© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 173 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, aprel
Natsvlişvili (Natsvlishvili) və Toqonidze (Togonidze) Gürcüstana qarşı – ərizə № 9043/05
29.4.2014 tarixli qərar [III Bölmə]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Təqsirin etiraf edilməsi müqabilində sövdələşmədən sonra işə mahiyyəti üzrə baxılmadan ittiham hökmünün çıxarılması: pozuntu baş verməyib
7 saylı Protokolun 2-ci maddəsi
Cinayət işlərində apellyasiya hüququ
Təqsirin etiraf edilməsi müqabilində sövdələşmədən sonra çıxarılmış ittiham hökmündən apellyasiya şikayəti vermək hüququnun olmaması: pozuntu baş verməyib
Faktlar – Özünün və arvadının (ikinci ərizəçi) da səhmlərinin olduğu dövlət şirkətinin baş direktoru olan birinci ərizəçi şirkətlər haqqında qanunvericiliyin müxtəlif pozuntularında ittiham olunmuşdu. Müdafiə tərəfi ilə ittiham tərəfi arasında saziş əldə edildi, həmin sazişə əsasən, prokuror birinci instansiya məhkəməsinə işə mahiyyəti üzrə baxmadan birinci ərizəçi barəsində ittiham hökmünün çıxarılmasına və cəzanın azaldılaraq cərimə formasında cəza təyin edilməsinə dair vəsatət verməyi öhdəsinə götürdü. Birinci instansiya məhkəməsi sazişi təsdiq edərək birinci ərizəçini təqsirkar hesab etdi və ona cərimə cəzası təyin etdi. Bu qərardan apellyasiya şikayəti verilə bilməzdi.
Avropa Məhkəməsinə ərizəsində birinci ərizəçi şikayət etdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə proseduru ədalətsiz olub və prosedurdan sui-istifadə edilib (Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi), o, təqsirin etiraf edilməsi müqabilində sövdələşməni təsdiq edən qərardan apellyasiya şikayət vermək imkanına malik olmayıb (7 saylı Protokolun 2-ci maddəsi) və həbsinin media tərəfindən geniş işıqlandırılması və region qubernatorunun televiziya müsahibəsində verdiyi şərhlər onun təqsirsizlik prezumpsiyası hüququnu pozub (Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi). Hər iki ərizəçi həmçinin Konvensiyanın 34-cü maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi əsasında şikayətlər təqdim etdilər.
Hüquqi məsələlər – Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 7 saylı Protokolun 2-ci maddəsi: Məhkəmə sərəncamındakı müqayisəli hüquq materiallarına istinadən qeyd etdi ki, məhkəmə araşdırmasından əvvəl təqsirin etiraf edilməsi və ya prokurorla cəza barədə saziş bağlanması (nolo contendere plea), yaxud da istintaq orqanı ilə əhəmiyyətli dərəcədə əməkdaşlıq edilməsi müqabilində təqsirləndirilən şəxsin ittihamlarının yüngülləşdirilməsi və ya cəzasının azaldılması Avropa cinayət ədliyyəsi sistemlərinin ümumi cəhətidir. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosesinin özündə hüquqa zidd heç nə yoxdur. Lakin proses məhkəmə araşdırmasının qısaldılmış formada aparılması ilə nəticələndiyi və təqsirləndirilən şəxs bir sıra prosessual hüquqlarından imtina etdiyi hallarda bu imtina birmənalı şəkildə ifadə edilməli və ən azından həmin hüquqların mühümlüyünə mütənasib olan minimal təminatlarla müşayiət olunmalıdır.
Lakin cinayət təqibi orqanı ilə cəza ilə bağlı sövdələşmə bağlamaqla və ittihamlara etiraz etməməklə birinci ərizəçi ona qarşı cinayət işinə mahiyyəti üzrə baxılması hüququndan imtina etmiş olub. Müvafiq olaraq, Məhkəmə onu araşdırmalı idi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qəbul edərkən birinci ərizəçi işin faktları və sövdələşmənin hüquqi nəticələri barədə tam məlumatlı idimi və sövdələşməni həqiqətən könüllü şəkildə qəbul etmişdimi, habelə sövdələşmənin məzmunu və tərəflər arasında sövdələşməyə nail olunmasının ədalətli şəkildə baş verib-verməməsi məhkəmə tərəfindən yetərincə yoxlanılmışdımı?
Məhkəmə qeyd etdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlamaq təşəbbüsü birinci ərizəçidən gəlmişdi və onu ittiham tərəfi buna vadar etməmişdi. İşin materialları ilə onun tanış olmasına icazə verilmiş və o, bütün danışıqlar ərzində və sazişin məhkəmə tərəfindən araşdırılması prosesində özünün seçdiyi ixtisaslı iki vəkillə lazımi qaydada təmsil edilmişdi. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin qanuniliyini yoxlayan hakim birinci ərizəçidən soruşmuşdu ki, prokurorla danışıqlar zamanı hər hansı hüquqa zidd təzyiqə məruz qalıbmı, birinci ərizəçi isə həm cinayət təqibi orqanının, həm də hakimin qarşısında bir neçə dəfə açıq-aydın təsdiq etmişdi ki, sazişin məzmununu tam anlayır, prosessual hüquqları və sazişin hüquqi nəticələri ona izah edilib və onun sazişi qəbul etmək qərarı hər hansı məcburetmənin və ya yalan vədin nəticəsi deyil.
O da önəmli idi ki, prokurorla birinci ərizəçi arasında əldə edilmiş sazişin yazılı protokolu tərtib edilmiş, prokuror, habelə birinci ərizəçi və vəkili tərəfindən imzalanmış və nəzərdən keçirilmək üçün birinci instansiya məhkəməsinə təqdim edilmişdi ki, bu da sazişin və öncəki danışıqların dəqiq şərtlərinin məhkəmə tərəfindən yoxlanılmaq üçün aydın və təkzibolunmaz şəkildə göstərilməsini mümkün etmişdi.
Birinci instansiya məhkəməsi prokuror tərəfindən tövsiyə olunan cəzanın məqsədəuyğunluğunu yoxlamaq və cəzanı azaltmaq, yaxud hətta sazişdə yer alan şərtlərin və onun bağlanması prosesinin ədalətliliyinin onun tərəfindən qiymətləndirilməsinin nəticəsindən asılı olaraq sazişi rədd etmək hüququna malik idi. Birinci instansiya məhkəməsi həmçinin birinci ərizəçiyə qarşı ittihamların əsaslı olub-olmadığını və kifayət qədər sübutlarla təsdiq edilib-edilmədiyini araşdırmışdı. Bundan əlavə, o, açıq dinləmə zamanı təqsirin etiraf edilməsi müqabilində sövdələşməni yoxlamış və təsdiq etmişdi.
7 saylı Protokolun 2-ci maddəsi üzrə şikayətə gəlincə, Məhkəmə hesab etdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə əsaslanan ittiham hökmü ilə əlaqədar apellyasiya şikayəti hüququndan istifadə edilməsinin hüdudlarının daha məhdud çərçivəli olması normaldır. Təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qəbul etməklə birinci ərizəçi adi qaydada apellyasiya baxışı hüququndan imtina etmiş olub və bunun hüquqi nəticəsi vəkilləri tərəfindən ona izah edilmişdi və ya izah edilməli idi. Məhkəmə 6-cı maddənin 1-ci bəndi üzrə öncə gəldiyi qənaətlərlə analogiya apararaq hesab etdi ki, adi qaydada apellyasiya baxışı hüququndan imtina 7 saylı Protokolun 2-ci maddəsində yer alan ağlabatan məhdudiyyətlər barədə analoji tələbə zidd olaraq həmin hüquqa əsassız məhdudiyyət qoyulması demək deyil.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı altı səslə).
6-cı maddənin 2-ci bəndi: Məhkəmə şəxsin məhkəmə araşdırmasının keçirilməsindən və cinayət törətməyə görə təqsirkar sayılmasından əvvəl dövlətin vəzifəli şəxslərinin öz bəyanatlarında sözləri düzgün seçmələrinin vacibliyinə diqqət yetirdi. Lakin region qubernatoru nə şəxsən birinci ərizəçi barəsində, nə də ona qarşı başlanmış cinayət prosesi haqqında hər hansı konkret söz deməmişdi. O, sadəcə olaraq ölkədə korrupsiyaya uğramış dövlət məmurlarına qarşı mübarizə ilə bağlı dövlətin siyasəti barəsində ümumi açıqlama vermiş, birbaşa və ya dolayı yolla şərhlərinin subyekti qismində birinci ərizəçinin hər hansı formada kimliyinin açıqlanmasına cəhd etməmişdi.
Birinci ərizəçinin həbsi ilə bağlı jurnalistlər tərəfindən özəl televiziya kanalı üçün çəkiliş aparılmasına gəlincə, bunu məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirmək məqsədi daşıyan qəzəbli media kampaniyası hesab etmək olmazdı. Həmçinin medianı bu məsələyə maraq göstərməyə prokurorun, qubernatorun və ya hər hansı digər dövlət orqanının sövq etdiyini göstərən hər hansı konkret əlamət də yox idi. Yekun olaraq, birinci ərizəçinin işindəki hadisələrin media tərəfindən işıqlandırılmasını sadəcə olaraq ictimaiyyəti ölkədəki ən iri zavodlardan birinin baş direktorunun həbsi barədə məlumatlandırmanın hüdudlarını aşan işıqlandırma hesab etmək olmazdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
1 saylı Protokolun 1-ci maddəsi: Təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə uyğun olaraq ərizəçilərin əmlaklarının müsadirə edilməsi və onlardan digər ödənişlərin alınması bilavasitə birinci ərizəçinin cinayət məsuliyyəti məsələsinin həll edilməsi ilə əlaqədar idi və onun nəticəsi idi. Buna görə də maddi xarakterli həmin cinayət sanksiyalarının qanuniliyi və məqsədəuyğunluğu təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin özünün ədalətliliyi məsələsindən ayrılıqda götürülə bilməzdi. Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayətlərlə bağlı özünün rəylərini nəzərə alaraq eyni səbəblərə görə bu qənaətə gəldi ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməyib.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 34: Ərizəçilər iddia etdilər ki, Gürcüstanın dövlət orqanları onlara təzyiq göstəriblər ki, ərizələrini geri götürsünlər. Lakin Məhkəmə ərizəçilərin qızının Baş prokurorluğun nümayəndəsi ilə mübadiləsini apardığı elektron məktubların məzmununa xüsusi diqqət yetirərək, cinayət təqibi orqanı ilə üçüncü şəxs arasındakı bu qeyri-formal ünsiyyət kanalının heç bir vəchlə işin həlli üçün münasib vasitə olmadığını qeyd etsə də, hər halda hesab etdi ki, özlüyündə bu qarşılıqlı əlaqəni dövlətin Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərinə zidd hesab etmək olmaz. Nümayəndənin ərizəçilərin qızı ilə təmasları ərizəçiləri ərizələrini geri götürməyə və ya dəyişdirməyə məcbur etməyə, yaxud onların fərdi şikayət hüququnu səmərəli şəkildə həyata keçirmələrinə hər hansı digər formada müdaxilə etməyə hesablanmamış və yaxud da bu cür nəticələnməmişdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy