İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
PAŞAYEV AZƏRBAYCANA QARŞI
(36084/06 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
28 fevral 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Paşayev Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Peer Lorenzen,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi - Soren Nilsen,
7 fevral 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Çingiz Əmirhəmzə oğlu Paşayevin (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 4 avqust 2006-cı ildə təqdim etdiyi şikayət (36084/06 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab E.Zeynalov, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi xüsusilə cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ağır olduğunu və ona adekvat tibbi yardımın göstərilmədiyini iddia etmişdir. O, tibbi yardımın göstərilməməsi ilə bağlı ölkədaxili məhkəmə proseslərinin onun iştirakı olmadan keçirildiyini bildirmişdir. Ərizəçi, həmçinin qeyd etmişdir ki, ölkə məhkəmələri cinayət işi üzrə barəsində çıxarılmış hökmdən verdiyi şikayətə baxmamaqla onun cinayət işləri üzrə məhkəməyə müraciət etmək və məhkəmə qərarlarından şikayət vermək hüququnu pozmuşlar.
4. 24 sentyabr 2009-cu ildə Məhkəmə şikayətə baxılmasının qismən mümkünsüz olduğunu bəyan etmiş və ərizəçinin saxlanma şəraiti, tibbi yardımın göstərilməməsi, mülki məhkəmə proseslərinin ədalətsiz olması və ərizəçinin cinayət işi üzrə hökmdən verdiyi şikayətə baxılmaması ilə bağlı şikayətlərini Hökumətə göndərmək barədə qərar qəbul etmişdir. O, həmçinin şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmağı qət etmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
2. Ərizəçi 1957-ci ildə Bakıda anadan olmuşdur və hazırda Qobustan Həbsxanasında ömürlük azadlıqdan məhrumetmə cəzasını çəkir.
A. Ərizəçinin cinayət məsuliyyəti məsələsi və onun cəzasının yüngülləşdirilməsi
3. Ərizəçi 1987-89-cu illər arasında Azərbaycan SSR, Rusiya SFSR və Gürcüstan SSR ərazilərində bir sıra soyğunçuluq və adam öldürmə cinayətləri törətmiş mütəşəkkil cinayətkar qrupun üzvü olmuşdur.
7. 12 noyabr 1991-ci ildə birinci instansiya məhkəməsi qismində çıxış edən Ali Məhkəmə ərizəçini mütəşəkkil cinayətkar qrupa daxil olma və qəsdən adam öldürmə cinayətləri törətməkdə təqsirli bilərək məhkum etmişdir. Bu cinayətlərə görə cəzalar birləşdirilərək ərizəçiyə əmlakı müsadirə olunmaqla ölüm cəzası təyin olunmuşdur. Ən yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün bu qərar qəti idi və o zaman qüvvədə olan qanunvericiliyə görə ondan şikayət verilə bilməzdi.
8. Məhkum edildikdən sonra ərizəçi Bayıl İstintaq Təcridxanasının ölüm cəzasına məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş 5-ci korpusuna keçirilmişdir. O zaman qüvvədə olmuş cinayət qanunvericiliyinə görə ölüm cəzası cəza növü kimi nəzərdə tutulsa da, Azərbaycan dövləti 1993-cü ilin iyunundan ölüm cəzasının ləğv edildiyi 1998-ci ilə qədər bu cəzanın icrası ilə bağlı de facto moratorium tətbiq etmişdir.
9. 10 fevral 1998-ci ildə Parlament Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair Qanun (“10 fevral 1998-ci il Qanunu”) qəbul etmişdir. Bu qanuna görə bütün müvafiq dövlətdaxili hüquq normalarında dəyişiklik edilərək ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.
B. Ərizəçinin barəsindəki hökmə yenidən baxılmasına səy göstərməsi
4. 2000-ci ildə yeni Cinayət-Prosessual Məcəllə (“CPM”) və Cinayət Məcəlləsi qüvvəyə minmişdir. Yeni CPM-in 1 sentyabr 2000-ci ildə qüvvəyə minməsindən öncə Parlament 14 iyul 2000-ci ildə əvvəlki cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qanuni qüvvəyə minmiş hökmlərdən yeni CPM əsasında şikayət verməyə imkan yaradan keçid qanunu (“Keçid Qanunu”) qəbul etmişdir.
11. 24 yanvar 2005-ci ildə ərizəçi Keçid Qanunu əsasında Apellyasiya Məhkəməsinə barəsindəki hökmdən apellyasiya şikayəti, həmçinin “şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət” (hansı şikayət olduğu dəqiqləşdirilmədən) vermişdir. O xüsusi olaraq bildirmişdir ki, 1991-ci ildə məhkum olunan zaman çıxarılmış ittiham hökmündən şikayət vermək imkanı mövcud deyildi.
12. Apellyasiya Məhkəməsinin dəftərxana işçisinin 15 mart 2005-ci il tarixli məktubu ilə ərizəçiyə cavab verilmişdir ki, “o, barəsində çıxarılmış hökmdən Ali Məhkəməyə şikayət verə bilər”.
13. Ərizəçi 15 mart 2005-ci il məktubundan Ali Məhkəməyə şikayət edərək barəsində çıxarılmış hökmdən şikayətinə baxılmasını xahiş etmişdir. 19 may 2005-ci ildə Ali Məhkəmə sədrinin müavini tərəfindən imzalanmış cavab məktubunda bildirilmişdir ki, ərizəçinin şikayəti yalnız ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinin qanunsuz olması məsələsi ilə bağlı olduğundan (ərizəçinin fikrincə ölüm cəzası on beş il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli idi) məsələ məhkəmələrin yurisdiksiyasından kənardadır, belə ki, ərizəçi barəsində çıxarılmış hökm qətidir və cəzanın digəri ilə əvəz edilməsi məsələsi qanunvericilik aktı ilə müəyyən edilmişdir. Ali Məhkəmə sədrinin müavini məktubunda eyni zamanda bildirmişdir ki, “Apellyasiya Məhkəməsi 15 mart 2005-ci il tarixli məktubunda Ali Məhkəmənin bu məsələ ilə məşğul ola biləcəyini qeyd etməklə, müvafiq qanunun yanlış təfsirinə yol vermişdir”.
14. 2005-ci ilin avqustunda ərizəçi Apellyasiya Məhkəməsinə yeni şikayət verərək 1991-ci il tarixli hökmə etiraz etmişdir. 2005-ci ilin avqustunda ərizəçi, həmçinin Ali Məhkəməyə yenidən şikayət təqdim edərək əvvəlki xahişini təkrar etmişdir.
15. 1 sentyabr 2005-ci il tarixli məktubunda Ali Məhkəmənin dəftərxana işçisi qeyd etmişdir ki, ərizəçi “müxtəlif prosedurlar əsasında şikayətlər verərək barəsində çıxarılmış cəzanın dəyişdirilməsini xahiş etmişdir”. O daha sonra bildirmişdir ki, ərizəçi cəzaların icrasına dair şikayətləri ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməlidir. Məktubda ərizəçinin 1991-ci il hökmündən şikayətinə dair heç bir məlumat yox idi.
C. Cəzanın digəri ilə əvəz edilməsinin qanunsuzluğu ilə bağlı proseslər
5. 9 avqust 2005-ci ildə ərizəçi Qaradağ rayon Məhkəməsinə müraciət edərək ömürlük azadlıqdan məhrumetmə növündə yeni cəzanın onun zərərinə retroaktiv tətbiq edilməsindən şikayət etmişdir. O bildirmişdir ki, cəzası on beş il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli idi, belə ki, o, cinayət törədən zaman bu cəza ölüm cəzasının yeganə alternativi olmuşdur. O, eyni zamanda Gürcüstan SSR və Rusiya SFSR qanunvericiliyinə uyğun olaraq barəsində tətbiq edilmiş cəzalardan azad olunmasını xahiş etmişdir, belə ki, onun fikrincə bu ölkələrin qanunvericiliyi Azərbaycan ərazisində tətbiq olunmur.
17. 12 oktyabr 2005-ci ildə Qaradağ rayon Məhkəməsi ərizəçi barəsində çıxarılmış ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinin qanunauyğun olduğunu təsdiq etmişdir.
18. 25 noyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi və 22 mart 2006-cı ildə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və onun cəzasının 10 fevral 1998-ci il qanununa əsasən digəri ilə əvəz edilməsinin qanunauyğun olmasını təsdiq etmişdir.
Ç. Ərizəçinin saxlanma şəraiti
1. Saxlanma şəraitinin ərizəçi tərəfindən təsviri
6. 12 noyabr 1991-ci ildə məhkum edildikdən sonra ərizəçi Bayıl İstintaq Təcridxanasının 5-ci korpusuna keçirilmiş və burada təxminən yeddi il yarım saxlanmışdır.
20. Cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildikdən sonra 1998-ci ilin martında ərizəçi Bakı ətrafında yerləşən Qobustan Həbsxanasına keçirilmişdir və bu günə qədər də burada saxlanılır.
21. Ərizəçi başqa bir məhkumla ölçüsü 9-10 kv.metr olan kamerada saxlanılır. Kamerada iki çarpayı, balaca şkaf, balaca stol və döşəməyə bərkidilmiş iki skamya yerləşir. Sanitariya qovşağı kameranın digər hissəsindən ayrılır. Döşəmə və tavan müvafiq olaraq daşdan və betondandır. Kameranın içərisində temperatur yayda çox yüksək, qışda çox aşağıdır. Mərkəzi istilik sistemi mövcud olsa da, qənaətbəxş səviyyədə deyil.
22. Pəncərələrdə metal barmaqlıqlar mövcuddur və şüşə yoxdur, qışda şəffaf polietilen örtüklə bağlanır. İçəridə hava ağırdır və kamerada təbii hava dövriyyəsi yoxdur. Cəzaçəkmə müəssisəsində verilən yemək çox zaman aşağı keyfiyyətdə olur, tərkibində kifayət qədər ət və vitaminlər olmur, yemək çeşidləri müxtəlif deyil, monotondur. Məhkumlara gün ərzində yalnız təxminən yarım saat gəzintiyə icazə verilir.
2. Saxlanma şəraitinin Hökumət tərəfindən təsviri
7. Qobustan Həbsxanasına keçirildikdən sonra ərizəçi altı müxtəlif kamerada saxlanmışdır. Bütün kameralar iki məhkum üçün nəzərdə tutulmuş və ölçüləri 12 kv. metr olmuşdur.
24. Ərizəçinin saxlanma şəraiti bütün milli və beynəlxalq tələblər və standartlara cavab verir. Kameranın pəncərəsi içəridən açıla bilər. Pəncərə kifayət qədər genişdir, təbii işığın və təmiz havanın daxil olmasına mane olmur. Kamera, həmçinin elektrik lampaları, ventilyator və radio ilə təchiz olunmuşdur.
25. 2008-ci ilin iyunundan başlayaraq məhkumların adi günlərdə dörd saat, həftə sonları və bayramlarda isə altı saat televiziya verilişlərinə baxmaq hüquqları vardır. Müəssisədə məhkumlar üçün kitabxana fəaliyyət göstərir. Sanitar şərait normaldır və yeməklərin keyfiyyəti yaxşıdır. Ərizəçinin hər gün bir saat gəzintiyə çıxmaq hüququ var.
D. Həbsdə olduğu dövrdə ərizəçiyə tibbi yardım göstərilməsi
1. Tibbi müalicənin ərizəçi tərəfindən təsviri
8. Həbs olunmamışdan qabaq ərizəçi sağlam olmuşdur. Ərizəçi 1991-ci ilin yayında Bayıl İstintaq Təcridxanasında saxlanılan zaman xəstələnmiş və təcridxananın həkimləri tərəfindən müayinə olunmuşdur. Rentgen müayinəsindən keçən zaman onun sağ ağ ciyərinin yuxarı nahiyəsində kölgə aşkarlanmışdır. Həkim ona müalicə tövsiyə etmiş (müalicənin detalları barədə məlumat verilməmişdir), lakin təcridxananın rəisi buna imkan verməmişdir.
27. Ərizəçi Bayıl İstintaq Təcridxanasının 5-ci korpusuna keçirildikdən sonra içərilərində iki vərəm xəstəliyindən əziyyət çəkən məhkumun olduğu kamerada saxlanılmışdır. Bu iki məhkum müvafiq olaraq 1993-cü və 1994-cü illərdə vərəm xəstəliklərindən vəfat etmişlər. Təxminən həmin vaxtdan ərizəçi qan qusmağa başlamışdır. 1992-ci ildən 1998-ci ilə qədər ərizəçi öz puluna antibiotiklər almaqla kamerada özünü müalicə etməyə çalışmışdır.
28. Ərizəçinin bildirdiyinə görə bu müddət ərzində Bayıl İstintaq Təcridxanasının 5-ci korpusunda saxlanılan vərəmdən əziyyət çəkən məhkumlar bir qayda olaraq heç bir xüsusi tibb müəssisəsinə keçirilməmiş və müalicəni kameranın özündə almışlar. Vərəm xəstəliyinə yoluxmuş məhkumlar arasında ölüm halları yüksək olmuşdur.
29. 1998-ci ildə Qobustan Həbsxanasına keçirildikdən sonra ərizəçi həkim tərəfindən müayinə olunmuşdur. Lakin bu müayinə tam deyil, yalnız ərizəçinin izahatları əsasında aparılmışdır. 1998-ci ilin avqustunda ərizəçi yenidən həkim tərəfindən müayinə edilmiş və ona bronxit diaqnozu qoyulmuşdur.
30. 12 noyabr 1999-cu ildə ərizəçi ilk dəfə vərəm xəstəliyi üzrə mütəxəssis tərəfindən müayinə edilmiş və ona vərəm diaqnozu qoyulmuşdur.
31. 20 noyabr 2004-cü ildə o, stasionar müalicə almaq üçün Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinə (“İMM”) keçirilmiş və burada ona ağ ciyərin vərəmi diaqnozu qoyulmuşdur. Lakin sonda həkimlər hesab etmişlər ki, onun səhhəti Ümumdünya Səhiyyə Təşkilatının DOTS (Birbaşa Müşahidə Altında Qısa Müddətli Müalicə) proqramı əsasında müalicəni tələb etmir. Yeddi gün stasionar müalicə aldıqdan sonra o, Qobustan Həbsxanasına qaytarılmışdır.
32. 29 yanvar 2005-ci ildə ərizəçi yenidən İMM-ə keçirilmişdir. 2005-ci ilin 3 fevralından 29 martına qədər o, ilk dəfə olaraq DOTS proqramı əsasında müalicə almışdır. Ərizəçinin bildirdiyinə görə İMM-də müalicə şərtləri adekvat olmamış və buna görə də o, müalicədən imtina etmişdir.
33. 2006-cı ildən başlayaraq ərizəçi müntəzəm olaraq həkim tərəfindən müayinə olunmuşdur, lakin 1998-ci ildən 2004-cü ilə qədər ona göstərilən tibbi yardım adekvat olmadığından ərizəçidə keçirdiyi vərəmdən sonrakı qalıq əlamətləri qalmaqdadır.
2. Tibbi müalicənin Hökumət tərəfindən təsviri
9. Hökumət bildirmişdir ki, ərizəçinin Bayıl İstintaq Təcridxanasında vərəm xəstəliyinə yoluxması şübhələr doğurur və hadisələrin onun tərəfindən təsviri ziddiyyətli xarakter daşıyır. Bu baxımdan Hökumət ərizəçinin vərəm xəstəliyindən əziyyət çəkmiş məhkumla bir kamerada saxlandığını qəbul etmişdir. Lakin Hökumətin mövqeyinə görə bu, ərizəçinin vərəm xəstəliyinə yoluxmasına səbəb ola bilməzdi, belə ki, digər məhkumların vərəm xəstəliyi yoluxucu xarakter daşımırdı.
35. Ərizəçiyə Qobustan Həbsxanasında adekvat tibbi yardım göstərilmiş və o sağalmışdır.
36. 29 mart 1998-ci ildə Qobustan Həbsxanasına gətirilən gün ərizəçi həbsxananın həkimi tərəfindən müayinə olunmuşdur. Bu müayinə zamanı ərizəçi əvvəllər ağ ciyərin vərəmi xəstəliyindən müalicə aldığını və son illər ərzində vəziyyətinin pisləşmədiyini bildirmişdir. Həkim tərəfindən xəstənin səhhətində hər hansı ciddi xəstəlik müəyyən edilməmişdir.
37. Sonradan ərizəçi 1998-ci ilin 5 aprel və 21 may tarixlərində müayinə edilmiş və səhhəti ilə bağlı heç bir şikayəti olmamışdır. 12 avqust 1998-ci ildə ərizəçiyə bronxit və nəfəs yollarında problem diaqnozu qoyulmuşdur. Ona dərmanlar qəbul etməsi tövsiyə olunmuş və ərizəçi sağalmışdır.
38. 12 noyabr 1999-cu ildə ərizəçi vərəm xəstəliyi üzrə mütəxəssis tərəfindən müayinə edilmişdir. Müayinə vaxtı on il əvvəl vərəm xəstəliyinə tutulduğunu və müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirmişdir. Ərizəçini müayinə edən həkim xəstənin vəziyyətinin pisləşmədiyini müəyyən etmiş və qəbul etməsi üçün ona antibiotiklər tövsiyə etmişdir.
39. Sonralar ərizəçi 1999-cu il 19 noyabrda, 2000-ci il 7 fevralda, mayda və 23 avqustda, 2001-ci il 17 martda həkim tərəfindən müayinə edilmiş və onda vərəmin vəziyyətinin pisləşmədiyi müəyyən edilmişdir.
40. 2002-ci ildən 2004-cü ilə qədər ərizəçi müntəzəm olaraq həkim tərəfindən müayinə edilmiş və bir neçə xəstəlikdən müalicə olunmuşdur.
41. 2004-cü ilin noyabrında ərizəçidə vərəm xəstəliyinin fəallaşıb-fəallaşmadığını yoxlamaq üçün o, İMM-ə göndərilmişdir. Klinik laboratoriya və rentgen müayinəsinin nəticələrinə görə ərizəçiyə ağ ciyərin ocaqlı vərəmi diaqnozu qoyulmuş və onda vərəmin fəallaşmadığı müəyyən edilmişdir. Müayinə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Qərara alınmışdır ki, ərizəçinin səhhəti qənaətbəxşdir və onun stasionar müalicəsinə ehtiyac yoxdur.
42. 2005-ci ilin yanvarında ərizəçi yenidən həkimlər tərəfindən müayinə olunmuş və nəticə neqativ olmuşdur. Lakin vərəm xəstəliyinin fəallaşmasının qarşısını almaq üçün ərizəçi İMM-ə göndərilmişdir. O, burada 2005-ci ilin 3 fevralından 29 martına qədər Ümumdünya Səhiyyə Təşkilatının DOTS proqramı əsasında stasionar müalicə almışdır. Sonra ərizəçi müalicədən imtina etmiş və buna görə də müalicə dayandırılmışdır.
43. 2006-cı ilin yanvarında ərizəçi müayinə üçün İMM-ə göndərilmişdir. O, 2006-cı ilin 11, 12 və 13 yanvar tarixlərində müayinə edilmiş və nəticələr neqativ olmuşdur. BQXK-nin nümayəndəsinin iştirakı ilə onun klinik, laborator və rentgen müayinəsi həyata keçirilmişdir. 2006-cı ilin noyabrında o, yenidən İMM-ə göndərilmiş və klinik, laborator və rentgen müayinəsindən keçmişdir. Müayinənin nəticələri neqativ olmuş və ona vitaminlər qəbul etməsi tövsiyə olunmuşdur.
44. 2007-ci və 2008-ci illərdə ərizəçinin səhhəti qənaətbəxş olmuş və ona dərmanlar qəbul etməsi tövsiyə edilmişdir.
45. 2009-cu ilin noyabrında ərizəçi yenidən müayinə edilmişdir. Müayinənin nəticəsinə görə vərəm xəstəliyi ilə bağlı onun aldığı müalicə adekvat və effektiv olmuş və ərizəçidə yalnız məhdud dərəcədə keçirdiyi vərəmdən sonrakı qalıq əlamətləri müşahidə olunmuşdur.
46. Hökumət İMM-də müalicə şəraitinin ÜST-nin bütün standartlarına cavab verdiyini bildirmişdir. Bu baxımdan o, ÜST-nin Yaşıl İşıq Komitəsinin 2005 və 2007-ci illər üzrə hesabatlarına istinad etmişdir.
E. Bayıl İstintaq Təcridxanasında adekvat tibbi yardımın göstərilməməsi iddiası ilə bağlı mülki iş
10. 23 fevral 2007-ci ildə ərizəçi səhhətinə vurulan zərərə görə kompensasiya almaq üçün Bayıl İstintaq Təcridxanasının rəhbərliyinə qarşı mülki iddia qaldırmışdır. Ərizəçi iddia etmişdir ki, təcridxana rəhbərliyi onun vərəmə yoluxmasına görə birbaşa məsuliyyət daşıyır, belə ki, o, pis şəraitdə, vərəmə yoluxmuş məhkumlarla bir kamerada saxlanmışdır.
48. İddialarını müdafiə etmək üçün ərizəçi əvvəllər Bayıl İstintaq Təcridxanasında saxlanmış digər məhkumların yazılı ifadələrini təqdim etmişdir. O, həmçinin məhkəməyə əvvəllər Bayıl İstintaq Təcridxanasında saxlanılmış bəzi məhkumların dindirilməsi xahişi ilə müraciət etmişdir. Ərizəçi eyni zamanda məhkəmədən onun prosesdə iştirakının təmin olunmasını xahiş etmişdir.
49. 29 may 2007-ci ildə Səbail rayon Məhkəməsi ərizəçinin iddiasını rədd etmişdir. Məhkəmə bildirmişdir ki, ərizəçi xəstə məhkumlarla bir kameraya qəsdən salındığını və məhz bunun nəticəsində vərəm xəstəliyinə yoluxduğunu sübut edə bilməmişdir. Məhkəmə daha sonra bildirmişdir ki, belə halda Bayıl İstintaq Təcridxanası rəhbərliyinin ərizəçi ilə hər hansı bir şəkildə pis rəftar etdiyini qət etmək mümkün deyil. Ərizəçi birinci instansiya məhkəməsində işə baxılması zamanı şəxsən iştirak etməmiş, lakin prosesdə nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Məhkəmə qətnamədə ərizəçinin prosesdə iştirak etməsi barədə vəsatəti ilə bağlı məsələyə münasibətini bildirməmişdir.
50. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək əvvəlki iddialarını təkrar etmiş və prosesdə iştirak etməsi ilə bağlı bir daha vəsatət qaldırmışdır.
51. Bakı Apellyasiya Məhkəməsi 30 noyabr 2007-ci ildə ərizəçinin iştirakı olmadan, lakin onun nümayəndəsinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında ərizəçinin dəlillərini əsaslı hesab etməyərək onun şikayətini təmin etməmişdir. Lakin məhkəmə qətnamədə ərizəçinin prosesdə iştirak etmək barədə xüsusi vəsatəti ilə bağlı məsələyə münasibətini bildirməmişdir.
52. 18 mart 2008-ci ildə ərizəçi kassasiya şikayəti verərək əvvəlki tələblərini təkrar etmişdir.
53. 20 iyun 2008-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Ali Məhkəmə müəyyən etmişdir ki, mübahisə edilən qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək maddi və ya prosessual hüquq normalarının pozuntusu faktı mövcud deyildir. Ali Məhkəmədə işə baxılması zamanı ərizəçinin iştirakı təmin edilməmiş, lakin o, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Ali Məhkəmə qərarında ərizəçinin prosesdə iştirak etmək barədə vəsatəti ilə bağlı məsələyə münasibətini bildirməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixli Qanunu (“Keçid Qanunu”) və Cinayət- Prosessual Məcəlləsi (CPM)
11. Keçid Qanunun 7-ci maddəsində qeyd edilir:
“Bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlara müvafiq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla bilər.”
12. CPM-in 383-407-ci maddələri birinci instansiya məhkəmələrinin hökmlərindən apellyasiya məhkəmələrinə şikayət verilməsi üçün ümumi qaydaları müəyyən edir. Bu baxımdan CPM-in 384-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququna malik olan şəxs tərəfindən birinci instansiya məhkəməsi tərəfindən hökmün elan olunduğu andan 20 gün müddətində verilə bilər. Məcəllənin 409-427-ci və 461-467-ci maddələri kassasiya şikayətinin verilməsi və işlərə yeni açılmış hallar üzrə baxılması qaydalarını təsbit edir. CPM-in 410-cu maddəsi təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin ağırlığından və tələbinin məzmunundan asılı olaraq kassasiya şikayəti vermək üçün müxtəlif müddətlər müəyyən edir. 410.1.4-cü maddəyə görə məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilir.
56. Apellyasiya məhkəmələri birinci instansiya məhkəmələrinin hökmlərindən və qərarlarından verilmiş apellyasiya şikayətləri və protestləri ilə bağlı cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxmaq səlahiyyətinə malikdir (CPM-in 72-ci maddəsi). Ali Məhkəmə cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir (CPM-in 73-cü maddəsi).
57. Ali Məhkəməyə kassasiya şikayəti daxil olduqdan sonra məhkəmənin hakimi üç ay müddətində kassasiya şikayətini öyrənir. Kassasiya şikayəti prosessual tələblərə uyğun olaraq təqdim edilmişdirsə, Ali Məhkəmə şikayətə mahiyyəti üzrə baxır və qərar qəbul edir. Ali Məhkəmənin qərarında aşağı instansiya məhkəməsinin hökmü və ya qərarının qüvvədə saxlanılmasının və ya ləğv edilməsinin bütün səbəbləri göstərilməlidir (CPM-in 418-ci və 419-cu maddələri). Lakin kassasiya şikayətini təqdim etmək üçün zəruri olan prosessual tələblərə əməl edilmədiyi təqdirdə (şəxs kassasiya şikayəti vermək hüququna malik olmadıqda, şəxs kassasiya şikayətinə məhkəmənin mübahisə edilən hökm və ya qərarının surətlərini əlavə etmədikdə və s.) Ali Məhkəmə kassasiya şikayətini baxılmamış saxlaya bilər (CPM-in 415-ci maddəsi). Bu halda Ali Məhkəmənin hakimi ya kassasiya şikayətini “baxılmamış saxlamaq” haqqında qərar qəbul edir, ya da prosessual tələblərə əməl etmək üçün ərizəçiyə 10 gündən 20 günə qədər vaxt verir (CPM-in 418-ci maddəsi).
Ərizəçinin mülki işdə iştirakı
13. Mülki işdə tərəflər məhkəmə baxışında şəxsən iştirak edə və ya nümayəndələri vasitəsilə təmsil oluna bilərlər (Mülki-Prosessual Məcəllənin (“MPM”) 47, 49 və 69-cu maddələri).
14. Cəzaların İcrası Məcəlləsinə (“CİM”) görə məhkumun müəyyən istintaq hərəkətlərinin aparılmasında şahid, şübhə edilən şəxs və ya təqsirləndirilən şəxs qismində iştirakı tələb olunduqda o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilə bilər (69-1-ci maddə). Məcəllə məhkumun mülki işlərdə iddiaçı və ya cavabdeh qismində iştirak edə bilməsi məsələsinə aydınlıq gətirmir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏÇİNİN MÜLKİ İŞDƏ İŞTİRAK ETMƏMƏSİ İLƏ BAĞLI KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN POZULMASI İDDİASI
15. Ərizəçi adekvat tibbi yardımın göstərilməməsi ilə bağlı Bayıl İstintaq Təcridxanasına qarşı qaldırdığı iddia üzrə yerli məhkəmələr tərəfindən həyata keçirilmiş məhkəmə proseslərində iştirakının təmin olunmaması ilə Konvensiyanın 6-cı maddəsinin ona münasibətdə pozulmasından şikayət etmişdir. O bildirmişdir ki, yerli məhkəmələr keçmiş məhkumların yazılı ifadələrini nəzərə almadıqları və əvvəllər Bayıl İstintaq Təcridxanasında saxlanılmış bəzi məhkumları dindirmədikləri üçün onun məhkəmə iclaslarında iştirakı xüsusilə mühüm əhəmiyyət kəsb edərdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunur:
“Hər kəsin ... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə ... məhkəmə tərəfindən ... ədalətlə baxılması hüququ vardır ...”
A. Mümkünlük
16. Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını qeyd edir. Bundan əlavə o bildirir ki, şikayətə baxılması digər əsaslara görə də qeyri-mümkün deyil. Buna görə də şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Tərəflərin izahatları
17. Hökumət bildirmişdir ki, ərizəçi işə yerli məhkəmələr tərəfindən baxılması zamanı nümayəndəsi vasitəsilə proseslərdə iştirak etmiş və bununla da məhkəmə baxışında çəkişmə prinsipinə əməl edilmişdir. Hökumət bundan başqa qeyd etmişdir ki, digər məhkumların ərizəçinin xeyrinə olan yazılı ifadələri notarial qaydada təsdiq olunmadığı üçün sübut kimi istifadə oluna bilməzdi.
18. Ərizəçi şikayətini təsdiq edərək bildirmişdir ki, vəsatət verməsinə baxmayaraq onun yerli məhkəmələr tərəfindən həyata keçirilmiş məhkəmə baxışlarında iştirakı təmin olunmamışdır. O eyni zamanda qeyd etmişdir ki, məhkəmələrin onun xeyrinə olan yazılı ifadələri qəbul etməkdən və şahidləri dindirməkdən imtina etmələri onun məhkəmə baxışlarında iştirakının zəruriliyini sübut edir.
2. Məhkəmənin qiymətləndirməsi
19. Məhkəmə bir daha bildirir ki, ədalətli məhkəmə baxışının daha geniş konsepsiyasının elementlərindən biri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə digər tərəfin ifadələri və ya təqdim etdiyi sübutlarla tanış olmaq və onlarla bağlı öz mövqeyini bildirmək, həmçinin öz mövqeyini qarşı tərəflə müqayisədə heç bir ayrı-seçkiliyə məruz qalmadan ifadə etmək üçün ağlabatan imkan verilməsini tələb edir (baxın, Krčmář və digərləri Çex Respublikasına qarşı, 35376/97 nömrəli iş, 39-cu bənd, 3 mart 2000-ci il və Dombo Beheer B.V. Niderlanda qarşı, 27 oktyabr 1993-cü il, 33-cü bənd, A Cildi, 274-cü bənd). Məhkəmə eyni zamanda bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsi mülki işlərə baxılması zamanı tərəfin məhkəmə iclasında şəxsən iştirak etmək hüququnu deyil, daha çox məhkəmədə öz işinin müdafiəsini səmərəli şəkildə həyata keçirmək və digər tərəflə bərabər imkanlardan istifadə etmək kimi ümumi xarakterli hüququ təmin edir. 6-cı maddənin 1-ci bəndi çəkişən tərəflərin bu hüquqlarının təmin edilməsində hansı vasitələrdən istifadə ediləcəyini müəyyən etməkdə Dövlətə azad seçim imkanı verir (baxın, Steel və Morris Birləşmiş Krallığa qarşı, 68416/01 nömrəli iş, 59-60-cı bəndlər, İHAM 2005-II).
65. Məhkəmə qeyd edir ki, o, artıq mülki işdə irəli sürdüyü iddialarla bağlı şifahi ifadə vermək istəyən məhkumun məhkəməyə gətirilməsindən imtina edilməsinin 6-cı maddənin pozuntusu olması barədə qərar qəbul etmişdir. Həmin işdə ərizəçinin məhkəmə baxışında nümayəndə vasitəsilə təmsil olunmasına baxmayaraq, Məhkəmə hesab etmişdir ki, tərəfin pis rəftara məruz qalmasına dair iddiası əsas etibarilə onun şəxsən üzləşdiyi hadisələr üzərində qurulmuşdur və buna görə də onun ifadələri “iddiaçının müdafiəsinin mühüm tərkib hissəsi və əslində prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinin təmin olunmasının yeganə yolu” ola bilərdi. (baxın, Kovalev Rusiyaya qarşı, 78145/01 nömrəli iş, 37-ci bənd, 10 may 2007-ci il). Məhkəmə eyni yanaşmanı digər işlərdə də nümayiş etdirmiş və cəzaçəkmə müəssisəsində saxlanma şəraiti, pis rəftar və ya qanunsuz saxlanma ilə bağlı olan işlərdə ərizəçilərin məhkəmə iclasında şəxsən iştirak etmələrinin mühüm olduğunu vurğulamışdır (xüsusilə baxın, Shilbergs Rusiyaya qarşı, 20075/03 nömrəli iş, 111-ci bənd, 17 dekabr 2009-cu il).
66. Hazırda baxılan işin hallarına gəldikdə, Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının MPM-i iddiaçının qaldırdığı iddia ilə bağlı məhkəmə baxışında şəxsən iştirak etmək hüququnu təsbit edir. Lakin nə MPM, nə də ki CİM istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin bu hüquqdan istifadə etmələrinə dair hər hansı xüsusi müddəanı nəzərdə tutur.
67. Hazırkı işdə ərizəçinin məhkəmə iclasında iştirakla bağlı vəsatətinə ölkə məhkəmələri heç bir izah vermədən məhəl qoymamışlar. Bununla bağlı Məhkəmə keçmiş məhkumların məhkəmə iclasında iştirak etmələrinə dair vəsatətə və məsələ ilə bağlı bilavasitə məlumata malik olan, müəyyən mənada ərizəçinin düşdüyü vəziyyətlə eyni vəziyyətdə olan digər məhkumların yazılı ifadələrinə məhəl qoyulmadığına da göz yuma bilməz. Belə olan halda Məhkəmə bir daha təkrar etməyi zəruri hesab edir ki, Məhkəmədən dəlillərə adekvat münasibət göstərilib-göstərilmədiyini araşdırmaq tələb olunmadığına görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün ölkə “məhkəmələri”nin üzərinə, inter alia, təqdim edilmiş izahatların, dəlillərin və sübutların, onların qiymətləndirilməsinə və qərarın qəbul edilməsi üçün əhəmiyyətə malik olub-olmaması məsələsinə zərər gətirmədən, lazımı qaydada araşdırılmasını aparmaq vəzifəsi qoyulur (baxın, Buzescu Rumıniyaya qarşı, 61302/00 nömrəli şikayət, 63-cü bənd, 24 may 2005-ci il və Grădinar Moldovaya qarşı, 7170/02 nömrəli şikayət, 107-ci bənd, 8 aprel 2008-ci il).
68. Bundan əlavə, Məhkəmə nümayəndənin məhkəmə baxışında iştirakı ilə ərizəçinin müdafiəsinin səmərəli, müvafiq və qənaətbəxş şəkildə təmin olunduğuna dair Hökumətin dəlili ilə razılaşmır. Bu baxımdan Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin cəzaçəkmə müəssisəsində adekvat tibbi yardımın göstərilmədiyi üçün ona kompensasiya verilməsinə dair tələbi əsas etibarilə onun şəxsən üzləşdiyi hadisələr üzərində qurulmuşdur. Məhkəmə hesab edir ki, ərizəçinin tibbi müalicəsinə dair ifadəsi işin məhkəmə qarşısında müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edə bilərdi, belə ki, yalnız o, tibbi müalicəsi ilə bağlı bilavasitə məlumata malik idi. Yalnız ərizəçi şəxsən ifadə verməklə kompensasiya ilə bağlı tələbini əsaslandıra və hakimin müvafiq suallarını cavablandıra bilərdi (baxın, yuxarıda qeyd edilmiş Kovalev işi, 37-ci bənd).
69. Son olaraq, ərizəçinin azadlıqdan məhrumetmə cəzasını çəkməsinə gəlincə, Məhkəmə hesab edir ki, onun prosesdə iştirakının təmin olunması üçün yerli məhkəmələrin ixtiyarında başqa vasitələr mövcud idi. Yerli məhkəmələr məhkəmə iclasının ərizəçinin cəza çəkdiyi müəssisədə keçirilməsini təmin edə bilərdilər (baxın, yuxarıda qeyd edilmiş Shilbergs işi, 109-cu bənd). Lakin yerli məhkəmələr bu imkanı nəzərdən belə keçirməmişlər.
70. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
II. ƏRİZƏÇİNİN CİNAYƏT İŞİ ÜZRƏ BARƏSİNDƏ ÇIXARILMIŞ HÖKMDƏN VERDİYİ ŞİKAYƏTƏ ÖLKƏ MƏHKƏMƏLƏRİ TƏRƏFİNDƏN BAXILMAMASI İLƏ BAĞLI KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN POZULMASI İDDİASI
20. Ərizəçi Konvensiyanın 6-cı və Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinə istinad edərək ölkə məhkəmələrinin cinayət işi üzrə barəsində çıxarılmış hökmdən Keçid Qanununa əsasən verdiyi şikayətə baxmamaqla onun məhkəməyə müraciət etmək və cinayət işi üzrə qərarlardan şikayət vermək hüquqlarını pozduqlarından şikayət etmişdir. Məhkəmə ərizəçinin şikayətini Konvensiyanın 6-cı maddəsi əsasında araşdırmışdır. Bu maddədə qeyd edilir:
“Hər kəsin ... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə ... məhkəmə tərəfindən ... ədalətlə baxılması hüququ vardır ...”
A. Mümkünlük
21. Hökumət bildirmişdir ki, ərizəçinin ölkə məhkəmələri tərəfindən cinayət işi üzrə barəsində çıxarılmış hökmdən verdiyi şikayətə baxılmamasına dair şikayəti müddətin ötürülməsi ilə təqdim edilmişdir. Bu baxımdan Hökumət bildirmişdir ki, Ali Məhkəmənin 1 sentyabr 2005-ci il tarixli məktubu ərizəçinin şikayətinə baxılmasından ölkə məhkəmələrinin rəsmi imtinası idi. Bununla da ərizəçi altı ay müddəti tələbinə əməl etməmişdir, belə ki, o, şikayətini Məhkəməyə yalnız 2006-cı ilin avqustunda təqdim etmişdir.
73. Ərizəçi Hökumətin etirazı ilə razılaşmamış və şikayətini bir daha təkrarlamışdır. Xüsusilə, o bildirmişdir ki, məhkəmə dəftərxanasının işçisi tərəfindən 1 sentyabr 2005-ci ildə imzalanmış məktuba məhkəmə qərarı kimi baxmamışdır və buna görə də Ali Məhkəmənin formal qərarını gözləmişdir.
74. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayətinin altı ay müddəti tələbinə uyğunluğu ilə bağlı Hökumətin etirazı işin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında baxılacaq mahiyyəti ilə bilavasitə bağlıdır və buna görə də bu iki məsələyə ayrıca baxılması mümkün deyil. Buna görə də Məhkəmə Hökumətin etirazına ərizəçinin 6-cı maddənin 1-ci bəndi əsasında təqdim etdiyi şikayəti kontekstində və ilk növbədə baxacaq.
75. Bundan əlavə Məhkəmə bildirir ki, bu şikayət hər hansı digər şəkildə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə uyğun olaraq açıq-aşkar əsassız deyil və şikayətə baxılması digər əsaslara görə də qeyri-mümkün hesab edilə bilməz. Buna görə də şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Tərəflərin izahatları
22. Hökumət bildirmişdir ki, ərizəçi ölkə məhkəmələrinə şikayətini CPM-lə müəyyən edilmiş müddətlərə əməl etmədən təqdim etmişdir. Keçid Qanunun və CPM-in 2000-ci ildə qəbul edilməsinə baxmayaraq ərizəçi ilk dəfə şikayətini 2005-ci ilin yanvarında təqdim etmişdir. Bu baxımdan Hökumət bildirmişdir ki, Keçid Qanunu əsasında şikayət CPM-in 1 sentyabr 2000-ci ildə qüvvəyə minməsindən dərhal sonra verilməli idi. Buna görə də şikayətin verilməsi üçün CPM-in təsbit etdiyi müddətlərin axımı 1 sentyabr 2000-ci ildən hesablanmalıdır.
77. Ərizəçi ilə oxşar vəziyyətdə olan bir sıra digər məhkumların, xüsusilə cənab İ.Həmidov, cənab Ə.Hümmətov və cənab R.Qazıyevin işlərinə baxılması məsələsinə gəlincə, Hökumət bu işlərə 2002-ci ildə yenidən baxıldığını bildirmişdir.
78. Ərizəçi Keçid Qanunun Hökumət tərəfindən belə təfsir edilməsinə etiraz etmişdir. Xüsusilə, o, qanunun bu məsələləri aydın tənzim etmədiyini bildirmiş və onunla oxşar vəziyyətdə olan bir sıra digər məhkumların işlərinə istinad edərək bu işlərdən bəzilərinə (R.Qazıyev və Ə.Hümmətov) 2002-ci ildə, bəzilərinə (E.Əmiraslanov və S.Poladov) 2004-cü ildə, bəzilərinə isə (R.Maksimov) 2005-ci ildə baxıldığını qeyd etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
23. Məhkəmə bir daha təkrar edir ki, işə məhkəmədə baxılması hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş hüququn ayrılmaz hissəsidir və bu hüququn da bir aspektini məhkəməyə müraciət etmək hüququ təşkil edir (baxın, Golder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975-ci il tarixli qərar, A Cildi, 18-ci nömrə, 18-ci səhifə, 36-cı bənd). Bu hüquq mütləq deyil və məzmunundan irəli gələn, xüsusilə şikayətin mümkünlüyü şərtləri ilə bağlı məhdudiyyətlərə məruz qala bilər (baxın, Ashingdane Birləşmiş Krallığa qarşı, 28 may 1985-ci il tarixli qərar, A Cildi, 93-cü nömrə, 24-25-ci səhifələr, 57-ci bənd). Bununla belə, tətbiq edilən məhdudiyyətlər şəxsin məhkəməyə müraciət etmək hüququnu bu hüququn məzmununa xələl gətirə biləcək dərəcədə məhdudlaşdırmamalıdır. Bu məhdudiyyətlər qanuni məqsədə yönəlməli və onların tətbiqi üçün istifadə olunan vasitələrlə nail olunması gözlənilən məqsəd arasında ağlabatan proporsionallıq olmalıdır (digər mənbələrlə yanaşı baxın, Khalfaoui Fransaya qarşı, 34791/97 nömrəli şikayət, 35-ci bənd, İHAM 1999‑IX; Fayed Birləşmiş Krallığa qarşı, 21 sentyabr 1994-cü il, A Cildi, 294-B, 49-50-ci səhifələr, 65-ci bənd; Bellet Fransaya qarşı, 4 dekabr 1995-ci il, A Cildi, 333-B nömrəsi, 41-ci səhifə, 31-ci bənd).
24. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin barəsində çıxarılmış ittiham hökmündən Keçid Qanununa uyğun olaraq şikayət etmək hüququnun olması tərəflər arasında mübahisə doğurmur və bu baxımdan o, 2005-ci ildə müvafiq şikayəti vermişdir. Lakin ərizəçinin verdiyi şikayətə Ali Məhkəmə tərəfindən baxılıb-baxılmaması və Ali Məhkəmənin 1 sentyabr 2005-ci il tarixli məktubunun son qərar hesab edilməsinin mümkün olub-olmaması məsələləri tərəflər arasında mübahisə doğurur. Tərəflər arasında mübahisəyə səbəb olan məsələlərdən biri də ərizəçinin şikayəti təqdim edən zaman Keçid Qanunu əsasında müəyyən edilmiş müddətlərə əməl edib-etməməsidir.
81. Hökumətin etirazı kimi də qəbul edilən ilk məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, ərizəçinin barəsində şikayət etdiyi hərəkət, xüsusilə ölkə məhkəmələrinin ittiham hökmündən verilən şikayətə baxmaqdan imtina etməsi ilk dəfə 15 mart 2005-ci ildə baş vermişdir. Belə ki, bu tarixdə Apellyasiya Məhkəməsi məktubla ərizəçinin şikayətinə baxmaqdan imtina edərək onun Ali Məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Ərizəçi bu məktubdan Ali Məhkəməyə şikayət etmişdir. Ali Məhkəmə 19 may 2005-ci il tarixli məktubu ilə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin qanunu düzgün təfsir etmədiyini bildirmişdir. Ərizəçinin daha bir şikayət təqdim etməsindən sonra Ali Məhkəmə 1 sentyabr 2005-ci il tarixli məktubunda bildirmişdir ki, ərizəçi cəzanın yüngülləşdirilməsi məsələsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməlidir. Bununla belə, məktubda 1991-ci il tarixli ittiham hökmündən verilən şikayətlə bağlı heç nə göstərilməmişdir.
82. Belə olan halda Avropa Məhkəməsi Ali Məhkəmənin 1 sentyabr 2005-ci il tarixli məktubuna ərizəçinin şikayətinə baxılmasından ölkə məhkəmələrinin rəsmi imtinası kimi baxılmalı olmasına və buna görə də ərizəçinin altı ay müddəti tələbinə əməl etmədiyinin qət edilməsinə dair Hökumətin mövqeyini qəbul edə bilməz. Bununla bağlı Məhkəmə qeyd edir ki, ərizəçinin barəsindəki ittiham hökmündən şikayətinə dair heç bir formal məhkəmə qərarı qəbul edilməmişdir. Xüsusilə, Məhkəmə əvvəllər artıq müəyyən etmişdir ki, ölkə qanunvericiliyinə əsasən məhkəmənin dəftərxana işçisi tərəfindən imzalanmış məktuba məhkəmənin rəsmi və hüquqi cəhətdən məcburi qərarı kimi baxmaq olmaz (baxın, Hacıyev Azərbaycana qarşı, 5548/03 nömrəli şikayət, 36-cı bənd, 16 noyabr 2006-cı il). Azərbaycan qanunvericiliyinə görə kassasiya şikayəti dəftərxana işçisinin məktubu ilə deyil, Ali Məhkəmənin əsaslandırılmış qərarı ilə təmin və ya rədd edilə bilər (baxın, 57-ci bənd). Bundan əlavə, Ali Məhkəmənin 1 sentyabr 2005-ci il tarixli məktubunda ərizəçinin barəsindəki ittiham hökmündən şikayəti məsələsinə toxunulmamışdır.
83. Buna görə də Məhkəmə hesab edir ki, Ali Məhkəmənin 1 sentyabr 2005-ci il tarixli məktubuna hazırkı iş üzrə Ali Məhkəmənin son qərarı kimi baxıla bilməz və ərizəçinin şikayəti ilə bağlı Ali Məhkəmənin rəsmi qərarını gözləmək üçün ağlabatan əsasları olmuşdur.
84. Ərizəçinin barəsindəki ittiham hökmündən şikayətini Keçid Qanunu ilə nəzərdə tutulmuş müddətlərə əməl etmədən təqdim etməsi məsələsinə gəlincə, Məhkəmə bir daha təkrar edir ki, ölkədaxili qanunvericiliyin təfsirini ilk növbədə ölkədaxili dövlət orqanları, xüsusilə məhkəmələr həyata keçirməlidirlər. Bu, xüsusilə şikayətin təqdim edilməsi qaydası və müddəti kimi prosessual xarakterli normaların məhkəmələr tərəfindən təfsiri məsələsinə aiddir. Burada Məhkəmənin rolu belə təfsirin nəticələrinin Konvensiyanın müddəalarına uyğun olun-olmadığını müəyyənləşdirməkdir (baxın, Platakou Yunanıstana qarşı, 38460/97 nömrəli şikayət, 37-ci bənd, İHAM 2001‑I).
85. Lakin yuxarıda qeyd edildiyi kimi hazırkı işdə Keçid Qanunun müvafiq müddəasını təfsir edəcək hər hansı rəsmi məhkəmə qərarı olmamışdır. Bundan əlavə, Hökumət Keçid Qanunun şikayətlərin təqdim edilməsi müddətləri ilə bağlı müddəalarının ictimaiyyət üçün açıq olan hüquqi təfsirini təqdim etməmişdir. Belə bir təfsirin olması ərizəçinin şikayəti təqdim edən zaman səhvə yol verməsini anlamasına imkan verərdi. Məhkəmə eyni zamanda nəzərə alır ki, ərizəçi ilə oxşar vəziyyətdə olan bir sıra digər məhkumların işlərinə müxtəlif vaxtlarda şikayətlərin təqdim edilməsi üçün mövcud olan müddətlər məsələsi qaldırılmadan Ali Məhkəmə tərəfindən Keçid Qanunu əsasında baxılmışdır (baxın, 77-78-ci bəndlər).
86. Hər bir halda Məhkəmə qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə şikayət Ali Məhkəməyə qanunla müəyyən edilmiş prosessual qaydalara əməl edilmədən təqdim edilərsə, Ali Məhkəmə qeyd olunan şikayəti qəbul etməkdən imtinaya dair qərar qəbul etməlidir. Bununla belə, hazırkı işdə ölkə məhkəmələri nə ərizəçinin şikayətini qəbul edərək ona baxmış, nə də şikayəti prosessual qaydalara əməl edilmədən təqdim olunduğu üçün rəsmi şəkildə rədd etmişlər. Yuxarıda qeyd edildiyi kimi, Ali Məhkəmənin dəftərxana işçisi tərəfindən 1 sentyabr 2005-ci il tarixdə imzalanmış məktub ölkə qanunvericiliyinə əsasən məhkəmənin rəsmi qərarı hesab olunmur.
87. Məhkəmə bir daha təkrar edir ki, Konvensiyanın məqsədi hüquqların nəzəri və ya xəyali xarakterli deyil, praktiki və səmərəli xarakterli olmasını təmin etməkdir. Bu, xüsusilə məhkəməyə müraciət etmək hüququna aiddir, belə ki, işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququ demokratik cəmiyyətdə mühüm yer tutur (baxın, Airey İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il qərarı, A Cildi, 32-ci nömrə, 12‑13-cü səhifələr, 24-cü bənd).
88. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin Keçid Qanunun müddəalarına uyğun olaraq barəsindəki ittiham hökmünə yenidən baxılması üçün məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsinə imkan verilməmişdir. Buna görə də Məhkəmə Hökumətin ilkin etirazını rədd edir və işin mahiyyəti üzrə qərar çıxararaq 6-cı maddənin 1-ci bəndinin pozulduğunu qət edir.
III. KONVENSİYANIN 3-cü MADDƏSİNİN POZULMASI İDDİASI
A. Ərizəçinin Qobustan Həbsxanasında saxlanma şəraitinə dair şikayəti
25. Ərizəçi Qobustan Həbsxanasında saxlanma şəraitinin ağır olmasından şikayət etmiş və bunun pis rəftara bərabər olmasını bildirmişdir. Konvensiyasının 3-cü maddəsində bildirilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz.”
90. Hökumət bildirmişdir ki, ərizəçi həbsxanada saxlanma şəraiti ilə bağlı şikayətinə baxılması üçün bütün dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir. Xüsusilə, o, penitensiar xidmətin rəhbərliyinin hərəkətlərindən və ya hərəkətsizliyindən “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Mülki Məcəllə, Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək imkanına malik idi. Hökumət, həmçinin ərizəçinin iddialarını qəbul etməyərək bildirmişdir ki, Qobustan Həbsxanasında saxlanma şəraiti İşgəncələrin Qarşısının Alınması üzrə Komitə tərəfindən təsbit edilmiş standartlara uyğundur.
91. Məhkəmə əvvəlcədən xatırladır ki, bu şikayətin 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən öncə baş vermiş hadisələrlə bağlı hissəsi artıq Məhkəmənin 24 sentyabr 2009-cu il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir.
92. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsində təsbit edilmiş dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası Dövlətə qarşı Məhkəmə qarşısında iddia qaldırmaq istəyənləri ilk öncə milli hüquq sistemləri tərəfindən təmin edilən vasitələrdən istifadə etməyə məcbur edir ki, bununla da Dövlətlər öz hərəkətləri ilə bağlı dövlətdaxili hüquq sistemləri ilə məsələlərin həllinə imkan olduğu təqdirdə, bu imkanlardan istifadə edilməməklə beynəlxalq qurumlar qarşısında qaldırılan işlərə görə cavabdehlik daşımaqdan azad edilirlər. Bu qaydaya əməl etmək üçün ərizəçi iddia etdiyi pozuntuların aradan qaldırılması məqsədilə mümkün və qənaətbəxş vasitələrdən istifadə etməlidir (baxın, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, 51-52-ci bəndlər, Qərar və Qərardadlara dair Hesabatlar, 1996‑VI və Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, 65-66-cı bəndlər, Hesabatlar, 1996‑IV).
93. Məhkəmə qeyd edir ki, ərizəçi Qobustan Həbsxanasında saxlanma şəraiti ilə bağlı hər hansı yerli hakimiyyət orqanına şikayət etməmişdir. Bundan əlavə, ərizəçi hazırkı işdə onu saxlanma şəraiti ilə bağlı yerli hakimiyyət orqanları və ya məhkəmələrə şikayət etmək vəzifəsindən azad edən xüsusi halların olması barədə hər hansı dəlil irəli sürməmişdir. Bu baxımdan Məhkəmə qeyd edir ki, Azərbaycanla bağlı işlərdə o, artıq müəyyən etmişdir ki, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu şəxsin hüquq və azadlıqlarını pozan hakimiyyət orqanının hər hansı hərəkəti və ya hərəkətsizliyindən şikayət etmək üçün hüquqi imkan yaradır. Həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, həm də ölkənin hüquq sistemində birbaşa tətbiq edilən Konvensiyasının 3-cü maddəsi qeyri-insani və alçaldıcı rəftarı qadağan edir. Buna görə də bu müddəaları əsas götürərək ərizəçi saxlanma şəraiti ilə bağlı şikayət edə bilərdi. Lakin ərizəçi bunu etməyə cəhd göstərməmişdir. Bu baxımdan Məhkəmə bir daha qeyd edir ki, vasitənin səmərəliliyi barədə sadəcə şübhələrin olması pozulmuş hüquqların bərpası üçün mümkün vasitələrdən normal istifadə edilməsi tələbindən azad olunmaq üçün kifayət etmir (baxın, Məmmədov Azərbaycana qarşı, 34445/04 nömrəli iş, 52-ci bənd, 11 yanvar 2007-ci il və Kunqurova Azərbaycana qarşı (qərardad), 5117/03 nömrəli iş, 3 iyun 2005-ci il).
94. Buradan belə nəticə çıxır ki, dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən bu şikayət Konvensiyasının 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
B. Qobustan Həbsxanasında tibbi yardımın göstərilməməsi ilə bağlı şikayət
26. Ərizəçi şikayət edərək bildirmişdir ki, o, istintaq təcridxanasında saxlanılan zaman vərəm xəstəliyinə yoluxmuş və ona Qobustan Həbsxanasında adekvat tibbi yardım göstərilməmişdir. Konvensiyanın 3-cü maddəsində bildirilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz.”
96. Hökumət ərizəçinin 1998-ci ildən saxlanıldığı Qobustan Həbsxanasında ona tibbi yardımın göstərilməməsinə dair şikayəti ilə bağlı dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirmədiyini bildirmişdir. Hökumət eyni zamanda qeyd etmişdir ki, ərizəçinin şikayəti əsassızdır, belə ki, əslində həbsxanada onun adekvat tibbi müalicə alması təmin edilmişdir.
97. Məhkəmə xatırladır ki, 24 sentyabr 2009-cu il qərardadına uyğun olaraq şikayət 15 aprel 2002-ci ildən öncə Qobustan Həbsxanasında tibbi yardımın göstərilməməsinə aid olan hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi əsasında ratione temporis tələbinə uyğun gəlmədiyi üçün mümkünsüz hesab edilmiş və 35-ci maddənin 4-cü bəndi əsasında rədd edilmişdir.
98. 15 aprel 2002-ci ildən sonra ərizəçiyə adekvat tibbi yardımın göstərilməməsi ilə bağlı məsələyə gəlincə, Məhkəmə bir daha 92-ci bənddə təsbit etdiyi mövqeyini təkrarlayır. Məhkəmə qeyd edir ki, ərizəçi Qobustan Həbsxanasında saxlanma şəraiti ilə bağlı hər hansı yerli hakimiyyət orqanına şikayət etməmişdir. Bundan əlavə Məhkəmə qeyd edir ki, ərizəçi hazırkı işdə onu Qobustan Həbsxanasında tibbi yardımın göstərilməməsi ilə bağlı yerli hakimiyyət orqanları və ya məhkəmələrə şikayət etmək vəzifəsindən azad edən xüsusi halların olması barədə hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə bir daha qeyd edir ki, vasitənin səmərəliliyi barədə sadəcə şübhələrin olması pozulmuş hüquqların bərpası üçün mümkün vasitələrdən normal istifadə edilməsi tələbindən azad olunmaq üçün kifayət etmir (baxın, yuxarıda qeyd olunmuş Məmmədov işi, 52-ci bənd və Kunqurova Azərbaycana qarşı (qərardad), 5117/03 nömrəli iş, 3 iyun 2005-ci il).
99. Beləliklə, dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən şikayət bu hissədə Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-cu MADDƏSİNİN TƏTBİQİ
27. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
28. Ərizəçi vurulmuş maddi ziyana görə ona ümumilikdə 21 600 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bu baxımdan o, bu məbləğdə vəsaiti həbsxanada vərəmdən müalicə olunmaq üçün dərmanlara və ərzaq məhsullarına sərf etdiyini bildirmişdir.
102. Ərizəçi eyni zamanda gələcəkdə xüsusi qida və müvafiq müalicə ilə təmin oluna bilməsi üçün hər il 1 200 avro məbləğində vəsaitin də maddi ziyan kimi ona ödənilməsini tələb etmişdir.
103. Hökumət tələbə etiraz edərək ərizəçinin öz tələbini əsaslandırmadığını bildirmişdir.
104. Məhkəmə müəyyən edilmiş pozuntu ilə ərizəçinin iddia etdiyi ziyan arasında səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir. Buna görə də Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı ərizəçinin tələbini rədd edir.
2. Mənəvi ziyan
29. Ərizəçi ona vurulmuş mənəvi ziyana görə 20 000 avro məbləğində kompensasiya ödənilməsini tələb etmişdir.
106. Hökumət ərizəçinin tələbinin əsassız və həddən artıq çox olduğunu bildirmişdir.
107. Məhkəmə belə hesab edir ki, ərizəçiyə mənəvi ziyan vurulmuşdur və bu ziyanın ödənilməsi sadəcə pozuntu faktının müəyyən edilməsi ilə təmin oluna bilməz və buna görə kompensasiya verilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə aparan Məhkəmə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 4 800 avro məbləğində kompensasiya verilməsini qət edir.
B. Xərclər və məsrəflər
30. Ərizəçi işə Məhkəmədə baxılması ilə əlaqədar çəkdiyi 2 000 avro xərcin ödənilməsini tələb etmişdir. Bu tələb dəqiqləşdirilməmiş və onu əsaslandırmaq üçün heç bir sənəd təqdim edilməmişdir.
109. Hökumət ərizəçinin tələbinin əsassız olduğunu və heç bir sənədlə təsdiq edilmədiyini bildirmişdir.
110. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə ərizəçinin öz tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim edə bilməməsini nəzərə alaraq, Məhkəmə xərclərlə bağlı tələbi rədd edir.
C. Faizlərin ödənilməsi
31. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Bayıl İstintaq Təcridxanasında tibbi yardımın göstərilməməsinə dair iddiası üzrə ölkə məhkəmələri tərəfindən həyata keçirilmiş proseslərdə ərizəçinin iştirak etməməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında verilmiş şikayətə və cinayət işi üzrə barəsində çıxarılmış hökmdən verdiyi şikayətə ölkə məhkəmələri tərəfindən baxılmaması ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında verilmiş şikayətə baxılmasını mümkün və digər şikayətlərə baxılmasını mümkünsüz hesab edir;
2. Bayıl İstintaq Təcridxanasında tibbi yardımın göstərilməməsinə dair iddiası üzrə ölkə məhkəmələri tərəfindən həyata keçirilmiş proseslərdə ərizəçinin iştirakının təmin edilməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Ərizəçinin cinayət işi üzrə barəsində çıxarılmış hökmdən verdiyi şikayətə ölkə məhkəmələri tərəfindən baxılmaması ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə vurduğu mənəvi ziyana görə, tutulacaq vergi də daxil olmaqla, 4 800 (dörd min səkkiz yüz) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın bitməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 28 fevral 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy