© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
DÖRDÜNCÜ BÖLMƏ
OTMAN (ƏBU QATADA) BİRLƏŞMİŞ KRALLIĞA QARŞI
(8139/09 nömrəli ərizə)
(Çıxarışlar)
QƏRAR
STRASBURQ
17 yanvar 2012-ci il
YEKUN
09/05/2012
Otman (Əbu Qatada) Birləşmiş Krallığa qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Dördüncü Bölmə)
Sədr Lex Qarlitski (Lech Garlicki),
hakimlər:
Nikolas Bratsa (Nicolas Bratza),
Lilyana Miyoviç (Ljiljana Mijović),
David Tor Byörqvinson (David Thór Björgvinsson),
Ledi Byanku (Ledi Bianku),
Mihai Poalelunci (Mihai Poalelungi),
Vinsent A. de Qaetano (Vincent A. de Gaetano),
və Bölmənin məhkəmə katibi Lourens Örlidən (Lawrence Early) ibarət tərkibdə Palata qismində
2011-ci il 13 dekabr tarixində qapalı müşavirə keçirərək
Həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2009-cu il 11 fevral tarixində İordaniya vətəndaşı cənab Ömər Otman (“ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizənin (8139/09 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçini Londonda fəaliyyət göstərən “Birnberg Peirce & Partners” şirkətinin vəkili xanım G.Pirs təmsil etmişdir. Ona hüquqşünaslar – Kraliça vəkili cənab E.Fitzgerald, Kraliça vəkili cənab R.Hüseyn və cənab D.Fridman kömək etmişlər. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Xarici İşlər və Birlik Məsələləri Nazirliyinin nümayəndəsi xanım L.Doban təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, İordaniyaya deportasiya ediləcəyi təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olaraq pis rəftara məruz qalacağı və Konvensiyanın 6-cı maddəsinə zidd olaraq onun barəsində ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina ediləcəyi ilə bağlı real risk mövcud olacaqdır.
4. 2009-cu il 19 fevralda ərizənin göndərildiyi Palatanın sədri Məhkəmənin Prosedur Qaydalarının 39-cu qaydasını tətbiq etmək qərarına gələrək, Məhkəmə tərəfindən qərar qəbul edilənə qədər ərizəçinin İordaniyaya deportasiya edilməməsinin tərəflərin maraqları və prosesin lazımı qaydada həyata keçirilməsi baxımından arzuolunan olduğunu Hökumətə bildirmişdir.
2009-cu il 19 may tarixində Məhkəmə ərizə barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. O, həmçinin ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məsələlərə birlikdə baxılması barədə qərar qəbul etmişdir (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
5. Ərizəçi və Hökumət hər biri qeydlərini təqdim etmişlər (Məhkəmənin Prosedur Qaydalarının 59-cu qaydanın 1-ci bəndi). Bundan əlavə, Palata sədrinin yazılı prosedura müdaxilə etmələrinə icazə verdiyi “Amnesty International”, “Human Rights Watch” və “ƏDALƏT” kimi qeyri-hökumət təşkilatları üçüncü tərəf kimi öz qeydlərini təqdim etmişlər (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü qaydanın 2-ci bəndi). Tərəflər bu qeydlərə cavab vermişlər (44-cü qaydanın 5-ci bəndi).
6. Məhkəmə iclası 2010-cu il 14 dekabr tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumətin adından,
xanım L.Doban, Səlahiyyətli nümayəndə,
Vəkillər:
cənab M.Beloff, Kraliça vəkili,
xanım R.Tam, Kraliça vəkili,
cənab T.Eyke.
Məsləhətçilər:
cənab N.Fassel,
cənab A.Qlendhil,
cənab T.Kinsella,
cənab A.Rostron.
(b) ərizəçinin adından,
Vəkil:
xanım G.Pirs,
Vəkilin köməkçiləri:
cənab E.Fitzgerald, Kraliça vəkili,
cənab D.Fridman.
Məhkəmədə cənab Beloff və cənab Fitzgerald çıxış edərək məhkəmənin suallarına cavab vermişlər.
FAKTLAR
I. İŞİN HALLARI
A. Giriş
7. Ərizəçi 1960-cı ildə o zamanlar İordaniya Krallığının bir hissəsi kimi idarə olunan Bətləhəm şəhərində anadan olmuşdur. O, əvvəlcə İordaniyadan Pakistana qaçmış, 1993-cü ilin sentyabrında isə Birləşmiş Krallığa gəlmişdir. O, sığınacaq almaq üçün müraciət etmiş və müraciətinə müsbət cavab verilmişdir. Ərizəçi sığınacaq verilməsi ilə bağlı müraciətini əsaslandırmaq üçün bildirmişdir ki, birincisi, o, 1988-ci və 1990-1991-ci illərdə İordaniya hakimiyyət orqanları tərəfindən tutularaq işgəncələrə məruz qoyulmuş, ikincisi isə, daha iki dəfə tutularaq ev dustağı edilmişdir. 1994-cü ilin 30 iyun tarixində ərizəçi qaçqın statusu almış və onun 1998-ci il 30 iyun tarixinə qədər Britaniyada qalmasına icazə verilmişdir. Həmişə olduğu kimi, nazir ərizəçiyə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsinin səbəblərini açıqlamamışdır.
8. 1998-ci il 8 mayda ərizəçi Birləşmiş Krallıqda qeyri-müəyyən müddətdə qalmasına icazə verilməsi üçün müraciət etmişdir. 2002-ci il 23 oktyabrda ərizəçi həbs olunana qədər bu ərizə ilə bağlı qərar qəbul edilməmişdir. Bu tarixdə o, 2001-ci il tarixli Terrorçuluğa və cinayətkarlığa qarşı mübarizə və təhlükəsizlik haqqında qanuna uyğun olaraq (bax: “A. və Digərləri Birləşmiş Krallığa qarşı” (A. and Others v. the United Kingdom [GC], no. 3455/05, § 90, 19 February 2009)) tutulmuşdur. Həmin qanun 2005-ci ilin martında ləğv edildikdən sonra ərizəçi zaminə buraxılmış, sonra isə Terrorçuluğun qarşısının alınması haqqında 2005-ci il tarixli qanuna əsasən onun barəsində azadlığın məhdudlaşdırılması tədbiri görülmüşdür (yenə orada, 83-84-cü bəndlər). 2005-ci il 11 avqust tarixində azadlığın məhdudlaşdırılması tədbiri barədə qərardan verdiyi apellyasiya şikayətinə hələ də baxılmamış ərizəçiyə deportasiya olunmaq niyyəti ilə bağlı nazir tərəfindən imzalanmış xəbərdarlıq təqdim edilmişdir (aşağıda 24-cü bəndin D bölməsinə bax).
B. İordaniyada əvvəllər aparılmış cinayət işləri
1. İslahat və etiraz məhkəmə baxışı
9. 1999-cu ildə İordaniyada keçirilmiş “islahat və etiraz” adlanan məhkəmə baxışında ərizəçi partlayışlar törətməkdə iştirakçılığa görə qiyabi yolla məhkum olunmuşdur. O, iş üzrə on üç təqsirləndirilən şəxsdən on ikincisi idi.
10. Bu iş İordaniyada partlayışlar törədilməsinin planlaşdırılması ilə bağlı idi. Plan 1998-ci ildə həyata keçirilmiş, Əmmanda yerləşən Amerika Məktəbi və Yerusəlim mehmanxanasına hücum edilmişdir. O, sonralar eyni zamanda terrorçu qruplara üzvlük ilə bağlı törətdiyi cinayətlərə görə də məhkum olunsa da, bu cinayətlərə görə amnistiya olunmuşdur. Məhkəmənin qərarı ilə ərizəçi ağır əməyə cəlb olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.
11. Məhkəmə baxışı zamanı şahidlərdən biri Məhəmməd Əl-Cerameyn partlayışın təqsirləndirilən şəxslər tərəfindən deyil, özü tərəfindən törədildiyini etiraf etmişdir. İşə baxan Dövlət Təhlükəsizlik Məhkəməsi bildirmişdir ki, şahidin misal üçün, partlayıcı maddənin xüsusiyyətləri və digər texniki göstəriciləri barədə dedikləri arasında ziddiyyətlərin olması etirafın saxta olduğunu açıq-aşkar sübut edir. Cənab Əl-Cerameyn sonralar başqa bir məhkəmə prosesində qəsdən azad öldürmə cinayəti törətməkdə təqsirli bilinərək, ölüm cəzasına məhkum edilmişdir.
12. Ərizəçi bildirmişdir ki, onun ittihamı əsas etibarı ilə digər təqsirləndirilən şəxs Əbdül Nasir Əl-Həmaşerin (həmçinin Əl-Xəmayse kini tanınır) ifadəsinə əsaslanmışdır. Dövlət ittihamçısına verdiyi etirafedici ifadəsində cənab Əl-Həmaşer ərizəçinin onları hücumlar etməyə təşviq etdiyini iddia etmişdir. Həmçinin bildirilirdi ki, ərizəçi hücumlardan sonra qrupu təbrik etmişdir.
13. İşə Dövlət Təhlükəsizlik Məhkəməsində baxılan zaman cənab Əl-Həmaşer bir sıra digər təqsirləndirilən şəxslərlə birlikdə Dövlət Təhlükəsizlik İdarəsi və hərbi struktur ilə birgə İordaniyada daxili təhlükəsizliyin qorunması və təhlükəsizliyə hədələrə nəzarət olunmasına görə məsuliyyət daşıyan İordaniya Baş Kəşfiyyat İdarəsinin (“BKİ”) əməkdaşları tərəfindən onlara işgəncələr verilməsindən şikayət etmişdir. İşgəncəyə məruz qaldıqlarını bildirdikləri dindirmənin sonunda prokuror təqsirləndirilən şəxslərin hər birindən ifadə almışdır.
14. Məhkəməyə təqsirləndirilən şəxslərin vəkilləri, qohumları və onları müayinə etmiş həkimlərin üzərlərində işgəncənin gözlə görünən əlamətlərinin olması barədə ifadələri təqdim olunmuşdur. Lakin Dövlət Təhlükəsizlik Məhkəməsi təqsirləndirilən şəxslərin işgəncəyə məruz qaldıqlarını sübut edə bilmədikləri qənaətinə gəlmişdir.
15. Hökmdən bir neçə dəfə Kassasiya Məhkəməsinə şikayətlər edilmiş və iş yenidən baxılması üçün Dövlət Təhlükəsizlik Məhkəməsinə göndərilmişdir. Bununla belə, ərizəçi qiyabi yolla məhkum olunduğu üçün onun adından təqdim olunmuş apellyasiya şikayətləri qəbul edilməmişdir. Apellyasiya şikayətlərinə baxılması nəticəsində ittihamlar qüvvədə saxlanılmış və buna əsas kimi müvafiq ifadələrin prokurora verilməsi göstərilmişdir. Beləliklə də, bu etirafedici ifadələr, məhkəmə tərəfindən qəbul edildiyi və prokurorun onlarla razılaşdığı təqdirdə, ittihamın irəli sürülməsi üçün kifayətedici sübut kimi çıxış edirdi. Kassasiya Məhkəməsi prokurorun təqsirləndirilən şəxslərin ona könüllü şəkildə etirafedici ifadələr verdiklərini sübut etməli olması barədə tələbi rədd etmişdir: prokurorun etirafedici ifadənin könüllü olaraq verildiyini sübut etmək vəzifəsi yalnız o zaman yaranır ki, ifadə onun özünə verilməsin. Sözü gedən etirafedici ifadələr autentik olmuş və onların maddi və ya mənəvi məcburiyyət qarşısında alındığını təsdiq edən hər hansı dəlil mövcud olmamışdır.
16. Sonra Kassasiya Məhkəməsi təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin Baş Kəşfiyyat İdarəsində saxlanmaları zamanı prokurora etirafedici ifadələr verməyə məcbur edildikləri ilə bağlı iddiaların təsirini nəzərdən keçirmişdir. İordaniya qanunvericiliyinə görə istintaq zamanı belə əməl etmə qadağan edilir və onu törədənlər cəzalandırılır. Lakin, hətta təqsirləndirilən şəxslərin iddialarının doğru olduğu güman edilərsə belə, prokurora etirafedici ifadələrin təqsirləndirilən şəxslərin törətmədikləri hərəkətləri etiraf etməyə qanunsuz yolla məcbur edilmələri nəticəsində alındığı sübut olunmayana qədər, həmin ifadələr puç hesab edilmir. Təqsirləndirilən şəxslər bunu sübut edə bilməmişlər.
17. Ərizəçinin bu məhkəmə baxışının gedişində məhkum edilməsi ilə bağlı olaraq İordaniya hakimiyyət orqanları onun Birləşmiş Krallıqdan ekstradisiya olunmasını xahiş etmişdir. 2000-ci ilin əvvəllərində xahiş İordaniya tərəfindən geri götürülmüşdür.
2. Minilliyin cinayəti adlandırılan məhkəmə baxışı
18. 2000-ci ilin payızında ərizəçi yenidən qiyabi yolla, bu dəfə “minilliyin cinayəti” kimi tanınmış iş üzrə İordaniyada məhkəmə prosesinə cəlb olunmuşdur. Bu iş minilliyin qeyd olunduğu vaxt İordaniyada yerləşən qərb və İsrail hədəflərində partlayışların törədilməsinin planlaşdırılması ilə bağlı idi. Bu cinayətin üstü hücumların həyata keçirilməsindən öncə açılmışdır. Ərizəçinin kompüter almaq üçün pul verdiyi və yazıları ilə cinayəti törətməyə təşviq etdiyi iddia olunurdu. Bunu təsdiq edən sübutlar digər təqsirləndirilən şəxs Əbu Hoşerin evində tapılmışdı. Ərizəçi ona qarşı əsas sübutun Əbu Hoşerin ifadəsi olduğunu bildirmişdir.
19. Təqsirləndirilən şəxslərin əksəriyyəti onlara qarşı irəli sürülən ittihamların bir çoxu üzrə məhkum olunmuşlar; bəziləri tam və ya qismən bəraət almışdır. Ərizəçi təqsirli bilinərək ağır əməyə cəlb olunmaqla on beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Digər təqsirləndirilən şəxslər, o cümlədən Əbu Hoşer ölüm cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxslərdən bəziləri, o cümlədən belə görünür ki, Əbu Hoşer on beş gün müddətində dindirilmə zamanı işgəncələrə məruz qaldıqlarını və vəkil ilə görüşmələrinin təmin olunmadığını apellyasiya şikayətlərində iddia etmişlər. Kassasiya Məhkəməsi apellyasiya şikayətinin bu dəlilini rədd edərək bildirmişdir ki, dindirmə protokolu təsdiq edir ki, hər bir təqsirləndirilən şəxsə vəkilləri iştirak edənə qədər ittihamlar ilə bağlı ifadə verməmək hüququ izah edilmişdir. Ərizəçi həmçinin bildirir ki, Kassasiya Məhkəməsi Baş Kəşfiyyat İdarəsində pis rəftara yol verilməsi faktının işə aidiyyəti olmadığını qət etmişdir. Belə ki, Dövlət Təhlükəsizlik Məhkəməsi təqsirləndirilən şəxslərin Baş Kəşfiyyat İdarəsində deyil, prokurora verdikləri ifadələri əsas kimi götürmüşdür. Əbu Hoşerə verilmiş ölüm cəzası qüvvəsində saxlanılmışdır.
20. Birləşmiş Krallığın İmmiqrasiya Məsələlərinə dair Şikayətlərə Baxılması üzrə Xüsusi Komissiyasının (İMŞBXK) hər bir məhkəmə prosesində təqdim edilmiş sübutlarla bağlı gəldiyi nəticə aşağıda 45-ci bənddə əksini tapmışdır. İMŞBXK-nın rəyindən sonra meydana çıxmış və Avropa Məhkəməsinə təqdim edilmiş sübutların xülasəsi aşağıda 94-105-ci bəndlərdə verilmişdir [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür].
C. Birləşmiş Krallıq ilə İordaniya arasında anlaşma memorandumuna dair razılıq
21. 2001-ci ilin oktyabrında Xarici İşlər və Birlik Məsələləri Nazirliyi Birləşmiş Krallıq hökumətinə bildirmişdir ki, Konvensiyanın 3-cü maddəsi terrorçuluqda şübhə edilən şəxslərin İordaniyaya deportasiya edilməsini qadağan edir. 2003-cü ilin martında hökumət ölkə hüdudlarından kənara çıxarma qarşısında duran bu maneələrin aradan qaldırılması imkanını nəzərdən keçirdikdən sonra, Xarici İşlər və Birlik Məsələləri Nazirliyi 2001-ci ilin oktyabrında verdiyi məsləhətin hələ də qüvvədə qaldığını, lakin potensial deportasiya olunacaq şəxslərlə Birləşmiş Krallığın öhdəliklərinə uyğun şəkildə rəftar ediləcəyinə dair əsas ölkələrin müvafiq təminatlar vermək istəyəcəyi və bunu edə biləcəyi ilə bağlı məsələni nəzərdən keçirdiyini bildirmişdir. 2003-cü ilin mayında xarici işlər naziri razılaşmışdır ki, xarici hökumətlərdən anlaşma memorandumu formasında xüsusi və etibarlı təminatların alınması Birləşmiş Krallıqdan deportasiyanın həyata keçirilməsinə imkan yaratmaq üçün çıxış yolu ola bilər.
22. 2003-cü ilin noyabrında Əmman şəhərindəki Britaniya səfirliyinə İordaniya hökuməti ilə çərçivə anlaşma memorandumu bağlamaq ideyasını qaldırmaq üçün təlimat verilmişdir. 2005-ci ilin fevralında Birləşmiş Krallığın Baş naziri ilə İordaniya kralı, həmçinin daxili işlər naziri ilə İordaniyanın xarici işlər naziri arasında keçirilmiş görüşlərdən sonra anlaşma memorandumunun prinsipləri ilə bağlı razılıq əldə olunmuşdur.
23. 2005-ci ilin iyununda danışıqlar davam etdirilmiş və 2005-ci ilin 10 avqust tarixində anlaşma memorandumu imzalanmışdır. Anlaşma memorandumunda şəxsin bir dövlətdən başqasına qaytarılması zamanı insan hüquqları sahəsində mövcud olan beynəlxalq standartlara əməl olunması ilə bağlı təminatlar öz əksini tapmışdır (aşağıda 76-cı bəndə bax). Həmin gün Birləşmiş Krallığın Əmman şəhərindəki səfirliyinin müvəqqəti işlər vəkili ilə İordaniyanın Daxili İşlər Nazirliyi arasında əlavə saziş imzalanmışdır. Bu sazişdə fərdi işlər üzrə ölüm cəzasının tətbiq edilməyəcəyi ilə bağlı İordaniya hökumətinin təminatları öz əksini tapırdı. Ərizəçinin məsələsinə gəlincə, onun deportasiya edilməsindən sonra cəlb oluna biləcəyi istənilən məhkəmə prosesinin həyata keçirilməsi qaydası barədə də İordaniya hökumətinə suallar verilmiş və bu suallara İordaniyanın Xarici İşlər Nazirliyinin hüquqi məsələlər üzrə müşaviri tərəfindən 2006-cı ilin mayında cavab verilmişdir.
24. Həmçinin anlaşma memorandumuna görə onun müddəaları əsasında qaytarılmış istənilən şəxsin Birləşmiş Krallıq və İordaniya hökumətləri tərəfindən birgə təyin olunmuş müstəqil qurumun nümayəndəsi ilə əlaqəsi saxlaması, onunla tez və müntəzəm şəkildə görüşlər keçirməsi üçün imkan yaradırdı. 2005-ci ilin 24 oktyabrında İnsan Hüquqları Sahəsində Araşdırılmalar üzrə Ədaleh Mərkəzi (“Ədaleh Mərkəzi”) Birləşmiş Krallıq hökuməti ilə monitorinq sazişi imzalamışdır. 2006-cı ilin 13 fevralında Ədaleh Mərkəzinin səlahiyyətləri ilə bağlı razılığa gəlinmişdir (aşağıda 80-ci bəndə bax).
D. Ərizəçinin deportasiya ilə bağlı qərardan şikayəti
25. 2005-ci il 11 avqustda, yəni anlaşma memorandumunun imzalanmasından bir gün sonra daxili işlər naziri adından ərizəçiyə deportasiya ilə bağlı xəbərdarlıq təqdim edilmişdir. Daxili işlər naziri ərizəçinin deportasiyası ilə bağlı qərarın milli təhlükəsizlik maraqları naminə qəbul olunduğunu bildirmişdir. Ərizəçi bu qərardan İMŞBXK-ya şikayət edərək, inter alia, onun Konvensiyanın 2-ci, 3-cü, 5-ci və 6-cı maddələrinə zidd olduğunu bildirmişdir. O, sığınacaq verilməsi ilə bağlı əvvəlki tələbinə istinad edərək bildirmişdir ki, tanınmış insan olması İordaniya hakimiyyət orqanlarının ona həqiqətən də maraq göstərməsi deməkdir. Geri qaytarılacağı təqdirdə, o, həmçinin qiyabi yolla məhkum olunduğu cinayətlərə görə yenidən məhkəmə qarşısında cavab verməli olacaq. Beləliklə də, o, uzun müddət ibtidai həbsdə saxlanacaq (5-ci maddənin müddəaları pozulmaqla) və məhkum olunduğu təqdirdə, uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaqdır. Bütün bu amillər o deməkdir ki, o, ibtidai həbs müddətində və ya məhkum olunduqdan sonra etirafedici ifadələr verməyə məcbur edilmək, yaxud da ondan başqa məlumatların alınması üçün real olaraq işgəncələrə məruz qalmaq təhlükəsi ilə üzləşəcəkdir. Onun həmçinin ölüm cəzasına məhkum olunması və ya Amerika Birləşmiş Ştatları kimi dövlətə verilməsi təhlükəsi də mövcuddur. O, 6-cı maddəyə istinad edərək, barəsindəki məhkəmə baxışının açıq-aşkar ədalətsiz keçəcəyini iddia etmişdir: hərbi məhkəmə instansiyası olan Dövlət Təhlükəsizlik Məhkəməsi icra hakimiyyətindən müstəqilliyə malik deyil və ondan, başqa təqsirləndirilən şəxslərdən və ya digər məhkumlardan işgəncə yolu ilə əldə olunacaq sübutlardan ona qarşı istifadə olunacağı riski mövcuddur.
1. İmmiqrasiya Məsələlərinə dair Şikayətlərə Baxılması üzrə Xüsusi Komissiyası (İMŞBXK) tərəfindən ərizəçinin şikayətinə baxılması
(a) İMŞBXK-da işə baxılması və onun milli təhlükəsizlik məsələləri ilə bağlı gəldiyi nəticələr
26. Ərizəçinin şikayəti 2007-ci il 26 fevralda İMŞBXK tərəfindən rədd edilmişdir. İMŞBXK şikayətə iki hissədə baxmışdır: “açıq iclas”, burada daxili işlər nazirinin dəlilləri ərizəçinin və onun nümayəndəsinin iştirakı ilə təqdim olunmuşdur; “qapalı iclas”, burada isə nazirin təhlükəsizlik səbəbləri baxımından açılması mümkün olmayan dəlilləri təqdim olunmuşdur... İMŞBXK qapalı iclasda anlaşma memorandumun razılaşdırılması prosedurasına, onun hansı dərəcədə işgəncə təhlükəsini azaltdığına, həmçinin ərizəçi tərəfindən Birləşmiş Krallığa yaratması iddia olunan milli təhlükəsizlik ilə bağlı hədələrə dair dəlillərə baxmışdır (“məxfi material”). Ərizəçi və onun nümayəndəsi qapalı iclaslardan kənarlaşdırılsalar da, burada onların maraqlarını xüsusi vəkillər təmsil edirdi. Sonra İMŞBXK ictimaiyyət üçün açıq olan “açıq qərar”ını və yalnız daxili işlər naziri və xüsusi vəkillərə təqdim edilmiş “məxfi qərarını” qəbul etmişdir.
27. İMŞBXK ərizəçinin deportasiyasının milli təhlükəsizlik maraqları baxımından zəruri olub-olmadığı barədə qərar qəbul edən zaman daxili işlər nazirinin mövqeyinin “kifayət qədər əsaslandırıldığını” bildirmişdir. Belə ki, bir çox terrorçular ərizəçiyə mənəvi məsləhətçi kimi baxmış və onun fikirləri zorakılıq aktlarını qanuniləşdirmişdir. Lakin İMŞBXK ərizəçinin İordaniyada qiyabi yolla məhkum edilməsi ilə bağlı hökmləri nəzərə almamışdır. Halbuki, öncədən bu hökmlər hökumət tərəfindən qaldırılmış işin tərkib elementləri kimi irəli sürülmüşdü. Bunun səbəbi isə o idi ki, hökumət işgəncə yolu ilə əldə olunması iddia edilə bilən istənilən sübuta əsaslanmaqdan imtina etməklə “praqmatik yanaşma” kimi təsvir edilən mövqe nümayiş etdirmişdir. Hökumətin belə sübutlardan imtina etməsinin səbəbi isə onların işgəncə yolu ilə əldə olunub-olunmadığı ilə bağlı araşdırma aparılmasını zəruri etməsi ilə əlaqədar olmuşdur. Bu, Lordlar Palatasının “A və digərləri (nömrə 2)” işi üzrə qəbul etdiyi qərara (aşağıda 136-137-ci bəndlərə bax) uyğun edilmişdir.
28. Sonra İMŞBXK müxtəlif mənbələrdən alınmış, o cümlədən anlaşma memorandumunun bağlanması üzrə danışıqların aparılması, Ədaleh Mərkəzi ilə bağlanmış monitorinq sazişi və ərizəçinin İordaniyada üzləşə biləcəyi risklər barədə ifadə vermiş Birləşmiş Krallığın məsul diplomatı cənab Mark Oakden tərəfindən təqdim olunmuş sübutlara baxmışdır. O, ərizəçi tərəfdən işdə iştirak edən üç elm adamının İordaniya rejimi barədə verdikləri ifadələri dinləmişdir. O, həmçinin əvvəlki iki məhkəmə baxışı barədə məlumat toplamaq, həmçinin təqsirləndirilən şəxslər və onların vəkilləri ilə müsahibələr aparmaq üçün İordaniyaya səfər etmiş ərəbdilli vəkil xanım Rəna Refahin də ifadəsini dinləmişdir. Bundan əlavə, o, ABŞ-ın ərizəçinin işində maraqlı olması və İordaniya vətəndaşının bu ölkədən fövqəladə qaydada ABŞ-a veriləcəyi barədə iddiaları da nəzərdə keçirmişdir.
(b) İMŞBXK-nın anlaşma memorandumu ilə bağlı gəldiyi nəticələr
29. İMŞBXK müəyyən etmişdir ki, “Çahal Birləşmiş Krallığa qarşı” (Chahal v. the United Kingdom, 15 November 1996, Reports of Judgments and Decisions 1996‑V) və “Mamatkulov və Askarov Türkiyəyə qarşı” (Mamatkulov and Askarov v. Turkey [GC], nos. 46827/99 and 46951/99, ECHR 2005‑I) işlərində Avropa Məhkəməsi təminatlara hüquqi baxımdan etibar edilməsinin mümkün olduğunu, lakin onlara veriləcək əhəmiyyətin işin hallarından asılı olduğunu bildirmişdir. Dövlətdən daxili hüququna uyğun olmayan şəkildə hərəkət etməsini tələb edən təminatları əsas kimi götürməklə, ondan qanunla nəzərdə tutulmuş, lakin təcrübədə tam və ya müntəzəm olaraq əməl olunmayan hərəkəti etməsini tələb edən təminatları əsas kimi götürmək arasında fərq mövcuddur. İMŞBXK BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin “Agiza İsveçə qarşı” (aşağıda 147-ci bəndə bax) işi üzrə (bu işdə İsveçin hakimiyyət orqanları Misirdən təminatlar aldıqdan sonra Misir vətəndaşını ölkədən çıxarmışlar) qəbul etdiyi qərara istinad edərək davam etmişdir:
“Agiza işi sadəcə sözlər və diplomatik monitorinq formasında olan təminatlara arxalanmağın nə qədər təhlükəli olmasının açıq nümunəsidir. İsveçrə hakimiyyət orqanlarını risklər, o cümlədən xarici kəşfiyyat qurumuna verdikləri rol barədə xəbərdar etməli olan əlamətlər artıq mövcud idi. Lakin biz özümüz üçün həlledici əhəmiyyətə malik olan fərqləri qeyd edirik: İsveç və Misirdən fərqli olaraq bu halda iki dövlət arasında mövcud olan ikitərəfli münasibətlərin səviyyəsi, tarixi və dərinliyi; anlaşma memorandumu ilə bağlı danışıqların aparılması tərzi və onların əhəmiyyətinin diplomatik baxımdan qiymətləndirilməsi; hazırkı ərizə və İordaniya ilə bağlı xüsusi hallar; anlaşma memorandumunun mövcud olmadığı şəraitdə müxtəlif mərhələlərdə, xüsusilə tutmanın ilkin mərhələsində riskin səviyyəsi (bu mərhələdə Baş Kəşfiyyat İdarəsi tərəfindən işgəncənin tətbiq edilməsi riski daha yüksək olur və Agizanın da Misirdə məhz bu mərhələdə işgəncəyə məruz qalması təsdiq olunmuşdur); bu ilk günlərdə monitorinqi aparanların ərizəçi ilə görüş üçün müraciət edəcəyinin və inanırıq ki, belə görüş imkanı əldə edəcəyinin tezliyi. İsveçlilər elə hesab edirdilər ki, Agiza ilə görüş üçün müraciət etmək misirlilərə inanmamaq demək olacaqdır, halbuki nə Birləşmiş Krallıqda, nə Ədaleh Mərkəzində, nə də İordaniya hökumətində belə bir hiss yoxdur. Burada vəziyyət tamamilə başqa cürdür. Həmin işin İşgəncələr Əleyhinə Komitəni də narahat edən aspektlərindən biri o idi ki, Agiza iş üzrə yekun hüquqi qərar qəbul edilmədən ölkə hüdudlarından kənara çıxarılmışdır. Lakin bu işdə belə olmayacaqdır”.
30. Hazırkı işdə İordaniyadakı siyasi vəziyyət, qeyri-hökumət təşkilatları, mətbuat və parlamentin məhdud səviyyədə də olsa narahatlıqlarını ifadə etmək azadlığı ərizəçinin üzləşəcəyi təhlükələri azaldacaqdır. Bundan əlavə, İordaniyanın anlaşma memorandumu ilə qəbul etdiyi nəzarət səviyyəsi onun memorandumun şərtləri və məğzinə əməl etmək istəyini sübut etməyə bilməz. Hər bir ölkənin anlaşma memorandumunun pozulmasının qarşısını almağa real marağı mövcuddur: Birləşmiş Krallıq ilə İordaniya arasındakı münasibətlər uzun müddətlidir və dostluq xarakteri daşıyır. Bu münasibətlər İordaniya üçün real dəyərə malikdir və ona sözündən çıxan birisi kimi baxılmaması üçün real stimulu vardır. Hər iki ölkə terrorçuluğa qarşı mübarizə məsələlərində əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Birləşmiş Krallıq xarici vətəndaşları ölkə hüdudlarından kənara çıxaran zaman 3-cü maddənin müddəalarını pozmamaqda həqiqətən də maraqlı idi və buna görə də bu qədər geniş işıqlandırılan bir məsələdə buna nail olunmaması bu prosesdə ən böyük uğursuzluq olardı. Bu narahatlıq anlaşma memorandumunun hər hansı şəkildə pozulması hallarını araşdırmaq üçün daha bir stimul kimi çıxış edəcəkdi. Anlaşma memorandumu belə bir araşdırmanın aparılması zamanı görülməli olan tədbirləri dəqiqləşdirməsə də, İMŞBXK cənab Oakdenin belə bir dəlilini qəbul etmişdir ki, İordaniya hökumətinin hər hansı bir formada diplomatik sorğulara cavab verməməsi “dərhal diplomatik və nazirliklərarası əlaqə və münasibətlərin gərginləşməsinə” gətirib çıxaracaqdı.
31. İMŞBXK anlaşma memorandumu və monitorinq ilə bağlı müddəaların bəzi çatışmayan cəhətlərinin olduğunu qəbul etmişdir. Vəkilin dərhal iştirakının təmin olunması, qeydə alınan dindirmələr, müstəqil tibbi yoxlamalar və qapalı saxlama yerlərinin qadağan edilməsi kimi müdafiə tədbirləri açıq şəkildə təsbit olunmasa da, reallıqda bu aspektlərin əksəriyyəti ehtiva edilmişdir. Ədaleh Mərkəzinin səlahiyyətlərində tələb olunduğu kimi ərizəçi ilə görüşə daim icazə verilməsinə heç bir təminat yox idi, lakin istənilən imtina dərhal ictimailəşəcəkdi; saxlamanın ilkin dövründə Mərkəzin ərizəçiyə həftədə üç dəfə baş çəkməsi gözlənilirdi. İMŞBXK həmçinin görüşə razılıq verilmədiyi təqdirdə Birləşmiş Krallığın istənilən yanaşmasına Baş Kəşfiyyat İdarəsi və İordaniya hökuməti tərəfindən dərhal reaksiya veriləcəyini də gözləyirdi. Birləşmiş Millətlər Təşkilatının işgəncələr üzrə xüsusi məruzəçisinin Baş Kəşfiyyat İdarəsinin təcridxanasına sərbəst daxil olması ilə bağlı əvvəlcədən razılığın əldə olunmasına baxmayaraq, 2006-cı ilin iyununda ona belə bir imkanın verilməməsi “narahatedici” hal idi. Lakin İMŞBXK-ya təqdim edilmiş sübutlar göstərmişdir ki, ərizəçi ilə Baş Kəşfiyyat İdarəsində pis rəftar ediləcəyi ilə bağlı hər hansı real risk mövcud deyildir. Ədaleh Mərkəzinin “nisbətən məhdud təcrübəyə və fəaliyyət dairəsinə” malik olmasında bir qüsur mövcud idi: o, üzərinə özü üçün yeni olan bir öhdəlik götürəcəkdi və özünün də etiraf etdiyi kimi işçilərinin arasında ekspertlər yox idi. O, kifayət qədər yeni, məhdud imkanlar və işçi sayına malik olan bir qurum idi. Lakin bu problemi aradan qaldırmaq mümkün idi və Birləşmiş Krallıq bunun xərcini çəkəcəkdi. Əsas əhəmiyyətə malik olan monitorinqlərin aparılması faktı idi və mütəxəssis-ekspertlərin olmaması bu işin əhəmiyyətini azaltmırdı.
(c) İMŞBXK-nın Konvensiyanın 3-cü maddəsi ilə bağlı gəldiyi nəticələr
32. Birləşmiş Krallıq hökuməti İordaniyada insan hüquqları sahəsindəki göstəricilərlə bağlı mövcud narahatlığın olduğunu inkar etmir və İMŞBXK-nın mövqeyinə görə İordaniyada insan hüquqlarının pozuntusu halları ilə bağlı məlumatlar ərizəçinin üzləşdiyi təhlükəni qiymətləndirmək üçün əhəmiyyətə malikdir. Hökumət həmçinin belə bir mövqedən çıxış etmişdir ki, o, anlaşma memorandumunda konkret tədbirin nəzərdə tutulmadığı təqdirdə ərizəçini beynəlxalq öhdəliklərinə uyğun şəkildə İordaniyaya qaytara bilməzdi. Bununla belə, İMŞBXK müəyyən etmişdir ki, ərizəçinin üzləşəcəyi təhlükələri nəzərdən keçirmək üçün onun geri qaytarılacağı təqdirdə hadisələrin mümkün gedişinin araşdırılması vacibdir. O qeyd etmişdir ki, anlaşma memorandumu hər bir təhlükə üçün olmasa da, mövcud müdafiə tədbirlərinin gücləndirilməsi üçün zəruridir.
33. İMŞBXK qəbul etmişdir ki, ərizəçi geri qaytarıldığı təqdirdə Baş Kəşfiyyat İdarəsinin təcridxanasına aparılacaq və qiyabi yolla məhkum olunduğu iki ittiham üzrə yenidən mühakimə olunacaqdır. Onu Ədaleh Mərkəzinin nümayəndəsi müşayiət edəcək və o, həkimlər tərəfindən müayinə ediləcəkdir. İMŞBXK həmçinin qəbul etmişdir ki, Baş Kəşfiyyat İdarəsi məhkəmədə istifadə etmək və daha ümumi şəkildə kəşfiyyat məqsədilə ərizəçidən etirafedici ifadələr almaq üçün onu dindirəcəkdir. Bununla belə, İMŞBXK Baş Kəşfiyyat İdarəsinin ərizəçini başqa cinayətlərdə də ittiham etmək üçün dindirəcəyi ilə bağlı deyilənləri spekulyasiya adlandırmışdır, belə ki, ona qarşı hər hansı başqa bir ittihamın olduğunu təsdiq edən sübutlar mövcud deyildi. İMŞBXK həmçinin qəbul etmişdir ki, Amerika Birləşmiş Ştatları ərizəçini dindirmək istəyəcək və bu, onun İordaniyaya qayıtmasından qısa bir vaxt sonra baş verəcəkdir. Lakin məhkəmə prosesinin başa çatmasından öncə 3-cü maddənin pozulacağı ilə bağlı real risk mövcud olmamışdır.
34. “Adi islamçı ekstremist”ə qarşı ittiham irəli sürülməzdən öncə ona Baş Kəşfiyyat İdarəsində işgəncə verilməsi və ya onunla pis rəftar edilməsi ilə bağlı real risk mövcud idi. Belə ki, bu cür pis rəftar halları uzun müddət ərzində geniş yayılmışdı və buna görə kimsə cəzalandırılmır, Baş Kəşfiyyat İdarəsində isə beynəlxalq monitorinq həyata keçirilmirdi. Lakin ərizəçinin tanınmış şəxs olması, anlaşma memorandumu və monitorinq razılaşması (xüsusilə ona görə ki, Ədaleh Mərkəzi “özünü göstərməyə çalışacaq” və digər QHT-lər özləri onu nəzarətdə saxlayacaqdılar) onu qoruyacaqdı. Bu, həmçinin Baş Kəşfiyyat İdarəsi tərəfindən son anda görüşə icazə verilməməsi, ərizəçinin monitorinq aparanları görmək istəmədiyini iddia etməsi və ya xəbərdarlıq etmədən onu başqa yerə köçürməsi kimi taktikalardan istifadə etmək riskinin də qarşısını alacaq. Ədaleh Mərkəzinin təcridxanaya baş çəkməsi həmçinin ərizəçinin ətraf aləmdən tam təcrid olunmuş şəkildə saxlanmasının da qarşısını alacaq.
35. Anlaşma memorandumu həmçinin Baş Kəşfiyyat İdarəsində hökm sürən cəzasızlıq mühitinin və onun məsul əməkdaşları tərəfindən işgəncələrə münasibətdə dözümlülük nümayiş etdirməsinin qarşısını alacaqdı. Anlaşma memorandumu və monitorinq ilə bağlı tədbirlərə İordaniyada ən yüksək səviyyədə dəstək verilirdi. İordaniya kralının hakimiyyəti və nüfuzu bu memorandumun arxasında idi. Buna görə də ağlabatan əsaslarla güman etmək olar ki, ərizəçi ilə necə rəftar etmək barədə təlimatlar Baş Kəşfiyyat İdarəsinə verilmişdir və o, məlumatlı idi ki, hər hansı pozuntu cəzasız qalmayacaqdır. Bundan əlavə, Baş Kəşfiyyat İdarəsinin məsul əməkdaşları anlaşma memorandumu ilə bağlı aparılmış danışıqlarda iştirak etmişdilər və buna görə də ona hər hansı şəkildə əməl edilməməsinin nəticələri barədə məlumatlı idilər. Hətta belə pozuntu hallarına əsasən yaramaz əməkdaşlar yol vermiş olsalar da, ərizəçinin spesifik və qeyri-adi vəziyyəti və anlaşma memorandumunun doğurduğu nəticələr məsul vəzifə tutan şəxslərin bu halda pis rəftarın qarşısını almalarına səbəb olacaqdır (hətta onlar bunu etməkdə özləri maraqlı olmasalar belə).
36. Amerika Birləşmiş Ştatları tərəfindən dindirmə keçirilməsi anlaşma memorandumu ilə qadağan edilməmişdi və İMŞBXK-ya görə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarına ərizəçini Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarının birbaşa iştirakı ilə dindirmələrinə icazə verilməsi ehtimalı var idi. Lakin Birləşmiş Krallıq anlaşma memorandumunun pozulmaması ilə bağlı maraqlarını ABŞ-a açıqlaya bilərdi. İordaniyanın hakimiyyət orqanları və Amerika Birləşmiş Ştatları ABŞ-ın “həddini aşmamasını” təmin etmək üçün ehtiyatlı olacaqdılar. Ərizəçinin Baş Kəşfiyyat İdarəsinin təcridxanasında qalacağı və ABŞ-a təhvil verilməyəcəyi güman edilərsə, onun ibtidai həbs müddətində pis rəftara məruz qalacağı ilə bağlı real risk olmayacaqdır. Eyni zamanda, ərizəçinin Baş Kəşfiyyat İdarəsi və ya Mərkəzi Kəşfiyyat İdarəsinin İordaniyada yerləşən hər hansı məxfi saxlama yerinə salınması ehtimalı da kifayət qədər aşağıdır.
37. Eyni amillər ərizəçinin məhkum edilməsi və ya ona bəraət verilməsindən dərhal sonra baş verə biləcək istənilən dindirilməyə də aiddir. Anlaşma memorandumunun tətbiq olunması davam edəcək və həm iordaniyalılar, həm də amerikalıların marağında olacaq ki, istənilən dindirməni məhkəmənin sonunu gözləmədən ilk imkan yaranan kimi həyata keçirsinlər. Eyni zamanda, ərizəçinin önəminin də “bir neçə il ərzində kifayət qədər azalması ehtimalı azdır”.
38. İordaniya hakimiyyət orqanlarının ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlər üzrə əlavə ittihamlar irəli sürəcəyi və ya ərizəçinin yenidən ədalət mühakiməsinə cəlb olunacağı cinayətlərə münasibətdə ölüm cəzasını tətbiq etməyə çalışacağı az ehtimal olunur. Bunun əvəzinə, məhkum olunacağı təqdirdə ərizəçi uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaqdır. İslahat və etiraz işi üzrə ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi üçün real risk var idi. Lakin digər təqsirləndirilən şəxslər barəsində tətbiq edilmiş cəzaların apellyasiya şikayətindən sonra dörd və ya beş ilə qədər azaldıldığı nəzərə alınarsa, cəzanın kifayət qədər yüngül olması ilə bağlı da böyük ehtimal mövcuddur. Minilliyin cinayəti işi üzrə ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi üçün heç bir real risk olmamışdır. Qiyabi yolla təyin edilmiş on beş il müddətinə azadlıqdan məhrumetmə cəzasından daha yüksək cəza təyin edilməsinin qarşısını alacaq heç bir norma yox idi. Lakin təcrübə onu göstərir ki, qiyabi yolla məhkum edildikdən sonra keçirilən məhkəmə işlərində daha ağır cəzanın tətbiq edilməsi halı mövcud olmamışdır və ərizəçi prosesdə iştirak etməyən zaman nümayiş etdirilmiş mövqedən daha ağır mövqenin onun məhkəmə baxışında iştirak edəcəyi zaman göstəriləcəyini zənn etmək üçün heç bir səbəb yoxdur. Ərizəçi cəzasını Baş Kəşfiyyat İdarəsinin saxlama yerində deyil, adi cəzaçəkmə müəssisəsində çəkəcək; ağır əməyə cəlb etmə hər hansı əlavə cəzanı nəzərdə tutmur. Ümumi şərait 3-cü maddəyə zidd olmayacaq və bəzən döyülmə faktları olsa da, ərizəçinin siyasi islamçı məhbus kimi hədəfə alınacağını güman etməyə heç bir əsas yoxdur. Statusu onu yenidən müdafiə edəcəkdir.
39. Vermə məsələsinə gəlincə, İordaniya və ABŞ hökumətlərinin bunun baş verməsinə imkan verməmək üçün “güclü stimulları” mövcuddur. Bu, İordaniya hökuməti üçün ölkə daxilində real siyasi çətinliklər yarada bilər və ABŞ öz növbəsində İordaniyadakı rejimdə sabitliyin pozulmasında maraqlı deyil. İordaniyadan bir qayda olaraq digər dövlətlərin vətəndaşları, yalnız bir halda isə həm ABŞ, həm də İordaniya vətəndaşı olmuş şəxs verilmişdir. Həmçinin çox çətin ki, ərizəçi Mərkəzi Kəşfiyyat İdarəsinin İordaniyadakı məxfi saxlama yerinə aparılsın, belə ki, bu zaman İordaniyanın hakimiyyət orqanları anlaşma memorandumunun tələblərini pozaraq bunun üçün şərait yaratmalıdırlar. Eyni zamanda, ABŞ-ın ərizəçini Birləşmiş Krallıqdan ekstradisiya etməyə çalışmadığı nəzərə alınarsa, onun İordaniyadan ekstradisiya etməyə səy göstərəcəyi az ehtimal olunur və İordaniyanın belə bir xahişə müsbət cavab verməsi siyasi cəhətdən çətin olar.
(d) İMŞBXK-nın Konvensiyanın 5-ci maddəsi ilə bağlı gəldiyi nəticələr
40. Ərizəçinin İordaniyaya qaytarılmasından sonra saxlanması məsələsinə gəlincə, İMŞBXK müəyyən etmişdir ki, həbs və rəsmi ittihamın irəli sürülməsi barədə hüquq mühafizə orqanlarına məlumat vermək üçün müddətlər (müvafiq olaraq, qırx səkkiz saat və on beş gün) təsbit edilmişdir və bu müddətlər prokurorun vəsatətinə əsasən məhkəmələr tərəfindən on beş gündən əlli günə qədər qanuni şəkildə uzadıla bilər. Buna görə də İordaniya qanunvericiliyinə görə ərizəçinin şəxsən məhkəməyə gətirilərək ona qarşı ittihamın irəli sürülməsinədək əlli günə qədər saxlanması mümkündür. Müddətin belə uzadılması məhkəmə tərəfindən qəbul edilmişdir və bu zaman şübhəli şəxsin şəxsən iştirakı zəruri deyil.
41. İMŞBXK qeyd etmişdir ki, anlaşma memorandumu saxlamanın ilkin on beş gün müddətindən artıq müddətə uzadılmamasını açıq şəkildə nəzərdə tutmasa da, qaytarılmış şəxsin dərhal hakim və ya qanuna əsasən saxlamanın qanuni olub-olmadığını müəyyən etməsinə icazə verilmiş başqa şəxsin qarşısına çıxarılmasını tələb edir. “Dərhal” anlayışı anlaşma memorandumunda müəyyən edilməsə də, İMŞBXK müəyyən etmişdir ki, bu, memorandum ilə tənzim olunacaq ilk məsələlərdən biri olacağından, onun bu hissəsi yerinə yetiriləcək və ərizəçi qırx dörd saat ərzində məhkəmə qarşısına çıxarılacaqdır. Əgər ərizəçi məhkəmə tərəfindən saxlama müddətinin on beş gün uzadılması nəticəsində əlli günə qədər saxlanarsa və ya onun qərarların qəbulu prosesində iştirakı təmin olunmazsa, bu, anlaşma memorandumunun pozulması kimi qiymətləndirilməyəcəkdir. Bununla belə, hətta anlaşma memorandumu olmadan belə reallıqda əlli gün müddətində saxlama ehtimalı çox aşağıdır. Belə ki, ərizəçi yenidən mühakimə edilməli idi və işin materialları artıq bir neçə dəfə məhkəmədən və apellyasiya prosesindən keçmişdi.
(e) İMŞBXK-nın Konvensiyanın 6-cı maddəsi ilə bağlı gəldiyi nəticələr
42. İMŞBXK-da ümumi şəkildə bildirilirdi ki, ərizəçinin əvvəlki məhkumluğu bir kənara qoyulacaq və onun işinə Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən eyni ittihamlar üzrə yenidən baxılacaqdır.
43. İşə yenidən baxılmasına iki dəfə etiraz etməsinə əlavə olaraq (Dövlət Təhlükəsizlik Məhkəməsinin qərəzsizliyi və işgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə) ərizəçi həmçinin bildirmişdir ki, o, təcridxanada olan zaman Baş Kəşfiyyat İdarəsi, ABŞ rəsmiləri və ya prokuror tərəfindən vəkilin iştirakı olmadan dindiriləcəkdir. Sonuncu İordaniyanın Cinayət İşləri üzrə Məhkəmə İcraatı Məcəlləsinin 64-cü maddəsinin 3-cü bəndinə görə “həqiqəti üzə çıxarmaq üçün zəruri hesab etdiyi hallarda” vəkilin iştirakı olmadan istintaq aparmaq səlahiyyətinə malikdir. Bu qərara nəzarət qaydasında yenidən baxmaq mümkün deyildi. Bununla belə, İMŞBXK həmçinin qeyd etmişdir ki, şəxsə vəkilinin iştirakı olmadan suallara cavab verməmək hüququ izah edilmədiyi təqdirdə, prokurora verilmiş etirafedici ifadə sübut kimi qəbul edilmir. İMŞBXK güman etmişdir ki, ərizəçinin Baş Kəşfiyyat İdarəsi və ya ABŞ rəsmisi tərəfindən dindirilməsi zamanı vəkilin iştirakı az ehtimal olunsa da, böyük ehtimalla hakim və ya prokuror qarşısına çıxarılan zaman vəkilin iştirakı təmin olunacaqdır. Müdafiə tərəfinin məhkəməyə qədər hazırlığı məsələsinə gəlincə, hazırlıq üçün ayrılacaq müddət və vasitələr Birləşmiş Krallıq ilə müqayisədə daha az olsa da, bir qayda olaraq İordaniyada belə vəziyyətdə mövcud olan müddət və vasitələrdən daha yaxşı olacaqdır.
44. İMŞBXK Dövlət Təhlükəsizlik Məhkəməsinin müstəqilliyi və qərəzsizliyi ilə bağlı müəyyən etmişdir ki, məhkəmə üç hakimdən ibarət olacaq və bunlardan ən azı ikisi hüquqi biliklərə malik, işdən qanunsuz çıxarılmaması ilə bağlı hər hansı təminata malik olmayan hərbçi zabitlər olacaqdır. Prokuror funksiyasını da hərbi zabit icra edəcəkdir. Onun qərarından mülki məhkəmə olan Kassasiya Məhkəməsinə şikayət vermək olar. Bununla belə, Kassasiya Məhkəməsinin Dövlət Təhlükəsizlik Məhkəməsinin hərbçilərdən ibarət tərkibi ilə bağlı məhkəmə baxışının ədalətsiz keçməsinə dair dəlilə baxmaq səlahiyyəti yoxdur.
45. İşgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə imkanı ilə bağlı isə İMŞBXK aşağıdakıları qeyd etmişdir:
“418. İordaniya hüquq sistemində məcburi yolla əldə olunmuş və ya özünü ittiham xarakteri daşıyan ifadələrdən istifadə edilməsinə icazə verilmir. Sübutların qəbul edilməsindən öncə bununla bağlı iddiaların hüquqi cəhətdən araşdırılması nəzərdə tutulur. Həmin iddialar sübutlar vasitəsilə araşdırıla da bilər. Bu iddiaların praktiki olaraq hansı dərəcədə araşdırıla bilinməsi imkanına sistemin bəzi xüsusiyyətləri təsir göstərir. Prokurora verilmiş etirafedici ifadənin sübutlar içərisindən çıxarılması ilə bağlı sübutetmə vəzifəsi təqsirləndirilən şəxsin üzərinə düşür. Dindirmə prosesinin yazılması, dindirmə zamanı vəkilin iştirakının təmin olunması və dərhal müstəqil tibbi müayinənin aparılması kimi mexanizmlər mövcud olmadığından, Baş Kəşfiyyat İdarəsi tərəfindən edilmiş əvvəlki hərəkətlərin və ya hədələrin sübut edilməsində açıq-aşkar çətinlik yaranır. Belə görünür ki, məhkəmə prokurora edilmiş etirafedici ifadələri, pis rəftar nəticəsində əldə olunmuş sübut növlərini qəbul etməyə elə də meylli deyil. Belə aydın olur ki, məhkəmə və ya prokuror Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarını bu iddialarla bağlı məhkəmədə iştirak etməyə məcbur etmək imkanına malik deyillər. Belə təəssürat yaranır ki, bu iddialar daima, müdafiə strategiyasının bir hissəsi kimi edilir.
419. Yalnız Baş Kəşfiyyat İdarəsində aparılmış dindirmə zamanı verilmiş etirafedici ifadələrin təbiətini araşdırmaq üçün daha böyük istək ola bilər. Müəyyən faktlar vardır ki, ən azı Kassasiya Məhkəməsi səviyyəsində işgəncə yolu ilə əldə olunması iddia olunan etirafedici ifadələr sübutlar siyahısından çıxarılır (bu ifadələrin Baş Kəşfiyyat İdarəsi və ya prokurora verildiyi aydın olmasa da).
420. Lakin əsas sübutlar və sözü gedən məhkəmə prosesləri üçün spesifik olan dəlillər göstərir ki, ən azından ərizəçiyə qarşı ittihamedici sübutların Baş Kəşfiyyat İdarəsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarının nəticəsində əldə olunmasını ehtimal etmək üçün real əsas mövcuddur; bu rəftar işgəncə hesab edilə də bilər, edilməyə də. Onların işə yenidən baxılması zamanı sübutlar siyahısından çıxarılacağı ehtimalı çox azdır. Belə ki, bu iddiaları irəli sürənlər sübutların məhz bu cür yolla əldə edildiyi və faktiki olaraq həqiqəti əks etdirmədiyinə dair sübutlar təqdim edə bilsələr də, birinci instansiyada işlərə baxılan zaman iddialar rədd edildiyindən, Dövlət Təhlükəsizlik Məhkəməsini bu sübutların məhz belə tərzdə əldə edildiyinə inandırmaq imkanı aşağıdır”.
Buna görə də ərizəçiyə qarşı ittihamı irəli sürmüş prokurora verilmiş əvvəlki ifadələrin qəbul ediləcəyi ehtimalı yüksəkdir. Bundan əlavə, İMŞBXK müəyyən etmişdir ki, bu ifadələr ona qarşı istifadə edilmək üçün böyük, bəlkə də həlledici əhəmiyyətə malik olacaqdır. İMŞBXK yenidən işə baxılmasının bu aspekti ilə bağlı qeyd etmişdir:
“439. Bizim üçün İordaniyada sübutetmə vəzifəsinin bu işdə olduğu kimi müəyyən edilməsinin ədalətli olub-olmadığı ilə bağlı sual ortaya çıxır: biz hesab etmirik ki, öz-özlüyündə bu, ədalətsiz bir addımdır. Lakin belə görünür ki, bu sübutetmə vəzifəsi video və ya Baş Kəşfiyyat İdarəsi tərəfindən aparılan dindirməni yazan başqa vasitə, dindirmə üçün məhdud müddətin nəzərdə tutulması, vəkillərin daim iştirakının təmin olunması, adi qaydada tibbi müayinənin həyata keçirilməsi, müvafiq rəsmilər və ya həkimlərin çağırılmasında məhkəmənin yardımı kimi pis rəftara qarşı ilkin xarakterli əsas müdafiə tədbirləri və ya sübutu dəstəkləyən vasitə ilə müşayiət olunmamışdır. Qərarlar həmçinin müstəqilliyi olmayan və bu xarakterli iddialarla yaxından və ya qəti şəkildə məşğul olmadığı görünən məhkəmə tərəfindən qəbul edilmişdir. Bu məsələlər birlikdə götürüldükdə, belə bir nəticəyə gəlmək olar ki, ifadələrin məcburi şəkildə alınması ilə bağlı iddialara baxılması qaydasına görə güman ki, məhkəmə baxışı 6-cı maddənin mənasında ədalətli olmayacaqdır”.
46. İMŞBXK belə bir nəticəyə gəlmişdir ki, Dövlət Təhlükəsizlik Məhkəməsinin müstəqilliyi və qərəzsizliyi, həmçinin 3-cü maddəyə zidd olaraq sübutun əldə edilməsi üçün real riskin olması ilə bağlı gəldiyi nəticələrə baxmayaraq, ərizəçinin İordaniyada işinə yenidən baxılması zamanı Konvensiyanın 6-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina olunmayacaqdır. İMŞBXK bildirmişdir ki, işə yenidən baxılması “məhkəmə sistemi, prosessual qaydalar və hüquq pozuntularını əhatə edən hüquqi cəhətdən təsbit edilmiş baza çərçivəsində” baş tutacaq, bu prosesdə ərizəçinin iştirakı təmin olunacaq və proses açıq şəkildə keçiriləcəkdir. Birinci məhkəmə baxışının materialları işə yenidən baxılması zamanı məhkəmədə olsa da, ərizəçi onun məzmunu ilə bağlı səmərəli şəkildə öz etirazlarını qaldıra biləcəkdir. Əl-Cerameynin barəsində ölüm cəzasının icrası və digər şahidlər, xüsusilə Əbu Hoşerin üzləşdiyi çətinliklər məhkəmə işinin ədalətsiz keçəcəyinə dəlalət etmir. İMŞBXK aşağıdakı nəticəyə gəlmişdir:
“446. Biz Dövlət Təhlükəsizlik Məhkəməsinin institusional baxımdan müstəqil olmadığını qəbul edirik. Konkret hakimlərin hansı səbəbə işə baxmaq üçün seçilməsi və ya onların “asılı olması” barədə hər hansı sübut yoxdur. Lakin Dövlət Təhlükəsizlik Məhkəməsi icra hakimiyyətinin adi aləti deyildir: onun sübutları qiymətləndirdiyi, onların qanuni olub-olmadığını araşdırdığı və bir sıra təqsirləndirilən şəxslərə bəraət verdiyi barədə əsaslı sübutlar mövcuddur. Vaxt ötdükcə onun tərəfindən təyin edilmiş cəzaların müddəti azaldılmışdır.
447. Onun hakimləri hüquqi təhsil almışlar və karyeraçı hərbi hüquqşünaslardılar. Bundan əlavə, onların qərəzli olacağını və şikayətin məzmununa baxmayacaqlarını demək üçün çox az əsas vardır. Onların keçmişi Baş Kəşfiyyat İdarəsi tərəfindən səlahiyyətlərinin aşılmasının prokurora verilmiş ifadələrə təsir göstərdiyi ilə bağlı iddialara münasibətdə skeptik mövqe tutmalarına səbəb ola bilər. Onlar instinktiv şəkildə pis rəftar barədə iddiaların digərlərinin ittiham edilməsinə qarşı müdafiə tərəfinin adi mövqeyi kimi qəbul edilməsi fikrini bölüşə bilərlər. Qanunvericilik səlahiyyətin aşılması ilə bağlı iddiaların müəyyən edilməsi və araşdırılmasına elə də imkan yaratmır. Əlimizdə olan materiallar göstərir ki, sübutları qəbul edən zaman mümkünsüz sübutlarla bağlı hər hansı ciddi araşdırma həyata keçirilmir. İşə yenidən baxıldığı üçün ictimaiyyət ona geniş şəkildə maraq göstərəcək və məhkəmə iclasının açıq keçirilməsi sübutların araşdırılması zamanı daha ciddi və qərəzsiz olmanı təşviq edə bilər. Bu sadəcə şou xarakteri daşıyan məhkəmə prosesi olmayacaq. İlkin məhkəmə prosesləri də belə xarakter daşımamışdır. Eyni zamanda bu, nəticəsi əvvəlcədən müəyyən edilmiş məhkəmə prosesi də olmayacaqdır.
448. Bu qərarların qəbul edilməsi və Kassasiya Məhkəməsinə şikayət verilməsinin əsaslarının əldə olunması mümkündür. Belə bir şikayətin Dövlət Təhlükəsizlik Məhkəməsinin struktur baxımdan müstəqilliyindəki çatışmazlığı aradan qaldıra bilməməsi 6-cı maddədə nəzərdə tutulmuş hüququn tam inkar edilib-edilmədiyinin ümumi şəkildə qiymətləndirilməsi zamanı belə müstəqilliyin mövcudluğunun ümumiyyətlə rədd edilməsi üçün əsas deyildir. Bu məhkəmə mülki məhkəmədir və təyinat və işdən çıxarma hallarına icra orqanı tərəfindən qanunsuz olaraq təsir göstərilməsinə nadir hallarda rast gəlinir. İşə baxan tərkibin necə seçilməsi və onların icra orqanlarından “asılı olması” ilə bağlı da sübutlar yoxdur. O, sadəcə olaraq Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən qəbul edilən qərarların maddi və prosessual qanunvericiliyə uyğunluğunu yoxlayır. Məhkəmənin yenidən sübutları araşdırmadığına və prokurorun şikayəti olmadığı təqdirdə faktlar üzrə tam araşdırmaq səlahiyyətinə malik olmadığına baxmayaraq, bəzən o, işin faktiki hallarına da baxır. Təyin edilən cəzalar heç də tam şəkildə törədilən cinayətlərə qeyri-mütənasiblik təşkil etmir.
449. Biz geniş şəkildə Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuror tərəfindən pis rəftar nəticəsində əldə edildiyi iddia olunan ifadələrə yanaşmasını geniş şəkildə müzakirə etdik. Mövcud amillərin bu baxımdan işə yenidən baxılmasının ədalətli olmayacağına dəlalət edə biləcəyi ilə razılaşsaq da, bunlar ədalətli məhkəmə baxışının həyata keçirilməsindən tam imtina kimi qəbul edilməməlidir. Bu cür sübutların qəbuledilənliyinə qoyulmuş hüquqi qadağanlar, həmçinin Dövlət Təhlükəsizlik Məhkəməsinin iddialarla bağlı sübutlara baxacağı faktı göz ardına alınmamalıdır. Kassasiya Məhkəməsinin Dövlət Təhlükəsizlik Məhkəməsinin qərarlarına yenidən baxmaq və bəzən isə rədd etmək sahəsindəki rolu mühüm əhəmiyyət daşıyır. Sübutetmə vəzifəsini tarazlaşdırmaq üçün sübut əhəmiyyətli və ya prosessual təminatların olmaması və mülki hüquq sistemində prokuror və ya hakimə verilən ifadələrlə bağlı mümkün yanaşma tərzi, təhlükəsizlik məhkəməsində əsas yeri hərbi hüquqşünasların tutması ədalət məhkəməsinin həyata keçirilməsindən tam imtina edilməsi ilə bağlı mülahizə yürütmək üçün kifayət deyildir.
450. İşə yenidən baxılmasının ədalətsizliyi ehtimalı ilə bağlı mülahizələrə diqqətin qaçılmaz olduğu nəzərə alınarsa, işinə məhkəmə tərəfindən ədalətlə baxılması hüququndan tam imtina edilib-edilməyəcəyinə dair qərar verən zaman bütünlükdə məhkəmə baxışının necə aparıldığına deyil, yalnız qüsurlara diqqətin cəmlənməsi təhlükəli haldır. Lakin belə də edilməlidir və məhz məhkəmə baxışının bütünlükdə xarakteri bu məsələ ilə bağlı müvafiq nəticəyə gəlməyə səbəb olmuşdur.
451. İşə yenidən baxılmasının 6-cı maddəni pozmasına səbəb ola biləcəyi müxtəlif amillər əhəmiyyətli dərəcədə bir-biri ilə bağlıdır. Onların hərtərəfli şəkildə nəzərdən keçirilməsi bizi ərizəçinin işinə ədalətlə baxılması hüququndan tam məhrum ediləcəyi ilə bağlı real riskin mövcud olmasına inandırmır”.
47. Nəhayət, uzun müddət azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyi ilə bağlı real ehtimal mövcud olsa da, bu, İMŞBXK-nın işə yenidən baxılacağı zaman ərizənin hüquqlarından tam olaraq məhrum edilməyəcəyi ilə bağlı gəldiyi nəticəni dəyişdirmir.
2. İşə Apellyasiya Məhkəməsində baxılması
48. Ərizəçi Apellyasiya Məhkəməsinə şikayət etmiş və o, 2008-ci il 9 apreldə qərar qəbul edərək yekdilliklə 6-cı maddə və 3-cü maddənin müddəalarının pozulması ilə əldə edilmiş sübutlardan istifadə riski ilə bağlı apellyasiya verilməsinə icazə vermiş, digər əsaslar ilə verilmiş şikayətləri rədd etmişdir ([2008] EWCA Civ 290).
49. Ərizəçinin İMŞBXK-nın məxfi saxlanılan sübutlardan istifadə etməsi və anlaşma memorandumundakı təminatlara əsaslanması ilə bağlı 3-cü maddənin pozulmasına dair şikayətlərinə gəlincə, Apellyasiya Məhkəməsi bu məsələlərlə bağlı əvvəllər “MT (Əlcəzair), RB (Əlcəzair), U (Əlcəzair) Daxili İşlər Nazirinə qarşı” (MT (Algeria), RB (Algeria), U (Algeria) v. the Secretary of State for the Home Department [2007] EWCA Civ 808) işi üzrə qəbul etdiyi qərarın onun üçün məcburi xarakter daşıdığını qeyd etmişdir. Bu qərarda məhkəmə aşağıdakıları qət etmişdir: i) İMŞBXK geri qaytarmanın təhlükəsizliyi ilə bağlı məxfi sübutlara baxa bilərdi; ii) geri qaytarılma ilə bağlı təminatların münasib olub-olmadığı hüquq ilə deyil, faktlar ilə bağlı məsələ idi və buna görə də, həmin məsələ ilə bağlı şikayətə baxmaq səlahiyyəti yox idi. Apellyasiya Məhkəməsi də ərizəçinin 5-ci maddə əsasında təqdim etdiyi şikayətini rədd edərək İMŞBXK-nın gəldiyi nəticənin düzgün olduğunu qət etmişdir.
50. Apellyasiya Məhkəməsi 6-cı maddə üzrə ərizəçinin İordaniyada Dövlət Təhlükəsizlik Məhkəməsinin müstəqilliyə və/və ya qərəzsizliyə malik olmaması səbəbindən yeni məhkəmə prosesində “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina olunacağı” ilə bağlı riskin olmasına dair dəlilini rədd etmişdir: İMŞBXK-nın bu məsələ ilə bağlı gəldiyi nəticə haqlı olmuş və bu nəticə sonradan Avropa Məhkəməsi tərəfindən “Əl-Moayad Almaniyaya qarşı” (Al‑Moayad v. Germany (dec.), no. 35865/03, 20 February 2007) işi üzrə qəbul edilmiş qərardadla dəyişdirilməmişdir.
51. Lakin Apellyasiya Məhkəməsi ərizəçinin 3-cü maddənin tələbləri pozulmaqla əldə olunmuş ifadələrin yeni məhkəmə prosesində ona qarşı sübut kimi qəbul olunacağı və bununla da “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina olunacağı” ilə bağlı riskin olmasına dair dəlilini qəbul etmişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir:
“45. İMŞBXK işgəncə yolu ilə əldə edilmiş sübutdan istifadənin Konvensiyada qadağan edilməsinin fundamental xarakterə malik olmasına lazımi şəkildə məhəl qoymamış və ya bunu düzgün anlamamışdır. Dövlət Təhlükəsizliyi Şurası qeyd etmişdir ki, o, izahatlarında məhkəmə baxışının şəxsin özünə və ya üçüncü tərəfə işgəncənin tətbiq edilməsi nəticəsində əldə edilmiş sübut əsasında keçəcəyi aydın olsa belə, bunun ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinaya səbəb olacağını bildirməmişdir. Buna görə də, İMŞBXK sübutun işgəncə yolu ilə əldə oluna bilməsi ehtimalının yüksək olduğu qənaətinə gələrdisə (İMŞBXK, § 436) və ya sübutun işgəncə, yaxud 3-cü maddəyə zidd olan başqa hərəkətlə əldə edildiyi riskinin çox real olduğunu (İMŞBXK, § 437) müəyyən edərdisə, cənab Otmanın işində belə bir sübutu istisna etməli və ya ittihamı onun üzərində qurmamalı idi. İMŞBXK-nın 6-cı maddənin pozuntusunun olmadığını müəyyən edən zaman rəhbər tutduğu əsaslar bu baxımdan qənaətbəxş olmamışdır.
46. Biz vurğulayırıq ki, bu, İMŞBXK tərəfindən əsaslandırmanın rasionallıq baxımından birbaşa və ya əsas etibarı ilə tənqid edilməsi deyil. Bununla belə, biz əlavə olaraq hesab edirik ki, İMŞBXK-nın gəldiyi nəticələr rasional olaraq onun tərəfindən müəyyən edilmiş faktlardan irəli gəlməmişdir. Əksinə, bizim gəldiyimiz əsas nəticə ondan ibarətdir ki, İMŞBXK 6-cı maddənin pozulub-pozulmayacağı məsələsini müəyyən etmək üçün qənaətbəxş səviyyədə olmayan tələb testini tətbiq etməklə səhvə yol vermişdir.
...
48. İşgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə sadəcə məhkəmə baxışının ədalətsizliyinə səbəb olduğu üçün deyil, eyni zamanda və xüsusilə, məsələnin Konvensiya ilə təsbit edilmiş müdafiədə mərkəzi rola malik olan əsas, qeyd-şərtsiz və əməl etməkdən geri çəkilməsi mümkün olmayan 3-cü maddəsi ilə əlaqəli olduğuna görə Konvensiya normaları tərəfindən qadağan edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Jalloh Almaniyaya qarşı” (44 EHRR 32) işi üzrə qəbul etdiyi qərarın 105-ci maddəsində qeyd edildiyi kimi:
“zorakılıq və ya qəddarlıq, yaxud işgəncə kimi xarakterizə oluna biləcək rəftarın başqa forması tətbiq edilməklə əldə edilmiş ittihamedici sübutdan, etiraf və ya real sübut formasında olmasından, o cümlədən sübut kimi əhəmiyyətindən asılı olmayaraq heç zaman zərərçəkmişin təqsirini təsdiq etmək üçün istifadə olunmamalıdır. İstənilən başqa nəticə yalnız Konvensiyanın 3-cü maddəsinin müəlliflərinin qadağan etmək istəyində olduqları əxlaqi baxımdan qınanmalı olan əməli dolayı yolla qanuniləşdirməyə xidmət edər və ya ABŞ-ın Ali Məhkəməsinin “Roçin” işində də (Rochin case [342 US 165]) qeyd etdiyi kimi, “zorakılığa qanuni don geyindirərdi””.
İşgəncə və ya pis rəftar vasitəsilə əldə edilmiş sübutun ilk növbədə mötəbər olmaması səbəbindən deyil, dövlətin belə davranışlara münasibətdə sərt mövqe nümayiş etdirməsi zərurətindən irəli gələrək qadağan edilməsi mövqeyi istər Konvensiyada, istərsə də digər sənədlərdə hamılıqla tanınmışdır.
Bununla bağlı xüsusilə sərt mövqeyə və eyni dərəcədə sərt mövqeləri ifadə edən fikirlərə “A. Daxili İşlər Nazirliyinə qarşı” işində (A. v. Home Secretary (no. 2) [2006] 2 AC 221) Lord Binqəm tərəfindən edilmiş çıxışın 17-ci bəndində rast gəlmək mümkündür.
49. İMŞBXK bu dəlil əsasında 6-cı maddənin pozulması faktı ilə sadəcə olaraq məhkəmə baxışındakı və ya məhkəmənin tərkibindəki qüsurlarla bağlı 6-cı maddənin pozulması arasında fərq qoymamaqla səhvə yol vermişdir. Bundan əlavə, gəldiyi nəticənin 442-452-ci bəndlərində o, işgəncə yolu ilə əldə edilmiş sübutdan pari passu məhkəmənin müstəqilliyi barədə şikayətlərlə bağlı istifadə imkanının mövcud olduğunu bildirmişdir: xüsusilə İMŞBXK-nın 449-450-ci bəndlərinə bax. Bu da onun şəxsin barəsində işgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə olunmaqla məhkəmə baxışının keçiriləcəyi ölkəyə deportasiya olunmasından öncə bu proses ilə bağlı yüksək səviyyədə təminatların alınması zərurətini tanımamasına səbəb olmuşdur”.
52. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, İMŞBXK işgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə olunmaqla keçiriləcək məhkəmə baxışında ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina ediləcəyi ilə bağlı nəticəyə gələn zaman Dövlət Təhlükəsizlik Məhkəməsi və Kassasiya Məhkəməsində keçirilmiş və qeyri-qənaətbəxş məhkəmə proseslərini əsas kimi götürmüşdür. Apellyasiya Məhkəməsinin qənaətinə görə bu nəticə İMŞBXK-nın Dövlət Təhlükəsizlik Məhkəməsində proses ilə bağlı özünün rəyinə, xüsusilə onun sübutun işgəncə yolu ilə əldə edilməsinin sübut olunmasının çətinliyi ilə bağlı narahatlığına zidd olmuşdur. Apellyasiya Məhkəməsinin fikrincə İMŞBXK-nın narahatlığına İordaniyada “pis rəftara qarşı əsas müdafiə tədbirlərinin tətbiq olunmadığı çoxlu sayda faktlar kifayət qədər əsas verir”. O, həmçinin İMŞBXK-nın Dövlət Təhlükəsizlik Məhkəməsinin işində mövcud olan qüsurlarla bağlı gəldiyi nəticələrə lazımi əhəmiyyət verilməsində “narahatlıq yaradan uğursuzluğunu” da tənqid etmişdir. Apellyasiya Məhkəməsi sonda bildirmişdir:
“İMŞBXK-nın işgəncə yolu ilə əldə edilmiş sübutun ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina edilməsinə yaratdığı təhlükənin adekvat şəkildə istisna edilməsi ilə bağlı nəticəyə gəlməsi üçün əsas mövcud deyildi. İMŞBXK 6-cı maddənin bu aspektinin Konvensiya hüququndakı statusunu düzgün anlasaydı, belə bit nəticəyə gələ bilməzdi”...
3. İşə Lordlar Palatasında baxılması
53. Daxili işlər naziri Apellyasiya Məhkəməsinin 6-cı maddə ilə bağlı gəldiyi nəticədən Lordlar Palatasına şikayət etmişdir. Ərizəçi Konvensiya əsasında irəli sürdüyü digər şikayətlərlə bağlı qarşılıqlı şikayət qaldırmışdır. Şikayətə “MT (Əlcəzair)” işindəki iki ərizəçi, RB və U (yuxarıda 48-ci bəndə bax) tərəfindən təqdim edilmiş şikayətlərlə birgə baxılmışdır. Buna görə də Lordlar Palatası şikayətlərə birgə baxılması zamanı İMŞBXK-da məxfi materiallardan istifadə məsələsinə və ərizəçinin 5-ci və 6-cı maddələr əsasında verdiyi şikayətlərə baxa bilmişdir. Lordlar Palatası 2009-cu il 18 fevral tarixində qərar qəbul edərək yekdilliklə daxili işlər nazirinin şikayətini təmin etmiş və ərizəçinin qarşılıqlı şikayətini rədd etmişdir ([2009] UKHL 10).
(a) Konvensiyanın 3-cü maddəsi: İMŞBXK-da keçirilmiş “qapalı” proseslər
54. Lord Fillips bildirmişdir ki, İMŞBXK-nın geri qaytarılmanın təhlükəsizliyi məsələsini qiymətləndirmək üçün məxfi materiallara baxmaq səlahiyyəti qanunla müəyyən edilmişdir və bunu etmək üçün əsaslı mülahizələr mövcud idi. Geri qaytarılmanın təhlükəsizliyi ilə bağlı məxfi materialla digər proseslərdə məxfi materialdan istifadə məsələsi, misal üçün, şəxsin milli təhlükəsizlik üçün doğurduğu təhlükə məsələsi arasında fərq qoyulmalıdır. Birinci halda şəxs adətən geri qaytarılma zamanı üzləşə biləcəyi istənilən təhlükənin xarakterindən xəbərdar olur və hər bir halda, geri qaytarılma zamanı təhlükəyə məruz qalıb-qalmayacağını dövlət deyil, şəxs özü müəyyənləşdirir. Xüsusi vəkilin deportasiya olunmalı olan şəxsdən məxfi sübutla bağlı məlumat ala bilməsi kifayət qədər əhəmiyyətli məsələ deyildi. Materialla tanış olmaq üçün dövlət sirri olan məlumatlara çıxışı olan müvafiq ekspertin ifadəsinin əldə olunmasının mümkünlüyü məsələsinə gəlincə, Lord Fillips problemi ədalətsiz hesab etməmişdir. İMŞBXK-nın prosedur qaydaları xüsusi vəkilə bu qurumdan daha çox sübut əldə edilməsini xahiş etmək hüququ verir və bir ekspert məhkəməsi kimi İMŞBXK-nın “xüsusi vəkilin təqdimatı əsasında məxfi materiallara real qiymət verməsinə” etibar etmək olardı. Təminatlar məsələsinə gəlincə, Lord Fillips anlaşma memorandumunda təsbit olunmuş təminatların açıqlanması, lakin bu memorandumun bağlanması üçün aparılmış danışıqların detallarının məxfi saxlanılması fikrini dəstəkləmişdir.
55. Lord Hoffman ərizəçinin dəlilini daha fundamental əsasa arxalanmaqla rədd edərək bildirmişdir ki, onun fikrincə Məhkəmənin bu sahədə presedent hüququna görə deportasiya barədə göstərişin 3-cü maddənin tələblərini pozub-pozmadığını müəyyənləşdirmək üçün “6-cı maddə və ya hətta 5-ci maddənin 4-cü bəndinin bütün hüquqi arsenalı” tələb olunmur. Yuxarıda qeyd edilmiş “Çahal” işinə istinad edərək, o vurğulamışdır ki, burda yalnız ərizəçinin işində ortaya çıxan “tələbin müstəqil şəkildə yoxlanması” tələb olunur.
56. Lord Houp bu Məhkəmənin hələ də İMŞBXK sisteminin Konvensiyanın tələblərinə cavab verib-vermədiyini təhlil etmək üçün imkana malik olmadığını qəbul etməsinə baxmayaraq, bununla razılaşmışdır. Onun fikrincə, o, belə də etmişdir. Lord Braun da razılaşaraq vurğulamışdır ki, geri qaytarılmanın təhlükəsizliyi məsələsi ilə bağlı ərizəçiyə qarşı hər hansı bir iş olmamışdır; əksinə, məhz o, qayıdacağı dövlətə qarşı iş qaldırır.
(b) Maddə 3: təminatlar və anlaşma memorandumu
57. Lord Fillips (digər hüquqşünas lordlar onunla razılaşmışdır) Məhkəmənin yuxarıda qeyd edilmiş “Mamatkulov və Askarov” işi üzrə qərarını şərh edərək təminatlara ərizəçinin 3-cü maddənin tələblərinə zidd rəftarla üzləşəcəyinə inanmaq üçün kifayət qədər əsasların olub-olmadığına qərar verən zaman “matrisanın nəzərə alınmalı olan hissəsi” kimi baxmışdır. O, dövlət nümayəndələri tərəfindən qeyri-insani rəftara yol verilməsinin adi hal aldığı ölkələr tərəfindən verilən təminatlara şübhə ilə yanaşılması fikrini təsdiq edən “kifayət qədər” beynəlxalq-hüquqi sənədlərin mövcud olduğunu bildirmişdir. Lakin Lord Fillipsə görə etibar edə bilmədiyiniz təminatları xahiş etdikdə, siz “catch-22-yə yaxın” təklifi verirsiniz. Bu təklifi rədd etməklə o bildirmişdir ki, İMŞBXK-nın mövqeyinə müdaxilə etmək üçün yeganə əsas kimi onun təminatlara etibar edilməsinin qeyri-rasional olması barədə nəticəyə gəlməsi ola bilərdi, lakin hazırkı işdə o, belə bir nəticəyə gəlməmişdir.
(c) Konvensiyanın 5-ci maddəsi
58. Lordlar Palatası İordaniya qanunvericiliyinə görə ərizəçinin məhkəmə qarşısına çıxarılmadan və ya vəkil ilə təmin olunmadan əlli gün müddətinə tutulacağı məsələsinin ortaya çıxmayacağı ilə bağlı İMŞBXK-nın gəldiyi nəticəyə müdaxilə etməmək qərarına gəlmişdir. Lord Fillips bildirmişdir ki, hətta bu məsələ ortaya çıxsaydı belə, əlli günlük tutma 5-ci maddənin açıq şəkildə pozulması hesab oluna bilməz. Açıq pozuntu elə pozuntudur ki, onun nəticələri dövlətin xaricini öz ərazisinin hüdudlarından kənara çıxarmaq hüququnu üstələyəcək qədər ciddi xarakter daşıyır. Bunun baş verməsi üçün şəxsin əlli gün deyil, bir neçə il müddətinə özbaşına olaraq tutulması lazımdır.
(d) Konvensiyanın 6-cı maddəsi
59. Lord Fillips işə ədalətli baxılması hüququndan “tam imtina edilməsi və ya onun aradan qaldırılması” məsələsi ilə bağlı 6-cı maddə üzrə aşağıdakıları qeyd etmişdir:
“136. 6-cı maddənin xaricinin deportasiya edilməsinin qarşısını alıb-almaması məsələsini araşdırmaq üçün bu, asan və ya adekvat test deyildir. İlk növbədə, nəyin “ədalətli məhkəmə baxışı hüququndan tam imtina edilməsi və ya onun aradan qaldırılması” hesab edildiyini təsbit etmək asan iş deyildir. Bu ifadə məhkəmə baxışının bütün aspektlərinin ədalətsiz olmasının tələb edə bilməz....Tələb ondan ibarətdir ki, məhkəmə prosesindəki qüsur və ya qüsurlar o qədər əhəmiyyətli xarakter daşımalıdır ki, məhkəmə baxışının ədalətliliyini aradan qaldırsın.
137. İkinci növbədə, deportasiya olunmuş şəxsin qəbul edən ölkədə açıq şəkildə ədalətsiz hüquqi proses ilə üzləşə bilməsi öz-özlüyündə onun deportasiyası üzərinə qadağa qoyulmasına haqq qazandıra bilməz. Diqqət sadəcə olaraq məhkəmə prosesinin ədalətsizliyinə deyil, onun potensial nəticələrinə verilməlidir. Ədalətsiz məhkəmə baxışı ehtimal ki, əsas insan hüquqlarının pozulmasına səbəb olmalıdır və bu pozuntunun ağırlığı deportasiyanın qarşısının alınıb-alınmaması məsələsi həll olunan zaman açıq şəkildə mühüm amil rolunda çıxış etməlidir”.
60. Lord Fillips 6-cı maddənin pozulması riskinin 2-ci və 3-cü maddələr kimi maddələrlə birlikdə nəzərdən keçirilməsi zərurətini nümayiş etdirmək üçün Məhkəmənin müvafiq məhkəmə təcrübəsini, o cümlədən “Bader və Kanbor İsveçə qarşı” (Bader and Kanbor v. Sweden, no. 13284/04, § 42, ECHR 2005‑XI) işi üzrə qərarını nəzərdən keçirərək, müəyyən etmişdir:
“Strasburqun məhkəmə təcrübəsinin təhlili nə qədər ilkin xarakter daşısa da, belə bir nəticəyə gəlməyə imkan yaratmışdır. Xaricinin deportasiyasının 6-cı maddənin pozuntusuna səbəb ola bilməsi üçün aşağıdakılarla bağlı real riskin olduğuna inanmağa əhəmiyyətli əsaslar olmalıdır: i) ədalətli məhkəmə baxışı ilə bağlı 6-cı maddədə təsbit edilmiş prinsiplərin əhəmiyyətli dərəcədə pozulacağı və ii) bu pozuntunun ədalət mühakiməsinin həyata keçirilməsində yanlışlığa yol verilməsinə səbəb olacağı və bunun da öz-özlüyündə zərərçəkmişin əsas hüquqlarını açıq şəkildə pozacağı”.
61. Hazırkı işdə ərizəçinin üzləşdiyi potensial azadlıqdan məhrumetmə cəzaları ilə ikinci hissə təmin olunmuşdur. Birinci hissə ilə bağlı Lord Fillips belə bir nəticəyə gəlmişdir ki, məhkəmə baxışı Konvensiyanın iştirakçısı olduğu ölkədə keçiriləcəyi təqdirdə, İordaniyanın Dövlət Təhlükəsizlik Məhkəməsinin hərbi tərkibi bu baxışın 6-cı maddənin tələblərinə zidd olduğunu təsbit etmək üçün kifayət edəcəkdi. Bununla yanaşı, o, İMŞBXK və Apellyasiya Məhkəməsi ilə razılaşmışdır ki, bu, ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı işlərdə deportasiyanın qarşısını almaq üçün “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina” kimi qiymətləndirilə bilməz.
62. Ərizəçinin onun əleyhinə olan sübutun işgəncə yolu ilə əldə edilməsi ilə bağlı real riskin olduğuna dair şikayətinə gəlincə, Lord Fillips bildirmişdir ki, Apellyasiya Məhkəməsi bu məsələdə səhvə yol vermişdir. O, işgəncə yolu ilə əldə edilməsi mümkün olan sübutdan xaricdə keçiriləcək məhkəmə prosesində istifadə edilməyəcəyi ilə bağlı kifayət qədər yüksək səviyyədə təminat tələb etmişdir. O bildirmişdir:
“İşgəncə yolu ilə əldə edilmiş sübutun mötəbər olmaması və ya belə bir sübutun mümkün hesab edilməsinin məhkəmə prosesinin ədalətsizliyinə səbəb olacağı səbəbi ilə qəbul edilməsinin qadağan edilməsi ilkin əhəmiyyət kəsb etmir. Burada ilkin səbəb odur ki, “dövlət sübutun ortaya çıxmasına səbəb olmuş hərəkətlə bağlı sərt mövqe nümayiş etdirməlidir”. Bu prinsip belə bir sübutu qəbul etmək üçün səy göstərmiş dövlətə münasibətdə tətbiq olunur. Bu, həmin dövlətdən, Birləşmiş Krallıqdan milli təhlükəsizliyinə ziyan vurmaqla terrorçuluqda şübhə edilən şəxsi ölkədə saxlamağı tələb etmir, bir şərtlə ki, işgəncə yolu ilə əldə olunmuş sübutdan İordaniyada həmin şəxsin əleyhinə istifadə edilməyəcəyi ilə bağlı yüksək səviyyədə təminat verilmiş olsun... İMŞBXK qarşısında duran məsələ cənab Otmanın İordaniyaya deportasiya ediləcəyi təqdirdə üzləşəcəyi cinayət işi üzrə məhkəmə baxışının ədalətliliyin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına və ya İMŞBXK-nın da qeyd etdiyi kimi, ədalətli məhkəmə baxışı hüququndan tam imtina edilməsinə səbəb olacaq qüsurlara malik olacağına inanmaq üçün ağlabatan əsasların olub-olmadığını müəyyən etməkdir. İMŞBXK müəyyən etdiyi qüsurların belə bir nəticə çıxarmağa əsas vermədiyi qənaətinə gəlmişdir. Mən hesab etmirəm ki, İMŞBXK bu qənaətə gələn zaman qanunu pozmuşdur”.
63. Lord Hofman müəyyən etmişdir ki, Konvensiyada 6-cı maddənin ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı işlərə tətbiqi kontekstində, işgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə riskinin mütləq şəkildə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina kimi qəbul edilməsi barədə norma mövcud deyildir.
64. Lord Houp bununla razılaşmışdır. O qəbul etmişdir ki, bu Məhkəmə işgəncə yolu ilə əldə edilmiş sübutdan məhkəmə baxışında istifadə edilməsi məsələsi ilə bağlı “kompromissiz yanaşma” nümayiş etdirmişdir. Lakin İMŞBXK-da əldə edilmiş sübut bu standarta uyğun gəlmir. Burada iddialar olsa da, sübutlar mövcud olmamışdır. Sübutun işgəncə yolu ilə əldə edilməsinə dair real riskin olmasının bildirilməsi ölkə hüdudlarından kənara çıxarılmanın qadağan edilməsi üçün kifayət deyildi. O, İordaniyanın Konvensiyanın iştirakçısı olacağı təqdirdə yeni məhkəmə baxışının ehtimal ki, 6-cı maddənin tələblərinə uyğun olmayacağı, lakin hazırkı işdə qanunla müəyyən edilmiş çərçivədə həyata keçiriləcəyi ilə bağlı İMŞBXK-nın rəyini xatırlatmışdır. İcra hakimiyyətinin əlində sadəcə olaraq vasitə olmayan Dövlət Təhlükəsizlik Məhkəməsinin sübutu qiymətləndirərək onun qanuna uyğun olub-olmadığını yoxladığını təsdiq edən mötəbər sübutlar mövcuddur. Buna görə də İMŞBXK sübutlarla bağlı belə bit nəticəyə gəlməyə haqlı idi.
65. Lord Braun Lord Fillips ilə razılaşmış və yuxarıda qeyd edilmiş “Mamatkulov və Askarov” işi üzrə Böyük Palatanın əksər üzvlərinin mövqeyinə istinad edərək bildirmişdir: “mənim fikrimcə, əgər hətta orada ortaya çıxan hallarda belə ekstradisiya qanunsuz hesab edilməmişdirsə, hazırkı işdə ölkə hüdudlarından kənara çıxarma çox yəqin ki, qanunsuz deyildir”.
66. 6-cı maddə və şikayətin digər bəndləri üzrə digər hüquqşünas lordlar ilə razılaşan Lord Məns Məhkəmənin presedent hüququndakı “açıq ədalətsizlik” konsepsiyası ilə ümumilikdə beynəlxalq ümumi hüquqdakı ədalət mühakiməsinin həyata keçirilməsindən imtina edilməsi konsepsiyası arasında kifayət qədər oxşarlığın olmasını qeyd etmişdir. Sonuncu halda müasir konsensus ondan ibarətdir ki, dövlətin beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətinin ortaya çıxması üçün faktiki hallar kifayət qədər yolverilməz olmalıdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
...
B. Təminatlarla bağlı İMŞBXK-nın təcrübəsi
73. Birləşmiş Krallıq təminatlar üzrə anlaşma memorandumu ilə bağlı İordaniya ilə yanaşı, Efiopiya, Livan və Liviya ilə də danışıqlar aparırdı. O, Əlcəzairdən təminatlar almaq üçün çərçivə sazişin bağlanması ilə bağlı danışıqlar aparırdı. İMŞBXK bu təminatlar əsasında hökumətin deportasiya etdiyi on yeddi şəxsin şikayətinə baxmışdır. İMŞBXK bu şikayətlərə ayrıca baxsa da, lakin təminatlarla bağlı ümumi yanaşmasını “BB. Daxili İşlər Nazirliyinə qarşı” işində ifadə etmişdir. İş üzrə 2006-cı il 5 dekabr tarixində qəbul edilmiş qərarının 5-ci bəndində İMŞBXK müəyyən etmişdir ki, təminatların pis rəftarla bağlı real riski aradan qaldıra bilməsi üçün dörd şərtə əməl olunmalıdır:
(i) təminatların şərtləri elə olmalıdır ki, geri qaytarılacağı təqdirdə şəxs 3-cü maddənin tələblərinə zidd rəftara məruz qalmasın;
(ii) təminatlar vicdanlı şəkildə verilməlidir;
(iii) təminatlara əməl olunacağına inanmaq üçün möhkəm obyektiv əsas olmalıdır;
(iv) təminatlara əməl olunub-olunmadığının yoxlanılması mümkün olmalıdır.
74. İMŞBXK bu testi tətbiq etməklə təminatların Əlcəzair üçün (bax: İMŞBXK-nın G işi (2007-ci il 8 fevral)); Z və W işi (2007-ci il 14 may); Y, BB və U işi (2007-ci il 2 noyabr); PP işi (2007-ci il 23 noyabr); B işi (2008-ci il 30 iyul); T işi (2010-cu il 22 mart) və Sihali (nömrə 2) işi (2010-cu il 26 mart) üzrə qərarları) qənaətbəxş olduğunu müəyyən etmişdir. O, həmçinin XX işində (2010-cu il 10 sentyabr) təminatların Efiopiya üçün də qənaətbəxş olduğunu təsbit etmişdir. İMŞBXK Qəddafi rejiminin dəyişkən xarakterini nəzərə alaraq, Liviyaya münasibətdə təminatların qənaətbəxş səviyyədə olmadığını müəyyən etmişdir (DD və AS işi (2007-ci il 27 aprel)).
75. VV (2007-ci il 2 noyabr ) işində İordaniya tərəfindən verilmiş təminatların da 3-cü maddəyə uyğun olduğu müəyyən edilmişdir. İMŞBXK İordaniyanın cəzaçəkmə müəssisələrində işgəncə faktları ilə bağlı verilmiş növbəti hesabatları nəzərə almış və bu hesabatların onun anlaşma memorandumu olmadan pis rəftarın real olacağı ilə bağlı mövqeyini təsdiq etdiyini bildirmişdir. Bununla belə, bu hesabatlar hazırkı iş üzrə onun anlaşma memorandumu və Ədaleh tərəfindən aparılmış monitorinqin qənaətbəxş səviyyədə müdafiənin təmin edilməsində oynadığı rol barədə gəldiyi nəticəni dəyişmir.
III. BİRLƏŞMİŞ KRALLIQ İLƏ İORDANİYA ARASINDA TƏŞKİLATİ XARAKTERLİ MƏSƏLƏLƏR
A. Anlaşma memorandumu
76. Birləşmiş Krallıq ilə İordaniya hökuməti arasında bağlanmış anlaşma memorandumunun adı “deportasiya edilməzdən qabaq konkret şəxslərlə bağlı öhdəliklərin təmin edilməsi” ilə bağlı qaydalara istinad edirdi.
77. Anlaşma memorandumunda qeyd edilmişdir ki, memoranduma görə hər bir dövlətin hakimiyyət orqanları bu sənəd əsasında qaytarılan şəxsə münasibətdə beynəlxalq hüquqla müəyyən edilmiş insan hüquqları sahəsindəki öhdəliklərinə əməl edəcəklər. Bir şəxs anlaşma memorandumunun şərtlərinə uyğun olaraq qəbul edildikdə, memorandumun 1-8-ci bəndlərində təsbit edilmiş şərtlər qəbul edən dövlət tərəfindən təmin olunan başqa xüsusi təminatlarla birlikdə tətbiq olunacaqdır. 1-5-ci bəndlərdə qeyd edilir:
“1. Qaytarılmış şəxs qayıtmasından sonra həbs edilərsə, tutularsa və ya azadlıqdan məhrum edilərsə beynəlxalq aləmdə qəbul edilmiş standartlara uyğun olaraq adekvat yer, qidalanma, tibbi yardımla təmin olunacaq və onunla insani və lazımı qaydada rəftar ediləcəkdir.
2. Qaytarılmış şəxs həbs edildikdə və ya tutulduqda, tutulmasının qanuniliyi ilə bağlı qərarın qəbul edilməsi məqsədilə dərhal hakim və ya məhkəmə səlahiyyətini həyata keçirmək səlahiyyətinə malik olan başqa vəzifəli şəxs qarşısına çıxarılacaqdır.
3. Qaytarılmış şəxs həbs edildikdə və ya tutulduqda, dərhal ona qəbul edən dövlətin hakimiyyət orqanları tərəfindən həbsinin və ya tutulmasının səbəbləri və ona qarşı sürülmüş ittiham barədə məlumat veriləcəkdir.
4. Əgər şəxs qaytarıldıqdan sonra üç il müddətində həbs edilir, tutulur və ya azadlıqdan məhrum edilirsə, onun Birləşmiş Krallıq və İordaniyanın dövlət orqanları tərəfindən birgə təyin edilmiş müstəqil qurumun nümayəndələri ilə əlaqə saxlamaq və sonradan onlarla dərhal və müntəzəm şəkildə görüşmək hüququ vardır. Qaytarılmış şəxsin məhkum edilib-edilməməsindən asılı olmayaraq, iki həftə ərzində ən azı bir dəfə belə görüşlərin keçirilməsinə icazə veriləcək və bu görüşlər zamanı qaytarılmış şəxslə fərdi müsahibələrin aparılması da mümkün olacaqdır. Təyin edilmiş qurum səfərləri barədə göndərən dövlətin hakimiyyət orqanlarına hesabat verəcəkdir.
5. Qaytarılmış şəxsin həbs edildiyi, tutulduğu və ya azadlıqdan məhrum edildiyi hallar istisna olunmaqla, qəbul edən dövlət onun normal iş günlərində göndərən dövlətin konsul idarələrinə getməsinə mane olmayacaq, bunu məhdudlaşdırmayacaq və ya bunun qarşısını hər hansı başqa şəkildə almayacaqdır. Bununla belə, qəbul edən dövlət pulsuz və ya aşağı qiymətlərlə nəqliyyat vasitəsi təmin etməklə belə konsul idarəsinə baş çəkmə işini asanlaşdırmağa məcbur deyildir”.
78. 6-cı bənd qaytarılmış şəxsin dini ayinləri yerinə yetirmək, 7-ci bənd isə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şərtlər çərçivəsində ədalətli məhkəmə baxışı hüququnu təsbit etmişdir. 8-ci bənd 6-cı maddənin 3-cü bəndini təkrar etsə də, onun a) və e) bəndlərinə istinad etmir.
79. Anlaşma memorandumunda qeyd edilmişdir ki, hər iki dövlət altı ay qabaqcadan xəbərdarlıq etməklə, anlaşma memorandumunu ləğv edə bilər. Lakin bu halda da qaytarılmış hər bir şəxsə münasibətdə onun müddəaları tətbiq olunacaqdır.
B. Ədaleh Mərkəzinin səlahiyyətləri
80. Ədaleh Mərkəzinin (monitorinq qurumu) səlahiyyətlərinə görə o, fəaliyyət və maliyyə baxımından qəbul edən dövlətə münasibətdə müstəqil olmalı, səməmi və vicdanlı hesabatlar hazırlaya bilməlidir. Həmçinin səlahiyyətlərdə göstərilir ki, onun tərkibində işgəncə və pis rəftarın fiziki və psixoloji əlamətlərini müəyyən etmək üçün təlim keçmiş ekspertlər (“nəzarətçilər”) fəaliyyət göstərməli, o, həmçinin zərurət olduğu hallarda digər müstəqil ekspertlərin də xidmətlərindən yararlana bilməlidir. Nəzarətçi anlaşma memorandumuna əsasən qaytarılmış hər bir şəxsi (“qaytarılmış şəxs”) göndərən dövlətdən qəbul edən dövlətə qədər müşayiət etməli və onunla evinə, əgər başqa yerə aparılırsa, həmin yerə qədər getməlidir. Ədaleh Mərkəzi qaytarılmış şəxs və onun yaxın qohumları ilə əlaqə saxlanılması üçün zəruri məlumatlara malik olmalı və onunla əlaqə saxlamaq istəyən qaytarılmış şəxs və ya onun yaxın qohumu üçün açıq olmalıdır. O, şəxsin onunla rəftar barədə narahatlıqları və ya həmin şəxsin itkin düşməsilə bağlı göndərən dövlətə məlumat verməlidir. Şəxsin geri qayıtmasından sonra ilk bir il ərzində nəzarətçi hər həftə onunla telefon vasitəsilə danışmalı və ya şəxsən görüşməlidir.
81. Saxlama ilə bağlı səlahiyyətlərdə qeyd edilir:
“4. Saxlanılan şəxslərlə görüşlər
(a) Monitorinqi həyata keçirən qurum qaytarılmış şəxsin saxlandığı barədə xəbərdar olduqda, nəzarətçi və ya nəzarətçilər dərhal ona baş çəkməlidirlər.
(b) Bundan sonra nəzarətçilər saxlanılan bütün şəxslərə tez-tez və qabaqcadan xəbərdarlıq etmədən baş çəkməlidirlər (azından anlaşma memorandumunun imkan verdiyi dərəcədə tez-tez; nəzarətçilər münasib sayılan yerlərdə, xüsusilə saxlamanın ilkin mərhələlərində daha mütəmadi görüşlərin keçirilməsini xahiş etməlidirlər).
(c) Nəzarətçilər saxlanılan şəxslərlə, zəruri olduqda tərcüməçinin iştirakı ilə sorğular keçirməlidirlər;
(d) Monitorinq səfərləri işgəncə və pis rəftarın fiziki və psixoloji əlamətlərini aşkarlamaq üçün təlim keçmiş ekspertlər tərəfindən aparılmalıdır. Görüşə gələn nəzarətçi və ya nəzarətçilər saxlanılan şəxsin beynəlxalq aləmdə qəbul edilmiş standartlara uyğun olaraq adekvat qalma yeri, qida və tibbi xidmətlə təmin olunduğuna, həmçinin onunla insani və lazımı qaydada davranıldığına əmin olmalıdırlar.
(e) Saxlanılan şəxs ilə müsahibə keçirən zaman nəzarətçi həm müzakirənin səmimi şəkildə keçməsini təşviq etməli, həm də saxlanılan şəxsin şəraiti ilə tanış olmalıdır.
(f) Nəzarətçilər saxlanılan şəxsin fiziki və ya psixi vəziyyəti ilə bağlı hər hansı narahatlığa malik olduqda, istənilən vaxt dərhal tibbi müayinənin aparılmasını təşkil etməlidirlər.
(g) Monitorinqi həyata keçirən qurum saxlanılan şəxslərin saxlanma şəraiti və onunla rəftar barədə, o cümlədən saxlama yerlərinin təftiş edilməsi yolu ilə mümkün qədər çox informasiya əldə etməli və saxlanılan şəxs bir yerdən başqa yerə keçirilən zaman dərhal ona məlumat verilməsini təmin etməlidir”.
82. 5-ci bəndə görə ədalətli məhkəmə baxışı hüququna əməl olunmasına nəzarət etmək üçün nəzarətçilər milli təhlükəsizlik ilə bağlı tələblər nəzərə alınmaqla, bütün məhkəmə proseslərinə buraxılmalıdırlar. 6-cı bənddə qeyd edilir ki, nəzarətçilər qəbul edən dövlət tərəfindən hər bir qaytarılmış şəxsə verilən konkret təminatlar barədə xəbərdar olmalarını təmin etməli və bu təminatların necə həyata keçirilməsinə nəzarət etməlidirlər. 7-ci bəndə görə monitorinqi aparan qurum göndərən dövlətə mütəmadi olaraq düzgün hesabatlar təqdim etməli və müşahidələri zəruri etdiyi təqdirdə, dərhal həmin dövlətlə əlaqə saxlamalıdır.
...
IV. İORDANİYADA İNSAN HÜQUQLARININ VƏZİYYƏTİ
A. BMT-nin hesabatları
1. İnsan Hüquqları Şurası
106. İordaniyanın Ümumi Dövri İcmalı üzrə İşçi Qrup 2009-cu il 3 mart tarixində öz hesabatını dərc etdirmişdir (A/HRC/11/29). Hesabatda İordaniyanın işgəncə hallarının aradan qaldırılması məqsədilə verilmiş bəzi tövsiyələri qəbul etdiyi bildirilmişdir. Hesabatın dərc edilməsindən sonra “Human Rights Watch” təşkilatı İordaniyanın insan hüquqları standartlarının “daimi icmalı” ilə bağlı məmnunluğunu alqışlamış, lakin bu ölkə tərəfindən işgəncə hallarının aradan qaldırılması istiqamətində verilmiş bəzi mühüm tövsiyələrin rədd edilməsinin “dərin narahatlıq” doğurduğunu bildirmişdir. Təşkilat İordaniyanı dərhal şikayətlərə baxılması üzrə müstəqil mexanizm təsis etməyə, əvvəlcədən xəbərdarlıq etmədən məhkumlara baş çəkilməsinə icazə verməyə və polis əməkdaşları tərəfindən işgəncə hallarına yol verilməsi ilə bağlı şikayətlərə baxmaq səlahiyyətinə malik olan və polis əməkdaşlarından təşkil olunun Polis Məhkəmələrini ləğv etməyə dəvət etmişdir. Birləşmiş Krallığın İnsan Hüquqları Şurasına təqdim etdiyi bəyanatda da oxşar tövsiyələr edilmişdir.
2. BMT-nin İşgəncələr Əleyhinə Komitəsi
107. İşgəncələr Əleyhinə Komitə İordaniya ilə bağlı 2010-cu il 25 may tarixində dərc edilmiş yekun qeydlərində İordaniyada islahatların davam etdirilməsini alqışlamışdır. Bu islahatlara İnsan Hüquqları üzrə Milli Mərkəzin yaradılması, şikayətləri qəbul edəcək Ombudsman təsisatının yaradılması və saxlama yerlərinin müasirləşdirilməsi üçün geniş planın qəbul edilməsi daxil idi. Bununla belə, o, həmçinin “saxlama yerlərində, o cümlədən Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında olan təcridxanalarda saxlanılan şəxslərə qarşı geniş miqyaslı və adi hal almış işgəncə və pis rəftar təcrübəsinin olmasına dair çoxsaylı, davamlı və mötəbər iddiaların” mövcudluğundan dərin narahatlıq hissi keçirdiyini bildirmişdir. O, eyni zamanda “cəzasızlıq mühitinin” mövcud olduğunu və belə cinayətləri törədənlərin cinayət qanunvericiliyi əsasında lazımı qaydada təqib edilmədiklərini müəyyən etmişdir. Komitə həmçinin işgəncə ilə bağlı şikayətlərin məhdud hallarda araşdırılmasından narahatlığını və saxlanılan şəxslərin müdafiəsi üçün əsas hüquqi təminatların olmamasından, saxlanılan şəxslərin məhkəmə nəzarətindən kənarda qalmasına şərait yaradan inzibati həbs tədbirindən həddən çox istifadə olunmasından ciddi narahatlığını ifadə etmişdir. Komitə eyni zamanda Baş Kəşfiyyat İdarəsinin şübhəli şəxsləri qanunsuz olaraq və ətraf aləmdən təcrid olunmuş şəkildə saxlamağa, həmçinin saxlanılan şəxsləri hakimlər, vəkillər və ya həkimlərlə görüşməkdən məhrum etməyə davam etməsini nəzərə alaraq, onun mülki dövlət idarəsinin nəzarəti altına verilməsini tövsiyə etmişdir. Komitə həmçinin İordaniyada xüsusi məhkəmə sisteminin mövcud olmasında da ciddi narahatlıq keçirdiyi ifadə etmişdir. Bu sistemin tərkibinə insan hüquqlarının pozulmasına görə məsul olan hərbi və təhlükəsizlik heyətinin hüquqi məsuliyyətdən kənarda saxlandığı və proseslərin heç də həmişə ədalətli məhkəmə baxışı standartlarına uyğun olmadığı Dövlət Təhlükəsizlik Məhkəməsi də daxildir. Nəhayət, İşgəncələr əleyhinə Konvensiyanın 15-ci maddəsi ilə bağlı Komitə müəyyən etmişdir:
“Cinayət Prosessual Məcəlləsində müstəsna dərəcədə işgəncə hallarına istinad etməyən 159-cu maddənin (məcburiyyət altında əldə olunmuş sübutlardan istifadənin mümkünsüzlüyü) mövcud olduğunu qeyd edən Komitə iştirakçı dövlətdə məcburi şəkildə alınmış etiraflardan sübut kimi istifadə olunmasının geniş yayılmasından narahatlığını ifadə etmişdir.
...
İştirakçı dövlət Konvensiyanın 15-ci maddəsinin müddəalarına uyğun olaraq bütün işlərdə işgəncə nəticəsində əldə olunmuş etirafların məhkəmədə qəbul edilməməsini təmin etmək üçün zəruri addımları atmalıdır. Komitə iştirakçı dövlətdən bütün proseslərdə işgəncə nəticəsində əldə olunmuş sübutların qəbuledilənliyini qəti şəkildə qadağan etməyi və bu cür etiraflar əldə etmiş hər hansı rəsmi şəxsin təqib edilməsi və cəzalandırılması barədə məlumat verməyi xahiş edir”.
3. BMT-nin İnsan Hüquqları Komitəsi
108. İnsan Hüquqları Komitəsinin 2010-cu il 18 noyabr tarixli yekun qeydlərində həmçinin İordaniyada həyata keçirilən islahatlar, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının daxili qanunvericiliyə inkorporasiya edilməsi də yüksək qiymətləndirilmişdi. Lakin, İnsan Hüquqları Komitəsi aşağıdakı məsələlərlə bağlı narahatlıq keçirdiyini bildirmişdir: saxlama mərkəzlərində, xüsusilə Baş Kəşfiyyat İdarəsinin təcridxanalarında işgəncə və pis rəftar halları barədə məlumatların yüksək sayda olması; dövlət rəsmiləri tərəfindən törədilməsi iddia olunan işgəncə və pis rəftar halları barədə verilən şikayətləri araşdıracaq həqiqi müstəqil mexanizmin olmaması, həmçinin belə işlərin az hallarda təqib edilməsi; vəkilə dərhal müraciət edilməsinə və saxlanılan şəxslərin müstəqil tibbi müayinədən keçirilməsinə imkan verilməməsi; QHT-lərə saxlama yerlərinə girməyə imkan verilməməsi. Buna görə də Komitə işgəncə ilə bağlı şikayətləri araşdırmaq üçün müstəqil mexanizm təsis etməyi, lazımı istintaq və təqib hərəkətlərini həyata keçirməyi, saxlanılan şəxslərin dərhal öz istəkləri əsasında vəkil seçmələrini və müstəqil tibbi müayinədən istifadə etmələrini təmin etməyi və bütün azadlıqdan məhrumetmə yerlərinə sərbəst şəkildə baş çəkilməsi sistemini yaratmağı tövsiyə etmişdir.
Komitə həmçinin Dövlət Təhlükəsizlik Məhkəməsinin təşkilati və funksional baxımdan məhdud dərəcədə müstəqilliyə malik olmasından narahatlıq hissi keçirdiyini ifadə etmiş və onun ləğv edilməsini tövsiyə etmişdir.
4. Xüsusi Məruzəçi
109. İnsan Hüquqları Şurasına 2007-ci il 5 yanvar tarixində təqdim etdiyi hesabatında BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçisi Manfred Nouak, inter alia, Baş Kəşfiyyat İdarəsinin ona saxlanılan şəxslərlə görüşməyə imkan vermədiyini qeyd etmiş və aşağıdakı qənaətə gəlmişdir:
“Xüsusi Məruzəçinin diqqətinə işgəncə və pis rəftarla bağlı bir çox ardıcıl və mötəbər iddialar daxil olmuşdur. Xüsusilə, Baş Kəşfiyyat İdarəsinin terrorizmə qarşı mübarizə və milli təhlükəsizlik məqsədləri üçün etirafedici ifadələr və kəşfiyyat məlumatları əldə etmək məqsədilə və Cinayət İşləri üzrə İstintaq İdarəsi (Cİİİ) tərəfindən cinayət işləri üzrə istintaq aparan zaman etirafedici ifadələrin alınması üçün işgəncələrin tətbiqi təcrübəsində istifadə etmələri iddia olunur. Toplanmış bütün sübutlar əsasında bu iki yerin İordaniyada işgəncə mərkəzi kimi adları çəkilən ən bədnam yerlər olduğu nəzərə alınarsa, Baş Kəşfiyyat İdarəsində saxlanılan şəxslərlə fərdi müsahibələr keçirmək yolu ilə bu iddiaların yoxlanılmasına imkan verilmədiyinə və dövlət rəsmiləri tərəfindən onun işinə qəsdən maneçilik törədildiyinə baxmayaraq, Xüsusi Məruzəçi bu qurumlarda işgəncə təcrübəsinin adi hal olduğunu təsdiq etmişdir...Bundan əlavə, xüsusi xidmət orqanları tam olaraq müstəqil cinayət təqibinin və məhkəmə qaydasında nəzarətin həyata keçirilməsindən qorunduqlarından, İordaniya qanunvericiliyində işgəncə və pis rəftar hallarına qarşı mübarizə aparmaq məqsədilə təsbit edilmiş müddəalar və təminatlar mənasız xarakter daşıyır. Belə ki, həmin orqanların rəsmiləri tərəfindən törədilən hüquq pozuntuları müstəqillik və qərəzsizlik kimi təminatları olmayan polis məhkəmələri, kəşfiyyat məhkəmələri və hərbi məhkəmələr tərəfindən araşdırılır”.
110. Bu mənada Məruzəçi həmçinin aşağıdakıları qeyd etmişdir:
“57. Xüsusi Məruzəçi bildirir ki, cinayət törətməkdə şübhəli şəxsin üzərində ciddi xəsarətlər olsa belə, heç bir ex officio istintaq hərəkətləri həyata keçirilməmişdir; heç bir dövlət rəsmisi şikayətlərin araşdırılması, o cümlədən ən azından saxlanılan şəxslərin məruz qaldıqları xəsarətlərin dərhal və vaxtında tibbi baxımdan sənədləşdirilməsi üçün ciddi tədbirlərin görüldüyünü Xüsusi Məruzəçiyə sübut edə bilməmişdir...
60. Paradoks ondadır ki, hüquq mühafizə orqanları öz qurumlarında işgəncə ilə bağlı şikayətlərin olduğunu eşitmədiklərini bildirsələr də, Kassasiya Məhkəməsi təhlükəsizlik xidmətlərinin saxlanılan şəxsdən etirafedici ifadəni işgəncə yolu ilə aldığını əsas kimi götürməklə bir sıra ittihamları rədd etmişdir. Təəssüflər olsun ki, bu qərarlar dövlət rəsmilərinin hüquq pozuntuları barədə rəsmi araşdırmanın başlanmasına səbəb olmamış və bu işlərdə əli olan təhlükəsizlik xidməti əməkdaşlarının heç biri heç vaxt məhkəmə qarşısına çıxarılmamışdır.
61. Bundan əlavə, hökumət rəsmiləri cinayət törətməkdə şübhəli şəxslərin xüsusi məhkəmələr tərəfindən baxılmış işləri üzrə sonradan Kassasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlara istinad edərək, sistemi müdafiə etmiş və xüsusi məhkəmələrin qərarlarından Məhkəməyə şikayət edilməsi formasında müstəqil nəzarət mexanizminin mövcud olduğunu qeyd etmişlər.
62. Lakin cəzasızlıq və işgəncə və ya pis rəftara görə polisin və ya kəşfiyyat orqanının əməkdaşının xüsusi məhkəmələr tərəfindən təqibi ilə bağlı polis əməkdaşları barəsində xüsusi məhkəmələr tərəfindən çıxarılmış bəraət hökmlərindən Kassasiya Məhkəməsinə şikayət verilməsi və belə şikayətin verildiyi təqdirdə onun təmin olunmasına dair hər hansı sübut təqdim edilməmişdir.
63. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, cəzasızlıq total xarakter daşıyır. Xüsusi məhkəmə sistemi ümumiyyətlə səmərəli fəaliyyət göstərmir. İşgəncələr əleyhinə Konvensiyanın 1-ci maddəsinə uyğun olaraq işgəncə anlayışının verilməməsi yalnız problemin bir hissəsidir. Problemin mərkəzində təqsirsizlik prezumpsiyasının xəyali xarakter daşıdığı, üstünlüyün etirafedici ifadənin alınmasına verildiyi, dövlət rəsmilərinin heç bir məsuliyyət hissi nümayiş etdirmədiyi və cinayət törətməkdə şübhəli şəxslərin insan hüquqlarının pozulması hallarının araşdırılmasına görə heç bir məsuliyyət daşımayan sistemin mövcudluğudur və daxili xüsusi məhkəmələr sistemi yalnız dövlət rəsmilərinin ədalət mühakiməsindən yayındırılmasına xidmət edir”.
111. Məruzəçi saxlanılan şəxslər üçün bir sıra əsas təminatların, o cümlədən etirafedici ifadələrin mümkünlüyünü tənzimləyən daha yaxşı qaydaların qəbul edilməsini tövsiyə etmişdir. O, həmçinin Dövlət Təhlükəsizlik Məhkəməsinin ləğv edilməsini də tövsiyə etmişdir.
B. Digər hesabatlar
1. “Amnesty International” təşkilatı
112. “Amnesty International” təşkilatı İordaniyada saxlanılan şəxslərlə rəftara dair bir sıra hesabatlar hazırlamışdır. Onun “İordaniya: “Sənin etirafların imzalamağın üçün hazırdır”: siyasi məhbusların saxlanılması və onlara işgəncə verilməsi” adlı ən geniş hesabatı 2006-cı ilin iyulunda dərc edilmişdir. Hesabatda İordaniyada xüsusilə işgəncələrin sistematik xarakter daşıdığı və cəzasızlıq mühitində həyata keçirildiyi Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında ətraf mühitdən təcrid olunmuş şəkildə saxlama sisteminin mövcudluğu tənqid edilmişdir. Baş Kəşfiyyat İdarəsi tərəfindən qanun pozuntularına yol vermə hallarına daha çox rast gəlinir. Belə ki, onun əməkdaşlarına prokuror (beləliklə də, məhkəmə) səlahiyyəti verilmişdir ki, bu da Baş Kəşfiyyat İdarəsinə dindirmə məqsədilə saxlama müddətlərini uzatmaq səlahiyyəti verir. Saxlanılan şəxs ilə Baş Kəşfiyyat İdarəsinin əməkdaşı üzləşdirildikdə, həmin şəxsin idarədə işgəncəyə məruz qalmasını sübut etməsi faktiki olaraq mümkün deyildi. Hesabatda bildirilirdi ki, görülən tədbirlərin ixtisaslı xarakter daşıyacağı və Baş Kəşfiyyat İdarəsində saxlanılan bütün şəxslərlə görüşmələrinə maneçilik törədilməyəcəyi təqdirdə, İnsan Hüquqları üzrə İordaniya Milli Mərkəzi və Beynəlxalq Qırmızı Xaş Komitəsi tərəfindən monitorinqin həyata keçirilməsi müsbət addım olardı.
113. Cinayət Prosessual Məcəlləsinin 66-cı maddəsinə 2001-ci ildə edilmiş dəyişikliklər saxlanılan şəxslərə hətta ətraf mühitdən təcrid olunmuş saxlama mərkəzlərində vəkil ilə görüşməyə icazə versə də, onlar mövcud ümumi təcrübəyə görə uzun müddət ərzində bu müddəaya zidd olaraq Dövlət Təhlükəsizlik Məhkəməsindəki belə mərkəzlərdə saxlanılırlar. Həmçinin prokuror tərəfindən araşdırmanın həyata keçirilməsi zamanı vəkilin iştirak etməsi hüququ ilə bağlı da açıq-aşkar ziddiyyət mövcuddur. Dövlət Təhlükəsizlik Məhkəməsi işgəncə iddiaları qarşısında “əsas etibarı ilə hərəkətsiz vəziyyətdə” qalmış və bu iddiaları lazımı qaydada araşdırmamışdır. Burada həyata keçirilmiş məhkəmə prosesləri çox zaman ədalətsiz olmuşdur: o, işgəncə yolu ilə əldə olunmuş etirafedici ifadələr əsasında müttəhimləri məhkum etməyə meyllidir. Hesabatda qeyd edilirdi ki, son on il ərzində Dövlət Təhlükəsizlik Məhkəməsində işlərinə baxılan yüz müttəhim ifadə vermək üçün işgəncəyə məruz qaldığını iddia etmişdir; 2005-ci ildə on dörd işdə belə iddia irəli sürülmüş, buna baxmayaraq Dövlət Təhlükəsizlik Məhkəməsi bu iddiaları adekvat şəkildə araşdırmamışdır. Kassasiya Məhkəməsinə şikayət edilməsi adekvat təminat kimi çıxış etməmişdir.
114. Hesabatda Dövlət Təhlükəsizlik Məhkəməsində baxılan və Baş Kəşfiyyat İdarəsi tərəfindən işgəncə yolu ilə alınmış etiraflarla bağlı doqquz iş, o cümlədən minilliyin cinayəti adlandırılan məhkəmə baxışı da təsvir edilmişdir. Hesabatda bildirilirdi ki, müttəhimlərdən ən azı dördü, o cümlədən Əbu Hoşer Baş Kəşfiyyat İdarəsində dindirmə zamanı işgəncəyə məruz qalmışdır və qohumları, vəkillər ilk dəfə onları görən zaman bədənlərində işgəncə izlərinin şahidi olduqlarını bildirmişlər. Şahidlər bildirmişlər ki, cinayət hadisəsini təsvir edən zaman müttəhimlərdən biri cənab Saed Hicazi özü açıq-aşkar ayaqda dayana bilmədiyi üçün, ona iki nəzarətçi kömək edirdi. Digər bir işdə həkim bildirmişdir ki, cənab Raed Hicazi (ABŞ-İordaniya vətəndaşı) təcrid olunmuş saxlama yerində saxlanılan zaman ağır şəkildə sətəlcəm olmuşdur. Onların üzərində işgəncə izlərini gördüyünü bildirən ABŞ konsulu diplomatik immunitetə malik olduğu üçün məhkəmədə ifadə verə bilməmişdir.
115. Hesabatda həmçinin qeyd edilirdi ki, Birləşmiş Krallıq ilə İordaniya arasında anlaşma memorandumu münasib sənəd deyildir. Belə ki, İordaniya işgəncənin mütləq qadağan edilməsi ilə bağlı öhdəliyə əməl etmir və bundan əlavə, qayıdışın post-monitorinqi işgəncənin qadağan edilməsi üçün sistematik qanunvericilik, məhkəmə və inzibati təminatların olmasını tələb edən beynəlxalq hüquq normalarını əvəz edə bilməz. Hətta peşəkar təşkilatlar tərəfindən belə həyata keçirilən monitorinq bunun qarşısını almaq üçün kifayət deyildir.
2. “Human Rights Watch” təşkilatı
116. Təşkilat 2006-cı il 18 sentyabr tarixində dərc edilmiş “Şübhəli ölçülər: Baş Kəşfiyyat İdarəsi və İordaniyada Qanunun Aliliyi Problemi” adlı hesabatında Baş Kəşfiyyat İdarəsi tərəfindən tətbiq edilmiş pis rəftar hallarını sənədləşdirmişdir. Hesabatda Dövlət Təhlükəsizlik Məhkəməsində iştirak edən prokurorlarla bağlı aşağıdakı bölmə öz əksini tapmışdır:
“DTM İordaniya Konstitusiyasının 99-cu və 100-cü maddələri əsasında təsis edilmiş xüsusi məhkəmədir.
...
Qərargah Rəisləri Komitəsinin rəhbəri məhkəmənin tabelikdə olduğunu vurğulayaraq, hərbi zabiti prokuror kimi xidmət etmək üçün təyin edir. DTM-nin prokurorlar idarəsi fiziki olaraq Baş Kəşfiyyat İdarəsinin mərkəzi binasının içərisində yerləşir. DTM-nin prokuroru saxlanılan şəxslərə qarşı ittiham irəli sürən və onların saxlanılmasının davam etdirilməsinə sanksiya verən dövlət rəsmisidir. Baş Kəşfiyyat İdarəsi tərəfindən saxlanılan şəxsin törədilməsində təqsirləndirildiyi cinayətin istintaqını aparan DTM-nin prokuroru kəşfiyyatçılar ilə eyni inzibati idarəyə tabe olan hərbi zabitdir. Bu, onların tamamilə müstəqilliyə və qərəzsizliyə malik olmadığını əks etdirir.
...
DTM haqqında qanunun 7-ci maddəsində qeyd edilir ki, DTM-nin yurisdiksiyaya malik olduğu cinayətə görə təqib olunmaq məqsədilə istintaqa cəlb olunan şəxslər ittiham olunmaq üçün prokuror qarşısına çıxarılmazdan qabaq “yeddi gündən çox olmayan müddətə zəruri olan yerdə” saxlana bilərlər. Prokuror “istintaq marağı” olduqda şübhəli şəxsə qarşı ittiham irəli sürdükdən sonra saxlama müddətini on beş günə qədər artıra bilər və bu müddətin yenidən artırılması mümkündür. Fəaliyyətdə olan vəkil “Human Rights Watch” təşkilatına bildirmişdir ki, “saxlanılan şəxslərin altı aya qədər Baş Kəşfiyyat İdarəsində qalması normal haldır. BKİ istintaqı başa çatdırdıqdan sonra onlar normal cəzaçəkmə müəssisəsinə keçirilir və ya azad olunurlar”.
İordaniya qanunvericiliyinə görə prokuror formal olaraq istintaqı aparmalı olsa da, ittiham aktı tərtib edildikdən sonra DTM-nə çıxmalı olan işlərdə prokuror istintaqın, o cümlədən dindirmənin davam etdirilməsi səlahiyyətini BKİ-nə təslim edir. “Human Rights Watch” təşkilatı tərəfindən müsahibəyə cəlb olunmuş bütün saxlanılan şəxslər xatırlamışdırlar ki, saxlandıqları dövrdə rəsmi ittihamın irəli sürülməsi üçün prokurorun qarşısına çıxarıldıqları istisna olmaqla, yalnız BKİ-nin əməkdaşları ilə görüşmüşdürlər. Lakin bir neçə saxlanılan şəxs açıq şəkildə bildirmişdir ki, onlar tam yəqinliklə BKİ-nin əməkdaşları ilə prokurorluq əməkdaşlarını fərqləndirə bilməmişdirlər, belə ki, onların hamısı mülki geyimdə olmuş, dindirmələri oxşar şəkildə həyata keçirmiş və bir-birlərinə yaxın yerdə yerləşmişlər.
Prokuror həmçinin saxlanılan şəxslərin qəddar və ya qeyri-insani rəftar və ya işgəncə ilə bağlı şikayətlərinə baxan qanuni orqandır. İordaniya qanunvericiliyi istənilən dövlət rəsmisindən, o cümlədən BKİ-nin əməkdaşlarından şikayətləri qəbul edərək tabe olduqları yuxarı orqana ötürməyi tələb edir. Prokurorun rolu qanunun pozulması iddiası ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. Prokurorun BKİ və DTM strukturunda heç bir müstəqilliyə malik olmaması onun bu rolunu tamamilə səmərəsiz edir. Dövlət Təhlükəsizlik Məhkəməsində onlarla müştərini müdafiə etmiş Samih Xrais “Human Rights Watch” təşkilatına bildirmişdir: “Əgər saxlanılan şəxs işgəncə altında etirafedici ifadə verdiyini bildirərsə, prokuror onu yenidən kameraya göndərir”. Xrais bildirmişdir ki, prokurorun DTM-də rolu və işgəncə yolu ilə əldə edilmiş ifadələrin məhkəmədə mümkünsüz hesab edilməsinə dair qaydalarla bağlı olaraq DTM-nin prokurorları işgəncə faktı üzrə verilmiş şikayətlərə baxmalıdırlar. İstər ittiham irəli sürüldükdən öncə, istərsə də sonra işgəncələrə məruz qaldığını bildirən saxlanılan şəxslərdən biri Mustafa R. “Human Rights Watch” təşkilatına demişdir ki, rəsmi ittihamın irəli sürülməsi üçün prokurorun yanına gətirilən zaman onlar BKİ-nin binasındakı otaqda tək idilər, onu dindirənlərin olduğu maşın isə onu yenidən kameraya aparmaq üçün həyətdə gözləyirdi. Prokuror dindirmə zamanı Mustafa R.-ə qarşı qanunsuz zor və ya məcburiyyət tədbirinin tətbiq edilməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Keçmiş saxlanılan şəxslərdən digəri Məhəmməd əl-Barqaui “Human Rights Watch” təşkilatına demişdir ki, əgər saxlanılan şəxs vəkil tələb edirsə və ya ona işgəncə verildiyini iddia edirsə, prokuror “onun hələ də hazır olmadığını” bildirərək, şəxsi dindirilmə üçün geri göndərir”.
117. “Human Rights Watch” təşkilatı 2007-ci və 2008-ci illərdə həbsxanalara həyata keçirdiyi səfərlər əsasında 2008-ci il 8 oktyabrda hazırlanmış “İordaniya Həbsxanalarında İşgəncə və Cəzasızlıq” adlı hesabatında belə bir nəticəyə gəlmişdir ki, İordaniya həbsxanalarında işgəncələr geniş yayılmış və onların tətbiqi adi hal almışdır. Təşkilatın müsahibə apardığı 110 məhbusdan 66-sı pis rəftara məruz qaldığını iddia etmişdir. O, həmçinin qeyd etmişdir ki, həbsxana nəzarətçiləri prokurorlar və hakimlər tərəfindən təqib olunmadıqları üçün məhbuslara işgəncələr verirdilər. Hesabatda qeyd olunurdu ki, İordaniya hökumətinin həbsxanalara buraxmağa hazır olması təqdirəlayiq haldır və islahatlar istiqamətində müsbət öhdəliyin olmasını əks etdirir. Lakin hesabatda həmçinin qeyd edilirdi ki, İordaniya rəhbərliyinin ictimai qayğısı əməldə davamlı səylərlə sübuta yetirilməmişdir. Məhbusların həbsxana qaydalarını pozduqları, həkim, telefonla zəng etməyi və ya görüş xahiş etdikləri, yaxud da şikayət etdikləri hallarda onlara qarşı bir qayda olaraq işgəncələr tətbiq edilmişdir. İşgəncələrlə bağlı şikayətlər azalsa da, hələ də adi hal olaraq qalmaqdadır. İşgəncələrin tətbiq edilməsi ümumi siyasət olmasa da, yüksək vəzifəli həbsxana rəsmiləri məhbusların döyülməsini sifariş etmişlər. Fərdi məsuliyyət mexanizmləri olmadığı üçün işgəncə “dözümlülüklə yanaşılan” hal xarakterini almışdır. Hökumət pozulmuş hüquqların bərpası üçün daha geniş imkanların yaradılması məqsədilə tədricən bəzi tədbirləri görsə də, bunları qətiyyətlə həyata keçirməmişdir.
118. “Human Rights Watch” təşkilatı 2010-cu il tarixli Ümumdünya Hesabatının İordaniya ilə bağlı bölməsində də bildirmişdir ki, İordaniyada cinayət törədənləri ədalət mühakiməsinə cəlb etmək üçün siyasi iradə və səmərəli mexanizmlərin olmaması nəzərə alınarsa, İnsan Hüquqları üzrə İordaniya Milli Mərkəzinin yaradılması, işgəncələr əleyhinə təlim proqramının həyata keçirilməsi kimi müsbət xarakterli islahatlar heç də qənaətbəxş sayıla bilməz.
3. İnsan Hüquqları üzrə İordaniya Milli Mərkəzi (İHİMM)
119. İHİMM 2005-ci il tarixli İllik Hesabatında etiraf etmişdir ki, İordaniya qanunvericiliyi məcburiyyət yolu ilə əldə olunmuş etirafedici ifadələrə əsaslanan ittihamın qanunsuzluğu barədə mövqeyini aşıq ifadə etsə də, müttəhimlər üçün ifadələrin məhz bu yolla əldə edildiyini sübut etmək çətin olmuşdur. Bu istər şahidlərin olmaması, istərsə də saxlama müddətinin uzun dövr ərzində davam etməsi səbəbindən xəsarətlərin həkim ekspertlər tərəfindən müəyyən edilə bilməməsi ilə bağlı idi.
120. İHİMM 2007-ci il tarixli hesabatında qeyd etmişdir ki, cinayət işləri üzrə məhkəmə prosesləri barədə məlumatlar “bir çox işlərdə ədalətli məhkəmə baxışının əsas meyarları ilə bağlı açıq-aşkar çatışmazlıqların olduğunu” üzə çıxarmışdır. O, xüsusilə mülki şəxslərin hakimlərinin “hərbi yönümlü” olduğu Dövlət Təhlükəsizlik Məhkəməsində baxılan işlərinə istinad etmişdir. Belə yönümlülük məhkəmənin müstəqilliyi prinsipini sarsıdır və ədalətli məhkəmə baxışının keçirilməsi ilə bağlı təminatları azaldır.
121. İHİMM 2008-ci il tarixli hesabatında qeyd etmişdir ki, işgəncə faktının müəyyən edilməsi ilə bağlı çətinliklərin davam etməsi, o cümlədən şəxslərin uzun müddət ərzində saxlanması və müttəhimlərə münasibətdə məcburiyyət tədbirlərini həyata keçirənlərin ifadə yazmamsı o deməkdir ki, müttəhimlər tərəfindən verilən ifadələr hüquqi cəhətdən sübuta çevrilir. İHİMM həmçinin qeyd etmişdir ki, ilin bir hissəsində onun məhbuslarla görüşməsi qadağan edilmişdir. Bununla belə, hökumət tərəfindən işgəncələr əleyhinə bir sıra müsbət xarakterli tədbirlər həyata keçirilmişdir.
122. İHİMM 2009-cu il tarixli hesabatında qeyd etmişdir ki, işgəncələr əleyhinə səylər hələ də “orta səviyyədə qalır və ehtiyatlı xarakter daşıyır”. Problemlər sırasına məhkəmə nəzarəti olmadan şəxsin təcrid olunmuş şəkildə saxlanılmasına imkan verən Cinayətkarlığın Qarşısının Alınması haqqında Qanunu, işin hakimə verilməsindən öncə şəxsin yeddi gün müddətində saxlanılmasına imkan verən Dövlət Təhlükəsizlik Aktını və prokurorun iştirakı olmadan şübhəli şəxs tərəfindən verilmiş ifadənin, bu ifadə “prokurora onun verilmə şəraiti ilə bağlı sübutla birlikdə” və “könüllü şəkildə” verildikdə, mümkün olmasını aid etmək olar.
4. ABŞ Dövlət Departamenti
123. ABŞ Dövlət Departamentinin İordaniyada İnsan Hüquqlarının Vəziyyətinə dair 2009-cu il tarixli hesabatı verilmiş şikayətlərin sayında azalma müşahidə olunsa da, işgəncə hallarının hələ də geniş yayıldığı barədə yerli və beynəlxalq QHT-lərin narahatçılığını əks etdirmişdir. QHT-lər həmçinin şikayətlərə baxılması mexanizmlərinin təkmilləşdiyini bildirsələr də, əlavə islahatların tələb olunduğunu qeyd etmişlər. Hesabatda həmçinin qeyd olunmuşdur:
“Əvvəlki illərdən fərli olaraq müttəhimlər tərəfindən Dövlət Təhlükəsizliyi Məhkəməsində onlara qarşı işgəncənin tətbiq edilməsi ilə bağlı yeni tələblər qaldırılmamışdır. 15 apreldə 2007-ci ildən 2008-ci ilin may ayına qədər işgəncələrə məruz qaldığını iddia etmiş beş şəxsdən üçü beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Digər iki şəxs sübut olmadığı üçün bəraət almışdır. Hökumət onların işgəncə ilə bağlı tələblərini əsassız hesab etmişdir. O, həmçinin İordan çayının qərb sahilinə silah satmaqda təqsirləndirilən iki şəxsin işgəncələrlə bağlı 2008-ci ilin yanvarında qaldırdıqları iddiaları da əsassız saymışdır.
Mayın 14-də Dövlət Təhlükəsizlik Məhkəməsi Nidal Momani, Taruat Draz və Sattam Zauahranı 2006-cı ildə ölkəyə səfər etmiş xarici ölkə başçısını öldürməyə sui-qəsd etdikləri üçün ölüm cəzasına məhkum etmiş, lakin dərhal onların cəzasını on beş il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmişdir. 2007-ci və 2008-ci illərdə müttəhimlər etirafedici ifadələr vermək üçün döyüldüklərini və psixoloji təzyiqlərə məruz qaldırdıqlarını bildirmişlər”.
124. 2010-cu il tarixli hesabatda qeyd edilirdi ki, İordaniya qanunvericiliyi işgəncələri qadağan edir: bununla belə, beynəlxalq QHT-lər polisdə və təhlükəsizlik orqanlarının saxlama mərkəzlərində işgəncə və geniş miqyaslı pis rəftar hallarının hələ də davam etdiyini bildirirlər. Hesabatda həbslər və məhkəmə prosesləri ilə bağlı qeyd edilir:
“Dövlət Təhlükəsizlik Məhkəməsi cinayət işləri üzrə istintaq aparmaq səlahiyyətinə malik olan polisə şəxsləri həbs etmək və on gün müddətində həbsdə saxlamaq səlahiyyəti verir. Bu səlahiyyətə iddia olunan hüquq pozuntularına görə həbslər də daxildir. Dövlət təhlükəsizliyi ilə bağlı olduğu güman edilən işlərdə təhlükəsizlik qüvvələri vətəndaşları həbs qərarı və ya məhkəmə nəzarəti olmadan tutmuş və həbs etmiş, şəxslərə qarşı irəli sürülən ittiham barədə məlumat vermədən, onları məhkəməyə qədər uzun müddət ərzində həbsdə saxlamış və müttəhimlərə vəkilləri ilə görüşmək imkanı verməmiş, yaxud da məhkəmədən öncə sadəcə qısa görüşlərin keçirilməsinə icazə vermişlər. İşə Dövlət Təhlükəsizliyi Məhkəməsində baxılan zaman müttəhimlər vəkilləri ilə məhkəmə baxışının başlanğıcında və ya ondan sadəcə bir və ya iki gün öncə görüşməyə imkan verirlər. İş yalnız məhkəmə tərəfindən müəyyən edilmiş müstəsna hallarda qırx səkkiz saatdan artıq müddətə təxirə salına bilər. Təcrübədə proseslər bir neçə ay davam edir və iclaslar arasında on gündən artıq müddətə təxirəsalmalar olur. İşlərin çoxunda təqsirləndirilən şəxs zaminə buraxılmadan həbsdə saxlanılır. İlin sonuna kimi bir neçə məhbus rəsmi ittiham irəli sürülmədən həbsdə saxlanılırdı”.
Hesabatda həmçinin qeyd edilirdi ki, İordaniya qanunvericiliyi məhkəmə hakimiyyətinin müstəqilliyini müəyyən edir. Lakin təcrübədə məhkəmə hakimiyyətinin müstəqilliyi əvəzinə qohumbazlıq və xüsusi maraqların təsiri iddiaları mövcud olmuşdur
V. İŞGƏNCƏ İLƏ BAĞLI MÜVAFİQ MÜQAYİSƏLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ İŞGƏNCƏ YOLU İLƏ ƏLDƏ OLUNMUŞ SÜBUTDAN İSTİFADƏ
A. BMT-nin İşgəncələrə əleyhinə Konvensiyası
1. Konvensiyanın müvafiq müddəaları
125. Yüz qırx doqquz dövlət, o cümlədən Avropa Şurasının üzvü olan bütün dövlətlər BMT-nin 1984-cü il tarixli İşgəncə və Digər Qəddar və ya Qeyri-insani, yaxud Alçaldıcı Rəftar və ya Cəzaların Qarşısının Alınmasına dair Konvensiyanın (“BMTİƏK”) iştirakçısıdır. Konvensiyanın 1-ci maddəsində işgəncə anlayışı aşağıdakı kimi verilir:
“İşgəncə dedikdə, şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat və ya etiraf almaq, onun və ya üçüncü şəxs tərəfindən törədilmiş və ya törədilməsində şübhəli olduqları əmələ görə həmin şəxsi cəzalandırmaq və ya həmin şəxsə, yaxud üçüncü şəxsə hədə-qorxu gəlmək və ya onları məcbur etmək məqsədilə, yaxud istənilən formada ayrı-seçkiliyə əsaslanan səbəbə görə qəsdən fiziki və ya psixoloji xarakterli ağrı və ya əzab yetirilməsi ilə nəticələnmiş hərəkət etmə başa düşülür ki, bu zaman da belə ağrı və ya əzab dövlət rəsmisi və ya dövlət rəsmisi funksiyalarını icra edən başqa şəxs tərəfindən və ya onun təhriki ilə, yaxud da onun açıq ifadə olunan və ya susmaqla verilmiş razılığı əsasında yetirilir. O, qanuni sanksiyalardan irəli gələn, onlara xas olan və ya onlardan təsadüfən doğan ağrı və ya əzabları ehtiva etmir”.
126. 1-ci maddənin 2-ci bəndində qeyd edilir ki, bu maddə daha geniş tətbiq dairəsinə malik olan beynəlxalq sənədə və ya milli qanunvericilik aktına xələl gətirmir. 2-ci maddə dövlətlərdən yurisdiksiyası altında yerləşən istənilən ərazidə işgəncə aktlarının qarşısının alınması üzrə qanunvericilik, inzibati, məhkəmə və ya digər tədbirlərin görülməsini tələb edir. 4-cü maddə hər bir iştirakçı dövlətdən bütün işgəncə aktlarının cinayət qanunu əsasında kriminallaşdırılmasını təmin etməyi tələb edir.
127. 3-cü maddədə qeyd edilir:
“1. Konvensiya iştirakçısı olan heç bir dövlət işgəncəyə məruz qalacağına inanmaq üçün kifayət qədər əsaslar olan şəxsi başqa bir dövlətə qovmamalı, qaytarmamalı və ya ekstradisiya etməməlidir.
2. Belə əsasların olub-olmadığını müəyyənləşdirmək üçün səlahiyyətli dövlət orqanları bütün müvafiq mülahizələri, o cümlədən mümkün olduğu yerlərdə maraqlı dövlətdə insan hüquqlarının kobud, açıq və kütləvi pozuntusu hallarının mövcudluğunu nəzərə almalıdır”.
128. 12-ci maddəyə görə hər bir iştirakçı dövlət yurisdiksiyası altında olan ərazidə işgəncənin törədildiyinə inanmaq üçün ağlabatan əsaslar olduğu təqdirdə, səlahiyyətli dövlət orqanlarının dərhal və qərəzsiz araşdırma aparmasını təmin etməlidir.
129. 15-ci maddə tələb edir ki, hər bir dövlət işgəncə altında verildiyi müəyyən edilmiş istənilən ifadədən hər hansı prosesdə sübut kimi istifadə edilməməsini təmin etməlidir. Bu zaman işgəncə verməkdə təqsirləndirilən şəxsə qarşı ifadənin verilməsini sübut etmək üçün zəruri olan hallar istisnalıq təşkil edir.
2. BMTİƏK-nın 15-ci maddəsi ilə bağlı təcrübəsi və hesabatlar
(a) BMT-nin İşgəncələr Əleyhinə Komitəsi
130. “P.E. Fransaya qarşı (193/2001 nömrəli)” iş üzrə 2002-ci il 21 noyabr tarixində qəbul etdiyi qərarında Komitə Fransadan İspaniyaya ekstradisiya edilmiş alman vətəndaşı ilə bağlı məsələyə baxmışdır. Şikayətçi iddia etmişdir ki, İspaniyanın ekstradisiya ilə bağlı vəsatəti işgəncə yolu ilə üçüncü şəxsdən alınmış ifadələrə əsaslanmışdır. Komitə şikayəti əsassız olması səbəbi ilə rədd etsə də, belə hesab etmişdir ki, 15-ci maddənin müddəaları Fransada ekstradisiya ilə bağlı proseslərə tətbiq olunur və Fransa irəli sürülmüş iddiaların həqiqiliyini araşdırmaq öhdəliyi daşıyırdı. 15-ci maddənin “geniş tətbiq dairəsi” və onun ekstradisiya proseduruna tətbiqi Komitə tərəfindən “G.K. İsveçrəyə qarşı (219/2002 nömrəli)” işi üzrə 2003-cü il 7 may tarixində qəbul edilmiş qərarda təsdiq edilmişdir. Bu qərar həmçinin İspaniyaya ekstradisiya məsələləri ilə bağlı olmuş və burada ekstradisiya xahişinin əsası kimi üçüncü tərəfdən işgəncə yolu ilə alındığı iddia olunan ifadələr çıxış etmişdir. Üçüncü tərəfin ərizəsi əsasında ona işgəncə verənlər barədə qaldırılmış cinayət işinə İspaniyanın dövlət orqanları tərəfindən xitam verilmiş, buna görə də şikayət Komitə tərəfindən əsassız olması səbəbi ilə rədd edilmişdir. Buna görə də ərizəçini ekstradisiya etməklə İsveçrənin 15-ci maddənin tələblərini pozmadığı müəyyən edilmişdir.
131. Komitə Rusiya ilə bağlı 2007-ci il 6 fevral tarixində dərc etdirdiyi yekun qeydlərində (CAT/C/RUS/CO/4) narahatlığını ifadə edərək bildirmişdir ki, Rusiyanın Cinayət Prosessual Məcəlləsi işgəncə yolu ilə əldə edilmiş sübutun mümkünsüz olduğunu müəyyən etsə də, təcrübədə məhkəmələrə sübutun mümkünsüz hesab edilməsi barədə qərar qəbul etməyə və ya dərhal, qərəzsiz və səmərəli istintaq aparmağa göstəriş verməyə dair hər hansı təlimatın verilmədiyi ortaya çıxır. Komitə təcrübədə işgəncə yolu ilə əldə edilmiş sübutların mümkünsüzlüyü ilə bağlı prinsipə mütləq şəkildə hörmət olunmasını təmin etmək məqsədilə sübutun işgəncə və ya pis rəftar vasitəsilə əldə edildiyi müəyyən edirlərsə, məhkəmələr tərəfindən görülməli olan tədbirləri təsvir edən aydın hüquq normalarının qəbul edilməsini tövsiyə etmişdir.
Komitə Amerika Birləşmiş Ştatları ilə bağlı qəbul etdiyi yekun qeydlərində də (2006-cı il 25 iyul, CAT/C/USA/CO/2) 15-ci maddənin hərbi komissiyalara və Quantanamoda (Kuba) saxlanılan şəxslərin işləri ilə bağlı verilən şikayətlərə baxmalı olan orqanlara münasibətdə tətbiqi ilə bağlı narahatlığını ifadə etmişdir. O, ABŞ-a həbsxanalarında saxlanılan bütün şəxslərin hüquqlarının təmin edilməsi üçün müstəqil mexanizmin təsis edilməsini tövsiyə etmişdir.
Komitə Meksika ilə bağlı hesabatında (2003-cü il 26 may, CAT/C/75) bildirmişdir ki, Meksika Konstitusiyasının 20-ci maddəsi (bu maddə prokurora və ya hakimə verilməyən ifadənin, yaxud müdafiəçinin iştirakı olmadan verilən ifadənin sübut qüvvəsinə malik olmadığını təsbit etmişdir) təcrübədə işgəncənin qarşısını almaq üçün kifayət etmir. Saxlanılan şəxslər işgəncəyə məruz qaldıqları barədə prokurora məlumat verməyə qorxurlar. Hüquqi yardımdan yetərli səviyyədə istifadə olunmur. Polis və prokurorluq birgə işləyir və saxlanılan şəxslər dəfələrlə dindirilmək üçün bu iki orqan arasında get-gələ salınmış və sonra ifadə verməyə məcbur edilmişlər. Prokurorlar işgəncə barədə şikayətlərlə bağlı araşdırma aparmamış və apardıqları halda isə belə verilmiş etiraflardan istifadə etmişlər. Tibbi ekspertlər prokurordan kifayət qədər müstəqilliyə malik olmamışlar. Zorla əldə edilmiş etirafları istisna etmək “son dərəcədə çətin” olmuşdur. Məhkəmələr etirafedici ifadələrin könüllü şəkildə verilib-verilmədiyini müəyyən etmək üçün hər hansı müstəqil vasitəyə malik deyillər (hesabatın 155-ci, 196-202-ci və 219-220-ci bəndləri).
(b) Fransa
132. Pau Məhkəməsi “İrastorza Dorronsoro” işi üzrə 2003-cü il 16 may tarixində qəbul etdiyi 238/2003 nömrəli qərarında İspaniya tərəfinin ekstradisiya ilə bağlı təqdim etdiyi vəsatəti rədd etmək üçün 15-ci maddəyə istinad etmişdir. İspaniyanın dövlət orqanları həbsdə olan üçüncü tərəf, xanım Sorzabal Diaz tərəfindən verilmiş ifadələrin cənab İrastorza Dorronsoroya qarşı yeganə sübut olduğunu etiraf etmişdirlər. Məhkəmə müəyyən etmişdir ki, xanım Sorzabal Diazın həbsdə saxlanılan zaman fiziki zorakılığa məruz qaldığına inanmaq üçün ciddi əsaslar mövcuddur və İspaniyanın dövlət orqanlarına göndərilmiş sorğular bu narahatlıqları aradan qaldıra bilməmişdir. Buna görə də onun ifadələrinin 15-ci maddəyə zidd şəkildə alındığını istisna etmək olmaz və buna görə də ekstradisiya barədə xahiş rədd edilmişdir.
(c) Almaniya
133. Düsseldorfun Apellyasiya Məhkəməsi (Oberlandesgericht) terrorçuluqda şübhəli şəxsin Türkiyəyə ekstradisiya edilməsini rədd edən 2003-cü il 27 may tarixli qərarında da 15-ci maddəyə istinad etmişdir. Məhkəmə Türkiyənin BMTİƏK-nı ratifikasiya etdiyi və onun müddəalarını daxili qanunvericiliyinə inkorporasiya etdiyini qəbul etmişdir. Lakin xahiş olunan şəxsin ekstradisiyası zamanı həmin müddəalara əməl olunmayacağı ilə bağlı real risk (konkrete Gefahr) mövcud olmuşdur. Məhkəmə malik olduğu sübutlar əsasında 1998-ci ilin payızında otuz iki müttəhim tərəfindən İstanbul polisinə etirafedici ifadələrin Türkiyə təhlükəsizlik qüvvələrinin işgəncə aktlarının təsiri altında verildiyini güman etmək üçün ağlabatan əsasların (begründete Anhaltspunkte) olduğunu qət etmişdir. İşgəncə iddiaları tibbi sübutlar ilə təsdiq olunmuş (bəzən qeydlərin aydın olmadığına baxmayaraq) və daim fiziki cəhətdən yoxlanılması mümkün olmasa da, Türkiyənin polis təcridxanalarında bir qayda olaraq tətbiq olunan işgəncənin metodlarına dair hesabatlardan əldə olunmuş məlumata uyğun gəlmişdir. Bundan əlavə, digər təqsirləndirilən şəxsdən alınmış ifadələrdən Türkiyədə sorğu edilən şəxsə qarşı keçiriləcək proseslərdə istifadə olunacağına dair konkret sübutlar ilə əsaslandırılmış (durch konkrete Indizien belegte Gefahr) risk mövcud idi. Apellyasiya Məhkəməsi qəbul etmişdir ki, Türkiyə məhkəmələrindən öz qərarlarını qəbul edən zaman işgəncə yolu ilə əldə edilmiş sübutun qəbul edilməsinə qarşı olan daxili və beynəlxalq hüquq normalarının, həmçinin təsdiq edilməmiş etirafedici ifadələrin mümkünsüzlüyünə dair Türkiyənin Kassasiya Məhkəməsinin təcrübəsinin nəzərə alması tələb olunurdu. Bununla belə, insan hüquqlarının vəziyyətinə dair hesabatlarda dəfələrlə qeyd edilmişdir ki, Türkiyənin cinayət-mühakimə sistemi tərəfindən işgəncə iddialarının adekvat şəkildə araşdırılmaması o demək idi ki, məhkəmələr polis tərəfindən pis rəftar nəticəsində əldə edilmiş etirafedici ifadələrdən istifadə etməyə davam edirlər. İstanbul Milli Təhlükəsizlik Məhkəməsinin hazırkı işdə də bunu edəcəyindən qorxmaq üçün əsaslar mövcud idi. Belə ki, ən azından polis tərəfindən 1998-ci ildə alınmış ifadələrə istinad etmədən sorğu edilən şəxsə qarşı ittihamların sübut olunması qeyri-mümkün olacaqdı.
134. Kolon İnzibati Məhkəməsi (Verwaltungsgericht) bu işlə bağlı ekstradisiya işi üzrə 2003-cü il 28 avqust tarixində qəbul etdiyi qərarda Düsseldorf Apellyasiya Məhkəməsinin qərarına istinad etmişdir. Kolon Məhkəməsi müəyyən etmişdir ki, Türkiyə dövlət orqanlarının verdiyi sonrakı təminatlar Apellyasiya Məhkəməsinin gəldiyi nəticəni dəyişdirməmişdir. Bu təminatlar xüsusi xarakter daşımamış, Türkiyə qanunvericiliyinin işgəncə yolu ilə əldə edilən sübutlara tətbiq olunan ümumi müddəalarına istinad edilmişdir.
135. Hamburqun Apellyasiya Məhkəməsinin (Oberlandesgericht) Cinayət İşləri üzrə Kollegiyası tərəfindən baxılmış “re. Əl Motassadeq” işində müttəhim 2001-ci il 11 sentyabr hücumlarını törətməkdə iştirakçılığa görə ittiham edilmişdir. Məhkəməyə ABŞ həbsxanasında saxlanılmış və dindirilmiş üç şahidin ifadələrinin icmalı təqdim edilmişdir. ABŞ-ın dövlət orqanları dindirmənin xüsusiyyətləri ilə bağlı göndərilmiş sorğuya heç bir cavab verilməmişdir. Məhkəmə qərarını qəbul edən zaman işgəncənin mümkün, ictimaiyyət üçün açıq mənbələrdə istifadə edilib-edilmədiyini əsas kimi götürmüşdür. Məhkəmə müəyyən etmişdir ki, ümumilikdə şahidlərə işgəncə verilməsi ona sübut edilməmişdir, inter alia, ona görə ki, ifadələrin məzmunu birtərəfli olmamışdır. Bu o deməkdir ki, məhkəmə BMTİƏK-nın 15-ci maddəsini nəzərdən keçirməmək qərarına gəlmişdir, belə ki, onun fikrincə bu, sübutlardan istifadə ilə bağlı qadağana haqq qazandıracaqdı (bax: “A və digərləri (nömrə 2)” işi üzrə qərarın 60-cı, 122-123-cü və 140-141-ci bəndlərini icmalı). Müttəhimlərin Məhkəməyə verdikləri sonrakı ərizə açıq-aşkar əsassız olduğu üçün mümkünsüz elan edilmişdir (bax: “Əl Motassadeq Almaniyaya qarşı” (El Motassadeq v. Germany (dec.), no. 28599/07, 4 May 2010)).
B. Birləşmiş Krallıq
1. “A və digərləri (nömrə 2)” işi
136. “A və digərləri (nömrə 2) Daxili İşlər Nazirliyinə qarşı” işində (A and others (no. 2) v. Secretary of State for the Home Department [2005] UKHL 71) Lordlar Palatası başqa dövlətdə Britaniya rəsmisinin iştirakı olmadan işgəncə yolu ilə əldə edilmiş və ya əldə edilməsi mümkün olan sübutun İMŞBXK tərəfindən qanuni olaraq qəbul edilməsinin mümkünlüyü məsələsinə baxmışdır. Lordlar Palatası ümumi hüquq, Avropa Məhkəməsinin presedent hüququ və ümumi beynəlxalq hüquq, o cümlədən BMTİƏK-nın təcrübəsi əsasında bunun mümkün olmadığını qət etmişdir.
137. Lordlar Palatasının üzvləri sübutun mümkünlüyünün müəyyən edilməsi zamanı İMŞBXK-nın müvafiq testinin tətbiq edilib-edilməməsi məsələsində fikir ayrılığına malik olmuşlar. Palatanın bütün üzvləri razılaşmışdırlar ki, İMŞBXK-da prosedurların xüsusiyyətləri nəzərə alınarsa, sübutetmə vəzifəsinə adi yanaşma bu halda münasib deyildir. İMŞBXK-ya şikayət verən ərizəçidən sübutun işgəncə yolu ilə əldə edilməsi mümkünlüyü barədə həqiqətəuyğun əsas irəli sürməsindən artığını etmək tələb oluna bilməz. Ərizəçi bunu etdiyi təqdirdə, müvafiq araşdırmanı aparmaq artıq İMŞBXK-nın üzərinə düşür. Sonra əksəriyyət (Lord Houp, Lord Rocer, Lord Karsuel və Lord Braun) İMŞBXK-nın BMTİƏK-nın 15-ci maddəsində təsbit olunmuş mümkünlük testini qəbul etməli olduğunu qət etmişdirlər. Onlar bildirmişlər ki, İMŞBXK ehtimallar balansı əsasında sübutun işgəncə yolu ilə əldə edilib-edilmədiyini müəyyən etməlidir. Əgər belədirsə, İMŞBXK sübutu qəbul etməməlidir. Lakin şübhələri olduğu təqdirdə, o, sübutu qəbul etməli və onu qiymətləndirən zaman bu şübhələri nəzərə almalıdır. Bunun əksinə olaraq, Lord Binqəm, Lord Niçols və Lord Hofman müəyyən etmişdir ki, ehtimallar balansı heç zaman tətbiq oluna bilməz və o, BMTİƏK-nın praktiki səmərəliliyini sarsıda bilər. Onlar daha aşağı səviyyəli testi təklif etmişlər. Yəni İMŞBXK sübutun işgəncə yolu ilə əldə edilməsi ilə bağlı real riskin mövcud olması nəticəsinə gələrsə, o, bu sübutu qəbul etməməlidir.
...
C. Kanada
139. “Hindistan Sinqhə qarşı” (India v. Singh 108 CCC (3d) 274 (1996)) işində Britaniya Kolumbiyasının Ali Məhkəməsi məhkəmədən gizlənən Sinqhə qarşı prima facie işin işgəncə yolu ilə beş iştirakçıdan əldə olunduğu etirafedici sübutlara əsaslanması ilə bağlı ekstradisiya sorğusuna baxmışdır. Məhkəmə müəyyən etmişdir ki, prima facie işin mövcud olması səbəbi ilə ektradisiyanın başlanmasının mümkün olub-olmamasını müəyyən etmək məqsədi üçün işgəncə yolu ilə əldə edilmiş ifadə qəbuledilməzdir. Lakin ifadənin bu yolla əldə edilməsini sübut etmək vəzifəsi belə bir iddianı irəli sürən şəxsin üzərinə düşür. Belə razılığa gəlinmişdir ki, bu iddia ehtimallar balansı əsasında sübut edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, bu standart əsasında iddia dörd ifadə barəsində təsdiq olunmamış, lakin beşinci ifadə barədə təsdiq olunmuşdur.
140. “A və digərləri (nömrə 2)” işində qəbul edilmiş yanaşma Kanada Federal Məhkəməsinin “Mahcub Kanadaya (Vətəndaşlıq və İmmiqrasiya Məsələləri üzrə nazir)” qarşı işində də nümayiş etdirilmişdir. “Mahcub” işi də təminatlar verilməklə deportasiya məsələsi ilə bağlı idi və aşağıdakı 153-cü bənddə bu işin icmalı verilmişdir.
VI. TƏMİNATLARLA BAĞLI MÜVAFİQ MİLLİ VƏ BEYNƏLXALQ TƏCRÜBƏ VƏ ŞƏRHLƏR
141. “İsmoilov və Digərləri Rusiyaya qarşı” (Ismoilov and Others v. Russia, no. 2947/06, §§ 96-100, 24 April 2008) işində icmalı verilmiş təminatlarla bağlı şərhə əlavə olaraq tərəflər aşağıdakı materialları təqdim etmişlər.
A. Hesabatlar və digər beynəlxalq şərhlər
142. BMT-nin İşgəncələr Əleyhinə Komitəsi ABŞ ilə bağlı 2006-cı il tarixli yekun qeydlərində tövsiyə etmişdir ki, diplomatik təminatlara yalnız BMTİƏK-nın müddəalarını sistematik olaraq pozmayan dövlətlərə münasibətdə və hər bir fərdi işin mahiyyəti ilə bağlı məsələlər hərtərəfli araşdırıldıqdan sonra əsaslanmaq olar. O, təminatların əldə olunması üçün adekvat məhkəmə nəzarəti mexanizminə və geri qaytarılmadan sonra təşkilati işlərin səmərəli monitorinqinə malik açıq prosedurların olmasını tövsiyə etmişdir.
143. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Luis Arbur Avropa Şurasının İnsan Hüquqları və Terrorçuluqla Mübarizə üzrə Mütəxəssislər Qrupuna 2006-cı ilin fevral ayında etdiyi müraciətində bildirmişdir:
“Monitorinq üzrə beynəlxalq qurumların və ekspertlərin uzun təcrübəsinə əsaslanaraq bildirmək olar ki, müstəsna dərəcədə bir işdə işgəncənin və pis rəftarın qarşısını almaq üçün təsis edilən qaytarılmadan sonrakı monitorinq mexanizmi çətin ki, arzu olunan nəticəyə səbəb olsun. Belə təcrübələr tez-tez məxfi şəkildə baş verir və onu törədənlər belə hüquq pozuntularını gizlətmək qabiliyyətinə malik olurlar. Zərərçəkmişlər cəzalanmaqdan qorxaraq çəkdikləri iztirablar barədə danışmağa çox zaman meylsizdirlər, yaxud da onları kimsə bunu etməyə inandıra bilmir”.
144. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq 2006-cı il 27 iyun tarixində belə bir fikir ifadə etmişdir ki, diplomatik təminatlar mötəbər olmayan vədlərdir və mövcud təcrübədə onların səmərəsiz olduğu üzə çıxır. Onun fikrincə geri qaytarılmama prinsipi (principle of non-refoulement) rahat, məcburi xarakter daşımayan vədlər vasitəsilə sarsıdılmamalıdır.
145. Birləşmiş Krallıq hökumətinin təminatların alınması üzrə siyasəti ilə bağlı narahatlıq Birləşmiş Krallığın Parlamentinin İnsan hüquqları üzrə Birgə Komitəsi (2006-cı il 18 may tarixli hesabatda) və İcmalar Palatasının Xarici İşlər üzrə Xüsusi Komitəsi (2008-ci il 20 iyul tarixli hesabat) tərəfindən də ifadə olunmuşdur.
146. “Human Rights Watch” təşkilatı təminatlardan istifadəni sərt şəkildə tənqid etmişdir. O, 2008-ci ildə dərc etdiyi “Ayağınızın altına baxın: Diplomatik Təminatlar və İşgəncəyə Qlobal Qadağanın Eroziyası” adlı məqaləsində bildirmişdir ki, təminatlarla bağlı problem işgəncənin özünün təbiətində dayanır, belə ki, işgəncə gizli şəkildə və əsasən onun müəyyən edilməsinə imkan verməyən vasitələrdən istifadə etməklə verilmişdir. Məqalədə Birləşmiş Krallıq ilə İordaniya arasındakı təşkilati işlərlə bağlı məsələlərə də toxunulurdu. O, Ədalehi xırda QHT kimi xarakterizə etmiş və azacıq təcrübəyə, mübahisə doğuran müstəqilliyə və faktiki olaraq hökuməti cavabdehlik daşımağa məcbur etmək üçün heç bir səlahiyyətə malik olmayan bir qurumun anlaşma memorandumu əsasında ölkəyə qaytarılmış şəxsin təhlükəsizliyini necə təmin edə biləcəyi məsələsini qaldırmışdır.
B. BMTİƏK-nın 3-cü maddəsi ilə bağlı şikayətlər
147. Yuxarıda 127-ci bənddə qeyd edildiyi kimi BMTİƏK-nın 3-cü maddəsi şəxsin işgəncəyə məruz qala biləcəyinə inanmaq üçün kifayətedici əsaslar olduğu təqdirdə geri qaytarılmanın həyata keçirilməsini qadağan edir. “Aqiza İsveçə qarşı” (2005-ci il 20 may tarixli qərar 233/2003 nömrəli kommunikasiya) işində ərizəçi 1998-ci ildə Misir məhkəməsi tərəfindən qiyabi yolla terrorçuluq fəaliyyətində təqsirli bilinərək məhkum edilmişdir. 2000-ci ildə o, İsveçdən sığınacaq istəmişdir. Onun xahişi rədd edilmiş və o, 2001-ci ildə işgəncəyə məruz qaldığını iddia etdiyi Misirə qaytarılmışdır. Komitənin qərardan belə görünür ki, onun xahişinə baxılan zaman İsveç hökumətinin rəsmiləri Qahirədə Misir hökumətinin nümayəndələri ilə görüşmüş və məsul vəzifəli şəxsdən ərizəçinin geri qaytarılacağı təqdirdə onunla beynəlxalq hüquq normalarına uyğun şəkildə davranılacağı barədə təminatlar almışlar.
148. Komitə onun ərizəsini BMRİƏK-nın 3-cü maddəsi əsasında araşdıran zaman hesab etmişdir ki, İsveçin dövlət orqanları Misirdə saxlanılan şəxslərə, xüsusilə siyasi və təhlükəsizlik səbəbləri ilə bağlı saxlanılan şəxslərə ardıcıl olaraq və geniş miqyasda işgəncələrin tətbiq olunması barədə xəbərdar idilər və ya xəbərdar olmalı idilər. İsveç həmçinin onu da bilirdi ki, ərizəçi bu kateqoriya şəxslərə aid idi və xarici kəşfiyyat orqanlarının da onunla bağlı marağı mövcud idi. İsveç polisinin əməkdaşları ərizəçinin ölkə hüdudlarından kənara çıxarılmasından birbaşa əvvəl adı məlum olmayan xarici dövlətin xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən pis rəftara məruz qalmasına da göz yummuşlar. Bu amillər onu göstərir ki, ərizəçinin İsveç tərəfindən ölkə hüdudlarından kənara çıxarılması zamanı 3-cü maddənin tələbləri pozulmuşdur. Komitənin fikrincə: “diplomatik təminatların əldə olunması (bu zaman onların yerinə yetiriləcəyi ilə bağlı mexanizm mövcud olmur) şəxsi bu bariz riskdən qorumaq üçün kifayət etmir”.
149. Komitə həmçinin müəyyən etmişdir ki, İsveç ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı qərara səmərəli, müstəqil və qərəzsiz şəkildə baxılması üçün mexanizmin təmin edilməsi ilə bağlı həmin maddədə nəzərdə tutulmuş prosessual öhdəliyini də pozmuşdur. Belə ki, bu qərar İsveç hökuməti tərəfindən sığınacaqla bağlı qərarlar üzrə normal apellyasiya proseduralarına əməl olunmadan qəbul edilmişdir. Qərarın qəbul edilməsindən dərhal sonra ərizəçini ölkə hüdudlarından kənara çıxarmaqla İsveç həmçinin Konvensiyanın 22-ci maddəsində nəzərdə tutulmuş şəxsin Komitə ilə səmərəli şəkildə fərdi yazışmasına hörmət edilməsi hüququnu da pozmuşdur.
150. “Pelit Azərbaycana qarşı” (2007-ci il 29 may tarixli qərar, 281/2005 nömrəli kommunikasiya) işində Komitənin işə onun tərəfindən baxılana qədər ərizəçinin ekstradisiya edilməməsi ilə bağlı müvəqqəti xarakterli tədbirin tətbiqinə dair qərar qəbul etməsinə baxmayaraq, ərizəçi Azərbaycandan Türkiyəyə ekstradisiya edilmişdir. Belə aydın olur ki, onu təslim etməzdən öncə Azərbaycan Türkiyədən pis rəftar olunmayacağı ilə bağlı təminatlar almışdır və təslim etdikdən sonra monitorinqin aparılacağı ilə bağlı bəzi şərtləri irəli sürmüşdür. Azərbaycan Komitənin bu təminatların qənaətbəxş olub-olmadığı ilə bağlı müstəqil qiymətləndirməni aparması üçün onları Komitəyə təqdim etmədiyindən, eyni zamanda monitorinqin detallarını və onun obyektiv, qərəzsiz olmasını və kifayət qədər həqiqəti əks etdirməsini təmin etmək üçün görülmüş tədbirləri lazımı səviyyədə xüsusi dəqiqliklə açıqlamadığından, Komitə 3-cü maddənin pozulduğunu qət etmişdir
C. “Məhəmməd Əlzeri İsveçə qarşı” işi
151. “Məhəmməd Əlzeri İsveçə qarşı” (2006-cı il 10 noyabr, CCPR/C/88/D/1416/2005) işində BMT-nin İnsan Hüquqları Komitəsi Misir vətəndaşının Misir hökumətindən diplomatik təminatlar alındıqdan sonra İsveç tərəfindən bu ölkəyə geri qaytarılması məsələsinə baxmışdır. Komitə işin mahiyyəti ilə bağlı bildirmişdir:
“11.3 ...Diplomatik təminatların mövcudluğu, onların məzmunu və bu təminatların icra mexanizmlərinin həyata keçirilməsi təsvir edilmiş pis rəftar riskinin faktiki olaraq mövcud olub-olmadığını ümumi şəkildə müəyyən etmək üçün faktiki elementlərdir.
...
11.5. Komitə qeyd edir ki, əldə olunmuş təminatlarda onların icrası üzərində monitorinqin həyata keçirilməsi üçün hər hansı mexanizm nəzərdə tutulmamışdır. Təminatların mətnindən kənarda da onların səmərəli şəkildə həyata keçirilməsini təmin edəcək təşkilati işlər də görülməmişdir. İştirakçı dövlətlərin səfiri və səfirliyin əməkdaşları ziyanın vurula bilinməsi müddətinə məhəl qoymadan geri qaytarılmadan beş həftə sonra ərizəçiyə baş çəkmişlər. Bundan əlavə, baş çəkənlər saxlanılan şəxslərlə görüşün qapalı şəkildə keçirilməsini və hətta pis rəftarla bağlı mühüm iddialar ortaya çıxdıqdan sonra müvafiq məhkəmə-tibb ekspertizasının həyata keçirilməsini təkid etməməklə, bu sahədə mövcud olan mütərəqqi beynəlxalq təcrübənin əsas elementlərinə uyğun davranmamışlar. Bu amillər fonunda iştirakçı dövlət hazırkı işdə əldə edilmiş diplomatik təminatların faktiki olaraq pis rəftar riskinin Paktın 7-ci maddəsinin tələblərinə uyğun səviyyədə aradan qaldırılması üçün kifayət etdiyini sübut edə bilməmişdir. Beləliklə, bu işdə ölkə hüdudlarından kənara çıxarılma ilə Paktın 7-ci maddəsinin tələbləri pozulmuşdur”.
D. Kanadanın məhkəmə təcrübəsi
1. “Sureş” işi
152. “Sureş Kanadaya (Vətəndaşlıq və İmmiqrasiya Məsələləri Naziri) qarşı” işində ([2002] 1 SCR 3) Kanadanın Ali Məhkəməsi yekdilliklə müəyyən etmişdir ki, beynəlxalq hüquq işgəncənin tətbiqi üçün real riskin olması barədə sübutun olduğu təqdirdə, deportasiyanın həyata keçirilməsini qadağan edir. O, deportasiyanın bütün işlərdə konstitusiyaya zidd olacağını (və qaçqınların hüquqları ilə onun doğurduğu təhlükə arasında balansın aparılmasının mümkün olduğunu) müəyyən etməmişdir, lakin qaçqın ölkə hüdudlarından kənara çıxarıldıqda, balans məsələsi adətən ortaya çıxır. Məhkəmə işgəncələrlə bağlı təminatlara əsaslanmaq məsələsi ilə əlaqədar həmçinin aşağıdakıları qeyd etmişdir (124-125-ci bəndlər):
“Dövlət tərəfindən ölüm cəzasının tətbiq edilməyəcəyi ilə bağlı (qanuni proses vasitəsilə) verilən təminatla dövlətin işgəncələrə yol verməyəcəyi (qanunsuz proses) ilə bağlı verdiyi təminatlar arasında fərq qoyulmalıdır. Əgər dövlət keçmişdə öz ərazisində qanunsuz olaraq işgəncə tətbiq etməklə məşğul olmuşdursa və ya başqalarına bunu etməyə imkan vermişdirsə, onun gələcəkdə işgəncə tətbiq etməyəcəyi ilə bağlı təminatlarına həddindən çox etibar etməyin çətin məsələ olduğunu bildirərdik. İşgəncənin sadəcə dövlətin razılığı ilə deyil, onun öz rəsmilərinin davranışına nəzarət etməkdə nümayiş etdirdiyi gücsüzlük nəticəsində tətbiq edildiyi hallarda bu çətinlik daha kəskin şəkildə ortaya çıxır. Buna görə də ölüm cəzası ilə bağlı təminatlarla işgəncə ilə bağlı təminatlar fərqləndirilməlidir. Birincisi üzərində monitorinq aparmaq daha asandır və o, ikinciyə nisbətən daha etibarlıdır.
Xarici hökumət tərəfindən verilən təminatları qiymətləndirən zaman nazir həmçinin bu təminatları verən hökumətdə insan hüquqlarının vəziyyətini, onun verdiyi təminatlara əməl edib-etmədiyini və hökumətin təminatlara əməl etmək imkanlarını (xüsusilə hökumətin təhlükəsizlik qüvvələri üzərində nəzarəti həyata keçirə bilməsi ilə bağlı şübhələr mövcuddursa) də nəzərə almağı istəyə bilər”.
2. “Mahcub” işi
153. Misirə deportasiya ilə bağlı olan “Mahcub Kanadaya (Vətəndaşlıq və İmmiqrasiya Məsələləri üzrə nazir)” qarşı işində ((F.C.), 2006 FC 1503) Kanadanın Federal Məhkəməsi iki məsələyə baxmışdır: milli təhlükəsizliyə fərdi riski qiymətləndirən zaman nazir işgəncə yolu ilə əldə edilmiş sübutu əsas kimi götürməli idimi və işgəncələrin sistematik olaraq tətbiq edildiyi ölkənin verdiyi təminatlara etibar etmək düzgün idimi.
Birinci məsələ ilə bağlı məhkəmə Kanadanın müvafiq qərarlarını və “A və digərləri (nömrə 2)” işini (yuxarıda 136-137-ci bəndlərə bax) nəzərdən keçirərək, müəyyən etmişdir ki, qanunvericiliyə görə işgəncə yolu ilə əldə edilməsi ehtimal olunan sübutu əsas kimi götürmək düzgün deyildir. Lakin ölkə hüdudlarından kənara çıxarılmağa haqq qazandırmaq məqsədilə işgəncəni mövcud konkret sübutla əlaqələndirmək üçün mötəbər sübutlar olmalıdır. “Sinqh” işində istifadə edilmiş ehtimalların balansı testi (yuxarıda 139-140-cı bəndlərə bax) ərizəçinin ona qarşı olan sübutu görmədiyi halda milli təhlükəsizliklə bağlı işlərdə münasib hesab edilə bilməz. Bunun əksinə, məsələ sübutun işgəncə yolu ilə əldə olunduğu ehtimalı ilə bağlı həqiqətəuyğun izah verən ərizəçi tərəfindən qaldırıldıqda, qərar qəbul edən sonradan işi açıq və məxfi xarakterli informasiyalar fonunda nəzərdən keçirməlidir. Qərar qəbul edən orqan sübutun işgəncə yolu ilə əldə edildiyini güman etmək üçün ağlabatan əsasların mövcud olduğunu qət edərsə, qərarın qəbul edilməsi zamanı bu sübut əsas kimi götürülməməlidir.
İkinci məsələ ilə bağlı, məhkəmə müəyyən etmişdir ki, qərarı qəbul etmiş icra orqanının Mahcuba qarşı işgəncənin tətbiq ediləcəyi ilə bağlı real riskin olmaması məsələsi barədə qərar qəbul edən zaman Misir tərəfindən pis rəftara qarşı verilmiş təminatlara etibar etməsi açıq-aşkar əsassız idi. O qeyd etmişdir:
“Ali Məhkəmə tərəfindən “Sureş” işində müəyyən edilmiş amillər xarici dövlət tərəfindən verilmiş təminatların həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün “ehtiyatlılıq çərçivəsini” təsbit edir. Misal üçün, insan hüquqlarının vəziyyəti aşağı səviyyədə olan hökumətin verdiyi təminatlara əməl edib-etmədiyi bir qayda olaraq daha yaxından yoxlanılmalıdır. Əməl etmənin aşağı səviyyədə olması öz növbəsində monitorinq mexanizmləri və ya insan hüquqları sahəsindəki beynəlxalq qurumlar tərəfindən tövsiyə olunan digər təminatlar kimi əlavə şərtlərin irəli sürülməsini tələb edə bilər. Bunun əksinə, insan hüquqlarının vəziyyəti qənaətbəxş olan ölkələrin əsasən verdiyi təminatlara əməl etmə səviyyəsi də yüksək olur və buna görə də bu təminatlara inamın artırılması üçün əlavə şərtlərin irəli sürülməsi zəruri olmaya da bilər”.
İcra orqanı təminatlara etibar nümayiş etdirən zaman Misir hökumətində insan hüquqlarının vəziyyətini, həmçinin onun təminatlarına əməl etmə səviyyəsini nəzərə almamışdır. Misirdə insan hüquqları sahəsindəki vəziyyətin pis olması ilə bağlı hesabatların çox olduğu nəzərə alınarsa, bu hal xüsusilə narahatlıq doğurur. Təminatların ehtiva olunduğu iki diplomatik notada monitorinq mexanizmləri barədə heç bir qeyd yoxdur və burada Mahcubla pis rəftar edilməyəcəyi barədə də heç bir xüsusi öhdəlik olmamışdır. Kanadanın Misirdən belə bir monitorinq mexanizmini tələb etdiyini güman etmək üçün də hər hansı bir əsas mövcud deyildi.
3. “Lai Çeonq Sinq və Tsanq Minq Na” işi
154. “Lai Çeonq Sinq və Tsanq Minq Na Kanadaya (Vətəndaşlıq və İmmiqrasiya Məsələləri üzrə nazir) qarşı” işində (2007 FC 361) ərizəçilərin qaçaqmalçılıq və rüşvətxorluğa görə məhkəmə qarşısına çıxarılmaları üçün Çinə geri qaytarılmaları xahiş edilirdi. Çin tərəfindən təqdim edilmiş diplomatik notada göstərilirdi ki, onlar ölüm cəzasına məhkum edilməyəcək və işgəncəyə məruz qalmayacaqlar. Federal Məhkəmə qət etmişdir ki, qərar qəbul edən icra orqanı ölüm cəzasının tətbiq edilməyəcəyi ilə bağlı verilmiş təminata etibar edə bilərdi, belə ki, Ali Xalq Məhkəməsi buna əməl olunmasını təmin edəcəkdi.
İşgəncə riskinə gəlincə, qərar qəbul edən orqan bildirmişdir ki, verilmiş təminatlar özü-özlüyündə qəbul edən ölkədə işgəncə riskinin mövcud olduğunu etiraf etmək demək idi. Lakin o, ərizəçilərin bədnam imici ilə hamıya tanış olduğunu bildirərək, bunun onları işgəncə təhlükəsindən qoruyacağını qeyd etmişdir. Məhkəmə icra orqanının bu məsələdə səhvə yol verdiyini qət etmişdir. İlk növbədə, orqan ərizəçilərin işgəncə tətbiq edilməsinin kifayət qədər sistematik və ya geniş miqyaslı olduğu təqdirdə, təminatların tələb olunmasına zərurətin olmadığı ilə bağlı dəlillərini araşdırmamış və xüsusilə, ümumiyyətlə Çin tərəfindən verilmiş təminatlara etibar edilməsinin mümkünlüyü məsələsinə qiymət verməmişdir. İkincisi, məhkəmə müəyyən etmişdir ki, təminatın səmərəli və əhəmiyyətli olması üçün o, ən azından bəzi mühüm tələblərə cavab verməlidir. Ölüm cəzasından fərqli olaraq işgəncə bağlı qapılar arxasında tətbiq olunur və üzə çıxdığı vaxt dövlət tərəfindən inkar edilir. Hətta monitorinq mexanizmlərinin də bu məsələdə problematik olması üzə çıxmışdır, belə ki, misal üçün işgəncəyə və ya pis rəftara məruz qalmış şəxslər cəzalanmaqdan qorxduqları üçün çox zaman bu barədə danışmırlar. Buna görə də qərarı qəbul edən orqan təminatların əhəmiyyətli və etibarlı olma kimi tələblərə cavab verib-vermədiyini müəyyən etməməklə və sadəcə olaraq ərizəçilərin bədnam imicinin onları qoruyacağını əsas kimi götürməklə səhvə yol vermişdir. Belə bir nəticə açıq-aşkar əsassız olmuşdur. İşgəncənin üzə çıxarıla bilinməsi üçün bəzi icra və yoxlama mexanizmləri mövcud olmalıdır (yəni, müstəqil təşkilatlar tərəfindən həyata keçiriləcək səmərəli monitorinq mexanizmləri). Buna görə də işgəncə heç kimin bilmədiyi şəraitdə tətbiq ediləcəyi təqdirdə ərizəçilərin bədnam imici onlara heç bir köməklik göstərə bilməzdi.
Məhkəmə ərizəçilərin Çində keçiriləcək ədalətsiz məhkəmə baxışının qəddar və qeyri-adi rəftara bərabər olacağı və bunun da nəticəsində uzun müddətli azadlıqdan məhrumetmə cəzasının tətbiq ediləcəyi ilə bağlı dəlilini rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, qərar qəbul edən orqan, inter alia, ərizəçilərin əleyhinə sübutların şahidlərə işgəncə verilməsi yolu ilə əldə olunduğunu təsdiq edən heç bir sübutun olmadığı təqdirdə məhkəmə baxışının ədalətli olacağı nəticəsinə gələ bilərdi.
VII. SAXLANMA HAQQINDA QƏRARLARA YENİDƏN BAXILMASI VƏ ƏDALƏTLİ MÜHAKİMƏ HÜQUQU İLƏ BAĞLI BEYNƏLXALQ HÜQUQ NORMALARI
A. Saxlanma haqqında qərarlara yenidən baxılması
155. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 9-cu maddəsinin 3-cü bəndində, inter alia, qeyd edilir ki, cinayət işi üzrə ittiham edilərək həbs edilmiş və ya tutulmuş istənilən şəxs dərhal hakim və ya qanunla məhkəmə orqanı səlahiyyətini həyata keçirən başqa rəsminin qarşısına çıxarılmalıdır. İnsan Hüquqları Komitəsi 9-cu maddə ilə bağlı verdiyi 8 nömrəli Ümumi Şərhdə (1982) bildirmişdir ki, hakimin qarşısına çıxarılma bir neçə gündən artıq müddətə gecikdirilə bilməz. O, dörd, yeddi və səkkiz gün müddətinə saxlama zamanı (müvafiq olaraq, “Freemantle Yamaykaya qarşı”, 625/1995 nömrəli kommunikasiya; “Qrant Yamaykaya qarşı”, 597/1994 nömrəli kommunikasiya; “Stephens Yamaykaya qarşı”, 373/1989 nömrəli kommunikasiya) 9-cu maddənin 3-cü bəndinin pozulduğunu təsbit etmişdir.
BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçisi Ümumi Tövsiyəsində bildirmişdir ki, məhkəmə qərarı olmadan maksimal saxlama müddəti qırx səkkiz saat olmalıdır (E/CN.4/2003/68, bənd 26 (g)).
“Kulomin Macarıstana qarşı” işində (521/1992 nömrəli kommunikasiya) İnsan Hüquqları Komitəsi müəyyən etmişdir ki, saxlama haqqında qərardan verilən şikayətə baxan orqan dedikdə şübhəli şəxsin işi üzrə istintaqı aparan prokuror başa düşülməməlidir, belə ki, həmin prokuror zəruri institusional obyektivliyə və qərəzsizliyə malik deyildir.
B. Vəkil ilə görüş
156. “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, §§ 37-44, ECHR 2008) işində mövcud materiallardan başqa ərizəçi aşağıdakı materialları təqdim etmişdir.
MSHBP-nin 14-cü maddəsinin 3-cü bəndinin b) yarımbəndinə görə cinayət törətməkdə təqsirləndirilən hər bir kəsin “müdafiəsini hazırlamaq üçün adekvat zamana və imkanlara malik olmaq və öz seçdiyi vəkil ilə əlaqə yaratmaq” hüququ vardır. İnsan Hüquqları Komitəsi 14-cü maddə ilə bağlı 20 nömrəli Ümumi Şərhində (1992) bildirmişdir ki, saxlanılan şəxsin müdafiəsi ona dərhal və mütəmadi əsasda vəkillə görüş imkanının verilməsini tələb edir. “Qridin Rusiyaya qarşı” işində (770/1997 nömrəli kommunikasiya) beş gün müddətində vəkillə görüşməyə imkan verilməməsi 14-cü maddənin pozuntusu hesab edilmişdir.
İşgəncələr Əleyhinə Komitə 2 nömrəli Ümumi Şərhinə (“Salduz” işində 43-cü bənddə istinad edilmişdir) əlavə olaraq saxlanmanın, xüsusilə işgəncə verilməsi riskinin ən yüksək olduğu ilk saatlarında və günlərində, işgəncələrə qarşı əsas müdafiə tədbiri kimi həbs edilmiş şəxslərin kiməsə saxlanmaları barədə məlumat vermək, dərhal vəkillə görüşmək və müstəqil həkim tərəfindən müayinə olunmaq hüququnun olduğunu vurğulamışdır (bax: Albaniya ilə bağlı 2005-ci il 21 iyun tarixli nəticə və tövsiyələrin 8-ci bəndinin i) yarımbəndi və Fransa ilə bağlı 2006-cı il 3 aprel tarixli nəticə və tövsiyələrin 16-cı bəndi).
İşgəncələr üzrə Xüsusi Məruzəçi vəkillə görüşün iyirmi dörd saat ərzində təmin edilməli olduğunu bildirmişdir (2001-ci il 3 iyul tarixli hesabat, A/56/156, 39-cu bəndin f) yarımbəndi).
C. Hərbi Məhkəmələr
157. Ərizəçi “Ergin Türkiyəyə qarşı (nömrə 6)” (47533/99 nömrəli iş, ECHR 2006-VI) işindən sonra ortaya çıxmış aşağıdakı beynəlxalq hüquqi sənədlərə istinad etmişdir.
158. İnsan Hüquqları Komitəsi MSHBP-nin 14-cü maddəsi (ədalətli məhkəmə baxışı hüququ) ilə bağlı 2007-ci ilin avqust ayında hazırladığı 32 nömrəli Ümumi Şərhində bildirmişdir:
“Pakt mülki şəxslərin işlərinə hərbi və ya xüsusi məhkəmələr tərəfindən baxılmasını qadağan etməsə də, belə məhkəmə baxışlarının 14-cü maddənin tələblərinə tam uyğun keçirilməsini və müvafiq məhkəmənin hərbi və siyasi xarakterə malik olması səbəbi ilə təminatların məhdudlaşdırılmaması və ya dəyişdirilməməsini tələb edir. Komitə həmçinin qeyd edir ki, mülki şəxslərin işlərinə hərbi və ya xüsusi məhkəmələr tərəfindən baxılması müvafiq məhkəmə baxışlarının obyektiv, qərəzsiz və müstəqil şəkildə keçirilməsi ilə bağlı ciddi problemlər ortaya çıxarır. Buna görə də belə məhkəmə baxışlarının 14-cü maddədə təsbit edilmiş bütün təminatların həqiqətdə verildiyi şəraitdə keçirilməsini təmin etmək üçün zəruri olan bütün tədbirlərin görülməsi vacibdir. Mülki şəxslərin işlərinə hərbi və ya xüsusi məhkəmələr tərəfindən baxılması müstəsna xarakter daşımalı, yəni iştirakçı dövlətin belə məhkəmə baxışlarının keçirilməsinin zəruri olduğunu, obyektiv və ciddi səbəblərlə izah edildiyini və konkret fərdlər və ya cinayətlər qrupu ilə bağlı işlərə adi mülki məhkəmələrin baxa bilməyəcəyini sübut etdiyi hallarla məhdudlaşmalıdır”.
159. Komitə “Madani Əlcəzairə qarşı” (2007-ci il 21 iyun, 1172/2003 nömrəli kommunikasiya) işində belə bir nəticəyə gəlmişdir ki, ərizəçinin işinə hərbi məhkəmə tərəfindən baxılması və onun barəsində ittiham hökmünün çıxarılması 14-cü maddənin tələblərini pozmuşdur. Hərbi hakimlərin müstəqil karyera strukturuna malik olmaları, onların fəaliyyətinə Ali Məhkəmə Şurası tərəfindən nəzarət edilməsi və ya məhkəmə qərarlarından Ali Məhkəməyə şikayət edilməsinin mümkünlüyü belə bir nəticəyə gəlmənin qarşısını ala bilməmişdir. Komitə müəyyən etmişdir ki, Əlcəzair Madaninin işinə hərbi məhkəmədə baxılması səbəbini izah edə bilməmişdir. Bu məsələdə cinayətin ağırlığı və ya xarakteri yetərli deyildir. Belə bir nəticə onu göstərir ki, Komitə hərbi məhkəmənin 14-cü maddədə nəzərdə tutulmuş təminatları təmin edib-etmədiyinin araşdırılmasını zəruri hesab etməmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
160. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə istinad edərək İordaniyaya deportasiya ediləcəyi təqdirdə işgəncə və ya pis rəftara məruz qalacağı ilə bağlı real riskin mövcud olmasından şikayət etmişdir. 3-cü maddədə qeyd edilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.
A. Tərəflərin izahatları
1. Hökumət
161. Hökumət bildirmişdir ki, ərizəçinin və üçüncü tərəflərin təqdim etdikləri diplomatik təminatlarla bağlı materiallar (yuxarıda 141-146-cı bəndlərə bax) Konvensiyanın mövcud tələblərini deyil, təcrübənin necə olmalı olduğunu əks etdirir. Məhkəmənin yanaşması belə idi ki, öz-özlüyündə təminatlar pis rəftarın qarşısını almaq üçün yetərli deyildir. Lakin Məhkəmə həmçinin bu təminatların praktikada tətbiqi zamanı pis rəftara qarşı qənaətbəxş səviyyədə müdafiə tədbirləri ehtiva edib-etmədiyini də araşdıracaqdır (bax: “Babar Əhməd və Digərləri Birləşmiş Krallığa qarşı” (Babar Ahmad and Others v. the United Kingdom (dec.), nos. 24027/07, 11949/08 and 36742/08, § 106, 6 July 2010)). Bundan əlavə, ərizəçinin izahatlarının əksinə olaraq (aşağıda 168-ci bəndə bax) Məhkəmənin təcrübəsində təyinat ölkəsində işgəncələrin sistematik xarakter alması səbəbinə görə pis rəftar riskinin real olduğu halda təminatların bu riski aradan qaldırmasının mümkünsüzlüyünə dair prinsip mövcud deyildir.
162. İMŞBXK təminatlarla bağlı Məhkəmənin yanaşmasını əsas götürmüşdür. O, təminatların mənası və mümkün nəticəsi, İordaniyadakı mövcud vəziyyətlə bağlı bir çox sübutlar əldə etmişdir. O, bu sübutu böyük diqqətlə araşdırmışdır. İMŞBXK-nın qərarını qəbul etməsi üçün əsas kimi götürdüyü bütün amillər ən azından onların müəyyən edilməsi zamanı olduğu kimi tətbiq edilməkdə davam etdirilmişdir. İMŞBXK-nın gəldiyi nəticələr onların müəyyən edilməsindən sonra dərc edilmiş tənqidi hesabatlarla dəyişdirilə bilməz. Bu hesabatlar ümumi təbiətə malik idi. Sübutlar yalnız onu göstərirdi ki, insan hüquqlarının vəziyyəti yaxşılaşmış və dəqiq olaraq İMŞBXK-nın qərarından sonra pisləşməmişdir.
163. Hökumət bildirmişdir ki, aşağıdakı səbəblərə görə İMŞBXK İordaniya tərəfindən hazırkı işdə verilmiş təminatların kifayət edəcəyini qət etmişdir: i) İordaniya öz öhdəliklərinə əməl etmək arzusunda və iqtidarında olmuşdur; ii) ərizəçinin tanınmış şəxs olması onu müdafiə edəcəkdi və iii) Ədaleh Mərkəzi tərəfindən monitorinq həyata keçiriləcəkdi.
164. İlk növbədə Hökumət təkrar etmişdir ki, anlaşma memorandumunda əks olunmuş təminatlar vicdanlı şəkildə verilmiş və İordaniya hökuməti tərəfindən ən yüksək səviyyədə təsdiq olunmuşdur. Onların beynəlxalq standartları əks etdirmələri məqsədi var idi. Xüsusilə anlaşma memorandumu diplomatik və siyasi kontekstdə təfsir edildiyi təqdirdə burada qaranlıq məqam yox idi. Anlaşma memorandumunun şərtlərinin düzgün təfsiri ərizəçinin dərhal hakim və ya məhkəmə səlahiyyətini həyata keçirən digər rəsminin (İordaniya qanunvericiliyinə görə bu funksiyanı prokuror yerinə yetirir) qarşısına çıxarılmasını və müstəqil hüquqi və tibbi yardımdan istifadə edilməsini nəzərdə tuturdu. Anlaşma memorandumunun hüquqi cəhətdən məcburi olmaması səbəbindən tənqid edilməsi (bunu məhz ərizəçi edirdi) bu memorandumun təcrübədə dövlət arasında necə tətbiq olunduğunu anlamamaq demək olardı. Bunlar beynəlxalq münasibətlərin formalaşmış və geniş istifadə olunan vasitələrindəndir. İMŞBXK-nın müəyyən etdiyi kimi İordaniyanın konkret olaraq bu anlaşma memorandumuna əməl edəcəyinin əsaslı səbəbləri olmuşdur. Təminatlara hörmətlə yanaşılacağı hökumətin də marağında idi. İMŞBXK-nın müəyyən etdiyi kimi İordaniyanın Orta Şərqdə malik olduğu mövqe və onun ABŞ-la münasibətləri bunu dəyişmir. İMŞBXK da qət etmişdir ki, ərizəçinin izahatlarında bunun əksi qeyd olunsa da, anlaşma memorandumunun iddia olunan pozuntuların düzgün araşdırılması hökumətin də marağında idi. Hazırkı işdə ərizəçinin geri qayıdacağı zaman onun saxlanacağı BKİ-nin anlaşma memorandumuna imza etməsi, onunla bağlı danışıqlarda iştirak etməsi, monitorinqlə bağlı onun müddəalarını qəbul etməsi və təminatların pozulmasının nəticələri barədə xəbərdar olması da həmçinin mühüm əhəmiyyət kəsb edirdi. Hökumət sonra İMŞBXK-nın “VV” işi (yuxarıda 75-ci bəndə bax) üzrə qəbul etdiyi və onun hazırkı iş üzrə gəldiyi nəticələri təsdiq edərək inkişaf etdirdiyi qərarına istinad etmişdir. “VV” işində İMŞBXK Birləşmiş Krallıq ilə İordaniya arasındakı anlaşma memorandumunun da söykəndiyi ikitərəfli münasibətlərin yaxın olması ilə bağlı cənab Leydenin sübutunu qəbul etmişdir.
165. İkincisi, Hökumət xatırlatmışdır ki, İMŞBXK ərizəçinin ərəb dünyasında tanınmış şəxs olduğunu və anlaşma memorandumundan asılı olmayaraq onun geri qaytarılmasının və onunla sonrakı rəftarın daim yerli və beynəlxalq mətbuatın marağı və nəzarəti altında olacağını qət etmişdir. İordaniyanın vətəndaş cəmiyyəti, o cümlədən ölkə parlamentinin deputatları maraqla ərizəçinin işini izləyəcəklər. İstənilən formada pis rəftar böyük etiraza səbəb olacaq və İordaniya hökuməti üçün sabitliyi pozan amil kimi çıxış edəcəkdir. İMŞBXK-nın müəyyən etdiyi kimi həmin şəxsi saxlayanlar bu amillərdən xəbərdar olacaqlar.
166. Üçüncüsü, Hökumət vurğulamışdır ki, İMŞBXK Ədaleh Mərkəzinin imkanlarını tənqid etsə də, o, heç bir vəcdlə monitorinqin effektini azaltmamışdır. Əlbəttə ki, o, monitorinqin pis rəftar riskinin aşağı salınmasına müsbət təsir göstərəcəyini qeyd etmişdir. Bundan əlavə, İMŞBXK-nın qərarından sonra Ədaleh Mərkəzinin təcrübəsi əhəmiyyətli dərəcədə artmışdır. Cənab Leydenin ifadələrində də göstərildiyi kimi o, Avropa Komissiyasından böyük məbləğdə maliyyə vəsaiti almışdır. O, köməkçi orqanı olan İşgəncələrlə Mübarizə üzrə Milli Komandası (İMMK) vasitəsilə monitorinq həyata keçirməyə başlamış, saxlanılan şəxslərlə, o cümlədən BKİ tərəfindən saxlanılmış şəxslərlə görüşlərin keçirilməsində, QHT-lərlə işləməkdə əməli təcrübə qazanmış, işçilərinin, o cümlədən tibbi ekspertlərin sayını kifayət qədər artırmış və işgəncələr üzrə təhlillər dərc etdirməklə hökumətdən, xüsusilə BKİ-dən müstəqilliyini nümayiş etdirmişdir. Ərizəçinin ehtimallarının əksinə olaraq və digər QHT-lərin səlahiyyətə imza etməsini tənqid etmələrinə baxmayaraq, o, gəlir əldə etməyən təşkilat statusunu (bununla da müstəqilliyini) qoruyub saxlamışdır. Hökumət daha sonra bildirmişdir ki, ərizəçinin Ədaleh Mərkəzi barədə dediyi tənqidlər hər bir halda yerində deyilməmişdir, belə ki, faktiki monitorinq Ədalehin köməkçi orqanı olan İMMK tərəfindən həyata keçiriləcəkdi. Hökumət həmçinin bildirmişdir ki, İordaniyada insan hüquqlarının vəziyyəti ilə bağlı hansı problemlərin olmasından asılı olmayaraq, anlaşma memorandumu və səlahiyyətlər Ədaleh Mərkəzinə aydın və müfəssəl mandat vermişdir və monitorinq səfərlərinin necə həyata keçiriləcəyi bütün tərəflərə aydın idi. Ədaleh hər hansı problemlə üzləşsəydi, Birləşmiş Krallığın Əmmandakı səfirliyinə bu barədə məlumat verə bilərdi. Hökumət həmçinin vurğulamışdır ki, monitorinq ərizəçinin saxlandığı müddət boyunca davam edəcəkdi.
167. Bu səbəblərə görə Hökumət bildirmişdir ki, Məhkəmə tərəfindən əvvəllər baxılmış təminatlarla İordaniya hökuməti tərəfindən təqdim edilmiş təlimatlar arasında böyük fərq vardır. Monitorinqlə bağlı müddəalarla birgə götürüldükdə bu təminatlar ərizəçinin İordaniyaya geri qaytarılacağı təqdirdə heç bir pozuntunun olmayacağını təmin etmək üçün yetərli idi.
2. Ərizəçi
168. Ərizəçi bildirmişdir ki, beynəlxalq birliyin təminatlarla bağlı tənqidlərinə lazımı diqqət verilməsi hüquqi məsələdir. Mövcud beynəlxalq konsensusa görə təminatlar işgəncələrin qadağan edilməsi üzrə mövcud beynəlxalq hüquqi mexanizmləri sarsıdır və əgər dövlət beynəlxalq hüquqi öhdəliklərinə əməl etmək istəmirsə, onun ikitərəfli əsasda müəyyən edilmiş təminatlara riayət etməsi az inandırıcıdır. Beynəlxalq təcrübə də təminatlara əməl olunmasının sübut edilməsinin kifayət qədər çətin olduğunu göstərmişdir. Ərizəçi eyni zamanda bildirmişdir ki, Kanada Ali Məhkəməsinin “Sureş” işində (yuxarıda 152-ci bəndə bax) nümayiş etdirdiyi yanaşmadan sonra dövlətin qanunla nəzərdə tutulmuş nəyisə etməyəcəyinə (misal üçün, ölüm cəzasını icra etmək kimi) dair təminatla onun qanunla qadağan edilən nəyisə etməyəcəyinə (misal üçün, işgəncə vermək) dair təminat arasında fərq qoyulmalıdır. Bundan əlavə, bu Məhkəmənin presedent hüququ, xüsusilə “Şamayev və Digərləri Gürcüstan və Rusiyaya qarşı” (Shamayev and Others v. Georgia and Russia, no. 36378/02, ECHR 2005-III) və yuxarıda qeyd edilmiş “İsmoilov və Digərləri” işi sübut etmişdir, fərdə münasibətdə konkret riskin tətbiq edilməsi sübut edilərsə, xüsusilə işgəncənin təyinat ölkəsində sistematik xarakter daşıdığının göstərildiyi hallarda təminatlar yetərli olmayacaqdır. Buna görə də o bildirmişdir ki, təminatlar yalnız aşağıdakı hallarda yetərli sayıla bilər: i) işgəncə ilə bağlı əvvəllər mövcud olmuş sistematik xarakterli problemlər nəzarət altına alınmış olsun və ii) ara-sıra, sistematik xarakter daşımayan aktların davam etməsinə baxmayaraq fəaliyyətində səmərəlilik göstərmiş qurum tərəfindən müstəqil monitorinq aparılsın və hüquq pozuntusu törədənlərə qarşı sanksiyalar tətbiq olunsun.
169. Ərizəçi yuxarıda 106-124-cü bəndlərdə əks olunmuş sübutlara istinad edərək bildirmişdir ki, bunlar İordaniya həbsxanalarının qanunun aliliyindən kənarda qaldığını göstərir. Xüsusilə BKİ-də saxlanılan məhbuslar və islamçı məhbuslara işgəncələr verilməsi adi hal almışdır və onlar tez-tez döyülürlər. İşgəncə verilməsi ilə bağlı şikayətlərin dərhal və səmərəli araşdırılması sistematik olaraq həyata keçirilmir. Bu sübut İMŞBXK-nın qərarının qəbul edildiyi dövrə nisbətə hazırda inandırıcıdır. Bundan əlavə, BKİ-də hökm sürən cəzasızlıq mühiti hətta onun rəhbərliyi arzu etdiyi təqdirdə belə təminatlara əməl edəcəyini mümkünsüz edir. İordaniyadan insan hüquqları sahəsində mövcud olan beynəlxalq öhdəliklərinə əməl etməsini gözləmək mümkün deyildir. O, öhdəliklərinin icrası ilə bağlı hər hansı məlumat verməkdən imtina etmişdir: misal üçün, o, BMTİƏK-nın 22-ci maddəsini (İşgəncələr Əleyhinə Komitəyə fərdi şikayət vermək hüququ) və ya BMTİƏK-nın Fakultativ Protokolunu (bu protokol ilə İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitə təsis edilmiş və ona, inter alia, saxlama yerlərinə baş çəkmək hüququ verilmişdir) ratifikasiya etməkdən imtina etmişdir.
170. İordaniya hökumətinin bu işdə verdiyi təminatlara da müvafiq siyasi kontekstdə baxılmalıdır. İordaniya strateji cəhətdən mühüm olsa da, qeyri-sabit, Amerikanın himayəsinə arxalanan, iğtişaşlara meylli və islamçılıq məsələlərində zəiflik nümayiş etdirən bir ölkədir. Beləliklə də, ərizəçi İordaniya ilə Birləşmiş Krallıq arasında xarici münasibətlərin yaxın olduğunu mübahisələndirməsə də, yuxarıda göstərilmiş amillərin ikitərəfli münasibətlərin anlaşma memorandumuna sadiqliyi təmin etmək üçün yetərli olmadığı fikrini təsdiq etdiyini bildirmişdir.
171. Bu məlumatlar fonunda onun tanınmış şəxs olması nəyinki onu müdafiə etməyəcək, əksinə daha böyük risk altına qoyacaqdır. Faktiki olaraq məhz onun tanınmış şəxs olması ilk növbədə anlaşma memorandumunun bağlanmasını zəruri etmişdir. O, İordaniyanın xarici siyasətini açıq şəkildə tənqid etdiyi üçün əvvəllər işgəncələrə məruz qalmışdır. Onun ölkədə olması arzu olunmadığı üçün İordaniyanın ekstradisiya barədə xahişi geri götürülmüşdür. Bu qiymətləndirmə yalnız onun Birləşmiş Krallığın milli təhlükəsizliyi üçün yaratdığı hədələrlə bağlı İMŞBXK-nın gəldiyi nəticələrlə təsdiq oluna bilər. Bundan əlavə, ABŞ-ın hakimiyyət orqanları tərəfindən Quantanamoda və başqa yerlərdə saxlanılan Cəmil əl Banna, Bişar əl Raui və Binyam Mohamed bildirmişlər ki, ərizəçi ilə əlaqələrinə görə onlar uzun müddət dindirilmişlər. Deportasiya olunduğu təqdirdə ona ölkə və Yaxın Şərq üçün böyük təhlükə kimi baxılacaqdır. Belə qeyri-sabit şəraitdə İordaniya hökumətinin anlaşma memorandumuna əməl edib-etməmək barədə düşüncələri tamamilə dəyişə bilər. Bu amillər BKİ-də mövcud olan cəzasızlıq mühiti ilə birlikdə götürüldükdə o demək idi ki, onun tanınmış şəxs olması müdafiə mənbəyi kimi deyil, kobud rəftar üçün cəlbedici qüvvə kimi çıxış edəcəkdir. Bundan əlavə, İMŞBXK tərəfindən düzgün və ya yanlış olmasından asılı olmayaraq pis rəftara dair iddiaların bu iddiaların düzgün olacağı qədər sabitliyi pozan amillər kimi çıxış edəcəyindən, İordaniyanın təminatlara əməl edəcəyinin qət edilməsi qeyri-rasional addımdır. Belə olduğu təqdirdə, İordaniyanın hakimiyyət orqanlarının ərizəçi ilə pis rəftar etməməsi üçün heç bir səbəb olmayacaqdır, belə ki, o, daim yanlış iddialar irəli sürə biləcəkdir.
172. Anlaşma memorandumunda da bir sıra çatışmazlıqlar olmuşdur. Onun “dərhal hakim qarşısına çıxarılması” təminatı ilə bağlı “hakim” deyildikdə nəyin nəzərdə tutulduğu aydın deyildi. Bu, sadəcə onu nəzərdə tuta bilərdi ki, o, inzibati hakim kimi fəaliyyət göstərən prokuror qarşısına çıxarılmalı idi. Eyni zamanda onun saxlandığı dövrdə dindirilən zaman vəkilin yardımından istifadə edə bilib-bilməyəcəyi də aydın deyildi. Həmçinin anlaşma memorandumunun təslim etməni qadağan edib-etmədiyi də aydın deyildir. Ehtimal ki, bu, daha çox ABŞ-ın maraqları nəzərə alınaraq edilmişdir və İordaniyanın əvvəllər təslim etmə işlərində iştirakını təsdiq edən sübutlar mövcuddur. Nəhayət, İordaniya qanunvericiliyinə görə anlaşma memorandumunda nəzərdə tutulmuş təminatların qanuni olub-olmadığı və İordaniya parlamenti tərəfindən təsdiq edilmədiyi təqdirdə həyata keçirilməsinin mümkün olub-olmadığı da aydın deyildir. O, bununla bağlı İordaniyanın başqa bir QHT-si, İnsan Hüquqları üzrə Ərəb Təşkilatının rəhbərinin bəyanatını da təqdim etmişdir. Bəyanatda təşkilatın rəhbəri yuxarıda qeyd edilmiş səbəbə görə monitorinqi həyata keçirəcək orqan rolunu üzərinə götürməkdən imtina etmişdir.
173. Təminatların monitorinqi məsələsinə gəlincə, o, üçüncü tərəf kimi işdə iştirak edənlərin mövqeyi ilə razılaşaraq İordaniyada hər hansı müstəqil monitorinqin həyata keçirilmədiyini bildirmişdir. Onun fikrincə bu amil Ədaleh Mərkəzinin imkanları məsələsinə baxılan zaman nəzərdən keçirilməlidir. Ədaleh Mərkəzi ilə bağlı Məhkəmə qarşısındakı sübutun əsas xüsusiyyəti isə onda idi ki, hətta İMŞBXK-nın qərarından sonra keçən müddət ərzində o, hələ də insan hüquqları sahəsindəki vəziyyətin monitorinqi üzrə praktiki təcrübəyə malik deyildi və bunun əvəzinə əsas etibarı ilə təlim və vəkillik fəaliyyəti ilə məşğul olurdu. Bundan əlavə, Ədaleh Mərkəzinin 2008-ci ildə işgəncələrə qarşı mübarizə ilə bağlı hesabat hazırlamasına baxmayaraq, hesabatda BKİ-nin birbaşa olaraq tənqid edilməməsi əhəmiyyət kəsb edir.
174. Ədaleh Mərkəzinin öz məhdudiyyətləri ilə yanaşı səlahiyyətlə müəyyən edilmiş monitorinq özü də məhdud xarakter daşıyırdı. Həmin səlahiyyətlərə uyğun olaraq İordaniya görüşlərin sayını hər iki həftədə yalnız bir görüş ilə məhdudlaşdıra bilərdi. Bundan əlavə, müstəqil tibbi müayinələrin keçirilməsi üçün heç bir müddəa nəzərdə tutulmurdu. Ədaleh Mərkəzinin ərizəçinin saxlandığı bütün yerə azad surətdə girməsinə imkan verilməyəcək, onun üçün yalnız ərizəçi ilə qapalı şəkildə görüşmək imkanı yaradılacaqdı. Pis rəftarla bağlı şikayətləri yoxlamaq üçün Ədalehin heç bir mexanizmi yox idi. Nə ərizəçi, nə də onun vəkilləri Ədaleh Mərkəzinin İordaniya və Birləşmiş Krallıq hökumətlərinə təqdim edəcəkləri hesabatlarla tanış olmaq imkanına malik olmayacaqdı. Eyni zamanda belə görünürdü ki, monitorinqin üç il müddətinə məhdudlaşdırılması nəzərdə tutulurdu. Bütün bu amillər o demək idi ki, Ədaleh Mərkəzinin aparacağı monitorinq beynəlxalq standartlara, o cümlədən BMTİƏK-nın Fakultativ Protokolunda təsbit edilmiş standartlara uyğun gəlməyəcəkdi. Bundan əlavə, hətta Ədaleh Mərkəzinin ərizəçinin saxlandığı yerə girə bilməsi ehtimal edilsəydi belə, hakimiyyət orqanları monitorinqin həyata keçirilməsinə imkan verməmək üçün sadəcə olaraq ərizəçinin onları görmək istəmədiyini deməli olacaqdılar.
3. Üçüncü tərəf kimi işdə iştirak edənlər
175. Üçüncü tərəf kimi işdə iştirak edənlər (yuxarıda 5-ci bəndə bax) bildirmişlər ki, diplomatik təminatlardan istifadə edilməsi ciddi narahatçılıq üçün əsas idi. Bu cür ikitərəfli, qanuni həyata keçirilməsi mexanizmi olmayan diplomatik razılaşmalar işgəncələrə münasibətdə tətbiq olunan mütləq qadağanların və geri qaytarmama (non-refoulement) öhdəliyinin ius cogens təbiətini sarsıdır. Onlar həmçinin dövlətləri bu öhdəliklərə bağlayan məcburi, çoxtərəfli, beynəlxalq hüquq sistemlərini də sarsıdır. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi, həmçinin Birləşmiş Krallığın İnsan Hüquqları üzrə Birgə Komitəsi kimi beynəlxalq ekspertlər təminatların mahiyyət etibarı ilə yanlış və təcrübədə səmərəsiz olmasını geniş şəkildə qınamışlar (yuxarıda 141-145-ci bəndlərə bax).
176. Reallıqda təminatların dörd əsas qüsuru olmuşdur. İlk növbədə, onlar pozuntunun ortaya çıxmasına imkan vermir. İşgəncələr məxfi şəkildə həyata keçirilmiş və xüsusilə zərərçəkmişlərin monitorinqi həyata keçirilənlərlə səmimi şəkildə danışmağa meylsiz olmaları nəticəsində mürəkkəb işgəncə texnikasını müəyyən etmək çətin olmuşdur.
177. İkincisi, təminatlarla müəyyən edilmiş monitorinq rejimləri qeyri-qənaətbəxş olmuşdur. Misal üçün, onlar əhəmiyyətli dərəcədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin pozuntular barədə şikayət edənlərin ortaya çıxarılmasına imkan verməmək məqsədilə tək saxlanılan şəxslərlə heç zaman görüşməməsi təcrübəsinə zidd hərəkət etmişlər. Üçüncü tərəf kimi işdə iştirak edənlər həmçinin qeyd etmişdirlər ki, BMT-nin Xüsusi Məruzəçisi də tək saxlanılan şəxslə görüşün səmərəli təminat ola biləcəyi təklifini rədd etmişdir. Eyni zamanda İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin təminata əməl olunub-olunmadığını monitorinq etməkdən imtina etməsi də diqqətəlayiq haldır.
178. Üçüncüsü, yerli monitorinq aparanlar çox zaman zəruri müstəqilliyə malik olmurlar. Onlar saxlama yerlərinə baş çəkmək, şikayətlər vermək və ya hər hansı pozuntunun dayandırılması üçün hakimiyyət orqanlarına təzyiq göstərmək səlahiyyətinə malik deyillər. Onlar özləri hədə-qorxulara məruz qalmışlar.
179. Dördüncüsü, təminatlar verilən zaman pozuntunun üzə çıxarılması üçün stimul olmur. Belə ki, bir tərəfdən maraqlı hökumət beynəlxalq öhdəliklərinin pozulduğunu etiraf etmək, digər tərəfdən isə qəbul edən dövlət milli təhlükəsizliklə bağlı səbəblərə görə gələcəkdə deportasiyaları həyata keçirməyi təhlükə altına almaq istəməyəcəkdir. Təminatlar bir dövlətin başqa bir dövlətə icrası məcbur olmayan vədi olduğu üçün heç bir ciddi nəticəyə səbəb olmadan pozula bilər.
180. Üçüncü tərəflər də bildirmişdirlər ki, onların öz hesabatlarına görə də (yuxarıda 112-118-ci bəndlərdə xülasəsi verilmişdir) İordaniyada uzun müddətdir ki, terrorçulara və milli təhlükəsizliyin pozulmasında şübhəli şəxslərə münasibətdə işgəncələr verilir və onlar pis rəftara məruz qalırlar. Onların izahatlarına görə həmin hesabatlar BKİ mütəmadi olaraq monitorinqi həyata keçirmək səylərini pozmuşdur. Misal üçün, 2003-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi BKİ tərəfindən səfər qaydaları pozulduğuna görə səfərini təxirə salmağa məcbur olmuşdur. BMT-nin Xüsusi Məruzəçisinə qapalı şəkildə müsahibə aparmağa imkan verilməmişdir. BKİ pis rəftarla bağlı bütün iddiaları inkar edirdi. Ölkə daxilində bu iddialara baxılmırdı və onlara görə nəzərdə tutulan sanksiyalar adekvat deyildi. İşgəncələrə görə məhkum edilmiş bir neçə əməkdaşa son dərəcə yüngül cəzalar verilmişdir.
181. Üçüncü tərəflərin “Human Rights Watch” təşkilatı ilə Ədaleh Mərkəzinin başçısı arasındakı müsahibələrə əsaslanan mövqelərinə görə Mərkəz heç bir təftiş aparmamış kommersiya şirkətidir. Mərkəz İordaniyanın saxlama yerlərində pis rəftarla bağlı açıq və ya gizli şəkildə hər hansı narahatlıq ifadə etməmişdir.
B. Şikayətin qəbuledilənliyi
182. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. O, bundan əlavə qeyd edir ki, o, hər hansı başqa səbəblərə görə də qəbuledilməz deyildir. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.
C. Şikayətin mahiyyəti
1. Ümumi prinsiplər
183. İlk növbədə, Məhkəmə vurğulamaq istəyir ki, o, bütün fəaliyyəti dövründə dövlətlərin əhalisini öz-özlüyündə insan hüquqlarına ciddi təhlükə hesab olunan terror zorakılığından qorumaq işində üzləşdiyi çətinliklərə kifayət qədər anlamlı münasibət göstərmişdir (bax: inter alia, “Loulis İrlandiyaya qarşı (nömrə 3)” (Lawless v. Ireland (no. 3), 1 July 1961, §§ 28-30, Series A no. 3); “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, Series A no. 25); “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, § 179, ECHR 2005‑IV); yuxarıda qeyd edilmiş “Çahal” işi, 79-cu bənd; “A. və Digərləri Birləşmiş Krallığa qarşı” (A. and Others v. the United Kingdom [GC], no. 3455/05, § 126, 19 February 2009) və “A. Niderlanda qarşı” (A. v. the Netherlands, no. 4900/06, § 143, 20 July 2010)). Məhkəmə hesab edir ki, belə bir təhlükə ilə üzləşən Razılığa Gələn Dövlətin heç bir halda barışa bilməyəcəyi terror əməllərinin törədilməsinə köməklik edənlərə qarşı sərt mövqe tutması qanunauyğundur (bax: “Butani Fransaya qarşı” (Boutagni v. France, no. 42360/08, § 45, 18 November 2010) və “Daudi Fransaya qarşı” (Daoudi v. France, no. 19576/08, § 65, 3 December 2009)).
184. İkincisi, dövlətlər terrorçuluq əleyhinə mübarizənin tərkib hissəsi kimi milli təhlükəsizlikləri üçün hədə yaradan vətəndaşı olmayan şəxsləri deportasiya edə bilər. Şəxsin faktiki olaraq təhlükə yaradıb-yaratmadığını araşdırmaq bu Məhkəmənin funksiyası deyildir. Onun yeganə vəzifəsi şəxsin deportasiyasının onun Konvensiya ilə nəzərdə tutulmuş hüquqlarına uyğun olub-olmayacağını müəyyən etməkdən ibrətdir (həmçinin bax: yuxarıda qeyd edilmiş “İsmoilov və Digərləri” işi, 126-cı bənd).
185. Üçüncüsü, müəyyən edilmişdir ki, Razılığa Gələn Dövlət tərəfindən şəxsin ölkə hüdudlarından kənara çıxarılması 3-cü maddə ilə bağlı məsələlərin ortaya çıxmasına və buna görə də maraqlı şəxsin deportasiya olunacağı təqdirdə 3-cü maddə ilə qadağan edilən rəftara məruz qalması riskinin real olduğuna inanmaq üçün kifayət qədər əsasın olduğu halda həmin dövlətin konvensiya əsasında məsuliyyətinin yaranmasına səbəb ola bilər. Belə olan halda 3-cü maddə sözü gedən şəxsin həmin ölkəyə deportasiya olunmaması öhdəliyini nəzərdə tutur. 3-cü maddə mütləqdir və ölkə hüdudlarından kənara çıxarmaq üçün irəli sürülmüş səbəblərin pis rəftar riskindən üstün tutulması mümkün deyildir (bax: “Saadi İtaliyaya qarşı” (Saadi v. Italy [GC], no. 37201/06, §§ 125 and 138, ECHR 2008)).
186. Dördüncüsü, Məhkəmə qəbul edir ki, ərizəçi və üçüncü tərəflərin təqdim etdikləri sənədlərin də göstərdiyi kimi milli təhlükəsizlik üçün hədə hesab olunan şəxslərin deportasiyasına şərait yaratmaq məqsədilə təminatların alınması təcrübəsi beynəlxalq birlikdə geniş narahatlıq yaradır (bax: yuxarıda 141-145-ci bəndlər və yuxarıda qeyd edilmiş “İsmoilov və Digərləri” işi, 96-100-cü bəndlər). Lakin təminat almanın qanuni olub-olmadığını müəyyənləşdirmək və ya bu təminatların uzun müddətli nəticələrini qiymətləndirmək bu Məhkəmənin işi deyildir. Onun yeganə vəzifəsi konkret işdə əldə edilmiş təminatların istənilən real pis rəftar riskinin aradan qaldırılması üçün yetərli olub-olmadığını araşdırmaqdır. Buna görə də ərizəçinin işinin faktiki hallarına keçməmişdən öncə, Məhkəmənin ölkə hüdudlarından kənara çıxarma işlərində 3-cü maddə ilə bağlı təminatlara münasibətdə göstərdiyi yanaşmanın müəyyən edilməsi münasib olardı.
187. Ərizəçinin deportasiya edilməli olduğu ölkədə pis rəftarla bağlı real risk ilə üzləşib-üzləşmədiyi araşdırılan zaman Məhkəmə istər həmin ölkədə insan hüquqlarının durumu ilə bağlı ümumi vəziyyəti, istərsə də ərizəçinin fərdi xüsusiyyətlərini nəzərə alacaqdır. Qəbul edən dövlət tərəfindən təminatların verildiyi halda, həmin təminatlar Məhkəmə tərəfindən araşdırılacaq amillər kimi çıxış edir. Lakin təminatlar öz-özlüyündə pis rəftar riskindən adekvat müdafiəni təmin etmək üçün yetərli deyildir. Verilən təminatların təcrübədə ərizəçinin pis rəftar riskindən müdafiə ediləcəyinə yetərli təminat verib-vermədiyinin araşdırılması öhdəliyi mövcuddur. Qəbul edən dövlətdən alınmış təminatlara verilən əhəmiyyət hər bir işdə müvafiq vaxtda mövcud olan hallardan asılıdır (bax: yuxarıda qeyd edilmiş “Saadi” işi, 148-ci bənd).
188. Təminatların praktiki tətbiqi məsələsinin qiymətləndirilməsi və onlara veriləcək əhəmiyyətin müəyyən edilməsi zamanı ilk ortaya çıxan sual qəbul edən dövlətdə insan hüquqları ilə bağlı ümumi vəziyyətin ümumiyyətlə hər hansı təminatın alınmasını istisna edib-etmədiyidir. Lakin yalnız çox nadir hallarda ölkədəki ümumi vəziyyət təminatlara heç bir əhəmiyyət verilməməsinə səbəb ola bilər (misal üçün bax: “Qaforov Rusiyaya qarşı” (Gaforov v. Russia, no. 25404/09, § 138, 21 October 2010); “Sultanov Rusiyaya qarşı” (Sultanov v. Russia, no. 15303/09, § 73, 4 November 2010); “Yuldaşev Rusiyaya qarşı” (Yuldashev v. Russia, no. 1248/09, § 85, 8 July 2010); yuxarıda qeyd edilmiş “İsmolilov və Digərləri” işi, 127-ci bənd).
189. Adətən Məhkəmə ilk növbədə verilmiş təminatların xüsusiyyətlərini və ikinci, qəbul edən dövlətdəki təcrübə nəzərə alınmaqla, onlara etibar edilməsinin mümkünlüyünü qiymətləndirir. Bu zaman Məhkəmə, inter alia, aşağıdakı amilləri nəzərə alır:
(i) təminatların şərtlərinin Məhkəməyə açılıb-açılmadığı (bax: “Ryabkin Rusiyaya qarşı” (Ryabikin v. Russia, no. 8320/04, § 119, 19 June 2008); “Muminov Rusiyaya qarşı” (Muminov v. Russia, no. 42502/06, § 97, 11 December 2008); həmçinin bax: “BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin “Pelit” işi üzrə qərarı” (yuxarıda 150-ci bəndə bax));
(ii) təminatların konkret və ya ümumi və qeyri-müəyyən xarakter daşıyıb-daşımadığı (bax: yuxarıda qeyd edilmiş “Saadi” işi; “Klein Rusiyaya qarşı” (Klein v. Russia, no. 24268/08, § 55, 1 April 2010) və “Xaydarov Rusiyaya qarşı” (Khaydarov v. Russia, no. 21055/09, § 111, 20 May 2010));
(iii) təminatların kim tərəfindən verildiyi və həmin şəxsin qəbul edən dövlət üçün məcburi xarakter daşıyan qərar qəbul edə bilib-bilməməsi (bax: “Şamayev və Digərləri Gürcüstan və Rusiyaya qarşı” (Shamayev and Others v. Georgia and Russia, no. 36378/02, § 344, ECHR 2005‑III); “Kordian Türkiyəyə qarşı” (Kordian v. Turkey (dec.), no. 6575/06, 4 July 2006) və “Salem Portuqaliyaya qarşı” (Salem v. Portugal (dec.), no. 26844/04, 9 May 2006): bu qərarlara qarşı bax: “Ben Xemais İtaliyaya qarşı” (Ben Khemais v. Italy, no. 246/07, § 59, 24 February 2009); “Qarayev Azərbaycana qarşı” (Garayev v. Azerbaijan, no. 53688/08, § 74, 10 June 2010); “Baysakov və Digərləri Ukraynaya qarşı” (Baysakov and Others v. Ukraine, no. 54131/08, § 51, 18 February 2010) və “Soldatenko Ukraynaya qarşı” (Soldatenko v. Ukraine, no. 2440/07, § 73, 23 October 2008));
(iv) əgər təminatlar qəbul edən dövlətin mərkəzi hökuməti tərəfindən verilmişdirsə, yerli hakimiyyət orqanlarından bu təminatlara əməl ediləcəyini gözləməyin mümkün olub-olmadığı (bax: yuxarıda qeyd edilmiş “Çahal” işi, 105-107-ci bəndlər);
(v) təminatların qəbul edən dövlətdə qanuni və ya qanunsuz hesab olunan rəftarla bağlı olması (bax: “Sipriani İtaliyaya qarşı” (Cipriani v. Italy (dec.), no. 221142/07, 30 March 2010); “Saudi İspaniyaya qarşı” (Saoudi v. Spain (dec.), no. 22871/06, 18 September 2006); “İsmaili Almaniyaya qarşı” (Ismaili v. Germany, no. 58128/00, 15 March 2001); “Nivette Fransaya qarşı” (Nivette v. France (dec.), no. 44190/98, ECHR 2001-VII) və “Eynhorn Fransaya qarşı” (Einhorn v. France (dec.), no. 71555/01, ECHR 2001-XI); həmçinin bax: Kanadanın Ali və Federal Məhkəmələrinin müvafiq olaraq “Sureş” və “Lai Çeonq Sinq və Tsanq Minq Na” işləri üzrə qərarları, yuxarıda 152 və 154-cü bəndlər);
(vi) onların Razılığa Gələn Dövlət tərəfindən verilib-verilmədiyi (bax: “Çentiev və İbrahimov Slovakiyaya qarşı” (Chentiev and Ibragimov v. Slovakia (dec.), nos. 21022/08 and 51946/08, 14 September 2010) və “Qasayev İspaniyaya qarşı” (Gasayev v. Spain (dec.), no. 48514/06, 17 February 2009));
(vii) göndərən dövlətlə qəbul edən dövlət arasında ikitərəfli münasibətlərin tarixi və sıxlığı, o cümlədən qəbul edən dövlətin oxşar təminatlara əməl edib-etmədiyi göstəriciləri (bax: yuxarıda qeyd edilmiş “Babar Əhməd və Digərləri” işi, 107-108-ci bəndlər və “Əl-Moayad Almaniyaya qarşı” (Al‑Moayad v. Germany (dec.), no. 35865/03, § 68, 20 February 2007));
(viii) təminatlara əməl olunub-olunmadığının obyektiv şəkildə diplomatik və digər monitorinq mexanizmləri vasitəsilə, o cümlədən ərizəçinin vəkilinə maneəsiz görüş imkanı verməklə yoxlanılmasının mümkünlüyü (bax: yuxarıda qeyd edilmiş “Çentiev”, “İbrahimov” və “Qasayev” işləri; buna qarşı, yuxarıda qeyd edilmiş “Ben Xemais” işi, 61-ci bənd və “Ryabikin” işi, 119-cu bənd və “Kolesnik Rusiyaya qarşı” (Kolesnik v. Russia, no. 26876/08, § 73, 17 June 2010); həmçinin bax: BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin “Aqiza” və “Pelit” işləri üzrə qərarları (yuxarıda 147-150-ci bəndlərə bax) və BMT-nin İnsan Hüquqları Komitəsinin “Məhəmməd Əlzeri” işi üzrə qərarı (yuxarıda 151-ci bəndə bax));
(ix) qəbul edən dövlətdə işgəncələrdən müdafiə olunmaq üçün səmərəli sistemin mövcudluğu, o cümlədən həmin dövlətin beynəlxalq monitorinq mexanizmləri (həmçinin insan hüquqları sahəsində beynəlxalq QHT-lər) ilə əməkdaşlıq etmək və işgəncələrlə bağlı şikayətləri araşdırmaq, təqsirli şəxsləri cəzalandırmaq istəyində olub-olmadığı (bax: yuxarıda qeyd edilmiş “Ben Xemais” işi, 59-60-cı bəndlər; yuxarıda qeyd edilmiş “Soldatenko” işi, 73-cü bənd və “Koktiş Ukraynaya qarşı” (Koktysh v. Ukraine, no. 43707/07, § 63, 10 December 2009));
(x) ərizəçinin qəbul edən dövlətdə əvvəllər pis rəftara məruz qalıb-qalmadığı (bax: yuxarıda qeyd edilmiş “Koktiş” işi, 64-cü bənd) və
(xi) təminatlara etibar edilməsinin mümkünlüyünün göndərən / Razılığa Gələn Dövlətin məhkəmələri tərəfindən araşdırılıb-araşdırılmadığı (bax: yuxarıda qeyd edilmiş “Qasayev”; “Babar Əhməd və Digərləri”, 106-cı bənd və “Əl-Moayad” işlər, 66-69-cu bəndlər ).
2. Ərizəçinin işi
190. Bu amilləri hazırkı işə tətbiq etməklə Məhkəmə bildirmək istəyir ki, o, yalnız İMŞBXK-ya təqdim edilmiş açıq sübutu, Məhkəməyə təqdim edilmiş əlavə sübutu və İordaniyada insan hüquqlarının vəziyyəti ilə bağlı ictimaiyyət üçün açıq hesabatları nəzərdən keçirmişdir. Məhkəmə İMŞBXK-ya təqdim olmuş əlavə məxfi sübutu almamış və ondan bu sübutu nəzərdən keçirmək xahiş olunmamışdır. Eyni zamanda İMŞBXK-nın məxfi qərarını nəzərdən keçirmədiyindən Məhkəmənin İMŞBXK-nın 3-cü maddə üzrə rəyini müəyyən edən zaman açıq qərarında əks olunmamış məxfi sübutu nəzərdən keçirməsi ilə əlaqədar 3-cü maddənin pozuntusunun olub-olmadığına dair ex nunc rəyini bildirməsi mümkün deyildir.
191. Buna görə də Məhkəmə ona təqdim edilmiş sübutları nəzərdən keçirərək, ilk növbədə qeyd edir ki, İordaniya həbsxanalarında işgəncələrin tətbiq olunması ilə bağlı BMT-nin qurumlarının və QHT-lərin hesabatları davamlı olmaqla yanaşı narahatlıq doğurur. BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin sözləri ilə desək, İordaniyada hansı irəliləyişin əldə olunmasından asılı olmayaraq, bu ölkədə işgəncələr “geniş miqyasda tətbiq edilməkdə və adı hal almaqda” davam edir (yuxarıda 107-ci bəndə bax). Komitənin gəldiyi nəticələr yuxarıda 106-124-cü bəndlərdə əks olunmuş digər hesabatlarla da təsdiq olunur. Bu isə Baş Kəşfiyyat İdarəsi tərəfindən xüsusilə saxlanılan islamçı şəxslərə qarşı işgəncələrin sistematik olaraq tətbiq edildiyini əsaslı şübhələr olmadan sübut edir. BKİ tərəfindən işgəncələrin verilməsinə görə heç kimə cəza belə verilmir. Məhkəmənin fikrincə bu cəzasızlıq mədəniyyəti təəccüblü deyildir: sübutlar göstərir ki, İordaniyanın cinayət-məhkəmə sistemində işgəncələrin qarşısının alınması və onu törədənlərin cəzalandırılması sahəsindəki bir çox standartlar, beynəlxalq aləmdə tanınmış müdafiə tədbirləri mövcud deyildir. BMT-nin İnsan Hüquqları Komitəsinin də öz yekun qeydlərində bildirdiyi kimi ölkədə şikayətlərə baxılması üzrə sözün əsl mənasında müstəqil mexanizm mövcud deyildir, az hallarda təqib həyata keçirilir və dərhal vəkillə görüşməyə, həmçinin müstəqil tibbi müayinənin həyata keçirilməsinə imkan verilmir (yuxarıda 108-ci bəndə bax). İşgəncələr Əleyhinə Komitənin gəldiyi nəticələr (bu nəticələr “Amnesty International”, “Human Rights Watch” təşkilatları və İnsan Hüquqları üzrə İordaniya Milli Mərkəzinin hesabatları ilə də təsdiq olunur) göstərir ki, BKİ-nin saxlama ilə bağlı geniş səlahiyyətlərə malik olması bu problemləri daha da qabardır və Dövlət Təhlükəsizlik Məhkəməsində baxılan işlərdə prokurorun BKİ-yə yaxınlığı o deməkdir ki, birinci ikinci üzərində hər hansı əhəmiyyətli nəzarəti həyata keçirmir (yuxarıda 107, 112-113, 116 və 119-122-ci bəndlərə bax). Nəhayət, BMT-nin Xüsusi Məruzəçisi, “Amnesty International” təşkilatı və İHİMM-nin də təsdiq etdiyi kimi BKİ ilə tanınmış milli və beynəlxalq monitorinq qrupları arasında əməkdaşlıq mövcud deyildir (yuxarıda 109 və 121-ci bəndlərə bax).
192. Bu sübutlarla əlaqədar olaraq tərəflərin İordaniya hökumətinin təminatları olmadan hazırkı ərizəçinin İordaniyaya qaytarılacağı təqdirdə pis rəftarla üzləşəcəyi ilə bağlı real riskin mövcud olmasını qəbul etmələri adi bir haldır. Məhkəmə bununla razılaşır. Aydındır ki, tanınmış islamçı kini ərizəçi İordaniyada tez-tez pis rəftarla üzləşən məhbuslar kateqoriyasına daxildir. Onun İordaniyada əvvəllər işgəncəyə məruz qaldığı ilə bağlı iddiaları da müəyyən mənada nəzərə alınmalıdır (yuxarıda 7-ci bənddə onun sığınacaq verilməsi ilə bağlı tələbinin xülasəsinə bax). Lakin Məhkəmə həmçinin yuxarıda 187-189-cu bəndlərdə təsbit olunmuş ümumi yanaşmasına uyğun olaraq anlaşma memorandumunda əks olunmuş təminatların və Ədaleh Mərkəzi tərəfindən həyata keçiriləcək monitorinqin ərizəçi ilə pis rəftar ediləcəyi ilə bağlı real riski aradan qaldırıb-qaldırmadığını da araşdırmalıdır.
193. Məhkəmə bu məsələni nəzərdən keçirən zaman qeyd edir ki, ərizəçi İordaniya tərəfindən verilmiş təminatların onunla pis rəftar olunacağı ilə bağlı real riskin aradan qaldırılması üçün yetərli olub-olmadığına dair bir sıra ümumi və konkret narahatlıqlarını irəli sürmüşdür. Ümumi səviyyədə o bildirmişdir ki, əgər İordaniyanın işgəncə verməmək barədə hüquqi cəhətdən məcburi, çoxtərəfli beynəlxalq öhdəliklərinə əməl edəcəyinə etibar etmək mümkün deyilsə, onun bu sahədə məcburi xarakter daşımayan ikitərəfli əsasda verilmiş təminatlara əməl edəcəyinə də etibar etmək mümkünsüzdür. O, eyni zamanda işgəncələr və pis rəftarla bağlı sistematik problemin olduğu təqdirdə təminatlara etibar etməyin mümkün olmadığını bildirmiş və əlavə etmişdir ki, hətta sistematik xarakter daşımayan, arabir işgəncə aktlarının tətbiqi ilə bağlı sübutlar mövcud olarsa, yalnız təcrübədə səmərəli fəaliyyəti ilə bağlı açıq-aşkar göstəriciləri olan qurum tərəfindən müstəqil monitorinq aparılacağı ilə dəstəklənən təminatlara etibar etmək mümkündür. Məhkəmə bu ümumi izahatların təminatlarla bağlı məhkəmə təcrübəsi ilə təsdiq edilmədiyi fikrindədir. Yuxarıda 187-198-ci bəndlərdə təsbit olunmuş ümumi prinsiplərin də göstərdiyi kimi Məhkəmə çoxtərəfli öhdəliklərinə əməl etməyən dövlətin ikitərəfli əsasda verilmiş təminatlara əməl edəcəyinə etibar edilməsinin mümkünsüzlüyü ilə bağlı heç zaman mütləq qayda müəyyən etməmişdir. Dövlətin çoxtərəfli öhdəliklərinə əməl etməməsi səviyyəsi ən çoxu ikitərəfli təminatların yetərli olub-olmadığını müəyyənləşdirmək üçün bir amildir. Bununla yanaşı, qəbul edən dövlətdə işgəncələr və pis rəftarla bağlı sistematik problemlər olduğu təqdirdə, təminatların alınması üzərinə hər hansı qadağan qoyulmur. Əks halda, Lord Fillipsin də qeyd etdiyi kimi (yuxarıda 57-ci bəndə bax) sadəcə təminatların alınması faktının onlara etibar etməyin mümkünsüzlüyünə dəlalət etməsi paradoksun ortaya çıxmasına səbəb olardı.
194. Bundan əlavə, Məhkəmə hesab etmir ki, İordaniyada insan hüquqları sahəsindəki ümumi vəziyyət İordaniya hökumətinin hər hansı təminatının qəbul edilməsini istisna edir. Bunun əksinə, Məhkəmə hesab edir ki, Birləşmiş Krallıq və İordaniya hökumətləri ərizəçinin geri qaytarılacağı təqdirdə pis rəftara məruz qalmayacağını təmin etmək məqsədilə şəffaf və müfəssəl təminatların əldə olunması və verilməsi üçün əsl səy göstərmişlər. Bu səylərin məhsulu olan anlaşma memorandumu istər müfəssəllik, istərsə də formallıqlar baxımından Məhkəmənin əvvəllər araşdırdığı təminatlarla müqayisədə daha mükəmməldir (misal üçün yuxarıda 189-cu bəndin (ii) yarımbəndində istinad edilmiş “Saadi”, “Klein” və “Xaydarov” işlərindəki təminatlarla müqayisə et). Anlaşma memorandumu BMT-nin İşgəncələr Əleyhinə Komitəsi və BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən araşdırılmış təminatlarla (yuxarıda 147-151-ci bəndlərdə xülasələri verilmiş “Aqiza”, “Pelit” və “Məhəmməd Əlzeri” işlərinə bax) müqayisədə də daha müfəssəl görünür. Anlaşma memorandumu konkret və hərtərəflidir. O, birbaşa olaraq İordaniyada ərizəçinin Konvensiya ilə nəzərdə tutulmuş hüquqlarının qorunmasını tənzimləyir (yuxarıda 77-78-ci bəndlərdə təsbit olunmuş anlaşma memorandumunun 1-8-ci bəndlərinə bax). Anlaşma memorandumu həm də ona görə nadir xarakterlidir ki, o, hər iki tərəfin təqdim etdiyi sübutları, o cümlədən geniş şəkildə çarpaz dindirilmiş şahid ekspertlərin sübutlarını əldə edə bilmiş müstəqil tribunallar tərəfindən və İMŞBXK-nın həyata keçirdiyi geniş araşdırma nəticəsində müsbət qəbul olunmuşdur (yuxarıda 28 və 189 (xi) bəndlərinə bax).
195. Məhkəmə həmçinin İMŞBXK-nın ümumi rəyi ilə də razılaşır ki, təminatlara onların verildiyi kontekstdə baxılmalıdır. Məhkəmə cənab Leydenin ona ünvanlanmış ifadələrində (bu ifadələrin xülasəsi yuxarıda 83-90-cı bəndlərdə verilmişdir [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]) İordaniyada işgəncələr sahəsindəki vəziyyətin ağırlığını azaltmağa meylli olduğunu hesab etsə də, o, tutduğu vəzifə ilə bağlı müəyyən mənada Birləşmiş Krallıq-İordaniya ikitərəfli münasibətlərinin səviyyəsi, həmçinin anlaşma memorandumunun bu münasibətlərdəki rolu barədə danışmaq səlahiyyətinə malikdir. Məhkəmə cənab Leydenin ifadələri və İMŞBXK-ya təqdim edilmiş digər sübutlar əsasında hesab edir ki, onun təminatların Birləşmiş Krallıq ilə ikitərəfli münasibətləri tarixən çox güclü olmuş bir hökumət tərəfindən vicdanla verildiyi nəticəsinə gəlməsi üçün kifayət qədər sübut mövcuddur (bax: yuxarıda 189 (vii) bəndində istinad edilmiş “Babar Əhməd və Digərləri” və “Əl-Moayad” işləri). Bundan əlavə, bu təminatlar İordaniya hökuməti tərəfindən ən yüksək səviyyədə təsdiq olunmuş, İordaniya kralı özü onları açıq şəkildə təsdiq etmiş və dəstəkləmişdir. Beləliklə, aydındır ki, anlaşma memorandumunun İordaniya qanunvericiliyində hansı statusa malik olmasından asılı olmayaraq, təminatlar İordaniya dövləti üçün məcburi xarakterli qərarlar qəbul edə biləcək rəsmilər tərəfindən verilmişdir (müqayisə et: yuxarıda 189 (iii) bəndində istinad edilmiş “Ben Xemais”, “Qarayev”, “Baysakov və Digərləri” və “Soldatenko” işləri). Təminatların BKİ-nin məsul rəsmiləri tərəfindən təsdiq olunması və dəstəklənməsi də vacib əhəmiyyət kəsb edir (müqayisə et: yuxarıda 189 (iv) bəndində qeyd edilmiş “Çahal” işi). Məhkəmənin fikrincə bütün bu amillər anlaşma memorandumunun hərfi və ruhu ilə dəqiq şəkildə uyğundur.
196. Eyni şəkildə, ərizəçi tanınmış şəxs olmasının onun üzləşə biləcəyi riski daha da artırdığını bildirsə də, Məhkəmə anlaşma memorandumu üzrə danışıqların daha geniş siyasi kontekstdə aparıldığını nəzərə alaraq, bu dəlili qəbul edə bilməz. O hesab edir ki, ərizəçinin kifayət qədər tanınması İordaniyanın hakimiyyət orqanlarını onunla müvafiq qaydada rəftar olunmasını təmin etməyə məcbur edəcək. Heç şübhəsiz, İordaniya hökuməti xəbərdardır ki, pis rəftar sadəcə onunla Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlər üçün ciddi nəticələr doğurmayacaq, eyni zamanda beynəlxalq birliyin qəzəbinə səbəb olacaqdır. Ümumi qəbul edilmişdir ki, Kanada Federal Məhkəməsinin “Lai Çeonq Sinq və Tsanq Minq Na” (yuxarıda 154-cü bəndə bax) işində müəyyən etdiyi kimi əgər işgəncənin tətbiq edilməsi barədə kiminsə xəbəri olmursa, şəxsin tanınmış olması əhəmiyyət kəsb etmir. Lakin hazırkı işdə “Lai Çeonq Sinq və Tsanq Minq Na” işində tamamilə mövcud olmamış monitorinq mexanizmlərinin olduğu üçün, bu dəlil daha az əhəmiyyət kəsb edir.
197. Anlaşma memorandumu barədə ümumi narahatlıqlara əlavə olaraq, Məhkəmə qeyd edir ki, ərizəçi təminatların mənası və tətbiqi ilə bağlı altı sahədə konkret narahatlıqlarını ifadə etmişdir: (i) “dərhal hakim qarşısına çıxarılacaq” təminatında “hakim” dedikdə kimin nəzərdə tutulması; (ii) saxlandığı dövrdə dindirilən zaman vəkillə görüş imkanının olub-olmayacağı; (iii) başqa dövlətə vermənin qadağan edilib-edilmədiyi; (iv) İordaniya qanunvericiliyinə görə anlaşma memorandumundakı təminatların qanuni və icrası mümkün olub-olmadığı; (v) Ədaleh Mərkəzinin onunla görüş şərtləri və (vi) onun təminatlarla bağlı monitorinq apara bilib-bilmədiyi. Məhkəmə hər bir narahatlıq doğuran məsələyə növbə ilə baxacaqdır.
198. İlk məsələ ilə bağlı Məhkəmə hesab edir ki, anlaşma memorandumunda ərizəçinin həbs edildikdən sonra qısa, müəyyən edilmiş müddət ərzində mülki hakim qarşısına (hərbi prokuror deyil) gətirilməsi tələbinin ehtiva ediləcəyi təqdirdə, onun gücü əhəmiyyətli dərəcədə artacaqdı. Bu xüsusilə ona görə belədir ki, təcrübəyə görə saxlanılan şəxslə pis rəftar olaunması riski onun saxlandığı ilk saatlarda və ya günlərdə daha yüksəkdir (yuxarıda 156-cı bənddə qeyd edilmiş BMT-nin İşgəncələr Əleyhinə Komitəsi və “Panovits Kiprə qarşı” (Panovits v. Cyprus, no. 4268/04, § 46, 11 December 2008) işində istinad edilmiş İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin 9-cu Baş Hesabatına bax). Lakin Məhkəmə qeyd edir ki, vəkillərin saxlanılan şəxslərin prokuror qarşısına çıxarılması zamanı onları müşayiət etməsi adi hal olmasa da, İordaniya qanunvericiliyinə görə ərizəçi vəkilin bu görüşdə iştirak etməsi hüququna malik olacaqdı (bax: yuxarıda 97-ci bənddə qeyd edilmiş cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatı [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]). Ərizəçinin geri qaytarıldıqdan sonra iyirmi dörd saat ərzində prokuror qarşısına çıxarılmasının İordaniya hakimiyyət orqanlarının təminatlara əməl etmək niyyətlərini nümayiş etdirmək üçün ilk imkan olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, çətin ki, prokuror vəkilin iştirakına imtina etsin. Bundan əlavə, ərizəçinin prokuror qarşısına ilk dəfə çıxarılmasına onun geri qaytarılması zamanı həyata keçiriləcək digər təşkilati tədbirlərlə bir kontekstdə baxılmalıdır. Misal üçün, ola bilsin ki, ərizəçi ilə birlikdə Birləşmiş Krallıqdan İordaniyaya səfər edəcək müşahidəçilər azından onun İordaniyada saxlanacağı ilk günün bir hissəsini onunla birlikdə qalsınlar. Bu, BMT-nin İnsan Hüquqları Komitəsinin beş həftə ərzində görüşün mümkün olmamasının pozuntu olduğunu müəyyən etdiyi “Məhəmməd Əlzeri” işindən (yuxarıda 151-ci bəndə bax) yaxşı mənada fərqlənir və anlaşma memorandumunda aydınlığın olmaması ilə bağlı hər hansı pis rəftar riskinin ortaya çıxması ehtimalını kifayət qədər aşağı salır.
199. Narahatlıq doğuran ikinci məsələ, dindirmə zamanı vəkilin iştirak etməməsi ilə bağlı İMŞBXK müəyyən etmişdir ki, ərizəçinin BKİ tərəfindən dindirilməsi zamanı vəkilin iştirakı ehtimalı aşağıdır. Bununla yanaşı, prokuror tərəfindən dindirmənin aparılması zamanı vəkilin iştirakı ehtimalı çox, hakim qarşısına çıxarılan zaman isə belə ehtimal daha da çoxdur. Xüsusilə dindirmə zamanı saxlanılan şəxsin vəkilin xidmətlərindən istifadə etməsinə imkan yaradılmaması ciddi narahatlıq doğuran məsələdir: saxlanılan şəxsin vəkil məsləhətindən yararlanmasına imkan verilməsi pis rəftara qarşı fundamental müdafiə tədbiridir (bax: yuxarıda qeyd edilmiş “Salduz” işi, 54-cü bənd). Bununla yanaşı, hazırkı işdə risk anlaşma memorandumunda ehtiva olunmuş digər müdafiə tədbirləri və monitorinq tədbirləri ilə aşağı salınmışdır.
200. Məhkəmə narahatlıq doğuran üçüncü məsələ ilə bağlı ərizəçinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dindiriləcəyi təqdirdə pis rəftara məruz qalacağı, BKİ və ya MKİ-nin İordaniyada gizli saxlama yerinə salınacağı, yaxud da İordaniyadan başqa ölkəyə veriləcəyi ilə bağlı riskin olduğuna şübhə ilə yanaşır. Məhkəmə “Babar Əhməd və Digərləri” işində (yuxarıda qeyd edilmişdir, 78-82-ci və 113-116-cı bəndlər) qeyd etmişdir ki, fövqəladə şəraitdə başqa dövlətə vermə lazımı prosesdən qəsdən yan keçmə olmaqla qanunun aliliyindən və Konvensiya ilə müdafiə olunan dəyərlərdən kənarlaşmaqdır. Lakin həmin işdə o, ərizəçilərin fövqəladə şəraitdə başqa dövlətə veriləcəyi ilə bağlı şikayətlərini tamamilə əsassız hesab etmişdir. Ərizəçilərin ekstradisiyasını xahiş edən ABŞ onların başqa bir dövlətə verilməsi ilə bağlı açıq-aşkar təminatlar təqdim etməsə də, onların işlərinə federal məhkəmələr tərəfindən baxılacağı ilə bağlı təminatlar vermişdir. Məhkəmə hesab etmişdir ki, belə təminatlar fonunda başqa bir dövlətə vermə çətin ki, həyata keçirilsin.
Eyni mülahizələr hazırkı işə də tətbiq olunur. Başqa dövlətə vermə məsələsi anlaşma memorandumunda ayrıca olaraq tənzimlənməsə də, burada açıq şəkildə qeyd edilmişdir ki, ərizəçi 1998 və 1999-cu illərdə qiyabi yolla məhkum olunduğu cinayətlərə görə saxlanmaq və yenidən mühakimə olunmaq üçün İordaniyaya deportasiya ediləcəkdir. Məhkum olunacağı təqdirdə, o, BKİ-nin azadlıqdan məhrumetmə yerində cəzasını çəkəcəkdi. Ərizəçini qəbul edərək onu yenidən mühakimə etmədən İordaniyada gizli yerdə saxlamaq və ya üçüncü dövlətə vermək İordaniyanın anlaşma memorandumu ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi demək olardı. Bundan əlavə, Məhkəmə hesab edir ki, hətta o, BKİ-nin təcridxanasında ABŞ-ın hakimiyyət orqanları tərəfindən dindirilməli olsaydı belə, bu orqanların anlaşma memorandumunun hərfi belə olmasa, ruhunun pozulmasına səbəb ola biləcək şəkildə hərəkət edərək səlahiyyət həddini aşmasının baş verməməsinin təmin edilməsi məqsədilə İordaniya hakimiyyət orqanlarının işini ehtiyatlı tutacağı ilə bağlı İMŞBXK-nın gəldiyi nəticəni şübhə altına almaq üçün hər hansı sübut mövcud deyildir.
201. Narahatlıq doğuran dördüncü məsələyə gəlincə, ola bilər ki, İordaniya qanunvericiliyinə görə anlaşma memorandumu hüquqi cəhətdən məcburi xarakter daşımır. Əlbəttə, təminatlar qanunsuz əməllə bağlı verildiyi üçün onlara dövlətin ölkə qanunvericiliyi ilə icazə verilən əməli etməkdən imtina etməsi öhdəliyini üzərinə götürməsi ilə bağlı işlərlə müqayisədə daha skeptik yanaşmaq lazımdır (yuxarıda 189-cu bəndin (v) yarımbəndinə bax). Buna baxmayaraq, İMŞBXK bu fərqi qiymətləndirmişdir. Onun qərarından aydın görünür ki, İMŞBXK belə təminatlara müəyyən qədər ehtiyatlı yanaşılmalı olduğunu bildirmişdir (onun yuxarıda 29-cu və digər bəndlərdəki anlaşma memorandumu ilə bağlı ümumi rəyinə bax). Məhkəmə İMŞBXK-nın belə bir fikrini bölüşür ki, hazırkı işdə İordaniyanın öz vədindən qaçmaması üçün real və güclü stimulun olması ilə yanaşı, anlaşma memorandumuna İordaniyada ən yüksək səviyyələrdə dəstək verilməsi bu memorandum üzrə danışıqların aparılmasında iştirak etmiş BKİ-nin məsul əməkdaşlarının onun şərtlərinin pozulmasına dözəcəyi riskini kifayət qədər azaldır.
202. Narahatlıq doğuran beşinci məsələyə gəlincə, ərizəçi anlaşma memorandumunun ərəb və ingilis redaksiyaları arasındakı fərqə istinad edərək, Ədaleh Mərkəzinin onun deportasiyasından sonra yalnız üç il ərzində ona baş çəkə biləcəyini bildirmişdir. Lakin Məhkəmə hesab edir ki, bu məsələ İordaniya ilə Birləşmiş Krallıq hökumətləri arasında mübadilə edilmiş diplomatik notalar vasitəsilə həll olunmuşdur (bax: cənab Leydenin yuxarıda 90-cı bənddəki ikinci ifadəsi [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]). Bu notalardan aydın görünür ki, ərizəçinin saxlandığı bütün dövr ərzində Ədaleh Mərkəzi onunla görüşmək imkanına malik olacaqdır.
203. Nəhayət, narahatlıq doğuran altıncı məsələyə gəlincə, aydındır ki, Ədaleh Mərkəzi “Amnesty International”, “Human Rights Watch” və ya Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi aparıcı beynəlxalq QHT-lərin malik olduğu ekspertiza aparmaq təcrübəsinə və ya imkanlara malik deyildir. O, eyni zamanda, misal üçün, İordaniyada İHİMM kimi statusa və ya nüfuza da malik deyildi. Bununla belə, İMŞBXK öz qərarında bu zəifliyi qeyd etmişdir. O, Mərkəzin “nisbətən təcrübəsiz və nüfuzunun aşağı olduğunu” qəbul etmiş, lakin belə bir nəticəyə gəlmişdir ki, burada əsas olan monitorinq məqsədilə görüşlərin təşkilidir (yuxarıda 31-ci bəndə bax). Məhkəmə bununla razılaşır. Bundan əlavə, Məhkəmə inanır ki, hələ də bilavasitə monitorinq aparmaq təcrübəsi olmasa da, İMŞBXK-nın qərarından sonra Mərkəzin imkanları kifayət qədər artmışdır. Cənab Leydenin ifadələri göstərir ki, Mərkəzin fəaliyyəti üçün Birləşmiş Krallıq tərəfindən geniş maliyyə vəsaiti ayrılırdı və bu da öz növbəsində onun fəaliyyətinin ən azından İordaniyaya münasibətdə müstəqilliyinin təmin olunması üçün bir vasitə idi. Birləşmiş Krallıq hökumətinin təminatlara hörmət olunmasını təmin etməkdə marağının böyük olduğu nəzərə alınarsa, onun bu yardımı davam etdirəcəyini gözləmək mümkündür. Ehtimal olunmur ki, nə isə, o cümlədən bir neçə digər təşkilata monitorinq aparacaq qurum kimi yanaşılması mümkünlüyü Mərkəzin hüquqi statusunda hər hansı dəyişikliyə səbəb olsun. Mərkəzin rəhbəri cənab Rababanın ərizəçinin Birləşmiş Krallıqda cəlb olunduğu hüquqi proseslər barədə az məlumata malik olduğu barədə dediklərinə inanmaq lazım olsa da, indi aydın olmalıdır ki, cənab Rababa Birləşmiş Krallıq hökumətinin nazirləri ilə görüşlərdən sonra Mərkəzin monitorinqdəki rolunun nədən ibarət olduğundan, həmçinin məsələnin Birləşmiş Krallıq hökuməti üçün əhəmiyyətindən xəbərdardır. Eyni şəkildə, cənab Rababanın təhlükəsizlik xidməti əməkdaşları ilə qohumluq əlaqələrinin olması ehtimalı mövcud olsa da, ona yaxın olan hər hansı bir şəxsin ərizəçinin saxlanmasına görə məsuliyyət daşıyacağına dair hər hansı sübut yoxdur. Daha vacib isə odur ki, Mərkəzin monitorinqi necə həyata keçirəcəyi üzərində İordaniyanın və beynəlxalq vətəndaş cəmiyyəti tərəfindən həyata keçiriləcək nəzarət cənab Rababanın qohumluq əlaqələrindən irəli gələ biləcək hər hansı uzaq qərəzlilik riskini üstələmiş olacaqdır.
204. Mərkəz ilə onun köməkçi orqanı olan İşgəncələrlə Mübarizə üzrə Milli Komanda (İMMK) arasındakı əlaqələrin dəqiq təbiəti aydın olmasa da, belə görünür ki, İMMK-nın heyəti tam formalaşmışdır və o, monitorinqin aparılması üçün zəruri olan sahələrarası ekspertiza aparmaq təcrübəsinə malikdir (yuxarıda 87-ci bənddə cənab Leydenin birinci ifadəsinə bax [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]). Məhkəmə hesab edir ki, İMMK-nın tərkibi ilə bağlı hansı iddiaların irəli sürülməyindən asılı olmayaraq, ərizəçi ilə görüşə pis rəftarın fiziki və psixoloji əlamətlərini üzə çıxarmaq iqtidarında olan həkimlər və psixiatrlardan ibarət nümayəndə heyəti gələcəkdi (Mərkəzin yuxarıda 81-ci bənddə istinad edilmiş səlahiyyətlərinin 4-cü bəndinin (d) yarımbəndinə bax). Nümayəndə heyətinə ərizəçi ilə qapalı görüş keçirməyə imkan veriləcəyini gözləmək üçün bütün səbəblər mövcuddur (səlahiyyətlərin 4-cü bəndinin (c) yarımbəndi). Nümayəndə heyəti ilə əvvəlcədən müəyyən edilmiş cədvələ uyğun olaraq görüşməyin ərizəçinin maraqlarına uyğun olacağı aydındır və buna görə də Məhkəmə hesab edir ki, monitorinqdən qaçmaq üçün BKİ-nin nümayəndə heyətinə ərizəçinin onlarla görüşmək istəmədiyini deyəcəyi mümkünsüzdür. Məhkəmənin fikrincə əgər nümayəndə heyətinə belə bir cavab verilərsə, bu, cənab Oakdenin İMŞBXK-ya təqdim etdiyi sübutda da göstərildiyi kimi “diplomatik və nazirliklərarası əlaqələrin, o cümlədən reaksiyaların tez bir zamanda gərginləşməsinə” gətirib çıxa bilər (yuxarıda 30-cu bəndə bax). Bu səbəblərə görə Məhkəmə razılaşır ki, Ədaleh Mərkəzinin fəaliyyətində məhdudiyyətlər olsa da, o, təminatlara əməl olunmasını yoxlamaq iqtidarında olacaqdır.
205. Yuxarıda qeyd edilmiş səbəblərə görə Məhkəmə belə nəticəyə gəlir ki, işdə olan sübutlara əsasən ərizəçi İordaniyaya qaytarılarkən onunla pis rəftar ediləcəyi ilə bağlı real riskə məruz qalmayacaqdır.
206. Nəhayət, məhkəmə baxışının yazılı keçirilən mərhələsində tərəflərə ərizəçiyə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməməsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiq ediləcəyi riskinin olub-olmadığı və əgər belə bir risk vardırsa, bunun Konvensiyanın 3-cü maddəsinə uyğun gəlib-gəlmədiyinə dair sual verilmişdir. Tərəflər belə bir riskin olmadığı barədə razılığa gəlmişdirlər, belə ki, İordaniyada ömürlük azadlıqdan məhrum etmə cəzası iyirmi ildən artıq davam etmir. Ərizəçi eyni zamanda qəbul etmişdir ki, onun azadlıqdan məhrumetmə növündə cəzasının müddətinə 6-cı maddə əsasında verilmiş şikayətin kontekstində də baxıla bilər. Məhkəmə tərəflərlə razılaşır və hesab edir ki, ərizəçinin işində ona İordaniyada verilə biləcək hər hansı azadlıqdan məhrumetmə cəzasının müddəti ilə bağlı 3-cü maddə əsasında məsələ ortaya çıxmır.
207. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin İordaniyaya deportasiyası nəticəsində Konvensiyanın 3-cü maddəsi pozulmayacaqdır.
...
IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
226. Ərizəçi Konvensiyanın 5-ci maddəsi əsasında şikayət edərək ilk növbədə bildirmişdir ki, İordaniya qanunvericiliyinə görə əlli gün müddətinə qədər təcrid olunmuş şəkildə saxlama imkanı nəzərdə tutulduğundan, deportasiya ediləcəyi təqdirdə qeyd edilən maddədə nəzərdə tutulmuş azadlıq hüququnun açıq-aşkar pozulması üçün real risk mövcud olacaqdır. İkincisi, o, yenə də 5-ci maddəyə istinad edərək iddia etmişdir ki, bu saxlama dövrü ərzində ona hər hansı hüquqi yardım göstərilməyəcəkdir. Nəhayət, ərizəçi iddia etmişdir ki, işinə yenidən baxılması zamanı məhkum edilərsə, azadlıqdan məhrumetmə növündə istənilən cəza 5-ci maddənin açıq şəkildə pozulmasına səbəb olacaqdır, belə ki, bu cəzanın 6-cı maddənin açıq şəkildə pozulması nəticəsində tətbiq edilməsi mümkün olacaqdır.
5-ci maddənin müvafiq hissələrində qeyd edilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
...
3. Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər”.
A. Tərəflərin izahatları
1. Hökumət
227. Hökumət ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı işlərdə 5-ci maddəyə istinad edilməsinin mümkünlüyünü qəbul etməmişdir (Məhkəmə “Tomiç Birləşmiş Krallığa qarşı” (Tomic v. the United Kingdom (dec.), no. 17837/03, 14 October 2003) işində bunun mümkünlüyünə şübhə ilə yanaşmışdır). Hətta bu mümkün olsaydı belə, hazırkı işdə bununla bağlı məsələ ortaya çıxmır. Belə ki, ərizəçinin məhkəmə qarşısına çıxarılmasından öncə saxlanacağı dövr uzun müddət davam etməyəcək. İMŞBXK onun güman ki, qırx dörd saat ərzində “məhkəmə orqanı” qarşısına çıxarılacağını qət etmişdir (hətta “məhkəmə orqanı” funksiyasını məhkəmə-hüquqi statusa malik prokuror icra etsəydi belə). Cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatları prokurorun məhkəmə hakimiyyəti funksiyasını həyata keçirən məmur olduğunu təsdiq edir. Onlar eyni zamanda bildirmişlər ki, polisin istənilən həbs barədə hüquq-mühafizə orqanlarına məlumat verməsi üçün müəyyən edilmiş müddət qırx səkkiz saatdan iyirmi dörd saata qədər endirilmişdir. ... İMŞBXK eyni zamanda qət etmişdir ki, saxlama müddətinin əlli günə qədər uzadılması çətin ki, istənilsin (yuxarıda 41-ci bəndə bax). İMŞBXK-nın hər iki məsələ üzrə gəldiyi nəticə istər Apellyasiya Məhkəməsi, istərsə də Lordlar Palatası tərəfindən təsdiq olunmuşdur. Lordlar Palatasında işə baxılan zaman lord Fillips həm də müəyyən etmişdir ki, əlli gün müddətinə saxlama heç də 5-ci maddənin açıq pozuntusu hesab oluna bilməz (yuxarıda 58-ci bəndə bax) və Hökumət əlli gün müddətinə saxlama ehtimalını qəbul etməsə də, bu nəticəni əsas kimi götürmüşdür.
228. Hökumət həmçinin bildirmişdir ki, ərizəçinin dərhal hakim qarşısına çıxarılması ilə bağlı anlaşma memorandumunda əks olunmuş təminat yalnız onun qiyabi yolla məhkum olunduğu cinayətlərə görə yenidən mühakimə olunmazdan əvvəl istənilən saxlama müddətinə deyil, eyni zamanda İordaniyada saxlanacağı istənilən digər müddətə də tətbiq olunacaqdır. Nəhayət, Hökumət ərizəçinin işinə yenidən baxılmasının ədalət mühakiməsini həyata keçirməkdən açıq imtina edilməsi olduğunu qəbul etmədiyindən, hesab etmişdir ki, ərizəçiyə münasibətdə tətbiq oluna biləcək azadlıqdan məhrum etmə növündə hər hansı cəza ilə bağlı 5-ci maddəyə əsasən məsələ ortaya çıxa bilməz.
2. Ərizəçi
229. Ərizəçi bildirmişdir ki, mövcud sübutlar islamçı məhbusların prokurorun göstərişinə əsasən əlli gün müddətinə qədər təcrid olunmuş şəkildə saxlanmalarının adi hal aldığını təsdiq edir. Bu müddət Avropa Məhkəməsi tərəfindən müəyyən edilmiş (bax: “Broqan və Digərləri Birləşmiş Krallığa qarşı” (Brogan and Others v. the United Kingdom, 29 November 1988, §§ 61-62, Series A no. 145‑B) və yuxarıda qeyd olunmuş “Öcalan” işi, 103-cü bənd) və beynəlxalq hüquq normaları ilə də qəbul edilmiş (yuxarıda 155-ci bəndə bax) vaxt məhdudiyyətlərini kifayət qədər aşır. İstintaqı həyata keçirmiş prokurorun saxlamanın davam etdirilməsinin qanuniliyi məsələsini müəyyən etməyə görə məsuliyyət daşıması da Avropa Məhkəməsinin təcrübəsinə və beynəlxalq hüquq normalarına ziddir. Hərbi zabitin İordaniya Dövlət Təhlükəsizlik Məhkəməsində prokuror funksiyalarını icra etdiyi işlərdə bu, daha bariz şəkildə özünü göstərir. Bundan əlavə, anlaşma memorandumu “dərhal hakim qarşısına” anlayışının mənasını müəyyən etmədiyindən ərizəçi hesab etmişdir ki, İMŞBXK-nın onun qırx səkkiz saat ərzində məhkəmə orqanı qarşısına çıxarılacağı ilə bağlı nəticəyə gəlməsi üçün yeganə əsas Xarici İşlər və Birlik Məsələləri Nazirliyinin anlaşma memorandumunun hazırlanması üzrə məsul əməkdaşı cənab Oakdenin ifadəsi olmuşdur. Lakin indi cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatından aydın olur ki, bu ifadə sadəcə olaraq ərizəçinin prokuror qarşısına çıxarılacağı anlamından irəli gəlmişdir.
B. Şikayətin qəbuledilənliyi
230. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. O, bundan əlavə qeyd edir ki, o, hər hansı başqa səbəblərə görə də qəbuledilməz deyildir. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.
C. Şikayətin mahiyyəti
1. 5-ci maddə ölkə hüdudlarından kənara çıxarıma ilə bağlı işlərə tətbiq edilirmi?
231. Məhkəmə qəbul edir ki, yuxarıda qeyd edilmiş “Tomiç” işində o, 5-ci maddənin ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı işlərə tətbiq edilməsinin mümkünlüyü məsələsinə tərəddüdlə yanaşmışdır. Bununla belə, o eyni zamanda xatırlayır ki, “Babar Əhməd və Digərləri” işində (yuxarıda qeyd edilmişdir, 100-116-cı bəndlər) ərizəçilər şikayət edərək bildirmişlər ki, onların ABŞ-a ekstradisiya ediləcəkləri və düşmən kombatant kimi tanınacaqları və ya başqa bir dövlətə veriləcəkləri təqdirdə, Konvensiyanın 3, 5 və 6-cı maddələrinin pozulması üçün real risk mövcud olacaqdır. ABŞ hökuməti ərizəçilərin bu qisimdə tanınmayacaqları və onların işlərinə federal məhkəmələr tərəfindən baxılacağı ilə bağlı təminatlar vermişdi. İstər yerli məhkəmələrdə, istərsə də Avropa Məhkəməsində ərizəçilərin şikayətləri düşmən kombatant kimi tanınmaq üçün mövcud meyarlara cavab verib-vermədikləri və bu qisimdə tanındıqları təqdirdə, Konvensiyanın 3, 5 və 6-cı maddələrinin pozulması üçün real riskin olub-olmadığı ilə bağlı araşdırılmışdır. Sonda şikayətlər açıq-aşkar əsassız olduqları üçün rədd edilmişdir. Belə ki, ABŞ tərəfindən verilmiş təminatlar bu qisimdə tanınma və ya başqa dövlətə vermə ilə bağlı istənilən real riskin aradan qaldırılması üçün yetərli olmuşdur. Məhkəmə xatırlayır ki, buna oxşar şəkildə “Əl-Moayad” işində (yuxarıda 101-ci bənddə qeyd edilmişdir) ərizəçinin 6-cı maddə əsasında qaldırılmış şikayətini araşdıran zaman o, aşağıdakıları qət etmişdir:
“Cinayət törətməsinə və ya cinayəti planlaşdırdığına şübhələr olduğu üçün saxlanmış şəxsin barəsində seçilmiş saxlanma tədbirinin qanuniliyinin yoxlanılması və şübhələrin əsassız olduğu müəyyən edildiyi zaman azad olunması məqsədilə müstəqil və qərəzsiz məhkəməyə müraciət etmək imkanı olmadığı təqdirdə şübhəsiz ki, işə ədalətlə şəkildə baxılmasından və bununla da, ədalət mühakiməsinin həyata keçirilməsindən imtina edilmiş olur”.
Bu qeydin ərizəçinin heç bir məhkəmə prosesi keçirilmədən Quantanamoda saxlanacağından şikayəti kontekstində edildiyini nəzərə alan Məhkəmə bu qeydlərin Konvensiyanın 5-ci maddəsinə münasibətdə daha da geniş şəkildə tətbiq edilməli olduğunu qət edir.
232. Məhkəmə həmçinin hesab edir ki, qəbul edən ölkədə keçirilən açıq şəkildə ədalətsiz məhkəmə prosesindən sonra azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş ərizəçinin həmin dövlətə deportasiya olunmasının qarşısını almaq üçün 6-cı maddəyə istinad etməsinin mümkün olduğu təqdirdə heç bir məhkəmə baxışı keçirilmədən azadlıqdan məhrum edilmiş ərizəçinin ölkə hüdudlarından kənara çıxarılmasının qarşısını almaq üçün 5-ci maddəyə istinad edə bilməməsi məntiqsizdir. Eyni şəkildə, belə bir vəziyyətin olması mümkündür ki, ərizəçi qəbul edən dövlətdə keçirilmiş açıq şəkildə ədalətsiz məhkəmə baxışından sonra artıq məhkum edilmiş olsun və onun təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı çəkmək üçün həmin dövlətə ekstradisiya edilməsi məsələsi ortaya çıxsın. Geri qaytarılması zamanı həmin cinayət işlərinin yenidən təzələnməsi imkanı olmadığı təqdirdə o, 6-cı maddəyə istinad edə bilməyəcəkdir, belə ki, onun yenidən işinə ədalətli şəkildə baxılmasından açıq imtina ediləcəyi riski ilə üzləşməsi mümkün deyildir. Bu baxımdan həmin ərizəçinin ekstradisiyasına mane olmaq üçün 5-ci maddəyə istinad edə bilməməsi əsassız olardı (bax: mutatis mutandis, “Stoiçkov Bolqarıstana qarşı” (Stoichkov v. Bulgaria, no. 9808/02, §§ 51-56, 24 March 2005) və “İlaşku və Digərləri Moldova və Rusiyaya qarşı” (Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, §§ 461-64, ECHR 2004‑VII)).
233. Buna görə də Məhkəmə hesab edir ki, “Tomiç” işində ifadə etdiyi şübhələrə baxmayaraq 5-ci maddənin ölkə hüdudlarından kənara çıxarıma işlərində tətbiq edilməsi mümkündür. Buna görə də Məhkəmə hesab edir ki, Razılığa Gələn Dövlətin ərizəçini 5-ci maddənin açıq şəkildə pozulması ilə bağlı real risklə üzləşəcəyi dövlətə deportasiya etməsi həmin maddənin pozuntusuna səbəb olacaqdır. Lakin 6-cı maddədə də olduğu kimi burada da yüksək sədd tətbiq edilməlidir. 5-ci maddənin açıq şəkildə pozulması yalnız o zaman baş vermiş hesab oluna bilər ki, misal üçün, qəbul edən dövlət ərizəçini məhkəmə qarşısına gətirmək niyyəti olmadan bir neçə il ərzində saxlamış olsun. 5-ci maddənin pozuntusu həm də o zaman baş vermiş olur ki, ərizəçi əvvəllər qəbul edən dövlətdə açıq şəkildə ədalətsiz məhkəmə baxışı nəticəsində məhkum edildikdən sonra yenidən uzun müddətə azadlıqdan məhrum etmə riski ilə üzləşmiş olsun.
2. Bu işdə 5-ci maddənin açıq pozuntusunun olması mümkündürmü?
234. Məhkəmə müəyyən edir ki, ərizəçinin bu maddə əsasında verdiyi ikinci və üçüncü şikayətlərinə (hüquqi yardımın olmaması və açıq şəkildə ədalətsiz məhkəmə baxışından sonra saxlanma mümkünlüyü) 6-cı maddə əsasında daha müvafiq şəkildə baxılmışdır. Buna görə də onun yalnız ərizəçinin 5-ci maddə əsasında verdiyi ilk şikayətinin (əlli gün müddətinə qədər təcrid olunmuş şəkildə saxlanma mümkünlüyü) araşdırması zəruridir.
235. Məhkəmə yuxarıda 233-cü bənddə təsbit edilmiş prinsipləri tətbiq edərək belə qərara gəlir ki, ərizəçinin İordaniyada məhkəməyə qədər saxlanması zamanı 5-ci maddənin açıq şəkildə pozulması ilə bağlı real risk olmayacaqdır. Məhkəmənin cinayət təqibinin həyata keçirilməsinə görə birbaşa məsuliyyət daşıyan BKİ-nin bir əməkdaşı və ofisləri BKİ-nin binasında yerləşən bir məmur kimi prokurora “hakim və ya qanunla məhkəmə səlahiyyətlərini həyata keçirməsinə icazə verilən başqa məmur” kimi baxılmasının mümkünlüyünə ciddi şübhələr ilə yanaşır (misal üçün, “Medvedyev və Digərləri Fransaya qarşı” (Medvedyev and Others v. France [GC], no. 3394/03, § 124, ECHR 2010) işinə və İnsan Hüquqları Komitəsinin yuxarıda 155-ci bənddə qeyd edilmiş “Kulomin” işi üzrə qərarına bax). Buna görə də İordaniyanın Cinayət Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq ərizəçinin iyirmi dörd saat ərzində prokuror qarşısına gətiriləcəyi faktına böyük əhəmiyyət verilə bilməz (yuxarıda 96-cı bənddə cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatına bax [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]). Lakin İordaniya açıq şəkildə ərizəçini məhkəmə qarşısına çıxarmaq niyyətindədir və onun saxlandığı gündən başlayaraq əlli gün ərzində bunu təmin etməlidir. Məhkəmə lord Fillips ilə razılaşır ki, əlli gün müddətinə saxlama 5-ci maddənin açıq şəkildə pozuntusunun olduğunu qət etmək üçün tələb olunan müddətdən kifayət qədər azdır və buna görə də ərizəçinin İordaniyaya deportasiya olunacağı təqdirdə bu maddənin pozuntusuna yol verilməyəcəkdir
V. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
236. Ərizəçi Konvensiyanın 6-cı maddəsi əsasında daha sonra şikayət edərək bildirmişdir ki, qiyabi yolla məhkum olunduğu cinayətlərlə bağlı işlərə İordaniyada yenidən baxılacağı təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi real riski ilə üzləşəcəkdir.
6-cı maddənin müvafiq hissələrində qeyd edilir:
“Hər kəs, .... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ...... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.
A. Tərəflərin izahatları
1. Hökumət
237. Hökumətin mövqeyinə görə Məhkəmə Lordlar Palatasının yanaşmasını qəbul edərək qərara almalıdır ki, yalnız qəbul edən dövlətdə keçiriləcək ədalətsiz məhkəmə prosesinin ərizəçi üçün ciddi nəticələr doğuracağı təqdirdə ekstraterritorial kontekstdə 6-cı maddənin pozulmasından söhbət gedə bilər. Lakin Hökumət hazırkı işdə ərizəçinin məhkum ediləcəyi təqdirdə onun üçün ciddi nəticələrin baş vermiş olacağını etiraf etmiş və bununla bağlı “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi” testinin tətbiq edilməsinin mümkünlüyünü qəbul etmişdir.
238. Hökumət daha sonra bildirmişdir ki, “açıq imtina” elə təfsir edilməlidir ki, “təmin edilmiş hüququn mahiyyətini heçə endirəcək və ya məhv edəcək” pozuntu anlayışını ehtiva etsin (bax: “Mamatkulov və Askarov” işində (Mamatkulov and Askarov [GC], nos. 46827/99 and 46951/99, ECHR 2005-I) hakimlər Bratza, Bonello və Hediqanın digərlərinin fikrindən qismən fərqlənən rəyi). Hökumətin mövqeyinə görə bu test kifayət qədər sərt idi və ondan yalnız müstəsna hallarda keçilməsi mümkün idi. Bundan əlavə, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina edildiyinin sübut olunması üçün yetərli səbəblər tələb olunur.
239. Hökumət İMŞBXK və Lordlar Palatasının hazırkı işdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edildiyi testindən keçilmədiyi ilə bağlı qərarları ilə razılaşmışdır. O, Dövlət Təhlükəsizlik Məhkəməsində struktur baxımından müstəqilliyin olmadığını qəbul etmiş, lakin bu qüsurun Kassasiya Məhkəməsinə şikayətlə aradan qaldırıldığını bildirmişdir. Mahiyyət etibarı ilə və ya Avropa Məhkəmənin təcrübəsində məhkəmənin struktur baxımından müstəqilliyə malik olmamasının avtomatik olaraq ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina ediləcəyi demək olduğuna dair heç nə yoxdur. İstənilən ədalətsizliyin miqyası ilə bağlı rəyin verilməsinə daim tələbat vardır və bu, sadəcə struktur baxımından müstəqilliyin olub-olmadığına baxmaqla deyil, daha geniş çərçivədə edilməlidir. Buna görə də Dövlət Təhlükəsizlik Məhkəməsinin beynəlxalq aləmdə tənqid olunmasına və ya mülki şəxslərin hərbi məhkəmələr tərəfindən mühakimə edilməsi ilə bağlı beynəlxalq sənədlərə elə də böyük əhəmiyyət verilməməlidir.
240. Məhkəməyə qədər hüquqi yardımın göstərilməməsi məsələsi ilə də bağlı eyni sözləri demək mümkündür. 6-cı maddə belə bir köməyin göstərilməsi ilə bağlı mütləq hüquq nəzərdə tutmur. İMŞBXK-nın gəldiyi nəticələrdən aydın idi ki, İordaniyanın hakimiyyət orqanları ərizəçinin işinə ehtiyatla yanaşacaq və onun işi üzrə keçiriləcək yeni məhkəmə baxışına yaxından nəzarət ediləcəyindən kifayət qədər məlumatlı olacaqdır. Misal üçün, İordaniya məhkəmələri çətin ki, ərizəçinin BKİ-də keçirilmiş dinləmə zamanı söylədiyi, lakin prokuror qarşısında təkrar etmədiyi ifadələri əsas kimi götürsün. İordaniya qanunvericiliyi yalnız üzürlü səbəblərə görə vəkilin prokuror tərəfindən keçirilən dindirmələrdə iştirak etməməsinə icazə verir (yuxarıda 97-ci bənddə cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatına bax [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]).
241. Hökumət qəbul etmişdir ki, müttəhimə işgəncə tətbiq edilməsi yolu ilə əldə edilmiş sübutun qəbul olunması həmin müttəhimin məhkəmə baxışının ədalətsizliyinə dəlalət etmiş olacaqdır. Lakin eyni müddəa işgəncə hesab olunmayan pis rəftar yolu ilə əldə olunmuş sübuta tətbiq edilmir. Hətta “ölkə daxili” kontekstdə belə Məhkəmə tərəfindən işgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə nəticəsində ortaya çıxan ədalətsizlik ilə pis rəftarın başqa formalarının tətbiq olunması yolu ilə əldə edilmiş sübutdan istifadə nəticəsində yaranmış ədalətsizlik arasında fərq qoyulmuşdur. Pis rəftar işgəncə həddinə çatmadıqda, həmin pis rəftar yolu ilə əldə edilmiş sübutdan məhkəmədə istifadə edilməsinin mümkünlüyünün həll edilməsi üçün diskresiya mövcuddur (bax: “Jalloh Almaniyaya qarşı” (Jalloh v. Germany [GC], no. 54810/00, §§ 99 and 106‑07, ECHR 2006‑IX)). Bundan əlavə, Məhkəmə işgəncə ilə pis rəftarın digər formaları arasında fərq qoyan zaman BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının 1-ci maddəsində təsbit edilmiş yüksək standartı tətbiq etmişdir (yuxarıda 125-ci bəndə bax). Hazırkı işdə İMŞBXK ərizəçinin əleyhinə sübutun işgəncə yolu ilə əldə olunduğunu müəyyən etməmiş, yalnız onun 3-cü maddəyə zidd olaraq pis rəftarın tətbiq edilməsi yolu ilə əldə olunması ilə bağlı real riskin olduğunu qət etmişdir. Buna görə də həmin sübutdan istifadənin avtomatik olaraq ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi demək olacağı nəticəsinə gəlmək üçün hər hansı əsas yoxdur.
242. Hökumət eyni zamanda bildirmişdir ki, ekstraterritorial kontekstdə ərizəçinin işgəncə və ya pis rəftar yolu ilə əldə edilmiş sübutdan qəbul edən dövlətdə keçiriləcək məhkəmə baxışı zamanı istifadə olunacağını iddia etdiyi zaman yüksək sübutetmə standartı tətbiq olunmalıdır. Hökumət qeyd etmişdir ki, Birləşmiş Krallığın məhkəmələri işgəncə yolu ilə əldə olunması ilə bağlı real riskin olduğu sübutu qəbul edirlər, bir şərtlə ki, ehtimallar balansı əsasında sübutun məhz bu yolla əldə olunduğu qət edilməsin (yuxarıda 136-137-ci bənddə əks olunmuş Lordlar Palatasının “A və digərləri (nömrə 2)” işi üzrə qərarına bax). Buna görə də sübutun Birləşmiş Krallıqda qanuni və ədalətli şəkildə qəbul edilməsinin mümkünlüyü nəzərə alınaraq, bu ölkədən deportasiyanın həmin əsaslara görə qarşısının alınması məntiqsiz olardı. Bununla bağlı Hökumət bildirmişdir ki, sübutun işgəncə və ya digər formada pis rəftar yolu ilə əldə olunması ilə bağlı real riskin olması yetərli deyildir. Bunun əksinə, ehtimallar balansına əsasən və ya əsaslı şübhələr olmadan sübutun işgəncə yolu ilə əldə edildiyi müəyyən olunarsa, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsindən söhbət gedə bilməz. Sübutetmə standartı Məhkəmə tərəfindən 3 və 6-cı maddələrlə bağlı “ölkə daxili” işlərdə tətbiq olunan standarta, BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının 15-ci maddəsinə və Düsseldorfun Apellyasiya Məhkəməsinin “re. Əl Motassadeq”, “Hindistan Sinqhə qarşı” və “Mahcub” işləri üzrə qərarlarına (müvafiq olaraq yuxarıda 129, 133, 135, 139, 140 və 153-cü bəndlərə bax) uyğun idi. Ərizəçi hazırkı işdə bunu təsdiq edə bilməmişdir. Onun istinad etdiyi digər sübutlar İMŞBXK-nın sərəncamında olan sübutlara heç bir əlavə etməmişdir və hər bir halda onlar cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatına ziddiyyət təşkil edirdi. Bundan əlavə, yuxarıda qeyd edilmiş “Mamatkulov və Askarov” işində göstərilmişdir ki, qəbul edən dövlətdə işgəncə yolu ilə əldə olunan sübutların qəbul edilməsinin adi hal aldığını təsdiq edən ümumi hesabatların olması konkret ərizəçi barədə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina ediləcəyini təsbit etmək üçün yetərli deyildir. Bunun üçün daha çox birbaşa sübutun olması tələb edilir.
243. Hökumət hesab etmişdir ki, ərizəçinin işgəncə ilə bağlı şikayətlərin araşdırılması vəzifəsinin mövcud olmasına dair dəlili əsassızdır. İordaniya Konvensiyanın iştirakçısı olan dövlət deyildir və buna görə də İordaniyanın Konvensiyanın 3-cü maddəsinin pozulmasını araşdırmaq sahəsində heç bir pozitiv öhdəliyi yoxdur. Eyni şəkildə, iordaniyalı müttəhim üçün etirafedici ifadənin prokurora könüllü şəkildə verilmədiyini sübut etmək çətin olsa da (belə ki, sübutetmə vəzifəsi prokurorun deyil onun üzərində idi), İMŞBXK İordaniya qanunvericiliyinə görə prosesin bu cür getməsinin məqbul olduğunu qət etmişdir. O, eyni zamanda müəyyən etmişdir ki, həmin sübutetmə vəzifəsini tətbiq edən İordaniya məhkəməsinin qərarı açıq-aşkar əsassız və ya qanunsuz hesab olunmayacaq və buna görə də, burada ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi məsələsi ortaya çıxmayacaqdır.
244. Nəhayət, Hökumət bildirmişdir ki, üçüncü tərəfdən işgəncə və ya digər formada pis rəftar yolu ilə əldə olunmuş sübuta məhkəmə baxışının ədalətsiz olmasına səbəb olacaq testdən fərqli hər hansı konkret bir test tətbiq edilməməlidir. Əgər tətbiq edilməli olsaydı belə, sübutun pis rəftar yolu ilə əldə olunmasına dair sadəcə real riskin olduğu təqdirdə, həmin sübutun məhkəmə tərəfindən qəbul edilməsi ədalətli məhkəmə baxışı hüququnun tamamilə heçə endirilməsi demək olmayacaqdı.
245. Buna görə də Hökumət bildirmişdir ki, bu üç amil (müstəqilliyin olmaması, hüquqi yardımın olmaması və işgəncə yolu ilə əldə olunmuş sübutun qəbulu riski) hətta bir yerdə götürülsə belə, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi hesab oluna bilməz.
2. Ərizəçi
246. Hökumətdən fərqli olaraq ərizəçi uzun müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi kimi baxılmasının ilkin şərti qismində yanaşmamışdır. Onun fikrincə uzun müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi riskinin olması ədalətsizliyin ağırlaşdırıcı xüsusiyyəti kimi çıxış etmişdir.
247. Ərizəçi bildirmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi testi kəmiyyət deyil, keyfiyyət göstəricisinə malikdir. “Açıq” dedikdə hüququn tam şəkildə heçə endirilməsi deyil, “hüququn mahiyyətinin heçə endirilməsi” başa düşülməlidir. O, eyni zamanda ədalətsizliyin açıq aşkar olmasını və qabaqcadan görülməsini nəzərdə tutur.
248. Ərizəçi bildirmişdir ki, aşağıdakı amillərə birlikdə baxıldığı təqdirdə onun işinə yenidən baxılması zamanı ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina ediləcəyini müəyyən etmək mümkün olacaqdır: (i) Dövlət Təhlükəsizlik Məhkəməsinin hərbi prokurorun köməkliyi ilə həyata keçirilən hərbi məhkəmə instansiyası olması; (ii) onun terrorçuluqda şübhəli bilinən tanınmış mülki şəxs olması; (iii) əleyhinə olan etirafedici ifadələrin hərbi şəxslər tərəfindən işgəncə və ya pis rəftar yolu ilə əldə olunmasına dair real riskin mövcudluğuna baxmayaraq, ona qarşı işin əsas etibarı ilə məhz həmin ifadələr üzərində qurulması və (iv) Dövlət Təhlükəsizlik Məhkəməsinin etirafedici ifadələrin işgəncə və ya pis rəftar yolu ilə əldə olunduğunu lazımı qaydada araşdırmayacağı faktı.
249. Dövlət Təhlükəsizlik Məhkəməsinin hərbi tərkibi ilə bağlı ərizəçi ilk növbədə İnsan Hüquqları Komitəsinin mülki şəxslərin işlərinə hərbi məhkəmələr tərəfindən baxılması təcrübəsini qınamasına diqqəti çəkmişdir (yuxarıda 157-159-cu bəndlərə bax). İkincisi, o, İordaniyanın Dövlət Təhlükəsizlik Məhkəməsi ilə bağlı konkret beynəlxalq tənqidləri ön plana çəkmişdir. Bu tənqidlər heç bir məhkəmə nəzarəti olmadan təcrid olunmuş şəkildə saxlama müddətinin uzadılması imkanının olması (prokuror, hərbi zabit tərəfindən), Dövlət Təhlükəsizlik Məhkəməsinin işgəncə ilə bağlı şikayətləri lazımı qaydada araşdırmaması və məhkəmənin müstəqilliyi və qərəzsizliyinin olmaması kimi məsələlər üzərində cəmləşmişdir. Ərizəçi həmçinin etirafedici ifadələrlə bağlı İordaniyada mövcud normaların ədalətsizliyinə diqqəti çəkmişdir. Hətta cənab Əl-Xəlili və cənab Nacdauinin təqdim etdiyi sübutdan da göründüyü kimi Kassasiya Məhkəməsinin yanaşmasına görə etirafedici ifadə prokuror qarşısında təkrar edildiyi təqdirdə prokurorun bu ifadənin məcburi şəkildə alınmasında iştirakçılığını sübut etmək müttəhimin üzərinə düşür. Əgər müttəhim bunu sübut edə bilməsəydi, BKİ-nin əvvəllər yol verdiyi hüquq pozuntularına baxmayaraq ifadə qəbul edilirdi.
250. Ərizəçi bu kontekstdə bildirmişdir ki, İordaniyada Dövlət Təhlükəsizlik Məhkəməsinin fəaliyyəti “Ergin Türkiyəyə qarşı” (Ergin v. Turkey (no. 6) (no. 47533/99, ECHR 2006-VI) işində baxılmış Türkiyənin Dövlət Təhlükəsizlik Məhkəməsi ilə müqayisədə daha çox mübahisə doğurur. İstər yuxarıda qeyd edilmiş “Əl-Moayad” işində, istərsə də “Drozd və Yanusek Fransa və İspaniyaya qarşı” işində (Drozd and Janousek v. France and Spain, 26 June 1992, Series A no. 240) göstərilmişdir ki, məhkəmə baxışının hərbi məhkəmə tərəfindən həyata keçirilməsi öz-özlüyündə 6-cı maddənin açıq pozuntusu hesab edilir.
251. İşgəncə yolu ilə əldə olunmuş sübutun qəbul edilməsi mümkünlüyü ilə bağlı ərizəçi əldə etdiyi digər sübutlara diqqəti çəkmişdir (yuxarıda 102-105-ci bəndlərdə xülasəsi verilmişdir [qərarın tam mətni ilə Hudoc məlumat bazasında tanış olmaq mümkündür]). Burada qeyd olunur ki: (i) ilkin məhkəmələrdə məhkum olunması üçün əsas kimi cənab Əl-Həmaşer və Əbu Hoşerin ifadələri götürülmüşdür; (ii) bu şəxslər və bəzi digər müttəhimlər hər bir məhkəmə prosesi zamanı təcrid olunmuş şəkildə saxlanılmış, işgəncələrə məruz qalmışlar və onlara heç bir hüquqi yardım göstərilməmişdir. Ərizəçi bildirmişdir ki, xanım Refahinin ifadəsi düzgün idi. İfadənin üzərində barmaq izindən istifadə olunması saxta ifadənin açıq-aydın əlaməti idi...Barmaq izi cənab Əl-Xəlili və cənab Nacdauinin güman etdiyi kimi sadəcə olaraq ifadəni verənin savadsız olması demək deyildi. Bu ən azından Əbu Hoşerin işində belədir. Belə ki, ona qarşı iş onun ərizəçinin kitablarını oxuması ilə bağlı qaldırılmışdı.
252. Ərizəçi həmçinin bildirmişdir ki, işgəncə ilə pis rəftar arasındakı istənilən mümkün fərq (istər beynəlxalq hüquqda, istərsə də Konvensiyada olsun) iki səbəbə görə heç bir əhəmiyyət kəsb etmir. İlk növbədə o iddia edirdi ki, cənab Əl-Həmaşer və Əbu Hoşerə qarşı tətbiq edilmiş pis rəftar işgəncəyə bərabər tutulacaq qədər ağır idi. İkincisi, etirafedici ifadənin alınması məqsədilə pis rəftara yol verildiyi bütün hallarda 6-cı maddə pozulmuş hesab olunur və aydın idi ki, cənab Əl-Həmaşer və Əbu Hoşer bu səbəbdən pis rəftara məruz qalmışdılar.
253. İşgəncə yolu ilə əldə edilmiş sübutdan istifadə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi deməkdir. Ərizəçinin izahatlarına görə işgəncə yolu ilə əldə olunmuş sübutdan istifadənin qadağan edilməsi işgəncənin qadağan edilməsinə dair ius cogens norma vasitəsilə ifadə edilən mövcud beynəlxalq mexanizmin tərkib hissəsidir. Bu qadağa BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının 15-ci maddəsində və bu Məhkəmənin presedent hüququnda təsbit olunmuşdur. 15-ci maddədəki müstəsna qayda BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının işgəncənin tətbiq edildiyinə inanmaq üçün əsaslı səbəblərin olduğu halda araşdırma aparmaq vəzifəsini ehtiva edən 12-ci maddəsi ilə birlikdə oxunmalıdır. BMT-nin qurumları və QHT-lərin hesabatlarından (yuxarıda 106-124-cü bəndlərdə xülasəsi verilmişdir) aydındır ki, İordaniya prokuroru işgəncə ilə bağlı şikayətləri araşdırmaq vəzifəsini lazımı qaydada icra etməmişdir. Təbii ki, bu şikayətlər ərizəçinin qiyabi yolla keçirilmiş məhkəmə baxışından edilən zaman da prokuror bu vəzifəsini icra etməmişdir. Buna görə də ərizəçi hazırkı işdə ifadənin işgəncə yolu ilə əldə edildiyini ehtimallar balansı əsasında sübut edə bilmədiyini qəbul etsə də, o, bu işdə qaldırdığı şikayətlərin İordaniya tərəfindən araşdırılmayacağını əsaslı şübhələr olmadan sübut edə bilmişdir.
254. Hökumətin İordaniya qanunvericiliyinin tətbiq olunacaq sübutetmə standartı ilə bağlı İngiltərə qanunvericiliyinə uyğun gəlməsinə dair bildirdikləri həqiqətəuyğun deyildir. İngiltərə qanunvericiliyinə görə ittiham tərəfi cinayət işində sübutun işgəncə yolu ilə əldə olunmadığını sübut edənə qədər o, qəbul edilmir. ...Bundan əlavə, “A və digərləri (nömrə 2)” işində (yuxarıda 136-137-ci bəndlərə bax) Lordlar Palatası üzvlərinin əksəriyyətinin mövqeyi belə bir mülahizə ilə əsaslanmışdır ki, Birləşmiş Krallıqda müstəqil məhkəmə qurumu olan İMŞBXK sübutun işgəncə yolu ilə əldə olunmasına dair istənilən şikayəti vicdanla araşdırmış olardı. Bu mülahizəni İordaniyanın Dövlət Təhlükəsizlik Məhkəməsi barədə qeyd etmək mümkün deyildir. Dövlət Təhlükəsizlik Məhkəməsində sübutetmə vəzifəsi müttəhimin üzərinə düşür və o, ifadənin işgəncə yolu ilə alındığını sübut etməlidir. Bu ədalətsiz bir tələbdir. Belə ki, o, pis rəftara qarşı olan əsas müdafiə tədbirlərinin əksəriyyəti ilə, yəni dindirmənin stenoqramının aparılması, saxlamanın qısa müddətli olması, vəkil və həkimlərin xidmətlərindən yararlanmaq ilə müşayiət olunmamışdır.
255. Buna görə də bu səbəblərdən ondan işdəki əsas şahidlərin işgəncəyə məruz qaldığını əsaslı şübhələr olmadan və ya ehtimallar balansı əsasında sübut etməsini gözləmək ədalətsizlik olardı.
256. Ərizəçi ölkə daxili məhkəmələrin gəldiyi nəticələrlə bağlı bildirmişdir ki, Apellyasiya Məhkəməsi ərizəçinin işinə təfsilatı ilə baxmaqla düzgün yanaşma nümayiş etdirmiş və düzgün şəkildə ifadələrin işgəncə yolu ilə əldə olunduğu ilə bağlı real risklə İordaniyanın cinayət prosessual qanunvericiliyində “əsas müdafiə tədbirlərinin olmaması”nı müqayisə etmişdir. Bunun əksinə, Lordlar Palatası bütün fikrini sübutun işgəncə yolu ilə əldə olunması riskinə cəmləməklə səhvə yol vermiş və ərizəçinin istinad etdiyi prosessual pozuntularla bağlı ədaləti bərpa etməmişdir. Lordlar Palatası səhvən yuxarıda qeyd edilmiş “Mamatkulov və Askarov” işinə istinad etmişdir. İşdə 34-cü maddə ilə bağlı qalxmış məsələ həmin iş üzrə Böyük Palatanın qərarına əhəmiyyətli təsir göstərmişdir. Onun sərəncamında olan material bu işdəki kimi spesifik və müfəssəl deyildi və orada bu işdəki qədər amillər mövcud deyildi.
B. Şikayətin qəbuledilənliyi
257. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. O, bundan əlavə qeyd edir ki, o, hər hansı başqa səbəblərə görə də qəbuledilməz deyildir. Buna görə də ərizə qəbuledilən elan edilməlidir.
C. Şikayətin mahiyyəti
1. Ümumi prinsiplər
(a) “Ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina” testi
258. Məhkəmənin presedent hüququnda təsbit edilmişdir ki, ölkə hüdudlarından kənara çıxarma və ya ekstradisiya ilə bağlı qərarların qəbul edilməsi zamanı 6-cı maddə əsasında məsələ müstəsna hallarda o zaman yarana bilər ki, sorğu göndərən dövlətdə ölkə hüdudlarından kənara çıxarılan və ya ekstradisiya olunan şəxs barəsində ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina olunsun. Bu prinsip ilk dəfə “Soerinq Birləşmiş Krallığa qarşı” işində (Soering v. the United Kingdom, 7 July 1989, § 113, Series A no. 161) təsbit olunmuş və sonradan Məhkəmə tərəfindən bir sıra işlərdə təsdiq olunmuşdur (bax: inter alia, yuxarıda qeyd edilmiş “Mamatkulov və Askarov” işi, 90-91-ci bəndlər və “Əl-Saaduun və Mufdhi Birləşmiş Krallığa qarşı” işi (Mufdhi v. the United Kingdom, no. 61498/08, § 149, ECHR 2010)).
259. Məhkəmənin presedent hüququna görə “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina” 6-cı maddənin tələblərinə və ya burada əks olunmuş prinsiplərə açıq şəkildə zidd olan məhkəmə baxışıdır (bax: “Seydoviç İtaliyaya qarşı” işi (Sejdovic v. Italy [GC], no. 56581/00, § 84, ECHR 2006‑II); yuxarıda qeyd edilmiş “Stoiçkov” işi, 56-cı bənd və yuxarıda qeyd edilmiş “Drozd və Yanuşek” işi, 110-cu bənd). Terminin daha dəqiq şəkildə müəyyən olunması hələ ki, tələb olunmasa da, Məhkəmə bununla belə göstərmişdir ki, ədalətsizliyin bəzi formaları ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina hesab oluna bilər. Bunlara aşağıdakılar aiddir:
- ittihamın mahiyyəti üzrə sonradan yeni qərarın qəbul edilməsi imkanı olmadan qiyabi yolla məhkum olunma (bax: yuxarıda qeyd edilmiş “Eynhorn” işi, 33-cü bənd; yuxarıda qeyd edilmiş “Seydoviç” işi, 84-cü bənd və yuxarıda qeyd edilmiş “Stoiçkov” işi, 56-cı bənd);
- təbiət etibarı ilə yekun xarakter daşıyan və müdafiə tərəfinin hüquqlarına tam etinasızlıq göstərilməsi ilə həyata keçirilmiş məhkəmə prosesi (bax: “Bader və Kanbor İsveçə qarşı” (Bader and Kanbor v. Sweden, no. 13284/04, § 47, ECHR 2005-XI));
- müstəqil və qərəzsiz məhkəmə tərəfindən qanuniliyinin yoxlanılmasına imkan vermədən saxlama (yuxarıda qeyd edilmiş “Əl-Moayad” işi, 101-ci bənd);
- xüsusilə xarici ölkədə saxlanılan şəxsin vəkillə görüşməsinə sistematik olaraq imkan verməmə (yenə orada).
260. Diqqətəlayiq haldır ki, “Soerinq” işi üzrə qərarın qəbul edilməsindən keçən iyirmi iki il ərzində Məhkəmə bir dəfə də olsun ölkə hüdudlarından kənara çıxarmanın 6-cı maddənin tələblərini pozduğu barədə qərar qəbul etməmişdir. Yuxarıdakı bənddə verilmiş misallarla birlikdə götürülmüş bu fakt “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina” testinin ədalətsizliyin müəyyən edilməsi üçün ən sərt test olması barədə Məhkəmənin mövqeyini vurğulamağa xidmət edir. Ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina Razılığa Gələn Dövlətin özündə baş verdiyi təqdirdə 6-cı maddənin pozulmasına səbəb ola bilən məhkəmə baxışının xırda pozuntularından və ya təminatların olmamasından daha ciddi təbiətə malikdir. Burada 6-cı maddə ilə təmin olunmuş ədalətli məhkəmə baxışı prinsiplərinin həmin maddədə nəzərdə tutulmuş hüququn mahiyyətini heçə endirən və ya məhv edən dərəcədə pozması tələb olunur.
261. Məhkəmə hesab edir ki, testdən keçilib-keçilmədiyi yoxlanılan zaman eyni standart və sübutetmə vəzifəsi 3-cü maddə əsasında ölkə hüdudlarından kənara çıxarma ilə bağlı baxılan işlərdə olduğu kimi tətbiq edilməlidir. Buna görə də Razılığa Gələn Dövlətdən deportasiya edildiyi təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina riski ilə üzləşəcəyinə inanmaq üçün yetərli əsasların olduğunu sübut etmək məqsədilə dəlillər ərizəçi tərəfindən təqdim olunmalıdır. Belə sübut təqdim edildiyi zaman onunla bağlı şübhələri aradan qaldırmaq Hökumətin vəzifəsidir (mutatis mutandis, yuxarıda qeyd edilmiş “Saadi” işinə bax, 129-cu bənd).
262. Nəhayət, Məhkəmə hazırkı işin faktlarını nəzərə alaraq ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinanın yalnız sözü gedən məhkəmə baxışının ərizəçi üçün ciddi nəticələr doğurduğu halda ortaya çıxıb-çıxmadığını müəyyənləşdirməyin zəruri olmadığını hesab edir. Hazırkı işdə ərizəçiyə artıq qiyabi yolla təyin edilmiş və istənilən yeni məhkəmə baxışı nəticəsində çıxarılacaq hökmlərin azadlıqdan məhrumetmə cəzasının vacib şərtləri olacağı ümumi əsas kimi çıxış edir.
(b) İşgəncə yolu ilə əldə edilmiş sübutun qəbul olunması ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina hesab edilə bilərmi?
263. Məhkəmə Apellyasiya Məhkəməsi ilə razılaşaraq bildirir ki, hazırkı işdə mərkəzi məsələ üçüncü şəxslərə işgəncə verilməsi yolu ilə əldə olunmuş sübutun ərizəçinin işinə məhkəmədə yenidən baxılması zamanı qəbul ediləcəyi ilə bağlı real riskin olmasıdır. Buna görə də ilk əvvəlcədən işgəncə yolu ilə əldə olunmuş sübutdan məhkəmə baxışı zamanı istifadə edilməsinin ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi nəzərdən keçirilməlidir.
264. Beynəlxalq hüquq ümumi hüquq kimi işgəncə yolu ilə əldə olunmuş sübutun qəbul edilməsinin əleyhinədir. Bunun üçün kifayət qədər güclü hüquqi və əxlaqi səbəblər mövcuddur.
Hazırkı işə Lordlar Palatasında baxılan zaman lord Fillips düzgün olaraq bildirmişdir ki, belə bir qadağanın qoyulmasının səbəblərindən biri odur ki, dövlətlər işgəncə yolu ilə alınmış sübutun qəbul edilməsini istisna etməklə ona qarşı sərt mövqe nümayiş etdirməlidirlər. Əlbəttə, Məhkəmənin yuxarıda qeyd edilmiş (105-ci bənd) “Jalloh” işində müəyyən etdiyi kimi işgəncə yolu ilə alınmış sübutun qəbul edilməsi Konvensiyanın 3-cü maddəsinin müəlliflərinin qadağan etmək istədiyi əxlaqi baxımdan pislənməli olan əməli dolayı yolla qanuniləşdirməyə xidmət etmiş olardı.
Bununla belə, işgəncə yolu ilə əldə olunmuş sübutun qəbul edilməməsi üçün başqa və eyni dərəcədə inandırıcı səbəblər də mövcuddur. Lord Binqəmin “A və digərləri (nömrə 2)” işində qeyd etdiyi kimi (52-ci bənddə göstərilmişdir) işgəncə yolu ilə alınmış sübut ona görə qəbul edilmir ki, o, “qeyri-mötəbər, ədalətsiz, adi insani standartlara və ədəb qaydalarına qarşı və ədalət mühakiməsini həyata keçirmək istəyən məhkəməni həvəsləndirməli olan prinsiplərə ziddir”. Məhkəmə bu səbəblərlə razılaşır: o artıq qət etmişdir ki, 3-cü maddənin pozulması ilə əldə olunmuş ifadələr mahiyyət etibarı ilə mötəbər deyillər (bax: “Sözləməz Türkiyəyə qarşı” (Söylemez v. Turkey, no. 46661/99, § 122, 21 September 2006)). Əlbəttə, təcrübə də çox zaman göstərmişdir ki, işgəncədən zərər çəkmiş şəxs özünü işgəncənin əzab-əziyyətindən qurtarmağın qısa yolu kimi doğru olub-olmadığından asılı olmayaraq istənilən şeyi deyəcəkdir.
Daha əsası odur ki, qanunun aliliyi prinsipinə əsaslanan heç bir hüquq sistemi nə qədər mötəbər olmasından asılı olmayaraq işgəncə kimi belə qəddar üsulla əldə olunmuş sübutun qəbul edilməsinə icazə verə bilməz. Məhkəmə prosesi qanunun aliliyinin təməl daşıdır. İşgəncə yolu ilə əldə olunmuş sübut bu prosesə bərpaolunmaz ziyan vurur. O, qanunun aliliyini güclə əvəz edir və onu qəbul edən istənilən məhkəmənin nüfuzuna kölgə salır. Məhkəmə prosesinin bütövlüyünü və sonda qanunun aliliyini qorumaq üçün işgəncə yolu ilə əldə olunmuş sübutun qəbulu istisna edilir.
265. Bu səbəblər Konvensiya sistemi və beynəlxalq hüquqda işgəncə yolu ilə əldə olunmuş sübutun qadağan edilməsinə verilən üstünlüyü vurğulayır. Konvensiya sistemi üçün Məhkəmə bu yaxınlarda “Qafgen Almaniyaya qarşı” (Gäfgen v. Germany ([GC], no. 22978/05, §§ 165-67, ECHR 2010) işi üzrə qəbul etdiyi qərarda təkrarən bildirmişdir ki, 3-cü maddənin pozulması ilə əldə olunmuş sübutdan cinayət işində istifadə olunması ilə bağlı məsələlərə xüsusi müddəalar tətbiq olunur. O qeyd etmişdir:
“Konvensiya ilə nəzərdə tutulmuş əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə olunmuş belə sübutdan istifadə, hətta belə sübutun qəbul edilməsi şəxs barəsində ittiham hökmünün çıxarılması üçün həlledici əhəmiyyətə malik olmasa da, daim prosesin ədalətliliyi ilə bağlı ciddi suallar ortaya çıxarır.
Buna görə də Məhkəmə etirafedici ifadələrlə bağlı müəyyən etmişdir ki, 3-cü maddənin pozulması ilə işgəncə və ya digər pis rəftar tətbiq edilməsi nəticəsində əldə olunmuş ifadələrin cinayət işi üzrə müvafiq faktların mövcudluğunu təsdiq etmək üçün sübut kimi qəbul edilməsi bütünlükdə prosesin ədalətsiz olmasına dəlalət edir. Bu nəticə ifadələrin sübut əhəmiyyətinə malik olub-olmadığından və onlardan istifadənin müttəhim barəsində ittiham hökmü çıxarılması üçün həlledici rol oynayıb-oynamadığından asılı olmayaraq tətbiq edilir.
Məhkəmə baxışı zamanı 3-cü maddənin pozulması ilə birbaşa pis rəftarın tətbiq edilməsi nəticəsində əldə olunmuş real sübutdan istifadə məsələsinə gəlincə, Məhkəmə hesab etmişdir ki, zorakılıq əməlləri nəticəsində əldə olunmuş real ittihamedici sübutdan (ən azından əgər həmin əməlləri işgəncə kimi xarakterizə etmək mümkündürsə), onların sübut kimi dəyərindən asılı olmayaraq, zərərçəkmişin təqsirini sübut etmək üçün istifadə oluna bilməz”.
“Qafgen” işi Məhkəmənin işgəncə yolu ilə əldə olunmuş sübutlara münasibətdə aydın, dəyişməz və birmənalı mövqeyini əks etdirir. O, Apellyasiya Məhkəməsinin bu iş üzrə artıq ifadə etdiyi mövqeni təsdiq edir: Konvensiya sistemində işgəncə yolu ilə əldə olunmuş sübutdan istifadənin qadağan olunması fundamental xarakter daşıyır. “Qafgen” işində həmçinin Apellyasiya Məhkəməsinin belə bir mövqeyi də təsdiq olunur ki, işgəncə yolu ilə əldə olunmuş sübutun qəbulu nəticəsində 6-cı maddənin pozulması ilə həmin maddənin sadəcə olaraq məhkəmə prosesindəki qüsurlardan və ya məhkəmənin tərkibindən irəli gələn pozuntuları arasında böyük fərq mövcuddur (yuxarıda 51-ci bənddə istinad edilmiş Apellyasiya Məhkəməsinin qərarının 45-49-cu bəndlərinə bax).
266. Beynəlxalq hüquqda bu mövqe güclü şəkildə dəstəklənir. İşgəncə yolu ilə əldə olunmuş sübutun qəbul edilməməsinə dair normadan daha böyük önəm daşıyan məhkəmə baxışı hüququna dair beynəlxalq hüquq normalarının sayı azlıq təşkil edir. BMT-nin İşgəncələr Əleyhinə Konvensiyası kimi geniş yayılmış beynəlxalq müqavilələrin sayı da azdır. Yüz qırx doqquz dövlət, o cümlədən Avropa Şurasının üzvü olan bütün dövlətlər onun müddəalarını qəbul edir (yuxarıda 125-ci bəndə bax). BMT-nin İşgəncələr Əleyhinə Konvensiyası işgəncələrin aradan qaldırılması və onun təcrübədə tətbiqi üçün mövcud stimulların məhv edilməsi məqsədilə bir sıra tədbirlər görməklə işgəncələrə münasibətdə müəyyən edilmiş ius cogens qadağanın daha da kök salınması istiqamətində beynəlxalq birliyin açıq iradəsini əks etdirir. BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının müddəaları içərisində ən vacibi 15-ci maddədir. Bu maddə demək olar ki, mütləq şəkildə işgəncə yolu ilə alınmış sübutun qəbul edilməsini qadağan edir. O, dövlətlərin üzərinə açıq öhdəlik qoyur. BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin aydın şəkildə bildirdiyi kimi 15-ci maddə tətbiq sferasına görə genişdir. Təfsirə görə o, istənilən prosesə, o cümlədən misal üçün, ekstradisiya ilə bağlı prosesə tətbiq oluna bilər (“P.E. Fransaya qarşı”, “G.K. İsveçrəyə qarşı” və “İrastorza Dorronsoroya qarşı” işləri üzrə qərarlara bax; yuxarıda 130 və 132-ci bəndlər). “P.E.” və “G.K.” işləri eyni zamanda göstərir ki, 15-ci maddə yalnız təqsirləndirilən şəxs deyil, digər şəxslərə də işgəncə verilməsi nəticəsində əldə olunması təsdiq olunmuş “istənilən ifadəyə” münasibətdə də tətbiq olunur (bununla bağlı həmçinin bax: “Harutyunyan Ermənistana qarşı” (Harutyunyan v. Armenia, no. 36549/03, § 59, ECHR 2007‑VIII) və yuxarıda qeyd edilmiş “Qafgen” işində istinad edilmiş “Mthembu Dövlətə qarşı” işi (Mthembu v. the State (379/07) [2008] ZASCA 51)). Əlbəttə, 15-ci maddənin bu qadağanla bağlı icazə verdiyi yeganə istisna işgəncə verməkdə təqsirləndirilən şəxslərə qarşı olan proseslərdir.
267. Yuxarıda qeyd edilmiş səbəblərə görə Məhkəmə hesab edir ki, işgəncə yolu ilə əldə edilmiş sübutun qəbulu yalnız 6-cı maddənin müddəalarına deyil, eyni zamanda ədalətli məhkəmə baxışı ilə bağlı mövcud olan əsas beynəlxalq standartların əksəriyyətinə ziddir. Bu, bütün məhkəmə baxışının sadəcə olaraq əxlaqa zidd və qanunsuz olmasına deyil, eyni zamanda onun nəticələrinin qeyri-mötəbər olmasına səbəb olacaqdır. Buna görə də belə bir sübutun cinayət işlərində qəbul edilməsi ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina edilməsi demək olacaqdır. Məhkəmə istisna etmir ki, oxşar mühakimələr pis rəftarın digər, işgəncə hesab olunmayan formalarının tətbiqi nəticəsində əldə edilmiş sübutlara münasibətdə də tətbiq oluna bilər. Lakin hazırkı işin faktlarına görə (aşağıda 269-271-ci bəndlərə bax) bu məsələ barəsində qərar qəbul etmək zəruri deyildir.
2. Ərizəçinin işi
268. Ərizəçi iddia etmişdir ki, bir sıra amillərə, o cümlədən dindirmə zamanı vəkilin iştirak etməməsinə, tanınmış şəxs olmasına və Dövlət Təhlükəsizlik Məhkəməsinin tərkibinə görə onun işinə yenidən baxılması zamanı ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina olunacaqdır (yuxarıda 248-ci bəndə bax). Lakin Məhkəmənin qeyd etdiyi kimi bu işdə mərkəzi məsələ işgəncə yolu ilə alınmış sübutun qəbul edilməsidir. Buna görə də o, ilk növbədə bu şikayətə baxacaqdır.
(a) İşgəncə yolu ilə alınmış sübut
269. Ərizəçinin əleyhinə ittihamedici ifadələr islahatlar və etiraz adlı məhkəmə prosesində cənab Əl-Həmaşer tərəfindən və minilliyin cinayəti adlı məhkəmə prosesində Əbu Hoşer tərəfindən verilmişdir (yuxarıda 9-20-ci bəndlərə bax). İMŞBXK belə qərara gəlmişdir ki, bu ifadələrin BKİ tərəfindən 3-cü maddənin tələblərinə zidd rəftar nəticəsində alınması ilə bağlı ən azından real risk mövcuddur (onun yuxarıda 45-ci bənddə istinad edilmiş qərarının 420-ci bəndinə bax).
270. İMŞBXK-nın qərarından pis rəftarın işgəncə hesab oluna bilinib-bilinməməsi ilə əlaqədar aydın nəticə çıxara bilməməsinin səbəbləri onun qərarında aşkar görünmür. Əbu Hoşerin iddiasında dəqiq olaraq göstərmişdir ki, onun ayaqlarının altına o qədər zərbə endirmişdilər ki, hər dəfə hamam qəbul edəndə dərisi soyulurdu....cənab Əl-Həmaşerin dərisindəki yara yerləri də eyni formada pis rəftara uyğun idi...Belə bir pis rəftara yol verilmişdirsə, onun məqsədi yalnız onlardan məlumat və ya etirafedici ifadələr alınması ola bilərdi. Bundan əlavə, əsasən bastinado, falanqa və ya falaka kimi tanınan ayaqlarının altına vurma Məhkəmə tərəfindən nəzərdən keçirilmiş bir təcrübədir. O, zərərçəkmişə ciddi əzab və əziyyət yetirir və məqsədi cəzalandırmaq və ya etirafedici ifadə almaq olduqda, Məhkəmə onu işgəncə kimi tövsif etməkdə tərəddüd etmir (digər qərarlarla yanaşı bax: “Salman Türkiyəyə qarşı” (Salman v. Turkey [GC], no. 21986/93, §§ 114-15, ECHR 2000‑VII); “Valeriu və Nikolae Roşka Moldovaya qarşı” (Valeriu and Nicolae Roşca v. Moldova, no. 41704/02, § 64, 20 October 2009) və buradakı digər qararlar: “Diri Türkiyəyə qarşı” (Diri v. Turkey, no. 68351/01, §§ 42-46, 31 July 2007) və “Məmmədov Azərbaycana qarşı” (Mammadov v. Azerbaijan, no. 34445/04, §§ 68-69, 11 January 2007)). Buna görə də əgər Əbu Hoşer və cənab Əl-Həmaşer iddia etdikləri şəkildə pis rəftara məruz qalmışlarsa, onlara tətbiq edilmiş pis rəftarın işgəncəyə bərabər olması qənaətinə gəlmək üçün bütün əsaslar mövcuddur.
271. Bu nəticə o deməkdir ki, Məhkəmə aşağıdakı iki məsələyə də baxmalıdır: (i) sübutun işgəncə yolu ilə əldə olunması ilə bağlı real riskin mövcudluğu yetərlidirmi; və (ii) əgər belədirsə, bu işdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinanın baş verməsi mümkündürmü.
(i) Sübutun işgəncə yolu ilə əldə olunması ilə bağlı real riskin mövcudluğu yetərlidirmi?
272. Məhkəmə bu məsələ ilə bağlı qərar qəbul edərkən ilk növbədə qeyd edir ki, Əbu Hoşer və cənab Əl-Həmaşerin işgəncəyə məruz qalması barədə ona təqdim olunmuş sübut İMŞBXK-nın qərar qəbul etməsi zamanı mövcud olandan daha inandırıcıdır. Cənab Əl-Xəlili və cənab Nacdauinin hesabatları əsas etibarı ilə tarazlaşdırılmış və obyektivdir. O, İordaniyanın Dövlət Təhlükəsizlik Məhkəməsi sisteminin güclü və zəif cəhətlərini səmimi şəkildə qiymətləndirir və BKİ-nin şübhəli şəxslərdən zorla ifadə almaq üçün səylər göstərməsini etiraf edir. Lakin hesabatdakı əsas zəif cəhət ondadır ki, onun müəllifləri ərizəçinin işi üzrə müttəhimlərin işgəncə verilməsinə dair şikayətlərini özləri üçün araşdırmırlar. Hesabatda sadəcə olaraq Dövlət Təhlükəsizlik Məhkəməsinin hər məhkəmə baxışında müttəhimlərin işgəncəyə məruz qalmadığına dair qənaəti əks olunur. Digər tərəfdən xanım Refahi ilkin məhkəmə baxışı üzrə vəkillər və müttəhimlərdən müsahibə almaq üçün iki dəfə İordaniyaya səfər etmişdir. Onun verdiyi iki ifadədə bu müsahibələr və qeydlər, müttəhimlərin işgəncə verilməsinə dair şikayətləri barədə müfəssəl, aydın və konkret anlayışlardan istifadə etməklə informasiya verilir. Bu məsələ ilə bağlı onun verdiyi ifadəni cənab Əl-Xəlili və cənab Nacdauinin ümumi xarakterli nəticələrindən üstün tutmaq üçün bütün əsaslar mövcuddur. Bundan əlavə, minilliyin cinayəti adlı məhkəmə baxışında Əbu Hoşerin iddialarının təsdiqi ilə bağlı bəzi məlumatlara “Amnesty International” təşkilatının 2006-cı il tarixli hesabatında rast gəlmək mümkündür. Bu hesabatda təsbit olunmuş nəticələrə görə müttəhimlərdən dördü, o cümlədən Əbu Hoşer işgəncəyə məruz qalmışdır. Müttəhimlərdən biri Raed Hicazinin pis rəftara məruz qalması iddiası xüsusilə inandırıcıdır. Buna əsas səbəblərdən biri odur ki, bir neçə şahid cinayət hadisəsinin yerinə baxış keçirilən zaman onun iki nəzarətçinin köməyi ilə gətirildiyini gördüklərini bildirmişlər və...belə görünür ki, onunla rəftar ABŞ-ın diplomatik etirazına səbəb olmuşdur...Nəhayət, İordaniyada işgəncə verilməsinin geniş yayıldığı və adi hal aldığı ilə bağlı fakta da etibar edilməlidir. Ərizəçinin işi üzrə müttəhimlərin saxlandığı və dindirildiyi zaman vəziyyət daha da ağır idi. BKİ tərəfindən işgəncələrin sistematik olaraq tətbiq edilməsi (istər onda, istərsə də indi) Əbu Hoşer və cənab Əl-Həmaşer tərəfindən irəli sürülmüş konkret və ətraflı iddiaları bir daha təsdiq edir.
273. Bununla belə, hətta ərizəçiyə qarşı sübutun işgəncə yolu ilə alınması ilə bağlı sadəcə real riskin olduğu qəbul edilərsə belə, aşağıdakı səbəblərə görə Məhkəmə hesab edir ki, onun üzərinə daha artığını sübut etmək vəzifəsinin qoyulması ədalətsizlik olardı.
274. İlk növbədə Məhkəmə Lordlar Palatası üzvlərinin əksəriyyəti tərəfindən “A və digərləri (nömrə 2)” işində tətbiq edilmiş ehtimallar balansının bu kontekstdə münasib olduğunu hesab etmir. Həmin iş İMŞBXK-nın daxili işlər nazirinin şəxsin terrorçuluqda iştirakı ilə bağlı şübhələrinin düzgün olub-olmadığını müəyyənləşdirmək üçün həyata keçirilmiş proseslə bağlı idi. Həmin proses hazırkı işdə olduğu kimi müttəhimin çox uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə üzləşə biləcəyi cinayət işlərindən çox fərqlidir. Hər bir halda “A və digərləri (nömrə 2)” işində Lordlar Palatasının üzvlərinin əksəriyyəti qət etmişdir ki, ehtimallar balansını İMŞBXK özü tətbiq etməli idi: ərizəçi İMŞBXK-ya sadəcə olaraq sübutun işgəncə yolu ilə alınmasının mümkünlüyünə dair həqiqətəuyğun əsas göstərməli idi. Buna görə də Məhkəmə “A və digərləri (nömrə 2)” işi üzrə qəbul edilmiş qərara ehtimallar balansı testinə uyğun olaraq işgəncə yolu ilə alınması iddia olunan sübutun Birləşmiş Krallıqda məhkəmə proseslərində, ən azından cinayət işlərində qəbul ediləcəyini güman etməyə əsas verən ümumi xarakterli sənəd kimi baxmır (bax: 1984-cü il tarixli Polis və cinayət işi üzrə sübut haqqında qanunun 76-cı maddəsinin 2-ci bəndi və “R Muştaqa” qarşı...).
275. İkincisi, Məhkəmə Hökumət tərəfindən təqdim edilmiş Kanada və Almaniya məhkəmə təcrübəsinin (yuxarıda 133, 135, 139-140 və 153-cü bəndlərə bax) onun mövqeyini dəstəklədiyini hesab etmir. “Hindistan Sinqhə qarşı” işində tərəflər razılığa gəlmişdirlər ki, iddialar ehtimallar balansı əsasında sübut edilməlidir və sübutetmə standartı həmin işdə dəlilin predmetini təşkil etməmişdir. Milli təhlükəsizlik məsələləri ilə bağlı olan və ərizəçi üçün məxfi saxlanılan sənədlərin olduğu “Mahcub” işində Lordlar Palatasının “A və digərləri (nömrə 2)” işində əsas götürdüyü və Məhkəmənin hazırkı iş üçün müvafiq hesab etmədiyi yanaşma qəbul edilmişdir. “re. Əl Motassadeq” işində Hamburqun Apellyasiya Məhkəməsi sadəcə olaraq ABŞ-ın hakimiyyət orqanlarının terrorçuluqda şübhəli şəxslərə işgəncə verməsini iddia edən ümumi xarakterli hesabatları nəzərdən keçirə bilmiş və hər bir halda sözü gedən sübutlardan “nə ittihamedici, nə də bəraətverici nəticələr” çıxarmamışdır (bax: “Əl Motassadeq Almaniyaya qarşı” (El Motassadeq v. Germany (dec.), no. 28599/07, 4 May 2010)). Bundan əlavə, Hamburq Apellyasiya Məhkəməsi tərəfindən tətbiq edilmiş sübutetmə standartı məsələsinin Federal Məhkəmə və ya Konstitusiya Məhkəməsinə şikayət verilən zaman da əsas götürüldüyü görünmür və cənab Əl Motassadeq Məhkəməyə bununla bağlı şikayət verməmişdir. Nəhayət, Düsseldorf Apellyasiya Məhkəməsinin qərarının əsaslandırma hissəsindən də aydın görünür ki, o, ehtimallar balansı testini sorğu göndərilən şəxsin iddialarına münasibətdə tətbiq etməmişdir. Bunun əksinə, Türkiyənin BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının 15-ci maddəsinə əməl etməyəcəyi ilə bağlı real risk (konkrete Gefahr), müttəhimlər tərəfindən verilmiş ifadələrin işgəncə yolu ilə alınmasına dair ağlabatan sübut (begründete Anhaltspunkte) və təqsirləndirilən şəxslərdən götürülmüş ifadələrin Türkiyədə sorğu göndərilən şəxsin işinə baxılması zamanı istifadə edilməsinin mümkünlüyünü konkret sübutlarla təsdiq edən risk (durch konkrete Indizien belegte Gefahr) mövcud idi.
276. Üçüncüsü və ən əsası, işgəncə ilə bağlı iddiaları sübut edən zaman üzləşilən xüsusi çətinliklərə lazımı diqqət verilməlidir. İşgəncə istər qəddar xarakterinə, istərsə də cinayət prosesinə mənfi təsiri baxımından birmənalı şəkildə mənfur bir əməldir. O, gizli şəkildə, çox zaman işgəncənin zərərçəkmişin üzərində heç bir iz qoymamasını təmin etmək qabiliyyətində olan təcrübəli müstəntiqlər tərəfindən həyata keçirilir. Çox tez-tez işgəncənin baş verməməsini təmin etmək məsuliyyəti üzərinə qoyulmuş şəxslər – məhkəmələr, prokurorlar və tibbi heyət – onun gizlədilməsində iştirakçılıq edirlər. Məhkəmələrin icra hakimiyyətindən müstəqil olduğu, işlərə qərəzsiz şəkildə baxıldığı və işgəncələrlə bağlı şikayətlərə vicdanla baxıldığı cinayət ədliyyəsi sistemində müttəhimdən onun əleyhinə ifadənin işgəncə yolu ilə alınmasını yüksək standartda sübut etməsini tələb etmək mümkündür. Lakin cinayət ədliyyəsi sistemi qarşısını almaq üçün fəaliyyət göstərdiyi təcrübələrdə özü iştirakçılıq edirsə, belə sübutetmə standartı tamamilə qəbuledilməzdir.
277. İordaniyanın Dövlət Təhlükəsizlik Məhkəməsi sistemi bu baxımdan uyğun bir işdir. İordaniyada nəyinki işgəncələr, eyni zamanda məhkəmələr tərəfindən işgəncə yolu ilə alınmış sübutların qəbul edilməsi halları geniş yayılmışdır. İşgəncələr Əleyhinə Konvensiyanın 15-ci maddəsi ilə bağlı rəyində İşgəncələr Əleyhinə Komitə məhkəmələrdə zorla alınmış ifadələrdən istifadənin geniş yayıldığına dair hesabatlarla bağlı narahatlığını ifadə etmişdir (yuxarıda 107-ci bəndə bax). Xüsusi Məruzəçi “təqsirsizlik prezumpsiyasının xəyali” olduğu və “üstünlüyün ifadələrin alınmasına verildiyi” bir sistemi təsvir etmişdir (yuxarıda 110-cu bəndə bax). “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının hesabatları bu mövqeni dəstəkləyir. “Amnesty International” təşkilatı 2005-ci ildə qədər on il ərzində yüz müttəhimin ifadələrin onlardan işgəncə yolu ilə alındığına dair Dövlət Təhlükəsizlik Məhkəməsinə şikayət verməsinə baxmayaraq (yalnız 2005-ci ildə on dörd işdə oxşar şikayətlər edilmişdir), onun işgəncə ilə bağlı iddialara münasibətdə “kifayət qədər passiv” mövqe tutduğunu bildirmişdir (yuxarıda 113-cü bəndə bax). “Human Rights Watch” təşkilatı 2006-cı il tarixli hesabatında saxlanılan şəxslərdən məqbul formada etirafedici ifadələr alınana qədər onların BKİ ilə prokuror arasında get-gələ salındıqları bir sistemin mövcud olduğunu təsvir etmişdir (yuxarıda 116-cı bəndə bax). Nəhayət, İnsan Hüquqları üzrə Milli Mərkəz bir neçə hesabatında zorla alınmış ifadələrdən İordaniya məhkəmələrində sübut kimi istifadə edilməsi ilə bağlı narahatlığını ifadə etmişdir (yuxarıda 121-122-ci bəndlərə bax).
278. Məhkəmə qəbul edir ki, İordaniya qanunvericiliyi Dövlət Təhlükəsizliyi Məhkəməsində baxılan işlərdə müttəhimlərə bir sıra təminatların verilməsini nəzərdə tutur. İşgəncə yolu ilə alınmış sübutdan istifadə olunması qadağan edilir. BKİ-yə verilmiş etirafedici ifadələrin işgəncə yolu ilə alınmadığını sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və yalnız prokurora etirafedici ifadələrin verilməsi zamanı işgəncə faktını sübutetmə vəzifəsi müttəhimin üzərinə qoyulur. Bununla belə, yuxarıdakı bənddə ümumiləşdirilmiş sübutlar fonunda Məhkəmə bu hüquqi təminatların təcrübədə hər hansı real dəyərə malik olduğuna inanmır. Misal üçün, əgər müttəhim ittiham tərəfinin məcburi şəkildə etirafedici ifadə alınmasına cəlb olunduğunu sübut edə bilmirsə, BKİ tərəfindən əvvəllər pis rəftara və ya istənilən digər qanunsuz hərəkətə yol verilməsindən asılı olmayaraq, həmin etirafedici ifadə qəbul olunur. Prokuror ilə BKİ arasında yaxınlıq nəzərə alınarsa, İordaniya qanunvericiliyi üçün belə bir fərqin qoyulması narahatlıq doğurur. Bundan əlavə, Dövlət Təhlükəsizlik Məhkəməsi işgəncə yolu ilə alınmış sübutu qəbul etməmək səlahiyyətinə malik olsa da, o, bu səlahiyyətdən istifadə etməyə hazırlığını kifayət qədər nümayiş etdirə bilməmişdir. Bunun əksinə, Dövlət Təhlükəsizlik Məhkəməsinin işgəncə ilə bağlı şikayətlər üzrə apardığı araşdırmaların hərtərəfli olması kifayət qədər mübahisə doğurur. Dövlət Təhlükəsizlik Məhkəməsinin müstəqil olmaması bu baxımdan böyük önəm kəsb edir. İMŞBXK-nın qeyd etdiyi kimi (qərarının 447-ci bəndi, yuxarıda 46-cı bəndə bax) Dövlət Təhlükəsizlik Məhkəməsinin hakimlərinin keçmişi
“onları BKİ-nin yol verdiyi və prokurora verilmiş ifadələrə təsir göstərən hüquq pozuntuları ilə bağlı iddialara münasibətdə skeptik mövqe tutmağa məcbur edə bilər. Onlar instinktiv olaraq belə bir mövqeni bölüşə bilərlər ki, pis rəftar barədə iddialar digərlərinin ittiham edilməsinə bəraət qazandırmaq üçün müdafiə tərəfinin istifadə etdiyi adi taktikadır. Hüquq pozuntuları barədə şikayətlərin müəyyən edilməsi və bununla bağlı tədbir görülməsi üçün hüquqi mexanizm zəif işləyir. Əlimizdə olan materiala görə onun sübutların qəbuluna yanaşma tərzi saxta olması potensialı olan sübutun diqqətlə yoxlanmadığını göstərir”.
279. Beləliklə, ərizəçinin işinə yenidən baxılması zamanı Əbu Hoşer və cənab Əl-Həmaşerin ifadələrinin qəbul edilməsinə qarşı etiraz etməsi və bunu təsdiq edəcək sübutlar təqdim etmək imkanının açıq olması şübhə doğurmasa da, hadisədən keçən uzun illərdən sonra və belə tələbləri artıq rədd etmiş (və bir qayda olaraq bütün belə tələbləri rədd edən) məhkəmə qarşısında bunu etmək üçün onun üzləşəcəyi çətinliklər təbii ki, böyük əhəmiyyətə malikdir.
280. Buna görə də Məhkəmə hesab edir ki, Əbu Hoşer və cənab Əl-Həmaşerin iddialarının Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən lazımı və səmərəli şəkildə araşdırılmasını təsdiq edən açıq sübutun olmadığı nəzərə alınarsa, ərizəçi əleyhinə olan sübutun işgəncə yolu ilə alındığını sübut etmək üçün onun üzərinə ədalətli şəkildə qoyula biləcək vəzifədən azaddır.
(ii) Bu işdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinanın baş verməsi mümkündürmü?
281. İMŞBXK müəyyən etmişdir ki, Əbu Hoşer və cənab Əl-Həmaşerin ərizəçinin əleyhinə olan ittihamedici sübutun işə yenidən baxılması zamanı qəbul ediləcəyi və bu sübutun ona qarşı ittiham hökmünün çıxarılması üçün böyük, güman ki, həlledici əhəmiyyətə malik olacağı ehtimalı yüksəkdir (yuxarıda 45-ci bəndə bax). Məhkəmə bu nəticələr ilə razılaşır.
282. Məhkəmə müəyyən etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina o zaman baş vermiş olur ki, işgəncə yolu ilə əldə olunmuş sübut cinayət prosesində qəbul edilmiş olsun. Ərizəçi göstərmişdir ki, Əbu Hoşer və cənab Əl-Həmaşerin ona qarşı ifadə verən zaman işgəncələrə məruz qalmaları ilə bağlı real risk mövcuddur və Məhkəmə onun üzərinə bundan artıq sübutetmə vəzifəsinin ədalətli şəkildə qoyulmasının mümkün olmadığını qət etmişdir. Məhkəmə bu nəticələri nəzərə alaraq və Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşaraq ərizəçinin işinə yenidən baxılması zamanı ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsi ilə bağlı real riskin olduğunu qət edir.
283. Məhkəmə əlavə edir ki, Böyük Palatanın “Mamatkulov və Askarov” işində keçilmiş testin hazırkı işdə Lordlar Palatasının ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtinanın olmayacağı barədə nəticəyə gəlməsi üçün müəyyən önəmə malik amil kimi çıxış etdiyi qənaətinə gəlmədiyi başa düşüləndir.
284. Bununla belə, ərizəçinin də bildirdiyi kimi Böyük Palatanın “Mamatkulov və Askarov” işində əsas diqqət mərkəzində həmin işdə 6-cı maddə əsasında qaldırılmış maddi-hüquqi məsələlər deyil, 39-cu maddənin tələblərinin məcburi qüvvəyə malik olması məsələsi dayanmışdır. İkincisi, ərizəçilər tərəfdən həmin işdə 6-cı maddənin pozulması ilə bağlı edilmiş şikayət ümumi və qeyri-konkret xarakterli olmuş, ərizəçilər ekstradisiya edildikləri vaxt Özbəkistanda işlərinə məhkəmə tərəfindən ədalətli şəkildə baxılacağına heç bir imkanın olmadığını iddia etmişlər. Üçüncüsü, Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin ekstradisiyası zamanı mövcud olan informasiya fonunda onların işlərinə Özbəkistanda məhkəmə tərəfindən ədalətli şəkildə baxılacağına şübhə etmək üçün əsasların olduğu mümkün olsa da, məhkəmə baxışı zamanı baş verə biləcək hər hansı qanun pozuntusunun ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina edilməsinə səbəb olacağını təsdiq edən yetərli sübutlar mövcud olmamışdır. Türkiyənin 39-cu maddənin tələblərini yerinə yetirməməsi nəticəsində Məhkəmənin real riskin olması barədə rəyini verməsinə kömək etmək məqsədilə əlavə informasiya əldə etməsinə maneçilik törədilməsinə onun tərəfindən Konvensiyanın 34-cü maddəsi əsasında verilmiş şikayətlə bağlı araşdırılmalı olan məsələ kimi baxılmışdır.
285. Hazırkı işdə vəziyyət fərqlidir. Ərizəçinin işinə İordaniyada yenidən baxılması ilə bağlı tərəflər çoxsaylı sübutlar təqdim etmişlər və bu sübutlar yerli məhkəmələr tərəfindən hərtərəfli şəkildə araşdırılmışdır. Bundan əlavə, ərizəçi Avropa Məhkəməsində işə baxılan zaman müttəhimlərdən ona qarşı ifadələrin işgəncə yolu ilə alındığına dair əlavə konkret və inandırıcı sübutlar təqdim etmişdir. O həmçinin göstərmişdir ki, İordaniyanın Dövlət Təhlükəsizlik Məhkəməsi BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının 15-ci maddəsinin tələb etdiyi kimi işgəncələrlə bağlı şikayətləri lazımı qaydada araşdırmaq və işgəncə yolu ilə alınmış sübutları qəbul etməmək sahəsində bacarıqsızlığını nümayiş etdirmişdir. Onu şikayəti “Mamatkulov və Askarov” işindəki şikayət kimi ümumi və qeyri-konkret xarakterli deyildir. Bunun əksinə, burada söhbət beynəlxalq cinayət ədliyyəsi sisteminin ən əsas normalarından biri olan işgəncə yolu ilə alınmış sübutdan istifadənin qadağan edilməsinin pozulması ilə işinə baxacaq Dövlət Təhlükəsizlik Məhkəməsinə fasiləsiz və inandırıcı hücumlardan gedir. Belə olan halda “Mamatkulov və Askarov” işindəki ərizəçilərin fərqli olaraq hazırkı ərizəçi İordaniyaya deportasiya olunacağı təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsindən açıq şəkildə imtina ediləcəyi ilə bağlı real riskin olduğunu sübut etmək üçün tələb olunan sübutetmə vəzifəsini yerinə yetirmişdir.
...
(c) 6-cı maddə ilə bağlı yekun nəticə
287. Məhkəmə ərizəçinin İordaniyaya deportasiyasının Konvensiyanın 6-cı maddəsinin tələblərinə zidd olacağını qət edir.
...
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəni qəbuledilən elan edir;
2. Ərizəçinin İordaniyaya deportasiyasının Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olmayacağını qət edir;
...
4. Ərizəçinin İordaniyaya deportasiyasının Konvensiyanın 5-ci maddəsinin tələblərinə zidd olmayacağını qət edir;
Üçüncü şəxslərə işgəncə verilməsi yolu ilə əldə edilmiş sübutlardan ərizəçinin işinə yenidən baxılması zamanı istifadə ediləcəyi ilə bağlı real riskin olması səbəbindən ərizəçinin İordaniyaya deportasiyasının Konvensiyanın 6-cı maddəsinin tələblərinə zidd olacağını qət edir;
Məhkəmənin prosedur qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq qərar 2012-ci il 17 yanvar tarixində ingilis dilində tərtib edilmiş və tərəflərə bu barədə yazılı bildiriş göndərilmişdir.
Lourens ÖrliLex Qarlitski
Bölmənin Məhkəmə katibi Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy