Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 161
Mart 2013-cü il
***
Oleynikov (Oleynikov) Rusiyaya qarşı [BP] – ərizə № 36703/04
14.3.2013 tarixli qərar [I Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Şimali Koreyanın ticarət nümayəndəsinə verilmiş borcun qaytarılması barədə iddia tələbinə baxmaqdan məhkəmələrin imtina etməsi: pozuntu baş verib
Faktlar – 1997-ci ildə ərizəçi Koreya Xalq Demokratik Respublikasının səfirliyinin Rusiya Federasiyasının Xabarovsk diyarındakı bölməsinin ticarət müşavirinə ("KXDR-in ticarət müşaviri") sonradan ərizəçiyə geri qaytarmaq şərti ilə 1.500 ABŞ dolları məbləğində borc vermişdi. KXDR-in ticarət müşaviri borcunu geri qaytarmadığına görə ərizəçi və onun vəkili borc tələbi barədə bir neçə məktub göndərdilər, amma məktublar cavabsız qaldı. Sonradan onun vəkili Rusiya Xarici İşlər Nazirliyinə məktub yazdı, nazirlik isə hesab etdi ki, KXDR-in ticarət müşaviri KXDR-in adından hərəkət edib və buna görə də məhkəmə iddiasına qarşı immunitetə malikdir. O, ərizəçiyə məsləhət gördü ki, KXDR-in ticarət müşavirinə qarşı Rusiya məhkəmələrində iddia qaldırmazdan əvvəl Şimali Koreyanın səlahiyyətli orqanının razılığını alsın. KXDR-in səfirliyi cavab verməkdən imtina etdiyinə görə ərizəçi rayon məhkəməsində ona qarşı iddia qaldırdı. İddia ərizəsi baxılmadan geri qaytarıldı və belə əsas gətirildi ki, Mülki Prosessual Məcəllədə xarici dövlətin Rusiya məhkəmələrində onun əleyhinə qaldırılan iddialara qarşı mütləq immunteti nəzərdə tutulub. 2004-cü ildə apellyasiya icraatında regional məhkəmə bu qərarı təsdiq etdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Bu məhdudiyyət dövlətlər arasında ehtirama və xoş münasibətlərə şərait yaratmaq kimi beynəlxalq hüquq konsepsiyasına əməl etməkdən ibarət qanuni məqsəd daşıyırdı. Lakin Rusiya Dövlətlərin yurisdiksiya immunitetləri və mülkiyyətləri haqqında 2004-cü il tarixli Konvensiyanı imzalamışdı, bu Konvensiyaya əsasən dövlətin xarici fiziki şəxslə kommersiya əqdi bağladığı hallara "məhdudlaşdırılan immunitet" prinsipi şamil olunurdu. Bundan başqa, Rusiyanın Prezidenti, Konstitusiya Məhkəməsi və Ali Arbitraj Məhkəməsi təsdiq etmişdilər ki, məhdudlaşdırılan immunitet prinsipi beynəlxalq adət hüququnun prinsipinə çevrilib. Nəhayət, 2002-ci ildə qəbul edilmiş Arbitraj Prosessual Məcəlləsində məhdudlaşdırılan immunitet prinsipi nəzərdə tutulmuşdu və "SSRİ və KXDR arasında ticarət və gəmiçilik haqqında" 1960-cı il tarixli müqaviləyə əsasən, yerləşdiyi dövlətdə Ticarət Nümayəndəliyinin bağladığı və ya zəmanət verdiyi bütün xarici ticarət əqdlərindən irəli gələn bütün mübahisələrin həlli həmin dövlətin məhkəmələrinin yurisdiksiyasına aiddir. Lakin daxili məhkəmələr ərizəçinin iddia tələbinə baxmadan iddia ərizəsini geri qaytarmış və bu zaman sözügedən müqavilənin qüvvədə olan normalarını və Konstitusiyaya əsasən Rusiyanın qanunvericilik sisteminin tərkib hissəsini təşkil edən beynəlxalq adət hüququnun müvafiq prinsiplərini nəzərdən keçirib təhlil etməmişdilər. Daxili məhkəmələr xarici dövlətin onların yurisdiksiyasına qarşı mütləq (qeyri-məhdud) immuniteti prinsipini tətbiq etmiş və bunu müəyyənləşdirməyə cəhd etməmişdilər ki, KXDR-in hərəkətləri dövlətin suveren hakimiyyətinin tətbiqi çərçivəsində həyata keçirilən hərəkətlər idi, yoxsa xüsusi (mülki) hüquq xarakterli əqddə tərəf qismində həyata keçirilən hərəkətlər idi? Beləliklə, mübahisəni mahiyyəti üzrə araşdırmadan ərizəçinin iddia tələbini rədd etməklə, bunu əsaslandırmaq üçün münasib və yetərli səbəblər göstərməməklə və beynəlxalq hüququn qüvvədə olan normalarını nəzərə almamaqla daxili məhkəmələr mütənasiblik prinsipinə riayət etməmiş və bununla da ərizəçinin məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətirmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: maddi ziyanın kompensasiyası tələbi rədd edildi; mənəvi ziyana görə isə ərizəçi tərəfindən heç bir tələb irəli sürülmədi.
(həmçinin bu işlərə bax: Sabeh Əl-Leyl Fransaya (Sabeh El Leil) qarşı [BP], ərizə № 34869/05, 29 iyun 2011-ci il, 42 saylı Məlumat bülleteni; və Çudak (Cudak) Litvaya qarşı [BP], ərizə № 15869/02, 23 mart 2010-cu il, 128 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy