İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
İNSANOV AZƏRBAYCANA QARŞI
(16133/08 nömrəli şikayət)
QƏRAR
STRASBURQ
14 mart 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
İnsanov Azərbaycana qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr: İzabel Berro-Lefevr,
Hakimlər :
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi – Soren Nilsendən ibarət tərkibdə
12 fevral 2013-cü ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Əli Binnət oğlu İnsanovun (ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 31 mart 2008-ci ildə təqdim etdiyi şikayət (16133/08 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünaslar cənab A.Şahverdi və cənab T.Babayev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə saxlanma şəraiti və həmçinin saxlanma şəraiti ilə bağlı mülki məhkəmə baxışının iddia olunan ədalətsizliyi, saxlandığı zaman ona adekvat tibbi yardımın göstərilmədiyi, barəsində keçirilmiş cinayət prosesinin ədalətsizliyi və Konvensiyanın digər pozuntuları haqqında şikayət etmişdir.
4. 19 noyabr 2009-cu ildə ərizə qismən mümkünsüz elan edilmiş və adekvat tibbi yardımın göstərilmədiyi ilə bağlı 3-cü maddə əsasında verilmiş şikayətlər, mülki məhkəmə baxışının ədalətliliyi ilə bağlı 6-cı maddə əsasında verilmiş şikayətlər, cinayət prosesinin ədalətliliyi ilə bağlı 6-cı maddə əsasında verilmiş şikayətlər və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında verilmiş şikayətlər Hökumətə göndərilmişdir. Məhkəmə, həmçinin ərizənin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmağı qət etmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1946-cı ildə anadan olmuşdur. O, 1993-cü ildən 2005-ci ilə qədər ölkənin səhiyyə naziri kimi fəaliyyət göstərmişdir.
A. Ərizəçi barəsindəki cinayət işi
1. İbtidai istintaq dövrü
6. 2005-ci ilin 20 oktyabr tarixində ərizəçi Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılmışdır. O, saat 15:00 radələrində MTN-ə gəlmiş və saat 19:00-a qədər burada dindirilmişdir.
7. Dindirmə qurtardıqdan sonra o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət əmlakını mənimsəmə və parlamentin keçmiş spikeri R.Quliyevin (həmin vaxt o, xaricdə yaşayırdı) başçılığı ilə parlament seçkilərindən sonra 2005-ci il noyabrın 6-da həyata keçirilmək üçün planlaşdırıldığı iddia olunmuş dövlət çevrilişinə cəhddə iştirakçılıqda şübhəli şəxs kimi saxlanmışdır. O, MTN-nin təcridxanasında saxlanmışdır.
8. Belə görünür ki, o, həmin günü də nazir vəzifəsindən çıxarılmışdır.
9. 2005-ci il oktyabrın 22-də Baş Prokurorluq rəsmi olaraq ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 220.1 və 28-ci (kütləvi iğtişaş təşkil etməyə hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər), 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrarən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri üzrə ittiham irəli sürmüşdür. Ərizəçiyə qarşı rəsmi olaraq 76586 nömrəli cinayət işi üzrə ittiham irəli sürülmüşdür.
10. 2005-ci il oktyabrın 22-də Nəsimi rayon məhkəməsi ərizəçi barədə üç aylıq həbs qətimkan tədbiri seçmişdir (20 yanvar 2006-cı ilə qədər). 2006-cı il yanvarın 13-də eyni məhkəmə bu müddəti daha dörd ay uzatmışdır (20 may 2006-cı ilə qədər). 2006-cı il mayın 19-da bu müddət yenidən beş ay uzadılmışdır (2006-cı il 20 oktyabra qədər). Nəhayət, 2006-cı il oktyabrın 16-da bu müddət yenidən altı ay uzadılmışdır (2007-ci il 20 aprelə qədər). Ərizəçi bu qərarların hər birindən şikayət vermişdir. Şikayətlərdən heç biri Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmamışdır. Ərizəçinin həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair 2006-cı il 16 oktyabr tarixli qərardan verdiyi şikayət Apellyasiya Məhkəməsinin 2006-cı il 2 noyabr tarixli qərarı ilə rədd edilmişdir.
11. İbtidai istintaq zamanı istintaq orqanı ərizəçinin evində axtarış aparmış və burada, inter alia, müxtəlif valyutalarda külli miqdarda nağd pul, külli miqdarda qızıl-zinət əşyaları və bir sıra yaşayış sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənədlər tapılmışdır.
12. 2007-ci il yanvarın 19-da Baş Prokurorluq ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 220.1 və 28, 278, 179.3.2, 306.2 (qanuni qüvvəyə minmiş məhkəmə qərarının vəzifəli şəxs tərəfindən icra edilməməsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2, 311.3.1 (rüşvət alma), 311.3.2 və 311.3.3-cü maddələri əsasında yeni ittiham irəli sürmüşdür.
13. 2007-ci il yanvarın 24-də yeni cinayət işi (76932 nömrəli) 76586 nömrəli işdən ayrılmışdır. 76932 nömrəli cinayət işi əsasında ərizəçiyə qarşı rəsmi olaraq Cinayət Məcəlləsinin 179.3.2, 306.2, 308.1, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham irəli sürülmüşdür.
14. Xüsusilə ərizəçi, inter alia, aşağıdakı cinayət əməllərini törətməkdə ittiham olunmuşdur:
(i) 1997-2004-cü illər arasında o, Səhiyyə Nazirliyinin balansında olmuş və ümumi dəyəri 27221574 yeni Azərbaycan manatı (həmin dövrdə təxminən 23500000 avro) olan dövlətin bir sıra daşınmaz əmlakını (torpaq sahələri və qeyri-yaşayış binaları) özəlləşdirmə yolu ilə qanunsuz olaraq özgəninkiləşdirmişdir. Digər əməllərlə yanaşı, ərizəçi yuxarıda göstərilmiş əmlakların Dövlət Özəlləşdirmə Proqramı və özəlləşdirmə sahəsindəki qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilinməsi üçün onlara dair bəzi sənədləri başqalarının köməyi ilə saxtalaşdırmaqda ittiham edilmişdir. Halbuki, əslində həmin əmlaklar özəlləşdirilə bilməzdi və dövlət səhiyyə müəssisələrinin lazımı qaydada fəaliyyət göstərməsi üçün zəruri idi. Bu əmlakların əksəriyyəti ərizəçi və ya onun tanışları ilə əlaqəsi olan qondarma şirkətlər tərəfindən özəlləşdirilmiş və sonradan ərizəçinin ailə üzvlərinə və tanışlarına satılmışdır. Yuxarıdakı əməliyyatlarla bağlı ərizəçi, həmçinin ümumi dəyəri 200000 ABŞ dolları miqdarında (195460 AZN-ə bərabərdir) rüşvət almışdır.
(ii) Öz kitablarından birinin nəşrinin maliyyələşdirilməsi üçün 115240 AZN məbləğində dövlət vəsaitini mənimsəmişdir;
(iii) Özəl şirkətlərə əczaxana açmaq üçün lisenziya verilməsi müqabilində ümumi məbləği 76900 ABŞ dolları (75423 AZN-ə bərabərdir) və 2800 AZN məbləğində rüşvət almış və bu məbləğin 70 faizini özündə saxlayaraq digər hissəsini onunla əlbir olan digər şəxslərə paylamışdır;
(iv) Səhiyyə Nazirliyindəki vəzifələrindən qanunsuz olaraq azad edilmiş sabiq işçilərinin vəzifələrinə bərpa edilmələri ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını (bunlardan ən birincisi 1994-cü ildə qəbul edilmişdir) davamlı olaraq yerinə yetirməkdən imtina etmişdir;
(v) Bir neçə dəfə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı hərəkətlər etmişdir.
15. 2007-ci il yanvarın 24-də istintaq orqanı 76932 nömrəli cinayət işi üzrə ibtidai istintaqın başa çatması barədə ərizəçiyə məlumat vermişdir. 76932 nömrəli cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə göndərilmişdir. Cinayət Məcəlləsinin 220.1 və 28-ci, 179.3.2-ci maddələri üzrə ittihamların əks olunduğu 76586 nömrəli birinci cinayət işi məhkəməyə göndərilməsə də, ona xitam da verilməmişdir.
16. 2007-ci il yanvarın 29-da ərizəçinin vəkili Baş prokurora şikayətlə müraciət edərək müdafiə tərəfinə iş materialları ilə lazımı şəkildə tanış olmaq üçün imkan yaradılmadığını bildirmişdir. Xüsusilə o, müdafiə tərəfinə işə əlavə edilmiş bütün materialların təqdim edilməməsindən və iş materiallarının fotosurətini çıxarmasına imkan verilməməsindən şikayət etmişdir. Baş prokuror 2007-ci il 2 fevral tarixli məktubu ilə bu şikayəti rədd edərək bildirmişdir ki, 2007-ci il yanvarın 24-dən 30-a qədər ərizəçi və onun vəkilinə qırx üç cilddən ibarət iş materialı, üç videoçəkiliş, şəkillər və digər sübutlarla tanış olmaq üçün şərait yaradılmış və 2007-ci il yanvarın 30-da onlar iş materialları ilə tanış olmaq barədə protokolu və ona əlavə edilmiş vaxt cədvəlini imzalamışlar. Bundan əlavə, o bildirmişdir ki, prokurorluq orqanlarına təxminən eyni tarixdə daxil olmuş digər, bununla bağlı olmayan şikayətin məzmunundan da görünür ki, müdafiə tərəfi bütün istintaq materialı ilə kifayət qədər tanışdır. Nəhayət, Baş prokuror əlavə etmişdir ki, zəruri olduğu təqdirdə müdafiə tərəfinə məhkəmə prosesi zamanı istintaq materialları ilə yenidən tanış olmaq və onun fotosurətini çıxarmaq imkanı yaradılacaqdır.
17. 2007-ci il fevralın 15-də ərizəçi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə şikayət edərək müdafiə tərəfinə iş materialları ilə lazımı şəkildə tanış olmaq üçün imkan yaradılmadığını bildirmiş və məhkəmədən bu səbəbə görə işə baxılmasını təxirə salmaq və işi yenidən istintaqa göndərməyi xahiş etmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə 2007-ci il fevralın 15-də qərardadla bu vəsatəti rədd etmiş və müdafiə tərəfinə iş materialları ilə tanış olmaq üçün lazımı imkan yaradıldığını qət etmişdir.
2. Məhkəmə baxışı
18. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçi ilə birlikdə Səhiyyə Nazirliyinin sabiq işçiləri və ya onunla bağlanmış kommersiya əqdləri ilə bağlı olmuş digər on şəxsin işinə baxmışdır. On müttəhimin hər biri ərizəçinin ittiham olunduğu hansısa cinayət əməlində iştirakçılıqda ittiham edilmişdir. Mənimsəmə faktı ilə bağlı ərizəçi və bəzi digər müttəhimlərə qarşı mülki iddia da qaldırılmışdır.
19. Bundan əlavə, işdə təxminən iyirmi mülki cavabdeh də iştirak edirdi ki, bunlara qarşı heç bir cinayət işi qaldırılmamışdır. Mülki cavabdehlər əvvəllər dövlət mülkiyyətində olmuş və ərizəçi tərəfindən qanunsuz olaraq mənimsənildiyi və ya satıldığı iddia olunan mülklərin hazırkı özəl sahibləri idilər.
(a) İşə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə tərəfindən baxılması
20. Hazırlıq iclası 2007-ci il fevralın 15-də keçirilmiş və işə mahiyyəti üzrə baxılması isə 2007-ci il fevralın 22-dən aprelin 20-ə qədər baş tutmuşdur. Məhkəmə iclasları iş günlərində səhər saat 9:30-dan başlayaraq axşam 18:00-a qədər, bəzən isə 19:00-a qədər davam etmişdir.
21. Hökumətin bildirdiyinə görə, məhkəmə baxışı zamanı 120-dən çox şahid dindirilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 2007-ci il 20 aprel tarixli hökmündə ərizəçiyə və digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı ifadə vermiş çoxsaylı şahidlərin ifadələri ümumiləşdirilmişdir.
22. Məhkəmə şahidlərin ifadələrini dinləməklə yanaşı, həmçinin ittiham tərəfinin təqdim etdiyi müxtəlif sənədləri və digər maddi sübutları, o cümlədən bir çox sənədlər üzrə məhkəmə-xətt ekspertizasının nəticələrini, qanunsuz yolla özəlləşdirilmiş əmlakların qiymətləndirilməsinə dair rəyləri və digər sübutları araşdırmışdır. Bu sənədlər içərisində ittiham tərəfi Nəsimi rayon məhkəməsinin 2005-ci il 29 noyabr tarixli qərarı əsasında Maliyyə Nazirliyi, Auditorlar Palatası və digər dövlət qurumlarının bir sıra əməkdaşları (bəzən müvafiq məhkəmə sənədlərində onlar “ekspertlər” də adlandırılırlar) tərəfindən “Səhiyyə və İqtisadi İnkişaf Nazirliklərinin maliyyə və iqtisadi fəaliyyətinin auditi” ilə bağlı 2006-cı ilin 27 iyun, 11 avqust və 18 dekabr tarixlərində hazırlanmış üç audit hesabatına mühüm önəm verilmişdir. Ümumilikdə bu hesabatlarda belə bir nəticəyə gəlinirdi ki, Dövlət Özəlləşdirmə Proqramına görə dövlət səhiyyə müəssisələrinin özəlləşdirilməsinə yalnız Respublika Prezidentinin qərarı ilə icazə verilsə də, ərizəçi vəzifə səlahiyyətlərini aşaraq və ondan sui-istifadə edərək “digər şəxslərlə” birgə çoxlu sayda dövlət mülkiyyətində olan səhiyyə müəssisələri, torpaq sahələri və digər əmlakın qanunsuz olaraq özəlləşdirilməsi üçün göstərişlər vermiş və buna başqa formada şərait yaratmışdır. Bundan əlavə, hesabatlarda həmçinin qeyd edilirdi ki, mühasibat sənədləri ilə bağlı tələblərin pozulması, Səhiyyə Nazirliyinə ayrılmış büdcə vəsaitlərindən düzgün istifadə olunmaması, böyük məbləğdə pul vəsaitlərindən sənədləşdirmə və ya düzgün sənədləşdirmə aparmadan istifadə edilməsi və digər hallara da rast gəlinmişdir. Belə görünür ki, ərizəçiyə qarşı ittiham əsas etibarı ilə bu üç hesabatın üzərində qurulmuşdur. Xüsusilə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə öz hökmündə bildirmişdir ki, bu hesabatlar ərizəçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və dövlət vəsaitini mənimsədiyini təsdiq edir.
23. Məhkəmədə ərizəçi məhkəmə prosesində vəkilləri ilə məxfi şəkildə məsləhətləşmələr aparılmasına icazə verilmədiyindən və məhkəmə iclaslarının hər dəfə bütün gün ərzində davam etməsinə baxmayaraq həftəsonları və qeyri-iş günlərində ona vəkilləri ilə görüşməyə imkan yaradılmamasından şikayət etmişdir. Xüsusilə o, MTN-ə yazdığı 2007-ci il 17 mart tarixli məktubunda həftəsonlarında onunla görüşə gəlmək istəyən vəkillərinin MTN-nin istintaq təcridxanasına buraxılmadıqlarından şikayət etmişdir. Bundan əlavə, ərizəçi 2007-ci il martın sonunda və aprelin əvvəlində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimləri ilə bağlı şikayət edərək, o cümlədən bildirmişdir ki, hakimlər onun vəkilləri ilə görüşməsi üçün vaxtın və şəraitin uyğun olmadığına dair şikayətlərinə məhəl qoymamış və məhkəmə ərizəçinin müdafiə strategiyası ilə bağlı vəkilləri ilə məxfi müzakirələr aparmasına imkan yaratmaq üçün prosesdə qısa fasilələrin edilməsinə dair müdafiə tərəfinin vəsatətlərini dəfələrlə rədd etmişdir. Bunun əvəzinə onlar prokuror və hakimlərin iştirakı ilə bir-biri ilə məsləhətləşmələr aparmağa məcbur edilmişlər.
24. Ərizəçinin sözlərinə görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə əsasən yuxarıda qeyd edilən şikayətlərə məhəl qoymamışdır. Hökumətin bildirdiyinə görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin vəkilləri ilə görüşə dair şikayətlərini araşdırmış və xüsusilə 2007-ci il martın 30-da məsləhətləşmələr aparılması və müdafiənin hazırlanması üçün iclası təxirə salmışdır. Eyni zamanda, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə MTN-nin istintaq təcridxanasının fəaliyyətdə olan rəhbərinə məktub göndərərək ərizəçinin vəkili ilə görüşmək hüququnun olduğunu xatırlatmış və məhkəmə iclaslarının keçirilmədiyi günlərdə belə görüşlərin keçirilməsinə icazə verməyi xahiş etmişdir.
(b) Əlavə şahidlərin dindirilməsi ilə bağlı ərizəçinin vəsatətləri
25. İstər hazırlıq mərhələsində, istərsə də məhkəmə baxışında ərizəçi dəfələrlə müxtəlif maddi və prosessual-hüquqi məsələlər, o cümlədən əlavə şahidlərin dindirilməsi ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə vəsatətlər təqdim etmişdir. Bu vəsatətləri aşağıdakı kimi ümumiləşdirmək mümkündür.
(i) Özəlləşdirmə sahəsində saxtakarlığa yol verilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlara dair
26. 2007-ci il fevralın 15, 22 və 28-də və martın 6, 7, 12 və 30-da ərizəçi dövlət əmlakının qanunsuz olaraq özəlləşdirilməsi və satışına şərait yaradılması və vəzifə səlahiyyətlərindən digər formada sui-istifadə ilə bağlı ittihamlarla əlaqədar bir sıra şahidlərin çağırılaraq dindirilməsini xahiş etmişdir.
27. Bu məktublarında ərizəçi 2006-cı ilin 27 iyun, 11 avqust və 18 dekabr tarixli üç audit hesabatında əks olunmuş məlumatları mübahisələndirmişdir (yuxarıda 22-ci bəndə bax). O, buradakı məlumatların yanlış olduğunu və bir-birinə zidd getdiyini bildirmiş və müvafiq audit hesabatları üzərində işləmiş bəzi “ekspertlərin” onları imzalamaqdan imtina etdiyini və ya qeyd-şərtlə imzaladığını iddia etmişdir. Öz ifadələrində ərizəçi dəfələrlə məhkəmədən audit hesabatları üzərində çalışmış şəxsləri və hesabatların müəlliflərini, o cümlədən Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Departamentinin rəhbəri və nazirliyin digər üç ekspertini, Auditorlar Palatasının auditorunu, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sektor müdirini, nazir müavinini və İqtisadi İnkişaf Nazirliyinin digər iki yüksək rütbəli rəsmisini və digər şəxsləri çağıraraq şahid kimi dindirməyi xahiş etmişdir.
28. Bundan əlavə, ərizəçi qeyd etmişdir ki, o, Səhiyyə Nazirliyinin balansında olan dövlət əmlakını qanunsuz yolla özəlləşdirməkdə və satmaqda təqsirli bilinsə də, ölkə qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsinə görə məsuliyyət daşıyan orqanlar Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi (əvvəlki Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Şöbəsi) və İqtisadi İnkişaf Nazirliyidir. Yalnız bu qurumlar dövlət əmlakına sərəncam verə bilərlər. Buna görə də bu dövlət orqanları son olaraq sözügedən əmlakın satışını və özəlləşdirilməsini həyata keçirərək təsdiq etmişlər və son sənədlər də bu qurumların rəsmiləri tərəfindən imzalanmışdır. Ərizəçi daha sonra bildirmişdir ki, səhiyyə naziri və Səhiyyə Sistemində İslahatlar üzrə Dövlət Komissiyasının sədri kimi onun özəlləşdirmə prosesindəki rolu sadəcə olaraq özəlləşdirməsi təklif olunan əmlakların siyahısına müxtəlif obyektlərin salınması ilə bağlı Prezidentə və Nazirlər Kabinetinə təkliflər vermək, həmçinin hər bir hal üzrə Səhiyyə Nazirliyinin balansında olan konkret dövlət əmlakının özəlləşdirilməsinə etiraz etmədiyi ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə razılığını bildirməklə məhdudlaşdırdı. Buna görə də hətta müvafiq obyektlər qanunsuz yolla özəlləşdirilibsə belə, o, buna görə məsuliyyət daşıya bilməz, bütünlükdə özəlləşdirmə prosesinə və hər hansı sui-istifadə və ya qanunsuzluq faktının üzə çıxarılmamasına görə Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri məsuliyyət daşıyırlar. Bu səbəblərə görə ərizəçi öz izahatlarında dəfələrlə Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri və sabiq iqtisadi inkişaf nazirinin məhkəməyə şahid kimi çağırılaraq dindirilməsinin təkidlə xahiş etmişdir (sabiq iqtisadi inkişaf naziri cənab Fərhad Əliyevin cinayət işinə demək olar ki, eyni tarixlərdə inter alia, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə başqa bir məhkəmə prosesi çərçivəsində baxılmış və barəsində ittiham hökmü çıxarılmışdır).
29. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə 2007-ci il 15 fevral tarixində keçirilmiş ilk iclasında yuxarıda qeyd edilmiş vəsatəti araşdırmış və bununla bağlı tərəflərin ifadələrini dinləmişdir. İttiham tərəfi bildirmişdir ki, hazırkı mərhələdə belə bir vəsatətin verilməsi erkən xarakter daşıyır, belə ki, əlavə sübutların araşdırılmasının zəruri olub-olmadığı barədə qərar məhkəməyə təqdim edilmiş ittiham materialının məhkəmə tərəfindən araşdırılmasından sonra verilməlidir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə tərəflərin ifadələrini dinlədikdən sonra hər hansı əsas göstərmədən ərizəçinin vəsatətini rədd etmişdir.
30. 2007-ci il fevralın 22-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin təkrar vəsatətini araşdırmış və onu təmin etməmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, vəsatət vaxtından əvvəl, hazırlıq mərhələsində qaldırılmışdır və ona məhkəmə baxışı zamanı baxılacaqdır.
31. Ərizəçinin eyni məsələ ilə bağlı 2007-ci ilin 28 fevral və 6, 7, 12 mart tarixlərində edilmiş vəsatətlərinə gəlincə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə iclaslar zamanı onları rədd etmiş və bildirmişdir ki, daha sonrakı mərhələlərdə əlavə şahidlərin çağırılmasının zəruri olub-olmadığını müəyyənləşdirəcəkdir.
32. 2007-ci ilin 30 mart tarixində keçirilmiş məhkəmə iclası zamanı ərizəçi eyni vəsatəti qaldırmışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə vəsatəti rədd etmişdir. O qeyd etmişdir ki, eyni vaxtda keçirilmiş əvvəlki məhkəmə baxışları zamanı o, artıq Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin nümayəndələrini dinləmiş, bu qurumun rəsmiləri tərəfindən imzalanmış və özəlləşdirmə ilə bağlı olan, həmçinin bütün digər müvafiq sənədləri araşdırmışdır: buna görə də ərizəçinin bu qurumun müvafiq rəsmilərinin dindirilməsi ilə bağlı hissədə vəsatətinin artıq məsələyə aidiyyəti yoxdur və buna görə də o, rədd olunmalıdır. Auditi həyata keçirmiş və 2006-cı il 27 iyun, 11 avqust və 18 dekabr tarixli hesabatların müəllifi olmuş ekspertlərin çağırılması ilə bağlı vəsatətə gəlincə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin vəsatətini bu hissədə də rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, müvafiq hesabatlara növbəti iclaslarda baxılması zamanı məhkəmə bu hesabatlarda ziddiyyətlərin olduğunu və bunun aydınlaşdırılmasının zəruri olduğunu müəyyən edərsə, gələcək iclasların birində vəsatəti təmin edərək ekspertləri ifadə vermək üçün çağıra bilər.
33. Belə görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə növbəti iclaslarda da bu məsələyə baxmamışdır.
34. Məhkəmənin 2007-ci il 20 aprel tarixli qərarında (aşağıda bax) ərizəçinin əlavə şahidlərin dindirilməsi ilə bağlı prosessual vəsatətləri barədə heç nə qeyd edilmirdi.
(ii) Digər ittihamlarla bağlı
35. İbtidai istintaq zamanı Səhiyyə Nazirliyinin rəsmiləri, o cümlədən ərizəçinin əczaçılıq sahəsində lisenziyaların verilməsində korrupsiyaya yol vermələrinə dair ittihamları təsdiq etmək və sübuta yetirmək üçün istintaq orqanı tərəfindən çox sayda şəxs dindirilmişdir. İstintaq orqanı tərəfindən dindirilmiş bu şəxslərin heç də hamısı sonda məhkəmə baxışı zamanı ərizəçiyə qarşı ifadə verəcək şahidlərin siyahısına daxil edilməmişdir. Xüsusilə ibtidai istintaq zamanı keçirilmiş dindirmə zamanı lisenziya almaq üçün müraciət etdikləri zamanı onlardan rüşvət istənilmədiyi və rüşvət vermədikləri ilə bağlı ifadə vermiş şəxslər məhkəmə baxışı zamanı ifadə vermək üçün çağırılmamışdırlar. 2007-ci ilin 30 mart və 2 aprel tarixlərində ərizəçi ibtidai istintaq mərhələsində lisenziya ilə bağlı ərizələrinin təsdiq olunması üçün rüşvət vermədiklərini bildirmiş on bir şəxsin şahid kimi məhkəməyə çağırılmasını xahiş etmişdir. Belə aydın olur ki, o, ittiham tərəfinin korrupsiya ilə bağlı ittihamlarını “təkzib” etmək üçün bu şahid ifadələrindən istifadə etmək niyyətində idi. Bu vəsatətlər təmin olunmamışdır.
36. Bundan əlavə, ərizəçi müxtəlif ittihamlarla bağlı özəlləşdirilmiş obyektlərin və digər əmlakın dəyərinin müəyyənləşdirilməsi üzrə hesabatların müəllifləri olmuş şəxslərin, yeni səhiyyə nazirinin və həmin nazirliyin bəzi digər əməkdaşlarının, tələbələrin ali təhsil müəssisələrinə qəbulunu həyata keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, Yeni Azərbaycan Partiyasının sədr müavininin, Prezident Aparatının müxtəlif rəsmilərinin, ibtidai istintaqın müxtəlif mərhələlərində istintaq hərəkətləri həyata keçirmiş bir neçə müstəntiqin də şahid kimi çağırılmasını dəfələrlə xahiş etmişdir. Bu xahişlər də rədd edilmişdir.
(c) Hökm və cəza
37. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə 2007-ci il 20 aprel tarixli hökmü ilə ərizəçini 76932 nömrəli cinayət işi ilə bağlı ona qarşı irəli sürülmüş bütün ittihamlar üzrə təqsirli bilmiş və onu əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət qulluğunda rəsmi vəzifə tutmağı qadağan etməklə on bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi cinayətkar əməlləri ilə 15 000 000 AZN-dən çox maddi ziyan vurmuşdur və o, aşağıda təsvir edilmiş qaydada bu ziyanın ödənilməsinə görə məsuliyyət daşıyır.
38. İlkin olaraq məhkəmə mülki iddianı qismən təmin edərək qanunsuz yolla özəlləşdirilmiş əmlakın natura formasında Səhiyyə Nazirliyinin balansına verilməsinə göstəriş vermişdir. Bu, vurulmuş maddi ziyanı qismən təmin etmişdir. Digər tərəfdən, məhkəmə qanunsuz yolla özəlləşdirilmiş obyektlərin bir hissəsinin hazırda vicdanlı alıcılara məxsus olduğunu müəyyən etmiş və buna görə də bu obyektlərlə bağlı hissədə mülki iddianı təmin etməmişdir.
39. Mülki iddianın qismən təmin edilməsindən sonra ödənilməli olan maddi ziyanın qalan hissəsinə gəlincə, məhkəmə müəyyən etmişdir ki, ərizəçi 527 087 AZN-nin ödənilməsinə görə şəxsən, 7 937 822 AZN-nin ödənilməsinə görə isə digər üç təqsirləndirilən şəxslərlə birgə məsuliyyət daşıyır. Bu vəsaitin əvəzi kimi məhkəmə Cinayət Məcəlləsinin 179.3.2.-ci maddəsinin sanksiyasındakı müsadirə ilə bağlı normanı tətbiq edərək ərizəçinin aşağıdakı əmlakının müsadirə edilməsinə göstəriş vermişdir: a) onun evində tapılmış və dəyəri 1 040 486 AZN olan müxtəlif qiymətli metallar və zinət əşyaları; b) evində tapılmış 1 309 295 ABŞ dolları məbləğində nağd vəsait; c) evində tapılmış 884 475 avro məbləğində nağd vəsait; d) evində tapılmış 8 984 AZN məbləğində nağd vəsait; e) ümumi dəyəri 3 655 179, 90 AZN olan on bir ev və apartament (qaraj kimi köməkçi binalarla birgə); f) dəyəri 54 000 AZN olan avtomobil.
3. Şikayətlər
40. Ərizəçi hökmdən şikayət verərək təqsirsiz olduğunu iddia etmiş və digər məsələlərlə yanaşı ona qarşı irəli sürülmüş bütün ittihamların mümkünsüz, işə aidiyyəti olmayan və qeyri-qənaətbəxş sübutlar üzərində qurulduğunu, müdafiəsinin hazırlanması üçün ona adekvat vaxt və imkanlar verilmədiyini, vəkilləri ilə məxfi şəraitdə görüşməyinə imkan yaradılmadığını və dəfələrlə vəsatət verməsinə baxmayaraq, istintaq orqanının və məhkəmənin ifadələri işin nəticəsi üçün həlledici əhəmiyyətə malik olacaq şahidləri dindirmək üçün çağırmadıqlarını bildirmişdir. Digər təqsirləndirilən şəxslər və cavabdehlər də müxtəlif əsaslarla hökmdən şikayət vermişlər.
41. 2007-ci il sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etmiş və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmünü ərizəçi ilə bağlı hissədə qüvvəsində saxlamışdır. Ərizəçi və onun vəkilləri apellyasiya prosesində iştirak etmişlər.
42. Ərizəçi qərardan kassasiya şikayəti verərək şikayətlərini təkrar etmişdir. İşə ərizəçinin vəkilinin iştirakı ilə, lakin onun özü olmadan baxılmışdır. 2008-ci il yanvarın 16-da Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməmiş və aşağı məhkəmənin hökmünü ərizəçi ilə bağlı hissədə qüvvədə saxlamışdır.
B. Ərizəçinin səhhəti və ona göstərilmiş tibbi müalicə
1. Müvafiq faktların xülasəsi
43. Hazırkı işlə bağlı hadisələrin baş verməsindən çox illər öncə ərizəçi cavan yaşında ikən ağciyər vərəmindən əziyyət çəkmişdir. Belə görünür ki, onun müalicəsi uğurla həyata keçirilmiş və həmin dövrdən sonra onun vərəmi remissiya dövründə olmuşdur.
44. Ərizəçi həbsindən öncə, 2005-ci ilin fevralında Almaniyanın Münhen şəhərində maqnit-nüvə rezonansı tomoqrafiyasından (“MRT”) keçmiş və ona “onurğaarası L3-L4 diskinin yırtığı” diaqnozu qoyulmuşdur. Ona terapevtik müalicənin davam etdirilməsi tövsiyə edilmiş və simptomların qalacağı təqdirdə cərrahiyə əməliyyatının zəruri ola biləcəyi bildirilmişdir.
45. Ərizəçi həbs edildikdən sonra 2005-ci il oktyabrın 20-dən 2007-ci il aprelin 20-ə qədər MTN-nin istintaq təcridxanasında saxlanmışdır. 2007-ci il aprelin 20-dən sentyabrın 28-ə qədər o, 1 saylı istintaq təcridxanasında saxlanmış, sonra isə 13 saylı cəzaçəkmə müəssisəsinə keçirilmişdir. O, hazırkı dövrə qədər bu müəssisədə öz cəzasını çəkir. Ərizəçi burada yüzdən çox məhbus üçün nəzərdə tutulmuş böyük kamerada saxlanılır. Ərizəçinin sözlərinə görə, bütün bu müəssisələrdə saxlama şəraiti pis olmuşdur (aşağıda 71-79-cu bəndlərə bax).
46. Saxlandığı dövrdə ərizəçi mütəmadi olaraq səhhəti ilə bağlı problemlərdən şikayət etmişdir. Aşağıda ərizəçinin saxlama yerində müalicəsi ilə bağlı onun özü və Hökumət tərəfindən verilmiş məlumatlar əks olunmuşdur.
47. 2006-cı il fevralın 2-də MTN-nin tibbi ekspertləri ərizəçini müayinə etmiş və ona aşağıdakı diaqnozu qoymuşdurlar: onurğa sütunu diskinin yırtığı; osteoxondroz; yüksək qan təzyiqi, I mərhələ; sol böyrəyin funksiyasının itirilməsinə səbəb olmayan bir kameralı kistası; postxolesistektomik vəziyyət; xroniki qalıq hepatiti remissiya mərhələsində və yüngül nevroz əlamətləri.
48. 2006-cı il yanvarın 16-da ərizəçini neyrocərrahiyyə xəstəxanasının baş həkimi müayinə etmiş və konservativ müalicə almağı və yenidən MRT-dən keçməyi tövsiyə etmişdir. Müvafiq tibbi rəylərə əsasən ərizəçi bu müalicəni almaqdan imtina etmişdir. Lakin ərizəçinin dediklərinə görə, 2006-cı il 16 yanvar tarixli rəydə göstərilənlərin əksinə, o, MRT-dən keçməkdən imtina etməmişdir.
49. 2006-cı il mayın 16-da ərizəçini Səhiyyə Nazirliyinin baş ftiziatrı, 2006-cı il mayın 20-də isə Nevrologiya Mərkəzinin direktoru müayinə etmişdir. Bu müayinələr nəticəsində ərizəçinin cərrahiyyə əməliyyatına ehtiyacı olduğu müəyyən edilməmişdir.
50. 2006-cı il fevralın 25-dən martın 8-ə qədər və həmin il mayın 30-dan iyunun 8-ə qədər ərizəçi Ədliyyə Nazirliyinin Tibb İdarəsinin nevrologiya şöbəsində stasionar müalicə almışdır. Ərizəçiyə onurğa sütunu diskinin yırtığı diaqnozu qoyulmuş və cərrahiyyə əməliyyatına zərurətin olub-olmadığı barədə qərar qəbul etməzdən öncə, yenidən MRT-dən keçmək təklif olunmuşdur. Müvafiq sənədlərə görə, ərizəçi bu təklifi rədd etmiş və yalnız konservativ müalicə almışdır.
51. Lakin ərizəçinin sözlərinə görə, o, MRT və ya cərrahiyyə əməliyyatından imtina etməmişdir. O, iddia olunan imtinası ilə bağlı tibbi rəylərin “həqiqəti əks etdirmədiyini”, belə ki, burada onun imzasının olmadığını bildirmişdir. O qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin nevrologiya şöbəsində neyrocərrahiyyə şöbəsi və cərrahiyyə əməliyyatı aparmaq üçün mütəxəssislər yoxdur və buna görə də o, əməliyyatın Bakının neyrocərrahiyyə klinikalarından birində aparılmasını xahiş etmiş, lakin onun xahişinə cavab verilməmişdir. Onun sözlərinə görə Ədliyyə Nazirliyinin Tibb İdarəsində müalicəsi qəfildən dayandırılmış və o, kameraya qaytarılmışdır.
52. Müvafiq tibbi sənədlərə görə, ərizəçi 2007-ci il aprelin 20-də 1 saylı istintaq təcridxanasına keçirilən zaman səhhəti ilə bağlı ciddi şikayətləri olmamışdır. 2007-ci ilin iyunun 9-da onu Ədliyyə Nazirliyinin Tibb İdarəsinin nevrologiya və terapiya şöbəsinin mütəxəssisləri müayinə etmiş və bu zaman stasionar və ya ambulator müalicənin aparılmasına zərurətin olmadığı müəyyənləşdirilmişdir. Müvafiq sənədlərə görə, 2007-ci il iyunun 2-si və 4-də ərizəçi qan və sidik analizi verməkdən imtina etmişdir. İyunun 6-da ərizəçi vəkillərinin yanında ultrasəs müayinəsi keçməkdən imtina etmişdir. 2007-ci ilin sentyabrında cərrahiyyə əməliyyatına zərurətin olub-olmadığını müəyyənləşdirmək üçün ərizəçiyə özəl tibb klinikasında (N.Tusi adına Klinika) MRT müayinədən keçmək təklif olunmuşdur. Müayinə sentyabrın 25-ə təyin olunsa da, keçirilməmişdir. Hökumətin bildirdiyinə görə, ərizəçi həmin tarixdə N.Tusi adına Klinikaya getməkdən imtina etmişdir. Ərizəçinin sözlərinə görə, o, hər hansı müayinədən keçməkdən imtina etməmişdir və müvafiq sənədlər saxtalaşdırılıb.
53. Hökumətin bildirdiyinə görə, 2008-ci ilin yanvar-fevral aylarında ərizəçinin kürək nahiyəsində ağrılardan şikayət etməsi ilə bağlı olaraq ona üç dəfə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə keçirilmək təklif olunmuş, lakin o, bu təklifləri rədd etmişdir. Ərizəçinin sözlərinə görə, 2008-ci ilin qışında ona doğrudan da Müalicə Müəssisəsinə keçirilmək təklif olunmuşdur. Lakin onun müəssisəyə “dəmir örtüklü içərisi isidilməyən yük maşınında” aparılması nəzərdə tutulurdu ki, bu da onun səhhəti üçün uyğun deyildi. Ərizəçi kürək və ayaq nahiyələrində ağrılarla bağlı rahat şəkildə oturub-dura bilmədiyindən və belə bir maşında daşınmasına tab gətirməsi çətin olduğundan o, yazılı şəkildə müraciət edərək təcili tibbi yardım maşını ilə uzanmış şəkildə aparılmasını xahiş etmiş və nəqliyyat xərclərinin özü tərəfindən ödənilməsini təklif etmişdir. Onun bu xahişi təmin olunmamışdır.
54. Ərizəçinin sözlərinə görə, onurğaarası diskdə yırtığın olması ilə əlaqədar onun kürək və ayaq nahiyələrindəki möhkəm ağrılar davam etmişdir. 13 saylı cəzaçəkmə müəssisəsinin soyuq, hava dövranı olmayan kamerasında saxlanılması onun səhhətindəki problemlərin daha da ağırlaşmasına səbəb olmuşdur.
2. Məhkəmə baxışları və sonrakı tibbi müalicə
55. 2008-ci il avqustun 14-də ərizəçi xəstəliyinin xarakteri barədə ətraflı məlumat vermədən Avropa Məhkəməsindən Məhkəmənin Prosedur Qaydalarının 39-cu qaydasına əsasən adekvat müalicə alması və xəstəliyinə uyğun şəraitdə saxlanılması ilə bağlı Hökumətə göstəriş verməyi xahiş etmişdir. Buna cavab olaraq ərizəçidən xəstəliyi və şikayətləri barədə daha ətraflı məlumat verməsi xahiş olunmuşdur. Ərizəçi xahişi yerinə yetirmişdir. O, inter alia, yırtılmış diskinin müalicəsi üçün cərrahiyyə əməliyyatının aparılmasının zəruri olduğunu bildirmişdir.
56. 2008-ci il sentyabın 16-da Avropa Məhkəməsi Məhkəmənin Prosedur Qaydalarının 49-cu qaydasının 3-cü bəndinə uyğun olaraq ərizəçinin saxlandığı bütün dövr ərzində aldığı tibbi müalicə barədə məlumat verməyi Hökumətdən xahiş etmişdir. Bunun cavabında Hökumət yuxarıda xülasəsi verilmiş informasiyanı təqdim etmişdir və bu informasiya bir neçə tibbi sənəd ilə təsdiq olunurdu. Ərizəçiyə Hökumətin izahatlarına dair öz fikirlərini bildirmək imkanı yaradılmışdır. İş ilə bağlı bu fikirlər də yuxarıdakı xülasəyə daxil edilmişdir.
57. Palatanın sədri tərəflərin izahatlarını nəzərdən keçirərək 2008-ci il noyabrın 25-də Məhkəmənin Prosedur Qaydalarının 39-cu qaydasına uyğun olaraq gələcəkdə xəbərdarlıq edilənə qədər aşağıdakı müvəqqəti xarakterli tədbirləri görmək barədə Hökumətə göstəriş vermişdir:
“- ərizəçini dərhal Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə keçirmək;
- ərizəçinin konkret problemlərinə (xüsusilə, diskin yırtığı problemi) diaqnoz qoyulması və bu problemin aradan qaldırılması üçün uzunmüddətli və ya dərhal müalicənin, o cümlədən cərrahiyyə əməliyyatının tələb olunub-olunmadığı ilə bağlı nəticəyə gəlmək üçün Hökumət və ərizəçinin hər biri tərəfindən mümkün qədər tez bir vaxtda və tərəflərin lüzumsuz gecikdirməyə yol vermədən, paritet əsasda Azərbaycanın tibb sahəsində ixtisaslı ekspertləri sırasından təyin etdikləri üç nəfərdən (ümumilikdə altı nəfər) ibarət tərkibdə tibbi komissiya yaratmaq;
- yuxarıda qeyd edilmiş tibbi komissiyanın gəldiyi nəticə əsasında Hökumət 2009-cu il yanvarın 20-ə qədər ərizəçinin müalicəsi ilə bağlı müvafiq və ətraflı planı tərtib edərək Məhkəməyə göndərməlidir”.
58. 2009-cu il 19 yanvar tarixində Hökumət görülmüş tədbirlər barədə Məhkəməyə məlumat vermişdir.
59. Xüsusilə, Hökumət tərəfindən təqdim edilmiş sənədlərə görə, 2008-ci il dekabrın 12-də ərizəçi Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə keçirilmişdir. Paritet əsasda tibbi komissiya yaradılmışdır. Komissiyanın tərkibinə iki neyrocərrah, iki ftiziatr və iki uro-nefroloq daxil idi. 2008-ci il 22-24 dekabr arasında ərizəçi bir neçə tibbi müayinədən keçmiş, o cümlədən MRT testi edilmiş, sidik, qan, biokimyəvi, ultrasəs və digər analizlər götürülmüşdür. Tibbi komissiya bir neçə dəfə ərizəçini müayinə etmişdir. Əlavə olaraq zəruri analizlərin və müayinələrin keçirilməsi üçün kardioloqlar, qastroenteroloq və stomatoloq dəvət olunmuşdur.
60. 2009-cu il yanvarın 10-da tibbi komissiya ərizəçi və onun vəkilinin iştirakı ilə yekun rəyini qəbul etmişdir. Komissiya ərizəçinin aşağıdakı ilkin və ikinci dərəcəli xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir: L3-L4 onurğa sütunu diskinin yırtığı; osteoxondroz; yüngül formada qan təzyiqi artıqlığı, II mərhələdə; sağ ağ ciyərin qeyri-aktiv (müalicə olunmuş) vərəminin qalıq əlamətləri; sol böyrəyin bir kameralı kistası; xroniki kolit və birinci dərəcəli disbakterioz əlamətləri. Bununla belə komissiya yekdilliklə qərara gəlmişdir ki, onun vəziyyəti kritik deyil və heç bir cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Onun ümumi vəziyyəti qənaətbəxş hesab edilmişdir. Qeyd edilmişdir ki, o, tam şəkildə özünü idarə edir və əl ağacından istifadə etməklə hərəkət edə bilər. Diaqnoz qoyulmuş patologiyalar xroniki xarakter daşıyır və yavaş-yavaş inkişaf edir. Bu isə “konservativ” müalicə tələb edir ki, onu da ambulator və ya stasionar qaydada aparmaq mümkündür.
61. Komissiya ərizəçinin səhhətindəki problemlərin həlli üçün uzunmüddətli və ətraflı müalicə planı tərtib etmişdir. Burada qeyd olunmuşdur ki, birinci ay ərizəçi Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində stasionar müalicə alacaq, sonra isə stasionar xəstə ambulator müalicə almaq üçün cəzaçəkmə müəssisəsinə keçirilə bilər. Planda müvafiq müalicə kursu, o cümlədən dərmanların və tövsiyələrin geniş siyahısı əks olunmuşdur. Komissiyanın rəyinə görə, ərizəçi diaqnoz və müalicə planı ilə razılaşmışdır.
62. 2009-cu il 2 fevral tarixində ərizəçi Hökumətin izahatları ilə bağlı qeydlərini təqdim etmişdir. Ərizəçinin birgə tibbi komissiyanın gəldiyi nəticələrin Hökumət tərəfindən yanlış “təfsir” edildiyini iddia etdiyi görünsə də, o, komissiyanın rəyinə və ya təyin etdiyi müalicə planına açıq şəkildə etiraz etməmişdir.
63. 2009-cu il fevralın 12-də Palatanın sədri Məhkəmənin Prosedur Qaydalarının 39-cu qaydası əsasında müəyyən edilmiş müvəqqəti xarakterli tədbirləri ləğv etmək qərarına gəlmişdir.
64. Birgə tibbi komissiya tərəfindən təyin edilmiş müalicə 2009-cu il martın 16-a qədər Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində stasionar qaydada aparılmışdır.
65. 2009-cu il martın 7-də ərizəçini birgə tibbi komissiyanın üzvü olmamış neyrocərrah müayinə etmişdir. O, ərizəçinin səhhətində müsbət dəyişikliklərin olduğunu qeyd etmiş və disk yırtığının müalicəsinin davam etdirilməsinə zərurətin olmadığını bildirmiş, lakin bel korseti taxmağı tövsiyə etmişdir.
66. 2009-cu il martın 14-də ərizəçini birgə tibbi komissiyanın üzvü olmuş iki neyrocərrah müayinə etmişdir. Müayinə nəticəsində ərizəçinin periferik əsəb sistemində hər hansı patologiya aşkar olunmamışdır. Onlar ərizəçinin ağrılarla bağlı şikayətlərini nəzərə alaraq onurğa sütunu və sol bud nahiyəsinə iki müxtəlif tibbi mazın sürtülməsini tövsiyə etmişlər.
67. 2009-cu il martın 16-da ərizəçi yenidən 13 saylı cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Hökumətin bildirdiyinə görə, onun müalicəsi birgə tibbi komissiyanın təsvir etdiyi kimi ambulator qaydada aparılmışdır. Ərizəçinin sözlərinə görə, müalicə komissiyanın göstərişlərinə uyğun aparılmamışdır.
68. Ərizəçi ağrılarla bağlı dəfələrlə etdiyi şikayətlərdən sonra 2009-cu il aprelin 10-da neyrocərrah tərəfindən müayinə olunmuş və ona terapevtik ultrasəs avadanlığı Reton vasitəsilə müalicə müəyyən edilmişdir. Hökumətin bildirdiyinə görə, 13 saylı cəzaçəkmə müəssisəsinin tibbi-sanitariya qovşağı qısa bir müddət ərzində bu avadanlığı əldə etmiş və müalicə davam etdirilmişdir. Ərizəçinin sözlərinə görə, ona bu müalicə göstərilməmişdir.
69. Vərəmin təkrarlanmasının qarşısını almaq üçün preventiv müalicəyə gəlincə, birgə tibbi komissiya bununla bağlı vərəmə qarşı dərmanlar, o cümlədən Rifampisin və İzoniazidin dərmanlarını qəbul etməyi tövsiyə etmişdir. Müalicənin 2009-cu ilin mart ayından başlanması nəzərdə tutulurdu. Lakin ərizəçi Rifampisin qəbul etməkdən imtina etmiş və onun əvəzinə Pirazinamid istəmişdir. Sonra ərizəçi Rifampisin qəbul etməyə razılaşmış və müalicə 2009-cu il aprelin 8-də başlanmışdır.
70. 2009-cu ilin aprelindən başlayaraq ərizəçi ambulator qaydada müalicə almış, ona gündə qan təzyiqini tənzimləmək üçün iki, vərəmin təkrarlanmasının qarşısını almaq üçün iki dərman verilmiş və onurğa sütunu diskinin yırtığının yaratdığı ağrılara qarşı iki mazdan istifadə olunmuşdur. Ona günün “böyük bir hissəsini” kameradan kənarda açıq havada keçirməsinə imkan yaradılırdı. Lakin ərizəçinin sözlərinə görə, onun müalicəsi səmərəsiz olmuşdur, belə ki, bunun nəticəsində onun xəstəliyi müalicə olunmamış və vəziyyəti yaxşılaşmamışdır.
C. Saxlanma şəraiti
1. Ərizəçinin versiyası
71. 2005-ci il oktyabrın 20-dən 2007-ci il aprelin 20-ə qədər ərizəçi MTN-nin istintaq təcridxanasının təkadamlıq kamerasında saxlanmışdır. Bu kamera gündüzlər pis işıqlandırılır, gecələr isə işıq söndürülmürdü.
72. 2007-ci ilin 20-30 aprel tarixləri arasında ərizəçi 1 saylı istintaq təcridxanasının dörd məhbus üçün nəzərdə tutulmuş 119 saylı kamerasında saxlanmışdır. Kameranın sahəsi 9,6 kv.m və ya başqa sözlə adambaşına 2,4 kv.m. idi.
73. 2007-ci il aprelin 30-dan 2007-ci il sentyabın 28-ə qədər ərizəçi 1 saylı istintaq təcridxanasının başqa bir kamerasında, 1 saylı kamerada saxlanmışdır. Bu kameranın sahəsi 15,84 kv.m. və ya adambaşına 1,98 kv.m. idi. Kameranın havası dəyişdirilmirdi. İçəridə hava rütubətli və kamera üfunətli və boğucu idi. İçəri kifayət qədər isti idi. Ayaqyolunun yerləşdiyi sahə ilə stol və çarpayıları ayıran divar və ya hər hansı başqa ayırıcı yox idi. Ərizəçi ayaqyoluna yaxın bir yerdə yemək yeməli olurdu.
74. İstər MTN-nin istintaq təcridxanasında, istərsə də 1 saylı istintaq təcridxanasında ərizəçiyə gündə yalnız yarım saat “gəzinti” imkanı verilirdi və bu gəzinti xüsusi olaraq bu məqsədlər üçün təyin edilmiş kiçik bir ərazidə həyata keçirilirdi. Bu müəssisələrdə radio və ya televiziya, yaxud hər hansı başqa əyləncə forması mövcud deyildi. Ərizəçiyə yalnız rəsmi dövlət qəzetlərini oxumağa icazə verilirdi.
75. 2007-ci il sentyabrın 28-dən başlayaraq ərizəçi cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkməyə başladı. O, 128 məhbusun saxlanılması üçün nəzərdə tutulmuş 225 kv. metrlik kamerada saxlanılırdı. Ərizəçinin sözlərinə görə, əsasən kamera tam dolu olurdu (128 məhbus), lakin bəzən müəyyən məhbuslar cəza müddətlərini çəkdikləri üçün azadlığa buraxıldıqlarına görə məhbusların sayı az olurdu.
76. Kameranın içərisində hava boğanaq və rütubətlidir və bura siqaret tüstüsü ilə doludur. Məhbuslar paltarlarını qurutmaq üçün kameranın içərisində asırlar (bu, güman ki, paltar asmaq üçün müvafiq avadanlığın olmaması ilə bağlıdır).
77. Kamerada istilik sistemi, daimi su və təbii qaz təchizatı yoxdur. Qışda içəridə temperatur donma dərəcəsinə qədər enir. Bununla bağlı ərizəçinin vəkilinin xahişinə cavab olaraq Azərbaycanın İşgəncələr əleyhinə komitəsinin (qeyri-hökumət təşkilatı) rəhbəri 2007-ci il dekabrın 30-da ona məlumat vermişdir ki, 2007-ci il dekabrın 25-də şəxsən 13 saylı cəzaçəkmə müəssisəsinə gedərək ərizəçi ilə görüşmüş və aşağıdakıların şahidi olmuşdur: a) ərizəçinin saxlandığı kamerada istilik sistemi mövcud deyildir; b) kameranın dəhlizi betondandır və c) kamerada heç bir təbii qaz xətti yoxdur.
78. 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan təxminən 700-dən 950-yə qədər olan məhbus üçün nəzərdə tutulmuş sadəcə yeddi duş və on dörd ayaqyolu vardır. Ayaqyolularda sanitar vəziyyət pisdir və günlərlə su gəlmir ki, buna görə də məhbuslar ayaqyolundan istifadə etmək üçün şüşə qablarda su gətirərək növbədə durmağa məcbur olurlar.
79. Saxlandığı bütün yerlərdə ərizəçi ailəsi tərəfindən gətirilən yataq dəsti və paltardan istifadə etməli olmuşdur. Belə ki, ona bu ləvazimatlar verilmirdi. Ərizəçi səhhəti ilə bağlı özü üçün zəruri hesab etdiyi xüsusi dietik yeməklər ilə təmin olunmadığını və buna görə də yalnız ailəsi tərəfindən ayda iki dəfə paketdə onun üçün gətirilən ərzaq ilə qidalandığını bildirmişdir.
2. Hökumətin versiyası
80. Hökumət 1 saylı istintaq təcridxanasının 2009-cu ildə (dəqiq tarix göstərilməmişdir) dağıdıldığını əsas gətirərək müəssisəyə baxış keçirilməsinin və ya onun şəraiti barədə ətraflı məlumat verilməsinin mümkün olmadığını iddia etmişdir. Bunun əvəzinə istər 1 saylı istintaq təcridxanası, istərsə də 13 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı Hökumət Nəsimi rayon məhkəməsinin saxlanma şəraitinin pis olması ilə bağlı işə baxan zaman 2007-ci il 2 noyabr tarixində qəbul etdiyi qətnaməyə (aşağıda 92-96-cı bəndlərə bax) istinad etmişdir.
81. Bundan əlavə, Hökumət müxtəlif ölkədaxili qaydalara və cəzaçəkmə müəssisələrinə dair təlimatlara istinad edərək 13 saylı cəzaçəkmə müəssisəsi barədə aşağıdakı məlumatı vermişdir.
82. Ərizəçinin saxlandığı kamera 116 məhbus üçün nəzərdə tutulmuşdu. Lakin ərizəçinin gəlişindən sonra kamerada bütün vaxt ərzində yalnız 70-dən 90-a qədər məhbus saxlanmışdır. 2009-cu ilin yanvarına qədər “kamera elektrik qızdırıcılar vasitəsilə isidilirdi”. 2009-cu ilin yanvarında kamerada mərkəzi istilik sistemi quraşdırılmışdır. Hökumət dediklərinin sübutu kimi yeni isitmə sisteminin şəkillərini təqdim etmişdir.
83. Hər bir məhbusa həftədə azı bir dəfə hamam qəbul etmək imkanı yaradılır. Onların alt paltarları və yataq dəstləri mütəmadi olaraq dəyişdirilir. Ərizəçi kamerada axar sudan istifadə edə bilər. Hər bir məhbusun çarpayı, şkaf və stula malik olmaq hüququ vardır. Həmçinin hər bir məhbusun fərqi yataq dəsti və digər vasitələr, o cümlədən iki növ adyal, döşək, balış, iki döşəkağı, iki balışüzü və iki dəsmal ilə təmin olunmaq hüququ vardır.
84. Müvafiq qaydalara əsasən məhkumlar gündə üç dəfə dövlət hesabına yeməklə təmin olunurlar. Gündəlik ərzaq norması 3365 kaloridir və bura çörək, müxtəlif dənli bitkilər, vermeşil, balıq, piy, marqarin, tərəvəz yağı, şəkər tozu, quru çay, duz, kartof, tərəvəz, dəfnə yarpağı, tomat pastası, duzsuz təzə kərə yağı və yumurta daxildir. Xüsusi menyu hər həftə üçün müəyyən edilir. Siqaret çəkənlərə hər on gündə 100 siqaret verilir. Məhbuslara, həmçinin öz hesablarına ərzaq və müəyyən məbləğdə digər zəruri mallar almağa icazə verilir. Kameralar müxtəlif stolüstü oyunlar, məhkumların saxlandığı binalar isə radio və televiziya ilə təchiz olunur.
85. Müvafiq ölkədaxili qanunvericilik, həmçinin dövlət hesabına paltar almaq hüququnu da təsbit edir. Kişi məhbuslar aşağıdakı geyim əşyalarını almaq hüququna malikdirlər: iki növ baş geyimi, isti gödəkcə, iki “işçi” paltarı, iki pambıq köynək, iki dəst nazik və isti alt paltarları, iki qolsuz canlıq, iki dəst alt paltarı, üç dəst pambıq corab, iki dəst yarı yun corab, iki dəst ayaqqabı, bir cüt şap-şap, pambıqdan kəmər və bir cüt pambıq əlcək. Verilən hər geyim əşyasının spesifik xüsusiyyətlərindən asılı olaraq bir ildən üç ilə qədər istifadə edilməsi nəzərdə tutulur. Məhbuslar öz hesablarına geyinilməsinə icazə verilən əlavə ayaqqabı, paltar və idman geyimi ala bilərlər.
D. Ərizəçinin tibbi müalicənin göstərilməməsi və saxlanma şəraitinin pis olması iddiaları ilə bağlı kompensasiya almaq cəhdləri
86. 2007-ci il mayın 14-də ərizəçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı Səbail rayon məhkəməsində mülki qaydada iddia qaldıraraq saxlanma şəraiti və adekvat tibbi müalicənin göstərilməməsi barədə şikayət etmişdir.
87. 2007-ci il mayın 28-də Səbail rayon məhkəməsi iddiaya baxmaqdan imtina etmiş və bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia Nəsimi rayon məhkəməsində qaldırılmalıdır.
88. 2007-ci ilin iyununda ərizəçi vəkili vasitəsilə Nəsimi rayon məhkəməsində mülki qaydada iddia qaldıraraq Ədliyyə Nazirliyini və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini cavabdeh kimi göstərmişdir. O, şikayət edərək bildirmişdir ki, ona zəruri stasionar müalicə göstərilməmişdir, məhkəməyə qədər və məhkəmədən sonra saxlanma şəraiti pis olmuş və səhhətinə uyğun gəlməmiş, ibtidai həbs müddətində ona qəzet verilməmiş və 13 saylı cəzaçəkmə müəssisəsinə keçirilməsi qanunsuz olmuşdur, belə ki, bu müəssisə onun yaşayış yerindən kifayət qədər uzaqda yerləşir.
89. 2007-ci il iyunun 19-da Nəsimi rayon məhkəməsi işə baxmaqdan imtina etmiş və bunu iddia ərizələrinin sürətlərinin sayı və ərizəçinin vəkilinin etibarnaməsinin notarial qaydada təsdiq edilməməsi kimi formal tələblərə əməl olunmaması ilə izah etmişdir. Belə görünür ki, ərizəçi sonradan bu formal tələblərə əməl etmiş və Nəsimi rayon məhkəməsi işi icraata qəbul etmişdir.
90. İşin mahiyyəti ilə bağlı məsələlərə baxmazdan öncə, 2007-ci ilin avqustunda ərizəçinin vəkili məhkəmədən, inter alia, ərizəçinin məhkəmə baxışında şəxsən iştirakının təmin olunmasını xahiş etmişdir. Bu xahiş təmin olunmamışdır. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, ərizəçi hüquqi nümayəndəsi vasitəsilə işinin səmərəli şəkildə müdafiəsini həyata keçirə bilər və onun mülki iş üzrə məhkəmə baxışında iştirakının təmin olunması ona qarşı eyni vaxtda gedən cinayət işinin baxılmasına mane ola bilər.
91. Ərizəçinin işinə mahiyyəti üzrə baxan Nəsimi rayon məhkəməsi tibbi sənədləri, o cümlədən MTN-nin tibbi ekspertlərinin 2006-cı il 2 fevral tarixli rəyini (yuxarıda 47-ci bəndə bax) nəzərə almışdır. Məhkəmə iclası ərizəçi olmadan onun vəkilinin iştirakı ilə keçirilmişdir.
92. Nəsimi rayon məhkəməsi 2007-ci il 2 noyabr tarixli qətnaməsi ilə ərizəçinin şikayətini təmin etməmişdir. Məhkəmə stasionar müalicənin aparılmamasına dair şikayətlə bağlı qərara gəlmişdir ki, ərizəçi özü dəfələrlə tibbi analizlər verməkdən və ona təklif olunan müalicə kursunu keçməkdən imtina etmişdir. Hər bir halda tibbi müayinələr stasionar müalicənin keçirilməsinə hər hansı zərurətin olmadığını müəyyən etmişdir.
93. 1 saylı istintaq təcridxanasında saxlanma şəraitinin pis olması ilə bağlı iddialara gəlincə, məhkəmə bu iddiaların əsassız olduğunu qət etmişdir. Xüsusilə məhkəmə digər məsələlərlə yanaşı qeyd etmişdir ki, ərizəçi ümumi sahəsi 15,84 kv.m., səkkiz çarpayısı, iki pəncərəsi, iki elektrik lampası və daimi su təchizatı olan kamerada saxlanılmışdır. Kamera səkkiz nəfər üçün nəzərdə tutulsa da, “vaxtın çox hissəsi” burada yalnız altı məhbus saxlanılmışdır. Buna görə də hər məhbusa 2.64 kv.m. sahə düşürdü ki, bu da məhkəməyəqədər saxlama yerləri üçün ölkə daxili qanunvericilik ilə müəyyən edilmiş minimum standarta, 2,5 kv.m-ə uyğun idi.
94. Qəzet oxumağa qadağa qoyulması iddiası ilə bağlı məhkəmə qərara gəlmişdir ki, iddia əsassızdır və ərizəçiyə faktiki olaraq istintaq təcridxanasının müdiriyyətindən dörd rəsmi qəzet almağa, ya da vəkili və ya qohumları tərəfindən verilən başqa qəzetləri almağa icazə verilmişdir.
95. Nəhayət, ərizəçinin 13 saylı cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəmə bunun qanuni olduğunu və həmin cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin adekvat olduğunu qət etmişdir. O qət etmişdir ki, ərizəçinin saxlandığı kameranın ümumu sahəsi 240 kv.m. idi. Burada on böyük pəncərə var idi və kameranın işıqlandırılması və hava dövranı lazımı səviyyədə idi. Ayaqyolu və digər sanitariya qovşaqları ayrıca yerləşirdi və daimi elektrik və su təchizatı var idi. Kamerada qırx dörd ikiyaruslu çarpayı olsa da, burada müvafiq vaxtda ümumilikdə yetmiş məhbus saxlanılırdı.
96. Məhkəmə ərizəçiyə adekvat tibbi yardım göstərildiyi və saxlanma şəraitinin qeyri-insani və ya alçaldıcı hesab edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Buna görə də o, iddiaları təmin etməmişdir.
97. Ərizəçi Nəsimi rayon məhkəməsinin 2007-ci il 2 noyabr tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, işə apellyasiya instansiyasında baxılması zamanı iştirakının təmin olunması barədə vəsatət vermiş və məhkəmədən saxlanma şəraitinin yerində yoxlanılmasını xahiş etmişdir. Onun xahişləri təmin olunmamışdır. 2008-ci il fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır.
98. 2008-ci il iyunun 3-də Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN SƏNƏDLƏRİ
99. Mübahisənin baş verdiyi vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 51-ci maddəsində qeyd edilirdi:
Maddə 51. Əmlak müsadirəsi
51.1. Əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
51.2. Əmlak müsadirəsi yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur.
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.
100. Mübahisənin baş verdiyi vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 179-cu maddəsində qeyd edilirdi:
Maddə 179. Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə —
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə;
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə —
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
101. Cəzaların İcrası Məcəlləsinin 113.1-ci maddəsində qeyd olunur:
“Ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər”.
102. Aşağıda Avropa Məhkəməsi tərəfindən Konvensiyanın müddəalarının pozulması faktı müəyyən edildikdən sonra ölkədaxili proseslər zamanı qəbul edilmiş müvafiq qərarlara yenidən baxılması və işə yeni hallar üzrə yenidən baxılması ilə bağlı normalar əks olunmuşdur.
Maddə 455. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar
“455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
...
455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğunun müəyyən edilməsi; ...”
Maddə 456. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması
“456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
456.2. Bu Məcəllənin 455.0.1-ci və 455.0.2-ci maddələrində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır. ...”
Maddə 459. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
“459.0. Bu Məcəllənin 455.0.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
459.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
459.0.2. bu Məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
459.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə”.
103. Aşağıda İşgəncənin və qeyri-insani və ya alçaldıcı rəftarın, yaxud cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin 2002-ci il noyabrın24-dən dekabrın 6-a qədər həyata keçirdiyi səfərin nəticələrinə dair hesabatından ((CPT/Inf (2004) 36) (“the 2002 CPT Report”)) çıxarışlar əks olunmuşdur:
“i. 1 saylı istintaq təcridxanası, Bayıl qəsəbəsi, Bakı
77. Bakıda yerləşən 1 saylı istintaq təcridxanasının əsas hissəsi 1880-ci ildə inşa olunmuşdur. Bu, Azərbaycanın ən böyük məhkəməyəqədər saxlama yeridir və Gəncə istisna olmaqla ölkənin bütün yerlərindən məhbusları qəbul edir. Rəsmi məlumatlara görə tutumu 1250 nəfərdir...
78. Məhbuslar müxtəlif yaşları əhatə edən və müxtəlif quruluşa malik bir neçə blokda saxlanılırlar. Yetkinlik yaşına çatmış məhbusların əksəriyyəti təcridxananın strukturunun bir hissəsini təşkil edən və geniş ikimərtəbəli binalardan ibarət 1-ci və 2-ci bloklarda yerləşdirilmişdir. Qadınlar 2-ci blokun (4-cü korpus) ikinci mərtəbəsində ayrıca yerləşdiriliblər. Məhkum olunmuş və cəzaçəkmə müəssisəsinə keçirilməyi gözləyən şəxslər ayrıca 3-cü korpusda saxlanırlar. Yetkinlik yaşına çatmayanlar və məhkum olunmuş işləyən məhbuslar da, həmçinin digər məhbuslardan ayrıca saxlanılırlar (6-cı blok). Nəhayət, 5-ci blok adlanan və 1920-ci ildə ölüm cəzasına məhkum olunmuş məhbusların saxlanılması üçün nəzərdə tutulmuş binadan 1998-ci ildə ölüm cəzası ləğv edildikdən sonra ağır cinayət törətməkdə ittiham olunan şəxslərin (ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzaçəkmə müəssisələrinə keçirilməsini gözləyən məhkumlar da daxil olmaqla) saxlanılması üçün istifadə olunur.
79. Binanın yaşının çox olmasına baxmayaraq, məhbusların saxlandığı otaqların əksəriyyəti normal təmirlidir və nümayəndə heyəti müəssisənin müxtəlif hissələrində təmir işlərinin davam etdiyini görmüşdür. Müşahidə olunan başqa müsbət cəhət kameranın pəncərələrində taxtaların olmaması idi. Bunlar bir neçə il bundan qabaq çıxarılmışdır və nəticədə məhbusların saxlandığı otaqların böyük əksəriyyətinə lazımı səviyyədə təbii işıq və hava daxil olur. Lakin nümayəndə heyətinin gördüyü bir neçə kamerada (misal üçün, 1-ci blokda 6-cı və 7-ci kameralar, 3-cü korpusda 90-cı və 91-ci kameralar) binanın quruluşu səbəbindən pəncərə yox idi və buna görə də bu otaqlara təbii işıq və hava daxil olmurdu.
80. Təcridxanada saxlanılan şəxslərin sayı rəsmi tutumundan aşağı olsa da, kameralarda saxlanma şəraiti darısqallığı ilə fərqlənir. 1-ci və 2-ci bloklarda 19 kv.m. sahəsi olan kameralarda 10-12, 35 kv.m. olan kameralarda isə 18 kişi məhbus saxlanılır. Digər tərəfdən hər bir məhbusun öz yataq yeri vardır. Kameralar ikiyaruslu çarpayılar ilə dolu idi və bu, digər əşyaların qoyulması üçün yeri dar edirdi. Bundan əlavə, kameralarda ayrıca sanitar qovşağı da yerləşirdi. Bu qovşaq döşəmə səviyyəsində ayaqyolundan və soyuq suyu gələn əl-üz yumaq üçün tasdan ibarət idi. Otaqlarda təmir səviyyəsi və təmizlik kameradan kameraya fərqlənsə də, ümumilikdə məqbul idi. Bununla belə kameraların çoxu soyuq idi, belə ki, istilik sistemi hələ qoşulmamışdı. ...
81. Ən pis saxlanma şəraiti 5-ci blokda idi. Səfər müddətində burada ağır cinayətlər törətməkdə ittiham olunan 28 şəxs, o cümlədən apellyasiya şikayəti vermiş 5 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası almış şəxs saxlanılırdı. Bu blokda saxlanılanların sayı digər bloklarla müqayisədə daha çox idi. Kameraların bir neçəsi çox kiçik idi (4 kv.m.) və bunların hər birində iki şəxs saxlanılırdı. Digər dörd məhbus 7 kv.m.-lik kamerada qalırdı və 10 kv.m.-lik kameraya səkkiz nəfərə qədər məhbus salına bilərdi. Bütün korpusda təmirin səviyyəsi çox aşağı idi. Divarlar nəmlikdən zərər görmüş, mebellər yarı sınıq vəziyyətdə idi, bəzi kameralarda isə pəncərələrin şüşələri sınıq idi. Bundan başqa, istilik sistemi işləmədiyindən kameralar soyuq idi. Divar boyunca çəkilmiş nazik boru kameraların içərisində yeganə istilik mənbəyi idi. ...
85. Kişi məhbuslar həftədə bir dəfə hamam qəbul edə bilərlər. Bununla bağlı hansısa xüsusi şikayət edilməmişdir. ...
Müəssisə kameraların təmizlənməsi üçün yalnız sabun və xlor verir. Bütün digər şəxsi gigiyena və təmizləyici məhsullar ya məhbusların özləri tərəfindən alınmalı, ya da onların ailələri tərəfindən təmin edilməlidir. Çamaşırxana olmadığından məhbuslar kameralarda paltarlarını və yataq dəyişəyini düzəltdikləri vasitələrdə yumağa məcbur olurdular.
86. Məhbuslar gün ərzində üç dəfə yeməklə təmin olunurdular. Lakin onların çoxu bildirmişdir ki, təcridxanada verilən yemək monoton və aşağı keyfiyyətli olduğundan ondan imtina edir və əsasən evdən gətirilən bağlamalardakı ərzaqlardan istifadə edirlər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, təcridxananın mətbəxi kiçik, buradakı avadanlıq isə primitiv idi. Müsbət cəhət isə təcridxananın öz çörəkxanasının olması idi ki, bu da çörəyin kifayət sayda verilməsini təmin edirdi.
87. Səfərdən sonra Azərbaycanın hakimiyyət orqanları 1 saylı istintaq təcridxanasında görülmüş bəzi tədbirlər barədə İşgəncələrin Qarşısının Alınması üzrə Komitəyə məlumat vermişlər. Xüsusilə 5-ci blokda istilik sistemi təmir olunmuş və qadın məhbuslar sanitar qovşaqları olan kameralara keçirilmişdirlər. Təcridxanada saxlanılanların sayının çoxluğu məsələsinə gəlincə, hakimiyyət orqanları bildirmişlər ki, yeganə çıxış yolu məhbusların sayının 650-750 nəfərə qədər azaldılmasıdır ki, bu da Bakıda inşası planlaşdırılan yeni təcridxananın reallığa çevriləcəyi təqdirdə mümkün ola bilər”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. SAXLANMA ŞƏRAİTİ İLƏ BAĞLI KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
104. Ərizəçi Konvensiyanın 3-cü maddəsi əsasında 2007-ci il aprelin 20-dən sentyabrın 28-ə qədər 1 saylı istintaq təcridxanasında və 2007-ci il sentyabrın 28-dən bəri 12 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitindən şikayət etmişdir. Konvensiyanın 3-cü maddəsində qeyd olunur:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.
A. Ərizənin mümkünlüyü
105. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə o qeyd edir ki, şikayət istənilən digər əsaslara görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
106. Hökumət bildirmişdir ki, ərizəçinin çəkdiyi əziyyətlər onun məhkumluğundan irəli gələn qaçılmaz elementdir və ona qarşı Konvensiyanın 3-cü maddəsinin tələb etdiyi standartlara uyğun gəlməyən hər hansı pis rəftar forması qəsdən tətbiq edilməmişdir. Ərizəçinin saxlanma şəraiti digər məhbuslarla eyni olmuş, insan ləyaqətinə hörmət prinsipinə uyğun gəlmiş və onu saxlanma zamanı çəkilən qaçılmaz əziyyətlərdən artıq iztirablara və ya çətinliyə məruz qoymamışdır.
107. Ərizəçi şikayətini təkrar etmiş və bildirmişdir ki, onun 1 saylı istintaq təcridxanası və 13 saylı cəzaçəkmə müəssisəsindəki saxlanma şəraiti qeyri-insani və alçaldıcı rəftara bərabər olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
108. Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi, mahiyyət etibarı ilə nisbi məsələdir: o, işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (digər qərarlarla yanaşı bax: “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI); “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-III) və “Kalaşnikov Rusiyaya qarşı” (Kalashnikov v. Russia, no. 47095/99, § 95, ECHR 2002-VI)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini alçaldırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd).
109. Saxlamanın öz-özlüyündə Konvensiyanın 3-cü maddəsi ilə bağlı məsələlər ortaya çıxardığını və ya bu maddənin saxlanılan şəxsi səhhəti ilə əlaqədar azad etmək ümumi öhdəliyini əks etdirən müddəa kimi təfsir edilə bilməsini bildirmək mümkün deyil. Bununla belə o, dövlətin üzərinə şəxsin insan ləyaqətinə uyğun şəraitdə saxlanılmasını, cəzanın icrası üsulu və qaydasının onu saxlamaya xas olan əziyyətlərdən artıq iztirab və ya çətinliyə məruz qoymamasını və azadlıqdan məhrumetmənin praktiki tələbatlarını nəzərə alaraq onun sağlamlığının və rifahının digərləri ilə yanaşı zəruri tibbi yardım göstərməklə lazımı şəkildə qorunmasını təmin etmək öhdəliyi qoyur (yuxarıda qeyd edilmiş “Kudla” işi, 94-cü bənd və “Paladi Moldovaya qarşı” (Paladi v. Moldova [GC], no. 39806/05, § 71, 10 March 2009)). Saxlanma şəraitini qiymətləndirən zaman bu şəraitin doğurduğu ümumi nəticələrə, həmçinin ərizəçi tərəfindən irəli sürülmüş konkret iddialara diqqət verilməlidir (bax: “Duqoz Yunanıstana qarşı” (Dougoz v. Greece, no. 40907/98, § 46, ECHR 2001-II)).
(b) 2007-ci il aprelin 20-dən sentyabrın 28-ə qədər 1 saylı istintaq təcridxanasında saxlanma şəraiti
110. Cəzaçəkmə müəssisəsinin kamerasında yerin kifayət qədər darısqal olması sözügedən saxlanma şəraitinin 3-cü maddənin tələbləri baxımından pis rəftara bərabər tutulmasının mümkünlüyünü müəyyənləşdirmək məqsədilə ciddi əhəmiyyət veriləsi məsələlərdən biridir (bax: “Ananyev və Digərləri Rusiyaya qarşı” (Ananyev and Others v. Russia, nos. 42525/07 and 60800/08, § 143, 10 January 2012) və “Karaleviçius Litvaya qarşı” (Karalevičius v. Lithuania, no. 53254/99, § 36, 7 April 2005)).
111. Məhkəmə qeyd edir ki, İşgəncənin Qarşısının Alınması üzrə Komitənin dərc etdiyi ümumi hesabatlarda çox sayda məhbusun yerləşdiyi kamerada adambaşına düşməli olan yerin minimum standartı ayrıca müəyyən edilməmişdir. Lakin İşgəncənin Qarşısının Alınması üzrə Komitənin konkret ölkələrə səfərlərinin yekunları barədə dərc etdiyi hesabatlardan və bu hesabatlarla bağlı verdiyi tövsiyələrdən belə görünür ki, dövlət orqanları üçün müəyyən edilən və onların çatmalı olduqları məqsəd məhkəməyə qədər saxlama yerlərində adambaşına 4 kv.m. yerin təmin edilməsi olmalıdır (yuxarıda qeyd edilmiş “Ananyev və Digərləri” işinin 144-cü bəndinə və burada istinad edilmiş İşgəncənin Qarşısının Alınması üzrə Komitənin bir sıra hesabatlarına bax ).
112. Çox sayda məhbusun saxlandığı kameralarda adambaşına 4 kv.m. yerin təmin olunması arzu olunan standart olsa da, Məhkəmə qət etmişdir ki, ərizəçilərə düşən döşəmə sahəsi 3 kv.m.-dən az olduqda, hesab olunmalıdır ki, məhbus sayının çoxluğu öz-özlüyündə 3-cü maddənin pozuntusunun baş verdiyini müəyyənləşdirməyə haqq qazandırmaq üçün zəruri sərtliyə malikdir. Kamerada o qədər də çox məhbusun saxlanılmadığı, lakin onun ümumi sahəsinin kiçik olduğu hallarda Məhkəmə qeyd etmişdir ki, otağın ümumi sahəsindən ikiyaruslu çarpayıların, stolun və unitazın yerləşdiyi hissə çıxılarsa, qalan döşəmə sahəsi hətta kameranın ölçücüsünü addımlarla ölçmək üçün belə çətinliklə kifayət edir (yenə orada, 145-ci və 147-ci bəndlər və burada istinad edilmiş əvvəlki müvafiq Məhkəmə qərarları). Bundan əlavə, Məhkəmə dəfələrlə bildirmişdir ki, kameradan kənarda gəzinti müddəti qısadırsa, misal üçün, gün ərzində bir saatla məhdudlaşdırsa, bu amil vaxtın qalan hissəsini hərəkət azadlığı olmadan izdihamlı kamerada keçirməyə məcbur olan ərizəçilərin vəziyyətini bir qədər də ağırlaşdırır (yenə orada, digər istinad edilmiş qərarlarla birgə).
113. Ərizəçi bildirmişdir ki (Hökumət bunu mübahisələndirməmişdir), 2007-ci il 20-30 aprel tarixlərində ərizəçi sahəsi 9,6 kv.m. olan 119 nömrəli kamerada saxlanılırdı. Bu kamera dörd məhbus üçün nəzərdə tutulmuşdu və beləliklə, adambaşına 2,4 kv.m. yer düşürdü.
114. Ərizəçinin sözlərinə görə 2007-ci ilin aprelin 30-dan sentyabrın 28-ə qədər o, 123 nömrəli başqa bir kamerada saxlanmışdır. Bu kameranın ölçüsü 15,84 kv.m. idi. Burada ümumilikdə səkkiz məhbus saxlanılırdı və beləliklə də, adambaşına düşən sahə 1,98 kv.m. idi. Hökumət bu kamera ilə bağlı hər hansı konkret izahat verməmiş, bunun əvəzinə Nəsimi rayon məhkəməsinin 2007-ci il 2 noyabr tarixli qətnaməsindəki nəticələrə istinad etmişdir. Bu qətnamədə doğrudan da ərizəçinin sahəsi 15,84 kv.m. olan kamerada saxlandığı qət olunmuşdur. Daha sonra qət olunmuşdur ki, kamera səkkiz məhbus üçün nəzərdə tutulsa da, “vaxtın böyük hissəsi” burada ərizəçi də daxil olmaqla yalnız 6 məhbus qalırdı ki, buna görə də adambaşına 2,64 kv.m. sahə düşürdü (yuxarıda 93-cü bəndə bax). Məhkəmə qeyd edir ki, Nəsimi rayon məhkəməsi kamerada hansı müddət ərzində altı məhbusun qaldığını və başqa vaxtlarda orada neçə məhbusun saxlanıldığını dəqiq olaraq konkretləşdirməmişdir. Buna görə də belə nəticə çıxarmaq olar ki, səkkiz məhbus üçün nəzərdə tutulmuş bu kamera bəzən tam şəkildə dolur və beləliklə də, adambaşına düşən sahənin ölçüsü azalırdı.
115. Məhkəmə ərizəçinin saxlandığı ikinci kamerada adambaşına düşən sahə ilə bağlı tərəflər arasındakı fikir ayrılığının həll edilməsini zəruri hesab etmir. Təqdim edilmiş rəqəmlərə görə, ərizəçinin on gün ərzində saxlandığı birinci kamerada ona 2,4 kv.m.-lik sahə və beş aydan çox saxlandığı ikinci kamerada isə müxtəlif vaxtlarda 1,98 və 2,64 kv.m. sahə düşürdü. Məhkəmə, həmçinin qeyd edir ki, ikinci kamera səkkiz məhbus üçün nəzərdə tutulmuş və buna görə də müvafiq sayda çarpayı və digər mebellə təchiz olunmuşdu. Buna görə də hətta müəyyən vaxtlarda bu kamerada altı məhbus saxlansa da, əlavə mebelin qoyulması içərini daha da darısqal edir, beləliklə də, hər bir məhbusa düşən kiçik ölçüdə əlavə sahədən yararlanmaq imkanını azaldırdı. Buna görə də Məhkəmənin fikrincə, ərizəçinin saxlandığı kameralarda adam sayı çox idi və 1 saylı istintaq təcridxanasında saxlandığı dövr ərzində ərizəçiyə düşən sahənin ölçüsü qənaətbəxş deyildi.
116. Bundan əlavə, ərizəçi gecə-gündüz kamerada saxlanılır və yalnız gündə təxminən yarım saat gəzintiyə icazə verilirdi. Bundan başqa, kameralara hava az daxil olurdu və ayaqyolu digər hissədən heç nə ilə ayrılmamışdı. Bu cür yaxınlıq və açıqlıq gigiyena baxımından etiraz doğurmaqla yanaşı, ayaqyolundan istifadə edən məhbusları şəxsin həyatın məxfiliyi hüququndan da məhrum edir (digərləri ilə yanaşı aşağıdakı qərarlarla müqayisə et: “Aleksandr Makarov Rusiyaya qarşı” (Aleksandr Makarov v. Russia, no. 15217/07, § 97, 12 March 2009); “Qrişin Rusiyaya qarşı” (Grishin v. Russia, no. 30983/02, § 94, 15 November 2007) və “Kalaşnikov Rusiyaya qarşı” (Kalashnikov v. Russia, cited above, § 99)).
117. Yuxarıda qeyd edilmiş amillərin ümumi nəticələrini nəzərdən keçirərək Məhkəmə hesab edir ki, ərizəçinin 2007-ci ilin aprelin 20-dən sentyabrın 28-ə qədər 1 saylı istintaq təcridxanasında saxlanma şəraiti qeyri-insani və alçaldıcı rəftara bərabər olmuşdur və buna görə də bu baxımdan Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
(c) 2007-ci il sentyabrın 28-dən sonra 13 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti
118. 13 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinə gəlincə, ərizəçi burada məhbus sayının çox olmasından, istilik sisteminin olmamasından və sanitariya şəraitinin aşağı səviyyədə olmasından şikayət etmişdir.
119. Tərəflər izahatlarında ərizəçinin qaldığı kamerada hər bir məhbusa düşən sahənin ölçüsü ilə bağlı fikir ayrılığına malik olmuşlar. Xüsusilə, ərizəçi kameranın 225 kv.m. sahəyə malik olduğunu, 128 məhbus üçün nəzərdə tutulduğunu və vaxtın böyük qismində tam dolu olduğunu bildirmişdir. Lakin qismən Nəsimi rayon məhkəməsinin 2007-ci il 2 noyabr tarixli qətnaməsinə istinad etmiş Hökumətin mövqeyinə görə, kameranın ölçüsü 240 kv.m. idi və o, 116 məhbus üçün nəzərdə tutulsa da, burada bu dövrdə yalnız 70-dən 90-a qədər məhbus saxlanılırdı. Buradan belə çıxır ki, ərizəçinin izahatlarına görə, vaxtın böyük hissəsində hər bir məhbusa təxminən 1,8 kv.m., Hökumətin mövqeyinə görə, isə hər bir məhbusa 2,6 kv.m.-dən 3,4 kv.m.-ə qədər sahə düşürdü. Məhkəmə daha sonra qeyd edir ki, kamerada çox sayda məhbusun olması ilə bağlı iddia Nəsimi rayon məhkəməsinin 2007-ci il 2 noyabr tarixli qətnaməsində araşdırılmışdır və belə görünür ki, burada əks olunmuş faktiki məlumatlar Hökumətin məsələ ilə bağlı izahatını təsdiq edir.
120. Məhkəmə qeyd edir ki, məhbusların günün əksər hissəsini kameralarında saxlandıqları məhkəməyəqədər saxlama yerlərindən və həbsxanalardan fərqli olaraq islah müəssisələri kimi məhkəmədənsonrakı saxlama yerlərində məhbus sayının çoxluğu ilə bağlı məsələni qiymətləndirən zaman o hesab etmişdir ki, kamerada şəxsə düşən sahənin ölçüsü saxlanılan şəxslərin gün ərzində islah müəssisələrində daha geniş hərəkət azadlığını təmin edən tətbiq olunan rejim kontekstində nəzərdən keçirilməlidir ki, bu rejim də onların təbii işıq və havaya maneəsiz çıxışını təmin edir (bax: “Valaşinas Litvaya qarşı” (Valašinas v. Lithuania, no. 44558/98, § 107, ECHR 2001‑VIII); “Nurmaqomedov Rusiyaya qarşı” (Nurmagomedov v. Russia (dec.), no. 30138/02, 16 September 2004); “Solovyov Rusiyaya qarşı” (Solovyev v. Russia (dec.), no. 76114/01, 27 September 2007) və “Şkurenko Rusiyaya qarşı” (Shkurenko v. Russia (dec.), no. 15010/04, 10 September 2009)). Tərəflər 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunan rejim barədə heç bir izahat verməsələr də, Məhkəmədə olan məlumata görə o, “ümumi rejimli” cəzaçəkmə müəssisəsidir və burada məhbuslar gündüzlər müəssisənin yaşayış zonasının ətrafında sərbəst şəkildə gəzə bilirlər (yuxarıda 101-ci bəndə bax). Tərəflərin kamerada adambaşına düşən sahə ilə bağlı izahatlarını və 13 saylı cəzaçəkmə müəssisəsindəki məhbusların gündüzlər hərəkət azadlığının olduğunu (bu, kameranın içərisində çarpayılar arasındakı yerin məhdud olmasını kompensasiya edir) nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin qaldığı kamerada məhbus sayının çox olmasının öz-özlüyündə 3-cü maddə ilə tələb olunan minimum sərtlik səviyyəsinə çatan pis rəftar olduğunu təsbit etmək mümkün deyildir. Lakin yaranmış ümumi nəticələrin nəzərə alınması üçün ərizəçinin saxlanma şəraitinin bu aspektini aşağıda araşdırılmış aspektlərlə birlikdə qiymətləndirmək lazımdır.
121. Ərizəçinin qaldığı kamerada istilik sisteminin olmadığı ilə bağlı Məhkəmə ilk əvvəldən təkrar edir ki, 3-cü maddənin tələblərinə zidd rəftarla bağlı iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. Sübutları qiymətləndirən zaman Məhkəmə əsasən “əsaslı şübhələr yaratmayan” sübut standartını tətbiq etmişdir (bax: “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 161, Series A no. 25)). Lakin Konvensiyada nəzərdə tutulmuş prosedurlar heç də bütün işlərdə affirmanti incumbit probatio (bir şeyi iddia edən bunu sübut etməlidir) prinsipinin dəqiq tətbiqini nəzərdə tutmur, belə ki, müəyyən işlərdə bu iddiaları təsdiq və ya təkzib edəcək məlumat yalnız cavabdeh Hökumətin sərəncamında olur. Hökumətin qənaətbəxş izah vermədən belə bir məlumatı təqdim etməməsi ərizəçinin iddialarının əsaslı olduğu ilə bağlı nəticə çıxarmağa əsas verə bilər (digər qərarlarla yanaşı bax: “Ahmet Özkan və Digərləri Türkiyəyə qarşı” (Ahmet Özkan and Others v. Turkey, no. 21689/93, § 426, 6 April 2004) və “Kokoşkina Rusiyaya qarşı” (Kokoshkina v. Russia, no. 2052/08, § 59, 28 May 2009)). Lakin hətta bu cür hallarda belə ərizəçilərdən şikayət etdikləri məsələlər barədə ən azından ətraflı məlumat vermələri və mümkün olduğu qədər şikayətlərini təsdiq edəcək bəzi sübutlar təqdim etmələri gözlənilə bilər. Misal üçün, oxşar vəziyyətlərdə Məhkəmə hesab etmişdir ki, iddiaların təsdiq olunması üçün digər məhbusların yazılı ifadələri ərizəçi tərəfindən təqdim oluna bilər (bax: “Xudobin Rusiyaya qarşı” (Khudobin v. Russia, no. 59696/00, § 87, ECHR 2006‑XII (extracts)); “Seleznyov Rusiyaya qarşı” (Seleznev v. Russia, no. 15591/03, §§ 14 and 42, 26 June 2008) və “Polufakin və Çernışov Rusiyaya qarşı” (Polufakin and Chernyshev v.Russia, no. 30997/02, § 152, 25 September 2008)).
122. Hazırkı işə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi saxlandığı kamerada hər hansı istilik sisteminin olmadığını və nəticədə içəridə temperaturun çox aşağı olduğunu, bəzən donma səviyyəsindən də aşağı endiyini iddia etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi ölkə daxilindəki şikayətlərində istilik sisteminin olmadığı ilə bağlı davamlı olaraq şikayət etmiş, lakin ölkə məhkəmələri ərizəçinin saxlanma şəraitinin bəzi digər aspektlərini ətraflı şəkildə araşdırsalar da, bu məsələyə münasibət bildirməmişdir.
123. Hökumət bildirmişdir ki, kamerada 2009-cu ilin yanvarında mərkəzi istilik sistemi quraşdırılmışdır. 2009-cu ilin yanvarına qədər olan dövrə gəlincə, Hökumət ərizəçinin kamerada istilik sisteminin olmadığı ilə bağlı iddialarını mübahisələndirməmişdir. Hökumət kameranın elektrik qızdırıcıları ilə isidildiyini bildirsə də, Məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, ərizəçi iddiasını təsdiq etmək üçün 2007-ci ilin dekabrında cəzaçəkmə müəssisəsinə şəxsən baş çəkmiş Azərbaycanın İşgəncələr Əleyhinə Komitəsinin başçısının məktubunu təqdim etmişdir ki, burada da ərizəçinin kamerasında istilik sisteminin olmadığı təsdiq olunmuşdur (yuxarıda 77-ci bəndə bax). Məhkəmə sərəncamında olan materialı qiymətləndirərək belə bir nəticəyə gəlir ki, 2009-cu ilin yanvarına qədər ərizəçinin saxlandığı kamera qış aylarında isidilmirdi.
124. Məhkəmə əvvəllər qət etmişdir ki, məhbusların olduqca isti və ya soyuq temperaturlardan lazımı şəkildə müdafiə olunmadığı şəraitdə saxlanması qəbuledilməzdir (bax: “Matyu Niderlanda qarşı” (Mathew v. the Netherlands, no. 24919/03, § 214, ECHR 2005-IX) və “Zaxarin Rusiyaya qarşı” (Zakharkin v. Russia, no. 1555/04, § 125, 10 June 2010)). Məhkəmə qeyd edir ki, mövcud açıq mənbələrə görə Bakıda və onun ətraf ərazilərində qış aylarında orta aşağı temperatur adətən 2º C olur və temperaturun donma səviyyəsindən aşağı enməsi adi hal deyil. Ərizəçinin saxlandığı kameranın pəncərələrində şüşələr yerində olsa da, Məhkəmə hesab edir ki, onun istilik sisteminin olmaması səbəbindən içəridə temperaturun demək olar ki, çöldəki qədər aşağı enə bildiyi ilə bağlı iddiası həqiqətəuyğundur. Ərizəçinin sözlərinə görə, bəzi hallarda içəridə temperatur donma səviyyəsindən də aşağı olmuşdur və Hökumət bu iddianı təkzib edəcək hər hansı məlumat təqdim etməmişdir.
125. Digər tərəfdən, ərizəçi kameranın içərisində temperaturun donma səviyyəsinə qədər endiyi konkret tarixlər və 2007-ci ildən 2009-cu ilə qədər (ərizəçinin 13 saylı cəzaçəkmə müəssisəsində saxlandığı vaxtdan 2009-cu ilin yanvarında istilik sisteminin quraşdırılmasına qədər) bu vəziyyətin hansı müddətdə davam etməsi ilə bağlı ətraflı məlumat təqdim etməmişdir. Belə vəziyyətdə Məhkəmə hesab edir ki, bu işdə vəziyyətin nə qədər ciddi olduğunu müəyyən etmək çətindir. Lakin Məhkəmə bir daha vurğulayır ki, diqqət saxlanma şəraitinin müxtəlif aspektlərinin doğurduğu ümumi nəticələrə yönəldilməlidir.
126. Nəhayət, ərizəçi sanitar şəraitin pis olmasından şikayət etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, o, dəfələrlə sanitar şəraitin qeyri-qənaətbəxş olması ilə yanaşı saxlanma şəraitində bir sıra digər çatışmazlıqların olduğu, misal üçün kamerada adambaşına düşən yerin az olması hallarında Konvensiyanın 3-cü maddəsinin pozulduğunu təsbit etmişdir (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş “Kalaşnikov” işi, 97-ci bənd et seq.; “Testa Xorvatiyaya qarşı” (Testa v. Croatia, no. 20877/04, § 60, 12 July 2007) və “Generalov Rusiyaya qarşı” (Generalov v. Russia, no. 24325/03, §§ 12-14 and 112, 9 July 2009)). Hazırkı işdə mövcud materiala görə 13 saylı cəzaçəkmə müəssisəsində bütün vaxtlarda 700-dən 950-yə qədər məhbus saxlanılmış, burada ümumilikdə yeddi duş və on dörd ayaqyolu olmuşdur. Ayaqyoluların kifayət sayda olmaması xüsusi narahatlıq doğurur, belə ki, hər bir ayaqyoludan əllidən çox məhbus istifadə etməli olurdu. Həmçinin duş kabinələrdə və ayaqyolunda axar su ilə də bağlı mütəmadi olaraq problemlər var idi və bu ətrafın kirli olması ilə nəticələnmişdi. Az sayda duş kabinələri və ayaqyolularda daim axar suyun olmaması məhbusların hamam qəbul etməsində çətinlik yaratmış və çox zaman onları ayaqyoludan istifadə etmək üçün növbəyə durmağa məcbur etmişdir. Məhkəmənin fikrincə, bu vəziyyət ərizəçidə əzab və alçalma hissləri yaradaq onu təhqir edə və ləyaqətini alçalda bilərdi.
127. Yuxarıda qeyd edildiyi kimi iddia edilən məhbus çoxluğu və istilik sisteminin olmaması kimi ərizəçinin saxlanma şəraitinin aspektləri öz-özlüyündə ayrıca götürülərək qiymətləndirildikdə pis rəftar hesab olunmaq üçün kifayət qədər ciddi olmasa da, bütün aspektlərin ümumi nəticələrinin qlobal qiymətləndirilməsi – xüsusilə sanitar şəraitin pis vəziyyətdə olması nəzərə alınarsa – Məhkəmənin ərizəçinin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ümumilikdə alçaldıcı rəftara bərabər olduğu nəticəsinə gəlməsinə əsas vermişdir. Beləliklə də, bu məsələdə Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
II. TİBBİ MÜALİCƏNİN ADEKVAT OLMAMASI İLƏ BAĞLI KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
128. Ərizəçi Konvensiyanın 3-cü maddəsi əsasında saxlanma yerində adekvat tibbi müalicənin olmamasından şikayət etmişdir.
A. Tərəflərin izahatları
129. Hökumət ərizəçinin həbs olunmazdan əvvəl bir sıra xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdir. O qeyd etmişdir ki, bu xəstəliklər onun saxlanmasına mane olmurdu və tibbi sənədlərə görə saxlandığı dövrdə onun səhhəti əhəmiyyətli dərəcədə pisləşməmişdi. Ona adekvat tibbi yardım və müalicə göstərilmişdir. Digər tərəfdən, onun davranışı (analizlər vermək və müalicə almaqdan imtina etməsi) səhhəti ilə bağlı heç və ya kifayət qədər narahatlıq keçirmədiyini göstərmişdir və buna görə də hətta saxlandığı dövrdə səhhətində ağırlaşma olsaydı belə, hakimiyyət orqanlarını çətin ki, buna görə məsuliyyətli hesab etmək olardı.
130. Ərizəçi qəsdən pis rəftara məruz qaldığını bildirmişdir. O bildirmişdir ki, saxlandığı bütün dövr ərzində ona göstərilmiş tibbi müalicə adekvat olmamışdır. O, heç zaman hər hansı müayinədən keçmək və ya təklif olunan tibbi müalicəni almaqdan imtina etməmişdir və Hökumətin bununla bağlı təqdim etdiyi sənədlər saxtadır.
B. Məhkəmənin qiymətləndirməsi
131. Məhkəmə məhbusların saxlanma şəraiti və tibbi müalicəsi ilə bağlı ümumi prinsiplərə istinad edir (yuxarıda 108-109-cu bəndlərə bax). Məhkəmə təkrar edir ki, Konvensiyanın 3-cü maddəsi məhbusları səhhətləri ilə bağlı problemlərə görə azad etmək kimi ümumi öhdəliyi təsbit edən müddəa kimi təfsir edilə bilməsə də, bununla belə azadlıqdan məhrum edilmiş şəxslərin fiziki sağlamlığının, misal üçün tələb olunan tibbi yardımı göstərməklə qorumaq öhdəliyini dövlətin üzərinə qoyur (bax: “Sarban Moldovaya qarşı” (Sarban v. Moldova, no. 3456/05, § 77, 4 October 2005)).
132. Saxlama yerində göstərilmiş tibbi müalicənin adekvatlığının qiymətləndirilməsi o zaman zərurətə çevrilir ki, ərizəçinin səhhətindəki problemlərin ciddi olduğu müəyyən edilsin (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Paladi” işi, 72-ci bənd və “Fərhad Əliyev Azərbaycana qarşı” (Farhad Aliyev v. Azerbaijan, no. 37138/06, § 121, 9 November 2010)). Məhkəmə qeyd edir ki, ərizəçinin dəfələrlə şikayət etməsindən və təcili qaydada müvəqqəti xarakterli tədbirlər görmək barədə xahişlərindən sonra 2008-ci il noyabrın 25-də Palatanın sədri Prosedur Qaydalarının 39-cu qaydasına əsasən Hökumətdən, inter alia, ərizəçini ixtisaslaşmış tibbi müəssisəyə keçirmək və səhhətindəki problemlərin ciddiliyini müəyyənləşdirmək, həmçinin zəruri müalicə tövsiyə etmək məqsədilə onu paritet əsasında təşkil olunmuş tibbi komissiya tərəfindən müayinə etməyi xahiş etmək barədə qərara gəlmişdir (yuxarıda 57-ci bəndə bax). Cavabdeh Hökumət göstərilmiş müvəqqəti xarakterli tədbiri icra etmişdir. Ərizəçinin ona göstərilmiş tibbi yardımda müxtəlif çatışmazlıqların olması barədə şikayətləri və təcili cərrahiyyə əməliyyatına zərurətin olması ilə bağlı dedikləri paritet əsasda təşkil olunmuş və onun özü tərəfindən də təyin edilmiş üç həkimin daxil olduğu tibbi komissiya tərəfindən verilmiş rəydə yekdilliklə təsdiqini tapmamışdır (yuxarıda 60-cı bəndə bax).
133. Xüsusilə, tibbi komissiya belə bir nəticəyə gəlmişdir ki, ərizəçi onurğa sütunu diskinin yırtığından və bir sıra digər, daha az ciddiliyə malik ağrılardan əziyyət çəkir. Ərizəçinin ümumi səhhəti qənaətbəxş hesab edilmiş və cərrahiyyə əməliyyatına ehtiyacın olmadığı müəyyən edilmişdir. Diaqnoz qoyulmuş patologiyalar xroniki xarakter daşımış və yavaş-yavaş inkişaf etmişdir. Ərizəçiyə “konservativ” müalicə lazım idi ki, bunun da istər stasionar, istərsə də ambulator qaydada göstərilməsi mümkün idi. Müayinədən sonra ərizəçi Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində bir ay müddətində stasionar müalicə almış və iş materialında olan sənədlərdən göründüyü kimi müalicə sonralar ambulator qaydada davam etdirilmişdir. Eyni zamanda, göründüyü kimi ərizəçi müvəqqəti xarakterli tədbirlərin görülməsi barədə xahişindən öncə və sonra kifayət qədər mütəmadi əsasda həkimlər tərəfindən müayinə edilmiş və onun üçün təyin edilmiş müalicə ümumiyyətlə tam həyata keçirilmişdir.
134. Məhkəmə hesab edir ki, hətta ərizəçinin də iddia etdiyi kimi ona göstərilən tibbi yardımın həyata keçirilməsi tərzində müəyyən çatışmazlıqlar var idisə belə, ümumilikdə göstərilmiş tibbi yardım “pis rəftar”a bərabər tutulacaq dərəcədə qeyri-adekvat deyildi. Məhkəmə ümumilikdə işin müvafiq hallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçiyə bir sıra ixtisaslı ekspertlər tərəfindən məqbul səviyyədə diqqət göstərilmiş, ona zəruri müalicə yazılmış və göstərilmiş, bir neçə dəfə xəstəxanaya yerləşdirilmiş və xəstəxanada olduğu müddətdə mütəmadi qaydada ağlabatan intervallarla müayinə edilmişdir.
135. Məhkəmə yuxarıdakıları nəzərə alaraq ərizəçinin səhhətində onun saxlanması ilə bir araya sığmayan problemlərin olması və ya ona göstərilmiş tibbi yardımın Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan minimum sərtlik səviyyəsinə çatacaq dərəcədə əzab verəcək qədər qeyri-adekvat olması nəticəsinə gələ bilməz.
136. Buradan belə çıxır ki, ərizə bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü maddələrinə görə rədd olunmalıdır.
III. MÜLKİ İŞ İLƏ BAĞLI KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
137. Ərizəçi şikayət edərək bildirmişdir ki, ona göstərilmiş tibbi yardımın və saxlanma şəraitinin adekvatlığı ilə bağlı mülki işdə iştirak etməsinə imkan yaradılmamışdır. Məhkəmə bu şikayətə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında baxacaqdır. Burada qeyd edilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir. ”
A. Ərizənin mümkünlüyü
138. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə o qeyd edir ki, şikayət istənilən digər əsaslara görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
139. Hökumət qeyd etmişdir ki, ərizəçinin mülki işinə baxan milli məhkəmələrdə məhkəmə baxışının çəkişmə prinsipi əsasında aparılması təmin olunmuşdur. Bütün məhkəmə instansiyalarında işə baxılması zamanı ərizəçini onun tərəfindən verilmiş etibarnamə əsasında vəkil təmsil etmiş və o, ərizəçinin maraqlarını səmərəli şəkildə müdafiə edə bilmişdir.
140. Ərizəçi şikayətini təkrar edərək bildirmişdir ki, prosesin onun səhhəti və saxlanma şəraiti ilə bağlı predmeti məhkəmələrin onu şəxsən dinləmələrini tələb edirdi.
2. Məhkəmənin qiymətləndirməsi
141. Məhkəmə bir daha bildirir ki, ədalətli məhkəmə baxışının daha geniş konsepsiyasının elementlərindən biri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə digər tərəfin ifadələri və ya təqdim etdiyi sübutlar ilə tanış olmaq və onlarla bağlı öz mövqeyini bildirmək, həmçinin öz mövqeyini qarşı tərəflə müqayisədə heç bir ayrı-seçkiliyə məruz qalmadan ifadə etmək üçün ağlabatan imkan verilməsini tələb edir (bax: “Krčmář və Digərləri Çex Respublikasına qarşı” (Krčmář and Others v. the Czech Republic, no. 35376/97, § 39, 3 March 2000) və “Dombo Beheer B.V. Niderlanda qarşı” (Dombo Beheer B.V. v. the Netherlands, 27 October 1993, § 33, Series A no. 274)).
142. Konvensiyanın 6-cı maddəsi tərəfin məhkəmə iclasında şəxsən iştirak etmək hüququnu nəzərdə tutmur. Lakin ədalətli məhkəmə baxışı anlayışının daha geniş anlamında nəzərdə tutulur ki, cinayət işi üzrə məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı ilə həyata keçirilməlidir (bax: “Kolozza İtaliyaya qarşı” (Colozza v. Italy, 12 February 1985, § 27, Series A no. 89)). Məhkəmə eyni zamanda bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsi mülki işlərə baxılması zamanı tərəfin məhkəmə iclasında şəxsən iştirak etmək hüququnu deyil, daha çox məhkəmədə öz işinin müdafiəsini səmərəli şəkildə həyata keçirmək və digər tərəf ilə bərabər imkanlardan istifadə etmək kimi ümumi xarakterli hüququ təmin edir. 6-cı maddənin 1-ci bəndi çəkişən tərəflərin bu hüquqlarının təmin edilməsində hansı vasitələrdən istifadə ediləcəyini müəyyən etməkdə Dövlətə azad seçim imkanı verir. Lakin cinayət xarakterli olmayan işlərdə çəkişən tərəfin iştirakı 6-cı maddəyə əsasən tələb oluna bilər. Bu işlərə maraqlı şəxsin fərdi xarakteri və həyat tərzinin işin predmeti ilə birbaşa bağlı olduğu və ya qərarın şəxsin davranışı ilə bağlı olduğu işlər daxildir (bax: “Vladimir Vasilyev Rusiyaya qarşı” (Vladimir Vasilyev v. Russia, no. 28370/05, § 76, 10 January 2012)).
143. Məhkəmə qeyd edir ki, o, əvvəllər, inter alia, polis tərəfindən pis rəftar və ya saxlanma şəraiti kimi məsələlərlə bağlı tələbləri üzrə şifahi ifadə vermək istəyən azadlıqdan məhrum edilmiş ərizəçilərin vəsatətinin məhkəmələr tərəfindən təmin edilmədiyi bir sıra hallarda 6-cı maddənin pozulması barədə qərar qəbul etmiş və müəyyən etmişdir ki, həmin tələblər əsas etibarı ilə azadlıqdan məhrum edilmiş ərizəçinin şəxsən üzləşdiyi hadisələr üzərində qurulmuşdur və buna görə də onun ifadələri “iddiaçının müdafiəsinin mühüm tərkib hissəsi və əslində prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinin təmin olunmasının yeganə yolu” ola bilərdi (bax: “Kovalev Rusiyaya qarşı” (Kovalev v. Russia, no. 78145/01, § 37, 10 May 2007); “Sokur Rusiyaya qarşı” (Sokur v. Russia, no. 23243/03, § 35, 15 October 2009); “Şilberqs Rusiyaya qarşı” (Shilbergs v. Russia, no. 20075/03, § 111, 17 December 2009); “Skoroboqatıx Rusiyaya qarşı” (Skorobogatykh v. Russia, no. 4871/03, § 64, 22 December 2009); “Artyomov Rusiyaya qarşı” (Artyomov v. Russia, no. 14146/02, § 205, 27 May 2010) və “Roman Karasyov Rusiyaya qarşı” (Roman Karasev v. Russia, no. 30251/03, § 67, 25 November 2010)).
144. Hazırkı işdə ölkə məhkəmələri tərəfindən ərizəçinin məhkəmə iclasında şəxsən iştirakının təmin edilməməsi cəzaçəkmə müəssisəsində olan fərdin məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun həyata keçirilməsi ilə bağlı ölkədaxili hüquq norması və ya belə bir normanın olmaması ilə əsaslandırılmamışdır. Ölkə məhkəmələri ərizəçinin iştirakının zəruri olmadığını onunla əsaslandırmışdır ki, o, vəkili tərəfindən təmsil olunmuşdur və onun prosesdə iştirakı ona qarşı olan cinayət işi üzrə prosesdə iştirak etməsinə mane ola bilər. Lakin Məhkəmə yuxarıda qeyd edilmiş presedent hüququ fonunda bu cür əsaslandırmanı aşağıdakı səbəblərə görə düzgün hesab edə bilməz.
145. Məhkəmə qeyd edir ki (Hökumət bunu təkzib etmir), ərizəçi istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak etmək istədiyini təkidlə bildirmiş, lakin ölkə məhkəmələri onun iclasda şəxsən iştirakını təmin etməmişlər. Məhkəmə bildirir ki, ərizəçinin sözü gedən mülki işdə tələbləri tamamilə onun şəxsi təcrübəsi üzərində qurulmuşdur. Belə olan halda Məhkəmə inanmır ki, ərizəçinin nümayəndəsinin məhkəmə baxışında iştirakı onun işinin səmərəli, lazımı və qənaətbəxş səviyyədə müdafiəsini təmin edə bilərdi. Məhkəmə hesab edir ki, ərizəçinin saxlanma şəraiti və səhhəti barədə birbaşa malik olduğu məlumatlarla bağlı verəcəyi ifadələr iddiaçı tərəfindən işin məhkəmədə müdafiəsinin ayrılmaz hissəsini təşkil edəcəkdi. Ərizəçi şəraiti daha dəqiq təsvir edə və hakimin sualları olduğu təqdirdə, onları cavablandıra bilərdi.
146. Məhkəmə, həmçinin qeyd edir ki, hətta təhlükəsizlik və ya digər mötəbər səbəblərə görə ərizəçinin məhkəmə iclas zalına gətirilməsinin mümkün olmadığı zənn edilərsə belə, ölkə məhkəmələri ərizəçinin prosesdə iştirakının təmin edilməsinin digər yollarını, misal üçün, məhkəmə baxışını ərizəçinin cəza çəkdiyi müəssisədə keçirməyi nəzərdən keçirə bilərdi (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş “Sokur” işi, 36-cı bənd).
147. Sonda Məhkəmə qət edir ki, ərizəçinin saxlanma şəraiti və tibbi yardımın adekvat səviyyədə olmaması iddiası ilə bağlı keçirilmiş məhkəmə baxışında iştirakını təmin etməməklə ölkə məhkəmələri onu işini səmərəli şəkildə müdafiə etmək imkanından məhrum etmişdir.
148. Buna görə də bu məsələdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
IV. CİNAYƏT İŞİ İLƏ BAĞLI KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
149. Ərizəçi şikayət edərək bildirmişdir ki, barəsindəki cinayət işi üzrə müdafiəsini hazırlamaq üçün ona müvafiq vaxt və imkanlar verilməmiş, məhkəmə prosesi boyunca vəkilləri ilə məxfi qaydada görüşlər və məsləhətləşmələr keçirməsinə şərait yaradılmamış, ölkə məhkəmələri tərəfindən əleyhinə ifadə vermiş şahidləri dindirmək və əleyhinə ifadə vermiş şahidlərlə bərabər şərtlər daxilində lehinə ifadə verəcək şahidləri dəvət etmək və dindirmək hüququnun həyata keçirilməsi təmin edilməmiş və Ali Məhkəmədə işə onun iştirakı olmadan baxılmışdır. Ərizəçi tələblərini əsaslandırmaq üçün Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, 3-cü bəndinin b), c) və d) yarımbəndlərinə istinad etmişdir. Burada qeyd edilir:
“1. Hər kəs,...ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən,...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir. ...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:...
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq; ...”.
A. Ərizənin mümkünlüyü
150. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə, o qeyd edir ki, şikayət istənilən digər əsaslara görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
151. Hökumət bildirmişdir ki, ərizəçi və onun vəkilinin bütün istintaq materialları ilə tanış olmaları üçün müvafiq imkan yaradılmış, məhkəmədə müdafiənin hazırlanması üçün kifayət qədər vaxt ayrılmış və şərait yaradılmışdır. Müdafiə tərəfinin bununla bağlı etirazları Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə tərəfindən araşdırılmış və o, bu etirazların əsassız olduğunu qət etmişdir. Bundan əlavə, Hökumət bildirmişdir ki, məhkəmə proses zamanı müdafiə tərəfinə izahatlarını hazırlamaq üçün kifayət qədər vaxt ayırmışdır. Məhkəmə eyni zamanda ərizəçinin vəkili ilə məxfi görüşlər keçirmək hüququnu təmin etmək məqsədilə də müvafiq tədbirlər görmüşdür. Xüsusilə, Hökumət qeyd etmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə MTN-nin istintaq təcridxanasının rəhbərinə məktub göndərərək ondan ərizəçiyə vəkili ilə məhkəmə iclasından kənar görüşmək imkanı yaradılmasını xahiş etmişdir.
152. Hökumət daha sonra bildirmişdir ki, ərizəçi və onun vəkilləri istər ittiham tərəfinin, istərsə də ərizəçinin şahidlərini dindirmək, həmçinin “məhkəmə baxışında iştirak etməmiş şahidlərin ifadələri oxunan zaman dövlət ittihamçısına suallar vermək” imkanına malik olmuşlar. Hökumət məhkəmə baxışı zamanı 120-dən çox şahidin dindirildiyini bildirmişdir.
153. Ərizəçinin rüşvət almaq ittihamları üzrə çağırılmasını istədiyi on bir şahidə gəlincə, Hökumət qeyd etmişdir ki, həmin şahidlər istintaq orqanına ifadələr versələr də, onların ifadələri məhkəmə baxışı zamanı oxunmamış və ərizəçinin proses zamanı həmin şahidlərin dindirilməsinin həqiqətin müəyyən edilməsi üçün zəruri olduğunu sübut edə bilmədiyi hallarda həmin şahidlərin çağırılması ölkə məhkəmələrinin mülahizəsindən asılıdır.
154. 2006-cı il 27 iyun, 11 avqust və 18 dekabr tarixli hesabatların müəlliflərinə gəlincə, Hökumət bildirmişdir ki, məhkəmə özəlləşdirmə ilə bağlı ittihamlar üzrə həmin şahidlərin dindirilməsi ilə bağlı ərizəçinin vəsatətlərini lazımı qaydada araşdırmış və bu vəsatətlərin təmin edilməməsi səbəblərini kifayət qədər əsaslandırmışdır. Hökumət bildirmişdir ki, ərizəçi həmin şahidlərin dindirilməsinin həqiqətin müəyyən edilməsi üçün zəruri olduğunu və ya onların dindirilməməsinin müdafiə tərəfinin hüquqlarını təhlükə altına aldığını sübut edə bilməmişdir.
155. Nəhayət, Hökumət bildirmişdir ki, ərizəçinin işə Ali Məhkəmədə baxılması zamanı iştirak etməməsi Konvensiyanın tələblərinə zidd olmamışdır. Belə ki, ərizəçi prosesdə vəkili vasitəsilə təmsil olunmuşdur və Ali Məhkəmə hüquq normalarının pozulub-pozulmadığını araşdıran instansiya kimi yalnız hüquqi məsələlərə baxmaq səlahiyyətinə malikdir.
156. Ərizəçi öz şikayətlərini təkrarlamışdır. O qeyd etmişdir ki, məhkəmə baxışının başlanmasından öncə müdafiə tərəfinə iş materialları ilə tanış olmaq üçün müvafiq imkan yaradılmamışdır. Müdafiə tərəfi məsələni məhkəmənin hazırlıq iclasında qaldırsa da, hətta məhkəmə baxışı zamanı belə onlar iş materialları ilə tam tanış olmaq imkanından məhrum edilmişlər. Ərizəçi daha sonra bildirmişdir ki, bütün məhkəmə prosesi boyunca ona ağlabatan müddətə vəkilləri ilə məxfi görüş imkanı verilməmişdir. O qeyd etmişdir ki, məhkəmə iclasları həftə sonları fasiləsiz keçirilmiş və hər dəfə bütün gün ərzində davam etmişdir. Bunun da nəticəsində dəfələrlə xahiş etməsinə baxmayaraq onun vəkilləri ilə məxfi görüş keçirməsi üçün vaxt və ya imkan olmamışdır. Belə olan halda, ərizəçi və onun vəkilləri iş ilə bağlı müxtəlif məsələləri məhkəmə baxışı zamanı ərizəçinin məhkəmə iclas zalında saxlandığı metal qəfəsin barmaqlıqları arasından və hakimlərin, prokurorun, auditoriyanın və məhkəmə iclasında iştirak edən digər şəxslərin yanında müzakirə etməli olmuşlar. Bundan əlavə, Hökumətin izahatlarının əksinə olaraq ərizəçi həftə sonları və dövlət bayramları vaxtı (yalnız bu günlərə məhkəmə iclasları salınmırdı) onun vəkillərinin onunla görüşmək üçün MTN-nin istintaq təcridxanasına girmələrinə icazə verilmirdi. Eyni zamanda, ərizəçi iddia etmişdir ki, məhkəmə mütəmadi olaraq müdafiə tərəfinin vəsatətləri və çıxışları hazırlamaq üçün prosesə qısa müddətli (yarım günə qədər) fasilə vermək barədə vəsatətlərini rədd etmişdir.
157. Ərizəçi daha sonra bildirmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə heç bir səbəb göstərmədən onun əlavə şahidlərin çağırılması barədə bütün vəsatətlərini rədd etmiş və bununla da onun müdafiə hüququnu pozmuşdur. Xüsusilə, ərizəçi qeyd etmişdir ki, ona heç vaxt 2006-cı il 27 iyun, 11 avqust və 18 dekabr tarixli hesabatların müəlliflərinə sual vermək imkanı verilməmişdir. İttiham tərəfinin şahidləri kimi bu müəlliflərin də həmin hesabatlarda əks olunmuş ifadələri onun özəlləşdirmənin qanunsuz yolla həyata keçirilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlar üzrə təqsirləndirilməsinə əsas vermişdir. O, daha sonra bildirmişdir ki, məhkəmədə bir sıra digər şahidlərin çağırılması barədə vəsatətlərini əsaslandırsa da, ölkə məhkəmələri hər hansı əsaslı səbəb gətirmədən bu vəsatətləri rədd etmişdir.
158. Nəhayət, ərizəçi bildirmişdir ki, onun işə Ali Məhkəmədə baxılması zamanı iştirakının təmin edilməməsi ilə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
159. 6-cı maddənin 3-cü bəndinin tələblərinə 1-ci bənd ilə təmin edilmiş ədalətli mühakimə hüququnun xüsusi aspektləri kimi baxılmalı olduğundan Məhkəmə şikayətə hər iki norma əsasında baxacaq (digər qərarlarla yanaşı bax: “F.C.B. İtaliyaya qarşı” (F.C.B. v. Italy, 28 August 1991, § 29, Series A no. 208-B); “Puatrimol Fransaya qarşı” (Poitrimol v. France, 23 November 1993, § 29, Series A no. 277-A); “Lala Niderlanda qarşı” (Lala v. the Netherlands, 22 September 1994, § 26, Series A no. 297-A) və “Krombax Fransaya qarşı” (Krombach v. France, no. 29731/96, § 82, ECHR 2001-II)). Məhkəmə bunu etməklə bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyənləşdirmək məqsədilə növbə ilə hazırkı şikayətin yaranmasına səbəb olmuş müxtəlif səbəbləri araşdıracaqdır (müqayisə et: “Barbera, Messeqe və Xabardo İspaniyaya qarşı” (Barberà, Messegué and Jabardo v. Spain, 6 December 1988, §§ 68 et seq., Series A no. 146)).
(a) Mənimsəmə və vəzifə səlahiyyətlərindən istifadə ittihamları ilə bağlı ərizəçi tərəfindən çağırılan şahidləri dindirməkdən imtina
160. Prosesin çəkişmə əsasında aparılmasını təmin etmək məqsədi ilə normal qaydada bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim edilməlidir (bax: “Van Mexelen və Digərləri Niderlanda qarşı” (Van Mechelen and Others v. the Netherlands, 23 April 1997, § 51, Reports of Judgments and Decisions 1997‑III)). Bu prinsipdən istisnalar edilməsi mümkündür, lakin bu, müdafiə tərəfinin hüquqlarını pozmamalıdır. Bu hüquqlar bir qayda olaraq, təqsirləndirilən şəxsə onun əleyhinə ifadə verən şahidə ya bu ifadəni verən zaman, ya da prosesin daha sonrakı mərhələlərində etiraz etmək və onu dindirmək üçün adekvat və lazımı imkan yaradılmasını tələb edir (digər qərarlarla yanaşı bax: “İsqro İtaliyaya qarşı” (Isgrò v. Italy, 19 February 1991, § 34, Series A no. 194‑A); “Lüdi İsveçrəyə qarşı” (Lüdi v. Switzerland, 15 June 1992, § 47, Series A no. 238) və “Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” (Al-Khawaja and Tahery v. the United Kingdom [GC], nos. 26766/05 and 22228/06, § 118, ECHR 2011)). Yuxarıda qeyd edilmiş bu ümumi prinsipdən iki tələb irəli gəlir. Birinci və başlıca tələb odur ki, şahidin prosesdə iştirak etməməsi üçün üzürlü səbəb olmalıdır (bax: yuxarıda qeyd edilmiş “Əl-Xavaya və Taheri” işi, 119-120-ci bəndlər, burada istinad edilmiş qərarlarla birgə). İkinci tələb ondan ibarətdir ki, ittiham hökmünün yalnız və ya əhəmiyyətli dərəcədə təqsirləndirilən şəxsin məhkəməyəqədərki mərhələdə və ya məhkəmə baxışı zamanı dindirmək və ya dindirtmək imkanı olmadığı şəxsin ifadələri üzərində qurulduğu hallarda müdafiə tərəfinin hüquqları 6-cı maddədə nəzərdə tutulmuş təminatlarla bir araya sığmayan dərəcədə məhdudlaşdırılmış olur (yenə orada, 119-cu və 143-cü bəndlər və burada istinad edilmiş digər qərarlar). İttiham hökmünün yalnız və ya əhəmiyyətli dərəcədə məhkəmə iclasında iştirak etməyən şahidin ifadəsi üzərində qurulduğu hallarda Məhkəmə proses zamanı araşdırmanı ən diqqətli şəkildə aparmalıdır. Hər bir işdə əsas məsələ kifayət qədər tarazlaşdırıcı amillərin, o cümlədən həmin sübutun mötəbərliyini qiymətləndirməyə imkan verəcək ədalətli və lazımı tədbirlərin olub-olmaması məsələsidir. Bu, belə bir sübutun əhəmiyyəti nəzərə alınaraq, yalnız kifayət qədər mötəbər olduğu halda ittiham hökmünün ona əsaslanmasına imkan verəcək (yenə orada, 147-ci bənd).
161. Məhkəmə diqqəti xüsusilə belə bir fakta cəlb edir ki, ərizəçinin təqsirini sübut edən zaman milli məhkəmələr geniş şəkildə 2006-cı ilin 27 iyun, 11 avqust və 18 dekabr tarixli hesabatlara istinad etmişdir. Məhkəmələr bu hesabatlara yalnız məlumat kimi baxmamış, eyni zamanda bu hesabatlarda faktlarla bağlı gəlinmiş nəticələri əsas etibarı ilə həqiqətə uyğun informasiya kimi qəbul edərək onlara təsdiq edilmiş faktlar kimi istinad etmişdir. Məhkəmə belə bir nəticəyə gəlir ki, hazırkı işdə 2006-cı il 27 iyun, 11 avqust və 18 dekabr tarixli hesabatların hazırlanmasında iştirak etmiş Maliyyə Nazirliyi, Auditorlar Palatası və digər dövlət orqanlarının əməkdaşlarının gəldiyi nəticələr qanunsuz yolla özəlləşdirmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlar üzrə ərizəçiyə qarşı həyata keçirilmiş prosesdə əsas rol oynamışdır. Buna görə də ərizəçi barədə həmin ittihamlar üzrə hökm əhəmiyyətli dərəcədə bu hesabatların müəlliflərinin gəldiyi nəticələrə əsaslandığı üçün o, əleyhinə ifadə vermiş şahidlər kimi onlara etiraz etmək üçün adekvat imkana malik olmalı idi. Buna görə də ərizəçinin həmin şəxsləri açıq məhkəmə iclasında dindirmək arzusunu ifadə edib-etmədiyini və əgər etmişdirsə, belə bir imkana malik olub-olmadığını müəyyənləşdirmək zəruridir (müqayisə et: mutatis mutandis, “Balsite-Lideikiene Litvaya qarşı” (Balsytė-Lideikienė v. Lithuania, no. 72596/01, §§ 62-66, 4 November 2008)).
162. Məhkəmə qeyd edir ki, məhkəməyəqədərki mərhələdə ərizəçiyə həmin şahidlərə sual vermək imkanı yaradılmamışdır. İşə məhkəmədə baxılan zaman o, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədən ən azı yeddi dəfə həmin şahidləri məhkəmə baxışına dəvət edərək dindirməyi xahiş etmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə hər dəfə ya heç bir əsas gətirmədən bu xahişləri rədd etmiş, ya da məsələ üzrə qərarın qəbul edilməsini daha gec mərhələyə qədər təxirə salaraq həmin şahidlərin dindirilmək üçün dəvət olunmasının zəruriliyi məsələsinin yalnız məhkəmənin ittiham tərəfinin təqdim etdiyi sübutların araşdırılmasını başa çatdırdığı halda həll edilə biləcəyi ilə izah etmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin 2007-ci il martın 30-da verdiyi ən son vəsatətə cavabında yenidən məsələ üzrə qərar qəbul etməyi qeyri-müəyyən müddətə təxirə salmış və qeyd etmişdir ki, yalnız sonrakı məhkəmə iclaslarında sözügedən audit hesabatları tam oxunduqdan sonra həmin şahidlərin dindirilməsinin zəruriliyi barədə qərar qəbul edəcəkdir. Lakin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə artıq heç vaxt bu məsələyə qayıtmamış və beləliklə də, həmin şəxsləri şahid qismində çağırmamasının yekun və qəti səbəbini bildirməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ərizəçi barəsində çıxarılmış ittiham hökmündə həmin audit hesabatlarına istinad etmişdir. Beləliklə də, birinci instansiya məhkəməsində dəfələrlə şahidlərin iştirakı məsələsini qaldırmasına baxmayaraq, ərizəçiyə heç zaman onları dindirmək imkanı yaradılmamış və ya vəsatətlərinə əsaslı və qəti cavab verilməmişdir.
163. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, 2006-cı il 27 iyun, 11 avqust və 18 dekabr tarixli audit hesabatlarının müəlliflərinin birinci instansiya məhkəməsində dindirilməməsinin hər hansı üzürlü səbəbi olmamışdır. Bundan əlavə, bu hesabatlardakı nəticələr ərizəçi barədə ittiham hökmünün çıxarılması üçün əhəmiyyətli dərəcədə əsas rolunu oynasa da, şahidlərinin ifadələrinin araşdırılması və ya onların gəldikləri nəticələrin şübhə altına alınması üçün kifayət qədər tarazlaşdırıcı amillərin mövcud olduğu sübut olunmamışdır. Belə olan halda, Məhkəmə belə bir nəticəyə gəlir ki, müdafiə tərəfinin hüquqları 6-cı maddədə nəzərdə tutulmuş təminatlarla bir araya sığmayan dərəcədə məhdudlaşdırılmışdır.
164. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə ərizəçinin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin digər şahidləri dəvət etmək barədə vəsatətlərini təmin etməkdən imtinası məsələsinin də araşdırılmasını zəruri hesab etmir.
(b) Səmərəli hüquqi yardım və müdafiənin hazırlanması ilə bağlı məsələlər
165. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin c) yarımbəndinə görə təqsirləndirilən şəxsin üçüncü şəxslərin eşitmədiyi şəraitdə vəkili ilə ünsiyyət saxlaması demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının əsas tələblərindən biridir. Vəkil belə bir nəzarət olmadan müdafiə etdiyi şəxs ilə ünsiyyət saxlamaq və məxfi təlimatlar almaq imkanına malik olmursa, onun göstərdiyi hüquqi yardım faydalılığının böyük bir hissəsini itirmiş olacaq. Halbuki, Konvensiyanın məqsədi hüquqların praktiki və səmərəli olmasını təmin etməkdir (bax: “S. İsveçrəyə qarşı” (S. v. Switzerland, 28 November 1991, § 48, Series A no. 220); “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, § 133, ECHR 2005‑IV)). Təqsirləndirilən şəxslə onun vəkilləri arasındakı görüşlərin məxfiliyinin təmin olunması kimi müdafiə tərəfinin hüquqlarının əhəmiyyəti müxtəlif beynəlxalq sənədlər, o cümlədən Avropa sənədləri ilə təsdiq edilmişdir (bax: “Brennan Birləşmiş Krallığa qarşı” (Brennan v. the United Kingdom, no. 39846/98, §§ 38-40, ECHR 2001‑X)). Lakin üzürlü səbəblər olduqda təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə məhdudiyyətlər qoyula bilər. Burada əsas məsələ bütünlükdə götürülən proseslər fonunda məhdudiyyətin təqsirləndirilən şəxsi ədalətli məhkəmə baxışı hüququndan məhrum edib-etmədiyi məsələsidir (bax: yuxarıda qeyd edilmiş “Öcalan” işi, 133-cü bənd).
166. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəyə qarşı müxtəlif ağırlaşdırıcı hallarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və rəsmi sənədləri saxtalaşdırma kimi əməllərlə bağlı ittiham irəli sürülmüşdür. O, daha sonra qeyd edir ki, bu qədər yüksək dərəcədə mürəkkəb, geniş və ətraflı ittihamların irəli sürülməsi iş materiallarının son dərəcədə böyük olmasına (yuxarıda 16-cı bəndə bax) səbəb olmuş və həddən ziyadə çox sayda sənədlərin, şahid ifadələrinin və digər materialın araşdırılmasını və qiymətləndirilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, bu ittihamlar üzrə müdafiəni hazırlamaq üçün ərizəçiyə işin mürəkkəb təbiətinə uyğun səmərəli və səriştəli hüquqi yardım lazım idi.
167. Ərizəçi bildirmişdir ki, o, məhkəmə iclaslarının keçirildiyi həftə sonlarında vəkilləri ilə məxfi şəkildə məsləhətləşmələr aparmaq imkanına malik olmamış və məhkəmə iclaslarının keçirilmədiyi digər qeyri-iş günlərində onun vəkillərinə saxlandığı MTN-nin istintaq təcridxanasına gəlməyə icazə verilməmişdir. Hökumət məhkəmə iclasları zamanı ərizəçinin vəkilləri ilə məsləhətləşmələr aparması üçün kifayət qədər vaxt ayrıldığını bildirsə də, o, müdafiə tərəfinə izahatlarını hazırlamaq məqsədilə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə tərəfindən iclasın təxirə salındığı yalnız bir hala istinad etmişdir. Məhkəmə iclasının protokolundan müvafiq çıxarışlarla bu fasilənin ümumu müddətinin müəyyən edilməsi qeyri-mümkündür. Bundan əlavə, Hökumət Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin MTN-nin istintaq təcridxanasına məktub göndərərək məhkəmə iclaslarından kənar ərizəçinin vəkilləri ilə görüşməsinə iman yaradılmasını xahiş etdiyini qeyd etsə də, ərizəçiyə istintaq təcridxanasında həqiqətən də vəkilləri ilə görüşməyə icazə verildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Xüsusilə, Hökumət MTN-nin giriş-çıxış nəzarət məntəqəsinin ərizəçinin vəkillərinin içəri daxil olmasını təsdiq edən qeydiyyat kitabından müvafiq çıxarışları təqdim edə və bununla da onlara ərizəçi ilə görüşə icazə verildiyini sübut edə bilərdi (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Fərhad Əliyev” işi, 159-cu bənd ).
168. Məhkəmə sərəncamında olan materialı nəzərdən keçirərək və Hökumət tərəfindən hər hansı inandırıcı təkzib verilmədiyini nəzərə alaraq qəbul edir ki, məhkəmə baxışı boyunca ərizəçiyə vəkilləri ilə məxfi qaydada məsləhətləşmələr aparılması üçün kifayət qədər imkan verilməmişdir. Hər həftə sonu keçirilən və bütün gün ərzində davan edən məhkəmə iclasları vaxtı ərizəçinin vəkilləri ilə məsləhətləşmələr aparması üçün kifayət qədər fasilələr verilməmiş və buna görə də onlar bir-birləri ilə iclas zamanı, məhkəmə zalında, ərizəçinin saxlandığı qəfəsin metal barmaqlıqları arasından, bütün məhkəmə iştirakçılarının yanında və onların eşidə biləcəyi şəraitdə danışmalı olmuşdular. Həftə sonları və digər qeyri-iş günlərində vəkillərin ərizəçi ilə görüşmək üçün MTN-nin istintaq təcridxanasına girmə imkanları məhdudlaşdırılmışdı. Məhkəmə hesab edir ki, bu cür məhdudiyyətlər təbii ki, ərizəçini vəkilləri ilə açıq danışmaq və onlardan müdafiənin hazırlanması üçün mühüm olan sualları soruşmaq imkanından məhrum etmişdir (müqayisə et: yuxarıda qeyd edilmiş “Öcalan” işi, 133-cü bənd). Bununla da, müdafiə tərəfinin hüquqları, xüsusilə ərizəçinin səmərəli hüquqi yardım almaq hüququ məhkəmə baxışı zamanı kifayət qədər pozulmuşdur.
169. Yuxarıda qeyd edilmiş nəticəyə gəlmiş Məhkəmə müdafiə tərəfinə iş materiallarını müzakirə etmək üçün kifayət qədər vaxt və imkan verilmədiyi ilə bağlı ərizəçinin daha bir dəlilini araşdırmağı zəruri hesab etmir.
(c) Nəticə
170. Məhkəmə yuxarıda gəldiyi nəticələr əsasında belə bir qənaətə gəlir ki, sözügedən proses müdafiə tərəfinin şahidləri dindirmək və səmərəli hüquqi yardım almaq hüquqları ilə bağlı tələblərə cavab verməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı şikayəti ilə bağlı verilmiş digər ifadələrini, misal üçün, onun Ali Məhkəmədə keçirilmiş iclasda iştirak etmədiyi məsələsini araşdırmaq zəruri deyil.
171. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi 6-cı maddənin 3-cü bəndinin c) yarımbəndi ilə birgə pozulmuşdur.
V. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
172. Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi əsasında ona və qohumlarına məxsus olan müxtəlif əmlakın müsadirə edilməsindən şikayət etmişdir. 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
A. Tərəflərin izahatları
173. Ərizəçi aşağıdakı əmlakın ölkə məhkəmələri tərəfindən qanunsuz olaraq müsadirə edildiyini bildirmişdir: a) oğluna məxsus olan ev, mənzil və qaraj; b) qızına məxsus olan ev, üç mənzil və qaraj; c) başqa bir qohumuna məxsus olan ev; d) arvadına, qızına və gəlininə məxsus olan müxtəlif zinət əşyaları. Bundan əlavə, o qeyd etmişdir ki, müsadirə olunan digər əmlak onun və həyat yoldaşının birgə mülkiyyətində idi və buna görə də onların müsadirə edilməsi ilə arvadının mülkiyyət hüquqları pozulmuşdur.
174. Ərizəçi müsadirə barədə göstərişin ədalətsiz və əsassız olduğunu bildirmişdir. Belə ki, o, ədalətsiz keçirilmiş məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir. O bildirmişdir ki, əmlakının böyük bir hissəsini ixtira etdiyi dərmanın satışından qanuni yolla əldə etdiyi 10000000 ABŞ dolları məbləğində qonorar vasitəsilə almışdır. Bu məbləğdən o, “on minlərlə dollar” məbləğində vergi ödəmişdir. O, daha sonra bildirmişdir ki, müsadirə olunmalı olan əmlakın ümumi məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir.
175. Hökumət bildirmişdir ki, ərizəçi qohumlarına məxsus olduğunu iddia etdiyi əmlakın müsadirəsi ilə bağlı işdə zərərçəkmiş şəxs olduğunu iddia edə bilməz. O, həmçinin qeyd etmişdir ki, ərizəçi əmlak üzərində qohumlarının mülkiyyət hüququna malik olduqlarını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
176. Hökumət daha sonra bildirmişdir ki, sözügedən əmlakın hamısı ərizəçi barəsində cinayət işi üzrə ittiham hökmünün çıxarılması və onun məhkum edilməsi ilə bağlı məhkəmə qərarı əsasında müsadirə edilmişdir. Müdaxilə qanuni olmuş, ictimaiyyətin ümumi maraqlarına xidmət etmiş və ərizəçinin üzərinə artıq yük qoymamışdır.
177. Ərizəçinin müsadirə olunmuş əmlakı ixtira etdiyi dərmanın satışından qanuni yolla “qazandığı” puldan (10000000 ABŞ dolları) istifadə etməklə əldə etdiyinə dair iddiasına gəlincə, Hökumət qeyd etmişdir ki, ərizəçi bu arqumentini heç zaman ölkə məhkəmələrində qaldırmamışdır. Hökumət daha sonra bildirmişdir ki, hər bir halda ərizəçi həmin məbləğdən qanuni gəlir əldə etdiyinə dair hər hansı inandırıcı sübut təqdim etməmişdir. O qeyd etmişdir ki, yeganə təqdim olunmuş sübut ərizəçinin 1997-ci və 1998-ci illərdə təxminən 100000 dollar məbləğində vergi ödədiyini təsdiq edən 1999-cu il tarixli köhnə qəzet məqaləsi olmuşdur. Hökumət bunun vergilərin ödənildiyini təsdiq edən lazımı sənəd olmadığını qeyd etmiş və bildirmişdir ki, hər bir halda 10000000 ABŞ dolları məbləğində vəsaitdən o zaman ödənilməli olan verginin məbləği 3500000-dən 4000000 ABŞ dollarına qədər olmalı idi. Ərizəçi isə bunu heç zaman bəyan etməmiş və ya ödəməmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
178. Məhkəmə qeyd edir ki, ərizəçinin ailəsinin üzvləri ərizəçi barəsində həyata keçirilmiş cinayət işinin nəticəsində müvafiq mülkiyyət hüquqlarının iddia olunan pozuntuları ilə bağlı Avropa Məhkəməsinə öz adlarından ayrıca ərizələr təqdim etmişlər. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi müsadirə olunmuş əmlakın ailə üzvləri və qohumlarının mülkiyyətində olmasını iddia etməklə mahiyyət etibarı ilə başqa şəxslərin mülkiyyət hüquqlarının pozulmasından şikayət etmiş olur. Belə olan halda, ərizəçi iddia olunmuş pozuntularla bağlı zərərçəkmiş şəxs statusuna malik olduğunu iddia edə bilməz və buna görə də Məhkəmə hesab edir ki, şikayətin ərizəçinin ailə üzvlərinə məxsus olduğu iddia olunan mülkiyyət ilə bağlı hissəsi 35-ci maddənin 3-cü bəndinin a) yarımbəndinin mənasında Konvensiyanın müddəalarına ratione personae uyğunsuzluq təşkil edir və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
179. Şikayətin digər hissəsinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi müsadirə olunmuş müəyyən əmlakın (ümumi dəyəri dəqiqləşdirilməyən) ona məxsus olmadığını bildirsə də, ən azı həmin əmlakın bir hissəsi onun “mülkiyyətində” olmaqla şikayətinin predmetini təşkil edir və bura fərqli valyutalarda müxtəlif məbləğlərdə nağd pul, müxtəlif qiymətli metallar və zinət əşyaları, bir sıra yaşayış binaları və avtomobil daxil idi. Məhkəmə hesab edir ki, həmin əmlakın müsadirəsi ərizəçinin əmlakından maneəsiz istifadə hüququna müdaxilə təşkil edir və buna görə də 1 saylı Protokolun 1-ci maddəsi tətbiq oluna bilər.
180. Bu əmlak müvafiq vaxtda qüvvədə olan Cinayət Məcəlləsinin 51-ci və 179.3-cü maddələrində nəzərdə tutulmuş cəzanın tətbiq edilməsi ilə müsadirə olunmuşdu (yuxarıda 99-cu və 100-cü bəndlərə bax). Məhkəmə hesab edir ki, Konvensiyanın mənasında bu müsadirə göstərişi “cəza” hesab olunur (bax: “Fillips Birləşmiş Krallığa qarşı” (Phillips v. the United Kingdom, no. 41087/98, § 51, ECHR 2001‑VII)). Buna görə də bu, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi dairəsinə düşür. Bu maddə, inter alia, Razılığa Gələn Dövlətə təyin edilən cəza tədbirlərinin ödənilməsinin təmin olunması üçün mülkiyyətdən istifadə üzərinə nəzarət qoymaq səlahiyyəti verir. Lakin bu müddəa birinci bəndin birinci cümləsində təsbit olunmuş ümumi prinsip nəzərə alınmaqla təfsir edilməli və buna görə də tətbiq olunan vasitələrlə nail olunması arzu edilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır (digər qərarlarla yanaşı bax: “Allan Yakobson İsveçə qarşı” (Allan Jacobsson v. Sweden (no. 1), 25 October 1989, § 55, Series A no. 163) və “İmmobiliare Saffi İtaliyaya qarşı” (Immobiliare Saffi v. Italy [GC], no. 22774/93, § 44, ECHR 1999‑V)). Məhkəmə qəbul edir ki, Razılığa Gələn Dövlətlər 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndinə əsasən geniş təqdir səlahiyyətindən istifadə edirlər (bax: “AGOSİ Birləşmiş Krallığa qarşı” (AGOSI v. the United Kingdom, 24 October 1986, § 52, Series A no. 108)).
181. Əmlak müsadirəsi cəzası ilə nail olunması arzu olunan məqsədə gəlincə, Məhkəmə qeyd edir ki, bu cəza dövlət əmlakını mənimsəmiş şəxsləri cinayət nəticəsində əldə edilmiş gəlirdən məhrum edir və onları cinayət əməlləri ilə vurduqları maddi ziyana görə məsuliyyət daşımağa məcbur edir. Məhkəmə qəbul edir ki, cəzanın təyin edilməsi ümumi maraqlar naminə qanuni məqsədə xidmət etmişdir. Hazırkı işdə cəza əmlakın qanunsuz yolla əldə edilməsinin və cəmiyyətə ziyan vurmaqla cinayətkar fəaliyyət vasitəsilə zənginləşmənin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması məqsədinə xidmət göstərmişdir (bax: mutatis mutandis, “Silikiene Litvaya qarşı” (Silickienė v. Lithuania, no. 20496/02, § 65, 10 April 2012; Phillips, cited above, § 52) və “Raymondo İtaliyaya qarşı” (Raimondo v. Italy, 22 February 1994, § 30, Series A no. 281‑A)).
182. Məhkəmə qeyd edir ki, ərizəçinin mülkiyyətində olan və müsadirə olunmuş əmlakın ümumi dəyəri böyük olsa da, ərizəçinin mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayət əməlləri ilə vurulmuş maddi ziyanın ümumi məbləğindən artıq olmamışdır. Müsadirə göstərişi şəxsin məhkum olunması zamanı verilmiş və bu, səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilmiş məhkəmə prosesinin tərkib hissəsi olmuşdur.
183. Məhkəmə əvvəllər də müəyyən etmişdir ki, şəxsin 6-cı maddənin 1-ci bəndinə uyğun şəkildə məhkum olunması zamanı müsadirə barədə verilmiş göstəriş mülkiyyətindən maneəsiz istifadə hüququna qeyri-mütənasib müdaxilə hesab oluna bilməz (bax: yuxarıda qeyd edilmiş “Fillips” işi, 48-53-cü bəndlər və “Qreyson və Barnham Birləşmiş Krallığa qarşı” (Grayson and Barnham v. the United Kingdom, nos. 19955/05 and 15085/06, § 52, 23 September 2008)). Yuxarıda qeyd edilmiş hər iki işdə müsadirə barədə göstərişlər ərizəçinin məhkum edilməsi ilə nəticələnmiş proses başa çatdıqdan sonra başlanmış ayrıca proses çərçivəsində çıxarılmış cəza ilə təyin olunmuşdur. Bunlardan fərqli olaraq, hazırkı işdə şəxsin barəsində ittiham hökmünün çıxarılması və ona cəza təyin olunması məsələləri məhkəmə tərəfindən eyni proses çərçivəsində həll olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi əsasında təqdim etdiyi şikayət əsasən belə bir dəlil üzərində qurulmuşdur ki, müsadirə barədə göstəriş düzgün verilməmişdir, belə ki, o, 6-cı maddənin pozulması ilə həyata keçirilmiş cinayət prosesinin nəticəsi olaraq çıxarılmış ittiham hökmü ilə təyin olunmuşdur.
184. Yuxarıda müəyyən edildiyi kimi ərizəçi barəsindəki cinayət işinin 6-cı maddədə təsbit edilmiş müəyyən təminatlara uyğun gəlmədiyi faktı doğru olsa da, bununla belə Məhkəmə, ərizəçinin arqumentini qəbul edə bilməz. Məhkəmə hesab edir ki, ərizəçinin fikirləri o zaman doğru olardı ki, onun barəsindəki cinayət prosesi ədalət mühakiməsindən açıq imtina kimi qiymətləndirilə bilsin. Başqa sözlə, bu proses 6-cı maddənin tələblərinə və ya burada əks olunmuş prinsiplərə açıq şəkildə zidd olmalıdır (bax: mutatis mutandis, “Stoiçkov Bolqarıstana qarşı” (Stoichkov v. Bulgaria, no. 9808/02, § 51, 24 March 2005) və “Tsonyo Tsonev Bolqarıstana qarşı” (Tsonyo Tsonev v. Bulgaria (no. 3), no. 21124/04, § 59, 16 October 2012) - hər iki prosesdə 6-cı maddənin pozulması ilə həyata keçirilmiş məhkəmə prosesi nəticəsində təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın 5-ci maddənin 1-ci bəndinin a) yarımbəndinə uyğun olub-olmaması məsələsini qiymətləndirir). Bu, çox sərt bir testdir: ədalət mühakiməsindən açıq imtina Konvensiyanın 6-cı maddəsinin pozulması ilə nəticələnən məhkəmə proseslərindəki adi qanun pozuntuları və ya təminatların olmamasından daha ağır pozuntudur. Burada ədalətli məhkəmə baxışı prinsiplərinin elə bir formada pozulması tələb olunur ki, bu, həmin maddə ilə təmin olunan hüququn mahiyyətini heçə endirəcək və ya məhv edəcək dərəcədə mühüm olsun (bax: “Otman (Əbu Qatada) Birləşmiş Krallığa qarşı” (Othman (Abu Qatada) v. the United Kingdom, no. 8139/09, § 260, 17 January 2012)). İndiyə kimi Məhkəmə yalnız bəzi, olduqca müstəsna xarakterli işlərdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina edildiyini və ya edilə biləcəyini təsbit etmişdir (Məhkəmənin belə bir müstəsna halların olduğunu təsbit etdiyi işləri və müvafiq xülasələri tapmaq üçün bax: yuxarıda qeyd edilən “Otman (Əbu Qatada)” işi, 259-cu bənd və yuxarıda qeyd edilmiş “Tsonyo Tsonev” işi, 59-cu bənd). Burada vəziyyət belə deyil. Ərizəçi barəsindəki proses Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun gəlməsə də, Məhkəmənin müəyyən etdiyi pozuntular xarakter etibarı ilə bütünlükdə məhkəmə prosesini ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinaya bərabər tutacaq dərəcədə ədalətsiz edə biləcək səviyyədə deyildir. Belə olan halda, Məhkəmə hesab edir ki, cinayət prosesinin ədalətli məhkəmə baxışına dair müvafiq tələblərə uyğun həyata keçiriləcəyi təqdirdə ərizəçinin ittiham olunduğu cinayətlərə görə məhkum edilməyəcəyini ehtimal etmək spekulyasiya olardı.
185. Xüsusilə, ölkə məhkəməsinin qərarının cəza təyin edən hissəsinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi müsadirə ilə bağlı arqumentlərini ölkədaxili proseslər çərçivəsində qaldıra bilərdi və belə görünür ki, o, bu imkandan istifadə də etmişdir (müqayisə et: mutatis mutandis, “Saccoccia Avstriyaya qarşı” (Saccoccia v. Austria, no. 69917/01, § 90, 18 December 2008)). Məhkəmə yuxarıdakıları nəzərə alaraq və dövlətlərin ən ağır cinayətlərlə mübarizə məqsədilə cinayət-hüquq siyasətinin həyata keçirilməsində istifadə etdikləri təqdir səlahiyyətini göz önünə alaraq hesab edir ki, hazırkı işdə müsadirə barədə göstərişin verilməsi öz-özlüyündə nail olunması arzu olunan qanuni məqsədə qeyri-mütənasib olmamışdır.
186. Bundan əlavə, ərizəçinin cinayət işi üzrə məhkəmə prosesində Konvensiyanın 6-cı maddəsi ilə nəzərdə tutulmuş təminatların pozulmasının ölkə məhkəməsi tərəfindən vurulmuş ziyanın məbləğinin hesablanması və ya müsadirə olunmalı olan əmlakın dəyərinin düzgün hesablanmaması ilə nəticələndiyi barədə şikayətinə gəlincə, Məhkəmə qeyd edir ki, yuxarıda 6-cı maddənin pozulduğunun təsbit edilməsindən sonra cavabdeh dövlətdən işə yenidən baxmaq tələb olunur (aşağıda 195-ci bəndə bax). Bu zaman da ölkə məhkəmələri ərizəçinin məhkum edilməsi və ona cəza təyin edilməsi ilə bağlı olan bütün məsələləri, o cümlədən maddi ziyanla bağlı müxtəlif rəyləri Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq yenidən araşdırmağa dəvət olunacaqlar.
187. Məhkəmə yuxarıda gəldiyi nəticələri nəzərə alaraq qərara gəlir ki, ərizə bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
VI. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
188. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
1. Maddi ziyan
189. Ərizəçi özünün və qohumlarının müsadirə edilmiş əmlakının ona və qohumlarına geri qaytarılmalı olduğunu iddia etmişdir. O, daha sonra səhiyyə naziri kimi 60000 AZN (işdən azad olunduğu vaxtdan hesablanmışdır) və Elmlər Akademiyasının üzvü kimi (o, buradakı vəzifəsindən də azad edilmişdir) 36000 AZN məbləğində əmək haqlarının itirilməsi ilə ona vurulan ziyanın ödənilməsini tələb etmişdir.
190. Hökumət qeyd etmişdir ki, ərizəçi müsadirə edilmiş əmlakın geri qaytarılmasını tələb edə bilməz, belə ki, o, qanuni məhkəmə qərarına uyğun olaraq müsadirə olunmuşdur. O, daha sonra bildirmişdir ki, ərizəçi azad olunduğu dövlət vəzifəsinə görə də hər hansı əmək haqqının ödənilməsini tələb edə bilməz. Nəhayət, Hökumət qeyd etmişdir ki, onun Elmlər Akademiyasından azad olunmaq barədə şikayəti mümkünsüz elan olunmuşdur (bax: “İnsanov Azərbaycana qarşı (qərardad)” (Insanov v.Azerbaijan (dec.), no. 16133/08, 19 November 2009)) və buna görə də o, bu şikayəti ilə bağlı ona vurulmuş hər hansı maddi kompensasiyanın ödənilməsini tələb edə bilməz.
191. Məhkəmə təsbit edilmiş pozuntular ilə iddia olunan maddi ziyan arasında səbəbiyyət əlaqəsi müəyyən etməmişdir. Buna görə də o, ərizəçinin tələbini rədd edir.
2. Mənəvi ziyan
192. Ərizəçi vurulmuş mənəvi ziyana görə ona 30000000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
193. Hökumət tələb olunan məbləğin həddən çox olduğunu bildirmiş və hesab etmişdir ki, pozuntuların olması faktının müəyyən edilməsi öz-özlüyündə vurulmuş istənilən mənəvi ziyana görə qənaətbəxş kompensasiya olacaqdır.
194. Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi ziyan vurulmuşdur və sadəcə, pozuntu faktının müəyyən edilməsi ilə bu ziyanın kompensasiya edilməsi mümkün deyildir. Buna görə də kompensasiya ödənilməlidir. Məhkəmə ədalətli şəkildə qiymətləndirmə apararaq vurulmuş mənəvi ziyana görə ərizəçiyə məbləğdən tutulacaq vergilər əlavə edilməklə 10000 avro məbləğində vəsaitin ödənilməsini qət edir.
195. Məhkəmə təkrar edir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş hüquqlarının pozulması potensialının olmasına baxmayaraq, məhkum edildiyi zaman onun mümkün olduğu qədər həmin normanın tələbləri pozulmayacağı təqdirdə olacağı vəziyyəti bərpa edilməlidir (bax: “Piersak Belçikaya qarşı” (Piersack v. Belgium(Article 50), 26 October 1984, § 12, Series A no. 85)). Yuxarıda qət edildiyi kimi, hazırkı işdə cinayət prosesi ədalətlilik tələblərinə uyğun olmamışdır. Belə olan halda, pozulmuş hüquqların bərpasının ən münasib forması prinsip etibarı ilə məhkəmə prosesinin Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün işə yenidən baxılması ola bilər (bax: mutatis mutandis, “Somoqyi İtaliyaya qarşı” (Somogyi v. Italy, no. 67972/01, § 86, ECHR 2004‑IV); “Şulepov Rusiyaya qarşı” (Shulepov v. Russia, no. 15435/03, § 46, 26 June 2008); “Maksimov Azərbaycana qarşı” (Maksimov v. Azerbaijan, no. 38228/05, § 46, 8 October 2009) və “Abbasov Azərbaycana qarşı” (Abbasov v. Azerbaijan, no. 24271/05, §§ 41-42, 17 January 2008)). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Avropa Məhkəməsinin Konvensiyanın pozulması faktını təsbit etdiyi hallarda cinayət işinə Ali Məhkəmənin Plenumu tərəfindən yeni hallar üzrə yenidən baxılmasını və işin yenidən araşdırılması üçün göndərilməsini təmin edir (yuxarıda 102-ci bəndə bax).
B. Məhkəmə xərcləri
196. Ərizəçi məhkəmə xərcləri ilə bağlı heç bir tələb irəli sürməmişdir. Buna görə də məhkəmə bununla əlaqədar kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul etmir.
C. Faizlərin ödənilməsi
197. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. 3-cü maddə (saxlanma şəraiti ilə bağlı), 6-cı maddə (mülki işlə bağlı) və 6-cı maddə (cinayət işi ilə bağlı) əsasında təqdim edilmiş şikayətləri mümkün, digərlərini isə mümkünsüz elan edir;
2. 1 saylı istintaq təcridxanasında saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
3. 13 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
4. Mülki proseslə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
5. Cinayət işi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və onunla birlikdə 6-cı maddəsinin 3-cü bəndinin c) və d) yarımbəndlərinin pozulduğunu qət edir;
6. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə vurduğu mənəvi ziyana görə, tutulacaq vergi də daxil olmaqla, 10000 avro (on min avro) məbləğində vəsaiti, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
7. Ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 14 mart 2013-cü ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy