Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 4
Mart 1999-cu il
***
Papaxelas (Papachelas) Yunanıstana qarşı [BP] – ərizə № 31423/96
25.3.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ağlabatan müddət
Mülki prosesin müddəti: pozuntu baş verməyib
1 saylı Protokolun 1-ci maddəsi
Müsadirə ilə əlaqədar verilmiş kompensasiyanın məbləği: pozuntu baş verməyib
Yol çəkilişindən faydalanma prezumpsiyası (ehtimalı) ilə əlaqədar olaraq kompensasiyanın yalnız qismən ödənilməsi: pozuntu baş verib
(Press-relizdən çıxarışlar)
Faktlar: Yunanıstan vətəndaşları olan ərizəçilər Aristomenis Papaxelas (Aristomenis Papachelas) və Yevgeni Papaxelas (Eugène Papachelas), müvafiq olaraq, 1926-cı və 1933-cü illərdə doğulublar və Afinada yaşayırlar. 9 yanvar 1998-ci ildə Yunanıstan dövləti yeni magistral yolun inşası üçün ərizəçilərin 8.402 kv. metr torpaq sahəsini müsadirə etdi. Lakin ərizəçilər 653/1977 saylı qanunda nəzərdə tutulmuş təkzibolunmaz prezumpsiyanın (ehtimalın) tətbiqi nəticəsində yalnız 6.962 kv. metr sahəyə görə kompensasiya aldılar, belə ki, həmin prezumpsiyaya görə, yeni magistral yollar inşa edilərkən belə hesab edilirdi ki, müsadirə olunmuş yol kənarındakı torpaq sahələrinin mülkiyyətçiləri həmin yoldan yararlanacaqlar və müvafiq olaraq, onlardan tələb olunurdu ki, bunun müqabilində müsadirəyə görə alacaqları kompensasiyanın müəyyən hissəsini güzəştə getsinlər. 5 iyun 1991-ci ildə Yunanıstan dövləti kompensasiya məbləğinin məhkəmə tərəfindən qiymətləndirilməsi üçün məhkəməyə müraciət etdi. Ərizəçilər məhkəməyə digər sənədlərlə yanaşı Andlı Qiymətləndiricilər Assosiasiyasının rəsmi rəyini təqdim etdilər, həmin sənəddə torpaq sahəsinin 1 kvadrat metri 53.621 yunan drahması (dirhəm) məbləğində qiymətləndirilmişdi. Lakin kompensasiyanın bir vahidə görə yekun məbləği 1 kvadrat metr üçün 52.000 drahma kimi müəyyən edilmişdi. İcraat 20 iyun 1995-ci ildə Kassasiya Məhkəməsinin ərizəçilərin şikayətini rədd etmiş qərarı ilə yekunlaşdı. Bu qərar 28 sentyabr 1995-ci ildə "qüvvəyə mindi" və 9 oktyabr 1995-ci ildə ərizəçilər onun surətini aldılar.
Ərizəçilər şikayət etdilər ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə zidd olaraq onların işinə ağlabatan müddətdə baxılmayıb. Onlar həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin iki pozuntusunun baş verdiyini iddia etdilər. Onlar şikayət etdilər ki, birincisi, təyin olunmuş kompensasiyanın məbləği müsadirə edilmiş torpağın dəyərindən aşağı idi və ikincisi, 653/1977 saylı qanunun 1-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş prezumpsiyanın tətbiqi nəticəsində müsadirə olunmuş torpağın 8.402 kv. metrlik ümumi sahəsinin yalnız 6.962 kv. metrinə görə kompensasiya alıblar.
Hüquqi məsələlər
Hökumətin ilkin etirazı: Məhkəmə şikayət ərizəsinin vaxtından gec verildiyi barədə Hökumətin ilkin etirazını rədd etdi.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi: Məhkəmə müəyyən etdi ki, konkret olaraq nazir tərəfindən qəbul edilmiş eyni qərarla müsadirə olunmuş mülkiyyətlərin çoxluğu səbəbindən bu iş nisbətən mürəkkəb iş idi. Birinci instansiya məhkəməsindəki və Afina Apellyasiya Məhkəməsindəki icraatın müddətini ağlabatan hesab etmək olardı. Kassasiya Məhkəməsindəki icraat il yarım davam etmişdi və ərizəçilərin kassasiya şikayətini gec verdiklərini nəzərə alsaq bu müddət o qədər də uzun deyildi. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verməmişdi.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi
a) Kompensasiyanın məbləği: Məhkəmə qeyd etdi ki, kompensasiyanın bir vahidə görə yekun qiyməti Andlı Qiymətləndiricilər Assosiasiyası tərəfindən təklif olunan qiymətlə müqayisədə yalnız 1.621 yunan drahması məbləğində az qiymətləndirilmişdi. 1 saylı Protokolun 1-ci maddəsi əsasında milli hakimiyyət orqanlarına verilən müəyyən qiymətləndirmə sərbəstliyini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, ərizəçilərə ödənilmiş məbləğ müsadirə olunmuş torpaq sahəsinin ağlabatan nisbətdə qiymətini əks etdirirdi. Müvafiq olaraq, 1 kvadrat metrə görə təyin olunmuş kompensasiyanın məbləği məsələsində 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməmişdi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
b) 653/1977 saylı qanunda nəzərdə tutulmuş təkzibolunmaz prezumpsiyanın tətbiqi: Məhkəmə qeyd etdi ki, icraatındakı bu işdə tətbiq edilən, olduqca qeyri-çevik olan və fərqli situasiyaları nəzərə almayan sistem bundan öncə iki analoji işdə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu hesab edilib (Katikaridis və başqaları Yunanıstana qarşı və Tsomtsos və başqaları Yunanıstana qarşı – hər iki iş üzrə 15 noyabr 1996-cı ildə qərar çıxarılıb). Məhkəmə özünün əvvəlki bu presedent hüququndan kənara çıxmasına mane olan heç bir səbəb görmədi, belə ki, mülkiyyətlərini itirmələri və müsadirə olunmuş 8.402 kv. metr sahəyə görə yalnız 6.962 kv. metr sahənin dəyərinin kompensasiya olunması ilə əlaqədar olaraq ərizəçilərin tam məbləğdə kompensasiya almaq hüququnu daxili məhkəmələrdə müdafiə etmələrinin qarşısı alınmışdı. Beləliklə, onların üzərinə fərdi və həddən artıq ağır yük qoyulmuşdu və bu yük yalnız o halda qanuni sayıla bilərdi ki, məruz qaldıqları ziyanı sübut etmək və iddiaları uğurla nəticələndiyi təqdirdə müvafiq kompensasiya almaq imkanına malik olsunlar. Məhkəmə hesab etdi ki, hazırkı mərhələdə ərizəçilərin faktiki ziyana məruz qalıb-qalmadıqlarını müəyyənləşdirməyə ehtiyac yoxdur; onların hüquqi vəziyyəti elədir ki, zəruri balansın müəyyənləşdirilməsi daha tələb olunmur. Beləliklə, 653/1977 saylı qanunun 1-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş təkzibolunmaz prezumpsiyanın tətbiqi nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Konvensiyanın 41-ci maddəsi: Hazırkı işin hallarını nəzərə alaraq Məhkəmə hesab etdi ki, maddi ziyanla əlaqədar olaraq 41-ci maddənin tətbiqi məsələsi hələ həll edilmək üçün hazır deyil və buna görə də bu məsələyə baxılmasını təxirə saldı və bu zaman o, cavabdeh dövlətlə ərizəçilər arasında razılaşma əldə edilməsinin mümkünlüyünü nəzərə aldı. O, məhkəmə xərclərinə və digər məsrəflərə görə ərizəçilərə iki milyon drahma təyin etdi.
Full & Egal Universal Law Academy