hüquqları Komitəsi açıq şəkildə təsdiq etmişdir ki, müvafiq orqan dedikdə Dövlətin özü deyil, Sanksiyalar Komitəsi başa düşülür. İkincisi, bu işdə Federal Məhkəmə cavabdeh Hökumətin ərizəçinin siyahıdan çıxarılmaqla bağlı istənilən cəhdini dəstəkləməli olduğunu bildirsə də, Sayadi və Vinck işindəki Brüssel Birinci İnstansiya Məhkəməsindən fərqli olaraq, əslində bunu etməklə bağlı Hökumətə göstəriş verməmişdir.
204. Buna görə də, ərizəçi iddia etdi ki, mübahisələndirilən tədbirlərin Konvensiyanın 3, 8 və 9-cu Maddələrinə uyğun olub-olmadığına hər hansı dövlətdaxili məhkəmədə yenidən baxılmamışdır və bununla da 13-cü Maddə pozulmuşdur.
(b) Cavabdeh Hökumət
205. Hökumət öz təqdimatlarında bildirdi ki, 13-cü Maddəyə əsasən şəxsin Konvensiyanın pozulması ilə bağlı mübahisəli bir şikayəti olarsa, həmin şəxsin “milli məhkəmə” qarşısında hüquq müdafiə vasitəsinə mail olmalıdır. Hökumət bildirdi ki, əvvəlki arqumentləri nəzərə alaraq demək olar ki, ərizəçi bununla bağlı şikayətlərini ifadə etməmişdir. Hökumət iddia edir ki, Məhkəmə həmin qiymətləndirməni etməmək barədə qərar versəydi, hazırkı işdə heç bir halda 8-ci Maddə ilə birlikdə 13-cü Maddəni pozuntusu olmaz.
206. Hökumət bildirdi ki, ərizəçi özünün və onun assosiasiya edildiyi təşkilatların adının Taliban Fərmanına əlavə edilmiş siyahıdan silinməsi üçün müraciət etmişdir. Həmin müraciətə Federal Məhkəmə tərəfindən baxılmış və müəyyən olunmuşdur ki, ərizəçinin həmin məsələ ilə bağlı səmərəli hüquq müdafiə vasitəsi olmamışdır, çünki Təhlükəsizlik Şurasının qətnamələrinə tabe olduğundan ərizəçiyə qarşı tətbiq olunan sanksiyaları ləğv edə bilməmişdir. Buna baxmayaraq, Federal Məhkəmə vurğulamışdır ki, həmin vəziyyətdə ərizəçinin adının silinməsi üçün müraciəti İsveçrə etməli idi və ya İsveçrə ərizəçi tərəfindən başladılan proseduru dəstəkləməli idi. Bununla əlaqədar, Hökumət bildirdi ki, Sanksiyalar Komitəsi tərəfindən də təsdiq olunduğu kimi, İsveçrənin özünün siyahıdan çıxarılmaqla bağlı müraciət etmək səlahiyyəti yox idi, çünki ərizəçi İsveçrə vətəndaşı deyildi və İsveçrədə yaşamırdı. İsveçrənin sadəcə ərizəçinin özü tərəfindən edilmiş müraciəti dəstəkləmək imkanı var idi ki, bunu da ərizəçinin vəkilinə ərizəçiyə qarşı aparılan cinayət işi üzrə icraatın dayandırlmasını təsdiq edən rəsmi sənəd göndərməklə etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Tətbiq olunan prinsiplər
207. Məhkəmə bildirir ki, 13-cü Maddə Konvensiya ilə müəyyən olunan hüquq və azadlıqların pozulması ilə bağlı şikayətlərə baxılması üçün milli səviyyədə hüquq müdafiə vasitələrinin olmasını təmin edir. Buna görə də, Razılığa gələn Dövlətlərə bu müddəadan irəli gələn öhdəliklərin icra olunması forması ilə bağlı bir az səlahiyyət sərbəstliyi verilməsinə baxmayaraq, Konvensiya üzrə şikayətə əsaslı şəkildə baxılmasına və müvafiq bərpa tədbirlərinin təmin olunmasına imkan verən dövlətdaxili hüquq müdafiə vasitəsi olmalıdır. 13-cü Maddə ilə müəyyən olunan öhdəliyin əhatə dairəsi ərizəçinin Konvensiya üzrə şikayətinin xarakterindən asılı olaraq fərqlənir, lakin hüquq müdafiə vasitəsi istənilən halda həm praktiki olaraq, həm də qanunvericilik baxımından “səmərəli” olmalıdır, xüsusilə də o mənada ki, onun icra edilməsinə Dövlət orqanlarının hərəkətləri və ya hərəkətsizlikləri ilə əsassız şəkildə mane olunmamalıdır (bax Büyükdağ Türkiyəyə qarşı (Büyükdağ v. Turkey), no. 28340/95, § 64, 21 dekabr 2000-ci il, elə orada istinad edilən işlərlə birgə, xüsusilə də Aksoy Türkiyəyə qarşı (Aksoy v. Turkey), 18 dekabr 1996-cı il, § 95, Hesabatlar 1996‑VI). Müəyyən şərtlər altında, milli qanunvericiliklə müəyyən olunan hüquq müdafiə vasitələri ümumilikdə 13-cü Maddənin tələblərinə cavab verə bilər (bax, xüsusilə, Leander İsveçə qarşı (Leander v. Sweden), 26 mart 1987-ci il, § 77, Seriya A no. 116).
208. Bununla belə, 13-cü Maddə tələb edir ki, hüquq müdafiə vasitəsi milli qanunvericilikdə yalnız, Konvensiya baxımından “mübahisəli” hesab oluna bilən şikayətlərlərlə bağlı yararlı olmalıdır (bax, misal üçün, Boyle və Rice Birləşmiş Krallığa qarşı (Boyle and Rice v. the United Kingdom), 27 aprel 1988-ci il, § 54, Seriya A no. 131). Həmin Maddə Razılığa gələn Dövlətlərin qanunlarının onların Konvensiyaya zidd olması əsasında milli məhkəmələr qarşısında mübahisələndirilməsinə imkan verən hüquq müdafiə vasitələrini müəyyən etmir (bax Costello-Roberts, yuxarıda istinad edilib, § 40) və yalnız onu təmin edir ki, Konvensiya ilə müəyyən olunan hüququn pozulması barədə mübahisəli şikayəti olan hər bir kəsin şikayətinə baxılması üçün daxili hüquq sistemində səmərəli hüquq müdafiə vasitəsi olmalıdır (elə orada, § 39).
(b) Həmin prinsiplərin hazırkı işə tətbiqi
209. Məhkəmə 8-ci Maddənin pozuntusu barədə yuxarıdakı qərarı əsasında o fikirdədir ki, şikayət mübahisəlidir. Ona görə də, Konvensiya ilə müəyyən olunan hüquqların pozulması barədə ərizəçinin şikayət etməsi üçün, İsveçrə qanunvericiliyinə əsasən, səmərəli hüquq müdafiə vasitəsinin olub-olmadığı müəyyənləşdirilməlidir.
210. Məhkəmə bildirir ki, ərizəçi adının Taliban Fərmanına əlavə edilmiş siyahıdan çıxarılması üçün milli məhkəmələrə müraciət edə bilərdi və bu yolla onun Konvensiyaya əsasən etdiyi şikayətləri təmin oluna bilərdi. Lakin, həmin məhkəmələr ərizəçinin, Konvensiya ilə müəyyən olunan hüquqlarının iddia olunan pozuntuları ilə bağlı şikayətlərinə mahiyyəti üzrə baxmadı. O cümlədən, Federal Məhkəmə hesab etdi ki, o, İsveçrənin Təhlükəsizlik Şurasının qətnamələrinə tabe olub-olmadığına baxa bilsə də, ərizəçiyə qarşı tətbiq olunan sanksiyaları, onların insan hüquqlarına hörmət etmədiyinə əsaslanaraq, götürə bilməz (bax yuxarıda bənd 50).
211. Bundan başqa, Federal Məhkəmə açıq şəkildə etiraf etdi ki, BMT səviyyəsində siyahıdan çıxarılma proseduru, hətta son qətnamələrlə təkmilləşdirildikdən sonra da, Konvensiyanın 13-cü Maddəsi ilə müəyyən olunan mənada səmərəli hüquq müdafiə vasitəsi hesab oluna bilməz (elə orada).
212. Məhkəmə daha sonra ABƏM-nin qərarına istinad edir ki: “mübahisəli normanın əsas hüquqlar əsasında daxili qanuniliyinə məhkəmə qaydasında yenidən baxılmasının həmin normanın Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII Fəslinə əsasən qəbul olunmuş qətnaməsinin icra olunması məqsədi daşıması əsas gətirilərək istisna olunması BMT-nin müəyyən etdiyi beynəlxalq hüququn prinsiplərinin nəticəsi deyil” (bax ABƏM-nin Kadi işi üzrə qərarı, § 299, bax yuxarıda bənd 86). Məhkəmə hesab edir ki, eyni əsaslandırma, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), hazırkı işdə də, daha dəqiq desək, İsveçrə məhkəmələrinin Taliban Fərmanının Konvensiya ilə uyğunluğuna yenidən baxmasına da tətbiq olunmalıdır. Məhkəmə daha sonra bildirdi ki, Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən olunan heç nə, İsveçrə dövlətinin, həmin qətnamələrə əsasən milli səviyyədə qəbul olunmuş normaların yoxlanması üçün mexanizmlər müəyyən etməsinə mane olmurdu.
213. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, ərizəçinin, adının Taliban Fərmanına əlavə edilmiş siyahıdan çıxarılması üçün heç bir səmərəli vasitəsi yox idi və buna görə də Konvensiyanın iddia olunan pozuntuları ilə bağlı hüquq müdafiə vasitəsi olmamışdır (bax, mutatis mutandis, Lord Hope, Ahmed və başqaları işi üzrə qərarın əsas hissəsində, §§ 81-82, yuxarıda bənd 96).
214. Bununla da, Məhkəmə Hökumətin daxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı qaldırdığı ilkin etirazı təmin etmir və mahiyyəti üzrə qərara gəlir ki, 8-ci Maddə ilə birlikdə 13-cü Maddə də pozulmuşdur.
IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI İLƏ BAĞLI
215. Ərizəçi Konvensiyanın 5 § 1-ci Maddəsinə əsaslanaraq iddia etdi ki, adının Sanksiyalar Komitəsinin siyahısında olması səbəbi ilə İsveçrəyə daxil olmasının və ya oradan keçməsinin qarşısını almaqla İsveçrə dövləti onu azadlığından məhrum etmişdir. O, 5 § 4-cü Maddəyə əsasən şikayət etdi ki, dövlət onun hərəkət azadlığına qarşı məhdudiyyətlərin qanuniliyinə baxmamışdır. Həmin müddəalar aşağıdakı kimi müəyyən olunur:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
(b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
(d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
(e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;
...
4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
...”
1. Tərəflərin və üçüncü tərəflərin təqdimatları
(a) Hökumət
216. Hökumət, Guzzardi İtaliyaya qarşı (Guzzardi v. Italy) (6 noyabr 1980-ci il, Seriya A no. 39) və S.F. İsveçrəyə qarşı (S.F. v. Switzerland) (no. 16360/90, Komissiyanın 2 mart 1994-cü il tarixli qərarı, Qərarlar və Hesabatlar 76-B, pp. 13 et seq.) işlərinə istinad edərək iddia etdi ki, hazırkı işdə heç bir “azadlıqdan məhrumetmə” olmayıb. Hökumət qeyd etdi ki, sözügedən tədbirin məqsədi ərizəçini Campione d’Italia ərazisinə qapamaq olmamışdır. Ona qarşı yalnız İsveçrəyə giriş və oradan tranzit qadağası tətbiq olumuşdur. Mübahisələndirilən tədbirin ərizəçinin hərəkət azadlığını məhdudlaşdırması yalnız ərizəçi ilə bağlı məsələdir, çünki, o, İsveçrə ərazisi ilə əhatə olunmuş bir İtalyan anklavında yaşamağı seçmişdir. Nə BMT tərəfindən müəyyənləşdirilən sanksiyalar, nə də həmin sanksiyaların İsveçrə dövləti tərəfindən həyata keçirilməsi ərizəçini Campione d’Italia-nın rezidenti kimi qalmağa məcbur etməmişdir. Buna görə də o, istənilən vaxt İtaliyanın başqa bir hissəsinə köçməsinə icazə verilməsi üçün müraciət edə bilərdi.
217. Tədbirin qüvvəsinə və şərtlərinə gəldikdə isə, Hökumət bildirdi ki, ərizəçi (nəzəri olsa da,) İsveçrəyə giriş və oradan tranzit qadağasından başqa heç bir məhdudiyyətə məruz qalmamaışdır. O cümlədən o, İsveçrə hakimiyyətinin nəzarəti altında deyildi, heç bir spesifik öhdəlikləri yox idi və istədiyi qədər ziyarətçilər qəbul edə bilərdi. O, həmçinin, istənilən vaxt sərbəst şəkildə öz vəkili ilə görüşə bilirdi. Hökumət daha sonra qeyd etdi ki, Campione d’Italia və İsveçrə arasındakı sərhəddə patrul nəzarəti yox idi və buna görə də İsveçrəyə giriş qadağası ərizəçi tərəfindən fiziki maneə kimi görülə bilməzdi.
218. Bu səbəblərdən Hökumət iddia etdi ki, mübahisələndirilən tədbir 5-ci Maddənin 1-ci bəndi ilə müəyyən olunan mənada azadlıqdan məhrumetmə hesab oluna bilməz.
(b) Ərizəçi
219. Ərizəçi iddia etdi ki, hazırkı iş S.F. İsveçrəyə qarşı işi (yuxarıda istinad edilib) ilə müqayisə oluna bilməz. Həmin işdə Komissiya ərizəçinin 5-ci Maddəyə əsaslanan, bir neçə il Campione d’Italia-nı tərk etməyə ixtiyarının olmaması ilə bağlı şikayətini qəbuledilməz elan etmişdi. Birincisi, ərizəçinin işində onun ərazini tərk edə bilməməyinin səbəbi cinayət işi üzrə məhkumluğun nəticəsi deyil və ikincisi isə S.F. işindəki ərizəçidən fərqli olaraq, hazırkı işdə ərizəçi sözügedən məhdudiyyətləri ədalət mühakiməsi kontekstində mübahisələndirə bilməmişdir.
220. Ərizəçi Campione d’Italia-nı tərk etməsi üçün heç bir fiziki maneənin olmaması ilə bağlı faktı mübahisələndirmədi, lakin qeyd etdi ki, İsveçrə ilə sərhəddə ara-sıra yoxlamalar keçirilirdi və bu cür yoxlamalar nəticəsində onun girişinə qadağa qoyulmuş ölkəyə girməyə cəhd etdiyi aşkar olunardısa ona qarşı ağır cərimələr tətbiq edilə bilərdi.
221. Ərizəçi qeyd etdi ki, Campione d’Italia-nın ərazisi 1.6 kvadrat km idi və onun sərbəst hərəkət edə biləcəyi sahə hətta Guzzardi (yuxarıda istinad edilib) işindəki, 2.5 kvadrat km-lik adada olan ərizəçinin sahəsindən də az idi.
222. Bundan başqa, ərizəçi qeyd etdi ki, Federal Məhkəmə özü də qəbul etmişdir ki, həmin məhdudiyyətlər faktiki olaraq ev dustaqlığına bərabər idi. Bütün bu səbəblərdən, ərizəçi iddia etdi ki, 5 § 1 Maddə onun işinə tətbiq oluna bilər.
(c) Fransa Hökuməti
223. Üçüncü tərəf kimi çıxış edən Fransa Hökuməti hesab etdi ki, Konvensiyanın 5-ci Maddəsi hər hansı bir əraziyə daxil olmasına və ya oradan keçməsinə icazə veriməmiş şəxsin vəziyyətində tətbiq oluna bilməz və hazırkı işdə ərizəçinin Ticino Kantonu (Canton of Ticino) daxilində olan İtalyan anklavında yaşamasından irəli gələn xüsusi hallar, həmin müddəanın mahiyyəti əsaslı şəkildə təhrif olunmadan, bu qiymətləndirməni dəyişdirə bilməz.
2. Məhkəmənin qiymətləndirməsi
224. Məhkəmə bir daha vurğulayır ki, 5-ci Maddə əsas insan hüququnu, daha dəqiq desək fərdin, onun azadlıq hüququna Dövlətin qanunsuz müdaxiləsindən qorunmasını müəyyən edir. 5-ci Maddənin mətnindən aydın görünür ki, orada müəyyən olunan təminatlar “hər kəs”ə şamil olunur. 5 § 1-ci Maddənin (a) -dan (f)-ədək olan alt-bəndləri şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verən məhdud əsasları müəyyən edir. Azadlıqdan məhrumetmə yalnız o halda 5 § 1-ci Maddəyə uyğundur ki, o sadalanan bu əsaslardan birinə uyğun olsun və ya Konvensiyanın 15-ci Maddəsinə əsasən qanuni məhdudiyyət kimi təmin olunsun ki, həmin maddəyə əsasən Razılığa gələn Dövlət “müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı” 5-ci Maddə üzrə öhdəliklərindən “yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə” geri çəkilən tədbirlər görə bilər (bax, Al-Jedda, yuxarıda istinad edilib, § 99; A. və Başqaları Birləşmiş Krallığa qarşı (A. and Others v. the United Kingdom) [GC], no. 3455/05, §§ 162-163, ECHR 2009; və İrlandiya Birləşmiş Krallığa qarşı (Ireland v. the United Kingdom), yuxarıda istinad edilib, § 194).
225. 5 § 1-ci Maddə hərəkət azadlığının adi məhdudlaşdırılması haqqında deyil, həmin məhdudiyyət İsveçrənin ratifikasiya etmədiyi 4 Saylı Protokolun 2-ci Maddəsi ilə nizamlanır. Kiminsə 5-ci Maddə ilə müəyyən olunan mənada “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirmək üçün ilk başlanğıc olaraq həmin şəxsin konkret vəziyyətinə baxılmalı və sözügedən məhdudlaşdırma tədbirinin növü, müddəti, təsirləri və həyata keçirilmə formaları kimi bir sıra kriteriyalar nəzərə alınmalıdır. Azadlıqdan məhrumetmə ilə azadlığın məhdudlaşdırılması arasında fərq onların xarakterinə və ya mahiyyətində deyil, dərəcəsəində və ya gərginliyindədir (bax Austin və Başqaları Birləşmiş Krallığa qarşı (Austin and Others v. the United Kingdom) [GC], nos. 39692/09, 40713/09 və 41008/09, § 57, 15 mart 2012-ci il; Stanev Bolqarıstana qarşı (Stanev v. Bulgaria) [GC], no. 36760/06, § 115, 17 yanvar 2012-ci il; Medvedyev və Başqaları Fransaya qarşı (Medvedyev and Others v. France) [GC], no. 3394/03, § 73, ECHR 2010; Guzzardi, yuxarıda istinad edilib, §§ 92-93; Storck Almaniyaya qarşı (Storck v. Germany), no. 61603/00, § 71, ECHR 2005‑V; və Engel və Başqaları Niderlanda qarşı (Engel and Others v. the Netherlands), 8 iyun 1976-cı il, § 59, Seriya A no. 22).
226. Məhkəmə daha sonra hesab edir ki, sözügedən məhdudlaşdırma tədbirinin “növünün” və “həyata keçirilmə formasının” nəzərə alınması tələbi (bax Engel və Başqaları, § 59, və Guzzardi, § 92, hər ikisinə yuxarıda istinad edilib) kameraya salmaqla məhdudlaşdırmaq paradiqmasından başqa məhdudiyyət növlərinin də spesifik kontekstini və şərtlərini nəzərə almağa imkan verir (bax, misal üçün, Engel və Başqaları, § 59, və Amuur, § 43, hər ikisinə yuxarıda istinad edilib). Əslində, tədbirin görüldüyü kontekst vacib faktordur, çünki müasir cəmiyyətdə adətən elə vəziyyətlər olur ki, ictimaiyyət ümumi maraqlar naminə hərəkət azadlığının və ya azadlığın məhdudlaşdırılmasına dözməyə çağırılır (bax, mutatis mutandis, Austin və Başqaları, yuxarıda istinad edilib, § 59).
227. Məhkəmə bildirir ki, ərizəçi, 5-ci Maddənin hazırkı işə tətbiq olunması barədə arqumentini müdafiə etmək üçün xüsusən də yuxarıda istinad edilən Guzzardi işinə əsaslanırdı. Həmin iş üzrə ərizə “mafiya bandasına” məxsus olmaqda şübhəli bilinərək (hasarlanmamış) 2.5 kvadrat km-lik ərazidən ibarət adada eyni vəziyyətdə olan başqa sakinlərlə və nəzarətçilərlə birlikdə yaşamağa məcbur edilmiş şəxs tərəfindən təqdim olunmuşdu. Həmin iş üzrə Məhkəmə müəyyən etdi ki, ərizəçi 5-ci Maddə ilə müəyyən olunan mənada “azadlıqdan məhrum edilmişdir” və buna görə də ərizəçi həmin maddə ilə müəyyən olunan təminatlara əsaslana bilər (həmçinin bax Giulia Manzoni İtaliyaya qarşı (Giulia Manzoni v. Italy), 1 iyul 1997-ci il, §§ 18-25, Hesabatlar 1997‑IV).
228. Bunun əksinə, ərizəçinin bir neçə il ərzində Campione d’Italia-nı tərk etməsinə icazə verilmədiyindən şikayət etdiyi S.F. İsveçrəyə qarşı işində (yuxarıda istinad edilib) Komissiya 5-ci Maddənin həmin işə tətbiq olunmadığını müəyyən edərək, şikayəti qəbuledilməz elan etmişdi. Hazırkı işdə Böyük Palata aşağıdakı əsaslarla sonuncu yanaşmanın tətbiq edilməsini münasib hesab edir.
229. Ərizəçinin konkret vəziyyətində, Məhkəmə məhdudiyyətlərin müddətinin əhəmiyyətli dərəcədə uzun olduğunu qəbul edir. Bununla belə, bildirir ki, ərizəçinin getməyinə icazə verilmədiyi ərazi üçüncü ölkənin, İsveçrənin ərazisidir və beynəlxalq hüquqa əsasən həmin ölkənin əcnəbinin öz ərazisinə daxil olmasına icazə verməmək hüququ var (bax yuxarıda bənd 164). Sözügedən məhdudiyyətlər ərizəçinin yaşamağı və fəaliyyət göstərməyi öz azad iradəsi əsasında seçdiyi daimi rezidenti olduğu ərazi çərçivəsində sərbəst yaşamasına və hərəkətinə mane olmurdu. Məhkəmə hesab edir ki, bu şərtlər altında, onun işi Guzzardi (yuxarıda istinad edilib) işindəki faktiki vəziyyətdən radikal dərəcədə fərqlənir və ərizəçinin məruz qaldığı qadağa Konvensiyanın 5-ci Maddəsi ilə müəyyən olunan məsələ deyil.
230. Məhkəmə daha sonra qəbul edir ki, Campione d’Italia kiçik ərazini əhatə edir. Lakin, Məhkəmə bildirir ki, ərizəçi sözün ciddi mənasında nə məhbəs vəziyyətində olmuşdur, nə də həqiqi mənada ev dustaqlığında: ona sadəcə müəyyən bir əraziyə daxil olmaq və oradan keçmək qadağan olunmuşdur ki, bunun da nəticəsində də o, anklavı tərk edə bilməmişdir.
231. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçi, İsveçrə Hökumətinin ərizəçinin İsveçrənin dövlət orqanları tərəfindən heç bir yoxlamaya məruz qalmadığı və müntəzəm olaraq polisə hesabat verməli olmadığı barədə bildirdiklərini mübahisələndirməmişdir (ziddiyyət Guzzardi, yuxarıda istinad edilib, § 95). Bundan başqa, ərizəçinin ailəsi, həkimləri və ya vəkilləri də daxil olmaqla ziyarətçiləri qəbul etməsinə də heç bir məhdudiyyət qoyulmamışdı (elə orada).
232. Nəhayət, Məhkəmə qeyd edir ki, sanksiyalar rejimi ərizəçinin giriş və ya tranzit qadağasından azadolmalar əldə etmək üçün səy göstərməsinə imkan verirdi və əslində ona iki dəfə bu cür azadolmalar verilsə də o, bunlardan istifadə etmədi.
233. Hazırkı işin bütün hallarını nəzərə alaraq və öz presedent hüququna uyğun olaraq, Federal Məhkəmə kimi (bax yuxarıda bənd 48), Məhkəmə də qərara gəlir ki, İsveçrəyə daxil olmasını və oradan keçməsini qadağan edən tədbirlə ərizəçi 5§1–ci Maddə ilə müəyyən olunan mənada “azadlıqdan məhrum edilməmişdir”.
234. Bu o deməkdir ki, 5-ci Maddə üzrə verilən şikayətlər əsassızdır və Konvensiyanın 35-ci Maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
V. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI İLƏ BAĞLI
235. Məhkəmə tərəfindən 5-ci və 8-ci Maddəyə əsaslanan şikayətlər üzrə baxılmış arqumentlərə əsaslanaraq, ərizəçi 3-cü Maddəyə zidd olan rəftar barədə də şikayət etdi. O, iddia etdi ki, onun məscidə getmək üçün Campione d’Italia anklavını tərk edə bilməməsi onun 9-cu Maddə ilə müəyyən olunan din və ya inanc azadlığını pozmuşdur.
236. Əlində olan bütün materialları nəzərə alaraq və hətta bu şikayətlərin tələb olunan qaydada milli məhkəmələr qarşısında da qaldırılmış olduğunu güman edərək, Məhkəmə Konvensiyanın 3-cü və 9-cu Maddələrinin hər hansı pozuntusunu müəyyən etmədi.
237. Bu o deməkdir ki, ərizənin bu hissəsi əsassız olduğundan Konvensiyanın 35-ci Maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI
238. Konvensiyanin 41-ci Maddəsi aşağıdakı kimi müəyyən olunur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
239. Ərizəçi maddi və ya qeyri-maddi zərərlə bağlı heç bir iddia irəli sürmədi.
240. Uyğun olaraq, bununla bağlı hər hansı təzminatın müəyyən olunması da tələb olunmur.
B. Xərclər və məsrəflər
241. Xərclər və məsrəflərlə bağlı, ərizəçi, Məhkəmə qarşısındakı icraatla əlaqədar vəkillərinin xidmət haqqı üçün 75,000 funt sterlinqin (GBP) və bu məbləğə görə Əlavə Dəyər Vergisinin, vəkilinin Campione d’Italia-ya gəlməsi ilə əlaqədar çəkdiyi məsrəflərə, telefon danışıqlarına və ofis məsrəflərinə görə isə 688.22 Avro (EUR) ödənilməsini tələb etdi.
242. Hökumət bildirdi ki, ərizəçi Londonda fəaliyyət göstərən vəkil tərəfindən təmsil olunmağı seçmişdir ki, həmin vəkilin də saat hesabı xidmət haqqı tarifi İsveçrənin orta tarif dərəcəsi ilə müqayisədə çox yüksəkdir və bu seçim nəticəsində əhəmiyyətli dərəcədə çox nəqliyyat xərcləri də yaranmışdır. Hökumət öz təqdimatlarında bildirdi ki, hətta əgər hazırkı işin ərizəçinin iddia etdiyi dərəcədə qəliz iş olduğu qəbul edilsə də, saatların hesab-fakturada göstərilən miqdarı həddindən artıq çoxdur. Nəticə etibarilə, Hökumət bildirdi ki, ərizənin təmin olunacağı təqdirdə 10,000 İsveçrə frankından (CHF) artıq olmayan məbləğ ədalətli olardı.
243. Məhkəmə vurğulayır ki, əgər Konvensiyanın pozulmuş olduğunu müəyyən edərsə, o, ərizəçiyə, pozuntunun qarşısının alınması və ya pozulmuş hüquqların bərpası üçün milli məhkəmələr qarşısındakı icraatlarla bağlı çəkilən xərclərin və məsrəflərin ödənilməsi qərarını verə bilər (bax Neulinger və Shuruk, yuxarıda istinad edilib, § 159). Bundan başqa, bu cür xərclər və məsrəflər həqiqətən və zəruri olaraq çəkilmiş və kəmiyyətcə ağlabatan olmalıdır (elə orada).
244. Məhkəmə, ərizəçinin Britaniyalı vəkil tərəfindən təmsil olunmaqla bağlı seçiminin nəticələrinə görə də ərizəçinin özünün məsuliyyət daşımalı olduğu barədə Hökumətin fikri ilə razılaşmadığını bildirdi. Bununla əlaqədar qeyd etdi ki, Məhkəmə Reqlamentinin 36 § 4 (a) Qaydasına əsasən ərizəçinin nümayəndəsi “Razılığa gələn Tərəflərdən hər hansı birində fəaliyyət göstərməyə icazəsi olan və onlardan birinin ərazisində rezident olan bir vəkil” olmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, hazırkı işdə təqdim olunan şikayətlərdən yalnız Konvensiyanın 8 və 13-cü Maddələr üzrə pozuntu müəyyən edilmişdir. Ərizənin qalan hissəsi qəbuledilməzdir. Buna görə də ərizəçi tərəfindən iddia olunan məbləğ həddindən artıqdır.
245. Nəticə etibarilə, Məhkəmə əlində olan materialları və yuxarıda müəyyən olunmuş kriteriyaları nəzərə alaraq, ərizəçinin Məhkəmə icraatları ilə əlaqədar çəkdiyi xərclərə və məsrəflərə görə ona 30,000 Avro (EUR) ödənilməsinin ağlabatan olduğunu müəyyən edir edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
246. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizənin ratione personae baxımdan Konvensiyaya uyğun olmaması və ərizəçinin qurban statusuna malik olmaması ilə bağlı Hökumətin təqdim etdiyi ilkin etirazları rədd edir;
2. Ərizənin ratione personae baxımdan Konvensiyaya uyğun olmaması ilə bağlı Hökumətin ilkin etirazını işin mahiyyəti ilə birləşdirir;
3. 5 və 8-ci Maddələr əsasında təqdim olunan şikayətlər üzrə dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı Hökumətin ilkin etirazını rədd edir və bu etirazı 13-cü Maddə üzrə olan şikayətin mahiyyəti ilə birləşdirir;
4. 8 və 13-cü Maddələr üzrə şikayətləri qəbuledilən, ərizənin qalan hissəsini isə qəbuledilməz elan edir;
5. Ərizənin ratione personae baxımdan Konvensiyaya uyğun olmaması ilə bağlı Hökumətin ilkin etirazını rədd edir və qərara gəlir ki, Konvensiyanın 8-ci Maddəsi pozulmuşdur;
6. 13-cü Maddəyə əsasən edilmiş şikayət üzrə dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı Hökumətin ilkin etirazını rədd edir və qərara gəlir ki, Konvensiyanın 13-cü Maddəsi 8-ci Maddə ilə birlikdə pozulmuşdur;
7. Qərara alır ki:
(a) cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə xərclərə və məsrəflərə görə 30,000 (otuz min) AVRO və həmin məbləğ üzrə ərizəçidən tutula bilən hər hansı vergini ödəməlidir ki, bunlar qərarın icra olunduğu tarixin məzənnəsi əsasında cavabdeh Dövlətin valyutasına çevrilməlidir;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
8. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 12 sentyabr 2012-ci il tarixində Strasburqda, İnsan Hüquqları Binasında keçirilən açıq məhkəmə iclasında təqdim olunmuşdur.
Michael O’BoyleNicolas Bratza
Katibin MüaviniSədr
Konvensiyanın 45§ 2-ci Maddəsinə və Məhkəmə Reqlamentinin 74§2-ci Qaydasına uyğun olaraq aşağıdakı ayrıca rəylər bu qərara əlavə edilir:
(a) Hakimlər Bratza, Nicolaou və Yudkivska-nın birgə ayrıca rəyi;
(b) Hakim Rozakis-in Hakimlər Spielmann və Berro-Lefèvre-nin də qoşulduqları ayrıca rəyi;
(c) Hakim Malinverni-nin ayrıca rəyi.
N.B.
M.O’B
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy