Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 193
Fevral 2016-cı il
***
Payiç (Pajić) Xorvatiyaya qarşı – ərizə № 68453/13
23.2.2016 tarixli qərar [II Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Ailə üzvlərinin qovuşması məsələsində nikahda olmayan eyni cinsli cütlüklərlə nikahda olmayan müxtəlif cinsli cütlüklər arasında fərq qoyulması: pozuntu baş verib
Faktlar – Bosniya və Herseqovina vətəndaşı olan ərizəçi Xorvatiyada yaşayan xanım D.B. ilə eyni cinsli cütlük olaraq stabil münasibətdə idi. 2011-ci ildə ərizəçi həmin ölkədə ona yaşayış icazəsi verilməsi üçün vəsatətlə müraciət etdi və tərəf-müqabili ilə ailə üzvü olaraq qovuşmaq istəyini əsas gətirdi. Onun vəsatəti rədd edildi, çünki daxili qanunvericilik eyni cinsli cütlüklərə bu cür imkanın yaradılmasını istisna edirdi, amma müxtəlif cinsli cütlüklərə bu cür icazə verilirdi. Sonradan onun bu qərardan verdiyi şikayətlər uğursuzluqla nəticələndi.
Hüquqi məsələlər – 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə
a) 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Şübhəsiz ki, ərizəçi və tərəf-müqabili kimi eyni cinsli cütlüklərin münasibətləri Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan "şəxsi həyat" anlayışının tətbiq dairəsinə düşür. Bu münasibətlərin həm də "ailə həyatı" anlayışının tətbiq dairəsinə düşüb-düşməməsinə gəlincə, bu məsələ mübahisələndirilmirdi ki, ərizəçi 2009-cu ildən etibarən tərəf-müqabili ilə stabil münasibət saxlayır, müntəzəm olaraq Xorvatiyaya səfər edir və bəzən orada üç ay vaxt keçirirdi və bu, müvafiq immiqrasiya məhdudiyyətləri səbəbindən onların birlikdə olması üçün yeganə imkan idi. Bundan başqa, cütlük Xorvatiyada bir ailə kimi birlikdə yaşamaq və müştərək biznesə başlamaq kimi ciddi niyyətinin olduğunu ifadə etmişdi. Belə vəziyyətdə dövlətin mübahisələndirilən immiqrasiya siyasəti səbəbindən ərizəçinin D.B. ilə birlikdə yaşamaması ərizəçinin onunla münasibətlərinin sabitliyini aradan qaldırmırdı və ərizəçinin durumunun "ailə həyatı" anlayışının tətbiq dairəsinə düşməsi üçün tələb olunan amil də məhz münasibətlərin sabitliyi idi. Müvafiq olaraq, bu işin faktları 8-ci maddədə nəzərdə tutulan "şəxsi həyat" və "ailə həyatı" anlayışlarının tətbiq dairəsinə düşür və beləliklə, 14-cü maddə bu işə tətbiq edilə bilər.
b) Fərqli rəftar – Həm müxtəlif cinsli cütlüklərin, həm də eyni cinsli cütlüklərin nikahdankənar münasibətləri Xorvatiyanın daxili qanunvericiliyində tanınırdı və müvafiq olaraq, hər iki cütlük kateqoriyası stabil bağlılıq münasibətləri qura bilərdi. Beləliklə, eyni cinsli cütlük təmsilçisi olaraq Xorvatiyada planlaşdırılan ailə həyatını sürmək məqsədi ilə ailə üzvlərinin qovuşması üçün yaşayış icazəsi almaqdan ötrü müraciət etmiş tərəf-müqabilin durumu eyni niyyətdə olan, amma müxtəlif cinsli cütlük təmsilçisi olan tərəf-müqabilin durumu ilə müqayisə oluna bilərdi. Lakin daxili qanunvericilikdə ailə üzvlərinin qovuşması məqsədi ilə yaşayış icazəsi almaqdan ötrü müraciət etmək imkanı yalnız müxtəlif cinsli cütlüklər üçün nəzərdə tutulmuşdu və bu halda onların nikahda və ya nikahdankənar münasibətdə olması əhəmiyyət daşımırdı. Müvafiq olaraq, sözügedən qanunvericilikdə eyni qaydanın eyni cinsli cütlüklərə şamil edilməməsi həmin şəxslərə qarşı onların cinsi oriyentasiyasına əsaslanan fərqli rəftar təşkil edirdi.
c) Obyektiv və ağlabatan əsaslandırma – 8-ci maddənin 2-ci bəndinə uyğun sayıla bilən immiqrasiya nəzarəti tədbirləri 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin pozuntusunu təşkil edən əsassız ayrı-seçkiliyə bərabər hesab edilə bilər. Fərqli rəftarın cinsi mənsubiyyətə və ya seksual oriyentasiyaya əsaslandığı işlərdə olduğu kimi, dövlətlərə verilən qiymətləndirmə sərbəstliyinin hüdudlarının məhdud olduğu işlərdə mütənasiblik prinsipi sadəcə olaraq seçilmiş tədbirin qarşıya qoyulmuş məqsədə münasib olmasını tələb etmir, həm də həmin məqsədə çatmaq üçün müəyyən şəxslər kateqoriyasını (indiki halda cütlük münasibətində olan eyni cinsli şəxsləri) daxili qanunvericiliyin tətbiq dairəsindən xaric etməyin zəruri olduğunun dövlət tərəfindən sübuta yetirilməsini tələb edir. Bu sözlər immiqrasiya işlərinə də aiddir. Lakin dövlət hakimiyyəti orqanları ailə üzvlərinin qovuşması məsələsində eyni cinsli cütlüklərə qarşı rəftarla müxtəlif cinsli cütlüklərə qarşı rəftar arasındakı fərqə haqq qazandırmaq üçün heç bir izahat təqdim etməyiblər, yaxud inandırıcı və əsaslı səbəb göstərməyiblər. Yalnız və ya həlledici dərəcədə ərizəçinin seksual oriyentasiyasına əsaslanan fərqli rəftar həqiqətən Konvensiyaya əsasən qəbuledilməz fərqləndirmə təşkil edir. Beləliklə, bu fərqli rəftar 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddəyə ziddir.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 10.000 avro təyin edildi.
(Bax: Seksual oriyentasiya məsələləri mövzusunda tematik material)
Full & Egal Universal Law Academy