Demokratik Toplum Partiyası (DTP) və başqaları Türkiyəyə qarşı – ərizələr № 3840/10, 3870/10, 3878/10 və s.
12.1.2016 tarixli qərar [II Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Kürd probleminin sülh yolu ilə həllini təbliğ edən siyasi partiyanın terrorizmi dəstəkləməsi əsas gətirilərək ləğv edilməsi: pozuntu baş verib
1 saylı Protokolun 3-cü maddəsi
Seçkidə namizəd kimi iştirak etmə
Sözlərinin və ya hərəkətlərinin siyasi partiyalarının ləğvinə səbəb olması ilə əlaqədar olaraq parlament üzvlərinin deputatlıqdan kənarlaşdırılması: pozuntu baş verib
Faktlar – Ərizəçilər Demokratik Toplum Partiyası (DTP), partiyanın həmsədrləri və partiyada müxtəlif funksiyaları yerinə yetirən şəxslərdir.
2005-ci ildə təsis edilmiş DTP Türkiyədə kürd yönümlü solçu siyasi partiyalardandır.
2009-cu ilin dekabrında o, Konstitusiya Məhkəməsinin yekdil qərarı ilə buraxıldı ki, bu da partiyanın ləğv edilməsi və əmlakının Xəzinədarlığa keçməsi ilə nəticələndi. Bundan əlavə, partiyanın iki həmsədrinin deputat mandatı ləğv edildi və belə əsas gətirildi ki, onlar öz açıqlamaları və fəaliyyətləri ilə partiyanın buraxılmasına səbəb olublar. Nəhayət, DTP-nin 37 üzvünün beş il ərzində hər hansı digər siyasi partiyanın təsisçisi, sıravi üzvü, rəhbəri və ya xəzinədarı olması qadağan edildi.
Konstitusiya Məhkəməsi hesab etdi ki, DTP-nin siyasi məqsədləri terror təşkilatı PKK-nın (Kürd İşçi Partiyası) məqsədləri ilə eynidir. Mahiyyət etibarı ilə o, DTP-nin rəhbərlərinin çıxışları və partiyanın və onun üzvlərinin fəaliyyətləri əsasında bu nəticəyə gəldi ki, DTP PKK-nın terror strategiyasının alətinə çevrilib və o, bu təşkilatla əlaqəlidir və ona rəğbət bəsləyir. O həmçinin bu qənaətə gəldi ki, DTP-nin özünü PKK-nın fəaliyyətlərindən açıq şəkildə kənarda tutmaması faktı onun terrorizmi dəstəkləməsinin sübutu sayıla bilər.
Hüquqi məsələlər
Maddə 11: DTP-nin buraxılması və bununla bağlı əlavə tədbirlərin görülməsi ərizəçilərin birləşmək azadlığı hüququnu həyata keçirmələrinə müdaxiləyə bərabər idi. Müdaxilə qanunla nəzərdə tutulmuşdu və etiraz edilən tədbirlər konkret olaraq iğtişaşın qarşısını almaqdan və digər şəxslərin hüquq və azadlıqlarını qorumaqdan ibarət qanuni məqsəd daşıyırdı.
Partiyanın buraxılması barədə qərar çıxararkən Konstitusiya Məhkəməsi ilk növbədə qeyd etdi ki, DTP-nin siyasi məqsədləri terror təşkilatı PKK-nın məqsədləri ilə eynidir, o, kürd xalqı ilə türk xalqı arasında fərq qoyur və bu fikrin daşıyıcısıdır ki, Türkiyə Cümhuriyyəti kürd xalqını sıxışdırır.
a) DTP-nin irəli sürdüyü ideyaların demokratiya prinsiplərinə uyğunluğu məsələsi – Buraxılmazdan əvvəl DTP kürd probleminin dinc yolla həllini təbliğ edən və qanuni şəkildə yaradılmış olan əsas siyasi təşkilat idi. Ondan əvvəl fəaliyyət göstərmiş siyasi təşkilatlar Konstitusiyaya zidd fəaliyyətlərinə görə Konstitusiya Məhkəməsi tərəfindən buraxılmışdılar. İndiyədək bu buraxılma qərarlarının Avropa Məhkəməsi tərəfindən yoxlanılması Konvensiyanın 11-ci maddəsinin pozulduğunun müəyyən edilməsi ilə nəticələnmişdi.
DTP-nin nə nizamnaməsində, nə də proqramında Türkiyənin konstitusion quruluşunun demokratiyanın təməl prinsiplərinə zidd şəkildə dəyişdirilməsi nəzərə tutulmamışdı. Onun proqramında zorakılıq pislənir və demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət prinsiplərinə uyğun olan siyasi həll yolları təklif olunurdu. DTP-nin dəstəklədiyi siyasi proqramın türk dövlətinin hazırkı prinsiplərinə və strukturlarına uyğun olmaması faktı onun demokratik normalara zidd olması demək deyildi. Demokratiyanın özünə zərər yetirməmək şərti ilə fərqli siyasi proqramların və hətta dövlətin hazırkı quruluşunu sual altına alan proqramların təklif olunmasına və müzakirəsinə imkan yaratmaq demokratiyanın mahiyyətindən irəli gəlir. Beləliklə, DTP-nin orqanları tərəfindən müəyyən edilmiş prinsiplər, məsələn, kürd probleminin dinc yolla həlli və kürd identikliyinin tanınması özü-özlüyündə demokratiyanın təməl prinsiplərinə zidd deyildi.
Bundan başqa, DTP ilə PKK-nın müdafiə etdiyi prinsiplər arasında paralellər axtarıb tapmaq partiyanın öz siyasətini həyata keçirmək üçün güc tətbiqini təqdir etdiyi qənaətinə gəlmək üçün yetərli deyil. Qanuni yolla yaradılmış siyasi qrupun sadəcə yuxarıda qeyd edilən prinsipləri təbliğ etməsi səbəbindən terror aktlarını dəstəkləyən qrup hesab edilməsi demokratik debatlar çərçivəsində müvafiq məsələləri müzakirə etmək imkanını azaltmaq demək idi və bu hal silahlı qrupların həmin prinsiplərin müdafiəsini öz inhisarlarına almasına imkan yaradardı.
Müvafiq olaraq, Məhkəmə partiyanın proqramının hər hansı siyasi müddəasının Konvensiyada nəzərdə tutulan demokratik cəmiyyət konsepsiyasına zidd olduğunu müəyyən etmədi.
b) DTP-nin fəaliyyətlərinin araşdırılması
i) DTP-nin həmsədrlərinin çıxışları – Məhkəmənin rəyinə görə, bu çıxışların zorakılıqla heç bir əlaqəsi yox idi və onlar Türkiyənin üzləşdiyi mühüm problemlərin dinc və demokratik yolla həllini nəzərdə tuturdu. Çıxışlarda ictimaiyyətin diqqəti müəyyən məsələlərə cəlb olunurdu və PKK-nın fəaliyyətlərinə dəstək verilməsinin və ya onların təqdir edilməsinin heç bir əlaməti yox idi.
Parlament üzvləri olaraq DTP-inin iki həmsədri öz seçicilərini təmsil edirdilər. Onların siyasi çıxış kimi dəyərləndirilən çıxışları zorakılıqdan istifadəni, silahlı müqaviməti və ya qiyamı dəstəkləmirdi. Nəticə etibarı ilə onlar öz çıxışları ilə diqqəti seçicilərini narahat edən problemlərə cəlb etmək vəzifəsini icra edirdilər.
ii) DTP-nin digər mövqeləri – Abdullah Öcalanın saxlanma şəraitinə etiraz olaraq keçirilən və ya ölkə və dünya ictimaiyyətinin diqqətini onun sağlamlıq problemlərinə cəlb etməyə yönələn aksiyalara gəlincə, ifadə azadlığı və dinc nümayiş keçirmək azadlığı hüququnun müdafiəsinə dair müddəalar bu aksiyalara şamil olunurdu.
Həmsədrlərin nitqlə çıxış etdikləri mitinqlərdə Abdullah Öcalana dəstək şüarlarının səslənməsinə və PKK-nın bayraq, plakat və emblemlərinin nümayiş etdirilməsinə gəlincə, onlara görə bu rəhbərlərin məsuliyyət daşıması və ya kütləni bu cür davranmağa təşviq etməsi müəyyən edilməmişdi. Bundan başqa, Məhkəmə bir daha xatırlatdı ki, qərarlarında artıq bu şüurlarla bağlı rəyini bildirib və onların milli təhlükəsizliyə və ictimai asayişə heç bir təsir göstərmədiyini hesab edib.
Bundan əlavə, araşdırmanın DTP-nin iki həmsədrinin çıxışlarına aid olduğunu nəzərə alsaq, DTP üzvlərinin və ya yerli rəhbərlərin tənqidlərə səbəb olan bütün çıxışlarını və ya fəaliyyətlərini təhlil etməyə lüzum yox idi.
Məhkəmə yuxarıda qeyd edilən sözlərin və ya hərəkətlərin Türkiyənin cənub-şərqində təhlükəsizlik sahəsində vəziyyəti gərginləşdirə biləcəyi ilə bağlı hakimiyyət orqanlarının narahatlıqlarını anlayır, belə ki, təxminən 1985-ci ildən bəri orada təhlükəsizlik qüvvələri ilə PKK üzvləri arasında insan itkilərinə səbəb olan ciddi iğtişaşlar baş verir.
Üzvlərinin və ya yerli rəhbərlərinin hərəkətlərindən və ya çıxışlarından özünü açıq şəkildə kənarda tutmaması və bu halın susmaq yolu ilə terrorizmə dəstək vermə kimi yozulması səbəbindən DTP-yə qarşı tədbirlər görülməsini əsaslı olaraq "təxirəsalınmaz ictimai tələbata" uyğun olan addım saymaq olardı. Beləliklə, DTP-nin buraxılması ilə bu tədbirin güddüyü qanuni məqsədlər arasında ağlabatan mütənasiblik əlaqəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədəuyğundur.
c) Etiraz edilən tədbirin mütənasibliyi məsələsi – Konstitusiya Məhkəməsi dövlət tərəfindən maliyyələşdirilmə hüququndan qismən və ya bütünlüklə məhrum etmə kimi daha yüngül cəza təyin etməkdənsə Konstitusiyada nəzərdə tutulmuş ən sərt tədbiri tətbiq edərək partiyanın buraxılması, ləğv edilməsi və əmlakının Xəzinədarlığa keçməsi barədə qərar çıxardı. Eynilə, DTP-nin həmsədrləri parlament mandatından məhrum edildilər, ərizəçilər də daxil olmaqla partiyanın 37 üzvünün isə beş il ərzində hər hansı digər siyasi partiyanın təsisçisi, sıravi üzvü, rəhbəri və ya xəzinədarı olması qadağan edildi.
Konstitusiya Məhkəməsinin partiyanın buraxılması barədə qərarı mahiyyət etibarı ilə DTP rəhbərlərinin müəyyən mövqelərinə ilə əlaqədar idi, amma o həmin mövqelərin tarixi və siyasi kontekstini nəzərə almamış və partiyanın Türkiyədə zorakılığa son qoyulmasına yönələn prosesdə vasitəçilik rolunu oynamaq istəyinə əhəmiyyət verməmişdi.
Belə ki, Konstitusiya Məhkəməsi DTP rəhbərlərinin hərəkətləri və ya fəaliyyətləri əsasında bu qənaətə gəlmişdi ki, bu partiya silahlı təşkilatın ideologiyasını və məqsədlərini paylaşır. Lakin Avropa Məhkəməsi Konvensiyada nəzərdə tutulmuş demokratik cəmiyyət anlayışına zidd olan hər hansı siyasi planlar aşkar etmədi. Eynilə, iki həmsədr mahiyyət etibarı ilə öz çıxışlarında kürd probleminin "demokratik" və "dinc" yolla həllini tövsiyə etmişdilər.
Üstəlik, partiyanın iki həmsədri partiyanın məqsədlərinə nail olunması üçün hər hansı güc tətbiqi variantını açıq şəkildə istisna etmişdilər. Bundan başqa, üzvlərinin və ya yerli rəhbərlərinin hərəkətlərindən və ya çıxışlarından özünü açıq şəkildə kənarda tutmasa da və bu hal susmaq yolu ilə terrorizmi dəstəkləmək kimi yozulsa da, partiyanın mərkəzi rəhbərliyinin konkret məqamda PKK tərəfindən həyata keçirilmiş konkret zorakılıq aktlarını pisləməkdən boyun qaçırdıqları iddia edilmirdi. Həmçinin o da iddia edilmirdi ki, DTP-nin mövqeləri onun tərəfdarları ilə digər siyasi təşkilatlar arasında sosial münaqişəyə səbəb ola bilərdi.
İki həmsədr PKK-nı terror təşkilatı kimi göstərməkdən imtina etsələr də, bu imtina müvafiq kontekstdə götürüldükdə heç də o demək deyildi ki, onlar zorakılığı dəstəkləyirlər. Onlar kürd probleminin dinc yolla həllinin təmin edilməsi üçün partiyalarının vasitəçilik rolunu oynamaq istəyini vurğulayırdılar.
Belə olan halda, əgər barəsində şikayət edilən tədbir DTP-nin siyasi kursuna əsaslanırdısa, partiyanın (kürd probleminin dinc yolla həlli uğrunda çalışan əsas siyasi təşkilatlardan birinin) buraxılması üçün Konstitusiya Məhkəməsinin gətirdiyi əsaslar müdaxiləyə haqq qazandırmaq üçün yetərli sayıla bilməzdi. Bundan əlavə, susmaq yolu ilə terrorizmi dəstəkləmək kimi yozulmuş halın, yəni bu partiyanın sadəcə olaraq üzvlərinin və ya yerli rəhbərlərinin hərəkətlərindən və ya çıxışlarından özünü açıq şəkildə kənarda tutmamasının "ictimai asayişə" və ya "digər şəxslərin hüquqlarının müdafiəsinə" mümkün təsiri nisbətən məhdud idi. Belə bir vəziyyətdə bu hal özü-özlüyündə bütöv bir partiyanın buraxılması kimi sərt cəzaya haqq qazandıran əsas təşkil edə bilməzdi. Müvafiq olaraq, DTP-nin buraxılması qarşıya qoyulan qanuni məqsədlərə mütənasib sayıla bilməzdi.
Buradan belə nəticə çıxır ki, cavabdeh dövlətin gətirdiyi əsaslar sözügedən müdaxiləyə haqq qazandırmaq üçün münasib olsa da yetərli sayıla bilməzdi. Bu sahədə iştirakçı dövlətlərin müəyyən qiymətləndirmə sərbəstliyinə malik olduqlarına baxmayaraq, DTP-nin buraxılması ilə qarşıya qoyulan qanuni məqsədlər arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 3-cü maddəsi: Məhkəmə hesab etdi ki, sözügedən tədbirin bir və ya bir neçə qanuni məqsəd daşıdığını, yəni ictimai asayişin qorunması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsini məqsədini güddüyünü fərz etsək belə, o, həmin məqsədə mütənasib deyildi. Konstitusiyanın 84-cü maddəsinin 5-ci bəndinə əsasən, parlament üzvü yalnız o halda mandatından məhrum edilə bilərdi ki, sözləri və hərəkətləri partiyasının buraxılmasına səbəb olsun. Ərizəçilərin deputat mandatından məhrum edilməsi isə üzv olduqları siyasi partiyanın buraxılmasının nəticəsi idi və onların şəxsi siyasi fəaliyyətlərindən asılı olmayaraq baş vermişdi.
Ərizəçilərin çıxışları partiyanın buraxılması tədbirinə əsas verən çıxışlar deyildi. Onların ifadə azadlığı hüququ qorunmalı idi, belə ki, onların çıxışları Abdullah Öcalan və ya PKK tərəfindən törədilmiş aktlara birbaşa və ya dolayı dəstək verən və ya onları müəyyən formada təqdir edən çıxışlar kimi yozula bilməzdi. Xalqın seçilmiş nümayəndələri qismində öz seçicilərini təmsil edən iki ərizəçi diqqəti onların narahatlıqlarına cəlb etmiş və onların maraqlarını müdafiə etmişdilər.
Məhkəmə sözügedən tədbirin son dərəcə tələskənliklə görülməsindən heyrətləndi: DTP dərhal və həmişəlik buraxılmış və parlament üzvü olan ərizəçilərin siyasi fəaliyyətlərlə məşğul olması və deputat mandatları ilə əlaqədar olan funksiyaları yerinə yetirməsi qadağan olunmuşdu.
Yuxarıda qeyd edilən bütün mülahizələri nəzərə alsaq, Konstitusiya Məhkəməsi tərəfindən ərizəçilərə təyin olunmuş cəza hər hansı qanuni məqsədə mütənasib sayıla bilməzdi. Buradan belə nəticə çıxır ki, bu tədbir ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş parlamentə seçilmək və onun işində iştirak etmək hüquqlarına zidd idi və onları parlament üzvlüyünə seçmiş seçicilərin suveren hüquqlarını pozurdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Partiya həmsədrlərinin hər birinə maddi və mənəvi ziyana görə 30.000 avro təyin edildi; digər ərizəçilərdən birinə mənəvi ziyana görə 7.500 avro təyin edildi, maddi ziyanla bağlı tələbi isə rədd edildi.
(Həmçinin bax: Xristian Demokrat Xalq Partiyası Moldovaya qarşı, ərizə № 28793/02, 14 fevral 2006-cı il, 83 saylı məlumat bülleteni; Rusiya Respublikaçılar Partiyası Rusiyaya qarşı, ərizə № 12976/07, 12 aprel 2011-ci il, 140 saylı məlumat bülleteni; Rifah Partiyası və başqaları Türkiyəyə qarşı, ərizə № 41340/98 və s., 13 fevral 2003-cü il, 50 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy