Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Öcalan (Öcalan) Türkiyəyə qarşı [BP] - 46221/99
Qərar 12.5.2005 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Məhkəmə gedişatının bir hissəsində dövlət təhlükəsizlik məhkəməsi tərkibində hərbi hakimin olması: pozuntu
6-cı Maddənin 3 “b” bəndi
Adekvat imkan
Adekvat zaman
Saxlanılan şəxsin cinayət işi ilə bağlı sənədləri əldə etməsinə məhdudiyyətlər və bu sənədlərin vəkillərə gec təqdim olunması nəticəsində, böyük həcmli materiala tələsik cavab verməyə məcbur olması: pozuntu
6-cı Maddənin 3 “c” bəndi
Müdafiəçi vasitəsilə müdafiə
Nəzarət altında olduğu 7 gün müddətində vəkil ilə görüşə icazə verilməməsinin ardından məsləhətləşmələrin sayı və müddəti üzrə məhdudiyyətlərin qoyulması; məhkəmə nəzarətçiləri olmadan saxlanılan şəxsin vəkillər ilə danışıqlar aparması imkanının olmaması: pozuntu
Faktlar - 1998-ci ilin oktyabr ayında Türkiyə vətəndaşı və Kürd Fəhlə Partiyasının ("PKK") keçmiş rəhbəri olan ərizəçi Suriyadan çıxarılmışdır. Müxtəlif ölkələrdə gizləndikdən sonra o, Keniyanın paytaxtı Nayrobi şəhərində Yunanıstan Səfirinin iqamətgahında saxlanılmışdır. 15 fevral 1999-cu il tarixində o, Yunanıstan Səfirindən ayrılmış və Keniya rəsmiləri tərəfindən Türkiyə rəsmiləri onu həbs etmək üçün gözlədikləri Nayrobi hava limanındakı Türkiyəyə məxsus təyyarəyə çatdırılmışdır. Türkiyə məhkəmələri onun həbs olunması ilə bağlı yeddi həbs orderi vermiş və axtarış bildirişi İnterpol tərəfindən yayılmışdır. İttiham olunan şəxs Türkiyəyə transfer olunmuş və 1999-cu ilin 16 fevral tarixində İmralı adasında həbsxanada nəzarət altına alınmış, ardınca isə təhlükəsizlik orqanlarının üzvləri tərəfindən dindirilmişdir. 22 fevral 1999-cu il tarixində Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin dövlət ittihamçısı onu dindirmişdir. 23 fevral 1999-cu il tarixində ittiham olunan şəxs Dövlət Təhlükəsizlik Məhkəməsi hakiminin qarşısına çıxmış və sonuncu onun barəsində həbs qəimkan tədbiri seçmişdir. 1999-cu ilin aprel ayında təqdim olunan ittihamda dövlət ittihamçısı ərizəçini milli ərazinin bir hissəsinin ayrılması məqsədi daşıyan fəaliyyət ilə məşğul olmaqda və silahlı təşkilatın formalaşması və idarə olunmasında ittiham edirdi. Dövlət ittihamçısı ərizəçi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci Maddəsinə əsasən ölüm cəzası istəmişdir. Məhkəmə gedən zaman dövlət təhlükəsizlik məhkəməsinin tərkibindən hərbçi üzvləri istisna etmək üçün Konstitusiyaya düzəliş edilmişdir. Məhkəmə tərkibində təqsirləndirilən şəxsin dinləmələrində iştirak edən hərbi hakimi əvəz etmək üçün adi hakim təyin olunmuşdur. Ərizəçi qeyd olunan cinayətləri törətməkdə təqsirli bilinmiş və ölüm cəzasına məhkum olunmuşdur. 25 noyabr 1999-cu ildə Kassasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlamışdır.
Eyni zamanda, 13 noyabr 1999-cu il tarixdə Avropa Məhkəməsi Məhkəmə Reqlamentinin 39-cu qaydasını tətbiq etmək qərarına gələrək Türkiyə Hökumətindən ölüm hökmünün yerinə yetirilməməsi və beləliklə də Məhkəməyə şikayətin qəbuledilənliyinin yoxlanılmasına şərait yaradılması üçün bütün zəruri tədbirləri görməyi xahiş etmişdir. 2001-ci ilin sentyabr ayında İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin ekspertləri ərizəçinin saxlanıldığı həbsxananı ziyarət etmiş və müəyyən tövsiyələr vermişlər. 2002-ci ilin avqust ayında qəbul olunmuş qanunvericilik sülh dövründə ölüm cəzasını ləğv etmiş və Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir. 2002-ci ilin sentyabr ayında Türkiyə Hökuməti Avropa Məhkəməsinə ərizəçinin ölüm cəzasının artıq tətbiq oluna bilməyəcəyini bildirmişdir. 2002-ci ilin oktyabr ayında Ankara Dövlət Təhlükəsizlik Məhkəməsi onun cəzasını ömürlük həbs cəzası ilə əvəz etmişdir. Avropa Məhkəməsinin Palatası (Birinci Bölmə) 12 mart 2003-cü il tarixdə işlə bağlı qərar çıxarmışdır (bax CLR 51). 2003-cü ilin noyabr ayında Türkiyə ölüm cəzasının ləğv edilməsi ilə bağlı Konvensiyanın 6 saylı Protokolunu ratifikasiya etmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1 - Dövlət Təhlükəsizlik Məhkəməsinin tərkibi: Məhkəmənin qərar çıxardığı zaman müstəqilliyi ilə bağlı məsələ yalnız onun tərkibindən asılı deyil. Müstəqillik ilə bağlı 6-cı Maddənin müddəalarına riayət etmək üçün, məhkəmə, prosesin istintaq, məhkəmə və hökm (qeyd olunanlar Hökumətə əsasən Türkiyə cinayət məhkəmə prosesinin üç mərhələsidir) mərhələsinin hər birində icra və qanunvericilik hakimiyyətindən müstəqil olmalıdır. Bundan əlavə, sözügedən cinayət proseslərində qüvvədə qalmaqda davam edən bir və ya bir neçə müvəqqəti qərarda hərbi hakimin iştirak etməsi halında, bu vəziyyət dövlət təhlükəsizlik məhkəməsinin sonrakı proseslərindən aradan qaldırması halı istisna olmaqla,ərizəçinin bütün məhkəmə prosesinin etibarlılığı ilə bağlı narahatlığına əsas var idi. Xüsusilə, mülki şəxslə bağlı məhkəmə prosesinin tərkib hissəsi olan müvəqqəti qərarın qəbulu zamanı hərbi hakimin iştirak etməsi bütün məhkəmə prosesinin müstəqil və qərəzsiz məhkəmə görüntüsünə xələl gətirir. Ərizəçinin işində hərbi hakim iki ilkin iclas və müvəqqəti qərarların qəbulu ilə bağlı işin mahiyyəti üzrə altı iclasda iştirak etmişdir. Hərbi hakimin dəyişdirilməsindən sonra qərarların heç biri yenilənməmiş və hakim dəyişdirildikdən sonra bütün qərarlar qüvvədə saxlanmışdır. Belə olan halda, Böyük Palata hərbi hakimin məhkəmə prosesinin başa çatmasından öncə dəyişdirilməsinin ərizəçinin məhkəmənin müstəqilliyi və qərəzsizliyi haqqında narahatlıqlarını aradan qaldırdığını qəbul edə bilməz.
Nəticə: pozuntu (altı səsə qarşı on bir səs).
Maddə 6 § 3(b) və 6 § 3(c) ilə birgə götürülməklə Maddə 6 § 1: Böyük Palata ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun danılması ilə bağlı Maddə 6 § 3(b) və (c) bəndləri ilə birgə Maddə 6 § 1-in pozulduğu barədə Palatanın qərarı ilə razıdır: ərizəçi polis nəzarəti altında olduğu zaman vəkillə təmin olunmamışdır; üçüncü tərəflərin dinləmələrindən kənarda öz vəkilləri ilə əlaqə saxlamaq imkanı olmamışdır; məhkəmə prosesinin sonunadək məhkəmə iş materiallarına birbaşa çıxış əldə etmək imkanına malik olmamış; vəkili ilə görüşlərinin sayı və müddətinə məhdudiyyətlər qoyulmuş və vəkillərə son günədək cinayət işi ilə əlaqədar sənədləri lazımi qaydada çıxış imkanı verilməmişdir. Bu çətinliklərin ümumi təsiri müdafiə hüquqlarını məhdudlaşdıraraq 6-cı Maddədə qeyd olunan ədalətli məhkəmə araşdırması prinsipinə ziddiyyət təşkil etmişdir.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy