© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ haqqında 159 Saylı Məlumat Qeydi
Yanvar 2013-cü il
Oleksandr Volkov Ukraynaya qarşı (Oleksandr Volkov v. Ukraine) - 21722/11
Qərar 9.1.2013 [Bölmə V]
Maddə 6
Mülki icraatlar
Maddə 6-1
Qərəzsiz məhkəmə
Müstəqil məhkəmə
Məhkəmə intizamı sistemində struktur qüsurları: pozuntu
İşə ədalətli baxılması
Hakimlərə qarşı intizam xarakterli cəzanın tətbiqi üzrə iddia müddətinin olmaması və hakimin işdən kənarlaşdırılması barədə qərar qəbul edilərkən Parlamentdə elektron səsvermə sistemindən sui-istifadə edilməsi: pozuntular
Qanun əsasında yaradılmış məhkəmə
Ərizəçinin işinə baxan palatanın məhkəmənin sədri kimi vəzifə müddəti bitmiş hakim tərəfindən müəyyən olunmuş tərkibi: pozuntu
Maddə 8
Maddə 8-1
Şəxsi həyata hörmət
Hakimin “andını pozduğuna” görə, həmin pozuntunun ardıcıl təfsiri və lazımi prosessual təminatlar olmadan, vəzifədən kənarlaşdırılması: pozuntu
Maddə 46
Maddə 46-2
Qərarın icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh Dövlətdən məhkəmə intizamı sistemində islahatlar aparmaq tələb olundu
Qərarın icrası
Fərdi tədbirlər
Cavabdeh Dövlətdən ərizəçinin mümkün qədər qısa müddət ərzində Ali Məhkəmənin hakimi vəzifəsinə bərpa olunmasını təmin etmək tələb olundu.
Faktlar – Ərizəçi 2003-cü ildən Ukrayna Ali Məhkəməsinin hakimi və 2007-ci ildən həmin məhkəmənin Hərbi Palatasının Sədri olmuşdur. 2007-ci ildə o, Yüksək Ədliyyə Şurasının (“YƏŞ”) üzvü vəzifəsinə seçilmiş, lakin Məhkəmələr üzrə Parlament Komitəsinin (“Parlament Komitəsi”) Sədri onun and içməsinə icazə vermədiyindən bu vəzifənin icrasına başlamamışdır. 2008 və 2009-cu illərdə YƏŞ-nın, biri sonradan YƏŞ-nın sədri seçilmiş iki üzvü ərizəçinin nalayiq hərəkət etmiş ola bilməsi ilə bağlı ilkin araşdırma başlatdılar və gəldikləri nəticə ondan ibarət oldu ki, o, arvadının qardaşı tərəfindən qərar verilmiş – bəziləri 2003-cü ilə təsadüf edən - işlərə yenidən baxmış və ciddi prosessual pozuntulara yol vermişdir ki, bu pozuntuların də bəziləri 2006-cı ilə təsadüf etmişdir. Bu araşdırmaların ardınca, YƏŞ-nın Sədri ərizəçinin hakim vəzifəsindən kənarlaşdırılması üçün Parlamentə iki ərizə göndərdi. 2010-cu ildə YƏŞ tərəfindən təqdim olunmuş bu ərizələri və Parlament Komitəsinin tövsiyəsini nəzərə alaraq, Parlament ərizəçinin “andını pozmasına” görə vəzifədən kənarlaşdırılmasına səs verdi. Ərizəçinin bildirdiyinə görə, elektron səsvermə zamanı Parlament Üzvlərinin əksəriyyəti iclasda iştirak etməmiş və iclasda iştirak edənlər isə iştirak etməyən həmkarlarına məxsus səsvermə kartlarından istifadə etmişdir. Ərizəçi vəzifədən kənarlaşdırılmasını Yüksək İnzibati Məhkəmə qarşısında mübahisələndirmişdir ki, həmin məhkəmə də öz qərarında müəyyən etmişdir ki, YƏŞ-nın ərizəçinin vəzifəsindən kənarlaşdırılması üçün, YƏŞ-nın sədrinin müraciəti əsasında verdiyi ərizə qanuni və əsaslandırılmış olmuşdur. Yüksək İnzibati Məhkəmə əlavə olaraq onu da müəyyən etmişdi ki, YƏŞ-nın başqa bir müraciətin nəticələri əsasında verdiyi qərar qanunsuz olmuşdur, çünki ərizəçi və onun arvadının qardaşı həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qohum hesab olunmurdular. Bununla belə, həmin məhkəmə YƏŞ-nın həmin iş üzrə aktlarını ləğv etməkdən imtina etdi və qeyd etdi ki, qüvvədə olan müddəalara görə onun buna səlahiyyəti çatmır. Yüksək İnzibati Məhkəmə onu da müəyyən etdi ki, nə parlament komitəsində, nə də Parlamentdə heç bir prosessual pozuntu olmamışdır.
Hüquq – Maddə 6 § 1
(a) Maddənin tətbiqi ilə bağlı – Ərizəçinin işinə baxarkən və məcburi qüvvəyə malik qərar qəbul edərkən, YƏŞ, parlament komitəsi və Parlamentin Plenar iclası birlikdə məhkəmə funksiyasını yerinə yetirmişdi. Ərizəçinin vəzifədən kənarlaşdırılması barədə məcburi qüvvəyə malik qərara sonradan, milli məhkəmə sistemi daxilində klassik məhkəmə olan Yüksək İnzibati Məhkəmə tərəfindən baxılmışdı. Buna görə də, o nəticəyə gəlmək olmazdı ki, milli qanunvericilik ərizəçinin iddiasının “məhkəməyə çıxışını açıq şəkildə istisna edir”. Bu səbəbdən də 6-cı Maddə mülki hüquq üzrə tətbiq olunurdu.
Ərizəçiyə qarşı müəyyən edilmiş sanksiya peşəkar pozuntuya görə görülmüş klassik intizam tədbiri idi və milli qanunvericilik baxımından, hakim tərəfindən qəsdən yanlış qərarın qəbul edilməsinə görə nəzərdə tutulan cinayət hüququ sanksiyalarından tamamilə fərqlənirdi. Həmçinin onu da qeyd etmək olar ki, ərizəçinin hakim vəzifəsindən kənarlaşdırılması onun hüququn başqa sahəsində fəaliyyət göstərməsinə formal olaraq mane olmurdu. Buna görə də 6-cı Maddə cinayət hüququ üzrə tətbiq olunmurdu.
(b) Ərizəçinin işinə baxan orqanların müstəqilliyi və qərəzsizliyi
(i) YƏŞ: Hakimlərə qarşı intizam xarakterli icraatlarda müvafiq intizam orqanında əsasən hakimlərin iştirak etməsinin zəruriliyi hakimlər üçün qanun haqqında Avropa Xartiyası tərəfindən də tanınmışdır. Lakin, YƏŞ müxtəlif orqanlar tərəfindən təyin olunan iyirmi üzvdən ibarət idi. Üç üzv Ukrayna Prezidenti tərəfindən, digər üç üzv Parlament tərəfindən və digər üç üzv ÜmumUkrayna Prokurorlar Konfransı tərəfindən təyin olunurdular. Ədliyyə Naziri və Baş Prokuror YƏŞ-nın ex officio üzvləri idilər. Birbaşa olaraq icra və qanunvericilik hakimiyyətləri tərəfindən təyin olunan qeyri-hakim üzvlər YƏŞ üzvlərinin mütləq əksəriyyətini təşkil edirdi. Nəticədə, ərizəçinin işi YƏŞ-nın dinləmədə iştirak edən on altı üzvü tərəfindən müəyyən edilmişdi ki, onlardan da yalnız üçü hakim idi. Bundan əlavə, YƏŞ-nın yalnız dörd üzvü orada tam ştatlı əsaslarla işləyirdi. Digər üzvlər YƏŞ-dan kənarda işləməyə və kənardan maaş almağa davam edirdilər ki, bu da onların əsas işəgötürənlərindən maddi, iyerarxik və inzibati asılılığını qaçılmaz edir və onların müstəqilliyini və qərəzsizliyini təhlükə altında qoyurdu. Məhkəmə həmçinin Venesiya Komissiyasının rəyinə istinad etdi ki, Baş Prokurorun hakimlərin təyin olunması, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi ilə məşğul olan bu orqanda olması hakimlərin bu cür işlərdə qərəzsiz olmaması və ya Baş Prokurorun qərarlarını bəyənmədiyi hakimlərə qarşı qərəzsiz olmaması riskini yaradır. Bundan əlavə, YƏŞ-nın ərizəçinin işi üzrə ilkin araşdırmaları aparmış və onun vəzifədən azad edilməsi barədə müraciətləri təqdim etmiş üzvləri sonra ərizəçinin vəzifədən uzaqlaşdırılması barədə qərarın verilməsində də iştirak etmişdilər. Həmin üzvlərdən biri YƏŞ-nın sədri təyin olunmuş və ərizəçinin işi üzrə dinləməyə sədrlik etmişdi. Həmin üzvlərin ərizəçiyə qarşı onların özlərinin apardığı ilkin araşdırmaların nəticələrinə əsaslanan intizam xarakterli ittihamların irəli sürülməsindəki rolu ərizəçinin işinin mahiyyəti üzrə qərar verərkən onların qərəzsizliyi ilə bağlı obyektiv şübhə yaradırdı. Uyğun olaraq, hazırkı ərizə üzrə faktlar YƏŞ tərəfindən aparılan icraatlarda həm struktur çatışmazlıqların, həm də YƏŞ-nın ərizəçinin işinə baxan müəyyən üzvlərində şəxsi qərəzin olduğunu göstərən bir sıra ciddi məsələləri üzə çıxardı. Buna görə də, YƏŞ tərəfindən aparılan icraatlar Konvensiyanın 6 § 1-ci Maddəsi ilə tələb olunan müstəqillik və qərəzsizlik prinsiplərinə uyğun deyildi.
(ii) Parlament Komitəsi: Komitə sədri və komitənin üzvlərindən biri də YƏŞ-nın üzvləri idilər və hər iki mərhələdə ərizəçinin işi üzrə qərar verilməsində iştirak etmişdilər. Buna görə də, onlar YƏŞ tərəfindən göndərilən təqdimatlara baxarkən qərəzsiz ola bilməzdilər. Bundan başqa, Məhkəmənin şəxsi qərəzsizliyin çatışmaması ilə bağlı mülahizələri prosedurun bu mərhələsinə də eynilə uyğun idi. Bundan əlavə, sədrin, parlament komitəsinin iki üzvü ilə birlikdə YƏŞ-na ərizəçinin mümkün xətaları ilə bağlı ilkin araşdırmaların aparılması təşəbbüsü ilə müraciət etmiş olması faktı da münasib qaydada nəzərə alınmalı idi. Eyni zamanda, YƏŞ-nın üzvləri geri çəkilə bilməzdilər, çünki müvafiq qanunvericilikdə geri çəkilmək proseduru müəyyən edilməmişdi. Bu da icraatların obyektiv qərəzsizlik testinə uyğun olması üçün müvafiq təminatların çatışmadığını göstərirdi.
(iii) Parlamentin plenar iclası:– Bu mərhələdə, işə baxılması daha əvvəl YƏŞ və parlament komitəsi tərəfindən gəlinmiş nəticələr əsasında məcburi hüquqi qüvvəyə malik qərarın qəbul olunması ilə məhdudlaşırdı. Bütövlükdə, plenar iclasdakı prosedur fakt və hüquq məsələlərinin araşdırılması, sübutların qiymətləndirilməsi və faktlara hüquqi qiymət verilməsi üçün münasib forum deyildi. Parlamentdə oturan və fərdi intizam işində mürəkkəb fakt və hüquq məsələləri barədə qərar vermək üzrə hər hansı hüquqi və məhkəmə təcrübəsinə malik olmaqları tələb olunmayan siyasətçilərin rolu Hökumət tərəfindən kifayət qədər aydın müəyyənləşdirilməmiş və müstəqillik və qərəzsizlik tələblərinə uyğun olduğu əsaslandırılmamışdı.
(iv) Yüksək İnzibati Məhkəmə: Yüksək İnzibati Məhkəmə YƏŞ və Parlamentin qərarlarını ləğv etmək və hər hansı əlavə tədbirlər görmək iqtidarında olmadan onları qanunsuz elan etmək səlahiyyətinə malik idi. Eksklüziv olaraq Yüksək İnzibati Məhkəmənin bəyanat xarakterli qərarı əsasında, hakim vəzifəsinə avtomatik bərpa mümkün deyildi. Bundan əlavə, ərizəçi tərəfindən irəli sürülmüş vacib arqumentlər Yüksək İnzibati Məhkəmə tərəfindən lazımi qaydada nəzərə alınmamışdı. Buna görə də, ərizəçinin işinə yenidən baxılması qənaətbəxş deyildi. Bundan başqa, Yüksək İnzibati Məhkəmənin hakimləri də YƏŞ-nın intizam yurisdiksiyası altında idilər və onlar da YƏŞ tərəfindən həyata keçirilən intizam icraatlarına məruz qala bilərdilər. Bu səbəbdən də onlar 6-cı Maddə ilə tələb olunan “müstəqillik və qərəzsizliyi” nümayiş etdirmək iqtidarında deyildilər.
Bununla da milli məhkəmələr ərizəçinin işinə müstəqil və qərəzsiz qaydada baxılmasını təmin edə bilməmiş və sonrakı mərhələdə işə yenidən baxılması da bu qüsurları aradan qaldırmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
(c) İntizam cəzasının müəyyən olunması ilə bağlı iddia müddətinin olmaması Ərizəçi 2010-cu ildə YƏŞ qarşısında öz müdafiəsini bəziləri uzaq keçmişdə (2003-2006-cı illərdə) baş vermiş hadisələr əsasında qurmalı olduğundan, çətin vəziyyətə düşmüşdü. Milli qanunvericilik hakimin “andını pozduğuna” görə vəzifədən uzaqlaşdırılması üzrə icraatlarla bağlı heç bir vaxt məhdudiyyəti müəyyən etmirdi. Məhkəmə iddia müddətinin nə qədər olmalı olmasını göstərə bilməsə də, hakimlərlə bağlı intizam xarakterli işlərə bu cür vədəsiz yanaşma hüquqi müəyyənlik prinsipini ciddi risk altında qoyurdu.
Nəticə: pozuntu (yekdilliklə).
(d) Parlamentin plenar iclasında səsvermə proseduru – Ərizəçinin işdən azad edilməsi barədə qərar Parlament Üzvlərinin əksəriyyətinin iştirakı olmadan səsə qoyulmuşdu. İclasda iştirak edən Parlamentarilər düşünülmüş şəkildə və qeyri-qanuni olaraq iclasda iştirak etməyən həmkarlarının da əvəzinə xeyli səs vermişlər. Buna görə də həmin qərar Konstitusiyanın, Parlament Üzvlərinin Statusu haqqında Qanunun və Parlamentin Reqlamentinin pozulması ilə qəbul olunmuşdu. Bu səbəbdən də, həmin səsvermə hüquqi müəyyənlik prinsipini laxlatmışdı. Yüksək İnzibati Məhkəmə həmin məsələ ilə lazımi qaydada məşğul olmamışdı.
Nəticə: pozuntu (yekdilliklə).
(e) Yüksək İnzibati Məhkəmənin palatasının tərkibi – Milli qanunvericiliyə görə, ərizəçinin işinə baxmalı olan xüsusi palatanın tərkibi Yüksək İnzibati Məhkəmənin sədr tərəfindən müəyyən olunmalıı idi, lakin həmin vaxt sədrin beş illik vəzifə müddəti artıq bitmişdi. Milli qanunvericiliyin məhkəmələrin sədrlərinin təyin olunması prosedurunu tənzimləyən müvafiq müddəaları qeyri-konstitusional elan edilmiş və yeni müddəalar hələ qəbul olunmamışdı. Eyni zamanda, məhkəmələrin sədrlərinin təyin olunması məsələsi Ukraynanın hakimiyyət orqanları arasında ciddi ziddiyyətlərə gətirib çıxarmışdı. Məhkəmə işə baxan həmin palatanın “qanun əsasında yaradılmış məhkəmə” tələbinə cavab verdiyini müəyyən edə bilməzdi.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 8: Ərizəçinin vəzifədən kənarlaşdırılması onun şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə edilməsi idi. Məhkəmənin ərizəçinin vəzifəsindən azad edilməsi barədə qərar üzrə parlament səsverməsinin milli qanunvericilik baxımından qanuni olmadığını müəyyən etməsi kifayət idi ki, Məhkəmə müəyyən etsin ki, sözügedən müdaxilə əsassız idi və buna görə də Konvensiyanın 8-ci Maddəsini pozurdu. Ərizəçinin işinə baxılan zaman “andı pozmaq” anlayışının ardıcıl təfsiri üçün hansısa qaydalar və təcrübə və müvafiq müddəaların qanunsuz olaraq tətbiq olunmasının qarşısını almaq üçün adekvat prosessual təminatlar yox idi. O cümlədən, milli qanunvericilik “andını pozduğuna” görə hakimə qarşı aparılan intizam icraatları üçün heç bir iddia müddəti müəyyən etməmişdi ki, bu da intizam icraatını aparan orqanların səlahiyyətini vədəsiz (sonu bilinməyən) edir və hüquqi müəyyənlik prinsipini sarsıdırdı. Bundan əlavə, milli qanunvericilik intizam xarakterli pozuntular üçün sanksiyaların münasib miqyasını müəyyən etməmiş və həmin sanksiyaların mütənasiblik prinsipinə uyğun tətbiq edilməsini təmin edən qaydalar hazırlanmamışdı. Nəhayət, “andı pozmağa” görə vəzifədən kənarlaşdırılmaq barədə qərara müstəqil və qərəzsiz məhkəmə tərəfindən yenidən baxılması üçün uyğun mexanizm yox idi.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41: Mənəvi zərərə görə 20,000 AVRO. Maddi zərərin əvəzinin ədalətli ödənilməsi məsələsi sonraya saxlanıldı.
Maddə 46
(a) Ümumi tədbirlər – Bu iş Ukraynada məhkəmə sisteminin fəaliyyəti ilə bağlı sistem xarakterli ciddi problemlərin olduğunu üzə çıxardı. Xüsusilə də, məhkəmə intizamı sistemi məhkəmə hakimiyyətinin Dövlət hakimiyyətinin digər qollarından ayrılmasını təmin etmirdi. Bundan əlavə, həmin sistem intizam tədbirlərindən məhkəmənin müstəqilliyinə xələl gətirəcək dərəcədə sui-istifadəyə və yanlış istifadəyə qarşı münasib təminatlar vermirdi. Buna görə də, cavabdeh Dövlətdən məhkəmə intizam sistemində islahatlar aparmaq məqsədilə bir neçə ümumi tədbirlərin görülməsi tələb olunacaqdı. Həmin tədbirlər sisteminin institusional əsasının yenidən qurulmasını nəzərdə tutan qanunvericilik islahatlarından ibarət olmalı idi. Bu tədbirlər həmçinin milli qanunvericiliyin bu sahədə vahid qaydada tətbiqi formalarının və prinsiplərinin formalaşdırılmasına gətirib çıxarmalı idi.
(b) Fərdi tədbirlər –İntizam sistemində islahatların aparılmasının zəruri olduğunu nəzərə alaraq, dövlətdaxili səviyyədə icraatların yenidən başladılması ərizəçinin pozulmuş hüquqlarının bərpasının münasib formasını təşkil etməyəcəkdi. Yaxın gələcəkdə ərizəçinin işinə Konvensiyanın prinsiplərinə uyğun olaraq təkrarən baxılacağını güman etmək üçün heç bir əsas yox idi. Məhkəmə bu cür tədbirin müəyyən edilməsində heç bir məna görmədi. İşin ən istisna xarakterli hallarını və Konvensiyanın 6 və 8-ci Maddələrinin pozuntusuna təcili son qoymaq ehtiyacını nəzərə alaraq, Məhkəmə qərara gəldi ki, cavabdeh Dövlət mümkün qədər qısa müddət ərzində ərizəçinin Ali Məhkəmənin hakimi vəzifəsinə bərpa olunmasını təmin etməlidir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy