© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
KEÇMİŞ ÜÇÜNCÜ BÖLMƏ
NATSVLİŞVİLİ (NATSVLISHVILI) VƏ TOQONİDZE (TOGONIDZE)
GÜRCÜSTANA QARŞI məhkəmə işi
(Ərizə № 9043/05)
QƏRAR
Strasburq
29 aprel 2014-cü il
QÜVVƏYƏ MİNMƏ TARİXİ:
08.09.2014
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrilib. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Natsvlişvili və Toqonodze Gürcüstana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (keçmiş Üçüncü Bölmə),
hakimlər:
Josep Kasadeval (Josep Casadevall), sədr,
Alvina Gülümyan (Alvina Gyulumyan),
Korneliu Birsan (Corneliu Bîrsan),
Yan Şikuta (Ján Šikuta),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Kristina Pardalos (Kristina Pardalos),
Yohannes Silvis (Johannes Silvis),
habelə Böyük Palata Katibinin müavini Santyaqo Kesadadan (Santiago Quesada) ibarət tərkibdə Palatada iclas keçirərək,
15 oktyabr 2013-cü ildə və 3 aprel 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Gürcüstan vətəndaşı cənab Amiran Natsvlişvili (Amiran Natsvlishvili) (“birinci ərizəçi”) və xanım Rusudan Toqonidze (Rusudan Togonidze) (“ikinci ərizəçi”) tərəfindən 9 mart 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Gürcüstana qarşı ərizə (№9043/05) əsasında başlanıb.
2. İşin mahiyyəti üzrə şifahi dinləmənin (aşağıda 5-ci və 6-cı bəndlərə bax) məqsədləri üçün hüquqi yardımla təmin edilmiş ərizəçiləri Gürcüstanda və Rusiya Federasiyasında vəkillik fəaliyyəti ilə məşğul olan xanım M. Giyoşvili (M. Gioshvili), xanım E. Fileyeva (E Fileeva) və cənab K. Koroteyev (K. Koroteev) təmsil ediblər. Gürcüstan Hökumətini ("Hökumət") ardıcıl olaraq onun nümayəndələri – Ədliyyə Nazirliyindən olan cənab M. Kekenadze (M. Kekenadze), cənab D. Tomadze (D. Tomadze) və cənab L. Mesxoradze (L. Meskhoradze) təmsil ediblər.
3. Birinci ərizəçi konkret olaraq iddia etdi ki, həmin dövrdə daxili qanunvericilikdə nəzərdə tutulan və onun işinə şamil olunan təqsirin etirafı müqabilində sövdələşmə prosesində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 7 saylı Protokolun 2-ci maddəsi pozulmaqla sui-istifadəyə və ədalətsizliyə yol verilib. O daha sonra iddia etdi ki, həbsinin ictimailəşdirilməsi onun Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüququnu pozub. Bundan əlavə, hər iki ərizəçi iddia etdilər ki, dövlət, Konvensiyanın 34-cü maddəsinə zidd olaraq, onların fərdi şikayət hüququnu həyata keçirmələrinə maneə yaradıb və təqsirin etirafı müqabilində sövdələşmə prosesində onlara tətbiq edilmiş maliyyə cəzaları onların 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnu pozub.
4. Ərizəçilər və Hökumət hər biri ərizənin qəbuledilənliyi və işin mahiyyəti üzrə yazılı qeydlərini təqdim etdilər.
5. 25 iyun 2013-cü il tarixli yekun qərarla Məhkəmə ərizəni qismən qəbul olunan elan etdi (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinin son hissəsi). Sonrakı prosedura gəlincə, Məhkəmə qərara aldı ki, işin mahiyyəti üzrə tərəflərin şifahi arqumentlərini qəbul etsin (59-cu Qaydanın 3-cü bəndi).
6. 15 oktyabr 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
cənab G. Lortkipanidze (G. Lortkipanidze) və cənab A. Baramidze (A. Baramidze), Ədliyyə nazirinin müavinləri
cənab L. Mesxoradze (L. Meskhoradze), nümayəndə,
xanım Ş. Mezurnişvili (Sh. Mezurnishvili) və xanım Ş. Mezvrişvili (N. Mezvrishvili), məsləhətçilər,
b) ərizəçilərin adından:
vəkillər:
xanım M. Giyoşvili (M. Gioshvili),
xanım E. Fileyeva (E Fileeva),
cənab K. Koroteyev (K. Koroteev)
Məhkəmə cənab Mesxoradzenin, xanım Giyoşvilinin, xanım Fileyevanın və cənab Koroteyevin çıxışlarını dinlədi.
7. 1 fevral 2014-cü ildə Məhkəmə öz Bölmələrinin tərkibində dəyişiklik etdi, amma hazırkı ərizə keçmiş Üçüncü Bölməsinin icraatında saxlanıldı.
FAKTLAR
I. İŞİN HALLARI
8. Birinci və ikinci ərizəçilər, müvafiq olaraq, 1950-ci və 1953-cü ildə doğulublar və hazırda, müvafiq olaraq, Moskvada (Rusiya Federasiyası) və Kutaisidə (Gürcüstan) yaşayırlar. Onlar ər-arvaddırlar.
A. Tarixçə
9. Birinci ərizəçi 1993-cü ildən 1995-ci ilədək Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisinin mer müavini və 1995-ci ildən 2000-ci ilədək ölkədəki ən mühüm dövlət şirkətlərindən biri olan Kutaisi avtomobil zavodunu ("zaovd") işlədən şirkətin baş direktoru olmuşdu. 29 dekabr 2000-ci ildə o, səhmdarların ümumi yığıncağında zavodun nəzarət komitəsinin sədri seçildi.
10. Birinci ərizəçi zavodda dövlətdən (səhmlərin 78,61%-i dövlətin idi) sonra əsas səhmdar idi 1998-ci və 2002-ci illərdə həyata keçirilmiş alışlar vasitəsilə 12,95% səhmə sahib idi. İkinci ərizəçi 2002-ci ildə alınmış 2,6% səhmə sahib idi, beləliklə, cütlük ümumilikdə səhmlərin 15,55%-inə sahib idi.
11. 2002-ci ilin dekabrında birinci ərizəçini oğurladılar. Onu oğurlayanlar tərəfindən qəddar rəftara məruz qaldıqdan sonra o, ailəsinin ödədiyi böyük girovpulu müqabilində azad edildi.
B. Birinci ərizəçiyə qarşı cinayət prosesi
12. 12 mart 2004-cü ildə birinci ərizəçi zavodun səhm kapitalını qanunsuz olaraq azaltmaqda təqsirləndirildi, o həmin kapitala görə, birincisi, baş direktor kimi və ikincisi, nəzarət komitəsinin sədri kimi məsuliyyət daşıyırdı. Onun barəsində saxta yolla satışların, pul köçürmələrinin və vəsaitlərin silinməsinin həyata keçirilməsi, şirkətin maraqlarını nəzərə almadan gəlirlərin xərclənməsi (Cinayət Məcəlləsinin 182-ci maddəsi – "digər şəxslərin əmlakını qanunsuz yolla mənimsəmə və talan etmə") ittihamları irəli sürüldü.
13. 15 mart 2004-cü ildə polislər və Kutaisi prokuroru birinci ərizəçini həbs etmək üçün onun iş yerinə gəldilər. Həbs jurnalistlər tərəfindən lentə alındı və elə həmin axşam yerli özəl televiziyada yayımlandı. Yayımlanan veriliş prokurorla müsahibədən ibarət idi və onun ardınca birinci ərizəçini həbsini nümayiş etdirən kadrlar gəlir, qolları polislər tərəfindən tutulmaqla və jurnalistlər tərəfindən əhatə olunmaqla polislərin müşayiəti ilə pilləkənlərdən düşürülməsi göstərilirdi. Prokuror bu məsələ ilə bağlı aşağıdakı iki şərhini bildirdi: birinci ərizəçinin ofisində aparılmış axtarış zamanı müsadirə olunan sənədlər "aparılmaqda olan cinayət istintaqı üçün əhəmiyyət daşıyır və qiymətləndirilməli və təhlil olunmalı idi"; birinci ərizəçinin üzləşdiyi ittihamlar on iki il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur.
14. Prokurorun müsahibəsinin ardınca regionun qubernatorunun müsahibəsi verildi. Qubernator birinci ərizəçinin və ya onun barəsindəki cinayət prosesinin adını çəkməyərək digər məsələlərlə yanaşı elan etdi ki, "[siyasi böhran ucbatından] çətin vaxtlarını yaşayan dövlət seçdiyi yoldan dönməyəcək [...] və məhz pensiyaların və maaşların vaxtında verilə bilməməsinə səbəb olan dövlət pullarını mənimsəyənləri aşkara çıxaracaq".
15. 16 mart 2004-cü ildə birinci ərizəçiyə onun maraqlarını təmsil etməsi üçün vəkil təyin olundu.
16. 17 mart 2004-cü ildə şübhəli şəxs qismində birinci dəfə dindirilərkən vəkil tərəfindən yardım göstərilən birinci ərizəçi təqsirsiz olduğunu elan etdi və susmaq hüququndan istifadə etdi.
17. Elə həmin gün, 17 mart 2004-cü ildə prokurorluq Kutaisi şəhər məhkəməsinə vəsatət verdi ki, birinci ərizəçi məhkəmə araşdırmasına qədər həbsdə saxlanılsın. Prokurorluq iddia etdi ki, ciddi cinayətlərdə ittiham olunan birinci ərizəçi ədalət mühakiməsindən yayınmağa, həqiqətin aşkara çıxarılmasının qarşısını almağa və cinayətkar fəaliyyətlərini davam etdirməyə cəhd edə bilər. Dəqiq bilinməyən tarixdə bu vəsatətlə bağlı qərar çıxararaq, şəhər məhkəməsi birinci ərizəçini ilkin olaraq üç ay müddətində həbsdə saxlamağı qərara aldı. Birinci ərizəçi Cinayət Prosessual Məcəlləsinin (CPM) 243-cü maddəsinə istinad edərək Kutaisi regional məhkəməsində bu qərardan şikayət etdi və həmin məhkəmə dəqiq bilinməyən tarixdə onun şikayətini rədd etdi.
18. 25 mart 2004-cü ildə birinci ərizəçi prokurorluğa məktub göndərdi, məktubda deyilirdi: "Avtomobil zavodunun gələcəyinə biganə olmadığıma və dövlətlə [mənim aramda olan] problemləri yoluna qoymağı mümkün hesab etdiyimə görə, zavoddakı səhmlərimi (hazırda onlar mənim və arvadımın sahibliyindədir) dövlətə verməyə hazır olduğumu bildirirəm".
19. 14 iyun 2004-cü ildə birinci ərizəçinin məhkəmə araşdırmasına qədər həbsdə saxlanma müddəti Kutaisi regional məhkəməsi tərəfindən 15 iyul 2004-cü ilədək uzadıldı və 2004-cü ilin iyulunda 15 sentyabr 2004-cü ilədək uzadıldı.
20. Həbsdə saxlanıldığı birinci dörd ay ərzində birinci ərizəçi 2002-ci ildə onu oğurlamaqda ittiham olunmuş şəxslərlə (yuxarıda 11-ci bəndə bax) və adam öldürməyə görə cəza çəkən digər bir şəxslə eyni kamerada saxlanıldı. İctimai müdafiəçinin idarəsi bu faktın ərizəçinin fiziki və psixoloji sağlamlığını risk altında qoyduğunu əsas gətirərək bu faktdan şikayət etdikdən sonra həbsxana müdiriyyəti ərizəçini başqa kameraya köçürdü.
21. 1 avqust 2004-cü ildə birinci ərizəçinin və vəkilinin cinayət işinin materialları ilə tanış olmalarına icazə verildi. 6 avqust 2004-cü ildə birinci ərizəçi məhkəmə prosesində maraqlarının müdafiəsi üçün ikinci vəkili təyin etdi.
22. 6 sentyabr 2004-cü ildə istintaq yekunlaşdı və birinci ərizəçiyə qarşı yuxarıda göstərilən ittihamlar irəli sürüldü. İki vəkilinin köməyi ilə işin materialları ilə tam tanış olduqdan sonra birinci ərizəçi yenə də təqsirsiz olduğunu elan etdi, amma istintaq orqanı ilə əməkdaşlıq etmək niyyətini təsdiqlədi.
23. Elə həmin gün, 6 sentyabr 2004-cü ildə hər iki ərizəçi ümumilikdə zavodun səhmlərinin 15,55%-ini təşkil edən səhmlərini pulsuz olaraq dövlətə verdilər.
24. Zavodun fəhləsi cənab G.T.-iya-nın işin materiallarındakı yazılı ifadəsinə əsasən, 6 sentyabr 2004-cü ildə o və zavodun doqquz nəfər başqa işçisi birinci ərizəçiyə qarşı cinayət prosesi ilə əlaqədar olaraq və sonuncunun həbsdən azad edilməsi müqabilində prokurorluğun müraciəti əsasında onların səhmlərini əvəzsiz qaydada dövlətin hesabına köçürdülər. İşin materiallarında səhmlərin əvəzsiz verilməsi barədə 6 sentyabr 2004-cü il tarixli müvafiq sazişlərin surəti var.
25. İşin materiallarında həmçinin ikinci ərizəçinin baldızı şahid xanım M.I.-dze-nin belə bir ifadəsi var ki, prokuror birinci ərizəçinin həbsdən azad edilməsi üçün prosessual sazişin bağlanmasından ötrü birinci ərizəçinin ailəsinin "Qanunçuluğun mühafizəsini təmin edən dövlət orqanlarının inkişafı fondu"na 50.000 gürcü larisi (GEL) (təxminən 21.000 avro) keçirməsini də tələb edib. Beləliklə, prokuror pulköçürmə üçün zəruri olan sənədləri onlara təqdim edərək əlavə edib ki, pulu ödəyən şəxs qismində birinci ərizəçinin adı göstərilməməlidir. Prokuror israrla bildirdi ki, İnkişaf Fonduna pul birbaşa ərizəçilər tərəfindən ödənilməməlidir. Buna görə də xanım M.I.-dze tələb olunan məbləği öz adından ödəməyə razılıq verdi.
26. Bank vasitəsilə pulköçürmə barədə müvafiq qəbzin təsdiq etdiyi kimi, 8 sentyabr 2004-cü ildə ödəniş edildi və sənəddə xanım M.I.-dze-nin adı müvafiq qaydada pulköçürən qismində göstərildi.
27. Ertəsi gün, 9 sentyabr 2004-cü ildə birinci ərizəçi prokurora yazılı ifadə təqdim edərək ondan prosessual saziş (bundan sonra "təqsirin etirafı müqabilində sövdələşmə" adlandırılacaq) bağlanmasını xahiş etdi, bu prosedur 2004-cü ilin fevralında Gürcüstanın məhkəmə sisteminə daxil edilmişdi. Ərizəçi qeyd etdi ki, özünü təqsirsiz hesab etsə də, cəza ilə bağlı razılığa gəlmək və dövlətə dəymiş ziyanın əvəzini ödəmək istəyindədir; o bildirdi ki, bununla bağlı dövlət büdcəsinə 35.000 GEL (14.700 avro) ödəyəcək. O əlavə etdi ki, sazişin məzmununu tamamilə anlayır.
28. Eyni gündə Kutaisi prokuroru cəza ilə bağlı təqsirin etirafı müqabilində sövdələşmə bağlanmasını təklif etdi və birinci ərizəçi onu qəbul etdi (CPM-in 679-cu maddəsinin 2-ci bəndi). Təqsirin etirafı müqabilində sövdələşmənin bağlanması barədə yazılı protokolda deyilirdi ki, ərizəçi ittihamlar üzrə təqsirliliyini etiraf etməkdən imtina etsə də, "cinayətkar fəaliyyətin vurduğu 4.201.663 GEL (təxminən 1.765.000 avro) məbləğində ziyanın əvəzini zavoddakı səhmlərin 22,5%-ini dövlətə qaytararaq könüllü surətdə ödəməklə istintaq orqanı ilə əməkdaşlıq edib". Prokuror daha sonra qeyd etdi ki, ərizəçinin altı ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan xüsusilə ağır cinayətlərdə ittiham olunmasına baxmayaraq, ziyanın tam kompensasiya olunması nəzərə alınaraq və dövlət vəsaitlərindən səmərəli istifadə edilməsinin maraqları naminə ona təqsirin etirafı müqabilində sövdələşmə təklif olunması mümkündür. Konkret olaraq, prokuror birinci instansiya məhkəməsinə belə bir vəsatət verəcəyini vəd etdi ki, məhkəmə işi mahiyyəti üzrə araşdırmadan ərizəçinin cəza müddətini azaldaraq 35.000 GEL (14.700 avro) məbləğində cərimə formasında cəza təyin etsin. Ərizəçiyə izah edildi ki, təklif olunan təqsirin etirafı müqabilində sövdələşmə onu mülki məsuliyyətdən azad etmir. Birinci ərizəçi bildirdi ki, o, sövdələşmənin məzmununu tam anlayır və onu qəbul etməyə hazırdır və onun qərarı hər hansı məcburetmənin, təzyiqin və ya hüquqa zidd vədin nəticəsi deyil. Təqsirin etirafı müqabilində sövdələşmənin bağlanması barədə protokolu prokuror, ərizəçi və onun iki vəkili lazımi qaydada imzaladılar.
29. Elə həmin gün, 9 sentyabr 2004-cü ildə prokuror sazişin qısa xülasəsini Kutaisi şəhər məhkəməsinə təqdim edərək xahiş etdi ki, işin mahiyyəti üzrə araşdırılmamasını, birinci ərizəçinin ona qarşı irəli sürülmüş ittihamlarda təqsirkar olduğunu və cinayətlərə görə təyin ediləcək cəza müddətinin azaldılaraq təqsirləndirilən şəxsin 35.000 GEL (14.700 avro) məbləğində cərimələnməsi ilə əvəz olunmasını nəzərdə tutan yuxarıda qeyd edilmiş prosessual sazişi təsdiq etsin. Prokurorun təqdim etdiyi xülasədə qeyd edilirdi ki, təqsirin etirafı müqabilində sövdələşmənin bağlanması barədə yazılı protokol və işin on iki cildlik materialları xülasəyə əlavə olunur.
30. Elə həmin gün, 9 sentyabr 2004-cü ildə xanım M.I.-dze bank vasitəsilə pulköçürməni həyata keçirdi və beləliklə birinci ərizəçi ilə prokuror arasındakı yuxarıda qeyd edilmiş prosessual sazişə uyğun olaraq dövlətə 35.000 GEL (14.700 avro) məbləğində cərimə ödənildi.
31. 10 sentyabr 2004-cü ildə şifahi dinləmədə Kutaisi şəhər məhkəməsi bir hakimdən ibarət tərkibdə iclas keçirərək prokurorun 9 sentyabr 2004-cü il tarixli vəsatətini araşdırdı. Dinləmənin protokolundan göründüyü kimi, hakim təqsirin etirafı müqabilində sövdələşməyə imza atmış iki vəkilindən birinin yardım göstərdiyi birinci ərizəçiyə Cinayət Prosessual Məcəlləsinin 679-3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarını izah etdi. Cavab olaraq ərizəçi təsdiq etdi ki, hüquqlarını yaxşı bilir və təqsirin etirafı müqabilində sövdələşməyə prokurorla danışıqlar zamanı hər hansı növ təzyiqə məruz qalmadan könüllü razılıq verib. Bunu vəkil də təsdiq etdi. Sonra birinci ərizəçi və vəkili hakimdən prokurorun təqdim etdiyi prosessual sövdələşməni təsdiq etməsini xahiş edərək təsdiq etdilər ki, onun nəticələrini tamamilə dərk edirlər. Vəkil əlavə etdi ki, təqsirin etirafı müqabilində sövdələşmə barədə müştərisi ilə prokurorluq orqanı arasında aparılmış danışıqlara kömək edib, müştərisi razılaşma əldə edilməsində israr edib və o, vəkil olaraq, ərizəçiyə bütün zəruri məsləhətləri verib.
32. İstintaq mərhələsində əldə edilmiş yazılı sübutlara və müxtəlif şahidlərin ifadələrinə istinadən Kutaisi məhkəməsi bu qənaətə gəldi ki, birinci ərizəçiyə qarşı irəli sürülmüş ittihamlar əsaslıdır. Məhkəmə həmçinin qeyd etdi ki, 6 sentyabr 2004-cü ildə Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2 "a", "b" və "c" bəndlərində nəzərdə tutulmuş cinayətlərdə ittiham olunan ərizəçi "təqsirini etiraf etməyib və susmaq hüququndan istifadə edib. Bununla belə, o, istintaq orqanı ilə fəal əməkdaşlıq edərək cinayətkar fəaliyyətin vurduğu 4.201.663 GEL (1.765.000 avro) məbləğində ziyanın əvəzini zavoddakı səhmlərin 22,5%-ini dövlətə qaytarmaqla könüllü surətdə ödəyib".
33. Məhkəmə daha sonra bildirdi ki, məhkəmə araşdırmasından sonra bu qənaətə gəlib ki, prosessual saziş qanuna uyğun olaraq bağlanıb, birinci ərizəçi tərəfindən faktlar tam dərk edilməklə imzalanıb və həmin saziş hər hansı məcburetmənin və təzyiqin, yaxud da təqsirin etirafı müqabilində sövdələşmənin əhatə dairəsindən kənar olan hər hansı vədin nəticəsi deyil. Beləliklə, məhkəmə sazişə sanksiya verərək birinci ərizəçinin ona qarşı irəli sürülmüş ittihamlarda təqsirkar olduğunu elan etdi və ona 35.000 GEL (14.700 avro) məbləğində cərimə cəzası təyin etdi. Bundan sonra birinci ərizəçi dərhal məhkəmə zalından azadlığa buraxıldı.
34. Qərarın nəticə hissəsində qeyd edildiyi kimi, Kutaisi şəhər məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qərarı qəti qərar idi və ondan apellyasiya şikayəti verilə bilməzdi. Amma yeni açılmış hallar buna haqq qazandırardısa, qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün vəsatət verilə bilərdi.
35. İşin materiallarına əsasən, cinayət prosesinə xitam verildikdən və nəticədə azadlığa buraxıldıqdan sonra birinci ərizəçi Gürcüstanı tərk edib və o vaxtdan bəri Moskvada (Rusiya) yaşayır.
C. Məhkəmədəki icraat
36. 21 sentyabr 2006-cı ildə cavabdeh Hökumətə ərizə barədə məlumat verildikdən və tərəflərin qeydlərinin mübadiləsi aparıldqıdan sonra 12 noyabr 2007-ci ildə ərizəçilər Məhkəməyə şikayət etdilər ki, bu dəfə Baş prokurorluq onları Məhkəmədən ərizələrini geri götürməyə vadar etmək məqsədi ilə onlara təzyiq göstərməkdə davam edir.
37. Bu iddialarının təsdiqi olaraq ərizəçilər qızları xanım A. Natsvlişvilinin 6 noyabr 2007-ci il tarixli yazılı ifadəsini təqdim etdilər.
38. Həmin ifadəyə əsasən, valideynləri onlara təzyiq göstərildiyini ona dedikdən sonra həmin vaxt Budapeştdəki Mərkəzi Avropa Universitetinin tələbəsi olan xanım Natsvlişvili 2004-cü ilin sentyabrında Baş prokurorluqda işləyən tanışı xanım T.B.-yə müraciət etməyi qərtara aldı. Daha sonra xanım Natsvlişvili tanışı ilə bir neçə elektron məktub münadiləsi apardı və həmin məktublarda sonuncu Baş prokurorluğun adından danışdığını bildirərək bu orqanın ərizəçilərin işi üzrə mövqeyini ifadə etdi. İşin materiallarında müvafiq elektron məktubların surəti var.
39. Bir-birinə ünvanladıqları elektron məktublarda xanım Natsvlişvili və xanım T.B. rəsmi müraciət formasından fərqli olaraq bir-birinə dostcasına müraciət edərək qısaldılmış adlardan və soyadlardan istifadə etmişdilər.
40. Xanım Natsvlişvili birinci dəfə 14 sentyabr 2006-cı ildə xanım T.B. ilə yazışaraq sonuncudan xahiş etdi ki, rəfiqə və təcrübəli hüquqşünas olaraq onun magistr dissertasiyası ilə və hüquq fənnindən qarşıdakı imtahanla bağlı bəzi məsləhətlər versin.
41. 29 noyabr 2006-cı ildə ərizəçilərin qızının "rəfiqə" hesab etdiyi xanım T.B. ona məlumat verdi ki, atasının işi "şəxsən" onun əlindən keçib və buna görə də Baş prokurorluqdan çıxan mühüm informasiyalara malikdir. Ərizəçilərin qızını valideynlərinin bu iş barəsindəki mövqeyini ifadə etməyə dəvət edərək, xanım T.B. rəsilərinin rəylərini onunla bölüşəcəyini vəd etdi.
42. 11 dekabr 2006-cı ildə xanım T.B. ərizəçilərin qızına məlumat verdi ki, Baş prokurorluq birinci ərizəçinin cinayət işini təzələməyə və bu dəfə onun xeyrinə işə yenidən xitam verməyə və onun cərimə kimi ödədiyi 35.000 GEL-i (14.700 avro) geri qaytarmağa hazırdır. Xanım T.B. ərizəçiləri bu təklif barədə cəld düşünməyə və onu qəbul etməyə həvəsləndirdi və bildirdi ki, əks halda "prokurorluq Strasburqda öz mövqeyini müdafiə edəcək və hətta təqsirin etirafı müqabilində sövdələşməni birtərəfli qaydada ləğv edə və birinci ərizəçiyə qarşı yenidən cinayət işi aça bilər".
43. 16 dekabr 2006-cı ildə xanım Natsvlişvili xanım T.B.-yə məlumat verdi ki, atası Məhkəmənin nəzarəti altında "Konvensiyada" nəzərdə tutulmuş barışıq sazişi bağlamağa hazırdır. Sonra xanım Natsvlişvili bir sıra prosessual suallar verdi və həmçinin soruşdu ki, onun ailəsinə dövlət tərəfindən əhəmiyyətli dərəcədə maddi və mənəvi ziyan yetirildiyini nəzərə alaraq, təklif olunan sazişin şərtlərinə yenidən baxılması mümkündürmü?
44. Elə həmin gün, 16 dekabr 2006-cı ildə xanım T.B. cavab verdi ki, "onun şəxsən bu işə qatılması ərizəçilərin ailəsinin yenidən əlverişsiz duruma düşməyəcəklərinə zəmanətdir". Xanım T.B. daha sonra bildirdi ki, birinci ərizəçi Baş prokurorluğa ərizə təqdim edərək şikayət etməlidir ki, təqsirin etirafı müqabilində sözügedən sövdələşmə onun maraqları tam nəzərə alınmadan əldə edilib. Ondan sonra Baş prokurorluq ərizəyə yeni açılmış hallar əsasında işə yenidən baxılması barədə vəsatət kimi yanaşacaq. Xanım T.B. ərizəçilərin qızını əmin etdi ki, işin icraatı təzələnəndən sonra birinci ərizəçiyə faktiki olaraq bəraət veriləcək və onun cinayət dosyesindən məhkumluğu silinəcək.
45. Xanım T.B. daha sonra bildirdi ki, dövlət birinci ərizəçinin cərimə qismində ödədiyi və ikinci ərizəçinin zavoddakı səhmlər formasında verdiyi pulu qaytarmağa hazırdır; o izah etdi ki, birinci ərizəçinin səhmləri qaytarıla bilməz, çünki onlar artıq üçüncü şəxsə verilib. Baş prokurorluq həmçinin xanım Natsvlişvilini əmin etdi ki, birinci ərizəçi Gürcüstana qayıtmaq və orada yenidən biznesinə başlamaq hüququna malik olacaq və hətta prokurorluq sahibkarlıq fəaliyyətində ona yardım edəcək. Daha sonra xanım T.B. fikrini belə davam etdirdi:
"Hamımız bilirik ki, səhvlərə yol verilib, amma [yaşananlar] ağrılı olsa da, ölkənin maraqları naminə indi şəxsi yaşantıları və travmaları bir kənara qoymaq həyati əhəmiyyətli məsələyə çevrilib. Bilirəm ki, bu çətindir, amma bunun öhdəsindən gələ bilsəniz, əminəm ki, illər keçdikdən sonra özünüz-özünüzə deyə biləcəksiniz ki, öz ölkəniz olan Gürcüstanı ayrı-ayrı dövlət nümayəndələri ilə bir tutmamağı uğurla bacarmısınız və özünüz-özünüzə deyə biləcəksiniz ki, ölkəniz üçün öz kiçik fədakarlığınızı etmisiniz".
46. Xanım T.B. qeyd etdi ki, "onlar", yəni Baş prokurorluq demirlər ki, əvvəlcə ərizəçilər ərizəni Məhkəmədən geri götürsünlər və sonra məsələni ölkədaxili səviyyədə həll etsinlər. Əksinə, dövlət əvvəlcə ölkədaxili səviyyədə məsələnin həlli üzərində işləməyə hazırdır. Lakin sonra xanım T.B. ərizəçilərin qızına xatırlatdı ki, "Strasburqa [izahatlarını təqdim etmək] üçün onların yalnız bir ay vaxtı var".
47. Tarixi dəqiq bilinməyən, amma yuxarıda qeyd edilmiş elektron məktublar mübadiləsindən sonraya təsadüf edən gündə xanım T.B. xanım Natsvlişviliyə məlumat verdi ki, dövlət birinci ərizəçiyə kompensasiya qismində 50.000 GEL (22.000 avro) ödəməyə və onun cinayət dosyesindən məhkumluğun silinməsi üçün prosessual tədbirlər görməyə hazırdır. O, aşağıdakıları bildirdi:
"Bəraət və kompensasiya məsələsinə gəlincə, ayıdn məsələdir ki, bu barədə qərar çıxarmaq səlahiyyəti, məhkəmə aidiyyəti normalarına uyğun olaraq, Kutaisi Apellyasiya Məhkəməsinə məxsusdur. Buna görə də, bu məhkəmənin qərarında göstəriləcək ki, [ərizəçilərin] səhmlərinin qalan hissəsinin başqasına verildiyini və zavodun borca düşdüyünü nəzərə alaraq, səhmlərin bütünlüklə qaytarılması faktiki olaraq mümkün deyil, bu isə sonradan maddi və mənəvi ziyana görə 50.000 GEL (22.000 avro) təyin edilməsi ilə nəticələnəcək.
48. Xanım T.B. daha sonra ərizəçilərin qızını əmin etdi ki, onlar Baş prokurorluğa güvənə bilərlər, çünki istənilən halda, dövlət orqanları tərəfindən hər hansı yanlış davranış olsa, ərizəçilərin Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi şikayət hüququna maneə yaradıldığını iddia edərək sonradan Məhkəməyə şikayət etmək imkanı həmişə olacaq və bu iddia cavabdeh dövlətin beynəlxalq imicinə xüsusilə ziyan vuracaq. Xanım T.B. sonda xatırlatdı ki, dövlət kompensasiyanın məbləğini maksimum 85.000 GEL-ə (35.700 avro) qədər artıra bilər.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ SƏNƏDLƏR
A. Cinayət Prosessual Məcəlləsi (CPM)
49. 13 fevral 2004-cü ildə CPM-ə daxil edilən və birinci dəfə 24 iyun 2004-cü ildə dəyişikliklərə məruz qalan və beləliklə həmin dövrdə qüvvədə olan "prosessual saziş" (gürcü dilində “საპროცესო შეთანხმება” – "saprotseso şetanxmeba") və ya təqsirin etirafı müqabilində sövdələşmə barəsindəki müvafiq müddəalarda deyilir:
Maddə 15
"Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinə uyğun olaraq prosessual saziş əldə edilə bilər. Prosessual saziş ədliyyə sisteminin daha sürətli və daha səmərəli işinə şərait yaradır".
Maddə 679-1
"1. Məhkəmə icraatındakı işi mahiyyəti üzrə araşdırmadan prosessual saziş əsasında qərar çıxara bilər. Prosessual saziş təqsirləndirilən şəxsin məsuliyyəti və ya cəzası ilə bağlı razılaşmaya əsaslanır. Prosessual sazişin təklif edilməsi prokurorluğun müstəsna səlahiyyətinə aiddir.
2. Cəza ilə bağlı razılıq əldə edildiyi zaman təqsirləndirilən şəxs təqsirini etiraf etmir, amma prokurorla cəza ilə bağlı və ya cəzanın olmaması barədə razılaşma əldə edir və (və ya) istintaq orqanı ilə əməkdaşlıq etməyə razılıq verir.
3. Məsuliyyətlə bağlı razılıq əldə edildiyi zaman təqsirləndirilən şəxs təqsirini etiraf edir və istintaq orqanı ilə əməkdaşlıq edir.
4. Prosessual saziş yuxarı prokurorun razılığı ilə bağlanır".
5. Prosessual saziş əsasında prokuror müttəhimin bütün ittihamlar üzrə təqsirini etiraf etməsi şərti ilə cəza müddətinin azaldılması, yaxud ona qarşı irəli sürülən bəzi ittihamların yüngülləşdirilməsi və ya onların bəzilərinin götürülməsi barədə vəsatət verə bilər.
5. Cəza müddətinin azaldılması və ya ittihamların yüngülləşdirilməsi barədə qərar çıxarmazdan əvvəl prokuror: a) təqsirləndirilən şəxsə təyin oluna bilən cəzanın ağırlığını, habelə onun qanunsuz hərəkətlərinin ciddliyini və onun təqsirliliyini; b) dövlət vəsaitlərindən ümumi maraqlar üçün ən əlverişli olan şəkildə hansı formada istifadə edilməsini nəzərə almalıdır. ...
7. Prosessual saziş müdafiəçi vəkilin iştirakı olmadan və təqsirləndirilən şəxs sazişin məzmunu ilə razı olmadan əldə edilə bilməz.
8. Təqsirləndirilən şəxsin istintaqa təqdim etdiyi məlumatların və ya sübutların ... etibarlı olmadığı və məsuliyyət daşıyanların aşkara çıxarılmasına kömək etmədiyi sonradan məlum olarsa, prosessual saziş etibarsız və qüvvəsiz sayılır. Prosessual sazişin etibarsız sayılması barədə qərar məhkəmə tərəfindən qəbul edilir.
9. Xüsusi hallarda təqsirləndirilən şəxsin istintaqla əməkdaşlığı xüsusilə ağır cinayətin və ya cinayətkar fəaliyyətin aşkara çıxması ilə nəticələnərsə və təqsirləndirilən şəxs istintaqın gerçəkləşməsinə birbaşa yardım göstərərsə, prokuror təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edə bilər. ...
11. Prosessual saziş bağlayarkən prokuror təqsirləndirilən şəxsə məlumat verməlidir ki, saziş onu mülki məsuliyyətdən azad etmir. Xüsusi hallarda prokuror və ya prokuror müavini əsaslandırılmış qərarla təqsirləndirilən şəxsin mülki məsuliyyətini ləğv edə bilər. Belə hallarda öhdəlik dövlətin üzərinə düşür".
Maddə 679-2, 2, 3 və 4-cü bəndlər
"2. Təqsirləndirilən şəxsin və ya onun qanuni nümayəndəsinin və vəkilinin imzaladığı yazılı bəyannamə ilə təsdiq edilməlidir ki, təqsirləndirilən şəxs hüquqi məsləhətdən faydalanaraq məhkəmə tərəfindən iş mahiyyəti üzrə araşdırılmadan qərardad çıxarılmasına könüllü razılığını verir. Təqsirləndirilən şəxs prokurorun məhkəməyə təqdim edəcəyi sazişin qısa xülasəsinin məzmununu, eləcə də çıxarılacaq qərarın hüquqi nəticələrini tam anlamalıdır.
3. Təqsirləndirilən şəxs və prokuror prosessual sazişə nail olduqda prokuror sazişin qısa xülasəsini tərtib etməli və orada sazişin məzmununu əks etdirməlidir. Sonra xülasə prokuror, təqsirləndirilən şəxsin vəkili və təqsirləndirilən şəxs tərəfindən imzalanır.
4. Bu maddənin 3-cü bəndində qeyd edilən xülasənin məzmunu konfidensialdır və yalnız onu imzalayanlara və məhkəməyə açıqlana bilər.
Maddə 679-3
"1. Prosessual saziş yazılı formada olmalı və dinləmənin qapalı keçirilməsini tələb edən əsaslı səbəblər yoxdursa, açıq dinləmədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmənin qərarında prosessual saziş əks olunmalıdır. Məhkəmə sazişin zorakılıq və təhdid olmadan, habelə aldatma və ya qanunsuz vədlər olmadan əldə edilməsini təmin etməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin razılığının könüllü olmasını və onun ixtisaslı hüquqi yardım ala bilməsini təmin etməlidir.
2. Prosessual sazişi təsdiq etməzdən əvvəl məhkəmə əmin olmalıdır ki:
a) təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin xarakterini tam anlayır;
b) etiraf etdiyi cinayətə görə hansı cəzaya məruz qalacağını tam anlayır;
c) prosessual saziş kontekstində təqsirin etiraf edilməsi ilə əlaqədar olan hüquqi tələblərdən xəbərdardır;
d) cinayət təqibi orqanı tərəfindən təqdim edilən, prosessual saziş əsasında cəzanın yüngülləşdirilməsini və ya cəzadan tamamilə azad edilməni tövsiyə edən xülasəni qəbul etməyə məhkəmənin borclu olmadığını tam anlayır;
e) aşağıdakı konstitusion hüquqlara malik olduğunu anlayır:
- müdafiə hüququ;
- təqsirinin etirafının bəyan edildiyi sazişi bağlamaqdan imtina etmək hüququ;
- işə mahiyyəti üzrə baxılmasına nail olmaq hüququ.
f) prosessual saziş hər hansı məcburetmənin və təhdidin, yaxud təqsirin etirafı müqabilində sövdələşmənin əhatə dairəsindən kənar olan hər hansı vədin nəticəsi deyil;
g) təqsirləndirilən şəxs təqsirinin etirafının bəyan edildiyi sazişin əsaslandığı faktlara etiraz etmir.
3. Məhkəmə qərarını qanuna uyğun olaraq çıxarır və təqsirləndirilən şəxslə prokuror arasındakı sazişə sanksiya verməyə borclu deyil".
Maddə 679-4, 1, 3, 4, 5, 6 və 7-ci bəndlər
"1. Əvvəlki fəsildə nəzərdə tutulan hallarda məhkəmə ya işə mahiyyəti üzrə baxmadan [təqsirin etirafı müqabilində sövdələşməni] təsdiqləyən qərar çıxara, ya da ittiham aktının təqdim edilməsi üçün işin prokurora qaytarılması barədə qərar qəbul edə bilər.
3. Məhkəmə işin materialları əsasında əmin olmalıdır ki, ittiham əsaslıdır, xülasədə təklif olunan cəza ədalətlidir və təqsirləndirilən şəxs təqsirini könüllü surətdə boynuna alır.
4. Məhkəmə prokurorun işin faktlarına və hüquqi məsələlərə verdiyi qiymətlə razılaşarsa və tövsiyə olunan cəzanı ədalətli hesab edərsə, müvafiq xülasəni prokurordan aldıqdan sonra bir ay ərzində qərar çıxarır. ...
5. Məhkəmə təqdim olunan sübutların ittihamı sübuta yetirmədiyini və ya prosessual sazişin 679-1-ci maddə pozulmaqla bağlandığını hesab edərsə, ittiham aktının təqdim edilməsi üçün işi prokurora qaytarır.
6. Məhkəmə prokurorun tövsiyə etdiyi cəzanın həddən artıq sərt olduğunu hesab edərsə, onu yüngülləşdirmək səlahiyyətinə malikdir.
7. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qərar çıxarılana qədər məhkəmə prosesinin istənilən anında onun təqsirini boynuna almasına əsaslanan prosessual sazişi bağlamaqdan imtina etmək hüququna malikdir. Bu imtinanı onun vəkili ilə razılaşdırması tələb olunmur. Məhkəmə qərar çıxardıqdan sonra daha prosessual sazişə əməl etməkdən imtina etmək mümkün deyil".
Maddə 679-7, 2 və 3-cü bəndlər
"2. [Əvvəlki maddələrdə nəzərdə tutulmuş] məhkəmə qərarından şikayət verilə bilməz, həmin qərar qəbul edildiyi andan qüvvəyə minir.
3. Faktlarla və ya hüquqi məsələlərlə bağlı yeni hallara aid olan adi normalara uyğun olaraq məhkəmə qərarına yenidən baxıla bilər".
50. CPM-ə edilmiş 25 mart 2005-ci il tarixli dəyişiklikdən sonra təqsirin etirafı müqabilində sövdələşmə yolu ilə məhkəmə prosesinə xitam verilməsi barədə məhkəməyə vəsatət verilməsi daha prokurorun müstəsna səlahiyyətinə aid deyildi. Belə vəsatət təqsirləndirilən şəxs tərəfindən də verilə bilərdi (maddə 679-1, 1-ci bənd). Bundan başqa, prokurorun hazırladığı xülasə daha konfidensial deyildi (maddə 679-2, 4-cü bənd), yalnız təqsirləndirilən şəxsin verdiyi informasiyaların yer aldığı bölmə istisna təşkil edirdi. Sözügedən dəyişiklikdən sonra prosessual sazişin məhkəmə tərəfindən təsdiqləndiyi dinləmənin protokolunda iclasın stenoqramının əks olunması məcburi idi (maddə 679-3, 4-cü bənd).
51. Daha sonra, 25 mart 2005-ci il tarixli dəyişikliyə əsasən, məhkəmə qanuni şəkildə təqdim edilmiş təqsirin etirafı müqabilində sövdələşməni nəzərdən keçirərkən bunu müttəhimə izah etməyə borclu idi ki, o, sonradan öncəki danışıqlarda cinayət təqibi orqanı tərəfindən hüquqa zidd rəftara məruz qalmasından şikayət edərsə, həmin şikayət sazişin təsdiqlənməsinə mane olmayacaq (maddə 679-3, 2.1-ci bənd).
52. Bundan əlavə, 25 mart 2005-ci ilədək 679-6-cı maddədə yalnız prosessual sazişi etibarsız və qüvvəsiz elan edən məhkəmə qərarından şikayət vermək imkanı nəzərdə tutulduğu halda, sözügedən dəyişiklik təqsirləndirilən şəxsə imkan verdi ki, aşağıdakı hallarda sazişin təsdiqlənməsi barədə qərardan həmin qərarın çıxarıldığı tarixdən on beş gün ərzində yuxarı məhkəməyə şikayət etsin:
"a) prosessual saziş aldatma yolu ilə bağlandıqda;
b) təqsirləndirilən şəxsin müdafiə hüquqları məhdudlaşdırıldıqda;
c) prosessual saziş zorakılıq, güc tətbiqi, təhdid və ya qorxutma vasitəsilə bağlandıqda;
d) işə baxmış məhkəmə [yuxardakı maddələrdə nəzərdə tutulmuş] vəzifələrinə etinasız yanaşdıqda".
53. Sözügedən dəyişiklikdə yuxarıdakı əsaslara görə şikayət etmək imkanının 25 mart 2005-ci ilə qədərki qərarlara da aid olub-olmadığı göstərilmirdi.
B. Avropa Şurası
1. Nazirlər Komitəsinin üzv dövlətlərə "Cinayət ədliyyəsinin sadələşdirilməsinə dair" R (87) 18 saylı tövsiyəsi
54. Bu tövsiyə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 17 sentyabr 1987-ci ildə qəbul edilib və sadələşdirilmiş və tezləşdirilmiş prosedurlara aiddir. Tövsiyədən götürülmüş müvafiq hissədə deyilir:
"Məhkəmələrə verilən və xüsusən kiçik cəzalar doğuran cinayət işlərinin sayının artdığını və cinayət prosesinin uzun sürməsinin səbəb olduğu problemləri nəzərə alaraq;
Cinayətlərin araşdırılmasında ləngimənin cinayət hüququnu nüfuzdan saldığını və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirlməsinə təsir göstərdiyini nəzərə alaraq;
Ədalət mühakiməsinin həyata keçirlməsində ləngimələrin təkcə konkret resursların ayrılması yolu ilə və bu resurslardan istifadə üsulları ilə deyil, həm də cinayət hüququ siyasətinin aparılmasında həm forma, həm də mahiyyət nəzərə alınmaqla prioritetlərin daha aydın müəyyən edilməsi yolu ilə aşağıdakı vasitələrlə aradan qaldırıla biləcəyini nəzərə alaraq:
- diskresion məhkəmə təqibi prinsipinin tətbiqi yolu ilə;
- az əhəmiyyətli və kütləvi cinayətlərdən söhbət getdiyi hallarda aşağıdakı tədbirlərdən istifadə etməklə:
- tezləşdirilmiş prosedurlar adlandırılan prosedurlardan,
- cinayət təqibinin mümkün alternativi qismində cinayət işləri üzrə səlahiyyəli orqanlar və hüquq normalarını tətbiq edən digər orqanlar tərəfindən məhkəmədənkənar nizamlamalardan,
- sadələşdirilmiş prosedurlar adlandırılan prosedurlardan,
- adi məhkəmə prosedurlarının sadələşdirilməsindən ..."
2. Gürcüstan tərəfindən vəzifə və öhdəliklərinə riayət edilməsi – Avropa Şurasının üzv dövlətlər tərəfindən vəzifə və öhdəliklərinə riayət edilməsi üzrə komitəsinin (Monitorinq Komitəsi) hesabatı, 21 dekabr 2005-ci il
55. Monitorinq Komitəsinin yuxarıda qeyd edilən hesabatının müvafiq hissələrində deyilir:
"44. Xarici və adətən qeyri-Avropa hüquq modellərinin Gürcüstanın daxili məhkəmə sisteminə gətirilməsi istiqamətində artan tendensiya barəsdində də həmməruzəçilərin müəyyən qeydləri var. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmə haqqında son dövrdə qəbul edilən və Birləşmiş Ştatların hüquq praktikasını yamsılayan qanunvericilik normaları buna misal ola bilər, həmməruzəçilər korrupsiyaya qarşı mübarizəyə aid bənddə bu məsələyə qayıdacaqlar. ...
47. Aydın məsələdir ki, dövlət orqanları iddia edilən ən məşhur korrupsiya hallarında təxirəsalınmaz və qətiyyətli tədbir görülməsinə dair ictimai tələbləri nəzərə almalıdırlar, bununla belə, həmməruzəçilər israrla bildirirlər ki, xalqın gözləntiləri şübhəli şəxslərin hüquqlarının pozulmasına və hüquqa uyğun cinayət prosesinin əsas prinsiplərinə hörmət edilməməsinə haqq qazandıra bilməz. Korrupsiyada təqsirləndirilən bəzi keçmiş məmurların həbsləri tamaşa şəraitində həyata keçirilib və bu həbslər çox vaxt hətta şübhəli şəxslərin qaçıb gizlənmək niyyətini göstərən heç bir əlamət olmadığı hallarda belə, həbs orderi olmadan aparılıb. İnsan hüquqlarının müdafiəsi təşkilatları həddən artıq güc tətbiq edildiyi bir neçə hal barəsində məlumat veriblər, bəzi həbslər lentə alınıb və (şübhəli şəxslərin insan ləyaqətini alçaldan) görüntülər müxtəlif televiziya kanallarında geniş şəkildə yayımlanıb. Şübhəli şəxslərin bəzi kateqoriyalarına münasibətdə təqsirsizlik prezumpsiyası prinsipinə hörmət yeni Gürcüstanda hələ də araşdırılmalı məsələ olaraq qalır.
48. Bəzi şübhəli şəxslərin onlar tərəfindən mənimsənildiyi iddia edilən pulların qaytarılması müqabilində ittihamlarının yüngülləşdirilməsini və ya tamamilə götürülməsini mümkün edən "təqsirin etiraf edilməsi müqabilində sövdələşmə" sistemi, yumşaq desək, mübahisəlidir. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmə Birləşmiş Ştatlarda və Avropa Şurasına üzv olan bəzi dövlətlərdə geniş istifadə edilsə də, adətən o elə sazişlərə aid olur ki, həmin sazişlərin vasitəsilə təqsirləndirilən şəxslər daha yüngül ittihamın qarşılığında təqsirlərini etiraf etməyə (digər cinayətkarlar barəsində xəbər verməyə və s.) razılıq verirlər. Gürcüstanda təqsirin etiraf edilməsi müqabilində sövdələşmə proseduru daha da irəliyə gedir və burada məsələyə maliyyə komponenti daxil edilir – təqsirləndirilən şəxslərdən müəyyən məbləği ödəmələri tələb olunur ki, bu da onlar tərəfindən oğurlandığı iddia edilən pulların təxmini məbləğidir. Bunun qarşılığında prokuror ittihamları yüngülləşdirməyə və ya tamamilə götürməyə razılıq verir. Bu sövdələşmə sonda hakim tərəfindən təsdiq edilməlidir.
49. Həmməruzəçilər hesab edirlər ki, "təqsirin etiraf edilməsi müqabilində sövdələşmə" sisteminin Gürcüstan variantının spesifikliyi, xüsusən prosedura maliyyə komponentinin daxil edilməsi və bəzi hallarda onun hüquqa zidd olmaqla, digər hallarda hüquqa zidd olmadan tətbiq edilməsi təəssüratının yaranması bu praktikanı Avropa Şurası standartlarına uyğun olmayan hala salır. Bu sistem nəinki iri oğurluqlar edənlərin ədalət mühakiməsinə qarşı immunitetə malik olması təəssüratını yaradır, həm də Gürcüstanın polis, prokurorluq xidmətləri və məhkəmələri arasında hüquqi və inzibati balansın olmaması səbəbindən sui-istifadə riskinin yaranması narahatlıq doğurur. Həmməruzəçilər başa düşürlər ki, "təqsirin etiraf edilməsi müqabilində sövdələşmə" vasitəsilə əldə edilmiş pullar (indiyədək təxminən 30 milyon ABŞ dolları) çox önəmlidir və pensiyaların və digər təxirəsalınmaz tələbatların ödənilməsinə kömək edir, amma onlar Baş prokurorun irəli sürdüyü bu ideya ilə razı deyillər ki, ədalət mühakiməsinin səmərəliliyi onun köməyi ilə büdcəyə gələn gəlirlərlə ölçülə bilər. Uzun illər boyu geniş yayılmış korrupsiyadan və qanunun aliliyinə qarşı sistematik etinasızlıqdan sonra Gürcüstanın səmərəli və hamı üçün bərabər olan ədalət mühakiməsinə ehtiyacı var.
50. Müvafiq olaraq, həmməruzəçilər Gürcüstanın hakimiyyət orqanlarını hazırda tətbiq edilən təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosedurunu Avropa Şurası standartlarına uyğun hala gətirmək üçün ona dərhal və əhəmiyyətli dərəcədə yenidən baxmağa çağırırlar".
3. Avropa Şurası Parlament Assambleyasının 1415 (2005) saylı qətnaməsi
56. 24 yanvar 2006-cı ildə Avropa Şurasının Parlament Assambleyası Monitorinq Komitəsinin yuxarıda qeyd edilən hesabatını nəzərdən keçirdikdən sonra 1415 (2005) saylı qətnamə qəbul etdi, həmin qətnamənin müvafiq hissələrində deyilir:
"9. Assambleya Gürcüstanın hakimiyyət orqanları ilə məsləhətləşdikdən sonra ... Gürcüstandan xahiş edir ki: ...
Hazırda tətbiq edilən "təqsirin etiraf edilməsi müqabilində sövdələşmə" sisteminə tənqidi yönümdən yenidən baxsın, belə ki, o (hazırkı formada), bir tərəfdən cinayət törətdiyi iddia edilən bəzi şəxslərin cinayətlərindən gələn gəlirləri həbsxanaya düşməmək üçün istifadə etmələrinə imkan yaradır, digər tərəfdən isə, bu prosedurun özbaşınalıqla, sui-istifadəyə yol verilməklə və hətta siyasi motivlərlə tətbiq edilməsi riskini doğurur; ..."
4. 2011-ci il aprelin 18-dən 20-dək Gürcüstana etdiyi səfərdən sonra Avropa Şurasının insan hüquqları komissarı Tomas Hammarberqin açıqladığı hesabat
57. İnsan hüquqları komissarı tərəfindən 30 iyun 2011-ci ildə açıqlanan, Gürcüstanda təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sisteminə aid olan hesabatın müvafiq hissələrində deyilir:
"Təqsirin etiraf edilməsi müqabilində razılaşmalar
63. Komissar cinayət işlərində təqsirin etiraf edilməsi müqabilində sövdələşmə proseduruna və onun tətbiqinə xüsusi diqqət yetirir.
64. Hazırda təqsirin etiraf edilməsi müqabilində sövdələşmə Gürcüstanın cinayət ədliyyəsi sistemində geniş yayılıb. 2004-cü ildə qəbul edildikdən sonra onun tətbiqi kəskin şəkildə artıb. Ali Məhkəmənin sədri komissara məlumat verdi ki, 2010-cu ildə təqsirin etiraf edilməsi müqabilində razılaşmalar bütün cinayət işlərinin təxminən 80%-ində tətbiq edilib.
65. Şübhəsiz ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə uğurlu vasitədir. O həm də cinayət işlərinin tez həll edilməsinə, məhkəmələrin, prokurorların və vəkillərin iş yükünün yüngülləşdirilməsinə mühüm töhfə verir. Bundan başqa, o, təyin edilən cəzaların sayının və nəticədə həm də məhbusların sayının azaldılmasına kömək edir ki, bu da Gürcüstanda həbsxanaların məhbuslarla dolu olması kontekstində mühüm amildir.
66. Hazırda tətbiq edilən və yeni CPM-də təsbit olunan təqsirin etiraf edilməsi müqabilində sövdələşmə modeli təqsirin etiraf edilməsini və ya prokurorla cəza barədə saziş bağlanmasını (nolo contendere plea) nəzərdə tutur. Bu barədə təşəbbüs həm müttəhim, həm də prokuror tərəfindən irəli sürülə bilər.
67. Müdafiəçi vəkilin iştirakı təqsirin etiraf edilməsi müqabilində sövdələşmə kontekstində məcburidir; lakin bu prosesdə vəkillərin rolu məhduddur. Komissarın əldə etdiyi məlumatlara əsasən, müttəhimlərin çoxu faktiki olaraq məkum olunacaqlarına əmindirlər və vəkillər müştərilərinin bəraət alması istiqamətində çalışmaq əvəzinə cəzanı mümkün qədər azaltmaq üçün onlara prokurorla təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlamağı məsləhət görürlər. Bu yanaşma xüsusən cəza qismində azadlıqdan məhrumetməni nəzərdə tutan pozuntular üçün adi hal alıb. Lakin Ədliyyə nazirinin müavini qeyd edib ki, geniş müdafiə hüquqlarını nəzərdə tutan yeni Cinayət Prosessual Məcəlləsinin müddəaları təqsirin etiraf edilməsi müqabilində razılaşma kontekstində müdafiə tərəfinin də vəziyyətinə müsbət təsir göstərəcək.
68. Komissarın bir narahatlığı təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlamaq üçün danışıqlar zamanı prokurorun malik olduğu diskresion səlahiyyətlərlə bağlıdır. Məsələn, hazırda prokuror hətta qanunla nəzərdə tutulandan daha aşağı cəza istəyə bilər, halbuki çoxlarının fikrincə bu səlahiyyət hakimə məxsus olmalıdır. Bundan əlavə, qanunda müttəhimin cinayət təqibi orqanı ilə tələb olunan əməkdaşlığının dərəcəsi müəyyən edilməyib ki, bu da praktikada subyektivliyə və ziddiyyətlərə gətirib çıxarır.
69. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmə məhkəmə qərarı ilə təsdiqlənir. Həmin sazişə məhkəmə tərəfindən baxılarkən hakim təqsirin etiraf edilməsi müqabilində bağlanan sazişin məcburetmə və təhdid yolu ilə bağlanmadığına əmin olmalı və ittihamları təsdiqləyən sübutları araşdırmalıdır. Dövlət orqanları təqsirin etiraf edilməsi müqabilində bağlanan sazişlər üzərində məhkəmə nəzarətinin mühüm təminat olduğunu iddia edərək vurğulayırlar ki, ittihamlar əsassız olduğu və ya pozuntu müşahidə edildiyi təqdirdə məhkəmə sazişi təsdiqləməkdən imtina edə bilər. Lakin vəkillər iddia edirlər ki, praktikada hakim sazişin şərtlərini araşdırarkən əsas etibarı ilə prokurorun təqdim etdiyi sübutlara istinad edir və işlərin böyük əksəriyyətində hakim prokurorun tələbləri ilə razılaşır.
70. Gürcüstanın təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sisteminin özəlliklərindən biri Cinayət Məcəlləsinin 42-ci maddəsi ilə əlaqədardır, həmin madəddə nəzərdə tutulur ki, təqsirin etiraf edilməsi müqabilində sazişlər kontekstində cərimələr, hətta Cinayət Məcəlləsinin pozuntularına görə bu cəza növü nəzərdə tutulmasa belə, tətbiq edilə bilər. "Beynəlxalq Şəffaflıq" təşkilatının Gürcüstan bölməsinin məlumatına görə, praktikada işlərin 99%-ində cərimələr ödənilir, amma dövlət orqanları bu rəqəmlə razılaşmırlar. Cərimələrin müəyyənləşdirilməsində aydın meyarların olmaması ucbatından prosesdə şəffaflıq yoxdur. Tbislidəki hüquq müdafiəçiləri iddia etdilər ki, bu proses müttəhimin ödəniş qabiliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir və bu, belə bir təsəvvürə gətirib çıxarır ki, azadlıq satın alına bilər.
71. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmələrin praktikada tətbiqi naraharlıqlara səbəb olsa da, dövlət orqanları iddia edirlər ki, sistemdə yetərli təminatlar mövcuddur. Bununla belə, Ədliyyə nazirinin müavini etiraf edib ki, sistemin şəffaflığını artırmağa və onun barəsindəki təsəvvürləri yaxşılaşdırmağa ehtiyac var.
72. Qanunda həmçinin müstəsna hallarda istintaqla səmərəli əməkdaşlıq edildiyi təqdirdə cəzadan azad edilmə imkanı nəzərdə tutulur. Bu imkan, şübhəsiz ki, cinayət işlərinin həllinə kömək edə bilər, amma bununla belə, bu kontekstdə sui-istifadə halları barədə məlumatlar verilir. ...
73. Həmçinin narahatlıqlar ifadə edilib ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sistemi müttəhimləri polis tərəfindən qəddar rəftar və ya həddən artıq güc tətbiqi baş verdikdə bu hal barədə şikayət etməməyə sövq edə bilər. Dövlət orqanları əvvəllər bu problemi etiraf ediblər və buna qarşı təminatlar tətbiq ediblər. Amma problemin kökü, artıq qeyd edildiyi kimi, mahiyyət etibarı ilə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sistemində deyil, onun hansı kontekstdə tətbiq edilməsindədir. Müttəhimlərin məhkum ediləcəklərinə, demək olar ki, əmin olduqlarını nəzərə alsaq, bir çox müttəhimlər üçün təqsirin etiraf edilməsi müqabilində sövdələşmə yüngül cəza almaq üçün yeganə alternativdir və müttəhimin qəddar rəftar barədə əsaslı şikayət təqdim etməsi ehtimalı, əgər o, bu şikayətin onun prokurorla sövdələşmə bağlamaq şansına xələl gətirə biləcəyi riskini dərk edirsə, çox azdır.
Nəticələr və tövsiyələr
74. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sisteminin fəaliyyəti bütövlükdə cinayət ədliyyəsi sisteminin fəaliyyətindən ayrılıqda götürülə bilməz və götürülməməlidir. İttiham hökmlərinin sayının olduqca çox olması, sərt cəza siyasəti və ədalət mühakiməsinin həyata keçitilməsi sisteminə ictimai inamın az olması kimi bir neçə amilin kombinasiyası müttəhimlərin hətta təqsisiz olduqda belə təqsirlərini eitraf etmələrinə yetərincə təsir göstərə və ədalət mühakiməsinin təhrif olunmasına gətirib çıxara bilər.
75. Yadda saxlamaq vacibdir ki, təqsirin eitraf edilməsinə razılıq verərkən müttəhim bir sıra hüquqlarından, o cümlədən ifadə vermək hüququndan və məhkəmə araşdırması hüququndan imtina etmiş olur. Komissar qeyd edir ki, qanunvericilikdə təminatlar nəzərdə tutulsa belə, praktikada onların tətbiqi tənqidlərin mövzusudur. Hakimlər təqsirin etiraf edilməsi müqabilində bağlanan sazişlər üzərində adekvat nəzarəti həyata keçirməli və həmin təminatların praktikada tam tətbiq edilməsinə nəzarət etməlidirlər. Komissar həmçinin təqsirin etiraf edilməsi müqabilində sövdələşmə barədə danışıqlarda müdafiə tərəfinin çox məhdud rol oynamasından narahatdır.
76. O da önəmlidir ki, müttəhimin təqsirini boynuna alması həmişə könüllü olmalı və hər hansı hüquqa zidd təzyiq olmamalıdır. Bu məqsədlə sistem çərçivəsində müdafiə tərəfi ilə prokuror arasında danışıqlar üçün obyektiv standartların hazırlanmasına, o cümlədən "istintaq orqanı ilə əməkdaşlıq" ifadəsinin daha aydın anlayışının verilməsinə, habelə müttəhimə tətbiq edilən cərimələrin məbləğinin müəyyənləşdirilməsi üçün daha aydın meyarlara ehtiyac var.
77. Nəhayət, sistemin şəffaflığını artırmaq üçün konkret addımlara təcili ehtiyac var. Komissar bu məsələdə dövlət orqanlarının səylərini dəstəkləyir və onları bütün maraqlı qruplarla, o cümlədən hüquq müdafiəçiləri ilə və vəkillərlə məsləhətləşməklə əhatəli yanaşma qəbul eytməyə həvəsləndirir".
C. "Beynəlxalq Şəffaflıq" (Transparency International) təşkilatı
58. 2010-cu ilin fevralında yuxarıda adı çəkilən beynəlxalq qeyri-hökumət təşkilatının milli bölməsi olan Transparency International Georgia ("BŞ-nin Gürcüstan bölməsi") Gürcüstanda tətbiq edilən təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sisteminə dair "Gürcüstanda təqsirin etiraf edilməsi müqabilində sövdələşmə" başlıqlı birinci analitik hesabatını açıqladı.
59. Prosedur barədə məlumat verildikdən, dövlətin öz hüquq sisteminə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosedurunu daxil etməsinin məntiqi izahı verildikdən və onun istifadəsi ilə bağlı faktlar təqdim edildikdən (rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə yolu ilə xitam verilmiş cinayət işlərinin sayı 12,7% təşkil edirdi) sonra hesabatda təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin unikal Gürcüstan modelinin ədalətli məhkəmə araşdırması hüququ üçün yaratdığı risklər təhlil edilib.
60. Müvafiq olaraq, hesabatın sonuncu hissəsindən bəzi müvafiq çıxarışlarda deyilir (hesabatda qeyd edilən bütün statistik məlumatları BŞ-nin Gürcüstan bölməsi ya Gürcüstan Ali Məhkəməsindən, ya da Baş prokurorluqdan alıb:
"... Statistika göstərir ki, müttəhimlə prokuror təqsirin etiraf edilməsi müqabilində sövdələşmə barədə razılığa gəldikdə, həmin sövdələşmə, demək olar ki, həmişə təsdiqlənir.
Məhkəmə iclasına sədrlik edən hakim nəzəri cəhətdən əmin olmalıdır ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə müttəhimə hüquqa zidd təzyiq göstərilməsinin nəticəsi deyil və saziş könüllü surətdə bağlanıb. Hakim həmçinin əmin olmalıdır ki, müttəhimin əsas hüquqları (müdafiəçi vəkil tərəfindən yardım göstərilməsi hüququ) pozulmayıb. Praktiki olaraq 2008-ci ildə təqsirin etiraf edilməsi müqabilində bağlanmış 8.770 sövdələşmənin yalnız səkkizi Gürcüstan hakimləri tərəfindən rədd edilib ki, bu da 0,1%-dən azdır. Hakimlər həmçinin işdə kifayət qədər ciddi sübutların olduğuna əmin olmalıdırlar. Başqa sözlə, hakimlər prokurorun təqdim etdiyi sübutların müttəhimi məhkəməyə cəlb etmək üçün yetərli hesab edildiyinə əmin olmalıdırlar. Fərq ondadır ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə zamanı sübutlar müttəhim tərəfindən şübhə altına alınmır.
BŞ-nin Gürcüstan bölməsinin müsahibə apardığı bütün vəkillər hakimlərin işdəki kifayət qədər ciddi sübutları "prosessual qaydalara uyğun surətdə" nəzərdən keçirdiklərinə şübhə etdilər. Hakimlərin işi lazımi qaydada nəzərdən keçirməmələrinə Natsvlişvili və Toqonidze Gürcüstana qarşı məhkəmə işi misal ola bilər, həmin işdə müttəhim deyib ki, prokuror təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə yalnız avtomobil istehsalı zavodunun səhmlərinin onun tərəfindən dövlətə verilməsindən və "könüllü surətdə" 50.000 GEL ödənilməsindən sonra razılıq verib. Sonra məhkəmə hətta şübhəli ödənişləri nəzərdən keçirmədən təqsirin etiraf edilməsi müqabilində sövdələşməni 35.000 GEL məbləğində (bu məbləğə öncə edilmiş "əvəzsiz ödənişlər" daxil deyildi) rəsmi cərimə əsasında təsdiqləyib. ...
Hər şeyi öncədən bilən ittihamçı
Əgər siz Gürcüstanda cinayətdə ittiham olunursunuzsa, tamamilə əmin ola bilərsiniz ki, sizi təqsirkar hesab edəcəklər. İttiham hökmlərinin faizi son dərəcə yüksəkdir. 2008-ci ildə Gürcüstan məhkəmələrinə təqdim edilmiş 17.639 cinayət işindən yalnız yeddisi bəraət hökmü ilə nəticələnib, 111-inə isə məhkəmə qərarı çıxarılana qədər xitam verilib. Bu, ittiham hökmlərinin göstəricisinin 99% olması deməkdir və təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin əleyhdarları deyirlər ki, bu hal həmin praktika səbəbindən məhkəmə hakimiyyətinin öz müstəqilliyini itirməsinin birbaşa nəticəsidir. Prokurorlar deyirlər ki, ittiham hökmlərinin faizinin yüksək olması "gərgin işin" və "cinayət təqibinin diqqətlə aparılmasının" nəticəsidir və sistemin yaxşı işləməsinin sübutudur.
Ali Məhkəmənin sədr müavini Zaza Meişvili iddia edir ki, ittiham hökmlərinin faizi ABŞ-la müqayisədə adi bir şeydir, orada cinayətlərin 90-95%-i təqsirin etiraf edilməsi müqabilində sövdələşmə ilə nəticələnir və beləliklə müttəhimin təqsirkar olduğu barədə qərar çıxarılır.
Lakin fərq ondadır ki, Gürcüstanda təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin bağlanmadığı işlərin də böyük bir hissəsi ittiham hökmü ilə nəticələnir. Bir çox ölkələrdə ittiham hökmlərinin faizi Gürcüstandakından xeyli aşağıdır. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yalnız Yaponiya 99,7%-lik göstərici ilə Gürcüstanı geridə qoyur. ...
2004-cü ildə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə proseduruna start veriləndən bəri bəraət hökmlərinin faizi aşağı düşsə də, əvvəlki rəqəmlər o qədər kiçikdir ki, bu o qədər də böyük fərq eləmir. Biz 2003-cü ildə ittiham hökmlərinin 97%-lik göstəricisindən 2009-cu ildə 99%-lik göstəricisinə gəlib çıxmışıq. Faktiki olaraq təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin anti-korrupsiya tədbirindən adi cinayət işlərində geniş yayılmış praktikaya çevrildiyi 2005-ci ildə bəraət hökmlərinin və xitam verilmiş işlərin sayı, demək olar ki, ikiqat artmış, ittiham hökmlərinin faizi isə 94%-ə enmişdi ki, bu da qeydə alınmış ən aşağı göstəricidir.
İttiham hökmlərinin yüksək faizi ilə bağlı izahat təqsirin etiraf edilməsi müqabilində sövdələşmədən daha çox, Gürcüstana sovet dövründən qalmış hüquqi miras ilə əlaqədardır, həmin sistemdə təqsirin etirafı üstünlük təşkil edirdi. Bir akademikin qeyd etdiyi kimi: "sovet cinayət ədliyyəsi modelində ən güclü şəxs prokuror idi və hazırda da əsasən güclü olaraq qalır. O, bütövlükdə cinayət prosesinə rəhbərlik edilməsinə görə cavabdeh idi və təqsirin etirafına nail olma metodu qismində məcburi etiraflardan, saxtalaşdırılmış sübutlardan və ya məhkəməyəqədər həbslərdən istifadə edərkən çox da düşünmürdü".
Ali Məhkəmənin sədr müavini Zaza Meişvili təqsirin etiraf edilməsi hallarının çox olduğunu BŞ-nin Gürcüstan bölməsinə bir daha təsdiq edərək dedi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmələrin "böyük əksəriyyəti" müttəhimin təqsiri boynuna almasını özündə ehtiva edir.
Sövdələşmədən savayı başqa şans yoxdur
Baxmayaraq ki, biz ittiham hökmlərinin açıq-aydın yüksək faizlərinə görə təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qınaya bilmərik, ittiham hökmlərinin çıxarılacağı ilə bağlı statistik ehtimalların olduqca yüksək olması digər bir mənfi nəticə doğurub. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin mahiyyəti elədir ki, sövdələşmə prosesi sadəcə olaraq müttəhimə diqtə edir ki, prokuror tərəfindən cəzanın mümkün qədər çox aşağı endirilməsinə nail olmağa çalışsın. Bu yalnız o halda mümkündür ki, müttəhim prokuroru bu məsələyə vaxt sərf etməyə sövq etmək üçün təsir rıçaqına malik olsun. Başqa sözlə, bu zaman prokuror bilir ki, müttəhimin şərtləri ilə razı olmasa, o, uzun hüquqi prosesə baş vuracaq və bəlkə də üç məhkəmə instansiyasından keçəcək. İttiham hökmlərinin göstəricisi 100%-ə yaxınlaşdıqda bu rıçaq çox zəifləmiş olur və prokurora imkan verir ki, öz şərtlərini diqtə etsin və müttəhimlərə "ya bunu qəbul et, ya da özün bil" şərtini təklif etsin.
İttiham hökmlərinin faizinin yüksək olduğu sistemlərdə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə işləmir. Əgər bəraət hökmünün çıxarılacağı ilə bağlı statistik ehtimalın çox aşağı olması səbəbindən təqsirsiz müttəhimlər "təqsirin etirafı" üçün üzərlərində təzyiq hiss edirlərsə, deməli, onların ixtiyarları prokurorların əlindədir. Beləliklə, Gürcüstanda ittiham hökmlərinin faizi daha real göstəriciyə qədər azalmasa, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bir institut olaraq səmərəli işləyə bilməz".
61. BŞ-nin Gürcüstan bölməsinin Gürcüstan Ali Məhkəməsindən əldə etdiyi və yuxarıda qeyd edilən iki hesabatda istinad edilmiş rəsmi statistikaya əsasən, Gürcüstanda bəraət hökmlərinin faiz göstəricisi 2004-cü ildə 0,4%, 2005-ci ildə 0,7%, 2006-cı ildə 0,2% təşkil edib, 2007-2009-cu illərdə isə 0,1% həddində qalıb.
III. MÜQAYİSƏLİ ARAŞDIRMA
62. Xarakteri etibarı ilə Gürcüstandakı təqsirin etiraf edilməsi müqabilində sövdələşmə sisteminə bənzəyən cinayət prosedurlarının mövcud olub-olmadığını öyrənmək üçün araşdırılmış Avropa Şurasının otuz üzv dövləti arasında aşağıdakı üç ölkədə buna ekvivalent mexanizmlər mövcud deyil: Azərbaycan, Yunansıtan və Türkiyədə. Digər ölkələrin az qismi (yəni Avstriya, Danimarka və Portuqaliya) öz hüquq sistemləri çərçivəsində hüquqi konsepsiya olaraq təqsirin etiraf edilməsi müqabilində sövdələşməni təsbit edən qanunvericilik qəbul etməsələr də, hər halda praktikada təqsirin etiraf edilməsi müqabilində sövdələşmə proseduru ilə və ya buna bənzər prosedurlarla tanışdırlar.
63. Avstriya, Belçika, Fransa və Lixtenşteyn cinayət prosesinə xitam verilməsinə gətirib çıxaran, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin elementlərini təşkil edən prosedurlara malik olduqları halda, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Malta, Moldova, Monteneqro, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Birləşmiş Krallıq (İngiltərə və Uels) cinayət işi üzrə ittiham hökmü çıxarılmasının nəticəsi olaraq təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prossedurlarını təsbit ediblər.
64. Bundan əlavə, Avstriya, Çexiya Respublikası, Macarıstan, Monteneqro, Rusiya və Serbiyada müttəhim dövlət orqanları ilə əmkdaşlıq etdiyi və beləliklə cinayət işinin həllinə yardımçı olduğu təqdirdə daha yüngül cəzanın tətbiqi, ittihamların götürülməsi və ya cinayət prosesinə xitam verilməsi imkanı nəzərdə tutulub.
65. Avropa Şurasına üzv olan dövlətlərdə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə əsas etibarı ilə cəza ilə bağlı sövdələşmə formasını alır ki, buna Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Malta, Moldova, Monteneqro, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Birləşmiş Krallıqda təsadüf edilir. İttihamla bağlı sövdələşməyə Macarıstan, Serbiya, Sloveniya, İspaniya, İsveçrə və Birləşmiş Krallıqda rast gəlinir. Araşdırma göstərir ki, Avropa Şurasına üzv olan dövlətlərdə cəza ilə bağlı sövdələşmə ittihamla bağlı sövdələşməyə nisbətən daha geniş yayılmış praktikadır. Bu aspekt ittiham tərəfinin ittihamları dəyişdirməsi və ya götürməsi üçün daha az manevr imkanı qoyan qanunilik prinsipi ilə sıx əlaqədardır.
66. Təqsirin etiraf edilməsi müqabilində bağlanan sazişlər istisnasız olaraq səlahiyyətli məhkəmələr tərəfindən yoxlanılır. Bu baxımdan məhkəmələr təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə qüvvədə olan prosessual və substantiv (maddi-hüquqi) normalara uyğun surətdə nail olunub-olunmadığını, müttəhimin həmin sövdələşməni könüllü və şüurlu şəkildə bağlayıb-bağlamadığını, müttəhimin etiraf etdiyi təqsirini təsdiqləyən sübutların olub-olmadığını və sazişin şərtlərinin münasib olub-olmadığını yoxlamaq vəzifəsini daşıyırlar.
67. Araşdırma nəticəsində müəyyənləşdirmək olar ki, bu məsələyə baxan məhkəmə təqsirin etiraf edilməsi müqabilində sövdələşməni təsdiq və ya rədd etmək barədə qərar çıxarmazdan əvvəl bir qayda olaraq işin materiallarını nəzərdən keçirmək vəzifəsini daşıyır və əmin olmalıdır ki, işin materiallarındakı sübutlar müttəhimin boynuna aldığı təqsirini və ya etdiyi etirafları təsdiqləyir. İtaliyada isə, əskinə, qanunla məhkəmədən sübutları araşdırmaq və ya təqsirləndirilən şəxsə qarşı kifayət qədər sübutların olduğunu təsdiqləmək tələb olunmur, həmçinin İsveçrədə də məhkəmə avtomatik olaraq sübutları araşdırmaq vəzifəsini daşımır. Rusiya qanunvericiliyində təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin bağlandığı işlərdə məhkəmələrin sübutları araşdırmaq vəzifəsi dəqiq şəkildə nəzərdə tutulmayıb. Bununla belə, güman etmək olar ki, bu vəzifə işə baxan məhkəmənin təqsirin etiraf edilməsi müqabilində bağlanan sazişi təsdiq etmək üçün həmin sazişin bütün şərtlərə cavab verib-vermədiyini yoxlamaq vəzifəsindən irəli gəlir.
68. Qanunla nadir hallarda məhkəmələrdən tələb olunur ki, tezləşdirilən prosedurlarda ən azından müəyyən hallarda işin materiallarında olmayan əlavə sübutların tədim edilməsi barədə göstəriş versinlər və onları araşdırsınlar. Bu baxımdan Almaniya məhkəmələri, hətta təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlandıqda belə, onların qərarı üçün əhmiyyətli ola biləcək işin hər hansı aspektinin aşkara çıxarılmasına yönələn sübutların təqdim edilməsi barədə göstəriş vermək vəzifəsini daşıyırlar. Birləşmiş Krallıqda, əgər faktlarla bağlı fikir ayrılıqları varsa, məhkəmə faktları müəyyənləşdirmək üçün ifadələri dinləməli və sonra onların əsasında hökm verməlidir.
69. Araşdırılan ölkələrin çoxunda təqsirin etiraf edilməsi müqabilində ittiham tərəfi ilə müttəhim arasında bağlanan saziş sonradan məhkəmə tərəfindən yoxlanılır. Bu ssenari baş verdikdə, məhkəmə prinsipcə təqsirin etiraf edilməsi müqabilində sövdələşməni təsdiq və ya rədd etmək səlahiyyətinə malikdir, amma onun şərtlərini dəyişə bilməz. Bolqarıstan məhkəmələrinə icazə verilir ki, təqsirin etiraf edilməsi müqabilində bağlanan və baxılmaq üçün onlara təqdim edilən sazişlərə dəyişikliklər təklif etsinlər. Lakin belə dəyişikliklərin müttəhim, müdafiəçi vəkil və prokuror tərəfindən qəbul edilməsi tələb olunur. Almaniyada, Rumıniyada və müəyyən dərəcədə Birləşmiş Krallıqda sazişin şərtləri (sövdələşmənin ittiham tərəfi ilə müdafiə tərəfi arasında öncədən əldə edilən sazişə əsaslandığı hallardan fərqli olaraq) səlahiyyətli məhkəmə tərəfindən müəyyən edilir.
70. Araşdırmanın əsasında təsdiq etmək olar ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosesi həmin prosesin tətbiq edildiyi hər bir ölkədə məhkəmə icraatının tezləşdirilməsinə gətirib çıxarır. Buna görə də təqsirin etiraf edilməsi müqabilində saziş bağlandıqda həmin saziş prosessual təminatlara və məhkəmə təminatlarına təsir göstərir. Lakin bu təsirlərin qarşısını almaq üçün bir sıra təminatlar nəzərdə tutulur.
71. Məsələn, müttəhimin vəkillə təmsil olunması Bolqarıstanda, Çexiya Respublikasında, Fransada (müttəhimin öncə təqsirini etiraf etməsindən sonra məhkəmə qarşısına çıxarıldığı hər bir halda (comparution sur reconnaissance préalable de culpabilité)), Macarıstan, Malta, Moldova, Rusiya, Serbiya və Sloveniyada məcburidir. Araşdırılan digər ölkələrdə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlandığı hallarda müdafiəçi vəkillə təmsil olunma barədə xüsusi normalar yoxdur və beləliklə, hüquqi təmsilçiliyə aid adi normalar tətbiq edilir.
72. Təqsirin etiraf edilməsi müqabilində saziş bağlanması Avstriya və Lixtenşteyndə (hər iki dövlətdə yalnız cəza növünün dəyişdirilməsi konsepsiyası mövcuddur ki, bu da cinayət prosesinə xitam verilməsi ilə nəticələnir), Bosniya və Herseqovina, Çexiya Respublikası, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Malta, Moldova, Monteneqro, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Birləşmiş Krallıqda müttəhimin təqsirini etiraf etməsi ilə şərtlənir. Digər tərəfdən, İtaliya istisna təşkil edir: təqsirin etiraf edilməsi müqabilində sazişin bağlanması üçün müttəhimin təqsiri boynuna alması tələb olunmur.
73. Bununla belə, Rumıniya açıq-aşkar istisna olmaqla, araşdırılan ölkələrin demək olar hamısında müttəhimin təqsirini boynuna alması yalnız təqsirin etiraf edilməsi müqabilində sazişin bağlanması məqsədləri üçün istifadə edilə bilər. Təqsirin etiraf edilməsi müqabilində saziş bağlanmadıqda və ya məhkəmə tərəfindən rədd edildikdə müttəhimin təqsirini boynuna alması və ya etdiyi etiraflar onun əleyhinə istifadə oluna bilməz.
74. Aşağıdakı ölkələrdə məhkəmə təqsirin etiraf edilməsi müqabilində sazişlə əlaqədar qərarı dinləmədə qəbul edir: Avstriya, Lixtenşteyn, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Malta, Moldova, Monteneqro, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveçrə və Birləşmiş Krallıqda. Müttəhimin bu dinləmədə iştirakı, məsələn, Bolqarıstan, Monteneqro, Rumıniya, Rusiya, Macarıstan və Slovakiyada qanunla dəqiq şəkildə tələb olunur. Digər tərəfdən, İtaliyada müttəhimin dinləmədə iştirakı vacib deyil.
75. Araşdırılan ölkələrin çoxunda təqsirin etiraf edilməsi müqabilində saziş bağlandıqdan sonra apellyasiya hüququ məhdudlaşdırılır. Belə məlum olur ki, Sloveniyada təqsirin etiraf edilməsi müqabilində saziş bağlandığı təqdirdə (ən azından təqsirin etiraf edilməsi müqabilində saziş məhkəmə tərəfindən təsdiqləndikdə) apellyasiya hüququndan tam imtina edilir. Təqsirin etiraf edilməsi müqabilində sazişin bağlanması Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Macarıstan, İtaliya, Malta, Moldova, Monteneqro, Rusiya, Slovakiya, Serbiya, İspaniya, İsveçrə və Ukraynada apellyasiya hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Fransa, Avstriya, Lixtenşteyn, Almaniya, Polşa, Rumıniya və Birləşmiş Krallıqda bu məsələ apellyasiya hüququna təsir göstərmir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN VƏ 7 SAYLI PROTOKOLUN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTULARI
76. Birinci ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 7 saylı Protokolun 2-ci maddəsinə əsasən şikayət etdi ki, onun işində tətbiq edilmiş təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosesindən sui-istifadə edilib və təqsirin etiraf edilməsi müqabilində bağlanmış sazişi onun fikrincə əsassız olaraq təsdiq etmiş məhkəmə qərarından yuxarı məhkəməyə apellyasiya şikayəti verilməsi mümkün olmayıb.
7. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 7 saylı Protokolun 2-ci maddəsinin müvafiq hissələrində deyilir:
Maddə 6
"Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir".
7 saylı Protokolun 2-ci maddəsi
"1. Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya yuxarı məhkəmədə yenidən baxılması hüququ var. Bu hüququn həyata keçirilməsi, o cümlədən onun həyata keçirilməsinin əsasları qanunla tənzimlənir".
A. Hökumətin arqumentləri
78. Hökumət bildirdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə cinayət işləri üzrə razılığa əsaslanan və qısaldılan ədalət mühakiməsi müxtəlif Avropa və dövlətlərinin və dünya ölkələrinin qanunvericiliyinə və praktikasına ədalətli məhkəmə araşdırması təminatları ilə uzlaşdırılmış şəkildə uğurla daxil edilib. Prosedurlara sərf olunan resurslara qənaət etmə maraqları təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin meydana çıxmasının və yayılmasının hərəkətverici qüvvəsi olub. Hökumət vurğuladı ki, hələ 1987-ci ildə Avropa Şurasının üzvü olan dövlətlərə Nazirlər Komitəsi tərəfindən məsləhət görülmüşdü ki, məhkəmə prosedurlarını sadələşdirmək və sürətləndirmək üçün vasitələr işləyib hazırlasınlar və həmin vasitələrə tezləşdirilmiş prosedur vasitəsilə çıxarılan məhkəmə qərarları, məhkəmədənkənar danışıqlar və təqsirin etiraf edilməsi müqabilində sövdələşmələr daxil idi (yuxarıda 54-cü bəndə bax). O daha sonra vurğuladı ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosesi korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı praktiki və ən uğurlu vasitələrdən birini təşkil edir. 2004-cü ildə Gürcüstanda təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosedurunun tətbiq edilməsi bu ölkəyə xas olan cinayətkarlığın və həmin vaxt ölkəni bürümüş korrupsiyanın konteksti dəyərləndirilmədən bəlkə də tam başa düşülə bilməz. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmədən istifadə edilməsi sistem xarakterli bu problemlərə təcili reaksiya vermək məqsədi daşıyırdı.
79. Hökumət bildirdi ki, Gürcüstanda təqsirin etiraf edilməsi müqabilində sövdələşmə daha yüngül cəzanın və tezləşdirilmiş məhkəmə araşdırmasının qarşılığında müəyyən prosessual hüquqlardan imtinanı nəzərdə tutur. Lakin daxili qanunvericiliyə əsasən ədalətli məhkəmə araşdırmasının ən mühüm təminatları saxlanılıb və birinci ərizəçinin cinayət işində onlar praktikada lazımi qaydada tətbiq edilib. Beləliklə, hər şeydən əvvəl birinci ərizəçi ixtisaslı vəkil yardımı ilə təmin edilmiş, prokurorla danışıqlar başlamazdan əvvəl bu danışıqlara ilkin razılığını vermiş və əldə edilən sazişin şərtlərinin qəbulu barədə vəkilinin imzası ilə təsdiqlənmiş zəruri yazılı sənəd ona təqdim edilmişdi. Daha sonra, birinci instansiya məhkəməsi açıq və şifahi dinləmədə təqsirin etiraf edilməsi müqabilində sövdələşməni nəzərdən keçirmiş və dinləmə zamanı ona sual verilmişdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə məcburiyyət olmadan və digər ədalətli şərtlərlə nail olunubmu və birinci ərizəçi ittihamların xarakterini və mümkün cəzanı tam dərk etməklə sövdələşməni öz istəyi ilə qəbul edibmi? Digər təminatlara gəlincə, Hökumət bu fakta istinad etdi ki, nəinki birinci ərizəçi məhkəmə araşdırması zamanı təqsirin etiraf edilməsi müqabilində razılaşdırılmış sövdələşmədən imtina etmək hüququna malik idi, həm də ittihamların həqiqətə uyğunluğunu qiymətləndirməli olan hakim birinci ərizəçinin cinayət məsuliyyəti ilə bağlı hər hansı şübhə yarandığı təqdirdə təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin qarşısını almaq səlahiyyətinə malik idi.
80. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin məzmunundan birinci ərizəçinin tam xəbərdar olduğu və ona könüllü razılıq verdiyi barədə iddiasının təsdiqi üçün Hökumət işin aşağıdakı faktoloji hallarına istinad etdi. Birincisi, birinci ərizəçi artıq həbsinin ertəsi günü, 16 mart 2006-cı ildə özünün seçdiyi ixtisaslı vəkillə təmin edilib (yuxarıda 15-ci bəndə bax). 25 mart 2004-cü ildə o, prokurora məktub göndərərək dövlət orqanları ilə əməkdaşlıq etmək niyyətini ifadə edib (yuxarıda 18-ci bəndə bax). 1 avqust 2004-cü ildə birinci ərizəçinin cinayət işinin materialları ilə tanış olmasına icazə verilib, 6 avqust 2004-cü ildə isə o, özünün seçdiyi ixtisaslı ikinci vəkili müdafiəsi üçün təyin edib (yuxarıda 21-ci bəndə bax). İstintaq yekunlaşdıqdan və birinci ərizəçiyə qarşı sübutlar 6 sentyabr 2004-cü ilədək işin materiallarına əlavə edildikdən sonra birinci ərizəçini külli miqdarda dövlət vəsaitlərini mənimsəməkdə təqsirləndirən ittiham aktı prokuror tərəfindən təqdim edilib. İttiham aktı ilə və toplanmış sübutlarla lazımi qaydada tanış olduqdan sonra iki vəkili ilə təmsil olunan birinci ərizəçi dövlət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu yenidən təsdiq edib və hərəkətlərinin vurduğu ziyanın kompensasiyası qismində zavoddakı səhmlərini elə həmin gün, 6 sentyabr 2004-cü ildə dövlətə verib (yuxarıda 22-ci və 23-cü bəndlərə bax).
81. 9 sentyabr 2004-cü ildə birinci ərizəçi prokurora başqa bir yazılı ifadə verib. O, təqsirin etiraf edilməsi müqabilində cəza ilə bağlı sövdələşməyə nail olmaq və 35.000 GEL cərimə ödəmək istəyini ifadə edib. Həmin ərizədə o aydın şəkildə təsdiq edib ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə konsepsiyasını tam dərk edir. Elə həmin gün prokuror həbsxanada birinci ərizəçiyə baş çəkib və orada onun iki vəkilinin iştirakı ilə sazişin yazılı protokolu tərtib edilib və bütün maraqlı şəxslər tərəfindən imzalanıb. Daha sonra protokol məhkəmə tərəfindən lazımi qaydada nəzərdən keçirilib (yuxarıda 27-29-cu bəndlərə bax).
82. Birinci ərizəçi ilə istintaq orqanı arasında bağlanmış təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin məhkəmə tərəfindən yoxlanılmasının qaneedici olub-olmaması məsələsinə gəlincə, Hökumət bildirdi ki, 10 sentyabr 2004-cü il tarixli dinləmədə hakim əmin olub ki, saziş birinci ərizəçinin könüllü istəyi və məlumatlı razılığı əsasında bağlanıb. Bunun təsdiqi olaraq, Hökumət dinləmənin protokolundan müvafiq çıxarışlara istinad etdi. Hökumət vurğuladı ki, Kutaisi şəhər məhkəməsi təqsirin etiraf edilməsi müqabilində sövdələşmə üçün aparılmış danışıqlar zamanı tərəflərin prosessual təminatlara riayət edib-etmədiklərini tam yoxlamaq imkanına malik idi, belə ki, aşağıdakılar da daxil olmaqla işin tamamlanmış materialları onun ixtiyarında idi: təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlamaq istəyində olduğu barədə ərizəçinin 9 sentyabr 2004-cü il tarixli ifadəsi; həm ərizəçi, həm də onun vəkili və prokuror tərəfindən imzalanmış sazişin özü; və sazişin təsdiqlənməsi üçün prokurorun məhkəməyə verdiyi vəsatət.
83. Bundan başqa, 10 sentyabr 2004-cü il tarixli dinləmənin protokolunun təsdiq etdiyi kimi, şəhər məhkəməsi birinci ərizəçini dindirib və o, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə vasitəsilə məhkəmə prosesinə xitam verilməsində maraqlı olduğunu birmənalı şəkildə təsdiqləyib. Eyni məsələ onun vəkili tərəfindən də təsdiqlənib. Başqa sözlə, şəhər məhkəməsi birinci ərizəçinin təqsirin etiraf edilməsi müqabilində sövdələşməni könüllü və şüurlu surətdə bağladığına əmin olmaq üçün mümkün olan hər şeyi edib. Əks halda şəhər məhkəməsi sövdələşməni rədd edəcəkdi, belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, o, bunu etmək səlahiyyətinə malik idi. Hökumət daha sonra bildirdi ki, hətta təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin bir sıra qanuni mülahizələrlə şərtləndirilən məxfiliyi konfidensiallıq barədə maddə (CPM-in 679-2-ci maddəsinin 4-cü bəndi) vasitəsilə qorunmuş olsa belə, 10 sentyabr 2004-cü ildə keçirilmiş dinləmə ictimaiyyət üçün açıq idi. Bu iddiasının təsdiqi olaraq Hökumət birinci ərizəçinin vəkilindən, prokurordan və Kutaisi şəhər məhkəməsinin dəftərxanasının nümayəndəsindən alınmış 10 və 11 iyul 2007-ci il tarixli yazılı ifadələri təqdim etdi, onların hamısı sözügedən dinləmədə iştirak etmişdilər. Həmin şahidlər təsdiq etdilər ki, dinləmə açıq keçirilib və məhkəmə rəhbərliyi hər hansı maraqlı şəxsin məhkəmə zalına daxil olmasına mane olmayıb.
84. Nəhayət, birinci ərizəçinin Kutaisi şəhər məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qərarından apellyasiya şikayəti vermək imkanına malik olmamasına gəlincə, Hökumət iddia etdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qəbul etməklə o, ədalətli məhkəmə araşdırmasına aid bəzi digər hüquqlar kimi, apellyasiya hüququndan birmənalı olaraq imtina edib. Ümumən Hökumət iddia etdi ki, təqsirin etiraf edilməsi müqabilində bağlanan və qısaldılmış formada məhkəmə araşdırması vasitəsilə birinci ərizəçi barəsində ittiham hökmünün çıxarılması ilə nəticələnən sövdələşmə prosesi nə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini, nə də 7 saylı Protokolun 2-ci maddəsini pozub.
B. Birinci ərizəçinin arqumentləri
85. Birinci ərizəçi iddia etdi ki, ona qarşı cinayət prosesinə təqsirin etiraf edilməsi müqabilində sövdələşmədən istifadə etməklə xitam verilməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin pozuntusuna bərabər idi, belə ki, ona qarşı ittihamlarla bağlı qərar ədalətli məhkəmə araşdırması aparılmadan və apellyasiya şikayəti vermək imkanı olmadan qəbul edilmişdi. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin qəbul edilməsi müəyyən prosessual hüquqlardan imtina edilməsinə səbəb olsa da, bu imtina cinayət təqibi orqanı tərəfindən prosessual normalardan sui-istifadə edilməsinə qarşı səmərəli təminatlarla müşayiət edilməmişdi. Ümumiyyətlə, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin Gürcüstan modelinin nöqsanlarını nümayiş etdirmək üçün birinci ərizəçi təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin analoji mexanizmlərinin bir sıra Avropa ölkələrində (konkret olaraq Almaniya, Birləşmiş Krallıq, İtaliya, Fransa və Rusiyada) necə fəaliyyət göstərdiyinə dair öz müqayisəli icmalını verdi. Bu müqayisənin əsasında o iddia etdi ki, yuxarıda qeyd edilən ölkələrin hüquq sistemlərindən fərqli olaraq, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin Gürcüstan modeli ona imkan vermirdi ki, istintaqın əvvəlindən vəkillə təmsil olunsun və hakimə imkan vermirdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin əldə edilmə şəraitinin ədalətliliyini yetərincə yoxlasın.
86. Birinci ərizəçi təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin Gürcüstan modelinə dair müvafiq beynəlxalq müşahidələrə istinadən bildirdi ki, ittiham hökmlərinin göstəricisinin 99% olduğu cinayət ədliyyəsi sistemində (yuxarıda 57-60-cı bəndlərə bax) bu cür proses ədalətli şəkildə aparıla bilməz. O həmçinin empirik araşdırmanın nəticələrinə istinad etdi, həmin nəticələrə əsasən, hətta bəraət hökmlərinin 15-20% təşkil etdiyi cinayət ədliyyəsi sistemlərində özünü təqsirsiz hesab edən təqsirləndirilən şəxslər çox vaxt təqsiri boynuna almaq variantını seçirlər. Başqa sözlə, demək olmazdı ki, onun təqsirin etiraf edilməsi müqabilində sövdələşməni seçmək qərarı həqiqətən könüllü olub. Müvafiq olaraq, uzun müddətə azadlıqdan məhrum edilməkdən yayınmaq üçün onun yeganə real imkanı təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlamaq idi. Birinci ərizəçi bununla bağlı vurğuladı ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qəbul etdiyi zaman o, xüsusilə dözülməz və olduqca gərgin şəraitdə həbsdə saxlanılır, qatil ilə və 2002-ci ilin dekabrında onu oğurlamış və qəddar rəftara məruz qoymuş şəxslə eyni kameranı paylaşırdı. O həmçinin bununla bağlı həmin dövrdə Gürcüstandakı cəzaçəkmə müəssisələrinin hamısında fiziki saxlanma şəraitinin sistem xarakterli problemini qeyd etdi.
87. Birinci ərizəçi şikayət etdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin Gürcüstan modeli cinayət təqibi orqanına qeyri-məhdud hüquqlar və imtiyazlar verir və qanunvericilikdəki bu qüsur tərəflər arasında sazişin az-çox bərabərlik əsasında bağlanması imkanını istisna edir. Bununla bağlı ərizəçi yenidən "Beynəlxalq Şəffaflıq" təşkilatının Gürcüstan bölməsinin apardığı araşdırmanın nəticələrinə istinad etdi (yuxarıda 58-60-cı bəndlərə bax). O həmçinin bu faktı qınadı ki, həmin dövrdə daxili qanunvericiliyə əsasən təqsirin etiraf edilməsi müqabilində sövdələşmə barəsində məhkəməyə vəsatət vermək hüququna müttəhim deyil, yalnız prokuror malik idi, habelə təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə uyğun olaraq təyin ediləcək cəza növünü seçmək səlahiyyətinə hakim deyil, prokuror malik idi. Birinci ərizəçi həmçinin daxili qanunvericilikdə nəzərdə tutulmuş "istintaq orqanı ilə əməkdaşlıq" ifadəsinin dəqiq anlayışının olmamasını tənqid etdi, belə ki, qanunvericilikdəki bu boşluq prosessual normalardan sui-istifadə edilməsi riskini artırırdı.
88. Birinci ərizəçi iddia etdi ki, nə prokuror, nə də hakim onun təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlayacağı təqdirdə prosessual hüquqlarından imtina etmiş olacağı barədə ona xəbərdarlıq etməmişdilər. O həmçinin şikayət etdi ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə prosesində daxili məhkəmələrin səlahiyyətləri prokurorun öz səlahiyyətindən sui-istifadə etməsi imkanını yetərincə balanslaşdıran sistem təşkil etmirdi. Daxili məhkəmə yalnız təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin özünü nəzərdən keçirə bilərdi, müvafiq danışıqların necə aparıldığını və hər hansı sui-istifadə hallarına yol verilib-verilmədiyini isə öyrənə bilməzdi, çünki həmin danışıqların yazılı protokolu və ya audioyazısı yox idi. Beləliklə, Kutaisi şəhər məhkəməsi 10 sentyabr 2004-cü il tarixli dinləmədə formal olaraq birinci ərizəçidən onun öncəki danışıqlar zamanı hər hansı formada təzyiqə məruz qalıb-qalmadığını soruşmuş olsa belə, bu sual səmərəli yoxlama deyildi, çünki aydın məsələ idi ki, həmin vaxt dövlət hakimiyyətinin icra qanadının nəzarəti altında həbsdə saxlanılan birinci ərizəçi bu cür məcburetmənin baş verdiyini məhkəməyə etiraf etməyə cəsarət edə bilməzdi. Bundan başqa, daxili məhkəmə təqsirləndirilən şəxs olan ərizəçinin ona qarşı ittihamlara səbəb olmuş faktları tam anladığına əmin olmağa cəhd etmədi.
89. Birinci ərizəçi şikayət etdi ki, Kutaisi şəhər məhkəməsi təqsirin etiraf edilməsi müqabilində sövdələşməni bircə günə təsdiq edib, halbuki belə qısa müddətdə işin materiallarını öyrənmək obyektiv cəhətdən mümkün deyildi. Əslində onun təqsirliliyi və cəzası prokuror tərəfindən müəyyən edilmiş, daxili məhkəmə isə məhkəmə təhqiqatı aparmadan formal olaraq prokurorun qənaətlərini təsdiqləmişdi. Bundan başqa, o, səhmlərin təhvil verilməsinin və ödənişlərin edilməsinin 6, 8 və 9 sentyabr 2004-cü ildə, yəni təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin 10 sentyabr 2004-cü ildə Kutaisi şəhər məhkəməsi tərəfindən təsdiq edilməsindən əvvəl baş verdiyini qeyd edərək bildirdi ki, təqsirin etiraf edilməsi müqabilində təklif olunan sövdələşmədən 10 sentyabr 2004-cü ildə Kutaisi şəhər məhkəməsində imtina etsəydi, bu yalnız onunla nəticələnəcəkdi ki, öncə müsadirə olunmuş əmlaklarını itirməsindən əlavə, onun azadlıqdan məhrum edilmiş vəziyyətdə olması davam edəcəkdi və bunun qarşılığında heç nə almayacaqdı. Birinci ərizəçi bununla bağlı vurğuladı ki, təqsirləndirildiyi cinayət əməllərində təqsiri olduğunu heç vaxt etiraf etməyib. Nəhayət, birinci ərizəçi təqsirin etiraf edilməsi müqabilində sövdələşmə əsasında onu məhkum etmiş Kutaisi şəhər məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qərarından apellyasiya şikayəti vermək imkanına malik olmadığı barədə şikayətini müdafiə edərək iddia etdi ki, müvafiq cinayət prosessual qanunvericiliyi onu hər hansı hüquqi vasitə ilə təmin etmirdi ki, həmin vasitədən istifadə etməklə təqsirin etiraf edilməsi müqabilində sövdələşmə barədə danışıqlar zamanı ona tətbiq edilmiş məcburiyyətə etiraz edə bilsin.
C. Məhkəmənin qiymətləndirməsi
90. Məhkəmə öncə təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin ilkin Gürcüstan modelinin həyat qabiliyyətliliyi ilə bağlı birinci ərizəçinin müəyyən empirik arqumentlərinə cavab olaraq bir daha xatırladır ki, müvafiq daxili hüquqi bazanın Konvensiya standartlarına uyğun olub-olmadığını ümumi şəkildə yoxlamaq onun vəzifəsi deyil. Bu məsələ birinci ərizəçinin cinayət işinin konkret halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə araşdırmasından əvvəl təqsirin etiraf edilməsi və ya prokurorla cəza barədə saziş bağlanması (nolo contendere plea), yaxud da istintaq orqanı ilə əhəmiyyətli dərəcədə əməkdaşlıq edilməsi müqabilində təqsirləndirilən şəxsin ittihamlarının yüngülləşdirilməsi və ya cəzasının azaldılması Avropa cinayət ədliyyəsi sistemlərinin ümumi cəhəti sayıla bilər (müqayisəli hüquqi təhlil üçün yuxarıda 62-75-ci bəndlərə bax; həmçinin bununla əlaqədar bax: Slavço Kostov Bolqarıstana qarşı, ərizə № 28674/03, 17-ci bənd, 27 noyabr 2008-ci il; Rusinski Polşaya qarşı, ərizə № 33198/04, 12-ci bənd, 20 fevral 2007-ci il). İttihamla və ya cəza ilə bağlı sövdələşmə prosesinin özündə hüquqa zidd hər hansı bir şey ola bilməz (bax (müvafiq dəyişikliklərlə): Babar Əhməd və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), ərizələr № 24027/07, 11949/08 və 36742/08, AİHM 6 iyul 2010-cu il). Bu məsələdə Məhkəmə bu ideyaya qoşulur ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə cinayət işlərinin tez həll edilməsinə, məhkəmələrin, prokurorların və vəkillərin iş yükünün yüngülləşdirilməsinə mühüm töhfə verməklə yanaşı, həm də düzgün tətbiq edildiyi təqdirdə korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə uğurlu vasitə ola, təyin edilən cəzaların sayının və nəticədə həm də məhbusların sayının azaldılmasına kömək edə bilər.
91. Məhkəmə hesab edir ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin nəticəsi ondan ibarətdir ki, təqsirləndirilən şəxs barəsindəki ittihamlar üzrə qərar qısaldılmış formada aparılan məhkəmə araşdırması vasitəsilə qəbul edilir, bu isə mahiyyət etibarı ilə bir sıra prosessual hüquqlardan imtina edilməsi deməkdir. Bu, özlüyündə problem olmaya bilər, belə ki, 6-cı maddənin nə mətni, nə də mənası şəxsin öz könüllü istəyi ilə bu təminatlardan imtina etməsinə mane olmur (bax: Skoppola İtaliyaya qarşı (№ 2) [BP], ərizə № 10249/03, 135-ci bənd, 17 sentyabr 2009-cu il). Məhkəmə bununla bağlı qeyd edir ki, hələ 1987-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi üzv dövlətləri, məsələn, qısaldılmış, tezləşdirilmiş məhkəmə araşdırmalarından istifadə etmək vasitəsilə adi məhkəmə prosedurlarının sadələşdirilməsinə yönələn tədbirlər görməyə çağırıb (yuxarıda 54-cü bəndə bax). Lakin bu da təməl prinsipdir ki, prosessual hüquqlardan hər hansı imtina Konvensiyanın məqsədləri üçün hüquqi qüvvəyə malik olmaqdan ötrü birmənalı şəkildə ifadə edilməli və ən azından həmin hüquqların mühümlüyünə mütənasib olan minimal təminatlarla müşayiət olunmalıdır. Bundan əlavə, o, hər hansı mühüm ictimai marağa zidd olmamalıdır (digər mənbələr arasında bax: Skoppolanın işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 135-136-cı bəndlər; Puatrimol Fransaya qarşı, 23 noyabr 1993-cü il, 31-ci bənd, A seriyaları, № 277-A; və Hermi İtaliyaya qarşı [BP], ərizə № 18114/02, 73-cü bənd, AİHM 2006‑XII).
92. Beləliklə, Məhkəmə qeyd edir ki, cinayət təqibi orqanı ilə cəza ilə bağlı sövdələşmə bağlamaqla və ittihamlara etiraz etməməklə birinci ərizəçi ona qarşı cinayət işinə mahiyyəti üzrə baxılması hüququndan imtina etmiş olub. Lakin Məhkəmə belə imtinaların hüquqi qüvvəsinə aid olan yuxarıdakı prinsiplərlə analogiya apararaq hesab edir ki, birini ərizəçinin təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qəbul etmək qərarı aşağıdakı şərtlərlə müşayiət olunmalı idi: a) sövdələşməni qəbul edərkən birinci ərizəçi işin faktları və sövdələşmənin hüquqi nəticələri barədə tam məlumatlı olmalı və onu həqiqətən könüllü şəkildə qəbul etməli idi; və b) sövdələşmənin məzmunu və tərəflər arasında sövdələşməyə nail olunmasının ədalətli şəkildə baş verib-verməməsi məhkəmə tərəfindən yetərincə yoxlanılmalı idi.
93. Məhkəmə bununla bağlı öncə qeyd edir ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlanmasını ittiham tərəfindən birinci ərizəçi özü xahiş etmişdi. Başqa sözlə, təşəbbüs şəxsən ondan gəlmişdi və işin materiallarından belə məlum olur ki, onu ittiham tərəfi buna vadar etməmişdi; birinci ərizəçi dövlətə vurduğu ziyanı kompensasiya etmək istəyini birmənalı olaraq ifadə etmişdi (yuxarıda 14, 18, 22 və 27-ci bəndlərə bax). Cinayət işinin materialları ilə onun tanış olmasına artıq 1 avqust 2004-cü ildə icazə verilmişdi (yuxarıda 21-ci bəndə bax). Məhkəmə həmçinin qeyd edir ki, birinci ərizəçi özünün seçdiyi ixtisaslı iki vəkillə lazımi qaydada təmsil edilmişdi (müqayisə üçün bax: Hermi İtaliyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 79-cu bənd). Onlardan biri birinci ərizəçi ilə cinayət prosesinin başlanğıcından görüşməyə başlamış və 17 mart 2004-cü ildə istintaq çərçivəsində birinci dəfə dindirildiyi zaman onu təmsil etmişdi (yuxarıda 15-ci və 16-cı bəndlərə bax). İki vəkil təqsirin etiraf edilməsi müqabilində sövdələşmə bağlanması üçün ittiham tərəfi ilə aparılan danışıqlar zamanı birinci ərizəçinin məsləhətlər almasını təmin etmişdilər və həmçinin onlardan biri sazişin məhkəmə tərəfindən yoxlanılması zamanı birinci ərizəçini təmsil etmişdi. Daha bir önəmli fakt ondan ibarətdir ki, 10 sentyabr 2004-cü il tarixli dinləmə zamanı təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin qanuniliyini yoxlamalı olan Kutaisi şəhər məhkəməsinin hakimi birinci ərizəçidən və onun vəkilindən soruşmuşdu ki, prokurorla danışıqlar zamanı hər hansı hüquqa zidd təzyiqə məruz qalıbmı? Məhkəmə qeyd edir ki, birinci ərizəçi həm cinayət təqibi orqanının, həm də hakimin qarşısında bir neçə dəfə açıq-aydın təsdiq etmişdi ki, sazişin məzmununu tam anlayır, prosessual hüquqları və sazişin hüquqi nəticələri ona izah edilib və onun sazişi qəbul etmək qərarı hər hansı məcburetmənin və ya yalan vədin nəticəsi deyil (yuxarıda 27, 28 və 31-ci bəndlərə bax).
94. Məhkəmə həmçinin qeyd edir ki, prokurorla birinci ərizəçi arasında əldə edilmiş sazişin yazılı protokolu tərtib edilmişdi. Bu sənəd prokuror, habelə birinci ərizəçi və vəkili tərəfindən imzalanmış və nəzərdən keçirilmək üçün Kutaisi şəhər məhkəməsinə təqdim edilmişdi. Məhkəmə bu amili önəmli hesab edir, belə ki, bu, sazişin və öncəki danışıqların dəqiq şərtlərinin məhkəmə tərəfindən yoxlanılmaq üçün aydın və təkzibolunmaz şəkildə göstərilməsini mümkün etmişdi.
95. Növbəti təminata, yəni təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin ədalətliliyinin məhkəmə tərəfindən lazımi qaydada yoxlanılmasına gəlincə, Məhkəmə bu fakta önəm verir ki, qüvvədə olan daxili qanunvericiliyə əsasən, birinci ərizəçi ilə prokuror arasında əldə edilmiş saziş Kutaisi şəhər məhkəməsi üçün məcburi qüvvəyə malik deyildi. Əksinə, şəhər məhkəməsi sazişdə yer alan şərtlərin və onun bağlanması prosesinin ədalətliliyinin onun tərəfindən qiymətləndirilməsinin nəticəsindən asılı olaraq sazişi rədd etmək hüququna malik idi. Məhkəmə nəinki ittiham aktındakı cinayətlərlə bağlı prokurorun tövsiyə etdiyi cəzanın məqsədəuyğunluğunu qiymətləndirmək hüququna, həm də cəzanı azaltmaq səlahiyyətinə malik idi (maddə 679-4, 1, 3, 4 və 6-cı bəndlər). Bundan başqa, Məhkəmə bu faktı da nəzərə alır ki, Kutaisi şəhər məhkəməsi təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin bağlanmasında cinayət təqibi orqanının rolunun məhkəmə tərəfindən səmərəli şəkildə yoxlanılması məqsədi ilə birinci ərizəçiyə qarşı ittihamların əsaslı olub-olmadığını və kifayət qədər sübutlarla təsdiq edilib-edilmədiyini araşdırmışdı (maddə 679-4, 5-ci bənd). Məhkəmənin rəyinə görə, CPM-in 679-3-cü maddəsinin 1-ci bəndində yer alan tələbə uyğun olaraq şəhər məhkəməsinin açıq dinləmə zamanı təqsirin etiraf edilməsi müqabilində sövdələşməni yoxlaması və təsdiq etməsi faktı bütövlükdə sözügedən məhkəmə baxışının keyfiyyətliliyinə əlavə şərait yaratmışdı.
96. Nəhayət, birinci ərizəçinin 7 saylı Protokolun 2-ci maddəsi üzrə şikayətinə gəlincə, Məhkəmə hesab edir ki, adi cinayət işi üzrə məhkəmə araşdırması əsasında çıxarılan ittiham hökmünə nisbətən təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə əsaslanan ittiham hökmü ilə əlaqədar apellyasiya şikayəti hüququndan istifadə edilməsinin hüdudlarının daha məhdud çərçivəli olması normaldır, belə ki, həmin sövdələşmə təqsirləndirilən şəxsin ona qarşı cinayət işinə mahiyyəti üzrə baxılması hüququndan imtina etməsi deməkdir. O, bununla bağlı bir daha xatırladır ki, 7 saylı Protokolun 2-ci maddəsinə əsasən iştirakçı dövlətlər bu məsələdə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər (digər qərarlar arasında bax: Krombax Fransaya qarşı, ərizə № 29731/96, 96-cı bənd, AİHM 2001‑II). Məhkəmə bu fikirdədir ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməni qəbul etməklə birinci ərizəçi adi məhkəmə araşdırması hüququndan imtina etməklə yanaşı, adi qaydada apellyasiya baxışı hüququndan da imtina etmiş olub. Təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin aydın ifadə edilmiş daxili hüquq normasından (maddə 679-7, 2-ci bənd) irəli gələn bu konkret hüquqi nəticəsi vəkilləri tərəfindən ona izah edilmişdi və ya izah edilməli idi. Məhkəmə təqsirin etiraf edilməsi müqabilində birinci ərizəçinin bağladığı sövdələşmənin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalət prinsipinə uyğunluğu məsələsi barədə öncəki qənaətləri ilə analogiya apararaq (yuxarıda 92-95-ci bəndlərə bax) hesab edir ki, adi qaydada apellyasiya baxışı hüququndan imtina həmçinin 7 saylı Protokolun 2-ci maddəsində yer alan ağlabatan məhdudiyyətlər barədə analoji tələbə zidd olaraq həmin hüquqa əsassız məhdudiyyət qoyulması demək deyil (bu iki maddədə yer alan ədalətlilik tələbləri arasında qarşılıqlı əlaqəyə dair ümumi prinsip üçün bax: Qalstyan Ermənistana qarşı, ərizə № 26986/03, 125-ci bənd, 15 noyabr 2007-ci il).
97. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə bu nəticəyə gəlir ki, təqsirin etiraf edilməsi müqabilində bağlanan və işinə adi qaydada mahiyyəti üzrə baxılması hüququndan və adi qaydada apellyasiya baxışı hüququndan imtina edilməsi ilə nəticələnən sövdələşmənin birinci ərizəçi tərəfindən qəbul edilməsi, şübhəsiz ki, şüurlu və könüllü qərar idi. İşin halları əsasında mülahizə yürütsək, demək olmazdı ki, həmin qərar ittiham tərəfinin hər hansı məcburiyyət tətbiq etməsinin və ya yalan vədinin nəticəsi idi, əksinə, bu qərar prosesdən mümkün sui-istifadə halına qarşı yetərli təminatlarla müşayiət olunmuşdu. Eləcə də Məhkəmə əlində olan işin materialları arasında sözügedən hüquqdan imtinanın mühüm ictimai maraqlara zidd olduğunu göstərən bir şey müəyyən etmədi.
98. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və ya 7 saylı Protokolun 2-ci maddəsinin pozuntusu baş verməyib.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 2-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
99. Birinci ərizəçi şikayət etdi ki, onun ictimaiyyətin gözü qarşısındakı həbsinin ətrafında baş verən hallar, yəni region qubernatorunun açıqlamaları onun təqsirsizlik prezumpsiyasını pozub.
100. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində deyilir:
"Cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir".
A. Tərəflərin arqumentləri
101. Hökumət bildirdi ki, region qubernatorunun öz sözlərini diqqətlə işlətdiyi müsahibəsi birinci ərizəçinin təqsirkar olduğu barədə açıqlamaya bərabər deyildi. Qubernator heç bir məqamda birinci ərizəçiyə qarşı cinayət işinin adını çəkməmiş, sadəcə olaraq bütövlükdə korrupsiyaya münasibətdə dövlətin mövqeyini ifadə etmişdi. Birinci ərizəçinin təqsirsizlik prezumpsiyasını pozmaq bir kənara qalsın, qubernator hətta birinci ərizəçinin adını belə çəkməmişdi. Birinci ərizəçinin həbsinin media tərəfindən işıqlandırılması faktına gəlincə, Hökumət iddia etdi ki, ərizəçilər jurnalistlərin oraya dövlət orqanlarının dəvəti ilə gəldiklərini güman etməyə əsas verən hər hansı sübut təqdim etməyiblər.
102. Birinci ərizəçi bunlarla razılaşmadı. O bildirdi ki, jurnalistlərin kameraları qarşısında həbs edilməsi (iddialara görə, onlar prokurorun dəvəti ilə orada idilər) və qubernatorun müsahibəsi ictimaiyyətdə onun təqsirkar olması təəssüratını yaratmaq məqsədini daşıyırdı. Birinci ərizəçi iddia etdi ki, prokuror və Hökumət medianı ona qarşı kampaniyaya təhrik etmişdilər ki, bu da onun təqsirsizlik prezumpsiyası hüququna və sonrakı məhkəmə araşdırmasına mənfi təsir göstərmişdi.
B. Məhkəmənin qiymətləndirməsi
103. Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit edilmiş təqsirsizlik prezumpsiyası cinayət işi üzrə məhkəmə araşdırmasında 6-cı maddənin 1-ci bəndinin tələb etdiyi elementlərdən biridir. Həmin prezumpsiya o vaxt pozulur ki, cinayət əməlində ittiham olunan şəxsin təqsirli olması qanuna müvafiq olaraq sübut edilməzdən əvvəl həmin şəxslə bağlı dövlətin vəzifəli şəxsi tərəfindən verilən bəyanatda onun təqsirli olduğu fikri əks olunur. Hətta hər hansı formal qərar olmasa belə, bu bəyanat təqsirləndirilən şəxsin vəzifəli şəxs tərəfindən təqsirkar hesab edildiyini əsaslı olaraq düşünmək üçün kifayət edir (bax (müvafiq dəyişikliklərlə): Allene de Ribemon Ftransaya qarşı, 10 fevral 1995-ci il, A seriyaları, 35-ci bənd № 308; və Minelli İsveçrəyə qarşı, 25 mart 1983-cü il, 37-ci bənd, A seriyaları, № 62). Məhkəmə şəxsin məhkəmə araşdırmasının keçirilməsindən və cinayət törətməyə görə təqsirkar sayılmasından əvvəl dövlətin vəzifəli şəxslərinin öz bəyanatlarında sözləri düzgün seçmələrinin vacibliyinə diqqət yetirir (bax: Daktaras Litvaya qarşı, ərizə № 42095/98, 41-ci bənd, AİHM 2000‑X). Təqsirsizlik prezumpsiyası prinsipi təkcə hakim və ya məhkəmə tərəfindən deyil, digər dövlət orqanlarının nümayəndələri, o cümlədən prokurorlar tərəfindən də pozula bilər (bax: Kuzmin Rusiyaya qarşı, ərizə № 58939/00, 51-63-cü bəndlər, 18 mart 2010-cu il; Daktarasın işi üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd; və Konstas Yunanıstana qarşı, ərizə № 53466/07, 32-ci bənd, 24 may 2011-ci il). Dövlətin vəzifəli şəxsinin bəyanatının təqsirsizlik prezumpsiyası prinsipini pozub-pozmaması sözügedən bəyanatın verildiyi konkret şəraitin kontekstində müəyyən edilməlidir (Daktarasın işi üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd).
104. Region qubernatorunun müsahibəsinə gəlincə, Məhkəmə bu fakta önəm verir ki, həmin vəzifəli şəxs nə şəxsən birinci ərizəçi barəsində, nə də ona qarşı başlanmış cinayət prosesi haqqında hər hansı konkret söz deməyib. Sadəcə olaraq qubernator ölkədə korrupsiyaya uğramış dövlət məmurlarına qarşı mübarizə ilə bağlı dövlətin siyasəti barəsində ümumi açıqlama verib. Həmin müsahibəyə əsasən mülahizə yürüdərək, Məhkəmə bu nəticəyə gələ bilməz ki, qubernator sözügedən şərhlərində birbaşa və ya dolayı yolla birinci ərizəçinin hər hansı formada kimliyinin açıqlanması məqsədini güdüb (məsələn, əks qərar üçün bax: Konstasın işi üzrə yuxarıda istinad edilən qərar, 39-40-cı bəndlər).
105. Məhkəmə həmçinin birinci ərizəçinin prokuror və qubernator tərəfindən ona qarşı aparıldığını iddia etdiyi media kampaniyası ilə bağlı arqumentinə diqqət yetirir. Həqiqətən müəyyən situasiyalarda qəzəbli media kampaniyası məhkəmə araşdırmasının ədalətliliyinə mənfi təsir göstərə və dövlətin məsuliyyətinə səbəb ola bilər. Bu hal 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş məhkəmənin qərəzsizliyinə, habelə 6-cı maddəsinin 2-ci bəndində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına münasibətdə baş verə bilər (bax: Şuvalov Estoniyaya qarşı, ərizələr № 39820/08 və 14942/09, 82-ci bənd, 29 may 2012-ci il; Ninn-Hansen Danimarkaya qarşı (qərardad), ərizə № 28972/95, AİHM 1999-V; və Angelov Bolqarıstana qarşı, (qərardad), ərizə № 45963/99, 14 dekabr 2004-cü il). Lakin Məhkəmə hesab etmir ki, birinci ərizəçinin həbsi ilə bağlı jurnalistlər tərəfindən özəl televiziya kanalı üçün çəkiliş aparılması məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirmək məqsədi daşıyan qəzəbli media kampaniyası idi, həmçinin medianı bu məsələyə maraq göstərməyə prokurorun, qubernatorun və ya hər hansı digər dövlət orqanının sövq etdiyini göstərən hər hansı konkret əlamət yoxdur. Məhkəmənin rəyinə görə bu işdəki hadisələrin media tərəfindən işıqlandırılmasını sadəcə olaraq ictimaiyyəti ölkədəki ən iri zavodlardan birinin baş direktorunun həbsi barədə məlumatlandırmanın hüdudlarını aşan işıqlandırma hesab etmək olmaz.
106. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin pozuntusu baş verməyib.
III. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
107. Hər iki ərizəçi şikayət etdilər ki, dövlət onları zavoddakı səhmlərini ona pulsuz verməyə məcbur edib və birinci ərizəçiyə qarşı cinayət prosesinə xitam verməyin müqabilində onlardan əlavə pul ödənişləri qoparıb ki, bu da 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusudur. Həmin maddədə deyilir:
"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunların yerinə yetirilməsini təmin etmək hüququnu məhdudlaşdırmır".
A. Tərəflərin arqumentləri
108. Hökumət bildirdi ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməyib, belə ki, müxtəlif əmlakların müsadirəsi və cərimənin ödənilməsi mülkiyyətdən məhrum etmə deyildi və ya mülkiyyətdən maneəsiz istifadəyə hər hansı növ müdaxilə təşkil etmirdi, sadəcə olaraq birinci ərizəçinin cinayətkar fəaliyyətinin dövlətə vurduğu ziyanı kompensasiya etmək barədə onun könüllü qərarı idi və qanuni və tamamilə mütənasib tədbir olmaqla, təqsirin etiraf edilməsi müqabilində müvafiq sövdələşmənin tərkib hissəsini təşkil edirdi.
109. Ərizəçilər bununla razılaşmayaraq iddia etdilər ki, əmlaklarının müsadirə edilməsi və cərimələrin ödənilməsi variantını könüllü olaraq seçməmişdilər, təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin gedişində prokurorun onlara göstərdiyi hüquqa zidd təzyiqin nəticəsində bunu etməyə məcbur olmuşdular.
B. Məhkəmənin qiymətləndirməsi
110. Məhkəmə bir daha xatırladır ki, təqsirin etiraf edilməsi müqabilində sövdələşməyə uyğun olaraq ərizəçilərin əmlaklarının müsadirə edilməsi və onlardan digər ödənişlərin alınması bilavasitə birinci ərizəçinin cinayət məsuliyyəti məsələsinin həll edilməsi ilə əlaqədar idi və onun nəticəsi idi (bax: Natsvlişvili və Toqonidze Gürcüstana qarşı (qərardad), ərizə № 9043/05, 84-cü bənd, 25 iyun 2013-cü il). Buna görə də maddi xarakterli həmin cinayət sanksiyalarının qanuniliyi və məqsədəuyğunluğu təqsirin etiraf edilməsi müqabilində sövdələşmənin özünün ədalətliliyi məsələsindən ayrılıqda götürülə bilməz. Lakin Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayətlərlə bağlı özünün hərtərəfli rəylərini (yuxarıda 90-98-ci bəndlərə bax) nəzərə alaraq eyni səbəblərə görə bu qənaətə gəlir ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməyib.
IV. KONVENSİYANIN 34-CÜ MADDƏSİNDƏ NƏZƏRDƏ TUTULMUŞ FƏRDİ ŞİKAYƏT HÜQUQUNA QARŞI YARADILDIĞI İDDİA EDİLƏN MANEƏ
111. Hər iki ərizəçi Konvensiyanın 34-cü maddəsinə əsasən şikayət etdilər ki, Baş prokurorluq onlara təzyiq göstərib ki, ərizələrini Məhkəmədən geri götürsünlər, əks halda birinci ərizəçiyə qarşı cinayət işi təzələnəcək. Həmin maddənin bu işə aidiyyəti olan hissəsində deyilir:
"Məhkəmə istənilən fiziki şəxsdən ... şikayətlər qəbul edə bilər. Yüksək Müqavilə Tərəfləri bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər".
A. Tərəflərin arqumentləri
112. Hökumət bildirdi ki, Baş prokurorluq sadəcə məsələnin dostcasına həlli üçün ərizəçilərlə danışıqlar aparmağa cəhd edib və ərizəçilərin davam etməkdə olan məhkəmə icraatı zamanı həmin danışıqlara istinadən sazişin məzmununu açıqlaması qeyri-etikdir və Məhkəmə Reqlamentinin 62-ci Qaydasının 2-ci bəndində yer alan konfidensiallıq prinsipinin pozuntusudur. Hökumət bununla bağlı qeyd etdi ki, Konvensiya sistemi prosesin bütün mərhələlərində tərəflər arasında mübahisələrin "məhkəmədənkənar" və "məhkəmə çərçivəsində" həll olunması və ya razılaşmaların əldə edilməsi üçün açıqdır və iddia etdi ki, 62-ci Qaydanın 2-ci bəndi ərizəçilərin qızı ilə Baş prokurorluğun nümayəndəsi arasında aparılmış "məhkəmədənkənar" danışıqlara da şamil olunan müddəa hesab edilməlidir.
113. Hökumət vurğuladı ki, ərizəçilərin qızı Baş prokurorluğun nümayəndəsinə birinci müraciət edib və onu özünə rəfiqə hesab edərək sonuncudan xahiş edib ki, dostcasına həll prosedurunu izah etsin. Cavabında Baş prokurorluğun nümayəndəsi elektron məktublarında ərizəçilərin qızını müvafiq informasiya və məsləhətlərlə təmin edib. Nümayəndə heç vaxt ərizəçilərin qızından tələb etməyib ki, ərizəçilər şikayətlərini geri götürsünlər, sadəcə olaraq hər iki tərəf üçün məqbul olan həll yolunun tapılmasına çalışıb.
114. Ərizəçilər bunun cavabında öncə bildirdilər ki, Məhkəmə Reqlamentinin 62-ci Qaydasının 2-ci bəndində yer alan konfidensiallıq prinsipi onların vəziyyətinə şamil oluna bilməz, belə ki, onların qızı ilə Baş prokurorluğun nümayəndəsi arasındakı danışıqlar Məhkəmənin prosessual qaydaları çərçivəsindən kənarda aparılıb. Baş prokurorluğun nümayəndəsinin 11 dekabr 2006-cı il tarixli elektron məktubunda atasının barışıq sazişini qəbul etməyəcəyi və ərizəsini Məhkəmədən geri götürməyəcəyi təqdirdə ona qarşı yeni cinayət işinə başlanacağı barədə ərizəçilərin qızına xəbərdarlıq etdiyini vurğulayaraq, ərizəçilər hüquqa zidd təzyiq barədə şikayətlərini müdafiə etdilər.
B. Məhkəmənin qiymətləndirməsi
115. Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 39-cu maddəsinin 2-ci bəndinə əsasən, dostcasına həll barədə danışıqlar konfidensialdır. Bundan başqa, 62-ci Qaydanın 2-ci bəndində nəzərdə tutulur ki, dostcasına nizamlama barədə danışıqlar zamanı verilən hər hansı yazılı və ya şifahi məlumatdan, habelə təkliflərdən və ya güzəştlərdən mübahisə araşdırılarkən istinad kimi və ya əsas kimi istifadə edilə bilməz. Bu prinsipin mühümlüyünü qeyd edərək, Məhkəmə bir daha xatırladır ki, konfidensiallıq haqqında qaydanın pozulması şikayət hüququndan sui-istifadə edilməsi əsasında ərizənin qəbuledilən olmadığı barədə nəticə çıxarmaq üçün əsas ola bilər (bax: Mirolyubovs və başqaları Latviyaya qarşı, ərizə № 798/05, 68-ci bənd, 15 sentyabr 2009-cu il; və Balenoviç Xorvatiyaya qarşı (qərardad), ərizə № 28369/07, 30 sentyabr 2010-cu il).
116. Lakin Məhkəmə anlamır ki, Məhkəmə Reqlamentinin 62-ci Qaydasının 2-ci bəndində yer alan konfidensiallıq prinsipi hazırkı işdə aparılmış dostcasına nizamlama barədə danışıqlara necə şamil oluna olar. Faktiki olaraq, həmin danışıqlar Məhkəmənin heç bir iştirakı olmadan birbaşa ərizəçinin ailəsi ilə Baş prokurorluq arasında aparılıb. Tərəflərin dostcasına həll barədə təklifləri, yaxud ən azından məsələ barədə mövqeləri Məhkəmə Katibliyinə heç vaxt təqdim edilməyib. Müvafiq olaraq, Məhkəmə bu fikirdədir ki, Məhkəmənin təşkilati və iş praktikasını tənzimləyən normalar toplusundan ibarət olan Məhkəmə Reqlamentində yer alan konfidensiallıq prinsipi Məhkəmənin prosessual qaydaları çərçivəsindən kənarda baş vermiş hər hansı bir şeyə şamil oluna bilməz. Buna görə də Hökumətin etirazı rədd edilməlidir.
117. Ərizələrini geri götürmələri üçün Baş prokurorluğun onlara təzyiq göstərdiyi barədə ərizəçilərin şikayətinin mahiyyətinə gəlincə, Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 34-cü maddəsi əsasında fərdi şikayətlərin verilməsi mexanizminin səmərəliliyi üçün olduqca vacibdir ki, ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürməyə və ya dəyişdirməyə məcbur edilmək məqsədi ilə dövlət orqanları tərəfindən heç bir təzyiq olmadan Məhkəmə ilə sərbəst ünsiyyətdə ola bilsinlər (digər mənbələr arasında bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, 105-ci bənd, Qərar və qərardadlar toplusu, 1996‑IV; və Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, 105-ci bənd, Qərar və qərardadlar toplusu, 1996‑VI). Bu kontekstdə "təzyiq" təkcə birbaşa məcburetməni və kobud təhdid aktlarını deyil, həm də ərizəçiləri Konvensiyada nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsindən istifadə etmək fikrindən daşındırmaq və ya bundan çəkindirmək məqsədi daşıyan hüquqa zidd hərəkətləri və ya təmasları özündə ehtiva edir (bax: Kurt Türkiyəyə qarşı, 25 may 1998-ci il, 159-cu bənd, Reports 1998‑III).
118. Lakin Məhkəmə ərizəçilərin qızının Baş prokurorluğun nümayəndəsi ilə elektron formada mübadilə etdiyi və ərizəçilərin öz şikayətlərini müdafiə etmək üçün təqdim etdikləri sübutlardan yalnız birini təşkil edən məktubların (yuxarıda 36-48-ci bəndlərə bax) məzmununa xüsusi diqqət yetirərək, cinayət təqibi orqanı ilə üçüncü şəxs arasındakı bu qeyri-formal ünsiyyət kanalının heç bir vəchlə işin həlli üçün münasib vasitə olmadığını qeyd etsə də, hər halda hesab edir ki, özlüyündə bu qarşılıqlı əlaqəni dövlətin Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərinə zidd hesab etmək olmaz. Məhkəmə qeyd edir ki, Baş prokurorluğun nümayəndəsinin ərizəçilərin qızı ilə təmasları ərizəçiləri ərizələrini geri götürməyə və ya dəyişdirməyə məcbur etməyə, yaxud onların fərdi şikayət hüququnu səmərəli şəkildə həyata keçirmələrinə hər hansı digər formada müdaxilə etməyə hesablanmamış və yaxud da bu cür nəticələnməmişdi (müqayisə üçün, məsələn, bu işə bax: Konstantin Markin Rusiyaya qarşı [BP], ərizə № 798/05, 162-163-cü bəndlər, AİHM 2012, çıxarışlar).
119. Beləliklə, cavabdeh dövlətin hakimiyyət orqanlarının ərizəçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə maneə yaratdıqları qənaətinə gəlmək olmaz və cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərini pozmayıb.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Bir səsə qarşı altı səslə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsi pozulmayıb;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi pozulmayıb;
3. Yekdilliklə qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmayıb;
4. Yekdilliklə qərara alır ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərini pozmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 29 aprel 2014-cü ildə yazılı şəkildə elan olunub.
Josep Kasadeval (Josep Casadevall)
Sədr
Santyaqo Kesada (Santiago Quesada)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy