© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
İKİNCİ BÖLMƏ
ÖZGÜRLÜK VE DAYANIŞMA PARTİSİ (ÖDP) TURKİYƏYƏ qarşı
(ərizə no 7819/03)
QƏRAR
STRAZBURQ
10 may 2012
Bu qətnamə Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Özgürlük ve Dayanışma Partisi (ÖDP) Turkiyəyə qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci bölmə), hakimlər :
Françoise Tulkens sədr,
Danutė Jočienė,
Dragoljub Popović,
András Sajó,
Işıl Karakaş,
Guido Raimondi,
Paulo Pinto de Albuquerque,
və Stanley Naismith, Bölmə Katibindən ibarət Palatada,
4 oktyabr 2011 və 10 aprel 2012-ci il tarixlərində qapalı müşavirə keçirərək qəbul etdiyi aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Tükiyədə siyasi partiya olan Özgürlük ve Dayanışma Partisi (« ÖDP », Azadlıq və Həmrəylik Partiyası), (“ərizəçi”) tərəfindən, 1 oktyabr 2002-ci ildə Türkiyə Respublikasına qarşı yönəldilmiş ərizə (no. 7819/03) əsasında başlanmışdır.
2. Ərizəçi Ankarada fəaliyyət göstərən vəkil M. Bektaş tərəfindən təçsil olunmuşdur. Türkiyə Hökumətini (« Hökumət ») nümayəndəsi təmsil etmişdir.
3. Öz şikayətində qanunverici orqana seçkilərdə iştirak hüququ qazanmış ərizəçi, partiyalara Konstitusiya ilə nəzərdə tutulan maliyyə yaqrdımının ayrılmasında ayrı-seçkiliyə məruz qalmasından şikayət etmişdir.
4. 3 iyul 2007-ci il tarixində ərizə barədə Hökumətə məlumat verilmişdir. Məhkəmə həmçinin işin qəbuledilənliyi və mahiyyətinə birgə baxılması qərara alınmışdır.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi, ÖDP, qərargahı Ankarada yerləşən bir türk siyasi partiyasıdır.
6. 28 noyabr 1998-ci il tarixli qərarıyla Ali Seçki Şurası aralarında ÖDP də olmaqla 18 aprel 1999-cu il bələdiyyə və parlament seçkilərində iştirak etmə hüququ olan on səkkiz siyasi partiyanın siyahısını açıqladı. Bu seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün siyasi partiyalar seçkidən ən azı altı ay əvvəldən ölkə bölgələrinin ən azı yarısında təmsil olunmalı və konqreslərini keçirmiş olmalı idilər.
7. 23 sentyabr 1998-ci ildə ÖDP Konstitusiyanın 68-ci maddəsində nəzərdə tutulan siyasi partiyalar üçün maliyə yardımını almaq üçün Maliyyə Nazirliyinə müraciət etdi.
8. 23 noyabr 1998-ci ildə Maliyyə Nazirliyi bu xahişi rədd etdi və qərarını belə əsaslandırdi ki, yalnız 2820 saylı qanunda nəzərdə tutulan şərtləri yerinə yetirən siyasi partiyalar bu yardımı ala bilər.
9. 29 dekabr 1998-ci ildə ÖDP 23 noyabr 1998-ci il qərarın ləğv edilməsi xahişi ilə Ankara İnzibati Məhkəməsinə müraciət etdi. O xatırlatdi ki, Konstitusiyanın özündə nəzərdə tutulur ki, « Dövlət siyasi partiyalara yetərli və ədalətli maliyyə yardımı ayırır » və « partiyalara ayrılan yardımın, üvzlük haqqları və aldıqları imtiyazların prinsipləri qanunla müəyyən olunur ». ÖDP bildirdi ki, qanunda nəzərdə tutulan meyarlar Parlamentdə təmsil olunmayan partiyaların bu subvensiyalardan bəhrələnməsini istisna edir. Lazım olan iqtisadi ehtiyatlar olmadan siyasi və təbligat kampaniyaların həyata keçirilməsinin çətin olduğunu qeyd edən ÖDP bildirdi ki, qanunun nəzərdə tutduğu istisna konstitusiyaya zidddir və demokratik Dövlət prinsiplərinə, Dövlətin demokartik hüquq və azadlığı təbliğ etməsi vəzifəsinə və ayrı-seçkiliyin qadağan olunması prinsipinə uyğun deyildir. O əlavə etdi ki, bu müddəalar insan hüquqları üzrə beynəlxalq sənədlərə də ziddir.
10. 29 sentyabr 1999-cu ildə Ankara İnzibati Məhkəməsi ÖDP-nin müraciətini siyasi partiyalar haqqında 2820 saylı qanunun şərtlərinin yerinə yetirilməməsi əsasıyla rədd etdi. Məhkəmə ÖDP-nin qaldırdığı konstitusiyaya ziddlik arqumenti barədə fikrini bildirmədi.
11. ÖDP 29 sentyabr 1999-cu il qərarına qarşı kassasiya şıkayəti verdi və birinci instansiya məhkəməsi qarşısında qaldırdığı arqumentlərini təkrar etdi.
12. 25 aprel 2002-ci ildə qəbul edilmiş və ərizəçiyə 10 iyul 2002-ci ildə göndərilmiş qərarıyla Dövlət Şurası mübahisələndirilən qərarı qüvvədə saxladı və hesab etdi ki, qərar qanuna və prosedura uyğundur.
II. MÜVAFİQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Daxili kontekst
1. Konstitusiya
13. Konstitusiyanın 68-ci maddəsinin son cüməlisində deyilir ki, « Dövlət siyasi partiyalara yetərli və ədalətli maliyyə yardımı ayırır » və « partiyalara ayrılan yardımın, onların aldığı üvzlük haqqları və aldıqları imtiyazların prinsipləri qanunla müəyyən olunur ».
2. Siyasi partiyalar haqqında qanun
14. Siyasi partiyalar haqqında 2839 saylı qanunun 33-cü maddəsinə əsasən Dövlət Parlamentdə təmsil olunan partiyalara, onların Parlamentdəki təmsilçilərinin sayına uyğun olaraq maliyyə yardımı göstərir (ümumi həcmi büdcəsinin 2/5000 hissəsinə qədər olmaqla). Parlamentdə təmsil olunmamış, lakin daha əvvəlki seçkilərdə səslərin 7 faizini toplamış, əvvəlki seçkilərdə iştirak etməsə də, Parlamentdə ən azı üç deputatla təmsil olunmuş partiyaların da bu yardımı almaq imkanı var.
15. Siyasi partiyalara verilən yardım parlament seçkiləri ilində üç qat, bələdiyyə seçkiləri ilində isə iki qat artırılır.
3. Konstitusiya Məhkəməsinin təcrübəsi
16. 20 noyabr 2008-ci ildə verdiyi qərarla Türkiyə Konstitusiya Məhkəməsi, Siyasi partiyalar haqqında qanunun müəyyən etdiyi 7%-lik həddin ayrı-seçkiliyə səbəb olması və deməli kosntitusiyaya zidd olması barədə Ankara İnzibati Məhkəməsi qarşısında qaldırılmış konstitusiya ziddlik istisnasını səs çoxluğu ilə rədd etmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, siyasi partiyaların məqsədi hökumətdə iştirak etmək üçün seçicilərin dəstəyini qazanmaq və beləliklə xalqın iradəsinin ifadə olunmasında iştirakdır. Məhkəmə bundan belə nəticə çıxarmışdır ki, seçicilərin yetərli dəstəyini qazana bilməmiş partiyalar xalqın iradəsinin ifadəsinə əhalinin daha çox dəstəyinə malik partiyalarla eyni töhvə vermir. Məhkəmə dövlət yardımının ayrlması üçün istifadə edilən və partiyaların siyasi həyatda iştirak dərəcəsinə əsaslanan meyarın obyektiv, ədalətli və proporsional olmaması arqumentini qəbul etməmişdir.
17. Konstitusiya Məhkəməsinin azlıqda qalan hakimlərinin fikrincə isə, 7 faiz tələbi (2007-ci il seçkilərində bu faiz üç milyon səs demək idi) həddindən artıq yüksəkdir, bu tələb bu həddi keçə bilən siyasi partiyaları ədalətsiz şəkildə daha əlverişli şəraitə salır, « xalqın iradəsinin ifadəsinə töhvə » meyarı subyektivdir və hüquq dövləti prinsipini pozur.
4. Siyasi partiyaların birbaşa maliyyələşməsi və hazırkı işdəki Parlament seçkilərinin qısa tarixçəsi
18. ÖDP 18 aprel 1999-cu il parlament seçkilərində etibarlı səslərin 0,8 %-ni, 3 noyabr 2002-ci ildə 0,34 %-ni, 2007-ci ildə 0,15 %-ni qazanmışdır.
19. Bu seçkilərdən əvvəl dövlət yardımı almış partiyalar əvvəlki seçkilərdə Milli Məclisdə deputat yerləri qazanmış və ya etibarlı səslərin 7 %-dən çoxunu toplamış partiyalar idi.
1999-cu il seçkilərindən əvvəl iyirmi bir partiyadan altısı (bunlardan ancaq biri Parlamentdə təmsil olunmamışdı) dövlət yardımı almışdı. 2002-ci ilin ümumi seçkilərindən əvvəlki dövrdə on beş partiyadan altısı (bunlardan ancaq biri Parlamentdə təmsil olunmamışdı), 2007-ci il seçkilərində əvvəl isə on beş partiyadan beşı (bunlardan üçü Parlamentdə təmsil olunmamışdı) bu yardımı almışdı. ÖDP bu yardımdan heç vaxt faydalanmamışdır.
B. Beynəlxalq sənədlər
20. ATƏT-in Demokratiya və İnsan Hüquqları İnstitutları Burosu (ATƏT/DİHİB) və Venesiya Komissiyası tərəfindən hazırlanmış və sonuncu tərəfindən 84-cü plenar sessiyasında qəbul edilmiş « Siyasi partiyaların tənzimlənməsi üzrə əsas istiqamətlər » adlı sənəddə (Venesiya, 15-16 oktyabr 2010, CDL-AD(2010)024) deyilir :
« 3. Büdcədən maliyyələşmə
a) Büdcədən maliyyələşmənin əhəmiyyəti
176. Bütün dünyada korruprsiyanın qarşısının alınması, siyasi partiyaların oynadığı əhəmiyyətli rolu nəzərə almaq və onların özəl donorlardan həddindən artıq asılılığına son qoymaq üçün büdcədən maliyyələşmə və bununla əlaqədar qanunvericilik (xərclərin məbləğini məhdudlaşdıran qanunvericilik, məlumatların yayılması, tərəfsiz icraetmə də daxil olmaqla) hazırlanmış və qəbul edilmişdir. Bu maliyyələşmə sistemləri siyasi partiyaların seçkilər çərçivəsində imkan bərabərliyi şəraitində güclərini sınamasını təmin etmək və beləliklə, siyasi plüralizmi gücləndirmək və demokratik institutların yaxşı işləməsinə töhvə vermək məqsədi daşıyır. Ümumiyyətlə, qanunverici orqan siyasi partiyaların maliyyələşməsi vasitəsi olaraq ictimai və özəl ödəmələr arasında tarazlıq əldə olunmasına çalışmalıdır. Dövlət yardımlarının ayrılması heç bir halda siyasi partiyanın müstəqilliyini məhdudlaşdırmamalı və ya ona zərər vurmamalıdır.
177. Siyasi partiyalara ayrılan vasitələrin məbləğı diqqətlə, özəl ödəmələrə ehtiyacı məhdudlaşdırmayacaq və ya onların təsirini yox etməyəcək, lakin lazımlı olacaq şəkildə hesablanmalıdır. Müxtəlif Dövlətlərdə seçkilərin və seçki kampaniyalarının özəllikləri hər yerdə tətbiq olunacaq bir məbləğin müəyyən olunmasına mane olsa da, qanunvericilik büdcədən maliyyələşmənin təsirini və yardımların səviyyəsini dəyişməyə ehtiyac olub-olmadığını müntəzəm olaraq öyrənmək üçün nəzarət mexanizmləri yaratmalıdır. Ümumiyyətlə, subvensiyalar real dəstək üçün kifayət edəcək qədər olmalıdır, lakin tək gəlir mənbəyi olmamalı və Dövlətdən həddindən artıq asılılıq yaratmamalıdır.
(...)
b) Maliyyə yardımı
178. Dövlətin siyasi partiyalara birbaşa maliyyə dəstəyi verməsinə qanunla izacə verilməlidir. Partiyalara dövlət yardımının verilməsi, xüsusən də Dövlət maliyyələşməsi mexanizmi qadınlar və milli azlıq nümayəndələri üçün spesifik müddəalar nəzərdə tutarsa, namizədlərin imkan bərəbərliyi prinsipinə riayət edilməsinin ayrılmaz hissəsi hesab olunur. Partiyaya maliyyə yardımı ayrılanda qanunvericilikdə bu subvensiyaların məbləğini müəyyən edəcək aydın qaydalar nəzərdə tutulmalıdır və subvensiyalar obyektiv və tərəfsiz şəkildə verilməlidir.
(...)
c) Dövlət yardımının digər formaları
179. Birbaşa maliyyələşmədən əlavə, Dövlət partiyalara digər formada, məsələn fəaliyyətləri ilə əlaqədar vergi azadedilmələr, seçki dövründə pulsuz efir vaxtı və ictimai iclas zallarından istifadə formasında yardım edə bilər. Bütün bu hallarda maliyyə və ya naturada yardım bütün partiyaların və namizədlərin (qadınlar və milli azlıq nümayəndələri də daxil olmaqla) imkan bərabərliyi prinsipinə uyğun olaraq edilməlidir. Bu yardım heç də həmişə mütləq şəkildə « bərabər » olmasa da, Dövlət yardımının (maliyyə və ya naturada) proporsional (və ya ədalətli) bölgüsünün obyektiflik, ədalətlilik və məntiqlilik meyarlarına uyğunluğunu yoxlamağa imkan verəcək sistem yaratmaq lazımdır.
(...)
4. Yardımın ayrılması
183. Dövlət yardımının ayrrılması qaydaları müvafiq qanunvericiliklə müəyyən olunmalıdır. Bəzi sistemlərdə yardım ayrılmasının əsası əvvəlki seçkilərdəki nəticələr və ya minimum seçici dəstəyinin sübutudur. Digər sistemlərdə seçkilərin yekun nəticələrinə əsaslanan və seçkidən sonra edilən ödəmələr nəzərdə tutulur. Bir qayda olaraq, yardımın bir hissəsinin və ya hamısının seçkidən əvvəl verilməsi partiyalara bərabər şəkildə rəqabət aparmaq imkanı verir.
(...)
185. Yardım tam bərabər (« mütləq bərabərlik ») və ya həmin partiyanın son seçkilərdəki nəticələrinə və ya minimum seçici dəstəyinə proporsional (« ədalətli ayırmalar ») ola bilər. Bu sahədə unviersal şəkildə tətbiq edilə biləcək qayda mövcud deyildir. Mütləq bərabərlik yoxsa ədalətlilik əsasında ayırmalar sistemi nəzərdə tutan büdcədən maliyyələşmə barədə qanunların hansının siyasi plüralizmə daha çox şərait yaratdığı barədə də heç bir fikir yoxdur. Maliyyə yardımı almaq üçün minimum seçici dəstəyi tələb olunduğu zaman siyasi plüralizmə və kiçik partiyalara ziyan vura biləcək yüksək həddlərin müəyyən olunmamasına diqqət vermək lazımdır. Bundan əlavə, büdcədən maliyyələşmə üçün müəyyən olunmuş həddin parlament mandatı qazanmaq üçün olan həddən aşağı olması siyasi plüralizm üçün vacibdir.
(...)
187. Qanunvericilik nəzarət etməlidir ki, yardımın ayrılması formulu inhisara və ya partiyalardan birinə həddindən artıq məbləğ verilməsinə imkan verməsin. Maliyyə ayrılmaları formulu həm də iki böyük siyasi partiyanın dövlət yardımını inhisara salmasına imkan verməli deyil.
5. Büdcədən maliyyələşmə tələbi
188. Yaxşı olardı ki, Parlamentdə təmsil olunan bütün partiyalara müəyyən məbləğdə yardım ayrılsın. Bununla belə, siyasi plüralizmi təşviq etmək üçün vətəndaşlar arasında minimum dəstəyi olan və seçkilərə namizədlər təqdim edən partiyaların hamısına bərabər şəkildə ayrılmalıdır. Bu təcrübə, artıq oturuşmuş partiyalarla ədalətli şəkildə rəqabət aparması baxımından yeni yaranmış partiyalar üçün xüsusi əhəmiyyət daşıyır.
(...)
190. Büdcədən maliyyələşmə partiyaların maliyyə ehtiyyatlarını artıraraq, siyasi plüralizmi gücləndirir. Buna görə də, qanunların yardımı almaq istəyən partiyalardan bu yardımı almazdan əvvəl elektoratın minimum dəstəyinə malik olduqlarını sübut etməyi tələb etməsi əsaslıdır. Bununla belə, o biri partiyalara ictimai subvensiyalar ayırmaqdan imtina edilməsi plüralizm və siyasi seçimlərə təsir edə bilər. Yeni partiyaların bəzi hallarda bu yardımı necə ala bilmələri və ya Parlamentdə təmsil olmayan partiyalara bu dövlət yardımının necə verilməsinin qaydalarını açıq şəkildə elan etmək yaxşı təcrübədir. Seçicilərə real seçim edə bilmələri üçün kifayət qədər siyasi imkanlar təklif olunması üçün partiyalara dövlət yardımları verən səxavətli sistemlər nəzərdə tutulmalıdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. QƏBULEDİLƏNLİK
21. Məhkəmə hesab edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış deyildir və digər başqa qəbuledilməzlik əsasları da bu işdə mövcud deyldir.
II. 1 SAYLI PROTOKOLUN 3-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ KONVENSİYANIN 14-CÜ MADDƏNİN İDDİA EDİLƏN POZUNTUSU
22. Konvensiyanın 9, 10,11 və 14-cü maddələrinə istinad edərək ərizəçi partiya iddia edir ki, əvvəlki Parlament seçkilərində 7 faizdən az səs topladığı əsasıyla dövlət yardımı verilməsindən imtina etməklə Dövlət onu ayrı-seçkiliyə məruz qoymuşdur və bunun nəticəsində o, 1999, 2002 və 2007-ci il seçki kampaniyalarında əlverişsiz vəziyyətdə olmuşdur. Bununla Dövlət qanunverici orqana seçkilərində xalqın iradəsinin azad ifadəsi hüququna zərər vurmuşdur.
23. Məhkəmə ilk öncə bu şikayəti 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsi əsasında araşdıracaqdır.
Konvensiyanın 14-cü maddəsində deyilir :
« Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı seçkilik olmadan təmin olunmalıdır. »
Konvensiyaya 1 saylı Protokolun 3-cü maddəsində deyilir :
« Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə ağlabatan dövriliklə gizli azad seçkilər keçirməyi öhdələrinə götürürlər. »
A. Tərəflərin təqdimatları
24. Ərizəçi iddia edir ki, onun şikayətləndiyi dövlət yardımından imtina parlament seçkilərində namizəd olan müxtəlif partiyalar arasında qeyri-bərabərlik yaratmış, artıq Parlamentdə təmsil olunmuş və ya əvvəlki seçkilərdə 7 faizdən çox səs toplamış partiyaların qalib gəlmək şansını artırmışdır. Sonuncular əhəmiyətli bir maliyyə ehtiyatından istifadə etdiklərinə görə öz fikirlərini yaymaqda - bu maliyyə onlara daha çox mediyadan istifadə imkanı vermişdir- və ölkə səviyyəsində görüşlər və sosial-mədəni tədbirlər təşkil etməkdə seçkilərdə yeni namizədlərə nisbətən ədalətsiz (və xüsusilə ayrı-seçkiliyi qadağan edən Konstitusiya və Konvensiyaya zidd) şəkildə əlverişli imkanlar eldə etmişlər.
25. Hökumət bu iddialara etiraz edir. O izah edir ki, dövlət yardımı ilə əlaqədar siyasi partiyalar arasında qoyulan fərq əvvəlki seçkilərin nəticələrinə (topladığı səslərin və ya Parlamentdəki yerlərin sayı) əsaslanır. Başqa sözlərlə, bu fərq legitim və obyektiv əsaslara söykənir. Siyasi partiyanın siyasi fikirlərinə əsaslanan bir fərqlındirmə ayrı-seçkilik olardı, lakin hazırki işdə belə deyildir. Digər tərəfdən, Dövlət yardımını ala bilmək üçün partiyalara bəzi minimal tələblərin qoyulması məsələsində Dövlətin geniş mülahizə səlahiyyəti vardır, bir şərtlə ki, bu partiyanın siyasi həyatda iştirakı hüququ məhdudlaşmasın.
B. 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin tətbiqi məqsədilə Məhkəmə tərəfindən istifadə edilən meyarlar
26. Məhkəmə xatırladır ki, ayrı-seçkilik müqayisə edilə biləcək vəziyyətlərdə olan şəxslərə obyektiv və ağlabatan əsaslandrma olmadan fərqli şəkildə davranılmasıdır. Fərqli davranış “legitim məqsəd” daşımırsa və ya “istifadə olunmuş vasitələr qarşıya qoyulmuş məqsədə proporsional” deyilsə “obyektiv və ağlabatan əsaslandırma”dan məhrum hesab edilir. (bax: digərləri arasında Sejdić et Finci c. Bosnie-Herzégovine [GC], nos 27996/06 et 34836/06, § 42, CEDH 2009). Bu məsələdə Razılığa gələn Tərəflərin mülahizə səlahiyyəti işin hallarına, söhbət gedən sahə və kontekstdən asılı olaraq dəyişir (Andrejeva c. Lettonie [GC], no 55707/00, § 82, 18 fevral 2009).
27. Digər tərəfdən, Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 3-cü maddəsi əsl demokratik siyasi rejimdə fundamental bir prinsipi təmin edir və Konvensiya sistemində böyük əhəmiyyət daşıyır. (Mathieu-Mohin et Clerfayt c. Belgique, 2 mart 1987, § 47, série A no 113). Plüralizmin ali təminatçısı olan Dövlətin rolu « qanunverici korpusun seçilməsində xalqın iradəsinin azad ifadəsini təmin edəcək şərtlərdə » demokratik seçkilər « təşkil etmək » üçün pozitiv tədbirlərin görülməsini edir (yuxarıda istinad edilən Mathieu-Mohin et Clerfayt, § 54).
28. Azad seçkilər və fikri ifadə azadlığı, xüsusilə siyasi debat azadlığı bütün demokratik rejimlərin əsasını təşkil edir (yuxarıda istinad olunan Mathieu-Mohin et Clerfayt, §47 ; et Lingens c. Autriche, 8 iyul 1986, §§41‑42, série A no 103). «Qanunverici korpusun seçilməsində xalqın iradəsinin azad ifadəsi» həmçinin birləşmək azadlığını təmin edən Konvensiyanın 11-ci maddəsinə də aiddir və deməli, demokrtiyanın yaxşı işləməsi üçün əsas olan bir birləşmə forması olan siyasi partiyalara aiddir. Bu azadlıq ölkənin əhalisinin fikirlərini təmsil edən siyasi partiyaların çoxluğu təmin olunmadan mümkün olmazdı. Bu siyasi fikirləri təkcə siyasi institutlarda deyil, həm də, kütləvi informasiya vasitələrinin sayəsində cəmiyyətin hər bir təbəqəsində yaymaqla, siyasi partiyalar demokratik cəmiyyət anlayışının mərkəzində yerləşən siyasi debata əvəzolunmaz töhvə verir. (yuxarıda istinad edilən Lingens, § 42 ; Castells c. Espagne, 23 aprel 1992, § 43, série A no 236 ; Parti communiste unifié de Turquie et autres c. Turquie, 30 yanvar 1998, Recueil des arrêts et décisions 1998‑I, § 44 ; və Yumak et Sadak c. Turquie [GC], no 10226/03, § 107, CEDH 2008).
29. Avropa İnsan Hüquqları Komissiyasının da bir neçə dəfə dəqiqləşdirdiyi kimi, « xalqın iradəsinin sərbəst ifadəsi » seçkilərin bir və ya bir neçə namizədin seçilməsi üçün hər hansı təzyiq olunmaması və ya seçkilərdə seçicinin hər hansı partiyaya səs verməsi üçün ədalətsiz olaraq təşviq edilməməsi deməkdir (X. c. Royaume-Uni (déc.), no 7140/75, Décisions et rapports (DR) 7, səh. 99). « Seçim » sözü o deməkdir ki, müxtəlif siyasi partiyalara seçkilərdə öz namizədlərini təqdim etmək üçün ağlabatan imkanlar verilməlidir (ibidem ; bax həmçinin X c. Islande, no 8941/80, Kommissiyanın 8 dekabr 1981-ci il qərarı, DR 27, səh. 156 ; və yuxarıda istinad edilən Yumak et Sadak).
30. Bununla belə, 1 saylı Protokolun 3-cü maddənin təmin etdiyi hüquqlar mütləq deyil. « Göstərilməyən məhdudiyyətlər » üçün yer vardır və razılığa gələn Dövlətlərin geniş mülahizə səlahiyyətinə malik olmalıdır (bax : digərləri arasında, Matthews c. Royaume-Uni [GC], no 24833/94, § 63, CEDH 1999‑I ; və Labita c. Italie [GC], no 26772/95, § 201, CEDH 2000‑IV). Seçkilərdə iştirak etmək hüququna, yəni 1 saylı Protokolun 3-cü maddəsinin « passiv » aspektinə gəlincə isə, Məhkəmə bu kontekstdə məhdudiyyətlərin qiymətləndirilməsində, səsvermə hüququna yəni 1 saylı Protokolun 3-cü maddəsinin « aktiv » elementinə qoyulan məhdudiyyətlərin qiymətləndirilməsindən daha ehtiyatlıdır.
31. Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə əməl olunub-olunmamasını müəyyənləşdirmək Məhkəmənin səlahiyyətidir. Məhkəmə səsvermə hüququ və seçkilərdə namizədliyini irəli sürmək hüququna qoyulan şərtlərin bu hüquqların mahiyyətinə zərər vurmamasına və onların səmərəliliyindən məhrum etməməsinə əmin olmalıdır. (yuxarıda istinad olunan Mathieu-Mohin et Clerfayt, § 52).
C. Yuxarıdakı prinsiplərin hazırki işə tətbiqi
1. Fərqli davranışın mövcudluğu
32. Hazırki işdə Məhkəmə qeyd edir ki, ərizəçi siyasi partiya 1999, 2002 və 2007-ci illərdəki parlament seçkilərində Dövlətin maliyyə yardımını almış siyası partiyalarla müqayisədə əlverişsiz şəraitə salınmışdı. Bu maliyyə yardımını ayırmaqdan imtina edilməsi üçün əsas olaraq partiyanın Parlamentdə təmsil olunmaması (bunun üçün ölkə səviyyəsində səslərin 10%-i həddinin müəyyən olunması üzündən) və əvvəlki parlament seçkilərində səslərin 7 %-indən azını toplaması gətirilmişdi.
33. Məhkəmə müəyyən edir ki, 1996-cı ildə yaradılmış ÖDP dövlət yardımına müraciət üçün yalnız 1999-cu ilin seçkilərindən sonra iddia edə bilər. Bundan sonrakı seçkilərdə, ÖDP-nin milli qanunların müəyyən etdiyi 7%-lik həddən aşağı olan nəticələri - 18 aprel 1999-cü ildə 0,8%, 3 noyabr 2002-ci ildə 0,34% və 2007-ci ildə 0,15% (yuxarıdaki 18 və 19-cu paraqraflar) – ona bu yardımı almaq imkanı verməmişdir.
34. Bununla belə, Məhkəmə müşahidə edir ki, 1999-cu il seçkilərindən əvvəl iyirmi bir namizəd partiyadan altısı (bunlardan yalnız biri Parlamentdə təmsil olunmamışdı) bu yardımı almışdı. 2002-ci il seçkilərindən əvvəl on beş namizəd partiyadan altısı (bunlardan yalnız biri Parlamentdə təmsil olunmamışdı), 2007-ci il seçkilərindən əvvəl isə on beş namizəd partiyadan (bunlardan üçü Parlamentdə təmsil olunmamışdı) bu yardımı almışdı.
35. Hazırki işdə tətbiq olunan dövlət yardımı sisteminin bu yardımı almayan ÖDP-ni, yardımdan bəhrələnmiş və ölkə səviyyəsində öz fikirlərini daha rahat yaymaq imkanı əldə etmiş rəqiblərindən daha əlverişsiz vəziyyətə saldığı aydındır. Deməli, ərizəçi partiya həmin sistemin tətbiq olunması səbəbilə 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan seçki hüquqlarının həyata keçirilməsində fərqli davranışa məruz qalmışdır.
36. Məhkəmə yuxarıda göstərilən prinsiplərin işığında bu sistemin legitim məqsəd daşıması və istifadə olunan vasitələr və qarşıya qoyulmuş məqsədlər arasında proporsionnalığın olması məsələsini araşdırmalıdır. Bu iki meyarı tətbiq edərək, Məhkəmə mübahisələndirilən tədbirin Konvensiyanın 14-cü maddəyə zidd olaraq ayrı-seçkilik olub-olmaması « və/və ya 1 saylı Protokolun 3-cü maddəsi mənasında xalqın iradısinin sərbəst ifadəsi hüququnun mahiyyətinə xələl» gətirib-gətirmədiyi məsələsini müəyyən edəcəkdir.
2. Davranış fərqinin legitim məqsədi
37. Siyasi partiyaların maliyyələşməsi məsələsində Məhkəmə qəbul edir ki, ənənəvi maliyyələşmə olan üzvlük haqqları siyasi rəqabət və müasir kommunikasiya vasitələrinin mürəkkəbliyi və qiymətləri kontekstində günbəgün artan xərcləri qarşılmaq üçün kifayət etmir. Məhkəmə müşahidə edir ki, dünyanın digər ölkələrində olduğu kimi, Avropa ölkələrində də korrupsiyanın və özəl donorlardan asılılığın qarşısısını almaq üçün siyasi partiyaların büdcədən maliyyələşməsinə müraciət olunur. Bu maliyyələşmə nəticə etibarı ilə siyasi plüralizm və demokratik institutların yaxşı işləməsinə yardım edir.
38. Avropa Dövlətlərininin əksəriyyətinin tətbiq etdiyi sistemlərin araşdırılmasından belə nəticəyə gəlinir ki, bu sahədə tənzimləmə eyni deyildir. Bununla əlaqədar, Məhkəmə müşahidə edir ki, seçkilər münasibətilə siyasi partiyalara dotasiyalar onlar arasında ya tam bərabər şəkildə, ya da ədalətli bölgü qaydasında, yəni əvvəlki seçkilərdəki nəticələrinə uyğun şəkildə ayrılır.
39. Həmçinin onu da müşahidə etmək olar ki, ədalətli bölgü sistemini seçən Razılığa gələn Tərəflərin milli qanunvericilikləri demək olar ki, həmişə elektoratın minimum dəstəyi şərtini irəli sürür. Təmsil olunma həddinin olmaması halında mümkündür ki, haqqında söhbət gedən sistemdə siyasi partiyalar daha çox gəlir əldə etmık üçün namizədlərinin saylarını artırsınlar və beləliklə, « namizədlərin inflyasiyası »na səbəb olsunlar, çünki əldə edilən hər səs dövlət yardımı olaraq bu siyasi partiyalara hər il müəyyən məbləğ gətirir.
40. Türkiyədən başqa üzv dövlətlərdə siyasi partiyanın dövlət yardımını əldə edə bilməsi üçün təmsil olunma minimumu əvvəlki seçkilərdəki səslərin 0,5 və 5% arasında dəyişir və adətən Parlamentdə yer almaq üçün lazım olma həddən aşağıdır. Yəni, Parlamentdə təmsil olunmuş partiyalardan əlavə, vətəndaşların minimum dəstəyinə malik yeni partiyalar da təmsil olunma dərəcələrinə proporsional olaraq dövlət yardımı ala bilirlər.
41. Məhkəmə müəyyən edir ki, Avropa Şurası demokratik rejimdə siyasi partiyalar məsələsi ilə əlaqədar qəbul etdiyi heç bir sənəddə dpvlət yardımı almaq üçün milli qanunlarda qoyulan minimum seçici dəstəyi şərtinin əsaslandırılmamış hesab etməmiş və ya bu sahədə hır hansı hədd müəyyən etməmişdir. Bununla əlaqədar, Məhkəmə bəzi ixtisaslaşmış institutların müşahidələrinə istinad edir. Bunlardan belə çıxir ki, həddin çox yuxarı olmamasına nəzarət etmək lazımdr, çünki bu, siyasi plüralizm və kiçik partiyalara zərbə vurardı (« Siyasi partiyaların tənzimləməsi üzrə əsas istiqamətlər, ATƏT/DİHİB və Venesiya Komissiyası tərəfindən hazırlanmış və 15-16 oktyabr 2010-cu ildə qəbul edilmiş CDL-AD(2010)024), § 185, yxarıdakı 22-ci paraqraf ). Digər tərəfdən, yardımın ayrılması formulu bu yardımın böyük partiyalar tərəfindən inhisarlaşmasına da imkan verməməlidir (idem, § 187).
42. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, minimum seçici dəstəyi tələb edən ədalətli dövlət yardımı sistemi, namizədlərin həddindən artıq və qeyri-funksional bölünməsinə imkan vermədən demokratik plüralizmə xidmət etmək, yəni qanunverici orqanın seçkisində xalqın iradə ifadəsini gücləndirmək kimi legitim məqsəd daşıyır (bax : eyniistiqamətdə, Fournier c. France, no 11406/85, Komissiyanın 10 mart 1988-ci il qərarı, DR 55, səh. 130 ; və mutatis mutandis, seçkilərdə müəyyən faiz əldə etmiş namizəd və siyahıların təbligat və namizədlik xərclərinin geri qaytarılması barədə Cheminade c. France (qərar.), no 31559/96, 26 yanvar 1999)
3) Davranış fərqinin proporsionallığı
43. Məhkəmə müşahidə edir ki, Türkiyədə dövlət yardımı almaq istəyən siyasi partiyadan tələb olunan təmsilolunma həddi, yəni əvvəlki parlament seçkilərində səslərin 7 %-i Avropada ən yüksək həddir (yuxarıdakı 40-cı paraqraf). Bu həddin qeyri-proporsional olmamasını təmin etmək üçün Məhkəmə əvvəlcə onun təsirini qiymətləndirəcək. Sonra Məhkəmə bu yardıma əlavə olunan digər yardımları araşdıracaq.
44. Hər şeydən öncə, Məhkəmə müşahidə edir ki, 7 % həddi Türkiyə Parlamentində yer əldə etmək üçün tələb olunan həddən, yəni bütün ölkə üzrə səslərin 10%-i həddindən aşağıdır. Hazırki işdəki parlament seçkilərində Parlamentdə təmsil olunmamış, lakin 7% dəstəyə malik partiyalar sonrakı seçkilərədək dövlət yardımı ala bilərdi. 1999-cu ildə yardım almış partiyalardan biri Parlamentdə təmsil olunmamışdı. 2002-ci ilə də proposiya eyni idi, 2007-ci ildə isə Parlamendə təmsil olunmamış üç və təmsil olunmuş iki partiya yardım almışdı. Başqa sözlə, hazırki işə əhatə olunan dövrlərdə Parlamentdəki partiyalalar, istər iqtidar, istərsə də müxalifət partiyaları olsun, dövlət yardımını inhisarlaşdırmamışdı.
45. Məhkəmə həmçinin ÖDP-nin dövət yardımlarının verildiyi dövrdəki nəticələrini də nəzərə almalıdır. Bu seçkilər zamanı siyasi partiya etibarlı səslərin 0,8 və 0,15 %-ni əldə etmişdi. Dövlət yardımının verilməsi üçün tələb olunan həddən çox aşağıda qalan bu nəticə, digər Avropa ölkələrinin əksəriyyətində yardım verilməsi üçün qeyri-kafi hesab olunardı. Mübahisələndirilən təmsilolunma həddinin tətbiq olunmasından birbaşa olaraq təsirləndiyinə görə ərizəçinin şikayəti actio popularis hesab olunmasa da, ÖDP Məhkəmə qarşısında Türkiyədə danılmayacaq seçici dəstəyinə malik olmasını sübut edə bilmədi.
46. Dövlətin birbaşa yardımdan başqa siyasi partiyalara digər formada yardım etməsini də nəzərə almaq lazımdır. Türkiyədə partiyaların hamısına dövlət yardımı almaq imkanı verməyə dövlət yardımı sisteminə edilən digər əlavələr arasında bəzi gəlirlərindən verməli olduğu vergilərdən azad edilmələrini və seçki kampaniyaları zamanı efir zamanın verilməsini misal göstərmək olar. Məhkəmə qarşısında ÖDP-nin bu alternativ yardımlardan yararlanmadığı barədə heç bir fikir səslənmədi.
47. ÖDP-nin seçicilərin minimum dəstəyini qazana bilməməsi və bu partiyanın sərəncamında olan digər dövlət yardımı formalarının kompensasiyaedici təsirini nəzərə alaraq, Məhkəmə hesab edir ki, mübahisələndirilən fərqli davranış qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə proporsional idi.
48. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki işin hallarında Dövlətin ODP-yə qanunun tələb etdiyi kimi 7% təmsilolunma həddini əldə edə bilməməsi səbəbilə birbaşa dövlət yardımı ayırmaqdan imtinası objektiv və ağlbatan əsaslara söykənirdi, xalqın iradəsinin azad ifadəsi hüququnun mahiyyətinə xələl gətirmirdi və deməli, 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülmüş 14-cü maddəyə zidd deyildi.
49. Beləliklə, bu müddəaların pozuntusu baş verməmişdir.
III. KONVENSİYANIN 9, 10 VƏ 11-Cİ MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTUSU
50. Ərizəçi siyasi partiya Konvensiyanın 9, 10 və 11-ci maddələrinin pozuntusundan da şikayət edir. Bu şikayətlər 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsi üzrə olan şikayətlə eyni faktiki hallar barədə olduğundan, Məhkəmə hesab edir ki, onları ayrıca nəzərdən keçirməyə ehtiyac yoxdur.
BU ƏSASLARLA, MƏHKƏMƏ
1. Ərizənin yekdilliklə qəbuledilən elan edir ;
2. Beş səsə qarşı iki səs olmaqla hesab edir ki, 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntsu baş verməmişdir ;
3. Yekdilliklə hesab edir ki, Konvensiyanın 9, 10 və 11-ci maddələri üzrə şikayətləri ayrıca nəzərdən keçirməyə ehtiyac yoxdur.
Fransızca tərtib olunmuş, Məhkəmə Qaydalarının 77-ci maddəsinin 2 və 3-cü bədlərinə əsasən 10 may 2012-ci ildə yazılı şəkildə açıqlanmışdır.
Stanley NaismithFrançoise Tulkens
KatibSədr
Hazırki qətnaməyə, Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq, hakimlər F. Tulkens et A. Sajó-nun ayrıca rəyləri əlavə olunur.
F.T.
S.H.N.
Ayrıca rəylər tərcümə olunmamışdır, lakin qətnamənin Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy