© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ haqqında 155 Saylı Məlumat sənədi
Avqust-sentyabr 2012-ci il
Nada İsveçrəyə qarşı (Nada v. Switzerland)[GC] - 10593/08
Qərar 12.9.2012 [GC]
Maddə 8
Maddə 8-1
Ailə həyatına hörmət
Şəxsi həyata hörmət
BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrini icra edən qanunvericiliyə əsasən anklavı əhatə edən ölkədən keçməyə qoyulan qadağa: pozuntu
Maddə 1
Dövlətlərin yurisdiksiyası
BMT-nin Təhlükəsizlik Şurasının Qətnaməsinin cavabdeh Dövlət tərəfindən icra olunması nəticəsində hərəkət etməsinə imkan verilməyən anklav ərazisinin rezidenti ilə bağlı yurisdiksiya
Maddə 5
Maddə 5-1
Azadlıqdan məhrumetmə
Anklavı əhatə edən ölkədən keçməyə qoyulan qadağa: qəbuledilməz
Faktlar – İsveçrənin Federal Taliban Fərmanı
Faktlar – BMT-nin Təhlükəsizlik Şurasının bir neçə Qətnaməsinə əsasən İsveçrədə Federal Taliban Fərmanı qəbul edildi. Misir vətəndaşı olan ərizəçinin adı BMT Təhlükəsizlik Şurasının Sanksiyalar Komitəsinin Taliban və əl-Qaeda ilə əlaqəli olmaqda şübhəli bilinən şəxslərin siyahısına (“siyahı”) salınmış olduğundan, Həmin Fərman ərizəçinin İsveçrəyə daxil olmasına və ya oradan keçməsinə imkan vermirdi. Ərizəçi ərazisi təxminən 1.6 kvadrat kilometr olan, İsveçrənin Ticino Kantonu ilə əhatə olunan və İtaliyanın qalan hissəsi ilə göl vasitəsi ilə ayrılan İtalyan anklavı Campione d’Italia-da yaşayırdı. Ərizəçi iddia etdi ki, məhdudiyyət onun anklavı tərk etməsini və bununla da dostlarını və ailəsini görməsini çətinləşdirmiş və sağlamlıq problemləri ilə bağlı lazımi tibbi müalicə ala bilmədiyindən ona əziyyət vermişdir. Hətta İsveçrə müstəntiqləri ərizəçiyə qarşı olan ittihamları əsassız hesab etdikdən sonra da, ərizəçinin adının Fərmandan çıxarılması çətin idi.
Hüquqi məsələlər
(a) İlkin etirazlar – Cavabdeh Dövlət iddia etdi ki, bir neçə səbəbdən, daha dəqiq desək, ərizə ratione personae və ratione materiae baxımdan Konvensiyaya uyğun olmadığından, ərizəçi “qurban” statusuna malik olmadığından və ərizəçi daxili hüquq müdafiə vasitələrini tükəndirmədiyindən, ərizə qəbul edilməməlidir. Məhkəmə ratione materiae baxımdan uyğunluq məsələsinə baxılmasını işin mahiyyəti ilə birləşdirdi. Qalan ilkin etirazlara gəldikdə isə Məhkəmə aşağıdakıları müəyyən etdi:
(i) Ratione personae baxımdan uyğunluq: Məhkəmə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üçün BMT-nin üzv dövlətləri tərəfindən görülən tədbirlərin cavabdeh Dövlətə deyil, bu təşkilata aid olması ilə bağlı arqumenti dəstəkləyə bilmədi. Mübahisələndirilən hərəkətlərin və hərəkətsizliklərin BMT-nin orqanlarına aid olduğu Behrami və Behrami Fransaya qarşı,* işindəki mövqedən fərqli olaraq, hazırkı işdəki müvafiq qətnamələr Dövlətlərdən öz adlarından hərəkət etməyi və qətnamələri dövlət səviyyəsində icra etməyi tələb edirdi. Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunan tədbirlər dövlət səviyyəsində Federal Şuranın Fərmanı ilə icra olunmuş və ərizəçinin İsveçrə ərazisinə daxil olmaq qadağasından azadolma ilə bağlı müraciətləri İsveçrənin dövlət orqanları tərəfindən rədd edilmişdi. Buna görə də, sözügedən hərəkətlər və hərəkətsizliklər İsveçrəyə aiddir və onun məsuliyyətini yarada bilər.
Nəticə: ilkin etiraz rədd edildi (yekdilliklə).
(ii) Qurban statusu: Altı il tətbiq olunduqdan sonra sanksiyaların götürülməsi Hökumət tərəfindən Konvensiyanın pozulmasının etiraf edilməsi hesab oluna bilməz və sanksiyaların götürülməsndən sonra Məhkəmənin presedent hüququ ilə müəyyən olunan mənada, pozulmuş hüquqların bərpası da həyata keçirilməmişdir. Buna görə də, ərizəçi hələ də iddia olunan pozuntuların qurbanı olduğunu iddia edə bilər.
Nəticə: ilkin etiraz rədd edildi (yekdilliklə).
(iii) Daxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi: Məhkəmə qeyd etdi ki, ərizəçi sanksiyalar rejimindən azadolmanın verilməsi üçün etdiyi müraciətlərin rədd edilməsini mübahisələndirməmişdir və ərizəçi iki halda ona verilmiş azadolmalardan istifadə etməmişdir. Bununla belə, hətta həmin azadolmaların, ərizəçiyə müəyyən səbəblərlə əlaqədar anklavı tərk etməyə icazə verməklə, sanksiyalar rejiminin müəyyən təsirlərini yüngülləşdirdiyi zənn edilsə də, Məhkəmə hesab etdi ki, azadolmalar məsələsi, əsası İsveçrə hakimiyyəti tərəfindən ərizəçinin adının Taliban Fərmanına əlavə edilmiş və BMT-nin siyahısına əsaslanan siyahıya salınmasından ibarət olan, daha geniş vəziyyətin bir hissəsidir. Ərizəçinin adının siyahıdan çıxarılması üçün dövlət orqanlarına çox sayda uğursuz müraciətlər etmiş olduğunu və Federal Məhkəmənin ərizəçinin Konvensiyaya əsasən etdiyi şikayətlərinin mahiyyətinə baxmadan onun apelyasiya şikayətini rədd etdiyini qeyd edərək, Məhkəmə hesab etdi ki, ərizəçi Konvensiyanın 5-ci və 8-ci Maddələrinə əsasən etdiyi şikayətləri üzrə sanksiyalar rejimi ilə bağlı bütün daxili hüquq müdafiə vasitələrini tükəndirmişdir. Məhkəmə ərizəçinin 13-cü Maddəyə əsasən verdiyi şikayət üzrə daxili hüquq müdafiə vasitələrini tükəndirməmiş olduğu ilə bağlı etirazı işin mahiyyəti ilə birləşdirdi.
Nəticə: ilkin etiraz rədd edildi (yekdilliklə).
(b) Mahiyyəti üzrə – Maddə 8: Sözügedən tədbirlər ərizəçini altı ildən artıq müddətdə qapanmış ərazidə saxlamış və ona İtaliyada və ya İsveçrədəki həkimləri ilə məsləhətləşməyə və ya dostlarına və ailəsinə baş çəkməyə imkan verməmişdir və ya ən azından bunu daha da çətinləşdirmişdir. Bununla da, ərizəçinin şəxsi həyat və ailə həyatı hüquqlarına müdaxilə edilmişdir. Tədbirlərin kifayət qədər hüquqi əsası var idi və cinayətin qarşısının alınması və milli təhlükəsizlik və ictimai təhlükəsizliyin qorunması kimi legitim məqsədlər daşıyırdı.
Məhkəmə daha sonra müdaxilənin əsaslandırılıb-əsaslandırılmadığına baxdı. Məhkəmə təkrar vurğuladı ki, Razılığa gələn Tərəf Konvensiyanın 1-ci Maddəsinə uyğun olaraq, bütün orqanlarının hərəkətlərinə və hərəkətsizliklərinə görə, sözügedən hərəkət və ya hərəkətsizliyin dövlətdaxili hüququn və ya beynəlxalq hüquqi öhdəliklərə əməl etmək zərurətinin nəticəsi olub-olmamasından asılı olmayaraq, məsuliyyət daşıyır. Məhkəmə Konvensiya və Təhlükəsizlik Şurasının qətnamələri arasındakı münasibətə baxarkən, Al-Jedda Birləşmiş Krallığa qarşı** işində müəyyən etdi ki, elə bir prezumpsiya olmalıdır ki, Təhlükəsizlik Şurasının niyyəti Üzv Dövlətlərin üzərinə insan hüquqlarının əsas prinsiplərini pozmaq öhdəliyi qoymaq deyil və Təhlükəsizlik Şurası Dövlətlərdən onların beynəlxalq insan hüquqlarından irəli gələn öhdəlikləri ilə toqquşacaq ayrıca tədbirlər görməyi tələb etdikdə, aydın və dəqiq dildən istifadə etməlidir. Lakin, 1390 (2002) saylı Qətnamə açıq şəkildə Dövlətlərdən həmin siyahıda olan şəxslərin öz ərazilərinə daxil olmasının və ya oradan keçməsinin qarşısını almağı tələb etdiyindən, bu prezumpsiya hazırkı işə şamil olunmur.
Buna baxmayaraq, BMT Nizamnaməsi Təhlükəsizlik Şurası tərəfindən VII Fəslə əsasən qəbul olunmuş qətnamələrin icrası ilə əlaqədar Dövlətlər üçün xüsusi bir model müəyyənləşdirmir, lakin bunun əvəzində, onlara qətnamələrin öz dövlətdaxili qanunvericiliklərinə transformasiyası üçün müxtəlif mümkün modellər arasında azad seçim etmək imkanı verir. Buna uyğun olaraq da, İsveçrə müvafiq məcburi hüquqi qüvvəyə malik qətnamələri icra edərkən məhdud, lakin real sərbəstliyə malik idi. Məhkəmə daha sonra, İsveçrə hakimiyyəti tərəfindən görülən tədbirlərin bu sərbəstlik baxımından mütənasib olub-olmadığına baxdı. Məhkəmə təəccübləndi ki, İsveçrə hökuməti 2009-cu ilin sentyabrınadək Sanksiyalar Komitəsinə Federal Prokurorun 2005-ci ilin mayında ərizəçiyə qarşı ittihamların əsassız olması barədə verdiyi qərar barədə məlumat verməmişdir: istintaq orqanlarının gəldiyi nəticələr barədə daha tez məlumat verilsəydi, nəticə etibarilə, ərizəçinin adı BMT-nin siyahısından əhəmiyyətli dərəcədə daha əvvəl çıxarıla bilərdi. Qadağanın miqyasına gəldikdə isə, o, ərizəçinin təkcə İsveçrəyə daxil olmasına deyil, həm də ümumiyyətlə Campione d’Italia-nın anklav olduğunu nəzərə alsaq, hətta vətəndaşı olduğu İtaliyanın hər hansı başqa hissəsinə getmək üçün də, onu tərk etməsinə imkan vermirdi. İşin həm də bir tibbi aspekti var idi ki, o da lazımınca qiymətləndirilməli idi: 1931-ci il təvəllüdlü və səhhətində problemlər olan ərizəçinin giriş və tranzit qadağasından tibbi əsaslarla və ya məhkəmə icraatları ilə əlaqədar azadolmanın verilməsi üçün etdiyi bir neçə müraciəti rədd edilmişdi. İsveçrə hökuməti ərizəçinin xüsusi vəziyyətini nəzərə alaraq ona daha geniş azadolmanın verilməsi üçün hər hansı köməklik də təklif etmədi. İsveçrə ərizəçinin vətəndaşı və ya rezidenti olduğu Dövlət olmamaqla, ərizəçinin adının siyahıda olmasına görə həqiqətən də məsuliyyət daşımırdı, siyahıdan çıxarılmaq məqsədilə Sanksiyalar Komitəsinə müraciət etmək səlahiyyəti yox idi, lakin bu hərəkəti etmək üçün İtaliyanı həvəsləndirə və ya bu məqsədlə ona öz köməyini təklif edə bilərdi ki, bunu da etmədi. Məhkəmə bununla əlaqədar hesab etdi ki, hökumət işin reallıqlarını, xüsusilə də ərizəçinin unikal coğrafi vəziyyətini və məhdudiyyət tədbirlərinin əhəmiyyətli müddətini kifayət qədər nəzərə almamışdır. Cavabdeh Dövlət özünü Təhlükəsizlik Şurasının qətnamələrinin məcburi xarakterinə əsaslanmaqla məhdudlaşdıra bilməz və Məhkəməni inandırmalı idi ki, o, sanksiyalar rejiminin ərizəçinin fərdi vəziyyətinə uyğunlaşdırılması üçün bütün mümkün olan tədbirləri görüb və ya görməyə çalışıb. Həmin qərar, bir tərəfdən Konvensiyadan irəli gələn öhdəliklər, digər tərəfdən də BMT Nizamnaməsindən irəli gələn öhdəliklər arasındakı iyerarxiya ilə bağlı məsələni müəyyən edərkən, Məhkəməni iki hissəyə ayırdı. Cavabdeh Dövlət, fərqli hesab etdiyi öhdəliklərin ahəngləşdiməsi üçün mümkün olduğu qədər çalışdığını göstərə bilmədi. Buna görə də, ərizənin ratione materiae baxımdan Konvensiyaya uyğun olmadığı barədə hökumətin ilkin etirazı təmin edilmədi. İşin bütün hallarını nəzərə alsaq, ərizəçinin hərkət azadlığının əhəmiyyətli bir müddət ərzində məhdudlaşdırılması, ərizəçinin şəxsi və ailə həyatının qorunması hüququ ilə güdülən legitim məqsədlər arasında ədalətli tarazlaşdırmanın aparılmaması ilə, həyata keçirilmişdi.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 13: Məhkəmə bildirdi ki, ərizəçi adının siyahıdan çıxarılması üçün milli məhkəmələrə müraciət edə bilərdi və bununla onun Konvensiyaya əsasən etdiyi şikayətləri təmin oluna bilərdi. Lakin, həmin məhkəmələr onun şikayətlərinə şikayətlərin mahiyyətləri üzrə baxmadılar. O cümlədən, Federal Məhkəmə hesab etdi ki, o, İsveçrənin Təhlükəsizlik Şurasının qətnamələrinə tabe olub-olmadığına baxa bilsə də, ərizəçiyə qarşı tətbiq olunan sanksiyaları, onların insan hüquqlarına hörmət etmədiyinə əsaslanaraq, götürə bilməz. Bundan başqa, Federal Məhkəmə açıq şəkildə etiraf etdi ki, BMT səviyyəsində siyahıdan çıxarılma prosedura Konvensiyanın 13-cü Maddəsi ilə müəyyən olunan mənada səmərəli hüquq müdafiə vasitəsi hesab oluna bilməz.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 5 § 1: Məhdudiyyətlərin müddətinin əhəmiyyətli dərəcədə uzun olduğuna baxmayaraq, ərizəçinin getməyinə icazə verilmədiyi ərazi üçüncü ölkənin ərazisi idi və beynəlxalq hüquqa əsasən həmin ölkənin əcnəbinin öz ərazisinə daxil olmasına icazə verməmək hüququ var. Sözügedən məhdudiyyətlər ərizəçinin daimi rezidenti olduğu ərazi çərçivəsində sərbəst yaşamasına və hərəkətinə mane olmurdu. Həmin ərazinin kiçik olmasına baxmayaraq, ərizəçi sözün həqiqi mənasında həbs vəziyyətində və ya ev dustaqlığı altında deyildi. Sanksiyalar rejimi ərizəçinin giriş və ya tranzit qadağasından azadolmalar əldə etmək üçün səy göstərməsinə imkan verirdi və əslində ona iki dəfə bu cür azadolmalar verildi (lakin o, bunlardan istifadə etmədi). Buna görə də, ərizəçi 5§1–ci Maddə ilə müəyyən olunan mənada “azadlıqdan məhrum edilməmişdir”.
Nəticə: qəbuledilməz (açıqcasına əsassız).
Maddə 41: Zərərlə bağlı heç bir iddia irəli sürülməmişdir.
* Behrami və Behrami Fransaya qarşı (Behrami and Behrami v. France) və Saramati Fransaya, Almaniyaya və Norveçə qarşı (Saramati v. France, Germany and Norway) (dec.) [GC], nos. 71412/01 və 78166/01, 2 may 2007-ci il, 97 saylı Məlumat (Information Note no. 97).
** Al Jedda Birləşmiş Krallığa qarşı (Al Jedda v. the United Kingdom) [GC], no. 27021/08, 7 iyul 2011-ci il, 143 saylı Məlumat (Information Note no. 143.)
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsi Məhkəmə üçün hüquqi qüvvəyə malik deyil
Click here for the Case-Law Information Notes
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy