Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 193
Fevral 2016-cı il
***
Navalnı (Navalnyy) və Ofitserov (Ofitserov) Rusiyaya qarşı – ərizələr № 46632/13 və 28671/14
23.2.2016 tarixli qərar [III Bölmə]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Siyasi fəalın və onun iddia edilən cinayət ortağının açıq-aydın əsassız olaraq məhkum edilmələri: pozuntu baş verib
Maddə 18
Konvensiyada nəzərdə tutulmayan məqsədlərlə tətbiq edilən məhdudiyyətlər
Konvensiyanın 6-cı və 7-ci maddələrində nəzərdə tutulmuş hüquqların hüquqa zidd olaraq məhdudlaşdırılması barədə iddia: şikayət qəbuledilən deyil
Faktlar – Birinci ərizəçi vəkil, siyasi fəal, müxalifət lideri, korrupsiya əleyhinə kampaniyaların təşkilatçısı və populyar bloqçu, ikinci ərizəçi isə şirkət direktoru idi. 2012-ci ildə ərizəçilər və üçüncü şəxs X dələduzluqla əlaqədar cinayətlərdə ittiham edildilər. X cəzasının yüngülləşdirilməsi müqabilində təqsirini boynuna almaq barədə razılığa gəldi və işinə ayrıca, sadələşdirilmiş qaydada baxılaraq məhkum edildi. O, sonradan ərizəçilərin məhkəmə işində şahid qismində çıxış etdi və həmin iş onların məhkum edilməsi ilə nəticələndi.
Konvensiya üzrə icraatda ərizəçilər konkret olaraq Konvensiyanın 6-cı maddəsi əsasında şikayət etdilər ki, barələrindəki cinayət prosesi qərəzli və ədalətsiz olub, belə ki, X-ə qarşı aparılmış prosesdə qərəzli şərhlər səsləndirilib və onların işinə baxmış birinci instansiya məhkəməsi tərəfindən onların siyasi təqib barədə iddiaları araşdırılmayıb.
Hüquqi məsələlər
6-cı maddənin 1-ci bəndi: Bu danılmaz idi ki, X-ə qarşı məhkəmə prosesində müəyyən edilmiş hər hansı faktların və gəlinmiş hüquqi qənaətlərin ərizəçilərin işi ilə birbaşa əlaqəsi vardı. Belə vəziyyətdə X-ə qarşı məhkəmə prosesində həyata keçirilmiş prosessual hərəkətlərin və qəbul edilmiş qərarların ərizəçilərə qarşı sonrakı məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirməməsini təmin etmək üçün müvafiq təminatlar mövcud olmalı idi, xüsusən ona görə ki, ərizəçilər X barəsindəki məhkəmə araşdırmasında iştirak etmək imkanına malik deyildilər.
Təqsirləndirilən şəxslərin işlərinə ayrı-ayrı məhkəmə proseslərində baxılarkən iki təminatın (yəni məhkəmələrin davam edən məhkəmə icraatına mənfi təsir göstərə biləcək fikir bildirməkdən çəkinməsi və müvafiq şəxslərin tərəf qismində iştirak etmədiyi işdə qəbul edilmiş faktların onlara şamil olunmaması ("res judicata" prinsipi)) heç birinə daxili məhkəmələr tərəfindən riayət edilməmişdi.
Birinci təminata gəlincə, X-in işinə baxmış məhkəmə qərarını elə ifadə etmişdi ki, orada ərizəçilərdən və ya onların hüquq pozuntusunda iştirakından söhbət getdiyinə şübhə qalmamışdı, habelə faktlarla bağlı rəyini və gəldiyi nəticələri elə ifadə etmişdi ki, onları yalnız qərəzli rəylər adlandırmaq olardı. İkinci tələbə gəlincə, həmin dövrdə Cinayət Prosessual Məcəlləsi "res judicata" prinsipinin hətta sadələşdirilmiş qaydada aparılan işlər üzrə qəbul edilmiş qərarlara da şamil olunmasını və həmin qərarda müəyyən edilmiş halların sonradan hər hansı dəyişikliyə uğramadan qəbul edilməsini nəzərdə tuturdu. Baxmayaraq ki, ərizəçilərin işinə baxmış məhkəmə qiymətləndirməni yalnız məhkəmə araşdırması zamanı ona təqdim edilmiş materialların və verilmiş ifadələrin əsasında həyata keçirməli idi, Avropa Məhkəməsi hesab etdi ki, bir-birinə zidd hökmlərin çıxarılması riski hakimlərin həqiqəti müəyyən etmələrinə mane olmuş və onların ədalət mühakiməsini lazımi qaydada həyata keçirmək imkanlarını zəiflətmişdi ki, bununla da onların müstəqilliyinə, qərəzsizliyinə və məhkəmə araşdırmasının ədalətliliyini təmin etmək imkanlarına xələl gətirilmişdi.
Bundan əlavə, işlərin icraatlarının ayrılması, habelə cəzasının yüngülləşdirilməsi müqabilində təqsirini boynuna alması barədə razılığa gəlinməsi əsasında X-in sadələşdirilmiş qaydada aparılan icraatda məhkum edilməsi ərizəçilərin işində onun şahid qismində iştirak etməsinin düzgünlüyünə xələl gətirmişdi, belə ki, o, təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri təkrarlamağa məcbur idi, əks halda onun cəzasının yüngülləşdirilməsi müqabilində təqsirini boynuna almağa razılıq verməsi əsasında çıxarılmış hökmün ləğv edilməsi təhlükəsi yarana bilərdi.
Məhkəmə daha sonra qeyd etdi ki, ərizəçilərin işində milli qanunvericiliyin daxili məhkəmələr tərəfindən şərhi və tətbiqi ərizəçilərin fərdi cinayət məsuliyyətinin adi qaydada qiymətləndirilməsinin və ya cinayət tərkibinin adi qaydada müəyyənləşdirilməsinin hüdudlarından kənara çıxmışdı. Faktiki olaraq, cinayət əməli kimi tövsif edilən hərəkətlər ərizəçilərin məhkum edilməsi üçün əsas təşkil etmiş hüquq normasının tətbiq dairəsindən tamamilə kənar idi və bu cür tövsif həmin normanın məqsədlərinə uyğun deyildi. Beləliklə, cinayət qanunu özbaşınalıqla və öncəgörmə prinsipinə zidd olaraq ərizəçilərin əleyhinə şərh edilmişdi ki, bu da məhkəmə araşdırmasının açıq-aydın əsassız qərarla nəticələnməsinə gətirib çıxarmışdı.
Bundan əlavə, daxili məhkəmələr böyük ölçüdə ərizəçilərin cinayət işində məhkəmə araşdırmasının ədalətliliyini təmin edə bilməmişdilər və belə düşünmək olar ki, hətta zahiri ədalətlilik görüntüsü yaratmağa da cəhd etməmişdilər. Onu da qeyd etməyə dəyər ki, onlar ərizəçilərin siyasi təqib barədə iddialarını araşdırmadan rədd etmişdilər, halbuki onlar ən azı əsaslandırıla bilən iddialar idi. Birinci ərizəçiyə gəlincə, onun korrupsiya əleyhinə apardığı kampaniya 2010-cu ildə böyük vüsət almışdı və açıq-aydın görünürdü ki, o, siyasətçi kimi fikirlərini milli səviyyədə geniş ictimaiyyətə çatdırmağı qarşısına məqsəd qoyub. Məhkum olunması səbəbindən o, seçkidə namizədliyini irəli sürmək hüququna malik deyildi, onun hərəkət azadlığı məhdudlaşdırılmış və ictimai çıxışlarına qadağa qoyulmuşdu. Bu da diqqətəlayiq idi ki, onun barəsində cinayət təqibinin başlandığı tarix müəyyən məqalələrini kütləvi informasiya vasitələrində dərc etdiyi tarixlə üst-üstə düşürdü. Beləliklə, birinci ərizəçinin ictimai fəaliyyətləri ilə dövlət hakimiyyət orqanlarının ona qarşı ittihamlar irəli sürməsi arasında açıq-aydın əlaqə vardı, amma daxili məhkəmələr bu əlaqəni nəzərə almamışdılar. Eyni sözlər ikinci ərizəçiyə də aiddir, belə ki, o, əsaslandırıla bilən belə bir iddia irəli sürmüşdü ki, birinci ərizəçini cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə onu hədəfə almışdılar və bu işin aparılan cinayət təqibinin həqiqi məqsədlərinə heç bir aidiyyəti yox idi. Bu iddiaları nəzərdən keçirməməklə daxili məhkəmələr ərizəçilərin cinayət təqibinə məruz qalmasının və məhkum olunmasının əsil səbəbinin siyasi səbəb olması ilə bağlı narahatlıqları daha da artırmış oldular.
Beləliklə, bütövlükdə götürüldükdə ərizəçilərə qarşı cinayət prosesi onların Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu təşkil etmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı və 7-ci maddələrlə əlaqəli şəkildə götürülmüş 18-ci maddə: Ərizəçilər iddia etdilər ki, cinayət təqibinə məruz qalmalarının və məhkum edilmələrinin məqsədi onları ədalət mühakiməsinə cəlb etmək deyil, konkret olaraq birinci ərizəçinin ictimai və siyasi fəaliyyətlərini davam etdirməsinin qarşısını almaq idi. Lakin Məhkəmə qeyd etdi ki, Konvensiyanın 6-cı və 7-ci maddələrinin bu işə aidiyyəti olan müddəalarında Məhkəmənin bu şikayətə Konvensiyanın 18-ci maddəsi əsasında baxa bilməsinə imkan yaradan hər hansı birbaşa və ya dolayı məhdudiyyətlər nəzərdə tutulmayıb.
Nəticə: şikayət qəbuledilən deyil (şikayət mahiyyət meyarına görə (ratione materiae) qəbuledilən deyil).
Maddə 41: mənəvi ziyana görə ərizəçilərin hər birinə 8.000 avro təyin edildi; maddi ziyanla bağlı tələblər rədd edildi.
Full & Egal Universal Law Academy