© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey), ərizə № 33401/02
09.06.2009-cu il tarixli qərar [III Bölmə]
Maddə 2
Pozitiv öhdəliklər
2-ci maddənin 1-ci bəndi
Yaşamaq hüququ
Ailədaxili zorakılıqla bağlı işdə ərizəçinin anasının ölümlə nəticələnmiş xəsarətlər alması və dövlət orqanlarının cinayəti törətmiş şəxsin bundan öncə də zorakılıqlar törətdiyini bildikləri halda tədbir görməmələri: pozuntu baş verib
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Pozitiv öhdəliklər
Dövlət orqanlarının ərizəçini və ailəsini ailədaxili zorakılıqdan müdafiə etmək üçün adekvat tədbir görməmələri: pozuntu baş verib
Maddə 14
Ayrı-seçkilik
Məhkəmə sisteminin ciddi ailədaxili zorakılıq hallarına qarşı adekvat reaksiyanı təmin etməməsi: pozuntu baş verib
Faktlar – Ərizəçinin anası 2002-ci ildə ərizəçiyə ərinin evindən qaçmağa kömək etməyə cəhd göstərərkən ərizəçinin əri tərəfindən güllələnmişdi. Bu hadisədən əvvəlki illərdə əri ərizəçiyə və onun anasına dəfələrlə hücum etmiş, bu hücumların bir qismi həkimlər tərəfindən həyat üçün təhlükəli xəsarət kimi qiymətləndirilən xəsarətlərlə nəticələnmişdi. İnsidentlər arasında döymə halları, avtomobili bu iki qadının üzərinə sürmə cəhdi (bu cəhd nəticəsində ərizəçinin anası ciddi xəsarətlər almışdı) və ərizəçinin yeddi bıçaq zərbəsi aldığı hücum vardı. Bu insidentlər və bu qadınların həyatlarına görə qorxu hissi keçirmələri dəfələrlə dövlət orqanlarının diqqətinə çatdırılmışdı. Ərizəçinin ərinə qarşı bir neçə cinayət işi qaldırılsa da (onların arasında öldürməklə hədələmə, ağır nəticəyə səbəb olmuş hücum və adamöldürmə cəhdi kimi ittihamlar vardı), ən azı iki dəfə qadınlar, çox güman ki, ərizəçinin ərinin təzyiqi altında şikayət ərizələrini geri götürdüklərinə görə cinayət işinə xitam verilmişdi. Amma zərərçəkənin üzərinə avtomobilin sürüldüyü və ərizəçiyə bıçaqla xəsarətlərin yetirildiyi hallarda xəsarətlər ağır olduğuna görə iş məhkəməyə gedib çıxmışdı. Hər iki halda ərizəçinin əri məhkum olundu. Birinci cinayətə görə o, üç ay müddətinə azadlıqdan məhrum edildi və sonradan cəzası cərimə ilə əvəzləndi, ikinci cinayətə görə isə ona cərimə cəzası təyin olundu və cərimənin ödənişi təxirə alındı. Ərizəçinin anasının qətlə yetirilməsi zorakılıqların kulminasiyası oldu, ərizəçinin ərinin sözlərinə görə, bu qətl onun şərəfinin müdafiəsi üçün zəruri idi. Bu cinayətə görə o, 2008-ci ildə məhkum edildi və ömürlük həbs cəzası aldı. Amma apellyasiya şikayətinə baxılana qədər o, azadlığa buraxıldı və ərizəçiyə qarşı təhdidlərini davam etdirdi, ərizəçi isə müdafiə üçün dövlət orqanlarına müraciət etdi. Onun müdafiəsi üçün tədbirlər yalnız səkkiz aydan sonra, yəni görülmüş tədbirlər barədə məlumat almaq üçün Avropa Məhkəməsinin verdiyi sorğusundan sonra həyata keçirildi.
Qadınların zorakılıqdan müdafiəsinə dair Nazirlər Komitəsinin tövsiyəsində (30 aprel 2002-ci il tarixli Rec(2002)5 saylı tövsiyə) deyilirdi ki, iştirakçı dövlətlər zərurət olduqda zorakılığa qarşı milli siyasətlərini qəbul etməli, inkişaf etdirməli və (və ya) yaxşılaşdırmalıdırlar. Sənəddə konkret olaraq tövsiyə edilirdi ki, qadınlara qarşı ciddi zorakılıq halları cəzalandırılsın və zərərçəkənlərin cinayət işi qaldırmaq imkanının və səmərəli müdafiəsinin təmin edilməsinə yönələn tədbirlər görülsün, habelə prokurorlar cinayət işinə başlayıb-başlamamaq məsələsini həll edərkən qadınlara qarşı zorakılığı ağırlaşdırıcı və mühüm amil kimi nəzərə alsınlar.
Hüquqi məsələlər – Maddə 2: Məhkəmə xatırlatdı ki, dövlət orqanlarının şəxsiyyət əleyhinə cinayətlərin qarşısının alınması və kökünün kəsilməsi kontekstində şəxsin yaşamaq hüququnu müdafiə etməkdən ibarət pozitiv öhdəliklərini pozduqları iddia edilirsə, Məhkəmə 2-ci maddənin pozulduğunu müəyyən etmək üçün əmin olmalıdır ki, dövlət orqanları üçüncü şəxslərin cinayətkar hərəkətləri nəticəsində konkret şəxsin və ya şəxslərin həyatına qarşı real və birbaşa təhlükənin mövcud olduğunu bilirdilər və ya bilməli idilər və təhlükənin qarşısını almaq üçün səlahiyyətləri çərçivəsində olan və onlardan əsaslı olaraq gözlənilən təbirləri görməyiblər.
a) Dövlət orqanları təhlükəni öncədən görə bilərdilərmi? – Hazırkı işdə ərizəçiyə və anasına qarşı zorakılıqlar qabaqlayıcı tədbirlərin görülməsi üçün kifayət qədər ciddi dərəcədə şiddətlənmişdi və onların sağlamlığına və təhlükəsizliyinə qarşı təhlükə mövcud idi. Açıq-aydın görünürdü ki, ərizəçinin əri ailədaxili zorakılığa meyllidir, buna görə də zorakılığın davam edəcəyini güman etmək olardı. Dövlət orqanları vəziyyət barədə məlumatlı idilər, ərizəçinin anası ölümündən iki həftə əvvəl prokurorluğa məlumat vermişdi ki, həyatı birbaşa təhlükə altındadır və polisin müdaxiləsini tələb etmişdi. Beləliklə, onun ölümü ilə nəticələnmiş hücumun baş verəcəyini öncədən görmək mümkün idi.
b) Dövlət orqanları lazımi tədbirləri görmüşdülərmi? – Burada birinci sual ondan ibarətdir ki, ərizəçi ilə anası şikayət ərizələrini geri götürdükdən sonra ərizəçinin əri barəsində öncə qaldırılmış cinayət işinə xitam verilməsi barədə qərar əsaslı idimi? Avropa Məhkəməsi bu məsələ ilə bağlı iştirakçı dövlətlərin praktikasını nəzərdən keçirdi. O, müəyyən etdi ki, bu məsələdə ümumi konsensus olmasa da, təcrübə göstərir ki, cinayət nə qədər ciddidirsə və ya yeni cinayətlərin törədilməsi təhlükəsi nə qədər çoxdursa, hətta zərərçəkən şikayətini geri götürsə belə, cəmiyyətin maraqları naminə cinayət təqibinin davam etdirilməsi ehtimalı bir o qədər yüksəkdir. Cinayət təqibini davam etdirib-etdirməmək barədə qərar çıxararkən müxtəlif amillər nəzərə alınmalıdır. Onlar cinayətə (onun ağırlığına, zərərçəkənin xəsarətlərinin xarakterinə, silahdan istifadəyə, cinayətin öncədən planlaşdırılmasına), cinayətkara (onun bioqrafiyasına, təkrar cinayət törətməsi təhlükəsinə, əvvəllər zorakılıqlarda iştirakına), zərərçəkənə və potensial zərərçəkənlərə (onların sağlamlığına və təhlükəsizliyinə qarşı təhlükəyə, cinayətin uşaqlara təsirinə, yeni hücumların baş vermə olması ehtimalına) və cinayətkarla zərərçəkən arasındakı qarşılıqlı münasibətlərə (bu münasibətlərin əvvəlki və indiki vəziyyətinə, habelə zərərçəkənin özünün istəyi əleyhinə olaraq münasibətlərin zərərçəkən üçün doğurduğu nəticələrə) aiddir.
Ərizəçinin işində zorakılığın xarakterinə və ölümlə nəticələnə bilən silahın tətbiq edildiyinə baxmayaraq, dövlət orqanları "ailə işi" hesab etdikləri məsələyə müdaxilə etməmək üçün ərizəçinin ərinə qarşı qaldırılmış cinayət işini dəfələrlə xitam etmişdilər və belə görünür ki, şikayət ərizələrinin geri götürülməsinin səbəblərinə diqqət yetirməmişdilər, halbuki ölüm təhdidlərindən xəbərdar idilər. Zərərçəkən şikayətini geri götürdüyü təqdirdə qanunvericilik normalarına əsasən cinayət hərəkətləri ən azı 10 gün davam edən xəstəliklə və ya əmək qabiliyyətini itirməklə nəticələndiyi halda dövlət orqanlarının işin icraatını davam etdirmək imkanına malik olduqları barədə arqumentə gəlincə, bu qanunvericilik bazası dövlətin zərərçəkənləri ailədaxili zorakılıqdan qorumaqdan ibarət pozitiv öhdəliklərindən irəli gələn tələblərə zidd idi. Həmçinin iddia etmək olmazdı ki, cinayət işinin davam etdirilməsi zərərçəkənlərin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmuş olacaq, çünki ərizəçinin anasına qarşı təhlükənin ciddiliyi dövlətin müdaxiləsini zəruri edirdi.
Ərizəçinin anasının həyatına qarşı birbaşa təhlükənin mövcud olduğuna dair hər hansı inandırıcı sübutların olmadığı barədə Hökumətin arqumentinə gəlincə, Məhkəmə qeyd etdi ki, bu işdə iddia etmək olmaz ki, dövlət orqanları ərizəçinin ərinin doğurduğu təhlükəni qiymətləndiriblər və onun həbsdə saxlanılmasını bu qiymətləndirmə əsasında qeyri-mütənasib tədbir hesab ediblər. Görünür, onlar bu məsələləri ümumiyyətlə nəzərdən keçirməyiblər. İstənilən halda, ailədaxili zorakılığa aid işlərdə təqsirləndirilən şəxslərin hüquqları zərərçəkənlərin yaşamaq hüququndan və fiziki və mənəvi toxunulmazlıq hüququndan üstün tutulmalıdır.
Nəhayət, Məhkəmə qeyd etdi ki, dövlət orqanları "Ailənin müdafiəsi haqqında" Qanun (4320 aylı Qanun) əsasında qoruyucu tədbirlər görə, yaxud ərizəçinin ərinin ərizəçinin anası ilə təmasını, ünsiyyətini və ya ona yaxınlaşmasını, yaxud da müəyyən ərazilərə gəlişini qadağan edə bilərdilər. Beləliklə, onlar lazımi səy göstərməmişdilər və müvafiq olaraq, ərizəçinin anasının yaşamaq hüququnu qorumaqdan ibarət pozitiv öhdəliklərini yerinə yetirməmişdilər.
c) Araşdırmanın səmərəliliyi – Qətllə bağlı cinayət prosesi altı ildən artıq davam edib və hökmdən verilmiş şikayətə hələ baxılmayıb. Bunu cinayətkar tərəfindən etiraf edilmiş qəsdən adamöldürmə əməlinə dövlət orqanlarının çevik reaksiyası hesab etmək olmaz.
Beləliklə, ərizəçinin işində cinayət mühakimə icraatı sistemi adekvat çəkindirici təsirə malik deyildi. Vəziyyət dövlət orqanlarının diqqətinə çatdırıldıqdan sonra onlar zərərçəkənlərin fiziki toxunulmazlığına qarşı təhlükələrin gerçəkləşməsinin qarşısını almaq üçün adekvat tədbir görməmələrinə zərərçəkənlərin mövqeyi ilə haqq qazandıra bilməzdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 3: Ərizəçinin ərinin cinayətlərinin ağırlığını nəzərə alsaq, onun hərəkətlərinə dövlət orqanlarının reaksiyası adekvat deyildi. Məhkəmə qərarları nəzərə çarpan preventiv və ya çəkindirici təsirə malik deyildi və hətta müəyyən dərəcədə yüngül qərarlar idi, belə ki, ərizəçinin əri avtomobili zərərçəkənlərin üzərinə sürdüyünə görə çıx qısa müddətə azadlıqdan məhrumetmə cəzası almışdı (sonradan bu cəza cərimə ilə əvəzlənmişdi), daha təəccüblüsü budur ki, o, ərizəçiyə yeddi bıçaq zərbəsi endirdiyinə görə kiçik məbləğdə cərimə cəzası almış və cərimənin ödənişi təxirə salınıb. Bundan başqa, yalnız 1998-ci ildə 4320 saylı Qanun qüvvəyə mindikdən sonra Türkiyə qanunvericiliyində ailədaxili zorakılıqdan müdafiə üçün konkret inzibati və polis tədbirləri nəzərdə tutulub, lakin hətta bundan sonra da mümkün tədbirlər və sanksiyalar ərizəçinin işində faktiki olaraq tətbiq edilməyib. Nəhayət, xüsusi narahatlıq doğuran hal ondan ibarətdir ki, ərizəçiyə qarşı zorakılığın qarşısı alınmayıb və dövlət orqanları hərəkətsiz qalmaqda davam edib. Ərizəçinin yardım üçün müraciətlərinə baxmayaraq, Avropa Şurası onun müdafiəsi üçün görülən tədbirlərə dair məlumat barədə sorğu göndərməyənə qədər heç bir tədbir görülməmişdi. Xülasə, ərizəçinin şəxsi toxunulmazlıq hüququna qarşı keçmiş ərinin törətdiyi pozuntulardan ərizəçini qorumaq üçün dövlət orqanları çəkindirici addımlar formasında qabaqlayıcı müdafiə tədbirləri görməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
2-ci və 3-cü maddələrlə birgə götürülməklə 14-cü maddəyə riayət edilməsi məsələsi – Məhkəmə qeyd etdi ki, dövlətlərin çoxu tərəfindən tanınan beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə əsasən, hətta dövlət qadınları ailədaxili zorakılıqdan qorumaq vəzifəsini bilməyərəkdən yerinə yetirmədikdə belə, onların qanun vasitəsilə bərabər müdafiə hüququnu pozmuş olur. Diyarbəkir Vəkillər Assosiasiyasının və Beynəlxalq Amnistiya Təşkilatının hesabatları (Hökumət bu hesabatlara etiraz etməyib) göstərir ki, ailədaxili zorakılıq qurbanlarının ən çox qeydə alındığı yer Diyarbəkirdir və ərizəçi nəzərdən keçirilən dövrdə məhz orada yaşayırdı. Qurbanların hamısı qadınlardır və böyük əksəriyyəti savadsız və ya təhsil səviyyəsi aşağı olan və adətən hər hansı müstəqil gəlir mənbəyi olmayan kürd mənşəli insanlardır. Hesabatlarda həmçinin qeyd olunurdu ki, dövlət orqanları ailədaxili zorakılığa dözümlülüklə yanaşırlar və mövcud hüquqi müdafiə vasitələrinin işi səmərəli deyil. Polislər şikayətlərə baxmırlar və zərərçəkənləri evə qayıtmağa və şikayətlərini geri götürməyə inandırmağa cəhd edərək vasitəçi rolunu oynamağa çalışırlar. Çox zaman ilkin tədbirlərin tətbiqinə dair icraatlar da gecikir və məhkəmələr bu cür tədbirlərə boşanma aktının bir forması kimi baxır. Ailədaxili zorakılığı törədənlərə ciddi cəzalar təyin olunmur və cəzalar adət, ənənə və ya şərəf mülahizələrinə görə yüngülləşdirilir.
Beləliklə, ailədaxili zorakılıq əsasən qadınlara təsir göstərirdi, məhkəmələrin ayrı-seçkilik xarakteri daşıyan ümumi passivliyi isə Türkiyədə ailədaxili zorakılığa şərait yaradırdı. Buna görə də, ərizəçi ilə anasının məruz qaldığı zorakılığa qadınlara qarşı ayrı-seçkilik kimi baxmaq olar. Son illər Hökumət tərəfindən həyata keçirilən islahatlara baxmayaraq, ərizəçinin işində aşkar edilmiş məhkəmə sisteminin tam etinasızlığı və təcavüzkarların cəzasızlığı göstərdi ki, ailədaxili zorakılığa qarşı müvafiq tədbirlər görmək öhdəliyinə dövlət orqanları tərəfindən yetərincə əməl olunmayıb.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 30.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy