Öneryıldız (Öneryıldız) Türkiyəyə qarşı [BP] – ərizə № 48939/99
30.11.2004 tarixli qərar [BP]
Maddə 2
2-ci maddənin 1-ci bəndi
Yaşamaq hüququ
Gecəqondu məhəlləsi yaxınlığında zibilxanada baş vermiş təsadüfi partlayışın səbəb olduğu ölüm halları ilə bağlı dövlət orqanlarının məsuliyyəti: pozuntu baş verib
Maddə 2
Pozitiv öhdəliklər
Təhlükəli fəaliyyətlər nəticəsində yaşamaq hüququnun pozulması; qabaqlayıcı tədbirlərin və cinayət sanksiyalarının səmərəliliyi: pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Təhlükəli sənaye fəaliyyətlərinin ölümlə və əmlakın məhv olması ilə nəticələnməsi ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin edilmə: pozuntu baş verib
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyət
İcazəsiz tikilmiş və mülkiyyət hüququ olmadan məskunlaşdırılmış evin mahiyyət etibarı ilə mülkiyyət maraqlarının obyekti olub-olmaması: pozuntu baş verib
Mülkiyyətdən maneəsiz istifadə
Zibilxanada baş vermiş partlayış nəticəsində mülkiyyətin itirilməsi: pozuntu baş verib
Faktlar – Nəzərdən keçirilən dövrdə ərizəçi on iki yaxın qohumu ilə birlikdə Ümraniyədə (İstanbul) gecəqondu məhəlləsində yaşayırdı. Bu ərazinin geniş bir hissəsində heç bir icazə alınmadan bəsit formada tikilmiş çoxlu evlər vardı və onların ətrafı zibilxana kimi istifadə edilən ərazi idi ki, orada İstanbul şəhər bələdiyyəsinin səlahiyyəti və cavabdehliyi altında olan dörd rayonun tullantıları saxlanılırdı. Ümraniyə rayon şurasının müraciəti əsasında tərtib edilmiş ekspert rəyində dövlət orqanlarının diqqəti bu fakta cəlb olunurdu ki, müvafiq texniki tələblərə cavab verməyən və "Ətraf mühit haqqında" qanuna uyğun olmayan zibilxana gecəqondu məhəlləsinin sakinləri üçün bir sıra təhlükələr yaradır və tərkib elementlərinə parçalanan tullantılarının yaratdığı qazıların partlayışının qarşısını almaq üçün heç bir tədbir görülmür. Müvafiq idarəetmə orqanı tövsiyə etdi ki, dövlət orqanları müəyyən edilmiş problemləri həll etsinlər, Ümraniyə rayon bələdiyyə şurası isə məhkəmə müraciət etdi ki, ərazinin digər yerli bələdiyyə şuraları tərəfindən istifadəsinin qadağan edilməsi barədə qərar çıxarsın. Məhkəmə prosesi yekunlaşmazdan əvvəl 28 aprel 1993-cü ildə zibilxanada metan qazının partlayışı baş verdi və ərizəçiyə məxsus ev də daxil olmaqla zibilxananın aşağısındakı bir neçə ev zibil təpəliyindən tökülüb gələn tullantıların altında qaldı, nəticədə ərizəçi doqquz nəfər yaxın qohumunu itirdi. Polis və inzibati orqanlar tərəfindən dərhal araşdırma başlandı və ekspert rəylərinin verilməsi barədə qərar qəbul edildi. Rəsmi araşdırmalar üç aydan az müddətdə bütünlüklə başa çatdı və Ümraniyə və İstanbul merlərinə qarşı cinayət işi başlandı. Sonradan onlar "vəzifələrinin icrasında səhlənkarlığa yol verməkdə" təqsirli bilindilər və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş ən yüngül cəza olan cərimə ilə cəzalandırıldılar və cəzanın icrası dayandırıldı. Daha sonra ərizəçi qohumlarının ölümü və mülkiyyətini itirməsi nəticəsində dəymiş ziyanın kompensasiyası üçün inzibati məhkəmədə iddia qaldırıldı. Məhkəmə bədbəxt hadisə ilə dövlət orqanlarının səhlənkarlığı arasında birbaşa səbəb-nəticə əlaqəsinin olduğunu müəyyən etdi. Proses beş ilə yaxın uzandıqdan sonra ərizəçiyə və sağ qalmış uşaqlarına mənəvi ziyana görə kompensasiya qismində 100.000.000 türk lirəsi (təxminən 2.077 avro) və maddi ziyana görə kompensasiya qismində 10.000.000 türk lirəsi (təxminən 208 avro) təyin edildi, amma bu məbləğlər ödənilmədi. Məhkəmə öz qərarında evin məhv olmasını nəzərə almaqdan imtina edərək belə əsas gətirdi ki, bədbəxt hadisədən sonra ərizəçi olduqca əlverişli şərtlərlə güzəştli əsasda ev ala bilər və məhkəmə həmçinin elektrik qurğularının məhv olmasına görə kompensasiya təyin etməkdən də imtina etdi, çünki evin su və ya elektrik təchizatı olmadığına görə ərizəçinin həmin qurğulara sahib olmadığı hesab edildi.
Hüquqi məsələlər – Maddə 2 (təhlükəli fəaliyyətlərlə bağlı dövlətin daşıdığı pozitiv öhdəliklər): Məişət tullantılarının atıldığı zibilxanaların fəaliyyəti və gecəqondu evlərinin olduğu ərazilərin abadlaşdırılması Türkiyədə təhlükəsizlik qaydaları ilə tənzimlənirdi. Hazırkı işdə partlayışdan xeyli əvvəl mötəbər məlumatlar mövcud idi ki, zibilxanadakı texniki qüsurlar ucbatından sakinlərin fiziki təhlükəsizliyi təhlükə altındadır. Məhkəmə tərəfindən təyin olunmuş ekspert müəyyən etmişdi ki, zibilxana təcrid olunmayıb və qüvvədə olan qaydalara zidd olaraq fəaliyyət göstərməkdə davam edir, ərazi ətrafa müəyyən təhlükə yaradır və mövcud qurğular tullantıların tərkib hissələrinə ayrılaraq partlayış törətməsi riskinin qarşısını almaq iqtidarında deyil. Xülasə, ölümlə nəticələnmiş bədbəxt hadisədən xeyli əvvəl həm mövcud reallıq, həm də sözügedən riskin real olması diqqətə çatdırılmışdı və ərazinin eyni şəraitdə fəaliyyət göstərməkdə davam etdiyini nəzərə alsaq, risk yalnız artmaqda idi. Müvafiq olaraq, dövlət orqanları zibilxananın doğurduğu risklər və təhlükə barəsində məlumatlı olduqlarına görə, bədbəxt hadisədən əvvəl yerli sakinlərin nə ilə üzləşə biləcəyini qabaqcadan bilirdilər və ya bilməyə borclu idilər. Buna görə də 2-ci maddəyə əsasən onlar həmin şəxsləri qorumaq üçün zəruri və səmərəli olan qabaqlayıcı operativ tədbirlər görmək öhdəliyini daşıyırdılar. Lakin əraziyə görə cavabdeh olan şura təxirəsalınmaz zəruri tədbirləri görməmiş və həmçinin bu məqsədlə görülə biləcək rəsmi tədbirlərə qarşı çıxmışdı. Bundan başqa, bədbəxt hadisənin qurbanlarını səhlənkarlıqda və ya qabağı görə bilməməkdə günahlandırmaq olmazdı və baxmayaraq ki, müvafiq qanunvericilik onların zibilxana yaxınlığında yaşamalarını qadağan edirdi, dövlət gecəqondu məhəllələrinin olduğu ərazilərə münasibətdə uzun illər ərzində ardıcıl olaraq dözümlü yanaşma siyasəti yürüdürdü və ərizəçi də bu dözümlü yanaşmadan yararlanmışdı. İnzibati orqanlar onunla evinin qanuni mülkiyyətçisi kimi davranırdılar, hərçənd ki, qanunla evi sökmək hüququna malik idilər; beləliklə onlar ərizəçinin qanunsuz hərəkətinə qarşı passiv qalmış və təhlükəsizlik qaydalarının tətbiqi sahəsində qeyri-müəyyənlik yaratmışdılar. Dövlətin nöqteyi-nəzərinə görə, bu cür problemlərin öhdəsindən gəlmək üçün atılmalı addımların vəsait qoyuluşu tələb etməsi nəzərə alınmalı idi, amma zibilxanada qazların xaric edilməsi sisteminin quraşdırılması tullantıların tərkibindən ayrılan qazın doğurduğu partlayış təhlükəsini azaltmaq üçün səmərəli vasitə ola bilərdi ki, bu da dövlət üçün həddən artıq ağır yük olmazdı. Nəhayət, gecəqondu məhəlləsinin sakinlərinin həyatına qarşı təhlükəni aradan qaldırmaq üçün daha praktiki tədbirlərin görülmədiyi bir şəraitdə ictimaiyyətin məlumat almaq hüququnu təmin etmək öhdəliyinin dövlət tərəfindən yerinə yetirilməsi təhlükənin qarşısını almaq üçün yetərli sayıla bilməzdi. Xülasə, ölkənin istintaq orqanlarının gəldiyi qənaətə əsasən, hadisəyə görə dövlət məsuliyyət daşıyırdı. Dövlət orqanları gecəqondu məhəlləsinin sakinlərini real və məlum riskdən qorumaq üçün imkanları daxilində olan hər şeyi etməmişdilər ki, bu da 2-ci maddənin substantiv (maddi-hüquqi) aspektinin pozuntusuna gətirib çıxarmışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Dövlət sözügedən təhlükəli fəaliyyətin səbəb olduğu ölüm hallarına münasibətdə cinayət qanunvericiliyi əsasında məhkəmələrin "adekvat" reaksiyasını təmin etməli idi. Türkiyədə qüvvədə olan cinayət hüququ prosedurları təhlükəli fəaliyyətlə əlaqədar yaşamaq hüququnu qorumaq üçün nəzəri cəhətdən yetərli olan sistemin tərkib hissəsi idi. Praktiki olaraq dövlət orqanları operativ inzibati və cinayət araşdırmalarını həyata keçirmiş, bədbəxt hadisənin və ölümlərin səbəblərini cəld aşkara çıxarmış və təqsirkarları müəyyənləşdirmişdilər. Beləliklə, sual ondan ibarət idi ki, məhkəmə orqanları təqsirkarları cəzalandırmaqda qətiyyətli idilərmi? Lakin sözügedən cinayət prosesinin yeganə məqsədi dövlət orqanlarının vəzifələrinin icrasında səhlənkarlığa yol verməkdə təqsirli olub-olmadıqlarını müəyyənləşdirmək idi, onların ölümlərə görə məsuliyyəti məsələsi isə qeyri-müəyyən saxlanılmışdı. Məhkəmə qərarında ölümlər işin faktolji halları kimi göstərilmişdi, amma yaşamaq hüququnu qorumaq vəzifəsini yerinə yetirmədiyinə görə kiminsə məsuliyyət daşıdığı təsdiq edilməmişdi. Birinci instansiya məhkəməsinin bədbəxt hadisənin olduqca ciddi nəticələrini yetərincə nəzərə aldığını göstərən hər hansı əlamət yox idi; təqsirkar sayılan şəxslər nəticə etibarı ilə tətbiq edilə bilən ən yüngül cəza ilə cəzalandırılmışdılar və üstəlik, cəzanın icrası dayandırılmışdı. Xülasə, faciəyə məhkəmə orqanlarının reaksiyası ölümlə nəticələnmiş bədbəxt hadisədəki rollarına görə dövlət qulluqçularının və orqanlarının tam məsuliyyətə cəlb edilməsini təmin edən reaksiya deyildi, məhkəmələr yaşamaq hüququna hörməti təmin edən daxili qanunvericiliyin müddəalarını effektiv şəkildə tətbiq etməmiş, xüsusən cinayət qanunvericiliyinin çəkindirici funksiyasını işə salmamışdılar. Təhlükəli fəaliyyət səbəbindən baş vermiş ölümlə nəticələnən bədbəxt hadisə ilə əlaqədar olaraq "qanunla" yaşamaq hüququnu təmin edən və həyat üçün təhlükəli analoji davranışa münasibətdə çəkindirici xarakter daşıyan adekvat müdafiənin olmaması 2-ci maddənin prosessual aspektinin pozuntusunu təşkil edib.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
1 saylı Protokolun 1-ci maddəsi: a) Bu maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi: Ərizəçinin evi dövlətin xəzinədarlığına məxsus olan torpaqda qanunsuz olaraq tikilmişdi və müvafiq texniki standartlara uyğun deyildi. Ərizəçinin vəziyyətin nizama salınmasına və torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsinə imkan verən şəhərsalma qaydalarından yararlanmaq hüququna malik olub-olmadığını müəyyənləşdirmək mümkün deyil və istənilən halda, o, bu məqsəd üçün heç zaman hər hansı addım atmamışdı. Müvafiq olaraq, Məhkəmədəki icraatda günlərin bir günü torpağın onun mülkiyyətinə keçəcəyinə ümid bəslədiyi barədə ərizəçinin irəli sürdüyü mülahizə məhkəmələrdə sübuta yetirilə biləcək dərəcədə "yetərli iddia tələbi" təşkil etmirdi və deməli, həm də "mülkiyyət" sayıla bilməzdi. Ərizəçinin icazəsiz tikilmiş evinə gəlincə, dövlət orqanları onu bilərəkdən sökməmişdilər, hərçənd ki, buna hüquqları vardı; bu cür dözümlü yanaşma onlar tərəfindən ərizəçinin və qohumlarının həmin evdə və daşınar əmlakda mülkiyyət maraqlarının olmasının faktiki etirafı idi. Bundan başqa, qanunsuz məskunlaşma yerlərinin inşasını qadağan edən qanunvericiliyin tətbiqinə dövlət orqanlarının yanaşmasının doğurduğu qeyri-müəyyənlik ərizəçidə günlərin bir günü onun evi ilə bağlı situasiyanın dəyişəcəyi təsəvvürünü yarada bilməzdi. Xülasə, ərizəçinin evi ilə bağlı mülkiyyət marağı yetərli xarakter daşıyırdı və bu marağın mühüm əmlak marağı təşkil etməsi yetərincə təsdiqlənmişdi və buna görə də o, "mülkiyyət" sayıla bilərdi.
b) Mülkiyyətdən maneəsiz istifadə: Dövlətin günahlandırıldığı kobudcasına səhlənkarlıqla ərizəçinin evinin uçqun altında qalması arasında səbəb-nəticə əlaqəsi mövcud idi ki, bu da dövlətin 1 saylı Protokolun 1-ci maddəsi üzrə daşıdığı pozitiv öhdəliyini, yəni ərizəçinin mülkiyyət maraqlarını qorumaq üçün imkanı daxilində olan hər şeyi etmək vəzifəsini yerinə yetirməməsi demək idi. Bu pozitiv öhdəlik milli hakimiyyət orqanlarından tələb edirdi ki, ərizəçinin evinin məhv olmasının qarşısını almaq üçün yuxarıda 2-ci maddə ilə bağlı qeyd edilmiş praktiki addımları atsınlar. Lakin belə addımlar atılmamışdı. Güzəştli şərtlərlə mənzil almaq imkanının ərizəçiyə verdiyi üstünlüklər onun məruz qaldığı maddi ziyanın lazımi kompensasiyası sayıla bilməzdi və həm də dövlət orqanları onun öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnun pozulduğunu etiraf etməmişdilər. Beləliklə, ərizəçi "qurban" statusunu itirməmişdi. Yekun məhkəmə qərarında maddi ziyana görə təyin olunmuş kompensasiya hələ də ödənilməmişdi ki, bu da məhkəmə qərarı ilə təsdiqlənmiş iddia tələbinin icra edilməsi hüququna müdaxilə təşkil edirdi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Maddə 13 – 2-ci maddənin pozuntusu ilə bağlı hüquqi müdafiə vasitəsinin səmərəliliyi məsələsi: Hazırkı işdə ölümlə nəticələnmiş bədbəxt hadisədən sonra başlanmış cinayət prosesi yaşamaq hüququnun qorunması üçün yetərsiz hesab edildi (2-ci maddənin prosessual aspektinə aid olan hissəyə bax), baxmayaraq ki, rəsmi araşdırmalar faktları aşkara çıxarmış və təqsirkarları müəyyənləşdirmişdi. Müvafiq olaraq, ərizəçi kompensasiya almaq üçün Türkiyə qanunvericiliyində mövcud olan hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik idi. Ərizəçinin istifadə etdiyi inzibati hüquqi müdafiə vasitəsi qohumlarının ölümü ilə bağlı şikayətinin təmin edilməsinə nail olması və yuxarıda müəyyən edilmiş 2-ci maddənin pozuntusuna görə adekvat kompensasiya alması üçün ilk baxışdan yetərli görünürdü. Lakin bu hüquqi müdafiə vasitəsi praktikada səmərəli olmadı. Konkret olaraq, yaxın qohumlarının ölümü ilə bağlı məruz qaldığı ziyana görə ərizəçiyə təyin olunmuş kompensasiya ona heç vaxt ödənilməyib və icraat lazımi səylə aparılmayıb. Türkiyə qanunvericiliyində nəzərdə tutulmuş cinayət prosesinə üçüncü tərəf qismində qatılmaq üçün müraciət etmək imkanı prinsipcə 13-cü maddənin məqsədləri üçün nəzərə alınmalı olsa da, hazırkı işdə ərizəçini bu imkandan istifadə etmədiyinə görə tənqid etmək doğru olmazdı, ona görə ki, yuxarıda qeyd edildiyi kimi, onun istifadə etmək üçün seçdiyi inzibati hüquqi müdafiə vasitəsi, belə görünür ki, səmərəli idi və barəsində şikayət edilən situasiyanı birbaşa həll etməyə qadir idi, cinayət hüquqi müdafiə vasitəsi isə onunla eyni vaxtda istifadə edilə bilməzdi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Kompensasiya qərarının qəbulu üçün lazımi səy göstərilmədiyini və mülkiyyətini itirdiyinə görə təyin olunmuş məbləğin ödənilmədiyini nəzərə alsaq, ərizəçini 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüququnun iddia edilən pozuntusu ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin etməkdən imtina edilmişdi. Ərizəçi alternativ mənzillə təmin edilmə formasında imtiyaza malik olsa da, Məhkəmə hesab etdi ki, bu, 41-ci maddə əsasında baxılmalı olan məsələdir. Bundan başqa, ərizəçinin malik olduğu imtiyazlar onun 1 saylı Protokolun 1-ci maddəsinin iddia edilən pozuntusunun qurbanı statusunu aradan qaldırmadığına görə (yuxarıya bax) onu bu maddə ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin edilmək hüququndan məhrum edə bilməzdi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Qərara alındı ki, 6-cı maddənin 1-ci bəndi və 8-ci maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxmır.
Maddə 41 – Mülkiyyətdən maneəsiz istifadə hüququnun pozuntuları: Mülkiyyətinin məhv edilməsinə gəlincə, ərizəçi, belə görünür ki, ucuz qiymətə başa gəlmiş evi ilə bağlı apardığı əqdlərdən əldə etdiyi mənfəətdən daha artıq itkiyə məruz qalmayıb, buna görə də pozuntunun müəyyən edilməsinin özü bu maddə üzrə yetərincə ədalətli kompensasiya təşkil edir. Bədbəxt hadisə nəticəsində daşınar əmlakın itirilməsinə gəlincə, ölkədaxili səviyyədə təyin olunmuş kompensasiyada (208 avro) elektrik qurğuları nəzərə alınmayıb və nəmin kompensasiya ərizəçiyə heç vaxt ödənilməyib. Buna görə də kompensasiya ilə bağlı məhkəmə icraatının nəticəsi 41-ci maddənin məqsədləri üçün nəzərə alına bilməz və Məhkəmə 1.500 avro kompensasiya təyin edir.
Yaşamaq hüququnun pozuntusu: ölkədaxili səviyyədə təyin olunmuş kompensasiya da (2.077 avro) ödənilməyib və bu işin xüsusi hallarını nəzərə alsaq, ərizəçinin həmin məbləği almaq üçün icra icraatı prosedurlarından istifadə etməmək qərarı onun bu kompensasiyaya olan hüququndan imtina etməsi hesab edilməməlidir; Məhkəmə ona ümumilikdə 135.000 avro təyin edir.
Məhkəmə ərizəçinin Konvensiya orqanlarında çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə kompensasiya təyin etdi, baxmayaraq ki, ərizəçi bununla bağlı tələbini sübut etməmişdi.
Full & Egal Universal Law Academy