© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
PARİLLO İTALİYAYA qarşı
(Ərizə no46470/11)
QƏRAR
STRAZBURQ
27avqust 2015
Bu qərar qətidir.Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Parillo İtaliyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatası:
sədr, Din Şpilman (Dean Spielmann),
hakimlər, Jozef Kazadeval (Josep Casadevall),
Gido Reymondi (Guido Raimondi),
Mark Vilige (Mark Villiger),
İzabel Berro (Isabelle Berro),
İneta Zimel (Ineta Ziemele),
Jorj Nicolau (George Nicolaou),
Andras Sajo (András Sajó),
An Paue-Ford (Ann Power-Forde),
Neboşa Vuçiniç (Nebojša Vučinić),
Qanna Yudkivska (Ganna Yudkivska),
Vinsent A. De Qaytano (Vincent A. De Gaetano),
Culiya Lafrank (Julia Laffranque),
Paulo Pinto de Albükerk (Paulo Pinto de Albuquerque),
Helen Keller (Helen Keller),
Faris Vehaboviç (Faris Vehabović),
Dmitri Dedov (Dmitry Dedov),
və Böyük Palatanın katibi Yohan Kalvaertdən (Johan Callewaert) ibarət tərkibdə 18 iyun 2014-cü il və 22 aprel 2015-ci ildə qapalı məşvərət keçirərək,
Qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi :
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən İtaliya Respublikasının vətəndaşı xanım Adelina Parillo tərəfindən (« ərizəçi ») 26 iyul 2011-ci ildə Məhkəməyə təqdim edilmiş İtaliya Respublikasına qarşı ərizə (no 46470/11) əsasında başlamışdır.
2. Ərizəçi Romada vəkillik fəaliyyəti ilə məşğul olan cənab Nikolo Paoletti, xanım Klaudiya Sartori və xanım Nataliya Paoletti tərəfindən təmsil olunmuşdur. İtaliya hökuməti (« Hökumət ») həm-nümayəndələri xanım Paola Akkardo və cənab Janluka Mauro Pellegrini tərəfindən təmsil olunmuşdur
3. Ərizəçi, xüsusilə iddia etmişdir ki, 19 fevral 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsinə əsasən süni mayalanma nəticəsində əldə edilən embrionların elmi tədqiqata verilməsinin qadağan edilməsi onun müvafiq olaraq Konvensiyanın 8-ci maddəsi və 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququna və mülkiyyətin müdafiəsi hüququna zidddir. O, həmçinin, fikrincə elmi tədqiqatın vacib bir aspekti olduğu Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığının pozuntusundan şikayət etmişdir.
4. Ərizə Məhkəmənin ikinci seksiyasına təqdim edilmişdir. (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi).
5. 28 may 2013-cü ildə Məhkəmə Konvensiyanın 8-ci maddəsinin və 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu ilə bağlı şikayətlər barədə Hökumətə məlumat vermiş və ərizənin qalan hissəsinin qəbuledilən olmadığını elan etmişdir.
6. 28 yanvar 2014-cü ildə Məhkəmənin ikinci seksiyasının sədri Işıl Karakaş, hakimlər Gido Reymondi, Pir Lorenzen, Dragoljub Popoviç, Andras Sajo, Neboşa Vuçiniç və Paulo Pinto de Albükerk, eləcə də seksiya katibi Stanley Nesmisdən ibarət tərkibdə Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etmiş və tərəflərdən heç biri bu imtinaya etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və Məhkəmə Reqlamentinin 72-ci Qaydası).
7. Böyük Palatanın tərkbi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edilmişdir.
8. Ərizəçi və Hökumət işin qəbuledilənliyi və mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər.
9. Ədalət və İnsan Hüquqları üzrə Avropa Mərkəzinə (« ECLJ »),« Movimento per la vita », « Scienza e vita », « Forum delle associazioni familiari », « Luca Coscioni », « Amica Cicogna Onlus », « L’altra cicogna Onlus », « Cerco bimbo », « VOX – Osservatorio italiano sui Diritti », « SIFES – Society of Fertility, Sterility and Reproductive Medicine » və « Cittadinanzattiva » təşkilatlarına, eləcə də İtaliya Parlamentinin qırx altı üzvünə məhkəmə prossesində iştirak etməyə və yazılı qeydlərini təqdim etməyə icazə verilmişdir. (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü Qaydasının 3-cü bəndi).
10. Dinləmələr 18 iyun 2014-cü il tarixində Strazburqda İnsan Hüquqları Sarayında açıq qaydada keçirilmişdir (Məhkəmə Reqlamentinin 59-cu Qaydasının 3-cü bəndi).
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişlər :
– Hökumətin adından
Xanım P.Akkardo həm-nümayəndə,
Cənab G.Mauro Pelligrini həm-nümayəndə,
Xanım A.Morezi,bioetika üzrə Milli Komitənin üzvü,
Peruz Universitetinin kimya, biologiya və
biotexnologiya Departamentinin kimya və
fizika üzrə professoruməsləhətçi,
Xanım D. FehiliRoma Milli transplantasiya mərkəzinin müvəkkili
və texniki məsləhətçisiməsləhətçi ;
– ərizəçinin adından
Cənab N.Paoletti;
Xanım C.Sartori;
Xanım N.Paoletti,vəkillər, məsləhətçilər,
Cənab M. De Luka,biokimya üzrə professor və
Moden və Regio Emiliya universitetinin
« Stefano Ferrari » adına reproduktiv
tibbi mərkəzinin direktoru, məsləhətçi
Məhkəmə xanım P. Akkardo, xanım A. Morezi, cənab N.Paoletti, cənab M. De Luka və xanım C.Sartorinin çıxışlarını, eləcə də xanım P.Akkardo, cənab G.Mauro Pellegrini, cənab M.De Luka, xanım N.Paoletti və cənab N. Paolettinin hakimlərin suallarına verdikləri cavabları dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
11. Ərizəçi 1954-cü ildə anadan olmuşdur və Romada yaşayır.
12. 2002-ci ildə ərizəçi öz partnyoru ilə Roma Avropa Hospitalının (« mərkəz ») reproduktiv tibbi mərkəzində süni mayalanma üsullarına müraciət etmiş və laboratoriya şəraitində mayalanma həyata keçirmişlər. Bu mayalanma nəticəsində əldə edilmiş embrionlar dondurularaq saxlanılmışıdır.
13. İmplantasiya həyata keçirilməzdən öncə, ərizəçinin partnyoru müharibə haqqında reportaj hazırlayarkən 2003-cü il noyabrın 12-də Nasiriyada (İraq) sui-qəsd zamanı həlak olmuşdur.
14. Hamiləliyi başlatmaqdan imtina edərək ərizəçi öz embrionlarını çətin müalicə edilən xəstəliklərin müalicəsi proqramına yardım etmək məqsədilə elmi tədqiqata verməyi qərara almışdır.
15. Böyük Palatada keçirilən dinləmələr zamanı əldə edilən məlumatlara görə ərizəçi mərkəzdən orada əbəs yerə saxlanılan embrionlarının ona verilməsini dəfələrlə şifahi şəkildə tələb etmişdir.
16. 14 dekabr 2011-ci il tarixli məktubla ərizəçi kök hüceyrələr üzrə aparılan tədqiqatlarda istifadə edilməsi məqsədilə dondurulmuş beş embrionunun onun sərəncamına verilməsini mərkəzin direktorundan xahiş etmişdir. Direktor bu cür tədqiqatların İtaliyada qadağan olunduğunu və 19 fevral 2004-cü il tarixli 40 saylı qanunun (« qanun no 40/2004 ») 13-cü maddəsinə əsasən cinayət qaydasında cəzalandırıldığını vurğulayaraq bu xahişi rədd etmişdir.
17. Sözügedən embrionlar süni mayalanmanın həyata keçirildiyi mərkəzin kriogen banklarında saxlanılır.
II. MÜVAFİQ DAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQ
A. 2004-cü il martın 10-da qüvvəyə minmiş 19 fevral 2004-cü il tarixli 40 saylı qanun (« süni mayalanma haqqında normalar »)
Maddə 1–Məqsəd
« 1. İnsan sterilliyi və ya sonsuzluğu ilə bağlı reproduktiv problemlərin həll edilməsi məqsədilə hazırki qanunla nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq süni mayalanma üsullarına müraciət edilməsinə icazə verilib. Bu qanun, o cümlədən, aşağıdakı hallarda bütün əlaqədar şəxslərin hüquqlarını təmin edir. »
Maddə 5 – Qəbul edilmə şərtləri
« (...) [yalnız] yetkinlik yaşına çatmış, müxtəlif cinsli, evli və ya nikahdan kənar yaşayan, uşaq dünyaya gətirmək yaşında olan və həyatda olan [şəxslərdən ibarət] cütlüklər süni mayalanma üsullarına müraciət edə bilərlər. »
Maddə 13 –İnsan embrionu üzərində tibbi təcrübə
« 1. İnsan embrionu üzərində hər cür tibbi təcrübənin aparılması qadağandır.
2. İnsan embrionu üzərində klinik tədqiqatların və təcrübələrin aparılmasına yalnız o halda icazə verilə bilər ki, onlar istisnasız olaraq sağlamlığın qorunmasına, eləcə də embrionun inkişafına yönələn müalicəvi və diaqnostik məqsədlər daşısın və digər metodlar mövcud olmasın.
(...)
4. 1-ci bənddə nəzərdə tutulmuş qadağanın pozuntusu iki ildən altı ilə qədər azadlıqdan məhrum edilmə ilə və 50 000 avrodan 150 000 avroyadək məbləğdə cərimə ilə cəzalandırılır. (...)
5. Hazırki maddədə nəzərdə tutulmuş qanun pozuntusuna görə təqsirli bilinən tibb personalı bir ildən üç ilədək peşə fəaliyyətindən məhrum ediləcək. »
Maddə 14 –Embrion üzərindəki texnologiyaların tətbiqindəki mümkün hədlər
« 1. Embrionların dondurularaq saxlanılması və məhv edilməsi 22 may 1978-ci il tarixli 194 saylı qanunun müddəalarına [analıq hüququnun sosial müdafiəsi və hamiləliyin süni şəkildə pozulması haqqında normalar] zərər vurmadan qadağandır.
2. Embrionların istehsalı üsullarıyeganə və eynizamanlı implantasiyanın həyata keçirilməsi üçün mütləq şəkildə zəruri olan embrion sayından daha çox embrionun yaradılmasına gətirib çıxara bilməz. Bu say isə heç bir halda üçdən çox ola bilməz.
3. Mayalanma zamanıqadının sağlamlığı ilə bağlı gözlənilmədən meydana gələnciddi fors-major və təsdiqlənmiş hallarda embrionlarınuşaqlığatransferimümkün olmadıqda onların dondurularaq saxlanılmasına mümkün qədər ən yaxın zamanda həyata keçiriləcək transfer tarixinə qədər icazə verilir. »
18. 1 aprel 2009-cu il tarixli 151 saylı qərarla (aşağıda qeyd edilən 29-31-ci bəndlərə bax) Konstitusiya məhkəməsi 2004-cü il tarixli 40 saylı qanunun 14-cü maddəsinin ikinci bəndinin müddəalarının Konstitusiyaya zidd olduğunu elan etmişdir. Qanuna görə embrionların istehsalı texnologiyası « yeganə və eynizamanlı implantasiyanın həyata keçirilməsi » üçün mütləq şəkildə zəruri olan embrion sayından daha çox embrionun yaradılması ilə nəticələnə bilməz. Bu say isə heç bir halda üçdən çox ola bilməz. Embrionların transferinin qadının sağlamlığına zərər vurmadan həyata keçirilməli olduğunu nəzərə almadığını əsas gətirərək Konstitusiya Məhkəməsi həmin maddənin 3-cü bəndini qeyri-konstitusion hesab etmişdir.
B. Doğum üçün övladlığa götürmə ilə bağlı Bioetika üzrə Milli Komitənin (« ADP ») rəyi (18 noyabr 2005-ci il)
19. Dondurularaq saxlanılan və tərk edilmiş embrionlar haqqında heç bir xüsusi normanı nəzərdə tutmayan və artıq qalan embrionların elmi tədqiqat məqsədilə istifadəsini dolayı yolla qadağan etməklə kifayətlənən 2004-cü il tarixli 40 saylı qanun qəbul edildikdən sonra Bioetika üzrə Milli Komitə həmin embrionların taleyi barədə məsələyə toxunmuşdur.
20. Bu məqsədlə, Komitə « doğum üçün övladlığa götürmə » təcrübəsi ilə bağlı müsbət rəyini bildirmişdir. Bu, bir cütlüyün və ya bir qadının implantasiya məqsədilə artıq qalan embrionları qəbul etməsindən ibarət və həmin embrionlardan gələcəkdə və ailə planlamasını həyata keçirmək istiqamətində istifadə etməyə icazə verən bir təcrübədir.
C. Səhiyyə nazirliyinin 11 aprel 2008-ci il tarixli qərarı (« Suni mayalanma ilə bağlı izahedici qeydlər »)
« (...) Embrionların dondurularaq saxlanılması:İki kateqoriya embrionlar dondurulmaq üçün yararlıdır : birincisi implantasiya edilmək üçün gözlədilən, o cümlədən, 2004-cü il tarixli 40 saylı qanunun qüvvəyə minməsindən əvvəl dondurularaq saxlanılan embrionlar ; ikincisi tərk edildiyi təsdiqlənmiş embrionlar(...). »
D. « Embrionlar haqqında tədqiqat Komissiyası »nın 8 yanvar 2010-cu il tarixli yekun rəyi
21. 25 iyun 2009-cu il tarixli qərarla Səhiyyə Nazirliyi suni mayalanma mərkəzlərində dondurulmuş embrionlarla bağlı tədqiqat Komissiyası təşkil etmişdir. Komissiyanın 2010-cu il yanvarın 8-də böyük səs çoxluğu ilə qəbul edilmiş yekun rəyində deyilir:
« Embrionların məhv edilməsinin qanunla qadağan edilməsi aşağıdakı şəkildə şərh edilməlidir. Embrionların dondurulmasına yalnız iki halda son verilə bilər : donu açılmış embrionun ananın və ya onu qəbul etməyə hazır olan qadının uşaqlığına implantasiya edilməsi halında və ya embrionun təbii ölümünün elmi cəhətdən təsdiq edilməsi və canlı bir orqanizm kimi həyat qabiliyyətini qəti şəkildə itirməsi halında. [Elmi] biliklərin müasir vəziyyətində yalnız donu açıldıqdan sonra embrionun həyat qabiliyyətinin olub olmamasından əmin olmaq mümkündür. Bu vəziyyət təzadlıdır, belə ki, donu açılmış embrion yenidən dondurula bilməz və dərhal uşaqlığa implantasiya edilməzsə mütləq şəkildə öləcəkdir. Dondurulmuş embrionların zaman məhdudiyyəti qoyulmadan mümkün qədər saxlanılmasındakı tutiorist yanaşma buradan irəli gəlir. İstənilən halda qeyd etmək lazımdır ki, elmi tədqiqatlar nəticəsində əldə olunan nailiyyətlər dondurularaq saxlanmış embrionların ölümü və ya ən azından həyat qabiliyyətini itirməsi diaqnozunu qoymaq üçün meyarları və metodologiyaları müəyyənləşdirməyə imkan verəcək: beləliklə, hal-hazırda embrionların sonsuzadək saxlanılması ilə bağlı mövcud olan təzadların qanun nöqteyi-nəzərindən mütləq olaraq aradan qaldırılması mümkün olacaq. Bu nəticələr əldə edilənədək [yenidən qeyd etmək lazımdır] ki, 2004-cü il tarixli 40 saylı qanunun 14-cü maddəsinin embrionların, o cümlədən, dondurulmuş embrionların məhv edilməsini açıq-aydın qadağan etdiyini nəzərə almamaq olmaz. Əlavə etmək lazımdır ki, artıq qalan embrionların taleyinə gəlincə 40 saylı qanunda qanunvericilik onların məhvini deyil, saxlanılmasını seçmiş və beləliklə, talelərinin qeyri-müəyyən olmasına baxmayaraq onların həyatda qalmasına üstünlük vermişdir.»
E. İtaliya Respublikasının Konstitusiyası
22. Konstitusiyanın müvafiq maddələrində deyilir:
Maddə 9
« Respublika mədəniyyət və elmi və texniki tədqiqat sahəsini inkişaf etdirir.(...) »
Maddə 32
« Sağlamlıq əsas insan hüquqlarının və cəmiyyətin maraqlarının tərkib hissəsi kimi Respublikanın himayəsindədir.(...) »
Maddə 117
« Qanunvericilik hakimiyyətini Konstitusiayaya, eləcə də Avropa Birliyi hüququndan və beynəlxalq öhdəliklərdən irəli gələn məhdudiyyətlərə uyğun olaraq Dövlət və Regionlar həyata keçirir. (...) »
F. Konstitusiya məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 348 və 349 saylı qərarları
23. Bu qərarlar mülkiyyətin alınması ilə bağlı kompensasiyaların hesablanması meyarları ilə əlaqədar 11 iyul 1992-ci il tarixli 333 saylı dekret-qanunun Konstitusiya ilə və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 1 saylı Protokolunun 1-ci maddəsi ilə uyğunluğuna dair Kassasiya Məhkəməsinin və yerli məhkəmənin qaldırdığı məsələlərə cavab verir. Bu qərarlar Məhkəmənin Böyük Palatasının Skordino Italiyaya qarşı (no 1) ([GC], no 36813/97, CEDH 2006‑V) qərarına əsaslanır.
24. Bu qərarlarda Konstitusiya Məhkəməsi qanunvericilik hakimiyyətinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsi öhdəliyini xatırlatdıqdan (Konstitusiyanın 117-ci maddəsi) sonra İnsan Hüquqları Konvensiyasının adi qanun və Konstitusiya arasında yer alan norma olduğunu nəzərə almaqla onun daxili hüquq mənbələrində tutduğu yeri müəyyənləşdirmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi dəqiqləşdirmişdir ki, daxili normanı İnsan Hüquqları Konvensiyasına və Məhkəmənin presedent hüququna uyğun olaraq (bax: aşağıda qeyd edilən 349 saylı qərarın 26-cı paraqrafının 6.2 bəndinə) şərhetmə səlahiyyəti işə mahiyyəti üzrə baxan hakimə mənsubdur və bu cür şərh qeyri-mümkün olduqda və ya hakim daxili norma ilə Konvensiya arasında uyğunluqla bağlı şübhələndikdə məsələnin konstitusionallığı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir.
25. 24 oktyabr 2007-ci il 348 saylı qərarın müvafiq bəndlərində deyilir:
« 4.2. (...) [Konstitusiyanın 117-ci maddəsinin] işığında Avropa İnsan Hüquqları Konvensiyası normalarının İtaliya hüquq sistemi üzərindəki təsirini müəyyən etmək məqsədilə Konvensiyanın normalarının statusunu və əhəmiyyətini müəyyənləşdirmək vacibdir. (...)
4.3. [Əslində], [bu normalar] əsas hüquqları tam müdafiə etməsinə və beləcə, İtaliya Konstitusiyası tərəfindən qorunan əsas dəyərlərin və prinsiplərin həyata keçirilməsinə yardım etməsinə baxmayaraq formal olaraq birinci dərəcəli sadə mənbələri təşkil edirlər.(...)
Bu səbəblədir ki, bu gün Konstitusiya Məhkəməsi [yuxarıda ifadə olunan] və hüquq subyektlərinin günlük fəaliyyəti üçün əhəmiyyətli praktik nəticələrə malik olan normativ və institusional məsələləri aydınlaşdırmalıdır. (...)
Adi qanunun müddəası ilə Avropa İnsan Hüquqları Konvensiyasının norması arasında uyğunsuzluq olduğunu hesab edən ümumi yurisdikasiyalı hakim bu müddəanı istisna etmək barədə qərar qəbul edə bilməz, belə ki, ehtimal edilən uyğunsuzluq Konstitusiyanın 117-ci maddəsinin birinci bəndinin mümkün pozuntusu ilə bağlı və [bununla bağlı] məhkəmənin istisna səlahiyyəti çərçivəsində məsələ qaldırır (...)
4.5. (...) Dövlət və Regionların qanunvericilik hakimiyyətləri üçün məcburedici « beynəlxalq öhdəliklər » lazımi şəkildə müəyyən edildiyi təqdirdə Konstitusiyanın 117-ci maddəsinin birinci bəndində ifadə edilən prinsip konkret olaraq icra edilə bilər. (...)
4.6. [Lakin] digər beynəlxalq müqavilələrə nəzərən Avropa İnsan Hüquqları Konvensiyası onunla səciyyələnir ki, o, Konvensiyanın normalarını şərh etmək səlahiyyətinə malik Avropa İnsan Hüquqları Məhkəməsi kimi məhkəmə orqanını institutlaşdırmışdır. Əslində, [Konvensiyanın] 32-ci maddəsinin 1-ci bəndində deyilir ki, « 33, 34, 46 və 47-ci maddələrə əsasən təqdim olunmuş Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair bütün məsələlər Məhkəmənin səlahiyyətindədir ».
Hüquq normaları hüquq subyektləri, ilk növbədə hakimlər tərəfindən şərh edilərək (vivono) statusu qazandıqdan sonra təbii ki, Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndinə əsasən Avropa İnsan Hüquqları Konvensiyasını imzalayaraq və onu ratifikasiya edərək İtaliya, xüsusilə, öz qanunvericilik normalarını Konvensiyanın normalarına onları şərh etmək və tətbiq etmək məqsədilə yaradılmış [Avropa İnsan Hüquqları] Məhkəməsinin onlara şamil etdiyi anlam çərçivəsində uyğunlaşdırmağı beynəlxalq öhdəlik kimi öz üzərinə götürmüşdür. Beləliklə, Dövlətin məhkəmə orqanlarının hüquqi səlahiyyətlərinə əlavə ediləcək səlahiyyətlərdən deyil, daha çox Konvensiyaya üzv Dövlətlərin beynəlxalq öhdəliklərini dəqiqləşdirməyə imkan verən Avropa Məhkəməsinin geniş şərhetmə funksiyasından danışmaq olar.
4.7. Buradan belə nəticə çıxarmaq lazım deyil ki, Avropa İnsan Hüquqları Konvensiyasının Strazburq Məhkəməsi tərəfindən şərh edilmiş müddəaları konstitusion normalardır və bu mənada onlar Konstitusiya Məhkəməsinin nəzarətindən yayınırlar. Sözügedən normaların Konstitusiyaya uyğun olması və infra-konstitusional norma statusunda qalaraq konstitusional prinsipləri həyata keçirməsi olduqca vacibdir. (...)
Yuxarıda qeyd edildiyi kimi Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları Avropa Məhkəməsinin şərhinə əsasən öz mənasını qazandıqdan sonra Konstitusiya nəzarəti həmin müddəalar üzərində deyil, bu şərhlər nəticəsində əldə edilmiş normalar üzərində olmalıdır. Bundan başqa, Strazburq Məhkəməsinin qərarları milli qanunların konstitusionallığına nəzarətlə bağlı qeyd-şərtsiz məcburedici xarakter daşımır. Yuxarida qeyd edilən nəzarət bir tərəfdən Konstitusiyanın 117-ci maddəsinin birinci bəndində nəzərdə tutulan beynəlxalq öhdəliklərdən irəli gələn məcburiyyəti balanslaşdırmağa və digər tərəfdən Konstitusiyanın digər maddələri ilə təmin edilən maraqları müdafiə etməyə çalışmalıdır. (...)
5. Yuxarida ifadə edilən metodoloji prinsiplərdən belə nəticəyə gəlmək olar ki, işə yenidən baxan aşağı instansiya məhkəməsi tərəfindən tələb edilən konstitusionallığa nəzarət etmək üçün a) sözügedən milli hüquq norması ilə Avropa məhkəməsi tərəfindən şərh edilən və Konstitusiyanın 117-ci maddəsinin birinci bəndində ifadə edilən prinsip üçün əlavə mənbələr olaraq nəzərdən keçirilən Avropa İnsan Hüquqları Konvensiyasının normaları arasında yalnız şərhetmə yolu ilə aradan qaldırılması mümkün olan ziddiyyətlərin olub-olmamasını, b) Avropa İnsan Hüquqları Konvensiyasının bu prinsipi ehtiva etdiyi ehtimal edilən və [Avropa] Məhkəməsinin şərhinə əsasən başa düşülən normalarının İtaliyanın Konstitusiyasına uyğun olub- olmamasını araşdırmaq məqsədəuyğundur.(...) »
26. 24 oktyabr 2007-ci il tarixli 349 saylı qərarın müvafiq hissələrindədeyilir :
« 6.2 (...) Konstitusiyanın 117-ci maddəsinin birinci bəndində [ifadə edilən prinsip] beynəlxalq sazişlərdən irəli gələn normaların konstitusion dəyərə malik normalar olaraq nəzərdən keçirilməsini tələb etmir, belə ki, bu normalar inkorporasiya olunmuş adi qanuna çevrilirlər. Məhz Avropa İnsan Hüquqları Konvensiyasının normaları da bu qəbildən olan normalardır. Nəzərdən keçirilən konstitusion prinsip qanunvericidən bu normalara riayət etməyi tələb etdiyindən, milli hüquq norması Avropa İnsan Hüquqları Konvensiyasının normasına, yəni nəticə etibarilə, Konstitusiyanın 117-ci maddəsinin birinci bəndində ifadə edilən « beynəlxalq öhdəliklər»ə zidd olduqda, əslində sözügedən konstitusion prinsipə zidd olmuş olur.
Nəhayət, Konstitusiyanın 117-ci maddəsinin birinci bəndi bu və ya digər halda tətbiq edilən Konvensiya normasına istinad edir. Bu norma bir qayda olaraq istinad edilən beynəlxalq öhdəliklərə, eləcə də [aşağıda qeyd edilən konstitusion] prinsipə (dà vita) statusu və məzmun yükləyərək əsasən « aralıq norma » statusu əldə edir və öz növbəsində aşağıda dəqiqləşdirəcəyimiz kimi beynəlxalq normalarla Konstitusiya normaları arasında uyğunluq olub olmamasına nəzarət edir.
Nəticədə, daxili normanı beynəlxalq normaya müvafiq olaraq şərh etmək ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətindədir. (...). Belə bir şərh mümkün olmadıqda və ya daxili norma ilə Konvensiyanın « aralıq » norması arasında uyğunluqla bağlı şübhələr yarandıqda məhkəmə Konstitusiyanın 117-ci maddəsinin birinci bəndinin konstitusionallığı ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmalıdır. (...).
Avropa İnsan Hüquqları Konvensiyası ilə bağlı nəzərə almaq lazımdır ki, Konvensiya üzv Dövlətlərin hüquqlarını və qarşılıqlı öhdəliklərini sadəcə sadalamır və bununla digər beynəlxalq sazişlərdən fərqlənir. Konvensiyaya üzv Dövlətlər əsas hüquqların müdafiə edilməsində vahid bir sistem institutlaşdırmışlar. Bu normalar sisteminin tətbiqi və şərhi şübhəsiz ki, ilk növbədə üzv Dövlətlərin məhkəmələrinin öhdəsinə düşür. Bu məhkəmələr Konvensiyanın ümumi yurisdiksiya məhkəmələridir. Sözügedən normaların vahid şəkildə tətbiqi nəticə etibarilə, Avropa Konvensiyanın mərkəzləşmiş izahı ilə təmin edilir ki, bu vəzifə son söz sahibi olan və səlahiyyətləri « Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair bütün məsələlər »i (Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndi) əhatə edən Strazburq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verilmişdir. (...)
Həm Konstitusiya Məhkəməsi, həm də Strazburq Məhkəməsi əsas hüquqları ən yaxşı şəkildə müdafiə etmək məqsədi daşısalar da, nəticədə, onlar fərqli rollar oynayırlar. Roma Konvensiyasının və ona dair Protokolların şərhi bütün üzv Dövlətlərdə vahid müdafiənin tətbiqini təmin edən Strazburq Məhkəməsinin səlahiyyətindədir.
Əksinə, Konstitusiya Məhkəməsinə Konstitusiyanın 117-ci maddəsinin birinci bəndi ilə bağlı milli normanın konstitusionallığı ilə bağlı müraciət edildiyində, [və bu məsələ] Konvensiyanın şərhetmə yolu ilə həll edilməsi mümkün olmayan bir və ya bir neçə normaya uyğunsuzluqla bağlı olduğu zaman, belə br uyğunsuzluğun olub-olmadığını araşdırmaq və [mövcud olduğu sübut edildiyi təqdirdə] Avropa İnsan Hüquqları Konvensiyanın Strazburq Məhkəməsi tərəfindən şərh edilmiş həmin normalarının əsas hüquqları İtaliya Konstitusiyası tərəfindən təmin edilən müdafiəyəyə ekvivalent olaraq müdafiə edib etmədiyinə nəzarət etmək Konstitusiya Məhkəməsinin vəzifəsidir.
Əslində, burada söhbət Strazburq Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyanın bu və ya digər normasına verdiyi şərhi dəyərləndirməkdən deyil, üzv Dövlətlərin açıq-aydın şəkildə səlahiyyətləndirdiyi məhkəmə tərəfindən şərh edilmiş bu normanın Konstitusiyanın müvafiq normalarına uyğun olub-olmadığını yoxlamaqdan gedir. Beləliklə, Konstitusiyanın tələb etdiyi beynəlxalq öhdəliklərə əməl edilməsi vəzifəsi bu öhdəliyin Konstitusiyanın özünə zidd olmasının qarşısının alınması vəzifəsi ilə balanslaşdırılır. »
G. Konstitusiya məhkəməsinin təcrübəsi
1. Konstitusiya məhkəməsinin 24 oktyabr 2006-cı il tarixli 396 saylı qərarı
27. Bu qərar ilə Konstitusiya Məhkəməsi implantasiyadan öncə diaqnostikanı qadağan edən 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsinin konstitusionallığı ilə əlaqədar Kaqliari məhkəməsi tərəfindən qaldırılmış məsələnin qəbuledilən olmadığını elan etdi.
28. Bu qərara gəlmək üçün Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxan aşağı instansiya məhkəməsi 2004-cü il tarixli 40 saylı qanunun yalnız 13-cü maddəsinin konstitusionallığı məsələsini qaldırmaqla kifayətlənmişdir, halbuki, yenidən baxılması üçün göndərilən işin məzmununa görə implantasiyadan öncə diaqnostikanın qadağan edilməsi, həmçinin həmin maddənin digər müddəalarından, xüsusilə, 14-cü maddəsinin 3-cü bəndindən irəli gəlir.
2. Konstitusiya Məhkəməsinin 1 aprel 2009-cu il tarixli 151 saylı qərarı
29. Bu qərar bir tərəfdən məhdud sayda (3-dən çox olmamaqla) embrionun yaradılmasını və onların dərhal implantasiya edilməsi məcburiyyətini, digər tərəfdən də, artıq qalan embrionların dondurulmasının qadağan edilməsini nəzərdə tutan 2004-cü il tarixli 40 saylı qanunun 14-cü maddəsinin 2-ci və 3-cü bəndlərinin müddəalarının konstitusionallığına aiddir.
30. Məhkəmə hesab etmişdir ki, sözügedən bəndlər Konstitusiyaya ziddir, çünki bir tərəfdən qadınları dəfələrlə yumurtalıq stimulyasiyasına məruz qalmağa, digər tərəfdən də, seçmə yolu ilə hamiləliyin sonlandırılmasının qadağan edilməsi nəticəsində çoxdöllü hamiləliklə bağlı yaranmış təhlükələrlə üzləşməyə məcbur edərək onların sağlamlığına zərər vurur.
31. Qərarın mətnində məsələni qaldıran Məhkəmələrin də (Regional Latium inzibati məhkəməsi və Florensiya məhkəməsi) istinad etmədiyi Avropa İnsan Hüquqları Konvensiyasına qətiyyən istinad edilməmişdir.
3. Konstitusiya Məhkəməsinin 8 mart 2010-cu il tarixli 97 saylı qərarı
32. Bu qərar ilə Konstitusiya Məhkəməsi Milan məhkəməsinin konstitusionallıqla bağlı qaldırdığı məsələlərin qəbul edilən olmadığını elan etmişdir. Həmin məsələlər Konstitusiya Məhkəməsinin 2009-cu il tarixli 151 saylı qərarında artıq nəzərdən keçirilmişdi.
4. Konstitusiya Məhkəməsinin 22 may 2012-ci il tarixli 150 saylı qərarı
33. S.H. və başqaları Avstriyaya qarşı ([BP], no 57813/00, CEDH 2011) işi üzrə qərara istinad edən bu qərarla Konstitusiya Məhkəməsi 2004-cü il tarixli 40 saylı qanunla qadağan edilmiş geteroloji mayalanma ilə bağlı işi təkrarən mahiyyəti üzrə hakimə göndərmişdir.
5. Konstitusiya Məhkəməsinin 10 iyun 2014-cü il tarixli 162 saylı qərarı
34. Bu qərar tibbi cəhətdən təsdiq edilmiş sterillik və ya sonzuzluq hallarında 2004-cü il tarixli 40 saylı qanuna əsasən geteroloji mayalanmanın mütləq şəkildə qadağan edilməsinin konstitusionallığına aiddir.
35. Ümumi yurisdiksiyalı 3 məhkəmə mübahisəli qanunu Konstitusiyanın 2-ci (toxunulmaz hüquqlar), 3-cü (bərabərlik prinsipi), 29-cu (ailə hüququ) 31-ci (ailə hüququnun müdafiəsi) ilə bağlı Dövlətin öhdəlikləri) və 32-ci (sağlamlıq hüququ) maddələrinə uyğun olub-olmamasını öyrənmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Bu məhkəmələrdən biri olan Milan məhkəməsi də sözügedən qanunla Konvensiyanın 8-ci və 14-cü maddələri arasında uyğunluğun olub-olmaması haqqında Konstitusiya Məhkəməsindən qərarını bildirməsini xahiş etmişdir.
36. Konstitusiya Məhkəməsi müvafiq qanunvericilik normalarının Konstitusiyaya zidd olduğunu hesab etmişdir.
37. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, hal-hazırda valideyn olmağa və uşaqlarla birgə ailə yaratmağa hazırlaşanların seçimi onların Konstitusiyanın 2, 3 və 31-ci maddələri ilə qorunan şəxsi və ailə həyatı ilə bağlı öz müqəddəratını təyinetmə azadlığından irəli gəlir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sonsuz və ya tamamilə steril olan şəxslər sağlamlıqlarının qorunması hüququna malikdirlər (Konstitusiyanın 32-ci maddəsi).
38. Məhkəmə hesab etmişdir ki, sözügedən hüquqlar etik nöqteyi-nəzərdən məhdudlaşdırılsa idi, bu məhdudiyyətlər yalnız o halda mütləq qadağanı ifadə edərdi ki, Konstitusiya ilə təmin edilən digər azadlıqların başqa şəkildə müdafiə edilməsininin qeyri-mümkünlüyü isbat edilmiş olsun.
39. Sözügedən qanunvericilik normalarının Konvensiyanın 8-ci və 14-cü maddələri ilə uyğunluğuna gəlincə, Konstitusiya Məhkəməsi həmin normaların konstitusionallığı ilə bağlı əldə etmiş olduğu nəticələrin əlaqədar məsələləri də əhatə etdiyini müşahidə etməklə kifayətlənmişdir (bax: yuxarıda qeyd edilənlərə).
H. İmplantasiyadan öncə diaqnostikanın keçirilməsi ilə bağlı milli məhkəmələrin qərarları
1. 22 sentyabr 2007-ci il tarixli Kaqliari məhkəməsinin qərarı
40. Bu qərarda Kaqliari məhkəməsi qeyd etmişdir ki, şikayətçilər əvvəla konstitusionallıqla bağlı məhkəməyə müraciət etmiş və təcili proses qaldırdırmışlar. Məhkəmə əlavə etmişdir ki, bu məsələ Konstitusiya Məhkəməsinin 24 oktyabr 2006-cı il tarixli 396 saylı əmrinə əsasən qəbul edilməz elan edilmiş (bax : yuxarıda qeyd edilən 27-28-ci bəndlərə) və beləliklə Konstitusiyanın işığında daxili hüquqa verilməli olan şərhlə bağlı qərarda heç nə göstərilməmişdir.
41. Başladılan mülki işə gəlincə Məhkəmə qeyd etmişdir ki, implantasiyadan öncə diaqnostikanın keçirilməsi daxili hüquqda açıq-aydın qadağan edilməmişdir və qanunun belə bir qadağanın mövcudluğu ilə bağlı şərhi müalicə haqqında məlumatlandırlmalı olan və bu müalicənin başlanmasını gözləyən şikayətçilərin hüquqlarına zidd olardı.
42. Bundan başqa, Məhkəmə qeyd etmişdir ki, implantasiyadan öncə diaqnostikanın həyata keçirilməsinin qadağan edilməsi daha sonralar ikinci dərəcəli norma tərəfindən, yəni Səhiyyə nazirliyinin 21 iyul 2004-cü il tarixli 15165 saylı dekreti ilə daxil edilmişdir (xüsusilə, dekretin « [2004-cü il tarixli 40 saylı qanunun] 14-cü maddəsinin 5-ci bəndinə əsasən laboratoriya şəraitində yaradılmış embrionların sağlamlıq vəziyyətinin yoxlanılması yalnız onların müşahidə edilməsi məqsədi daşıya bilər – «dovrà essere di tipo osservazionale» -) şəklində verilən hissəsində). Məhkəmə hesab etmişdir ki, bu, qanunilik prinsipinə, eləcə də Avropa Şurasının « Oviedo Konvensiyası »na ziddir.
43. Məhkəmə qeyd etmişdir ki, 2004-cü il tarixli 40 saylı qanunun implantasiyadan öncə diaqnostikanın həyata keçirilməsinə imkan verən şərhi ananın sağlamlıq hüququna uyğundur. Nəticədə, Məhkəmə şikayətçilərin implantasiyadan öncə diaqnostikadan keçmələrinə icazə vermişdir.
2. Florensiya məhkəməsinin 17 dekabr 2007-ci il tarixli qərarı
44. Bu qərarda Florensiya məhkəməsi yuxarıda qeyd edilən Kaqliari məhkəməsinin qərarına istinad etmiş və həmin məhkəmənin daxili hüquqla bağlı şərhi ilə razılaşdığını elan etmişdir. Nəticədə, Məhkəmə şikayətçilərin implantasiyadan öncə diaqnostikadan keçmələrinə icazə vermişdir.
3. Bolonya məhkəməsinin 29 iyun 2009-cu il tarixli qərarı
45. Bu qərarı ilə Bolonya məhkəməsi şikayətçilərə implantasiyadan öncə diaqnostikadan keçməyə icazə vermiş və vurğulamışdır ki, bu, Konstitusiya Məhkəməsinin 1 aprel 2009-cu il tarixli 151 saylı qərarında daxili hüquqa vermiş olduğu şərhə əsasən təmin edilən qadın sağlamlığının qorunması təcrübəsidir (bax : yuxarıda qeyd edilən 29-31-ci bəndlərə).
4. Salern məhkəməsinin 9 yanvar 2010-cu il tarixli qərarı
46. Sadələşdirilmiş icraat qaydasında verilmiş qərarda Salern məhkəməsi Səhiyyə nazirliyinin 11 aprel 2008-ci il tarixli 31639 saylı dekretində əlavə edilmiş yenilikləri, yəni laboratoriya (in vitro) şəraitində yaradılmış embrionların sağlamlıq vəziyyətinin yoxlanılmasının onların müşahidə edilməsi ilə məhdudlaşdırılmaması və cütlüklərdən kişi tərəfinin cinsi yolla keçən yoluxucu xəstəliyin daşıyıcı olması ilə əlaqədar həmin cütlüklərin süni mayalanma üsuluna müraciət etməsinə icazə verilməsi faktını xatırlatmışdır.
47. Məhkəmə belə nəticəyə gəlmişdir ki, implantasiyadan öncə diaqnostika embrionun sağlamlıq vəziyyətini öyrənmək məqsədi daşıyan prenatal nəzarət üsullarından biri kimi nəzərdən keçirilə bilər.
48. Nəticədə, Məhkəmə şikayətçilərin laboratoriya şəraitində yaradılmış embrionları üzərində implantasiyadan öncə diaqnostikanın keçirilməsinə icazə vermişdir.
5. Kaqliari məhkəməsinin 9 noyabr 2012-ci il tarixli qərarı
49. Bu qərarında Kaqliari məhkəməsi yuxarıda qeyd edilən qərarlardakı mülahizələrə istinad etmişdir. Bundan başqa, Məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 348 və 349 saylı qərarlarından belə nəticəyə gəlmək olar ki, implantasiyadan öncə diaqnostikanın keçirilməsinin təmin edilməsini nəzərdə tutan qanunun şərhi, xüsusilə, Kosta və Pavan İtaliyaya qarşı (no 54270/10, 28 avqust 2012) işi üzrə Strazburq Məhkəməsinin qərarını nəzərə almaqla Avropa İnsan Hüquqları Konvensiyasına uyğundur.
6. Roma məhkəməsinin 15 yanvar 2014-cü il tarixli qərarı
50. Bu qərarı ilə Məhkəmə 2004-cü il tarixli 40 saylı qanunun steril və sonsuz olmayan cütlüklərin implantasiyadan öncə diaqnostikanı həyata kerirmələri məqsədilə suni mayalanma üsullarına müraciət etmələrini qadağan edən 1-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin və 4-cü maddəsinin 1-ci bəndinin Konstitusiyaya uyğunluğu məsələsini qaldırmışdır. Məhkəmə həmçinin Konvensiyanın 8-ci və 14-cü maddələrini də araşdırmışdır.
51. (Yuxarıda qeyd edilən) Kosta və Pavan İtaliyaya qarşı işi üzrə qərarı nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, qanunun süni mayalanma üsullarına müraciət etmək hüququnun yalnız steril və ya sonsuz olan cütlüklərə aid olduğunu açıq aydın ifadə edən geniş şərhini vermək mümkün deyil.
I. Florensiya məhkəməsinin 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsinin konstitusionallığına dair qaldırdığı məsələ
52. 7 dekabr 2012-ci il tarixli qərarla Florensiya məhkəməsi Konstitusiyanın elmi tədqiqatın aparılması azadlığını və saglamlıq hüququnu müvafiq olaraq təmin edən 9-cu və 32-ci maddələri ilə bağlı artıq qalan embrionların 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsinə əsasən elmi tədqiqata verilməsinin qadağan edilməsinin konstitusionallığı məsələsini qaldırmışdır.
53. 19 mart 2014-cü il tarixində Konstitusiya Məhkəməsinin sədri Parillo İtaliyaya qarşı no 46470/11 işində şikayət ərizəsi ilə bağlı Böyük Palata qərar qəbul edənədək işə baxılmasını təxirə salmışdır.
III. AVROPA ŞURASININ SƏNƏDLƏRİ
A. Embrionların və insan döllərinin diaqnostik, terapevtik, elmi, sənaye və ticari məqsədlər üçün istifadəsinə dair Avropa Şurası Parlament Assambleyasının 1046 (1986) tarixli tövsiyyəsi
« (...) 6. [Parlament Assambleyası][elmin və tibbi texnologiyaların] inkişafının embrionun və dölün hüquqi statusunun stabilliyini pozmasından və onların hüquqi statusunun hal-hazırda qanunla müəyyənləşdirilməməsindən çıxış edərək ;
7. yaşayan və ya ölü embrion və döllərin istifadəsini tənzimləyən adekvat normaların olmamasından şıxış çıxış edərək ;
8. mayalanma anından etibarən inkişafda olan insan həyatına müdaxilə etməyə imkan verən elmi nailiyyətlər qarşısında onun hüquqi cəhətdən müdafiə edilməsinin təcililiyinə inanaraq ;
9. embrion və döllərin və ya onların toxumalarının istifadəsi ilə bağlı etik planda ifadə edilən çoxsaylı fikirləri və bu fikirlərin meydana gətirdiyi dəyərlər çatışmasını nəzərə alaraq ;
10. bütün hallarda embrion və insan döllərinin insan ləyaqətinə hörmət hüququndan yararlanmalı olduğunu və onların məhsullarına və toxumalarına başqa üsullarla zərər vurmadan tamamilə terapiya məqsədləri üçün istifadəsinin (...) dəqiq və tənzimlənmiş şəkildə məhdudlaşdırılmalı olduğunu nəzərdən keçirərək ; (...)
13. Avropa Birliyi üzvlərinin əməkdaşlığının vacibliyini vurğulayaraq,
14. Nazirlər Komitəsinə tövsiyyə edir :
A. Üzv Dövlətlərin hökumətləri dəvət edilsin ki,
(...)
ii. Dövlətlər embrionların və insan döllərinin, eləcə də onların məhsullarına və toxumalarına başqa üsullarla zərər vurmadan sırf terapevtik məqsədlər üçün sənayedə istifadəsini əlavədə qeyd edilən prinsiplərə əsasən məhdudlaşdırsın və onların bu hüququnu təsdiq etsin və ya diaqnostika və ya terapevtik məqsədlə nümunə götürülməsinin və istifadəsinin həyata keçirilməsi şərtlərini xüsusilə dəqiqləşdirən müvafiq normaları qəbul etsin ;
iii. laboratoriya şəraitində mayalanmış insan embrionlarının həyatda ikən və ya öldükdən sonra tədqiq edilmək məqsədilə hər cür yaradılmasını qadağan etsin;
iv. bu üsulları arzuolunmaz manipulyasiya və ya kənara çıxma kimi dəyərləndirəcək hər şeyi xüsusilə də aşağıdakı hallarda qadağan etsin:
(...)
-həyat qabiliyyəti olan insan embrionları üzərindəki tədqiqat ;
- yaşayan, həyat qabiliyyəti olan və olmayan embrionlar üzərindəki təcrübə (...) »
B. Embrionların və insan döllərinin elmi tədqiqat məqsədilə istifadəsinə dair Avropa Şurası Parlament Assambleyasının 1100 (1989)-cu il tarixli tövsiyyəsi
« (...) 7. İnsan embrionun müxtəlif mərhələlərdə müxtəlif adlarla adlandırılmasına və həmçinin orqanizminin fərqli inkişaf yolları keçməsinə baxmayaraq, öz bioloji və genetik identikliyini davam etdirməsini nəzərə alaraq,
8. Sözügedən sahələrdə milli hüquq normalarının ziddiyyətlərini, təhlükələrini və öngörülə bilən qeyri-effektivliyini aradan qaldırmağa imkan verən Avropa Birliyi üzvlərinin əməkdaşlığının və mümkün qədər geniş nizamlamanın vacibliyini xatırladaraq,
(...)
21. Elmi tədqiqat məqsədilə, məsələn, embriondan və ya insan dölündən genetik materialın, hüceyrələrin, toxumaların və ya orqanların götürülməsi üçün onların laboratoriya şəraitində və ya uşaqlıqda yaradılması və/və ya qəsdən həyatda tutulması qadağan edilməlidir. (...) »
54. Bu tövsiyyəyə edilmiş əlavənin müvafiq abzaslarında deyilir :
« B. İmplantasiya qabagı yaşayan embrionlar haqqında : (...)
4. 934 (1982) tarixli və 1046 (1986) tarixli Tövsiyyələrə müvafiq olaraq həyat qabiliyyəti olan embrionlar üzərində laboratoriya şəraitində tədqiqatlar aparılmasına yalnız o zaman icazə verilməlidir ki:
– əgər söhbət diaqnostik xarakterli və ya qoruyucu tədbirlər və ya terapevtik məqsədlə həyata kerilmiş tədqiqatlardan gedirsə;
– əgər bu tədqiqatlar embrionların patoloji olmayan genetik irsinə müdaxilə etmirsə.
5. (...) yaşayan embrionlar üzərində tədqiqatların aparılması, xüsusilə, qadağan edilməlidir:
– əgər embrionun həyat qabiliyyəti varsa;
– əgər üzərində təcrübə aparılan heyvanlardan istifadə etmək mümkünsə;
– əgər bu tədqiqat səlahiyyətli sanitar və ya elmi hakim dairələr və ya aidiyyatı fənlərarası milli komissiya, nümayəndəlik tərəfindən lazımi şəkildə təqdim edilmiş və icazə verilmiş layihələr çərçivəsində nəzərdə tutulmayıbsa ;
– əgər bu tədqiqatlar yuxarıda qeyd edilən hakim dairələr tərəfindən müəyyən edilmiş vaxtda aparılmırsa.
(...)
H. İnsan embrionu materialının verilməsi : (...)
20. İnsan embrionu materialının verilməsinə yalnız o zaman icazə verilməlidir ki, o, diaqnostik, qoruyucu tədbirlər və terapevtik məqsəd daşıyan elmi tədqiqat üçün nəzərdə tutulsun. Onun satışı qadağandır.
21. Elmi tədqiqat məqsədilə, məsələn embriondan və ya insan dölündən genetik materialın, hüceyrələrin, toxumaların və ya orqanların götürülməsi üçün onların orqanizmdən kənarda və ya uşaqlıqda yaradılması və/və ya qəsdən həyatda tutulması qadağan edilməlidir.
22. İnsan embrionu materialının verilməsinə və istifadəsinə yalnız o zaman icazə verilə bilər ki, valideynlər öncədən sərbəst şəkildə və yazılı olaraq öz razılıqlarını vermiş olsunlar.
23. Orqanların verilməsi heç bir şəkildə ticari xarakter daşımamalıdır. Valideynlərin və ya 3-cü tərəfin embrionları, dölləri və ya döllərin üzvlərini alması və satması, eləcə də onların idxalı və ixracı da qadağan edilməlidir.
24. Təhlükəli və məhv edici bioloji silahların hazırlanması üçün insan embrionu materialının verilməsi və istifadəsi qadağan edilməlidir.
25. Hazırki tövsiyyənin tamamında « həyat qabiliyyəti olan » dedikdə inkişafına mane ola biləcək bioloji xüsusiyyətləri daşımayan embrionlar, digər tərəfdən həyat qabiliyyəti olmayan dedikdə isə embrionun sadəcə daxili qusurlarına əsaslanan obyektiv bioloji meyarlarla müəyyənləşən embrion və insan dölləri başa düşülür. »
C. İnsan hüquqları və biotəbabət üzrə Avropa Şurasının 4 aprel 1997-ci il tarixli Konvensiyası (« Oviedo Konvensiyası »)
Maddə 2 – İnsanın üstünlüyü
« İnsanın maraqları və xoşbəxtliyi cəmiyyətin və ya elmin maraqlarından üstün olmalıdır. »
Maddə 18 – Laboratoriya şəraitində mayalanmış (in vitro) embrionlar üzərində tədqiqat
« 1. Laboratoriya şəraitində mayalanmış embrionlar üzərində tədqiqat aparılması qanunla qəbul edildiyində həmin qanun embrionun müdafiəsini adekvat şəkildə təmin edir.
2. Tədqiqat məqsədilə insan embrionlarının yaradılması qadağandır. »
Maddə 27 – Daha geniş müdafiə
« Hazırki Konvensiyanın heç bir müddəası bioloji və tibbi tətbiqlərlə bağlı Konvensiyada nəzərdə tutulmuş müdafiədən daha ətraflı bir müdafiəni təmin edəcək Tərəflərin hüququnu məhdudlaşdıracaq və bu hüququ pozacaq şəkildə şərh edilmir. »
D. 25 yanvar 2005-ci il tarixində biotibbi tədqiqatla bağlı Oviedo Konvensiyasına əlavə edilmiş Protokol
Maddə 2 – Tətbiq sahəsi
« 1. Hazırki Protokol səhiyyə sahəsində insana müdaxilə etməyə imkan verən bütün tədqiqat fəaliyyətlərinə tətbiq edilir.
2. Protokol laboratoriya şəraitində (in vitro) mayalanmış embrion üzərindəki tədqiqata tətbiq edilmir. O, orqanizm daxilində mayalanmış döllər və embrionlar üzərindəki tədqiqata tətbiq edilir.
(...) »
E. İnsan embrionlarının və döllərinin müdafiəsinə dair bioetika üzrə baş Komitənin işçi qrupunun 19 iyun 2003-cü il tarixində dərc edilmiş Rəyi – Nəticə
« Bu rəyin məqsdəi laboratoriya şəraitində mayalanmış embrionların müdafəsi haqqında Avropada mövcud olan bütün fikirləri və bu fikirlərin əsasında duran arqumentləri təqdim etməkdir.
Bu rəy laboratoriya şəraitində mayalanmış embrionun müdafiə edilməsinin vacibliyinə dair geniş konsensusu təqdim edir. Bununla belə, embrionun statusu anlayışı elə bir sahədir ki, burada güclü dəlillərə əsaslanan fundamental fərqlər üzə çıxır. Bu fərqlər əsasən laboratoriya şəraitində mayalanmış embrionların müdafiəsi məsələləri ilə bağlı qarşıya çıxan fərqlərdir.
Lakin embrionun statusu ilə bağlı razılığın olmaması halında belə, biotibbi sahədə son nailiyyətlərin və müalicədə potensial irəliləyişlərin işığında bəzi məsələlərə yenidən qayıtmaq imkanı nəzərdən keçirilə bilər. Bu kontekstdə müxtəlif ölkələrin əsas prinsiplərini tanıyaraq və onlara hörmət edərək bütün ölkələrdə laboratoriya şəraitində mayalanmış embrionun müdafiəsinin zəruriliyi ilə bağlı həmin embrionların yaradılması və istifadəsi prosedurlarının adekvat tətbiq şəraitlərini təmin etmək məqsədilə vahid yanaşmaları müəyyənləşdirmək mümkündür və arzuolunandır. Bu rəy həmin məqsədin həyata keçirilməsinə yardım edir. »
F. İnsanın kök hüceyrələri üzərindəki tədqiqatlara dair Avropa Şurası Parlament Assambleyasının 1352 (2003) tarixli qətnaməsi
« (...) 3. İnsanın kök hüceyrələri təkcə embrionlardan deyil, hər yaşdan olan insan bədənindəki çox sayda toxumadan və mayedən alına bilir.
(...)
5. Embrionlardan kök hüceyrələrin alınması hələ ki, insan embrionlarının məhvinə səbəb olur.
(...)
7. Assambleya qeyd edir ki, artıq dünyanın hər yerində elmi tədqiqat üçün yararlı olan çox sayda embrional kök hüceyrə törəmələri əldə etmək mümkündür.
(...)
10. Tədqiqat məqsədilə insanın məhv edilməsi hər bir insanın yaşamaq hüququna və onun bir bir vasitə kimi istifadəsinin mənən qadağan edilməsinə ziddir.
11. Nəticədə, Assambleya üzv Dövlətləri aşağıdakılara dəvət edir :
i. insan həyatına onun bütün inkişaf mərhələlərində hörmət etmək şərtilə kök hüceyrələr üzərində tədqiqat aparılmasını dəstəkləmək;
ii. pluripotent hüceyrələrdən maksimal dərəcədə istifadə etmək və yeni regenerativ təbabət metodlarını işləyib hazırlamaq məqsədilə sosial və etik nöqteyi-nəzərdən mübahisə doğurmayan elmi tədqiqatların aparılmasını təşviq etmək;
iii. tədqiqat məqsədilə insan embrionlarının yaradılmasının qadağan edilməsi üçün Oviedo Konvensiyasını imzalamağa və ratifikasiya etmək;
iv. yetkin kök hüceyrələr üzərində aparılan ümumavropa fundamental tədqiqat proqramlarını inkişaf etdirmək;
v. belə tədqiqatların qəbul edildiyi ölkələrdə insan embrionların məhv olmasına səbəb olan hər hansı tədqiqatın aparılmasına müvafiq instansiyalar tərəfindən lazımi şəkildə icazə verilməsinin və nəzarət edilməsinin təmin etmək;
vi. ölkələr öz milli qanunvericilikləri ilə möhkəmləndirdikləri etik dəyərlərinə zidd olan beynəlxalq tədqiqat proqramlarında iştirak etməməyi seçdiklərində onların qərarlarına hörmət etmək və həmin ölkələrin birbaşa və ya dolayı yolla bu tədqiqatlarda iştirak edəcəyinə ümid etməmək;
vii. tədqiqat zamanı onun tamamilə mənfəət və maliyyə ilə bağlı cəhətlərindən daha çox etik normalarına riaəyət edilməsinə üstünlük vermək;
viii. demokratik məsuliyyəti və şəffaflığı artırmaq məqsədilə alimlərə və sivil cəmiyyətin nümayəndələrinə insan kök hüceyrələri üzərində aparılan müxtəlif tipli tədqiqat layihələrini nəzərdən keçirməyə imkan verən strukturların yaradılmasını təmin etmək. »
G. Nazirlər Komitəsinin insan mənşəli biomaterialdan istifadə edərək aparılan tədqiqatlarla bağlı üzv Dövlətlərə tovsiyyəsi (Nazirlər Komitəsinin 15 mart 2006-cı il tarixli tövsiyyəsi (2006)4)
55. Embrional və fetal biomateriallara tətbiq edilməyən bu tövsiyyənin məqsədi o insanların əsas hüquqlarını qorumaqdır ki, onların biomaterialları i) tövsiyyə qəbul edilməzdən öncə xüsusi tədqiqat layihəsi üçün ii) məqsədi dəqiq müəyyənləşməmiş gələcək tədqiqatlar üçün iii) başlanğıcda kliniki məqsədlə və ya məhkəmə tibbi ekpertizası üçün götürülmüş qalıq materiallar kimi toplandıqdan və ehtiyat üçün saxlanıldıqdan sonra tədqiqat sahəsində istifadə edilə bilər. Bundan əlavə, bu tövsiyyənin məqsədi üzv Dövlətlərin uğurlu təcrübə kodeksini yartmağa kömək etmək və insanların şəxsi həyatı ilə bağlı tədqiqat fəaliyyətlərinin meydana gətirdiyi təhlükələri minumuma endirməkdir. O, həmçinin, biomaterilların əldə edilməsi və toplanması qaydalarını müəyyən edir.
H. « Elm və texnika sahəsində etik normalar », Avropa Şurası Parlament Assambleyasının 1934 (2013)-cü il tarixli Qətnaməsi
« 2. ...)Assambleya hesab edir ki, razılaşdırılmış etik normalar haqqında mülahizələr elmin və texnikanın məqsədləri və istifadəsi, onun istifadə etdiyi vasitələr və metodlar, onun mümkün nəticələri və bilavasitə təsirləri və onun tərkib hissəsi olduğu qlobal qaydalar və davranışlarla əlaqədar milli, regionlararası və qlobal səviyyədə aparılmalıdır.
3. Assambleya hesab edir ki, qlobal səviyyədə etik normalar haqqında mülahizələrin daimi mövcud sistemi « etik normalar kodeksi » ni müəyyənləşdirmək və hətta ən əsas, qüvvədə olan « insanın şəxsiyyəti » və ya « insan ləyaqəti » kimi anlayışları vaxtaşırı olaraq yenidən nəzərdən keçirmək əvəzinə etika ilə bağlı məsələləri « hərəkətli hədəf » kimi nəzərdən keçirməyə imkan verir.
4 Assambleya İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə əsaslanan fundamental etik prinsiplər toplusunu vaxtaşırı olaraq işləyib hazırlamaq və yenidən nəzərdən keçirmək imkanlarını araşdırmaq və daimi fəaliyyət göstərən etik normalar haqqında müzakirələri başlatmaq məqsədilə Elmi biliklərin və texnologiyaların etikası üzrə Beynəlxalq Komissiyanı yaradan YUNESKO-nun təşəbbüsünü alqışlayır. Assambleya hesab edir ki, Avropa Şurası bu prosesdə iştirak etməlidir.
5. Bu baxımdan Assambleya Avropa Şurası Baş Katibinə yeni etik məqsədləri və Avropadakı siyasi və hüquqi fəaliyyəti yönləndirmək iqtidarına malik əsas etik prinsipləri müəyyənləşdirmək məqsədilə aralarında Bioetika üzrə Komitənin də yer aldığı ekspert komitələrin üzvləri ilə Assambleyanın səlahiyyətli komissiyaları arasında əməkdaşlıqdan istifadə edərək etik normalar haqqındakı fikirlərin dəyişkən və qeyri-rəsmi sisteminin yaradılnması məsələsini nəzərdən keçirməyi tövsiyyə edir.
6. Avropada elm və texnologiya sahəsində ümumi etik sistemi gücləndirmək məqsədilə Assambleya biologiyanın və təbabətin tətbiqi ilə əlaqədar olaraq insan hüquqlarını və ləyaqətini müdafiə etmək üçün İnsan hüquqları və biotəbabət haqqında Konvensiyanı imzalamamış və ratifikasiya etməmiş üzv Dövlətlərə həmin Konvensiyanı (STE no164, « Oviedo Konvensiyası ») və ona dair protokolları imzalamağı və ratifikasiya etməyi və Bioetika üzrə Komitənin işlərində hərtərəfli şəkildə iştirak etməyi tövsiyyə edir.
(...)
10. Assambleya Avropada elm və texnologiya sahəsində ümumi etik sistemi gücləndirmək məqsədilə Avropa Birliyini və YUNESKO-nu Avropa Şurası ilə əməkdaşlıq etməyə və bu məqsədlə:
10.1. Avropa Şurası tərəfindən həyata keçirilən etika üzrə milli komitələrin Avropa Konfransı və bu yaxınlarda Avropa Komissiyası tərəfindən maliyyələşdirilən etika üzrə mill komitələrin Forumu və Avropa Şurası Bioetika üzrə Komitənin iclasları çərçivəsində əldə edilmiş təcrübələrdən yararlanaraq elm və texnologiyanın bütün sahələrini əhatə edən təcrübələri və uğurlu praktikanı mütəmadi olaraq mübadilə etməyə imkan verən Avropa və regional platformaları hazırlamağa;
10.2. elm və texnologiyanın bütün sahələrində tətbiq edilmək üçün əsas etik prinsiplər toplusunu vaxtaşırı olaraq tərtib etməyə və yenidən nəzərdən keçirməyə;
10.3. Avropa Komissiyasının tədqiqat və texnoloji inkişaf üzrə 7-ci çərçivə-proqramı (2007-2013) (7-ciÇP) hüdudlarında ifadə edilmiş etik tələblərin müsbət təsirlərinə əsaslanaraq etik qaydaları və onlara nəzarət prosedurlarını razılaşdırması üçün üzv Dövlətlərə kömək etmək məqsədilə əlavə istiqamətlər təklif etməyə
dəvət edir. »
IV. MÜVAFİQ AVROPA BİRLİYİ HÜQUQU VƏ ELEMENTLƏRİ
A. Avropa Komissiyası yanında elm və yeni texnologiyalar etikası üzrə Avropa Qrupu
56. Avropa Komissiyası tərəfindən 1991-ci ildə yaradılmış Etika üzrə Avropa Qrupu elm və yeni texnologiyalarla bağlı etik məsələlərə dair rəylərini Avropa komissiyasına təqdim etmək missiyası daşıyan ekspertlərdən ibarət müstəqil bir təşkilatdır. Etika üzrə Avropa qrupu tədqiqat məqsədilə laboratoriya şəraitində yaradılmış embrionların istifadəsinə dair iki rəyini təqdim etmişdir.
1. 12 saylı Rəy : Tədqiqat üzrə 5-ci çərçivə-proqram kontekstində insan emrionlarının istifadə edildiyi tədqiqatın etik aspektləri, 14 noyabr 1998-ci il
57. Bu rəy 5-ci çərçivə-proqram hüdudlarında Avropa Parlamentinin insan embrionlarının məhvinə səbəb olan tədqiqat layihələrinin Avropa tərəfindən maliyyələşdirilməsini istisna etmək təklifindən sonra Avropa komissiyasının tələbi ilə dərc edilmişdir. Onun müvafiq abzaslarında deyilir :
« (...) 2.6. (...) Avropa tədqiqat proqramları çərçivəsində insan embrionu üzərində tədqiqat aparılması məsələsinə bütün üzv Dövlətlərdə əsas və ümumi etik prinsiplərə hörmət etmək nöqteyi-nəzərindən olduğu qədər bu sahədə mövcud olan müxtəlif praktikalar və milli normalar vasitəsilə ifadə edilmiş fəlsəfi və etik nəzəriyyələrin də müxtəlifliyini nəzərə almaqla yanaşmaq lazımdır. (...)
2.8. Yuxarıda qeyd edilən prinsiplər və təfsilatlar işığında Qrup hesab edir ki, ölkələrin müxtəlif etik seçimlərindən asılı olaraq insan embrionu üzərində aparılan tədqiqatların a priori olaraq Avropa Birliyi tərəfindən maliyyələşdirilməsini istisna etməmək 5-ci çərçivə proqramının etik nöqteyi-nəzərindən məqsədəuyğundur. [...] »
2. 15 saylı Rəy : İnsanın kök hüceyrələri üzərində tədqiqat aparılmasının və onların istifadəsinin etik aspektləri, 14 noyabr 2000-ci il
58. Bu rəyin müvafiq abzaslarında deyilir :
« 2.3. Avropa plyuralizmi və etik normaları
(...) Avropa plyuralizmi kontekstində embrionlar üzərində tədqiqatlar aparılmasının qadağan edilməsi və ya bu tədqiqatların aparılmasına icazə verilməsi hər bir üzv Dövlətin öz səlahiyyətindədir. Embrionlar üzərində tədqiqatların aparılmasına icazə verildiyi təqdirdə insan ləyaqətinə hörmət hüququ tələb edir ki, bu tədqiqatlar nizamlansın və qanunsuz təcrübələrin və insan embrionundan bir alət kimi istifadənin meydana gətirəcəyi təhlükələrə qarşı ehtiyat tədbirləri görülsün.
2.5. Əlaqədar tədqiqat sahəsinin etik nöqteyi-nəzərdən qəbuledilənliyi
Qrup qeyd edir ki, bəzi ölkələrdə embrion üzərində tədqiqat aparılması qadağandır. Əksinə, sonsuzluğun müalicəsini optimallaşdırmaq məqsədilə tədqiqatların aparılmasına icazə verilən ölkələrdə ciddi xəstəliklərə və ya zədələrə qarşı yeni müalicə üsullarını təkmilləşdirməyi nəzərdə tutan bu tədqiqatlar sahəsinin genişləndirilməsi üçün əsaslanacaq bir dəlil tapmaq çətindir. Əslində, sonsuzluqla bağlı tədqiqatlarda olduğu kimi kök hüceyrələr üzərindəki tədqiqatlar da insanın əzab-əziyyətini yüngülləşdirmək məqsədi daşıyır. Bütün hallarda tədqiqat işlərində istifadə edilən embrionlar məhv olmağa məhkumdurlar. Nəticədə, Avropa Birliyinin tədqiqat üzrə çərçivə-proqramında nəzərdən keçirilən və bu proqramda müəyyən edilmiş etik və qanuni tələblərə cavab verəcəyi təqdirdə bu cür tədqiqatların maliyyələşdirilməsinin istisna edilməsi üçün əsas yoxdur. »
B. İnnovativ dərman preparatlarına dair 83/2001/(CE) saylı Direktivdə və eləcə də 726/2004 (CE) saylı Əsasnamədə dəyişiklik edən Avropa Parlamentinin 2007-ci il 1394 saylı və Avropa İttifaqı Şurasının 13 noyabr 2007-ci il tarixli Əsasnaməsi
« (7)Vacibdir ki, Avropa Birliyi səviyyəsində innovativ terapiya dərman preparatlarının nizamlanması bu və ya digər insan hüceyrələrinin, məsələn, embrional kök hüceyrələrin və ya heyvan hüceyrələrinin istifadəsinə icazə vermək imkanı ilə bağlı üzv Dövlətlərin aldıqları qərarları pozmasın. Məqsəduyğundur ki, bu nizamlama bu cür hüceyrələrdən ibarət olan, tərkibində bü cür hüceyrələr olan və ya onlardan əldə edilmiş dərman preparatlarının satışını, təchizini və ya istifadəsini qadağan edən və ya məhdudlaşdıran milli qanunların tətbiqinə də təsir etməsin. »
C. Avropa Birliyi Ədalət Məhkəməsinin (Aropa Ədalət Məhkəməsi) 18 noyabr 2011-ci il tarixli qərarı (C-34/10 Oliver Brüstl Qrinpis təşkilatına qarşı)
59. Almaniya Federal Ədalət Məhkəməsinin preyudisyal məsələ ilə bağlı bu qərarı ilə Avropa Birliyi Ədalət Məhkəməsi Biotexnoloji kəşflərin hüquqi müdafiəsi ilə əlaqədar Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 6 iyul 1998-ci il tarixli Direktivinin şərhi haqqında qərar qəbul etmişdir.
60. Sözügedən Direktivin insan embrionlarının sənaye və ya ticari məqsədlə istifadəsinin patent ala bilməyəcəyi prinsipini yumşaldan hissəsi açıqlayır ki, bu təcridləndirmə « insan embrionuna tətbiq edilən və embrion üçün faydalı olan terapevtik və diaqnostik məqsədli kəşflərə » aid deyil. 61. Ədalət Məhkəməsi açıqlayır ki, mübahisəli direktiv elmi tədqiqatlar çərçivəsində insan embrionlarının istifadəsini tənzimləməyi nəzərdə tutmur: onun məqsədi biotexnoloji ixtiraların patent alması ilə məhdudlaşır. Daha sonra Məhkəmə hesab etmişdir ki, insan embrionlarının istifadəsi nəticəsində edilən ixtiraların – hətta onlar yekun məqsədlərinin elmi tədqiqat olduğunu iddia etsə belə – hər cür patentləşdirilməsi istisnadır (patent almaqla bağlı olaraq belə bir məqsəd digər sənaye və ticarət məqsədlərindən fərqləndirilə bilməz.) Ədalət Məhkəməsi eyni zamanda vurğulamışdır ki, bu istisna terapevtik və diaqnostik məqsədlərlə insan embrionunun istifadəsi nəticəsində əldə edilən və insan embrionu üzərində tətbiq edilə bilən və onun üçün faydalı olan ixtiralara aid deyil.
D. Tədqiqat və texnoloji inkişafın Avropa Birliyi tərəfindən maliyyələşdirilməsi
62. 1984-cü ildən etibarən Avropa Birliyi uzun illər ərzində çərçivə-proqramlar vasitəsilə həyata keçirilən elmi tədqiqatlar üçün vəsait ayırır.
63. Tədqiqat fəaliyyətləri, texnoloji inkişaf və onların nümayiş etdirilməsi fəaliyyətləri üçün (2007-2013) 7-ci çərçivə-proqramı ilə əlaqədar Avropa Birliyinin 1982/2006/CE saylı qərarının müvafiq hissələrində deyilir :
Maddə 6–Etik prinsiplər
« 1. 7-ci çərçivə-proqram hüdudlarında aparılan bütün tədqiqat fəaliyyətləri əsas etik prinsiplərə uyğun olaraq həyata keçirilir.
2. 7-ci çərçivə-proqram hüdudlarında aşağıdakı tədqiqat fəaliyyətləri maliyyələşdirilmir:
- reproduktiv klonlaşdırma məqsədilə aparılan tədqiqat fəaliyyətləri;
- İnsanın genetik irsini dəyişdirmək məqsədi daşıyan və belə bir irsi dəyişikliyə nail ola biləcək tədqiqat fəaliyyətiləri,
- yalnız tədqiqat məqsədilə və ya kök hüceyrələrin əldə edilməsi məqsədilə insan embrionlarının yaradılmasını nəzərdə tutan, o cümlədən, somatik hüceyrələrin nüvələrinin köçürülməsi ilə həyata keçirilən tədqiqatlar.
3. Yetkin kök hüceyrələr və ya embrional kök hüceyrələr üzərindəki tədqiqat fəaliyyətləri bu məsələdə maraqlı olan üzv Dövlət(lər)in elm sahəsindəki təkliflərinin və hüquqi əsaslarının məzmunundan asılı olaraq maliyyələşdirilə bilər. (...) »
64. Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının « Horizon 2020 » (2014-2020) tədqiqat və innovasiya üzrə çərçivə proqramı ilə bağlı 11 dekabr 2013-cü il tarixli 1291/2013 saylı Reqlamentinin müvafiq hissələrində deyilir :
Maddə 19–Etik prinsiplər
« 1. Horizon 2020 çərçivəsində aparılan bütün tədqiqat və innovativ faəliyyətlər etik prinsiplərə və müvafiq milli, Avropa və beynəlxalq hüquq normalarına, o cümlədən, Avropa Birliyinin əsas hüquqlarla bağlı xartiyasına, eləcə də İnsan Hüquqları üzrə Konvensiyaya və ona dair əlavə protokollara riayət edir. (...).
(...)
3. Aşağıdakı tədqiqat sahələrinin maliyyələşdirilməsi istisna olunur:
a) reproduktiv klonlaşdırma məqsədilə aparılan tədqiqat fəaliyyətləri ;
b) İnsanın genetik irsini dəyişdirmək məqsədi daşıyan və belə bir irsi dəyişikliyə nail ola biləcək tədqiqat fəaliyyətiləri ;
c) yalnız tədqiqat məqsədilə və ya kök hüceyrələrin əldə edilməsi məqsədilə insan embrionlarının yaradılmasını nəzərdə tutan, xüsusilə, somatik hüceyrələrin nüvələrinin köçürülməsi ilə həyata keçirilən tədqiqatlar.
4. Yetkin kök hüceyrələr və ya embrional kök hüceyrələr üzərindəki tədqiqat fəaliyyətləri bu məsələdə maraqlı olan üzv Dövlət(lər)in elm sahəsindəki təkliflərinin və hüquqi əsaslarının məzmunundan asılı olaraq maliyyələşdirilə bilər. Bütün üzv Dövlətlərdə qadağan edilmiş tədqiqat fəaliyyətlərinə maliyyə dəstəyi verilmir. Bu cür fəaliyyətlərin qadağan edildiyi üzv Dövlətdə heç bir fəaliyyət maliyyələşdirilmir.
(...) »
E. Avropa vətəndaşının « Bizdən biri» təşəbbüsü ilə əlaqədar Avropa Komissiyasının Bildirişi COM(2014) 355 yekun (Brüksel, 28 may 2014)
65. 10 aprel 2014-cü ildə « Bizdən biri» vətəndaş təşəbbüsü insan embrionlarının məhvinə səbəb olan elmi layihələrin Avropa ölkələrində maliyyələşdirilməməsini nəzərdə tutan qanunvericilik dəyişiklikləri edilməsini təklif etmişdir.
66. 28 may 2014-cü il tarixli Bildirişində Avropa Komissiyası hesab etmişdir ki, o, haqqında danışılan layihələrin maliyyələşdirlməsi ilə bağlı təklifinin etik məsələləri, sağlamlığın qorunmasında potensial üstünlükləri və Avropa Birliyinin kök hüceyrələr üzərindəki tədqiqatları dəstəklədiyini nəzərə aldığını əsas gətirərək bu xahişi yerinə yetirə bilməz.
V. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ SƏNƏDLƏRİ)
A. YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitənin (BBK) embrional hüceyrələr üzərindəki tədqiqatların etik aspektləri ilə bağlı rəyi (6 aprel 2001)
67. Bu rəyin nəticələrinin müvafiq hissələrində deyilir:
« A. BBK qəbul edir ki, embrional kök hüceyrələr üzərindəki tədqiqatlar elə bir məsələdir ki, bu tədqiqatlarla bağlı qəbul edilməli olan mövqenin – hətta bu mövqe həmin tədqiqatların aparılmamasını nəzərdə tutsa belə – müəyyənləşdirilməsi üçün müzakirələrin milli səviyyədə aparılması arzuolunandır. BBK tövsiyyə edir ki, terapevtik məqsədli tədqiqatın bu yeni və əhəmiyyətli sahəsində qəbul ediləcəklərin sərhədlərini müəyyənləşdirən razılığı əldə etmək üçün müzakirələr mümkün qədər fikir plyuralizminə imkan verən müvafiq milli instansiyalarda keçirilsin.
Bu sahədə daimi maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilməlidir. Dövlətlər bu tədqiqatlarla bağlı meydana gələn etik məsələlər haqqında bütün əlaqədar iştirakçıları cəlb etməklə cəmiyyət daxilində mütəmadi söhbətlər aparmaq üçün müvafiq tədbirlər görməlidir.
B. Embrionlarla bağlı aparılmasına icazə verilən terapevtik tədqiqatların tipindən asılı olmayaraq bu tədqiqatların etik düşüncələrə lazımi dəyərini verə biləcək və əsas adekvat prinsipləri müəyyənləşdirəcək hüquqi və nizamlayıcı normalar çərçivəsində aparılmasını təmin etmək üçün tədbirlər görülməlidir. Laboratoriya şəraitində mayalanma nəticəsində əldə edilən artıq qalan embrionların implantasiya qabağı mərhələdə terapevtik məqsədlərlə embrional kök hüceyrələr üzərindəki tədqiqatlara verilməsinə icazə verməyi nəzərdən keçirsək, embrionu verən hər iki valideynin ləyaqətinə və hüquqlarına xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən də vacibdir ki, embrionların verilməsi onları verənlərin bu tədqiqatların nəticələri haqqında tamamilə məlumatlandırılmasından və öncədən, müstəqil və şüurlu surətdə razılıqlarının alınmasından sonra həyata keçirilsin. Bu tip tədqiqatların yekun məqsədləri və onların aparılması tərzi əlaqədar tədqiqatçılardan asılı olmayan müvafiq etika komitələri tərəfindən dəyərləndirilməlidir. Bu proseslərdə tədqiqatların gdəyərini öngörmək lazımdır. (...) »
B. İnsan Hüquqları üzrə İnteramerikan Məhkəməsinin Mürillo və başqaları Kosta Rikaya qarşı işi üzrə qərarı (28 noyabr 2012)
68. Bu işdə Amerika daxili Məhkəməsi Kosta Rikada laboratoriya şəraitində mayalanmanın həyata keçirilməsini qadağan edən qərar çıxarmışdır. Bununla yanaşı Məhkəmə hesab etmişdir ki, « döllənmə » embrion uşaqlığa implantasiya edildiyi andan etibarən başladığından İnsan Hüquqları üzrə Amerika Konvensiyasının (yaşamaq hüququnu müdafiə edən) 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq embrion « şəxs » kimi nəzərdən keçirilə bilməz.
VI. MÜQAYİSƏLİ HÜQUQ ELEMENTLƏRİ
69. Elmi tədqiqat üçün insan embrionlarının istifadəsi ilə bağlı qırx üzv Dövlətin[1] qanunvericiliyi haqqında Məhkəmənin əldə etmiş olduğu məlumatlara görə üç ölkə (Belçika, İsveç və Birləşmiş Krallıq) insan embrionları üzərində elmi tədqiqat aparılmasına, eləcə də tədqiqat məqsədilə belə embrionların yaradılmasına icazə verir.
70. Elmi tədqiqat üçün embrionların yaradılması on dörd ölkədə[2] qadağandır. Bununla belə, bu ölkələrdə artıq qalan embrionlar üzərində tədqiqat aparılmasına bəzi şərtlər daxilində icazə verilir.
71. İtaliya nümunəsində üç üzv Dövlət (Slovakiya, Almaniya və Avstriya) embrionlar üzərində tədqiqatlar aparılmasına olduqca məhdud hallarda, xüsusilə, bu tədqiqatlar embrionun sağlamlığının qorunması məqsədi daşıdıqda və ya xaricdən gələn hüceyrə törəmələri üzərində aparıldıqda icazə verərək, prinsip etibarilə onları qadağan edir.
72. Slovakiyada yalnız bu tədqiqatlarda birbaşa iştirak edən şəxslərin sağlamlığının yaxşılaşdırılmasını nəzərdə tutan terapevtik xarakterli tədqiqatlar istisna olmaqla embrionlar üzərindəki tədqiqatlar qəti olaraq qadağandır.
73. Almaniyada tədqiqat məqsədilə embrional hüceyrələrin idxalı və istifadəsi prinsip etibarilə qanunla qadağan edilir. Bu tədqiqatlara yalnız istisna hallarda, ciddi şərtlər daxilində icazə verilir.
74. Avstriyaya gəlincə, qanun nəzərdə tutur ki, « yaşamaq qabiliyyəti olan hüceyrələr » laboratoriya şəraitində mayalanmadan başqa məqsədlər üçün istifadə edilə bilməz. Lakin « yaşamaq qabiliyyəti olan hüceyrələr» anlayışı qanunda müəyyən edilmir. Təcrübəyə və doktrinaya görə qanunla nəzərdə tutulmuş qadağan « totipotent hüceyrələr » adlı embrional kök hüceyrələrə aiddir[3].
75. Dörd ölkədə (Andorra, Latviya, Xorvatiya və Malta) embrional kök hüceyrələr üzərində hər cür tədqiqatın aparılması açıq-aydın qanunla qadağandır.
76. On altı ölkədə bu sahə üzrə tənzimləmələr nəzərdə tutulmur. Söhbət Ermənistan, Azərbaycan, Bosniya-Hersoqovina, Gürcüstan, İrlandiya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova Respublikası, Monako, Polşa, Rumıniya, Rusiya, Sen-Marin, Türkiyə və Ukraynadan gedir. Bu ölkələr arasında bəziləri daha çox məhdudlaşdırıcı təcrübəyə, (məsələn, Türkiyə və Ukrayna) digərləri isə daha çox liberal praktikaya malikdir (məsələn, Rusiya).
HÜQUQİ MƏSƏLƏLƏR
77. İlk olaraq, Məhkəmə qeyd edir ki, Hökumət hazırki ərizənin qəbuledilənliyi ilə bağlı etiraz edir. Xüsusilə, Məhkəmə irəli sürür ki, ərizəçi daxili hüquqda ona açıq olan müdafiə vasitələrinə müraciət etməmiş, şikayətini Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan altı ay müddətində verməmiş və zərərçəkən statusuna malik deyil. Məhkəmə şikayət ərizəsinin digər aspektlərini təhlil etməzdən əvvəl aşağıda qeyd edilən etirazları nəzərdən keçirəcək.
I. DAXİLİ HÜQUQ MÜDAFİƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ EDİLMƏMƏSİNƏ DAİR
A. Hökumətin mövqeyi
78. Hökumət irəli sürür ki, sözügedən məhdudiyyətin İtaliya Konstitusiyası qədər Avropa İnsan Hüquqları Konvensiyasına da zidd olduğunu əsas gətirərək ərizəçi öz embrionlarını elmi tədqiqata verilməsinin qadağan edilməsindən şikayət verə bilər. Bununla bağlı Hökumət, xüsusilə, implantasiyadan öncə diaqnostikanın keçirilməsinə dair Konstitusiyanın və Avropa İnsan Hüquqları Konvensiyasının işığında milli məhkəmələr tərəfindən 2004-cü il tarixli 40 saylı qanunun şərh edildiyi bir neçə qərara istinad etmişdir (Kaqliari Məhkəməsinin 22 sentyabr 2007-ci il və 9 noyabr 2012-ci il tarixli qərarları, eləcə də Florensiya, Boloniya və Salern Məhkəmələrinin 17 dekabr 2007-ci il, 29 iyun 2009-cu il və 9 yanvar 2010-cu il tarixli müvafiq qərarları, bax : yuxarıda qeyd edilən 40-49-cu bəndlərə).
79. Hökumətin fikrincə, işə mahiyyəti üzrə baxan məhkəmə Konstitusiya Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 348 və 349 saylı qərarlarında nəzərdə tutulduğu kimi mübahisəli qadağanı qoyan qanunu şərh etməli idi.
80. Əgər işə mahiyyəti üzrə baxan məhkəmə qanunun şərhi ilə ərizəçinin iddia etdiyi hüquqlar arasında həll edilməsi mümkün olmayan bir münaqişənin mövcudluğu qənaətinə gəlsə idi, o, konstitusionallıqla bağlı məsələ qaldırmalı idi. Beləliklə, Konstitusiya Məhkəməsi mahiyyət üzrə işdə mübahisəli faktların insan hüquqları ilə uyğunluğunu nəzərdən keçirər və milli hüquq normalarına retroaktiv və erga omnes qüvvə verməklə onları ləğv edə bilərdi.
81. Bundan başqa, Konstitusiya Məhkəməsi 2004-cü il tarixli 40 saylı qanunun konstitusionallığına dair bir çox işə baxmışdır. Bu məsələ ilə bağlı bir sıra qərarlar, xüsusilə, Konstitusiya Məhkəməsinin (müvafiq olaraq 24 oktyabr 2006-cı il, 8 mart 2010-cu il və 22 may 2012-ci il tarixində elan edilən) 369, 97 və 150 saylı əmrləri və 1 aprel 2009-cu il tarixli 151 saylı qərarı, eləcə də Florensiya və Roma məhkəmələrinin müvafiq olaraq 7 dekabr 2012-ci ildə və 15 yanvar 2014-cü ildə elan edilən qərarları qəbul olunmuşdur (bax : yuxarıda qeyd edilən 27-33 və 50-53-cü bəndlərə).
82. Digər tərəfdən, Məhkəməyə şikayət ərizəsi ilə müraciət etməzdən əvvəl daxili hüquq vasitələrindən istifadə etməkdən imtina edərək ərizəçi 24 iyun 2013-cü il tarixli 15 saylı Protokolunda nəzərdə tutulan subsidiarlıq prinsipini rədd etmiş olardı.
83. Nəhayət, hazırki işə oxşar işin konstitusionallığı ilə bağlı Florensiya məhkəməsi Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmışdır (bax: yuxarıda qeyd edilən 52-53-cü bəndlərə). Yuksək məhkəmənin ərizəçinin xəleyhinə qərar qəbul edəcəyi təqdirdə ərizəçi hər zaman məhkəməyə şikayət verə bilər.
B. Ərizəçinin mövqeyi
84. Ərizəçi iddia edir ki, daxili hüquq elmi tədqiqat məqsədilə embrionların verilməsini mütləq şəkildə qadağan etdiyindən ümumi yurisdiksiyalı məhkəməyə edilən bütün müraciətlər uğursuzluqla nəticələnərdi.
85. Bundan başqa, ərizəçi bildirir ki, İtaliya hüquq sistemi Konstitusiya Məhkəməsinə birbaşa müraciət etməyə imkan vermədiyindən o, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən tükəndirilməli vasitə hesab edilə bilməz.
86. Nəhayət, ərizəçi qeyd edir ki, 2014-cü il martın 19-da Konstitusiya Məhkəməsinin sədri Florensiya məhkəməsi tərəfindən qaldırılan məsələyə baxışı təxirə salmışdır. Hökumət hazırki ərizə ilə bağlı Böyük Palatanın qəbul edəcəyi qərara qədər həmin işə istinad edir.
C. Məhkəmənin dəyərləndirməsi
87. Hər şeydən əvvəl Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən o, daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər. Hər bir ərizəçi daxili məhkəmələrə, bu normanın yekun məqsədi olan üzv Dövlətlərə onlara qarşı iddia edilən pozuntuların qarşısını almaq və onları aradan qaldırmaq fürsəti verməlidir. Bu norma daxili hüquq sisteminin iddia edilən pozuntularla bağlı təsirli hüquq müdafiə vasitələri təmin etməsi halına əsaslanır. Bununla belə, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi hüquq müdafiə vasitələrindən istifadəni yalnız sözügedən pozuntularla əlaqədar olan, əlçatan və adekvat vasitələrlə bağlı tələb edir. Bu vasitələr təkcə nəzəriyyədə deyil, həm də praktikada kifayət müəyyənlik dərəcəsində mövcud olmalıdır, əks təqdirdə bu vasitələr arzu olunan effektivliyə və çatımlılığa malik olmaz. Bu tələblərin yerinə yetirildiyini nümayiş etdirmək cavabdeh Dövlətin öhdəsinə düşür (bax : digərləri arasında, McFarlan İrlandiyaya qarşı [BP], no 31333/06, § 107, 10 sentyabr 2010, Mifsud Fransaya qarşı (dek.) [BP], no 57220/00, § 15, CEDH 2002 VIII, Leandro Da Silva Luxemburqa qarşı, no 30273/07, §§ 40 və 42, 11 fevral 2010 və Vuçkoviç və başqaları Serbiyaya qarşı [BP], no 17153/11, §§ 69-77, 25 mart 2014).
88. Hazırki işdə Konstitusiya Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 348 və 349 saylı qərarları ilə yaradılmış konstitusion nəzarət sisteminə əsaslanaraq Hökumət iddia edir ki, daxili hüquqda ərizəçi üçün əlçatan olan hüquq müdafiə vasitələri tükəndirilməmişdir. Bununla bağlı Hökumət işin mahiyyəti üzrə qəbul edilmiş qərarlara və Konstitusiya Məhkəməsinin 2004-cü il tarixli 40 saylı qanunla bağlı qərarlarına istinad edir.
89. İlk növbədə Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən 348 və 349 saylı qərarlarla Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Konvensiyanı adi qanunla Konstitusiya arasında yer tutan bir norma kimi nəzərdən keçirərək daxili hüquq mənbələrində onun yerini müəyyən etmişdir. Bundan başqa, Məhkəmə hesab etmişdir ki, daxili hüquq normasını həm Konvensiyaya, həm də Məhkəmənin presedent hüququna uyğun olaraq şərh etmək işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir. Məhkəmə müəyyən etmişdir ki, belə bir şərh mümkün olmadıqda və ya işə mahiyyəti üzrə baxan hakim daxili hüquq normasının Konvensiya ilə uyğunluğundan şübhəyə düşdükdə həmin məhkəmə Konstitusiya Məhkəməsi qarşısında konstitusionallıqla bağlı məsələ qaldırmalıdır.
90. Məhkəmə xatırladır ki, iddia edilən pozuntu ilə bağlı xüsusi daxili hüquq müdafiə vasitələrindən tükəndristifadə edilməməsi halında daxili məhkəmə təcrübəsinə söykənərək istinad etdiyi vasitələrin dinamikliyini, istifadə imkanlarını, əhatə dairəsini və tətbiq sahələrini əsaslandırmaq Hökumətin öhdəsinə düşür (bax :mutatis mutandis, Melnitis Latviyaya qarşı, no30779/05, § 50, 28 fevral 2012-ci il, yuxarıda istinad edilən McFarlan, §§ 115-127, Kosta və Pavan Italiyaya qarşı, no 54270/10, § 37, 28 avqust 2012-ci il və Vallianatos və başqaları Yunanıstana qarşı[GC], nos 29381/09 və 32684/09, §§ 52-58, CEDH 2013 (çıxarışlar)).
91. Hazırki işdə Məhkəmə müəyyən edir ki, Hökumət 2004-cü il tarixli 40 saylı qanunla bağlı bir çox işə istinad etmiş, lakin artıq qalan embrionların tədqiqata verilməsi məsələsini həll edən heç bir qərar nümunəsini təqdim etməmişdir. Məhkəmə əslində, qanunla qadağan edilmiş tədbirin görülməsi üçün müraciət etmədiyinə görə ərizəçini qınaya bilməz.
92. Hökumətin 348 və 349 saylı qərarlar qəbul edildikdən sonra işə mahiyyəti üzrə baxan hakimin mübahisəli qadağanı qoyan və əvvəllər şərh etməli olmadığı qanunu Konvensiyanın və Strazburq məhkəməsinin təcrübəsinin işığında şərh etməli olduğu ilə bağlı arqumentinə gəlincə isə, müxtəlif mülahizələr Məhkəməni əslində bu iddianın hazırki məhkəmə təcrübəsində, xüsusilə də suni mayalanma ilə əlaqədar olaraq özünü doğrultmayacağı nəticəsinə gəlməsinə səbəb olur.
93. İlk növbədə Məhkəmə qeyd edir ki, hazırki işin hallarına bənzər və artıq qalan embrionların elmi tədqiqata verilməsini qadağan edən işdə Florensiya məhkəməsi 7 dekabr 2012-ci ildə Konstitusiyanın elmi tədqiqat aparmaq azadlığını və sağlamlıq hüququnu müvafiq olaraq təmin etdiyi 9 və 32-ci maddələrinə əsasən 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsinin konstitusionallığı ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmaq qərarına gəlmişdir (bax : yuxarıda qeyd edilən 22-ci bəndə). Bununla belə, Məhkəmə müəyyən edir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən sözügedən qadağanın Konvensiya ilə təmin edilən hüquqlarla uyğunluğu ilə bağlı heç bir məsələ qaldırılmamışdır.
94. Digər tərəfdən, Məhkəmə qeyd edir ki, bəzi istisnalarla, Hökumətin istinad etdiyi 2004-cü il tarixli 40 saylı qanunla bağlı işə mahiyyəti üzrə baxan hakimin və Konstitusiya Məhkəməsinin qərarları (bax: yuxarıdakı 78 və 81-ci bəndlərə) İnsan Hüquqları üzrə Konvensiyaya istinad etmir. Həmçinin Konstitusiya Məhkəməsinin 396/2006 saylı və 97/2010 saylı qərarları və 151/2009 saylı qərarı, eləcə də Kaqliari, Florensiya, Boloniya və Salern məhkəmələrinin 22 sentyabr 2007-ci il, 17 dekabr 2007-ci il, 29 iyun 2009-cu il və 9 yanvar 2010-cu il tarixli müvafiq qərarları, eləcə də Florensiya məhkəməsinin 7 dekabr 2012-ci il tarixli qərarı da Konvensiyaya istinad etmir.
95. Doğrudur ki, geteroloji mayalanmanın qadağan edilməsi ilə bağlı işin mahiyyət üzrə hakimə göndərilməsi haqqında 22 may 2012-ci tarixli 150 saylı qərarında Konstitusiya Məhkəməsi, xüsusilə, Konvensiyanın 8-ci və 14-cü maddələrinə əsaslanmışdır. Lakin qeyd etmək lazımdır ki, həmin işlə əlaqədar 10 iyun 2014-cü il tarixli 162 saylı qərarında Konstitusiya Məhkəməsi mübahisəli məhdudiyyəti Konstitusiyanın sözügedən maddələrinin işığında təhlil etmişdir (yəni 2-ci, 31-ci və 32-ci maddələr). Konvensiyanın işə mahiyyət üzrə baxan 3 məhkəmədən yalnız birinin istinad etdiyi 8 və 14-cü maddələrinə gəlincə isə, Konstitusiya Məhkəməsi bu müddəalara əsasən qaldırılan məsələlərin nəticələrinin Konstitusiya ilə bağlılığını qeyd etməklə kifayətlənmişdir (bax: yuxarıdakı 39-cu bəndə).
96. Belə olan halda, yalnız Kaqliari məhkəməsinin (9 noyabr 2012-ci il tarixli) və Roma məhkəməsinin (15 yanvar 2014-cü il tarixli) qərarlarında Konvensiya nəzərə alınmışdır və bu qərarlar (yuxarıda istinad edilən) Kosta və Pavan işi üzrə Məhkəmənin gəldiyi nəticələri nəzərə alaraq şikayətçilərin implantasiyadan öncə diaqnostikanı həyata keçirmələrini təmin etmiş və bu məsələnin konstitusionallığı ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmışdır. Bununla belə, söhbət Hökumətin istinad etdiyi on bir işin yalnız ikisindən gedir ki, bu işlər Məhkəmənin hazırda baxdığı işdən fərqlidir.
97. Üstəlik, 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsi ilə Konvensiyada təsbit edilmiş hüquqlar arasında uyğunluq yeni bir məsələ olduğundan, Məhkəmə ərizəçinin ümumi yurisdiksiyalı məhkəməyə şikayət vermək imkanının effektiv bir çarə olduğuna qətiyyən inanmır.
98. Xüsusilə, Avropa İnsan Hüquqları Məhkəməsinin şərhinə əsaslanaraq Konvensiyanı şərh etmək hüququnun Strazburq məhkəməsinin səlahiyyətində olduğunu və bu və ya digər milli hüquq normaları ilə Konvensiyada təsbit edilmiş hüquqlar arasında ziddiyyətin olub-olmamasını araşdırmaq hüququnun isə Konstitusiya Məhkəməsinə aid olduğunu vurğulayaraq 348 və 349 saylı qərarlar özləri də bu məhkəmələr arasındakı fərqləri dəqiqləşdirmişdir (bax: yuxarıdakı 26 cı bəndə).
99. Bundan başqa, Strazburq Məhkəməsi (Böyük Palatanın) hazırki işlə bağlı qərar qəbul edənə qədər Konstitusiya Məhkəməsi sədrinin Florensiya Məhkəməsinin 7 dekabr 2012-ci ildə qaldırdığı məsələ ilə bağlı araşdırmanı təxirə salması haqqındakı 19 mart 2014-cü il tarixli qərarı da bu məntiqlə verilmişdir.
100. Bu kontekstdə Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi, o cümlədən İnsan Hüquqları üzrə Konvensiyanın və Avropa Məhkəməsinin president hüququnun milli hüquq sistemində tutduğu yeri təhlil etdiyi (26 mart 2015-ci il tarixli 49 saylı) son qərarda vurğulamışdır ki, işə mahiyyəti üzrə baxan hakim Məhkəmənin təcrübəsinə yalnız o halda əməl etməlidir ki, bu təcrübə « dəqiq təşəkkül tapmış » təcrübədir və ya « pilot qərarda » elan edilmişdir.
101. Bütün hallarında, Məhkəmə dəfələrlə xatırlatmışdır ki, İtaliya hüquq sistemində iddiaçı Konstitusiya Məhkəməsinə birbaşa müraciət edə bilməz: əslində, yalnız şikayətçinin və ya vəkilin ərizəsi əsasında işə mahiyyəti üzrə baxan məhkəmənin Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyəti var. Bu səbəbdən, belə bir müraciət Konvensiyanın tükəndirməyi tələbi etdiyi daxili hüquq müdafiə vasitəsi kimi təhlil edilə bilməz (bax: xüsusilə, Broziçek Italiyaya qarşı no 10964/84, 19 dekabr 1989-cu il, § 34, seriya A no 167, Immobiliare Saffi Italiyaya qarşı[GC],no 22774/93, § 42, CEDH 1999‑V, C.G.I.L. və Cofferati Italiyaya qarşı, no 46967/07, § 48, 24 fevral 2009-cu il, Scoppola Italiyaya qarşı (no 2) [GC], no 10249/03, § 75, 17 sentyabr 2009-cu ilvəM.C.və başqaları Italiyaya qarşı, no 5376/11, § 47, 3 sentyabr 2013-cü il işləri üzrə qərarlara). Əksinə, digər üzv Dövlətlərə gəlincə, Komissiya və Məhkəmə hesab etmişdir ki, Konstitusiya Məhkəməsinə birbaşa müraciət istifadə edilməsi lazım gələn daxili hüquq müdafiə vasitəsidir (bax, məsələn, V. Almaniyaya qarşı, no10785/84, 18 iyul 1986-cı il, Décisions et rapports (DR) 48, səh. 104, Alimentaria Sanders Birliyi SA İspaniyaya qarşı, no 11681/85, 11 dekabr 1987-ci il DR 54, səh. 101, 104, S.B. və başqaları Belçikaya qarşı (dek.), no 63403/00, 6 aprel 2004-cü il və Qrişankova və Qrişankovs Latviyaya qarşı(dek.), no 36117/02, CEDH 2003‑II işləri üzrə qərarlara (çıxarışlar)).
102. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə belə hesab edə bilməz ki, Konvensiyanın işığında 348 və 349 saylı qərarlara əsasən müəyyən olunmuş daxili normanın məcburi olaraq şərh edilməsi sistemi belə bir nəticədən imtina etməyə imkan verən bir dönüş nöqtəsidir (bax : a contrario, Türkiyə Konstitusiya Məhkəməsinə fərdi şəkildə birbaşa müraciət imkanı nəzərdə tutulduqdan sonra Məhkəmənin bu vasitənin effektivliyini qəbul edən son qərarlarına : Həsən Uzun Türkiyəyə qarşı (qərardad), no 10755/13, §§ 25-27, 30 aprel 2013-cü il və Əli Koçintar Türkiyəyə qarşı (qərardad), no 77429/12, 1 iyul 2014-cü il işləri üzrə qərarlar).
103. 24 oktyabr 2007-ci il tarixli 348 və 349 saylı qərarların, xüsusilə, hüquq mənbələrində Konvensiyanın yeri və milli məhkəmə hakimiyyətlərinin daxili hüquq normalarını və Konstitusiyanı Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsi təcrübəsinin işığında şərh etməyə dəvət edilməsi ilə bağlı prinsiplərini alqışlamaq lazımdır. Məhkəmə həmçinin qeyd edir ki, süni mayalanma işindən başqa digər işlərdəki bir çox qərarlarda Konstitusiya Məhkəməsi əsaslanılan daxili hüquq norması ilə Konstitusiya arasında ziddiyyət olduğu və bu norma ilə Konvensiyada və Avropa Məhkəməsinin təcrübəsində təsbit edilən hüquqlar arasında uyğunsuzluq olduğu qənaətinə gəlmişdir (müflisləşmə ilə bağlı hüquqlarından məhrum edilmə ilə əlaqədar 5 mart 2008-ci il tarixli 39 saylı qərar, müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı məhkəmə proseslərində dinləmələrin açıq şəkildə keçirilməsinə dair 17 mart 2010-cu il tarixli 93 saylı qərar və cəza qanunun retroaktiv tətbiqi ilə bağlı 3 iyul 2013-cü il tarixli 210 saylı qərar bu qəbildən olan qərarlardır).
104. Bununla belə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, İtaliya hüquq sistemi fiziki şəxslərin Konstitusiya Məhkəməsinə yalnız bilavasitə müraciətini nəzərdə tutur. Bundan başqa, Hökumət məhkəmənin presedent hüququna və təşəlkkül tapmış təcrübəsinə əsaslanaraq ərizəçinin embrionların tədqiqata verilməsi ilə bağlı işə mahiyyəti üzrə baxan hakimə müraciət etməsi ilə birgə hakimin Konvensiyaya əsasən konstitusionallıqla bağlı Konstitusiya Məhkəməsi qarşında məsələ qaldırmaq borcunun hazırki işdə ərizəçinin tükəndirməli olduğu hüquq müdafiə vasitəsi olduğunu nümayiş etdirməmişdir.
105. Yuxarıda qeyd edilənləri və Konstitusiya Məhkəməsinin hazırki işlə bağlı Böyük Palata qərar qəbul edənədək baxılmaq üçün ona verilmiş oxşar işin araşdırılmasını təxirə salmağı qərara alması həmin faktı nəzərə alaraq, cavabdeh Hökumətin ilkin etirazını rədd etmək məqsədəuyğundur.
II. ALTI AY MÜDDƏTİNƏ RİAYƏT OLUNMASINA DAİR
A. Hökumətin mövqeyi
106. Dinləmələr zamanı Hökumət embrionların elmi tədqiqata verilməsini qadağan edən qanunun 2004-cü il martın 10-da qüvvəyə mindiyini və ərizəçinin öz embrionlarının ona verilməsi ilə bağlı yalnız 2011-ci il dekabrın 14-də embrionlarının dondurularaq saxlanıldığı reproduktiv tibb mərkəzinə məktub ilə müraciət etdiyini vurğulayaraq ərizənin gecikdirildiyini iddia etmişdir.
B. Ərizəçinin mövqeyi
107. Dinləmələr zamanı ərizəçi embrionlarının ona verilməsi ilə bağlı 14 dekabr 2014-cü ildə reproduktiv tibb mərkəzinə yazılı qayadada müraciət etməsi ilə əlaqədar Hökumətin etirazına cavab olaraq qeyd etmişdir ki, o, əvvəllər də eyni məqsədi ifadə edən digər tələbləri şifahi şəkildə təqdim etmişdir.
108. Bütün hallarda ərizəçi tətbiq edilən qanunun embrionların elmi tədqiqata verilməsini birmənalı şəkildə qadağan etdiyini xatırladaraq iddia etmişdir ki, reproduktiv tibb mərkəzinə ünvanlanmış hər bir tələb müvəffəqiyyətsizliyə düçar idi.
C. Məhkəmənin dəyərləndirməsi
109. Məhkəmə xatırladır ki, ərizəçinin istinad etdiyi hüquqa müdaxilə yalnız qanunun qüvvədə olmasından irəli gəlirsə, bu qanun sözügedən hüququn həyata keirlməsinə daima müdaxilə edə bilər (bax, məsələn, Dudgeon Birləşmiş Krallığa qarşı, 22 oktyabr 1981-ci il, § 41, seriya A no 45,vəNorris İrlandiyaya qarşı, 26 oktyabr 1988-ci il, § 38, seriya A no 142, işlərinə. Bu işlərdə homoseksual olan ərizəçilər homoseksual fəaliyyətləri cinayət qaydasında sanksiyalaşdıran qanunların onların şəxsi həyata hörmət hüququnu pozduğundan şikayət vermişlər.)
110. Məhkəmə bu yanaşma ilə bağlı Vallianatos və başqalrı Yunanıstana qarşı ([BP], nos 29381/09 və 32684/09, § 54, CEDH 2013 (çıxarışlar)) işinə əsaslanmışdır. Həmin işdə ərizəçilər eyni cinsdən olan cütlük kimi « birgə yaşamaq haqqında razılığın » imzalanmasının onlar üçün mümkün olmaması səbəbilə Konvensiyanın 14-cü və 8-ci maddələrinin davamlı pozuntusundan şikayət vermişlər, halbuki, qarşı cinsdən olan cütlüklər üçün bu hüquq qanunla tanınmışdır. Bundan başqa, ictimai yerlərdə üzü gizlətmək məqsədilə geyilən geyim formalarının qanunla qadağan edilməsi ilə bağlı S.A.S. Fransaya qarşı ([BP], no 43835/11, § 110, CEDH 2014 (çıxarışlar)) işində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin vəziyyəti Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqların həyata keçirilməsinə davamlı müdaxilə olunduğu müəyyənləşdirilən Dudgeon vəNorris işlərindəki ərizəçilərin vəziyyəti ilə oxşardır.
111. Məhkəmə qəbul edir ki, yuxarıda istinad edilən işlərdə barəsində şikayət edilən qanunvericilik tədbirlərinin ərizəçilərin gündəlik həyatı üzərindəki təsiri hazırki işdəki təsirdən daha əhəmiyyətli və daha birbaşadır. Bununla belə, hazırki işdə embrionların elmi tədqiqata verilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qadağanın ərizəçinin şəxsi həyatına təsir etdiyini inkar etmək olmaz. Ərizəçi və embrionları arasındakı bioloji əlaqədən, eləcə də onların yaradılması əsasında ailə planlamasının həyata keçirilməsi məqsədindən irəli gələn bu təsir 2004-cü il tarixli 40 saylı qanunun qüvvəyə minməsinin birbaşa nəticəsidir və həmin vaxtdan etibarən daima ərizəçiyə təsir edən davamlı vəziyyət kimi təhlil edilir (bax : dondurulmuş embrionlar üzərində tədqiqat Komissiyasının embrionların müddətsiz olaraq saxlanılması ehtimalını irəli sürən 8 yanvar 2010-cu il tarixli yekun rəyinə, yuxarıdakı 21-ci bəndə).
112. Belə olan halda Məhkəmənin presedent hüququna əsasən altı aylıq müddət sözügedən vəziyyət başa çatdığı müddətdən etibarən başlayır (bax: digərləri arasında, Çınar Türkiyəyə qarşı, no 17864/91, Komissiyanın 5 sentyabr 1994-cü il tarixli qərarı). Nəticədə, Məhkəmə Hökumətin bu müddətin mübahisəli qanunun qüvvəyə mindiyi gündən etibarən başlaması barədəki fikri ilə razılaşmır.
113. Digər tərəfdən, Hökumətin bu arqumenti o deməkdir ki, ərizəçi öz embrionlarını mübahisəli qanun qüvvəyə mindikdən dərhal sonra verməyi düşünmüşdür. Bu elə vəziyyətdir ki, Məhkəmə bununla bağlı fikir yürüdə bilməz.
114. Ərizənin gecikdirilməsi ilə bağlı Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən Hökumətin qaldırdığı ilkin etiraz bu səbəbdən qəbul edilə bilməz.
III. ƏRİZƏÇİNİN QURBAN STATUSUNA DAİR
A. Hökumətin mövqeyi
115. Hökumət həmçinin, həmin vaxt bununla bağlı heç bir nizamlama olmaması və bu səbəbdən embrionların verilməsi qadağan edilməməsi səbəbilə, ərizəçinin öz embrionlarını 12 noyabr 2003-cü ildən – maraqlı tərəfin partnyorunun ölüm tarixindən etibarən – 10 mart 2004-cü ilədək – 2004-cü il tarixli 40 saylı qanun qüvvəyə mindiyi tarixə qədər –tədqiqata verə biləcəyini vurğulayaraq, ərizəçinin qurban statusunun olmamasını da iddia etmişdir.
B. Ərizəçinin mövqeyi
116. Dinləmələr zamanı ərizəçi qeyd etmişdir ki, partnyorunun ölüm tarixi ilə mübahisəli qanunun qüvvəyə minməsi tarixi arasındakı müddət olduqca qısa – təxminən dörd ay – olmuşdur və o, bu qısa zaman dilimində həyata keçirdiyi süni mayalanma nəticəsində yaradılmış embrionların taleyi ilə bağlı dəqiq qərar verə bilməmişdir.
C. Məhkəmənin dəyərləndirməsi
117. Məhkəmə xatırladır ki, bir halda ki, qanun qüvvədə qüvvədə qaldığı müddətcə ərizəçinin şəxsi həyatına birbaşa müdaxilə edir, onun sözügedən hüququn həyata keçirilməsindəki müdaxiləsi davamlıdır. Maraqlı tərəfin fərdi vəziyyətində qanunun yalnız mövcud olması faktı belə onun şəxsi həyatına davamlı və birbaşa təsirə malikdir (Dudgeon § 41 və Norris, § 34, yuxarıdakı istinadlar).
118. Hazırki işin hallarında ərizəçi 2004-cü il tarixli 40 saylı qanun qüvvəyə mindiyi vaxtdan etibarən öz embrionlarını tədqiqata vermək iqtidarında olmamışdır (bax: həmçinin yuxarıdakı 113-cü bəndə). Həmin vaxtdan etibarən mübahisəli vəziyyət dəyişməz olaraq qaldığından ərizəçinin şikayət ərizəsi ilə müraciətindən etibarən öz embrionlarını tədqiqata verməyi arzu etməsi faktı Məhkəmənin onun zərərçəkmiş statusunu qəbul etməsi üçün kifayətdir. Bundan başqa, ərizəçinin öz embrionlarını partnyorunun ölümü ilə qanunun qüvvəyə minməsi arasındakı müddətdə elmi tədqiqata verə biləcəyi ilə bağlı Hökumətin arqumentinə gəlincə, Məhkəmə ərizəçinin arqumentlərini nəzərə alır və belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən qısa zaman dilimində ərizəçi embrionlarının taleyi ilə bağlı qərar qəbul edə bilməzdi.
119. Beləliklə, cavabdeh Hökumətin ərizəçinin qurban statusunun olmaması barədəki etirazını rədd etmək lazımdır.
IV. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDA EDİLƏN POZUNTUSU
120. Konvensiyanın 8-ci maddəsinə əsaslanaraq ərizəçi iddia edir ki, 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsi ilə embrionların elmi tədqiqat məqsədilə verilməsinin qadağan edilməsi onun şəxsi həyata hörmət hüququnu pozur. 8-ci maddənin müvafiq hissələrində deyilir :
« 1. Hər kəs öz şəxsi həyatına (...) hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. »
A. Tərəflərin arqumentləri
1. Hökumətin arqumentləri
121. Hökumət hər şeydən əvvəl iddia edir ki, embrionların elmi tədqiqata verilib-verilə bilinməyəcəyini öyrənmək məsələsi « şəxsi həyata hörmət hüququ » anlayışına daxil deyil.
122. Dinləmələr zamanı Hökumət irəli sürmüşdür ki, Konvensiyanın 8-ci maddəsi hazırki işdə « bilavasitə » tətbiq edilə bilər, yəni yalnız o halda tətbiq edilər ki, ərizəçi embrionlarının implantasiya edilməsi sayəsində ailə planlamasını həyata keçirməyi arzu etmiş olsun və ya 2004-cü il tarixli 40 saylı qanunun tətbiqi nəticəsində o, bu planlamanı həyata keçirə bilməsin.
123. Bütün hallarında Hökumət təkid edir ki, ərizəçinin şəxsi həyatına iddia edilən müdaxilə qanunla nəzərdə tututulur və embrionun həyat potensialının qorunması ilə bağlı legitim məqsəd daşıyır.
124. Mübahisəli tədbirin proporsionallığına gəlincə, Hökumət öz yazılı qeydlərində Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəalarına istinad etməklə kifayətlənmişdir. Əksinə, dinləmələr zamanı, dondurulmuş embrionların insana çevrilməyəcəyini deyən ərizəçinin haqsız olduğunu əsas gətirərək Hökumət bildirmişdir ki, İtaliya qanunvericiliyi mübahisəli xarakter daşımır. Bu məsələ ilə bağlı Hökumət irəli sürmüşdür ki, düzgün qaydada həyata keçirilmiş dondurulma müddətsizdir və donu açılmadan embrionun həyat qabiliyyətinin olub-olmadığını yoxlamağa imkan verən başqa bir elmi meyar hələ yoxdur.
125. Digər tərəfdən, hamilələyin sonlandırılması halında dölün həyatının qorunmasının açıq-aydın ananın vəziyyəti və maraqları ilə balanslaşdırlmalı olduğunu bildirərək Hökumət hesab edir ki, İtaliyada abort edilməsinə icazə verən qanunla embrionların tədqiqata verilməsini qadağan edən qanun arasında ziddiyyət yoxdur.
126. Dinləmələr zamanı Hökumət həmçinin qeyd etmişdir ki, embrion şübhəsiz ki, Avropa hüququnda qorunur. Bununla bağlı o irəli sürmüşdür ki, 4 aprel 1997-ci il tarixli İnsan Hüquqları və Biotəbabət üzrə Avropa Şurası Konvensiyası (« Oviedo Konvensiyası ») şübhəsiz Dövlətləri embrionlar üzərində məhvedici elmi tədqiqatlar aparılmasına icazə verməyə məcbur etmir. Belə bir tədqiqatın aparılması seçimi, Hökumətə görə, bu sahədə Dövlətlərə verilmiş olan geniş mülahizə səlahiyyətindən irəli gəlir.
127. Bundan başqa, Hökumət qeyd edir ki, 2004-cü il tarixli 40 saylı qanunun hazırlıq işləri həmin qanunu bu sahədə meydana gələn müxtəlif fikirləri və elmi və etik məsələləri nəzərə alan əhəmiyyətli bir işin bəhrəsi olaraq nümayiş etdirir. Üstəlik, Hökumət bildirir ki, sözügedən qanun, xüsusilə də 13-cü maddə dəfələrlə referenduma çıxarılmış, lakin yetərsay olmadığından səsvermə uğursuz olmuşdur.
128. Ustəlik, Hökumət İtaliyada elmi tədqiqatlarda xaricdən idxal edilmiş homogen xarakterli embrional kök hüceyrə törəmələrinin və ya ölkə daxilindəki embrionların məhv edilməsi nəticəsində əldə edilən kök hüceyrələrin istifadə edildiyini qəbul etsə də, dünyada elmi cəmiyyətin sərancamında olan təxminən 300 embrional kök hüceyrə törəmələrinin mövcudluğunu vurğulayaraq bildirir ki, bu törəmələrin istehsalı İtaliya laboratoriyalarının şifarişi ilə həyata keçirilmir. Bu məsələ ilə bağlı Hökumət qeyd edir ki, insan embrionunun könüllü şəkildə məhv edilməsi əvvəlcədən məhv edilmiş embrionlardan alınan kök hüceyrə törəmələrinin istifadəsi ilə müqayisə edilə bilməz.
129. Avropa Birliyinin elmi tədqiqatları maliyyələşdirməsinə gəlincə, Hökumət ifadə edir ki, Tədqiqat və texnoloji inkişaf üzrə 7-ci çərçivə-proqram və « Horizon 2020 » tədqiqat və innovasiya üzrə çərçivə-proqram (bax : yuxarıdakı 64-cü bəndə) istər Avropada yaradılmış, istərsə də üçüncü ölkələrdən idxal edilmiş embrionların məhvinə səbəb olan layihələrin maliyyələşdirilməsini nəzərdə tutmur.
130. Nəticədə, Hökumət qeyd edir ki, Bioetika üzrə Milli Komitənin « dogum məqsədilə övladlığa götürmə – ADP » (bax : yuxarıda qeyd edilən 19-20-ci bəndlərə) ilə bağlı 18 noyabr 2005-ci il tarixli tövsiyyəsində artıq qalan embrionların yaşamının təmin edilməsi istiqamətində məsələnin həll yollarının axtarılması məqsədilə onların taleyinə diqqət yetirmişdir.
131. Hökumət hesab edir ki, 10 iyun 2014-cü il 162 saylı qərarı nəzərə almaqla bu gün bu yanaşma reallaşa bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı İtaliya qanunvericiliyində nəzərdə tutulan məqsədə uyğun olaraq orqanizmdən kənar mayalanma nəticəsində əldə edilən artıq embrionların qeyri-destruktiv məqsədlərlə istifadəsinə imkan verən geteroloji mayalanmanın qadağan edilməsini qeyri-konstutusion elan etmişdir.
2. Ərizəçinin arqumentləri
132. İlk növbədə ərizəçi bildirir ki, Məhkəmənin presedent hüququna əsasən « şəxsi həyat » anlayışı geniş anlayışdır. (Pretty Birləşmiş krallığa qarşı, no 2346/02, § 61, CEDH 2002‑III və Evans Birləşmiş Krallığa qarşı [BP], no 6339/05, § 71, CEDH 2007‑I).
133. Daha sonra ərizəçi qeyd edir ki, o, partnyorunu faciəli şəkildə itirmiş və bu səbəblə də ailə planlamasını həyata keçirə bilməmişdir. Dinləmələrdə o izah etmişdir ki, partnyorunun ölümü ilə qanunun qüvvəyə minməsi arasında yalnız dörd ay keçmiş və bu səbəbdən də ailə planlamasını həyata keçirmək üçün onun kifayət qədər zamanı olmamışdır və bütün hallarda qanun atanın ölümündən sonra embrionların implantasiyasını qadağan edir.
134. Bu kontekstdə ərizəçi hesab edir ki, Dövlət, üstəlik, embrionların tədqiqata verilməsini qadağan edərək ərizəçini onların məhv edilməsində iştirak etməyə məcbur edir, halbuki embrionların verilməsi xeyirxah bir işə xidmət edəcək və qarşılaşdığı bu ağrılı hadisələrdən sonra onun üçün bir təsəlliyə çevriləcək. Bu şərtlərdə ərizəçi hesab edir ki, onun şəxsi həyat hüququndan söhbət gedir.
135. Bundan başqa ərizəçi hesab edir ki, sistem tərəfindən təklif edilən yeganə çıxış yolu embrionların məhvi olduğundan mübahisəli qadağa məntiqli deyil. Dinləmələr zamanı Hökumətin istinad etdiyi embrionun yaşamaq hüququnun nə qadınların hamiləliyinin üçüncü ayına qədər abort etmək imkanına, nə də xaricdə yaradılmış kök hüceyrə törəmələrinin İtaliya laboratoriyalarında istifadəsinə uyğun olmadığını irəli sürərək ərizəçi, xüsusilə, İtaliya hüquq sistemində mövcud olan ziddiyyətləri vurğulamışdır.
136. Üstəlik, ərizəçi hesab edir ki, implantasiya üçün nəzərdə tutulmamış embrionların təhqiqat üçün verilməsi imkanı ictimai maraqlara uyğundur, belə ki, yaradılmış pluripotent kök hüceyrələr üzərindəki tədqiqatlar staminal hüceyrələr üzərindəki tədqiqatları hələ əvəz edə bilməmişdir, bunun səbəbi staminal hüceyrələrin ümid bəxş edən tədqiqatlar, xüsusilə, də çarəsi olmayan bəzi patologiyaların müalicəsi ilə bağlı tədqiqatlar arasında yer tutmasıdır.
137. Ərizəçi bildirir ki, xüsusilə, implantasiya üçün nəzərdə tutulmayan embrionların elmi tədqiqata verilməsi imkanı ilə bağlı Avropa məkanındakı razılığı nəzərə alsaq, Dövlət hazırki işlə bağlı geniş mülahizə səlahiyyətinə malik deyil.
138. Dinləmələr zamanı ərizəçi Oliver Brüstl Qrinpis təşkilatına qarşı (bax: yuxarıda qeyd edilən 59 və 61-ci bəndlərə) işində Avropa Birliyi Ədalət Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli qərarına istinad etmişdir. Bu qərarın insan embrionlarının məhvinə səbəb olan kəşflərin patent almasını qadağan etməklə kifayətləndiyini qeyd edərək ərizəçi belə bir nəticə çıxarmışdır ki, bu tədqiqatlar və onların nəticəsi olan bu kəşflər Avropada qadağan edilməmişdir.
139. Nəhayət, ərizəçi hesab edir ki, 28 may 2014-cü il tarixli « Bizdən biri » Avropa vətəndaşı təşəbbüsü ilə əlaqədar Avropa Komissiyasının Bildirişi təsdiq edir ki, insan embrional kök hüceyrələri üzərindəki tədqiqatların maliyyələşdirilməsinə icazə verilmişdir.
3. Üçüncü müdaxilə edən tərəflərin dəlilləri
a) Ədalət və İnsan Hüquqları üzrə Avropa Mərkəzi (« ECLJ »)
140. Ədalət və İnsan Hüquqları üzrə Avropa Mərkəzi iddia edir ki, hazırki işdə ərizəçinin dəyər verdiyi elmi maraqlar Oviedo Konvensiyasının 2-ci maddəsinin « insanın üstünlüyü » prinsipindən irəli gələn embriona hörmətdən üstün deyil.
141. Bundan başqa, Avropa Mərkəzi qeyd edir ki, süni mayalanma ilə bağlı Məhkəmə işlərində ərizəçilərin şəxsi və ailə həyatına müdaxilə cütlüyün və ya ananın valideynlik planlamasının həyata keçirilməsində maneə yaradan qanundan irəli gəlir. O hesab edir ki, hazırki işlə bağlı məsələ başqadır, hələ heç bir qanun süni mayalanmanın həyata keçirildiyi vaxtda post mortem hamilələyi qadağan etməməsinə baxmayaraq ərizəçi öz ailə planlamasını həyata keçirməkdən imtina etməyə qərar vermişdir.
142. Nəticədə, Avropa Mərkəzi xatırladır ki, yuxarıda istinad edilən S.H. və başqaları Avstriyaya qarşı və Evans işləri üzrə qərarlara əsaslanan üzv Dövlətlərin mülahizə səlahiyyəti bu sahədə genişdir.
b) Cənab Karlo Kazini tərəfindən təmsil edilən « Movimento per la vita », « Scienza e vita » və « Forum delle associazioni familiari » təşkilatları
143. Bu təşkilatlar bildirirlər ki, sözügedən insan embrionları üzərində destruktiv təcrübələrin aparılması qanunla qadağan edilmiş və Oviedo Konvensiyası belə təcrübələrin keçirilməsinə icazə verilməsində heç bir öhdəlik qoymur.
144. Bundan başqa, təşkilatlar xatırladir ki, üzv Dövlətlər bu sahədə geniş mülahizə səlahiyyətinə malikdir.
c) Xanım Filomena Qallo tərəfindən təmsil edilən « Luca Coscioni », « Amica Cicogna Onlus », « L’altra cicogna Onlus » və « Cerco bimbo » təşkilatları və eləcə də İtaliya Parlamentinin qırx altı üzvü
145. Bu üçüncü tərəflər iddia edirlər ki, « şəxsi həyat » anlayışı dəyişkəndir, bu anlayışın tam, müfəssəl bir tərifi yoxdur və ərizəçi, xüsusilə ona aid olan biomaterialın, yəni valideynlik planlaması üçün nəzərdə tutulmayan və bütün hallarda məhv ediləcək embrionların tədqiqata verilməsi ilə bağlı seçiminə hörmət edilməsini tələb edir.
146. Üçüncü tərəflər əlavə edirlər ki, İtaliya qanunu embrionun yaşamaq hüququnu mütləq şəkildə qorumadığından sözügedən müdaxilə istinad edilən məqsədlə əsaslandırılmır.
d) Xanım Mariya Eliza D’Amiko, xanım Mrtiya Paola Konstantini, cənab Massimo Klara, xanım Şiara Raqni və xanım Benedetta Liberali tərəfindən təmsil edilən « VOX – Osservatorio italiano sui Diritti », « SIFES – Society of Fertility, Sterility and Reproductive Medicine » və « Cittadinanzattiva » təşkilatları
147. Bu təşkilatlar qeyd edirlər ki, 2004-cü il tarixli 40 saylı qanunun 13-cü maddəsi fərdlərin böyük xərclər hesabına müddətsiz olaraq saxlanılması təmin edilməli olan embrionlarının taleyi ilə bağlı seçim azadlıqlarını məhdudlaşdırırır.
148. Bu təşkilatların fikrincə, dondurulmanın nə ölümə məhkum embrionlar üçün, nə də uzun müddət saxlanılmış embrionların implantasiya məqsədilə istifadə edilməsini arzu etməyən cütlüklər üçün heç bir əhəmiyyəti yoxdur, belə ki, həmin embrionlar zamanla « keyfiyyətini » itirir. Həmçinin, dondurulma embrionların saxlanıldığı tibbi mərkəzlər üçün maraq kəsb etmir.
B. Məhkəmənin dəyərləndirməsi
1. Hazırki işdə Konvensiyanın 8-ci maddəsinin tətbiqinə və ərizəçinin şikayətinin qəbuledilənliyinə dair
149. Hazırki işdə Məhkəmə ilk dəfə olaraq Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən « şəxsi həyata hörmət hüququ »nun orqanizmdən kənar mayalanma nəticəsində əldə edilən embrionların elmi tədqiqata verilməsi məqsədilə ərzizəçinin tələb etdiyi hüququ əhatə edib etmədiyi məsələsinə baxacaqdır.
150. Hökumət iddia edir ki, sözügedən istifadə hazirki işdə dolayı yolla və yalnız « ailə həyatı » nöqteyi-nəzərdən, yəni yalnız ərizəçi dondurulma və embrionlarının gələcəkdə implantasiyası sayəsində ailə planlaşdırmasını həyata keçirməyi arzu etmiş olduğu halda tətbiq edilə bilər və 2004-cü il tarixli 40 saylı qanunun tətbiqi səbəbilə ərizəçi bunu edə bilmir.
151. Lakin ərizəçi həm şikayət ərizəsində (bax : yuxarıdakı 14-cü bəndə), həm də dinləmələr zamanı (bax: yuxarıdakı 116-cı bəndə) qeyd etmişdir ki, partnyorunun ölümündən bu yana o, ailə planlamasını həyata keçirməyi bir daha düşünməmişdir. Bundan başqa, o bununla bağlı Konvensiyanın 8-ci maddəsi altında ailə həyatına hörmət hüququnun pozuntusundan heç bir şikayət verməmişdir.
152. Əslində, Məhkəmənin nəzərdən keçirdiyi mübahisəli məsələnin predmet ərizəçinin öz embrionlarının taleyi haqqında qərar verməklə bağlı « şəxsi həyat » anlayışından irəli gələn hüququnun məhdudlaşdırılmasıdır.
153. Ərizəçi kimi, Məhkəmə hər şeydən əvvəl xatırladır ki, Konvensiyanın 8-ci maddəsi ilə bağlı təcrübəsinə əsasən « şəxsi həyat » anlayışı dəqiq tərifi olmayan və xüsusilə öz müqəddəratını təyinetmə hüququnu əhatə edən geniş bir anlayışdır (yuxarıda istinad edilən Pretty, § 61). Bundan başqa, bu anlayış valideyn olub olmamaq haqqındakı qərarlara hörmət hüququnu da əhatə edir (yuxarıda itinad edilən Evans, § 71, və A, B və C İrlandiyaya qaşı [BP], no 25579/05, § 212, CEDH 2010).
154. Süni mayalanma nəticəsində əldə edilən embrionların taleyi ilə bağlı işlərdə qərar qəbul etməli olan Məhkəmə tərərflərin azad seçiminə istinad etmişdir.
155. (yuxarıda istinad edilən) Evans işində, süni mayalanma üsuluna müraciət edən tərəflərin Konvensiyanın 8-ci maddəsinə əsasən istifadə etdikləri toqquşan hüquqlar arasında balanslaşdırmanı təhlil edərək Böyük Palata hesab etmişdir ki, « [eks-partnyorunun] onunla birgə bioloji uşağa sahib olmağı istəməmək iradəsi ilə bağlı hüququna münasibətdə ərizəçinin genetik anlamda valideyn olmaq seçimi ilə bağlı hüququna üstünlük vermək lazım deyildir» (yuxarıda qeyd edilən Evans, § 90).
156. Bundan başqa, Knecht Rumıniyaya qarşı (no 10048/10, 2 oktyabr 2012-ci il) işində, ərizəçinin ailə həyatına hörmət hüququnun tanınmamasından da şikayət verməsinə baxmayaraq (bax : qərarın 51-ci bəndinə) Məhkəmə hesab etmişdir ki, işdə 8-ci maddə altında onun şəxsi həyatına hörmət hüququ tətbiqediləndir. Bu işdə ərizəçi embrionlarının saxlanıldığı tibbi mərkəzdən seçmiş olduğu ixtisaslaşmış klinikaya köçürülməsinə milli hakimiyyət orqanlarının icazə verməməsindən şikayət edirdi (yuxarıda istinad edilən Knecht, § 55).
157. Məhkəmə qeyd edir ki, dinləmələr zamanı Hökumətin qeyd etdiyi kimi, milli hüquq çərçivəsində Konstitusiya Məhkəməsinin geteroloji mayalanmanın qadağan edilməsini qeyri-kostitusion elan edən 10 iyun 2014-cü il tarixli 162 saylı qərarı (bax: yuxarıdakı 34-39cu bəndlərə) 2005-ci ildə Bioetika üzrə Milli Komitənin nəzərdən keçirdiyi və implantasiya məqsədilə artıq qalan embrionların bir cütlük və bir qadın tərəfindən övladlığa götürülməsi təcrübəsindən ibarət olan « doğum üçün övladlığa götürmə » təcrübəsinə icazə verməlidir. Üstəlik, Məhkəmə qeyd edir ki, sözügedən qərarda Konstitusiya Məhkəməsi hesab etmişdir ki, valideyn olmağı və uşaqlarla birgə ailə yaratmağı iddia edənlərin seçimi « onların şəxsi və ailə həyatı ilə bağlı öz müqəddəratını təyinetmə azadlığından » irəli gəlir (bax: yuxarıdakı 37-ci bəndə). Nəticədə, İtaliya hüquq sistemi implantasiya üçün nəzərdə tutulmayan embrionların taleyinə toxunaraq tərəflərin süni mayalanma vasitəsilə müalicə seçiminin sərbəstliyinə də böyük diqqət yetirmişdir.
158. Hazırki işdə Məhkəmə süni mayalanmaya müraciət edən şəxslə əldə edilən embrionlar arasında mövcud olan və embrionların sözügedən şəxsin genetik mirasını təşkil etməsi və bu anlamda həmin şəxsin ayrılmaz bir parçasını və bioloji identikliyini təmsil etməsi faktını əks etdirən əlaqəni də nəzərə almalıdır.
159. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin öz embrionlarının taleyi ilə bağlı şüurlu və düşünülmüş seçimini həyata keçirmək imkanı onun şəxsi həyatının konfidensiallığı ilə əlaqədardır və bununla bağlı öz müqəddəratını təyinetmə hüququndan irəli gəlir. Nəticə etibarilə, şəxsi həyata hörmət hüququ nöqteyi-nəzərdən Konvensiyanın 8-ci maddəsi hazırki işdə tətbiq edilir.
160. Nəticədə, Məhkəmə müəyyən edir ki, bu şikayət ərizəsi Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndinə əsasən açıq-aydın əsaslandırılmamış deyildir və şikayət ərizəsində başqa heç bir qəbuledilməzlik əsası yoxdur. Beləliklə, ərizənin qəbuledilənliyini bəyan etmək məqsədəuyğundur.
2. Ərizəçinin şikayət ərizəsinin mahiyyəti
a) « Qanunla nəzərdə tutulmuş » « müdaxilə »nin mövcudluğu
161. Tərəflər kimi Məhkəmə hesab edir ki, implantasiya üçün nəzərdə tutulmayan orqanizmdən kənar mayalanmış embrionların elmi tədqiqata verilməsinin 2004-cü il tarixli 40 saylı qanunla qadağan edilməsi ərizəçinin şəxsi həyata hörmət hüququna müdaxilədir. Məhkəmə xatırladır ki, ərizəçinin süni mayalnmaya müraciət etdiyi vaxtda bu üsulla əldə edilən və implantasiya edilməyən embrionların verilməsi məsələsi nizamlanmamışdır. Nəticədə, mübahisəli qanun qüvvəyə mindiyi vaxta qədər ərizəçinin öz embrionlarını elmi tədqiqata verməsi heç bir halda qadağan edilməmişdi.
b) Məqsədin legitimliyi
162. Dinləmələr zamanı Hökumət qeyd etmişdir ki, mübahisəli tədbirin məqsədi « embrionun həyat potensialıdır ».
163. Məhkəmə xatırladır ki, 8-ci maddənin ikinci bəndindəki şəxsi həyata hörmət hüququnun istisnaları dəqiqdir və bu istisnaların mənası məhdudlaşdırıcıdır. Konvensiyaya uyğun olmaq üçün bu hüququn məhdudlaşdırılmasının əsasında, bu müddəada sadalanan hüquqlardan biri ilə əlaqəli olan məqsdəd durmalıdır (S.A.S.c. France, yuxarıdakı istinad, § 113).
164. Məhkəmə qeyd edir ki, Hökumət öz yazılı qeydlərində olduğu qədər dinləmələr zamanı ona verilən suallara cavablarında da Konvensiyanın 8-ci maddəsinin ikinci bəndinin müddəalarına əsaslanmamışdır.
165. Lakin Konvensiyanın 8-ci maddəsinə aid yazılı qeydlərində Hökumət Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən (bax : yuxarıda qeyd edilən 124-cü bəndə) ifadə etdiyi fikrilərə əsaslanmışdır. Bu fikirlərə görə İtaliya hüquq sistemində insan embrionu insan ləyaqətinə hörmət edən hüququn bir subyekti kimi nəzərdən keçirilir (bax: aşağıda qeyd edilən 205-ci bəndə).
166. Məhkəmə həmçinin qeyd edir ki, üçüncü tərəflər də (Ədalət və İnsan Hüquqları üzrə Avropa Mərkəzi və « Movimento per la vita », « Scienza e vita » və « Forum delle associazioni familiari » təşkilatları) eynilə bildirirlər ki, insan embrionu « subyekt » statusuna malikdir (bax: yuxarıdakı 140 və 143-cü bəndlərə).
167. Məhkəmə qəbul edir ki, « embrionun həyat potensialının qorunması » Hökumət tərəfindən qəbul edildiyi anlamda başqalarının mənəviyyatının, hüquq və azadlıqlarının qorunması məqsədi ilə əlaqəlidir (bax: həmçinin Kosta və Pavan, yuxarıda qeyd edilən, §§ 45 və 59). Lakin bu, « başqaları » sözünün insan embrionunu əhatə edib etmədiyi ilə bağlı Məhkəmənin hər hansı fikir bildirdiyi demək deyildir (A, B və C İrlandiyaya qarşı, yuxarıda qeyd edilən, § 228).
c) Demokratik cəmiyyətdə zərurilik
i. Süni mayalanma ilə bağlı Məhkənənin təcrübəsindən irəli gələn prinsiplər
168. Məhkəmə xatırladır ki, « demokratik cəmiyyətdə » mübahisəli hal kimi « zərurəti » dəyərləndirmək üçün, işin bütünündə 8-ci maddənin 2-ci bəndinə uyğun olaraq sözügedən halı əsaslandırmaq üçün istinad edilən motivlərin müvafiq və qənaətbəxş olub olmadığını araşdırmaq lazımdır (bax: digərləri arasında, S.H. və başqaları Avstriyaya qarşı, yuxarıda istinad edilən, § 91, Olsson İsveçə qarşı (no 1), 24 mart 1988, § 68, seriya A no 130, K. və T. Finlandiyaya qarşı [BP], no25702/94, § 154, CEDH 2001-VII, Kutzner Almaniyaya qarşı, no46544/99, § 65, CEDH 2002-I, və P., C. və S. Birləşmiş Krallığa qarşı, no56547/00, § 114, CEDH 2002-VI).
169. Bundan başqa, 8-ci maddə ilə bağlı məsələlər qaldırılan işdə Dövlətə geniş mülahizə səlahiyyətinin verilməsi haqqında qərar qəbul etmək üçün bir sıra amillərin nəzərə alınması lazımdır. Söhbət fərdin mövcudluğu və şəxsiyyətinin olduqca əhəmiyyətli aspektindən getdikdə Dövlətə verilmiş bu səlahiyyət bir qayda olaraq məhduddur (Evans, yuxarıda istinad edilən, § 77, orada istinad edilən sitatlarla birgə, və Dikson Birləşmiş Krallığa qarşı [BP], no 44362/04, § 78, CEDH2007‑V). Əksinə, Avropa Birliyinin üzv Dövlətləri daxilində istər haqqında danışılan mənafenin əhəmiyyəti və ya istərsə də onun qorunmasının ən yaxşı yolları ilə bağlı razılıq olmadıqda və xüsusilə, işdə mənəvi və etik nöqteyi-nəzərdən həssas məsələlər qaldırıldıqda Dövlətin mülahizə səlahiyyəti genişdir (S.H. və başqaları Avstriyaya qarşı, yuxarıda istinad edilən, § 94, Evans, yuxarıda istinad edilən, § 77, X, Y və Z Birləşmiş Krallığa qarşı, 22 aprel 1997, § 44, Recueil des arrêts et décisions 1997‑II, Frette Fransaya qarşı, no36515/97, § 41, CEDH 2002-I, Kristin Qudvin Birləşmiş Krallığa qarşı [GC], no28957/95, § 85, CEDH 2002‑VI, və A, B və C İrlandiyaya qarşı, yuxarıda istinad edilən, § 232).
170. Məhkəmə həmçinin qeyd etmişdir ki, bütün hallarda « bu sahədə qanunvericinin seçimləri [Məhkəmənin] nəzarətindən kənarda qalmır. Həll yolunun tapılmasında qanunvericinin nəzərə aldığı arqumentlərin diqqətlə nəzərdən keçirilməsi və sözügedən həll yollarının birbaşa aid olduğu Dövlətin maraqları ilə fərdin maraqları arasında balanslaşdırılmanın dəqiq olub olmadığının araşdırılması [Məhkəmənin] vəzifəsidir (S.H. və başqaları Avstriyaya qarşı, yuxarıda istinad edilən, § 97).
171. Yuxarıda istinad edilən işdə Məhkəmə həmçinin qeyd etmişdir ki, Avstriya Parlamenti « süni mayalanma qaydalarını bu sahədə elmin və cəmiyyətin sürətli inkişafının işığında hələ dərindən nəzərdən keçirməmişdir » və Məhkəmə xatırlatmışdır ki, « mütəmadi olaraq və xüsusilə elmi və hüquqi cəhətdən sürətlə inkişaf edən bu sahə üzv Dövlətlər tərəfindən davamlı şəkildə nəzərdən keçirilir» (S.H. və başqaları, yuxarıda istinad edilən, §§ 117 və 118).
172. Kosta və Pavan işində (yuxarıda istinad edilən, § 64), Məhkəmə hesab etmişdir ki, implantasiyadan öncə diaqnostikaya dair İtaliya qanunvericiliyində uyğunsuzluq vardır, çünki implantasiyanın yalnız maraqlı tərəflərin genini daşıyan sağlam embrionlara məhdudlaşdırılmasını qadağan edir, halbuki qanunvericilik ərizəçiyə sözügedən xəstəliyə tutulmuş dölü abort etməyə icazə verir.
173. Bundan başqa, xüsusilə orqanizmdən kənar mayalanma üsullarının istifadəsinin davamlı inkişafda olan bir sahədə əxlaqi və etik nöqteyi-nəzərdən həssas məsələlər qaldırdığını vurğulayaraq Məhkəmə hesab etmişdir ki, süni mayalanma ilə bağlı ən müvafiq nizamlama qaydalarının müəyyən edilməsində o, milli hakimiyyət orqanlarını əvəz etməyə çalışmır (Knecht, yuxarıda istinad edilən, § 59).
ii. Y uxarıda qeyd edilən prinsiplərin hazırki işə tətbiqi
174. Hər şeydən əvvəl Məhkəmə xatırladır ki, hazırki iş yuxarıda istinad edilən işlərdən fərqli olaraq ailə planlamasına aid deyil. Bu şərtlərdə ərizəçinin embrionların elmi tədqiqata verilməsi ilə bağlı tələb etdiyi hüquq öz əhəmiyyətini saxlasa da, Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən əsas hüquqların tərkib hissəsi deyil, belə ki, bu hüquq ərizəçinin mövcudluğunun və şəxsiyyətinin olduqca əhəmiyyətli aspektinə aid deyil.
175. Nəticədə və Məhkəmə öz təcrübəsindən irəli gələn prinsipləri nəzərə alaraq hesab edir ki, hazırki işlə bağlı cavabdeh Dövlətə geniş mülahizə səlahiyyəti vermək lazımdır.
176. Üstəlik, Məhkəmə qeyd edir ki, implantasiya üçün nəzərdə tutulmamış embrionların verilməsi məsələsi açıq-aydın « əxlaqi və etik cəhətdən həssas məsələlərdən irəli gəlir » (bax : Evans, yuxarıda istinad edilən S.H. və başqaları Avstriyaya qarşı, yuxarıda istinad edilən, və Knecht, yuxarıda istinad edilən) və Məhkəmənin nəzərdən keçirdiyi müqayisəli hüquq elementləri (bax: yuxarıdakı 69-76-cı bəndlərə) nümayiş etdirir ki, ərizəçinin iddiasının əksinə olaraq, bu sahədə Avropa məkanında heç bir konsensus yoxdur (bax: yuxarıdakı 137-ci bəndə).
177. Şübhəsiz, bəzi üzv Dövlətlər bu sahədə münasib bir yanaşma işləyib hazırlamışlar : bu sahədə Məhkəmənin haqqında məlumat əldə etdiyi qırx üzv Dövlətin on yeddisi insan embrional kök hüceyrə törəmələri üzərində tədqiqat aparılmasına icazə verir.
178. Lakin bəzi Dövlətlər (Andora, Latviya, Xorvatiya və Malta) embrional kök hüceyrələr üzərində tədqiqat aparılmasını qadağan edən qanun qəbul etmişdir. Digərləri yalnız bəzi ciddi şərtlər daxilində, məsələn, embrionun sağlamlığını qorumaq məqsədi daşıyan və ya xaricdən idxal edilmiş kök hüceyrə törəmələrini istifadə edən tədqiqatların aparılmasına icazə verir (İtaliya kimi Slovakiya, Almaniya və Avstriya bu qəbildən olan dövlətlərdir).
179. Beləliklə, İtaliya elmi tədqiqat məqsədilə insan embrionlarının verilməsini qadağan edən Avropa Şurasının yeganə üzv Dölvəti deyil.
180. Üstəlik, Avropa Şurasının və Avropa Birliyinin yuxarıda istinad edilən sənədləri təsdiq edir ki, insan embrionlarının məhvindən söhbət getdiyi zaman, xüsusilə, insan həyatının başlanğıcı anlayışının ehtiva etdiyi etik və əxlaqi xarakterli məsələləri və bu məsələ ilə bağlı müxtəlif üzv Dövlətlər arasında mövcud olan fikir plyuralizmini nəzərə alaraq milli hakimiyyət orqanları məhdudlaşdırıcı qanun qəbul etmək üçün geniş mülahizə səlahiyyətindən istifadə edir.
181. Xüsusilə, söhbət Oviedo Konvensiyasından gedir. Bu Konvensiyanın 27-ci maddəsi nəzərdə tutur ki, onun heç bir bir müddəası hər bir Tərəfin bioloji və tibbi tətbiqləri geniş şəkildə müdafiə etməsi səlahiyyətini məhdudlaşdıran müddəa kimi şərh edilməməlidir. Kök hüceyrələr üzərindəki tədqiqatlarla bağlı Avropa Komissiyası yanında elmlərin və yeni texnologiaların etikası üzrə Avropa Qrupunun 14 noyabr 2000-ci il tarixli 15 saylı rəyi, Avropa Şurası Parlament Assambleyasının 1352 (2003) saylı Qətnaməsi və innovativ terapiya üzrə dərman preparatları ilə bağlı Avropa Parlamenti və Avropa İttifaqı Şurasının 13 noyabr 2007-ci il tarixli 1394/2007 saylı Reqlamenti eyni müddəalar nəzərdə tutur (bax: yuxarıdakı 58-ci bəndə, F hərfi III bənd, B hərfi IV bənd)
182. Avropa səviyyəsində qoyulan məhdudiyyətlər daha çox bu sahədəki sui-istifadələrin qarşısını almaq məqsədi daşıyır. Oviedo Konvensiyasının 18-ci maddəsinə əsasən elmi tədqiqat məqsədilə insan embrionlarının yaradılmasının qadağan edilməsi və ya insan embrionlarının məhvinə gətirib çıxaran iş prosesində əldə edilən elmi kəşflərin patent almasının qadağan edilməsi bu qəbildən olan məhdudiyyətlərdir (bax: Oliver Brüstl Qrinpisə qarşı işi üzrə Avropa Ədalət Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli qərarına)
183. Bununla yanaşı Dövlətin mülahizə səlahiyyəti qeyri-məhdud deyildir və həll yolunun tapılmasında qanunvericiliyin nəzərə aldığı arqumentləri diqqətlə nəzərdən keçirmək və sözügedən həll yollarının birbaşa aid olduğu Dövlətin və fərdin maraqları arasında balanslaşdırılmanın dəqiq olub olmadığını araşdırmaq Məhkəmənin öhdəsinə düşür (Evans, yuxarıda istinad edilən, § 86 və S.H. və başqaları Avstriyaya qarşı, yuxarıda istinad edilən, § 97).
184. Bu kontekstdə 2004-cü il tarixli 40 saylı qanunun hazırlıq işləri ilə bağlı sənədlərə istinad edərək Məhkəmə qeyd edir ki, Hökumət dinləmələrdə vurğulamışdır ki, qanunun işlənib hazırlanması müxtəlif fikirləri və bu sahədə mövcud olan elmi və etik məsələləri nəzərə alan əhəmiyyətli müzakirələrə səbəb olmuşdur (bax: yuxarıdakı 127-ci bəndə).
185. Əslində, 2002-ci il martın 26-da daimi XII Komissiyanın Parlament qarşısındakı məruzəsindən belə nəticə çıxır ki, süni mayalanma sahəsində çalışan həkimlərin, mütəxəssis və təşkilatların töhfələri sayəsində müzakirələr daha ətraflı olmuş və şəxslərin azadlığı ilə bağlı Dövlətin dünyəvi konsepsiyasının tərəfdarları ilə onun dini yanaşmasının tərəfdarlarını qarşı-qarşıya qoyan daha canlı diskusiyalar aparılmışıdr.
186. Üstəlik, 19 yanvar 2004-cü il tarixli müzakirələr zamanı digərləri ilə yanaşı 2004-cü il tarixli 40 saylı qanun da tənqid edilmişdir, çünki qanunun birinci maddəsi ilə embrionun hüquq subyekti statusunun tanınması bəzilərinin fikrincə, xüsusilə, geteroloji mayalanma üsulundan istifadənin və implantasiya üçün nəzərdə tutulmayan dondurulmuş embrionların elmi tədqiqatda istifadəsinin qadağan edilməsi kimi bir sıra məhdudiyyətlərə səbəb olur.
187. Digər tərəfdən, Hökumət kimi Məhkəmə də xatırladır ki, 2004-cü il tarixli 40 saylı qanun dəfələrlə referenduma qoyulmuş və yetərsay olmadığından səsvermə müvəffəqiyyətsizliyə uğramışdır. İtaliyada çətin müalicə olunan xəstəliklər sahəsində elmi tədqiqatların inkişafını yaxşılaşdırmaq məqsədilə bu layihələrdən biri embrionların sağlamlığını və inkişafını qorumaq şərtilə elmi tədqiqatların aparılmasına icazə verən 13-cü maddənin müddəalarının ləğv edilməsini təklif edir.
188. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, mübahisəli qanunun hazırlanması prosesi zamanı qanunvericilik orqanı burada müxtəlif maraqları, xüsusilə, Dövlətin embrionu qorumaq marağını və əlaqədar şəxslərin öz embrionlarını tədqiqata verməklə fərdi öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək marağıını nəzərə almışdır.
189. Daha sonra Məhkəmə qeyd edir ki, ərizəçi haqqında şikayət etdiyi müdaxilənin qeyri-proporsional xarakterini nümayiş etdirmək məqsədilə süni mayalanma ilə bağlı İtaliya qanunvericiliyinin ziddiyyətli olduğunu iddia edir.
190. Öz yazılı qeydlərində və dinləmələrdə ərizəçi xüsusilə vurğulamışdır ki, Hökumət tərəfindən irəli sürülən embrionların müdafiəsini bir tərəfdən hamiləliyinin üçüncü ayına qədər qadının qanuni yolla abort etmək imkanına və digər tərəfdən İtaliya tədqiqatçılarının xaricdə məhv edilmiş embrionlardan əldə edilən embrional kök hüceyrə törəmələrinin istifadəsi ilə uyğunlaşdırmaq çətindir.
191. Məhkəmə bu sahədə İtaliya qanunvericiliyinin uyğunluğunu in abstracto təhlil etmək vəzifəsi daşımır. Məhkəmənin təhlili üçün uyğun gəlməsi üçün ərizəçinin qeyd etdiyi ziddiyyətlər onun embrionlarının taleyi ilə bağlı öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar Məhkəmə qarşısında qaldırdığı şikayətinin predemeti ilə əlaqədar olmalıdır (bax: mutatis mutandis, Olsson (no 1) yuxarıda istinad edilən, § 54, və Knecht, yuxarıda istinad edilən, § 59).
192. Xaricdə məhv edilmiş embrionlardan əldə edilən idxal olunmuş embrional kök hüceyrə törəmələri üzərində İtaliyada həyata keçirilən tədqiqatlara gəlincə isə, Məhkəmə qeyd edir ki, əgər ərizəçinin embrionlarının taleyi haqqında qərar vermək hüququ onun elmi tədqiqata yardım etmək istəyi ilə bağlıdırsa, burada ərizəçiyə birbaşa təsir edən şərait yoxdur.
193. Üstəlik, Məhkəmə dinləmələr zamanı Hökumətin verdiyi məlumatı nəzərə alır. Bu məlumatlara görə, tədqiqat məqsədilə İtaliya laboratoriyalarında istifadə edilən embrional kök hüceyrə törəmələri heç vaxt İtaliya hakimiyyət orqanlarının sifarişi ilə istehsal edilməmişdir.
194. Məhkəmə insan embrionunun könüllü və fəal olaraq məhv edilməsinin əvvəlki mərhələdə məhv edilmiş embrionlardan əldə edilən kök hüceyrə törəmələrinin istifadəsi ilə müqayisə edilməsinin mümkün olmaması ilə bağlı Hökumətin fikri ilə razılaşır.
195. Bu ziddiyyətlərin sübut olunduğu güman edilmiş olsa belə Məhkəmə belə nəticəyə gəlir ki, qanunvericilikdəki ərizəçi tərəfindən iddia edilən ziddiyyətlər hazırki işdə onun istinad etdiyi hüquqa birbaşa təsir etmək iqtidarında deyil.
196. Nəhayət, Məhkəmə müəyyən edir ki, hazırki işdə mübahisəli embrionların elmi tədqiqata verilməsi seçimi partnyoru öldüyündən yalnız ərizəçinin iradəsini əks etdirir. Lakin Məhkəmənin əlində mayalanma zamanı ərizəçi ilə eyni dərəcədə sözügedən embrionlarla əlaqədar olan partnyorun eyni seçimi edəcəyini təsdiq edən faktlar yoxdur. Digər tərəfdən, bu vəziyyət daxili planda da nizamlanmamışdır.
197. Yuxarıda ifadə edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, Hökumət hazırki işdə bu sahədə istifadə etdiyi geniş mülahizə səlahiyyətindən kənara çıxmamışdır və mübahisəli məhdudiyyət Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə əsasən « demokratik cəmiyyətdə zəruri »dir.
198. Bu səbəblə, Konvensiyanın 8-ci maddəsi ilə bağlı ərizəçinin şəxsi həyata hörmət hüququ pozulmamışdır.
V. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
199. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək ərizəçi öz embrionlarını verə bilməməkdən və onların məhv olacağı vaxta qədər dondurulmuş vəziyyətdə saxlamağa məcbur edilməkdən şikayət vermişdir. Konvensiyanın 1 saylı Protokolunda deyilir:
« Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. »
A. Tərəflərin arqumentləri
1. Hökumətin arqumentləri
200. Hər şeydən əvvəl Hökumət irəli sürür ki, insan embrionu « əşya » kimi nəzərdən keçirilə bilməz və bütün hallarda ona iqtisadi dəyər biçmək qəbuledilməzdir. Hökumət qeyd edir ki, İtaliya hüquq sistemində insan embrionu insan ləyaqətinə hörmət hüququnun subyekti kimi nəzərdən keçirilməlidir.
201. Digər tərəfdən Hökumət iddia edir ki, Məhkəmə, xüsusilə, Avropa Şurasının üzv Dövlətləri daxilində konsensusun olmadığı mürəkkəb əxlaqi və etik məsələlərlə əlaqədar sahələrdə insan həyatının başlanğıcının müəyyən edilməsi ilə bağlı üzv Dövlətlərə geniş mülahizə səlahiyyəti tanımışdır (Evans, yuxarıda istinad edilən, § 56).
202. Hökumət belə nəticə çıxarmışdır ki, hazırki işdə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu hesab edilə bilməz.
2. Ərizəçinin arqumentləri
203. Ərizəçi bildirir ki, orqanizmdən kənar mayalanma nəticəsində əldə edilən embrionlar « fərd » kimi nəzərdən keçirilə bilməz, belə ki, implantasiya həyata keçirilmədikdə onlar dölə çevrilə və doğula bilmirlər. Ərizəçi belə nəticəyə gəlmişdir ki, hüquqi nöqteyi-nəzərdən onlar « mülkiyyət »dir.
204. Bu şərtlərdə, ərizəçi öz embrionları üzərində mülkiyyət hüququnun olduğunu hesab edir. Lakin o hesab edir ki, embrionların həyat potensialının qorunması onların məhv edilməli olduğu vaxtdan etibarən ağlabatan dərəcədə əsaslandırlmadığından Dövlət bu sahədə ümumi marağın heç bir motivi ilə əsaslandırılmayan məhdudiyyətlər qoymuşdur.
3. Üçüncü müdaxilə edən tərəflərin dəlilləri
a) Ədalət və İnsan hüquqları üzrə Avropa Mərkəzi
205. Ədalət və İnsan Hüquqları üzrə Avropa Mərkəzi iddia edir ki, embrionlar « əşya » kimi nəzərdən keçirilə və könüllü şəkildə məhv edilə bilməzlər. Digər tərəfdən o irəli sürür ki, « mülkiyyət » anlayışı özlüyündə iqtisadi məna daşıyır və insan embrionu halında bu məna istisna edilməlidir.
206. Nəticədə, o qeyd edir ki, Məhkəmə Dövlətlərə daxili hüquqları çərçivəsində «həyatın başlanğıcı nöqtəsi »ni müəyyən etməyə icazə vermiş (Vo Fransaya qarşı[GC], no 53924/00, § 82, CEDH 2004‑VIII) və bu sahədə onlara geniş mülahizə səlahiyyəti təmin etmişdir (A, B et C İrlandiyaya qarşı, yuxarıda istinad edilən, § 237).
b) Xanım Karlo Kazini tərəfindən təmsil edilən « Movimento per la vita », « Scienza e vita »və« Forum delle associazioni familiari »təşkilatları
207. Bu üçüncü tərəflər insan embrionunun « əşya » kimi nəzərdən keçirilməsini istisna edir.
208. Bundan başqa onlar irəli sürürlər ki, bu məsələ ilə bağlı İtaliya qanunvericiliyi ziddiyyətli deyil. Bu qanunvericiliyin terapevtik aborta icazə verdiyini qəbul etsələr də onlar göstərirlər ki, bu icazə embriona « əşya » statusunu şamil etmir, əksinə, müxtəlif maraqları, xüsusilə ananın maraqlarını nəzərə alır.
c) Xanım Filomena Qallo tərəfindən təmsil edilən « Luca Coscioni », « Amica Cicogna Onlus », « L’altra cicogna Onlus »və« Cerco un bimbo » təşkilatları, eləcə də İtaliya Parlamentinin qırx altı üzvü
209. Xanım Qallo embrionun statusu ilə bağlı ərizəçinin fikirlərini təkrarlayır.
d) Xanım Mariya ElizaD’Amiko, xanım Mariya Paola Kostantini, cənab Massimo Klara və xanım Benedetta Liberali tərəfindən təmsil edilən « VOX – Osservatorio italiano sui Diritti », « SIFES – Society of Fertility, Sterility and Reproductive Medicine » və« Cittadinanzattiva » təşkilatları
210. Bu müdaxilə edən uçüncü tərəf qismində iştirak edənlər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz mülahizələrini təqdim etməmişlər.
B. Məhkəmənin dəyərləndirməsi
1. Məhkəmənin təcrübəsindən irəli gələn prinsiplər
211. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən « mülkiyyət » anlayışı cismani varlığa sahib olmaqla məhdudlaşmayan və daxili hüququn rəsmi dəyərləndirməsindən asılı olmayan avtonom xüsusiyyətə malikdir : mülkiyyətlə bağlı bəzi digər hüquq və maraqlar və nəticə etibarilə, bu müddəa ilə bağlı « mülkiyyətlər » özünü « miras hüquqları » kimi göstərir. Hər bir işdə bütün şəkildə nəzərdən keçirilən şərtlərin ərizəçini 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağın sahibinə çevirib çevirmədyini nəzərdən keçirmək vacibdir (İatridis Yunanıstana qarşı [BP], no 31107/96, § 54, CEDH 1999‑II, Beyeler İtaliyaya qarşı [BP], no 33202/96, § 100, CEDH 2000‑I, və Broniovski Polşaya qarşı [BP], no 31443/96, § 129, CEDH 2004-V).
212. 1 saylı Protokolun 1-ci maddəsi yalnız hazırki mülkiyyət üçün keçərlidir. Gələcək gəlir yalnız əldə edildikdən və ya müəyyən bir debitor borcun ödənilməsi halında « mülkiyyət » kimi nəzərdən keçirilə bilər. Bundan başqa effektiv şəkildə həyata keçirilməsi mümkün olmayan mülkiyyət hüququnun tanınmasını əldə etmək ümidi də nə « mülkiyyət », nə də şəraitin həyata keçirilməməsi nəticəsində qüvvədən düşmüş şərti borc kimi nəzərdən keçirilə bilməz (Qratzinger vəQratzingerova Çex Respublikasına qarşı (qərardad) [BP], no39794/98, § 69, CEDH 2002-VII).
213. Bununla belə, bəzi hallarda miras dəyəri əldə etməyin « legitim gözləntisi » də 1 saylı Protokolun 1-ci maddəsinin təmin etdiyi müdafiədən yararlana bilər. Beləliklə, mirasla bağlı maraq borc xarakterlidirsə, nəzərdən keçirmək olar ki, belə bir maraq daxili hüquqda kifayət qədər əsaslandırıldıqda, məsələn, məhkəmələrin dəqiq müəyyənləşmiş təcrübəsi ilə təsdiq edildikdə maraqlı tərəfin legitim gözləntisi var (Kopecki Slovakiyaya qarşı [BP], no 44912/98, § 52, CEDH 2004-IX).
2. Yuxarıda qeyd edilən prinsiplərin hazırki işə tətbiqi
214. Məhkəmə qeyd edir ki, hazırki iş Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin sözügedən xüsusi hallara tətbiqedilənliyi məsələsini qaldırmışdır. Məhkəmə bu məsələ ilə, xüsusilə də orqanizmdən kənar mayalanmış insan embrionunun statusu ilə bağlı tərəflərin tamamilə əks mövqelərini nəzərə alır.
215. Lakin Məhkəmə hesab edir ki, hazırki işdə Konvensiyanın 2-ci maddəsindən söhbət getmədiyindən burada həssas və mübahisəli olan insan həyatının başlanğıcı məsələsinə toxunmaq vacib deyil. 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarına gəlincə isə, Məhkəmənin fikrincə, bu maddə hazırki işə tətbiq edilmir. Əslində, bu maddəyə verilən iqtisadi və maddi dəyəri nəzərə alaraq insan embrionları bü müddəaya əsasən « mülkiyyət » statusu ilə məhdudlaşdırıla bilməz.
216. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hazırki işin xüsusi hallarında tətbiqedilən olmadığından, ərizənin bununla bağlı hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinin müddəalarına ratione materiae uyğun olmayan kimi rədd edilməlidir.
BU ƏSASLARLA, MƏHKƏMƏ
1. Hökumətin daxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazını yekdilliklə rədd edir;
2. Hökumətin ərizənin gecikdirilməsi ilə bağlı etirazını səs çoxluğu ilə rədd edir;
3. Ərizəçinin qurban statusunun olmaması ilə bağlı Hökumətin etirazını səs çoxluğu ilə rədd edir;
4. Səs çoxluğu ilə elan edir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə bağlı şikayət qəbulediləndir;
5. Yekdilliklə elan edir ki, ərizənin Konvensiyanın 1saylı Protokolunun 1-ci maddəsinin pozuntusu ilə bağlı hissəsi qəbuledilən deyildir;
6. On altı səs lehinə, bir səs əleyhinə olmaqla qət edir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2015-ci il avqustun 27-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Yohan KalvaertDin Şpilman
Katib müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə müvafiq olaraq aşağıdakı xüsusi rəylər bu qərara əlavə edilir :
– Hakim Pinto de Albükerkin razılaşma rəyi ;
– Hakim Dedovun razılaşma rəyi ;
– Hakimlər Kazadeval, Reymondi, Berro Nikolau və Dedovun qismən razılaşma rəyləri ;
– Hakimlər Kazadeval, Zimel, Paue-Forde, De Qaytano və Yudivskanın qismən fərqli xüsusi rəyləri ;
– Hakim Nikolaunun qismən fərqli xüsusi rəyi ;
– Hakim Sajonun fərqli xüsusi rəyi.
D.S.
J.C.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1]. Andorra, Ermənistan, Avstriya, Azərbaycan, Belçika, Bosniya-Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, « keçmiş Yuqoslaviya Respublikası olan Makedoniya », Malta, Moldova Respublikası, Monaco, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sen-Marin, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və Ukrayna.
[2]. Bolqarıstan, Çex Respublikası, Estoniya, Finlandiya, « keçmiş Yuqoslaviya Respublikası olan Makedoniya », Fransa, Yunanıstan, Macarıstan, Hollandiya, Portuqaliya, Serbiya, Sloveniya, İspaniya və İsveçrə.
[3] Hələ differensiasiya etməmiş embrional kök hüceyrələri və ayrı ayrılıqda hər biri bütöv bir orqana çevrilmək qabiliyyətindədir (Larousse tibbi lüğət).
Full & Egal Universal Law Academy