İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
NATİQ MİRZƏYEV AZƏRBAYCANA QARŞI
(36122/06 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
22 noyabr 2011-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Natiq Mirzəyevin Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Anatoli Kovler,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibinin müavini - Andre Vampaş,
3 noyabr 2011-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, bu qərarı qəbul edir.
PROSES
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq bu iş vətəndaşlığı olmayan Natiq Fərhad oğlu Mirzəyevin (“ərizəçi”) Azərbaycana qarşı 18 avqust 2006-cı ildə təqdim etdiyi şikayət (no. 36122/06) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab E.Zeynalov, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi xüsusilə cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ağır olması və ona adekvat tibbi yardımın göstərilməməsini iddia etmişdir. O, həmçinin bildirmişdir ki, tibbi yardımın göstərilməməsi ilə bağlı Bayıl İstintaq Təcridxanasının rəhbərliyinə qarşı qaldırdığı iddia ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir.
4. 26 noyabr 2009-cu ildə Məhkəmə şikayətə baxılmasının qismən mümkünsüz olduğunu bəyan etmiş və ərizəçinin saxlanma şəraiti, tibbi yardımın göstərilməməsi və mülki məhkəmə proseslərinin ədalətsiz olması ilə bağlı şikayətlərini Hökumətə göndərmək barədə qərar qəbul etmişdir. O, həmçinin şikayətin məqbuliyyəti və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmağı qərara almışdır ( Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1971-ci ildə Bakıda anadan olmuşdur və hazırda Qobustan Həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkir.
A. Ərizəçinin cinayət məsuliyyəti məsələsi
6. Ərizəçi barəsində 1994-cü ildə törədilmiş bir sıra cinayət əməlləri, o cümlədən iki qətldə iştirakı ilə bağlı hüquq mühafizə orqanları tərəfindən axtarış elan edilmişdir.
7. 22 oktyabr 1998-ci ildə ərizəçi Rusiyada həbs edilmiş və 11 mart 1999-cu ildə Azərbaycana ekstradisiya olunmuşdur.
8. 24 yanvar 2000-ci ildə birinci instansiya məhkəməsi qismində çıxış edən Ali Məhkəmə ərizəçini iki adam öldürmə, bir neçə oğurluq, qanunsuz silah əldə etmə və satma, həmçinin xuliqanlıq cinayətləri törətməkdə ittiham edərək məhkum etmişdir. Bu cinayətlərə görə cəzalar birləşdirilərək ərizəçiyə əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.
B. Ərizəçinin saxlanma şəraiti
1. Saxlanma şəraitinin ərizəçi tərəfindən təsviri
9. Məhkum edildikdən sonra 2000-ci ilin yanvar ayında ərizəçi Bayıl İstintaq Təcridxanasının formal olaraq ölüm cəzasına məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş 5-ci korpusuna keçirilmişdir.
10. 5 yanvar 2001-ci ildə o, hazırda saxlandığı Bakı ətrafında yerləşən Qobustan Həbsxanasına keçirilmişdir. Ərizəçi başqa bir məhkumla ölçüləri 2,5 x 3,8 metr, hündürlüyü 3,5 metr olan kamerada saxlanılır. Kamerada iki çarpayı, balaca şkaf, balaca stol və döşəməyə bərkidilmiş iki skamya yerləşir. Sanitariya qovşağı kameranın digər hissəsindən ayrılır. Döşəmə və tavan müvafiq olaraq daşdan və betondandır. Kameranın içərisində temperatur yayda çox yüksək, qışda çox aşağıdır. Mərkəzi istilik sistemi mövcud olsa da, qənaətbəxş səviyyədə deyil.
11. Pəncərələrdə metal barmaqlıqlar mövcuddur və şüşə yoxdur, qışda şəffaf polietilen örtüklə bağlanır. İçəridə hava ağırdır və kamerada təbii hava dövriyyəsi yoxdur. Cəzaçəkmə müəssisəsində verilən yemək çox zaman aşağı keyfiyyətdə olur, tərkibində kifayət qədər ət və vitaminlər olmur, yemək çeşidləri müxtəlif deyil, monotondur.
2. Saxlanma şəraitinin Hökumət tərəfindən təsviri
12. Qobustan Həbsxanasına keçirildikdən sonra ərizəçi müvafiq olaraq 5-ci korpusun 150 nömrəli və 6-cı korpusun 184 nömrəli kameralarında saxlanılmışdır. 6 aprel 2005-ci ildən sonra o, 6-cı korpusun 188 nömrəli kamerasında saxlanılmışdır. Bütün bu kameralar iki nəfər üçün nəzərdə tutulmuşdur və ölçüsü 10 kvadrat metrdir.
13. Ərizəçinin saxlanma şəraiti bütün milli və beynəlxalq tələblər və standartlara cavab verir. Kameranın pəncərəsi içəridən açıla bilər. Pəncərə kifayət qədər genişdir, təbii işığın və təmiz havanın daxil olmasına mane olmur. Kamera, həmçinin elektrik lampaları, ventilyator və radio ilə təchiz olunmuşdur.
14. 2008-ci ilin iyunundan başlayaraq məhkumların adi günlərdə dörd saat, həftə sonları və bayramlarda isə altı saat televiziya verilişlərinə baxmaq hüquqları vardır. Müəssisədə məhkumlar üçün kitabxana fəaliyyət göstərir. Sanitar şərait normaldır və yeməklərin keyfiyyəti yaxşıdır. Ərizəçinin hər gün bir saat gəzintiyə çıxmaq hüququ var.
C. Həbsdə olduğu dövrdə ərizəçiyə tibbi yardım göstərilməsi
1. Tibbi müalicənin ərizəçi tərəfindən təsviri
15. Bayıl İstintaq Təcridxanasına gələndə o, sağlam olmuş və heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Bayıl İstintaq Təcridxanasında ərizəçi ilk olaraq əvvəllər yoluxucu xəstəliklərdən əziyyət çəkmiş məhkumlar tərəfindən məskunlaşmış və dezinfeksiya edilməmiş kamerada yerləşdirilmişdir.
16. 2000-ci ilin fevralında ərizəçi başqa bir kameraya keçirilmiş və burada vərəm xəstəliyindən əziyyət çəkən məhkum A. ilə bir yerdə saxlanılmışdır. Ərizəçi burada kamera yoldaşından vərəm xəstəliyinə yoluxduğunu bildirmişdir. O, xəstəliyin ilkin simptomlarını bu kameraya keçiriləndən qısa bir müddət sonra hiss etmişdir. O, A. ilə eyni kamerada 2000-ci ilin 15-16 fevralından 20 marta, 19-20 maydan iyun və ya iyul ayına qədər və oktyabrın əvvəllərindən 2001-ci ilin 5 yanvar tarixinə qədər bir yerdə saxlanılmışdır.
17. Bu müddət ərzində Bayıl İstintaq Təcridxanasının 5-ci korpusunda saxlanılan vərəmdən əziyyət çəkən məhkumlar bir qayda olaraq heç bir xüsusi tibb müəssisəsinə keçirilməmiş və müalicəni kameranın özündə almışlar. Vərəm xəstəliyinə yoluxmuş məhkumlar arasında ölüm halları yüksək olmuşdur.
18. 2001-ci ilin iyununda Qobustan Həbsxanasına keçirildikdən sonra ərizəçiyə ağ ciyər vərəmi diaqnozu qoyulmuşdur. Həmin vaxta qədər o, əhəmiyyətli dərəcədə çəkisini itirmişdi və qan öskürürdü. 9 iyun 2001-ci ildə o, stasionar müalicə almaq üçün Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinə keçirilmişdir. Ərizəçi Ümumdünya Səhiyyə Təşkilatının DOTS (Birbaşa Müşahidə Altında Qısa Müddətli Müalicə) proqramı əsasında müalicə olunmuşdur.
19. 16 fevral 2002-ci ildə ərizəçi yenidən Qobustan Həbsxanasına keçirilmiş və burada onun ambulator müalicəsi davam etdirilmişdir. 2-9 oktyabr 2004-cü il, 1-8 oktyabr 2005-ci il, 26 noyabr-3 dekabr 2005-ci il və 24 dekabr 2005-ci il – 10 fevral 2006-cı illərdə ərizəçi müayinə və stasionar müalicə üçün müxtəlif tibb müəssisələrinə göndərilmişdir.
20. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi tərəfindən ərizəçinin son müayinəsi və stasionar müalicəsindən sonra verilmiş 16 fevral 2006-cı il tarixli epikrizində ərizəçiyə, o cümlədən hər iki ağ ciyərin yuxarı nahiyəsinin ocaqlı vərəmi sorulma və bərkimə fazasında və keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri diaqnozu qoyulmuşdur.
2. Tibbi müalicənin Hökumət tərəfindən təsviri
21. Hökumət bildirmişdir ki, ərizəçinin Bayıl Həbsxanasında vərəm xəstəliyinə yoluxması şübhələr doğurur. O, 2000-ci ilin mayında A. ilə bir kamerada saxlanarkən sonuncu artıq sağalmışdı və onun xəstəliyi yoluxucu xarakter daşımırdı. Bu baxımdan Hökumət qeyd etmişdir ki, ərizəçiyə vərəm diaqnozu 2001-ci ilin iyununda, o, Qobustan Həbsxanasında olan zaman qoyulmuşdur.
22. Ərizəçi Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsində yerləşdirilmiş və burada Ümumdünya Səhiyyə Təşkilatının DOTS proqramı əsasında stasionar müalicə almışdır. Ərizəçinin müalicəsi 16 fevral 2002-ci ilə qədər davam etmiş və sağaldıqdan sonra o, Qobustan Həbsxanasına geri qaytarılmışdır.
23. 26 mart 2002-ci ildə ərizəçi ambulator müalicə almış, vitaminlər qəbul etmişdir. 7 aprel 2002-ci ildə müalicə başa çatmış və ərizəçinin səhhəti qənaətbəxş hesab edilmişdir. 12 iyun və 8 oktyabr 2002-ci ildə və 12 mart 2003-cü ildə ərizəçi həkim tərəfindən müayinə edilmiş və onun səhhətində heç bir pisləşmə müşahidə olunmamışdır.
24. Sonradan ərizəçi 24 fevral 2002-ci il, 1 may 2003-cü il, 3 iyun 2004-cü il və 24 oktyabr 2005-ci ildə Qobustan Həbsxanasında bir qrup həkim tərəfindən müayinə edilmişdir. Hər bir müayinənin sonunda ərizəçiyə klinik sağalmış ağ ciyər vərəmi diaqnozu qoyulmuş və dispanser müşahidə aparılması qərara alınmışdır.
25. 2004-cü il oktyabrın 2-dən 9-na qədər ərizəçi həbsxananın tibb bölməsində müayinə edilmiş və klinik laboratoriya və rentgen müayinələrinin nəticələrinə uyğun olaraq onun stasionar müalicəsinə ehtiyac olmamışdır.
26. 2005-ci ilin oktyabrında ərizəçinin yenidən tibb bölməsinə yerləşdirilməsi tövsiyə edilmiş, lakin o, oruc tutması ilə bağlı ora getməkdən imtina etmişdir.
27. 2005-ci ilin 26 noyabr və 24 dekabr tarixlərində aparılmış müayinədən sonra ərizəçinin səhhətinin tam yaxşılaşdığı və DOTS proqramı əsasında hər hansı xüsusi müalicəyə ehtiyac olmadığı bildirilmişdir.
Ç. Adekvat tibbi yardımın göstərilməməsi iddiası ilə bağlı mülki iş
1. Bayıl Həbsxanası rəhbərliyinə qarşı iş
28. 10 oktyabr 2005-ci ildə ərizəçi səhhətinə vurulan zərərə görə kompensasiya almaq üçün Bayıl Həbsxanasının rəhbərliyinə qarşı mülki iddia qaldırmışdır. Ərizəçi iddia etmişdir ki, həbsxana rəhbərliyi onun vərəmə yoluxmasına görə birbaşa məsuliyyət daşıyır, belə ki, o, pis şəraitdə, vərəmə yoluxmuş məhkumlarla bir kamerada saxlanmışdır. İddialarını müdafiə etmək üçün ərizəçi əvvəllər Bayıl Həbsxanasında saxlanmış digər məhkumların yazılı ifadələrini təqdim etmişdir. Ərizəçi eyni zamanda məhkəmədən onun prosesdə iştirakının təmin olunmasını xahiş etmişdir.
29. 24 yanvar 2006-cı ildə Səbail rayon məhkəməsi ərizəçinin iddiasını rədd etmişdir. Məhkəmə bildirmişdir ki, ərizəçi xəstə məhkumlarla bir kameraya qəsdən salındığını və məhz bunun nəticəsində vərəm xəstəliyinə yoluxduğunu sübut edə bilməmişdir. Məhkəmə daha sonra bildirmişdir ki, belə halda Bayıl Həbsxanası rəhbərliyinin ərizəçi ilə hər hansı bir şəkildə pis rəftar etdiyini qət etmək mümkün deyil. Ərizəçi ilə eyni vaxtda Bayıl Həbsxanasında saxlanılan digər məhkumların yazılı ifadələrinə gəldikdə, məhkəmə bu ifadələri mötəbər hesab etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Bayıl Həbsxanasında əvvəllər saxlanmış məhkumlar olaraq bu ifadə müəllifləri həbsxananın rəhbərliyinə qarşı qərəzsiz mövqedə ola bilməzlər.
30. Ərizəçi birinci instansiya məhkəməsində işə baxılması zamanı şəxsən iştirak etməmiş, lakin prosesdə nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə qətnamədə ərizəçinin prosesdə iştirak etmək vəsatəti ilə bağlı məsələyə münasibətini bildirməmişdir.
31. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək əvvəlki iddialarını təkrar etmiş və prosesdə iştirak etməsi ilə bağlı bir daha vəsatət qaldırmışdır. 14 iyul 2006-cı ildə ərizəçinin və onun nümayəndəsinin iştirakı olmadan işə baxan Apellyasiya Məhkəməsi ərizəçinin dəlillərini əsaslı hesab etməyərək onun şikayətini təmin etməmişdir. Ərizəçinin kassasiya şikayətindən sonra 8 may 2007-ci ildə Ali Məhkəmə 14 iyul 2006-cı tarixli qətnaməni ləğv etmiş və işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Ali Məhkəmə müəyyən etmişdir ki, Apellyasiya Məhkəməsi ərizəçinin məhkəmə iclasında iştirakı məsələsinə baxmamış və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməmişdir. Ali Məhkəmənin qərarının müvafiq hissəsində bildirilir:
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalı olan apellyasiya instansiyası məhkəməsi azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə N.F.Mirzəyevin məhkəmə iclasında iştirak etmək hüququnu öz iradəsindən asılı olmaması üzündən həyata keçirə bilməməsi barədə məsələni müzakirə etməmiş və onun məhkəmə iclasında iştirakının təmin olunması üçün heç bir tədbir görməmiş və qərar qəbul etməmiş, N.F.Mirzəyevin nümayəndəsinə isə ümumiyyətlə işin apellyasiya baxışının yeri və vaxtı barədə məlumat verilməmişdir. Beləliklə, N.F.Mirzəyev iddiası üzrə məhkəmə iclasında iştirak etmək və Azərbaycan Respublikası MPM-in 47.2-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqlardan istifadə etmək hüququndan məhrum olunmuşdur”.
32. 26 sentyabr 2007-ci ildə işə ərizəçinin iştirakı olmadan, lakin onun nümayəndəsinin iştirakı ilə baxan Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməmiş və Səbail rayon məhkəməsinin 24 yanvar 2006-cı il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə qətnaməsində ərizəçinin prosesdə iştirak etmək vəsatəti ilə bağlı məsələyə münasibətini bildirməmişdir.
33. 26 fevral 2008-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Ali Məhkəmədə ərizəçinin iştirakı təmin olunmamış, lakin o, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Ali Məhkəmə bildirmişdir ki, ərizəçinin iclasda iştirak etməməsi apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir, belə ki, ərizəçi məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil olunmuşdur. Ali Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, ərizəçinin prosesdə şəxsən iştirakı məcburi deyildir və onun iştirakı yalnız məhkəmə bunu zəruri hesab etdiyi hallarda təmin oluna bilər. Ali Məhkəmənin qərarının müvafiq hissəsində bildirilir:
“Qanunvericilik müəyyən edir ki, nümayəndə vasitəsilə məhkəmədə təmsil olunan şəxsi izahat vermək üçün şəxsən məhkəməyə çağırmaq hüququ buna zərurət olduğu təqdirdə işə mahiyyəti üzrə baxan məhkəməyə məxsus olub, bu normanın tətbiqi imperativ deyil, yalnız dispozitiv xarakter daşıyır...
... məhkəmə kollegiyası işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman N.F.Mirzəyev nümayəndəsi tərəfindən məhkəmədə təmsil olunduğundan N.F.Mirzəyevin məhkəmə iclasında şəxsən iştirak etməməsinə zərurət olmamasını nəzərə alaraq, onun məhkəmə iclasında iştirak etməməsinə görə qətnamənin ləğv edilməsini əsaslı hesab etmir.”
Qobustan Həbsxanasına qarşı məhkəmə işi
34. 2008-ci ilin iyun ayında ərizəçi səhhətinə vurulan zərərə görə kompensasiya almaq üçün Qobustan Həbsxanasına qarşı mülki iddia qaldırmışdır. O, xüsusilə Qobustan Həbsxanasında adekvat tibbi yardımın təmin edilməməsindən şikayət etmişdir. Şikayət rus dilində tərtib olunmuşdur.
35. 4 iyul 2008-ci ildə Qaradağ rayon məhkəməsi ərizəçinin şikayətini qəbul etməkdən imtina etmişdir. Məhkəmə bildirmişdir ki, şikayət ölkənin rəsmi dili olan Azərbaycan dilində deyil, rus dilində tərtib edilmişdir və şikayətin rus dilində tərtib olunması heç bir şəkildə əsaslandırılmamışdır.
36. Ərizəçi bu qərardan şikayət etdikdən sonra Qaradağ rayon məhkəməsi şikayəti icraata qəbul etmiş və 4 sentyabr 2008-ci ildə ilkin baxış keçirilmişdir. Ərizəçinin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə, məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərardad çıxarmış və işə baxılmasını təxirə salmışdır.
37. Sonra məhkəmə baxışı ərizəçinin nümayəndəsinin etibarnaməsinin müddətinin başa çatması ilə bağlı olaraq təxirə salınmışdır. 17 mart 2009-cu ildə məhkəmə iddiaçı və cavabdehin məhkəmə iclasına gəlməmələri səbəbindən ərizəçinin şikayətini baxılmamış saxlamaq haqqında qərar qəbul etmişdir.
38. Məhkəmə baxışı sonradan davam etdirilmiş və 15 fevral 2010-cu ildə Qaradağ rayon məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə ərizəçiyə vərəm diaqnozu qoyulduqdan sonra ixtisaslaşdırılmış tibbi yardımın göstərildiyi qənaətinə gəlmiş və ərizəçinin şikayətini təmin etməmişdir. Məhkəmə eyni zamanda bildirmişdir ki, ərizəçinin iddiaları ekspert rəyi ilə təsdiq edilməmişdir, belə ki, rəyə görə ərizəçinin vərəm xəstəliyinə həbsxanada yoluxmasını müəyyənləşdirmək mümkün olmamışdır.
39. 25 mart 2010-cu ildə ərizəçi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və əvvəlki şikayətlərini təkrarlamışdır.
40. İşə apellyasiya məhkəməsi tərəfindən hələ baxılmamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
41. Mülki işdə tərəflər məhkəmə iclasında şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər (Mülki Prosessual Məcəllənin (“MPM”) 47, 49 və 69-cu maddələri).
42. Cəzaların İcrası Məcəlləsinə (“CİM”) görə məhkumun müəyyən istintaq hərəkətlərinin aparılmasında şahid, şübhə edilən şəxs və ya təqsirləndirilən şəxs qismində iştirakı tələb olunduqda o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilə bilər (69-1-ci maddə). Məcəllə məhkumun mülki işlərdə iddiaçı və ya cavabdeh qismində iştirak edə bilməsi məsələsinə aydınlıq gətirmir.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
43. Ərizəçi adekvat tibbi yardımın göstərilməməsi ilə bağlı Bayıl Həbsxanasına qarşı qaldırdığı iddia üzrə yerli məhkəmələr tərəfindən həyata keçirilmiş məhkəmə proseslərində iştirakının təmin olunmaması ilə Konvensiyanın 6-cı maddəsinin ona münasibətdə pozulmasından şikayət etmişdir. O bildirmişdir ki, yerli məhkəmələr keçmiş məhkumların yazılı ifadələrini nəzərə almadıqları üçün onun məhkəmə iclaslarında iştirakı xüsusilə mühüm əhəmiyyət kəsb edərdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunur:
“Hər kəsin... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə... məhkəmə tərəfindən... ədalətlə baxılması hüququ vardır...”
A. Şikayətin məqbuliyyəti
44. Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını qeyd edir. O bundan əlavə bildirir ki, şikayətə baxılması digər əsaslara görə də qeyri-məqbul deyil. Buna görə də, şikayət baxış üçün məqbul hesab edilir.
B. İşin mahiyyəti
1. Tərəflərin izahatları
45. Hökumət bildirmişdir ki, ərizəçi işə yerli məhkəmələr tərəfindən baxılması zamanı nümayəndəsi vasitəsilə proseslərdə iştirak etmiş və onun bu proseslərdə şəxsən iştirakı zəruri olmamışdır. Hökumət bundan başqa qeyd etmişdir ki, ərizəçinin xeyrinə olan yazılı ifadələr ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş məhbuslar tərəfindən verilmişdir ki, onların da həbsxana rəhbərliyinə qarşı qərəzli mövqedə olmaları istisna edilə bilməz.
46. Ərizəçi şikayətini təsdiq edərək bildirmişdir ki, vəsatət verməsinə baxmayaraq onun yerli məhkəmələr tərəfindən həyata keçirilmiş məhkəmə baxışlarında iştirakı təmin olunmamışdır. O eyni zamanda qeyd etmişdir ki, məhkəmələrin onun xeyrinə verilmiş yazılı ifadələri qəbul etməkdən imtina etmələri onun məhkəmə baxışlarında iştirakının zəruriliyini bir daha sübut edir.
2. Məhkəmənin qiymətləndirməsi
47. Məhkəmə bir daha bildirir ki, ədalətli məhkəmə baxışının daha geniş konsepsiyasının elementlərindən biri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə digər tərəfin ifadələri və ya təqdim etdiyi sübutlarla tanış olmaq və onlarla bağlı öz mövqeyini bildirmək, həmçinin öz mövqeyini qarşı tərəflə müqayisədə heç bir ayrı-seçkiliyə məruz qalmadan ifadə etmək üçün ağlabatan imkan verilməsini tələb edir (baxın, Krčmář və digərləri Çex Respublikasına qarşı, no. 35376/97, § 39, 3 mart 2000-ci il, və Dombo Beheer B.V. Niderlanda qarşı, 27 oktyabr 1993-cü il, § 33, A Seriyaları, § 274). Məhkəmə eyni zamanda bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsi mülki işlərə baxılması zamanı tərəfin məhkəmə iclasında şəxsən iştirak etmək hüququnu deyil, daha çox məhkəmədə öz işinin müdafiəsini səmərəli şəkildə həyata keçirmək və digər tərəflə bərabər imkanlardan istifadə etmək kimi ümumi xarakterli hüququ təmin edir. 6-cı maddənin 1-ci bəndi çəkişən tərəflərin bu hüquqlarının təmin edilməsində hansı vasitələrdən istifadə ediləcəyini müəyyən etməkdə Dövlətə azad seçim imkanı verir (baxın, Stil və Morris Birləşmiş Krallığa qarşı, no. 68416/01, §§ 59-60, İHAM 2005-II).
48. Məhkəmə qeyd edir ki, o, artıq mülki işdə irəli sürdüyü iddialarla bağlı şifahi ifadə vermək istəyən məhkumun məhkəməyə gətirilməsindən imtina edilməsinin 6-cı maddənin pozuntusu olması barədə qərar qəbul etmişdir. Həmin işdə ərizəçinin məhkəmə baxışında nümayəndə vasitəsilə təmsil olunmasına baxmayaraq, Məhkəmə hesab etmişdir ki, tərəfin pis rəftara məruz qalmasına dair iddiası əsas etibarilə onun şəxsən üzləşdiyi hadisələr üzərində qurulmuşdur və buna görə də, onun ifadələri “iddiaçının müdafiəsinin mühüm tərkib hissəsi və əslində prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinin təmin olunmasının yeganə yolu” ola bilərdi. (baxın, Kovalev Rusiyaya qarşı, no. 78145/01, § 37, 10 may 2007-ci il). Məhkəmə eyni yanaşmanı digər işlərdə də nümayiş etdirmiş və cəzaçəkmə müəssisəsində saxlanma şəraiti, pis rəftar və ya qanunsuz saxlanma ilə bağlı olan işlərdə ərizəçilərin məhkəmə iclasında şəxsən iştirak etmələrinin mühüm olduğunu vurğulamışdır (xüsusilə baxın, Şilberqs Rusiyaya qarşı, no. 20075/03, § 111, 17 dekabr 2009-cu il).
49. Hazırda baxılan işin hallarına gəldikdə, Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının MPM-i iddiaçının qaldırdığı iddia ilə bağlı məhkəmə baxışında şəxsən iştirak etmək hüququnu təsbit edir. Lakin nə MPM, nə də ki, CİM istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin bu hüquqdan istifadə etmələrinə dair hər hansı xüsusi müddəanı nəzərdə tutmur.
50. Bu işdə ərizəçinin məhkəmə iclasında iştirak etmək üçün verdiyi vəsatətin təmin olunmaması yerli məhkəmələr tərəfindən belə izah edilmişdir ki, onun məhkəmə baxışında iştirak etməsi tələb olunmurdu və o, prosesdə nümayəndəsi vasitəsilə təmsil olunurdu.
51. Məhkəmə məhkumların bir yerdən başqa bir yerə nəqliyyat vasitəsilə aparılmasının aşkar çətinliklər yaratdığını başa düşərək, prinsip etibarilə tələbin iddiaçının şəxsən üzləşdiyi hadisələr ilə bağlı olmadığı hallarda saxlanılan şəxsin vəkil vasitəsilə məhkəmədə təmsil olunmasının tərəflərin bərabərliyi prinsipini pozmadığını qəbul edə bilər (baxın, Kozlov Rusiyaya qarşı, no. 30782/03, §§ 45-46, 17 sentyabr 2009-cu il). Bununla belə, ərizəçinin Bayıl Həbsxanasında ona adekvat tibbi yardımın göstərilməməsi ilə bağlı iddiasının xüsusiyyətlərini nəzərə alaraq, Məhkəmə nümayəndənin məhkəmə baxışında iştirakı ilə ərizəçinin müdafiəsinin səmərəli, müvafiq və qənaətbəxş şəkildə təmin olunduğuna inanmır. Bu baxımdan Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin cəzaçəkmə müəssisəsində adekvat tibbi yardımın göstərilmədiyi üçün ona kompensasiya verilməsinə dair tələbi əsas etibarilə onun şəxsən üzləşdiyi hadisələr üzərində qurulmuşdur. Məhkəmə hesab edir ki, ərizəçinin saxlanma şəraiti və tibbi müalicəsinə dair ifadəsi işin məhkəmə qarşısında müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edə bilərdi. Belə ki, yalnız o, saxlanma şəraiti və tibbi müalicəsi ilə bağlı bilavasitə məlumata malik idi. Yalnız ərizəçi şəxsən ifadə verməklə kompensasiya ilə bağlı tələbini əsaslandıra və hakimin müvafiq suallarını cavablandıra bilərdi (baxın, yuxarıda qeyd edilmiş Kovalev işi, § 37).
52. Nəhayət, ərizəçinin azadlıqdan məhrum etmə cəzasını çəkməsinə gəlincə, Məhkəmə hesab edir ki, ərizəçinin prosesdə iştirakının təmin olunması üçün yerli məhkəmələrin ixtiyarında başqa bir vasitə mövcud idi. Yerli məhkəmələr məhkəmə iclasının ərizəçinin cəza çəkdiyi müəssisədə keçirilməsini təmin edə bilərdilər (baxın: yuxarıda qeyd edilmiş Şilberqs işi, § 109). Lakin yerli məhkəmələr bu imkanı nəzərdən belə keçirməmişlər.
53. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
II. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
A. Ərizəçinin Qobustan Həbsxanasında saxlanma şəraitinə dair şikayəti
54. Ərizəçi Qobustan Həbsxanasında saxlanma şəraitinin ağır olmasından şikayət etmiş və bunun pis rəftara bərabər olmasını bildirmişdir. Konvensiyasının 3-cü maddəsində bildirilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz.”
55. Hökumət bildirmişdir ki, ərizəçi həbsxanada saxlanma şəraiti ilə bağlı şikayətinə baxılması üçün bütün dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirməmişdir. Xüsusilə, o, penitensiar xidmətin rəhbərliyinin hərəkətlərindən və ya hərəkətsizliyindən “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Mülki Məcəllə, Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək imkanına malik idi. Hökumət, həmçinin ərizəçinin iddialarını qəbul etməyərək bildirmişdir ki, Qobustan Həbsxanasında saxlanma şəraiti İşgəncələrin Qarşısının Alınması üzrə Komitə tərəfindən təsbit edilmiş standartlara uyğundur.
56. İlk növbədə Məhkəmə xatırladır ki, bu şikayətin 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən öncə baş vermiş hadisələrlə bağlı hissəsi artıq Məhkəmənin 26 noyabr 2009-cu il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir.
57. 15 aprel 2002-ci ildən sonrakı hadisələrə gəldikdə isə, Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsində təsbit edilmiş dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi qaydası Dövlətə qarşı Məhkəmə qarşısında iddia qaldırmaq istəyənləri ilk öncə milli hüquq sistemləri tərəfindən təmin edilən vasitələrdən istifadə etməyə məcbur edir ki, bununla da Dövlətlər öz hərəkətləri ilə bağlı dövlətdaxili hüquq sistemləri ilə məsələlərin həllinə imkan olduğu təqdirdə, bu imkanlardan istifadə edilməməklə beynəlxalq qurumlar qarşısında qaldırılan işlərə görə cavabdehlik daşımaqdan azad edilirlər. Bu qaydaya əməl etmək üçün ərizəçi iddia etdiyi pozuntuların aradan qaldırılması məqsədilə mümkün və qənaətbəxş vasitələrdən istifadə etməlidir (baxın, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, §§ 51-52, Qərar və Qərardadlara dair Hesabatlar, 1996‑VI, və Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, §§ 65-66, Hesabatlar, 1996‑IV).
58. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi saxlanma şəraiti ilə bağlı hər hansı yerli hakimiyyət orqanına şikayət etməmişdir. Bundan əlavə, ərizəçi hazırkı işdə onu saxlanma şəraiti ilə bağlı yerli hakimiyyət orqanları və ya məhkəmələrə şikayət etmək vəzifəsindən azad edən xüsusi halların olması barədə hər hansı dəlil irəli sürməmişdir. Bu baxımdan o, artıq müəyyən etmişdir ki, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu şəxsin hüquq və azadlıqlarını pozan hakimiyyət orqanının hər hansı hərəkəti və ya hərəkətsizliyindən şikayət etmək üçün hüquqi imkan yaradır. Həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, həm də ölkənin hüquq sistemində birbaşa tətbiq edilən Konvensiyasının 3-cü maddəsi qeyri-insani və alçaldıcı rəftarı qadağan edir. Buna görə də, bu müddəaları əsas götürərək ərizəçi saxlanma şəraiti ilə bağlı şikayət edə bilərdi. Lakin ərizəçi bunu etməyə cəhd göstərməmişdir. Bu baxımdan Məhkəmə bir daha qeyd edir ki, vasitənin səmərəliliyi barədə sadəcə şübhələrin olması pozulmuş hüquqların bərpası üçün mümkün vasitələrdən normal istifadə edilməsi tələbindən azad olunmaq üçün kifayət etmir (baxın, Məmmədov Azərbaycana qarşı, no. 34445/04, § 52, 11 yanvar 2007-ci il və Kunqurova Azərbaycana qarşı (qərardad), no. 5117/03, 3 iyun 2005-ci il).
59. Buradan belə nəticə çıxır ki, dövlətdaxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyindən bu şikayət Konvensiyasının 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
B. Qobustan Həbsxanasında tibbi yardımın göstərilməməsi ilə bağlı şikayət
60. Ərizəçi şikayət edərək bildirmişdir ki, o, həbsxanada saxlanılan zaman vərəm xəstəliyinə yoluxmuş və burada ona adekvat tibbi yardım göstərilməmişdir. Konvensiyanın 3-cü maddəsində bildirilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz.”
61. Hökumət ərizəçinin tibbi yardımın göstərilməməsi ilə bağlı dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirmədiyini bildirmişdir. Xüsusilə, Hökumət qeyd etmişdir ki, Qobustan Həbsxanasında tibbi yardımın göstərilməməsi ilə bağlı qaldırılmış mülki iş hələ də dövlətdaxili məhkəmələrdə baxılma mərhələsindədir. Hökumət eyni zamanda qeyd etmişdir ki, ərizəçinin şikayəti əsassızdır, belə ki, əslində həbsxanada onun adekvat tibbi müalicə alması təmin edilmişdir.
62. Məhkəmə xatırladır ki, 26 noyabr 2009-cu il qərardadına uyğun olaraq şikayət 15 aprel 2002-ci ildən öncə Qobustan Həbsxanasında tibbi yardımın göstərilməməsinə aid olan hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi əsasında ratione temporis tələbinə uyğun gəlmədiyi üçün mümkünsüz hesab edilmiş və 35-ci maddənin 4-cü bəndi əsasında rədd edilmişdir.
63. 15 aprel 2002-ci ildən sonra ərizəçiyə tibbi yardımın göstərilməsi ilə bağlı məsələyə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçinin tibbi yardımın göstərilməməsi ilə bağlı şikayəti üzrə mülki iş hələ də ölkə məhkəmələrinin baxışındadır. Beləliklə, şikayət bu hissədə erkən qaldırılmışdır və Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
64. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Razılığa Gələn Yüksək Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
65. Ərizəçi ona vurulmuş mənəvi ziyana görə 20.000 avro məbləğində kompensasiya ödənilməsini tələb etmişdir.
66. Hökumət ərizəçinin tələbinin əsassız və həddən artıq çox olduğunu bildirmişdir.
67. Məhkəmə belə hesab edir ki, ərizəçiyə mənəvi ziyan vurulmuşdur və bu ziyanın ödənilməsi sadəcə pozuntu faktının müəyyən edilməsi ilə təmin oluna bilməz və buna görə kompensasiya verilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə aparan Məhkəmə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 1.500 avro məbləğində kompensasiya verilməsini qərara alır.
B. Xərc və məsrəflər
68. Ərizəçi, həmçinin işə Məhkəmədə baxılması ilə əlaqədar çəkdiyi 2.000 avro xərcin ödənilməsini tələb etmişdir. Bu tələbi əsaslandırmaq üçün heç bir sənəd təqdim edilməmişdir.
69. Hökumət ərizəçinin tələbinin əsassız olduğunu və heç bir sənədlə təsdiq edilmədiyini bildirmişdir.
70. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə ərizəçinin öz tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim edə bilməməsini nəzərə alaraq, Məhkəmə xərclərlə bağlı tələbi rədd edir.
C. Faiz dərəcəsi
71. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
1. Əksəriyyət səs çoxluğu ilə Bayıl Həbsxanasının rəhbərliyinə qarşı mülki işin ədalətliliyi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında verilmiş şikayəti məqbul və digər şikayətləri qeyri-məqbul hesab edir;
2. 1 səsə qarşı 6 səslə mülki işlərə ərizəçinin iştirakı olmadan baxılmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini pozduğunu qərara alır;
3. 1 səsə qarşı 6 səslə qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə vurduğu mənəvi ziyana görə tutulacaq vergi də daxil olmaqla 1.500 avro (min beş yüz avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qərara alır.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 22 noyabr 2011-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampaş Nina Vajiç
Katibin müavini Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq hakim Vajiçin xüsusi rəyi qərara əlavə edilir.
HAKİM VAJİÇİN XÜSUSİ RƏYİ
1. Mən ərizəçinin adekvat tibbi yardımın göstərilməməsi şikayəti üzrə keçirilmiş mülki proseslərdə iştirak etməməsini Konvensiyanın 6-cı maddəsinin pozulması kimi qiymətləndirən əksəriyyətin qərarı ilə razılaşmıram.
2. Birinci instansiya məhkəməsində işə baxılan zaman ərizəçi şəxsən iclaslarda iştirak etməmiş, lakin nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Qərarda ərizəçinin məhkəmə iclasında iştirak etməsinə dair vəsatətinə münasibət bildirilməmişdir.
Apellyasiya Məhkəməsi ərizəçinin şikayətinə onun və nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Bu prosessual pozuntulara görə ərizəçinin kassasiya şikayətinə baxan Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etmiş və işi yenidən baxılması üçün ona göndərmişdir (qərarın 31-ci paraqrafı).
Sonradan Apellyasiya Məhkəməsi işə ərizəçinin iştirakı olmadan, lakin onun nümayəndəsinin iştirakı ilə baxmışdır.
3. Mənim fikrimcə, bununla da ölkə məhkəmələri mülki işə baxılması zamanı ərizəçinin maraqlarına qarşı olan qanun pozuntularını kifayət qədər aradan qaldırmışlar. Burada xəstəlik və tibbi müalicəyə dair sənədlərin tam olmamasını, başqa sözlə, ərizəçinin tibbi kitabçalarının Məhkəməyə işə baxmaq üçün kifayət etmədiyini göstərən hər hansı bir hal nümayiş etdirilməmişdir. Eyni zamanda qərarda ərizəçinin məhkəmə baxışında şəxsən iştirakının nə üçün zəruri olması qənaətinə gəlinməsinin səbəbi göstərilməmişdir.
4. Bununla əlaqədar olaraq mən belə bir fikirdəyəm ki, ərizəçinin tələbini səmərəli şəkildə müdafiə etməsi üçün məhkəmə iclasında şəxsən iştirakı mühüm əhəmiyyət kəsb etmirdi və buna görə də, hazırkı işdə 6-cı maddənin 1-ci bəndinin tələbləri pozulmamışdır.
Full & Egal Universal Law Academy