Pole (Paulet) Birləşmiş Krallığa qarşı – ərizə № 6219/08
13.5.2014 tarixli qərar [IV Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən maneəsiz istifadə
Şəxsin saxta pasportdan istifadə etməklə işləyərək aldığı məvaciblərin müsadirə olunması barədə qərar çıxarılarkən aparılmış araşdırmanın məhdud çərçivəli olması: pozuntu baş verib
Faktlar – Fil Dişi Sahili (Kot-d’İvuar) vətəndaşı olan, Birləşmiş Krallıqda qanunsuz yaşayan ərizəçi saxta fransız pasportundan istifadə edərək işə düzəlmişdi. O, 2003-cü ildən 2007-ci ilədək 20.000 funt sterlinqdən artıq əmanət topladı. Eyni pasportla sürücülük vəsiqəsi almaq üçün müraciət etdiyi zaman sənədin saxta olduğu aşkara çıxdı və ona qarşı cinayət işi başlandı. Məhkəmə araşdırması zamanı ərizəçi təqsirkar olduğunu boynuna aldı. İşə baxan hakim onu azadlıqdan məhrumetmə cəzasına məhkum etdi, deportasiya olunmasını tövsiyə etdi və Cinayətkar fəaliyyətdən əldə edilən gəlirlər haqqında 2002-ci il tarixli qanunun 6-cı maddəsi əsasında bütün əmanətlərinin müsadirə olunması haqqında qərar çıxardı. Ərizəçi prosesdə sui-istifadəyə yol verildiyini və həddən artıq sərt mövqe tutulduğunu əsas gətirərək müsadirə qərarından şikayət etdi və qeyd etdi ki, Cinayətkar fəaliyyətdən əldə edilən gəlirlər haqqında qanunun qəbul edilməsində parlamentin niyyəti həmin qanunun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olması idi. Apellyasiya Məhkəməsi onun şikayətini rədd etdi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi
a) Şikayətin qəbuledilənliyi – Hökumət iddia etdi ki, daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə şikayət ərizəsi rədd edilməlidir, belə ki, daxili məhkəmələrdəki icraatda ərizəçi öz şikayətlərində Konvensiyaya ("tədbirin qeyri-mütənasibliyi") deyil, daxili qanunvericiliyə ("həddən artıq sərt mövqe tutma" və "prosesdə sui-istifadəyə yol vermə") istinad etmişdi. Lakin Məhkəmə hesab etdi ki, müsadirə qərarı 1 saylı Protokolun 1-ci maddəsi baxımından qeyri-mütənasib tədbir olduğuna görə bu qərarın qəbulunun prosesdən sui-istifadə etmə olduğunu və həddən artıq sərt mövqe olduğunu iddia edərkən ərizəçi Konvensiya üzrə şikayətini daxili məhkəmələrin diqqətinə çatdırmaq istiqamətində yetərli addımlar atmışdı. Bundan başqa, ərizəçi şikayətini daxili məhkəmələrə təqdim etdiyi zaman onun "həddən artıq sərt mövqe tutma" və "prosesdə sui-istifadəyə yol vermə" terminlərindən istifadə etməsi məqsədəuyğun idi, belə ki, bundan bir qədər sonrakı işdə (R v. Waya [2012] UKSC 51) Ali Məhkəmə qeyd etmişdi ki, müsadirə işlərini bu tədbirin 1 saylı Protokolun 1-ci maddəsinə uyğunluğu baxımından araşdırmaq məsləhət görülür.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Ərizəçi şikayət etdi ki, müsadirə qərarı 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş öz mülkiyyətindən maneəsiz istifadə hüququna qeyri-mütənasib müdaxilə təşkil edib. Hökumət iddia etdi ki, qərarın qəbulu mütənasib tədbir olub, belə ki, dəyəri yalnız ərizəçinin cinayətkar fəaliyyətdən əldə etdiyi mənfəətin dəyərinə bərabər olan əmlak müsadirə edilib. Bununla belə, Məhkəmə mütənasiblik tələbinə riayət edilib-edilmədiyinə dair qərar çıxarmayaraq tədbirin prosessual əsaslarını araşdırdı. Məhkəmə qeyd etdi ki, Apellyasiya Məhkəməsinin apardığı araşdırmanın hüdudları olduqca məhdud idi, belə ki, o, yalnız qərarın cəmiyyətin maraqlarına uyğun olub-olmadığını araşdırmış, amma mülkiyyət hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli balansın təmin edilib-edilmədiyini araşdırmamışdı. Bunun əvəzinə Apellyasiya Məhkəməsi yalnız bunu qeyd etməklə kifayətlənmişdi ki, o, prosesdən sui-istifadə barəsindəki iddiaları araşdırmaq səlahiyyətini "ehtiyatla" tətbiq etməlidir. Ədalətli balans məsələsi Apellyasiya Məhkəməsinin araşdırmasının predmeti olmadığına görə Avropa Məhkəməsi bu qənaətə gəldi ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Mənəvi ziyana görə 2.000 avro təyin edildi; maddi ziyanla bağlı tələb rədd edildi.
Full & Egal Universal Law Academy