© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
KEÇMİŞ BEŞİNCİ BÖLMƏ
OLEKSANDR VOLKOV UKRAYNAYA qarşı İŞİ
(OLEKSANDR VOLKOV v. UKRAINE)
(21722/11 saylı ərizə)
QƏRAR
(Mahiyyəti üzrə)
Bu qərara Məhkəmə Reqlamentinin 81-ci Qaydasına uyğun olaraq
9 aprel 2013-cü il tarixində düzəliş edilmişdir.
STRASBURQ
9 yanvar 2013-cü il
YEKUN
27/05/2013
Bu qərar Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə əsasən yekun qərar olmuşdur. Qərar redaktə məqsədilə təhlil edilə bilər.
Oleksandr Volkov Ukraynaya qarşı işinə
Aşağıdakı tərkibdən:
Dean Spielmann, Sədr,
Mark Villiger,
Boštjan M. Zupančič,
Ann Power-Forde,
Ganna Yudkivska,
Angelika Nußberger,
André Potocki, hakimlər,
və Claudia Westerdiek, Bölmə Katibi,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Keçmiş Beşinci Bölmə),
11 dekabr 2012-ci il tarixində qapalı müşavirə keçirərək,
qeyd edilən tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Ukrayna vətəndaşı cənab Oleksandr Fedorovych Volkov (“ərizəçi”) tərəfindən Məhkəməyə 30 mart 2011-ci il tarixində Ukraynaya qarşı təqdim olunmuş (21722/11 saylı) ərizə əsasında açılmışdır.
2. Ərizəçi Londonda yerləşən Avropa İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin (“EHRAC”) hüquqşünasları cənab P. Leach və xanım J. Gordon tərəfindən təmsil olunmuşdur. Ukrayna Hökuməti (“Hökumət”) onun nümayəndəsi qismində çıxış edən, Ədliyyə Nazirliyindən xanım V. Lutkovska və sonradan onu əvəz etmiş cənab N. Kulchytskyy tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi Ali Məhkəmənin hakimi vəzifəsindən uzaqlaşdırılarkən, Konvensiya ilə müəyyən olunan hüquqlarının pozulmasından şikayət etmişdir. Xüsusilə də, Konvensiyanın 6-cı Maddəsinə əsaslanaraq iddia etmişdir ki, (i) onun işinə “müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə” baxılmamış; (ii) Yüksək Ədliyyə Şurasında (“YƏŞ”) aparılan icraat, intizam tədbirləri üçün iddia müddətləri də daxil olmaqla vacib prosessual təminatlar müəyyən edən milli qanunvericilikdə nəzərdə tutulan prosessual qaydalara uyğun olaraq aparılmadığından ədalətsiz olmuş; (iii) Parlament onun vəzifədən kənarlaşdırılması barədə qərarı işi münasib şəkildə araşdırmadan və elektron səsvermə sistemindən sui-istifadə edərək plenar iclasda vermişdir; (iv) onun işinə “qanun əsasında yaradılmış” məhkəmə tərəfindən baxılmamışdır; (v) Onun işi üzrə qərar sübutlar dəyərləndirilmədən qəbul edilmiş və müdafiə tərəfinin qaldırdığı vacib arqumentlər lazımi qaydada nəzərə alınmamışdır; (vi) YƏŞ tərəfindən qəbul olunan aktlara yenidən baxması üçün Yüksək İnzibati Məhkəmənin (“YİM”) kifayət qədər səlahiyyətinin olmaması onun “məhkəməyə müraciət etmək hüququna” zidd olmuş; və (vii) bərabər imkan yaradılması prinsipinə hörmət edilməmişdir. Ərizəçi həmçinin şikayət etmişdir ki, onun vəzifəsindən kənarlaşdırılması Konvensiyanın 8-ci Maddəsinə uyğun olmamış və Konvensiyanın 13-cü Maddəsinə zidd olaraq bununla bağlı onun heç bir səmərəli müdafiə imkanı olmamışdır.
4. 18 oktyabr 2011-ci ildə ərizə qismən qəbuledilməz elan edilmiş və yuxarıda qeyd olunan şikayətlər Hökumətə çatdırılmışdır. Həmçinin qərara alınmışdır ki, ərizəyə prioritet qaydada baxılsın (Qayda 41).
5. Həm Ərizəçi və həm də Hökumət hər ikisi yazılı mülahizələrini göndərdilər (Qayda 54 § 2 (b)).
6. Dinləmə 12 iyun 2012-ci ildə Strasburqda, İnsan Hüquqları Binasında ictimaiyyətə açıq şəkildə həyata keçirildi (Qayda 59 § 3).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
(a) Hökumət adından
CənabN. KULCHYTSKYY,Nümayəndə,
CənabV. NASAD
CənabM. Bem,
CənabV. Demchenko
XanımN. SukhovaMəsləhətçilər;
(b) Ərizəçinin adından
Cənab P. LEACH,Vəkil,
XanımJ. Gordon,
Xanım O. Popova,Məsləhətçilər;
Ərizəçi də iştirak edirdi.
Məhkəmə cənab N. Kulchytskyy-nin, cənab P. Leach-in və xanım J. Gordon-un çıxışlarını və həmçinin cənab Kulchytskyy-nin və cənab P. Leach-in tərəflərə ünvanlanmış suallara verdikləri cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
7. Ərizəçi 1957-ci il təvəllüdlüdür və Kiyevdə yaşayır.
A. İşin əsası
8. 1983-cü ildə ərizəçi rayon məhkəməsinin hakimi vəzifəsinə təyin edildi. Həmin vaxt milli qanunvericilik hakim vəzifəsi üçün andiçmə nəzərdə tutmurdu.
9. 5 iyun 2003-cü ildə ərizəçi Ali Məhkəmənin hakimi vəzifəsinə seçildi.
10. 2 dekabr 2005-ci ildə o, həmçinin, (ədliyyə özünüidarəetmə orqanı olan) Ukrayna Hakimlər Şurasının sədr müavini seçildi.
11. 30 mart 2007-ci ildə ərizəçi Ali Məhkəmənin Hərbi Palatasının sədri seçildi.
12. 26 iyun 2007-ci ildə Ukrayna Hakimlər Yığıncağı qərara gəldi ki, başqa bir hakim, V.P. daha YƏŞ-in üzvü kimi fəaliyyət göstərə bilmir və onun vəzifəsinə xitam verilməlidir. V.P. həmin qərarı məhkəmə qaydasında mübahisələndirdi. O, daha sonra bu məsələ ilə əlaqədar məhkəmələr üzrə parlament komitəsinə (Комітет Верховної Ради України з питань правосуддя)[1] (“parlament komitəsi”) müraciət etdi.
13. 7 dekabr 2007-ci ildə Ukrayna Hakimlər Yığıncağı ərizəçini YƏŞ-nın üzvü vəzifəsinə seçdi və YƏŞ haqqında 1998-ci il Qanununun 17-ci bölməsi ilə tələb olunduğu kimi, Parlamentdən ərizəçinin YƏŞ-nın üzvü vəzifəsinin icrasına başlamasına icazə verilməsi üçün YƏŞ-nın üzvünün andiçməsini təşkil etməyi xahiş etdi. Ukrayna Hakimlər Şurasının sədri tərəfindən də oxşar təklif təqdim olundu.
14. Həm də YƏŞ-nın üzvü olan Parlament komitəsinin sədri S.K. cavabında Ukrayna Hakimlər Şurasına bildirdi ki, bu məsələ V.P.-nin Ukrayna Hakimlər Yığıncağının onun YƏŞ-nın üzvü vəzifəsinə xitam verilməsi ilə bağlı qərarının qanunsuz olması haqqında təqdimatları ilə birlikdə diqqətlə araşdırılmalıdır.
15. Ərizəçi YƏŞ-nın üzvü vəzifəsini qəbul etmədi.
B. Ərizəçiyə qarşı icraatlar
16. Eyni zamanda, S.K. və parlament komitəsinin iki üzvü YƏŞ-na müraciətlər ünvanladılar və V.P.-nin şikayətlərinə istinad edərək, ərizəçinin peşəkar baxımdan nalayiq hərəkət etməsinin mümkünlüyünün ilkin araşdırmasının aparılmasını istədilər.
17. 16 dekabr 2008-ci ildə YƏŞ-nın üzvü, R.K. ilkin araşdırma apardıqdan sonra YƏŞ-na müraciət etdi və ərizəçinin bir neçə dəfə Ali Məhkəmənin hakimi olarkən qohumu, daha dəqiq desək arvadının qardaşı olan hakim B. tərəfindən verilmiş qərarlara baxmış olduğunu iddia edərək, ərizəçinin “andını pozduğuna” görə hakim vəzifəsindən kənarlaşdırıla bilməsinin mümkün olub olmadığının müəyyənləşdirilməsini istədi. Bundan əlavə, (Ukrayna Hakimlər Yığıncağının onun vəzifəsinə xitam verilməsi haqqında qərarı ilə bağlı) V.P. tərəfindən aparılan icraatlarda üçüncü tərəf kimi iştirak edərkən, ərizəçi həmin iş üzrə apelyasiya məhkəməsinin palatasında oturan həmin hakimin, B.-nin çıxarılmasını təklif etməmişdir. 24 dekabr 2008-ci ildə R.K. hakim B. tərəfindən baxılmış və daha sonra ərizəçi tərəfindən yenidən baxılmış işlər üzrə əlavə nümunələr verməklə öz müraciətini tamamladı. Ərizəçinin müraciətin əsasını təşkil edən bəzi hərəkətləri 2003-cü ilin noyabrına aid idi.
18. 20 mart 2009-cu ildə YƏŞ-nın üzvü V.K. ilkin araşdırma apardı və YƏŞ-na daha bir müraciət ünvanladı və bu müraciətində ərizəçinin bir məhdud məsuliyyətli cəmiyyətin cəlb olunduğu korporativ mübahisələrlə bağlı işlərə baxarkən bir sıra ciddi prosessual pozuntulara yol vermiş olduğunu iddia edərək, ərizəçinin “andını pozduğuna” görə hakim vəzifəsindən kənarlaşdırılmasını istədi. Ərizəçinin müraciətin əsasını təşkil edən bəzi hərəkətləri 2006-cı ilin iyuluna gedib çıxırdı.
19. 19 dekabr 2008-ci ildə və 3 aprel 2009-cu ildə bu müraciətlər ərizəçinin də nəzərinə çatdırıldı.
20. 22 mart 2010-cu ildə V.K. YƏŞ-nın sədri seçildi.
21. 19 may 2010[2]-cu ildə YƏŞ ərizəçini onun kənarlaşdırılması ilə bağlı 25 may 2010-cu ildə keçiriləcək dinləməyə dəvət etdi. Ərizəçi 20 may 2010[3]-cu il tarixli cavabında YƏŞ-na məlumat verdi ki, Ali Məhkəmənin sədri onun ən yaxşı təcrübə barədə yerli məhkəməyə məsləhət verməsi üçün 24-28 may 2010-cu il tarixləri ərzində Sevastopolda səfərdə olması barədə göstəriş verdiyindən o, həmin dinləməyə gələ bilməyəcək. Ərizəçi YƏŞ-dan həmin dinləməni təxirə salmağı xahiş etdi.
22. 21 may 2010-cu ildə YƏŞ ərizəçiyə bildiriş göndərdi və məlumat verdi ki, onun kənarlaşdırılması ilə bağlı dinləmə 26 may 2010-cu ilə kimi təxirə salınmışdır. Ərizəçinin bildirdiyinə görə o, bildirişi 28 may 2010-cu ildə alıb.
23. 26 may 2010-cu ildə YƏŞ R.K. və V.K. tərəfindən edilmiş müraciətlərə baxdı və “andını pozduğuna” görə ərizəçinin hakim vəzifəsindən kənarlaşdırılması üçün Parlamentə təqdimatın göndərilməsi haqqında iki qərar qəbul etdi. Dinləməyə V.K. sədrlik etdi. R.K. və S.K. da YƏŞ-nın üzvləri kimi iştirak etdilər. Ərizəçi iştirak etmədi.
24. Qərarların qəbulunda YƏŞ-nın dinləmədə iştirak edən on altı üzvü səs verdi ki, onlardan da üçü hakim idi.
25. 31 may 2010-cu ildə V.K. YƏŞ-nın sədri kimi Parlamentə ərizəçinin hakim vəzifəsindən kənarlaşdırılması üçün iki təqdimat göndərdi.
26. 16 iyun 2010-cu ildə S.K.-nın sədrliyi ilə keçirilən dinləmə zamanı parlament komitəsi YƏŞ-nın ərizəçi ilə bağlı təqdimatlarına baxdı və ərizəçinin kənarlaşdırılması üçün tövsiyyə qəbul etdi. Komitənin YƏŞ-nın ərizəçi ilə bağlı ilkin araşdırmalar aparması üçün müraciət etmiş üzvləri də tövsiyəyə səs verdilər. S.K.-dan əlavə komitənin başqa bir üzvü daha əvvəl YƏŞ-nın üzvü kimi ərizəçinin işi ilə məşğul olmuşdu və nəticə etibarilə komitənin bir hissəsi kimi tövsiyəyə səs vermişdi. Məhkəmənin iş üzrə müşavirə[4] keçirdiyi tarixli sənədə görə ərizəçi komitənin dinləməsində iştirak etməmişdir.
27. 17 iyun 2010-cu ildə YƏŞ-nın təqdimatları və parlament komitəsinin tövsiyəsi Parlamentin plenar iclasında müzakirə edildi. Söz S.K. və V.K.-ya verildi və onlar ərizəçinin işi üzrə məruzə etdilər. Ərizəçi iclasda iştirak etdi. Müşavirədən sonra Parlament ərizəçinin “andını pzoduğuna” görə hakim vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verdi və bunu müəyyən edən qətnamə qəbul etdi.
28. Ərizəçiyə görə, elektron səsvermə zamanı Parlamentin Üzvlərinin əksəriyyəti iştirak etmirdi. İştirak edən Parlament Üzvləri iştirak etməyən həmkarlarına məxsus olan səsvermə kartlarından da istifadə edirdilər. Səsvermə kartlarından sui-istifadə edilməsi ilə bağlı Parlament Üzvlərinin bəyanatları və plenar iclasın müvafiq hissəsinin video yazısı Məhkəməyə təqdim edilmişdir.
29. Ərizəçi vəzifəsindən kənarlaşdırılmasını YİM qarşısında mübahisələndirdi. Ərizəçi iddia etdi ki, YƏŞ müstəqil və qərəzsiz hərəkət etməmişdir; onun işi üzrə olan dinləmələr barədə ona lazımi qaydada məlumat verməmişdir; Ali Məhkəmənin hakiminin kənarlaşdırılması üzrə, YƏŞ haqqında 1998-ci il Qanununun dördüncü fəslində müəyyən olunan və haqqında inzibati icraat aparılan hakimə bildirişlərin verilməsi, onun icraatlarda fəal iştirakı, icraatlar üçün vaxt çərçivəsi, gizli səsvermə və intizam xarakterli cərimələr üçün iddia müddətləri kimi prosessual təminatlar təklif edən proseduru tətbiq etməmişdir; YƏŞ-nın qərarları əsaslandırılmamış və qanunsuz olmuşdur; parlament komitəsi onu dinləməmiş və qanunsuz və qərəzli hərəkət etmişdir; Parlament Parlament Üzlərinin əksəriyyətinin iştirakı olmadan ərizəçinin vəzifəsindən kənarlaşdırılması haqqında qətnamə qəbul etmişdir ki, bu da Konstitusiyanın 84-cü Maddəsinin, Parlament Üzvlərinin statusu haqqında 1992-ci il Qanununun 24-cü bölməsinin və Parlamentin Reqlamentinin 47-ci qaydasının pozulması deməkdir.
30. Bu səbəbdən də ərizəçi müraciət etdi ki, YƏŞ tərəfindən verilən həmin qərarlar və təqdimatlar və parlament qətnaməsi qanunsuz elan edilsin və ləğv olunsun.
31. İnzibati Ədalət Məcəlləsinin (“Məcəllə”) 171-1-ci Maddəsinə uyğun olaraq işə baxılması YİM-nin xüsusi palatasına tapşırıldı.
32. Ərizəçi palatanın qanunsuz təşkil olunduğunu və qərəzli olduğunu iddia edərək onun kənarlaşdırılmasına çalışdı. Lakin, ərizəçinin bu vəsatəti əsaslandırılmamış hesab edilərək rədd edildi. Ərizəçinin bildirdiyinə görə, onun sübutların müxtəlif hissələrinin toplanması və qəbul edilməsi və şahidlərin çağırılması ilə bağlı bir neçə müraciəti rədd edilmişdi.
33. 6 sentyabr 2010-cu ildə, ərizəçi Parlament Üzvlərinin onun vəzifədən kənarlaşdırılması ilə bağlı səsvermə zamanı səsvermə kartlarından sui-istifadə olunması haqqında bəyanatlarını və plenar iclasının müvafiq hissəsinin video yazısını da öz iddiasına əlavə etdi.
34. Bir neçə dinləmədən sonra, 19 oktyabr 2010-cu ildə YİM ərizəçinin iddiasına baxdı və qərar qəbul etdi. YİM müəyyən etdi ki, ərizəçi hakim vəzifəsində çalışmağa 1983-cü ildə başlamışdır ki, həmin vaxt da milli qanunvericilik hakim üçün andiçmə nəzərdə tutmurdu. Bununla belə, ərizəçi hakimlik peşəsinin, Hakimlərin statusu haqqında 1992-ci il Qanununun 6 və 10-cu bölmələrində müəyyən olunmuş və ərizəçinin etdiyi hərəkətlər zamanı da məcburi hüquqi qüvvəyə malik olan fundamental standartlarının pozuntusuna görə kənarlaşdırılmışdır.
35. Məhkəmə daha sonra müəyyən etdi ki, YƏŞ-nın qərarı və R.K.-nın müraciəti üzrə təqdimatı qanunsuz olmuşdur, çünki ərizəçi və hakim B. həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qohum hesab olunmurdular. Bundan əlavə, ərizəçinin üçüncü tərəf olduğu icraatlara gəldikdə isə, ərizəçinin hakim B.-nin kənarlaşdırılmasına çalışmaq kimi bir öhdəliyi olmamaışdır. Bununla belə, YİM YƏŞ-nın R.K.nın müraciəti ilə bağlı qəbul etdiyi aktları ləğv etməkdən imtina etdi və qeyd etdi ki, Məcəllənin 171-1-ci Maddəsinə görə onun bu cür tədbir görməyə səlahiyyəti çatmır.
36. YƏŞ tərəfindən V.K.-nın müraciəti ilə bağlı verilmiş qərara və təqdimata gəldikdə isə, onların qanunsuz və əsaslandırılmamış olduğu müəyyən edildi.
37. Ərizəçinin YƏŞ-nın YƏŞ haqqında 1998-ci il Qanununun dördüncü fəslində müəyyən olunan prosedur qaydanı tətbiq etməli olması barədə narazılığına gəldikdə isə, məhkəmə qeyd etdi ki, həmin Qanunun 37 § 2-ci bölməsinə əsasən həmin prosedur qayda yalnız töhmət və ya təsnifat sinfinin aşağı qiymətləndirilməsi kimi sanksiyalarla bağlı işlərə tətbiq olunur. “Andı pozmağa” görə işdən kənarlaşdırılma formasında məsuliyyət Konstitusiyanın 126 § 5 (5)-ci Maddəsi ilə müəyyən olunurdu və tətbiq olunmalı olan prosedur qayda başqası, yəni daha dəqiq desək YƏŞ haqqında 1998-ci il Qanununun ikinci fəslində yer alan 32-ci bölməsində göstərilən qayda idi. Məhkəmə yekun olaraq müəyyən etdi ki, ərizəçinin qeyd etdiyi prosedur qayda hakimin “andını pozduğuna” görə işdən kənarlaşdırılmasına tətbiq olunmur. Ona görə də Hakimlərin statusu haqqında 1992-ci il Qanununun 36-cı bölməsində və YƏŞ haqqında 1998-ci il Qanununun 43-cü bölməsində istinad edilən iddia müddətlərinin tətbiq olunması üçün heç bir əsas yoxdur.
38. Məhkəmə daha sonra müəyyən etdi ki, ərizəçi YƏŞ-da keçirilən dinləmədə üzrlü bir səbəb olmadan iştirak etməmişdir. Daha sonra qeyd edildi ki, parlament komitəsindəki icraatlarda heç bir prosessual qayda pozuntusu olmamışdır. Plenar iclasda baş verdiyi iddia olunan prosessual pozuntulara gəldikdə isə, ərizəçinin işdən kənarlaşdırılması haqqında parlament qətnaməsinə Parlamentin əksəriyyəti səs vermiş və bunu bütün iştirakçı siyahıları da təsdiq etmişdir. Məhkəmə daha sonra qeyd etdi ki, onun parlament qətnaməsinin konstitusionallığına baxmaq səlahiyyəti yoxdur, çünki bu Konstitusiya Məhkəməsinin yurisdiksiyasına aiddir.
39. YİM-dəki dinləmələr ərizəçinin və mübahisənin digər tərəflərinin iştirakı ilə həyata keçirildi.
C. Dövlətdaxili məhkəmələrin sədrlərinin və sədr müavinlərinin, o cümlədən YİM-nin sədrinin təyin olunması ilə bağlı hadisələr
40. 22 dekabr 2004-cü ildə Ukrayna Prezidenti Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 20-ci bölməsinə uyğun olaraq hakim P.-ni YİM-nin sədri vəzifəsinə təyin etdi.
41. 16 may 2007-ci ildə Konstitusiya Məhkəməsi müəyyən etdi ki, Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun Ukrayna Prezidenti tərəfindən məhkəmələrin sədrlərinin və sədr müavinlərinin təyin olunması və vəzifədən azad edilməsi proseduru haqqında 20 § 5-ci bölməsi qeyri-konstitusionaldır. Konstitusiya Məhkəməsi tövsiyə etdi ki, bu məsələni uyğun şəkildə nizamlamaq üçün Parlament qanunvericiliyə müvafiq dəyişikliklər etsin.
42. 30 may 2007-ci ildə Parlament məhkəmələrin sədrlərinin və sədr müavinlərinin təyin olunması üzrə müvəqqəti proseduru təqdim edən qətnamə qəbul etdi. Həmin qətnamə ilə YƏŞ-na məhkəmələrin sədrlərini və sədr müavinlərini təyin etmək səlahiyyəti verildi.
43. Həmin gün, ərizəçi qətnaməni məhkəmə qarşısında mübahisələndirdi və iddia etdi ki, qətnamə YƏŞ haqqında 1998-ci il Qanununa və Ukraynanın digər qanunlarına ziddir. Məhkəmə dərhal müvəqqəti qərar qəbul etdi və bu qərarla həmin qətnamənin qüvvəsi dayandırıldı.
44. 31 may 2007-ci ildə Ukrayna Hakimlər Şurası qanunvericilikdə Konstitusiya Məhkəməsinin 16 may 2007-ci il tarixli qərarı nəticəsində yaranmış boşluqla əlaqədar qərar qəbul etdi və həmin qərarla məhkəmələrin sədrlərinin və sədr müavinlərinin təyin edilməsi üzrə özünün müvəqqəti səlahiyyətini elan etdi.
45. 14 iyun 2007-ci ildə parlament qəzeti parlament komitəsinin sədri S.K.-nın yerli məhkəmələrin yuxarıda qeyd olunan Parlament qətnaməsinə yenidən baxmaq səlahiyyətinin olmadığını və həmin qətnaməyə baxmış hakimlərin “andlarını pozduqlarına” görə vəzifədən kənarlaşdırılacaqlarını bildirən fikirlərini dərc etdi.
46. 26 iyun 2007-ci ildə Ukrayna Hakimlər Yığıncağı Ukrayna Hakimlər Şurasının 31 may 2007-ci il tarixli qərarını təsdiq etdi.
47. 21 fevral 2008-ci ildə parlament qətnaməsinə yenidən baxan məhkəmə onu qanunsuz hesab edərək ləğv etdi.
48. 21 dekabr 2009-cu ildə YİM-nin prezidiumu qərara gəldi ki, hakim P. Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 20-ci bölməsində müəyyən olunan beş illik müddətin başa çatmasından sonra YİM-nin sədri kimi vəzifələrinin icrasını davam etdirməlidir.
49. 22 dekabr 2009-cu ildə Konstitusiya Məhkəməsi Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 116 § 5 (4)-ci və 20 § 5-ci bölmələrinin müddəalarını təfsir edən qərar qəbul etdi. Məhkəmə müəyyən etdi ki, həmin müddəalar Ukrayna Hakimlər Şurasına qanunla müəyyən olunan başqa bir orqan (və ya rəsmi şəxs) tərəfindən hakimlərin inzibati vəzifələrə təyin olunması üçün yalnız tövsiyələr vermək səlahiyyəti verir. Məhkəmə bundan əlavə, Parlamentin üzərinə dərhal 16 may 2007-ci il tarixli qərarı icra etmək və qanunvericiliyə müvafiq dəyişikliklər etmək öhdəliyi qoydu.
50. 24 dekabr 2009-cu ildə İnzibati Məhkəmələr Hakimlərinin Konfransı qərara gəldi ki, hakim P. YİM-nin sədri kimi fəaliyyət göstərməyə davam etməlidir.
51. 25 dekabr 2009-cu ildə Ukrayna Hakimlər Şurası 24 dekabr 2009-cu il tarixli qərarı qanunsuz hesab edərək ləğv etdi və qeyd etdi ki, Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 41 § 5-ci bölməsinə əsasən YİM-nin sədri vəzifəsini həmin məhkəmənin sədrinin birinci müavini, hakim S. icra etməlidir.
52. 16 yanvar 2010-cu ildə Baş Prokurorluq pres-reliz yaydı və qeyd etdi ki, Ukrayna Hakimlər Şurasının bu məsələlərlə bağlı yalnız tövsiyələr vermək səlahiyyəti olsa da, məhkəmələrin sədrlərini təyin etmək və vəzifədən azad etmək səlahiyyəti olan orqan və rəsmi şəxslər hələ də Ukrayna qanunvericiliyi ilə müəyyən olunmamışdır. Hakim P. YİM-nin sədri vəzifəsindən kənarlaşdırılmamışdır və buna görə də bu vəzifəni tutmağı qanuni olaraq davam etdirdi.
53. Hakim P. YİM-nin sədri kimi fəaliyyət göstərməyə davam etdi.
54. 25 mart 2010-cu ildə Konstitusiya Məhkəməsi müəyyən etdi ki, 30 may 2007-ci il tarixli parlament qətnaməsi qeyri-konstitusionaldır.
55. YİM-nin Məcəllənin 171-1-ci Maddəsində istinad edilən işlərlə məşğul olan Palatası 2010-cu ilin may-iyun aylarında Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 41-ci bölməsində müəyyən olunan prosedurun tətbiq olunması yolu ilə təsis edildi.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK
A. 28 iyun 1996-cı il tarixli Konstitusiya
56. Konstitusiyanın 6-cı Maddəsi bəyan edir ki, Ukraynada dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti qollarına bölünməklə həyata keçirilir.
57. Konstitusiyanın 76-cı Maddəsinə əsasən, Parlamentin Üzvləri iyirmi bir yaşına çatmış, səsvermə hüququ olan və axırıncı beş ili Ukraynada yaşamış Ukrayna vətəndaşlarından seçilir.
58. Konstitusiyanın 84-cü Maddəsi müəyyən edir ki, Parlamentin Üzvləri Parlamentin iclaslarında şəxsən səs verməlidirlər.
59. Konstitusiyanın 126 § 5-ci Maddəsi aşağıdakı kimi oxunur:
“Hakim onu seçmiş və ya təyin etmiş orqan tərəfindən aşağıdakı hallarda vəzifəsindən kənarlaşdırılır:
(1) onun seçildiyi və ya təyin olunduğu vəzifə müddəti başa çatdıqda;
(2) hakim altmış beş yaşına çatdıqda;
(3) sağlamlıq vəziyyəti ilə əlaqədar öz vəzifəsinin icrasını davam etdirə bilmədikdə;
(4) ədliyyə uyğunsuzluqları ilə bağlı tələblər hakim tərəfindən pozulduqda;
(5) hakim andını pozduqda;
(6) onun məhkum olunması ilə bağlı qanuni qüvvəyə minmiş hökm olduqda;
(7) onun vətəndaşlığına xitam verildikdə;
(8) o itkin düşmüş və ya ölmüş elan olunduqda;
(9) hakim vəzifəsindən istefa verdiyini elan etdikdə və ya könüllü surətdə vəzifəsindən kənarlaşdıqda.”
60. Konstitusiyanın 128 və 131-ci Maddələri ilə aşağıdakılar müəyyən olunur:
Maddə 128
“Peşəkar bir hakimin ilkin olaraq beş il müddətinə vəzifəyə təyin olunması Ukrayna Prezidenti tərəfindən həyata keçirilir. Konstitusiya Məhkəməsinin hakimlərindən başqa, bütün digər hakimlər qanunvericiliklə müəyyən olunan qaydada Parlament tərəfindən qeyri-müəyyən müddətə seçilir. ...”
Maddə 131
“Ukraynada Yüksək Ədliyyə Şurası fəaliyyət göstərir. Onun vəzifələri aşağıdakılardan ibarətdir:
(1) hakimlərin təyin olunması və ya vəzifədən azad olunması barədə təqdimatlar vermək;
(2) ədliyyə uyğunsuzluqları ilə bağlı tələblərin hakimlər və ya prokurorlar tərəfindən pozulması ilə əlaqədar qərarlar qəbul etmək;
(3) Ali Məhkəmənin hakimləri və ixtisaslaşmış yuxarı məhkəmələrin hakimləri ilə bağlı intizam xarakterli icraatlar aparmaq və apelyasiya məhkəmələri və yerli məhkəmələrin hakimləri və prokurorlar barəsində intizam xarakterli məsuliyyət müəyyən edən qərarlarla bağlı şikayətlərə baxmaq.
Yüksək Ədliyyə Şurası iyirmi üzvdən ibarətdir. Ukrayna Parlamenti, Ukrayna Prezidenti, Ukrayna Hakimlər Yığıncağı, Ukrayna Vəkillər Yığıncağı və Ali Hüquq Təhsili Müəssisələrinin və Elmi İnstitutların Nümayəndələrinin Yığıncağı hər biri Yüksək Ədliyyə Şurasına üç üzv təyin edir və Prokurorluq İşçilərinin Ümum Ukrayna Konfransı Yüksək Ədliyyə Şurasına iki üzv təyin edir.
Ali Məhkəmənin Sədri, Ədliyyə Naziri və Baş Prokuror tutduqları vəzifəyə görə (ex officio) Yüksək Ədliyyə Şurasının üzvləridirlər.”
B. 5 aprel 2001-ci il tarixli Cinayət Məcəlləsi
61. Məcəllənin 375-ci Maddəsi aşağıdakıları müəyyən edir:
“1. Hakim (və ya hakimlər) tərəfindən bilərəkdən yanlış hökmün, qərarın və ya qətnamənin verilməsi –
Beş ilə qədər azadlıqdan məhrumetmə və ya iki ildən beş ilə qədər həbslə cəzalandırılır.
2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda və ya maddi qazanc üçün və ya digər şəxsi maraqlar naminə törədildikdə -
Beş ildən səkkiz ilə qədər həbslə cəzalandırılır.”
C. 6 iyul 2005-ci il tarixli İnzibati Ədalət Məcəlləsi
62. Məcəllənin müvafiq müddəaları ilə aşağıdakılar müəyyən olunur:
Maddə 161. İş üzrə qərar verərkən məhkəmə tərəfindən müəyyən olunmalı məsələlər
“1. İş üzrə qərar verərkən məhkəmə aşağıdakıları müəyyən etməlidir:
(1) iddiada və etirazlarda yer alan faktlar həqiqətə uyğundurmu və bu faktları hansı sübutlar əsaslandırır;
(2) işə və onu dəstəkləyən sübutlara aid olan daha hansı faktiki məlumatlar mövcuddur;
(3) mübahisəli hüquq münasibətlərinə hansı qanunvericilik müddəaları tətbiq olunmalıdır; ...”
Maddə 171-1. Ukrayna Parlamentinin, Ukrayna Prezidentinin, Yüksək Ədliyyə Şurasının və Hakimlərin Ali İxtisas Komissiyanın aktları, hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı işlər üzrə icraatlar
[15 may 2010-cu il tarixindən etibarən qüvvədə olan müddəa]
“1. Bu maddədə təsbit olunmuş qaydalar aşağıdakılarla bağlı inzibati işlər üzrə icraatlara tətbiq olunur:
(1) Parlamentin qətnamələrinin qanuniliyi (konstitusionallığı deyil) və Ukrayna Prezidentinin fərman və sərəncamları;
(2) Yüksək Ədliyyə Şurasının aktları; ...
2. Ukrayna Parlamentinin, Ukrayna Prezidentinin, Yüksək Ədliyyə Şurasının və Hakimlərin Ali İxtisas Komissiyanın aktları, hərəkətləri və ya hərəkətsizlikləri Yüksək İnzibati Məhkəmə qarşısında mübahisələndirilir. Bu məqsədlə Yüksək İnzibati Məhkəmədə ayrıca bir palata yaradılır.
...
4. Ukrayna Parlamentinin, Ukrayna Prezidentinin, Yüksək Ədliyyə Şurasının və Hakimlərin Ali İxtisas Komissiyanın aktları, hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı inzibati işlərə ən azı beş hakimdən ibarət palata tərəfindən baxılır ...
5. İşə baxıldıqdan sonra Yüksək İnzibati Məhkəmə:
(1) Ukrayna Parlamentinin, Ukrayna Prezidentinin, Yüksək Ədliyyə Şurasının və ya Hakimlərin Ali İxtisas Komissiyanın aktını tamamilə və ya qismən qanunsuz elan edə bilər;
(2) Ukrayna Parlamentinin, Ukrayna Prezidentinin, Yüksək Ədliyyə Şurasının və ya Hakimlərin Ali İxtisas Komissiyanın hərəkətlərini və ya hərəkətsizliklərini qanunsuz elan edə və onun və ya onların üzərinə müəyyən tədbirlər görmək öhdəliyi qoya bilər. ...”
D. “Məhkəmə sistemi haqqında” 7 fevral 2002-ci il tarixli Qanun sonradan edilmiş dəyişikliklərlə birlikdə (“Məhkəmə Sistemi haqqında 2002-ci il Qanunu”) (30 iyul 2010-cu il tarixinədək qüvvədə olub)
63. Qanunun müvafiq müddəaları aşağıdakı kimi verilir:
Bölmə 20. Məhkəmələrin təşkil olunması proseduru
“...5. Məhkəmənin sədri və sədr müavini müvafiq vəzifəyə beş illik müddətə təyin olunmuş hakimdir və vəzifədən Ali Məhkəmənin Sədrinin (ixtisaslaşmış məhkəmələrdə isə ixtisaslaşmış müvafiq yuxarı instansiya məhkəməsinin sədrinin) Ukrayna Hakimlər Şurasının (ixtisaslaşmış məhkəmələrdə isə müvafiq hakimlər şurasının) tövsiyəsi əsasında etdiyi müraciəti əsasında Ukrayna Prezidenti tərəfindən azad edilir. ...”
Konstitusiya Məhkəməsinin 16 may 2007-ci il tarixli qərarı ilə Qanunun məhkəmə sədrlərinin və sədr müavinlərinin Ukrayna Prezidenti tərəfindən təyin olunması ilə bağlı 20 § 5-ci bölməsi qeyri-konstitusional elan edildi.
Bölmə 41. İxtisaslaşmış yuxarı məhkəmənin sədri
“1. İxtisaslaşmış yuxarı məhkəmənin sədri:
...
(3) ... məhkəmənin palatalarını yaradır; palataların fərdi tərkibi ilə bağlı məhkəmənin prezidiumu tərəfindən təsdiq edilməli olan təkliflər verir; ...
5. İxtisaslaşmış yuxarı məhkəmənin sədri olmadıqda, onun vəzifələri sədrin birinci müavini tərəfindən və ya onun da olmadığı halda sədrin müavinlərindən biri tərəfindən inzibati səlahiyyət bölgüsünə uyğun olaraq icra edilir.”
Bölmə 116. Ukrayna Hakimlər Şurası
“1. Ukrayna Hakimlər Şurası Ukrayna Hakimlər Yığıncağının sessiyalararası dövründə yuxarı məhkəmə özünüidarəetmə orqanı kimi fəaliyyət göstərir.
...
5. Ukrayna Hakimlər Şurası:
...(4) hakimlərin inzibati vəzifələrə təyin olunması və onların bu Qanunla müəyyən olunan hallarda və prosedura uyğun olaraq həmin vəzifələrdən azad olunması ilə bağlı qərar verir; ...
6. Ukrayna Hakimlər Şurasının qərarları bütün məhkəmə özünüidarəetmə orqanlarına münasibətdə məcburi hüquqi qüvvəyə malikdir. Ukrayna Hakimlər Şurasının qərarı Ukrayna Hakimlər Yığıncağı tərəfindən ləğv edilə bilər.”
E. “hakimlərin statusu haqqında” 15 dekabr 1992-ci il tarixli Qanun sonradan edilmiş dəyişikliklərlə birlikdə (“Hakimlərin Statusu haqqında 1992-ci il Qanunu”) (30 iyul 2010-cu il tarixinədək qüvvədə olub)
64. Qanunun müvafiq müddəaları aşağıdakı kimi verilir:
Bölmə 5. Uyğunluq tələbləri
“Hakim siyasi partiya və ya həmkarlar ittifaqı üzvü ola, heç bir siyasi fəaliyyətdə iştirak edə, ona təmsilçiliklə bağlı heç bir mandat verilə, gəlir gətirən heç bir vəzifə tuta və ya elmi, pedoqoji və ya incəsənət fəaliyyəti istisna olmaqla heç bir ödənişli işlə məşğul ola bilməz.”
Bölmə 6. Hakimlərin vəzifələri
“Hakimlər aşağıdakı vəzifə öhdəliklərini daşıyırlar:
- Ədalət mühakiməsini həyata keçirərkən Ukrayna Konstitusiyasına və qanunlarına əməl etmək və müəyyən olunmuş vaxt məhdudiyyətləri çərçivəsində işlərə tam, ətraflı və obyektiv qaydada baxılmasını təmin etmək;
- Bu Qanunun 5-ci bölməsinin tələblərinə və daxili qaydalara əməl etmək;
- dövlət sirri, hərbi, kommersiya və ya bank sirləri kimi təsnif olunmuş məlumatları yaymamaq ...
- hakimlik vəzifəsinin nüfuzuna xələl gətirən və hakimin obyektivliyinə, bitərəfliyinə və müstəqilliyinə şübhə yaradan hər hansı aktlardan və ya hərəkətlərdən çəkinmək.”
Bölmə 10. Hakim andı
“İlkin təyinatdan sonra hakim təntənəli surətdə aşağıdakı andı içməlidir:
“Mən təntənəli surətdə bəyan edirəm ki, hakimin vəzifələrini vicdanla və ciddiyyətlə icra edəcəyəm, ədalət mühakiməsini həyata keçirərkən yalnız qanuna tabe olacaq və obyektiv və ədalətli olacağam”.
Andiçmə Ukrayna Prezidentinin qarşısında həyata keçirilir.”
Bölmə 31. Hakimlərin intizam məsuliyyətinin əsasları
“1. Hakim aşağıdakıları pozulmasından irəli gələn intizam pozuntularına görə intizam məsuliyyəti daşıyır:
- işə baxarkən qanunvericiliyi;
- bu Qanunun 5-ci bölməsinin tələblərini;
- bu Qanunun 6-cı bölməsində göstərilən vəzifələri.
2. Məhkəmə qərarının ləğvi və ya ona dəyişiklik edilməsi həmin qərarın verilməsində iştirak etmiş hakim üçün bir şərtlə intizam məsuliyyəti yaratmır ki, hakimin qanunu və ya ciddiyyət tələblərini pozmaq niyyəti olmasın və həmin qərar hər hansı ağır nəticələrə gətirib çıxarmasın.”
Bölmə 32. İntizam xarakterli cəzaların növləri
“1. Hakimlərə intizam xarakterli aşağıdakı cəzalar tətbiq oluna bilər:
- töhmət;
- ixtisas dərəcəsinin aşağı salınması.
2. Bu Qanunun 31-ci bölməsində göstərilən hər bir pozuntuya görə yalnız bir intizam xarakterli cəza tətbiq olunur ...”
Bölmə 36. İntizam xarakterli cəzanın tətbiq olunması üçün vaxt məhdudiyyətləri və intizam protokolunun ləğvi
“1. Hakim törətdiyi pozuntunun məlum olduğu tarixdən sonra, müvəqqəti əlillik və ya məzuniyyət müddəti istisna olmaqla, altı ay ərzində intizam xarakterli cəza ala bilər.
2. Əgər intizam xarakterli cəzanın tətbiq olunduğu tarixdən sonra bir il ərzində hakim yeni intizam xarakterli cəza almazsa, hakim heç bir intizam xarakterli cəza almamış hesab olunacaqdır. ...”
F. “Yüksək Ədliyyə Şurası haqqında” 15 yanvar 1998-ci il tarixli Qanun (“YƏŞ haqqında 1998-ci il Qanunu”), müvafiq zamanda redaktə edildiyi kimi
65. Qanunun 6-cı Bölməsi, 7 iyul 2010-cu il tarixli dəyişikliklərdən əvvəl, aşağıdakı kimi verilir:
“Yaşı otuz beşdən altmışa qədər olan Ukrayna vətəndaşı əgər dövlət dilini səlis bilirsə, ali hüquq təhsili və hüquq sahəsində ən azı on illik iş təcrübəsi varsa və axırıncı on ili Ukraynada yaşamışdırsa, YƏŞ-nın üzvü vəzifəsinə tövsiyə oluna bilər.
Bu bölmənin 1-ci paraqrafının tələbləri YƏŞ-nın ex officio üzvü olan şəxslərə şamil edilmir.
YƏŞ-nın üzvünə hər hansı formada təsir etmək cəhdi qadağandır.”
66. 7 iyul 2010-cu il dəyişiklikləri ilə bu Qanunun 6-cı bölməsinə aşağıdakı bənd əlavə edildi:
“ Əgər bu Qanunla YƏŞ üzvünün hakim olması tələb olunursa, həmin üzv qeyri-müəyyən müddətə seçilmiş hakimlər arasından təyin olunur.”
67. 8-13-cü bölmələr YƏŞ-nın üzvlərinin Konstitusiyanın 131-ci Maddəsində qeyd olunan orqanlar tərəfindən təyin olunması prosedurları haqqındadır.
68. 7 iyul 2010-cu il dəyişiklikləri ilə bu bölmələrə YƏŞ-nın on üzvünün Konstitusiyanın 131-ci Maddəsində qeyd olunan orqanlar tərəfindən hakimlər heyəti arasından təyin olunmalı olması ilə bağlı əlavə tələblər də əlavə edildi.
69. Qanunun 17-ci bölməsi müəyyən edir ki, YƏŞ-nın üzvü vəzifəsinin icrasına başlamazdan əvvəl Parlament iclasında and içməlidir.
70. Qanunun 19-cu bölməsində qeyd olunur ki, YƏŞ iki bölmədən ibarətdir. YƏŞ-nın işi onun sədri və ya o olmadıqda sədrin müavini tərəfindən koordinasiya edilir. YƏŞ-nın sədri, YƏŞ sədrinin müavini və YƏŞ bölmələrinin rəhbərləri tam ştatla işləyirlər.
71. Qanunun digər müvafiq müddəaları ilə aşağıdakılar müəyyən olunur:
Bölmə 24. Yüksək Ədliyyə Şurasında dinləmələr
“...Yüksək Ədliyyə Şurasında dinləmələr ictimaiyyətə açıq formada keçirilir. Qapalı dinləmə Yüksək Ədliyyə Şurası tərkibinin əksəriyyətinin qərarı əsasında keçirilir ...”
Bölmə 26. Yüksək Ədliyyə Şurası üzvünün üzvlükdən kənarlaşdırılması
“Yüksək Ədliyyə Şurasının üzvü işə baxılmasında iştirak etməyə bilər və əgər işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduğu müəyyən edildikdə işə baxılmasından kınarlaşmalıdır ... Bu kimi hallarda Yüksək Ədliyyə Şurasının üzvü öz təşəbbüsü ilə kənarlaşmalıdır. Eyni şəraitdə işi baxılmaqda olan şəxsin də Yüksək Ədliyyə Şurası üzvünün kənarlaşdırılması üçün müraciət etmək hüququ var. ...”
Bölmə 27. Yüksək Ədliyyə Şurasının aktları
“...Yüksək Ədliyyə Şurasının aktları müstəsna olaraq Yüksək İnzibati Məhkəmə qarşısında İnzibati Ədalət Məcəlləsində müəyyən olunan prosedura uyğun olaraq mübahisələndirilə bilər.”
72. Qanunun “Hakimlərin vəzifədən azad edilməsi ilə bağlı məsələlərə baxılması” adlı ikinci fəsli müvafiq olaraq aşağıdakıları müəyyən edir:
Bölmə 32. Xüsusi hallarda hakimin vəzifədən azad edilməsi üçün təqdimat
[bölmə 15 may 2010-cu il tarixindən əvvəlki redaksiyada]
“Yüksək Ədliyyə Şurası hakimin vəzifədən azad edilməsi məsələsinə Konstitusiyanın 126 § 5 (4) – (6)-cı Maddəsində müəyyən olunan əsaslarla, ixtisas komissiyasının müvafiq rəyini aldıqdan sonra və ya öz vəsatəti əsasında baxır. Sözügedən hakimə Yüksək Ədliyyə Şurası qarşısında dinləmədə iştirak etməsi üçün yazılı dəvətnamə göndərilir.
Hakimin Konstitusiyanın 126 § 5 (4) və (5)-ci maddələrinə uyğun olaraq vəzifədən azad edilməsi üçün müraciət edilməsi barədə Yüksək Ədliyyə Şurasının qərarı Yüksək Ədliyyə Şurasının dinləmədə iştirak edən Üzvlərinin üçdə iki səs çoxluğu ilə və Konstitusiyanın 126 § 5 (6)-cı Maddəsi ilə müəyyən olunan işlər üzrə isə Yüksək Ədliyyə Şurasının tərkibinin əksəriyyəti tərəfindən qəbul olunur.”
Bölmə 32. Xüsusi hallarda hakimin vəzifədən azad edilməsi üçün təqdimat
[15 may 2010-cu il tarixindən sonrakı redaksiyada]
“Yüksək Ədliyyə Şurası hakimin vəzifədən azad edilməsi məsələsinə Konstitusiyanın 126 § 5 (4) – (6)-cı Maddəsində müəyyən olunan əsaslarla (ədliyyə uyğunsuzluğu üzrə tələblərin pozulması, andın pozulması, hakimə qarşı çıxarılmış hökmün qanuni qüvvəyə minməsi), ixtisas komissiyasının müvafiq rəyini aldıqdan sonra və ya öz vəsatəti əsasında baxır.
Hakimin andını pozmasını aşağıdakılar təşkil edir:
(i) hakimlik vəzifəsinin nüfuzunu alçaldan və onun obyektivliyini, bitərəfliyini və müstəqilliyini, həmçinin məhkəmənin ədalətliliyini və korrupsiyasızlığını sual altına ala bilən hərəkətlər etmək;
(ii) hakimin gəlirlərini və onun ailəsinin gəlirlərini aşan qeyri-qanuni var-dövlət əldə etmək və ya xərclər;
(iii) işə baxılmasını müəyyən olunmuş vaxt məhdudiyyətlərini keçməklə qəsdən təxirə salmaq, və ya
(iv) hakimlərin davranış məcəlləsinin əxlaqi və etik prinsiplərinin pozulması.
Yüksək Ədliyyə Şurası qarşısındakı dinləmədə iştirak etməsi üçün sözügedən hakimə yazılı dəvətnamə göndərilir. Əgər hakim dinləmədə üzrlü səbəbdən iştirak edə bilmirsə, onun yazılı təqdimatlar vermək hüququ var və həmin yazılı təqdimatlar işin materiallarına daxil edilir. Hakim tərəfindən verilən yazılı təqdimatlar Yüksək Ədliyyə Şurası qarşısındakı dinləmədə oxunur. Hakimin ikinci dəfə də dinləmədə iştirak etməməsi işə onun iştirakı olmadan baxılmasına səbəb olur.
Hakimin Konstitusiyanın 126 § 5 (4) və (6)-cı Maddələrinə uyğun olaraq vəzifədən azad edilməsi üçün müraciət edilməsi barədə Yüksək Ədliyyə Şurasının qərarı Yüksək Ədliyyə Şurasının tərkibinin əksəriyyəti tərəfindən qəbul edilməlidir.”
73. Qanunun “Ali Məhkəmənin və ixtisaslaşmış yuxarı məhkəmələrin hakimlərinə qarşı intizam xarakterli icraatlar” adlı dördüncü fəslinin müvafiq müddəaları aşağıdakı kimi verilir:
Bölmə 37. Yüksək Ədliyyə Şurası tərəfindən tətbiq olunan cəzaların formaları
[bölmə 30 iyul 2010-cu il tarixindən əvvəlki redaksiyada]
“Yüksək Ədliyyə Şurası Konstitusiyanın 126 § 5 (5)-ci Maddəsi ilə və Hakimlərin Statusu haqqında Qanunla müəyyən olunan əsaslarla Ali Məhkəmənin ... hakimlərini intizam xarakterli məsuliyyətə cəlb edir.
Yüksək Ədliyyə Şurası aşağıdakı intizam xarakterli cəzaları tətbiq edə bilər:
(1) töhmət;
(2) ixtisas dərəcəsinin aşağı salınması.
Yüksək Ədliyyə Şurası hakimin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar verə və onun vəzifəsindən azad edilməsi üçün onu təyin etmiş orqana təqdimat göndərə bilər.”
Bölmə 39. İntizam xarakterli icraatların mərhələləri
“İntizam xarakterli icraatlar aşağıdakı mərhələlərdən ibarətdir:
(1) İntizam pozuntusu barədə məlumatın yoxlanması;
(2) İntizam xarakterli icraatların başladılması;
(3) İntizam xarakterli işə baxılması;
(4) Qərar qəbul edilməsi. ...”
Bölmə 40. İntizam xarakterli pozuntu barədə məlumatın yoxlanması
“İntizam xarakterli pozuntu barədə məlumatın yoxlanması Yüksək Ədliyyə Şurasının üzvlərindən biri tərəfindən hakimdən və digər şəxslərdən yazılı izahatların alınması, işin materiallarının tələb edilməsi və araşdırılması, Dövlət orqanlarından, təşkilatlardan, institutlardan, assosiasiyalardan və vətəndaşlardan digər məlumatların alınması yolu ilə həyata keçirilir.
Məlumatın yoxlanmasından sonra nəticələr və təkliflərlə birlikdə faktlar açıqlanır. Faktların açıqlanması və digər materiallar barədə sözügedən hakimə də məlumat çatdırılır. ...”
Bölmə 41. İntizam xarakterli icraatların başladılması
“Ali Məhkəmənin hakiminə qarşı intizam xarakterli icraat başlatmaq üçün əsaslar varsa, icraatlar intizam pozuntusu barədə məlumatın alınmasından sonrakı on gün ərzində və ya həmin məlumatın yoxlanması zərurəti varsa, yoxlamanın tamamlanmasından sonrakı on gün ərzində Yüksək Ədliyyə Şurasının qərarı ilə başladılır .”
Bölmə 42. İntizam xarakterli işə baxılması
[bölmə 30 iyul 2010-cu il tarixindən əvvəlki redaksiyada]
“Yüksək Ədliyyə Şurası intizam xarakterli işə nəticə və yoxlama materiallarını aldıqdan sonra özünün növbəti dinləməsində baxır.
İntizam xarakterli iş üzrə qərar gizli səsvermə yolu ilə sözügedən hakimin iştirakı olmadan qəbul edilir...
Yüksək Ədliyyə Şurası hakimi onun intizam məsuliyyətini müəyyən edərkən dinləyir. Əgər həmin hakim dinləmədə üzrlü səbəbdən iştirak edə bilmirsə, onun yazılı təqdimatlar vermək hüququ var və həmin yazılı təqdimatlar işin materiallarına daxil edilir. Hakim tərəfindən verilən yazılı təqdimatlar Yüksək Ədliyyə Şurası qarşısındakı dinləmədə oxunur. Hakimin ikinci dəfə də dinləmədə iştirak etməməsi işə onun iştirakı olmadan baxılmasına səbəb olur.”
Bölmə 43. İntizam xarakterli cəza tətbiq olunması üçün vaxt məhdudiyyətləri
“Hakimə, pozuntunun məlum olduğu tarixdən etibarən, müvəqqəti əlillik və ya məzuniyyət müddəti istisna olmaqla, altı ay ərzində intizam xarakterli cəza verilir, lakin istənilən halda bu müddət pozuntunun məlum olduğu tarixdən etibarən bir ildən çox olmamalıdır.”
Bölmə 44. İntizam protokolunun ləğvi
“Əgər intizam xarakterli cəzanın tətbiq olunduğu tarixdən sonra bir il ərzində hakim yeni intizam xarakterli cəza almazsa, hakim heç bir intizam xarakterli cəza almamış hesab olunacaqdır. ...”
G. “Parlament tərəfindən hakimlərin seçilməsi və vəzifədən azad edilməsi proseduru haqqında” 18 mart 2004-cü il tarixli Qanun (“Hakimlərin (Seçilməsi və Vəzifədən azad edilməsi) haqqında 2004-cü il Qanunu”) (30 iyul 2010-cu ilədək qüvvədə olmuşdur)
74. Qanunun müvafiq müddəaları aşağıdakı kimi verilirdi:
Bölmə 19. Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi üçün təqdimata baxılması ilə bağlı parlament komitəsinin proseduru
“Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi üçün Yüksək Ədliyyə Şurasının təqdimatına parlament komitəsi tərəfindən təqdimatın alındığı tarixdən etibarən bir ay ərzində baxılır. ...
Parlament komitəsi hakimin fəaliyyəti ilə əlaqədar vətəndaşlar tərəfindən edilmiş müraciətlər və digər bildirişlərlə bağlı araşdırma aparır.
Parlament komitəsi Ali Məhkəmə, Yüksək Ədliyyə Şurası, müvafiq ixtisaslaşmış yuxarı məhkəmə, Dövlət ədliyyə idarəetməsi, Ukrayna Hakimlər Şurası və ya hakimlərin müvafiq ixtisas komissiyası tərəfindən əlavə araşdırmaların aparılması barədə də müraciət edə bilər.
Əlavə araşdırmaların nəticələri müvafiq hakimiyyət orqanları tərəfindən parlament komitəsi tərəfindən müəyyən olunan vaxt məhdudiyyətləri ərzində, lakin heç bir halda araşdırmalar barədə müraciətin edildiyi tarixdən etibarən on beş gündən gec olmayaraq, yazılı şəkildə parlament komitəsinə verilir.
Sözügedən hakimə parlament komitəsində keçiriləcək dinləmənin vaxtı və yeri barədə bildiriş verilir.”
Bölmə 20. Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi məsələsinin müəyyən olunması ilə bağlı parlament komitəsinin proseduru
“Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi ilə bağlı parlament komitəsindəki dinləmədə Parlamentin Üzvləri və Ali Məhkəmənin, ixtisaslaşmış yuxarı məhkəmələrin, Yüksək Ədliyyə Şurasının, Dövlət ədliyyə idarəetməsinin, digər Dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ictimai institutların nümayəndələri iştirak edə bilərlər.
Sözügedən hakim, Konstitusiyanın 126 § 5 (2), (3), (6), (7), (8) və (9)-cu Maddələrinə əsasən vəzifədən azad edilmə üzrə işlər istisna olmaqla, dinləmədə iştirak etməlidir.
Hakimin ikinci dəfə üzrlü səbəb olmadan dinləmədə iştirak etməməsi parlament komitəsinin hakimin dinləmənin vaxtı və yeri barədə bildirişi almış olmasını dəqiqləşdirməsindən sonra işə onun iştirakı olmadan baxılmasına səbəb olur. Parlament komitəsi hakimin dinləməyə gəlməməsinin hər hansı səbəblərinin nə dərəcədə əsaslı olduğunu qiymətləndirir. ...
Hakimin vəzifədən azad edilməsi barədə Parlament komitəsindəki dinləmə sədrin məruzəsi ilə başlayır.
Parlament komitəsinin üzvləri və Parlamentin digər Üzvləri hakimə araşdırmaların materialları və vətəndaşlar tərəfindən edilmiş müraciətlərdə qeyd olunan faktlarla bağlı suallar verə bilərlər.
Hakimin onun vəzifədən azad edilməsi ilə bağlı materiallarla, faktlarla və parlament komitəsinin nəticəsi ilə ətraflı şəkildə tanış olmaq hüququ var.”
Bölmə 21. Parlamentin plenar iclasında hakimin vəzifədən azad edilməsi üzrə təklifin təqdim olunması
“Parlament komitəsi qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsini tövsiyə edən və ya tövsiyə etməyən təklifini Parlamentin plenar iclasına təqdim edir. Plenar iclasda Parlament komitəsinin təmsilçisinə söz verilir.”
Bölmə 22. Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi ilə bağlı plenar iclasda iştirak etmək üçün dəvət
“...Sözügedən hakim, Konstitusiyanın 126 § 5 (1), (4) və (5)-ci Maddələrinə əsasən vəzifədən azad edildiyi halda, Parlamentin plenar iclasında iştirak etməlidir. Onun iştirak etməməsi məsələyə mahiyyəti üzrə baxılmasına mane olmur.”
Bölmə 23. Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi məsələsinin müəyyən olunması ilə bağlı Parlamentin plenar iclasının proseduru
“Parlamentin plenar iclası zamanı parlament komitəsinin təmsilçisi vəzifədən azad edilən hər bir namizəd barədə məruzə edir.
Əgər hakim vəzifədən azad edilməsi ilə razılaşmırsa, onun izahatlarına qulaq asılmalıdır.
Parlamentin Üzvlərinin hakimə suallar vermək hüququ vardır.
Parlamentin plenar iclasındakı müşavirələr zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlər barədə əlavə araşdırmaların aparılması və ya əlavə məlumatların tələb olunması zərurəti ortaya çıxarsa, Parlament parlament komitəsinə müvafiq təlimatlar verir.”
Bölmə 24. Qeyri-müəyyən müddətə seçilmiş hakimin vəzifədən azad edilməsi ilə bağlı Parlamentin qərarı
“Parlament hakimin Konstitusiyanın 126 § 5-ci Maddəsi ilə müəyyən olunan əsaslarla vəzifədən azad edilməsi barədə qərar qəbul edir.
Bu qərar Parlamentin tərkibinin əksəriyyəti tərəfindən açıq səsvermə yolu ilə qəbul edilir.
Hakimin vəzifədən azad edilməsi barədə qərar qətnamə formasında qəbul edilir.”
H. “Parlament komitələri haqqında” 4 aprel 1995-ci il tarixli Qanun (“Parlament Komitələri haqqında 1995-ci il Qanunu)
75. Qanunun 1-ci Bölməsi müəyyən edir ki, parlament komitəsi Parlamentin Üzvlərindən təşkil olunan, vəzifəsi xüsusi sahələr üzrə qanun layihələri hazırlamaq, Parlamentin səlahiyyətinə aid məsələlərə hazırlıq baxışı keçirmək olan və nəzarət funksiyalarını həyata keçirən Parlament orqanıdır.
I. “Parlament Üzvlərinin statusu haqqında” 17 noyabr 1992-ci il tarixli Qanun (Parlament Üzvlərinin Statusu haqqında 1992-ci il Qanunu)
76. Qanunun 24-cü bölməsinə əsasən, Parlamentin Üzvü Parlamentin iclaslarında olmaq və şəxsən iştirak etmək öhdəliyi daşıyır. O, Parlament və onun orqanları tərəfindən baxılan məsələlərə dair şəxsən səs verməlidir.
J. “Parlamentin reqlamenti haqqında” 10 fevral 2010-cu il tarixli Qanun (“Parlamentin Reqlamenti”)
77. Parlamentin Reqlamentinin 47-ci Qaydası müəyyən edir ki, Parlament qərar verərkən onun üzvləri müzakirələr gedən palatada elektron səsvermə sistemindən istifadə etməklə və ya gizli səsvermə zamanı müzakirə gedən palatanın yaxınlığındakı səsvermə dəhlizində, şəxsən səs verməlidirlər.
III. AVROPA ŞURASININ MATERİALI
A. Hakimlər üçün qanunla bağlı 8-10 iyul 1998-ci il tarixli Avropa Xartiyası (Avropa Şurasının Hüquqi İşlər Departamentinin Sənədi (98)23)
78. Xartiyanın, “Məsuliyyət” adlı 5-ci Fəslindən müvafiq çıxarışlarda aşağıdakılar müəyyən olunur:
“5.1. Açıq şəkildə qanunda göstərilən vəzifələrdən birinə hakim tərəfindən qəsdən laqeydlik göstərilməsi təklifin, tövsiyənin ardınca verilmiş qərardan sonra və ya ən azı yarısı seçilmiş hakimlərdən ibarət olan məhkəmə və ya hakimiyyət orqanının razılığı ilə tərəflərin tam cəlb olunduğu və özünə qarşı icraat aparılan hakimin təmsil olunmaq hüququnun olduğu icraatlar çərçivəsində, sanksiya tətbiq olunmasına gətirib çıxara bilər. Tətbiq oluna bilən sanksiyaların miqyası qanunla müəyyən olunmuşdur və onlar mütənasiblik prinsipinə uyğun qaydada tətbiq edilməlidir. İcra hakimiyyətinin, məhkəmənin və ya burada qeyd olunduğu kimi sanksiyanı səsləndirən orqanın qərarından daha yuxarı məhkəmə hakimiyyəti orqanına apelyasiya şikayəti vermək olar.”
B. Venesiya Komissiyasının Rəyi
79. Apelyasiya Hüququndan Sui-istifadənin Qarşısının alınması ilə bağlı Ukraynanın bəzi Qanunvericilik Aktlarına Dəyişiklik edilməsi haqqında Qanun barədə Venesiya Komissiyasının və Avropa Şurasının İnsan Hüquqları və Hüquqi İşlər üzrə Baş Direktorluğu daxilindəki Əməkdaşlıq Direktorluğunun, Venesiya Komissiyası tərəfindən onun 84-cü Plenar Sessiyasında (Venesiya, 15-16 oktyabr 2010-cu il, CDL-AD(2010)029) qəbul edilmiş Birgə Rəyindən müvafiq çıxarışlar aşağıdakıları müəyyən edir:
“28. Yüksək Ədliyyə Şurasında hakimlərin sayının az olması probleminin həll etmək üçün Ədliyyə və Hakimlərin Statusu haqqında Qanunun XII;3 Bölməsinin (Ukraynanın hüquqi Aktlarına Dəyişikliklər) Yekun Müddəaları, “Yüksək Ədliyyə Şurası haqqında” Ukrayna Qanununa 3.1-ci dəyişikliklərlə müəyyən olunur ki, Yüksək Ədliyyə Şurasının müvafiq olaraq Ali Rada (Maddə 8.1) və Ukrayna Prezidenti (Maddə 9.1) tərəfindən təyin olunan üç üzvündən ikisi, Hakimlər Konqresi (Maddə 11.1) tərəfindən təyin olunan üç üzvündən biri və Ali Hüquq Təhsili Müəssisələrinin və Elmi İnstitutların Nümayəndələrinin Yığıncağı (Maddə 12.1) tərəfindən təyin olunan üç üzvündən biri hakimlərin sıralarından seçilir. Prokurorluq İşçilərinin Ümum Ukrayna Konfransı YƏŞ-na iki üzv təyin edir ki, onlardan da biri hakimlər arasından təyin olunmalıdır (Maddə 13.1).
29. Buna baxmayaraq, Ukrayna Yüksək Ədliyyə Şurasının tərkibi hələ də Avropa standartlarına cavab vermirdi, çünki 20 üzvdən yalnız üçü hakim idi. Qüvvədə olan yekun müddəalarda qeyd olunur ki, Yüksək Ədliyyə Şurasında məhkəmə elementi yüksək olmalıdır, lakin seçilmiş həll yolu isə Parlamentdən, Prezidentdən, təhsil müəssisələrindən və prokurorlardan hakimləri seçməyi və ya təyin etməyi tələb etməkdir. ... Hazırkı tərkibdə bir hakim ex officio üzvdür (Ali Məhkəmənin sədri) və Prezident və Parlament tərəfindən təyin olunan bəzi üzvlər de facto və ya keçmiş hakimlərdirlər, lakin indiki üzvlərin mandat müddəti sona çatana qədər bunun üçün qanunvericilikdə heç bir tələb yoxdur. Ədliyyə Naziri və Baş Prokurorla birlikdə üzvlərin 50%-i icraedici və ya qanunverici hakimiyyətə məxsusdur və ya onlar tərəfindən təyin olunur. Buna görə də, demək olmaz ki, Yüksək Ədliyyə Şurasının əhəmiyyətli bir hissəsi hakimlərdən ibarətdir. Bəzən daha yaşlı demokratiyalarda icraedici hakimiyyəti həlledici təsirə malikdir və bəzi ölkələrdə bu cür sistemlərin işləməsi təcrübədə qəbul edilə biləndir. Ukrayna hakimiyyət orqanları özləri də Kiyevdəki mitinqlər zamanı Ukraynanı digər ölkələrin təcrübəsindən məmnuniyyətlə faydalanan keçid demokratiyası kimi xarakterizə etmişdilər. əvvəlki fikirlərdə də bildirildiyi kimi, “Bununla belə, yeni demokratiyaların hələ ki, sui-istifadənin qarşısını ala bilən bu ənənələri inkişaf etdirmək şansı yoxdur və buna görə də ən azı bu ölkələrdə, hakimlərin təyin olunmasında siyasi sui-istifadənin qarşısının alınması üçün aydın konstitusional və hüquqi müddəalara ehtiyac vardır”.
30. YƏŞ-nın mövcud tərkibi parlamentdəki çoxluqların qarşılıqlı reaksiyasına görə güzəştlərə və icra hakimiyyətinin təzyiqinə imkan verir, lakin bu onun tərkibinin struktur çatışmazlığını aradan qaldırmır. Bu orqan siyasi partiyaya hər hansı tabelikdən azad ola bilməz. YƏŞ-nın ədalətin dəyərlərini və əsas prinsiplərini qoruduğuna təminat verən kifayət qədər zəmanətlər yoxdur. Tərkib Konstitusiya ilə müəyyən olunur və konstitusiyaya dəyişiklik tələb olunur. Baş Prokurorun ex officio üzv kimi daxil edilməsi xüsusi narahatçılıq doğurur, çünki bu hakimlərə çəkindirici təsir göstərə və potensial təhlükə kimi başa düşülə bilər. Baş Prokuror hakimlərin barələrində qərar verməli olduqları bir çox işlərdə tərəfdir və onun hakimlərin təyin edilməsi, intizam məsuliyyətinə cəlb olunması və vəzifədən azad edilməsi ilə məşğul olan bu orqanda olması hakimlərin bu cür işlərdə bitərəf olmaması və ya Baş Prokurorun qərarlarını bəyənmədiyi hakimlərə qarşı bitərəf olmaması riskini yaradır. Nəticə etibarilə, Ukrayna YƏŞ-nın tərkibi Avropa standartlarına cavab vermir. Tərkibin dəyişdirilməsi Konstitusiyaya dəyişiklik tələb etdiyindən və bunun çətin ola biləcəyindən, YƏŞ-nın qüsurlu tərkibini qarşılıqlı şəkildə balanslaşdırmaq üçün Qanuna uyğunsuzluqlarla bağlı daha güclü qaydalar daxil edilməlidir. YƏŞ ona verilən səlahiyyətləri nəzərə alaraq tam ştatlı bir orqan kimi fəaliyyət göstərməlidir və ex officio üzvlərdən fərqli olaraq seçilmiş üzvlər YƏŞ-da olduqları müddətcə heç bir başqa dövlət vəzifəsi tutmamalı və ya özəl fəaliyyətlə məşğul olmamalıdırlar. ...
42. ... Ədliyyə Nazirinin və Ukraynanın Baş Prokurorunun YƏŞ-nın ex officio üzvləri olduğunu (Konstitusiyanın 131-ci Maddəsi) və Ukrayna Konstitusiyasının YƏŞ-nın əksəriyyətinin və ya əhəmiyyətli bir hissəsinin seçilmiş hakimlərdən ibarət olmasını təmin etmədiyini nəzərə alsaq, hakimlərin vəzifədən azad edilməsi ilə bağlı təkliflərin icra hakimiyyətinin üzvləri tərəfindən verilməsi hakimlərin müstəqilliyinə xələl gətirə bilər ... . Hər bir halda, YƏŞ-nın həmin təklifi verən üzvün müvafiq hakimin vəzifədən azad edilməsi ilə bağlı qərar verilməsində iştirak etməsinə icazə verilməməlidir: bu bitərəfliklə bağlı təminata xələl gətirər ...
45. ... İntizam məsuliyyətinin əsaslarının başa düşülməsi və əvvəlcədən görülməsi hüquqi müəyyənlik və hakimlərin müstəqilliyinin qorunması üçün arzuolunandır; buna görə də, anlaşılmaz və ya geniş anlayışlardan çəkinməyə çalışmaq lazımdır. Bununla belə, yeni anlayışa “hakimlik vəzifəsinin nüfuzunu alçaldan və onun obyektivliyini, bitərəfliyini və müstəqilliyini, həmçinin məhkəmənin dürüstlüyü və korrupsiyasızlığına dair şübhələr yarada bilən hərəkətlər etmək” və “insan davranışının əxlaqi və etik prinsiplərini pozmaq” kimi çox ümumi konsepsiyalar daxildir. Anlaşılmaz şərtlər hakimlərə qarşı silah kimi istifadə olunduğundan və istifadə oluna biləcəyindən, bu xüsusilə təhlükəli görünür. ... Beləliklə, intizam məsuliyyətinin əsasları hələ də çox geniş başa düşülür və məhkəmənin müstəqilliyinə təminat verilməsi üçün daha dəqiq nizamlama tələb olunur.
46. Yekunda, 32-ci Maddənin sonuncu paraqrafında hakimin işdən azad edilməsi ilə bağlı YƏŞ-nın təqdimatı üzrə qərarların üçdə-iki səs çoxluğu ilə deyil, sadə səs çoxluğu ilə qəbul olunması tələb olunur. YƏŞ-nın qüsurlu tərkibini nəzərə alsaq, bu hakimlərin müstəqilliyinə qarşı olacaq təəssüf doğuran bir addımdır ...
51. Yekun olaraq, Yüksək İnzibati Məhkəmənin “beşinci palata” adlanan yüksək təsirli palatasının tərkibi qanunla dəqiq müəyyənləşdirilməlidir ki, qanunla müəyyən olunan məhkəməyə çatım hüququnun tələblərinə əməl olunsun. ...”
C. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin (Thomas Hammarberg) Ukraynaya (19-26 noyabr 2011-ci il tarixli) səfərindən sonrakı Məruzəsi, CommDH(2012)10, 23 fevral 2012-ci il
80. Məruzədən müvafiq çıxarışlar aşağıdakı kimi verilir:
“II. Hakimlərin müstəqilliyi və bitərəfliyi ilə bağlı məsələlər:
Məhkəmənin, yəni həm də hər bir fərdi hakimin müstəqilliyini həm qanunla, həm də təcrübədə qorunmalıdır. Komissar narahatlıqla qeyd etdi ki, Ukrayna ictimaiyyətində belə bir fikir var ki hakimlər siyasi xarakterli təzyiqlər də daxil olmaqla, kənar təzyiqdən qorunmur. Hakimləri təsirə məruz qoyan və onların müstəqilliyini zəiflədən amillərin aradan qaldırılması üçün bir neçə istiqamətdə həlledici işlərin görülməsinə ehtiyac vardır. Hakimiyyət orqanları məhkəmə təsisatlarının işinə qeyri-münasib siyasi və ya digər təsirlərlə və ya müdaxilə ilə bağlı hər hansı iddialara ehtiyatla baxmalı və səmərəli müdafiə vasitələri təmin etməlidirlər.
Komissar Ukrayna hakimiyyətini Venesiya Komissiyasının hakimlərin təyin olunması və vəzifədən azad olunması, həmçinin intizam tədbirlərinin görülməsi prosedurlarının və kriteriyalarının səmərələşdirilməsi və aydınlaşdırılması ehtiyacı ilə bağlı tövsiyələrini tam olaraq yerinə yetirməyə çağırır. Ədaləti təmin etmək və intizam prosedurlarının siyasiləşdirilməsi riskini aradan qaldırmaq üçün adekvat müdafiənin təşkil olunması əhəmiyyətlidir. Hakimlərin təyin olunması prosesinə gəldikdə isə fərdi namizədlərin ixtisaslılığı və layiqliyi həlledici olmalıdır.
Yüksək Ədliyyə Şurasının hazırkı tərkibi beynəlxalq standartlara cavab vermir və dəyişdirilməlidir; bu da konstitusiyaya dəyişiklik tələb edir. ...
20. 2011-ci ilin noyabrında Baş Prokurorun Müavini, Yüksək Ədliyyə Şurasının üzvü Myhailo Havryliuk elan etdi ki, öz andlarını pozmuş olduqlarına görə Ali Məhkəmənin cinayət işləri üzrə palatasının üzvlərinə qarşı icraatlar başlanmışdır. Komissara müraciətlər daxil oldu ki, hadisələrin bu cür gedişatı icra hakimiyyəti tərəfindən bu məhkəmə təsisatına qarşı Ali Məhkəmənin Sədrinin növbəti seçkilərinin nəticələrinə təsir etmək məqsədi daşıyan təzyiqdir. ...
35. Konstitusiya və Ədliyyə və Hakimlərin Statusu haqqında Qanun müəyyən edir ki, hakim onu seçmiş və ya təyin etmiş orqan tərəfindən Yüksək Ədliyyə Şurasının vəsatəti əsasında vəzifədən azad edilir. Komissarın müsahiblərindən bir neçəsi vurğulamışdır ki, Yüksək Ədliyyə Şurasının (YƏŞ) hazırkı tərkibi nəzərə alınaraq, belə bir vəsatətlərin siyasi və ya oxşar səbəblərlə irəli sürülməsi riski olduqca yüksəkdir. Bu cür səbəblər həm də, Parlamentin ömürlük seçilmiş hakimin vəzifədən azad edilməsi barədə qərarı kontekstində də rol oynayır. Buna görə də, həm qanunvericilikdə, həm də təcrübədə hakimlərin müstəqilliyinin qorunması üçün əlavə müdafiə təminatları müəyyən olunmalıdır.
36. Konstitusiyada və Ədliyyə və Hakimlərin Statusu haqqında Qanunda qanunsuz təzyiqlərə qarşı müddəalar vardır; lakin, bu müddəalar həm qanunvericilikdə və həm də təcrübədə daha da gücləndirilməlidir. ...
42. Komissar xüsusilə də, prokurorluq və icra hakimiyyəti orqanları tərəfindən hakimlərə qarşı Yüksək Ədliyyə Şurasındakı təmsilçilikləri vasitəsilə edilən güclü təsir barədə verilən hesabatlarla bağlı narahatdır. Xüsusilə də, Komissara məlumat verilmişdir ki, bir sıra hallarda hakimlərə qarşı intizam xarakterli icraatlar YƏŞ-nın Baş Prokurorluğu təmsil edən üzvləri tərəfindən, deyilənə görə hakimlərin prokurorluğun mövqeyini dəstəkləmədiyi işlər üzrə apardığı ədalət mühakiməsi zamanı öz andlarını pozduqları iddiası ilə irəli sürülmüşdür (həmçinin yuxarıda bənd 20). Bu kontekstdə Komissar bir daha xatırlatmaq istərdi ki, hakimlərin verdikləri qərarlarla bağlı işdən azad edilmə və ya intizam xarakterli icraatlar qorxusu üçün səbəb olmamalıdır. ...
Nəticələr və tövsiyələr
46. Komissar xüsusilə qeyd edir ki, hakimlərin təyin olunması sistemi qeyri-münasib siyasi təsirdən və ya digər partiya təsirindən tam müdafiə olunmalıdır. Hakimlərin qərarlarına adi apelyasiya qaydasından kənarda yenidən baxılmamalıdır. Hakimlərə qarşı intizam xarakterli tədbirlər dəqiq qaydalar və prosedurlarla tənzimlənməli, məhkəmənin daxilində idarə olunmalı və siyasi və ya hər hansı digər kənar təsirə əsaslanmamalıdır.
47. Komissar Ali Məhkəmənin hakimlərinə qarşı yuxarıda göstərilən təzyiqlərin (bənd 20) həqiqətəuyğun olması ilə bağlı şərh vermək iqtidarında olmasa da, bildirir ki, vəziyyət ciddi narahatlığa əsas verir. Ukrayna hakimiyyəti məhkəmə təsisatlarının işinə müdaxilə ilə bağlı hər hansı iddiaları araşdırmalı və tədbir görməlidir. Hakimiyyətin digər qollarından olan məmurlar məhkəmə təsisatlarının işinə təzyiq vasitəsi kimi görünə bilən və ya onların öz vəzifələrini səmərəli şəkildə icra edə bilməsinə dair şübhələr yaradan hər hansı hərəkətlərdən və ya bəyanatlardan çəkinməlidirlər. Hakimlərin verdikləri qərarlarla bağlı işdən azad edilmə və ya intizam xarakterli icraatlara görə qorxusu üçün səbəb olmamalıdır. Bundan əlavə, hazırkı islahatın verdiyi imkan daxilində məhkəmə hakimiyyətinin icra hakimiyyətindən müstəqilliyi daha qəti şəkildə təsdiq olunmalıdır. ...”
IV. MÜQAYİSƏLİ HÜQUQİ ARAŞDIRMA
81. “Keçid dövründə Məhkəmənin Müstəqilliyi”[5] adlı müqayisəli hesabat 2012-ci ildə Müqayisəli Ümumi Hüquq və Beynəlxalq Hüquq üzrə Maks Plank İnstitutu, Almaniya (Max-Planck-Institut für ausländisches öffentliches Recht und Völkerrecht) tərəfindən tamamlandı.
82. Araşdırma üzrə hesabat, digər məsələlərlə yanaşı, müxtəlif yurisdiksiyalarda hakimlərə qarşı intizam xarakterli icraatlar barədə hazırlanmışdır. Hesabatda bildirilir ki, Avropa ölkələrində məhkəmə intizamının təşkil olunması ilə bağlı yekcins yanaşma yoxdur. Lakin, bir çox Avropa ölkələrində müşahidə oluna bilər ki, hakimlərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (“rəsmi vəzifələrə hakimin vəzifəyə açıq-aşkar uyğun olmaması təəssüratını yaradan kobud və ya təkrarlanan etinasızlıq”(İsveç) kimi) daha ümumi terminlərlə müəyyən olunur. İstisna olaraq, İtaliyada qanun hakimlərin həm işdə və həm də işdən kənarda davranışları ilə bağlı otuz yeddi müxtəlif intizam pozuntusundan ibarət siyahı müəyyən edir. Hakim tərəfindən yol verilən intizam pozuntusuna qarşı sanksiyalara xəbərdarlıq, töhmət, köçürmə, dərəcənin aşağı salınması, kiçiltmə, irəli çəkilmənin dayandırılması, cərimə, maaşın azaldılması, vəzifədən müvəqqəti uzaqlaşdırma, pensiya təminatı ilə və ya pensiya təminatı verilmədən vəzifədən azad edilmə daxildir. Hakimin vəzifədən azad edilməsi ən kəskin sanksiya kimi adətən yalnız məhkəmə tərəfindən qərarlaşdırılır; bəzi hüquq sistemlərində bu Magistrlığın Ali Şurasının İntizam Kollegiyası kimi başqa bir ixtisaslaşmış institut tərəfindən də qərarlaşdırıla bilər, lakin bir qayda olaraq bu halda həmin qərardan məhkəməyə apelyasiya şikayəti verilə bilər. İsveçrə istisna olmaqla Parlament bu prosesə cəlb olunmur; bununla belə İsveçrədəki sistem hakimlərin vəzifə müddətinin çox məhdud olması səbəbi ilə əsaslı şəkildə fərqlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6§1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
83. Ərizəçi Konvensiyanın 6 § 1-ci Maddəsinə əsasən aşağıdakı şikayətləri etdi: (i) onun işinə “müstəqil və qərəzsiz məhkəmə” tərəfindən baxılmamışdır; (ii) YƏŞ tərəfindən aparılan icraatlar YƏŞ haqqında 1998-ci il Qanununun dördüncü fəslində müəyyən olunan və intizam cəzaları üzrə iddia müddətləri də daxil olmaqla vacib prosessual təminatlar verən prosedura uyğun olaraq aparılmadığından ədalətsiz olmuşdur; (iii) Parlament onun vəzifədən azad edilməsi haqqında qərarı plenar iclasda elektron səsvermə sistemindən sui-istifadə etməklə qəbul etmişdir; (iv) onun işinə “qanun əsasında yaradılmış məhkəmə” tərəfindən baxılmamışdır; (v) onun işi üzrə qərarlar sübutlar tam qiymətləndirilmədən verilmiş və müdafiə tərəfinin qaldırdığı vacib arqumentlər lazımi şəkildə nəzərə alınmamışdır; (vi) YƏŞ tərəfindən qəbul edilən aktlara yenidən baxmaq üçün YİM-nin kifayət qədər səlahiyyətinin olmaması onun “məhkəməyə müraciət etmək hüququna” zidd olmuşdur; (vii) tərəflər üçün bərabər imkan yaradılması prinsipinə hörmət edilməmişdir.
84. Konvensiyanın 6 § 1-ci Maddəsinin müvafiq hissəsində aşağıdakılar müəyyən olunur:
“1. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. ...”
A. Qəbuledilənlik
85. Tərəflər yuxarıda verilən şikayətlərin qəbuledilənliyi üzrə mübahisə etmədilər.
86. Hökumət Konvensiyanın 6 § 1-ci Maddəsinin hazırkı işə tətbiq oluna bilməsini qəbul etdiyindən, Məhkəmə bu məsələyə daha təfsilatlı baxılmasını məqsədəuyğun hesab etdi.
1. 6 § 1-ci Maddənin mülki hüquq üzrə tətbiqi ilə bağlı
87. Məhkəmə qeyd edir ki, dövlət qulluqçuları ilə Dövlət arasındakı əmək mübahisələri o şərtlə 6-cı Maddənin mülki hüquqla bağlı olan əhatə dairəsindən kənarda qalır ki, iki məcmu şərtə əməl olunsun. Birincisi, Dövlət öz milli qanunvericiliyində sözügedən vəzifədə və ya kateqoriyadan olan işçilərin məhkəmələrə çatımlılığını açıq şəkildə istisna etmiş olmalıdır. İkincisi, bu cür istisna Dövlətin maraqlarına uyğun obyektiv səbəblərlə əsaslandırılmalıdır (bax Vilho Eskelinen və Başqaları Finlandiyaya qarşı (Vilho Eskelinen and Others v. Finland) [GC], no. 63235/00, § 62, ECHR 2007‑IV).)
88. Birinci şərt kontekstində, Məhkəmə Eskelinen testinin məqsədi üçün dövlətdaxili məhkəmə sistemindən kənar bir orqanı “məhkəmə” kimi hesab edə bilər. İnzibati bir orqan və ya parlament orqanı sözün substantiv mənasında “məhkəmə” kimi hesab oluna və bununla da 6-cı Maddə dövlət qulluqçularının mübahisələrinə tətbiq oluna bilər (Argyrou və Başqaları Yunanıstana qarşı (Argyrou and Others v. Greece), no. 10468/04, § 24, 15 yanvar 2009-cu il, və Savino və Başqaları İtaliyaya qarşı (Savino and Others v. Italy), 17214/05, 20329/05 və 42113/04, §§ 72‑75, 28 aprel 2009-cu il). Lakin, 6-cı Maddənin tətbiq oluna bilməsi ilə bağlı nəticə bu cür icraatlarda prosessual təminatlara necə əməl olunması məsələsinə xələl gətirmir (bax Savino və Başqalarıs, yuxarıda istinad edilib, § 72).
89. Hazırkı işə gəldikdə isə, ərizəçinin işinə YƏŞ tərəfindən baxılmışdır ki, o da bütün faktiki və hüquqi məsələləri dinləmə keçirdikdən və sübutları qiymətləndirdikdən sonra müəyyənləşdirmişdir. İşin YƏŞ tərəfindən araşdırılması ərizəçinin vəzifədən azad edilməsi barədə Parlamentə iki təqdimatın göndərilməsi ilə nəticələndi. Parlament təqdimatları aldıqdan sonra, onlara məhkəmələr üzrə parlament komitəsində baxıldı. Həmin vaxt komitəyə YƏŞ-nın gəldiyi nəticələri qiymətləndirmək üçün müəyyən sərbəstlik verilmişdi, çünki komitənin öz müşavirələrini keçirmək və lazım gəldikdə əlavə araşdırmalar aparmaq səlahiyyəti vardı ki, bu da hakimin işdən azad edilməsi və ya edilməməsi barədə tövsiyə ilə nəticələnə bilərdi (bax Hakimlər (Seçilmə və Kənarlaşdırılma) haqqında 2004-cü il Qanununun 19-21-ci bölmələri). Sonra Parlamentin plenar iclası YƏŞ-nın təqdimatları və parlament komitəsinin tövsiyəsi əsasında ərizəçinin vəzifədən azad edilməsi barədə qərar qəbul etdi (bax həmin Qanunun 23-cü bölməsi). Sonda, YƏŞ-nın və Parlamentin qərarlarına YİM tərəfindən yenidən baxıldı.
90. Buradan belə görünür ki, ərizəçinin işinə baxarkən və iş üzrə məcburi hüquqi qüvvəyə malik qərar qəbul edərkən, YƏŞ, parlament komitəsi və Parlamentin plenar iclası birlikdə məhkəmə funksiyasını yerinə yetirirdilər (bax Savino və Başqaları, § 74). Ərizəçinin işdən azad edilməsi barədə məcburi hüquqi qüvvəyə malik qərara daha sonra dövlətdaxili məhkəmə sistemi çərçivəsində klassik məhkəmə olan YİM tərəfindən yenidən baxıldı.
91. Yuxarıda qeyd olunanları əsasında o nəticəyə gəlmək olmaz ki milli qanunvericilikdə ərizəçinin iddiasının “məhkəməyə çatımlılığı açıq şəkildə istisna edilmişdi”. Buna görə də, Eskelinen testinin birinci şərti təmin olunmamışdır və 6-cı Maddə mülki məsələ ilə bağlı tətbiq olunur (müqayisə et Olujić Xorvatiyaya qarşı (Olujić v. Croatia), no. 22330/05, § 31‑45, 5 fevral 2009-cu il).
2. 6 § 1-ci Maddənin cinayət hüququ üzrə tətbiqi ilə bağlı
92. 6-cı Maddənin iki, yəni həm mülki və həm də cinayət hüququ aspektləri heç də biri birini istisna etmir (Albert və Le Compte Belçikaya qarşı (Albert and Le Compte v. Belgium), 10 fevral 1983-cü il, § 30, Series A no. 58). Ona görə də, Konvensiyanın 6-cı Maddəsinin cinayət hüququ üzrə də tətbiq olunub-olunmaması məsələsi də sual altındadır.
93. Engel kriteriyalarına əsasən (bax Engel və Başqaları Niderlanda qarşı (Engel and Others v. the Netherlands) , 8 iyun 1976-cı il, §§ 82-83, Serieya A no. 22), ərizəçiyə qarşı tətbiq edilən sanksiyaların kəskinliyi ilə bağlı müəyyən mülahizələr meydana çıxır. Polşada müəyyən insanların vəzifədən azad edilməsinə də gətirib çıxaran lustrasiya icraatları müəyyən mənada analoji hesab oluna bilərkən, Məhkəmə həmin ssenaridə müəyyən etdi ki, Polşa qanunvericiliyinin müvafiq müddəaları “misal üçün intizam hüququ baxımından xüsusi statusa malik olan bir qrup fərdlərə yönəlməmişdi”, əksinə vətəndaşların geniş bir qrupunu əhatə edirdi; həmin icraatlar, milli qanunvericilikdə konkret siyahısı müəyyən olunmasa da xeyli sayda dövlət vəzifələrini tutmaq qadağası ilə nəticələndi (bax Matyjek Polşaya qarşı (Matyjek v. Poland) (dec.), no. 38184/03, §§ 53 və 54, ECHR 2006‑VII). Buna görə də həmin iş fərqlidir, çünki hazırkı işdə xüsusi statusa malik olan ərizəçi özünün peşəkar vəzifə öhdəliklərinə əməl etmədiyi üçün cəzalandırılmışdı ki, bu pozuntu da birbaşa olaraq intizam hüququna aiddir. Ərizəçiyə qarşı tətbiq edilmiş sanksiya peşəkar pozuntuya görə klassik intizam tədbiri idi və milli hüquq baxımından bu, hakimin bilərəkdən səhv qərar verməsinə görə tətbiq olunan cinayət hüququ sanksiyaları ilə qarşılaşdırılırdı (bax yuxarıda Cinayət Məcəlləsinin 375-ci Maddəsi). Burada həmçinin onu da qeyd etmək olar ki, ərizəçinin hakim vəzifəsindən azad edilməsi ona hüquq peşəsinin başqa bir sahəsində işləməyə mane olmurdu.
94. Bundan əlavə, Məhkəmə müəyyən etdi ki, silahlı qüvvələrdən tərxis edilmə Konvensiyanın 6 § 1-ci Maddəsinin məqsədləri üzrə cəza hesab oluna bilməz (bax Tepeli və Başqaları Türkiyəyə qarşı (Tepeli and Others v. Turkey) (dec.), no. 31876/96, 11 sentyabr 2001-ci il, və Suküt Türkiyəyə qarşı (Suküt v. Turkey) (dec.), no. 59773/00, 11 sentyabr 2007-ci il). Məhkəmə həmçinin açıq-aydın müəyyən etdi ki, məhkəmə icraçısının çoxsaylı xətalarına görə vəzifəsindən azad edilməsi ilə bağlı icraatlar “cinayət məsuliyyəti müəyyənləşdirməmişdir”. (bax Bayer Almaniyaya qarşı (Bayer v. Germany), no. 8453/04, § 37, 16 iyul 2009-cu il).
95. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işin faktları o nəticəyə gəlməyə əsas vermir ki, ərizəçinin işdən azad edilməsi işi Konvensiyanın 6-cı Maddəsi ilə müəyyən olunan mənada cinayət məsuliyyətinin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Buna uyğun olaraq da demək olar ki, bu Maddə bu işdə cinayət hüququ üzrə tətbiq olunmur.
3. Qəbuledilənliklə bağlı
96. Məhkəmə daha sonra qeyd etdi ki, Konvensiyanın 6 § 1-ci Maddəsinə əsasən edilmiş yuxarıda göstərilən şikayətlər Konvensiyanın 35 § 3 (a) Maddəsi ilə müəyyən olunan məna çərçivəsində açıq-aşkar əsassız deyil. Onlar heç bir başqa səbəbə görə də qəbuledilməyən deyil. Ona görə də şikayətlər qəbuledilən elan olunmalıdır.
B. İşin Mahiyyəti üzrə
1. “Müstəqil və qərəzsiz məhkəmə” prinsipi ilə bağlı
(a) Ərizəçinin təqdimatları
97. Ərizəçi şikayət etdi ki, onun işinə “müstəqil və qərəzsiz məhkəmə” tərəfindən baxılmamışdır. O cümlədən də, bu tələblərə tərkibi, üzvlərinin Dövlət orqanlarına tabe olması və bəzi üzvlərinin ərizəçinin işinə münasibətdə şəxsi-qərəzliliyi ilə əlaqədar olaraq, YƏŞ tərəfindən əməl olunmamışdır. Ərizəçi xüsusi olaraq iddia etdi ki, S.K., V.K. və R.K. onun işi ilə bağlı qərar verərkən qərəzsiz ola bilməzdilər. Müstəqillik və qərəzsizliklə bağlı tələblərə nə zəruri təminatları, nə də məsələlərə adekvat şəkildə yenidən baxılmasını təmin edə bilməyən YİM də daxil olmaqla, icraatların sonrakı mərhələlərində də əməl olunmamışdır.
98. Bundan əlavə, ərizəçiyə görə, YİM tərəfindən onun işinə baxılması əvvəlki mərhələlərdə yol verilmiş prosessual qüsurların aradan qaldırılması üçün qənaətbəxş hesab oluna bilməzdi. Xüsusilə də, YİM onun vəzifədən azad edilməsi ilə bağlı qərarları formal olaraq ləğv edə bilməmişdir və hər hansı qaydaların olmadığı şəraitdə həmin qərarların qanunsuz elan olunmasının prosessual nəticələrinin nə olacağı qaranlıq qalmışdı. Bundan əlavə, YİM tərəfindən ərizəçinin işinə hansı tərzdə baxılması onu göstərirdi ki, onun vəzifədən azad edilməsi ilə bağlı faktiki əsasın çatışmaması, YƏŞ üzvlərinin şəxsi qərəzi və Parlamentdəki səsvermə zamanı yol verilən nizamsızlıq haqqında ərizəçinin münasib və vacib arqumentlərinə və təqdimatlarına adekvat cavab verilməmişdir.
(b) Hökumətin təqdimatları
99. Hökumət iddia etdi ki, milli qanunvericilik YƏŞ-nın müstəqilliyi və qərəzsizliyi üçün kifayət qədər təminatlar müəyyən etmişdir. Eyni zamanda, ərizəçinin işi üzrə qərar verən YƏŞ üzvlərinin hər hansı birinin qərəzli olduğunu da göstərən heç bir əlamət olmamışdır. Xüsusilə, S.K. tərəfindən mətbuata verilən və ərizəçinin də istinad etdiyi açıqlamalar əslində hazırkı işdə baxılan hadisələrdən altı ay əvvəl edilmişdir. Buna görə də, bu açıqlamalarla ərizəçinin vəzifədən azad edilməsi arasında heç bir səbəb-nəticə əlaqəsi olmamışdır. R.K və V.K.-nın qərəzli olması ilə bağlı fikri də dəstəkləyən heç bir davamlı arqument olmamışdır. Hər bir halda, YƏŞ-nın qərarı əksəriyyət tərəfindən verilmişdi və YƏŞ-nın müəyyən üzvlərin iddia olunan qərəzliliyi də həmin qurumun qərəzsizliyinə ciddi şəkildə xələl gətirə bilməzdi.
100. Hökumət daha sonra qəbul etdi ki, YƏŞ-nın və ərizəçinin işi Parlamentə göndərildikdən sonra ona baxan parlament komitəsinin tərkibində müəyyən qədər üst-üstə düşmələr olmuşdur. Lakin, buna baxmayaraq, komitə, qərarı əksəriyyətin səs verməsi ilə qəbul etmiş kollegial orqan idi və həmin qərar Parlamentin plenar iclası üçün məcburi qüvvəyə malik olmamışdır.
101. Hökumət iddia etdi ki, YİM-nin müstəqilliyi və qərəzsizliyi barədə şübhələnmək üçün heç bir səbəb olmamışdır.
102. Bundan əlavə, Hökumətə görə, işə YİM tərəfindən yenidən baxılması icraatların daha əvvəli mərhələlərində yol verilmiş ola bilən iddia olunan hər hansı prosessual pozuntuların aradan qaldırılması üçün kifayət edirdi. Hökumət bununla bağlı bildirdi ki, YİM-nin YƏŞ-nın və Parlamentin hakimin vəzifədən azad edilməsi barədə qərarlarını qanunsuz elan etmək üçün kifayət qədər səlahiyyəti vardı, çünki hakimə vəzifədən azad olunmayıbmış kimi yanaşırdı. Bu mövqeyini dəstəkləmək üçün Hökumət milli məhkəmə təcrübəsindən nümunələr təqdim etdi ki, həmin nümunələrdə hakimlər özlərinin vəzifədən azad edilmələri barədə qərarları müvəffəqiyyətlə mübahisələndirmiş və sonra bərpa olunmaq üçün məhkəmə icraatları başlatmışdılar. Bu kontekstdə, Hökumət bildirdi ki, YİM-nin ərizəçinin işinə baxmaq tərzi münasib olmuş və ərizəçi tərəfindən irəli sürülmüş bütün müvafiq və münasib arqumentlər adekvat şəkildə nəzərə alınmışdır. O cümlədən, YİM ərizəçinin Parlamentdəki səsvermə prosedurunun pozulması ilə bağlı iddiasına müvafiq cavab vermişdir. Oxşar qaydada, YİM ərizəçinin, icraatların daha əvvəlki mərhələlərində müstəqillik və qərəzsizliklə bağlı tələbin pozulması ilə bağlı mübahisəsinə də müvafiq qaydada baxmışdır.
(c) Məhkəmənin qiymətləndirməsi
103. Məhkəmənin Konvensiyanın 6 § 1-ci Maddəsi ilə müəyyən olunan mənada “müstəqil” hesab olunub oluna bilmədiyini müəyyənləşdirmək üçün onun üzvlərinin necə təyin olunmasına və onların vəzifə müddətinə, xarici təzyiqlərə qarşı müdafiə təminatlarına və qurumun müstəqillik görüntüsü yaradıb-yaratmaması məsələsinə fikir vermək lazımdır (bax Findlay Birləşmiş Krallığa qarşı (Findlay v the United Kingdom), 25 fevral 1997-ci il, § 73, Qərarlar üzrə hesabatlar 1997-I, və Brudnicka və Başqaları Polşaya qarşı (Brudnicka and Others v. Poland), no. 54723/00, § 38, ECHR 2005-II). Məhkəmə vurğulayır ki, hökumətin siyasi orqanları ilə məhkəmə hakimiyyəti arasındakı hakimiyyət bölgüsü anlayışının məhkəmənin presedent hüuqunda artan əhəmiyyəti var (bax Stafford Birləşmiş Krallığa qarşı (Stafford v. the United Kingdom) [GC], no. 46295/99, § 78, ECHR 2002-IV). Eyni zamanda, nə 6-cı Maddə, nə də Konvensiyanın hansısa müddəası Dövlətlərdən hakimiyyətlər arasındakı qarşılıqlı münasibətlərin icazə verilən hədləri ilə bağlı hər hansı nəzəri konstitusional konsepsiyalara əməl etməyi tələb etmir (bax Kleyn və Başqaları Niderlanda qarşı [GC], nos. 39343/98, 39651/98, 43147/98 və 46664/99, § 193, ECHR 2003 VI).
104. Bir qayda olaraq, qərəzsizlik anlayışı önyarqının və ya qərəzin olmamasını ifadə edir. Məhkəmənin oturuşmuş presedent hüququna görə 6 § 1-ci Maddənin məqsədləri üçün qərəzsizliyin mövcudluğu aşağıdakılara əsasən müəyyən edilməlidir: (i) subyektiv test, ki burada hər hansı bir hakimin şəxsi əqidəsinə və davranışına fikir verilməli və hakimin verilən işdə hər hansı şəxsi qərəzə malik olub-olmadığı müəyyən olunmalıdır; və (ii) obyektiv test, ki bunun vasitəsilə də məhkəmənin özünün, digər aspektlərlə yanaşı onun tərkibinin həmin məhkəmənin qərəzsizliyi ilə bağlı legitim şübhələrin aradan qaldırılması üçün kifayət qədər təminatlar təklif edib - etmədiyini müəyyənləşdirir (bax, digərləri ilə yanaşı, Fey Avstriyaya qarşı (Fey v. Austria), 24 fevral 1993-cü il, Seriyalar A no. 255, §§ 28 və 30, və Wettstein İsveçrəyə qarşı (Wettstein v. Switzerland), no. 33958/96, § 42, ECHR 2000-XII).
105. Bununla belə, subyektiv və obyektiv qərəzsizlik arasında sukeçməz bir bölgü də yoxdur, çünki bir hakimin davranışı təkcə onun qərəzsizliyi ilə bağlı kənar müşahidəçi tərəfindən görünən obyektiv narahatlığı (obyektiv test) deyil, həm də onun şəxsi əqidəsi məsələsini (subyektiv test) qaldıra bilər (bax Kyprianou Kiprə qrşı (Kyprianou v. Cyprus) [GC], no. 73797/01, § 119, ECHR 2005‑XIII). Beləliklə, hakimin subyektiv qərəzsizliyi prezumpsiyasının qaldırılması üçün sübutların çətin əldə olunduğu bəzi işlərdə obyektiv qərəzsizlik tələbi daha bir vacib təminat verir (bax Pullar Birləşmiş Krallığa qarşı (Pullar v. the United Kingdom), 10 iyun 1996-cı il, § 32, Hesabatlar 1996‑III).
106. Bu mənada, hətta görüntülər də müəyyən əhəmiyyət kəsb edə bilər və ya başqa sözlə desək, “ədalət təkcə həyata keçirilməməlidir, onun həyata keçirildiyi həm də görünməlidir”. Əsas məsələ demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyət arasında qazanmalı olduğu etimaddır (bax De Cubber Belçikaya qarşı (De Cubber v. Belgium), 26 oktyabr 1984-cü il, § 26, Seriyalar A no. 86).
107. Nəhayət, müstəqillik və obyektiv qərəzsizlik konsepsiyaları bir-biri ilə sıx bağlıdır və şəraitdən asılı olaraq onlara bilrikdə baxılmasını tələb edə bilər (bax Sacilor-Lormines Fransaya qarşı (Sacilor-Lormines v. France), no. 65411/01, § 62, ECHR 2006‑XIII). Hazırkı işin faktlarını nəzərə alaraq, Məhkəmə müstəqillik və qərəzsizlik məsələlərinə birlikdə baxılmasını münasib hesab edir.
108. Məhkəmə qeyd etdi ki, (bax yuxarıda bəndlər 89 və 90) YƏŞ və Parlament ərizəçi ilə bağlı işi müəyyənləşdirmək və məcburi qüvvəyə malik qərar qəbul etmək funksiyasını həyata keçirmişdir. Daha sonra YİM həmin orqanlar tərəfindən verilmiş qərarlara yenidən baxmışdır. Buna görə də, Məhkəmə birinci növbədə, ərizəçinin işinə baxılan və məcburi qüvvəyə malik qərar verilən mərhələdə müstəqil və qərəzsiz məhkəmə prinsiplərinə əməl olunub-olunmadığını araşdırmalıdır.
(i) Ərizəçinin işinə baxan orqanların müstəqilliyi və qərəzsizliyi
(α) YƏŞ
109. Məhkəmə müəyyən etdi ki, həlledici səs hüquqlu Sədr də daxil olmaqla, məhkəmənin üzvlərinin ən azı yarısı hakimlərdən ibarət olarsa, bu qərəzsizliyin güclü bir göstəricisi olar (bax Le Compte, Van Leuven və De Meyere Belçikaya qarşı (Van Leuven and De Meyere v. Belgium), 23 iyun 1981-ci il, § 58, Seriya A no. 43). Qeyd etmək yerinə düşər ki, hakimlərə qarşı intizam xarakterli icraatlarda müvafiq intizam orqanında əsasən hakimlərin iştirak etməsinin zəruriliyi hakimlərin statusu haqqında Avropa Xartiyası tərəfindən də tanınmışdır (bax yuxarıda bənd 78).
110. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 131-ci Maddəsinə və YƏŞ haqqında 1998-ci il Qanununa uyğun olaraq, YƏŞ müxtəlif orqanlar tərəfindən təyin olunan iyirmi üzvdən ibarətdir. Bununla belə, xüsusi qeyd olunmalı məsələ odur ki, üç üzv Ukrayna Prezidenti tərəfindən, digər üç üzv Parlament tərəfindən və digər üç üzv ÜmumUkrayna Prokurorlar Konfransı tərəfindən təyin olunurlar. Ədliyyə Naziri və Baş Prokuror YƏŞ-nın ex officio üzvləridirlər. Buradan belə çıxır ki, YƏŞ-nın Konstitusiya ilə müəyyən olunmuş və YƏŞ haqqında 1998-ci il Qanununda inkişaf etdirilmiş təşkil olunma prinsiplərinə əsasən birbaşa olaraq icra və qanunvericilik hakimiyyətləri tərəfindən təyin olunan qeyri-hakim üzvlər YƏŞ üzvlərinin mütləq əksəriyyətini təşkil edir.
111. Nəticədə, ərizəçinin işi YƏŞ-nın dinləmədə iştirak edən on altı üzvü tərəfindən müəyyən edildi ki, onlardan da yalnız üçü hakim idi. Beləliklə, hakimlər ərizəçinin işinə baxan YƏŞ üzvlərinin az bir hissəsini təşkil edirdi (bax yuxarıda bənd 24).
112. Yalnız 7 iyul 2010-cu il tarixli dəyişikliklərdən sonra YƏŞ haqqında 1998-ci il Qanununa YƏŞ-nın üzvlərinin ən azı on nəfərinin hakimlərdən təyin olunması barədə tələb əlavə edildi. Lakin, bu dəyişikliklər ərizəçinin işinə təsir etmədi. Hər bir halda, dəyişikliklər qənaətbəxş deyil, çünki YƏŞ-nın üzvlərini təyin edən orqanlar eyni qalırdı və yalnız üç hakim öz həmkarları tərəfindən seçilirdi. Hökumətin siyasi orqanlarının YƏŞ-nın tərkibinə təsirini azaltmağın vacibliyini və məhkəmə müstəqilliyinin lazımi səviyyəsini təmin etmək zərurətini nəzərə alsaq, hakimlərin intizam orqanına necə təyin olunması da məhkəmə özünüidarəetməsi baxımından əhəmiyyətli məsələdir. Venesiya Komissiyası tərəfindən də qeyd olunduğu kimi, dəyişiklik edilmiş prosedurlar da məsələni həll etmədi, çünki təyinetmənin özü hələ də eyni orqanlar tərəfindən həyata keçirilirdi, məhkəmə korpusu tərəfindən deyil (bax yuxarıda bənd 79-da istinad edilmiş Venesiya Komissiyasının Reyinin 28 və 29-cu paraqrafları).
113. Məhkəmə daha sonra qeyd edir ki, YƏŞ haqqında 1998-ci il Qanununun 19-cu bölməsinə uyğun olaraq YƏŞ yalnız dörd üzvü orada tam ştatlı əsaslarla işləyir. Digər üzvlər YƏŞ-dan kənarda işləməyə və kənardan maaş almağa davam edirlər ki, bu da onların əsas işəgötürənlərindən maddi, iyerarxik və inzibati asılılığını qaçılmaz edir və onların müstəqilliyini və qərəzsizliyini təhlükə altında qoyur. O cümlədən də, YƏŞ-nın ex officio üzvləri olan Ədliyyə Naziri və Baş Prokurorun əsas işlərini itirmələri onların YƏŞ-dan da istefasına səbəb olur.
114. Məhkəmə Venesiya Komissiyasının rəyinə istinad edir ki, Baş Prokurorun ex officio üzv kimi YƏŞ-na daxil edilməsi əlavə narahatlıq yaradır, çünki bu hakimlərə çəkindirici təsir göstərə və potensial təhlükə kimi başa düşülə bilər. Baş Prokuror prokurorluq sisteminin iyerarxiyasının başında yer alır və bütün prokurorlara nəzarəti həyata keçirir. Onların funksional rolunu nəzərə alsaq, prokurorlar hakimlərin qərar verməli olduqları xeyli işlərdə iştirak edirlər. Baş Prokurorun hakimlərin təyin olunması, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi ilə məşğul olan bu orqanda olması hakimlərin bu cür işlərdə qərəzsiz olmaması və ya Baş Prokurorun qərarlarını bəyənmədiyi hakimlərə qarşı qərəzsiz olmaması riskini yaradır (bax Venesiya Komissiyasının Reyinin 30-cu paraqrafı, yuxarıda bənd 79-da istinad edilib). Eyni şey YƏŞ-nın, Ümum Ukrayna Prokurorlar Konfransının kvotası üzrə təyin olunmuş digər üzvlərinə də aiddir. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı tərəfindən ifadə olunmuş narahatlıq da bunu aydın izah edir (bax yuxarıda bənd 80-də istinad edilmiş müvafiq hesabatın 42-ci paraqrafı).
115. Məhkəmə daha sonra bildirdi ki, YƏŞ-nın ərizəçinin işi üzrə ilkin araşdırmaları aparmış və onun vəzifədən azad edilməsi barədə müraciətləri təqdim etmiş üzvləri (R.K. və V.K.) sonra ərizəçinin vəzifədən uzaqlaşdırılması barədə qərarın verilməsində də iştirak etdilər. Bundan əlavə, həmin üzvlərdən biri (V.K.) YƏŞ-nən sədri təyin olundu və ərizəçinin işi üzrə dinləməyə sədrlik etdi. Həmin üzvlərin ərizəçiyə qarşı onların özlərinin apardığı ilkin araşdırmaların nəticələrinə əsaslanan intizam xarakterli ittihamların irəli sürülməsindəki rolu ərizəçinin işinin mahiyyəti üzrə qərar verərkən onların qərəzsizliyi ilə bağlı obyektiv şübhə yaradır (müqayisə et Werner Polşaya qarşı (Werner v. Poland), no. 26760/95, §§ 43 və 44, 15 noyabr 2001-ci il).
116. Ərizəçinin YƏŞ-nın müəyyən üzvlərinin şəxsi qərəzi ilə bağlı narazılıqları məhkəmələr üzrə parlament komitəsinin, həm də YƏŞ-nın üzvü olan, sədrinin (S.K.) fəaliyyəti ilə də bağlı nəzərə alınmalıdır. Birincisi, onun YƏŞ-nın üzvü kimi ərizəçinin vəzifə andı içməsinə icazə verməkdən imtina edilməsindəki[6] rolunun üstündən ötəri keçilməməlidir. İkincisi, onun 14 iyun 2007-ci il tarixində parlamentin rəsmi qəzetində dərc olunmuş rəyindən görünürdü ki, o, yerli məhkəmələrin sədrlərinin və sədr müavinlərinin təyin olunması üzrə müvəqqəti prosedur qaydaları haqqında parlament qətnaməsinin qanunsuzluğu ilə bağlı iş üzrə məhkəmənin verdiyi müvəqqəti qərardan ciddi şəkildə narazıdır. Hətta, S.K.-nın birbaşa olaraq ərizəçini tənqid etmədiyinə baxmayaraq, aydındır ki, o, həmin işdə iddiaçı olmuş ərizəçinin hərəkətlərini bəyənmirdi. Onun ictimai bəyanatının intizam icraatlarının başlamasından xeyli əvvəl edilmiş olması barədə Hökumətin iddiası Məhkəməyə inandırıcı gəlmir. İki hadisə arasındakı vaxt fərqinin Hökumətin iddia etdiyi kimi təxminən altı ay olduğunu nəzərə alsaq, bu müddət bununla bağlı hər hansı səbəb-nəticə əlaqəsinin aradan qalxması üçün kifayət qədər uzun müddət deyil.
117. Uyğun olaraq, hazırkı ərizə üzrə faktlar YƏŞ tərəfindən aparılan icraatlarda həm struktur çatışmazlıqların, həm də YƏŞ-nın ərizəçinin işinə baxan müəyyən üzvlərində şəxsi qərəzin olduğunu göstərən bir sıra ciddi məsələləri üzə çıxarır. Buna görə də, Məhkəmə o nəticəyə gəlir ki, YƏŞ tərəfindən aparılan icraatlar Konvensiyanın 6 § 1-ci Maddəsi ilə tələb olunan müstəqillik və qərəzsizlik prinsiplərinə uyğun olmamışdır.
(β) Parlament mərhələsində “müstəqillik və qərəzsizlik”
118. İşə daha sonra qanunverici orqan olan Parlament tərəfindən baxılması “müstəqillik və qərəzsizliklə” bağlı struktur qüsurları aradan qaldırmadı, əksinə ancaq prosedurun siyasiləşməsinə və prosedurun hakimiyyət bölgüsü prinsipinə uyğunsuzluğunun kəskinləşməsinə xidmət etdi.
- Parlament komitəsi
119. Parlament komitəsindəki icraatlara gəldikdə isə, komitə sədri (S.K.) və komitənin üzvlərindən biri də YƏŞ-nın üzvləri idilər və hər iki mərhələdə ərizəçinin işi üzrə qərar verilməsində iştirak etmişdilər. Buna görə də, onlar YƏŞ tərəfindən göndərilən təqdimatlara baxarkən qərəzsiz ola bilməzdilər (bax müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis) Oberschlick Avstriyaya qarşı (Oberschlick v. Austria (no. 1) 23 may 1991-ci il, §§ 50-52, Seriya A no. 204 ). Bundan başqa, Məhkəmənin yuxarıda 116-cı bənddə qeyd olunduğu kimi, şəxsi qərəzsizliyin çatışmaması ilə bağlı mülahizələri prosedurun bu mərhələsinə də eynilə uyğundur. Bundan əlavə, S.K.-nın, parlament komitəsinin iki üzvü ilə birlikdə YƏŞ-na ərizəçinin mümkün xətaları ilə bağlı ilkin araşdırmaların aparılması təşəbbüsü ilə müraciət etməsi faktı da münasib qaydada nəzərə alınmalıdır.
120. Eyni zamanda, YƏŞ-nın üzvləri geri çəkilə bilməz, çünki Hakimlər (Seçilmə və Vəzifədən azad edilmə) haqqında 2004-cü il Qanununda geri çəkilmək proseduru müəyyən edilməmişdi. Bu da icraatların obyektiv qərəzsizlik testinə uyğun olması üçün müvafiq təminatların çatışmadığını göstərir (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Micallef Maltaya qarşı (Micallef v. Malta) [GC], no. 17056/06, §§ 99 və 100, ECHR 2009).
- Parlamentin plenar iclası
121. Parlamentin plenar iclasına gəldikdə isə, iş Parlament Üzvlərinə S.K. və V.K. (bax yuxarıda bənd 27) tərəfindən təqdim olundu. Əslində isə prosedurla YƏŞ və parlament komitəsinin gəldiyi nəticələr əsasında sadəcə ümumi fikir mübadiləsinin aparılması nəzərdə tutulurdu. Bu mərhələdə, işə baxılması daha əvvəl YƏŞ və parlament komitəsi tərəfindən gəlinmiş nəticələr əsasında məcburi hüquqi qüvvəyə malik qərarın qəbul olunması ilə məhdudlaşırdı.
122. Bütövlükdə, hazırkı iş üzrə faktlar onu deyir ki, plenar iclasdakı prosedur fakt və hüquq məsələlərinin araşdırılması, sübutların qiymətləndirilməsi və faktlara hüquqi qiymət verilməsi üçün münasib forum deyil. Parlamentdə oturan və fərdi intizam işində mürəkkəb fakt və hüquq məsələləri barədə qərar vermək üzrə hər hansı hüquqi və məhkəmə təcrübəsinə malik olmaqları tələb olunmayan siyasətçilərin rolu Hökumət tərəfindən kifayət qədər aydın müəyyənləşdirilməmiş və Konvensiyanın 6-cı Maddəsinə əsasən müstəqillik və qərəzsizlik tələblərinə uyğun olduğu əsaslandırılmamışdır.
(ii) “Müstəqillik və qərəzsizlik” məsələlərinin YİM tərəfindən həll olunub-olunmaması ilə bağlı
123. Məhkəmənin presedent hüququna görə, hətta, “mülki hüquqlar və öhdəliklər”lə bağlı mübahisələri həll edən mühakimə orqanı müəyyən mənada 6 § 1-ci Maddənin tələblərinə əməl etmədikdə, əgər həmin orqan tərəfindən aparılan icraatlara “tam yurisdiksiyası olan və 6 § 1-ci Maddənin verdiyi təminatları təmin edən məhkəmə orqanı tərəfindən daha sonra yenidən baxılacaqsa”, Konvensiyanın pozuntusu müəyyən oluna bilməz (bax Albert və Le Compte Belçikaya qarşı (Albert and Le Compte v. Belgium), yuxarıda istinad edilib, § 29, və Tsfayo Birləşmiş Krallığa qarşı (Tsfayo v. the United Kingdom), no. 60860/00, § 42, 14 noyabr 2006-cı il). 6-cı Maddənin tələblərinə əməl edən ikinci instansiyanın “tam yurisdiksiyaya” malik olub-olmadığını, və ya birinci instansiyadakı müstəqillik çatışmazlığını aradan qaldırmaq üçün işə“qənaətbəxş səviyyədə baxılmasını” təmin edib-etmədiyini müəyyənləşdirmək üçün barəsində şikayət verilmiş qərarın predmeti, qərarın verilmə tərzi və apelyasiya şikayətinin arzuolunan və həqiqi əsasları da daxil olmaqla, mübahisənin məzmunu kimi amilləri nəzərə almaq lazımdır (bax Bryan Birləşmiş Krallığa qarşı (Bryan v. the United Kingdom), 22 noyabr 1995-ci il, §§ 44 - 47, Seriya A no. 335‑A, və Tsfayo, yuxarıda istinad edilib, § 43).
(α) İşə yenidən baxılmasının qənaətbəxşliyi ilə bağlı
124. Məhkəmə aşağıdakı səbəblərdən YİM-in ərizəçinin işinə qənaətbəxş səviyyədə yenidən baxdığına inanmır.
125. Birincisi, sual onda yaranır ki, YİM YƏŞ və Parlamentin qərarlarını ləğv etmək və zəruri hesab edərsə hər hansı əlavə adekvat tədbirlər görmək iqtidarında olmadan onları qanunsuz elan etmək səlahiyyətinə malikdirsə, bu qərarlara effektiv şəkildə yenidən baxa bilərdimi. Hətta baxmayaraq ki, qanunsuz elan edilmiş qərardan ümumiyyətlə heç bir hüquqi nəticə yaranmır, məhkəmə hesab edir ki, YİM-nin mübahisələndirilən qərarları formal olaraq ləğv etmək iqtidarında olmaması və intizam icraatının sonrakı gedişatı ilə bağlı qaydaların yoxluğu məhkəmənin bu cür bəyanatlarının real hüquqi nəticələri haqqında əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik yaradır.
126. Bu sahədə formalaşmış məhkəmə təcrübəsi bununla bağlı göstərici rolunu oynaya bilər. Hökumət milli məhkəmələrin iki iş üzrə qərarlarının surətlərini təqdim etdi. Lakin, bu nümunələr göstərir ki, YİM hakimin vəzifədən azad edilməsini qeyri qanuni elan etdikdən sonra iddiaçılar bərpa olunmaq üçün ayrıca icraatlar başlatmalı olmuşdular. Bu material intizam icraatlarının necə aparılmalı olmasını (o cümlədən, mübahisələndirilən qərarların qanunsuz elan edilməsindən sonra hakimiyyət orqanları tərəfindən atılmalı olan addımlar və həmin addımların atılması üçün vaxt məhdudiyyətini) aydınlaşdırmır, əksinə qəti şəkildə göstərir ki, eksklüziv olaraq YİM-nin bəyanat xarakterli qərarı əsasında, hakim vəzifəsinə avtomatik bərpa mümkün deyil. Buna görə də, təqdim olunmuş həmin material YİM-nin bu cür məsələlərə baxmasından irəli gələn məhdud hüquqi nəticələr haqqında danışır və YİM-nin məsələyə effektiv yanaşmağa və işə qənaətbəxş səviyyədə baxmağa qadirliyi haqqında Məhkəmənin narahatlığını artırır.
127. İkincisi, YİM-nin ərizəçinin işi üzrə qərarını necə verdiyinə və mübahisənin predmetinə baxaraq Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən irəli sürülmüş vacib arqumentlər YİM tərəfindən lazımi qaydada nəzərə alınmamışdır. O cümlədən, Məhkəmə hesab edir ki, ərizəçinin YƏŞ üzvlərinin və parlament komitəsinin qərəzsiz olmadıqları barədə iddiası da lazımi səylə araşdırılmamışdır. Hökumətin bu məsələ ilə əlaqədar bildirdikləri inandırıcı deyil.
128. Bundan əlavə, YİM ərizəçinin parlamentin onun işdən azad edilməsi barədə qərarının Parlament Üzvlərinin Statusu haqqında 1992-ci il Qanununa və Parlamentin Reqlamentinə uyğun olmaması barədə narazılığını araşdırmağa da, buna səlahiyyətinin çatdığına və ərizəçinin öz iddiasında və təqdim etdiyi müvafiq sübutlarda bu məsələni aydın şəkildə qaldırdığına baxmayaraq (bax yuxarıda istinad edilmiş İnzibati Ədalət Məcəlləsinin 171-1 §§ 1 və 5-ci Maddələri), heç bir həqiqi cəhd göstərməmişdir (bax yuxarıda bəndlər 29 və 33). YİM ərizəçinin sübutlarının qiymətləndirilməsini aparmadı. Bununla yanaşı, ərizəçinin Parlamentdəki səsvermə prosedurunun qeyri-qanuniliyi barədə iddiası daha sonra parlamentin müvafiq qətnaməsinin qeyri-konstitusionallığı barədə iddia kimi təfsir edildi. YİM bunu etməklə həmin məsələyə baxmaqdan, ərizəçinin birbaşa çatımı olmayan Konstitusiya Məhkəməsinin xeyrinə, yayındı (bax Bogatova Ukraynaya qarşı (Bogatova v. Ukraine), no. 5231/04, § 13, 7 oktyabr 2010-cu il, əlavə istinadlarla).
129. Buna görə də, Məhkəmə hesab edir ki, ərizəçinin işinə YİM tərəfindən baxılması qənaətbəxş deyildi və bununla da dövlətdaxili icraatların əvvəlki mərhələlərində mövcud olan prosessual qüsurları neytrallaşdıra bilməzdi.
(β) YİM-nin işə baxması mərhələsində müstəqillik və qərəzsizliklə bağlı tələblər
130. Məhkəmə bildirir ki, məhkəmə nəzarəti YİM-nin YƏŞ-nın intizam yurisdiksiyası altında olan hakimləri tərəfindən həyata keçirilmişdir. Bu o deməkdir ki, həmin hakimlər də YƏŞ tərəfindən həyata keçirilən intizam icraatlarına məruz qala bilərlər. YƏŞ-nın hakimlərin karyerası ilə bağlı ekstensiv (təyin etmək, intizam məsuliyyətinə cəlb etmə və vəzifədən azad etmə) səlahiyyətlərini və YƏŞ-nın müstəqilliyi və qərəzsizliyi ilə bağlı təminatların çatışmamasını (bu məsələ yuxarıda araşdırılmışdır) nəzərə alaraq, Məhkəmə, YİM-nin ərizəçinin YƏŞ-nın tərəf olduğu işinə baxan hakimlərin Konvensiyanın 6-cı Maddəsi ilə tələb olunan “müstəqillik və qərəzsizliyi” nümayiş etdirmək iqtidarında olduqlarına inanmır.
(iii) Nəticə
131. Buna uyğun olaraq da, Məhkəmə müəyyən edir ki, milli məhkəmələr ərizəçinin işinə müstəqil və qərəzsiz qaydada baxılmasını təmin edə bilməmişdir və sonrakı mərhələdə işə yenidən baxılması da bu çatışmazlıqları aradan qaldıra bilməmişdir. Buna görə də, bu mənada Konvensiyanın 6 § 1-ci Maddəsi pozulmuşdur.
2. Ərizəçiyə qarşı aparılan icraatlar üzrə iddia müddətinin olmaması ilə əlaqədar hüquqi müəyyənlik prinsipinə əməl olunması
(a) Tərəflərin təqdimatları
132. Ərizəçi şikayət etdi ki, YƏŞ tərəfindən aparılan icraatlar ədalətsiz olmuşdur, belə ki, həmin icraatlar YƏŞ haqqında 1998-ci il Qanununun dördüncü fəslində müəyyən olunmuş və intizam cəzaları ilə bağlı iddia müddətləri də daxil olmaqla bir sıra vacib prosessual təminatlar verən, prosedura uyğun olmamışdır. Eyni zamanda, fərqli bir prosedurun tətbiq olunması ilə bağlı YİM tərəfindən göstərilən səbəblər də qənaətbəxş olmamışdır.
133. Ərizəçi bildirdi ki, onun işində iddia müddətinin tətbiq olunması hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün çox vacib idi. Onun işində heç bir iddia müddəti tətbiq etməməklə Dövlət orqanları onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
134. Hökumət bu şikayətlə razılaşmadı və bildirdi ki, hakimin hüquqi statusu özündə həm onun ədalət mühakiməsini həyata keçirərkən müstəqil olması ilə bağlı təminatları, həm də vəzifələrini icra edə bilmədikdə məsuliyyətə cəlb olunmasının mümkünlüyünü ehtiva edir. “Andın pozulması” ciddi qanun pozuntusu olduğundan ərizəçinin məsuliyyətə cəlb olunması ilə bağlı iddia müddətləri tətbiq oluna bilməzdi.
(b) Məhkəmənin qiymətləndirməsi
135. Məhkəmə qeyd edir ki, ərizəçinin seçilmiş prosedurla bağlı narazılığı milli hüququn təfsir olunması məsələsidir ki, bu da ilk növbədə milli məhkəmələrin işidir. Bununla belə, Məhkəmə milli qanunvericiliyin necə təfsir və tətbiq olunmasının Konvensiyanın Məhkəmənin presedent hüququna əsasən təfsir olunan prinsiplərinə uyğun olan nəticələrə səbəb olub-olmadığını yoxlamalıdır (bax Scordino İtaliyaya qarşı (Scordino v. Italy) (no. 1) [GC], no. 36813/97, §§ 190 və 191, ECHR 2006-V).
136. Məhkəmə hesab edir ki, YİM niyə prosesin ərizəçi tərəfindən göstərilən prosedurdan fərqli prosedur əsasında aparıldığı barədə qənaətbəxş səbəblər gətirmişdir (bax yuxarıda bənd 37). Həmin fərqli prosedurun tətbiqi gözlənilməyən, qanunsuz və açıq-aşkar əsassız hesab oluna bilməz. Bununla belə, ərizəçinin əsaslandığı konkret təminatın, daha dəqiq desək “andını pozduğuna” görə hakimə qarşı intizam cəzasının tətbiq olunması ilə bağlı iddia müddətinin olmamasının icraatların ədalətliliyinə mənfi təsir edib-etmədiyi sualı hələ də açıq qalır.
137. Məhkəmə müəyyən etmişdir ki, iddia müddətləri bir neçə vacib məqsədə, daha dəqiq desək hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına xidmət edir, potensial cavabdehləri müdafiə olunmağın çətin ola biləcəyi köhnəlmiş iddialardan qoruyur və əgər məhkəmələrdən uzaq keçmişdə baş vermiş hadisələrlə bağlı və üstündən xeyli vaxt keçdiyindən etibarsız və natamam olan sübutlar əsasında qərar vermək tələb olunarsa, yarana bilən hər hansı ədalətsizliyin qarşısını alır (bax Stubbings və Başqaları Birləşmiş Krallığa qarşı (Stubbings and Others v. the United Kingdom), 22 oktyabr 1996-cı il, § 51, Hesabatlar 1996‑IV). İddia müddətləri cinayət, intizam və digər xarakterli qanun pozuntuları ilə əlaqədar Üzv Dövlətlərin milli hüquq sistemlərinin ümumi bir cəhətidir.
138. Ərizəçinin işinə gəldikdə isə, YƏŞ tərəfindən 2010-cu ildə araşdırılmış faktlar 2003-2006-cı illərə aid idi (bax yuxarıda bəndlər 17 və 18). Buna görə də ərizəçi öz müdafiəsini bəziləri uzaq keçmişdə baş vermiş hadisələr əsasında qurmalı olduğundan, çətin vəziyyətə düşmüşdü.
139. YİM-nin ərizəçinin işi üzrə qərarından və Hökumətin təqdimatlarından məlum olur ki, milli qanunvericilik hakimin “andını pozduğuna” görə vəzifədən uzaqlaşdırılması üzrə icraatlarla bağlı heç bir vaxt məhdudiyyəti müəyyən etmir. Məhkəmə iddia müddətinin nə qədər olmalı olmasını göstərə bilməsə də, hesab edir ki, hakimlərlə bağlı intizam xarakterli işlərə bu cür vədəsiz yanaşma hüquqi müəyyənlik prinsipini ciddi risk altında qoyur.
140. Məhkəmə müəyyən edir ki, bu mənada Konvensiyanın 6 § 1-ci Maddəsi pozulmuşdur.
3. Parlamentin plenar iclası zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunması
(a) Tərəflərin təqdimatları
141. Ərizəçi öz şikayətində bildirdi ki, Parlament onun vəzifəsindən azad edilməsi barədə qərarını elektron səsvermə sistemindən sui-istifadə etməklə açıq-aşkar şəkildə qanunu pozaraq qəbul etmişdir. O, vurğuladı ki, onun işdən azad edilməsi barədə plenar səsvermə zamanı Parlamentin müəyyən Üzvləri qanunsuz olaraq Parlamentin iclasda iştirak etməyən başqa üzvlərinə məxsus səslərdən istifadə edərək səs veriblər. Bu şikayətini əsaslandırmaq üçün ərizəçi plenar iclasdakı icraatların video yazısına və Parlamentin dörd Üzvünün notarial qaydada təsdiq olunmuş ifadələrinə istinad etdi.
142. Hökumət bildirdi ki, ərizəçinin vəzifədən azad edilməsi barədə parlament qərarı qanunidir və ərizəçinin bunun əksini iddia edərək gətirdiyi sübutlar etibarlı hesab oluna bilməz, çünki onların həqiqiliyi milli məhkəmələr tərəfindən qiymətləndirilməmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
143. Məhkəmə müəyyən etdi ki, prosessual qaydalar ədalət mühakiməsinin düzgün aparılması və hüquqi müəyyənlik prinsipinə əməl olunmasının təmin olunması üçün hazırlanır və məhkəməyə müraciət edənlər həmin qaydaların tətbiq olunmasını gözləmək hüququna malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi təkcə müraciət edənlərə deyil, həm də milli məhkəmələrə münasibətdə tətbiq olunur (bax Diya 97 Ukraynaya qarşı (Diya 97 v. Ukraine), no. 19164/04, § 47, 21 oktyabr 2010-cu il, əlavə istinadlarla). Bu prinsip eyni şəkildə həm də Parlamentin plenar iclasındakı qərar qəbuletmə prosesi də daxil olmaqla, ərizəçinin işdən azad edilməsi prosedurlarına da tətbiq olunmalıdır.
144. Məhkəmə qeyd edir ki, bu şikayətin əsaslandığı faktlar plenar səsverməni müşahidə etmiş ərizəçinin ifadələri ilə, Parlamentin dörd Üzvünün təsdiq olunmuş ifadələri ilə və icraatların video yazısı ilə təsdiq olunur. Hökumət bu sübutların həqiqiliyini sual altında qoyan heç bir ağlabatan arqument irəli sürmədi. Öz növbəsində Məhkəmə də bu sübut əhəmiyyətli materialları etibarsız hesab etmək üçün heç bir əsas görmür.
145. Yuxarıda qeyd edilən materialları araşdırdıqdan sonra Məhkəmə müəyyən edir ki, ərizəçinin işdən azad edilməsi barədə qərar Parlament Üzvlərinin əksəriyyətinin iştirakı olmadan səsə qoyulmuşdur. İştirak edən Parlamentarilər düşünülmüş şəkildə və qeyri-qanuni olaraq iclasda iştirak etməyən həmkarlarının da əvəzinə xeyli səs vermişlər. Buna görə də həmin qərar Konstitusiyanın 84-cü Maddəsini, Parlament Üzvlərinin Statusu haqqında 1992-ci il Qanununun 24-cü bölməsini və Parlamentin Reqlamentinin Parlament Üzvlərinin iclaslarda və səsvermələrdə şəxsən iştirak etməsini tələb edən 47-ci qaydasının pozulması ilə qəbul olunmuşdur. Bu şərtlər əsasında, Məhkəmə hesab edir ki, ərizəçinin işdən azad edilməsi barədə səsvermə Konvensiyanın 6 § 1-ci Maddəsini pozaraq hüquqi müəyyənlik prinsipini laxladır.
146. Yuxarıda qeyd olunduğu kimi, prosessual ədalətdəki bu qüsurlar icraatların sonrakı mərhələsində də aradan qaldırılmadı, çünki YİM bu məsələ ilə lazımi qaydada məşğul olmadı.
147. Buna görə də bu mənada Konvensiyanın 6 § 1-ci Maddəsi pozulmuşdur.
4. “Qanun əsasında yaradılmış məhkəmə” prinsipinə uyğunluq
(a) Tərəflərin təqdimatları
148. Ərizəçi öz şikayətində bildirdi ki, onun işinə “qanun əsasında yaradılmış məhkəmə” tərəfindən baxılmamışdır. YİM-nin ərizəçinin işinə baxmış palatası ilə bağlı ərizəçi bildirdi ki, YİM-nin sədri palatanı təsis edənə və onun tərkibini təşkil edən fərdlərlə bağlı təkliflər verənə kimi onun vəzifə müddəti artıq bitmişdi və bu səbəbdən də o, öz inzibati vəzifəsini heç bir hüquqi əsas olmadan tutmuşdu.
149. Hökumət öz təqdimatında bildirdi ki, vəzifə müddəti bitdikdən sonra YİM-nin sədri vəzifəsindən kənarlaşdırılmalı idi. Lakin, hakimin inzibati vəzifədən kənarlaşdırılması barədə heç bir prosedurun olmadığı şəraitdə onun vəzifədən kənarlaşdırılması ilə bağlı hər hansı hərəkət də qanuni olmayacaqdı. Hökumət əlavə arqument kimi onu da bildirdi ki, YİM-nin sədrinin həmin vəzifədə qalmaq səlahiyyəti İnzibati Məhkəmə Hakimlərinin Konfransının qərarı ilə dəstəklənmişdi.
(b) Məhkəmənin qiymətləndirməsi
150. Məhkəmənin presedent hüququna görə, Konvensiyanın 6-cı Maddəsindəki “qanun əsasında yaradılmış məhkəmə” ifadəsinin vəzifəsi “demokratik cəmiyyətdə ədalət mühakiməsinin təşkilinin İcra hakimiyyətinin səlahiyyətindən asılı olmasını deyil, Parlament tərəfindən qəbul edilmiş qanunlarla tənzimlənməsini” təmin etməkdir. Qanunvericiliyin məcəllələşdirildiyi ölkələrdə məhkəmə sisteminin təşkili məhkəmə hakimiyyətinin öhdəsinə də buraxıla bilməz, amma bu o demək deyil ki, məhkəmələr müvafiq milli qanunvericiliyi təfsir etmək üçün bir az sərbəstliyə malik olmayacaqlar (bax Fruni Slovakiyaya qarşı (Fruni v. Slovakia), no. 8014/07, §134, 21 iyun 2011-ci il, əlavə istinadlarla).
151. “Qanun əsasında yaradılmış” ifadəsi təkcə “məhkəmənin” mövcudluğunun hüquqi əsasını deyil, həm də hər bir iş üzrə palatanın tərkibini əhatə edir (bax Buscarini San Marinoya qarşı (Buscarini v. San Marino) (dec.), no. 31657/96, 4 may 2000-ci il, və Posokhov Rusiyaya qarşı (Posokhov v. Russia), no. 63486/00, § 39, ECHR 2003-IV). Hakimlərin qanunla müəyyən olunan vəzifə müddəti bitdikdən sonra onların yenidən təyin olunmasına qədərki müddət ərzində onların vəzifə müddətlərinin səssizcə qeyri-müəyyən müddətə uzadılması təcrübəsi “qanun əsasında yaradılmış məhkəmə” prinsipini pozmuşdur (bax Gurov Moldovaya qarşı (Gurov v. Moldova), no. 36455/02, § 37-39, 11 iyul 2006-cı il).
152. Hazırkı işə gəldikdə isə, qeyd edilməlidir ki, İnzibati Ədalət Məcəlləsinin 171-1-ci maddəsinə əsasən, ərizəçinin işinə eksklüziv olaraq YİM-nin xüsusi palatası tərəfindən baxıla bilərdi. Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 41-ci bölməsinə əsasən, bu xüsusi palata YİM sədrinin qərarı əsasında təsis edilmiş olmalı idi; həmin palatanın şəxsi tərkibi sədr tərəfindən müəyyən olunurdu və sonradan həmin məhkəmənin rəyasət heyəti tərəfindən təsdiq olunurdu. Lakin, hazırkı işdə buna əməl olunana qədər sədrin beş illik vəzifə müddəti artıq bitmişdi.
153. Həmin dövrdə, məhkəmələrin sədrlərinin təyin olunması proseduru dövlətdaxili qanunvericiliklə tənzimlənmirdi: Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 20-ci bölməsinin müvafiq müddəaları qeyri-konstitusional elan edilmiş və yeni müddəalar hələ Parlament tərəfindən qəbul olunmamışdı (bax yuxarıda bəndlər 41 və 49). Müxtəlif dövlətdaxili orqanlar həmin hüquqi vəziyyətlə bağlı öz rəylərini bildirmişdilər. Misal üçün, yuxarı məhkəmə özünü idarəetmə orqanı olan Ukrayna Hakimlər Şurası hesab edirdi ki, bu məsələ Məhkəmə Sistemi haqqında 2002-ci il Qanununun 41 § 5-ci bölməsi əsasında həll olunmalıdır və YİM sədrinin birinci müavini, hakim S. Həmin Məhkəmənin sədri vəzifəsini icra etməli idi (bax yuxarıda bənd 51). Lakin, Baş Prokurorluq məsələ ilə bağlı fərqli mövqedə idi (bax yuxarıda bənd 52).
154. Uyğun olaraq, məhkəmələrin sədrlərinin təyin olunması kimi vacib bir məsələ dövlətdaxili təcrübəyə həvalə edildi ki, bu da hakimiyyət orqanları arasında ciddi ziddiyyətlərə gətirib çıxardı. Göründüyü kimi hakim P. yenidən təyin olunma prosedurlarının Ukrayna qanunvericiliyi ilə müəyyən olunmadığına əsaslanaraq, YİM-nin sədrinin vəzifələrini qanunla müəyyən olunan vaxt məhdudiyyətindən daha artıq olaraq icra etməyi davam etdirdi. Halbuki, onun YİM-nin sədri kimi fəaliyyət göstərməsinin də qanuni əsası yox idi.
155. Eyni zamanda, həmin dövrdə YİM-nin sədri kimi fəaliyyət göstərən hakim P. ərizəçinin işinə baxan palatanı da təsis etmiş və həmin palatanın tərkibini təşkil edən fərdlərlə bağlı təkliflər vermişdi.
156. Bu şərtlər əsasında, Məhkəmə ərizəçinin işinə baxan həmin palatanın qanuni əsaslarla təsis və tərkibinin təşkil edildiyini və “qanun əsasında yaradılmış məhkəmə” tələbinə cavab verdiyini müəyyən edə bilməz. Buna görə də, bu mənada Konvensiyanın 6 § 1-ci Maddəsi pozulmuşdur.
5. Konvensiyanın 6 § 1-ci Maddəsinin digər pozuntuları
157. Ərizəçi əlavə olaraq öz şikayətində bildirdi ki, onun işi üzrə qərarlar sübutlar lazımi qaydada qiymətləndirilmədən verilmişdi və müdafiə tərəfinin gətirdiyi vacib arqumentlərə lazımi qaydada baxılmamışdı; YƏŞ tərəfindən qəbul olunan aktlara yenidən baxmaq üçün YİM-nin kifayət qədər səlahiyyətinin olmaması onun “məhkəməyə müraciət etmək hüququna” zidd idi; və tərəflər üçün bərabər imkan yaradılması prinsipinə hörmət edilməmişdi.
158. Hökumət bu iddialarla razılaşmadı.
159. Yuxarıda göstərilən mülahizələri və Konvensiyanın 6 § 1-ci Maddəsi əsasında gəlinən nəticələri nəzərə alaraq, Məhkəmə hazırkı şikayətlərlə bağlı ayrıca məsələnin olmadığını müəyyən edir. Bu səbəbdən də bu şikayətlərə baxmaq zəruri deyil.
II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNUN POZUNTUSU İLƏ BAĞLI
160. Ərizəçi şikayətində bildirdi ki, onun hakim vəzifəsindən kənarlaşdırılması onun şəxsi və peşə həyatına müdaxilə olmuşdur ki, bu da Konvensiyanın 8-ci Maddəsinə ziddir.
161. Konvensiyanın 8-ci Maddəsi ilə aşağıdakılar müəyyən olunur:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Qəbuledilənlik
162. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 35 § 3 (a) Maddəsi ilə müəyyən olunan məna çərçivəsində açıq-aşkar əsassız deyil. Şikayət hər hansı başqa səbəblərə görə də qəbuledilməyən deyil. Ona görə də şikayət qəbuledilən elan olunmalıdır.
B. Mahiyyəti üzrə
1. Tərəflərin təqdimatları
163. Ərizəçi iddia etdi ki, Ali Məhkəmənin hakimi vəzifəsindən kənarlaşdırılması nəticəsində onun şəxsi həyatına müdaxilə edilmişdir. Bu müdaxilə qanuni olmamışdır, çünki, “andı pozmağa” görə məsuliyyətin əsasları qanunvericilikdə çox anlaşılmaz şəkildə müəyyən olunmuşdu; milli qanunvericilik vəzifədən azad edilmə icraatlarına tətbiq oluna bilən hər hansı müddət müəyyən etməmiş və bununla da sui-istifadə və qanunsuzluğa qarşı adekvat müdafiə təminatları olmamışdır; bundan əlavə, qanunvericilik intizam məsuliyyətinə görə sanksiyaların münasib miqyasını müəyyən etməməklə onun mütənasib əsaslarla tətbiqini təmin etməmişdi. Bu səbəblərdən də, o, “keyfiyyətli qanun”un tələblərinə cavab verməmişdir. Ərizəçi əlavə olaraq vurğuladı ki, işin hallarına görə sözügedən müdaxilə zəruri olmamışdır.
164. Hökumət qəbul etdi ki, ərizəçinin vəzifəsindən kənarlaşdırılması Konvensiyanın 8-ci Maddəsi ilə müəyyən olunan mənada onun şəxsi həyatına hörmət hüququna müdaxiləyə səbəb olmuşdur. Lakin, həmin müdaxilə Konvensiyanın 8-ci Maddəsinin 2-ci paraqrafına əsasən əsaslandırılmışdır. Belə ki, vəzifədən kənarlaşdırılma kifayət qədər gözlənilən və çatımlı olan milli qanunvericilik əsasında həyata keçirilmişdir. Bundan əlavə, müdaxilə işin hallarına görə zəruri olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Müdaxilənin olub-olmaması barədə
165. Tərəflər razılaşdılar ki, ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə edilmişdir. Məhkəmə bunu qəbul etməmək üçün əsas da görmür və qeyd edir ki, şəxsi həyat “fərdin peşəkar və işgüzar xarakterli münasibətlər də daxil olmaqla, başqa insanlarla münasibətlər qurmaq və saxlamaq hüququnu ehtiva edir” (bax C. Belçikaya qarşı (C. v. Belgium), 7 avqust 1996-cı il, § 25, Hesabatlar 1996‑III). Konvensiyanın 8-ci Maddəsi “şəxsi inkişaf hüququnu, başqa insanlarla və xarici aləmlə münasibətlər qurmaq və saxlamaq hüququnu müdafiə edir” (bax Pretty Birləşmiş Krallığa qarşı (Pretty v. the United Kingdom), no. 2346/02, § 61, ECHR 2002‑III). “Şəxsi həyat” anlayışı peşəkar və ya işgüzar xarakterli fəaliyyətləri də prinsipcə istisna etmir. Çünki, insanların əksəriyyəti kənar aləmlə münasibətlər yaratmaq imkanını əsasən elə iş həyatlarının gedişində əldə edirlər (bax Niemietz Almaniyaya qarşı (Niemietz v. Germany), 16 dekabr 1992-ci il, § 29, Seriya A no. 251‑B). Buna görə də müəyyən, peşə həyatına qoyulan məhdudiyyətlərin “şəxsi həyata” da mənfi təsir etdiyi müəyyən olunmuşdur (bax Sidabras və Džiautas Litvaya qarşı (Sidabras and Džiautas v. Lithuania), nos. 55480/00 və 59330/00, § 47, AİHM 2004‑VIII VƏ Bigaeva Yunanıstana qarşı (Bigaeva v. Greece), no. 26713/05, §§ 22-25, 28 may 2009-cu il). Oxşar qaydada, işdən kənarlaşdırmanın şəxsi həyata hörmət hüququna da müdaxilə etdiyi müəyyən olunmuşdur (bax Özpınar Türkiyəyə qarşı (Özpınar v. Turkey), no. 20999/04, §§ 43-48, 19 oktyabr 2010-cu il). Nəhayət, 8-ci Maddə şəxsi həyata hörmət hüququnun bir hissəsi kimi şərəf və nüfuzun müdafiəsi məsələsini də tənzimləyir (bax Pfeifer Avstriyaya qarşı (Pfeifer v. Austria), no. 12556/03, § 35, 15 noyabr 2007-ci il və A. Norveçə qarşı (A. v. Norway), no. 28070/06, §§ 63 və 64, 9 aprel 2009-cu il).
166. Ərizəçinin hakim vəzifəsindən azad edilməsi onun peşəkar xarakterli münasibətləri də daxil olmaqla, başqa şəxslərlə geniş sayda münasibətlərinə mənfi təsir etmişdir. Eynilə, bu onun “daxili çevrəsinə” də təsir etmişdi, çünki işini itirməsi ərizəçinin və onun ailəsinin maddi rifahı ilə bağlı da nəticələr yaratmış olmalı idi. Bundan əlavə, ərizəçinin vəzifədən azad edilməsinin səbəbi, yəni, hakim andını pozması da onun peşəkar nüfuzuna xələl gətirmişdi.
167. Bu o deməkdir ki, ərizəçinin işdən kənarlaşdırılması ilə, Konvensiyanın 8-ci Maddəsi ilə müəyyən olunan məna çərçivəsində onun şəxsi həyatına hörmət hüququna müdaxilə edilmişdir.
(b) Müdaxilənin əsaslı olub-olmaması barədə
168. Növbəti addımda Məhkəmə müdaxilənin 8-ci Maddənin 2-ci paraqrafının şərtlərinə uyğun olub-olmamasını araşdırmalıdır.
(i) Müdaxilənin qanuniliyi ilə bağlı ümumi prinsiplər
169. “Qanunla nəzərdə tutulmuş” ifadəsi birincisi, mübahisələndirilən müdaxilə tədbirinin milli qanunvericilikdə hüquqi əsasının olmasını, yəni qanunla müəyyən olunmasını tələb edir. İkincisi, bu ifadə həm də sözügedən qanunun keyfiyyətinə istinad edir və həmin qanunun aidiyyatı olan şəxsə çatımlı olmasını və həm də şəxsin həmin qanunun onun üçün yarada biləcəyi nəticələri əvvəlcədən görə bilməli olmasını və həmin qanunun hüququn aliliyi prinsipinə uyğun olmasını tələb edir (bax, digərləri ilə yanaşı, Kopp İsveçrəyə qarşı (Kopp v. Switzerland), 25 mart 1998-ci il, § 55, Qərarlar üzrə Hesabatlar 1998-II).
170. Beləliklə də, bu ifadə onu nəzərdə tutur ki, dövlətdaxili qanunvericiliyin şərtləri o qədər əvvəlcədən görünə bilən olmalıdır ki, fərdlər dövlət orqanlarının hansı hallarda və hansı şərtlər daxilində onların Konvensiya ilə təmin olunan hüquqlarına toxunan tədbirlərə əl ata biləcəyini öncədən bilmiş olsunlar (bax C.G. və Başqaları Bolqarıstana qarşı (C.G. and Others v. Bulgaria), no. 1365/07, § 39, 24 aprel 2008-ci il). Bundan əlavə, qanun hakimiyyət orqanlarının qanunsuz müdaxiləsinə qarşı hüquqi müdafiəni də müəyyən dərəcədə təmin etməlidir. Spesifik prosessual müdafiə təminatlarının mövcudluğu bu kontekstə uyğundur. Müdafiə təminatı yolu ilə nəyin tələb olunduğu, ən azı müəyyən mənada, sözügedən müdaxilənin xarakterindən və həddindən asılı olacaqdır (bax P.G. və J.H. Birləşmiş Krallığa qarşı (P.G. and J.H. v. the United Kingdom), no. 44787/98, § 46, ECHR 2001-IX).
(ii) Dövlətdaxili qanunvericiliyə uyğunluq
171. Məhkəmə müəyyən etmişdir ki (bax yuxarıda bənd 145), ərizəçinin vəzifəsindən azad edilməsi barədə qərar üzrə parlament səsverməsi milli qanunvericilik baxımından qanuni olmamışdır. Bu nəticə də özü-özlüyündə kifayət edər ki, Məhkəmə müəyyən etsin ki, ərizəçinin şəxsi həyatına hörmət hüququ Konvensiyanın 8-ci Maddəsi ilə müəyyən olunan məna çərçivəsində qanuna uyğun olmamışdır.
172. Buna baxmayaraq, Məhkəmə hesab edir ki, şikayət bir az da araşdırılmalı və “keyfiyyətli qanun”un tələlərinə cavab verilib-verilmədiyi müəyyənləşdirilməlidir.
(iii) “Keyfiyyətli qanun” tələlərinə uyğunluq barədə
173. Tərəflər bu başlıq altındakı təqdimatlarında tətbiq olunan qanunun qabaqcadan bilinməsi məsələsi üzrə mübahisə etdilər. Bununla əlaqədar, Məhkəmə bildirir ki, 15 may 2010-cu ilədək maddi (substantiv) hüquqda “andı pozmaq” adlı qanun pozuntusu yox idi. Həmin qanun pozuntusunun nədən ibarət olduğu Hakimlərin Statusu haqqında 1992-ci il Qanununun 10-cu bölməsində[7] verilən hakim andına əsasən təfsir olunurdu və həmin müddəa aşağıdakı kimi verilirdi: “Mən təntənəli surətdə bəyan edirəm ki, hakimin vəzifələrini vicdanla və ciddiyyətlə icra edəcəyəm, ədalət mühakiməsini həyata keçirərkən yalnız qanuna tabe olacaq və obyektiv və ədalətli olacağam”.
174. Məhkəmə qeyd edir ki, hakim andının mətni “andın pozulması” adlı qanun pozuntusunu geniş təfsir imkanına məruz qoyurdu. Yeni qanunvericilik isə indi xüsusi olaraq həmin qanun pozuntusunun xarici elementlərini müəyyən edir (bax YƏŞ haqqında 1998-ci il Qanununun 32-ci bölməsi, dəyişikliklərlə, yuxarıda bənd 72-də). Yeni qanunvericilik ərizəçinin işinə tətbiq olunmasa da, qeyd etmək olar ki, həmin bölmədə “andın pozulması”nın xüsusiyyəti hələ də intizam orqanına bu məsələ ilə bağlı geniş təfsir imkanı verir (həmçinin Venesiya Komissiyasının rəyindən müvafiq çıxarışa bax, yuxarıda bənd 79).
175. Bununla belə, Məhkəmə qəbul edir ki, müəyyən sahələr üzrə qanunları yüksək dəqiqliklə hazırlamaq çətin ola bilər və milli məhkəmələrin hüququ, hər bir iş üzrə xüsusi hallarda hansı tədbirin zəruri olduğuna dair öz qiymətləndirmələri əsasında inkişaf etdirə bilmələri üçün müəyyən dərəcədə elastiklik hətta arzuolunan da ola bilər (bax Qudvin Birləşmiş Krallığa qarşı (Goodwin v. the United Kingdom), 27 mart 1996-cı il, § 33, Hesabatlar 1996‑II). Bu, qanunların ümumi tətbiq üçün olmalı olması prinsipinin məntiqi davamıdır ki, qanunların mətni heç də həmişə dəqiq olmur. Hədsiz sərtliyə yol verməmək və dəyişən şərtlərlə ayaqlaşmaq ehtiyacı o deməkdir ki, bir çox qanunların çox və ya az dərəcədə anlaşılmaz terminlərlə yazılması qaçılmazdır. Bu cür qanunların təfsiri və tətbiqi təcrübədən asılıdır (bax Gorzelik və Başqaları Polşaya qarşı (Gorzelik and Others v. Poland) [GC], no. 44158/98, § 64, ECHR 2004‑I).
176. Qanunların dəqiqliyi ilə bağlı tələblərə məhdudiyyətlər qoyan bu şərtlər intizam hüququ sahəsinə də uyğundur. Hərbi intizamla bağlı isə, Məhkəmə müəyyən etmişdir ki, müxtəlif davranış növlərini təsvir edən qaydaları təfsilatlı şəkildə hazırlamaq nadir hallarda mümkün olur. Ona görə də, hakimiyyət orqanları üçün bu cür qaydaları daha geniş hazırlamaq lazım ola bilər (bax Vereinigung demokratischer Soldaten Österreichs və Gubi Avstriyaya qarşı (Vereinigung demokratischer Soldaten Österreichs and Gubi v. Austria), 19 dekabr 1994-cü il, § 31, Seriya A no. 302).
177. Digər Dövlətlərin təcrübəsi göstərir ki, hakimlərin intizam məsuliyyətinin əsasları adətən ümumi terminlərlə ifadə olunur, lakin eyni zamanda bu məsələnin təfsilatlı nizamlanması nümunələri də istifadə olunan qanunvericilik texnikasının adekvat və həmin sahə üzrə qanunun qabaqcadan bilinən olduğunu heç də sübut eləmir (bax yuxarıda bənd 82).
178. Buna görə də, intizam hüququ kontekstində qanunun dəqiqliyini qiymətləndirərkən ağlabatan yanaşma olmalıdır, çünki bu cür qanun pozuntularının pozuntunu təsvir edən (actus reus) hissəsinin ümumi dillə ifadə olunması obyektiv zərurət məsələsidir. Əks təqdirdə, qanun məsələni ətraflı şəkildə nizamlaya bilməz və təcrübədən doğan çoxsaylı yeni şərtlərə uyğun olaraq daim yenidən baxılma və yenilənmə tələb edəcəkdir. Bu o deməkdir ki, qanun pozuntusunun qanunda spesifik davranışların siyahısına əsaslanan, lakin ümumi və saysız tətbiq olunmaq məqsədi daşıyan təsviri heç də qanunun qabaqcadan bilinənliyi məsələsinin lazımi qaydada nəzərə alındığına təminat verilməsini təmin etmir. Hüquqi nizamlamanın keyfiyyətinə və qanunsuzluğa qarşı hüquqi müdafiənin adekvatlığına təsir edən digər faktorlar da müəyyənləşdirilməli və araşdırılmalıdır.
179. Bununla əlaqədar, Məhkəmə xatırlayır ki, müvafiq hüquq müddəası ilə bağlı spesifik və ardıcıl təfsir təcrübəsinin mövcudluğu həmin müddəanın qabaqcadan bilinən olması barədə nəticəyə gəlmək üçün bir faktor olmuşdur (bax Goodwin, yuxarıda istinad edilib, § 33). Bu nətəcəyə ümumi hüquq sistemi (Anqlo-sakson hüquq sistemi) kontekstində gəlinməsinə baxmayaraq, hüquq normalarının qabaqcadan bilinənliyinin təmin olunması üçün mülki hüquq sistemlərində də mühakimə orqanlarının təfsiredici rolunu lazımınca qiymətləndirmək gərəkdir. Hüququn ümumi normalarının dəqiq mənalarını ardıcıl təfsir etmək və təfsirlə bağlı hər hansı şübhələri aradan qaldırmaq məhz həmin orqanların işidir (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Gorzelik və Başqaları, yuxarıda istinad edilib, § 65).
180. Hazırkı işə gəldikdə isə, ərizəçinin işinə baxılan zaman “andı pozmaq” anlayışının ardıcıl və məhdudlaşdırıcı təfsiri üçün hansısa qayda və təcrübənin olduğunu göstərən heç nə yoxdur.
181. Məhkəmə daha sonra hesab edir ki, müvafiq maddi hüququn qanunsuz olaraq tətbiq olunmasının qarşısını almaq üçün lazımi prosessual təminatlar yox idi. O cümlədən, dövlətdaxili qanunvericilik “andını pozduğuna” görə hakimə qarşı intizam icraatının başladılması və aparılması üçün heç bir iddia müddəti müəyyən etməmişdi. Konvensiyanın 6-cı Maddəsi əsasında yuxarıda müzakirə olunduğu kimi, hər hansı iddia müddətinin olmaması intizam icraatını aparan orqanların səlahiyyətini vədəsiz (sonu bilinməyən) edir və hüquqi müəyyənlik prinsipini sarsıdır.
182. Bundan əlavə, dövlətdaxili qanunvericilik intizam xarakterli pozuntular üçün sanksiyaların münasib miqyasını müəyyən etmirdi və həmin sanksiyaların mütənasiblik prinsipinə uyğun tətbiq edilməsini təmin edən qaydalar hazırlanmamışdı. Ərizəçinin işi üzrə qərar verilən zaman intizam xarakterli pozuntular üçün yalnız üç sanksiya mövcud idi: töhmət, ixtisas dərəcəsinin aşağı salınması və vəzifədən kənarlaşdırma. Sanksiyaların bu üç növü hakimə mütənasib əsaslarla intizam cəzası vermək üçün çox az imkan verirdi. Beləliklə də, hakimiyyət orqanlarına hər bir fərdi iş üzrə ictimai və fərdi maraqları balanslaşdırmaq üçün məhdud imkan verilmişdi.
183. Qeyd etməyə dəyər ki, intizam xarakterli sanksiyaların hakimlərə mütənasib tətbiqi prinsipi birbaşa olaraq hakimlər üçün qanun haqqında Avropa Xartiyasının 5.1-ci paraqrafında (bax yuxarıda bənd 78) verilmişdir və müəyyən Dövlətlər bu prinsipə cavab vermək üçün sanksiyaların daha təfsilatlı iyerarxiyasını qəbul etmişdir (bax yuxarıda bənd 82).
184. Nəhayət, intizam icraatını həyata keçirən orqanın bu sahədə qaçılmaz səlahiyyətinə qarşı ən vacib balanslaşdırma vasitəsi müstəqil və qərəzsiz məhkəmə nəzarətinin olması ola bilər. Eyni zamanda, dövlətdaxili qanunvericilikdə bu cür məhkəmə nəzarəti üçün uyğun mexanizm müəyyən olunmamışdı və daha əvvəl də müzakirə olunduğu kimi, o, ərizəçi üçün çatımlı deyildi.
185. Uyğun olaraq, “andın pozulması” anlayışının ardıcıl və məhdudlaşdırıcı təfsir edilə bilməsi üçün hər hansı qaydaların və təcrübənin olmaması və münasib hüquqi təminatların çatışmaması milli qanunvericiliyin müvafiq müddəalarının təsirinin əvvəlcədən görünə bilinməməsi ilə nəticələndi. Bu cür şəraitdə, güman etmək olardı ki, hakimin karyerası ərzində az qala hər hansı bir nöqsanı, intizam orqanı tərəfindən istənilərsə, “andı pozmağa” görə intizam cəzasının verilməsi üçün qənaətbəxş əsas kimi təfsir oluna və onun vəzifədən azad olunmasına gətirib çıxara bilərdi.
(iv) Nəticə
186. Yuxarıda qeyd olunan mülahizələr əsasında, Məhkəmə o nəticəyə gəlir ki, ərizəçinin şəxsi həyata hörmət hüququna müdaxilə qanuni deyil: belə ki, müdaxilə milli qanunvericiliyə uyğun deyildi, bundan əlavə, tətbiq olunan milli qanunvericiliyin təsiri əvvəlcədən görünə bilinmirdi və qanunvericilikdə qanunsuzluğa qarşı münasib müdafiə təminatları yox idi.
187. Buna görə də Konvensiyanın 8-ci Maddəsi pozulmuşdur.
III. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
188. Ərizəçi öz şikayətində onu da bildirdi ki, qanunsuz olaraq vəzifədən azad edilməsi ilə bağlı heç bir səmərəli hüquq müdafiə vasitəsinə malik olmamışdır. O, Konvensiyanın aşağıdakı mətndə verilən 13-cü Maddəsinə əsaslandı:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
189. Tərəflərin bu başlıq altındakı təqdimatlarını araşdırdıqdan sonra Məhkəmə hesab edir ki, şikayət qəbulediləndir. Bununla belə, Məhkəmənin Konvensiyanın 6-cı Maddəsi üzrə qənaətlərini nəzərə alsaq, hazırkı şikayət hansısa bir ayrıca məsələnin ortaya çıxmasına səbəb olmur (bax Brualla Gómez de la Torre İspaniyaya qarşı (Brualla Gómez de la Torre v Spain), 19 dekabr 1997-ci il, § 41, Hesabatlar 1997-VIII).
190. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, Konvensiyanın 13-cü Maddəsi əsasında verilmiş şikayətə ayrıca baxmağa lüzum yoxdur.
IV. KONVENSİYANIN 41 VƏ 46-CI MADDƏLƏRİNİN TƏTBİQİ İLƏ BAĞLI
191. Konvensiyanın 41-ci Maddəsi aşağıdakı mətndə verilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
192. Konvensiyanın 46-cı Maddəsi ilə aşağıdakılar müəyyən olunur:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. ...”
A. Ümumi və fərdi tədbirlərin əlamətləri
1. Ümumi prinsiplər
193. Məhkəmə qərarlarının Konvensiyanın 46-cı Maddəsinə uyğun olaraq icra olunması kontekstində, Məhkəmənin Konvensiyanın pozulmuş olduğunu müəyyən etdiyi qərarı cavabdeh Dövlətin üzərinə həmin pozuntuya son qoymaq və onun nəticələrini elə aradan qaldırmaq öhdəliyi qoyur ki, mümkün olduğu qədər maksimal dərəcədə pozuntudan əvvəlki vəziyyət bərpa edilsin. Digər tərəfdən, əgər milli qanunvericilik pozuntunun nəticələrinin aradan qaldırılmasına imkan vermirsə və ya yalnız qismən aradan qaldırılmasına imkan verirsə, 41-ci Maddə Məhkəməyə zərərçəkən tərəfə əvəzin münasib qaydada ödənilməsini təyin etmək səlahiyyəti verir. Bu o deməkdir ki, Məhkəmənin Konvensiyanın və ya onun Protokollarının pozulmuş olduğunu müəyyən edən qərarı cavabdeh Dövlətin üzərinə təkcə zərərin ədalətli ödənilməsi ilə əlaqədar məhkəmə tərəfindən müəyyən olunmuş məbləğin müvafiq şəxslərə ödənilməsini deyil, həm də, Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuya son qoymaq və pozuntunun nəticələrini mümkün olduğu qədər pozuntudan əvvəlki vəziyyəti bərpa edə biləcək dərəcədə aradan qaldırmaq üçün Nazirlər Komitəsinin nəzarəti altında milli qanunvericilik səviyyəsində ümumi və/və ya münasib olarsa, fərdi tədbirlərin görülməsi öhdəliyini qoyur (bax Maestri İtaliyaya qarşı (Maestri v. Italy) [GC], no. 39748/98, § 47, ECHR 2004‑I; Assanidze Gürcüstana qarşı (Assanidze v. Georgia) [GC], no. 71503/01, § 198, AİHM 2004‑II; və Ilaşcu və Başqaları Moldova və Rusiyaya qarşı (Ilaşcu and Others v. Moldova and Russia) [GC], no. 48787/99, § 487, ECHR 2004-VII).
194. Məhkəmə vurğulayır ki, onun qərarları əsasən deklarativ xarakterlidir və ümumilikdə, Konvensiyanın 46-cı Maddəsinə əsaslanan öhdəliklərini həyata keçirmək üçün dövlət daxili hüquq sistemi çərçivəsində istifadə olunacaq vasitələri seçmək, Nazirlər Komitəsinin nəzarəti altında, ilk növbədə Dövlətin öz işidir, yalnız o şərtlə ki, bu cür vasitələr Məhkəmənin qərarı ilə müəyyən olunan nəticələrə uyğun olsun (bax, digərləri ilə yanaşı, Öcalan Türkiyəyə qarşı (Öcalan v. Turkey) [GC], no. 46221/99, § 210, ECHR 2005-IV; Scozzari və Giunta İtaliyaya qarşı (Scozzari and Giunta v. Italy) [GC], nos. 39221/98 və 41963/98, § 249, AİHM 2000-VIII; və Brumărescu Rumıniyaya qarşı (əvəzin ədalətli ödənilməsi) [GC], no. 28342/95, § 20, ECHR 2001-I). Qərarın icra olunması ilə bağlı bu səlahiyyət Üzv Dövlətlərin Konvensiya (1-ci Maddə) ilə təminat verilən insan hüquq və azadlıqlarının təmin olunması kimi əsas öhdəliyinin bir hissəsi olan seçim azadlığını əks etdirir (bax Papamichalopoulos və Başqaları Yunanıstana qarşı (Papamichalopoulos and Others v. Greece) (Maddə 50), 31 oktyabr 1995-ci il, § 34, Seriya A no. 330‑B).
195. Bununla belə, istisna hallarda, Üzv Dövlətin 46-cı Maddəyə əsasən öz öhdəliyini icra etməsinə kömək etmək üçün, Məhkəmə mövcud olduğunu müəyyən etdiyi pozuntuya son qoyulması üçün görülə bilən tədbirin növünü də göstərməyə çalışacaqdır. Bu kimi hallarda, Məhkəmə müxtəlif seçimlər təklif edə və tədbirin seçilməsini və onun həyata keçirilməsini Dövlətin öz ixtiyarına buraxa bilər (bax, misal üçün, Broniovski Polşaya qarşı (Broniowski v. Poland) [GC], no. 31443/96, § 194, ECHR 2004-V). Bəzi işlərdə, müəyyən olunan pozuntunun xarakteri elə ola bilər ki, onun aradan qaldırılması üçün tələb olunan tədbirlə bağlı real seçim imkanı qalmasın və belə olan halda Məhkəmə hansısa spesifik bir tədbirin görülməsini müəyyən edə bilər (bax, misal üçün, Assanidze, yuxarıda istinad edilib, §§ 202 və 203; Aleksanyan Rusiyaya qarşı (Aleksanyan v. Russia), no. 46468/06, § 240, 22 dekabr 2008-ci il; və Fətullayev Azərbaycana qarşı (Fatullayev v. Azerbaijan), no. 40984/07, §§ 176 və 177, 22 aprel 2010-cu il).
2. Hazırkı işlə bağlı
(a) Ümumi tədbirlər
(i) Tərəflərin təqdimatları
196. Ərizəçi öz təqdimatında bildirdi ki, onun işi Ukraynanın hüquq sistemində Dövlətin Konvensiyanın 46-cı Maddəsinin tətbiqini tələb edən hakimiyyət bölgüsü prinsipinə hörmət etməməsindən irəli gələn əsaslı sistematik problemlərin olduğunu sübut etdi. O bildirdi ki, hazırkı işdə üzə çıxan problemlər milli hüququn müvafiq sahələrində dəyişikliklər edilməsinin zəruri olduğundan xəbər verir. Xüsusilə də, YƏŞ-nın tərkibinin formalaşdırılmasının və hakimlərin təyin və vəzifədən azad edilməsi prosedurlarının prinipləri ilə bağlı Konstitusiyaya və YƏŞ haqqında 1998-ci il Qanununa və YİM-nin yurisdiksiyası və səlahiyyətləri ilə bağlı İnzibati Ədalət Məcəlləsinə dəyişikliklər edilməli idi.
197. Hökumət razılaşmadı və öz təqdimatında bildirdi ki, milli məhkəmələr tərəfindən ərizəçinin işinə baxılan vaxtdan bəri tətbiq olunan milli qanunvericilik əhəmiyyətli dərəcədə dəyişmişdir. Xüsusilə də, YƏŞ haqqında 1998-ci il Qanununa edilmiş 7 iyul 2010-cu il tarixli dəyişikliklər YƏŞ-da təmsil olunan hakimlərin sayının artırılmasını və nəticə etibarilə hakimlərin həmin orqanın üzvlərinin əksəriyyətini təşkil etməsini nəzərdə tuturdu (bax yuxarıda bənd 68). 2012-ci ilin iyununda YƏŞ haqqında 1998-ci il Qanununa edilmiş növbəti dəyişiklik ilə müəyyən olundu ki, prokurorluq tərəfindən başladılan ilkin araşdırmalar YƏŞ-nın prokuror olmuş və ya prokuror olmaqda davam edən üzvləri tərəfindən həyata keçirilməməlidir.
198. Hökumət daha sonra qeyd etdi ki, hakimin vəzifədən azad edilməsi prosedurunda Parlamentin rolu azaldılmışdır, çünki artıq işə parlament komitəsi tərəfindən yenidən baxılması və ya hər hansı əlavə parlament araşdırması barədə tələb yox idi.
(ii) Məhkəmənin qiymətləndirməsi
199. Məhkəmə qeyd edir ki, hazırkı iş Ukraynada məhkəmə sisteminin fəaliyyəti ilə bağlı sistem xarakterli ciddi problemlərin olduğunu üzə çıxarır. Xüsusilə də, işdə müəyyən olunan pozuntular ondan xəbər verir ki, Ukraynada məhkəmə intizamı sistemi məhkəmə hakimiyyətinin Dövlət hakimiyyətinin digər qollarından qənaətbəxş dərəcədə ayrılmasını təmin etmədiyindən, lazımi qaydada təşkil olunmamışdır. Bundan əlavə, həmin sistem intizam tədbirlərindən demokratiyanın səmərəli fəaliyyətinin əsasını təşkil edən ən vacib dəyərlərdən biri olan məhkəmənin müstəqilliyinə xələl gətirəcək dərəcədə sui-istifadəyə və yanlış istifadəyə qarşı münasib təminatlar vermir.
200. Məhkəmə hesab edir ki, müəyyən olunan pozuntuların xarakteri onu deməyə əsas verir ki, bu qərarın lazımi qaydada icra olunması üçün cavabdeh Dövlətdən məhkəmə intizam sistemində islahatlar aparmaq məqsədilə bir neçə ümumi tədbirlərin görülməsi tələb olunacaqdır. Bu tədbirlər sisteminin institusional əsasının yenidən qurulmasını nəzərdə tutan qanunvericilik islahatlarından ibarət olmalıdır. Bundan əlavə, bu tədbirlər milli qanunvericiliyin bu sahədə vahid qaydada tətbiqi formalarının və prinsiplərinin formalaşdırılmasına gətirib çıxarmalıdır.
201. Hökumətin bu sahədə artıq müəyyən təminatların verilmiş olması ilə bağlı iddialarına gəldikdə isə, Məhkəmə qeyd edir ki, 7 iyul 2010-cu il tarixli qanunvericilik dəyişikliklərinin birbaşa effekti yox idi və gələcəkdə YƏŞ-nın yenidən təşkili tədricən aparılmalıdır. Hər bir halda, Məhkəmə qeyd etmişdir ki, bu dəyişikliklər əslində YƏŞ-nın tərkibinin təşkili kimi spesifik bir məsələni həll etmir (bax yuxarıda bənd 112). Hökumətin göstərdiyi digər qanunvericilik dəyişikliklərinə gəldikdə isə, Məhkəmə hesab etmir ki həmin dəyişikliklər Məhkəmənin bu iş çərçivəsində müəyyən etdiyi problemlərin bütövlükdə həllinə yönəlmişdir. Bu qərarın əsaslandırma hissəsində də müzakirə olunduğu kimi, bu sahə üzrə milli qanunvericilikdə və təcrübədə qüsurların olduğunu göstərən xeyli məsələlər vardır. Bir sözlə, qanunvericilik sahəsində atılan hökumət tərəfindən qeyd edilən addımlar hüquq sisteminin hazırkı iş nəticəsində üzə çıxmış sistem xarakterli problemlərini həll etmir.
202. Buna görə də, Məhkəmə vurğulayır ki, Ukrayna təcili surətdə öz hüquq sistemində yuxarıda qeyd edilən ümumi islahatları həyata keçirməlidir. Bunu edərkən Ukrayna hakimiyyət orqanları bu qərarı, Məhkəmənin müvafiq presedent hüququnu və Nazirlər Komitəsinin müvafiq tövsiyələrini, qətnamələrini və qərarlarını lazımi qaydada nəzərə almalıdır.
(b) Fərdi tədbirlər
(i) Tərəflərin təqdimatları
203. Ərizəçi iddia etdi ki, pozuntunun fərdi qaydada aradan qaldırılmasının ən münasib forması əvvəlki vəziyyətin bərpası və ya onun işə bərpa olunması olardı. Alternativ olaraq, ərizəçi Məhkəmədən xahiş etdi ki, cavabdeh Dövlətin üzərinə yenidən icraatlar başlatmaq öhdəliyi qoysun.
204. Hökumət bildirdi ki, pozuntunun fərdi qaydada aradan qaldırılması ilə bağlı heç bir spesifik göstərişə ehtiyac yoxdur, çünki Hökumət tərəfindən Nazirlər Komitəsi ilə birlikdə bu məsələlərə lazımi qaydada baxılacaqdır.
(ii) Məhkəmənin qiymətləndirməsi
205. Məhkəmə müəyyən etdi ki, ərizəçinin vəzifədən kənarlaşdırılması prosessual ədalətin Konvensiyanın 6-cı Maddəsində təsbit olunan müstəqil və qərəzsiz məhkəmə, hüquqi müəyyənlik və qanun əsasında yaradılmış məhkəməyə müraciət edə bilmək hüququ kimi əsas prinsiplərinin pozulması ilə həyata keçirilmişdir. Ərizəçinin vəzifədən kənarlaşdırılmasının həm də Konvensiyanın 8-ci Maddəsi ilə müəyyən olunan qanunilik tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Ərizəçinin, Ali Məhkəmənin hakiminin, Konvensiyanın yuxarıda qeyd olunan prinsiplərinin açıq-aşkar pozulması ilə vəzifədən kənarlaşdırılması bütövlükdə məhkəmənin müstəqilliyinə qarşı bir təhdid də hesab oluna bilərdi.
206. Beləliklə də, hazırkı işdə müəyyən olunan pozuntulara son qoyulması üçün ən münasib fərdi tədbirlərin nədən ibarət olması sualı meydana çıxır. Dövlətdaxili icraatların Konvensiyaya zidd olduğunun müəyyən edildiyi bir çox işlərdə Məhkəmə müəyyən etmişdir ki, pozulmuş hüquqların bərpasının ən münasib forması dövlətdaxili səviyyədə icraatların yenidən başladılması ola bilər (bax, misal üçün, Hüseyn və Başqaları Azərbaycana qarşı (Huseyn and Others v. Azerbaijan), nos. 35485/05, 45553/05, 35680/05 və 36085/05, § 262, 26 iyul 2011-ci il, əlavə istinadlarla). Məhkəmə bu tədbiri qərarın operativ hissəsində göstərmişdir (bax, misal üçün, Lungoci Rumıniyaya qarşı (Lungoci v. Romania), no. 62710/00, 26 yanvar 2006-cı il, və Ajdarić Xorvatiyaya qarşı (Ajdarić v. Croatia), no. 20883/09, 13 dekabr 2011-ci il).
207. Məhkəmə intizam sistemində islahatların aparılması üçün ümumi tədbirlərin gərəkliliyi haqqında yuxarıda gəlinmiş nəticələri nəzərə alaraq, Məhkəmə hesab etmir ki, dövlətdaxili səviyyədə icraatların yenidən başladılması ərizəçinin pozulmuş hüquqlarının bərpasının münasib formasını təşkil edəcək. Yaxın gələcəkdə ərizəçinin işinə Konvensiyanın prinsiplərinə uyğun olaraq təkrarən baxılacağını güman etmək üçün heç bir əsas yoxdur. Buna görə də Məhkəmə hesab edir ki bu şərtlər altında bu cür tədbirin müəyyən edilməsi heç bir məna kəsb etmir.
208. Bunu deməklə yanaşı, Məhkəmə qəbul edə bilməz ki, ərizəçi hüquqlarının necə bərpa olunacağı ilə bağlı qeyri-müəyyən vəziyyətdə qalsın. Məhkəmə hesab edir ki, hazırkı işdə mövcud olduğu müəyyən edilən vəziyyət xarakter etibarı ilə, ərizəçinin Konvensiya ilə təsbit olunan pozulmuş hüquqlarının bərpa olunması üçün tələb olunan fərdi tədbirlərlə bağlı, heç bir seçim imkanı vermir. İşin ən istisna xarakterli hallarını və Konvensiyanın 6 və 8-ci Maddələrinin pozuntusuna təcili son qoymaq ehtiyacını nəzərə alaraq, Məhkəmə qərara gəlir ki, cavabdeh Dövlət mümkün qədər qısa müddət ərzində ərizəçinin Ali Məhkəmənin hakimi vəzifəsinə bərpa olunmasını təmin etməlidir.
B. Zərər
1. Maddi zərər
209. Ərizəçi iddia etdi ki, ona qarşı aparılan və onun Ali Məhkəmənin hakimi vəzifəsindən kənarlaşdırılmasına gətirib çıxaran ədalətsiz icraatlar nəticəsində o, Ali Məhkəmənin hakiminin vəzifə maaşından, müavinətdən və hakimlik pensiyasından məhrum edilmişdir. Ərizəçi məruz qaldığı maddi zərərin təfsilatlı hesablamasını təqdim etmişdir ki, bu da 11,720,639.86 Ukrayna qrivna (UAH) və ya 1,107,255.87 avro təşkil edirdi.
210. Hökumət bu iddia ilə razılaşmadı və bunun spekulyativ, mislsiz və əsassız olduğunu bildirdi.
211. Hazırkı işin halları əsasında, Məhkəmə hesab edir ki, maddi zərərə görə kompensasiya məsələsi üzrə qərar vermək hələ tezdir. Bu məsələyə baxılması Hökumətlə ərizəçi arasında hər hansı razılaşmanın əldə oluna bilməsi nəzərə alınmaqla sonraya saxlanılmalıdır (Məhkəmə Reqlamentinin 75 §§ 1 və 4-cü Qaydası).
2. Mənəvi zərər
212. Ərizəçi iddia etdi ki, ədalətsiz olaraq vəzifədən kənarlaşdırılması nəticəsində o, əhəmiyyətli dərəcədə stress keçirmiş və məyus olmuşdur ki, bunun da aradan qaldırılması üçün sadəcə pozuntuların müəyyən olunması kifayət etmir. Bunun üçün də o, mənəvi zərərə görə 20,000 avro məbləğində kompensasiya tələb etdi.
213. Hökumət bununla razılaşmadı və bildirdi ki, mənəvi zərərlə bağlı kompensasiya tələbi əsassızdır.
214. Məhkəmə hesab edir ki, ərizəçi müəyyən olunan pozuntularla əlaqədar stress və narahatlığa məruz qalmışdır. Məhkəmə Konvensiyanın 41-ci Maddəsi ilə tələb olunan qaydada məsələyə ədalət əsasında baxaraq mənəvi zərərə görə ərizəçiyə 6,000 avro məbləğində kompensasiya ödənilməsi barədə qərar verir.
C. Xərclər və məsrəflər
215. Ərizəçi həmçinin 23 mart - 20 aprel 2012-ci il tarixləri arasındakı müddət ərzində Məhkəmə icraatı ilə əlaqədar çəkdiyi 14,945.81 funt sterliq məbləğində vəsaiti də tələb etdi. Bu tələb ərizəçinin həmin dövrdə Londondakı qanuni təmsilçilərinin (cənab Philip Leach və xanım Jane Gordon) iş üzərində çalışdıqları 82 saat 40 dəqiqə üçün nəzərdə tutulan hüquq xidməti xərclərindən; EHRAC-ın dəstək verən əməkdaşının rüsumundan; inzibati məsrəflərdən; və tərcümə xərclərindən ibarət idi.
216. Ərizəçi bu mövzu ilə bağlı əlavə təqdimatlarında 12 iyun 2012-ci il tarixli dinləmə ilə əlaqədar çəkdiyi xərclərə görə 11,154.95 funt (GBP) tələb etdi. Bu tələbə ərizəçinin bu iş üzərində 69 saat 30 dəqiqə çalışmış təmsilçiləri üçün hüquqi xidmət haqları; EHRAC-ın dəstək verən əməkdaşının rüsumu; inzibati ödənişlər; və tərcümə xərcləri daxil idi.
217. Ərizəçi xahiş etdi ki, bu başlıq altında ödənilməsinə qərar veriləcək hər hansı məbləğ birbaşa olaraq EHRAC-ın bank hesabına ödənilsin.
218. Hökumət iddia etdi ki, ərizəçi həmin xərcləri və məsrəfləri zəruri olaraq çəkmiş olduğunu göstərə bilməmişdir. Bundan əlavə, onlar lazımi qaydada əsaslandırılmamışdır.
219. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi yalnız o şərtlə çəkilən xərclərin və məsrəflərin əvəzini ala bilər ki, o, həmin xərcləri həqiqətən də və zəruri olaraq çəkmiş olduğunu və xərclərin məbləğinin ağlabatan olduğunu göstərə bilsin. Hazırkı işdə, ərizəçidə olan sənədləri və yuxarıdakı kriteriyaları nəzərə alaraq, Məhkəmə hesab edir ki, bütün başlıqlar üzrə çəkilən xərclərə görə ərizəçiyə 12,000 Avro ödənilməsi ağlabatandır. Həmin məbləğ birbaşa olaraq ərizəçinin təmsilçilərinin bank hesabına ödənilməlidir.
D. Qərarın icrasının gecikdirilməsinə görə faiz
220. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizənin qalan hissəsini qəbuledilən elan edir;
2. Qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi müstəqil və qərəzsiz məhkəmə prinsipləri ilə bağlı pozulmuşdur;
3. Qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi hüquqi müəyyənlik prinsipi və ərizəçiyə qarşı icraatlar üzrə iddia müddətinin olmaması ilə bağlı pozulmuşdur;
4. Qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi hüquqi müəyyənlik prinsipi və Parlamentin plenar iclasında ərizəçinin vəzifədən kənarlaşdırılması ilə bağlı pozulmuşdur;
5. Qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi “qanun əsasında yaradılmış məhkəmə” prinsipləri ilə bağlı pozulmuşdur;
6. Qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinə əsasən verilmiş şikayətlərin qalanına baxmağa ehtiyac yoxdur;
7. Qərara alır ki, Konvensiyanın 8-ci Maddəsi pozulmuşdur;
8. . Qərara alır ki, Konvensiyanın 13-cü Maddəsinə əsasən verilmiş şikayətə baxmağa ehtiyac yoxdur;
9. . Qərara alır ki, Ukrayna mümkün qədər qısa müddət ərzində ərizəçinin Ali Məhkəmənin hakimi vəzifəsinə bərpa olunmasını təmin etməlidir;
10. Qərara alır ki, müəyyən olunan pozuntular nəticəsində dəymiş maddi zərərlə bağlı zərərin əvəzinin ədalətli ödənilməsi məsələsi barəsində qərar verilməsi üçün hazır deyil və buna uyğun olaraq da,
(a) bu məsələni baxılmamış saxlayır;
(b) Hökuməti və ərizəçini bu qərar barədə bildirişin alınmasından sonra üç ay ərzində bu məsələ ilə bağlı öz mülahizələrini təqdim etməyə, o cümlədən, gələ bildikləri hər hansı razılıq barədə Məhkəməni məlumatlandırmağa çağırır;
(c) əlavə proseduru saxlayır və Palatanın Sədrinə, ehtiyac olarsa proseduru başlatmaq səlahiyyətini həvalə edir;
11. Qərara alır ki,
(a) cavabdeh Dövlət bu qərarın qüvvəyə minməsindən etibarən üç ay ərzində Konvensiyanın 44 § 2-ci Maddəsinə uyğun olaraq ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
(i) mənəvi zərərə görə 6,000 (altı min) avro. Bu məbləğ qərarın icra olunduğu tarixin məzənnəsi əsasında Ukrayna qrivnasına çevrilməli və tutula bilən hər hansı vergilər də məbləğin üzərinə gəlinməlidir;
(ii) xərclər və məsrəflərlə bağlı 12,000 (on iki min) avro. Ərizəçidən tutula bilən hər hansı vergilər də məbləğin üzərinə gəlinməklə bu məbləğ ərizəçinin təmsilçilərinin bank hesabına ödənilir;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
12. Ərizəçinin mənəvi zərər və xərclər və məsrəflərlə bağlı əvəzin ədalətli ödənilməsi üçün etdiyi tələbin qalan hissəsini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və 9 yanvar 2013-cü il tarixində Strasburqda, İnsan Hüquqları Binasında keçirilən açıq məhkəmə iclasında, Məhkəmə Reqlamentinin 77 §2 və §3-cü Qaydasına uyğun olaraq təqdim olunmuşdur.
Claudia WesterdiekDean Spielmann
KatibSədr
Konvensiyanın 45§ 2-ci Maddəsinə və Məhkəmə Reqlamentinin 74§2-ci Qaydasına uyğun olaraq Hakim Yudkivska-nın ayrıca rəyi bu qərara əlavə edilir.
D.S.
C.W
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] 9 aprel 2013-cü ildə düzəliş edilmişdir: aşağıdakı mətn əlavə edilmişdir: “(Комітет Верховної Ради України з питань правосуддя)”.
[2] 9 aprel 2013-cü ildə düzəliş edilmişdir: mətn "20 May 2010" idi.
[3] 9 aprel 2013-cü ildə düzəliş edilmişdir: mətn “eyni tarixdə” idi.
[4] 9 aprel 2013-cü ildə düzəliş edilmişdir: aşağıdakı mətn əlavə edilmişdir: “Məhkəmənin müşavirələri zamanı olan sənədə uyğun olaraq”.
[5]5. Keçid dövründə Məhkəmənin Müstəqilliyi (Judicial Independence in Transition). Seibert-Fohr, Anja (Ed.), 2012, XIII, 1378 səh.
[6] 9 aprel 2013-cü ildə düzəliş edilmişdir: mətn “onun imtinası” idi.
[7] 9 aprel 2013-cü ildə düzəliş edilmişdir: mətn “Məhkəmə Sistemi haqqında 2002-ci il Qanunu” idi.
Full & Egal Universal Law Academy