"Yukos Neft Şirkəti ASC" Rusiyaya qarşı – ərizə № 14902/04
20.9.2011 tarixli qərar [I Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Vergi borclarının alınması prosesinin heç bir güzəştə getmədən icra olunması və əsas şirkətin ləğvi ilə əlaqədar olaraq məhkəmə icraçılarının xərclərinin kompensasiyasının qeyri-mütənasib məbləğdə olması: pozuntu baş verib
Faktlar – Ərizəçi neft şirkəti idi və Rusiyanın ən böyük və ən uğurlu müəssisələrindən biri idi. 2002-ci ilin sonlarında o, bir sıra vergi yoxlamalarına və məhkəmə araşdırmalarına məruz qaldı və sonradan dəfələrlə vergi saxtakarlığına yol verməkdə, konkret olaraq vergidən yayınmaq üçün 2000-2003-cü illərdə saxta şirkətlərin yaradılmasını özündə ehtiva edən qanunsuz sxemlərdən istifadə etməkdə təqsirkar sayıldı. 2004-cü ilin aprelində ona qarşı 2000-ci vergi ili ilə əlaqədar məhkəmə prosesi başlandı. Elə həmin ayda hakimiyyət orqanları ona qarşı icra icraatına başladılar, nəticədə onun Rusiyadakı əmlakı üzərinə həbs qoyuldu, ölkədəki bank hesabları qismən donduruldu və Rusiyadakı törəmə müəssisələrinin səhmləri müsadirə olundu. 2004-cü ilin mayında arbitraj məhkəməsinin qərarı ilə onun üzərinə iri məbləğdə vergiləri, faizləri və cərimələri ödəmək vəzifəsi qoyuldu. Onun apellyasiya və kassasiya şikayətləri 2004-cü ilin iyununda və iyulunda rədd edildi və vergi ödəyicisinin vergi yoxlamasına əngəl törətdiyi hallarda üç illik iddia müddətinin başlanğıc anının müəyyənləşdirilməsi məsələsinə dair Konstitusiya Məhkəməsinin 14 iyul 2005-ci il tarixli qərarından sonra işə məhkəmə nəzarəti qaydasında baxılması üçün ərizəçi şirkətin verdiyi şikayət rədd edildi. Sonradan 2001-2003-cü illər üçün ərizəçi şirkətin vergi borcları yenidən hesablandı və hüquq pozuntularının dəfələrlə törədildiyi qənaətinə gəlinərək daha yüksək cərimələr tətbiq edildi. Ədliyyə Nazirliyinin iyul 2004-cü il tarixli açıqlamasından sonra 2004-cü ilin dekabrında ərizəçi şirkətin əsas (və ən dəyərli) istehsalat törəmə müəssisəsinin vergi öhdəliklərinin qarşılanması üçün 80%-ə yaxın səhmləri hərracda satıldı. Onun çox qısa müddətdə bütün bu məbləğləri ödəməsi tələb olunurdu, ödəniş müddətinin uzadılması üçün verdiyi çoxsaylı vəsatətlər isə rədd edildi. O həmçinin borc öhdəliyini yerinə yetirmədiyinə görə icra prosedurlarının xərclərinin kompensasiyası qismində ümumi borcunun 7%-ini təşkil edən məbləği ödəməli idi. 2006-cı ilin avqustunda ərizəçi şirkətin müflisləşdiyi elan olundu və 2007-ci ilin noyabrında o ləğv edildi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şirkət digər məsələlərlə yanaşı 2000-2003-cü illər üçün vergi hesablamalarının və sonrakı icra icraatının qanunsuzluğundan və mütənasib olmamasından şikayət etdi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi
a) 2000-ci ildə iddia edilən vergidən yayınma ilə əlaqədar məhkəmə təqibi – Ərizəçi şirkət iddia etdi ki, vergidən yayınma ilə bağlı məhkəmə təqibi üçün müəyyən edilmiş üç illik iddia müddətindən yararlanmasının qarşısı Konstitusiya Məhkəməsinin 14 iyul 2005-ci il tarixli qərarı ilə hüquqa zidd olaraq alınıb.
Məhkəmə 2000-ci ilin vergi borclarının yenidən hesablanması ilə bağlı məhkəmə icraatının cinayət hüququ xarakteri daşıyan proses olduğu qənaətinə gələrək xatırlatdı ki, cinayət və ona müvafiq olan cəza yalnız qanunla müəyyən edilə bilər və qanunlar əlçatan olmalı və onların doğura biləcəyi nəticələri öncədən görmək mümkün olmalıdır. Konstitusiya Məhkəməsinin qərarı ilə istisna halın müəyyən edilməsi müvafiq dövrdə qüvvədə olan və heç bir istisna halı nəzərdə tutmayan normada dəyişiklik etmiş oldu. Bu istisna Ali Arbitraj Məhkəməsinin praktiki göstərişlərindən kənarlaşma və həmin göstərişlərin ləğvi demək idi, halbuki əvvəllər müvafiq normanın tətbiqi ilə bağlı praktiki ziddiyyətlər və ya çətinliklər olduğunu göstərən heç bir əlamət yox idi. Müvafiq olaraq, dövlətin bu sahədə müəyyən qiymətləndirmə sərbəstliyinə malik olmasına baxmayaraq, qüvvədə olan normalar dəyişdirildiyinə görə qanunilik tələbinin pozuntusu baş vermişdi. Bundan başqa, 2000-ci ilin vergi borclarının yenidən hesablanması ilə bağlı məhkəmə icraatının yekununda ərizəçi şirkətin təqsirkar sayılması 2001-ci ilin vergilərinin hesablanması ilə bağlı icraatda ərizəçi şirkətin təkrar hüquq pozuntularına görə məsuliyyətə cəlb edilərək cərimə məbləğlərinin 100% artırılması üçün əsas təşkil etdiyinə görə, həmin il üçün ödənilməli cərimə məbləğlərinin ikiqat artırılması qanuna uyğun deyildi.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı dörd səslə).
b) 2000-2003-cü illər üçün vergilərin hesablanması əsasında müəyyən edilmiş əlavə vergi öhdəliyi – Ərizəçi şirkət mahiyyət etibarı ilə şikayət etdi ki, 2000-2003-cü illərdə istifadə etdiyi və onun rəyinə görə qanuni olan "vergilərin optimallaşdırılması üsulları" sonradan daxili məhkəmələr tərəfindən qaneedici hüquqi əsas olmadan və mövcud praktikaya zidd olaraq rədd edilmişdi ki, nəticədə həmin illər üçün onun əlavə vergi öhdəliyi yaranmışdı.
Məhkəmə qeyd etdi ki, şirkətin istifadə etdiyi vergi sxemlərinin şirkət tərəfindən istifadə edildiyi dövrdə qanunsuz olduğuna dair daxili məhkəmələrin qənaətləri nə əsassız, nə də açıq-aydın məntiqsiz idi. Eləcə də daxili qanunvericiliyin müvafiq müddəaları yetərincə əlçatan və dəqiq idi və onların doğura biləcəyi nəticələri öncədən görmək mümkün idi, belə ki, qüvvədə olan normalardan aydın bilinirdi ki, kommersiya müqavilələrinin iştirakçılarının razılaşdırdığı sxemlər yalnız tərəflər vicdanlı davranış prinsipi əsasında hərəkət etdikdə etibarlı sayılırdı və vergi orqanları tərəflərin davranışlarını yoxlamaqda və bu cür sxemlərin hüquqi tövsifini şübhə altına almaqda geniş səlahiyyətlərə malik idilər. Dövlətin müəyyən qiymətləndirmə sərbəstliyinə malik olduğunu, habelə ərizəçi şirkətin iri biznes holdinqi olduğunu və məsləhət üçün peşəkar mütəxəssisə müraciət etmək imkanına malik olduğunu nəzərə alsaq, sözügedən vergi hesablamalarının aparılması üçün kifayət qədər aydın hüquqi əsas mövcud idi. Hesablamalar qanuni məqsəd daşıyırdı (vergilərin ödənilməsini təmin etmək) və bu məqsədə mütənasib idi, belə ki, vergi dərəcələri çox da yüksək deyildi və əgər şirkətin hərəkətlərinin ağırlıq dərəcəsini nəzərə alsaq, cərimələrin və ya faizlərin dərəcələri ucbatından onun üzərinə fərdi və ya qeyri-mütənasib yük düşdüyünü düşünməyə əsas verən heç nə yox idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
c) İcra icraatı – Ərizəçi şirkətin aktivlərinin müsadirə olunması, icra prosedurlarının xərclərinin kompensasiyası qismində üzərinə ümumi borcunun 7%-ini təşkil edən məbləği ödəmək vəzifəsinin qoyulması və şirkətin əsas istehsalat bölməsinin hərrac vasitəsilə məcburi qaydada satılması onun 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil etmişdi. Davamlı proses kimi vəhdət halında götürülməklə təhlil edilməsi məqsədəuyğun olan icra icraatı 1 saylı Protokolun 1-ci maddəsində yer alan üçüncü normanın tətbiq dairəsinə düşürdü, həmin norma üzv dövlətlərə icazə verir ki, ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud "vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdikləri qanunların yerinə yetirilməsini təmin etsinlər". Bütün icraat ərzində müxtəlif dövlət orqanlarının hərəkətlərinin qanuni əsasa malik olduğunu və müvafiq qanunvericilik normalarının qanunun keyfiyyətinə dair Konvensiya standartlarına uyğun sayıla biləcək dərəcədə yetərincə dəqiq və aydın olduğunu şübhə altına almaq üçün heç bir əsas yox idi. Yerdə qalan yeganə sual ondan ibarətdir ki, məcburi icra tədbirləri qarşıya qoyulan qanuni məqsədə mütənasib idimi?
Bu tədbirlərin ərizəçi şirkətin gələcəyi üçün olduqca böyük əhəmiyyət daşıdığını nəzərə alsaq, Hökumətin bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malik olduğuna baxmayaraq, dövlət orqanları icra icraatı prosesində məsələyə aidiyyəti olan bütün amilləri diqqətlə və dəqiq şəkildə nəzərdən keçirməyə borclu idilər. Belə amillər sırasına bunlar daxil idi: şirkətin mövcud və potensial borclarının xarakteri və məbləği; onun biznesinin xarakteri və ölkə iqtisadiyyatında şirkətin nisbi çəkisi; şirkətin cari və təxmin edilən maddi durumu və icra icraatı çərçivəsində onun yaşam qabiliyyətinin qiymətləndirilməsi; müxtəlif icra tədbirlərinin şirkət və onun müxtəlif kateqoriyalı səhmdarları üçün iqtisadi və sosial nəticələri; icra icraatı çərçivəsində şirkətin rəhbərliyinin və sahiblərinin mövqeyi və davranışı, o cümlədən icra tədbirləri ilə bağlı şirkətin təklif edə biləcəyi hər hansı variantın mahiyyəti.
Dövlət hakimiyyəti orqanları bu amillərin bəzilərini araşdırsalar da və onlarla bağlı müəyyən qənaətlərə gəlsələr də, onların hamısı ilə bağlı dəqiq qiymətləndirmə aparmamışdılar. Konkret olaraq, onlar mümkün alternativ icra tədbirlərini ətraflı şəkildə nəzərdən keçirməmiş şirkətin əsas istehsalat bölməsinin birinci növbədə hərraca çıxarılması barədə qərar verərkən kifayət qədər aydın idi ki, bu, şirkətin yaşam qabiliyyətinə məhvedici təsir göstərə bilər. Baxmayaraq ki, məhkəmə icraçılarının daxili qanunvericiliyə riayət etmək vəzifəsi onların seçim imkanlarını məhdudlaşdıra bilər, hər halda onların xeyli dərəcədə seçim azadlığı qalırdı, belə ki, onlar şirkətin qorunub saxlanması ilə və ləğv edilməsi arasında seçim etmək imkanına malik idilər. Beləliklə, baxmayaraq ki, şirkətin borclarının ümumi məbləği onun əsas istehsalat bölməsinin hərracda satılması barədə qərarın tam əsassız olmadığı anlamına gəlirdi, hər halda dövlət orqanları şirkətin qorunub saxlanması üçün yeganə ümid yeri olan əmlakın satışı variantını qəti şəkildə seçməzdən əvvəl digər variantları, xüsusən şirkətin strukturuna daha az ziyan yetirə bilən variantları ciddi şəkildə nəzərdən keçirməli idilər. Bu mülahizəni xüsusən belə bir fakt təsdiqləyir ki, şirkətin ölkədəki bütün əmlakına əvvəlki məhkəmə qərarları ilə həbs qoyulmuşdu və həmin əmlak üzərində asanlıqla sərəncam vermək olardı.
Borclarına əlavə olunan və 43 milyard rubl (1,16 milyard avro) təşkil edən 7%-lik kompensasiya ödənişi də şirkətin vəziyyətinə ciddi təsir göstərmişdi. Bu məbləğin ödənişi təxirə salına və ya müəyyən möhlət verilməklə həyata keçirilə bilməzdi və hətta şirkət əsas borcunu ödəməyə başlamazdan əvvəl onu ödəməli idi. Hakimiyyət orqanları bu məbləği azaltmaqdan birmənalı olaraq imtina etmişdilər. Məhkəmə razılaşa bilər ki, icra prosedurları ilə bağlı xərclərin ödənilməsinin borcludan tələb edilməsində və ya borclunu həmin xərcləri könüllü surətdə ödəməyə sövq etmək üçün sanksiya tətbiqi təhlükəsinin mövcud olmasında prinsipcə hüquqa zidd heç nə yoxdur, amma ərizəçi şirkətin işində ödənilməli olan icra prosedurlarının xərclərinin kompensasiyası məhkəmə icraçılarının həyata keçirdiyi icra tədbirlərinin real xərclərinə mütənasib deyildi və bu tələbin başqa seçim imkanı qoymayan tərzdə tətbiq edilməsi ərizəçi şirkətin mövcudluğuna son qoyulmasına ciddi surətdə şərait yaratmışdı.
Nəhayət, dövlət orqanları icra icraatını həyata keçirərkən qeyri-çevik davranmış və ərizəçi şirkətin əlavə vaxt verilməsi barədə sorğuları müqabilində güzəştə getməyərək bu sorğuları çox cəld şəkildə və davamlı olaraq rədd etmişdilər.
Bir sözlə, dövlət hakimiyyəti orqanlarının icra icraatını hansı sürətlə apardıqlarını, icra prosedurları ilə bağlı xərcləri tam ödəmək vəzifəsinin mövcud olduğunu və həmin orqanların öz hərəkətlərinin nəticələri barədə lazımi qaydada düşünmədiklərini nəzərə alsaq, dövlət hakimiyyəti orqanları qarşıya qoyulmuş qanuni məqsədlərlə tətbiq edilmiş tədbirlər arasında ədalətli balansı təmin etməmişdilər.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı beş səslə).
Məhkəmə həmçinin 2000-ci ilin vergi hesablamaları ilə bağlı icraatda 6-cı maddənin 1-ci və 3(d) bəndlərinin pozulduğunu müəyyən etdi, ona görə ki, ərizəçi şirkətə birinci instansiya səviyyəsində işin materiallarını öyrənməsi və ya arqumentlərini təqdim etməsi üçün və ümumiyyətlə apellyasiya icraatına hazırlaşması üçün kifayət qədər vaxt verilməmişdi (ən azı 43.000 səhifəlik material üçün dörd gün). O, ərizəçi şirkətin 6-cı maddənin 1-ci bəndi üzrə digər şikayətləri ilə bağlı pozuntu müəyyən etmədi. O, bu qənaətə gəldi ki, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş halda 14-cü maddənin pozuntusu baş verməyib, belə ki, istifadə etdiyi vergi sxemləri olduqca mürəkkəb olduğuna görə ərizəçi şirkət hər hansı digər şirkətlə müqayisədə oxşar vəziyyətdə deyildi. Nəhayət, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş halda 18-ci maddənin pozuntusu baş verməyib, belə ki, ərizəçi şirkət dövlət orqanlarının məqsədinin vergidən yayınmanın qarşısını almaq üçün qanuni tədbir görmək deyil, onu məhv etmək və onun əmlakı üzərində nəzarəti ələ keçirmək olduğu barədə iddialarını sübut edə bilməyib.
Maddə 41: Bu maddənin tətbiqi məsələsinə baxılması təxirə salındı.
Full & Egal Universal Law Academy