© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
ÜÇÜNCÜ BÖLMƏ
OPUZ TÜRKİYƏYƏ QARŞI
(Şikayət Nº 33401/02)
QƏRAR
STRASBURQ
9 iyun 2009
QƏTİ
09/09/2009
Qərar redaktə xarakterli dəyişikliklərin subyekti ola bilər.
Opuz Türkiyəyə qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:
Josep Kasadevall, Sədr,
Elisabet Fura-Sandström,
Korneliu Bîrsan,
Alvina Gyulumyan,
Egbert Myjer,
Ineta Ziemele,
Işıl Karakaş, hakimlər,
və Santiago Quesada, Bölmə Katibi,
7 oktyabr 2008 və 19 may 2009-cu il tarixlərdə qapalı müşavirə keçirərək,
Son göstərilən tarixdə qəbul olunmuş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Türkiyə vətəndaşı Xanım Nahidə Opuz (“ərizəçi”) tərəfindən 15 iyul 2002-ci il tarixdə Məhkəməyə təqdim edilmiş Türkiyə Cümhuriyyətinə qarşı şikayət (Nº 33401/02) əsasında başlanıb.
2. Ərizəçini Diyarbəkirdə vəkillik fəaliyyəti ilə məşğul olan Cənab M. Beştaş təmsil edib. Türkiyə hökumətini (“Hökumət”) öz nümayəndəsi təmsil edib.
3. Ərizəçi xüsusilə Dövlət orqanlarının onu və anasını məişət zorakılığından qorumadığını və bunun da anasının ölümünə və özünün də pis rəftara məruz qalmasına səbəb olduğunu iddia etdi.
4. 28 noyabr 2006-cı il tarixdə Məhkəmə Hökuməti ərizə barədə məlumatlandırmaq qərarına gəldi. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsaslanaraq Məhkəmə, şikayətin mahiyyətini qəbuledilənliklə eyni zamanda araşdırmaq qərarına gəldi.
5. Üçüncü tərəf kimi prosesə müdaxilə etməsinə Sədr tərəfindən icazə verilən (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü Qaydasının 2-ci bəndinə əsasən) “İnterayts” (Interights) təşkilatının şərhləri qəbul edilib. Hökumət həmin şərhlərə cavab verib (44-cü Qaydanın 5-ci bəndi).
6. 7 oktyabr 2008-ci il tarixdə Strasburqda İnsan Hüquqları Binasında işə qəbuledilənlik və mahiyyət üzrə açıq baxış keçirildi (Məhkəmə Reqlamentinin 59-cu Qaydasının 3-cü bəndi).
Məhkəmə qarşısına çıxdılar:
(a) cavabdeh hökumətin adından
Deniz Akçay, Vəkil,
Esra Demir,
Zeynep Gökşen Acar,
Gürçay Şeker,
Gülsün Büker,
Elif Ercan,
Murat Yardımcı, Məsləhətçilər;
(b) ərizəçinin adından
Mesut Beştaş,
Arzu Başer, Vəkillər;
(c) Müdaxilə edən “İnterayts” (Interights) Təşkilatının adından
Andrea Kuber, Baş Vəkil,
Doina Iona Straisteanu, Vəkil.
Məhkəməyə Xanım Akçay, Cənab Beştaş ve Xanım Kumber xitab ediblər.
FAKTLAR
I. İŞİN HALLARI
7. Ərizəçi 1972-ci ildə doğulub və Diyarbəkirdə yaşayır.
8. Ərizəçinin anası, A.O. ilə dini nikahla evlənib. 1990-cı ildə ərizəçi və A.O.-nun oğlu olan H.O. münasibət quraraq birlikdə yaşamağa başlayıblar. Onlar 12 noyabr 1995-ci ildə rəsmi qaydada evləniblər. 1993, 1994 və 1996-cı illərdə onların üç uşağı dünyaya gəlib. Ərizəçi və H.O. münasibətlərinin ilk günlərindən bəri ciddi mübahisələr yaşayıblar. Hökumət aşağıda vurğulanan faktlara qarşı çıxmayıb.
1. Ərizəçiyə və onun anasına H.O. və A.O. tərəfindən ilkin zorakılıq
9. 10 aprel 1995-ci il tarixdə ərizəçi və anası H.O. və A.O.-nun onlardan pul istədiyini, onları döydüyünü və öldürməklə hədələdiyini iddia edərək Diyarbəkir Prokurorluğuna şikayət etdilər. Bundan başqa, onlar iddia etdilər ki, H.O. və onun atası evə başqa kişilər gətirmək istəyiblər.
10. Elə həmin gün, ərizəçi və anası həkim tərəfindən tibbi müayinə olunublar. Ərizəçilə bağlı tibbi rəydə, onun bədənində qançırlar olduğu, sol qaşında ekimoz və şiş və boynunda dırnaq izlərinin olduğu qeyd olunub. Ərizəçinin anasına aid tibbi rəydə də bədənində qançırların və şişlərin olduğu qeyd olunub. 20 aprel 1995-ci il tarixdə yekun rəy çıxarılıb və həmin rəy ilkin rəyi təsdiq edərək bildirib ki, sözügedən zədələr həm ərizəçinin, həm də anasının beş gün ərzində iş qabiliyyətlərini itirmələrinə səbəb olub.
11. 25 aprel 1995-ci ildə prokuror H.O. və A.O.-nun barəsində ölümlə hədələmə və sağlamlığa ziyan vurma maddəsilə ittiham irəli sürüb. 15 iyun 1995-ci il tarixdə Diyarbəkir 1-ci Cinayət Məhkəməsi (Diyarbakır 1. Sulh Ceza Mahkemesi) ərizəçinin və anasının şikayətlərini geri götürmələri səbəbiylə işə baxılmasını dayandırıb və beləliklə də Cinayət Məcəlləsinin 456-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq işə xitam verib.
12. 11 sentyabr 1995-ci ildə Diyarbəkir 2-ci Cinayət Məhkəməsi (2. Sulh Ceza Mahkemesi) də sübutların yetərsiz olması səbəbiylə, ölümlə hədəmə maddəsilə bağlı təqsirləndirilən şəxslərə bəraət verib və eyni işə daha əvvəl Diyarbəkir 1-ci Cinayət Məhkəməsində (1. Sulh Ceza Mahkemesi) baxılmış olmasına istinad edərək zorakılıq işinə baxılmasını dayandırıb.
2. Ərizəçiyə qarşı H.O. tərəfindən ikinci zorakılıq
13. 11 aprel 1996-cı il tarixdə H.O. mübahisə zəminində ərizəçini çox pis şəkildə döyüb. Bu hadisə ilə bağlı verilən tibbi rəydə ərizəçinin sağ gözündə səthi qanama, sol qulağında qanama, sol çiynində ekimoz və kürək ağrısı təsbit edilib. Rəydə yekun olaraq belə qərara gəlinib ki, ərizəçinin yaraları onun həyatı üçün təhlükə yaradacaq qədər ciddi olub. Həmin tarixdə prokurorun tələbinə uyğun olaraq və tək hakimin qərarı ilə H.O. həbs edilib.
14. 12 aprel 1996-cı il tarixdə prokuror H.O.-nu Cinayət Məcəlləsinin 456-cı maddəsinin 2-ci bəndi və 457-ci maddəsinin 1-ci bəndinə əsasən sağlamlığa ağır ziyan vurma maddəsilə təqsirli bilərək ittiham aktını Diyarbəkir Cinayət Məhkəməsinə təqdim edib.
15. 15 aprel 1996-cı il tarixdə H.O. 1-ci Cinayət Məhkəməsinin (1. Sulh Ceza Mahkemesi) Sədrinə ərizə ilə müraciət edərək məhkəmədə işə baxılması müddətində azad edilməsini xahiş edib. O izah edib ki, arvadı ilə mübahisə zamanı bərk əsəbiləşərək ona iki və ya üç sillə vurub. Daha sonra isə xəstəxanada işləyən qaynanası, arvadı üçün tibbi rəy alıb ki, bu rəy də onun əsassız olaraq həbs olunmasına səbəb olub. H.O. ailəsini və işini itirmək istəmədiyini və arvadını döydüyünə görə peşman olduğunu bildirib.
16. 16 aprel 1996-cı il tarixdə 2-ci Cinayət Məhkəməsi (2. Sulh Ceza Mahkemesi) H.O.-nun məhkəmə prosesi müddətində azad edilməsi barədə müraciətini rədd edib və onun məhkəmədə işə baxılması müddətində həbsdə saxlanması barədə qərar verib.
17. 14 may 1996-cı il tarixli prosesdə ərizəçi şikayətini təkrarən irəli sürüb. Prokuror cinayətin xarakterini və ərizəçinin sağlamlıq durumunun tam bərpa olunması faktını nəzərə alaraq H.O.-nun işə məhkəmədə baxılması müddətində azad edilməsini xahiş edib. Nəticədə məhkəmə H.O.-nu azad edib.
18. 13 iyun 1996-cı il tarixli prosesdə ərizəçi əri ilə barışdığını bildirərək şikayətini geri götürüb.
19. 18 iyul 1996-cı ildə məhkəmə bu cinayətin Cinayət Məcəlləsinin 456-cı maddəsinin 4-cü bəndinin altına düşdüyünü, yəni prosesin davam etdirilməsi üçün ərizəçinin şikayətinin tələb olunduğunu müəyyən edib. Buna görə də ərizəçinin şikayətini geri götürməsi səbəbilə işə xitam verib.
3. Ərizəçiyə və anasına qarşı H.O. tərəfindən törədilən üçüncü zorakılıq
20. 5 fevral 1998-ci il tarixdə ərizəçi, anası, bacısı və H.O. arasında münaqişə baş verib və bu münaqişə sırasında H.O. ərizəçiyə bıçaq çəkib. H.O., ərizəçi və anası yaralanıblar. Tibbi rəy iş qabiliyyətinin müvafiq olaraq yeddi, üç və beş günlük müddətə itirilməsinə səbəb olan zədələrin olmasını təsbit edib.
21. 6 mart 1998-ci il tarixdə prokuror bu hadisə ilə bağlı heç kimin barəsində cinayət işi başlamamaq qərarına gəlib. O, bıçaqla hücum etmə ilə bağlı H.O.-nun məsuliyyətə cəlb olunması üçün yetərli sübutun olmadığına və pis rəftar və əmlaka zərər vurma kimi digər halların isə xüsusi hüququn subyekti ola biləcəyinə qərar verib. Beləliklə, bu işin davam etdirilməsi üçün heç bir ictimai marağın olmaması müəyyən edilib.
22. Ərizəçi anası ilə yaşamağa başlayıb.
4. H.O. tərəfindən ərizəçiyə və onun anasına qarşı dördüncü zorakılıq: hədə-qorxu və hücum (maşından istifadə edərək) nəticəsində boşanma prosesinin başlanması
23. 4 mart 1998-ci il tarixdə H.O. avtomobilini ərizəçinin və anasının üstünə sürüb. Ərizəçinin anası həyatı üçün təhlükələr yaradan yaralarla zədələnib. Polis idarəsində H.O. hadisənin sadəcə təsadüfi bir qəza olduğunu bildirib. H.O. iddia edib ki, o, ərizəçini və anasını avtomobilə mindirmək istəyib lakin onlar imtina edərək piyada yeriməyə davam ediblər. Daha sonra isə özlərini avtomobilin altına atıblar. Ərizəçinin anası isə bildirib ki, H.O. onlardan avtomobilə minməyi tələb edib və minməyəcəkləri halda isə onları öldürməklə hədələyib. Onlar isə avtomobilə minmək istəmədiklərini söyləyərək qaçmağa başladıqları zaman H.O. avtomobili ərizəçinin üstünə sürüb və nəticədə ərizəçi yerə yıxılıb. Ərizəçinin anası qızına kömək etməyə cəhd etdikdə isə H.O. avtomobili geri verərək bu dəfə onu ananın üzərinə sürüb. Ərizəçinin anası daha sonra xəstəxanada ayılıb. Ərizəçi polisə verdiyi ifadəsində anasının ifadəsini təsdiq edib və ərinin öz avtomobili ilə onları öldürməyə cəhd etdiyini iddia edib.
24. 5 mart 1998-ci il tarixdə Diyarbəkir Cinayət Məhkəməsinin hakimi H.O.-nun tutulması barədə qərar verib.
25. 19 mart 1998-ci il tarixdə prokuror Diyarbəkir 3-cü Cinayət Məhkəməsində (Diyarbakır 3. Asliye Ceza Mahkemesi) H.O. barəsində ölümlə hədələmə və sağlamlığa ağır ziyan vurma maddəsilə cinayət işi başlayıb. Elə həmin gün Məhkəmə Ekspertizası İnstitutu ərizəçinin dizlərində yaraların olduğunu müəyyən edən tibbi rəy verib. Rəydə həmin yaralar nəticəsində ərizəçinin beş gün ərzində iş qabiliyyətini itirdiyi bildirilib.
26. 20 mart 1998-ci il tarixdə ərizəçi H.O.-dan boşanmaqla bağlı məhkəməyə müraciət edib və bunu davamlı anlaşmazlıqla əsaslandırıb. Ərizəçi, ərinin bir ər və bir ata kimi öz vəzifələrini yerinə yetirmədiyini iddia edib. O bildirib ki, ekspert rəylərindən də göründüyü kimi, əri ona qarşı pis davranıb. Ərizəçi həmçinin, ərinin evə başqa qadınlar da gətirdiyini iddia edib. O, ərinin hədələri və təzyiqləri nəticəsində daha sonra boşanma ərizəsini geri götürdüyünü iddia edib.
27. 2 aprel 1998-ci ildə ərizəçi və anası Diyarbəkir Baş Prokurorluğuna ərizə ilə müraciət edərək H.O. və atasının onları ölümlə hədələdiyini və buna qarşı onların səlahiyyətli hakimiyyət orqanları tərəfindən müdafiə olunmaları üçün tədbirlər görülməsini xahiş ediblər.
28. 2 və 3 aprel 1998-ci il tarixlərdə polis əməkdaşları ərizəçinin, onun anası, qardaşı, qardaşı arvadı və eyni zamanda H.O. və onun atasının ifadələrini alıblar. Ərizəçi və anası, H.O.-nun onları öz avtomobili ilə öldürməyə cəhd etdiyini və ərizəçinin ona geri dönməyəcəyi təqdirdə onları öldürəcəyi ilə hədələdiyini bildiriblər. Onlar qeyd ediblər ki, ərizəçi artıq boşanma ilə bağlı məhkəməyə müraciət edib və o, H.O.-ya geri dönmək və onunla yaşamaq istəməyib. Ərizəçinin qardaşı və qardaşı arvadı, ərizəçinin anasının, onu ərinə geri dönmək fikrindən daşındırdığını və ərizəçiyə H.O. və atası tərəfindən edilən hədələrdən xəbərsiz olduqlarını iddia ediblər. H.O., tək istəyinin ailəsini yenidən bərpa etmək olduğunu, lakin qayınanasının buna mane olduğunu iddia edib. O həmçinin bildirib ki, ərizəçinin qardaşına və ailənin böyüklərinə bu işdə ona kömək etmələri üçün müraciət edib lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb. O, ərizəçini və onun anasını heç vaxt hədələmədiyini, bu iddiaların tamamilə iftira olduğunu iddia edib. H.O.-nun atası isə bildirdi ki, ərizəçinin anası qızını H.O.-dan boşatdıraraq başqa biri ilə evləndirmək istəyib.
29. Diyarbəkir Təhlükəsizlik İdarəsinin Hüquq İşləri Müdiri 3 aprel 1998-ci il tarixli hesabatla Diyarbəkir Baş Prokurorluğuna ərizəçi və onun anası tərəfindən irəli sürülən iddialarla bağlı araşdırmaların nəticəsini bildirib. O, ərizəçinin ərini tərk edərək anası ilə birlikdə yaşamağa başladığını diqqətə çatdırıb. H.O.-nun arvadının dönməsilə bağlı mütəmadi xahişləri ərizəçinin anası tərəfindən rədd edilib, ərizəçinin anası onu təhqir edib və H.O.-nun onu öldürməklə hədələdiyini iddia edib. H.O. qayınanasının üstünə avtomobil sürdüyünə görə 25 gün həbsdə saxlanılıb, azad edildikdən sonra isə bir sıra vasitəçilərdən xahiş edərək arvadını evə geri dönməyə razı salmaq üçün ona yardım etmələrini istəyib. Lakin, ərizəçinin anası onun geri dönməsinə icazə verməyib. Hər iki tərəf bir-birini təhdid edib. Bundan başqa, ana qızını keçmiş ərindən qisas almaq məqsədilə ayırmaq istəyib, ona davamlı iftiralar atıb və bununla da təhlükəsizlik orqanlarının da “boş-boşuna vaxtını alıb”.
30. 14 aprel 1998-ci il tarixdə Diyarbəkir Baş Prokuroru H.O. və atası A.O. barəsində ittiham irəli sürərək onları Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndini pozaraq ərizəçini və onun anasını ölümlə hədələməkdə təqsirli bilib.
31. 30 aprel 1998-ci il tarixdə Diyarbəkir Cinayət Məhkəməsi, məhkəmə araşdırmasının davam etdiyi müddətdə H.O.-nu azad edib. Daha sonra isə işə baxmaq səlahiyyətinin olmadığını bəyan edərək işi baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Diyarbəkir Məhkəməsinə göndərib.
32. 11 may 1998-ci il tarixdə Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmə cinayəti adam öldürməyə cəhd kimi təsnifləndirib. 9 iyul 1998-ci il tarixli proses zamanı H.O. sözügedən hadisənin təsadüfi bir qəza olduğunu, avtomobilin qapısının açıq olduğunu və onun avtomobili hərəkətə gətirdiyi zaman şikayətçilərə təsadüfən toxunduğunu təkrarlayıb. Ərizəçi və anası H.O.-nun ifadəsini təsdiq edərək prosesin davam etdirilməsini istəmədiklərini bildiriblər.
33. 23 iyun 1998-ci il tarixdə Ağır Cinayətlərə dair İşlər üzrə Diyarbəkir Məhkəməsi sübutların yetərsizliyi səbəbilə H.O. və atası haqqında bəraət qərarı çıxarıb. Məhkəmə bildirib ki, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər və şikayətçilər isə şikayətlərini geri götürüblər. Ərizəçi yenidən H.O. ilə birlikdə yaşamağa başlayıb.
34. 9 iyul 1998-ci il tarixdə ərizəçinin anası bir daha tibbi müayinədən keçib və bu dəfə həyatı üçün təhlükə yaratmayan lakin 25 gün ərzində iş qabiliyyətini itirməsinə səbəb olan yaraları təsbit olunub.
35. 8 oktyabr 1998-ci il tarixdə ərizəçi və anası şikayətlərini geri götürüblər. Onlar bildiriblər ki, avtomobilin qapısı açıq olub və H.O. onlara təsadüfən toxunub. H.O. haqqında şikayətləri ilə bağlı dindirildikləri zaman isə ərizəçi və anası qeyd ediblər ki, H.O. ilə dalaşıblar və ona qarşı bu ittihamı ona çox əsəbi olduqları üçün irəli sürüblər.
36. 17 noyabr 1998-ci il tarixdə Ağır Cinayətlərə dair İşlər üzrə Diyarbəkir Məhkəməsi, ərizəçinin şikayətini geri götürməsi səbəbilə ona qarşı baş vermiş zorakılıqla bağlı cinayət işinin davam etdirilməməsinə qərar veriblər. Lakin buna baxmayaraq, məhkəmə qərara gəlib ki, ərizəçinin anasının öz şikayətini geri götürməsinə rəğmən, onun yaralarının daha ağır olması səbəbilə H.O. yenə də ona qarşı irəli sürülən ittihamda təqsirli bilinsin. Nəticədə, H.O.-nu üç ay müddətinə azadlıqdan məhrum etmə və cərimə cəzasına məhkum edib və sonradan isə həbs cəzasını cərimə ilə əvəz edib.
5. H.O. tərəfindən ərizəçiyə qarşı onun sağlamlığına ağır ziyan vuran beşinci hücum
37. 29 oktyabr 2001-ci il tarixdə ərizəçi anasına baş çəkməyə gedib. Həmin gün ərzində H.O. ərizəçiyə zəng edərək evə qayıtmağını söyləyib. Ərinin ona qarşı yenidən zorakılıq tətbiq edəcəyindən narahat olan ərizəçi anasına “bu adam məni tikə-tikə doğrayacaq” deyib. Ərizəçinin anası ona uşaqlarını da götürüb evə qayıtmasını tövsiyə edib. Təqribən qırx beş dəqiqə sonra uşaqlardan biri geri qayıdaraq atasının anasını bıçaqlayaraq öldürdüyünü deyib. Ərizəçinin anası tələsik ərizəçinin evinə gedib. O, ərizəçinin yerdə qan içərisində uzandığını görüb. Qonşuların köməyilə o, ərizəçini taksi ilə Diyarbəkir Dövlət Xəstəxanasına çatdırıb. Xəstəxananın səlahiyyətli əməkdaşları ərizəçinin vəziyyətinin ciddi olduğunu bildirərək onu daha yaxşı təchiz olunmuş xəstəxana olan Diclə Universiteti Xəstəxanasına nəql ediblər. Ərizəçinin barəsində verilən tibbi rəydə bədəninin müxtəlif yerlərində yeddi bıçaq yarasının aşkar edildiyi göstərilib. Lakin həmin yaralar həyati təhlükə xarakterli yaralar kimi təsnifləndirilməyib.
38. Həmin gün gecə saat 11.30 radələrində H.O. polisə təslim olub. Polis onun hadisə zamanı istifadə etdiyi bıçağı müsadirə edib. H.O., axşam saat 6.00-da evə qayıtdığı zaman arvadının və uşaqlarının hələ də evə dönmədiklərini bildirib və onlara zəng edərək evə qayıtmalarını tələb edib. Evə qayıtdıqları zaman o, ərizəçidən “Niyə çöllərdə gəzirsən? Niyə mənə yemək bişirməmisən?” deyə soruşub. Ərizəçi isə, “Biz anamgildə yemişik” deyə cavab verərək ona bir qab meyvə gətirib. Onlar mübahisə etməyə davam ediblər. H.O.: “Niyə anangilə belə tez-tez gedirsən? Ora bu qədər tez-tez getmə, evdə otur uşaqlarına bax!” deyir. Mübahisə kəskinləşib. Bir müddətdən sonra ərizəçi H.O.-nun üzərinə çəngəllə hücum edib. Onlar dalaşmağa başlayırlar və bu münaqişə əsnasında H.O. özünə nəzarəti itirərək meyvə bıçağı ilə ərizəçini bıçaqlayıb; o, neçə dəfə bıçaqladığını xatırlamır. Ərizəçi, arvadının fiziki olaraq özündən daha iri olduğuna və o, birinci hücum etdiyinə görə özünü qorumaq məcburiyyəti qarşısında qaldığını bildirib. O, həmçinin qeyd edib ki, arvadı pis insan olmayıb və iki il öncəyə qədər birlikdə sülh içərisində yaşayıblar. Lakin ərizəçinin anası evliliklərinə qarışmağa başladıqdan bəri aralarında münaqişələr başlayıb. H.O. etdiklərinə görə peşman olduğunu bildirib. İfadəsi alındıqdan sonra isə sərbəst buraxılıb.
39. 31 oktyabr 2001-ci il tarixdə ərizəçinin anasının vəkili Diyarbəkir Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Vəkil şikayətində bildirib ki, ərizəçinin anası ona, H.O.-nun qızını beş il öncə çox pis şəkildə döydüyünü və bu hadisədən sonra tutulduğunu deyib. Lakin o, ilk prosesdən sonra azad edilib. O bildirib ki, müdafiə etdiyi şəxs və ərizəçi, H.O.-nun mütəmadi ölüm hədələri və təzyiqləri ucbatından şikayətlərini geri götürməyə məcbur olublar. O həmçinin H.O.-nun qadın alverilə məşğul olması barədə söz-söhbətlər olduğunu da qeyd edib. Sonda, o, 4 mart 1998-ci il tarixli hadisəyə (yuxarıda qeyd olunub) istinad edərək bu ciddi hadisədən sonra H.O.-nun azad edilməsinin mənəvi baxımdan yolverilməz olduğunu bildirərək onun yenidən tutulmasını tələb edib.
40. 2 noyabr 2001-ci il tarixdə ərizəçinin vəkili Baş Prokurorluğa Diclə Tibb Fakültəsi Xəstəxanasının verdiyi tibbi rəyə etiraz edib. Sözügedən rəydə ərizəçinin yaralarının həyati təhlükə yaratmadığı nəticəsinə gəlinmişdi. Vəkil yenidən tibbi müayinənin həyata keçirilməsini tələb edib.
41. 9 noyabr 2001-ci il tarixdə ərizəçi Diyarbəkir Baş Prokurorluğuna ərizə ilə müraciət edərək H.O.-nun aralarında baş verən münaqişə zamanı onu bir neçə dəfə bıçaqladığı barədə şikayət edib. O, prokurordan onu yeni tibbi müayinədən keçmək üçün Tibbi Ekspertiza İnstitutuna göndərməsini xahiş edib.
42. 8 noyabr 2001-ci il tarixdə ərizəçi prokurorun təlimatına uyğun olaraq Diyarbəkir Tibbi Ekspertiza İnstitutunda yenidən tibbi müayinədən keçib. Tibbi Ekspertizanı həyata keçirən həkim ərizəçinin sol biləyində bir bıçaq yarası (3 sm uzunluqda), sol ombasında bıçaq yarası (5 sm dərinlikdə), sol ombasında 2 sm dərinliyində başqa bir bıçaq yarası, və sol dizinin üstündə bıçaq yarası təsbit edib. Tibbi rəyə əsasən, bu yaralar həyati təhlükəli olmayıb amma yeddi gün ərzində ərizəçinin iş qabiliyyətini itirməsinə səbəb olub.
43. 12 dekabr 2001-ci il tarixdə prokuror, Diyarbəkir Cinayət Məhkəməsinə (Diyarbakır Sulh Ceza Mahkemesi) H.O.-nu, Cinayət Məcəlləsinin 456-cı maddəsinin 4-cü bəndi və 457-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş bıçaqla yaralama cinayətində təqsirli bilən ittiham aktı təqdim edib.
44. 23 may 2002-ci il tarixdə Diyarbəkir 2-ci Cinayət Məhkəməsi (Diyarbakır 2. Sulh Ceza Mahkemesi) H.O.-ya ərizəçini bıçaqladığına görə 839,957,040 Türk lirası məbləğində cərimə cəzası təyin edib. Qərara əsasən o, cəriməni 8 ay müddətində hissə-hissə ödəyə bilərdi.
6. H.O.-nun ərizəçini hədələdiyi altıncı hadisə
45. 14 noyabr 2001-ci il tarixdə ərizəçi Diyarbəkir Prokurorluğuna cinayət barədə şikayət edərək H.O.-nun onu hədələdiyini bildirib.
46. 11 mart 2002-ci il tarixdə prokuror H.O. barəsində cinayət işi başlanması üçün ərizəçinin iddialarından başqa heç bir sübut olmadığına qərar verib.
7. Ərizəçinin anası H.O. və A.O.-nun onu ölümlə hədələdiyi barədə prokurorluğa şikayət edib
47. 19 noyabr 2001-ci il tarixdə ərizəçinin anası prokurorluğa şikayət edib. Şikayətdə o, H.O. və A.O. və onların qohumlarının onu və qızını davamlı şəkildə hədələdiyini bildirib. O xüsusilə bildirdi ki, H.O. ərizəçinin anasını “səni, uşaqlarını və bütün ailəni öldürəcəyəm” deyərək hədələyib. Bundan başqa, onu təqib etməklə və bıçaq və silah gəzdirdiyini nümayiş etdirərək evinin ətrafında dolaşmaqla onun şəxsi həyatını məhdudlaşdırıb. O bəyan edib ki, özünün və ya ailəsinin başına bir iş gəldiyi təqdirdə buna H.O. məsuliyyət daşıyır. Ərizəçinin anası həmçinin ərizəçinin H.O. tərəfindən bıçaqlandığı 29 oktyabr 2001-ci il tarixli hadisələrə də (yuxarıda qeyd olunub) istinad edib. Bu şikayətə cavab olaraq, prokuror 22 noyabr 2001-ci il tarixdə Diyarbəkir Təhlükəsizlik İdarəsinə məktubla müraciət edərək şikayətçidən və H.O.-dan ifadə almalarını və ona araşdırma barədə məlumat verilməsini xahiş edib.
48. Həmin ərəfədə, 14 dekabr 2001-ci il tarixdə ərizəçi Diyarbəkir Mülki Məhkəməsinə (Diyarbakır Asliye Hukuk Mahkemesi) boşanma ərizəsi ilə müraciət edib.
49. 23 dekabr 2001-ci il tarixdə polis ərizəçinin anasının iddiaları ilə bağlı H.O.-dan ifadə alıb. H.O., əleyhinə olan iddiaları rədd edib və evliliyinə müdaxilə edən və arvadını əxlaqsız yola sövq edən qayınanasının ona qarşı hədələr ünvanladığını iddia edib. Polis, 5 yanvar 2002-ci ildə yenidən ərizəçinin anasından ifadə alıb. O, H.O.-nun hər gün onun qapısına qədər gəldiyini, bıçaq və ya silah göstərərək onu, qızını və nəvələrini hədələdiyini iddia edib.
50. 10 yanvar 2002-ci il tarixdə H.O. Cinayət Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş ölümlə hədələmə cinayətinə görə məsuliyyətə cəlb olunub.
51. 27 fevral 2002-ci il tarixdə ərizəçinin anası Diyarbəkir Prokurorluğuna başqa bir ərizə ilə müraciət edib. O bildirib ki, H.O.-nun hədələri artıb. Ərizəçinin anası, H.O.-nun öz dostları ilə birlikdə ərizəçinin anasını təqib etdiyini, onu hədələdiyini, zəng edib ünvanına söyüşlər yağdırdığını bildirib. Həmçinin bildirib ki, həyatı ciddi təhlükə altındadır və polisdən onun telefonunu dinləməsini və H.O.-ya qarşı hərəkətə keçməsini xahiş edib. Elə həmin tarixdə Prokurorluq, Diyarbəkir Türk Telekom İdarəsindən növbəti ay ərzində ananın telefon xəttinə zəng edəcək bütün nömrələrin siyahısını prokurorluğa təqdim etməsini tələb edib. Telekom İdarəsindən bir xəbər çıxmayınca prokuror, 3 aprel 2002-ci ildə yenidən həmin tələblə müraciət edib.
52. 16 aprel 2002-ci il tarixdə Diyarbəkir Cünayət Məhkəməsi (Diyarbakır Sulh Ceza Mahkemesi) H.O.-nu qayınanasına bıçaqla hücum etməsilə bağlı dindirib. H.O. polisə verdiyi ifadəni təkrarlayıb və əlavə olaraq bildirib ki, ərizəçinin anası əxlaqsız bir həyat tərzi yaşayır və buna gərə də həyat yoldaşının onun evinə getməsini istəməyib.
8. Ərizəçinin anasının H.O. tərəfindən qətlə yetirilməsi
53. 29 oktyabr 2001-ci il tarixdən başlayaraq ərizəçi anası ilə birgə yaşamağa başlayıb.
54. Dəqiq bilinməyən bir tarixdə ərizəçinin anası əşyalarını İzmirə daşımaq üçün bir nəqliyyat şirkəti ilə razılaşır. Bunu eşidən H.O.-nun, “Hara gedirsən get, səni tapıb öldürəcəm” dediyi iddia olunur. Bütün hədələrə rəğmən, 11 mart 2002-ci il tarixdə əşyalar nəqliyyat şirkətinə məxsus yük maşınına yüklənib. Nəqliyyat şirkətinin yük maşını nəqliyyat mərkəzi ilə ev arasında iki tur edib. Üçüncü dəfə, ərizəçinin anası yük maşınının sürücüsündən onu da nəqliyyat mərkəzinə aparmağı xahiş edib. O, ön oturacaqda, sürücünün yanında oturub. Yolda bir taksi yük maşınının önünə keçərək siqnal verməyə başlayıb. Taksi sürücüsünün ünvan soruşmaq istədiyini zənn edən yük maşınının sürücüsü maşını saxlayıb. H.O. taksidən enib. Ərizəçinin anasının oturduğu tərəfdən ön qapını açıb və bağıraraq “Əşyaları hara aparırsan?” kimi bir şeylər deyib və ananı güllələyib. Ərizəçinin anası elə həmin dəqiqə də ölüb.
9. H.O.-ya qarşı cinayət işi
55. 13 mart 2002-ci il tarixdə Diyarbəkir Prokuroru, H.O.-nu Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayətində təqsirli bilərək ittiham aktını Ağır Cinayətlərə dair İşlər üzrə Diyarbəkir Məhkəməsinə təqdim edib.
56. Polisə, prokurora və məhkəməyə verdiyi ifadələrdə H.O., ərizəçinin anasını öldürmə səbəbinin qayınanasının həyat yoldaşını da özü kimi əxlaqsız yola sövq etməsi və həyat yoldaşını və uşaqlarını ondan uzaqlaşdırması olduğunu iddia edib. H.O. bundan başqa bildirib ki, hadisə günü mərhumədən əşyaları hara apardığını və həyat yoldaşının harda olduğunu soruşduqda mərhumə ona “S....r burdan, arvadını aparıb satacam” deyərək cavab verib. O, qeyd edib ki, nəticədə əsəbdən sarsılıb və namusunu və uşaqlarını qorumaq üçün qayınanasını vurub.
57. Ağır Cinayətlərə dair İşlər üzrə Diyarbəkir Məhkəməsi 26 mart 2008-ci il tarixli qərarı ilə H.O.-nu adam öldürmə və qanunsuz silah gəzdirmə maddəsilə məhkum edərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Lakin, məhkəmə təqsirləndirilən şəxsin bu cinayəti mərhumənin təhrikləri nəticəsində törətdiyini və məhkəmə araşdırması boyunca özünü yaxşı aparması faktını nəzərə alaraq ilkin cəzanı 15 il 10 ay və 180 yeni Türk lirəsi ilə əvəzlədi. Məhkəmə araşdırması boyunca şəxsin həbsdə olması müddətini və qərarın apellyasiya məhkəməsində baxılacağı halını nəzərə alaraq məhkəmə H.O.-nu azad etmək barədə qərar verdi.
58. Apellyasiya qaydasında şikayət hələ də Kassasiya Məhkəməsindədir.
10. H.O.-nun azad edilməsindən sonra baş verən son hadisələr
59. Ərizəçi, 15 aprel 2008-ci il tarixdə Diyarbəkir Baş Prokurorluğuna təqdim edilmək üçün İzmir Kemalpaşa Baş Prokurorluğuna cinayət qaydasında şikayət edərək həyatının səlahiyyətli orqanlar tərəfindən qorunması üçün zəruri tədbirlərin görülməsini xahiş edib. O, keçmiş ərinin[1]həbsxanadan çıxdığını və aprel ayının əvvəllərində ərizəçinin Diyarbəkirdə bir inşaatda çalışan sevgilisi M.M.-i görməyə gedərək ondan ərizəçinin yerini soruşduğunu bildirib. M.M. ərizəçinin ünvanını verməkdən boyun qaçırdıqda H.O. M.M.-i onu da, ərizəçini də öldürəcəyi ilə hədələyib. Ərizəçi, H.O.-nun artıq onun anasını öldürdüyünü və onu da öldürməkdən çəkinməyəcəyini iddia edib. O, bildirib ki, H.O.-nun onu tapa bilməməsi üçün mütəmadi olaraq ünvanını dəyişdirib. Sonda, şikayət ərizəsində qeyd olunan ünvanını və sevgilisinin adının gizli saxlanmasını və özünün və ya qohumlarının başına pis bir iş gələrsə H.O.-nu məsuliyyətə cəlb etmələrini xahiş edib.
60. 14 may 2008-ci il tarixdə ərizəçinin nümayəndəsi Məhkəməyə müraciət edərək ərizəçinin ərinin həbsxanadan çıxması və yenidən ərizəçini təhdid etməyə başladığını bildirib. Nümayəndə, ərizəçinin tələbinə rəğmən tədbirin alınmamasından şikayətlənib. Buna görə də Məhkəmədən xahiş edib ki, Hökumətdən ərizəçini yetərli müdafiə ilə təmin etməyi tələb etsin.
61. 16 may 2008-ci il tarixdə Məhkəmə katibliyi məktubla Hökumətə müraciət edərək səlahiyyətli orqanlar tərəfindən tədbirlər görülməsi və bu tədbirlər barədə Məhkəməni məlumatlandırması barədə müraciət edib.
62. 26 may 2008-ci il tarixdə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və Əlaqələr Şöbəsinin Müdiri ərizəçinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətlərlə bağlı Diyarbəkir Baş Prokurorluğuna faks vasitəsilə məktub göndərib. Baş Prokurorluğu ərizəçinin Məhkəməyə təqdim etdiyi şikayətlə bağlı məlumatlandıraraq H.O.-ya verilən cəzanın icrası, ərizəçinin İzmir Kamalpaşa Baş Prokurorluğuna verdiyi şikayətə baxılmasınınn hansı vəziyyətdə olması və ərizəçinin həyatının qorunması üçün görülən tədbirlər haqqında məlumat istəyib.
63. Elə həmin tarixdə Diyarbəkir Prokurorluğunun bir prokuroru Diyarbəkir İcra Hakimiyyətinə müraciət edərək ərizəçinin mühafizə olunması istiqamətində lazımi tədbirlərin görünməsini xahiş edib.
64. Diyarbəkir Baş Prokurorluğundan Diyarbəkirdəki Şəhidlər Mərkəzi Polis İdarəsinə göndərilən 28 may 2008-ci il tarixli məktubla Prokuror (A.E.) polisdən, dindirmə ilə əlaqədar olaraq H.O.-nu prokurorluğa çağırmağı xahiş edib.
65. 29 may 2008-ci il tarixdə A.E. ərizəçi tərəfindən təqdim olunan şikayətlə əlaqədar olaraq H.O.-nu dindirib. H.O. ərizəçini hədələməklə bağlı ona qarşı yönələn iddiaları rədd edərək bildirib ki, ərizəçi onun həbsxanadan çıxmasından sonra onu narahat etmək məqsədilə bu cür iddialara əl atıb. O bildirib ki, ərizəçi ilə heç bir düşmənçiliyi yoxdur və özünü ailəsinə və uşaqlarına həsr edib.
66. 3 iyun 2008-ci ildə A.E. ərizəçinin sevgilisi olan M.M.-in ifadəsini alıb. M.M. bildirib ki, H.O. ona zəng edərək ərizəçinin ünvanını istəyib və ona ərizəçini öldürəcəyini deyib. M.M. H.O. ilə görüşməyib və ondan şikayət etməyib. Lakin buna baxmayaraq, M.M. ərizəçini H.O. tərəfindən edilən hədələr barədə məlumatlandırıb.
67. Hökumət 20 iyun 2008-ci il tarixli məktubla Məhkəməyə, ərizəçinin ərinin hələ cəzasını çəkib bitirmədiyini, lakin işə apellyasiya qaydasında baxılması dövründə qərardan öncə nəzərdə tutulan məhkəməyə qədər saxlama müddətini aşmamaq üçün azad buraxıldığını bildirib. Bundan başqa, bildiriblər ki, yerli İcra Hakimiyyəti orqanı və Baş Prokurorluq ərizəçinin şikayəti barədə məlumatlandırılıb və ərizəçini mühafizə etmək üçün zəruri tədbirlərin görülməsi barədə təlimat verilib.
68. Son olaraq 14 noyabr 2008-ci il tarixdə ərizəçinin hüquqi nümayəndəsi Məhkəməyə müraciət edərək bildirib ki, səlahiyyətli hakimiyyət orqanlarının hələ də ərizəçini ərindən mühafizə etmək üçün heç bir tədbir görmədikləri üçün onun həyatı ciddi təhlükə altındadır. Məhkəmənin Katibliyi elə həmin gün məktubu Hökumətə təqdim edərək onları, ərizəçini qorumaq üçün görülən tədbirlər barədə Məhkəməni məlumatlandırmağa çağırıb.
69. 21 noyabr 2008-ci il tarixdə Hökumət Məhkəməyə bildirib ki, polis orqanları ərizəçini keçmiş ərindən qorumaq üçün xüsusi tədbirlər görüblər. Xüsusilə, ərizəçinin ərinin şəkli və barmaq izləri ərazidəki polis idarələrinə paylanıb ki, H.O. ərizəçinin yaşadığı əraziyə yaxınlaşdığı təqdirdə onu yaxalamaq mümkün olsun. Polis iddialarla bağlı ərizəçinin ifadəsini alıb. Ərizəçi bildirib ki, keçmiş bir ay yarım ərzində əri tərəfindən hədələnməyib.
II. MÜVAFİQ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Yerli qanunvericilik və təcrübə
70. İş üzrə məhkəmə orqanlarının istinad etdiyi müvafiq yerli qanunvericilik normaları aşağıda göstərilir:
1. Cinayət Məcəlləsi
Maddə 188
“Bir şəxs digər şəxsi bir şeyi etməyə və ya etməməyə və ya bir şeyi etmək üçün icazə verməyə məcbur etmək üçün həmin şəxsə zor tətbiq edər və ya onu hədələyərsə... altı aydan bir ilə qədər müddətə həbs və min liradan üç min liraya qədər ağır cərimə cəzası ilə cəzalandırılır...”
Maddə 191 § 1
“Bir şəxs qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər şəxsi ağır və haqsız ziyan vuracağı ilə hədələyərsə altı aya qədər həbs cəzasına məhkum olunur”
Maddə 449
“Adam öldürmə cinayəti:
a. Arvad, ər, qardaş, bacı, atalıq, analıq, övladlıq, ögey ana, ögey ata, ögey övlad, qayınata, qaynana, qayın və ya baldıza qarşı törədilərsə... cinayəti törətmiş şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunur.”
Maddə 456 § 1, 2 və 4
“Digər şəxsə fiziki əzab verən və ya onun səhhətinə ziyan vuran və ya əqli ziyana səbəb olan lakin qətl məqsədi olmayan şəxs altı aydan bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunur.
Törədilmiş hərəkət qurbanın həyatı üçün təhlükə yarada biləndirsə və ya qurbanın orqanlarında və ya hissiyyatında daimi zəifliyə səbəb olarsa və ya nitqində və ya üzündə daimi qüsura səbəb olarsa, yaxud iyirmi gün və ya daha çox müddət ərzində şəxsin fiziki və ya əqli xəstəliyinə səbəb olarsa və ya elə həmin müddət ərzində [qurbanın] öz daimi işini davam etdirməsinə mane olarsa, əməli törətmiş şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum edilir.
...
“Əgər əməl xəstəliyə səbəb olmayıbsa və ya [qurbanın] öz daimi işini davam etdirməsinə mane olmayıbsa, yaxud bu vəziyyət on gündən artıq müddətə davam etməyibsə, ziyan dəymiş şəxsin şikayət etməsi şərtilə əməli törədən şəxs iki aydan altı ayadək müddətə azadlıqdan məhrum etmə və ya on iki mindən yüz əlli minədək Türk lirası məbləğində ağır cərimə cəzasına məhkum edilir...”
Maddə 457
“Əgər 456-cı maddədə qeyd olunan əməllər 449-cu maddədə qeyd olunan şəxslərə qarşı törədilərsə və ya əməl gizli və ya açıq silahla və ya kimyəvi maddə vasitəsilə törədilərsə, o zaman cəzanın müddəti əsas cəzanın üçdə birindən yarısına qədər artırılır.”
Maddə 460
“456 və 459-cu maddələrdə qeyd olunan və istintaqın davam etdirilməsinin [qurban tərəfindən edilən] şikayətdən asılı olduğu hallarda şikayətçi qəti qərarın çıxarılmasına qədər öz şikayətini geri götürərsə, işə baxılmasına xitam verilməlidir.”
2. Ailənin Qorunmasına dair Qanun (Qanun Nº 4320, 14 yanvar 1998)
Bölmə 1
“Əgər ər və ya arvad və ya uşaqlar, yaxud eyni dam altında yaşayan digər ailə üzvlərindən birinin məişət zorakılığına məruz qaldığı, zorakılığa məruz qalan şəxsin özü və ya baş prokurorluq tərəfindən bildirildiyi zaman, ailə işləri ilə məşğul olan məhkəmə işin xarakterini nəzərə alaraq öz təşəbbüsü ilə aşağıdakı tədbirlərdən birinin və ya bir neçəsinin və ya müvafiq gələn digər bənzər tədbirlərin görülməsini tələb edə bilər. Zorakılığı törədən ər/arvaddan tələb oluna bilər:
(a) digər tərəf (ərə və ya arvada) və ya uşaqlara (yaxud eyni dam altında yaşayan digər ailə üzvlərinə) qarşı yönələn və qorxu və şiddətlə müşahidə olunan hərəkətlərə yol verməmək,
(b) müştərək evdən uzaqlaşdırılaraq həmin evi digər tərəfin (ər və ya arvadın) və ya varsa uşaqların ixtiyarına vermək və digər tərəfi (ərin və ya arvadın) və uşaqların yaşadığı evə və ya iş yerinə yaxınlaşdırmamaq,
(c) digər tərəfin (ərin və ya arvadın, eləcə də uşaqların və ya eyni dam altında yaşayan digər ailə üzvlərinin) əşyalarına zərər vurmamaq,
(d) digər tərəfi (əri və ya arvadı) və ya uşaqları (və ya eyni dam altında yaşayan digər ailə üzvlərini) kommunikasiya vasitələrindən istifadə edərək narahat etməmək,
(e) hər hansı silah və ya oxşar alətlər olduğu halda onu hüquq mühafizə orqanlarına təslim etmək,
(f) alkoqollu və ya digər toksik maddələrdən istifadə edərək həmin maddələrin təsiri altında müştərək evə gəlməmək və ya müştərək evdə həmin maddələrdən istifadə etməmək.
Yuxarıda göstərilən tədbirlər altı aydan gec olmayan müddətdə tətbiq olunmalıdır. Zorakılığı törədən şəxs xəbərdar edilməlidir ki, qərarda nəzərdə tutulan qaydaları pozduğu təqdirdə tutularaq müəyyən müddətə həbs olunacaq. Tədbirlə bağlı ödəmələr, qurbanın həyat standartları nəzərə alınaraq hakim tərəfindən müəyyən olunur.
1-ci bölmə üzrə edilən şikayətlərə məhkəmə xərcləri tətbiq olunmur.”
Bölmə 2
“Mühafizə orderinin bir surətini məhkəmə baş prokurorluğa göndərir. Baş prokurorluq hüquq mühafizı qurumlarının vasitəsilə orderin icrasını müşahidə etməlidir.
Mühafizə orderinə əməl olunmadığı təqdirdə hüquq mühafizə orqanı, qurbanın şikayət etməsini tələb etmədən öz təşəbbüsü ilə istintaq həyata keçirməli və sənədləri gecikdirmədən baş prokurorluğa göndərməlidir.
Baş prokurorluq, cinayət məhkəməsində mühafizə orderinə əməl etməyən şəxsə qarşı ittiham irəli sürməlidir. İş üzrə dinləmələr, yerinə və tarixinə baxmayaraq, 3005 saylı flagrante delicto cinayət prosesləri qanununa uyğun həyata keçirilir.
Hətta əməldə başqa cinayət əməli varsa belə, mühafizə orderinə əməl etməyən şəxs üç aydan altı ayadək müddətdə azadlıqdan məhrum edilməlidir.”
3. Ailənin Qorunması haqqında Qanunun icrası qaydaları, 1 mart 2008
71. 4320 saylı Qanunun icrasının həyata keçirilməsi məqsədilə hazırlanan bu qaydalar, məişət zorakılığına məruz qalan ailə üzvlərini qorumaq məqsədi daşımaqla, zorakılığı törədən ailə üzvləri haqqında görüləcək tədbirləri və bu tədbirlərin tətbiqi üçün istifadə olunacaq prosedur və prinsipləri əks etdirir.
B. Müvafiq beynəlxalq və müqayisəli hüquq materialları
1. Məişət zorakılığı və qadınlara qarşı ayrı-seçkiliklə bağlı Birləşmiş Millətlər Təşkilatının mövqeyi
72. Qadınlara Münasibətdə Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiya (CEDAW) BMT-nin Baş Assambleyası tərəfindən 1979-cu il tarixdə qəbul olunub və Türkiyə həmin Konvensiyanı 19 yanvar 1986-cı ildə ratifikasiya edib.
73. CEDAW qadına qarşı ayrı-seçkiliyi aşağıdakı kimi müəyyən edir “..qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət.” Dövlətin öhdəliklərilə bağlı Konvensiyanın 2-ci maddəsində qeyd olunur:
“İştirakçı dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını pisləyir və təxirə salınmadan bütün müvafiq vasitələrlə qadınlar barədə ayrı-seçkiliyin ləğv edilməsi siyasətini həyata keçirmək barədə razılaşır, bu məqsədlə aşağıdakıları öhdələrinə götürürlər:
...
(e) Qadınlar barəsində hər hansı bir şəxs, təşkilat, yaxud müəssisə tərəfindən yol verilən ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirlər görmək;
(f) Qanunvericilik də daxil olmaqla, qadınlara qarşı ayrı-seçkilik nəzərdə tutan bütün qanunları, nizamnamələri, adətləri və təcrübəni aradan qaldırmaq üçün zəruri tədbirlər görmək;”
74. Qadınlara Münasibətdə Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Komitə (bundan sonra “CEDAW Komitəsi”), müəyyən edib ki, “cinsi ayrı-seçkiliyə söykənən zorakılıq, qadının öz hüquq və azadlıqlarını kişilərlə bərabər şəkildə istifadə etmək qabiliyyətini ciddi şəkildə əngəlləyən bir ayrı-seçkilik formasıdır” və buna görə də CEDAW-nun 1-ci maddəsi bu ayrı-seçkiliyi qadağan edir. Cinsi ayrı-seçkiliyin ümumi kateqoriyasına Komitə “xüsusi şəxslər”[2] vasitəsilə həyata keçirilən ayrı-seçkiliyi və “məişət zorakılığı”nı[3] daxil edir. Dolayısıyla, cinsi ayrı-seçkiliyə söykənən zorakılıq Dövlətlərin öhdəliklərini hərəkətə gətirməlidir. 19 saylı Ümumi Tövsiyələr bu öhdəlikləri sadalayır. Bura Dövlətlərin “cinsi ayrı-seçkiliyə söykənən zorakılığa qarşı qadınların səmərəli şəkildə qorunmasını təmin etmək üçün zəruri olan[4] və qadını hər cür zorakılıqdan qoruyan cəza tədbirləri, mülki vasitələr və təzminat xarakterli tədbirlər görmək”[5] kimi öhdəlikləri daxildir. Türkiyə haqqındakı birləşdirilmiş dördüncü və beşinci dövri hesabatlar haqqındakı Yekun Qeydlərində (bundan sonra “Yekun Qeydlər”) CEDAW Komitəsi, məişət zorakılığı da daxil olmaqla qadına qarşı zorakılığın bir ayrı-seçkilik növü olmasını bir daha qeyd edib (Bax: CEDAW/C/TUR/4-5 və Corr.1, 15 fevral 2005, § 28).
75. Bundan başqa, 19 saylı Ümumi Tövsiyələrində CEDAW Komitəsi aşağıdakıları bəyan edib:
“...6. Konvensiyanın 1-ci maddəsi qadınlara qarşı ayrı-seçkiliyi müəyyən edir. Ayrı-seçkilik anlayışına cinsi zorakılıq da daxildir ki, bu da qadına qarşı sırf qadın olduğu üçün törədilən və ya qadına qeyri-proporsional təsir edən zorakılıqdır. Bu zorakılığa fiziki, əqli, cinsi ziyana və ya əzaba səbəb olan hərəkətlər, bu hərəkətlərlə hədələmə, vadar etmə və ya azadlıqdan məhrumetmə aiddir. Cinsi əlamətə görə zorakılıq, Konvensiyanın spesifik normalarını, hətta həmin normalar zorakılığı açıq şəkildə nəzərdə tutmadıqda belə, pozur.
7. Qadınların, beynəlxalq hüquq və ya insan hüquqları konvensiyalarında nəzərdə tutulan insan haqları və əsas azadlıqlarından istifadəyə mane olan və ya bu cür istifadəni ümumiyyətlə imkansız edən cinsi əlamətə söykənən zorakılıq, Konvensiyanın 1-ci Maddəsi anlamında ayrı-seçkilikdir.
Konvensiyanın müvafiq maddələri ilə bağlı şərhlər
...
Maddə 2(f), 5 və 10(c)
11. Qadınların kişilərə münasibətdə ikinci təbəqədə olan insanlar olması və ya onların stereotipləşmiş rolları olduğu fikrinə söykənən ənənəvi fikirlər, məişət zorakılığı və istismar, zorla evləndirmə, cehiz (başlıq) pulu ölümləri, hücumlar və qadın sünnəti kimi geniş yayılmış təcrübələrin davam etməsinə səbəb olur. Bu cür stereotiplər və təcrübələr qadınların qorunması və ya onlara nəzarət edilməsi adı altında cinsi əlamətə söykənən zorakılığa haqq qazandıra bilər. Bu cür zorakılığın qadınların fiziki və əqli tamlığı üzərindəki təsiri, onların insan hüquqlarından və əsas azadlıqlardan bərabər yararlanmasından, istifadəsindən və bu hüquq və azadlıqlarla bağlı bilgidən məhrum edilməsidir. Bu şərh əsasən real və ya təhdidlə müşahidə olunan zorakılığı nəzərdə tutsa da, bu qəbildən olan cinsi əlamətə söykənən zorakılıq, nəticədə qadınların ikinci dərəcəli varlıqlar hesab olunması, onların siyasi mühitdə iştiraklarının aşağı səviyyədə olmasına və onların təhsillərinin, bacarıqlarının və iş imkanlarının zəif olmasına səbəb olur.”
76. CEDAW Komitəsi, ərizəçinin nikahsız ərinin və iki uşağının atasının 1998-ci ildən bəri ona fiziki olaraq pis davrandığını və onu hədələdiyini iddia etdiyi A.T. Macarıstana qarşı işdə (26 yanvar 2005-ci il tarixli qərar), Macarıstanı “ərizəçinin və ailəsinin fiziki və əqli təhlükəsizliyini zəmanət altına almaq” və eyni zamanda, ərizəçini uşaqları ilə birlikdə yaşaya biləcəyi bir məkanla təmin etmək, həmçinin ərizəçinin aliment və hüquqi yardım almasını, pozulan hüquqlarının və ona vurulan ziyanın həcminə adekvat məbləğdə təzminat almasını təmin etmək üçün tədbirlər görməyə çağırıb. Komitə bununla yanaşı, qadının məişət zorakılığından qorunması sahəsində islahatlar həyata keçirmək üçün Macarıstana, səmərəli istintaq və məhkəmə proseslərinin aparılması və müalicə və dəstək mənbələrinin artırılması kimi bir sıra tövsiyələr verib.
77. CEDAW Komitəsi Fatma Yıldırımın əri tərəfindən öldürülməsi ilə bağlı olan Fatma Yıldırım Avstriyaya qarşı işdə (1 oktyabr 2007-ci il tarixli qərar), Dövlətin Fatma Yıldırımı qorumaq üçün zəruri öhdəliklərini yerinə yetirmədiyi qərarına gəldi. Bu səbəblə, CEDAW-nun 1-ci maddəsi və Komitənin 19 saylı Ümumi Tövsiyəsini birlikdə oxuyaraq belə nəticəyə gəlindi ki, Dövlət, CEDAW-nun 2(a) və (c)-(f) maddələri və 3-cü maddəsi, CEDAW-nun 1-ci maddəsi və Komitənin 19 saylı Ümumi Tövsiyəsi ilə nəzərdə tutulan öhdəliklərini və Fatma Yıldırımın fiziki və əqli təhlükəsizlik haqlarını pozub.
78. Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Bəyannaməsi (1993), 4-cü maddənin (c) bəndində Dövlətləri “İstə Dövlət tərəfindən, istərsə də konkret şəxslər tərəfindən törədilən qadına qarşı zorakılıq əməllərinin qarşısını almağa, araşdırma aparmaq və yerli qanunvericiliyə müvafiq olaraq cəzalandırmaq üçün zəruri tədbirlər görməyə” çağırdı.
79. Qadına qarşı zorakılıq məsələləri üzrə xüsusi məruzəçinin, 20 yanvar 2006-cı il tarixdə İqtisadi və Sosial Şuranın İnsan Hüquqları Komissiyasına təqdim etdiyi hesabatda (E/CN.4/2006/61), “Dövlətləri qadına qarşı zorakılıq hallarının qarşısının alınması və bu hallara cavab verən zəruri tədbirlərin görülməsinə məcbur edən” bir beynəlxalq adət hüququ norması olduğunu bildirib.”
2. Avropa Şurası
80. Avropa Şurası Nazirlər Komitəsi, qadınların zorakılıqdan qorunması haqqındakı 30 aprel 2002-ci il tarixli 2002/5 saylı Tövsiyəsində, inter alia, üzv Dövlətlər tərəfindən zəruri hallarda zorakılıq qurbanlarının maksimum təhlükəsizliyini təmin etmək, dəstək və yardıma, cinayət və mülki hüququn uyğunlaşdırılmasına, ictimai məlumatlandırmanın genişləndirilməsinə, qadına qarşı zorakılıqla üz-üzə qalan mütəxəssislərin təlimatlandırılmasına və zorakılığın qarşısının alınmasına yönələn yerli siyasi strategiyalar hazırlamaq, inkişaf etdirmək və/və ya bu siyasi strategiyaları yaxşılaşdırmaq vəzifəsi qeyd edilib.
81. Nazirlər Komitəsi xüsusilə tövsiyə etdilər ki, üzv Dövlətlər cinsi zorakılıq, zorlama, hamilə, müdafiəsiz, xəstə, əlil və ya köməyə ehtiyacı olan qurbanların həssas vəziyyətlərindən sui-istifadə kimi qadına qarşı zorakılıq hallarını, eyni zamanda zorakılığı törədən şəxsin sui-istifadə mövqeyini cəzalandırsınlar. Tövsiyədə həmçinin qeyd olundu ki, üzv Dövlətlər bütün zorakılıq qurbanlarının məhkəməyə müraciət etməsinə şərait yaratsınlar, prokurorluq tərəfindən cinayət işinin başlanması üçün imkanlar yaratsınlar, prokuror tərəfindən ictimai maraqların qorunması ilə bağlı qərar verilərkən qadına qarşı zorakılığın ağırlaşdırıcı hal kimi nəzərə alınmasını təşviq etsinlər, zəruri hallarda qurbanları onlara qarşı yönələn hədələrdən və ya qisas xarakterli mümkün əməllərdən səmərəli şəkildə qorusunlar və proses zamanı uşaqların hüquqlarının qorunmasını təmin etsinlər.
82. Məişət zorakılığı məsələsi ilə bağlı Nazirlər Komitəsi tövsiyə etdi ki, üzv Dövlətlər ailə daxilində baş verən hər cür zorakılığı cinayət əməli kimi qiymətləndirsinlər və məhkəmə araşdırmasının qurbanları qorumaq məqsədi daşımasını təmin etsinlər, zorakılıq əməlini törədən şəxsin qurbanla təmas qurmasına, əlaqə yaratmasına və ya qurbana yaxşılaşmasına, yaxud müəyyən ərazilərdə yaşamasına və ya həmin ərazilərə daxil olmasına mane olsunlar, əməli törətmiş şəxsin törətdiyi hər pozuntuya görə cəzalanmasını təmin etsinlər və polis, eləcə də tibbi və sosial xidmət orqanları tərəfindən əməliyyat həyata keçirmək üçün məcburi protokollar yaradılması imkanını nəzərdən keçirsinlər.
3. İnter-Amerika Sistemi
83. Velazquez-Rodriguez işində Amerika Məhkəməsi qeyd etdi:
“İnsan hüquqlarını pozan və ilk olaraq birbaşa bir Dövlətə aid edilməyən (məsələn, bir konkret şəxsin əməli olduğu üçün və ya əmələ görə məsuliyyət daşıyan şəxs müəyyən edilmədiyi üçün) hüquqa zidd olan bir hərəkət, birbaşa əmələ görə deyil, məhz Konvensiyada nəzərdə tutulan qaydada pozuntunu aradan qaldırmaq üçün zəruri cəhdlərin göstərilməməsinə görə Dövlətin beynəlxalq məsuliyyətinə səbəb ola bilər.”[6]
84. Ayrı-ayrı şəxslərin hərəkətlərinə görə Dövlətin məsuliyyət daşıması prinsipinin hüquqi əsası, Amerika İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan, Dövlətin insan hüquqlarının qorunmasını təmin etmək vəzifəsini yerinə yetirməməsinə söykənir.[7] İnter-Amerika Məhkəməsinin presedentləri, insan hüquqlarının pozulmasının qarşısını almaq və əməli törətmiş şəxslərlə bağlı istintaq apararaq onları cəzalandırmaq, yaxud qurbanların ailələrinə müvafiq təzminatlar müəyyən etmək üçün zəruri addımlar atmadıqlarına görə Dövlətləri beynəlxalq qaydada dəfələrlə məsuliyyətə cəlb edərək bu prinsipi nümayiş etdirib.
85. 1994-cü il tarixli Qadınlara Qarşı Zorakılığın Qarşısının Alınması, Cəzalandırılması və Aradan Qaldırılması haqqında Amerika Konvensiyası (Belem do Para Konvensiyası)[8] dövlətlərin, cinsi əlamətə söykənən zorakılığın tamamilə aradan qaldırılması ilə bağlı öhdəliklərini əks etdirir. Bu Konvensiya, qadınlara qarşı zorakılığı əks etdirən yeganə çoxtərəfli insan hüquqları sənədidir.
86. Amerika Dövlətləri Komissiyası da İnter-Amerika Məhkəməsinin, ayrı-ayrı şəxslərin hərəkət və ya hərəkətsizliyinə görə Dövlətin məsuliyyət daşıması fikrinə şərikdir. Maria Da Penha Brazilyaya qarşı[9] işdə Komissiya müəyyən etdi ki, Dövlətin məişət zorakılığının qarşısının alınması və şikayətlə bağlı araşdırma aparması istiqamətində zəruri addımlar atmaması həm Amerika Konvensiyası, həm də Belem do Para Konvensiyasına uyğun olaraq, Dövlət üçün məsuliyyət yaradır. Bundan başqa, Brazilya heç bir addım atmamaqla və törədilən zorakılığa laqeyd yanaşmaqla (inter alia, Dövlətləri, qadınlara qarşı hər cür zorakılığın aradan qaldırılmasına sövq edən Belem do Para Konvensiyasının 7-ci maddəsi) ərizəçinin hüquqlarını pozub. Komissiya xüsusilə vurğuladı ki:
“...Dövlət orqanları tərəfindən göstərilən bu tolerantlıq sadəcə bu işlə bitmir; bu, sadəcə bir nümunədir. Bütün sistem tərəfindən bu vəziyyətə göz yumulması sadəcə qadına qarşı zorakılığın davam etməsinə səbəb olan və hətta bunu daha da cəsarətləndirən psixoloji, sosial və tarixi köklərin və faktorların heç aradan qaldırılmamaq adına əbədiləşdirilməsinə xidmət edir.
Maria de Penhanın məruz qaldığı zorakılıq, Dövlət tərəfindən zorakılığı törədən şəxslərə qarşı laqeyd münasibətin və onların istintaqa cəlb olunması və məhkum edilməsi istiqamətində Dövlətin heç bir addım atmaması faktının bir nümunəsidir və bu səbəbdən də Komissiya hesab edir ki, bu iş sadəcə istintaqın başlaması və əməli törədən şəxsin məhkum edilməsi istiqamətində öhdəliyin icra edilməməsi deyil, eyni zamanda bu alçaldıcı hərəkətlərlə müşahidə olunan təcrübənin aradan qaldırılması öhdəliyinin yerinə yetirilməməsidir. Bu geniş yayılmış və ayrı-seçkilik xarakteri daşıyan səmərəsiz araşdırma və məhkəmə təcrübəsi, həm də məişət zorakılığına şərait yaradan bir mühit yaratmış olur. Cəmiyyət, onu təmsil edən Dövlətin bu məsələni aradan qaldırmaq üçün iradə nümayiş etdirdiyini, bu cür hərəkətləri cəzalandırmaq üçün cəhd etdiyini görmür.”[10]
4. Müqayisəli hüquq materialları
87. Avropa Şurasına üzv olan 11 Dövlətdə, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Estoniya, Yunanıstan, İtaliya, Polşa, Portuqaliya, San Marino, İspaniya və İsveçrədə məişət zorakılığına dair işlərdə, ərizəçi öz şikayətini geri götürdükdə belə dövlət orqanlarından cinayət prosesini davam etdirmək tələb olunur.
88. 27 ölkədə, Andorra, Ermənistan, Azərbaycan, Belçika, Bolqarıstan, Kipr, Çex Respublikası, Danimarka, İngiltərə, Uels, Finlandiya, Makedoniya Keçmiş Yuqoslav Respublikası, Fransa, Gürcüstan, Almaniya, Macarıstan, İrlandiya, Latviya, Lüksemburq, Malta, Moldova, Niderland, Rusiya Federasiyası, Serbiya, Slovakiya, İsveç, Türkiyə və Ukraynada isə zorakılığı törədən şəxsə qarşı cinayət işi qaldırıb qaldırmamaq məsələsində dövlət orqanlarının mülahizə sərbəstliyi var. Bir çox hüquq sistemləri konkret şəxs tərəfindən qaldırılan (və zərərçəkmişin şikayətinin şərt olduğu) cinayət işləri ilə ictimai olaraq qaldırılan cinayət işlərini (bu işlər xüsusi ağır olan və ictimai maraq kəsb edən cinayət işləridir) fərqləndirir.
89. Yuxarıda qeyd olunan 27 ölkədə mövcud olan qanunvericilik və təcrübədən bəlli olur ki, ərizəçinin şikayətini geri götürdükdən sonra cinayət işinin araşdırılmasının davam etdirilib etdirilməməsi qərarı istintaq orqanlarının iradəsindən asılıdır və bu qərar qəbul edilərkən həmin cinayət işi üzrə mövcud ictimai maraq nəzərə alınır. İngiltərə, Uels və sair bir sıra başqa ölkələrin qanunvericiliyi, məişət zorakılığı törədən şəxsə qarşı cinayət işinin başlanıb başlanmaması ilə bağlı qərar qəbul edərkən istintaq orqanlarından (Krallıq İstintaq Xidməti) bir sıra faktorları nəzərə almağı tələb edir ki, bu faktorlara aşağıdakılar daxildir: cinayətin ağırlığı, qurbana vurulan ziyanın fiziki və ya əqli olması, təqsirləndirilən şəxsin silahlı olub olmaması, təqsirləndirilən şəxsin zorakılıq əməlini törətməzdən öncə qurbanı hədələyib hədələməsi, əməlin evdə yaşayan uşaqlardan hər hansı birinə təsiri (həmçinin psixoloji), təqsirləndirilən şəxsin yenidən zorakılıq törətmə ehtimalı, qurbanın və ya zorakılığa məruz qalan və ya qalmaq ehtimalı olan hər hansı şəxsin sağlamlığına və təhlükəsizliyinə yönəlmiş mütəmadi təhlükə, təqsirləndirilən şəxslə qurban arasındakı mövcud münasibət, qurbanın iradəsi əleyhinə həyata keçirilən istintaqın davam edən münasibətə təsiri, zorakılıq törədənlə zorakılığa məruz qalan şəxs arasında münasibətin keçmişi, xüsusilə keçmişdə hər hansı zorakılığın baş vermiş olması, təqsirləndirilən şəxsin kriminal keçmişi, xüsusilə keçmişdə hər hansı zorakılığa yol vermiş olması. İşin davam etdirilib etdirilməməsinə qərar verilərkən qurbanın və əgər varsa uşaqların 2-ci və 8-ci maddələrdə nəzərdə tutulan hüquqları arasında balans yaradılması ehtiyacına birbaşa istinad edilir.
90. Belə görünür ki, Rumıniya cinayət işinin başlanılmasını və davam etdirilməsini tamamilə qurbanın şikayətilə şərtləndirən yeganə ölkədir.
B. Türkiyədə məişət zorakılığı və qadınların vəziyyətini əks etdirən hesabatlar
1. Bənövşəyi Dam Qadın Sığınacağı Təşkilatının (Mor Çatı Kadın Sığınağı Vakfı) 4320 saylı Qanunun icrası ilə bağlı 7 iyul 2007-ci il tarixli rəyi
91. Hesabatda göstərilir ki, 4320 saylı Qanun (yuxarıda 70-ci bəndə bax) hələ tam şəkildə icra olunmayıb. Son illər ərzində “mühafizə orderi” və ya ailə məhkəmələrində baxılan işlər üzrə qərarların sayında artım müşahidə olunub. Lakin bəzi məhkəmələr, həyatı təhlükədə olan qadınlar tərəfindən verilən şikayətlərin cavabında həmin şikayətlərə baxılması prosesini iki və ya üç ay sonraya təyin edir. Bu şərtlər altında, hakimlər və vəkillər 4320 saylı Qanunla bağlı işlərə sanki boşanma işləri kimi yanaşırlar, halbuki bu qanunun məqsədi öz həyatlarını qorumağa çalışan qadınlarla bağlı təcili qərarların çıxarılmasını təmin etməkdir. Tədbir görülməsi ilə bağlı qərar çıxarıldıqdan sonra isə qadınlar həmin qərarın icrası ilə bağlı saysız hesabsız problemlərlə üzləşirlər.
92. Bu Hesabatın yayımlanmasından öncə iki il ərzində Mor Çatı təşkilatına təqribən 900 qadın müraciət edərək 4320 saylı Qanundan istifadə etməyə cəhd göstəriblər, lakin bu qadınlardan yalnız 120 nəfəri bu işdə nəticə əldə edə biliblər. Mor Çatı təşkilatı, 4320 saylı Qanunun icrası ilə bağlı ciddi problemlər aşkarlayıb. Xüsusilə, müşahidələrdən bəlli olub ki, polis idarələrində hələ də məişət zorakılığı ilə bağlı hadisələrə tolerant yanaşma mövcuddur və bəzi polis məmurları vasitəçi rolunu oynamağa çalışır, yaxud kişinin tərəfində dayanır, və ya qadına şikayətini geri götürməyi tövsiyə edir. Bundan başqa, 4320 saylı Qanuna əsasən çıxarılan tədbir qərarlarının icrasında da ciddi problemlər aşkar olunub. Mor Çatı ilə birlikdə hərəkət etməyə çalışan xeyli sayda qadınların işində məlum olub ki, çıxarılan tədbir qərarları, həmin qadınların ərlərinin polis əməkdaşı olması və ya işə aidiyyatı olan polis idarəsində çalışan polislərlə dostcasına əlaqələrinin olması nəticəsində icra olunmayıb.
93. Bundan əlavə, məhkəmələr tərəfindən qərarın çıxarılmasında yubanmalar baş verir. Bunun səbəbi isə, məhkəmələrin məişət zorakılığı ilə bağlı işlərə boşanma işləri kimi baxmasıdır. Bu gecikdirmələrin kökündə, qadınların heç bir zorakılığa məruz qalmadıqları halda şikayət etmələri ilə bağlı şübhələr dayanır. Qadınların 4320 saylı Qanunu istismar etmələri ilə bağlı iddialar doğru deyil. Nəzərə alsaq ki, evin iqtisadi yükünün demək olar ki, 100 faizi kişinin çiyinləri üzərindədir, həyatları üçün təhlükə yaradan vəziyyətlə qarşı-qarşıya qalmadıqları halda qadınların 4320 saylı Qanunun tətbiqini tələb etmələri ağlabatan görünmür. Son olaraq qeyd olunmalıdır ki, qeyd olunan işlərlə bağlı məhkəmə qərarları məhdud sayda olub məhkəmələr tərəfindən artırılmır.
2. Diyarbəkir Vəkillər Kollegiyası Qadın Haqları İnformasiya vı İcra Mərkəzi (KA-MER) tərəfindən, 4320 saylı Qanunun İcrası haqqında 25 noyabr 2005-ci il tarixli Araşdırma Hesabatı
94. Bu hesabatda qeyd olunur ki, Türkiyədə zorakılıq ənənəsi geniş yayılıb və həyatın müxtəlif sferalarında buna dözümlü yanaşılır. Diyarbəkirdəki bir cinayət məhkəməsində (sulh hukuk mahkemesi) və üç mülki məhkəmədə (asliye hukuk mahkemesi) işlərin araşdırılması zamanı məlum olub ki, 4320 saylı Qanunun qüvvəyə mindiyi 1998-ci il tarixdən 2005-ci ilin sentyabr ayına qədər 183 iş qaldırılıb. Bu işlərdən 104-də məhkəmə müxtəlif səpkili qərar verib, 79 iş üzrə isə məhkəmə tədbir görülməsinə əsas olmadığı qərarına gəlib, yaxud şikayəti rədd edib və ya yurizdiksiyası altına düşmədiyinə qərar verib.
95. Məişət zorakılığı probleminin ciddi bir problem olmasına baxmayaraq qeyd olunan qanun çərçivəsində çox az şikayət daxil olur, çünki ya bir qayda olaraq insanlar bundan xəbərsizdirlər, ya da bölgədə təhlükəsizlik orqanlarına olan etibar aşağı səviyyədədir. Ən önəmli problemlər, qərarların çıxarılmasının gecikdirilməsi və qərarların icrasının müvafiq dövlət orqanları tərəfindən müşahidə edilməməsidir.
96. Bundan başqa, polis idarələrində polis əməkdaşlarının məişət zorakılığı qurbanları ilə pis rəftarı, qadınları bu qanundan istifadə etməkdən çəkindirən maneələrdən biridir. Məişət zorakılığına məruz qaldığı üçün polisə müraciət edən qadınlar, polisin bu məsələyə özəl ailə problemi kimi baxaraq işə həvəssiz baxması halları ilə üzləşirlər.
97. Bu hesabat 4320 saylı Qanunun icrasının yaxşılaşdırılması və məişət zorakılığı qurbanlarının qorunmasının artırılması üçün tövsiyələr təqdim edir.
3. 1 avqust 1997 və 30 iyun 2007-ci illər arasındakı müddətdə Diyarbəkir KA-MER təcili yardım xəttinin statistikası
98. Bu statistik hesabat 2484 qadınla aparılan müsahibələrdən sonra hazırlanıb. Şikayətçilərin hamısı psixoloji zorakılığa və təqribən 60 faizi isə fiziki zorakılığa məruz qalıb. Qurbanların əksəriyyətini 20-30 yaş qrupuna aid şəxslər təşkil edib (43%). Bu qadınların 57 faizi evli olublar. Qurbanların əksəriyyəti ya savadsız olublar, ya da təhsil səviyyələri çox aşağı olub. Bu qadınların 78 faizi Kürd əsillidir. Təcili yardım xəttinə zəng edən qurbanların 91 faizi Diyarbəkirlidir. Qurbanların 85 faizinin müstəqil gəlir mənbəyi yoxdur.
4. Amnesty International Təşkilatının “Türkiyə: Məişət zorakılığı ilə üzləşən qadınlar” adlı 2004-cü il tarixli Hesabatı
99. Bu Hesabata görə, Türkiyədə qadınlara qarşı zorakılıqla bağlı statistik məlumatlar məhduddur və etirbarlı deyil. Bununla belə məlum olur ki, məişət zorakılığı ənənəsi qadına ikiqat zərbə vurur, belə ki, qadınlar həm zorakılığın qurbanı olurlar, həm də onların məhkəmə araşdırmasına səmərəli şəkildə çatmaları məhdudlaşdırılır. Aşağı gəliri olan ailələrdən olan və ya münaqişə və ya təbii fəlakətlərdən qaçan həssas qruplara aid olan qadınlar xüsusilə risk altındadırlar. Bununla əlaqədar olaraq, cənub-şərqi Türkiyədə qadınlara qarşı cinayətlərin əksəriyyəti cəzasız qalır.
100. Qeyd olunub ki, qadın hüququ müdafiəçiləri, qadına qarşı zorakılığa dözümlü davranan hakimlər, yüksək vəzifəli dövlət məmurları və cəmiyyətdə fikri nəzərə alınan lider şəxslərin də dəstəklədiyi icma yanaşmasına qarşı mübarizə aparırlar. Hüquqi islahatlar nəticəsində ayrı-seçkilik xarakterli normalar ləğv edilsə belə, qadınları müəyyən davranış qaydalarına uyğun davranmağa məcbur edən yanaşmalar qadınların həyatları ilə bağlı seçimlərini məhdudlaşdırır.
101. Hesabat bəyan edir ki, cinayətlə bağlı prosesin hər səviyyəsində qadınların ailədə zorlama, cinsi istismar və ya digər zorakılıqlarla bağlı şikayətlərinə səlahiyyətli dövlət orqanları tərəfindən dərhal və sərt reaksiya gəlmir. Polis, qadınların zorakılıq nəticəsində ölümləri də daxil olmaqla, məişət zorakılığı hadisələrinin qarşısını almaqda və araşdırma aparmaqda həvəsli deyil. Prokurorlar, məişət zorakılığına aid işlərlə bağlı istintaq aparmaqdan, yaxud ailəsindən və ya içində yaşadığı icmadan qadına qarşı gələ biləcək təhlükədən onu qorumaq üçün tədbirlər görməkdən imtina edir. Polis və məhkəmələr, haqqında məhkəmə qərarı və ya mühafizə orderi çıxarılan kişilərin həmin qərarlara əməl etməsini təmin etmirlər. Onlar, bu şəxslərin cəzalandırılmasına qeyri-adekvat şəkildə yumşaqlıq göstərərək bunu qurbanların “təxribatı” və sübutların yetərsizliyi ilə əsaslandırırlar.
102. Ədalətə çatmaq və zorakılıqdan müdafiə olunmağa ehtiyacı olan qadınların üzləşdiyi çoxsaylı maneələr var. Bir çox hallarda polis əməkdaşları hesab edirlər ki, onların vəzifələri qadınları evlərinə geri dönməyə, “sülh içərisində” yaşamağa sövq etməkdir və bunun nəticəsində də onlar qadınların şikayətilə bağlı araşdırma aparmırlar. Bir çox qadınlar, xüsusilə də əyalətdə yaşayanlar formal olaraq şikayət belə edə bilmirlər, çünki qonşuluqda yaşayanlar onları güclü tənqidə, hətta bəzi hallarda zorakılığa məruz qoya bilərlər.
103. Bununla yanaşı, bəzi hakimlər islahatları icra etməyə başlamış kimi görünsə belə, məhkəmələr, məişət zorakılığı ilə bağlı daxil olmuş işlər üzrə təqsirli şəxslərə qeyri-adekvat dözümlülük göstərirlər. Bu cür işlərlə bağlı verilən cəzalar hələ də, “ciddi təhrik”, adət, namus ənənəsi kimi halları nəzərə alan hakimlərin iradəsilə yüngülləşdirilir.
104. Sonda, bu Hesabat Türkiyə Hökumətinə, ictimaiyyətə və dini hakimiyyətə məişət zorakılığı probleminin nəzərə alınmasına dair bir sıra tövsiyələr verir.
5. Diyarbəkir Vəkillər Kollegiyası Hər Kəs üçün Ədalət Layihəsi və Qadın Haqları Məlumat və İcra Mərkəzi tərəfindən hazırlanan Namus Cinayətləri haqqında Araşdırma Hesabatı
105. Bu hesabat “namus cinayətləri” fenomeninin məhkəmə meyarlarını nəzərdən keçirmək üçün hazırlanıb. Ağır cinayətlərə dair işlər üzrə Diyarbəkir məhkəmələrində və uşaq məhkəmələrində olan işlərlə bağlı çıxarılan qərarlara əsasən araşdırma aparılıb. Bu araşdırmanın məqsədi məhkəmələrə daxil olan bu cür qanunsuz qətl hadisələrin miqyasını, məhkəmələrin bu hadisələrə olan münasibətlərini, bu işlərdə təqsirləndirilən şəxslərin özünü müdafiə meyarı, ictimai strukturların (yəni ailə şuraları və adətlərin) rolunu və qətl hadisələrinin səbəblərini müəyyən etməkdir. Bu məqsədlə, 1999 və 2005-ci illər arasında ağır cinayətlərə dair işlər üzrə Diyarbəkir məhkəmələrində və uşaq məhkəmələrində baxılan işlər nəzərdən keçirilib. Bu yeddi illik müddət ərzində qərar çıxarılan 59 iş müəyyən edilib. Bu işlərdə 71 qurban/şəxs qətlə yetirilib və 81 nəfər prosesə təqsirli şəxs kimi cəlb olunub.
106. Araşdırmaya görə, öldürülən qurbanın/şəxsin kişi olduğu hallarda, təqsirləndirilən şəxslər özlərini müdafiə edərkən iddia ediblər ki, sözügedən qurban/şəxs təqsirləndirilən şəxsin qohumunu zorlayıb, cinsi qısnamaya məruz qoyub və ya qaçırıb, yaxud təqsirləndirilən şəxsin qohumunu fahişəliyə təhrik edib. Qətlə yetirilən qurbanın/şəxsin qadın olduğu hallarda isə təqsirləndirilən şəxslər, öldürülən qurbanın/şəxsin başqa kişilərlə danışdığını, fahişəliklə məşğul olduğunu və ya xəyanət etdiyini iddia ediblər. Çıxarılan hökmlərin 46-da əsassız təhriketmə, yüngülləşdirici hal kimi nəzərə alınıb. Məhkumetmə ilə bağlı 61 qərarda isə Türkiyə Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar tətbiq olunub.
HÜQUQİ MƏSƏLƏLƏR
I. QƏBULEDİLƏNLİK
107. Hökumət iki səbəblə şikayətin qəbuledilənliyinə etiraz etdi.
1. Konvensiyanın 35-ci maddəsinin 1-ci maddəsi ilə tələb olunan altı aylıq müddət qaydasına riayət olunmaması
108. Hökumət bildirdi ki, ərizəçi 2001-ci ildə baş verən hadisələrlə bağlı altı aylıq müddət tələbinə riayət etməyib. Onlar etiraz etdilər ki, 1995-2001-ci illər arasında baş verən hadisələr müddət həddini keçib. Qeyd olunan müddətdə baş verən hadisələrlə bağlı verilən qərarlar ərizəçini təmin etmirdisə, o, hər qərarla bağlı şikayətini altı ay ərzində Komissiyaya və ya 11 saylı Protokolun qüvvəyə minməsindən sonra Məhkəməyə təqdim edə bilərdi.
109. Ərizəçi iddia etdi ki, o, adı çəkilən hadisələrlə bağlı şikayətini altı ay ərzində verib. O hesab edir ki, bu hadisələrə ayrı-ayrı deyil tam formada baxılmalıdır.
110. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan altı ay tələbinin məqsədi, hüququn etibarlılığına xidmət etməklə Konvensiyada nəzərdə tutulan məsələlərə ağlabatan müddətdə baxılmasını təmin etməkdir (bax: Kenar Türkiyəyə qarşı, Nº 67215/01 (dec.), 1 dekabr 2005). Məhkəmənin presedentlərindən də göründüyü kimi, ölkədaxili hüquqi müdafiə vasitələri mövcud olmadıqda, altı aylıq müddət şikayət olunan tarixdən başlayır.
111. Bununla bağlı Məhkəmə bildirir ki, 10 aprel 1995-ci ildən etibarən ərizəçi və anasının fiziki toxunulmazlığına qarşı H.O. tərəfindən dəfələrlə hədələr və hücumlar olub. Bu zorakılıq hərəkəti sonda ərizəçinin anasının ölümünə və ərizəçinin mütəmadi iztirabına və təşvişinə səbəb olub. Sözügedən hadisələr arasında fasilələr olmasına baxmayaraq, Məhkəmə hesab edir ki, ərizəçinin və anasının uzun müddət ərzində məruz qaldığı bütün zorakılıq faktları, fərdi və ayrı-ayrı hadisələr kimi görülə bilməz və buna görə də birlikdə və bir zəncir üzrə əlaqəli olan hadisələr kimi qəbul olunmalıdır.
112. Odur ki, Məhkəmə bildirir ki, ərizəçi şikayətini anasının H.O. tərəfindən qətlə yetirilməsindən altı ay müddətə təqdim edib, və həmin qətl hadisəsilə də ərizəçi, səlahiyyətli dövlət orqanları H.O.-nun zorakılıqlarının qarşısını ala bilmədikləri üçün ölkə daxili müdafiə vasitələrinin səmərəiz olduğunu anlayıb. Nəzərə alsaq ki, ərizəçi onun şikayətləri ilə bağlı hər hansı tədbir görülməyəcəyini başa düşdükdən dərhal sonra şikayətini təqdim edib, Hökumət tərəfindən qeyd olunan hallar gecikdirmənin göstəricisi deyil və Məhkəmə hesab edir ki, altı aylıq müddət anlayşının məqsədinə nəzərən həmin müddət ən az 13 mart 2002-ci ildən əvvəlki tarixdən hesablanmamalıdır (yuxarıda 54-cü paraqrafda qeyd olunub). Hər bir halda, ərizəçinin keçmiş həyat yoldaşı, onun həyatına və sağlamlığına qarşı hədələr etməyə davam edib və dolayısıyla, sözügedən zorakı davranışlara son qoyulduğundan söhbət gedə bilməz (yuxarıda 59-69-cu bəndlərə bax).
113. Bu işin səciyyəvi xüsusiyyəti kontekstində, ərizəçinin şikayətlərinin Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi ilə tələb olunan altı aylıq müddət çərçivəsində təqdim olunduğuna qərar verilir. Odur ki, Məhkəmə, bu mövzuda Hökumətin etirazını qəbul etmir.
2. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi
114. Hökumət eyni zamanda iddia edib ki, ərizəçi və anası, öz şikayətlərini dəfələrlə geri götürməklə H.O.-ya qarşı cinayət qaydasında araşdırmanın başa çatdırılmamasına səbəb olublar və beləliklə də ərizəçi, ölkədaxili hüquq müdafiə vasitələrini tükəndirməyib. Hökumət, həmçinin ərizəçinin 4320 saylı Qanunun ona verdiyi mühafizə imkanından da yararlanmadığını və şikayətlərini geri götürərək prokurorun ailə məhkəməsinə baş vurmasına mane olduğunu bildirib. Bundan başqa, Hökumət bildirdi ki, ərizəçi əvvəlki işlərdə (Aytekin Türkiyəyə qarşı, 23 sentyabr 1998, Hökm və Qərarların Hesabatları 1998-VII) Məhkəmə tərəfindən səmərəliliyi qəbul edilmiş inzibati və mülki hüquq vasitələrindən istifadə edə bilərdi. Sonda, Məhkəmənin Ahmet Sadik Yunanıstana qarşı (15 noyabr 1996, § 34, Hesabat 1996-V) və Cardot Fransaya qarşı (19 mart 1991, § 30, Seriya A Nº 200) işlərindəki qərarlarına istinad edən Hökumət, ərizəçinin ayrı-seçkiliklə bağlı şikayətlərini, mahiyyət üzrə belə, yerli məhkəmələrdə qaldırmadığını və bununla da bu şikayətlərin qəbuyledilməyən sayılmalı olmasını bildirdi.
115. Ərizəçi iddia etdi ki, o, yerli qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələrini tükəndirib. O etiraz edərək bildirdi ki, səlahiyyətli dövlət orqanlarının onun anasının həyatını qoruya bilməməsi və ərinin ona və anasına qarşı olan pis hərəkətlərinə mane olmaması yerli hüquqi müdafiə vasitələrinin səmərəsiz olmasını sübut edib. Hökumətin 4320 saylı Qanuna istinad edərək ərizəçinin həmin qanundan istifadə edib özünü müdafiə etməməsi arqumentinə cavab olaraq ərizəçi bildirdi ki, qeyd olunan qanun 14 yanvar 1998-ci il tarixdə qüvvəyə minib, halbuki hadisənin ən önəmli hissələri həmin qanun qüvvəyə minməmişdən öncə baş verib. 4320 saylı Qanun qüvvəyə minməmişdən öncə, məişət zorakılığına qarşı hər hansı müdafiə mexanizmi mövcud olmayıb. Hər bir halda, ərizəçinin Baş Prokurorluğa etdiyi saysız hesabsız şikayətlərə baxmayaraq, ərizəçinin və anasının həyatını qorumaq üçün 4320 saylı Qanunda nəzərdə tutulan tədbirlərdən heç biri görülməyib.
116. Məhkəmə hesab edir ki, yerli hüquq müdafiə vasitələrinin tükəndirilməsilə bağlı məsələ üzrə əsas aydınlaşdırılmalı olan sual ondan ibarətdir ki, ərizəçi yerli qanunvericilikdə, xüsusilə də 4320 saylı Qanunda nəzərdə tutulan mövcud müdafiə vasitələrindən istifadə edib ya etməyib; və yerli hökumət orqanları, zərərçəkmişlər tərəfindən şikayətin geri götürülməsinə baxmayaraq ərizəçinin əri barəsində cinayət işi qaydasında prosesin davam etdirməsinə ehtiyac olub olmadığını aydınlaşdırıb yoxsa aydınlaşdırmayıb. Bu suallar daxili müdafiə vasitələrinin ərizəçiyə və anasına məişət zorakılığına qarşı kifayət qədər müdafiə imkanı verə bilib bilməməsi məsələsilə sıx əlaqəlidir. Odur ki, Məhkəmə bu sualları işin mahiyyətilə birləşdirərək onlara Konvensiyanın 2, 3 və 14-cü maddələri əsasında baxacaq (bax: digər işlərlə bərabər, Şemsi Önen Türkiyəyə qarşı, Nº 22876/93, § 77, 14 may 2002).
117. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. qəbuledilməyən sayıla bilməz. Buna görə də o, qəbuledilən sayılmalıdır.
II. KONVENSİYANIN İDDİA EDİLƏN 2-Cİ MADDƏSİNİN POZUNTUSU
118. Ərizəçi, iddia etdi ki, səlahiyyətli dövlət orqanları Konvensiyanın 2-ci maddəsini pozaraq əri tərəfindən öldürülən anasının yaşamaq hüququnu müdafiə etməyiblər. 2-ci maddədə deyilir:
“1. Hər kəsin yaşamaq hüququ qanunla müdafiə olunmalıdır. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz...”
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
119. Ərizəçi ilk öncə iddia etdi ki, məişət zorakılığına səlahiyyətli dövlət orqanları və ictimaiyyət tərəfindən göz yumulub və zorakılıq əməllərinə yol verən şəxslər isə cəzasızlıqdan yararlanıblar. Bununla əlaqədar ərizəçi bildirdi ki, Diyarbəkir Baş Prokurorluğuna dəfələrlə şikayət etmələrinə baxmayaraq, özünün və anasının həyatını qorumaq üçün 4320 saylı Qanunda nəzərdə tutulan müdafiə tədbirlərindən heç biri görülməyib. Bunun əksinə olaraq, səlahiyyətli dövlət orqanları bir neçə dəfə ərizəçini və anasını H.O.-ya qarşı irəli sürdükləri şikayəti geri götürməyə sövq ediblər. Yerli hakimiyyət orqanları H.O.-nun ölüm hədələri ilə bağlı tamamilə passivlik nümayiş etdirərək ərizəçini və anasını zorakılıq əməlini törədən şəxsin öhdəsinə buraxıblar.
120. Ərizəçi bildirib ki, 27 fevral 2002-ci il tarixli ərizə ilə anası Baş Prokurorluğa müraciət edib və səlahiyyətli dövlət orqanlarını H.O.-nun onları ölümlə hədələməsi barədə məlumatlandırıb. Lakin Baş Prokuror mərhumun həyatını müdafiə etmək üçün heç bir tədbir görməyib. Ərizəçinin fikrinə görə, hakimiyyət orqanlarının anasının şikayətini ciddi qəbul etməmələri, məişət zorakılığına ictimaiyyətin və yerli hakimiyyət orqanlarının dözümlü münasibət göstərməsinin açıq sübutudur.
121. Ərizəçi həmçinin iddia etdi ki, H.O.-nun adam öldürmə cinayəti törətməsinə baxmayaraq, ona verilən cəza adekvat olmayıb və adam öldürmə cinayətinə görə tətbiq olunan normal cəzadan xeyli yüngül cəza olub. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxs ərizəçinin anasını namus zəminində qətlə yetirdiyini qeyd edib və bu fakt yüngülləşdirici hal kimi nəzərə alınıb. Türkiyə məhkəmələrində “namus cinayəti” ilə bağlı işlərdə yüngül cəza tətbiq olunması halı geniş yayılıb. “Namus cinayətləri” ilə bağlı işlərdə məhkəmələr bu cür cinayəti törədən şəxslərə ya çox yüngül cəzalar tətbiq edir, ya da ümumiyyətlə cəza tətbiq etmir.
2. Hökumət
122. Hökumət iddia etdi ki, yerli hakimiyyət orqanları ərizəçi və anası tərəfindən edilən şikayətlərə dair dərhal və çevik araşdırmalar həyata keçirib. Bununla bağlı, şikayətlər edildikdən dərhal sonra dövlət orqanları şikayətlərin qeydiyyatını aparıb, tibbi müayinələrin aparılmasını təmin edib, şahidləri dindirib, hadisə yerlərində istintaq aparıb və şikayətləri aidiyyatı üzrə məhkəmələrə təqdim edib. Zəruri hallarda, təqsirləndirilən şəxs müvəqqəti saxlama yerlərində saxlanılıb və məhkəmələrdə ittiham olunub. Bu proseslər mümkün olan ən qısa müddət içərisində həyata keçirilib. Səlahiyyətli dövlət orqanları şikayətlərə həssas yanaşıb və heç bir şəkildə laqeydlik göstərməyiblər.
123. Lakin buna baxmayaraq, ərizəçi və anası şikayətlərini geri götürərək dövlət orqanlarının H.O. barəsindəki cinayət işlərini davam etdirməsinə mane olublar və bununla da təqsirləndirilən şəxsin cəzasızlıqdan yararlanmasına kömək ediblər. Bu məsələ ilə bağlı, işin materiallarında, ərizəçinin və anasının şikayətlərini geri götürmək üçün H.O. və ya istintaqı həyata keçirən hər hansı prokuror tərəfindən təzyiqə məruz qalmaları ilə bağlı hər hansı bir hala rast gəlinmir. Təqsirləndirilən şəxsin əleyhinə olan cinayət proseslərinin davam etdirilməməsi ərizəçi tərəfindən verilən şikayətlərdən asılıdır, çünki sözü gedən cinayət hərəkətləri Cinayət Məcəlləsinin 456-cı maddəsinin 4-cü bəndi, 457 və 460-cı maddələrində nəzərdə tutulan qaydada, on gün və ya daha çox müddətə xəstəliyə və ya iş qabiliyyətinin itirilməsinə səbəb olmayıb. Bunda başqa, işlərin əksəriyyətində cinayət məhkəmələri H.O.-nu sübutların yetərsizliyi səbəbilə ittiham etməyiblər. Odur ki, səlahiyyətli dövlət orqanlarının ərizəçini və ərini ayırması, onlar bir ailə kimi birlikdə yaşadıqları halda ərini ittiham etməsi qəbulolunmazdır, çünki bu, onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusudur.
124. Ərizəçinin anasının 27 fevral 2002-ci il tarixli şikayətinə gəlincə, Hökumət iddia etdi ki, həmin ərizənin mahiyyət etibarı ilə digər ərizələrdən heç bir fərqi olmayıb. Onun həyatının həqiqətən də təhlükədə olduğunu sübut edən heç bir real fakt və ya səciyyəvi hal göstərilməyib. Ana, öz ərizəsində hər hansı bir qoruma istəməyib, sadəcə şikayətinə qısa zaman içərisində baxılması və ərizəçinin ərinin cəzalandırılması xahiş olunub. Buna baxmayaraq, 27 fevral 2002-ci il tarixli ərizəni alan dövlət orqanları, həmin ərizəni qeydiyyatdan keçiriblər və 27 may 2002-ci il tarixdə bir dindirmə, ardından isə digər dindirmələr həyata keçiriblər. Nəhayət, ərizəçinin anasının öldürülməsindən sonra, H.O. ittiham edilib və ağır cəza ilə cəzalandırılıb.
3. “İnterayts” (Interights) Təşkilatı
125. Beynəlxalq təcrübəyə əsaslanan İnterights, yerli dövlət orqanlarının ayrı-ayrı şəxslər tərəfindən tətbiq edilən zorakılıq da daxil olmaqla, qadınlara qarşı zorakılığın qarşısını almaq və ya araşdırmaq, ittiham etmək və cəzalandırmaq sahəsində zəruri çaba sərf etmədiyi hallarda, Dövlətin bu hərəkətlərə görə məsuliyyət daşıdığını bildirib. İşgəncəyə məruz qalmamaq və yaşamaq hüquqlarının jus cogens xarakterli olması, Dövlətin, bu hərəkətlərin istintaqının aparılması və onların ittiham edilməsilə bağlı xüsusi həssaslıq nümayiş etdirməsini tələb edir.
126. Məişət zorakılığı ilə bağlı işlərdə çox vaxt qurbanlar cinayət barədə xəbər verməmək və ya şikayətlərini geri götürmək üçün hədələnərək qorxudulurlar. Lakin məsuliyyətə cəlb etmə və cəzasızlığa yol verməyərək təqsirli şəxsin ittiham edilməsi vəzifəsi, zorakılıq qurbanının deyil, Dövlətin vəzifəsidir. Beynəlxalq təcrübə qəbul etdi ki, məişət zorakılığına qarşı sadəcə zorakılığın qurbanları deyil, eyni zamanda geniş sahədə şəxslər məlumat verərək istintaqın başlanmasına təşəbbüs göstərə bilərlər. Bundan başqa, beynəlxalq təcrübə daha da irəli gedərək təklif etdi ki, yetərli sübut mövcud olduğu zaman və ictimaiyyətin xeyrinə olduğu zaman, məişət zorakılığını törədən şəxsə qarşı istintaq, zərərçəkmiş şəxs öz şikayətini geri götürdükdə belə, davam etdirilsin. Bu təkliflər, zorakılıq qurbanının iştirakını zəruri edən yanaşmanı aradan qaldıraraq, səmərəli araşdırma vəzifəsinin tamamilə Dövlətin üzərinə qoyur.
127. Müvafiq işdə ittihamla bağlı olmayan qərarın bir məişət zorakılığı işinin istintaqının aparılmaması və ya istintaqın ərizəçi şikayətini geri götürdükdən sonra dayandırılmasını nəzərdə tutan qanun və ya təcrübə mütləq öhdəliyin icra olunmaması demək deyil. Bu öhdəliklərlə bağlı, CEDAW Komitəsinin Fatma Yıldırım Avstriyaya qarşı işlə bağlı qərarına istinadən (müvafiq beynəlxalq materiallar hissəsində qeyd olunub), Dövlətin sadəcə müvafiq qanunvericiliyi deyil, eyni zamanda səmərəli icra mexanizmi təmin etməsi qeyd olunub.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ərizəçinin anasının həyatının qorunmaması ilə bağlı iddialar
a) Müvafiq prinsiplər
128. Məhkəmə bir daha qeyd edir ki, 2.1-ci maddənin birinci cümləsinə görə, Dövlət, nəinki sadəcə qəsdən və qanunsuz qaydada insanları həyatına son qoymaqdan çəkinməli, həmçinin öz yurizdiksiyası daxilində olan insanların həyatını qorumaq üçün zəruri addımlar atmalıdır (bax: L.C.B. Birləşmiş Krallığa qarşı, 9 iyun 1998, § 36, Hesabatlar 1998-III). Bu da Dövlətin üzərinə, şəxsə qarşı törədilən cinayətlərin qarşısının alınması məqsədilə səmərəli cinayət hüququ normaları yaradaraq bu normaların pozuntusunun qarşısının alınması, onların aradan qaldırılması və cəzalandırılması üçün məcburetmə mexanizmindən istifadə edərək yaşamaq hüququnu müdafiə etmək vəzifəsi qoyur. Eyni zamanda bu, müvafiq hallarda dövlət orqanlarının üzərinə, həyatı təhlükədə olan şəxsi başqa şəxsin cinayət əməlindən qorumaq üçün çəkindirici xarakterli tədbirlər həyata keçirmək kimi pozitiv öhdəlik qoyur (bax: Osman Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1998, § 115, Hesabatlar 1998-VIII, Kontrová Slovakiyaya qarşı işdə qeyd olunub, Nº 7510/04, 49-cu paraqraf, AİHM 2007‑... (çıxarışlar)).
129. Müasir cəmiyyətlərdə, insanların davranışının qabaqcadan müəyyən edilə bilməməsi və prioritet məsələlər və mənbələr baxımından edilməli olan seçimlər nəzərə alınaraq, pozitiv öhdəliklərin dairəsi hakimiyyət orqanlarının gücünə qeyri-adekvat və qeyri-proporsional olmamalıdır. Odur ki, Konvensiya, həyat üçün təhlükə yaratdığı iddia olunan hər hal üçün dövlət orqanlarının bu təhlükənin həyata keçirilməsinə mane olmaq üçün real əməliyyat tədbirləri həyata keçirməsini tələb etmir. Pozitiv öhdəlik, səlahiyyətli dövlət orqanları, konkret bir şəxsin həyatının üçüncü şəxs tərəfindən törədiləcək cinayət təhlükəsində olduğunu bildikləri və ya bilməli olduqları və bu təhlükənin qarşısını almaq üçün öz qüvvələri çərçivəsində olan tədbirləri görmədikləri hallarda yaranır. Bu məsələ ilə bağlı digər hal, polisin Konvensiyanın 5 və 8-ci maddələrində nəzərdə tutulan hüquqlar da daxil olmaqla, müvafiq prosedura uyğun şəkildə və qanunla onlara verilmiş səlahiyyət çərçivəsində cinayəti araşdırmaq və cinayətləri ədalət məhkəməsi qarşısına çıxarmaqdır (bax: Osman, yuxarıda 116-cı bənddə qeyd olunub).
130. Məhkəmə hesab edir ki, səlahiyyətli dövlət orqanlarının qeyd olunan şəxsə qarşı cinayətlərin qarşısını almaqla yaşamaq hüququnu müdafiə etmək istiqamətində pozitiv öhdəliyini yerinə yetirmədiyi iddia edildikdə, Məhkəməni inandırmaq lazımdır ki, müvafiq hakimiyyət orqanları müvafiq zamanda həmin şəxsin həyatına qarşı təhlükə olduğunu biliblər və ya bilməli idilər və onlar öz səlahiyyətləri çərçivəsində həyata keçirməli olduqları və həyata keçirəcəkləri təqdirdə həmin təhlükənin qarşısını alacaq tədbirləri həyata keçirməyiblər. Bundan əlavə, 2-ci maddə ilə qorunan hüququn, Konvensiyanın mənasına görə fundamental hüquq olduğunu nəzərə alaraq, ərizəçinin dövlət orqanlarının bildiyi və ya bilməli olduğu real və yaxın təhlükənin qarşısının alınması üçün görməli olduqları tədbirin hamısını görmədiklərini göstərə bilməsi kifayətdir. Bu suala konkret işin bütün hallarının işığında cavab vermək olar. (İbid).
b) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
i) İşin məzmunu
131. Yuxarıdakılara nəzərən, Məhkəmə yerli hakimiyyət orqanlarının ərizəçini və onun anasını müdafiə etmək üçün bütün çəkindirici əməliyyat tədbirlərini həyata keçirərək öz pozitiv öhdəliklərini həyata keçirib keçirmədiyini müəyyənləşdirəcək. Bununla əlaqədar olaraq, Məhkəmə ilk olaraq, H.O.-nun cinayət hərəkətlərinin nəticəsində ərizəçinin və onun anasının həyatı üçün təhlükənin olduğunu bildiklərini və ya bilməli olduqlarını müəyyən edəcək. Tərəflərin arqumentlərindən göründüyü kimi, hazırkı iş üzrə əsas suallardan biri ondan ibarətdir ki, yerli dövlət orqanları, ərizəçiyə və anasına qarşı zorakılığın qarşısını almaq üçün, ərizəçilərin öz şikayətlərini geri götürdükləri hallarda belə, H.O.-ya qarşı müvafiq cəza və ya müdafiə tədbirləri görmək üçün zəruri şəkildə cəhd göstəriblərmi.
132. Lakin bu məsələlərin araşdırılmasına başlamamışdan qabaq, Məhkəmə vurğulamalıdır ki, fiziki zorakılıqdan tutmuş psixi və şifahi zorakılığa qədər məişət zorakılığının müxtəlif növləri var, lakin hazırkı işin halları sadəcə bu növlərlə məhdudlaşdırılmayacaq. Məişət zorakılığı hər bir üzv Dövləti narahat edən və bir qayda olaraq şəxsi münasibətlər daxilində və ya qapalı dairələrdə yaşanan bir hal olduğu üçün, heç də hər zaman aşkar olmayan və təsirə məruz qalan şəxslərin sadəcə qadınlar olmadığı bir problemdir. Məhkəmə qəbul edir ki, kişilər də məişət zorakılığının qurbanı ola bilərlər və eyni zamanda uşaqlar da adətən bu durumda birbaşa və ya dolayı şəkildə qurbana çevrilə bilərlər. Odur ki, Məhkəmə hazırkı işi araşdırarkən bu problemin ciddiliyini nəzərdə saxlayacaq.
ii) Yerli dövlət orqanlarının H.O. tərəfindən törədiləcək qətl hadisəni qabaqcadan görə bilib bilməmələri
133. İşin hallarına diqqət yetirərək Məhkəmə hesab edir ki, ərizəçi və əri H.O. arasında münasibətlər hələ lap əvvəldən problemli olub. Yaşanan anlaşılmazlıqların nəticəsində, H.O. ərizəçiyə qarşı zorakılığa əla atıb ki, bunun qarşılığında da ərizəçinin anası qızını qorumaq məqsədilə onların münasibətinə müdaxilə edib. Nəticədə, H.O. baş verən problemlərə görə ananı günahlandırıb və onu öz hədəfinə çevirib (yuxarıda 28-ci bəndə bax). Odur ki, Məhkəmə, hadisələrin bəzilərini və hökumət orqanlarının reaksiyasını vurğulamağı vacib sayır:
(i) 10 aprel 1995-ci il tarixdə H.O. və A.O. ərizəçini və anasını döyüblər, ciddi fiziki yaralanmaya səbəb olublar və onları öldürməklə hədələyiblər. Ərizəçinin və anasının ilkin olaraq şikayət etmələrinə baxmayaraq, sonradan onların bu şikayəti geri götürmələri səbəbilə H.O. və A.O.-ya qarşı cinayət işinə xitam verilib (yuxarıda 4-11-ci bəndlərə bax);
(ii) 11 aprel 1996-cı il tarixdə H.O. yenidən ərizəçini döyüb və həyatı üçün təhlükə yaradan yaralanmaya səbəb olub. H.O. tutulub və ona qarşı sağlamlığa ağır ziyan vurma maddəsilə cinayət işi başlanıb. Lakin buna baxmayaraq, H.O.-nun azad edilməsindən sonra ərizəçi, şikayətini geri götürüb və H.O.-ya qarşı ittihamlara xitam verilib (yuxarıda 13-19-cu bəndlərə bax);
(iii) 5 fevral 1998-ci il tarixdə H.O. ərizəçiyə və anasına qarşı bıçaqla hücum edib. Hər üçü ağır şəkildə yaralanıblar və onların işi üzrə prokuror, sübutları yetərsiz hesab edərək heç kimin barəsində cinayət işi başlamamaq qərarına gəlib (yuxarıda 20 və 21-ci bəndlərə bax);
(iv) 4 mart 1998-ci il tarixdə H.O. maşını ilə ərizəçinin və onun anasının üstünə hücum çəkib. Hər iki qurban ciddi yaralar alıblar və tibbi rəylər, ərizəçinin iş qabiliyyətini yeddi gün müddətə itirdiyini və anasının yaralarının isə həyati təhlükə yaratdığını göstərib. Bu insidentin ardınca, hər iki zərərçəkmiş prokurordan xahiş ediblər ki, onları H.O.-nun ölüm hədələrindən qorumaqçün zəruri tədbirlər görülsün və eyni zamanda ərizəçi boşanmaq üçün məhkəməyə müraciət edib. Zərərçəkmişlərin ölüm hədəsilə bağlı iddiaları əsasında polis tərəfindən aparılan istintaqın nəticəsində belə qərara gəlinib ki, hər iki tərəf bir-birini hədələdiyi üçün və ərizəçinin anası H.O.-dan qisas almaq məqsədilə qızını ondan ayırmaq istədiyi üçün belə bir iddia irəli sürüb və bununla da təhlükəsizlik orqanlarının “boş-boşuna vaxtını alıb”. H.O.-ya qarşı ölümlə hədələmə və öldürməyə cəhd maddələrilə cinayət işi başlanıb, H.O.-nun təcridxanadan azad edilməsindən sonra ərizəçi və anası yenidən şikayətlərini geri götürüblər (yuxarıda 31-ci bəndə bax). Bu dəfə, istintaq orqanları H.O.-ya qarşı ölümlə hədələmə və öldürməyə cəhd maddələrilə başlanan cinayət işlərinə xitam verilsə də Ağır Cinayətlərə dair İşlər üzrə Diyarbəkir Məhkəməsi H.O.-nu ərizəçinin anasını yaralamasına görə ittiham edərək üç ay həbs cəzası ilə cəzalandırıb və sonradan bu cəzanı cərimə cəzası ilə əvəz edib (yuxarıda 23-36-cı bəndlərə bax);
(v) 29 oktyabr 2001-ci il tarixdə ərizəçi anasıgildən evinə döndükdən sonra yeddi dəfə bıçaqlanıb. H.O. qayınanasının evliliklərinə müdaxilə etməsinə görə bir münaqişə yaşadıqlarını və bu münaqişə zamanı həyat yoldaşına hücum etdiyini iddia edərək polisə təslim olub. H.O.-nun ifadəsini aldıqdan sonra polis əməkdaşları onu sərbəst buraxıblar. Lakin ərizəçinin anası H.O.-nun həbs olunması tələbilə Baş Prokurorluğa müraciət edib və bundan əlavə bildirib ki, qızı və özü keçmişdəki şikayətlərini, H.O.-nun onları ölümlə hədələməsi və təzyiq altında olmaları səbəbilə məcburən geri götürüblər. Nəticədə, H.O. bıçaqla yaralama maddəsilə ittiham olunaraq cərimə cəzası ilə cəzalandırılıb (yuxarıda 37-44-cü bəndlərə bax);
(vi) 14 noyabr tarixdə H.O. ərizəçini hədələyib lakin istintaq orqanları sübutların yetərsiz olduğunu hesab edərək onu məsuliyyətə cəlb etməyiblər (yuxarıda 45 və 46-cı bəndlərə bax);
(vii) 19 noyabr 2001-ci il tarixdə ərizəçinin anası yerli prokurorluq orqanlarına müraciət edərək H.O.-nun mütəmadi hədələrindən və onları təqib etməsindən, üstəlik üstündə silah gəzdirməsindən şikayət edib. Polis yenidən H.O.-nun ifadəsini alaraq onu sərbəst buraxıb, lakin Prokuror ölüm hədələri etməsinə görə ona qarşı ittiham irəli sürüb (yuxarıda 47-49-cu bəndlərə bax).
(viii) Daha sonra 27 fevral 2002-ci il tarixdə ərizəçinin anası prokurorluğa müraciət edərək ərizəçinin hədələrinin sayının artmasından və onların həyatının ciddi təhlükə altında olduğundan şikayət edib. Buna görə də polisdən H.O. barədə tədbirlər görməyi xahiş edib. Polis H.O.-nun ifadəsini alıb və Məhkəmə onu ancaq ərizəçinin anasının qətlindən sonra dindirib. H.O. ittihamları rədd edib və iddia edib ki, o, arvadının anasıgilə getməsinin əleyhinə olub çünki anası əxlaqsız həyat tərzi yaşayıb (yuxarıda 51-52-ci bəndlərə bax).
134. Yuxarıda qeyd olunan hadisələrin kontekstində məlum olur ki, ərizəçiyə və onun anasına qarşı H.O. tərəfindən intensiv zorakılıq mövcud olub. H.O. tərəfindən törədilən cinayətlər, çəkindirici xarakterli tədbirlərin görülməsi üçün kifayət qədər ciddi olub və zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün mütəmadi hədə olub. Münasibətlərin keçmişinə nəzər saldıqda görmək olur ki, təqsirləndirilən şəxsin məişət zorakılığıyla bağlı kifayət qədər hərəkətləri olub və odur ki, növbəti zorakılıq ehtimalı ilə bağlı ciddi təhlükə mövcud olub.
135. Bundan başqa, zərərçəkmiş şəxsin vəziyyəti hakimiyyət orqanları üçün də bəlli olub və ərizəçinin anası Diyarbəkir Baş Prokurorluq orqanına ərizə ilə müraciət edərək həyatının ciddi təhlükə altında olduğunu bildirib və polisdən H.O.-ya qarşı tədbirlər görməyi xahiş edib. Lakin dövlət orqanlarının ərizəçinin anasının tələbinə reaksiyası, ananın iddiaları haqqında H.O.-nun ifadəsini almaqla məhdudlaşdırılıb. Onun müraciətindən təqribən iki həftə sonra, 11 mart 2002-ci il tarixdə o, ərizəçinin anasını öldürüb (54-cü bəndə bax).
136. Yuxarıdakı halları nəzərə alaraq Məhkəmə qeyd edir ki, yerli hakimiyyət orqanları ölümə səbəb olan hücumu qabaqcadan görə bilərdilər. Məhkəmə, hakimiyyət orqanlarının başqa cür davranması halında hadisələrin fərqli şəkildə cərəyan edəcəyini və qətl hadisəsinin baş verməyəcəyini dəqiq şəkildə bilməməklə yanaşı, hesab edir ki, hakimiyyət orqanlarının nəticəni dəyişdirəcək, ya ziyanı azaldacaq müvafiq tədbirlər görməməsi Dövlətin öhdəliyi məsələsinin qaldırılması üçün yetərlidir (bax: E. və Başqaları Birləşmiş Krallığa qarşı, Nº 33218/96, § 99). Odur ki, bundan sonra Məhkəmə, dövlət orqanlarının ərizəçinin anasının qətlinin qarşısını almaq üçün hansı həddə tədbirlər gördüyü məsələsini araşdıracaq.
iii) Hakimiyyət orqanlarının ərizəçinin anasının qətlinin qarşısını almaq üçün zəruri tədbirlər görüb görməməsi
137. Hökumət iddia etdi ki, onlar hər dəfə H.O.-ya qarşı cinayət işi başlayıblar lakin ərizəçinin və anasının öz şikayətlərini geri götürməsi səbəbilə, yerli qanunvericiliyin tələbinə uyğun olaraq onlar işə xitam vermək məcburiyyətində qalıblar. Onlar bildirdilər ki, hökumət tərəfindən hər hansı müdaxilə 8-ci maddənin pozuntusu hesab oluna bilərdi. Ərizəçi izah etdi ki, o və anası hər dəfə şikayətlərini H.O. tərəfindən ölüm təhdidləri və təzyiqlər nəticəsində geri götürüblər.
138. Məhkəmə ilk öncə qeyd edir ki, Razılığa Gələn Tərəflər arasında, məişət zorakılığı qurbanının şikayətini geri götürdüyü təqdirdə, zorakılığı törədən şəxsə qarşı cinayət işinin davam etdirilib etdirilməməsi ilə bağlı ümumi konsensus yoxdur (yuxarıda 87 və 88-ci bəndlərə bax). Lakin buna baxmayaraq, hakimiyyət orqanları hansı tədbir görəcəkləri ilə bağlı qərar verərkən, zərərçəkmişin 2-ci, 3-cü və 8-ci maddələrdəki hüquqları arasında balans yaratmaq öhdəliyi daşıyırlar. Bununla bağlı, üzv Dövlətlərin təcrübələrini araşdıraraq, Məhkəmə hesab edir ki, cinayət işinin davam etdirilməsilə bağlı nəzərə alınmalı olan bir sıra meyarlar var:
- cinayətin ağırlıq dərəcəsi;
- zərərçəkmişin yaralarının fiziki yoxsa psixoloji olması;
- müdafiə olunan şəxsin silahdan istifadə edib etməməsi;
- hücuma qədər müdafiə olunan şəxsin hücuma məruz qalan şəxsi təhdid edib etməməsi;
- müdafiə olunan şəxsin hücumu planlaşdırıb planlaşdırmaması;
- evdə yaşayan uşaqlar varsa zorakılıq əməli onlara təsir edibmi (psixoloji təsir də daxil olmaqla); müdafiə olunan şəxsin yenidən zorakılığa yol verməsi ehtimalı;
- Zərərçəkmişin və ya evdə yaşayan digər şəxslərin həyatına və sağlamlığına qarşı davam edən hədələr;
- müdafiə olunan şəxslə zərərçəkmiş şəxs arasındakı münasibətlərin hazırkı vəziyyəti; zərərçəkmişin iradəsi əleyhinə olaraq müdafiə olunan şəxsə qarşı cinayət işinin davam etdirilməsinin bu münasibətə təsiri;
- münasibətin keçmişi, xüsusilə keçmişdə hər hansı bir zorakılıq hadisəsinin baş verib verməməsi;
- və müdafiə olunan şəxsin kriminal keçmişi, xüsusilə hər hansı məişət zorakılığı hadisəsi törədib törətməməsi.
139. Bu təcrübədən belə bir nəticəyə gəlmək olar ki, cinayətin ağırlıq dərəcəsi və ya sonrakı cinayətlərin baş vermə riski artdıqca, zərərçəkmiş şəxslər şikayətlərini geri götürsələr belə ictimai maraqlar naminə həmin şəxsə qarşı ittiham və araşdırma davam etdirilməlidir.
140. Hökumətin, dövlət orqanlarının ərizəçi ilə ərini ayırması ilə bağlı təşəbbüsünün ailə həyatı hüququnun pozulmasına səbəb olacağı ilə əlaqədar irəli sürdüyü arqumenti və Türkiyə qanunvericiliyində zərərçəkmişin şikayətini geri götürdüyü və on gün və ya daha artıq müddətə iş qabiliyyətini itirməsinə səbəb olan yaralanmalara məruz qalmadığı hallarda istintaqın davam etdirilməsi şərti nəzərdə tutulmadığı halları diqqətdə saxlayaraq, Məhkəmə, yerli dövlət orqanlarının zərər çəkmiş şəxsin 2-ci və 8-ci maddələrdə nəzərdə tutulan hüquqları arasında müvafiq balans yaradıb yaratmadığını araşdıracaq.
141. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, H.O., ərizəçi ilə münasibətinin lap əvvəllərindən bəri zorakılıq əməllərinə yol verib. Ərizəçi və anası bir çox hallarda fiziki yaralanmalardan əziyyət çəkiblər və onlarda qorxu və təşviş hissi yaradan psixoloji təsirə məruz qalıblar. Bir sıra hücumlar zamanı H.O. bıçaq və tapança kimi öldürücü silahlardan istifadə edib və ərizəçini və anasını mütəmadi şəkildə ölümlə hədələyib. Ərizəçinin anasının öldürülməsi şəraitinə diqqət yetirdikdə, demək olar ki, H.O. bıçaq və odlu silah gəzdirdiyi və zərərçəkmişin evinin həndəvərində dolaşdığına görə o, hücumu qabaqcadan planlaşdırıb (yuxarıda 47 və 54-cü bəndlərə bax).
142. Ərizəçinin anası cütlüyün münasibətlərinə qarışdığı üçün hədəfə çevrilib və cütlüyün uşaqlarının da ailədə baş verən mütəmadi zoraklğın psixoloji təsirinə məruz qaldıqlarını nəzərə alaraq onları da qurban hesab etmək olar. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı işdə H.O.-nun zorakılıqla müşahidə olunan davranışlarını və törətmiş olduğu cinayətlərin sayını, həmçinin zərərçəkənin sağlamlığı və təhlükəsizliyilə bağlı mütəmadi hədələri və münasibətlərin zorakılıqla dolu olan keçmişini nəzərdən keçirdikdə, sonrakı zorakılıq ehtimalları açıq aşkar görünə bilən idi (yuxarıda 10, 13, 23, 37, 45, 47 və 51-ci bəndlərə bax).
143. Məhkəmə hesab edir ki, yerli dövlət orqanları, H.O.-ya qarşı cinayət işinə davamlı şəkildə xitam verərkən yuxarıda qeyd olunan halları yetərincə nəzərə almayıblar. Bunun əvəzinə, “ailə məsələsi” adlandırdıqları məsələyə müdaxilə etməkdən müstəsna şəkildə çəkiniblər (yuxarıda 123-cü bəndə bax). Bununla yanaşı, dövlət orqanlarının şikayətin geri götürülməsi faktının arxasındakı motivi nəzərdən keçirdiklərini göstərən heç bir sübut yoxdur. Ərizəçinin anasının Diyarbəkir Baş Prokurorluğuna özünün və qızının şikayətlərini H.O.-nun mütəmadi ölüm hədələri və onlara tətbiq etdiyi təzyiqləri nəticəsində geri götürdüklərilə bağlı iddialarına baxmayaraq, bu hal araşdırılmayıb (yuxarıda 39-cu bəndə bax). Zərərçəkənlərin şikayətlərini H.O. azadlıqda olduğu zaman və ya tutulub yenidən sərbəst buraxıldıqdan sonra geri götürdükləri də bu məsələ ilə bağlı diqqəti cəlb edir (yuxarıda 9-12, 17-19, 31 və 35-ci bəndlərə bax).
144. Hökumətin yerli dövlət orqanları tərəfindən ediləcək hər hansı başqa müdaxilənin zərərçəkənin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusuna səbəb olacağı ilə bağlı arqumentinə gəlincə, Məhkəmə, məişət zorakılığı ilə bağlı oxşar bir işdəki qərarına istinadən qeyd edir ki (bax: Bevacqua and S. Bolqarıstana qarşı, Nº 71127/01, 83-cü paraqraf, 12 iyun 2008), münaqişə “özəl məsələ” ilə əlaqədar olduğu üçün heç bir müdaxilənin tələb olunmadığı ilə bağlı Hökumətin fikri, onların, ərizəçinin hüquqlarından istifadə etməsini təmin etmək kimi pozitiv öhdəliyi ilə uzlaşmır. Bununla yanaşı, Məhkəmə bir daha qeyd edir ki, bəzi hallarda yerli hakimiyyət orqanlarının insanların şəxsi və ya ailə məsələlərinə müdaxiləsi, başqalarının həyatını və ya sağlamlığını müdafiə etmək və ya hansısa cinayətin qarşısını almaq üçün zəruri ola bilər (bax: K.A. və A.D. Belçikaya qarşı, Nº 42758/98 və 45558/99, 81-ci paraqraf, 17 fevral 2005). Hazırkı işdə ərizəçinin anasının həyatı üçün mövcud olan təhlükənin ciddiliyi, hakimiyyət orqanlarının müdaxiləsini zəruri edirdi.
145. Lakin Məhkəmə təəssüf hissilə qeyd edir ki, hazırkı işdə cinayət qaydasında istintaqın aparılması, həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə, ciddi şəkildə ərizəçinin və anasının şikayətlərindən asılı olub; yəni, hal-hazırda qüvvədə olmayan Cinayət Məcəlləsinin 456 və 460-cı maddələrinə əsasən, hakimiyyət orqanları cinayət hərəkətinin xəstəlik və ya on gün və ya daha çox müddətdə iş qabiliyyətinin itirilməsinə səbəb olmadığı hallarda cinayət qaydasında araşdırma apara bilməzdilər (yuxarıda 70-ci bəndə bax). Belə görünür ki, bu normanın tətbiqi, üstəlik yerli hakimiyyət orqanlarının H.O.-ya qarşı cinayət işini həyata keçirməməsi, ərizəçinin anasını, öz həyatını və sağlamlığını qorumaq imkanından məhrum edib. Başqa sözlə, o zaman qüvvədə olan qanunvericilik, xüsusilə də minimum on günlük xəstəlik tələbi, Dövlətin bütün məişət zorakılığı hallarını cəzalandıran və zərərçəkənlər üçün kifayət qədər təhlükəsizlik təmin edən sistem qurmaq və həmin sistemi səmərəli şəkildə icra etmək istiqamətində pozitiv öhdəliklərindən yaranan tələblərə cavab vermir. Buna görə də Məhkəmə hesab edir ki, H.O. tərəfindən keçmişdə törədilən cinayətlərin ağırlıq dərəcəsini nəzərə alaraq, istintaq orqanları, zərərçəkənin şikayətlərini geri götürməsinə baxmayaraq, cinayət işini ictimai maraq məsələsi kimi araşdıra bilməli idi (baz: bununla bağlı Nazirlər Komitəsinin Tövsiyəsi Rec(2002)5, yuxarıda 80-82-ci paraqraflarda).
146. Məişət zorakılığı qurbanlarının səmərəli şəkildə müdafiəsinə mane olan qanunvericilikdən başqa, Məhkəmə eyni zamanda yerli dövlət orqanlarının ərizəçinin anasının yaşamaq hüququnu qorumaq üçün digər vasitələrdən istifadə edərək zəruri cəhdlər göstərib göstərmədiyini nəzərdən keçirməlidir.
147. Bununla bağlı, Məhkəmə, mərhumun H.O.-nun onu təqib etməsi, bıçaq və odlu silah gəzdirərək onun evinin ətrafında gəzib şəxsi həyatına müdaxilə etməsi ilə bağlı şikayətlərinə baxmayaraq (yuxarıda 47-ci bəndə bax), polis və prokurorluq orqanları nə H.O.-nun təcridxanada saxlanması, nə də odlu silah gəzdirdiyi üçün və bu silahla zorakılıq xarakterli hədələr etməsilə bağlı iddialara cavab olaraq hər hansı tədbir həyata keçirməyiblər (bax: Kontrová, yuxarıda 53-cü paraqrafda qeyd olunub). Hökumət, ərizəçinin anasının həyatının ciddi təhlükə altında olduğuna dair heç bir dəlil olmadığını iddia etsə də, Məhkəmə əslində dövlət orqanlarının H.O. tərəfindən edilən hədələrin araşdırılaraq onun bu şərtlərlə həbs edilməsinin qeyri-proporsional bir addım olacağı nəticəsinə gəldiyini göstərən hər hansı bir fakt yoxdur; bunun əksinə, dövlət orqanları bu məsələni ümumiyyətlə araşdırmayıblar. Hər bir halda, Məhkəmə xüsusilə vurğulayır ki, məişət zorakılığı ilə bağlı işlərdə, zorakılıq əməlini törədən şəxslərin hüquqları, qurbanların yaşamaq hüququ və fiziki və əqli bütünlük hüququndan üstün tutula bilməz (bax: Fatma Yıldırım Avstriyaya qarşı və A.T. Macarıstana qarşı CEDAW Komitəsinin qərarları, hər ikisi yuxarıda 12.1.5 və 9.3 paraqraflarda qeyd olunub).
148. Bundan başqa, Dövlətin həyatı təhlükədə olan şəxsi qorumaq üçün çəkindirici əməliyyat tədbirləri həyata keçirmək istiqamətindəki pozitiv öhdəliklərini nəzərə aldıqda, zorakılıq hücumları ilə müşahidə olunan bir cinayət keçmişi olan şəxslə üzləşdikləri zaman dövlət orqanlarının ərizəçinin anasını müdafiə etmək məqsədilə vəziyyətin ciddiliyinə münasib qaydada xüsusi tədbirlər görməsi gözlənilən idi. Odur ki, yerli prokurorluq orqanının prokuroru və ya Cinayət Məhkəməsinin hakimi öz təşəbbüsü ilə 4320 saylı Qanunun 1-ci və 2-ci bölmələrində nəzərdə tutulan müdafiə tədbirlərindən birini və ya bir neçəsini həyata keçirə bilərdilər (yuxarıda 70-ci bəndə bax). Onlar həmçinin, qərar qəbul edərək H.O.-nun ərizəçinin anası ilə kontakt yaratmasını, onunla danışması və ya ona yaxınlaşmasını, yaxud müəyyən yerlərə daxil olmasını qadağan edə bilərdilər (bax: Nazirlər Komitəsinin Tövsiyəsi Rec(2002)5, yuxarıda 82-ci paraqraf). Bunun əksinə olaraq, ərizəçinin anasının müdafiə olunmaqla bağlı mütəmadi xahişlərinə cavab olaraq, polis və Məhkəmə sadəcə olaraq H.O.-nun ifadəsini alaraq onu azad buraxıblar (yuxarıda 47-52-ci bəndlərə bax). Dövlət orqanları təqribən iki həftə boyunca şəxsin ifadəsini almaq üçün passiv qaldıqları zaman H.O. ərizəçinin anasını güllələyərək qətlə yetirib.
149. Bu şərtlər altında Məhkəmə hesab edir ki, yerli dövlət orqanları zəruri səylər göstərməyiblər. Buna görə də, onlar ərizəçinin anasının Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan yaşamaq hüququnu qorumaq istiqamətində öz pozitiv öhdəliklərini yerinə yetirməyiblər.
2) Ərizəçinin anasının qətli ilə bağlı cinayət işi üzrə istintaqın səmərəliliyi
150. Məhkəmə bir daha qeyd edir ki, 2-ci maddənin birinci cümləsində nəzərdə tutulan pozitiv öhdəlik, həmçinin qətlin səbəbinin müəyyən edilməsi və təqsirli tərəfin cəzalandırmasını mümkün edən müstəqil və səmərəli məhkəmə sisteminin yaradılmasını da tələb edir (bax:, mutatis mutandis, Calvelli və Ciglio İtaliyaya qarşı, [BP], Nº 32967/96, AİHM 2002, 51-ci paraqraf). Bu cür istintaqın əsas məqsədi, yaşamaq hüququnu qoruyan yerli qanunvericiliyin səmərəli tətbiqini qarantiya altına almaq və Dövlət qurumlarının cəlb olunduğu bu işlərdə, onların məsuliyyət daşıdığı qətl hadisələrində həmin qurumların cavabdehlik daşımasını təmin etməkdir (bax: Paul və Audrey Edwards, yuxarıda 69 və 71-ci paraqraflarda qeyd olunub). Konvensiyanın 2-ci maddəsi anlamında səmərəli istintaq kontekstinə çeviklik və ağlabatan cəldlik tələbi də daxildir (bax: Yaşa Türkiyəy qarşı, 2 sentyabr 1998, 102‑104-cü paraqraflar, Hesabatlar 1998-VI; Çakıcı Türkiyəyə qarşı [BP], Nº 23657/94, 80-87 və 106-cı paraqraflar, AİHM 1999-IV). Bu da qəbul olunmalıdır ki, xüsusi hallarda istintaqın inkişafına əngəl olan maneələr və ya çətinliklər ola bilər. Lakin buna baxmayaraq, dövlət orqanları qətllə nəticələnən zorakılıq hallarının istintaqı istiqamətində dərhal hərəkətə keçməli, ictimaiyyətin hüququn aliliyinə inamını qorumalı və qanuna zidd hərəkətlərə qarşı dözümlülük göstərilməsi fikrini yaradan hər hansı hərəkətdən çəkinməlidirlər (bax: Avşar Türkiyəyə qarşı, Nº 25657/94, 395-ci paraqraf, AİHM 2001-VII (çıxarışlar)).
151. Məhkəmə bildirir ki, dövlət orqanları, ərizəçinin anasının ölümü ilə bağlı doğrudan da hərtərəfli istintaq həyata keçiriblər. Baxmayaraq ki, H.O. qətl törətməyə və qanunsuz silah gəzdirməyə görə Diyarbəkir Cinayət Məhkəməsində istintaq və ittiham olunub, proses hələ də Kassasiya Məhkəməsində baxılmaqdadır (yuxarıda 57 və 58-ci bəndlərə bax). Odur ki, hal-hazırda altı ildən artıq müddətə davam edən cinayət işinin, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etmiş olduğu qəsdən adamöldürmə cinayətinin istintaqı ilə bağlı dövlət orqanlarının çevik hərəkət etdiyini demək mümkün deyil.
3) Nəticə
152. Yuxarıda qeyd olunanların işığında Məhkəmə hesab edir ki, bütün bu qeyd olunan hərəkətsizliklər həm cinayət həm də mülki hüquq vasitələrinin səmərəsiz olduğunun göstəricisidir. Odur ki, Məhkəmə, yerli müdafiə vasitələrinin tükəndirilməməsilə bağlı Hökumətin arqumentini (yuxarıda 114-cü bənddə qeyd olunub) rədd edir.
153. Bundan başqa, Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tətbiq olunan cinayət hüququ sistemi H.O.-nun qanunsuz hərəkətlərinin qarşısının səmərəli şəkildə alınmasını təmin edən adekvat çəkindirmə təsirinə malik olmayıb. Qanunvericilikdən irəli gələn maneələr və mümkün vasitələrdən istifadə olunmaması, mövcud ədliyyə və məhkəmə sisteminin çəkindiricilik təsirini və ərizəçinin anasının Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan yaşamaq hüququnun pozulmasının qarşısının alınmasında oynamalı olduğu rolu imkansız edib. Bununla bağlı Məhkəmə bir daha vurğulayır ki, dövlət orqanları, onlara vəziyyətlə bağlı məlumat verildikdən sonra zorakılıq törədən şəxsin qurbanın fiziki bütünlüyünə qarşı hədələrinin qarşısının alınması istiqamətində bir tədbir görmədikləri təqdirdə, bunun səbəbini qurbanın yanaşması ilə izah edə bilməzlər (bax: Osman Birləşmiş Krallığa qarşı, yuxarıda 116-cı paraqrafda qeyd olunub). Odur ki, Konvensiyanın 2-ci maddəsinin pozuntusu baş verib.
III. KONVENSİYANIN İDDİA EDİLƏN 3-CÜ MADDƏSİNİN POZUNTUSU
154. Ərizəçi iddia etdi ki, o, dəfələrlə zorakılığa məruz qalıb, yaralanıb və hədələnib lakin hökumət orqanları onun bu vəziyyətinə laqeyd yanaşıblar ki, bu da onun Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüquqlarını pozaraq əzab və qorxu yaşamasına səbəb olub. Həmin maddədə deyilir:
“Heç kim işgəncəyə, yaxud qeyri-insani rəftara və ya insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.”
A. Tərəflərin arqumentləri
155. Ərizəçi iddia etdi ki, əri tərəfindən törədilən zorakılıq hərəkətləri nəticəsində ona əzab verən yaralar və narahatlıq hissi Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada onun işgəncə çəkməsinə səbəb olub. Ona qarşı zorakılığın mütəmadi olaraq davam etməsinə və onun yardım üçün təkrar-təkrar müraciət və xahişlərinə baxmayaraq, dövlət orqanları onu ərindən müdafiə etmək üçün tədbirlər görməyiblər. Bu məişət zorakılığı hadisəsinə dövlət orqanları tərəfindən göstərilən qeyri-həssas və dözümlü yanaşma, onun özünü alçaldılmış, ümidsiz və müdafiəsiz hiss etməsinə səbəb olub.
156. Hökumət etiraz edərək bildirdi ki, ərizəçinin öz şikayətlərini geri götürməsi və dövlət orqanları ilə əməkdaşlıq etməməsi, istintaq orqanlarını onun ərinə qarşı istintaq hərəkətlərinin davam etdirməkdən çəkindirib. Onlar daha sonra iddia etdilər ki, 4320 saylı qanunda nəzərdə tutulan mümkün vasitələrlə yanaşı, ərizəçi ictimai institutlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində və qadınları qorumaq məqsədilə yaradılmış sığınacaqlardan birinə də sığına bilərdi. Bununla bağlı, ərizəçi sığınacaqlardan birinə yerləşmək üçün Sosial Xidmətlər və Uşaqların müdafiəsi İdarəsinə müraciət edə bilərdi. Bu sığınacaqların ünvanları konfidensial idi və onlar hakimiyyət orqanları tərəfindən qorunurdular.
157. “İnterayts” təşkilatı (Interights) bildirdi ki, Dövlətdən, istər ictimai, istərsə də qeyri-ictimai şəxslər tərəfindən törədildiyini bildikləri və ya bilməli olduqları zorakılıq hadisələrini dərhal dayandırmaq üçün müvafiq addımlar atmaq tələb olunur. Məişət zorakılığının asan ortaya çıxarılmayan bir hal olduğunu və bir qayda olaraq, bu halları açıqlamaması üçün hədələnərək qorxu altında saxlanan qadınların xüsusilə müdafiəsiz və həssas vəziyyətini nəzərə alaraq, Dövlətdən bu məsələlərə daha ciddi diqqət göstərməsi tələb olunur.
B. Məhkəmənin qiymətləndirməsi.
1. Tətbiq olunan prinsiplər
158. Məhkəmə qeyd edir ki, 3-cü maddənin altına düşməsi üçün pis rəftar minimum dərəcədə ağırlıq dərəcəsinə malik olmalıdır. Bu minimum dərəcənin dəyərləndirilməsi aşağıdakıları əks etdirir: bu, işin bütün hallarından, məsələn, davranışın xarakterindən və kontekstindən, müddətindən, fiziki və əqli təsirindən, bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax: Costello‑Roberts Birləşmiş Krallığa qarşı, 25 mart 1993, 30-cu paraqraf, Seriyalar A Nº 247‑C).
159. Dövlətin qeyri-dövlət subyektləri tərəfindən şəxslərə qarşı tətbiq edilən pis rəftara görə 3-cü maddə ilə məsuliyyət daşıyıb daşımamasına gəlincə, Məhkəmə bildirir ki, Konvensiyanın 1-ci maddəsinin yurizdiksiyasında olan Razılığa gələn Yüksək Tərəflər öz yurizdiksiyaları daxilində olan hər kəsin Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqlarını təmin etmək öhdəliyi daşıyır və beləliklə də 3-cü maddə ilə birlikdə götürüldükdə, Dövlətlərdən öz yurizdiksiyası altında olan hər kəsin işgəncə, yaxud qeyri-insani rəftar və ya insan ləyaqətini alçaldan rəftara və ya cəzaya, ayrı-ayrı şəxslər tərəfindən yol verilən bu cür hərəkətlər də daxil olmaqla, məruz qalmamasını təmin etmək üçün tədbirlər görmək tələb olunur (bax: mutatis mutandis, H.L.R. Fransaya qarşı, 29 aprel 1997, 40-cı paraqraf, Hesabatlar 1997‑III). Xüsusilə uşaqlar və digər həssas qruplardan olan şəxslər, şəxsi ləyaqətlərinə qarşı bu cür ciddi pozuntulardan Dövlət tərəfindən səmərəli şəkildə qorunmaq hüququna sahibdirlər (bax: A. Birləşmiş Krallığa qarşı, 23 sentyabr 1998, 22-ci paraqraf, Hesabatlar 1998‑VI).
2. Yuxarıdakı prinsiplərin işə tətbiqi
160. Məhkəmə hesab edir ki, ərizəçi Dövlət tərəfindən qorunmağa ehtiyacı olan həssas şəxslər qrupuna daxil edilə bilər (bax: A. Birləşmiş Krallığa qarşı, yuxarıda 22-ci paraqrafda qeyd olunub). Bununla bağlı, Məhkəmə, qeyd edir ki, ərizəçiyə qarşı keçmişdə törədilən zorakılıq, H.O. həbsdən azad olduqdan sonra ərizəçiyə qarşı etdiyi hədələr, ərizəçinin daha çox zorakılığa məruz qalacağı qorxusu, eyni zamanda onun sosial statusunun, yəni cənub-şərqi Türkiyədə qadınların həssas vəziyyətinin göstəricisidir.
161. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçiyə əzab verən, fiziki yaralamalar və əqli təzyiqlər formasında tətbiq olunan zorakılıq hərəkətləri, Konvensiyanın 3-cü maddəsinin təsiri altına düşə biləcək qədər ciddi xarakterli pis rəftar olub.
162. Odur ki, növbəti mərhələdə Məhkəmə, ərizəçinin fiziki bütövlüyünə qarşı zorakılıq hərəkətlərinin təkrar törədilməsinin qarşısının alınması üçün yerli hökumət orqanlarının müvafiq tədbirlər görüb görmədiyini araşdıracaq.
163. Bu araşdırmanı apararkən, Məhkəmə, Konvensiyanın 1-ci Bölməsində nəzərdə tutulan hüquq və azadlıqların son interpretasiyasının onun özünə məxsus olmasını diqqətdə saxlayaraq, yerli hökumət orqanlarının, digər Dövlətlərə aid olan məsələlər belə olsa, oxşar məsələlərdə Məhkəmənin gəldiyi nəticələrdə əks olunan prinsipləri kifayət qədər diqqətə alıb almadığını nəzərdən keçirəcək.
164. Bundan başqa, xüsusi işlərdə Konvensiyanın normalarını və Dövlətin öhdəliyinin məzmununu şərh edərkən (bax: mutatis mutandis, Demir və Baykara Türkiyəyə qarşı [BP], Nº 34503/97, 85 və 86-cı paraqraflar, 12 noyabr 2008) Məhkəmə, Avropa Dövlətlərinin təcrübəsindən və CEDAW kimi ixtisaslaşmış beynəlxalq instrumentlərdən doğan hər hansı konsensus və ümumi dəyərləri, həmçinin, Dövlətlərin cinsə söykənən zorakılıq hallarının aradan qaldırılması ilə bağlı öhdəliklərini xüsusi olaraq diqqətə çatdıran, beynəlxalq hüquqda qayda və prinsiplərin inkişaf etdirilməsinə istiqamətlənən Belem do Para Konvensiyası kimi instrumentləri də nəzərə alacaq.
165. Lakin, Məhkəmənin rolu özünü yerli dövlət orqanlarının yerinə qoyub Konvensiyanın 3-cü maddəsi altında pozitiv öhdəliklərin yerinə yetirilməsi üçün görülə biləcək müxtəlif tədbirlərin arasında onlara aid seçim etmək deyil (bax: mutatis mutandis, Bevacqua və S. v. Bolqarıstana qarşı, yuxarıda 82-ci paraqrafda qeyd olunub). Bundan başqa, Konvensiyanın 19-cu maddəsi altında və Konvensiyanın nəzəri və xəyali deyil, təcrübi və təsirli hüquqları qorumasını nəzərə alaraq, Məhkəmə, Dövlətin öz yurizdiksiyası altında olan şəxslərin hüquqlarını müdafiə etmək öhdəliyini adekvat şəkildə yerinə yetirməsini təmin etməlidir (bax: Nikolova və Velichkova Bolqarıstana qarşı, Nº 7888/03, 61-ci paraqraf, 20 dekabr 2007).
166. Məhkəmə, faktlarla bağlı araşdırmasına diqqət yetirərək qeyd edir ki, yerli hakimiyyət orqanları, yəni polis və prokurorlar, tamamilə passiv olmayıblar. Zorakılıqla müşahidə olunan hər bir hadisədən sonra, ərizəçi tibbi müayinəyə göndərilib və onun ərinə qarşı cinayət işi başlanıb. Polis və prokurorluq orqanları H.O.-nu törətdiyi cinayət əməli ilə bağlı dindiriblər, onu iki əmələ görə həbs edərək təcridxanaya yerləşdiriblər, onu ölüm hədələri və fiziki xəsarət yetirməkdə ittiham ediblər və ərizəçini yeddi dəfə bıçaqladığına görə cərimə cəzası ilə cəzalandırıblar (yuxarıda 13, 24 və 44-cü bəndlərə bax).
167. Lakin, bu tədbirlərin heç biri H.O.-nu sonradan zorakılıq hərəkətləri törətməkdən çəkindirmək üçün yetərli olmayıb. Bununla bağlı, Hökumət, şikayətlərini geri götürdüyü və dövlət orqanları ilə əməkdaşlıq etmədiyi üçün, bunun nəticəsində isə onların H.O.-ya qarşı cinayət işini davam etdirə bilmədiklərini əsas gətirərək ərizəçini günahlandırıb və bundan başqa çıxış yolunun olmadığını, çünki qanunvericiliyin ərizəçinin şikayətini mütləq şərt kimi qoymasını diqqətə çatdırıb (yuxarıda 70-ci bəndə bax).
168. Məhkəmə, 2-ci maddə ilə verilən şikayətlə bağlı fikrini yenidən qeyd edərək bildirir ki, qanunvericilik, istintaq orqanlarına imkan verməli idi ki, H.O. tərəfindən törədilən zorakılıq hərəkətlərinin kifayət qədər ciddi olması və ərizəçinin fiziki tamlığına qarşı daim təhlükə olması halına əsaslanaraq, ərizəçinin şikayətini geri götürməsinə rəğmən H.O.-ya qarşı istintaq araşdırılması davam etdirilsin (yuxarıda 137-148-ci bəndlərə bax).
169. Lakin yenə də, dövlət orqanlarının zorakılıq hücumlarının aradan qaldırılması üçün tələb olunan öhdəliklərini yerinə yetirdiklərini demək olmaz, çünki, ərizəçinin əri bu cinayətləri heç bir əngəl olmadan və Konvensiya ilə tanınan hüquqları pozmasına rəğmən, cəzasızlıq şəraitində törədib (bax, mutatis mutandis, Maria da Penha Brazilyaya qarşı, yuxarıda 42-44-cü paraqraflarda qeyd olunub). Məhkəmə misal olaraq qeyd edir ki, ilk münaqişənin ardınca (9-10-cu paraqraflara bax), H.O. yenidən ərizəçini çox ağır şəkildə döyür və bu, ərizəçinin həyatı üçün təhlükəli olan yaralanmaya səbəb olur, lakin məhkəmə “cinayətin xarakterini və ərizəçinin sağlamlıq durumunun tam olmasını nəzərə alaraq” H.O.-nu azad edir. Proseslər nəticədə, ərizəçinin öz şikayətini geri götürməsi səbəbilə xitam olunub (bax: 13 və 19-cu paraqraflar). Yenidən, baxmayaraq ki, H.O. ərizəçiyə və onun anasına qarşı bıçaqla hücum edib və onların ağır yaralanmasına səbəb olub, istintaq orqanları heç bir ağlabatan istintaq aparmadan işə baxılmasına xitam veriblər (yuxarıda 20 və 21-ci bəndlərə bax). Eyni zamanda, H.O. avtomobilini ərizəçi ilə anasının üstünə sürüb və nəticədə ərizəçinin yaralanmasına və anasının isə həyatı üçün təhlükə yaradan yaralar almasına səbəb olub. O, buna görə cəmi 25 gün həbsdə saxlanılıb və ərizəçinin anasının ağır yaralanmasına səbəb olduğu üçün cərimə cəzası ilə cəzalandırılıb (yuxarıda 23-36-cı bəndlərə bax). Sonda, Məhkəmə xüsusilə Diyarbəkir Cinayət Məhkəməsinin (Diyarbakır Sulh Ceza Mahkemesi) ərizəçini yeddi bıçaq yarası ilə yaraladığına görə H.O.-ya cəza olaraq kredit şəklində ödəniləcək yüngül cərimə cəzası təyin edən qərarından heyrətə gəlib (37 və 44-cü bəndlərə bax).
170. Bu qeyd olunana halları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin keçmiş ərinin hərəkətlərinə qarşı dövlət orqanlarının reaksiyası, sözügedən cinayətlərin ağırlığı ilə müqayisədə açıq aşkar qeyri-adekvat olub (bax, mutatis mutandis, Ali və Ayşe Duran Türkiyəyə qarşı, Nº 42942/02, 54-cü paraqraf, 8 aprel 2008). Buna görə də, Məhkəmə hesab edir ki, bu iş üzrə məhkəmə qərarları səmərəsiz olub, müəyyən dərəcədə dözümlü münasibət əks etdirib və H.O.-nun hərəkətlərinə qarşı görünə bilən hər hansı bir çəkindirici tədbir və ya həmin hərəkətləri aradan qaldıran hər hansı təsir göstərilməyib.
171. Hökumətin 4320 saylı Qanun çərçivəsində mövcud olan vasitələrdən istifadə edərək ərizəçinin qadınların qorunması üçün yaradılan sığınacaqlardan birində məskunlaşması ilə bağlı iddiasına cavab olaraq Məhkəmə qeyd edir ki, 4320 saylı Qanunun qüvvəyə mindiyi 14 yanvar 1998-ci il tarixədək, Türkiyə qanunvericiliyi müdafiəyə ehtiyacı olan həssas qrup insanların müdafiə olunması üçün heç bir xüsusi inzibati tədbirlər nəzərdə tutmayıb. Bu tarixdən sonra da, yerli hakimiyyət orqanları sözügedən qanunda nəzərdə tutulan tədbirlərdən ərizəçini ərindən qorumaq məqsədilə səmərəli şəkildə istifadə etməyib. H.O. tərəfindən törədilən bütün zorakılıq hərəkətlərinin miqyasını nəzərdən keçirdikdə, prokurorluq orqanı, 4320 saylı Qanunda əks olunan tədbirləri, ərizəçinin bu qanunun tətbiqilə bağlı xüsusi müraciətindən asılı olmayaraq, öz təşəbbüsü ilə həyata keçirməsi lazım idi.
172. Beləliklə, hətta fərz etsək ki, Hökumətin bildirdiyi kimi ərizəçi sığınacaqlardan birinə qəbul edilmişdi, Məhkəmə qeyd edir ki, bu, məsələnin yalnız müvəqqəti həlli idi. Bundan başqa, həmin sığınacaqlarda qurbanların təhlükəsizliyini təmin etmək üçün hər hansı rəsmi tədbir görüldüyü bildirilməyib.
173. Nəhayət, Məhkəmə dərin narahatlıqla qeyd edir ki, ərizəçinin məruz qaldığı zorakılığa son qoyulmayıb və dövlət orqanları hərəkətsizlik göstərməkdə davam ediblər. Bununla bağlı Məhkəmə qeyd edir ki, həbsxanadan azad edildikdən dərhal sonra H.O. yenidən ərizəçinin fiziki təhlükəsizliyini təhdid edib (yuxarıda 59-cu bəndə bax). Ərizəçinin müdafiəsi üçün tədbir görülməsi barədə 15 aprel 2008-ci ildə prokurorluq orqanlarına müraciət etdiyinə baxmayaraq, Məhkəmə dövlət orqanları tərəfindən görülmüş tədbirlər barədə məlumat üçün Hökumətə sorğu verməyənə qədər heç tədbir görülməyib. Bu sorğudan sonra Ədliyyə Nazirliyinin tapşırığı ilə Diyarbəkir prokuroru H.O.-nun səsləndirdiyi ölüm hədələri ilə bağlı H.O.-nu dindirib və ərizəçinin hazırkı sevgilisinin ifadələrini alıb (yuxarıda 60-67-ci bəndlərə bax).
174. Ərizəçinin hüquqi nümayəndəsi Məhkəməyə yenidən məlumat verdi ki, ərizəçinin həyatı birbaşa təhlükə altındadır, belə ki, dövlət orqanları ərizəçini qorumaq üçün yetərli tədbirlər görməməkdə davam edirlər (yuxarıda 68-ci bəndə bax). Belə görünür ki, bu şikayət Hökumətə çatdırıldıqdan və Məhkəmə bununla bağlı izahat istədikdən sonra dövlət orqanları ərizəçinin müdafiəsini təmin etmək üçün konkret tədbirlər görüblər (yuxarıda 69-cu bəndə bax).
175. 3-cü maddə üzrə şikayətlə əlaqədar olaraq Hökumətin təklif etdiyi hüquqi müdafiə vasitələrinin bütövlükdə səmərəsiz olduğunu nəzərə alaraq, Məhkəmə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin etirazını rədd edir.
176. Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin fiziki toxunulmazlığının əri tərəfindən ciddi pozuntuları ilə əlaqədar olaraq dövlət orqanlarının səmərəli çəkindirici tədbirlər formasında qoruyucu tədbirlər görməməsi səbəbindən Konvensiyanın 3-cü maddəsi pozulub.
IV. KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ 14-CÜ MADDƏNİN İDDİA EDİLƏN POZUNTUSU
177. Ərizəçi Konvensiyanın 2-ci və 3-cü maddələri ilə birgə götürülməklə 14-cü maddə əsasında şikayət etdi ki, özü və anası cins əlamətinə görə ayrı-seçkiliyə məruz qalıblar.
Konvensiyanın 14-cü maddəsində deyilir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır".
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
178. Ərizəçi iddia etdi ki, cavabdeh dövlətin daxili qanunvericiliyi ayrı-seçkilik xarakterli idi və qadınları yetərincə qorumurdu, belə ki, ailə birliyi naminə qadının həyatına ikinci dərəcəli bir şey kimi baxılırdı. Həmin vaxt qüvvədə olmuş keçmiş Mülki Məcəllədə qadınlarla kişilər arasında fərq qoyan çoxlu müddəalar vardı, məsələn, kişi ailənin başçısı sayılırdı və ailə birliyinin təmsilçisi kimi onun istəklərinə üstünlük verilirdi və s. Cinayət Məcəlləsində də qadınlara ikinci dərəcəli vətəndaşlar kimi baxılırdı. Qadınlar ilk növbədə cəmiyyətin və ailə daxilində kişinin mülkiyyəti sayılırdı. Bunun ən mühüm göstəricisi ondan ibarət idi ki, cinsi xarakterli cinayətlər "Ümumi mənəviyyatla və ailə qaydaları ilə əlaqədar cinayətlər" bölməsinə daxil edilmişdi, halbuki qadınlara qarşı cinsi xarakterli cinayətlər qadınların şəxsi hüquq və azadlıqlarını birbaşa təhdid edirdi. Məhz bu cür yanaşma səbəbindən Cinayət Məcəlləsində ailə şərəfi mülahizələrinə görə arvadlarını qətlə yetirmiş şəxslərə yüngül cəzalar təyin edilirdi. H.O.-nun 15 il həbs cəzası alması Cinayət Məcəlləsindəki bu cür tövsifin nəticəsi idi.
179. Hökumətin müvafiq olaraq 2002 və 2004-cü illərdə Mülki Məcəllə və Cinayət Məcəlləsi sahəsində islahatlar apardığına baxmayaraq, kişilər tərəfindən törədilən ailədaxili zorakılığa hələ də dözümlülüklə yanaşılır və məhkəmə və inzibati orqanlar təcavüzkarlıq edənlərin cəzasızlığına şərait yaradırlar. Ərizəçi və anası sadəcə olaraq qadın olduqlarına görə 2, 3, 6 və 14-cü maddələrin qurbanı idilər. Bununla bağlı ərizəçi Məhkəmənin diqqətini hər hansı kişinin analoji pozuntuların qurbanı olmasının mümkünsüzlüyünə cəlb etdi.
2. Hökumət
180. Hökumət iddia etdi ki, hazırkı işdə heç bir cinsi ayrı-seçkilik baş verməyib, çünki araşdırılan zorakılıqlar qarşılıqlı olub. Bundan başqa, cinayət və ya ailə qanunvericiliyindən, yaxud məhkəmə və inzibati praktikadan irəli gələn rəsmiləşdirilmiş ayrı-seçkiliyin mövcud olduğunu iddia etmək olmaz. Həmçinin iddia etmək olmaz ki, daxili qanunvericilikdə qadın və kişilər arasında hər hansı rəsmi və birmənalı fərq qoyulur. Ərizəçi qadın olduğuna görə dövlət orqanlarının onun yaşamaq hüququnu qorumadıqları sübuta yetirilməyib.
181. Hökumət daha sonra qeyd etdi ki, 2002 və 2004-cü illərdə aparılmış islahatlardan sonra, yəni Mülki Məcəllənin müəyyən müddəalarına yenidən baxıldıqdan, yeni Cinayət Məcəlləsi qəbul edildikdən və 4320 saylı qanun qüvvəyə mindikdən sonra Türkiyə qanunvericiliyində qadınların ailədaxili zorakılıqdan müdafiəsi üçün beynəlxalq normalara cavab verən kifayət qədər təminatlar nəzərdə tutulub. Hökumət yekun olaraq bildirdi ki, daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə, yaxud şikayət açıq-aydın əsassız olduğuna görə bu şikayət ərizəsi qəbul olunmayan elan edilməlidir, çünki bu iddialar heç vaxt dövlət orqanlarının diqqətinə çatdırılmayıb və istənilən halda, onlar əsassızdır.
3. "İnterayts" (Interights) təşkilatı
182. "İnterayts" təşkilatı bildirdi ki, dövlətin ailədaxili zorakılığa qarşı müdafiəni təmin etməməsi cins əlaməti əsasında ayrı-seçkilik qoymadan qanun vasitəsilə bərabər müdafiə hüququnu təmin etmək öhdəliyinin yerinə yetirilməməsinə bərabərdir. O, daha sonra qeyd etdi ki, beynəlxalq səviyyədə (istər Birləşmiş Millətlər Təşkilatı, istərsə də İnter-Amerika sistemlərində) getdikcə daha çox etiraf edilir ki, qadınlara qarşı zorakılıq qanunsuz ayrı-seçkiliyin formasıdır.
B. Məhkəmənin qiymətləndirməsi
1. Müvafiq prinsiplər
183. D.H. və başqaları Çexiya Respublikasına qarşı iş üzrə son dövrlərə aid qərarında ([Böyük Palata], ərizə № 57325/00, 13 noyabr 2007-ci il, 175-180-ci bəndlər) Məhkəmə ayrı-seçkilik məsələsi ilə bağlı aşağıdakı prinsipləri bərqərar etdi:
"175. Məhkəmənin presedent hüququnda belə müəyyən edilib ki, ayrı-seçkilik nisbətən oxşar vəziyyətdə olan şəxslərə qarşı obyektiv və əsaslı səbəb olmadan fərqli rəftarı bildirir (Willis Birləşmiş Krallığa qarşı, ərizə № 36042/97, 48-ci bənd, AIHM 2002-IV; və Okpisz Almaniyaya qarşı, ərizə № 59140/00, 33-cü bənd, 25 oktyabr 2005-ci il). ... Məhkəmə həmçinin qəbul edib ki, konkret qrupa qarşı qeyri-mütənasib dərəcədə zərərli təsirlərə səbəb olan ümumi siyasət və ya tədbir, xüsusi olaraq həmin qrupa qarşı yönəlməsə belə, ayrı-seçkilik sayıla bilər (bax: Hyu Cordan Birləşmiş Krallığa qarşı, ərizə № 24746/94, 154-cü bənd, 4 may 2001-ci il; və Hoogendiyk Niderlanda qarşı (qərardad), ərizə № 58461/00, 6 yanvar 2005-ci il) və potensial olaraq Konvensiyaya zidd olan ayrı-seçkilik faktiki (de fakto) vəziyyətdən də irəli gələ bilər (bax: Zarb Adami Maltaya qarşı, ərizə № 17209/02, 48-ci bənd, ECHR 2006-...)...
177. Bu məsələ ilə bağlı sübutetmə yükünə (sübutetmə vəzifəsinə) gəlincə, Məhkəmə müəyyən edib ki, ərizəçi fərqli rəftarın baş verdiyini sübut etdikdə Hökumət həmin rəftarın əsaslı olduğunu sübut etmək vəzifəsini daşıyır (digər qərarlar arasında bax: Şasanyu və başqaları Fransaya qarşı ([BP], ərizələr № 25088/94, 28331/95 və 28443/95, 91-92-ci bəndlər, AIHM 1999-III; və Timişevin işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci bənd).
178. Sübutetmə yükünün cavabdeh dövlətin üzərinə keçməsi üçün hansı dəlillərin ilkin sübut təşkil etməsi məsələsinə gəlincə, Nachova və başqalarının işində (yuxarıda istinad edilmiş qərar, 147-ci bənd) Məhkəmə bildirdi ki, onun araşdırdığı işlərdə sübutların qəbulu üçün heç bir prosessual maneə yoxdur və ya onların qiymətləndirilməsi üçün öncədən müəyyən edilmiş hər hansı formul yoxdur. Məhkəmə bütün sübutların, o cümlədən faktlar və tərəflərin arqumentləri əsasında çıxarılan nəticələrin müstəqil surətdə qiymətləndirilməsi əsasında müəyyən rəyə gəlir. Onun bərqərar olmuş presedent hüququna əsasən, sübutlar ciddi, aydın və uzlaşan nəticələrin və ya faktlara dair bu cür ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Bundan başqa, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik dərəcəsi və bununla əlaqədar olaraq sübutetmə yükünün bölüşdürülməsi faktların konkretliyi ilə, iddiaların xarakteri ilə və pozulduğu iddia edilən Konvensiya hüququ ilə qırılmaz surətdə bağlıdır.
179. Məhkəmə həmçinin etiraf edib ki, Konvensiya üzrə icraat heç də bütün hallarda "affirmanti incumbit probatio" ("kimsə nəyisə iddia edirsə onu sübut etməlidir" – Aktaş Türkiyəyə qarşı (çıxarışlar), ərizə № 24351/94, 272-ci bənd, AİHM 2003‑V) prinsipinin dəqiq tətbiqini nəzərdə tutmur. Müəyyən hallarda araşdırılan hadisələr barəsində dövlət orqanları bütünlüklə və ya əsasən məlumatlı olduqda, belə hesab etmək olar ki, sübut etmə yükü, yəni qaneedici və inandırıcı izahat vermək vəzifəsi dövlət orqanlarının üzərinə düşür (Salman Türkiyəyə qarşı [BP], ərizə № 21986/93, 100-cü bənd, AİHM 2000-VII; və Angelova Bolqarıstana qarşı, ərizə № 38361/97, 111-ci bənd, AİHM 2002-IV). Nachova və başqalarının işində (yuxarıda istinad edilmiş qərar, 157-ci bənd) Məhkəmə müəyyən hallarda ayrı-seçkilik barədə əsaslı iddiaların Hökumət tərəfindən təkzib edilməsinin tələb olunmasını istisna etmədi, baxmayaraq ki, zorakılıq aktının milli mənsubiyyətə əsaslanan qərəzli münasibətdən qaynaqlandığı həmin konkret işdə bunu etməyin çətin olacağını hesab etdi. O, bununla bağlı qeyd etdi ki, bir çox ölkələrin hüquq sistemlərində hər hansı siyasətin, qərarın və ya praktikanın ayrı-seçkilik xarakterli nəticə doğurduğu sübut edildikdə məşğulluq və ya xidmətlərin göstərilməsi sahəsində iddia edilən ayrı-seçkilik niyyətinin mövcud olduğunu sübuta yetirməyə ehtiyac qalmır.
180. Statistik məlumatların sübut təşkil edib-etməməsi məsələsinə gəlincə, Məhkəmə əvvəlki işlərdə bildirib ki, statistik məlumatlar özlüyündə ayrı-seçkilik kimi tövsif oluna bilən praktikanın mövcudluğunu aşkara çıxarmır (Hyu Cordanın işi üzrə yuxarıda istinad edilmiş qərar, 154-cü bənd). Lakin ümumi tədbirin və ya faktiki situasiyanın fərqli təsirlərə malik olduğunun ərizəçilər tərəfindən iddia edildiyi son dövrlərə aid işlərdə (Hoogendiykin işi üzrə yuxarıda istinad edilmiş qərar; və Zarb Adaminin işi üzrə yuxarıda istinad edilmiş qərar, 77-78-ci bəndlər) Məhkəmə analoji situasiyalarda iki qrupa (kişilərə və qadınlara) qarşı fərqli rəftarın sübutu üçün tərəflərin təqdim etdikləri statistik məlumatlara xeyli dərəcədə istinad edib.
Belə ki, Hoogendiykin işi üzrə qərarında Məhkəmə bildirib ki: "Ərizəçi mübahisə doğurmayan rəsmi statistika əsasında konkret normanın faiz baxımından kişilərdən xeyli artıq sayda qadınlara təsir göstərdiyini (hətta həmin norma neytral formada ifadə edilsə belə) ilkin olaraq sübut edə bildikdə, bunun cins əlamətinə əsaslanan hər hansı ayrı-seçkiliklə əlaqəsi olmayan obyektiv amillərin nəticəsi olduğunu sübut etmək vəzifəsi cavabdeh Hökumətin üzərinə düşür. Normanın qadınlara və kişilərə fərqli təsirinin praktiki olaraq ayrı-seçkilik xarakteri daşımadığını sübut etmək vəzifəsi bu halda cavabdeh Hökumətin üzərinə düşməsə, dolayı ayrı-seçkiliyin baş verdiyini sübut etmək praktiki olaraq ərizəçilər üçün son dərəcə çətin olar".
2. Yuxarıdakı prinsiplərin bu işin faktlarına tətbiqi
a. Ailədaxili zorakılıq kontekstində ayrı-seçkiliyin mənası
184. Məhkəmə öncə qeyd edir ki, Konvensiya müddəalarının məqsəd və vəzifələrini nəzərdən keçirərkən o, araşdırdığı hüquqi məsələyə beynəlxalq hüquqdakı yanaşmanı da nəzərə alır. Əksər dövlətlər tərəfindən qəbul edilmiş norma və prinsiplər toplusundan ibarət olan ümumi beynəlxalq hüquq normaları və ya Avropa dövlətlərinin milli qanunvericilik normaları müəyyən reallığı əks etdirir ki, Məhkəmə bunu nəzərə almaya bilməz və Məhkəmə Konvensiya normasının tətbiq dairəsini müəyyənləşdirərkən adi şərhetmə vasitələri bunu kifayət qədər əminliklə müəyyən etməyə imkan vermədikdə həmin normaları nəzərə alır (bax: Saadi Birləşmiş Kralllığa qarşı [BP], ərizə № 13229/03, 63-cü bənd, AİHM 2008-...; həmin bəndə istinad yuxarıda qeyd edilən Demir və Baykaranın işi üzrə qərarın 76-cı bəndində var).
185. Bununla əlaqədar olaraq, qadınlara qarşı ayrı-seçkiliyin anlayışını və əhatə dairəsini nəzərdən keçirərkən ayrı-seçkiliyin Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi mənasından (yuxarıda 183-cü bəndə bax) əlavə, Məhkəmə qadınlara qarşı zorakılıq məsələsinə dair daha konkret hüquqi sənədlərin müddəalarını və beynəlxalq məhkəmə orqanlarının qərarlarını nəzərə almalıdır.
186. Bu baxımdan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın (CEDAW) 1-ci maddəsində qadınlara qarşı ayrı-seçkiliyə belə anlayış verilir: "ailə vəziyyətlərindən asılı olmayaraq və kişi və qadınların hüquq bərabərliyi əsasında qadınların siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahələrdə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsini zəiflətməyə və ya heçə endirməyə yönəldilmiş cins əlamətinə əsaslanan hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət".
187. Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə (CEDAW Komitəsi) dəfələrlə bildirib ki, qadınlara qarşı zorakılıq, o cümlədən ailədaxili zorakılıq qadınlara qarşı ayrı-seçkiliyin formasıdır (yuxarıda 74-cü bəndə bax).
188. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyası cins əlamətinə əsaslanan zorakılıqla ayrı-seçkilik arasındakı əlaqəni açıq-aydın təsdiq edərək 2003/45 saylı qətnaməsində vurğulayıb ki, "qadınlara qarşı zorakılığın bütün formaları qadınlara qarşı hüquqi və faktiki ayrı-seçkilik kontekstində və cəmiyyətdə qadınların aşağı statuslu şəxslər hesab edilməsi kontekstində baş verir və qadınların hüquqi müdafiə vasitələri üçün dövlətə müraciət edərkən çox zaman maneələrlə üzləşməsi bu zorakılığı daha da gücləndirir".
189. Bundan başqa, insan hüquqlarına dair indiyədək qəbul edilmiş müqavilələr arasında yalnız qadınlara qarşı zorakılıq məsələsinə həsr olunmuş yeganə çoxtərəfli regional müqavilə olan Qadınlara qarşı zorakılığın qarşısının alınması, cəzalandırılması və kökünün kəsilməsi haqqında İnter-Amerika Konvensiyasında ("Belem do Para Konvensiyası") hər bir qadının zorakılığa məruz qalmamaq hüququnun, digər hüquqlarla yanaşı, hər hansı formada ayrı-seçkiliyə məruz qalmamaq hüququnu da əhatə etdiyi qeyd edilir.
190. Nəhayət, İnter-Amerika Komissiyası da qadınlara qarşı zorakılığı ayrı-seçkiliyin forması kimi səciyyələndirib və qeyd edib ki, bu ayrı-seçkilik ailədaxili zorakılığın qarşısını almaq və onun barəsində şikayəti araşdırmaq üçün dövlətin lazımi səy göstərməməsinin nəticəsidir (bax: Mariya da Penya Braziliyaya qarşı iş üzrə yuxarıda istinad edilmiş qərar, 80-ci bənd).
191. Yuxarıda qeyd edilən norma və qərarlardan belə nəticə çıxır ki, dövlətin qadınları ailədaxili zorakılıqdan qorumaması onların qanun vasitəsilə bərabər müdafiə hüququnu pozur və dövlətin bunu bilərəkdən və ya bilməyərəkdən etməsi əhəmiyyət daşımır.
b. Türkiyədə ailədaxili zorakılıq məsələsinə yanaşma
192. Məhkəmə qeyd edir ki, həmin vaxt qüvvədə olan Türkiyə qanunvericiliyində hüquq və azadlıqlardan istifadə edilməsində qadınlarla kişilər arasında açıq-aydın fərq qoyulmasa da, demokratik və plüralist cəmiyyətdə qadınların statusu baxımından həmin qanunvericiliyin beynəlxalq normalara uyğun hala gətirilməsinə ehtiyac vardı. CEDAW Komitəsi kimi ("Yekun qeydlər"in 12-21-ci bəndlərinə bax) Məhkəmə də Hökumətin həyata keçirdiyi islahatları, xüsusən ailədaxili zorakılığa qarşı konkret müdafiə tədbirlərini nəzərdə tutan 4320 saylı Qanunun qəbulunu alqışlayır. Müvafiq olaraq, görünür, bu işdəki ayrı-seçkilik mahiyyət etibarı ilə qanunvericiliyə əsaslanmırdı və yerli orqanların ümumi yanaşmasının, məsələn, qadınlar ailədaxili zorakılıq barədə şikayət edərkən polis bölmələrində onlara qarşı rəftarın və zərərçəkənlərin səmərəli müdafiəsini təmin etməkdə məhkəmələrin passivliyinin nəticəsi idi. Məhkəmə qeyd edir ki, CEDAW Komitəsində bu problem müzakirə olunarkən Türkiyə Hökuməti artıq bu praktiki çətinlikləri etiraf edib (yenə həmin bəndlərə bax).
193. Bununla bağlı Məhkəmə qeyd edir ki, ərizəçi qadınlara qarşı zorakılıq hallarının baş verdiyini nümayiş etdirmək məqsədi ilə iki aparıcı QHT-nin – Diyarbəkir Vəkillər Assosiasiyasının və Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) hesabatlarını və statistik məlumatlarını təqdim edib (yuxarıda 91-104-cü bəndlərə bax). Bu hesabatlarda yer alan rəylərin və gəlinən nəticələrin icraatın hər hansı mərhələsində Hökumət tərəfindən şübhə altına alınmadığını nəzərə alaraq, Məhkəmə bu işdə onları özünün gəldiyi nəticələrlə birlikdə nəzərə alacaq (bax: Hoogendiykin işi üzrə yuxarıda istinad edilmiş qərar; və Zarb Adaminin işi üzrə yuxarıda istinad edilmiş qərar, 77-78-ci bəndlər).
194. Bu hesabatları nəzərdən keçirdikdən sonra Məhkəmə bu qənaətə gəlir ki, həmin vaxt ərizəçinin yaşadığı Diyarbəkirdə ailədaxili zorakılıqdan zərər çəkənlərin sayı yüksək idi və zərərçəkənlərin hamısı əsasən fiziki zorakılığa məruz qalmış qadınlar idi. Bu qadınların böyük əksəriyyəti savadsız və ya təhsil səviyyəsi aşağı olan və adətən hər hansı müstəqil gəlir mənbəyi olmayan kürd mənşəli qadınlar idi (yuxarıda 98-ci bəndə bax).
195. Bundan başqa, belə görünür ki, Hökumətin ailədaxili zorakılıqla üzləşən qadınlar üçün hüquqi müdafiə vasitələrindən biri kimi göstərdiyi 4320 saylı Qanunun icrasında ciddi problemlər var. Yuxarıda adı çəkilən təşkilatların apardığı araşdırmalar göstərir ki, zərərçəkənlər ailədaxili zorakılıq barədə polis bölmələrinə məlumat verərkən polis əməkdaşları onların şikayətlərini araşdırmır, zərərçəkənləri evlərinə qayıtmağa və şikayətlərini geri götürməyə inandırmağa çalışaraq barışdırıcı rolunu oynayırlar. Bu baxımdan polislər bu problemə "onların müdaxilə etməli olmadıqları ailəsi kimi" baxırlar (yuxarıda və 92, 96 və 102-ci bəndə bax).
196. Bu hesabatlardan həmçinin belə aydın olur ki, məhkəmələr 4320 saylı Qanun əsasında qadağalar tətbiq etmək barədə qərarların qəbulunu əsassız olaraq gecikdirirlər, çünki onlara təxirəsalınmaz tədbir kimi deyil, boşanma aktının bir forması kimi baxırlar. Həmçinin polis əməkdaşlarının neqativ mövqeyi nəticəsində təcavüzkarlara məhkəmə qadağaları barədə qərarların təqdim edilməsi çox vaxt gecikdirilir (yuxarıda 91-93, 95 və 101-ci bəndlərə bax). Üstəlik, belə görünür ki, ailədaxili zorakılığı törədənlər çəkindirici cəza almırlar, çünki məhkəmələr, adət, ənənə və ya şərəf mülahizələrinə görə cəzaları yüngülləşdirirlər (yuxarıda 103-cü və 106-cı bəndlərə bax).
197. Bu problemlərin nəticəsində yuxarıdakı hesabatlarda belə hesab edilir ki, dövlət orqanları ailədaxili zorakılığa dözümlü yanaşırlar və Hökumətin göstərdiyi hüquqi müdafiə vasitələrinin işi səmərəli deyil. Oxşar rəylər və narahatlıqlar CEDAW Komitəsi tərəfindən də ifadə edilib, o, "Türkiyədə qadınlara qarşı zorakılığın, o cümlədən ailədaxili zorakılığın" daim baş verdiyini qeyd edib və cavabdeh dövləti qadınlara qarşı zorakılığın qarşısının alınmasına və onunla mübarizəyə yönələn səylərini gücləndirməyə çağırıb. O, daha sonra qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkənlərin müdafiə və yardım xidmətləri ilə təmin edilməsi, hüquq pozuntusu törədənlərin cəzalandırılması və islah olunması məqsədi ilə Ailənin müdafiəsi haqqında Qanunun və müvafiq siyasətlərin tam yerinə yetirilməsinin və onların səmərəliliyinin diqqətlə yoxlanılmasının zəruriliyini vurğulayıb (bax: "Yekun qeydlər", 28-ci bənd).
198. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi ailədaxili zorakılığın təsirinə əsasən qadınların məruz qaldığını göstərən, mübahisə doğurmayan statistik məlumatlarla təsdiqlənən ilkin sübutların mövcudluğunu və Türkiyədə məhkəmələrin ayrı-seçkilik xarakteri daşıyan ümumi passivliyinin ailədaxili zorakılığa yol açan mühit yaratdığını nümayiş etdirə bilib.
c. Ərizəçi ilə anasının qanun vasitəsilə bərabər müdafiə hüququnun dövlət orqanları tərəfindən təmin edilməməsi onlara qarşı ayrı-seçkilik idimi?
199. Məhkəmə müəyyən etdi ki, bu işdə qüvvədə olan cinayət hüququ sistemi ərizəçinin və anasının fiziki toxunulmazlığına qarşı H.O.-nun qanunsuz hərəkətlərinin qarşısının səmərəli şəkildə alınmasını təmin edə bilmək üçün kifayət qədər çəkindirici təsirə malik deyildi, buna görə də onların Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulmuş hüquqları pozulub.
200. Yuxarıda gəldiyi nəticəni və Türkiyədə məhkəmələrin əsasən qadınlara təsir göstərən və bilərəkdən edilməsə də hər halda ayrı-seçkilik xarakteri daşıyan ümumi passivliyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi ilə anasının məruz qaldıqları zorakılıq cinsi əlamətə əsaslanan, qadınlara qarşı ayrı-seçkiliyin bir forması olan zorakılıq sayıla bilər. Son illər Hökumət tərəfindən həyata keçirilən islahatlara baxmayaraq, hazırkı işdə aşkar edilmiş məhkəmə sisteminin tam etinasızlığı və təcavüzkarların cəzasızlığı göstərdi ki, ailədaxili zorakılığa qarşı müvafiq tədbirlər görmək öhdəliyinə yetərincə əməl olunmayıb (konkret olaraq yuxarıda 187-ci bənddə istinad edilmiş CEDAW Komitəsinin rəyinə bax: 9-cu bölmə).
201. Konvensiyanın 2-ci və 3-cü maddələri ilə təmin edilən hüquqlarını həyata keçirərkən ərizəçi ilə anasının qanun vasitəsilə bərabər müdafiə hüququnun təmin edilməsində daxili hüquqi müdafiə vasitələrinin səmərəsiz olduğunu nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, bu işdə ərizəçini daxili hüquqi müdafiə vasitələrini tükəndirmək vəzifəsindən azad edən xüsusi hallar mövcud idi. Buna görə də o, Konvensiyanın 14-cü maddəsi üzrə şikayətlə bağlı daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin etirazını rədd edir.
202. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, hazırkı işdə Konvensiyanın 2-ci və 3-cü maddələri ilə birgə götürülməklə 14-cü maddənin pozuntusu baş verib.
V. KONVENSİYANIN 6-CI VƏ 13-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
203. Ərizəçi Konvensiyanın 6-cı və 13-cü maddələrinə istinadən şikayət etdi ki, H.O.-ya qarşı qaldırılmış cinayət işi səmərəsiz olub və ərizəçi ilə anasının müdafiəsini yetərincə təmin etməyib.
204. Hökumət bu arqumentə etiraz etdi.
205. Konvensiyanın 2, 3 və 14-cü maddələrinin pozulduğu barədə gəldiyi nəticələri nəzərə alaraq (yuxarıda 153, 176 və 202-ci bəndlərə bax), Məhkəmə eyni faktları 6-cı və 13-cü maddələr baxımından da araşdırmağı zəruri hesab etmir.
VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
206. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir".
A. Ziyan
207. Ərizəçi anasının ölümü nəticəsində məruz qaldığı maddi ziyana görə 70.000 Türkiyə lirəsi (təxminən 35.000 avro), mənəvi ziyana görə isə 250.000 Türkiyə lirəsi (təxminən 125.000 avro) tələb etdi. O. izah etdi ki, anasının öldürülməsindən sonra onun maddi yardımından məhrum olub. Anasının öldürülməsi və keçmiş ərinin zorakılıq törətməkdə davam etməsi ona təşviş və iztirab gətirib, habelə psixoloji sağlamlığına və özünəhörmət hissinə düzəldilməsi mümkün olmayan ziyan vurub.
208. Hökumət bildirdi ki, işin halları bu məbləğlərin tələb olunmasına əsas vermir. O, alternativ olaraq bildirdi ki, bu məbləğlər həddən artıq yüksəkdir və bu bənd üzrə təyin edilə bilən hər hansı məbləğ əsassız varlanmaya gətirib çıxarmamalıdır.
209. Maddi ziyanla bağlı ərizəçinin tələbinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi bir sıra hallarda anasının evində sığınacaq axtardığını göstərsə də, onun hər hansı formada maliyyə cəhətdən anasından asılı olduğu sübuta yetirilməyib. Lakin bu, yaxın qohumunun Konvensiyanın pozuntusuna məruz qaldığını sübut etmiş ərizəçiyə maddi ziyana görə kompensasiya təyin olunmasını istisna etmir (bax: Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, 113-cü bənd, Hesabatlar 1996-VI – bu işdə ərizəçinin məhrum olduğu gəlirlərlə və çəkdiyi tibbi xərclərlə bağlı məruz qaldığı maddi ziyana görə ölümündən əvvəl irəli sürdüyü tələblər onun qaldırdığı işi davam etdirmiş atasına kompensasiya təyin olunarkən Məhkəmə tərəfindən nəzərə alındı). Lakin hazırkı işdə maddi ziyanla bağlı tələblər ərizəçinin anasının ölümündən sonrakı dövrdə əldə edilə bilən gəlirlərlə əlaqədardır. Məhkəmə ölümündən əvvəl ərizəçinin anasının hər hansı maddi ziyana məruz qaldığına əmin deyil. Buna görə də Məhkəmə bu işin halları baxımından maddi ziyana görə ərizəçiyə hər hansı kompensasiya təyin edilməsini məqsədəuyğun hesab etmir.
210. Digər tərəfdən, mənəvi ziyana gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi anasının öldürülməsi ilə və ərinin törətdiyi ailədaxili zorakılığın qarşısını almaq üçün dövlət orqanlarının yetərli tədbirlər görməməsi və çəkindirici xarakterli cəza tətbiq etməməsi ilə əlaqədar olaraq, şübhəsiz ki, təşviş və iztirab keçirib. Məhkəmə ədalət prinsipi əsasında qərar çıxararaq, Konvensiyanın 2, 3 və 14-cü maddələrinin pozulması nəticəsində ərizəçinin məruz qaldığı ziyana görə ona 30.000 avro təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
211. Ərizəçi həmçinin Məhkəmədəki icraat üçün çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 15.500 Türkiyə lirəsi (təxminən 7.750 avro) tələb etdi. Bu məbləğə bunlar daxildir: vəkillərin qonorarları və işin hazırlanmasının məsrəfləri (38 saatlıq hüquqi iş) və Strasburqdakı dinləmədə iştirak xərcləri, habelə digər məsrəflər, məsələn, telefon, faks, tərcümə və ya dəftərxana ləvazimatları üçün xərclər.
212. Hökumət bildirdi ki, hər hansı təsdiqedici sənədlər olmadığına görə ərizəçinin bu bənd üzrə tələbi rədd edilməlidir.
213. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi yalnız o halda məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, xərclərin faktiki və zəruri olaraq çəkildiyi sübut edilmiş olsun və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə sərəncamındakı məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmədəki icraat üçün çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 6.500 avro məbləğinin təyin edilməsini ağlabatan hesab edir, Avropa Şurasından hüquqi yardım qismində alınmış 1.494 avro bu məbləğdən çıxılmalıdır.
C. İcranın gecikdirilməsinə görə faiz
214. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Altı aylıq müddət haqqında qaydaya riayət edilmədiyi barədə Hökumətin ilkin etirazını rədd edir;
2. Konvensiyanın 2, 3 və 14-cü maddələrinə aid şikayətlərə mahiyyəti üzrə baxılmasını daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin ilkin etirazlarına baxılması ilə birləşdirir və həmin etirazları rədd edir;
3. Ərizəni qəbul olunan rədd edir;
4. Qərara alır ki, ərizəçinin anasının ölümü ilə bağlı Konvensiyanın 2-ci maddəsi pozulub;
5. Qərara alır ki, dövlət orqanlarının ərizəçinin keçmiş ərinin törətdiyi ailədaxili zorakılıqdan ərizəçini qorumamaları ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;
6. Qərara alır ki, Konvensiyanın 6-cı və 14-cü maddələrinə aid şikayətləri araşdırmağa ehtiyac yoxdur;
7. Qərara alır ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə birgə götürülməklə 14-cü maddəsi pozulub;
8. Qərara alır ki:
a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməli və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə ilə Türkiyə lirəsinə çevrilməlidir:
i) mənəvi ziyana görə ümumilikdə 30.000 (otuz min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə 6.500 (altı min beş yüz) avro, Avropa Şurasından hüquqi yardım qismində alınmış 1.494 avro bu məbləğdən çıxılmalı və ərizəçidən tutula bilən hər hansı vergi məbləği bu məbləğin üzərinə əlavə olunmalıdır;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
9. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 9 iyun 2009-cu ildə qərar barədə yazılı məlumat verilmişdir.
Santiago QuesadaJosep Casadevall Katib Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] Anasının ölümündən sonra dəqiq bəlli olmayan tarixdə ərizəçi ərindən boşanıb.
[2] Bax: Komitənin “Qadınlara qarşı zorakılıq” ilə bağlı 19 saylı Ümumi Tövsiyələri (1992) BMT dok. CEDAW/C/1992/L.1/Add.15, § 24 (a).
[3] Ibid, § 24 (b); həmçinin bax: § 24 (r).
[4] Ibid, § 24 (t).
[5] Ibid, § 24 (t) (i); həmçinin bax: § 24 (r) ailə zorakılıqlarının qarşısının alınması üçün zəruri olan tədbirlər.
[6] Velasquez-Rodriguez Hondurasa qarşı, 29 iyul 1988-ci il tarixli qərar, Amerika İnsan Hüquqları Məhkəməsi (ser. C) Nº 4, para. 172.
[7] İnsan Hüquqları üzrə Amerika Dövlətlərinin konfransında imzalanıb, San Jose, Costa Rica, 22 noyabr 1969. Maddə 1-də qeyd olunur: “1. Bu Konvensiyaya qoşulan Dövlətlər burda tanınan hüquq və azadlıqlara hörmət edir və irqinə, rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər fikirlərinə, milliyyətinə və social mənsubiyyətinə, iqtisadi statusuna, məzhəbinə və digər hər hansı hallara görə ayırmadan yurizdiksiyası altında olan bütün şəxslərin bu hüquq və azadlıqlardan tam və azad istifadə etməsini təmin edir. 2. Bu Konvensiyanın məqsədinə uyğun olaraq, “şəxs” anlayışı hər bir insana şamil edilir.
[8] Bu sənəd Amerika Dövlətləri Təşkilatı tərəfindən (OAS) qəbul edilərək 5 mart 1995-ci il tarixdə qüvvəyə minib.
[9] İş 12.051, Hesabat Nº 54/01, Amerika İnasn Hüquqları Məhkəməsi, İllik Hesabat 2000, OEA/Ser.L/V.II.111 Doc.20 rev. (2000)
[10] Maria da Penha Brazilyaya qarşı, 55 və 56-cı paraqraflar
Full & Egal Universal Law Academy