STRASBURQ
2014-cü il 20 fevral
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Novruz İsmayılov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Alexandre Sisilianos,
Erik Mose,
və Bölmə katibi – Sören Nilsen,
2014-cü il 28 yanvarda şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Novruz Binnət oğlu İsmayılovun (ərizəçi) “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 3 mart 2005-ci ildə təqdim etdiyi şikayət (16794/05 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab F.Ağayev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, məhkəmələr tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar olmadığından Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququ pozulmuşdur. O, həmçinin həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsindən, 23 dekabr 2004-cü il tarixində Xətai rayon məhkəməsində keçirilmiş iclasın vaxtı və yeri barədə vəkilinə məlumat verilməməsindən və ölkə məhkəmələrinin azad olunması ilə bağlı irəli sürdüyü konkret dəlilləri araşdırmamasından da şikayət etmişdir.
4. 27 avqust 2009-cu ildə ərizə mövqeyini bildirməsi üçün Hökumətə göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1961-ci ildə anadan olmuşdur və hazırda Bakıda azadlıqdan məhrumetmə cəzasını çəkir.
6. Ərizəçi özəl “Borçalı Bank”ı və “Borçalı” Assosiasiyanın təsisçisi idi. O, həmçinin bankın müşahidə şurasının sədri kimi fəaliyyət göstərirdi.
A. Ərizəçi barədə cinayət işinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi
7. 19 aprel 2004-cü ildə Vergilər Nazirliyi “Borçalı” Assosiasiyasının fəaliyyəti ilə bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsi (vergidən yayınma) ilə cinayət işi başlamışdır.
8. Ərizəçi müstəntiq tərəfindən yuxarıda qeyd edilmiş cinayət işi üzrə şahid qismində ifadə vermək üçün dəvət edilmiş və müxtəlif istintaq hərəkətlərinin aparılmasında iştirak etmişdir.
9. Xüsusilə 16 iyul 2004-cü ildə ərizəçi müstəntiq tərəfindən dindirilmiş və 20 iyul 2004-cü ildə ərizəçi ilə başqa bir şahid arasında üzləşdirmə keçirilmişdir.
10. 21 və 27 iyul 2004-cü il tarixlərində ərizəçidən yenidən istintaqın gedişinə kömək göstərmək üçün gəlməsi xahiş edilmiş, lakin o, bu xahişə əməl etməmişdir.
11. 18 və 26 avqus 2004-cü il tarixlərində ərizəçi könüllü olaraq istintaq orqanına gəlmiş və onunla iki digər şəxs arasında üzləşdirmə keçirilmişdir.
12. 2004-cü ilin sentyabr ayının əvvəlində müstəntiq ərizəçi ilə əlaqə saxlamağa çalışsa da, onun harada olduğunu müəyyənləşdirə bilməmişdir.
13. 14 sentyabr 2004-cü ildə müstəntiq ərizəçinin istintaqa məcburi gətirilməsi barədə göstəriş vermişdir.
14. 28 sentyabr 2004-cü ildə ərizəçi istintaq orqanına gəlmişdir. Həmin gün işin istintaqını aparan müstəntiq ərizəçiyə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri əsasında ittiham olunduğu barədə məlumat vermişdir. Ərizəçiyə qarşı irəli sürülmüş ittihamlar “Borçalı” Assosiasiyasında aparılmış maliyyə auditinin nəticələrinə və ərizəçinin “Borçalı Bank”ı və “Borçalı” Assosiasiyasının fəaliyyəti çərçivəsində işgüzar əlaqələrə malik olduğu müxtəlif şəxslərin ifadələrinə əsaslanırdı.
15. Elə həmin gün prokuror hakimdən ərizəçi barədə həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Prokuror bu tədbirin seçilməsi barədə vəsatət verməsinin səbəbi kimi ərizəçinin ittiham edildiyi cinayət əməllərinin ağırlığını və istintaqdan yayınaraq onun gedişinə maneçilik törədilməsi imkanının olmasını göstərmişdir.
16. Ərizəçi və onun vəkili məhkəmədə ərizəçinin istintaqdan heç zaman yayınmadığını və onun gedişinə mane olmadığını bildirmişlər. Onlar, həmçinin bildirmişlər ki, ərizəçinin istintaq hərəkətlərində iştirak etmək barədə xahişlərə əməl etməməsi onun səhhəti ilə bağlı olmuşdur. Belə ki, o, həmin vaxt ağır xəstə idi.
17. 28 sentyabr 2004-cü ildə hakim ərizəçiyə qarşı irəli sürülmüş rəsmi ittihamları və prokurorun həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatını nəzərə alaraq ərizəçi barəsində üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Hakim bu tədbirin seçilməsi zərurətini aşağıdakı kimi izah etmişdir:
“İsmayılov Novruz Binnət oğlunun ağır cinayət törətdiyi, istintaqdan yayınması və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi, gizlənməklə və ya ittiham üçün zəruri sənədləri saxtalaşdırmaqla istintaqın normal aparılmasına maneçilik törətməsinin mümkünlüyü və üzürlü səbəblər olmadan istintaqa gəlmək çağırışlarına əməl etməyəcəyini, yaxud başqa yollarla cinayət məsuliyyətindən yayınacağını güman etmək üçün kifayətedici əsasların olduğu nəzərə alınaraq İsmayılov Novruz Binnət oğlu barəsində həbs qətimkan tədbiri seçilməlidir”.
18. Ərizəçi Xətai rayon məhkəməsinin 28 sentyabr 2004-cü il tarixli qərarından şikayət edərək cinayət əməli törətməsinə dair sübutların olmaması və həbs qətimkan tədbirinin seçilməsi üçün əsasların olmaması barədə şikayət etmişdir. O xüsusilə həbs olunmazdan qabaq daim istintaq orqanı ilə əməkdaşlıq etdiyini və məhkəmənin onun ailə vəziyyətini, səhhətini və şəxsiyyəti ilə bağlı digər halları nəzərə almadığını qeyd etmişdir. Ərizəçi, həmçinin qeyd etmişdir ki, onun işə aid hər hansı sənədi saxtalaşdırması və ya gizlətməsi mümkün deyil, belə ki, bütün müvafiq sənədlər istintaq orqanı tərəfindən onun ofisindən götürülmüşdür.
19. 5 oktyabr 2004-cü ildə Apellyasiya Məhkəməsi şikayəti təmin etməmiş və həbs qətimkan tədbirinin düzgün seçildiyini qət etmişdir. Məhkəmənin qərarının müvafiq hissələrində aşağıdakılar qeyd edilirdi:
“Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini araşdıraraq, vəkilin apellyasiya şikayətinin təmin edilməsi ilə bağlı ifadəsini və prokurorun buna qarşı ifadəsini dinləyərək hesab edir ki, məhkəmənin 28 sentyabr 2004-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanmalıdır”.
B. Ərizəçi barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması və ittiham hökmünün çıxarılması
20. 16 dekabr 2004-cü ildə müstəntiq Baş prokurorun müavinindən ərizəçinin həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün təqdimat verməyi xahiş etmişdir. O, bunu onunla izah etmişdir ki, bir sıra ifadələrin alınmasına, Milli Bank və Vergilər Nazirliyi tərəfindən “Borçalı Bank”ında maliyyə auditinin həyata keçirilməsinə baxmayaraq, istintaqın başa çatdırılması üçün daha artıq vaxt lazımdır.
21. 23 dekabr 2004-cü ildə Baş prokurorun müavini ərizəçinin həbs qətimkan tədbirinin müddətinin 28 fevral 2005-ci il tarixinə qədər uzadılması üçün məhkəməyə təqdimat vermişdir. Prokurorun təqdimatının müvafiq hissələrində qeyd olunurdu:
“İş üzrə aparılmış auditin nəticələrindən asılı olaraq müvafiq sənədlər əldə olunmalı, müəyyən şahidlər dindirilməli, üzləşmələr aparılmalı, zəruri olduğu halda mühasibat və xəttşünaslıq təhlilləri aparılmalı, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün müvafiq addımlar atılmalı, yuxarıdakı məsələlərlə bağlı İsmayılov Novruz Binnət oğluna qarşı əlavə ittihamlar irəli sürülməli və bu istintaq hərəkətlərindən sonra başqa hansı şəxslərin cinayət əməlləri törətdiyi müəyyənləşdirilməli və onların məsuliyyəti məsələsi həll olunmalıdır.
Qeyd edilən istintaq hərəkətlərinin həyata keçirilməsi üçün ən azı iki ay vaxt lazımdır. Lakin təqsirləndirilən şəxs İsmayılov Novruz Binnət oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 dekabr 2004-cü il tarixində başa çatır. Buna görə də cinayət işinin mürəkkəbliyinə və yuxarıda qeyd edilmiş istintaq hərəkətlərinin həyata keçirilməsi üçün ən azı iki ay vaxtın tələb olunduğuna görə N.İsmayılov barəsində həbs qətimkan tədbirinin müddəti 28 fevral 2005-ci ilə qədər uzadılmalıdır”.
22. 23 dekabr 2004-cü ildə Xətai rayon məhkəməsinin hakimi prokurorun təqdimatı əsasında ərizəçinin həbs müddətini iki ay, 28 fevral 2005-ci ilə qədər uzatmışdır. Məzmununa görə demək olar ki, prokurorun təqdimatını sözbəsöz təkrarlayan məhkəmə qərarında ərizəçinin həbs müddətinin uzadılması zərurəti aşağıdakı kimi əsaslandırılırdı:
“İş üzrə aparılmış auditin nəticələrindən asılı olaraq müvafiq sənədlər əldə olunmalı, müəyyən şahidlər dindirilməli, üzləşmələr aparılmalı, zəruri olduğu halda mühasibat və xətşünaslıq təhlilləri aparılmalı, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün müvafiq addımlar atılmalı, yuxarıdakı məsələlərlə bağlı İsmayılov Novruz Binnət oğluna qarşı əlavə ittihamlar irəli sürülməli və bu istintaq hərəkətlərindən sonra başqa hansı şəxslərin cinayət əməlləri törətdiyi müəyyənləşdirilməli və onların məsuliyyəti məsələsi həll olunmalıdır.
İsmayılov Novruz Binnət oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 dekabr 2004-cü il tarixində başa çatır. Lakin bu müddət ərzində əlavə istintaq hərəkətlərinin başa çatdırılması mümkün olmadığından, hesab edirəm ki, təqdimat təmin olunmalı və N.İsmayılov barəsində həbs qətimkan tədbirinin müddəti iki ay, yəni 28 fevral 2005-ci ilə qədər uzadılmalıdır”.
23. Həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı 23 dekabr 2004-cü il tarixli məhkəmə iclası ərizəçinin iştirakı olmadan, lakin müstəntiqin iştirakı ilə keçirilmişdir. Məhkəmənin iclas protokoluna görə, ərizəçini iclasda vəkili təmsil etmiş (F.A.) və o, iclasda çıxış edərək ərizəçinin həbs müddətinin uzadılmasına etiraz etmədiyini bildirmişdir.
24. 27 dekabr 2004-cü ildə Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli protokolu F.A.-ya verilən zaman o, protokol barədə iradlarını yazılı şəkildə qeyd etmiş və protokola saxta məlumatın salındığını bildirmişdir. Belə ki, o, iclasda iştirak etməmiş və ərizəçinin həbs müddətinin uzadılmasına razılığını verməmişdir. Həmin günü o, Xətai rayon məhkəməsinin hakiminə vəsatət təqdim edərək, 23 dekabr 2004-cü il tarixli protokolda dəyişiklik edilməsini xahiş etmişdir. O xüsusilə bildirmişdir ki, həmin iclasın vaxtı və yeri barədə ona məlumat verilməmiş və o, bu iclasda iştirak etməmişdir. O, iclas protokolunun saxtalaşdırıldığını bildirmişdir.
25. Bundan əlavə, 28 dekabr 2004-cü ildə F.A. ilə məhkəmə katibi, işi aparan müstəntiq və ərizəçinin həbs müddətinin uzadılması barədə qərar çıxarmış Xətai rayon məhkəməsinin hakimi arasındakı telefon danışıqlarının stenoqramlarından göründüyü kimi F.A. məhkəmə iclasında iştirak etməmişdir və yuxarıda adıçəkilən bütün şəxslər bunu onunla telefon danışıqlarında təsdiq etmişlər. Xüsusilə hakim telefon danışığında vəkilin məhkəmə iclasında iştirakı ilə bağlı protokolda səhvə yol verildiyini bildirsə də, o, həmin söhbətində protokola rəsmi şəkildə dəyişiklik etməkdən imtina da etmişdir.
26. Xətai rayon məhkəməsi 28 dekabr 2004-cü il tarixli qərarı ilə F.A.-nın protokola dəyişiklik edilməsi barədə vəsatətini rədd etmiş və vəkilin 23 dekabr 2004-cü il tarixli iclasda iştirak etdiyini qət etmişdir.
27. 28 dekabr 2004-cü ildə ərizəçi Xətai rayon məhkəməsinin həbs müddətinin uzadılması barədə 23 dekabr 2004-cü il tarixli qərarından şikayət vermişdir. Ərizəçi iclasda iştirakının təmin edilməməsindən və iclasın vaxtı və yeri barədə vəkilinə məlumat verilməməsindən şikayət etmişdir. O daha sonra bildirmişdir ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün hər hansı əsas olmamış və birinci instansiya məhkəməsi qərarını əsaslandırmamışdır. 5 yanvar 2005-ci ildə o, apellyasiya şikayətinə əlavə olaraq yeni izahatlar təqdim etmiş və əvvəlki şikayətlərini təkrar edərək məhkəmədən Xətai rayon məhkəməsinin hakiminin 23 dekabr 2004-cü il r tarixli məhkəmə iclas protokolunda saxtakarlığa yol verməsi ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
28. 6 yanvar 2005-ci ildə Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin həbs müddətinin uzadılması barədə qərarını dəyişdirmədən saxlamış və onu ləğv etmək üçün hər hansı əsasın olmadığını qət etmişdir. Məhkəmə həbs müddətinin uzadılması barədə qərarın əsaslandırılması barədə aşağıdakıları qeyd etmişdir:
“İstintaq orqanı hesab edir ki, iş üzrə aparılmış auditin nəticələrindən asılı olaraq müvafiq sənədlərin əldə olunması, müəyyən şahidlərin dindirilməsi, üzləşmələrin aparılması, zəruri olduğu halda mühasibat və xəttşünaslıq təhlillərinin aparılması, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması, yuxarıdakı məsələlərlə bağlı İsmayılov Novruz Binnət oğluna qarşı əlavə ittihamların irəli sürülməsi və bu istintaq hərəkətlərindən sonra başqa hansı şəxslərin cinayət əməlləri törətdiyinin müəyyənləşdirilməsi və onların məsuliyyəti məsələsinin həll olunması zəruridir.
Yuxarıda qeyd edilmiş prosessual hərəkətlərin aparıldığı mərhələdə N.İsmayılovun ibtidai həbsdən azad edilməsi məqsədəmüvafiq deyil.
Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi N.İsmayılovun ittiham edildiyi cinayətin ağırlığını, onun azad olunduğu təqdirdə cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi, həmçinin gizlənməklə və ya ittiham üçün zəruri sənədləri saxtalaşdırmaqla istintaqın və ya məhkəmə prosesinin normal aparılmasına maneçilik törətməsinin mümkünlüyünü nəzərə almaqla düzgün olaraq həbs qətimkan tədbirinin müddətini uzatmışdır. Qərar qanuni və əsaslı olmuşdur”.
29. Apellyasiya Məhkəməsi ərizəçinin və onun vəkilinin 23 dekabr 2004-cü il tarixində keçirilmiş iclasda iştirak etməməsi və ya həmin iclasın protokolunun saxtalaşdırılması kimi konkret şikayətləri araşdırmamışdır.
30. Apellyasiya Məhkəməsinin 6 yanvar 2005-ci il tarixli iclası ərizəçinin iştirakı olmadan, lakin prokurorun və ərizəçinin iki vəkilinin iştirakı ilə keçirilmişdir.
31. 12 may 2005-ci ildə istintaqı aparan prokuror işi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə göndərmişdir. İttiham aktından göründüyü kimi ərizəçi 15 aprel 2005-ci ildə əlavə cinayətlərə görə də ittiham olunmuş və həbs müddəti Xətai rayon məhkəməsi tərəfindən 28 aprel 2005-ci ilə qədər uzadılmışdır. İttiham aktının müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdu:
“... 28 sentyabr 2004-cü ildəa İsmayılov Novruz Binnət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.3.2-ci, 179.2.1-ci, 179.2.2-ci, 179.2.3-cü və 313-cü maddələri ilə ittiham olunmuş və Xətai rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul etmişdir. 15 aprel 2005-ci ildə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.3.2-ci, 179.2-ci, 179.2.2-ci, 179.2.3-cü və 213.4-cü maddələri əsasında yeni ittihamlar irəli sürülmüşdür. Onun həbs müddəti Xətai rayon məhkəməsinin 28 aprel 2005-ci il tarixli qərarı ilə uzadılmışdır ...”.
32. Lakin Məhkəmənin ərizəçinin həbsi ilə bağlı bütün məhkəmə qərarlarının göndərilməsini açıq şəkildə xahiş etməsinə baxmayaraq, Hökumət həbs müddətinin 28 aprel 2005-ci ilə və 21 yanvar 2006-cı ilə qədər uzadılmasına dair qərarların surətlərini təqdim etməmişdir.
33. 31 yanvar 2006-cı ildə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçini dələduzluq, mənimsəmə və vergidən yayınmaqda təqsirli bilərək doqquz il müddətinə azadlıqdan məhrum etmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Cinayət Prosessual Məcəllə (CPM)
34. CPM-nin 51.7-ci maddəsinə görə məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra üç gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə üç gün müddətində protokolla tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir (51.7-ci maddə).
35. CPM-nin həbs qətimkan tədbiri və onun tətbiqi ilə bağlı müvafiq müddəaları Məhkəmənin “Fərhad Əliyev Azərbaycana qarşı” (37138/06 nömrəli ərizə, 83-102-ci bəndlər, 2010-cu il 9 noyabr) və “Muradverdiyev Azərbaycana qarşı” (16966/06 nömrəli ərizə, 35-49-cu bəndlər, 2010-cu il 9 dekabr) işləri üzrə qərarlarında geniş təsvir olunmuşdur.
B. Ali Məhkəmə Plenumunun Qərarları
1. ““İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tətbiqi barədə” 30 mart 2006-cı il tarixli qərar
36. Qərarın müvafiq hissələrində qeyd edilir:
“13. ...həbs qətimkan tədbirinə mütləq zəruri olan, başqa bir qətimkan tədbiri növünün tətbiq edilməsi mümkün olmayan hallarda tətbiq edilən müstəsna tədbir kimi baxılmalıdır.
14. Məhkəmələr nəzərə almalıdır ki, “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən azadlıq hüququ məhdudlaşdırılmış şəxslər ağlabatan müddətdə işinə məhkəmədə baxılması, həmçinin barəsində həbs qətimkan tədbirinin tətbiqi zərurəti olmadıqda məhkəmə baxışına qədər azad olunmaq hüququna malikdirlər”.
2. “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən
qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2009-cu il tarixli qərar
37. Qərarın müvafiq hissələrində qeyd edilir:
“3. ... Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır.
6. Həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlara və həbsin ev dustaqlığı ilə və ya girovla əvəz edilməsinə dair vəsatətlərə onların alındıqları vaxtdan 24 saat ərzində (qeyri iş gününə və ya iş vaxtından sonraya düşməsindən asılı olmayaraq) məhkəmənin binasında təkbaşına, qapalı məhkəmə iclasında baxılır. Məhkəmə iclasında təqdimatla hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsin iştirakı məcburidir.
Məhkəmələr nəzərə almalıdırlar ki, həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması haqda təqdimatlara baxılmasına təqsirləndirilən şəxsin iştirakı olmadan yalnız onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığı müstəsna hallarda yol verilir. Belə hallara təqsirləndirilən şəxsin istintaqdan qaçıb gizlənməsi, onun psixiatriya stasionarında və ya başqa ağır xəstəlikdən müalicədə olması, fövqəladə hadisələrin baş verməsi, karantin elan edilməsi kimi hallar aid edilə bilər.
13. Məhkəmələrə izah edilsin ki, qanunverici həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması barədə olan təqdimatlara baxılmanın maddi və prosessual əsas və qaydalarını eyni cür müəyyən etsə də, həbsdə saxlama müddətinin uzadılması şəxsin azadlıq hüququnun təqsirsizlik prezumpsiyası hüququndan kənarda daha uzun müddətə məhdudlaşdırdığından məhkəmələr bu haqda təqdimatlara baxarkən diqqətli olmalı, müddətin uzadılmasının səbəb və əsaslarını yoxlamalı, öz qərarında uzatmanın zəruriliyini həbs qətimkan tədbirinin seçilməsi zəruriliyindən fərqli şəkildə əsaslandırmalıdırlar.
Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması haqqında təqdimatlara baxarkən məhkəmələr əvvəllər müəyyən edilmiş müddət ərzində ibtidai araşdırmanın başa çatdırılmasının mümkünsüzlüyü haqda təqdimatın dəlillərini hərtərəfli yoxlamalıdırlar. Bu vaxt nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş eyni hallara əsaslanmaqla həbsdə saxlanılma müddətinin uzadılması “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri baxımından şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilir”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
38. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsaslanaraq cinayət törətdiyindən şübhələnməyə əsas verən ağlabatan sübutların olmamasından şikayətlənmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsindən qeyd edilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması...”.
39. Hökumət bildirmişdir ki, ərizəçi Vergilər Nazirliyinin həyata keçirdiyi ibtidai istintaqın nəticəsində cinayət əməli törətdiyinə dair əsaslı şübhələr yaranması ilə bağlı həbs olunmuşdur. Hökumət, həmçinin bildirmişdir ki, ərizəçinin həbsi müvafiq qanunla nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilmişdir.
40. Ərizəçi cinayət əməli törətdiyinə əsaslı şübhələrin olmadığını və dövlət orqanlarının belə bir şübhənin olduğunu müəyyən etmək üçün kifayətedici faktlar və məlumat irəli sürmədiyini bildirmişdir.
41. Məhkəmə təkrar edir ki, şəxsin əsaslı şübhələrlə həbsini 5-ci maddənin 1-ci bəndinin c) yarımbəndinə uyğun olaraq əsaslandırmaq üçün polisin həbs vaxtı və ya ərizəçinin həbsdə olması vaxtı ona qarşı ittihamın irəli sürülməsi üçün kifayətedici sübutlar əldə etməsi zəruri deyil (bax: “Broqan və Digərləri Birləşmiş Krallığa qarşı” (Brogan and Others v. the United Kingdom, 29 November 1988, § 53, Series A no. 145‑B) və “Erdagöz Türkiyəyə qarşı” (Erdagöz v. Turkey, 22 October 1997, § 51, Reports of Judgments and Decisions 1997‑VI)). Eyni zamanda, saxlanmış şəxsə qarşı sonda ittiham irəli sürülməsi və ya onun məhkəmə qarşısına çıxarılması da zəruri deyil. Dindirmək məqsədilə saxlamanın məqsədi saxlama üçün əsas kimi çıxış edən şübhələri təsdiq və ya təkzib etməklə cinayət işi üzrə istintaqı davam etdirməkdir. Buna görə də şübhə doğuran faktların cinayət işi üzrə istintaqın sonrakı mərhələsində meydana gələn ittiham hökmünü əsaslandırmaq və ya hətta ittihamı irəli sürmək üçün zəruri olan faktlar səviyyəsində olması vacib deyil (bax: “Murrey Birləşmiş Krallığa qarşı” (Murray v. the United Kingdom, 28 October 1994, § 55, Series A no. 300‑A)). Bununla belə, şübhənin ağlabatan əsaslara söykənməsi tələbi qanunsuz həbs və saxlamaya qarşı təminatın mühüm hissəsini təşkil edir. Şübhənin olduğuna vicdanla inanma kifayət deyil. Əsaslı şübhə ifadəsi obyektiv müşahidəçini maraqlı şəxsin hüquq pozuntusu törətməsi ehtimalının olduğuna inandıracaq faktların və məlumatın mövcudluğunu nəzərdə tutur (bax: “Foks, Cəmpbel və Hartli Birləşmiş Krallığa qarşı” (Fox, Campbell and Hartley v. the United Kingdom, 30 August 1990, § 32, Series A no. 182) və “Çebotari Moldovaya qarşı” (Cebotari v. Moldova, no. 35615/06, § 48, 13 November 2007)).
42. Hazırkı işdə məhkəmə ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edən zaman o, vəzifəli şəxs tərəfindən dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı əməllərini törətməkdə şübhəli bilinirdi. Belə hərəkətlərin ölkə qanunvericiliyinə əsasən cinayət hesab edildiyi mübahisə doğurmur.
43. İş materiallarından göründüyü kimi ərizəçi barəsində ilkin şübhə “Borçalı” Assosiasiyasında aparılmış maliyyə auditinin nəticələrinə, həmçinin ərizəçinin “Borçalı Bank”ı və “Borçalı” Assosiasiyası çərçivəsində işgüzar əlaqələrə malik olduğu digər şəxslərin ifadələrinə əsaslanmışdır. Ərizəçi hər hansı sübutun olmadığını iddia etsə də, Məhkəmə qət edir ki, yuxarıda qeyd edilmiş məhkəmə qərarlarında nəzərdə tutulmuş mənada ərizəçini iddia olunan cinayət əməli ilə obyektiv şəkildə bağlayan sübut mövcud idi və bu, ona qarşı əsaslı şübhənin yaranması üçün kifayət idi.
44. Bu səbəblərə görə Məhkəmə qət edir ki, ərizə bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən təmin olunmamalıdır.
II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
45. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsasən şikayət edərək ölkə məhkəmələrinin onun həbsini əsaslandırmadığını və həbs müddətinin uzadılması üçün əhəmiyyətli və kifayətedici səbəblərin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi əsasında araşdırılmalıdır. Burada qeyd edilir:
“Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər”.
A. Ərizənin mümkünlüyü
46. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyil. O, eyni zamanda, qeyd edir ki, şikayət digər əsaslara görə də qeyri-mümkün hesab edilə bilməz. Buna görə də o, mümkün elan edilməlidir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
47. Hökumət ərizəçinin izahatı ilə razılaşmayaraq ölkə məhkəmələrinin ərizəçinin həbsini əsaslandırdığını bildirmişdir. Hökumət bununla bağlı qeyd etmişdir ki, ərizəçi üzürlü səbəblər olmadan müstəntiqin istintaqa gəlməklə bağlı bəzi xahişlərinə əməl etməmişdir və azadlıqda qaldığı təqdirdə o, gizlənməklə və ya sübutları saxtalaşdırmaqla, yaxud da cinayət prosesinin digər iştirakçılarına təsir göstərməklə istintaqın gedişinə mane ola bilərdi. Hökumət, həmçinin ərizəçiyə qarşı irəli sürülmüş ittihamların ağırlığına istinad etmişdir.
48. Ərizəçi Hökumətin izahatları ilə razılaşmamışdır. O xüsusilə bildirmişdir ki, ölkə məhkəmələri həbs qətimkan tədbirinin tətbiqi və həbs müddətinin uzadılmasına dair qərarlarını əsaslandırmamışdır.
2. Məhkəmənin qiymətləndirməsi
49. Dövlət həbsin davam etdirilməsinə haqq qazandırmaq üçün əhəmiyyətli və kifayətedici əsasların olduğunu sübut edə bilmədiyi halda, cinayət törətməkdə ittiham edilən şəxs işə məhkəmədə baxılana qədər azad olunmalıdır (bax: “Smirnova Rusiyaya qarşı” (Smirnova v. Russia, nos. 46133/99 and 48183/99, § 58, ECHR 2003‑IX (extracts)) və “Xodorkovski Rusiyaya qarşı” (Khodorkovskiy v. Russia, no. 5829/04, § 182, 31 May 2011)). Məhkəmənin mövcud təcrübəsinə görə 5-ci maddəyə əsasən prezumpsiya azad olunmanın xeyrinədir. 5-ci maddənin 3-cü bəndinin ikinci hissəsi məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddət ərzində məhkəmə qarşısına çıxarmaqla onun işinə məhkəmədə baxılmasına qədər müvəqqəti azad etmə arasında seçim etmək imkanı vermir. Barəsində ittiham hökmü çıxarılana qədər o, təqsirsiz hesab edilməlidir və nəzərdən keçirilən müddəanın məqsədi əsas etibarı ilə həbsin davam etdirilməsinin artıq ağlabatan olmadığı halda onun müvəqqəti azad olunmasını tələb etməkdir (bax: “Makkey Birləşmiş Krallığa qarşı” (McKay v. the United Kingdom [GC], no. 543/03, § 41, ECHR 2006‑X) və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 61, 10 March 2009)).
50. Həbs edilmiş şəxsin cinayət əməli törətdiyinə əsaslı şübhələrin olması həbsin davam etdirilməsinin qanuniliyi üçün sine qua non rolunu oynayır. Lakin vaxt ötdükcə bu tələb artıq kifayət etmir və Avropa Məhkəməsi daha sonra ölkə məhkəmələrinin irəli sürdükləri digər əsasların azadlıqdan məhrum etməyə hələ də haqq qazandırıb-qazandırmadığını müəyyən etməlidir. Belə əsasların əhəmiyyətli və kifayətedici olduğu halda, Məhkəmə ölkənin dövlət orqanlarının cinayət prosesinin həyata keçirilməsi zamanı xüsusi çalışqanlıq nümayiş etdirdiyinə də əmin olmalıdır (bax: “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 153, ECHR 2000‑IV)).
51. Ölkə məhkəmələri təqsirsizlik prezumpsiyası prinsipinə lazımi diqqət verməklə şəxsi azadlığa hörmət edilməsi qaydasından uzaqlaşmağa haqq qazandırılması üçün həqiqətən də ictimai marağın mövcud olmasının lehinə və əleyhinə olan faktları araşdırmalı və azad edilməklə bağlı vəsatətlər üzrə qərarlarında həmin faktları qeyd etməlidir (bax: “Letelye Fransaya qarşı” (Letellier v. France, 26 June 1991, § 35, Series A no. 207)). Azad edilmənin lehinə və əleyhinə olan dəlillər ümumi və abstrakt xarakter daşımamalıdır (bax: “Kluz Belçikaya qarşı” (Clooth v. Belgium, 12 December 1991, § 44, Series A no. 225)).
52. Məhkəmənin presedent hüququnda cinayət əməli törətməkdə şübhələnən şəxsin hökm çıxarılana qədər həbs edilməsi üçün dörd vacib və məqbul əsas təsbit edilmişdir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməyəcəyi təhlükəsinin olması (bax: “Stöqmüller Avstriyaya qarşı” (Stögmüller v. Austria, 10 November 1969, § 15, Series A no. 9)); təqsirləndirilən şəxsin azad olunacağı təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə mane ola biləcək hərəkətlər etməsi ehtimalının olması (bax: “Uemhof Almaniyaya qarşı” (Wemhoff v. Germany, 27 June 1968, § 14, Series A no. 7)); onun yeni cinayət əməlləri törədəcəyi təhlükəsinin olması (bax: “Matznetter Avstriyaya qarşı” (Matznetter v. Austria, 10 November 1969, § 9, Series A no. 10)); onun ictimai iğtişaşa səbəb ola biləcəyi təhlükəsinin olması (bax: yuxarıda qeyd edilmiş “Letelye” işi, 51-ci bənd).
53. Məhkəmə bununla bağlı təkrar edir ki, gizlənmək təhlükəsinin qiymətləndirilməsi zamanı gözlənilən cəzanın ağırlığı müvafiq elementlərdən biri olsa da, irəli sürülmüş ittihamların ağırlığı öz-özlüyündə həbsin uzun müddət davam etməsinin əsası kimi çıxış edə bilməz (bax: “İlijkov Bolqarıstana qarşı” (Ilijkov v. Bulgaria, no. 33977/96, §§ 80-81, 26 July 2001)). Bundan əlavə, gizlənmə təhlükəsi həbsə haqq qazandıra bilsə də, onun yalnız gözlənilən cəzanın ağırlığı əsasında qiymətləndirilməsi düzgün deyil. O, gizlənmə təhlükəsinin mövcudluğunu təsdiq edə biləcək və ya belə təhlükənin məhkəməyəqədər həbsə haqq qazandıra bilməyəcək dərəcədə az olmasını ortaya çıxaracaq bir sıra digər müvafiq amillərə istinad etməklə qiymətləndirilməlidir (bax: “Pançenko Rusiyaya qarşı” (Panchenko v. Russia, no. 45100/98, § 105, 8 February 2005) və yuxarıda qeyd edilmiş “Letelye” işi, 43-cü bənd).
54. Məhkəmə qeyd edir ki, 5-ci maddənin 3-cü bəndinin məqsədləri üçün nəzərə alınmalı müddət təqsirləndirilən şəxsin həbsə alındığı gün başlayır və ittihamın müəyyən edildiyi gün, bunu hətta yalnız birinci instansiya məhkəməsi etsə belə sona çatır (bax: “Kalaşnikov Rusiyaya qarşı” (Kalashnikov v. Russia, no. 47095/99, § 110, ECHR 2002‑VI) və yuxarıda qeyd edilmiş “Labita” işi, 147-ci bənd). Hazırkı işdə bu müddət ərizəçinin həbs olunduğu 2004-cü il 28 sentyabrda başlamış və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 31 yanvar 2006-cı ildə onun barəsində ittiham hökmünü çıxardığı gün sona çatmışdır. Beləliklə, ərizəçinin məhkəməyəqədər həbsi ümumilikdə bir il, dörd ay və üç gün davam etmişdir.
55. Məhkəmə qeyd edir ki, ərizəçi ilk dəfə 28 sentyabr 2004-cü ildə Xətai rayon məhkəməsinin qərarı ilə həbs edilmişdir. Həmin qərar Apellyasiya Məhkəməsinin 5 oktyabr 2004-cü il tarixli qərarı ilə qüvvədə saxlanmışdır.
56. Məhkəmə bununla bağlı qeyd edir ki, Xətai rayon məhkəməsi ərizəçinin həbsin əsaslandırılması barədə tələbinə cavab olaraq əsas etibarı ilə ittihamların ağırlığına və istintaqdan gizlənmək təhlükəsinin olmasına istinad etmiş və bununla əlaqədar işlə bağlı faktları xatırlatmışdır. Birinci instansiya məhkəməsi, xüsusilə ərizəçinin üzürlü səbəblər olmadan müstəntiqin çağırışlarına əməl etmədiyini göstərmişdir (yuxarıda 17-ci bəndə bax). Ərizəçi buna etiraz edərək daim istintaq ilə əməkdaşlıq etdiyini bildirsə də, iş üzrə faktlardan aydın olur ki, ərizəçi müstəntiqin bəzi çağırışlarına əməl etməmişdir (yuxarıda 10-cu, 12-ci və 13-cü bəndlərə bax). Məhkəmə bu halları nəzərə alaraq qəbul edir ki, ərizəçinin ağır cinayət əməli törətdiyinə əsaslı şübhələrin olması və onun müstəntiqin bəzi çağırışlarına əməl etməməsi ilkin olaraq onun həbs edilməsi üçün kifayət edə bilərdi. Lakin vaxt keçdikcə həmin əsasların əhəmiyyəti qaçılmaz olaraq get-gedə itmişdi və onun həbsinin davam etdirilməsi şəxsi vəziyyəti nəzərə alınaraq başqa mühüm səbəblərlə əsaslandırılmalı idi.
57. Məhkəmə qeyd edir ki, istintaq zamanı ərizəçinin həbsdə saxlanılma müddəti Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarı ilə iki ay müddətinə, yəni 28 fevral 2005-ci ilə qədər uzadılmışdır. Həmin qərar Apellyasiya Məhkəməsinin 6 yanvar 2005-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır.
58. Xətai rayon məhkəməsi ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılmasını bir sıra istintaq hərəkətlərinin həyata keçirilməli olması, ərizəçiyə qarşı əlavə cinayət əməlləri ilə bağlı ittihamların irəli sürülməsi və cinayətlərdə iştirak etmiş digər şəxslərin məsuliyyəti məsələsinin həll edilməli olması, buna görə də istintaqın başa çatdırılması üçün əlavə vaxta ehtiyac olması ilə əsaslandırmışdır (yuxarıda 22-ci bəndə bax).
59. Lakin Məhkəmə ilk öncədən qeyd edir ki, əlavə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya istintaq hərəkətlərinin başa çatdırılmaması kimi əsaslar 5-ci maddənin 3-cü bəndinə görə şəxsin məhkəməyə qədər həbsdə saxlanılması üçün qəbuledilməz əsaslardır (bax: “Piruzyan Ermənistana qarşı” (Piruzyan v. Armenia, no. 33376/07, § 98, 26 June 2012)).
60. Məhkəmə daha sonra qeyd edir ki, 23 dekabr 2004-cü idə birinci instansiya məhkəməsi ərizəçinin yeni cinayətlərə görə ittiham edilməli olduğunu əsas gətirərək onun həbsdə saxlanılma müddətini uzadarkən ona qarşı belə cinayətlərlə bağlı yeni ittihamlar irəli sürülməmişdi. Ərizəçiyə qarşı belə ittihamlar 15 aprel 2005-ci ildə, yəni həbs müddətinin uzadılması barədə qərarın qəbul edilməsindən dörd ay keçdikdən sonra irəli sürülmüşdür. Bundan əlavə, Məhkəmə digər şəxslərin cinayətlərdə iştirakı məsələsinin həlli zərurətinin ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması üçün necə əhəmiyyətli əsas kimi çıxış etdiyini anlamır. Buna görə də birinci instansiya məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarında ərizəçinin həbs müddətinin iki ay uzadılması üçün göstərdiyi səbəblərin işə aidiyyəti yoxdur, belə ki, burada ərizəçinin həbsi hətta ittiham belə olunmadığı cinayətlərə və digər şəxslərin cəlb olunduğu güman edilən cinayətlərə istinad etməklə əsaslandırılmışdır (bax: yuxarıda qeyd edilmiş “Muradverdiyev” işi, 88-ci bənd).
61. Bundan əlavə, Məhkəmə birinci instansiya məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarının mətninin prokurorun ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimatını demək olar ki, sözbəsöz təkrar etməsinə və hakimin ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması əsaslarını və ya onun şəxsi vəziyyətini araşdırmadığına məhəl qoymaya bilməz.
62. Birinci instansiya məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarının əsaslandırılmasını təkrar edən Apellyasiya Məhkəməsinin 6 yanvar 2005-ci il tarixli qərarına gəlincə, bu qərarda ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması ittihamların ağırlığı və onun istintaqdan gizlənməsi və ya istintaqın aparılmasına maneçilik törətməsi ilə əlavə olaraq əsaslandırılmışdır (yuxarıda 28-ci bəndə bax). Lakin məhkəmə qərarında yuxarıda qeyd edilmiş əsaslar CPM-dəki ifadələrdə dəyişiklik edilməklə qurulmuş standart formuladan istifadə olunmaqla sadəcə olaraq sadalanmışdır (müqayisə et: yuxarıda qeyd edilmiş “Qiorqi Nikolaişvili” işi, 76-79-cu bəndlər və “Sefilyan Ermənistana qarşı” (Sefilyan v. Armenia, no. 22491/08, § 89, 2 October 2012)). Beləliklə də, ölkə məhkəmələri ərizəçinin məhkəməyəqədər həbsi ilə bağlı əsasları və onun şəxsi vəziyyətini, yəni daimi yaşayış yerini, ailə bağlılığını, müsbət iş xarakteristikasını və əvvəllər cinayət törətmədiyini təfsilatı ilə təsvir etməmiş və yuxarıda qeyd edildiyi kimi 23 dekabr 2004-cü il və 6 yanvar 2005-ci il tarixli qərarlarında, həmçinin ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması məqsədilə iş üçün əhəmiyyəti olmayan səbəbləri əsas kimi gətirmişlər.
63. Nəhayət, Məhkəmə qeyd edir ki, hazırkı işdə Məhkəmənin açıq xahişinə baxmayaraq Hökumət ərizəçinin 28 fevral 2005-ci ildən sonrakı dövrdə, yəni Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarı ilə uzadılmış həbs qətimkan tədbirinin müddətinin bitdiyi gündən ərizəçi barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə tərəfindən ittiham hökmünün çıxarıldığı 31 yanvar 2006-cı ilə qədər həbsdə saxlanılmasının hüquqi əsasları barədə müvafiq məlumatı təqdim etməmişdir (yuxarıda 32-ci bəndə bax). Belə olan halda Məhkəmə ərizəçinin bu dövrdə həbsdə saxlanılmasının uzadılmasına haqq qazandıracaq əhəmiyyətli və kifayətedici əsasların olmadığı qənaətinə gəlməyə bilməz.
64. Məhkəmə yuxarıdakıları nəzərə alaraq belə nəticəyə gəlir ki, dövlət orqanları ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması zəruriliyini əsaslandırmaq üçün əhəmiyyətli və kifayətedici səbəblər irəli sürməmişlər.
65. Beləliklə də, burada Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusuna yol verilmişdir.
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 4-CÜ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
66. Ərizəçi Konvensiyanın 5-ci və 13-cü maddələrinə istinad edərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə prosesinin çəkişmə prinsipi əsasında həyata keçirilməməsindən və ədalətsiz olmasından şikayət etmişdir. O xüsusilə qeyd etmişdir ki, məhkəmələr həbsdə saxlanılma müddətinin uzadılmasına onun iştirakı olmadan baxmış, vəkilinə Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli iclasının vaxtı və yeri barədə məlumat verilməmiş, məhkəmə tərəfindən iclas protokolu saxtalaşdırılmış və ölkə məhkəmələri onun azad olunmaqla bağlı konkret dəlillərini araşdırmamışdır. Məhkəmə hesab edir ki, bu şikayətə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi əsasında baxılmalıdır. Burada qeyd edilir:
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir”.
A. Ərizənin qəbuledilənliyi
67. Hökumət bildirmişdir ki, məhkəmə iclasının protokolunun saxtalaşdırılması iddiası hissəsində ərizəçinin şikayəti qəbuledilməzdir. Hökumət bununla bağlı bildirmişdir ki, ərizəçi məhkəmə iclas protokolunda dəyişiklik etmək istəməyən Xətai rayon məhkəməsinin qərarından şikayət etməmişdir. Hökumət daha sonra qeyd etmişdir ki, ərizəçi Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarından verdiyi apellyasiyada da bu şikayətini qaldırmamışdır.
68. Ərizəçi Hökumətin izahatlarına etiraz etmişdir. O xüsusilə qeyd etmişdir ki, ölkə qanunvericiliyinə görə hakimin iclas protokolunda düzəliş etməkdən imtina etməsindən şikayət verilməsi mümkün deyildir. O, daha sonra Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətində iclas protokolunun saxtalaşdırılmasından şikayət etdiyini bildirmişdir.
69. Məhkəmə ilkin olaraq bildirir ki, bu şikayətin məqsədlərinə görə ondan 23 dekabr 2004-cü il tarixli iclas protokolunun saxtalaşdırılıb-saxtalaşdırılmadığını müəyyən etməsi tələb olunmur. Bununla belə, Məhkəmə Hökumətin iclas protokolunun saxtalaşdırılması barədə izahatlarının ərizəçinin vəkilinin 23 dekabr 2004-cü il tarixli iclasda iştirak etməməsinə dair şikayətinə münasibətdə ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazı kimi qəbul edilə bilinməsini nəzərə alaraq, qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi qaydası dövlətə qarşı beynəlxalq məhkəmə orqanı qarşısında iş qaldırmaq istəyən şəxslər üzərinə ilk növbədə milli hüquq sistemi ilə təmin edilmiş hüquq müdafiə vasitələrindən istifadə etmək vəzifəsini qoymaqla dövlətləri məsələləri öz hüquq sistemləri vasitəsilə həll etmək imkanından öncə əməllərinə görə beynəlxalq orqan qarşısında cavab vermək öhdəliyindən azad edir. Bu qaydaya əməl olunmasını təmin etmək üçün ərizəçi iddia olunan pozuntuların doğurduğu nəticələri aradan qaldırmaq üçün mövcud olan və qənaətbəxş sayılan hüquq müdafiə vasitələrindən normal qaydada istifadə etməlidir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 85, Reports of Judgments and Decisions 1998‑VIII)).
70. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, ərizəçi Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iclasın vaxtı və yeri barədə vəkilinə məlumat vermədiyi ilə bağlı şikayət etmiş, bununla da birinci instansiya məhkəməsində işə baxılarkən yol verilmiş prosessual pozuntularla bağlı müvafiq hüquq müdafiə vasitələrindən istifadə etmişdir (yuxarıda 27-ci bəndə bax).
71. Ərizəçinin məhkəmə iclas protokolunda düzəliş edilməsinə hakimin etiraz etməsindən şikayət etməli olması ilə bağlı Hökumətin arqumentinə gəlincə, Məhkəmə qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi sübutetmə vəzifəsinin bölünməsini nəzərdə tutur. Hüquq müdafiə vasitələrinin tükəndirilmədiyini iddia edən Hökumət Məhkəməyə həmin vasitələrin müvafiq vaxtda nəzəri və praktiki baxımdan səmərəli olduğunu, yəni onlardan istifadə edilməsinin mümkün olduğunu, ərizəçinin şikayətlərini təmin etmək iqtidarında olduğunu və uğur qazanmaq üçün ağlabatan perspektivlər vəd etdiyini sübut etməlidir (bax: “Akdivar və Digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey, 16 September 1996, § 68,Reports 1996-IV) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 76, ECHR 1999-V)). Lakin hazırkı işdə Hökumət belə bir qərara qarşı şikayətin necə qaldırıla biləcəyi ilə bağlı hər hansı izahat verə bilməmişdir. Xüsusilə Hökumət ərizəçiyə hakimin iclas protokolunda düzəliş etməkdən imtinası ilə bağlı şikayət verməsinə imkan verən hər hansı ölkədaxili hüquq normasını göstərməmişdir. Bu halda Məhkəmə belə qənaətə gəlir ki, ərizəçi vəkilinin 23 dekabr 2004-cü il tarixli iclasda iştirak etməməsinə dair şikayəti üzrə bütün mümkün hüquq müdafiə vasitələrindən istifadə etmişdir və buna görə də Hökumətin etirazı qəbul edilməməlidir.
72. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. O daha sonra qeyd edir ki, şikayət digər əsaslara görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də o, qəbuledilən elan edilməlidir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
73. Hökumət ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı məhkəmə prosesinin çəkişmə əsasında həyata keçdiyini və ərizəçinin vəkilinin Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli iclasında iştirak etdiyini bildirmişdir. Hökumət bununla bağlı qeyd etmişdir ki, ərizəçi tərəfindən Məhkəməyə təqdim edilmiş telefon danışıqlarının stenoqramından istifadə edilməsi mümkün deyil, belə ki, bu, maraqlı şəxslərin xəbəri olmadan aparılmış və beləliklə də qanunsuz yolla əldə edilmişdir.
74. Hökumət sonra bildirmişdir ki, hər bir halda ərizəçinin vəkillərinin onun həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı 6 yanvar 2005-ci il tarixində Apellyasiya Məhkəməsində keçirilmiş iclasda iştirak etmələri nəticəsində birinci instansiya məhkəməsində işə baxılan zaman yol verilmiş istənilən qüsur aradan qaldırılmışdır. Belə ki, bu zaman onların arqumentlərini irəli sürmək imkanı yaranmışdır.
75. Ərizəçi şikayətini təkrar edərək məhkəməyə qədər həbsdə saxlanılma müddətinin uzadılmasına dair məhkəmə prosesinin onun iştirakı olmadan və vəkilinə 23 dekabr 2004-cü il tarixli iclasın vaxtı və yeri barədə məlumat verilmədən keçirildiyini bildirmişdir. O, bununla bağlı əsas etibarı ilə telefon danışıqlarının stenoqramına istinad etmişdir. O həmçinin bildirmişdir ki, ölkə məhkəmələri azad olunması ilə bağlı irəli sürdüyü konkret arqumentlərdən hər hansı birini araşdırmamışdır.
2. Məhkəmənin qiymətləndirməsi
76. Məhkəmə təkrar edir ki, 5-ci maddənin 4-cü bəndinə görə həbs edilmiş və ya saxlanılmış şəxs azadlıqdan məhrum edilməsinin 5-ci maddənin 1-ci bəndinin mənasında qanuni hesab edilməsi üçün mühüm olan prosessual və maddi-hüquqi şərtlərin məhkəmə qaydasında yoxlanılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu, o deməkdir ki, səlahiyyətli məhkəmə orqanı yalnız ölkə qanunvericiliyinin prosessual tələblərinə uyğunluğu deyil, həmçinin həbs üçün əsas olmuş şübhənin ağlabatan olub-olmadığını və həbs qətimkan tədbirinin seçilməsi və onun müddətinin uzadılması zamanı nail olunmasına çalışılan məqsədin qanuni olub-olmadığını araşdırmalıdır (bax: yuxarıda qeyd edilmiş “Broqan və Digərləri” işi, 65-ci bənd). 5-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş prosedura üçün təminatların Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində cinayət və mülki işlərlə bağlı nəzərdə tutulmuş təminatlar səviyyəsində olması həmişə zəruri olmasa da, o, məhkəmə-hüquq xarakterinə malik olmalı və sözü gedən azadlıqdan məhrumetmə növü üçün müvafiq olan təminatları ehtiva etməlidir. Proses çəkişmə prinsipi əsasında həyata keçirilməli və tərəflər arasında daim bərabərliyi təmin etməlidir. Şəxsin həbsi 5-ci maddənin 1-ci bəndinin c) yarımbəndinin təsiri altına düşdükdə, məhkəmə baxışının keçirilməsi tələb olunur (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 162-ci bənd). Saxlanılan şəxsin şəxsən və ya nümayəndəsi vasitəsilə dindirilməsi azadlıqdan məhrumetmə ilə bağlı məsələlərdə tətbiq olunan prosesudurun əsas təminatlarındandır (bax: “Kampanis Yunanıstana qarşı” (Kampanis v. Greece, 13 July 1995, § 47, Series A no. 318‑B)).
77. 5-ci maddənin 4-cü bəndi Razılığa Gələn Dövlətləri həbsdən azad edilmə ilə bağlı müraciətlərin araşdırılması üçün yurisdiksiyanın ikinci səviyyəsini də təsis etməyə məcbur etmir. Bununla belə, ölkədaxili qanunvericilik appellyasiya şikayəti vermək hüququnu təmin edirsə, apellyasiya şikayətinə baxan orqan da 5-ci maddənin 4-cü bəndinin tələblərinə əməl etməlidir (bax: “Tot Avstriyaya qarşı” (Toth v. Austria, 12 December 1991, § 84, Series A no. 224)). Həbs qətimkan tədbirinin seçilməsi və ya onun müddətinin uzadılması barədə məhkəmə qərarına gəlincə, 5-ci maddənin 4-cü bəndi həmin qərarlardan apellyasiya şikayəti vermək hüququnu nəzərdə tutmasa da, məhkəmə orqanının ən azı yurisdiksiyanın bir səviyyəsində işə müdaxiləsi 5-ci maddənin 4-cü bəndinin tələblərinə uyğun gəlməlidir (bax: mutatis mutandis, “Ceşius Litvaya qarşı” (Jėčius v. Lithuania, no. 34578/97, § 100, ECHR 2000‑IX)).
78. Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, ərizəçinin həbsi barədə qərar 28 sentyabr 2004-cü ildə Xətai rayon məhkəməsinin hakimi tərəfindən qəbul edilmişdir. İclasda ərizəçinin özü və vəkili iştirak etmişdir. Ölkə qanunvericiliyi ona bu qərardan apellyasiya şikayəti vermək hüququ verir. Beləliklə də, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tələbləri apellyasiya prosesinə də tətbiq edilməlidir. Bu prosesin nəticəsi olaraq Apellyasiya Məhkəməsi 5 oktyabr 2004-cü ildə qərar qəbul etmişdir və bu iclasda ərizəçi iştirak etməmiş, onun vəkilinin isə iştirakı təmin olunmuşdur.
79. Sonradan ərizəçinin həbsdə saxlanılma müddəti Xətai rayon məhkəməsinin 23 dekabr 2004-cü il tarixli qərarı ilə uzadılmışdır. 6 yanvar 2005-ci ildə Apellyasiya Məhkəməsi bu qərarı qüvvəsində saxlamışdır. İşə Xətai rayon məhkəməsi və Apellyasiya Məhkəməsində baxılan zaman ərizəçi iştirak etməmiş, lakin prokurorluq orqanının nümayəndəsi iştirak etmişdir.
80. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər ərizəçinin barəsində ilkin həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın qəbul edilməsindən aylarla sonra keçirilmiş həbsdə saxlanılma müddətinin uzadılması ilə əlaqədar məhkəmə proseslərində şəxsən iştirak etmədiyi ilə bağlı mübahisə etmirlər. Məhkəmə hesab edir ki, ölkə məhkəmələri bu iclaslarda müzakirə edilən məsələnin, ərizəçinin azadlığı məsələsinin onun üçün əhəmiyyətini və ilkin məhkəmə baxışı ilə həbs müddətinin uzadılmasına dair məhkəmə baxışları arasında vaxtın keçdiyini nəzərə alaraq ərizəçinin şəxsən iclasda iştirak etməsini və məhkəməyə vəziyyəti və azad olunmasına dair arqumentlərini çatdırması üçün imkanın verilməsini təmin etmək məqsədilə addımlar atmalı idilər (müqayisə et: mutatis mutandis, “Qraujinis Litvaya qarşı” (Graužinis v. Lithuania, no. 37975/97, §§ 33-34, 10 October 2000); “Mamedova Rusiyaya qarşı” (Mamedova v. Russia, no. 7064/05, § 91, 1 June 2006) və yuxarıda qeyd edilmiş “Fərhad Əliyev” işi, 207-ci bənd).
81. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ölkə qanunvericiliyinə əsasən ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı məhkəmə prosesində iştirak etmək hüququ olsa da, o, bu prosesdə iştirak etməmişdir (yuxarıda 35-ci bəndə bax). Bu baxımdan Məhkəmə diqqəti Ali Məhkəmə Plenumunun 3 noyabr 2009-cu il tarixli qərarına çəkir. Burada açıq-aşkar təsbit edilmişdir ki, həbs qətimkan tədbirinin tətbiq edilməsi və ya həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimatların təqsirləndirilən şəxsin iştirakı olmadan araşdırılmasına yalnız müstəsna hallarda yol verilir və hüquqlarına toxunulan şəxsin məhkəmə iclasında iştirakı məcburidir (yuxarıda 37-ci bəndə bax). Lakin Məhkəmənin sərəncamında olan materialda Xətai rayon məhkəməsi və Apellyasiya Məhkəməsinin ərizəçinin iclasa çağırılıb-çağırılmadığını və onun həbsdə saxlanılma müddətinin uzadılmasının qanuniliyinin səmərəli şəkildə araşdırılması üçün şəxsən məhkəmə baxışında iştirakının tələb olunub-olunmadığını nəzərdən keçirdiyini təsdiq edən heç nə yoxdur (bax: “İdalov Rusiyaya qarşı” (Idalov v. Russia [GC], no. 5826/03, § 162, 22 May 2012)).
82. Belə olan halda, ərizəçinin mövqeyinin vəkilin səmərəli təmsilçiliyi ilə çatdırılması təmin olunmalı idi. Lakin Məhkəmə hazırkı işdə bunun da baş verdiyinə inanmır.
83. Məhkəmə qeyd edir ki, ərizəçinin sözlərinə görə həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı 23 dekabr 2004-cü ildə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə onun vəkilinə məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, Hökumətin ərizəçinin bu izahatlarına etiraz etməsinə və iclas protokolunun onlarla ziddiyyət təşkil etməsinə baxmayaraq ərizəçi tərəfindən təqdim edilmiş telefon danışıqlarının stenoqramında həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edən hakimin, həmçinin məhkəmə iclas katibi və işin istintaqını aparan müstəntiqin ərizəçinin vəkilinin sözü gedən iclasda iştirak etmədiyini etiraf etdikləri görünür. Belə görünür ki, Hökumət bu stenoqramın məzmununa etiraz etmir. Lakin Hökumətin mövqeyinə görə stenoqram qanunsuz yolla əldə edildiyindən ondan istifadə edilməsi qəbuledilməzdir.
84. Hər bir halda Məhkəmə qeyd edir ki, Hökumət mübahisəli iclas protokolundan başqa ərizəçinin vəkilinə iclasın vaxtı və yeri barədə məlumat verilməsini sübut edən hər hansı dəlil, yəni bildiriş, məktub və ya hər hansı digər sənəd təqdim etməmişdir.
85. Məhkəmə, həmçinin qeyd edir ki, iclas protokolu ərizəçinin vəkilinə çatdırılan kimi o, dərhal protokolda düzəliş edilməsini xahiş etmişdir. Lakin onun bu xahişi həmin Xətai rayon məhkəməsi tərəfindən rədd edilmişdir. Apellyasiya Məhkəməsi isə 6 yanvar 2005-ci il tarixli qərarında ərizəçinin bu şikayətinə məhəl qoymamışdır. Belə olan halda, Məhkəmə ərizəçinin vəkilinin 23 dekabr 2004-cü il tarixli iclasda iştirakının təmin edilməməsi ilə bağlı izahatının ardıcıl olmadığını və ziddiyyətli olduğunu hesab etmir.
86. İşin Apellyasiya Məhkəməsində baxışına gəlincə, Məhkəmə qeyd edir ki, burada ərizəçi iki vəkillə təmsil olunmuşdur və onlar mahiyyət etibarı ilə hüquqi arqumentlər irəli sürərək onun azad olunmasını xahiş etmək imkanına malik idilər. Bununla belə, Məhkəmə ərizəçinin vəkillərinin məhkəmə iclasında iştirakının birinci instansiya məhkəməsində yol verilmiş qüsurları aradan qaldırdığına dair Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə adətən prosesləri bütöv şəkildə araşdırsa da, bu qayda istinasız deyil və bu istisnalar xüsusilə məhkəməyə qədər həbsə aiddir. Belə ki, Məhkəmə qeyd edir ki, 23 dekabr 2004-cü il tarixli həbs qərarı dərhal qüvvəyə minmişdir və o, ərizəçinin 28 dekabr 2004-cü il tarixindən sonra həbsdə saxlanılması üçün yeganə hüquqi əsas idi. Buna görə də Apellyasiya Məhkəməsi sonda 6 yanvar 2005-ci ildə ərizəçinin vəkillərini dinləsə də, həmin tarixə qədər ərizəçi artıq 28 dekabr 2004-cü il tarixindən bəri doqquz gün ərzində həbsdə idi. Bu vaxtı nəzərə alaraq Məhkəmə Xətai rayon məhkəməsi tərəfindən prosessual normaların pozulması ilə qəbul edilmiş həbs qərarının belə retroaktiv qanuniləşdirilməsini qəbul edə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, müdafiə tərəfinin vəkillərinin Apellyasiya Məhkəməsində iştirakı Xətai rayon məhkəməsində yol verilmiş prosessual qüsurları aradan qaldırmamışdır (bax: “Lebedev Rusiyaya qarşı” (Lebedev v. Russia, no. 4493/04, § 90, 25 October 2007)).
87. Məhkəmə sonra təkrar edir ki, o, əvvəllər hazırkı işdə olduğu kimi ölkə məhkəmələrinin ərizəçi tərəfindən həbsdə saxlanılma müddətinin uzadılmasına etirazla bağlı izahatlarında irəli sürdüyü spesifik arqumentlərin (bu arqumentlər əhəmiyyətsiz və ya səthi görünsə də) araşdırılmadığı işlərdə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu qət etmişdir (müqayisə et: yuxarıda qeyd edilmiş “Fərhad Əliyev” işi, 207-ci bənd). Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi saxlanılan şəxsin izahatlarında əks olunmuş hər bir arqumenti araşdırmaq öhdəliyini müəyyən etməsə də, məhkəməyəqədər həbslə bağlı şikayətləri araşdıran hakim saxlanılan şəxsin istinad etdiyi və Konvensiyanın məqsədləri üçün azadlıqdan məhrumetmənin “qanuniliyi” baxımından əhəmiyyətli olan şərtlərin mövcudluğuna şübhə yaradan konkret faktları nəzərə almalıdır (bax: “Nikolova Bolqarıstana qarşı” (Nikolova v. Bulgaria [GC], no. 31195/96, § 61, ECHR 1999-II)). Ölkə məhkəmələri ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılmasına qarşı olan spesifik arqumentlərini nəzərə almamaqla Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə tələb olunan həddə və xarakterdə məhkəmə nəzarətinin həyata keçirilməsini təmin etməmişlər.
88. Yuxarıda qeyd edilənlər Məhkəmənin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğu qənaətinə gəlməsi üçün kifayətdir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
89. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
1. Maddi ziyan
90. Ərizəçi məhkəməyəqədər həbsi dövründə vərəm xəstəliyinə tutulduğu üçün tibbi müalicəsinə çəkdiyi xərclərlə bağlı dəymiş maddi ziyana görə ona 10 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
91. Hökumət tələbə etiraz edərək ərizəçinin iddialarını sübut edə bilmədiyini qeyd etmişdir.
92. Məhkəmə qeyd edir ki, Məhkəmənin Prosedur Qaydalarının 60-cı maddəsinə görə ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməklə yazılı şəkildə təqdim olunmalı, onu təsdiq edən müvafiq sənədlər və ya vauçerlər əlavə edilməlidir. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər.
93. Məhkəmə qeyd edir ki, hazırkı işdə hətta tələb olunan ziyanla təsbit edilmiş pozuntular arasında səbəbiyyət əlaqəsinin olduğu güman edilsə belə, ərizəçi tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim etməmişdir. Xüsusilə o, tibbi müalicəsi üçün çəkdiyi xərcləri təsdiq etmək məqsədilə qəbzlər, reseptlər və ya hər hansı başqa sənəd təqdim etməmişdir.
94. Yuxarıdakı səbəblərə görə Məhkəmə ərizəçinin maddi ziyanla bağlı tələbini rədd edir.
2. Mənəvi ziyan
95. Ərizəçi dəymiş mənəvi ziyana görə 10 000 avro ödənilməsini tələb etmişdir.
96. Hökumət bu məbləğin əsassız və həddindən artıq olduğunu bildirmişdir.
97. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və yalnız pozuntu faktının təsbit edilməsi ilə bunu kompensasiya etmək mümkün deyil. Buna görə də ərizəçiyə kompensasiya ödənilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi ziyana və məbləğdən tutulacaq vergilərə görə 4000 avro ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
98. Ərizəçi ölkə məhkəmələrində çəkdiyi xərclərə görə 1000 avro, Avropa Məhkəməsi qarşısında çəkdiyi xərclərə görə 1500 avro və poçt məsrəfləri üçün 100 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
99. Hökumət tələbin əsassız olduğunu və maddi sübutlarla təsdiq edilmədiyini bildirmişdir.
100. Məhkəmənin presedent hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin ağlabatan olduğunu sübut edə bilsin. Məhkəmə qeyd edir ki, ərizəçi ölkə məhkəmələrində və Avropa Məhkəməsində vəkillə təmsil olunmuşdur və təmsilçinin Məhkəmənin xahiş etdiyi müvafiq sənəd və qeydləri göndərməsi faktı mübahisə edilmir. Belə olan halda Məhkəmə ərizəçinin çəkdiyi xərc və məsrəflərə görə 2500 avro məbləğində kompensasiyanın ödənilməsini məqbul hesab edir (bax: “Rzaxanov Azərbaycana qarşı” (Rzakhanov v. Azerbaijan, no. 4242/07, § 92, 4 July 2013)).
C. Faizlərin ödənilməsi
101. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. 5-ci maddənin 3-cü bəndi (ərizəçinin saxlanması üçün kifayət edici əsasların olmaması) və 5-ci maddəsinin 4-cü bəndi (ərizəçinin həbsdə saxlanılma müddətinin uzadılmasının qanuniliyinin məhkəmə qaydasında yoxlanılmasının ədalətliliyi) əsasında irəli sürülmüş şikayətlərə baxılmasını mümkün, ərizənin digər hissəsini isə mümkünsüz elan edir;
2. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulduğunu qət edir;
3. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) cavabdeh dövlət qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı vəsaitləri, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:
(i) mənəvi ziyana görə, tutulacaq vergilər də daxil olmaqla, 4000 (dörd min) avro;
(ii) məhkəmə xərclərinə görə, tutulacaq vergilər də daxil olmaqla, 2500 (iki min beş yüz) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2014-cü il 20 fevral tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy