Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 192
Yanvar 2016-cı il
***
Frizlər Partiyası (Partei Die Friesen) Almaniyaya qarşı – ərizə № 65480/10
28.1.2016 tarixli qərar [V Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Aşağı Saksoniya əyalətinin parlament seçkilərində 5%-lik həddin tətbiq edilməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi friz milli azlığının maraqlarını təmsil edən siyasi partiyadır. Partiyanın fəaliyyəti Aşağı Saksoniya əyalətinin (Aşağı Saksoniya torpağının) (Niedersachsen) ərazisi ilə məhdudlaşırdı. Aşağı Saksoniyanın seçki qanununa əsasən, parlamentdə deputat yerləri yalnız etibarlı sayılmış ümumi səslərin azı 5%-ini qazanan partiyalara ayrılırdı. Ərizəçi partiya 2008-ci il seçkilərində bu tələbdən azad edilməsi üçün Aşağı Saksoniyanın baş naziri və prezidentinə müraciət etdi, amma müraciəti rədd edildi. Həmin seçkilərdə o, etibarlı sayılmış ümumi səslərin təxminən 0,3%-ini qazandı və buna görə də parlament mandatı əldə edə bilmədi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi partiya şikayət etdi ki, 5%-lik hədd onun ayrı-seçkiliyə məruz qalmadan seçkilərdə iştirak etmək hüququnu pozub ki, bu da 1 saylı Protokolun 3-cü maddəsi ilə əlaqəli şəkildə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusudur.
Hüquqi məsələlər – 1 saylı Protokolun 3-cü maddəsi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə: 2008-ci ilin parlament seçkilərində ərizəçi partiya 5%-lik həddin mövcudluğundan asılı olmayaraq parlament mandatı əldə etmək üçün yetərli sayda səs toplaya bilməmişdi. Bununla belə, 5%-lik hədd bu həddin səviyyəsinə çata bilməyən siyasi partiyaya səs verməklə səslərini "itirmək" istəməyən potensial seçicilərə çəkindirici təsir göstərə bilərdi. Beləliklə, 5%-lik həddin tətbiqi ərizəçinin seçkilərdə namizəd kimi iştirak etmək hüququna müdaxilə təşkil edir və bu iş 1 saylı Protokolun 3-cü maddəsinin tətbiq darisinə düşür. Buna görə də 14-cü maddə bu işə tətbiq edilə bilər.
Bu həddin tətbiqi özü-özlüyündə 1 saylı Protokolun 3-cü maddəsi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə üzrə hər hansı sual doğurmasa da, Məhkəmə onun ərizəçi partiyaya tətbiqinin bu maddələri pozub-pozmadığını qiymətləndirməli idi. Bu baxımdan bu məsələ mübahisələndirilmirdi ki, ərizəçi partiyaya qarşı rəftar Aşağı Saksoniyadakı seçkilərdə namizəd kimi iştirak edən digər kiçik partiyalara qarşı rəftardan fərqlənmirdi.
Ərizəçi partiyanın durumunun, özünün iddia etdiyi kimi, iki digər əyalətdəki seçkilərdə namizəd kimi iştirak edən və hər ikisi imtiyazlı azlıq partiyası olan danimarkalıların və sorbların partiyalarının durumuna bənzər olması məsələsinə gəlincə, Məhkəmə qeyd etdi ki, federal seçki qanunvericiliyinə əsasən, bütün milli azlıq partiyaları federal seçkilərdə eyni imtiyazlara malikdirlər. Lakin əyalət səviyyəsində seçkilərdə iştiraka gəlincə, Aşağı Saksoniya Konstitusiya Məhkəməsi qərara almışdı ki, Aşağı Saksoniyada qüvvədə olan konstitusiya qanununa əsasən, əyalət səviyyəsində milli azlıqların partiyalarını müəyyən edilmiş həddin tətbiqindən azad etmək öhdəliyi mövcud deyil. Almaniyanın hüquq sistemində əyalətə verilən suverenliyi nəzərə alsaq, milli azlıqlar üçün güzəştləri seçki qanunvericiliyinə daxil etmək barədə əyalətlərin qanunverici orqanlarının qərarı həmin əyalətin ərazisi xaricində fəaliyyət göstərən milli azlıq partiyaları üçün heç bir nəticə doğurmurdu. Buradan belə nəticə çıxır ki, ərizəçi partiyanın durumu danimarkalıların və sorbların partiyalarının durumuna bənzər deyildi, çünki onlar Aşağı Saksoniya seçkilərində iştirak etmirdilər.
Ərizəçi partiyanın durumunun Aşağı Saksoniyadakı digər siyasi partiyaların durumundan əhəmiyyətli dərəcədə fərqli olmasına məsələsinə gəlincə, Məhkəmə qəbul etdi ki, bu əyalətdə hətta bütün friz seçicilər ərizəçi partiyanın xeyrinə səs versələr belə, əyalətdəki frizlərin sayı seçkilərdə tətbiq edilən həddə çatmaq üçün kifayət qədər yüksək deyil. Lakin bu baxımdan ərizəçi partiyanın durumu yaş, dini əqidə və peşə kimi meyarlarla müəyyən edilən, say baxımından kiçik olan qrupların maraqlarını təmsil edən partiyaların durumuna bənzərdir. Beləliklə, seçki prosesindəki əlverişsiz durum yalnız əhalinin kiçik qrupunun maraqlarını təmsil etmək seçiminə əsaslanır və iştirakçı dövlət buna görə məsuliyyət daşıya bilməz.
Nəhayət, Məhkəmə milli azlığı təmsil edən partiya qismində ərizəçi partiyanın ayrı-seçkiliyə məruz qalıb-qalmadığını araşdırdı. Milli kimliyini ifadə və təşviq etmək üçün azlığın birlik formalaşdırması onun öz hüquqlarını qoruyub saxlamasına və müdafiə etməsinə yardımçı olduğuna görə, bu məsələ ilə əlaqədar belə bir sual yaranır ki, Konvensiyaya əsasən milli azlıqların partiyalarına qarşı rəftar digər xüsusi xarakterli maraqları təmsil edən partiyalara qarşı rəftardan fərqlənməlidirmi? Manyaqo və Cənubi Tirol Xalq Partiyası İtaliyaya qarşı məhkəmə işi üzrə qərarında (ərizə № 25035/94, 15 aprel 1986-cı il) Avropa İnsan Hüquqları Komissiyası müəyyən etdi ki, "Konvensiya iştirakçı dövlətlərin üzərinə azlıqların xeyrinə pozitiv ayrı-seçkiliyi təmin etmək öhdəliyini qoymur". Daha sonra qəbul edilmiş Milli azlıqların müdafiəsi haqqında 1998-ci il tarixli Çərçivə Konvensiyasında milli azlıqların dövlət işlərində iştirakının əhəmiyyəti vurğulandı. Minimal hədd tələbindən azad edilmək çoxsaylı seçim variantlardan sadəcə biri olsa da, Çərçivə Konvensiyası üzrə Məsləhət Komitəsi və Venesiya Komissiyası tərəfindən verilmiş şərh bundan ibarətdir ki, seçkilərdəki minimal hədd tələbləri elə müəyyən edilməlidir ki, bunun milli azlıqlara təsiri olmasın. Bununla belə, Çərçivə Konvensiyası milli azlıqların partiyalarını seçkilərdə müəyyən edilən həddin tətbiqindən azad etmək kimi dəqiq və məcburi öhdəlik doğurmur. Müvafiq olaraq, Konvensiya, hətta bu Çərçivə Konvensiyasının işığında şərh edilsə belə, azlıq partiyalarının xeyrinə fərqli rəftarın təmin olunmasını tələb etmir.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin bax: Azad seçki hüququ mövzusunda tematik material)
Full & Egal Universal Law Academy