Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 203
Yanvar 2017-ci il
***
Paradizo (Paradiso) və Kampanelli (Campanelli) İtaliyaya qarşı [BP] – ərizə № 25358/12
24.1.2017 tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Surroqat analıq xidməti barədə cütlük tərəfindən müqavilə bağlanması nəticəsində xaricdə doğulan, amma sonradan həmin cütlüklə bioloji qohumluq əlaqələrinin olmadığı müəyyən edilən uşağın bu cütlükdən alınması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilər nikahda olan cütlükdür. 2006-cı ildə onlar uşaq övladlığa götürmək barədə rəsmi icazə aldılar. Esktrakorporal mayalanma yolu ilə övlad dünyaya gətirməyə cəhd etdikdən və cəhdləri uğursuz olduqdan sonra onlar valideyn olmaq üçün surroqat ananın xidmətindən istifadə etməyi qərara aldılar. Bu məqsədlə onlar Moskvada yerləşən, yardımçı reproduktiv texnologiyalar üzrə ixtisaslaşan klinikaya müraciət etdilər və surroqat analıq haqqında müqavilə bağladılar. 2010-cu ilin mayında uğurlu esktrakorporal mayalanmadan sonra (güman edildiyinə görə, bu mayalanma ikinci ərizəçinin spermasından istifadə edilməklə həyata keçirilmişdi) "onlara məxsus" iki embrion surroqat ananın uşaqlıq yoluna yerləşdirildi. Uşaq 2011-ci ilin fevralında doğuldu. Surroqat ana yazılı razılıq verdi ki, uşaq ərizəçilərin oğlu kimi qeydiyyata alınsın. Rusiya qanunvericiliyinə uyğun olaraq, ərizəçilər uşağın valideynləri kimi qeydiyyata alındılar. Rusiya tərəfindən verilən, uşağın surroqat ananın köməyi ilə doğulduğu barədə heç nə deyilməyən doğum haqqında şəhadətnamə xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv etmiş 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının müddəalarına uyğun olaraq təsdiq edildi.
2011-ci ilin mayında ərizəçilər doğum haqqında şəhadətnamənin qeydiyyata alınması üçün İtaliyanın dövlət orqanlarına müraciət etdikdən sonra "vətəndaşlıq statusunun" dəyişdirilməsində və övladlığa götürmə haqqında qanunvericiliyin pozulmasında ittiham edildilər, çünki onlar uşağı qanuna zidd olaraq ölkəyə gətirmiş və övladlığa götürmə barədə icazənin hüdudlarından kənara çıxmışdılar, belə ki, həmin icazədə belə kiçik yaşlı uşağın övladlığa götürülməsi istisna edilmişdi. Elə həmin gün prokuror uşağın övladlığa götürülməsinin ləğv edilməsi proseduruna başlamaq üçün vəsatət verdi, belə ki, o, "atılmış uşaq" hesab edilməli idi. 2011-ci ilin avqustunda məhkəmənin təşəbbüsü ilə DNT analizi həyata keçirildi. Analiz göstərdi ki, ərizəçilərin bildirdiyinin əksinə olaraq, ikinci ərizəçi ilə uşaq arasında genetik əlaqə yox idi. 2011-ci ilin oktyabrında yetkinlik yaşına çatmayanlarım işləri üzrə məhkəmə uşağı ərizəçilərdən almağı qərara aldı. Ərizəçilərlə uşaq arasında təmaslar qadağan edildi. 2013-cü ilin aprelində məhkəmə Rusiya tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni qeydiyyata almaqdan imtina edilməsinin qanuni olduğu qənaətinə gəldi və qərara aldı ki, yeni şəhadətnamə verilməli, orada uşağın naməlum valideynlərdən doğulduğu qeyd edilməli və ona yeni ad verilməlidir. Bundan sonra uşaq başqa ailə tərəfindən övladlığa götürüldü. Daxili məhkəmə hesab etdi ki, ərizəçilər həmin övladlığa götürmə proseduruna qatılmaq üçün iştirakçı tərəf statusuna malik deyillər.
27 yanvar 2015-ci il tarixli qərarla (bax: 181 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası iki səsə qarşı beş səslə müəyyən etdi ki, uşağın ərizəçilərdən alınması 8-ci maddənin pozuntusunu təşkil edib, belə ki, həmin qərar konkret olaraq valideynlik niyyətində olan ərizəçilərin uşağın qayğısına qala bilməyəcəyi barədə tələsik nəticə əsasında çıxarılıb və iki ildən artıq müddət ərzində hüquqi identikliyi müəyyənləşdirilməyən uşağın maraqları lazımi qaydada nəzərə alınmayıb.
1 iyun 2015-ci ildə iş Hökumətin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 8: İş övladlığa götürmə üzrə standart prosedurdan kənar hərəkət edərək xaricdən İtaliyaya uşaq gətirmiş ərizəçilərlə əlaqədar idi, həmin uşağın bu valideynlərin heç biri ilə bioloji əlaqəsi yox idi və (daxili məhkəmələrin rəyinə görə) o, İtaliya qanunvericiliyinə görə qanunsuz sayılan yardımçı reproduktiv texnologiyaların köməyi ilə dünyaya gəlmişdi.
a) 8-ci maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi:
i. Ailə həyatı – Ərizəçilərin uşaqla münasibətlərinin kəsilməsi hüquqi qeyri-müəyyənliyin nəticəsi idi və uşaqla bağlılıq münasibətlərindəki bu qeyri-müəyyənliyi onlar İtaliya qanunvericiliyinə zidd davranmaqla və uşaqla birlikdə məskunlaşmaq üçün İtaliyaya gəlməklə özləri yaratmışdılar. İtaliyanın hakimiyyət orqanları yaranmış vəziyyətə operativ reaksiya göstərərək valideynlik hüquqlarına xitam verilməsini tələb etmiş və uşağın övladlığa verilməsi üzrə prosedurlara başlamışdılar.
Uşaq ilə valideynlik niyyətində olan şəxslər arasında bioloji əlaqənin olmadığını, uşaqla onların münasibətlərinin qısamüddətli olduğunu (təxminən səkkiz ay) və bu münasibətlərin hüquqi baxımdan qeyri-müəyyənliyini nəzərə alaraq, Məhkəmə ərizəçilərdə valideynlik niyyətinin olduğuna və uşaqla onların münasibətlərinin emosional bağlılıq keyfiyyətinə malik olduğuna baxmayaraq, hesab etdi ki, bu durumda faktiki ailə həyatının mövcud olduğu qənaətinə gəlməyə imkan verəm şərtlər mövcud deyil.
Belə olan halda Məhkəmə bu nəticəyə gəldi ki, hazırkı işdə ailə həyatı mövcud olmayıb.
ii. Şəxsi həyat – Ərizəçilərin həqiqətən valideyn olmaq niyyətində olduqlarını və uşağı sevərək böyütmək üçün mümkün olan müxtəlif variantları araşdırdıqlarını nəzərə alsaq, bu işdə söhbət ərizəçilərin valideyn olmaq qərarına hörmət edilməsi hüququndan və uşağa münasibətdə planlaşdırdıqları valideynlik rolu vasitəsilə fərdi inkişaflarına nail olmaq hüququndan gedirdi. Nəhayət, yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmədəki icraat uşaqla ikinci ərizəçi arasındakı bioloji əlaqə məsələsinə aid olduğuna görə, həmin icraat və genetik faktların müəyyən edilməsi ikinci ərizəçinin şəxsiyyətinə və iki ərizəçi arasındakı münasibətlərə təsir göstərirdi.
Buradan belə nəticə çıxır ki, bu işin faktları ərizəçilərin şəxsi həyatını əhatə edən məsələlərə aiddir.
b) Şikayətin mahiyyəti – Uşaqla bağlı görülmüş tədbirlər ərizəçilərin şəxsi həyatına müdaxilə təşkil edirdi. Bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və iğtişaşın qarşısının alınmasından və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasından ibarət qanuni məqsədlər daşıyırdı.
Milli məhkəmələrin qərarları ərizəçilərlə uşaq arasında heç bir genetik əlaqənin olmamasına və daxili qanunvericiliyin beynəlxalq səviyyədə övladlığa götürmə və tibbi vasitələrlə reproduksiyaya yardım göstərmə barəsindəki müddəalarının pozulmasına əsaslanmışdı. Dövlət orqanları tərəfindən görülmüş tədbirlər ərizəçilərlə uşaq arasındakı əlaqənin dərhal və birdəfəlik kəsilməsini və sonuncunun himayəyə verilməsini təmin etmək məqsədini daşıyırdı.
İşin faktları etik baxımdan həssas məsələlərlə (övladlığa götürmə, uşağın himayəyə verilməsi, tibbi vasitələrlə reproduksiyaya yardım göstərmə və surroqat analıq məsələləri ilə) əlaqədar idi və bu sahədə dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malik idilər.
Dövlət orqanlarının arqumentləri konkret olaraq iki aspekt üzərində qurulmuşdu: ərizəçilərin davranışının qanuniliyi məsələsi və "Övladlığa götürmə haqqında" qanunun 8-ci maddəsində nəzərdə tutulan mənada "atılmış uşaq" hesab etdikləri uşaqla bağlı təcili tədbirlərin görülməsinin zəruriliyi məsələsi.
Daxili məhkəmələrin gətirdiyi əsaslar həm bu işdə, həm də ümumiyyətlə iğtişaşın qarşısını almaq və uşaqları müdafiə etmək kimi qanuni məqsədlərlə birbaşa əlaqədar idi və nəzərə almaq lazımdır ki, övladlığa götürmə qaydalarını müəyyən etməklə və tibbi vasitələrlə reproduksiyaya yardım göstərmənin müəyyən üsullarını qadağan etməklə varisliyin nəsilliklə ötürülməsi qaydasını müəyyənləşdirmək dövlətin səlahiyyətinə aiddir.
İş ərizəçilərin şəxsi həyatına hörmət hüququ nöqteyi-nəzərindən araşdırılmalı olduğuna görə, bu işdə ərizəçilərin uşaqla valideynlik münasibətləri vasitəsilə fərdi inkişafa nail olmaq hüququndan söhbət getdiyini nəzərə alsaq, daxili məhkəmələrin qərarlarını əsaslı hesab etmək üçün bu fakt kifayət idi ki, onlar diqqətlərini uşağın düşdüyü situasiya və ərizəçilərin davranışının qanunsuzluğu üzərində cəmləşdirmişdilər.
Daxili məhkəmələr ərizəçilərin "Övladlığa götürmə haqqında" qanuna riayət etməmələri və tibbi vasitələrlə reproduksiyaya yardım göstərmənin İtaliyada qadağan olunmuş metodlarından xaricdə istifadə etmələri faktına xüsusi əhəmiyyət vermişdilər. Ölkədaxili icraatda məhkəmələr təcili tədbirlərin görülməsi üçün mütləq zərurətin olduğuna xüsusi diqqət yetirərək ictimai maraqlar məsələsini ətraflı şəkildə araşdırmamış, habelə ərizəçilər tərəfindən pozulmuş hüquq normalarının əhatə etdiyi həssas etik məsələləri bilavasitə nəzərdən keçirməmişdilər.
Daxili məhkəmələrin əsas səyləri qanunsuz situasiyaya son qoymağa yönəlmişdi. Ərizəçilər tərəfindən pozulmuş qanunlar və onların davranışına cavab olaraq görülmüş tədbirlər mühüm ictimai maraqların qorunmasına xidmət edirdi.
Uşağın maraqlarına gəlincə, yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə ərizəçilərlə uşaq arasında heç bir bioloji əlaqənin olmaması faktını nəzərə almış və bu qənaətə gəlmişdi ki, mümkün qədər tez bir zamanda uşağın himayəyə verilməsi üçün münasib cütlük tapılmalıdır. Uşağın kiçik yaşlı olduğunu və ərizəçilərlə keçirdiyini müddətin azlığını nəzərə alaraq, məhkəmə uşağın onlardan ayrılmasının uşaq üçün sonradan düzəldilməsi mümkün olmayan nəticələrə səbəb olacağı barədə ərizəçilər tərəfindən təqdim edilmiş psixoloq rəyi ilə razılaşmamışdı. O, bu qənaətə gəlmişdi ki, bu ayrılıq sonradan düzəldilməsi mümkün olmayan travmaya səbəb olmayacaq.
Ərizəçilərin uşaqla münasibətlərini davam etdirməkdə maraqlı olmalarına gəlincə, yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə qeyd etmişdi ki, işin materiallarında onların Rusiya klinikasına ikinci ərizəçinin genetik materialını təqdim etdikləri barədə iddialarını təsdiqləyən heç nə yoxdur. Ölkələrarası səviyyədə uşağı övladlığa götürməyə icazə əldə etdikdən sonra onlar Ölkələrarası övladlığa götürmə məsələləri üzrə komissiyanın razılığı olmadan uşağı İtaliyaya gətirməklə "Övladlığa götürmə haqqında" qanundan yan keçmişdilər. Bu davranışı nəzərə alaraq, yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə uşağın ərizəçilərin eqoist istəklərinin həyata keçirilməsində, yaxud fərdi və ya birgə problemlərinin həll edilməsində alət ola biləcəyi ilə bağlı narahatlığını ifadə etmişdi. Bundan başqa, ərizəçilərin davranışı onların "real emosional bağlılıq və tərbiyələndirmə qabiliyyətinə və başqalarının övladlarını öz övladı kimi həyatına daxil etmək istəyən istənilən şəxs üçün səciyyəvi sayılan insani həmrəylik instinktinə malik olmalarına daimi kölgə salmışdı".
Hazırkı işdə uşağın özü ərizəçi deyildi. Bundan əlavə, o, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan mənada ərizəçilərin ailə üzvü də deyildi. Amma bu o demək deyil ki, uşağın üstün maraqları və onların daxili məhkəmələr tərəfindən necə nəzərə alınması əhəmiyyət kəsb etmir.
Daxili məhkəmələr ərizəçilərlə uşaq arasındakı münasibətlərin qorunub saxlanmasına prioritet verməyə borclu deyildilər. Bunun əvəzinə onlar iki məsələ arasında çətin seçim etməli idilər: ya ərizəçilərin uşaqla münasibətlərini davam etmədirmələrinə icazə verməklə ərizəçilər tərəfindən faktiki olaraq yaradılmış qanunsuz situasiyanı qanuniləşdirmək, ya da uşağın övladlığa götürülməsi haqqında qanunvericiliyə uyğun olaraq onu başqa bir ailənin himayəsinə vermək.
İtaliya məhkəmələri ərizəçilərin valideynlik etmək istədikləri uşaqla münasibətlərini davam etdirmək maraqlarına böyük əhəmiyyət verməmişdilər. Onlar ərizəçilərin uşaqdan dərhal və birdəfəlik ayrılmasının onların şəxsi həyatına göstərəcəyi təsiri bilavasitə nəzərdən keçirməmişdilər. Lakin bu məsələyə ərizəçilərin davranışının qanunsuzluğu və uşaqla birlikdə İtaliyada məskunlaşmağı qərara aldıqları andan onunla münasibətlərinin dayanıqlı olmaması kontekstində baxmaq lazımdır. İkinci ərizəçi ilə uşaq arasında bioloji əlaqənin olmadığını müəyyən etmiş DNT analizi nəticəsində bu münasibətlərin qeyri-müəyyənliyi daha da artmışdı.
Məhkəmə araşdırması təcili xarakter daşıyırdı. Uşağın ərizəçilərlə qalma müddətini uzadan, məsələn, onun ərizəçilərin müvəqqəti himayəsinə verilməsini nəzərdə tutan istənilən tədbir zamanın ötməsinin işin nəticəsinə həlledici təsir göstərməsi riskini doğururdu.
Məhkəmə ərizəçilərin uşaqdan dərhal və birdəfəlik ayrılmasının onların şəxsi həyatına təsir göstərdiyini nəzərə almaya bilməz. Eyni zamanda, Konvensiyada valideyn olmaq hüququ nəzərdə tutulmasa da, Məhkəmə valideyn olmaq arzusunda olanların bu istəklərinin baş tutmaması və ya baş tutmasının mümkün olmaması səbəbindən keçirdikləri ağır emosional duyğuları nəzərə almaya bilməz. Lakin bu işdə cəmiyyətin ümumi maraqları ərizəçilərin uşaqla münasibətlərini davam etdirməklə özlərinin fərdi inkişafına nail olmaq maraqlarını xeyli üstələyirdi və balanslaşdırmada sonuncu maraqların çəkisi xeyli az idi. Ərizəçilərin uşağı övladlığa götürmüş valideynlərə çevrilə bilməsi məqsədi ilə uşağın ərizəçilərlə qalmasına icazə verilməsi onların İtaliya qanunvericiliyinin mühüm normalarını pozmaqla yaratdıqları qanunsuz situasiyanın qanuniləşdirilməsinə bərabər olacaqdı. İtaliya məhkəmələri uşağın bu ayrılma nəticəsində ağır və ya sonradan düzəldilməsi mümkün olmayan ziyana məruz qalmaması üçün vəziyyəti qiymətləndirərək bu işdəki müxtəlif maraqlar arasında ədalətli balansı təmin etmiş və bu zaman malik olduqları qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar.
Nəticə: pozuntu baş verməyib (altı səsə qarşı on bir səslə).
(Həmçinin bax: Custo (Giusto), Bornasin (Bornacin) və V. İtaliyaya qarşı (qərardad), ərizə № 38972/06, 15 may 2007-ci il, 97 saylı Məlumat bülleteni; Vaqner (Wagner) və J.M.W.L. Lüksemburqa qarşı, ərizə № 76240/01, 28 iyun 2007-ci il, 98 saylı Məlumat bülleteni; Moretti (Moretti) və Benedetti (Benedetti) İtaliyaya qarşı, ərizə № 16318/07, 27 aprel 2010-cu il, 129 saylı Məlumat bülleteni; Kopf (Kopf) və Liberda (Liberda) Avstriyaya qarşı, ərizə № 1598/06, 17 yanvar 2012-ci il; Labasse (Labassee) Fransaya qarşı, ərizə № 65941/11, 26 iyun 2014-cü il, 175 saylı Məlumat bülleteni; və Menneson (Mennesson) Fransaya qarşı, ərizə № 65192/11, 26 iyun 2014-cü il, 175 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy