Novikova (Novikova) və başqaları Rusiyaya qarşı – ərizələr 25501/07, 57569/11, 80153/12 və s.
26.4.2016 tarixli qərar [III Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
İlkin bildiriş barədə tələbi pozduqlarına görə təkbaşına piket keçirənlərin tutulması və inzibati qaydada cəzalandırılması: pozuntu baş verib
Faktlar – "Toplantılar haqqında" 2004-cü il tarixli qanun ictimai tədbirlər və ya piketlər barəsində səlahiyyətli hakimiyyət orqanlarına qabaqcadan bildiriş verilməsini tələb edirdi. "Piket keçirmə" termini başqa yerə hərəkət etmədən və ya səsgücləndirici vasitələrdən istifadə etmədən fikrilərin açıq şəkildə ifadə edildiyi toplantı forması kimi müəyyən edilmişdi. Bildiriş tələbi "bir iştirakçı tərəfindən keçirilən piketlərə" şamil olunmurdu, amma 2012-ci ildə "Toplantılar haqqında" qanuna edilmiş əlavəyə əsasən, bir-biri ilə əlaqəsi olmayan tək iştirakçılı piketlərin arasında müəyyən məsafə saxlanmalı idi. Dəqiq məsafənin müəyyən edilməsi regional orqanların ixtiyarına buraxılmışdı, amma o, əlli metrdən çox olmamalı idi. Qanun həmçinin ölkədaxili məhkəmələrə ictimai tədbirin keçirilməsi faktından sonra onun toplantı, yoxsa tək iştirakçılı piket olduğuna dair qərar çıxarmaq səlahiyyəti verirdi.
Beş ərizəçi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə tək iştirakçılı dinc piketlərdə iştirak etmişdilər və bu piketlərin hər biri onların polis bölməsinə gətirilməsi və bir neçə saatdan sonra azad edilməsi ilə nəticələnmişdi.
Rusiya Hökumətinin bildirdiyinə görə, birinci üç ərizəçi qrup halında ictimai tədbir keçirmişdilər. Konkret olaraq, birinci ərizəçinin olduğu yerdə analoji şüarların yazıldığı plakatları əllərində tutmuş beş nəfər başqa şəxs də vardı. İkinci ərizəçiyə gəlincə, təxminən beş nəfər yoldan keçən şəxs onun yanında toplaşmış və polis əməkdaşının xəbərdarlığından sonra dağılışmışdılar. Üçüncü ərizəçiyə gəlincə, digər bir şəxs küçənin o biri tərəfində analoji bəyanatları səsləndirmişdi.
Sonradan birinci üç ərizəçi ilkin bildiriş vermədən qrup halında ictimai tədbir keçirdiklərinə görə inzibati məsuliyyətə cəlb edildilər və onlara 29 avrodan 505 avroyadək olan müxtəlif məbləğlərin ekvivalenti miqdarında cərimə təyin olundu. Birinci ərizəçi 2012-ci ilədək qüvvədə olmuş qanunvericilik əsasında məsuliyyətə cəlb edildi. İkinci və üçüncü ərizəçilər isə dəyişiklik edilmiş müddəalar əsasında məsuliyyətə cəlb edildilər.
Dördüncü ərizəçiyə qanunsuz tutulma ilə bağlı polislərə qarşı apardığı mülki icraat çərçivəsində 149 avronun ekvivalenti olan məbləğdə kompensasiya təyin edildi. Lakin nalayiq ifadələrdən istifadə etdiyinə görə barəsində qaldırılmış məhkəmə işinə qanunla müəyyən edilmiş müddət bitdiyinə görə xitam verilən beşinci ərizəçinin polislərə qarşı qaldırdığı mülki iddia rədd edildi.
Hüquqi məsələlər – Maddə 10: Hakimiyyət orqanları tərəfindən görülmüş tədbirlərin digərləri ilə birlikdə keçirilmiş dinc toplantı ilə deyil, ərizəçilərin "tək iştirakçılı piketləri" ilə əlaqədar olduğu barədə ərizəçilərin iddiasını nəzərə alaraq, Məhkəmə işi 10-cu maddə əsasında araşdırmağı və bu zaman özünün 11-ci maddə üzrə presedent hüququnun prinsiplərini nəzərə almağı məqsədəuyğun hesab etdi. Piketlər ictimai maraq doğuran məsələlərə aid idi və siyasi baxışların ifadə edilməsinin bir forması idi.
a) Birinci, ikinci və üçüncü ərizəçilər
i) Piketlərin dayandırılması və ərizəçilərin polis bölməsinə gətirilməsi barədə qərarlar – Müəyyən qeyd-şərtlərlə olsa da Məhkəmə bu ehtimaldan çıxış etməyi qərara aldı ki, etiraz edilən müdaxilənin daxili qanunvericilikdə əsası vardı və o, "cinayətin qarşısını almaqdan" ibarət qanuni məqsəd daşıyırdı. Müdaxilənin mütənasibliyinə gəlincə, Məhkəmə əmin deyil ki, bunun üçün ölkədaxili səviyyədə münasib və yetərli əsaslar gətirilib. Konkret olaraq, iştirakçıların iddia edilən sayının ikidən (birinci ərizəçinin işində) altıyadək (birinci və ikinci ərizəçilərin işində) olduğunu nəzərə alsaq, bildiriş hakimiyyət orqanlarına yol hərəkətinin nizamının pozulmasını minimuma endirmək və ya zərurət olduqda ilkin yardımı təmin etmək imkanı yaratmağa xidmət edə bilməzdi. Situasiyanın təhlükəsizliklə və ya ictimai asayişlə bağlı konkret problemlər yaradacağını hakimiyyət orqanlarının düşünməsinə əsas verən hər hansı əlavə səbəblər də yox idi. Ərizəçilər piyadaların və ya nəqliyyatın hərəkətinə mane olmur, zor tətbiq etmir və ya zorakılığa çağırışlar etmir, yaxud da ilk baxışdan qanunsuz görünən hərəkətlərə yol vermirdilər. Hakimiyyət orqanları müəyyən dərəcədə dözümlülük nümayiş etdirərək onların öz piketlərini başa çatdırmalarına imkan verməli idilər. Zərurət yarandıqda yerində cərimələmə kimi ağlabatan tədbirə əl atmaq olardı. Beləliklə, piketləri dayandırmaq və ərizəçiləri polis bölməsinə aparmaq üçün inandırıcı səbəblər yox idi.
ii) İnzibati məsuliyyətə cəlb etmə – Birinci ərizəçinin məsuliyyətə cəlb edilməsi üçün əsas təşkil edən 2012-ci ilədək qüvvədə olmuş qanunvericilik müddəaları kifayət qədər aydın deyildi, yəni tədbirin qrup halında keçirilən tədbir (mitinq və ya hərəkətsiz (statik) nümayiş formasında), zaman baxımından üst-üstə düşən bir neçə tək iştirakçılı piket və ya tək iştirakçılı yeganə piket olduğuna dair şübhə yarandığı təqdirdə hansı hallarda hərəkətin və ya hərəkətsizliyin bildiriş barədə tələbi poza biləcəyini həmin müddəaların əsasında müəyyənləşdirmək mümkün deyildi.
2012-ci il tarixli dəyişikliklərə gəlincə, Rusiya Konstitusiya Məhkəməsinin 2013-cü il tarixli məcburi qüvvəyə malik şərhində toplantı təşkilatçılarının toplantıya tək iştirakçılı piket donu geydirərək bu bəhanə ilə bildiriş vermə vəzifəsindən yayınmalarının qarşısını almağa ölkədaxili səviyyədə ehtiyac olduğu qeyd edilirdi. Lakin belə hərəkətlərin və ya hərəkətsizliyin qanunverici orqan tərəfindən cinayət əməli və ya onunla əlaqəli digər hüququ pozuntusu kimi müəyyən edilməsi ifadə azadlığı hüququ kimi təməl hüquqların mahiyyətinə zidd olmamalıdır. Bildiriş tələbinin əsas məqsədlərinə (hakimiyyət orqanlarının ictimai təhlükəsizliyi təmin etməsi və tədbir iştirakçılarının və digər şəxslərin hüquqlarını qoruması) məsafə barədə tələbin ağlabatan şəkildə tətbiq edilməsi yolu ilə nail olmaq olardı. Daxili məhkəmələrə tədbirin keçirilməsindən sonra onu "toplantı" kimi təsnifləşdirmək səlahiyyəti verməklə hakimiyyət orqanlarının hansı qanuni məqsədə nail olmaq istədiklərini Məhkəmə anlaya bilmir. Eləcə də o, piket iştirakçılarının bir-birindən təxminən əlli metr aralıda olmaqla sadəcə dinc şəkildə dayandıqları və heç kimə narahatlıq yaratmadıqları halda bildiriş tələbinə riayət edilməməsinə görə məsuliyyətə cəlb edilmələri üçün yetərli əsasları da görmür. Əslində ictimai təhlükəsizliyin təmin edilməsinin, iğtişaşın qarşısının alınmasının və ya digər şəxslərin hüquqlarının qorunmasının zəruriliyini göstərən inandırıcı əsaslar yox idi. Münasib sayıla bilən yeganə mülahizə (qanunsuz davranışı cəzalandırmaq) ağırlaşdırıcı halların olmadığı bir şəraitdə yetərli mülahizə deyildi.
Beləliklə, müdaxilənin iğtişaşın qarşısını almaq məqsədi daşıdığını qəbul etsə də Məhkəmə əmin deyil ki, ərizəçilərin ifadə azadlığını həyata keçirmək hüququ onlara qarşı aparılmış icraat çərçivəsində inzibati hüquqpozmaların araşdırılması zamanı yetərincə nəzərə alınmışdı.
Məhkəmənin rəyinə görə, sadəcə eyni vaxtda eyni yerdə iki və ya daha artıq insanın olması bu situasiyanı "toplantı" kimi təsnifləşdirmək üçün yetərli deyil. Üçüncü ərizəçinin işindən göründüyü kimi, eyni vaxtda keçirilmiş tək iştirakçılı iki piketin eyni məsələyə aid olması piket keçirənlərin öz hərəkətlərini razılaşdırdıqlarını və öncədən planlaşdırdıqlarını təsdiqləmək üçün yetərli deyildi. Müvafiq olaraq, bu məsələ ilə bağlı daxili məhkəmələrin qənaətləri yetərincə əsaslı deyildi.
Bundan başqa, tək iştirakçılı piketlər təbiəti etibarı ilə yoldan keçənlərin diqqətini cəlb edə bilərdi və məhz bu məqsədi daşıyırdı. Lakin ölkədaxili məhkəmələr ikinci ərizəçinin işinə formal yanaşma tətbiq etmiş və onun yoldan keçənlərlə qarşılıqlı əlaqəsini ilkin bildiriş tələb edən qrup halında tədbir kimi təsnifləşdirmişdilər, hərçənd ki, belə tədbirin hakimiyyət orqanları tərəfindən konkret tədbirlərin görülməsini tələb edən böyük toplantı təşkil etdiyi barədə qənaəti anlamaq çətin idi və həmçinin ərizəçinin öz tədbirini öncədən toplantı kimi düşündüyünü güman etməyə əsas verən heç yox idi. Təqsirsizlik prezumpsiyasını lazımi qaydada nəzərə almaq şərti ilə, hakimiyyət orqanları bildiriş tələbindən bilərəkdən yan keçməyə yönələn hərəkətlərin baş verməsindən şübhələndiyi halda müvafiq faktoloji və hüquqi elementləri sübut etmək vəzifəsi onların üzərinə düşür.
Nəhayət, Məhkəmə 2012-ci ildə sözügedən hüquqpozmaya görə cərimələrin on dəfə artırıldığını qeyd etdi. Konkret olaraq, ikinci ərizəçiyə təyin olunmuş 505 avro məbləğində cərimə qeyri-mütənasib idi, belə ki, sözügedən tədbir barədə bildiriş verməkdən yayınma hər hansı zərərə səbəb olmamışdı. Cərimələrin yüksək olması etiraz aksiyası və tək iştirakçılı piket keçimək istəyən şəxslərə "çəkindirici təsir" göstərə bilərdi.
iii) Ümumi nəticə – Ağırlaşdırıcı halların olmadığı bir şəraitdə tədbirlərin çox tez bir zamanda dayandırılması və ərizəçilərin polis bölməsinə gətirilməsi və daha sonra bildiriş vermədən ictimai təbiri təşkil etdiklərinə və ya bu tədbirdə iştirak etdiklərinə görə inzibati məsuliyyətə cəlb edilməsi birinci üç ərizəçinin ifadə azadlığına qeyri-mütənasib müdaxilə təşkil edirdi.
b) Dördüncü ərizəçi – Polisin qanunsuz hərəkət etdiyi barədə daxili məhkəmənin qənaətinin mahiyyət etibarı ilə ifadə azadlığının pozulduğunun etirafı olduğunu fərz etsək belə, Məhkəmə əmin deyil ki, 149 avro məbləğinin təyin edilməsi adekvat və yetərli kompensasiya idi.
c) Beşinci ərizəçi – Hələ də aydın deyil ki, beşinci ərizəçi konkret olaraq hansı sözləri söyləmişdi ki, həmin sözlər sonradan onu təqsirləndirmək üçün istifadə edilmişdi. Müvafiq olaraq, Məhkəmə təqsirsizlik prezumpsiyasını lazımi qaydada nəzərə almaqla hesab edir ki, o, polis bölməsinə aparılmasına və piketinin dayandırılmasına səbəb ola biləcək dərəcədə və ya formada nalayiq ifadələr işlətməmişdi. Ölkədaxili məhkəmələr onun bölməyə aparılmasının qanuniliyi və ya zəruriliyi ilə bağlı faktoloji və hüquqi məsələləri, habelə bu addımın onun ifadə azadlığını həyata keçirməsinə göstərdiyi mənfi təsiri konkret olaraq araşdırmamışdılar. Beləliklə, hakimiyyət orqanlarının onun piketinə reaksiyası qeyri-mütənasib idi.
Nəticə: beş ərizəçinin hamısı barəsində pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Dördüncü ərizəçi ziyanla bağlı heç bir tələb irəli sürmədi. Mənəvi ziyana görə birinci üç ərizəçinin hər birinə 7.500 avro, beşinci ərizəçiyə isə 6.000 avro təyin edildi. Maddi ziyana görə ikinci ərizəçiyə 120 avro təyin edildi; beşinci ərizəçinin maddi ziyanla bağlı tələbi isə rədd edildi.
* "Toplantılar, mitinqlər, nümayişlər, yürüşlər və piketlər haqqında" 19 iyun 2004-cü il tarixli FZ-54 saylı Federal qanun ("Toplantılar haqqında qanun").
Full & Egal Universal Law Academy