İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ORUCOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 4508/06)
Q Ə R A R
STRASBURQ
26 iyul 2011-ci il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Orucov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Nina Vajiç, Sədr,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Qeorqe Nikolau,
Mariana Lazarova Trajkovska,
Julia Laffrank,
Linos-Aleksandr Sicilianos, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
05 iyul 2011-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Nadır Oruc oğlu Orucovun («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 4508/06) iş 27 dekabr 2005-ci ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab N.Abdullayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun səlahiyyətli nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təmin olunduğu kimi seçkidə namizədliyini irəli sürmək hüququ pozulmuşdur.
4. Birinci Bölmənin Sədri 09 iyun 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1957-ci ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. Ərizəçi 06 noyabr 2005-ci il Milli Məclisə seçkilərdə iştirak etmək üçün müstəqil namizəd kimi qeydə alınmaq müraciəti etmişdir. 19 avqust 2005-ci ildə Bakıdakı birmandatlı seçki dairəsi olan 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin Dairə Seçki Komissiyası onu qeydə almışdır.
Ərizəçi tərəfindən seçki qanunvericiliyinin pozulması iddiaları
7. 26 oktyabr 2005-ci ildə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi Dairə Seçki Komissiyasına məlumat verib ki, ərizəçi namizəd olduğu dairənin bəzi ictimai yerlərində müəyyən şəhərsalma abadlıq işlərini (asfalt çəkmə və uşaqlar üçün ictimai yerlərin təmiri kimi) maliyyələşdirir. İddia olunurdu ki, bu, seçki qanunvericiliyinə zidd olaraq, yerli sakinlərin dəstək və səslərinin ələ alınması məqsədilə edilir. Bununla bağlı, polis üç əməkdaşının və sözügedən yaşayış binalarına cavabdeh olan yerli mənzil-kommunal sahəsinin imzaladıqları protokol tərtib etmişdir. Həmin protokolda qeyd edilirdi ki, “ərizəçi əlavə olunmuş sxemdə göstərilmiş yaşayış binasının qarşısında yeni asfalt çəkmiş və bu fakt aşağıdakı imzalarla təsdiq edilmişdir”.
8. Bu dəlilin təsdiqi kimi polis bir neçə yerli sakinin əlyazmaları ilə edilmiş bəyanatlarını təqdim etmişdir. Onların hamısı birbaşa polisə ünvanlanmış və qonşuluqda aparılmış işlər üçün ərizəçiyə minnətdarlıq ifadə etmişdir. Bəyanatların bəziləri 26 oktyabr 2005-ci il tarixli olduğu halda, digərləri 27 oktyabr 2005-ci il tarixi əks etdirmişdir.
9. Xüsusən, İ.K. tərəfindən 26 oktyabr 2005-ci il tarixdə edilmiş və 19-cu Polis Bölməsinə ünvanlanmış bəyanat aşağıdakıları qeyd edirdi:
“Mən aşağıda göstərilən ünvanda 1989-cu ildən yaşayıram. Bu müddətdə binanın həyətində hər hansı bərpa işləri aparılmayıb. Lakin son ayda həyətdə bir çox bərpa işləri aparılıb ... [konkret abadlıq işləri təsvir edilir].
Yuxarıda göstərilən işlər bizim hörmətli qonşumuz ... Nadir Orucov tərəfindən təşkil edilmiş və aparılmışdır. O, bütün qonşuların hər bir problemini bölüşdürməyə və yardımşı olmağa hazır olan şəxsdir. Biz bu insana gələcək seçkilərdə yalnız qələbə arzu edirik.”
10. 27 oktyabr 2005-ci il tarixdə edilmiş və 19-cu Polis Bölməsinə ünvanlanmış Q.N.-nin bəyanatı aşağıdakıları əks etdirir:
“Mən verilən suallara cavab olaraq bildirirəm ki, seçkidə namizəd olan Nadır Oruc oğlu Orucov seçkiqabağı dövrdə bizim həyətimizdə könüllü olaraq bərpa işləri aparmışdır. O, binaların qarşısında təzə asfalt çəkdirmişdir. Mən bu bəyanatı özüm yazdım və imzamın düzgünlüyünü təsdiq edirəm.”
11. 27 oktyabr 2005-ci il tarixdə edilmiş və 19-cu Polis Bölməsinə ünvanlanmış S.A.-nın bəyanatı aşağıdakıları əks etdirir:
“Məlumat üçün bildirirəm ki, seçkidə namizəd olan Nadır Oruc oğlu Orucov binaların qarşısında təzə asfalt çəkdirmişdir. O, yaxşı insandır. Mən bu bəyanatı özüm yazdım və imzamın düzgünlüyünü təsdiq edirəm.”
12. Başqa bəyanatlar da oxşar məzmunlu idi.
Ərizəçinin namizədliyinin ləğvi üçün seçki orqanlarının qərarı
13. Ərizəçinin sonradan aldığı və Məhkəməyə təqdim etdiyi Dairə Seçki Komissiyasının 28 oktyabr 2005-ci ildə keçirilmiş iclas protokollarından çıxarışlara görə, Komissiya aşağıdakı qərarı qəbul edir:
“1. Seçicilərin səslərini nəzərə almaq ...
2. Həmun bəyanatlar və təqdim edilmiş digər sənədlər əsasında Milli Məclisə seçkilərdə namizəd olan Nadır Oruc oğlu Orucov tərəfindən Seçki Məcəlləsinin 88.4.4 və 88.4.5-ci maddələrinin pozulduğunu təsdiq emək.
3. Seçki Məcəlləsinin 113.2.3-cü maddəsinə uyğun olaraq və Seçki Məcəlləsinin 88.4.4 və 88.4.5-ci maddələrinin pozulduğunu nəzərə alaraq, Milli Məclisə seçkilərdə namizəd olan Nadır Oruc oğlu Orucovun namizədliyinin ləğvi üçün Apellyasiya Məhkəməsinə müraciət etmək.”
14. Hökumətin təqdim etdiyi kimiDairə Seçki Komissiyasının yuxarıdakı iclasının həmin protokolunun tam surəti göstərir ki, bu iclas 29 oktyabr 2005-ci ildə olub.
15. 28 oktyabr 2005-ci il tarixli məktubla Dairə Seçki Komissiyası ləğvetmə tələbini Apellyasiya Məhkəməsinə təqdim edib. Tələbdə, inter alia, göstərilib:
“Namizəd Nadır Oruc oğlu Orucov Seçki Məcəlləsinin 88-ci maddəsinin tələblərini və bununla da, digər namizədlərin hüquqlarını pozmuşdur. Onun qanunsuz hərəkətləri ilə bağlı Dairə Seçki Komissiyasına davamlı şifahi məlumatlar verilmişdir. Nəhayət, vətəndaşlar Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət etmiş və onun qanunsuz hərəkətlərinə son qoymağı tələb etmişlər. ... Sübut olunub ki, o, Seçki Məcəlləsinin 88.4.4 və 88.4.5-ci maddələrinə zidd olaraq səslərin alınması məqsədilə müəyyən bərpa işləri aparmışdır. ...”
16. Ərizəçiyə görə, o, Dairə Seçki Komissiyasının tələbi haqqında vaxtında məlumat almayıb.
Ərizəçinin namizədliyinin ləğvinə dair məhkəmə prosesi
17. Apellyasiya Məhkəməsi işə şənbə günü olan ertəsi gün - 29 oktyabr 2005-ci ildə saat 11-də baxıb.
18. Məhkəmə iclasının protokoluna görə, məhkəmə Dairə Seçki Komissiyasının təqdim etdiyi sənədləri araşdırıb və bir neçə şahidi dinləyib. Xüsusən, iki polis əməkdaşı, F.Zamanov və R.Səmədov ifadə veriblər ki, sözügedən “binaların sakinlərinə” görə, ərizəçi öz dairəsində icazəsiz şəhərsalma abadlıq işləri aparmışdır.
19. Məhkəmə, həmçinin altı yerli sakini dinləyib. Görünür ki, onlardan üçü (Q.N., R.İ. və V.Q.) qabaqcadan əlyazma bəyanatlarını polisə vermişlər. Bu üç şahid məhkəməyə deyiblər ki, ərizəçini şəxsən tanımır və bərpa işlərinin kim tərəfindən aparıldığını bilmirlər, 26 oktyabr 2005-ci ildə polis əməkdaşı F.Zamanov onların hər birinə fərdi olaraq küçədə yaxınlaşmış, onlarla danışmağa başlamış və bərpa işlərinin ərizəçi tərəfindən aparıldığını bildirmişdir. Daha sonra polis əməkdaşı F.Zamanov cəmiyyətin adından göstərdiyi səylər üçün ərizəçiyə “təşəkkür məktubu” yazmağı onlardan xahiş etmişdir. Şahidlər bildirmişlər ki, onlar bu bəyanatlarının ərizəçiyə qarşı istifadə olunacağını bilməmişlər.
20. Qalan üç yerli sakindən biri göstərib ki, o, evinin yaxınlığında bərpa işlərinin kim tərəfindən aparıldığını bilməmiş və digər iki şahid bərpa işlərinin yerli sakinlərin özləri tərəfindən öz xərcləri hesabına aparıldığını bildirmişlər.
21. Bir səhifə yarımdan ibarət olan 29 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə Apellyasiya Məhkəməsi yuxarıdakı şahid ifadələrini belə ümumiləşdirmişdir:
“... şahidlər F.Zamanov və R.Səmədov təsdiq ediblər ki, sözügedən ünvanda bərpa işləri Milli Məclisə seçkilərdə namizəd N.Orucovun göstərişi və köməkliyi ilə aparılmışdır. Bu hal, həmçinin məhkəmə iclasında şahidlərin [R.İ. və Q.N.] ifadələri ilə təsdiq edilib. ...
Şahidlər [V.Q. və M.M.] məhkəmə iclasında dindirilərkən göstəriblər ki, onlar kimin yeni asfalt çəkdiyini və bərpa işlərini apardığını bilməyiblər, şahidlər [Q.H. və Q.V.] isə bu işlərin yerli sakinlərin özləri tərəfindən edildiyini bildiriblər.”
22. Məhkəmə birbaşa qənaətə gəlib ki, “seçicilərin üzərində qalib gəlmək” məqsədilə ərizəçi ictimai yerlərdə bərpa işlərini aparmaqla və “səslərinə cavab olaraq seçicilərə kömək göstərəcəyini vəd etməklə” Seçki Məcəlləsinin 88.4-cü maddəsi ilə qadağan olunmuş şəkildə seçicilərin rəyinə təsir göstərməyə çalışmışdır. Buna görə, məhkəmə ərizəçinin qeydiyyatını ləğv etməyi qərara almışdır.
23. 31 oktyabr 2005-ci ildə ərizəçi ona qarşı ifadə vermiş yerli sakinlərin adlarını öyrənməyə çalışmışdır. Məlum olmuşdur ki, ona qarşı polisə şikayət verən iki nəfər (S.A. və T.T.) əslində bu dairədə yaşamırlar və yazılı bəyanatlarında saxta ünvandan istifadə ediblər.
24. Digər üç şahid (İ.K., Q.N. və V.Q.) polisə etdikləri yazili bəyanatlarından imtina edən notariat qaydada təsdiq edilmiş ərizələri Ali Məhkəməyə göndərərək iddia etmişlər ki, əslində onlardan heç biri bərpa işlərinin ərizəçi tərəfindən aparılıb-aparılmadığını bilməmiş və polisin onlardan ərizəçiyə qarşı istifadə edəcəyindən xəbərsiz olaraq bu bəyanatları etmək üçün hər hansı təzyiqə məruz qalmamışlar.
25. Ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verərək bildirmişdir ki, ona qarşı istifadə edilmiş sübutlar saxta olmuş, Apellyasiya Məhkəməsi sübutları araşdırarkən açıq səhvlər etmiş və öz qətnaməsini sübut edilməmiş iddialarla əsaslandırmış və buna görə, onun qeydiyyatı qanunsuz ləğv olunmuşdur. O, həmçinin kassasiya şikayətinə yuxarıdakı ərizələri əlavə etmişdir.
26. 03 noyabr 2005-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 29 oktyabr 2005-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. O, ərizəşiyə qarşı istifadə olunmuş ilkin sübutun etibarlılığını şübhə altına alan yeni sübutları (ərizəçiyə aid əvvəlki ittihamlardan imtina edən şahid ifadələri daxil olmaqla) qəbul etməkdən imtina etmişdir; məhkəmə qeyd edib ki, bu işin faktiki halları aşağı məhkəmə tərəfindən düzgün müəyyən olunmuş və Ali Məhkəmə yalnız hüquqi məsələlərə baxa bilər. Bundan başqa, Ali Məhkəmə qeyd edib ki, aşağı məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual qanunvericiliyin tələblərini pozmamışdır.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Seçki Məcəlləsi
27. 2003-cü il tarixli Seçki Məcəlləsinin 88.4-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
“88.4. Seçkiqabağı təşviqatda bilavasitə, yaxud dolayısı ilə iştirak edən namizədlərin ... seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
88.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.”
28. Seçki Məcəlləsinin 113.1 və 113.2.3-cü maddələrinə əsasən müvafiq seçki komissiyası həmin Məcəllənin 88.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərə yol verən namizədin qeydiyyatının ləğvi tələbi ilə məhkəməyə müraciət edə bilər.
29. Seçki komissiyalarının qərarlarına dair şikayətlərə (Seçki Məcəlləsi daha qısa müddət tələb etmirsə) üç gün müddətində məhkəmədə baxılmalıdır. Məhkəmə qərarından şikayət vermək üçün müddət də üç gündür (112.11-ci maddə).
B. Mülki Prosessual Məcəllə
30. Mülki Prosessual Məcəllənin 25-ci fəsli seçki hüquqlarının (və ya referendumda iştirak etmək hüququnun) müdafiəsinə dair şikayətlərə baxılma qaydalarını müəyyən edir. 290-cı maddəyə əsasən, belə şikayətlər Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada birbaşa apellyasiya məhkəmələrinə təqdim olunmalıdır.
31. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dәrhal) baxılır (291.1-ci maddə). Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur (291.2-ci maddə).
32. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə (kassasiya məhkəməsinə) 3 gün müddətində bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir (292-ci maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-cü MADDƏSİNİN İDDİA
OLUNAN POZUNTUSU
33. Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və 13-cü maddəsinə istinadən şikayət edib ki, parlament seçkilərində namizəd kimi qeydiyyatı qanunsuz ləğv olunub. Məhkəmə hesab edir ki, bu şikayət aşağıdakıları nəzərdə tutan 1 saylı Protokolun 3-cü maddəsi baxımından araşdırıla bilər:
“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə, gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
Şikayətin məqbuliyyəti
34. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
İşin mahiyyəti
Tərəflərin dəlilləri
35. Hökumət bildirib ki, Seçki Məcəlləsinin 88.4-cü maddəsinin məqsədi bütün namizədlər üçün bərabər və ədalətli kampaniya şəraitini təmin etməkdir. Seçicilərin səslərinin qanunsuz alınmasının müxtəlif qeyri-qanuni formaları ilə məşğul olan şəxslərin namizədliyinin ləğvi seçkilərdə xalqın öz fikrini sərbəst ifadə etməsinin qorunmasına dair qanuni məqsədə yönəlir.
36. Hökumət bildirib ki, ərizəçi pulsuz xidmətlər təqdim etməklə və seçicilərə əşyalar və pul təklif etməklə, onların seçiminə təzyiq etməyə çalışdığı üçün namizədliyi ləğv edilmişdir. Hökumətə görə, bir neçə sakin Nəsimi rayon Polis İdarəsinə müraciət edərək, “seçki kampaniyası müddətində ərizəçi tərəfindən qanunun pozulmasından şikayət etmiş”, bu şikayətlər əsasında polis “araşdırmalar aparmış” və müəyyən edib ki, ərizəçi yerli seçicilərin səslərinə təzyiq etmək məqsədilə həqiqətən yeni asfalt çəkib və uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş yerləri təmir edib.
37. Hökumət iddia edib ki, daxili məhkəmələr işə ədalətli baxmış və onların qərarları əsaslı olmaqla ərizəçi tərəfindən Seçki Məcəlləsinin 88.4-cü maddəsinə zidd olaraq pulsuz xidmətlər göstərdiyini təsdiq edən müvafiq şahid ifadələrinə əsaslanmışdır. Daha sonra Hökumət iddia edib ki, Dairə Seçki Komissiyasının tələbini aldıqdan sonra ertəsi gün iclas keçirmək barədə Apellyasiya Məhkəməsinin qərarı qanuna əsaslanıb. Bu qanun tələb edir ki, seçkiyə aid işlərə üç gün müddətində baxılmalıdır. Buna görə, ərizəçinin iddialarına zidd olaraq, dərhal keçirilmiş məhkəmə baxışı onun hüquqlarını pozmayıb.
38. Ərizəçi bildirib ki, o, sözügedən şəhərsalma abadlıq işlərini görməyib və onda olan məlumata görə, bu işlər əslində iki digər hakimiyyətyönlü namizəd tərəfindən aparılıb. Onlardan biri sonradan seçkidə qalib gəlib. Ərizəçi iddia edib ki, onun namizədliyinin ləğvi barədə qərar qanunsuz olmuş və əsassız, natamam, etibarsız, qəbuledilməz və hətta saxta sübutlara əsaslanıb. O qeyd edib ki, ondan polisə şikayət verməsi iddia olunan üç şahid ilkin bəyanatlarını təzyiq altında etmiş və məhkəmə araşdırmaları zamanı öz mövqelərini dəyişmişlər.
39. O, daha sonra iddia edib ki, qeydiyyatının ləğvinə aid proses zamanı daxili məhkəmələr qarşısında mövqeyini lazımınca müdafiə etmək imkanından məhrum edilib. Apellyasiya Məhkəməsi Dairə Seçki Komissiyasından tələbi aldıqdan bir gün sonra həftəsonu istirahət günündə iclas keçirmişdir. Nəticədə, ərizəçi öz müdafiəsini hazırlamaq və ona qarşı təqdim olunmuş mübahisəli sübutun mötəbərliliyini ifşa edən məlumatı toplamaq imkanından məhrum edilib. Məsələn, o, iddia olunan şahidlər tərəfindən təqdim olunmuş yaşayış ünvanlarının düzgünlüyü barədə müvafiq mənzil-kommunal orqanından məlumat ala bilməmişdir, ona görə ki, bu orqanlar şənbə günləri çalışmır. Sonradan ərizəçi bu məlumatları topladıqda və kassasiya şikayəti ilə təqdim etdikdə, Ali Məhkəmə onun təqdim etdiyi yeni sübutu nəzərə almaqdan imtina edərək yanlış olaraq faktiki halları müəyyən etməyə səlahiyyətsiz olduğunu bildirmişdir.
Məhkəmənin qiymətləndirməsi
40. 1 saylı Protokolun 3-cü maddəsi səs vermək və namizədliyini irəli sürmək hüquqları daxil olmaqla fərdi hüquqlara təminat verir. Lakin əhəmiyyətli olsa belə, bu hüquqlar mütləq deyildir. 3-cü maddənin onları açıq ifadələrlə müəyyən etmədən tanımasını nəzərə alaraq, burada «nəzərdə tutulmuş məhdudiyyətlərə» yer vardır və Tərəf Dövlətlər seçkilərin bu sahəsində geniş mülahizə həddinə malikdirlər. Öz daxili hüquqi sistemlərində onlar prinsipcə 3-cü maddəyə əsasən qadağan edilməyən səs vermək və namizədliyini irəli sürmək hüquqlarını müəyyən şərtlərdən asılı edə bilərlər (baxın, Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, 02 mart 1987-ci il, §§ 51-52; Metyo Birləşmiş Krallığa qarşı (BP), № 24833/94, § 63, İHAM 1999-I; və Labita İtaliyaya qarşı (BP), № 26772/95 § 201, İHAM 2000-IV).
41. Tərəf Dövlətlər səs vermək və namizədliyini irəli sürmək hüququna müəyyən şərtlərin qoyulmasında geniş mülahizə həddinə malik olsalar belə, sonda 1 saylı Protokolun 3-cü maddəsinə riayət olunub-olunmadığını müəyyən etmək Məhkəməyə aiddir; Məhkəmə digər məsələlərlə yanaşı əmin olmalıdır ki, seçki prosesinin gedişində fərdi hüquqların həyata keçirildiyi şərtlər sözügedən hüquqları onların mahiyyətinə zərər vurduğu qədər azaltmır və öz səmərəliliyindən məhrum etmir; onlar qanuni məqsədlə qoyulub; və istifadə olunmuş vasitələr qeyri-mütənasib və ya qanunsuz deyil (baxın, yuxarıda qeyd olunmuş Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, § 52 və Qitonas və digərləri Yunanıstana qarşı, 01 iyul 1997-ci il, § 39, Qərar və Qərardadların Hesabatı, 1997-IV və Yumak və Sadak Türkiyəyə qarşı (BP), no. 10226/03, § 109 (iii), 08 iyul 2008-ci il).
42. Bundan başqa, insan hüquqlarının müdafiəsi aləti olan Konvensiyanın məqsədi onun müddəalarının elə tərzdə təfsir və tətbiq olunmasını tələb edir ki, onların şərtlərini nəzəri və ya xəyali deyil, praktiki və səmərəli etsin (baxın, digər mənbələrlə yanaşı, Türkiyənin Birləşmiş Kommunist Partiyası və digərləri Türkiyəyə qarşı, 30 yanvar 1998-ci il, § 33, Hesabatlar, 1998-I; Çassanu və digərləri Fransaya qarşı (BP), № 25088/94, 28331/95 və 28443/95, § 100, İHAM 1999-III; və Lükurezos Yunanıstana qarşı, № 33554/03, § 56, İHAM 2006-VIII). Podkolzina Latviyaya qarşı işdə Məhkəmə qeyd edib ki, 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunmuş və həqiqətən demokratik rejim konsepsiyasının tərkib hissəsi olan seçkidə namizədliyini irəli sürmək hüququ, əgər şəxs istənilən anda ondan məhrum edilərsə, yalnız xəyali olar. Nəticə etibarilə, abstrakt şəkildə seçilmək şərtlərinin müəyyən olunmasında Dövlətlərin geniş mülahizəyə malik olmaları həqiqət olsa belə, hüquqların səmərəli olmasına dair prinsip tələb edir ki, seçilmək prosesi qanunsuz qərarların qarşısını almaq üçün kifayətedici təminatları əks etdirir (baxın, Podkolzina Latviyaya qarşı, № 46726/99, § 35, İHAM 2002-II). Seçkidə namizədliyini irəli sürməyə aid şərtlərlə bağlı ilkin olaraq qeyd olunanlara baxmayaraq, qanunsuzluğun qarşısının alınmasını tələb edən prinsip fərdi seçki hüquqlarının səmərəliliyinə toxunulduğu digər vəziyyətlərə də eynilə aiddir (baxın, mutatis mutandis, Kovaç Ukraynaya qarşı, № 39424/02, § 55, İHAM 2008-...; Nemət Əliyev Azərbaycana qarşı, no. 18705/06, § 72, 08 aprel 2010-cu il; və Petkov və digərləri Bolqarıstana qarşı, no. 77568/01, 178/02 və 505/02, § 61, İHAM 2009-..., sonrakı istinadlarla).
43. Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin namizədliyi ədalətsiz və qanunsuz vasitələrlə seçici dəstəyini almağa çalışan şəxslərin namizədliyinin ləğvinin mümkünlüyünü nəzərdə tutan Seçki Məcəlləsinin 88.4 və 113-cü maddələrinə uyğun olaraq ləğv edilmişdir. 1 saylı Protokolun 3-cü maddəsinin təmin etdiyi hüquqların həyata keçirilməsinə məhdudiyyətləri əsaslandıra bilən “qanuni məqsədlərin” siyahısını əks etdirmədiyini və Konvensiyanın 8-11-ci maddələrində göstərilənlərə istinad etmədiyini nəzərə alaraq, Tərəf Dövlətlər bu maddələrdə əks olunmayan məqsədlərə əsaslanmaqda o şərtlə sərbəstdirlər ki, bu, qanunun aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğun olsun (baxın, məsələn, Zdanoka Latviyaya qarşı (BP), no. 58278/00, § 115, İHAM 2006-IV). Məhkəmə Hökumətin o dəlilini qəbul edir ki, Seçki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində göstərilmiş müddəalar seçki kampaniyasında bütün namizədlərə bərabər və ədalətli şəraitin təmin edilməsi və seçkidə xalqın fikrinin sərbəst ifadə olunması kimi qanuni məqsəd daşıyır.
44. Bu baxımdan, dövlət orqanlarının qərarlarında qanunsuzluğun və ya mütənasibliyin çatışmazlığının olub-olmamasını araşdırmaq qalır.
45. Məhkəmə xatırladır ki, onun daxili qanunvericiliyə riayət edilib-edilməməsinin yoxlanılması səlahiyyəti məhduddur və sübutların qiymətləndirilməsində və ya qanunun təfsirində daxili məhkəmələri əvəz etmək onun vəzifəsi deyildir. Buna baxmayaraq, müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Məhkəmə müvafiq daxili prosesləri və qərarları diqqətlə araşdırmalıdır ki, ərizəçiyə qanunsuzluğa qarşı kifayətedici təminatların verilib-verilməməsini və müvafiq qərarların kifayət qədər əsaslandırılıb-əsaslandırılmamasını müəyyən etsin (baxın, mutatis mutandis, Melniçenko Ukraynaya qarşı, no. 17707/02, § 60, İHAM 2004-X).
46. Bununla bağlı, Məhkəmə qeyd edir ki, namizədin ədalətsiz və ya qanunsuz kampaniya metodları ilə məşğul olmasının müəyyənləşdirilməsi həmin namizəd üçün ciddi nəticələrə səbəb ola və onun namizədliyi ləğv edilə bilər (baxın, 42-ci paraqraf). Məhkəmə hesab edir ki, namizədliklərin qanunsuz ləğvinin qarşısının alınması üçün müvafiq daxili prosedurlar namizədləri seçki pozuntularının sui-istifadəli və əsassız iddialarından qoruyan kifayətedici təminatları nəzərdə tutmalı və ləğvetmə barədə qərarlar belə pozuntuların əsaslı, müvafiq və kifayətedici sübutuna əsaslanmalıdır.
47. Hazırkı işdə ərizəçinin namizədliyinin ləğvi barədə qərar dairənin bəzi hissələrində təzə asfalt çəkmək və uşaqlar və yaşlılar üçün nəzərdə tutulmuş yerləri təmir etməklə dəstəyin alınması məqsədilə onun tərəfindən seçicilərə pulsuz xidmətlərin göstərilməsi qənaətinə əsaslanmışdır. Bu qənaətə gəlmək üçün istifadə olunmuş yeganə sübut sahənin bir neçə sakininin qısa yazılı bəyanatları və iki polis əməkdaşının şifahi məlumatları idi. Hər hansı başqa sübut mövcud deyil. Lakin Məhkəmənin fikrincə, ictimai yerlərdə, cəmiyyətin gözü qarşısında və seçicilərin səslərinin “alınması” məqsədilə geniş şəhərsalma abadlıq işlərinin aparılması, maliyyələşdirilməsi və görülməsi ən azı bəzi aşağıdakı güclü maddi sübutlar mövcud olmadan ola bilməz: işlərlə bağlı ərizəçinin həyata keçirdiyi maliyyə əməliyyatlarının sübutu, ərizəçi ilə tikinti şirkəti və ya tikinti ilə məşğul şəxslər arasındakı müqavilələr, bu işçilərin ərizəçi ilə əlaqələrini göstərən bəyanatlar, ərizəçinin və ya onun adamlarının tikintidə olmasını və ya görüləcək işlər barədə göstərişlər verməsini birbaşa görən şəxslərin ifadələri, işlərin ərizəçi tərəfindən görüldüyü barədə seçiciləri məlumatlandıran və onlardan ərizəçiyə səs verilməsini xahiş edən söhbətin ərizəçi və ya onun adamları tərəfindən aparılmasını birbaşa eşidən şahidlərin ifadələri və s.
48. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin iddia olunan səhvləri barədə birbaşa maddi sübut əvəzinə daxili orqanların qənaətləri iki polis əməkdaşının və bir neçə şəxsin çox qısa bəyanatlarından ibarət daha çox səthi sübutlara əsaslanıb. Bundan başqa, hər bir halda aşağıda göstərilmiş səbəblərə görə Məhkəmə hesab edir ki, hətta mövcud sübutlar ciddi çatışmazlıqlarsız deyil və bunula bağlı ərizəçinin etirazlarına baxmayaraq, seçki pozuntularında onun məsuliyyətli hesab olunması haqqında proses ona qanunsuzluğa qarşı kifayətedici təminatları təqdim etməmişdir.
49. İlk növbədə, Məhkəmə qeyd edir ki, iddia olunan pozuntulara aid bütün sübutlar polisin birbaşa iştirakı ilə təqdim edilib. Seçki məsələlərinə müdaxilə etmək üzrə polisin belə təşəbbüsü özü-özlüyündə çox qeyri-adidir. Məhkəmə ərizəçinin ona qarşı “sakinlərin” bəyanatlarının seçki komissiyasına deyil, polisə ünvanlanması və üstəlik onların sonradan istifadə olunduğu məqsədə uyğun gəlməyən və buna zidd olan tərzdə olması və şikayətdən daha çox təşəkkür tərzində yazılması barədə şübhələrini əsaslı sayır. Həmçinin, qeyri-adidir ki, ərizəçini şəxsən tanımayan, lakin buna baxmayaraq, cəmiyyətin xeyrinə iddia olunan xeyriyyəçilik fəaliyyəti üçün ona minnətdarlığını bildirmək niyyətində olan istənilən şəxs öz istəyi ilə ərizəçiyə münasibətini polisə ünvaladığı məktubda bildirsin və üstəlik güya bir neçə şəxs bunu bir-birlərindən müstəqil şəkildə eyni gündə etsin.
50. Bundan başqa, Məhkəmə qeyd edir ki, namizədliyin ləğvinə dair sonrakı prosesdə bu “sakinlərdən” heç biri polisə yazılı bəyanatlarına uyğun ifadələr verməmişlər. Xüsusən, məhkəmələrin dinlədikləri altı sakindən üç nəfər göstərib ki, onlar qabaqcadan həmin bərpa işlərinin kim tərəfindən aparıldığından xəbərsiz idilər. Ərizəçi ilə bağlı bəyanatları niyə etdiklərinə gəldikdə, onlar bildiriblər ki, bunu F.Zamanov adlı polis əməkdaşının tələbi ilə ediblər, ərizəçinin sözügedən işlərlə əlaqəli olduğunu həmin polis əməkdaşından eşidiblər və sonradan bu bəyanatlardan ərizəçiyə qarşı istifadə ediləcəyini bilməyiblər (baxın, 19-cu paraqraf). Digər üç sakin bildiriblər ki, onlar həmin işlərdə ərizəçinin rolu barədə xəbərsiz olublar. Onlardan ikisi bu işlərin hətta sakinlərin özləri tərəfindən öz hesablarına aparıldığını bildirib (baxın, 20-ci paraqraf). Digər tərəfdən, Apellyasiya Məhkəməsində araşdırmadan sonra sakinlərdən üçü polisə yazdıqları bəyanatdan imtina edən notariat qaydada təsdiq edilmiş ərizələr verərək, ilkin bəyanatları etmək üçün polis tərəfindən aldadıqlarını izah ediblər (baxın, 24-cü paraqraf).
51. Həmçinin, polisə yazılı bəyanat vermiş və sözügedən sahənin “sakinləri” olduğunu iddia edən digər iki şəxs heç bir mərhələdə məhkəmələr tərəfindən dinlənilməyib. Ərizəçi tərəfindən toplanılmış informasiyadan proses zamanı bəlli olduğu kimi bu iki şəxs həmin sahənin sakini olmamış və onların şəxsiyyətini və ya yaşayış yerlərini başqa cür tapmaq olmur.
52. Nəhayət, Məhkəmə qeyd edir ki, məhkəmə prosesinin gedişində iki şahid, yəni polis əməkdaşları F.Zamanov və R.Səmədov ərizəçini sözügedən bərpa işlərini etməsi iddia olunan şəxs kimi tanıyıblar. Lakin onların bəyanatları daha çox şayiə kimi görünür, ona görə ki, polis əməkdaşları məsələyə dair hər hansı ilkin məlumat aldıqlarını iddia etməmiş və bildirmişlər ki, bu məlumatı tanımadıqları müəyyən yerli sakinlərdən “eşıdiblər”. Mahiyyətcə ayrılıqda götürülən və digər sübutlara birləşməyən polis əməkdaşlarının ifadələri sadəcə olaraq şayiədən başqa bir şey olmayan kimi görünür; belə olan halda, Məhkəmə əmindir ki, bu ifadələr daxili məhkəmələr tərəfindən hər hansı dərəcədə araşdırılmamışdır.
53. Buna görə görünür ki, iki polis əməkdaşı istisna olmaqla, məhkəmə prosesi zamanı heç bir şahid ərizəçiyə qarşı ifadə verməmişdir. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə təqdim olunmuş sübutların əsl mahiyyətinin xeyli şübhəli xarakterli olduğuna və iddia olunan pozuntular barədə əsaslı və etibarlı sübutun olmamasına dair ərizəçinin iddialarını ciddi hesab edir.
54. Lakin ərizəçinin etirazlarının ciddiliyinə baxmayaraq, nə seçki komissiyası, nə də daxili məhkəmələr onları hərtərəfli araşdırıblar.
55. Xüsusən görünür ki, Dairə Seçki Komissiyası ərizəçinin namizədliyinin ləğvi barədə qərarı hər hansı müstəqil iclas keçirmədən və ya faktiki halları qiymətləndirmədən və ərizəçini vaxtında məlumatlandırmadan qəbul etmişdir. Buna görə aydındır ki, qanunsuzluğa qarşı hər hansı prosessual təminatlar Dairə Seçki Komissiyası səviyyəsində təqdim olunmamışdır. Bundan başqa, Hökumətin təqdim etdiyi sənədlərə görə, həmin Komissiyanın müvafiq iclası 29 oktyabr 2005-ci ildə olub, halbuki bu Komissiyanın etdiyi rəsmi ləğvetmə tələbi bir gün əvvəl - 28 oktyabr 2005-ci il tarixlidir. Bu o mənaya gəlir ki, ərizəçinin namizədliyinin ləğvinin tələb olunması haqqında rəsmi qərar onun Apellyasiya Məhkəməsinə göndərilməsindən bir gün sonra qəbul edilib. Komissiyanın işindəki bu ziddiyyət Hökumət tərəfindən izah edilməyib. Hər hansı izah olmayan yerdə bu cür qanunsuzluq Dairə Seçki Komissiyası səviyyəsində məsələnin hər hansı həqiqi qiymətləndirilməsinin olmadığını bir daha göstərir.
56. Apellyasiya Məhkəməsi tələbi aldıqdan bir gün sonra işə şənbə günü saat 11-də baxıb. Belə olan halda, ərizəiyə işin materialları ilə tanış olmaq və müdafiəsi üçün dəlilləri hazırlamağa çox vaxt verilməmişdir. Məhkəmə təkrar edir ki, sürətlilik və seçki prosesində gecikdirmələrin qarşısını almaq üçün nəzərdə tutulmuş vaxt məhdudiyyətlərinin zəruriliyi düşüncələri çox vaxt əsaslı olsa da, seçkiyə aid araşdırmanın səmərəliliyinə riayət etməmək və ya bu proseslərə cəlb olunmuş şəxsləri onlara qarşı seçki pozuntularına dair hər hansı ittihamları səmərəli mübahisələndirmək imkanından məhrum etmək üçün bəhanə kimi istifadə edilə bilməz (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Nemət Əliyev, § 90). Hazırkı işdə görünür ki, ərizəçinin namizədliyinin ləğvi haqqında məsələnin araşdırılması hər hansı ağlabatan məlumatlandırma olmadan keçirilib və bununla da, onu qəfil məlumatlı və iclasa hazırlıqsız edib.
57. Bundan başqa görünür ki, Apellyasiya Məhkəməsi öz qətnaməsində bəzi şahidlərin ifadələrini təhrif etmişdir. Xüsusən, məhkəmə iclasının protokoluna görə, şahidlər Q.N. və R.İ. göstəriblər ki, onlar bərpa işlərinin kim tərəfindən aparıldığını bilməmiş və bu barədə ilk dəfə onlardan “təşəkkür məktubu” yazmağı xahiş edən polis əməkdaşı F.Zamanovdan eşidiblər (baxın, 19-cu paraqraf); bununla belə, Apellyasiya Məhkəməsinin qətnaməsi birmənalı şəkildə ərizəçiyə qarşı polis əməkdaşlarının iddialarını təsdiq edib (baxın, 21-ci paraqraf). Digər tərəfdən, iddia olunan pozuntuları təsdiq edən sübutların aşkar çatışmazlığı olduğu halda (baxın, 47-ci paraqraf), məhkəmə bərpa işlərinin maliyyələşməsinə aid hər hansı əlavə aydınlıq və ya məlumatları, ərizəçinin iştirakına dair hər hansı maddi və ya sənədli sübutu, yaxud da seçicilərin seçiminə təsir etmək barədə istənilən qanunsuz niyyətin sübutunu əldə etməyə cəhd göstərməyib. Bundan başqa, dinlənilmiş əksər şahidlərin şifahi ifadələrinin ərizəçinin xeyrinə olan kimi görünməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi nəyə görə bu ifadələri rədd etdiyini və əvəzində polis əməkdaşlarının ifadələrini və təqdim etdikləri yazılı materialları iddia olunan pozuntulatı sübut etmək üçün kifayətedici hesab etdiyini izah etməyib. Əslində, məhkəmə öz qərarını əsaslandırmamışdır. Belə ki, onun qətnaməsinin mətni təqdim edilmiş sübutların sübutetmə dəyərinin və ya hüquqi dəlillərin qiymətləndirilməsini əks etdirmədən şifahi dəlillərin qısa ümumiləşdirilməsindən və Seçki Məcəlləsinin müvafiq müddəalarının təkrar edilməsindən sonra birbaşa nəticəyə keçib. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, Apellyasiya Məhkəməsindəki proses ərizəçiyə lazımi prosessual təminatlar verməmiş, onun qətnaməsi kifayətedici faktiki sübutla müşayiət edilməmiş və kifayət qədər əsaslandırılmamışdır.
58. Ali Məhkəmə qarşısındakı prosesə gəldikdə, Məhkəmə qeyd edir ki, şikayətinə baxılmazdan əvvəl ərizəçi öz mövqeyinin təsdiqi üçün əlavə sənədlər əldə edə bilmişdir. Xüsusən, o, yerli mənzil-kommunal orqanından məlumat ala bilmişdir ki, polisə ilkin bəyanatlar vermiş şəxslərdən ikisi (S.A. və T.T.) sözügedən sahənin sakinləri deyil və onların kimliyi qeyri-məlumdur. Bunun əsasında ərizəçi iddia edib ki, ona qarşı olan sübutlar “saxtalaşdırılıb” və Apellyasiya Məhkəməsi izaholunmaz şəkildə bu şəxslərin prosesə cəlb olunmasına çalışmamış və ya polisdən onların kimliyini öyrənməyə cəhd etməmişdir. Bundan başqa, o, polisə ilkin bəyanatlar verən digər üç nəfərin notariat qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişdir. Həmin ərizələrdə onlar ilkin bəyanatlarını təkzib və polis tərəfindən aldandıqları şəraiti təsvir etmişlər. Məhkəmənin fikrincə, yuxarıdakı məlumat aşağı məhkəmə tərəfindən sübutlara ziddiyyətli baxışın əlamətlərini aşkara çıxarır və ərizəçinin o dəlilini təsdiq edir ki, məhkəmə tərəfindən yaradılmış ağlabatmayan vaxt məhdudiyyətləri səbəbindən Apellyasiya Məhkəməsinə təqdim olunmasının mümkün olmadığını nəzərə alaraq, ona qanunsuzluğa qarşı kifayətedici təminatlar verilməmişdir. Müvafiq olaraq, bu dəlillər yalnız aşağı məhkəmə tərəfindən faktların iddia olunan səhv qiymətləndirilməsinə deyil, həmçinin əhəmiyyətli şəkildə belə səhv qənaətə səbəb olan prosessual pozuntulara gətirib çıxarır. Bununla belə, aşağı məhkəmələrin buraxdığı prosessual səhvləri yoxlamaq səlahiyyətinə malik olduğuna baxmayaraq, Ali Məhkəmə bu dəlilləri nəzərə almaqdan imtina edərək, yersiz və formal şəkildə faktiki məsələlərə baxmağa səlahiyyətinin olmadığına istinad etmişdir. Mahiyyətcə, Ali Məhkəmə ərizəçinin şikayətinin bütün məqamlarının üstündən keçmiş və aşağı məhkəmənin buraxdığı istənilən prosessual səhvləri müəyyən etməmiş və aradan qaldırmamışdır.
59. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin seçki hüquqlarına müdaxilə 1 saylı Protokolun 3-cü maddəsinin tələb etdiyi standartlara uyğun gəlmir. Xüsusən, onun namizədliyinin ləğvi kifayətedici və müvafiq sübutlara əsaslanmamış, seçki komissiyasının və daxili məhkəmələrin prosesləri ərizəçiyə qanunsuzluğa qarşı kifayətedici təminatlar verməmiş və daxili məhkəmələrin qərarları əsassız və qanunsuz olmuşdur.
60. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
61. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, daxili məhkəmə araşdırmaları ədalətsiz və qanunsuz olmuşdur. 6-cı maddə müvafiq hissəsində aşağıdakıları nəzərdə tutur:
“Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ... ədalətli araşdırılması hüququna malikdir. ...”
62. Məhkəmə qeyd edir ki, sözügedən araşdırmalar ərizəçinin parlament seçkilərində namizəd kimi iştirak etmək hüququnun müəyyən olunmasına aid olmuşdur. Buna görə, həmin mübahisə ərizəçinin siyasi hüquqlarına aid olmuş və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında onun “mülki hüquq və vəzifələrinə” toxunmamışdır (baxın, Pyer-Blox Fransaya qarşı, 21 oktyabr 1997-ci il, § 50, Hesabatlar, 1997-VI; Çerepkov Rusiyaya qarşı (qərardad), № 51501/99, İHAM 2000-I; Zdanoka Latviyaya qarşı (qərardad), № 58278/00, 06 mart 2003-cü il; və Mütəllibov Azərbaycana qarşı (qərardad), № 31799/03, 19 fevral 2004-cü il). Müvafiq olaraq, bu Konvensiya müddəası şikayət edilən araşdırmalara tətbiq olunmur.
63. Bu baxımdan, həmin şikayət 35-ci maddənin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və 35-ci maddənin 4-cü bəndinə müvafiq olaraq rədd olunmalıdır.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
64. Konvensiyanın 41-ci maddəsi qeyd edir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Zərər
Maddi zərər
65. Ərizəçi seçki kampaniyası dövründə müxtəlif xərclər üçün 75.000 AZN və seçildiyi halda parlament üzvü kimi alacağı maaş və müxtəlif sosial ödənişlərin itkisi üçün 125.000 AZN daxil olmaqla, maddi zərərə görə 200.000 AZN tələb etmişdir.
66. Hökumət iddia edib ki, müəyyən olunmuş pozuntu ilə tələb olunan zərər arasında səbəbli əlaqə yoxdur. Onlar daha sonra iddia ediblər ki, ərizəçi tələbini müvafiq sənədlərlə əsaslandırmamışdır.
67. Məhkəmə qeyd edir ki, hazırkı şikayət ərizəçinin seçkidə namizədliyini irəli sürmək hüququna aiddir. Güman oluna bilməz ki, ərizəçinin hüququ pozulmadığı halda, o öz dairəsində mütləq seçkidə qalib gələr və parlamentin üzvü olardı. Buna görə, fərziyyə irəli sürülə bilməz ki, onun seçki kampaniyasına çəkdiyi xərclər maddi itkidir və ya parlament üzvü kimi o, maaş və sosial ödənişlər almış olardı (müqayisə edin, mutatis mutandis, Gürcüstanın Fəhlə Partiyası Gürcüstana qarşı, no. 9103/04, § 150, 08 iyul 2008-ci il və Seyidzadə Azərbaycana qarşı, no. 37700/05, § 50, 03 dekabr 2009-cu il). İddia olunan maddi zərərlə müəyyən olunmuş pozuntu arasında hər hansı səbəbli əlaqə müəyyən edilmədiyi üçün Məhkəmə ərizəçinin tələbini əsassız kimi rədd edir.
Mənəvi zərər
68. Ərizəçi seçki hüquqlarının pozulması üçün mənəvi zərərə görə 500.000 AZN tələb edib.
69. Hökumət iddia edib ki, tələb olunmuş məbləğ həddən artıqdır və Məhkəmədən ədalətli şəkildə kompensasiyanın təyin olunmasını xahiş edib.
70. Məhkəmə hesab edir ki, ərizəçi 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusunun sadəcə olaraq müəyyən edilməsi ilə kompensasiya olunmayan mənəvi zərər çəkmişdir. Ədalətli əsaslarla qərar çıxarmaqla, Məhkəmə ona üstünə gələ bilən hər hansı vergi məbləği hesablanmaqla mənəvi zərərə görə 7.500 avro kompensasiya təyin edir.
Xərc və məsrəflər
71. Ərizəçi Məhkəmə Reqlamentinin tələb etdiyi kimi xərc və məsrəflərə görə tələb təqdim etməmişdir. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ona bununla bağlı kompensasiya təyin etmək zərurəti yoxdur.
C. Faiz dərəcəsi
72. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi və Konvensiyanın 14-cü maddəsi üzrə şikayətləri məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
İş üzrə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qərara alır;
3. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə mənəvi zərərə görə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla 7.500 EUR (yeddi min beş yüz avro) ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir.
4. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 26 iyul 2011-ci ildə göndərilib.
Soren NilsenNina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy