© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BİRİNCİ BÖLMƏ
NAZARENKO (NAZARENKO) RUSİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 39438/13)
QƏRAR
Strasburq
16 iyul 2015-ci il
Qüvvəyə minmə tarixi:
16.10.2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Nazarenko Rusiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),
hakimlər:
İzabella Berro (Isabelle Berro), sədr,
Elizabet Ştayner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Yuliya Laffrank (Julia Laffranque),
Kseniya Turkoviç (Ksenija Turković),
Dmitri Dedov (Dmitry Dedov),
habelə Bölmə katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,
23 iyun 2015-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı cənab Anatoli Sergeyeviç Nazarenko (Anatoliy Sergeyevich Nazarenko) (“ərizəçi”) tərəfindən 15 may 2013-cü ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (№ 39438/13) əsasında başlanıb.
2. Rusiya Hökumətini (“Hökumət”) Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi cənab G. Matyuşkin (G. Matyushkin) təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia etdi ki, onun atalıq hüququna xitam verilməsi onu qızı ilə təmasda olmaq və ya hüquqlarının müdafiəsi üçün mülki iddia qaldırmaq hüququndan məhrum edib və apellyasiya şikayəti üzrə dinləmənin tarixi barədə ona məlumat verilməyib.
4. 15 oktyabr 2013-cü ildə yuxarıdakı şikayətlər barədə Hökumətə məlumat verildi və ərizədəki şikayətlərin qalan hissəsi qəbulolunmaz elan edildi. Həmçinin qərara alındı ki, Məhkəmə Reqlamentinin 41-ci qaydası tətbiq edilsin və ərizəyə prioritet qaydada baxılsın.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1965-ci ildə anadan olub və Ulan-Udedə yaşayır.
6. 2007-ci ildə ərizəçinin arvadı N. qızı A-nı dünyaya gətirdi.
7. 2010-cu ildə ərizəçi ilə N. boşandılar.
8. 18 yanvar 2011-ci ildə Oktyabr rayonunun qəyyumluq və himayə orqanı (bundan sonra "qəyyumluq orqanı" adlandırılacaq) A.-nın yaşayış yerini aşağıdakı qaydada təyin etdi: həftənin cüt günlərində o ərizəçi ilə, tək günlərində isə anası N. ilə qalmalı idi. Yanvar, iyun, iyul və avqust aylarında A. ay ərzində bir həftə ərizəçi ilə qalmalı və həmin həftəni özü seçməli idi.
A. Atalıq hüququna xitam verilənə qədərki hadisələr
9. 22 mart 2011-ci ildə ərizəçi A.-nın bədənində bir neçə qançır aşkar etdi. Onun N.-in yeni sevgilisi tərəfindən döyülməsindən və ya seksual hücuma məruz qalmasından şübhələnən ərizəçi A.-nı N.-ə qaytarmaqdan imtina etdi.
10. Növbəti ildə A. ərizəçi ilə və ata tərəfdən nənəsi ilə yaşadı. Ərizəçi öz iştirakının olması şərti ilə N.-in A.-ya baş çəkməsinə bir neçə dəfə icazə verdi.
11. 25 mart 2011-ci ildə ərizəçi polisə və Oktyabr rayon istintaq komitəsinə şikayət etdi ki, qızı A. N.-in sevgilisi tərəfindən döyülüb və seksual hücuma məruz qalıb. İstintaq komitəsi ibtidai istintaqa başladı.
12. Ərizəçi ilə N. hər ikisi A.-nın onunla yaşaması barədə qərar çıxarılması üçün Ulan-Udenin Oktyabr rayon məhkəməsinə müraciət etdilər.
13. 25 aprel 2011-i ildə A. ibtidai istintaq çərçivəsində psixoloqun köməyi ilə müstəntiq tərəfindən dindirildi. A. bildirdi ki, ərizəçi ilə yaşamaq istəyir, çünki o yaxşı davranır, anası və anasının yeni sevgilisi isə onunla pis rəftar edirlər. 27 iyun və 3 avqust 2011-ci ildə o yenidən psixoloqun köməyi ilə müstəntiq tərəfindən dindirildi və əvvəlki ifadələrini təsdiq etdi.
14. 19 may 2011-ci ildə Oktyabr rayon məhkəməsi uşağın onunla yaşaması barədə N.-in ərizəsini təmin etdi, ərizəçinin analoji ərizəsini isə rədd etdi. Məhkəmə bu qənaətə gəldi ki, hər iki valideyn indiyədək A.-nı böyüdüblər və bu yükü bərabər paylaşıblar. Onların hər ikisinin kifayət qədər maliyyə vəsaiti var və yaşayış şəraitləri də eynilə qaneedicidir. Lakin A.-nın cinsi mənsubiyyəti və yaşı nəzərə alınaraq, onun anası tərəfindən böyüdülməsinə üstünlük verilir. Yaşı on ikidən az olan uşaq yalnız müstəsna hallarda anasından ayrıla bilər. Bu işdə isə belə hal aşkar edilməyib. N. işləyirdi və kifayət qədər gəliri vardı. Onun uşağa qarşı səhlənkarlıq və ya pis rəftar etdiyini göstərən heç bir sübut yoxdur. A.-nın bədənindəki qançırlar onun yerə yıxılması nəticəsində və ya oynadığı zaman yarana bilərdi və ona qarşı pis rəftar edilməsinin sübutu üçün yetərli deyildi. Pis rəftar barədə iddialarla bağlı cinayət istintaqı hələ yekunlaşmamışdı. Məhkəmə tərəfindən təyin olunmuş ekspert-psixoloq müəyyən etdi ki, A.-nın emosional baxımdan anasına nisbətən atasına və ata tərəfdən nənəsinə daha çox meyl göstərməsi, anasının onunla pis rəftar etdiyini göstərən faktlar olmadığı halda, nəzərə alına bilməz. Buna görə A.-nın anası ilə yaşaması onun maraqlarına uyğundur.
15. 20 may 2011-ci ildə qəyyumluq orqanı qeyd etdi ki, A. atası ilə yaşamaq istəyir. Ərizəçinin mənzili yoxlanıldı və müəyyən edildi ki, A.-nın normal inkişafı üçün ərizəçi tərəfindən hər cür şərait yaradılıb. Buna görə də qəyyumluq orqanı bu qənaətə gəldi ki, A. ərizəçi ilə yaşamalıdır.
16. Apellyasiya şikayətindən sonra 22 iyun 2011-ci ildə Buryatiya Respublikasının Ali Məhkəməsi 19 may 2011-ci il tarixli qərarı qüvvədə saxladı. O, bu qənaətə gəldi ki, rayon məhkəməsi qəyyumluq orqanının qənaətlərini və rəyini nəzərdən keçirməməklə qanunla müəyyən edilmiş proseduru pozmuş olub. Bununla da rayon məhkəməsi ciddi prosessual pozuntuya yol verib. Lakin qəyyumluq orqanının rəyinin məhkəmə üçün məcburi olmadığını və tövsiyə xarakteri daşıdığını nəzərə alsaq, həmin rəyin nəzərdən keçirilməməsi mahiyyət etibarı ilə düzgün olan məhkəmə qərarına yenidən baxılması üçün əsas deyil.
17. 30 iyun 2011-ci ildə Oktyabr rayon istintaq komitəsi A.-nın iddia edilən pis rəftara və seksual hücuma məruz qalması ilə bağlı cinayət işi açdı.
18. Ərizəçi A.-nı öz yanında saxlamaqda davam etdiyinə görə N. ərizəçidən A.-nı ona qaytarmağı tələb edən məhkəmə qərarı çıxarılması üçün Oktyabr rayon məhkəməsinə ərizə verdi.
19. 19 noyabr 2011-ci ildə Oktyabr rayon məhkəməsi N.-in ərizəsini təmin etdi. O, bu qənaətə gəldi ki, ərizəçi apellyasiya şikayətindən sonra qüvvədə saxlanılmış 19 may 2011-ci il tarixli məhkəmə qərarını icra etməkdən imtina edib. O qərara aldı ki, həmin qərarın icrası üçün ərizəçi A.-nı N.-ə qaytarmalıdır. Qərardan verilən şikayətdən sonra 30 yanvar 2012-ci ildə Buryatiya Respublikasının Ali Məhkəməsi həmin qərarı qüvvədə saxladı.
20. Naməlum tarixdə ərizəçi A.-nın onun yanında yaşaması barədə qərar çıxarılması üçün ikinci dəfə Oktyabr rayon məhkəməsinə müraciət etdi və eyni zamanda xahiş etdi ki, N.-in A. üzərində valideynlik hüququ məhdudlaşdırılsın.
21. 23 yanvar 2012-ci ildə Oktyabr rayon məhkəməsi ərizəni rədd etdi və A.-nın anası ilə yaşamalı olduğu barədə əvvəlki qərarını təsdiqləyərək 19 may 2011-ci il tarixli qərarda göstərilən eyni əsaslara istinad etdi. Məhkəmə N.-in A. üzərində valideynlik hüququnun məhdudlaşdırılması üçün heç bir əsas müəyyən etmədi. Qərardan verilən şikayətdən sonra 2 aprel 2012-ci ildə Buryatiya Respublikasının Ali Məhkəməsi həmin qərarı qüvvədə saxladı.
22. 13 mart 2012-ci ildə N. A.-nı ərizəçidən oğurladı. O vaxtdan bəri N. ərizəçinin qızı ilə görüşməsinə mane olur.
23. 20 mart 2012-ci ildə A. psixoloqun köməyi ilə yenidən müstəntiq tərəfindən dindirildi. O dedi ki, anası ilə yaşamaq xoşuna gəlir və anası onunla yaxşı rəftar edir.
24. 23 aprel 2012-ci ildə A. cinayət prosesi çərçivəsində müstəntiq tərəfindən təyin olunmuş psixoloqlar komissiyası tərəfindən müayinə olundu. Onlar müəyyən etdilər ki, A. əqli inkişafdan geri qalmayıb və ya əqli pozuntudan əziyyət çəkmir. Bununla belə, o, yaşı, inkişaf səviyyəsi və kənar təsirlərə qarşı həssaslığı səbəbindən anası, atası və ya anasının yeni sevgilisi ilə münasibətləri barədə mötəbər ifadə vermək iqtidarında deyil.
25. 30 aprel 2013-cü ildə Oktyabr rayon istintaq komitəsi pis rəftar və ya seksual hücum barədə heç bir sübut olmadığını müəyyən edərək cinayət işinə xitam verdi. Qançırlar yerə yıxılıma nəticəsində yarana bilərdi. Ekspertlərin rəyinə görə, anasının sevgilisinin onunla pis rəftar etməsi barədə A.-nın ifadələrinə güvənmək olmazdı. Şahidlər uşaqla pis rəftar edildiyi barədə ərizəçinin iddialarını təsdiqləyən hər hansı məlumat təqdim edə bilmədilər.
B. Atalıq hüququna xitam verilməsi və sonrakı hadisələr
26. Ərizəçi A.-nın yaşayış yeri barədə qərar çıxarılması üçün üçüncü dəfə Oktyabr rayon məhkəməsinə müraciət etdi. O həmçinin xahiş etdi ki, N. A. üzərində valideynlik hüququndan məhrum edilsin.
27. Yuxarıdakı məhkəmə prosesi davam etdiyi müddətdə N. Oktyabr rayon məhkəməsinə ərizə verərək ərizəçinin A.-nın atası olduğunu şübhə altına aldı və xahiş etdi ki, onun adı A.-nın doğum şəhadətnaməsindən çıxarılsın və A.-nın soyadı və atasının adı dəyişdirilsin.
28. 23 iyul 2012-ci ildə DNT analizi nəticəsində müəyyən edildi ki, ərizəçi A.-nın bioloji atası deyil.
29. 18 sentyabr 2012-ci ildə Oktyabr rayon məhkəməsi N.-in tələblərini təmin etdi. O, bu qənaətə gəldi ki, ərizəçi A.-nın bioloji atası deyil və onun uşaq üzərindəki atalıq hüququna xitam verdi. O qərar çıxardı ki, ərizəçinin adı A.-nın doğum şəhadətnaməsindən çıxarılsın və A.-nın soyadı və atasının adı ərizəçiyə aidiyyəti olmayan şəkildə dəyişdirilsin. Qərardan verilən şikayətdən sonra 19 noyabr 2012-ci ildə Buryatiya Respublikasının Ali Məhkəməsi həmin qərarı qüvvədə saxladı.
30. 16 yanvar 2013-cü ildə Oktyabr rayon məhkəməsi yaşayış yeri barədə və N.-in A. üzərində valideynlik hüququndan məhrum edilməsi haqqında qərar çıxarılması üçün ərizəçinin verdiyi ərizə əsasında başlanmış məhkəmə işinə xitam verdi. Məhkəmə müəyyən etdi ki, ərizəçi A.-nın bioloji atası deyil və buna görə də daxili qanunvericiliyə əsasən o, A. üzərində valideynlik hüququ ilə və ya A.-nın yaşayış yeri məsələsi ilə bağlı mülki iddia qaldıra bilməz. Ərizəçi xəstə olduğuna görə dinləmədə iştirak etmədi.
31. Qərardan verilən şikayətdən sonra 27 fevral 2013-cü ildə Buryatiya Respublikasının Ali Məhkəməsi həmin qərarı qüvvədə saxladı. Ərizəçinin sözlərinə görə, o, apellyasiya dinləməsinin tarixi barədə məlumatlandırılmamışdı. Həmçinin çıxarılmış qərar barəsində də ona 12 mart 2013-cü ilədək məlumat verilməmişdi.
32. 31 may 2013-cü ildə Buryatiya Respublikasının Ali Məhkəməsinin hakimi ərizəçinin kassasiya şikayətini baxılmaq üçün həmin məhkəmənin rəyasət heyətinə göndərməkdən imtina edərək müəyyən etdi ki, prosesin nəticəsinə təsir göstərə biləcək heç bir əhəmiyyətli maddi və ya prosessual hüquq pozuntusu aşkar edilməyib. O, konkret olaraq qeyd etdi ki, işin materialları arasında sübut var ki, 7 fevral 2013-cü ildə ərizəçiyə məktub göndərilərək apellyasiya dinləməsinin tarixi barədə ona məlumat verilib. Həmçinin dinləmənin tarixi barədə məlumat məhkəmənin rəsmi İnternet saytında yerləşdirilib. Beləliklə, ərizəçi apellyasiya dinləməsinin tarixi barədə məlumatlandırılmış olub.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
33. Ailə Məcəlləsində nəzərdə tutulur ki, valideynlər uşaqların maraqları naminə hərəkət etməli və istənilən fiziki və ya hüquqi şəxslərlə münasibətlərdə onların hüquq və maraqlarını müdafiə etməlidirlər (64-cü maddənin 1-ci bəndi).
34. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı əsasında müəyyən edilir. Belə razılıq olmadıqda uşağın yaşayış yeri məhkəmə qərarı əsasında təyin olunur və bu zaman uşağın maraqları və bu məsələyə dair rəyi nəzərə alınır. Bu halda məhkəmə uşağın hər bir valideyninə, bacı və qardaşlarına bağlılığını, yaşını, valideynlərin mənəvi və digər şəxsi keyfiyyətlərini və uşağın tərbiyəsi və inkişafı üçün onların hər birinin şərait yaratmaq imkanlarını (məsələn, hər bir valideynin işləməsini, iş qrafikini, maddi və ailə vəziyyətini və s.) nəzərə almalıdır (65-ci maddənin 3-cü bəndi).
35. Uşaqdan ayrı yaşayan valideyn uşaqla təmasda olmaq və onun tərbiyə və təhsilində iştirak etmək hüququna malikdir. Uşaqla birgə yaşayan valideyn uşağın digər valideynlə təmasda olmasına, əgər bu təmas uşağın fiziki və ya psixoloji sağlamlığına və ya mənəvi inkişafına zərər yetirmirsə, mane olmamalıdır (66-cı maddənin 1-ci bəndi).
36. Uşaq valideynləri, nənə və babaları, qardaş və bacıları və digər qohumları ilə təmasda olmaq hüququna malikdir. Valideynlərin boşanması, ayrı yaşaması və ya nikahlarının etibarsız elan edilməsi uşağın hüquqlarına heç bir təsir göstərmir. Xüsusən valideynlər ayrı yaşadıqda uşaq onların hər ikisi ilə təmasda olmaq hüququna malikdir (55-ci maddənin 1-ci bəndi).
37. Nənə və babalar, qardaşlar, bacılar və digər qohumlar uşaqla təmasda olmaq hüququna malikdirlər. Valideynlər və ya onlardan biri yaxın qohumların uşaqla görüşməsinə mane olarsa, qəyyumluq və himayə orqanı uşağın həmin qohumla təmasda olmasının təmin edilməsi barədə qərar çıxara bilər. Valideynlər qəyyumluq və himayə orqanının qərarına tabe olmazlarsa, həmin qohum və ya qəyyumluq və himayə orqanı təmasın təmin edilməsi barədə qərar çıxarılması üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qərar çıxararkən uşağın maraqlarını və məsələyə dair rəyini nəzərə almalıdır. Valideynlər təmasın təmin edilməsi barədə məhkəmənin qəbul etdiyi qərara tabe olmazlarsa, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilə bilərlər (67-ci maddə).
38. Valideyn fiziki və ya psixoloji zorakılığa və ya seksual sui-istifadəyə əl atmaqla uşaqla pis rəftar edərsə, məhkəmə digər valideynin, qəyyumun, prokurorun və ya sosial xidmətlərin müraciəti əsasında həmin valideyni valideynlik hüququndan məhrum edə bilər (69-cu maddə və 70-ci maddənin 1-ci bəndi).
39. Məhkəmə uşağın yaxın qohumunun, sosial xidmətlərin, təhsil müəssisələrinin və ya prokurorun müraciəti əsasında uşağın maraqları naminə valideynin valideynlik hüququnu məhdudlaşdıra və uşağı valideyndən ala bilər. Valideyn uşaq üçün təhlükə yaratdığı hallarda onun valideynlik hüququ məhdudlaşdırıla bilər (73-cü maddə).
40. Uşağın doğum şəhadətnaməsində onun anası və ya atası kimi göstərilən şəxs, uşağın bioloji anası və ya atası, uşaq yetkinlik yaşına çatıbsa uşağın özü, uşağın qəyyumu, yaxud valideyn fəaliyyət qabiliyyətli deyilsə valideynin qəyyumu uşağın anasının və ya atasının kimliyinə məhkəmə qaydasında etiraz edə bilər (52-ci maddənin 1-ci bəndi).
III. MÜVAFİQ BEYNƏLXALQ VƏ MÜQAYİSƏLİ HÜQUQ MATERİALLARI
A. Birləşmiş Millətlər Təşkilatının sənədləri
41. 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş və 1990-cı ildə Rusiya tərəfindən ratifikasiya olunmuş Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:
"1. İstər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir.
2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər...".
42. 9-cu maddənin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
"1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər...
3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir...".
43. Uşağın maraqlarının birinci növbədə nəzərə alınması hüququna dair 29 may 2013-cü ildə qəbul edilmiş 14 (2013) saylı ümumi şərhində BMT-nin Uşaq Hüquqları Komitəsi konkret olaraq aşağıdakıları bildirdi:
"13. Hər bir iştirakçı dövlət uşağın maraqlarının qiymətləndirilməsi və birinci növbədə nəzərə alınması hüququna hörmət etməli və onu həyata keçirməlidir və bu hüququn tam həyata keçirilməsi üçün bütün zəruri, düşünülmüş və konkret tədbirləri görmək öhdəliyini daşıyır.
14. 3-cü maddənin 1-ci bəndi iştirakçı dövlətlərin üç müxtəlif növ öhdəliklərini müəyyən edir:
a) Dövlət qurumu tərəfindən görülən bütün tədbirlərdə, xüsusən icra tədbirlərində, inzibati və məhkəmə tədbirlərində uşağın maraqlarının lazımi qaydada nəzərə alınmasını və ardıcıl olaraq həyata keçirilməsini təmin etmək öhdəliyi;
b) Uşaqlar barəsindəki bütün məhkəmə qərarlarının və inzibati qərarların, eləcə də siyasət və qanunvericiliyin qəbulunda uşağın maraqlarının birinci növbədə nəzərə alınmasının təmin edildiyini nümayiş etdirmək öhdəliyi. Buraya həmin maraqların necə araşdırıldığının və qiymətləndirildiyinin və qərarın qəbulunda onlara nə kimi əhəmiyyət verildiyinin göstərilməsi daxildir...
15. Öhdəliklərinə riayət edilməsini təmin etmək üçün iştirakçı dövlətlər Konvensiyanın 4-cü, 42-ci maddələrinə və 44-cü maddəsinin 6-cı bəndinə uyğun olaraq bir sıra icra tədbirləri görməli və bütün tədbirlər görülərkən uşaqların maraqlarının birinci növbədə nəzərə alınmasını təmin etməlidirlər, o cümlədən:
a) 3-cü maddənin 1-ci bəndinin müddəalarının milli səviyyədə təsbit olunması üçün daxili qanunvericiliyə və digər hüquq mənbələrinə yenidən baxmalı və zərurət olduqda dəyişiklik etməli və bütün milli qanunlarda və normativ aktlarda, ərazi və ya əyalətlərin qanunvericiliklərində, uşaqlar üçün xidmətlər göstərən və ya onlarla təmasda olan özəl və ya dövlət qurumlarının fəaliyyətini tənzimləyən normalarda, istənilən səviyyələrdə aparılan məhkəmə prosesləri və inzibati proseslərlə bağlı istər maddi hüquq, istərsə prosessual hüquq normalarında uşağın maraqlarının əks olunmasını və həyata keçirilməsini təmin etməli; ...
c) uşağın maraqlarının lazımi qaydada nəzərə alınması hüququnu tam həyata keçirmək üçün uşağa aidiyyəti olan və ya ona təsir göstərən icra tədbirlərində, inzibati və məhkəmə proseslərində uşağın maraqlarının lazımi qaydada və ardıcıl olaraq nəzərə alınması və tətbiq edilməsi üçün şikayət mexanizmləri və prosedurları, hüquqi müdafiə vasitəsi və ya kompensasiya tədbirləri müəyyən etməlidirlər...
29. Valideynlik, uşağa qarşı pis rəftar və ya etinasızlıq, ailə üzvlərinin qovuşması, məskunlaşma və sair məsələlərə aid mülki işlərdə uşaq öz maraqlarını birbaşa və ya nümayəndəsi vasitəsilə müdafiə edə bilər. Məhkəmə prosesləri, məsələn, övladlığa götürməyə və ya boşanmaya aid prosedurlar, uşağın həyatına və inkişafına təsir göstərən qəyyumluq, yaşayış yeri, təmaslar və ya digər məsələlərlə bağlı qərarlar, eləcə də uşağa qarşı pis rəftara və ya etinasızlığa dair hüquqi proseslər uşağın maraqlarına təsir göstərə bilər. Məhkəmələr bütün belə vəziyyətlərdə və istər prosessual, istərsə də maddi hüquqi xarakterli qərarların qəbulunda uşağın maraqlarını nəzərə almalı və həqiqətən bunu etdiklərini nümayiş etdirməlidirlər...
36. Bütün icra tədbirləri qəbul edilərkən uşağın maraqları birinci növbədə nəzərə alınmalıdır. "Alınmalıdır" sözü dövlətin üzərinə ciddi hüquqi öhdəlik qoyur və o deməkdir ki, dövlətlər görülən hər hansı tədbirdə uşağın maraqlarının birinci növbədə nəzərə alınması məsələsini qiymətləndirməkdə və müəyyən etməkdə diskresion səlahiyyətə malik deyillər...
60. Ailə üzvlərinin ayrılmasının qarşısını almaq və ailənin birliyini qoruyub saxlamaq uşağın müdafiə edilməsi sisteminin mühüm komponentləridir və onların əsasını 9-cu maddənin 1-ci bəndində nəzərdə tutulan, aşağıdakıları tələb edən hüquq təşkil edir: "uşaq öz istəyi əleyhinə valideynlərindən ayrı düşməməlidir, ... amma belə ayrılığın uşağın maraqları üçün zəruri olduğu hallar istisna təşkil edir". Bundan başqa, hər iki valideynindən ayrı düşmüş uşaq, "əgər bu onun maraqlarına zidd deyilsə, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq" hüququna malikdir (9-cu maddənin 3-cü bəndi). Bu qayda həmçinin qəyyumluq hüquqlarına sahib olan hər kəsə, qanuni və ya faktiki himayəçilərə, himayədar valideynlərə və uşaqla möhkəm şəxsi münasibətlərdə olan şəxslərə aiddir.
..."
B. Müqayisəli hüquq materialları
44. Fransa Mülki Məcəlləsinin 371-4-cü maddəsində nəzərdə tutulur ki, uşağın maraqları tələb edərsə, ailə işlərinə baxan hakim uşağın qohumu olan və ya olmayan, davamlı olaraq uşaqla və uşağın valideynlərindən biri ilə birgə yaşayan, uşağın təhsilində, ona gündəlik qayğı göstərilməsində və onun mənzil təminatında iştirak edən, uşaqla arasında uzunmüddətli emosional bağlılıq yaranan hər hansı digər şəxsin uşaqla münasibətlərinin formasını müəyyən edə bilər.
45. Almaniya Mülki Məcəlləsinin 1685-ci maddəsində nəzərdə tutulur ki, uşaqla sıx bağlılığı olan hər hansı şəxs uşağa görə faktiki məsuliyyət daşıyarsa (aralarında sosial və ya ailə münasibəti olarsa), uşaqla təmasda olmaq hüququnun təmin olunmasını, əgər belə təmas uşağın maraqlarına xidmət edərsə, tələb edə bilər. Bir qayda olaraq belə güman edilir ki, şəxs uşaqla birgə bir ailənin tərkibində uzun müddət yaşayıbsa, uşağa görə faktiki məsuliyyəti üzərinə götürmüş sayılır.
46. "Uşaqlar haqqında" 1989-cu il tarixli Birləşmiş Krallıq qanununun 10-cu maddəsində nəzərdə tutulur ki, konkret olaraq nikahda olan istənilən şəxs (ailənin onun himayəsində olub-olmamasından asılı olmayaraq), əgər uşaq onun yaşadığı ailənin uşağıdırsa, habelə himayədar valideyn və ya bilavasitə iddia ərizəsinin verilməsinədək uşağın ən azı bir il ərzində birgə yaşadığı hər hansı qohum; yaxud uşağın ən azı üç il ərzində birgə yaşadığı istənilən şəxs iddia ərizəsi verərək uşaqla təmas hüquqlarının təmin olunmasını tələb edə bilər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
47. Ərizəçi şikayət etdi ki, atalıq hüququna xitam verilməsi onu qızı ilə təmasda olmaq və məhkəmədə onun maraqlarını müdafiə etmək hüququndan məhrum edib. O, Konvensiyanın 8-ci maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının mane olmasına yol verilmir".
A. Şikayətin qəbulunun mümkünlüyü məsələsi
48. Məhkəmə qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız şikayət deyil. O daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə də qəbulolunmaz deyil. Buma görə də o, qəbulolunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
49. Hökumət bildirdi ki, DNT analizi müəyyən edib ki, ərizəçi A.-nın bioloji atası deyil. Analiz qanunla nəzərdə tutulan qaydada aparılıb və Rusiya məhkəmələri onun nəticəsini ərizəçinin A. üzərində atalıq hüququna xitam verilməsi üçün yetərli əsas təşkil edən məqbul və mötəbər sübut kimi qəbul ediblər. DNT analizinin düzgünlüyünü şübhə altına almaq üçün heç bir əsas olmayıb.
50. Hökumət iddia etdi ki, atalıq hüququna xitam verilməsi Konvensiyaya uyğun idi, belə ki, uşağın "qanuni" atasının onun bioloji atası olmadığı sübuta yetirilmişdi. Məhkəmənin presedent hüququna əsasən, ailə həyatına hörmət hüququ bioloji və sosial reallığın valideynliklə bağlı hüquqi prezumpsiyadan üstün tutulmasını tələb edir (bax: Kroon və başqaları Niderlanda qarşı, 27 oktyabr 1994-cü il, A seriyaları, № 297‑C; və Şofman Rusiyaya qarşı, ərizə № 74826/01, 44-cü bənd, 24 noyabr 2005-ci il). Bundan başqa, ərizəçinin atalıq hüququna xitam verilməsi barədə qərar daxili qanunvericilikdə əsasa malik deyildi, yəni Ailə Məcəlləsinin 52-ci maddəsinə əsaslanırdı (yuxarıda 40-cı bəndə bax), həmin maddədə atalıq faktına etiraz barədə məhkəmə iddiası qaldırmaq üçün hər hansı müddət məhdudiyyəti müəyyən edilməmişdi.
51. Hökumət daha sonra bildirdi ki, Rusiya qanunvericiliyinə əsasən yalnız yaxın qohumlar (valideynlər, nənə və babalar, ulu nənə və babalar, bacı və qardaşlar, habelə əmilər, dayılar, xalalar, bibilər və onların uşaqları) uşaqla təmasda olmaq hüququna malik idilər. Ərizəçinin A. üzərində atalıq hüququna xitam verildiyinə görə o, daxili qanunvericiliyə əsasən uşaqla təmasda olmaq hüququna malik deyildi. Hökumət bununla bağlı qeyd etdi ki, ərizəçi uşaqla təmasda olmasının təmin edilməsi barədə qərar çıxarılması üçün heç vaxt məhkəməyə müraciət etməyib. İstənilən halda, ərizəçi ilə A.-nın anası arasında mövcud olan münaqişəni nəzərə alsaq, ərizəçiyə təmas hüquqlarının verilməsi uşağın maraqlarına uyğun olmazdı (Hökumət bu işə istinad etdi: Nekvedaviçus Almaniyaya qarşı (qərardad), ərizə № 46165/99, 19 iyun 2003-cü il).
52. Hökumət həmçinin bildirdi ki, daxili qanunvericiliyə əsasən ərizəçi A.-nın anasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna malik deyildi. Rusiya qanunvericiliyində nəzərdə tutulurdu ki, yalnız valideyn, qəyyum, prokuror və ya sosial xidmətlər bu cür məhkəmə qərarının çıxarılması üçün müraciət edə bilərlər (yuxarıda 38-ci bəndə bax). Buna görə də icraata xitam vermək barədə daxili məhkəmələrin qərarı qanuni idi.
53. Nəhayət, Hökumət bildirdi ki, daxili məhkəmələr bütün qərarlarında həmişə A.-nın maraqlarından çıxış etmişdilər. Konkret olaraq, onlar bu qənaətə gəlmişdilər ki, A.-nın anasının yanında böyüməsi onun maraqlarına uyğun idi.
54. Ərizəçi tələblərində israr etdi.
2. Məhkəmənin qiymətləndirməsi
55. Məhkəmə öncə bunu araşdırmalıdır ki, ərizəçi ilə A. arasında Konvensiyanın 8-ci maddəsində nəzərə tutulan mənada şəxsi və ya ailə həyatı təşkil edən münasibət mövcud idimi?
56. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 8-ci maddəsində nəzərə tutulan "ailə həyatı" anlayışı nikaha əsaslanan münasibətlərlə məhdudlaşmır və de-fakto "ailə" bağlarını da əhatə edə bilər (bax: Anayo Almaniyaya qarşı, ərizə № 20578/07, 55-ci bənd, 21 dekabr 2010-cu il, əlavə istinadlarla). "Ailə həyatının" mövcud olub-olmaması mahiyyət etibarı ilə sıx şəxsi əlaqələrin reallıqda həqiqətən mövcudluğundan asılı olan məsələdir (bax: K. və T. Finlandiyaya qarşı [BP], ərizə № 25702/94, 150-ci bənd, ECHR 2001‑VII). Bir qayda olaraq, bu cür münasibət üçün birgə yaşayış tələb oluna bilər, amma bununla belə müstəsna hallarda digər amillər də münasibətlərin de-fakto "ailə bağları" təşkil etmək üçün kifayət qədər davamlı olduğunu nümayiş etdirən sübut rolunu oynaya bilər (bax: Kroon və başqaları Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 30-cu bənd).
57. Məhkəmə əvvəlki işlərdə müəyyən edib ki, uzun aylar ərzində birgə yaşayan himayədar ailə ilə himayəyə götürülmüş uşaq arasındakı münasibət, onlar arasında bioloji əlaqə olmasa belə, 8-ci maddənin 1-ci bəndində nəzərə tutulan mənada ailə həyatı təşkil edir. Bu zaman Məhkəmə bu faktı nəzərə alıb ki, himayədar ailə ilə uşaq arasında valideynlərlə uşaqlar arasındakı əlaqəyə bənzər sıx emosional əlaqə formalaşıb və himayədar ailə hər cəhətdən uşağın valideynləri kimi davranıb (bax: Moretti və Benedetti İtaliyaya qarşı, ərizə № 16318/07, 49-50-ci bəndlər, 27 aprel 2010-cu il; və Kopf və Liberda Avstriyaya qarşı, ərizə № 1598/06, 37-ci bənd, 17 yanvar 2012-ci il).
58. Hazırkı işin hallarına qayıdaraq Məhkəmə qeyd edir ki, A. ərizəçinin N. ilə nikahda olduğu dövrdə doğulub və onun qızı kimi qeydiyyata alınıb. A.-nın atası olduğuna heç bir şübhə etməyən ərizəçi beş ildən artıq müddət ərzində onu böyüdüb və ona qayğı göstərib. Qəyyumluq və himayə orqanı və ekspert-psixoloqlar tərəfindən müəyyən edildiyi kimi, ərizəçi ilə A. arasında sıx emosional bağlılıq olub (yuxarıda 14-cü və 15-ci bəndlərə bax). Son nəticədə ərizəçinin A.-nın bioloji atası olmadığı aşkara çıxana qədər uzun illər ərzində ərizəçi ilə A.-nın özlərini ata ilə övlad hesab etdiklərini və onlar arasında sıx şəxsi bağlılığın olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, onların arasındakı münasibət 8-ci maddənin 1-ci bəndində nəzərə tutulan mənada ailə həyatı təşkil edir.
59. Məhkəmə daha sonra bunu araşdıracaq ki, bu işdə ərizəçinin ailə həyatına hörmət edilibmi?
60. Məhkəmə qeyd edir ki, ailə bağlarının mövcudluğu sübut edildiyi hallarda dövlət prinsipcə bu bağların qorunub saxlanmasına hesablanan tərzdə hərəkət etməlidir. Valideynlə uşağın birlikdə olmaq hüququndan qarşılıqlı surətdə istifadə etmələri ailə həyatının fundamental elementini təşkil edir və bu istifadəyə mane olan ölkədaxili tədbirlər Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxilə təşkil edir (digər qərarlar arasında bax: Monori Rumıniyaya və Macarıstana qarşı, ərizə № 71099/01, 70-ci bənd, 5 aprel 2005-ci il; və K. və T. Finlandiyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 150-ci bənd).
61. Üstəlik, 8-ci maddənin əsas məqsədi fərdi dövlət orqanlarının hüquqa zidd hərəkətlərindən müdafiə etmək olsa da, ailə həyatına faktiki "hörmətin" təmin edilməsi, bundan əlavə, pozitiv öhdəliklər də doğurur. Bu öhdəliklər hətta fərdlər arasındakı münasibətlər sahəsində də ailə həyatına hörmətin təmin edilməsinə yönələn tədbirlərin görülməsini, o cümlədən fərdlərin hüquqlarını qoruyan qərarverici və icraedici mexanizmin bərqərar olması üçün hüquqi bazanın təmin edilməsini və lazımi hallarda konkret addımların atılmasını özündə ehtiva edə bilər (bax: Qlaser Birləşmiş Krallığa qarşı, ərizə № 32346/96, 63-cü bənd, 9 sentyabr 2000-ci il).
62. Dövlətin pozitiv tədbirlər görmək öhdəliyinə gəlincə, Məhkəmə dəfələrlə bildirib ki, 8-ci maddə valideynin öz uşağına qovuşması üçün addımlar atmaq hüququnu və dövlət hakimiyyəti orqanlarının bunu təmin etmək öhdəliyini özündə ehtiva edir. Bu həmçinin uşaqlarla təmasda olma və onların yaşayış yeri ilə bağlı məsələlərdə valideynlər və (və ya) uşaqların ailəsinin digər üzvləri arasında mübahisələrin yarandığı hallara aiddir (bax: Maniç Litvaya qarşı, ərizə № 46600/11, 101-ci bənd, 13 yanvar 2015-ci il, əlavə istinadlarla).
63. İstər neqativ, istərsə də pozitiv öhdəliklər kontekstində fərdin maraqları ilə bütövlükdə cəmiyyətin maraqları arasında ədalətli balansın gözlənilməsinə diqqət yetirilməlidir; hər iki kontekstdə dövlət müəyyən qiymətləndirmə sərbəstliyinə malikdir (bax: Qlaserin işi üzrə yuxarıda istinad edilən qərar, 63-cü bənd). 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli balansı gözləsinlər və balansın müəyyənləşdirilməsi prosesində uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət versinlər; həmin maraqlar, xarakterindən və ciddiliyindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutula bilər (bax: Şahin Almaniyaya qarşı [BP], ərizə № 30943/96, 66-cı bənd, ECHR 2003‑VIII; və Plaza Polşaya qarşı, ərizə № 18830/07, 71-ci bənd, 25 yanvar 2011-ci il).
64. Hazırkı işdə ərizəçinin uşağın bioloji atası olmadığı müəyyən edildikdən sonra onun A. üzərində atalıq hüququna xitam verilib və onun adı A.-nın doğum şəhadətnaməsindən çıxarılıb. Nəticədə ərizəçi A. üzərində bütün valideynlik hüquqlarını, o cümlədən onunla təmasda olmaq hüququnu itirib. Həqiqətən də Ailə Məcəlləsində nəzərdə tutulur ki, yalnız valideynlər, nənə və babalar, qardaşlar, bacılar və digər qohumlar uşaqla təmasda olmaq hüququna malikdirlər (yuxarıda 35-37-ci bəndlərə bax). Hökumətin təsdiq etdiyi kimi, daxili qanunvericiliyə əsasən ərizəçi A. ilə təmasda olmaq hüququna malik deyil, çünki onun valideyni və ya digər qohumu hesab olunmur. Belə olan halda Məhkəmə hesab edir ki, uşaqla təmasın təmin edilməsi barədə qərar çıxarılması üçün məhkəməyə edilən müraciət mövcud daxili qanunvericiliyə əsasən uğursuzluğa məhkumdur.
65. Məhkəmə təmas hüquqlarını tənzimləyən Rusiya qanunvericiliyi normalarının qeyri-mütəhərrikliyindən narahatdır. Onlar uşaqla təmasda olmaq hüququna malik olan şəxslərin tam siyahısını müəyyən edir və müxtəlif ailə situasiyalarının və uşağın maraqlarının nəzərə alınması üçün hər hansı istisna halları özündə əks etdirmir. Nəticədə ərizəçi kimi uşaqla qohumluğu olmayan, amma uzun müddət onun qayğısına qalan və onunla sıx şəxsi bağlılıq formalaşdıran hər hansı şəxs heç bir halda və uşağın maraqlarından asılı olmayaraq təmas hüququ əldə edə bilmir. Hökumət uşaqla təmasda olmaq hüququna malik olan şəxslərin dəyişməz tam siyahısını müəyyən etməyin nəyə görə "demokratik cəmiyyətdə zəruri" olduğuna və müvafiq normanın tətbiqi zamanı hər bir işin xüsusi halları kontekstində uşağın maraqlarını nəzərə alan hər hansı istisna halların nəyə görə nəzərdə tutulmadığına dair heç bir səbəb göstərmədi.
66. Məhkəmə əmin deyil ki, təmas hüquqları məsələsində uşağın maraqları ümumi xarakter daşıyan hüquqi ehtimal əsasında düzgün müəyyən edilə bilər. Müvafiq ailə situasiyalarının olduqca müxtəlif olmasının mümkünlüyünü nəzərə alaraq, Məhkəmə hesab edir ki, bütün maraqlı şəxslərin hüquqları arasında ədalətli balansın müəyyən edilməsi işin xüsusi hallarının araşdırılmasını zəruri edir (bax (müvafiq dəyişikliklərlə): Şnayder Almaniyaya qarşı, ərizə № 17080/07, 100-cü bənd, 15 sentyabr 2011-ci il). Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsi uşaqla bioloji qohumluq əlaqəsinin olub-olmamasından asılı olmayaraq kifayət qədər uzun müddət ərzində onun qayğısına qalmış şəxslə təmasda olmağın uşağın maraqlarına uyğun olub-olmadığını hər bir işdə ayrıca araşdırmaq öhdəliyini üzv dövlətlərin üzərinə qoyan maddə kimi şərh oluna bilər. Bu təmasın A.-nın maraqlarına uyğun olub-olmadığını araşdırmadan ərizəçinin A. ilə təmasda olmaq hüququnu inkar etməklə Rusiya bu öhdəliyi yerinə yetirməmiş olub.
67. Məhkəmə qeyd edir ki, atalıq hüququna xitam verildikdən sonra ərizəçi daxili qanunvericiliyin tətbiqi nəticəsində bütünlüklə və avtomatik olaraq A.-nın həyatından çıxarılmışdı. Lakin o hesab edir ki, uşağın maraqlarına aid olan müvafiq səbəblər bunu tələb etmirsə, müəyyən müddət ərzində öz hesabına uşağı böyütmüş şəxs əslində uşağın bioloji atası olmadığı müəyyən edildikdən sonra uşağın həyatından tamamilə çıxarılmamalıdır. Hazırkı işdə bu cür səbəblər göstərilməyib. Heç zaman güman edilməyib ki, ərizəçi ilə təmasda olması A.-nın inkişafına zərər yetirə bilər. Əksinə, həm qəyyumluq və himayə orqanı, həm də ekspert-psixoloqlar tərəfindən müəyyən edilib ki, ərizəçi ilə A. arasında güclü qarşılıqlı bağlılıq mövcuddur və ərizəçi uşağın qayğısına yaxşı qalıb (yuxarıda 14-cü və 15-ci bəndlərə bax).
68. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, dövlət orqanları ərizəçi ilə A. arasında ailə bağlarının saxlanmasına imkan yaratmaq öhdəliklərini yerinə yetirməyiblər. Beləliklə, daxili qanunvericilik normalarının qeyri-mütəhərrikliyi ucbatından atalıq hüququna xitam verildikdən sonra ərizəçinin bütünlüklə və avtomatik olaraq A.-nın həyatından çıxarılması, xüsusən A.-nın maraqlarını lazımi qaydada nəzərə almadan təmas hüquqlarının inkar edilməsi ərizəçinin ailə həyatına hörmət edilməməsinə bərabərdir.
Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN VƏ 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTULARI
69. Ərizəçi yaşayış yeri barədə qərar çıxarılmasına və N.-in A. üzərində valideynlik hüququndan məhrum edilməsinə dair ərizəsi ilə bağlı məhkəmə prosesinə xitam verilməsindən şikayət etdi. O həmçinin 27 fevral 2013-cü il tarixli apellyasiya dinləməsi barədə ona məlumat verilməməsindən şikayət etdi. O, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinad etdi, orada deyilir:
Maddə 6, 1-ci bənd
"Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir".
Maddə 13
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir".
70. Hökumət bildirdi ki, ərizəçi Oktyabr rayon məhkəməsinin 16 yanvar 2013-cü il tarixli qərarından və 27 fevral və 31 may 2013-cü il tarixli sonrakı apellyasiya və kassasiya qərarlarından Rusiya Federasiyasının Ali Məhkəməsinə kassasiya şikayəti verməyib. O həmçinin işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün Ali Məhkəmənin rəyasət heyətinə şikayət etməyib. Beləliklə, o, daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib.
71. Hökumət daha sonra bildirdi ki, daxili qanunvericiliyə əsasən ərizəçi A.-nın anasının valideynlik hüququndan məhrum edilməsi (yuxarıda 38-ci bəndə bax) və ya uşağın yaşayış yeri barədə qərar çıxarılması üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququna malik deyildi. Buna görə də daxili məhkəmələrin icraata xitam vermək qərarı qanuni idi. Bundan başqa, uşağın yaşayış yeri barədə qərar çıxarılması üçün ərizəçinin verdiyi əvvəlki ərizələrə daxili məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmışdı. Üstəlik, 27 fevral 2013-cü il tarixli dinləmə barədə ərizəçi lazımi qaydada məlumatlandırılmışdı.
72. Ərizəçi tələblərində israr etdi.
73. Məhkəmə hesab edir ki, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı Hökumətin etirazı ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi üzrə şikayətlərinin mahiyyəti ilə sıx surətdə əlaqəlidir və buna görə də ona işin mahiyyəti ilə birlikdə baxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bu şikayətlər qəbuloluan elan edilməlidir və bu qənaətə gəlir ki, 8-ci maddə üzrə yuxarıda gəldiyi nəticənin işığında ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi üzrə şikayətlərini ayrıca araşdırmağa ehtiyac yoxdur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
74. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
75. Ərizəçi ədalətli təzminat barədə tələb irəli sürmədi. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu məsələdə ona hər hansı məbləğin təyin olunması tələb olunmur.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı Hökumətin etirazına baxılmasını şikayətin mahiyyətinə baxılması ilə birləşdirir;
2. Ərizəni qəbulolunan elan edir;
3. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulub;
4. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi üzrə şikayətləri araşdırmağa ehtiyac yoxdur və nəticədə həm də Hökumətin yuxarıda qeyd edilən ilkin etirazını araşdırmağa ehtiyac yoxdur.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 16 iyul 2015-ci ildə yazılı şəkildə elan olunub.
İzabella Berro (Isabelle Berro)
Sədr
Sören Nilsen (Søren Nielsen)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy