Navalnı (Navalnyy) və Yaşin (Yashin) Rusiyaya qarşı – ərizə № 76204/11
4.12.2014 tarixli qərar [I Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
İddia edildiyinə görə, icazəsiz yürüş keçirdikləri üçün siyasi fəalların tutulması və məhkum edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçilər iki siyasi fəal və müxalifət lideridirlər. 2011-ci ildə onlar spontan xarakterli yürüşün dayandırılması barədə polisin əmrinə tabe olmadıqlarına görə tutuldular, iddia edildiyinə görə, onlar həmin yürüşü icazəli nümayişdə iştirak etdikdən sonra keçirmişdilər. Onlar ertəsi gün məhkəməyə gətirilənə qədər polis təcridxanasında saxlandılar və sonra 15 günlük inzibati həbs cəzası aldılar. Qərardan verdikləri şikayətlər rədd edildi.
Hüquqi məsələlər – Maddə 11: Ərizəçilərin tutulması, həbsə alınması və məhkum edilməsi onların 11-ci maddədə nəzərdə tutulan hüquqlarına müdaxilə təşkil edirdi. Müdaxilə qanuni məqsəd daşıyırdı, belə ki, ictimai asayişin qorunmasına yönəlmişdi. Onun mütənasibliyi məsələsinə gəlincə, Məhkəmə qeyd etdi ki, hətta ərizəçilər yürüş keçirmək niyyətində olmasaydılar belə, geniş etirazçılar qrupunun peyda olmasını əsaslı olaraq yürüş kimi başa düşmək olardı. Lakin yürüş cəmi 15 dəqiqə davam etmişdi, dinc xarakterli idi və iştirakçıların sayını nəzərə alsaq, elə bir çətinlik yarada bilməzdi. Beləliklə, polis ərizəçiləri təkcə ona görə saxlamışdı ki, yürüş icazəsiz idi. Daxili məhkəmələr nümayişçilərin yaratdığı risklərin miqyasını və ya onları dayandırmağın zəruri olub-olmadığını yoxlamağa cəhd etməmişdilər. Sonradan ərizəçilər polisin əmrlərinə tabe olmamağa görə həbs edildilər, amma Məhkəmə polislərin bu tutmaları həyata keçirərkən hər hansı əmrlər verib-vermədiyini müəyyənləşdirmək imkanına malik deyil. Hətta ərizəçilərin yürüşü dayandırmaq barədə əmrə tabe olmadıqlarını fərz etsək belə, onların tutulması üçün heç bir əsas yox idi. Bundan başqa, təyin olunmuş cəza iddia edilən hüquq pozuntusunun nisbətən yüngül xarakterini əks etdirmirdi. Nəhayət, milli hakimiyyət orqanları açıq-aydın etiraf etmişdilər ki, ərizəçilər spontan xarakterli dinc yürüş keçirdiklərinə və hökumət əleyhinə şüarlar səsləndirdiklərinə görə cəzalandırılıblar. Tətbiq edilmiş məcburiyyət tədbirləri digər müxalifət tərəfdarlarını və geniş ictimaiyyəti nümayişlərdə və ümumiyyətlə açıq siyasi müzakirələrdə iştirak etməkdən ciddi şəkildə çəkindirə bilərdi. Bu sanksiyaların çəkindirici təsirini belə bir fakt daha da ağırlaşdırırdı ki, onlar tanınmış ictimai xadimlərə qarşı yönəlmiş və onların həbsi media tərəfindən geniş işıqlandırılmışdı. Beləliklə, müdaxilə demokratik cəmiyyətdə zəruri deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə yekdilliklə bu qənaətə gəldi ki, ərizəçilərə qarşı inzibati icraatla əlaqədar olaraq 6-cı maddənin 1-ci bəndi pozulub, əsassız olaraq polis bölməsinə aparılmaları, bir polis bölməsindən digərinə aparıldıqları zaman qeydiyyata alınmadan və heç kimə məlumat verilmədən altı saat həbsdə saxlanmaları və bu həbsdə saxlama üçün heç bir əsas gətirilməməsi ilə əlaqədar olaraq 5-ci maddə pozulub, səmərəli hüquqi müdafiə vasitəsinin olmaması ilə əlaqədar olaraq 13-cü maddə pozulub və ərizəçilərin polis bölməsində saxlanma şəraiti ilə əlaqədar olaraq 3-cü maddə pozulub.
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 26.000 avro təyin edildi.
(Həmçinin bax: Bukta və başqaları Macarıstana qarşı, 25691/04, 17 iyul 2007-ci il, 99 saylı məlumat bülleteni; Berladir və başqaları Rusiyaya qarşı, 34202/06, 10 iyul 2012-ci il; Faber Macarıstana qarşı, 40721/08, 24 iyul 2012-ci il, 154 saylı məlumat bülleteni; Malofeyeva Rusiyaya qarşı, 36673/04, 30 may 2013-cü il; Kasparov və başqaları Rusiyaya qarşı, 21613/07, 3 oktyabr 2013-cü il, 167 saylı məlumat bülleteni; həmçinin bax: Həbsdə saxlanma şəraiti və məhbuslarla rəftar mövzusunda tematik informasiya vərəqəsi)
Full & Egal Universal Law Academy