Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 145
Oktyabr 2011-ci il
***
Nejdet Şahin (Nejdet Şahin) və Perihan Şahin (Perihan Şahin) Türkiyəyə qarşı [BP] – ərizə № 13279/05
20.10.2011 tarixli qərar [Böyük Palata]
Maddə 6
İnzibati icraat
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Ayrı-ayırlıqda mövcud olan, bir-birindən müstəqil olan və bir-biri ilə əlaqəli olmayan ümumi inzibati məhkəmələrin və hərbi inzibati məhkəmələrin presedent hüququnda fərqlərin olması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilərin hərbi pilot olan oğlu 2001-ci ilin mayında Türkiyədə təyyarəsi ilə qoşunları daşıyarkən baş vermiş qəzada həlak olmuşdu. Valideynlər terrorizmlə mübarizə haqqında qanuna müvafiq olaraq həlak olanın ailə üzvlərinə ödənilən pensiyanı almaq üçün müraciət etmiş, amma cəhdləri boşa çıxmışdı. Onlar inzibati məhkəmədə iddia qaldırdılar, o isə həmin işin onun yurisdiksiyasına aid olmadığını əsas gətirərək onların iddia ərizəsinə baxmadı, sonra iş Ali Hərbi İnzibati Məhkəməyə göndərildi, belə ki, Yurisdiksiya Mübahisələri üzrə Məhkəmə onun bu işə baxmaq səlahiyyətinə malik olduğunu qərara almışdı. Ərizəçilər təyyarə qəzasının hallarının ümumi inzibati məhkəmələr və hərbi inzibati məhkəmələr tərəfindən fərqli şəkildə qiymətləndirilməsindən Avropa Məhkəməsinə şikayət etdilər. Ümumi məhkəmələr təyyarə qəzası ilə terrorizmə qarşı mübarizə arasında səbəb-nəticə əlaqəsi olduğunu müəyyənləşdirdikləri halda, hərbi məhkəmə belə əlaqənin olmadığı qənaətinə gəlmişdi.
27 may 2010-cu il tarixli qərarı ilə Məhkəmənin Palatası bir səsə qarşı altı səslə qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi pozulmayıb, belə ki, ərizəçilər məhkəmələr tərəfindən onların işinə baxılması qaydasını və işin halları əsasında məhkəmələrin gəldiyi nəticələri əsas gətirərək iddia edə bilməzdilər ki, ədalət mühakiməsinə çıxış hüququndan məhrum olublar.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: İşin materiallarından aydın olur ki, barəsində ərizəçilərin şikayət etdiyi fərqli qənaətlər müxtəlif növ daxili məhkəmələr tərəfindən araşdırılmış olan, müqayisə edilə bilən faktoloji hallara aid deyildi, maddi hüquq normalarının tətbiqinə və çıxarılmış qərarlara aid idi. Lakin bir-biri ilə ziddiyyət təşkil edən qərarların mövcudluğu 6-cı maddənin pozulduğunu müəyyən etmək üçün yetərli əsas təşkil etmir. Məhkəmə bu ziddiyyətlərin ədalətli məhkəmə araşdırması prinsiplərinə və xüsusən hüquqi müəyyənlik prinsipinə təsirlərini araşdırmalıdır.
Hazırkı işdə şikayətin ümumi inzibati məhkəmələrin, yoxsa Ali Hərbi İnzibati Məhkəmənin yurisdiksiyasına aid olması məsələsində ziddiyyət yaranmışdı, belə ki, hər iki kateqoriyaya aid məhkəmələrin paralel olaraq eyni hüquqi məsələ barəsində qərar qəbul etməsi tələb olunurdu. Hərbi pensiyalarla əlaqədar işlərin Ali Hərbi İnzibati Məhkəmənin yurisdiksiyasına aid olduğunu müəyyən etmiş Yurisdiksiya Mübahisələri üzrə Məhkəmənin müdaxiləsinə baxmayaraq, ümumi inzibati məhkəmələr ərizəçilərin işinə bənzər işləri icraatlarına qəbul etməkdə davam edir və işin mahiyyəti üzrə qərarlar qəbul edirdilər. Yurisdiksiya Mübahisələri üzrə Məhkəmənin qərarları işi mahiyyəti üzrə həll edən qərarlar deyildi və inandırma səlahiyyəti əsasında onları icra etməyə bütün ümumi inzibati məhkəmələri məcbur etmək mümkün deyildi. Digər tərəfdən, Yurisdiksiya Mübahisələri üzrə Məhkəmənin funksiyası presedent hüququndakı ziddiyyətləri həll etməkdən ibarət deyildi və onun funksiyası yalınız elə ziddiyyətli məhkəmə qərarlarına şamil olunurdu ki, onların icrası maraqlı tərəflərin ədalət mühakiməsinə çıxış hüququndan məhrum edilməsinə gətirib çıxa bilərdi və hazırkı işdə də məhz belə vəziyyət yaranmışdı.
Hazırkı işdə olduğu kimi ölkədaxili hüquq sistemi ümumi məhkəmələrin iyerarxiyasına daxil olmayan bir neçə ali məhkəmənin mövcudluğu ilə xarakterizə olunduğu hallarda Məhkəmə həmin məhkəmələrin seçdiyi yanaşmaya şaquli nəzarət mexanizminin tətbiq olunmasını tələb edə bilməz. Belə tələbin irəli sürülməsi 6-cı maddənin 1-ci bəndində təsbit edilmiş ədalətli məhkəmə araşdırmasının tələblərindən kənara çıxmış olardı. Bu cür məhkəmə sistemində hüquq normalarının ziddiyyətsiz tətbiqinə nail olmaq vaxt apara bilər və məhkəmə presendentlərinin müəyyən dövrdə bir-biri ilə ziddiyyət təşkil etməsinə, hüquqi müəyyənlik prinsipinə xələl gətirilməməsi şərti ilə, dözümlülüklə yanaşmaq olar.
Müxtəlif işlərə baxan ayrı-ayrı yurisdiksiyaya malik iki məhkəmə oxşar faktoloji halları araşdırarkən eyni hüquqi məsələ üzrə fərqli, amma rasional və əsaslandırılmış nəticələrə gələ bilər. Beləliklə, müxtəlif məhkəmələrin yanaşmalarındakı fərqlər hüquq normalarının şərhi və həmin normaların şamil olunduğu faktiki situasiyalara onların tətbiqi prosesinin qaçılmaz nəticəsidir. Ölkədaxili hüquq sistemi bu fərqləri nizamlamaq iqtidarındadırsa, onlara dözümlülüklə yanaşmaq olar. Hazırkı işdə sözügedən ali məhkəmələr (Ali İnzibati Məhkəmə və Ali Hərbi İnzibati Məhkəmə) vahid yanaşmanın qəbul edilməsi barədə qərar verməklə və ya müvafiq yurisdiksiya aidiyyətinin hüdudlarına riayət etməklə və eyni hüquq sahəsinə müdaxilə etməkdən çəkinməklə bu fərqləri özləri həll etmək imkanına malik idilər. Üçüncü və ya dördüncü məhkəmə instansiyası qismində hərəkət etmək və hüquq normalarının şərhində daxili məhkəmələrin seçimlərinə və bundan irəli gələn uyğunsuzluqlara yenidən baxmaq Avropa Məhkəməsinin funksiyasına daxil olmadığı kimi, sadəcə olaraq bir-birinə zidd məhkəmə qərarlarının mövcud olması səbəbindən məsələyə müdaxilə etmək də onun funksiyasına daxil deyil. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə münasibətdə onun funksiyası etiraz edilən qərarın açıq-aydın əsassız olduğu hallarla məhdudlaşır.
Beləliklə, Ali Hərbi İnzibati Məhkəmə tərəfindən qanunvericiliyin şərhi ərizəçilər üçün əlverişsiz olsa da və ümumi inzibati məhkəmələrin qəbul etdiyi yanaşma ilə müqayisədə onlara nə qədər ədalətsiz görünsə də, özü-özlüyündə 6-cı maddənin pozuntusunu təşkil etmirdi. Eləcə də Yurisdiksiya Mübahisələri üzrə Məhkəmənin bu cür mübahisələrə baxmaq səlahiyyətinə Ali Hərbi İnzibati Məhkəmənin malik olduğu qənaətinə gəldiyini nəzərə alsaq, yuxarıda qeyd edilən ümumi inzibati məhkəmənin ərizəçinin işinin onun yursidksiyasına aid olmadığı barədə qərarı bu işin halları baxımından əsassız qərar deyildi. Həmçinin ərizəçilər iddia edə bilməzdilər ki, mübahisələrinə Ali Hərbi İnzibati Məhkəmə tərəfindən baxılması səbəbindən və ya onun gəldiyi nəticə ucbatından ədalət mühakiməsinə çıxış hüququndan məhrum olublar. Ərizəçilərin işi üzrə Ali Hərbi İnzibati Məhkəmə tərəfindən qəbul edilmiş qərar onun yurisdikasiyası çərçivəsində idi və özü-özlüyündə Avropa Məhkəməsinin müdaxiləsini tələb etmirdi. Ərizəçilərin işi üzrə qərarlar faktlar və hüquqi məsələlər baxımından lazımi qaydada əsaslandırılmışdı və Ali Hərbi İnzibati Məhkəmənin araşdırılmaq üçün ona təqdim edilmiş faktlarla bağlı verdiyi şərh qanunsuz, əsassız, yaxud prosesin ədalətliliyinə təsir göstərə bilən şərh sayıla bilməzdi, o, sadəcə olaraq daxili qanunvericiliyin tətbiqinin bir nümunəsi idi.
Bu mülahizələri nəzərə alaraq Məhkəmə bir daha xatırlatdı ki, o, dövlətlərin məhkəmə funksiyalarını həyata keçirmələrinə və ya öz məhkəmə sistemlərini təşkil etmələrinə ədalətsiz müdaxilələr etməkdən çəkinməlidir. Məhkəmələrin qərarlarının ziddiyyətsizliyinə görə məsuliyyət ilk növbədə daxili məhkəmələrin üzərinə düşür, Məhkəmənin müdaxiləsi isə yalnız müstəsna hallarda baş verməlidir. Hazırkı işin halları bu cür müdaxiləni tələb etmirdi və barəsində şikayət edilən presedent hüququndakı bu ziddiyyəti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi baxımından həll etmək Məhkəmənin funksiyasına daxil deyil. İstənilən halda, Məhkəməyə verilən fərdi şikayət daxili qanunvericiliklə əlaqədar olaraq presedent hüququnda yaranan ziddiyyətlərin nizamlanması və ya aradan qaldırılması vasitəsi kimi, yaxud müxtəlif daxili məhkəmələrin qərarlarındakı uyğunsuzluqların düzəldilməsi üçün nəzarət mexanizmi kimi istifadə edilə bilməz.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
Full & Egal Universal Law Academy