Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 202
Dekabr 2016-cı il
***
Papoşvili (Paposhvili) Belçikaya qarşı [BP] – ərizə № 41738/10
13.12.2016 tarixli qərar [Böyük Palata]
Maddə 3
Ölkədən çıxarılma
Ciddi xəstəlikdən əziyyət çəkən şəxsin mənşə ölkəsində lazımi müalicə imkanının mövcudluğu şübhə doğursa da, onun öz mənşə ölkəsinə deportasiya olunmasının təklif edilməsi: ölkədən çıxarılma pozuntu təşkil edəcək
Maddə 8
Ölkədən çıxarılma
Ciddi xəstəlikdən əziyyət çəkən şəxsin mənşə ölkəsində lazımi müalicə imkanının mövcudluğu şübhə doğursa da, onun öz mənşə ölkəsinə deportasiya olunmasının təklif edilməsi: ölkədən çıxarılma pozuntu təşkil edəcək
Faktlar – Ərizəçi Gürcüstan vətəndaşıdır, 1998-ci ilin noyabrında arvadı ilə və arvadının altı yaşlı oğlu ilə İtaliyadan keçərək Belçikaya gəlib. Sonradan bu cütlüyün iki uşağı doğulub. Ərizəçi soyğunçuluq əməlinə görə bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, vərəm, C hepatiti və xroniki limfositar leykozdan əziyyət çəkirdi. Ərizəçinin və arvadının sığınacaq üçün verdikləri vəsatət 1999-cu ilin iyununda rədd edildi. Bundan sonra ərizəçi ölkədəki yaşayış statusunun leqallaşdırılması üçün bir neçə vəsatət verdi, amma vəsatətlər Əcnəbilərin işləri üzrə idarə tərəfindən rədd edildi. Daha sonra ərizəçinin və arvadının ölkəni tərk etmələri barədə bir neçə qərar qəbul edildi, onlardan biri 2010-cu ilin iyulunda qəbul edilmişdi.
23 iyul 2010-cu ildə ərizəçi Konvensiyanın 2, 3 və 8-ci maddələrinə istinadən Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq müvəqqəti tədbirin qəbul edilməsi üçün Avropa Məhkəməsinə müraciət edərək iddia etdi ki, Gürcüstana göndəriləcəyi təqdirdə tələb olunan tibbi yardım onun üçün əlçatan olmayacaq və ömrünün sonuna az qaldığına görə ailəsindən uzaqda gözlənildiyindən daha tez vəfat edə bilər. 28 iyul 2010-cu ildə Məhkəmə onun vəsatətini təmin etdi.
Belçika ərazisini tərk etmək barədə qərarın qüvvəsi 28 fevral 2011-ci ilədək uzadıldı. 18 fevral 2012-ci ildə Əcnəbilərin işləri üzrə idarə nazirliyin 16 avqust 2007-ci il tarixli deportasiya əmrinə uyğun olaraq onun ölkəni tərk etməsi barədə qərar çıxardı və qərar "dərhal qüvvəyə mindi".
2012-ci ilin sentyabrında verilmiş tibbi arayışda deyilirdi ki, ərizəçinin hepatit və ağciyər xəstəliyini müalicə etdirməməsi onun orqanlarının zədələnməsinə və ciddi əlilliyə gətirib çıxara bilər, leykozun müalicə edilməməsi isə ölümlə nəticələnə bilər. Gürcüstana qaytarılması pasiyentin qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulması sayıla bilər. 24 sentyabr 2012-ci ildə ərizəçiyə təklif edildi ki, tibbi müayinədən keçmək üçün Əcnəbilərin işləri üzrə idarənin tibb xidmətinə müraciət etsin və bunun nəticəsində Belçikanın dövlət orqanları "Məhkəmənin suallarını cavablandıra" bilsinlər. N. Birləşmiş Krallığa qarşı iş üzrə Məhkəmənin qərarına ([BP], ərizə № 26565/05, 27 may 2008-ci il, 108 saylı Məlumat bülleteni) istinadən hazırladığı rəyində Əcnəbilərin işləri üzrə idarə qeyd etdi ki, tibbi sənədlər ərizəçinin durumunun Konvensiyanın 3-cü maddəsinin tətbiq edilə bilməsi üçün tələb olunan ağırlıq dərəcəsinə çatdığı barədə qənaəti təsdiqləmir. Ərizəçinin həyatına birbaşa təhlükə yoxdur və onun salamat qalmasını təmin etmək üçün daimi tibbi nəzarət altında saxlanmasına ehtiyac yoxdur. Bundan başqa, onun xəstəliyinin hazırkı dövrdə sonuncu mərhələdə olduğunu hesab etmək olmaz.
29 iyul 2010-cu ildə ərizəçinin arvadına və onun üç uşağına ölkədə qeyri-müəyyən müddətə yaşamaq icazəsi verildi. Ərizəçi 2016-cı ilin iyununda vəfat etdi.
Hüquqi məsələlər – İlkin məsələ: Ərizəçinin vəfatından sonra qohumları icraatı davam etdirmək istədiklərini bildirdilər. Məhkəmə qeyd etdi ki, hazırkı işdə konkret olaraq ciddi xəstəliyi olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı presedent hüququna aid mühüm məsələlər qaldırılıb. Buna görə də bu işin nəticəsi ərizəçinin konkret situasiyası ilə məhdudlaşmayaraq daha geniş əhəmiyyət kəsb edir. Beləliklə, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin sonuncu hissəsinə uyğun olaraq, Konvensiya və onun Protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması Məhkəmənin şikayətə baxmaqda davam etməsini tələb edir.
Maddə 3: N. Birləşmiş Krallığa qarşı məhkəmə işində Məhkəmə bildirdi ki, D. Birləşmiş Krallığa qarşı məhkəmə işindəki (ərizə № 30240/96, 2 may 1997-ci il) kimi ərizəçinin tezliklə öləcəyinin gözlənildiyi hallardan əlavə digər müstəsna hallar da mövcud ola bilər ki, bu zaman humanitar mülahizələr ölkədən çıxarılma qərarını üstələyə bilər. N. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarın qəbulundan sonrakı dövrün presedent hüququnun tədqiqi hər hansı belə nümunə aşkara çıxarmadı. Konvensiyanın 3-cü maddəsinin yalnız ölümünə az qalan əcnəbinin deportasiyası hallarına şamil olunması ciddi xəstəliyi olan, amma birincilərə nisbətən sağlamlıq durumu daha az kritik həddə olan əcnəbiləri bu maddənin tələblərindən yararlanmaq imkanından məhrum edir.
Hazırkı işdə Böyük Palata müəyyən etdi ki, Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş məsələlərin meydana çıxmasına səbəb olan "digər müstəsna hallar" dedikdə ciddi xəstəliyi olan, ölkədən çıxarılması nəzərdə tutulan şəxsin birbaşa ölüm təhlükəsi altında olmasa da, qəbuledici ölkədə lazımi müalicənin olmaması və ya belə müalicənin əlçatan olmaması səbəbindən səhhətinin ciddi şəkildə, sürətlə və dönməz olaraq pisləşməsi ucbatından intensiv iztirablara məruz qalması və ya ömrünün gözlənilən müddətinin əhəmiyyətli dərəcədə azalması təhlükəsinin real olduğunu güman etmək üçün əsaslı səbəblərin mövcudluğunun sübuta yetirildiyi hallar başa düşülməlidir. Belə hallar ciddi xəstəlikdən əziyyət çəkən əcnəbilərin ölkədən çıxarılmasının Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün tələb olunan qəddarlıq səviyyəsinə çatdığı situasiyaları əhatə edir.
Ərizəçilər şikayət etdikləri tədbir icra ediləcəyi təqdirdə 3-cü maddəyə zidd rəftara məruz qalmaları təhlükəsinin real olduğunu güman etmək üçün əsaslı səbəblərin mövcud olduğunu təsdiqləyən sübutları təqdim etməlidirlər.
Belə sübut təqdim edildiyi təqdirdə ərizəçini geri qaytarmaq istəyən dövlətin hakimiyyət orqanları ölkədaxili prosedurlar kontekstində bu məsələ ilə bağlı hər hansı şübhələri aradan qaldırmalıdırlar. Mövcudluğu iddia edilən təhlükə ciddi şəkildə araşdırmalı və bu zaman ərizəçini geri qaytarmaq istəyən dövlətin hakimiyyət orqanları müvafiq şəxsin qəbuledici ölkəyə göndərilməsinin öncədən görülə bilən nəticələrini həmin ölkədəki ümumi situasiyanın və həmin şəxsin işin fərdi hallarının işığında nəzərdən keçirməlidirlər.
Müvafiq şəxsin ölkədən çıxarılmasının təsirləri onun ölkədən çıxarılmaya qədərki sağlamlıq durumunun qəbuledici ölkəyə göndəriləcəyi təqdirdə səhhətində baş verə biləcək mümkün dəyişikliklərdən sonrakı durumu ilə müqayisə olunması əsasında qiymətləndirilməlidir.
Ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalmasının qarşısını almaq üçün hər bir konkret işdə yoxlamaq lazımdır ki, ümumən qəbuledici ölkədə əlçatan olan tibbi qulluq ərizəçinin xəstəliyinin müalicəsi üçün praktikada yetərli və münasib sayıla bilərmi?
Dövlət orqanları onu da nəzərdən keçirməlidirlər ki, qəbuledici ölkədəki tibbi qulluq və müalicə imkanları sözügedən şəxs üçün həqiqətən əlçatandırmı?
İşə aidiyyəti olan məlumatlar araşdırıldıqdan sonra müvafiq şəxslərin ölkədən çıxarılmasının nəticələri ilə bağlı ciddi şübhələr hələ də qalarsa, həmin şəxsləri geri göndərmək istəyən dövlət onların göndərilməsinin zəruri şərti kimi qəbuledici dövlətdən konkret və yetərli zəmanətlər almalıdır ki, orada lazımi müalicə onlar üçün əlçatan olacaq və onlar 3-cü maddəyə zidd olan duruma düşməyəcəklər.
Ərizəçi olduqca ciddi xəstəlikdən əziyyət çəkirdi və səhhəti elə vəziyyətdə idi ki, həyatı üçün təhlükə vardı. Amma Belçikada aldığı müalicə nəticəsində səhhəti sabitləşmişdi və artıq onun üzərində donor transplantasiyası əməliyyatı aparmaq olardı. Ərizəçinin müalicəsi dayandırılsaydı, ömrünün sonuna orta hesabla altı aydan da az vaxt qalacaqdı.
Nə ərizəçinin Belçikada aldığı müalicənin, nə də donor transplantasiyası əməliyyatının Gürcüstanda aparılması mümkün deyildi. Həmin ölkədə leykozun müalicəsinin mümkün olan digər formalarına gəlincə, Gürcüstanın sosial sığorta sistemindəki çatışmazlıqlar səbəbindən onların ərizəçi üçün əlçatan olacağına heç bir zəmanət yox idi.
Əcnəbilərin işləri üzrə idarənin tibb məsləhətçisinin ərizəçi tərəfindən təqdim edilmiş tibbi arayışlar əsasında ərizəçinin səhhəti ilə bağlı verdiyi rəylər tibbi mülahizələrə görə ərizəçinin ölkədəki statusunun leqallaşdırılması üzrə icraatda nə Əcnəbilərin işləri üzrə idarə tərəfindən, nə də Əcnəbilərin işləri üzrə idarənin apellyasiya şurası tərəfindən Konvensiyanın 3-cü maddəsi nöqteyi-nəzərindən araşdırılmamışdı.
Eləcə də ərizəçinin sağlamlıq durumu onun ölkədən çıxarılması üzrə icraat kontekstində yoxlanılmamışdı.
Ölkədən çıxarılma tədbirinin icrasından bilavasitə əvvəl bu cür qiymətləndirmələrin aparılmasının mümkünlüyü faktı bu cür qiymətləndirmənin hansı məsələləri əhatə edəcəyi və ölkədən çıxarılma barədə məcburi qüvvəyə malik qərara necə təsir göstərəcəyi ilə bağlı hər hansı məlumatın olmadığı bir vəziyyətdə narahatlıqları aradan qaldırmırdı.
Yekun olaraq, ərizəçinin səhhəti və Gürcüstanda lazımi müalicə alması üçün imkanın mövcudluğu məsələsi nəzərə alınmaqla ərizəçinin üzləşdiyi təhlükənin dövlət hakimiyyət orqanları tərəfindən qiymətləndirilmədiyi bir vəziyyətdə həmin orqanların sərəncamında olan məlumatlar onun Gürcüstana qaytarılacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qala biləcəyi ilə bağlı real və konkret təhlükənin mövcud olmadığı qənaətinə gəlmək üçün yetərli deyildi.
Nəticə: Ərizəçinin ölkədən çıxarılması 3-cü maddənin pozuntusuna səbəb olacaqdı (yekdilliklə).
Maddə 8: Bu məsələdə fikir ayrılığı yox idi ki, ərizəçi, onun arvadı və Belçikada doğulmuş uşaqları arasında ailə həyatı münasibətləri mövcud idi. Buna görə də iş "ailə həyatı" nöqteyi-nəzərindən araşdırılmalı və şikayət Belçikanın dövlət orqanlarının pozitiv öhdəlikləri baxımından nəzərdən keçirilməlidir.
Belçikanın dövlət orqanlarının ərizəçi tərəfindən başlanılmış məhkəmə icraatlarının heç birində ərizəçinin tibbi məlumatlarını və ölkədən çıxarılmanın onun səhhətinə təsirini araşdırmadıqlarını nəzərə alaraq, Böyük Palata bu qənaətə gəldi ki, ərizəçi bu cür qiymətləndirmə aparılmadan Gürcüstana göndəriləcəyi təqdirdə 3-cü maddə pozulacaqdı.
Üstəlik, Belçikanın dövlət orqanları səhhətinin pisləşməsi ilə əlaqədar olaraq ərizəçinin ailəsindən asılılıq dərəcəsini Konvensiyanın 8-ci maddəsi əsasında araşdırmamışdılar. Tibbi mülahizələrə görə ərizəçinin ölkədəki statusunun leqallaşdırılması üzrə icraat kontekstində Əcnəbilərin işləri üzrə idarə ərizəçinin 8-ci maddə üzrə şikayətini rədd etmiş və belə əsas gətirmişdi ki, ölkədə qalmasına icazə verilməməsi barədə qərar ölkədən çıxarılma tədbirinin tətbiqi ilə müşayiət olunmayıb.
Belçikanın dövlət orqanları Konvensiyanın 3-cü maddəsinin yuxarıda qeyd edilən şərhinin işığında nəticə etibarı ilə bu maddənin müddəalarının ərizəçinin Gürcüstandan çıxarılmasına mane olmadığı qənaətinə gəlmişdilərsə, 8-ci maddənin tələblərinə əməl etmək üçün əlavə olaraq onu da araşdırmalı idilər ki, ərizəçinin ölkədən çıxarılacağı məqamdakı konkret durumunu nəzərə alaraq ailənin onun ardınca Gürcüstana yollanacağını əsaslı olaraq gözləmək olardımı və əgər bu mümkün deyildisə, ərizəçinin ailə həyatına hörmət hüququ onun Belçikada qalıb ömrünün qalan hissəsini burada keçirməsinə icazə verilməsini tələb edirdimi?
Nəticə: Ərizəçinin ölkədən çıxarılması 8-ci maddənin pozuntusuna səbəb olacaqdı (yekdilliklə).
Maddə 41: Maddi ziyanla bağlı tələb rədd edildi; pozuntuların müəyyən edilməsi faktı mənəvi ziyana görə yetərli kompensasiya hesab edildi.
(Həmçinin bax: Saadi İtaliyaya qarşı [BP], ərizə № 37201/06, 28 fevral 2008-ci il, 105 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy