Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 199
Avqust-sentyabr 2016-cı il
***
Papavasilakis (Papavasilakis) Yunanıstana qarşı – ərizə № 66899/14
12.7.2016 tarixli qərar [I Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Vicdan azadlığı
Düşüncə azadlığı
Tərkibində hərbçilərin çoxluq təşkil etdiyi komissiya tərəfindən şəxsin həqiqətən əqidəsi əsasında hərbi xidmətdən imtina etməsinin qiymətləndirilməsi: pozuntu baş verib
Faktlar – Yunanıstan vətəndaşlarının hərbi xidmətə qəbul edilməsi haqqında 3421/2005 saylı qanunda hərbi xidmətin alternativi qismində mülki xidmət nəzərdə tutulmuşdu, belə ki, əqidələri əsasında hərbi xidmətdən imtina edən şəxslər müxtəlif ictimai xidmətlərin sərəncamına verilməklə mülki xidmət keçməli idilər. Həmin xidmətlərin sərəncamına verilmə barədə qərar Xüsusi Şuranın rəyi alındıqdan sonra Milli Müdafiə Nazirliyi tərəfindən qəbul edilirdi, o, sənədlər əsasında və ya müvafiq şəxsi dinlədikdən sonra onun əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxs statusu verilməsi üçün müəyyən edilmiş şərtlərə cavab verib-vermədiyini yoxlayırdı. Bu qanunda Xüsusi Şuranın aşağıdakı tərkibdə təşkili nəzərdə tutulmuşdu: fəlsəfi, sosial və siyasi elmlər və psixologiya üzrə ixtisaslaşmış iki universitet professoru, sədr qismində dövlət hüquq müşaviri aparatının nümayəndəsi və silahlı qüvvələrin iki yüksək rütbəli zabiti (biri şəxsi heyətin komplektləşdirilməsi bölməsindən, digəri isə tibb xidmətindən); başqa sözlə, üç mülki şəxs və iki hərbçi.
Əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxs statusu almaq üçün vəsatətlə müraciət etmiş ərizəçi Xüsusi Şuranın qarşısına çıxarkən iclasda yalnız sədr və iki hərbçi iştirak edirdi. O izah etdi ki, vəsatətinin əsas səbəbi zorakılığın əleyhinə olmasıdır. Ərizəçinin "Yəhva (İyeqova) şahidləri" icması ilə əlaqəsi olsa da, hələ xaç suyuna salınmamışdı. O həmçinin bildirdi ki, doqquz aylıq adi hərbi xidmət keçmək əvəzinə on beş aylıq alternativ xidmət keçməyə hazırdır. Şura onun əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxs statusu almaq üçün vəsatətini rədd etdi, müdafiə naziri də eyni qərar çıxardı. Ərizəçi bu qərardan Ali İnzibati Məhkəməyə şikayət etdi və konkret olaraq Xüsusi Şuranın tərkibinə etiraz etdi, amma şikayəti uğursuzluqla nəticələndi. 2014-cü ildə onun dövlət orqanlarına tabe olmamağa görə 6.000 avro məbləğində cərimə ödəməsi barədə qərar çıxarıldı.
Hüquqi məsələlər – Maddə 9: Məhkəmənin öncə qeyd etdiyi kimi, bu kimi işlərdə dövlətlər pozitiv öhdəlik daşıyırlar və bu öhdəlik əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxs statusu üçün vəsatətlərə baxılması prosedurunun daxili qanunvericilikdə nəzərdə tutulması ilə məhdudlaşmır; həm də bu prosedur səmərəli və əlçatan olmalıdır.* Prosedurun səmərəliliyinin mühüm şərtlərindən biri onu aparan şəxslərin müstəqil olmasıdır.
Hərtərəfli müzakirələrdən sonra qəbul edilmiş daxili qanunvericilik müddəalarında birbaşa nəzərdə tutulmuşdu ki, Xüsusi Şura bu cür məsələlərdə xüsusi biliklərə malik olan eyni sayda hərbçilərdən və vətəndaş cəmiyyəti nümayəndələrindən və sədr qismində çıxış edən hüquqşünasdan təşkil olunmalıdır. Müvafiq olaraq, Xüsusi Şuranın iclasında onun bütün üzvləri iştirak edirsə, onun tərkibində mülki şəxslər çoxluq təşkil etmiş olacaq. Amma ərizəçi ilə müsahibə aparıldığı gün iclasda yalnız iki hərbçi və sədr iştirak edirdilər.
Əqidəsinə görə hərbi xidmətdən imtina etmiş və işinə yalnız hərbçilərdən ibarət olan hərbi cinayətlər üzrə məhkəmə tərəfindən baxılmış şəxslə əlaqədar olan işdə Məhkəmənin bundan öncə müəyyən etdiyi kimi, bu cür şəxsin silahlı qüvvələrə mənsub olan hakimlərin qarşısına çıxmaqdan ehtiyatlanması başa düşüləndir, belə ki, onlar mahiyyət etibarı ilə prosesdə tərəfdirlər və buna görə də həmin şəxs məhkəmənin hüquqa zidd olaraq qərəzli mülahizələri rəhbər tuta biləcəyindən ehtiyat etməkdə haqlıdır.**
Bundan başqa, 2013-cü il tarixli tövsiyəsində Yunanıstanın ombudsmanı qeyd etmişdi ki, "dini əqidə" kimi təsnifləşdirilən düşüncələrinə görə hərbi xidmətdən imtina edən şəxslərdən Şura yalnız müvafiq dini icmanın arayışını tələb etdiyi və hətta onları müsahibəyə çağırmadığı halda, "ideoloji" baxışlarına görə hərbi xidmətdən imtina edən şəxslərin çox zaman həssas fərdi məlumatlara aid suallara cavab vermələri tələb olunur.
Beləliklə, dini icma üzvü olmayan ərizəçi silahlı qüvvələrdə yüksək vəzifələr tutan hərbçi kadrları ideoloji baxışlarına görə hərbi xidmətdən imtina etdiyinə inandıra bilməyəcəyindən ehtiyat etməkdə haqlı idi.
Onun şəxsi işinin Şuranın təklifinə uyğun olaraq tərtib edilmiş nazirliyin qərarının layihəsi ilə birlikdə ordu qərargahı tərəfindən müdafiə nazirinə göndərilməsi faktını nəzərə alsaq, nazirin işə baxması qərəzsizliyin və müstəqilliyin hər hansı əlavə təminatlarından məhrum idi, halbuki bu cür təminatların olması əqidəsinə görə hərbi xidmətdən imtina edən və hazırkı işdə olduğu kimi tərkibində yüksək rütbəli hərbçilərin çoxluq təşkil etdiyi Şuranın qarşısına çıxarılan şəxslərin hüquqlarının təmin edilməsi üçün zəruri idi. Nazirin qərarına qarşı apellyasiya şikayətinə baxmış Ali İnzibati Məhkəmənin araşdırmasına gəlincə, o, yalnız qərarın "qanuniliyi" məsələsinə aid idi və Xüsusi Şuranın üzvləri tərəfindən aparılmış qiymətləndirmələrin mahiyyəti ilə əlaqədar deyildi.
Məhkəmənin rəyi bundan ibarət oldu ki, əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxslə müsahibə aparılan gün Şuranın üzvləri iclasda iştirak edə bilməyəcəkdilərsə, qanunun mətninə və ruhuna riayət edilməsi üçün iclasın daxili qanunvericilikdə təsbit edilən qaydada bərabər təmsilçilik şəraitində keçməsini təmin etməyə yönələn tədbirlər görülməli idi.
Müvafiq olaraq, səlahiyyətli orqanlar pozitiv öhdəliklərini, yəni əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxslə Şura tərəfindən aparılan müsahibənin qanunla tələb edilən qaydada prosessual baxımdan səmərəliliyin və bərabər təmsilçiliyin təmin edildiyi şəraitdə aparılmasını təmin etmək öhdəliyini yerinə yetirməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 2.000 avro təyin edildi; cərimə qərarı hələ qüvvəyə minmədiyinə görə maddi ziyanla bağlı tələb rədd edildi.
* Konkret olaraq bu işə bax: Savda Türkiyəyə qarşı, ərizə № 42730/05, 12 iyun 2012-ci il, 153 saylı Məlumat bülleteni; əqidəsinə görə hərbi xidmətdən imtina edən şəxslərin işlərinə 9-cu maddənin tətbiqinin prinsipi və şərtləri üçün bu işə bax: Bayatyan Ermənistana qarşı [BP], ərizə № 23459/03, 7 iyul 2011-ci il, 143 saylı Məlumat bülleteni.
** Feti Demirtaş Türkiyəyə qarşı, ərizə № 5260/07, 17 yanvar 2012-ci il, 148 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy