Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 13
Dekabr 1999-cu il
***
Pelleqren (Pellegrin) Fransaya qarşı [BP] – ərizə № 28541/95
8.12.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
6-cı maddənin mülki dövlət qulluqçularına tətbiqinin mümkünlüyü məsələsi: pozuntu baş verməyib
(Press-relizdən çıxarışlar)
Faktlar: Jil Pelleqren (Gilles Pellegrin) 1945-ci ildə doğulmuş Fransa vətəndaşıdır və Boroşda yaşayır. 1989-cu ildə o, Ekvatorial Qvineyanın İqtisadiyyat, Planlaşdırma və Ticarət Nazirliyində texniki məsləhətçi vəzifəsinə qəbul edildi. Layihə rəhbəri olaraq, o, qvineyalı mülki dövlət qulluqçuları ilə və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə işləməklə 1990-cı il üçün dövlət investisiya büdcəsinin tərtib edilməsinə görə cavabdeh idi və dövlət investisiyalarının üçillik planının və üçillik proqramının hazırlanmasında iştirak etməli idi. Sonradan o, xaricdə texniki məsləhətçi qismində işləməsi üçün Fransanın əməkdaşlıq və inkişaf naziri tərəfindən ona yeni kontrakt təklif edilməməsi barədə qərardan şikayət etdi, qərar belə əsaslandırılmışdı ki, o, tibbi müayinədən keçdikdən sonra xaricdə işləməyə yararsız hesab edilib. 16 may 1990-cı ildə ərizəçinin başladığı məhkəmə işi hazırda Paris İnzibati Məhkəməsinin icraatındadır. Ərizəçi şikayətində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə (işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılması hüququna) istinad etdi.
Ərizəçi şikayət etdi ki, işinə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün ağlabatan hesab edilən müddətdə baxılmayıb.
Hüquqi məsələlər: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi – İş 6-cı maddənin 1-ci bəndinin dövlətlərlə dövlət qulluqçuları arasındakı mübahisələrə, indiki halda dövlətlə müddətli müqavilə ilə işləyən işçi arasındakı mübahisəyə tətbiqinin mümkünlüyü məsələsinə aid idi. Məhkəmə bu məsələyə dair özünün presedent hüququnu nəzərdən keçirərək hesab etdi ki, dövlət qulluqçuları ilə onları işə götürmüş dövlətlər arasında qulluq şərtləri ilə bağlı mübahisələrə 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsi ətrafındakı qeyri-müəyyənliyə son qoymalıdır. Bu məqsədlə o, işçinin vəzifə və öhdəliklərinin xarakterinə əsaslanan yeni, "funksional" meyar tətbiq etmək qərarına gəldi. Müvafiq olaraq, Məhkəmə qərara aldı ki, 6-cı maddənin tətbiq dairəsi xaricində olan yeganə mübahisələr qulluq vəzifələri dövlət qulluqçusunun tipik fəaliyyətləri kimi müəyyən edilmiş dövlət qulluqçuları tərəfindən qaldırılan mübahisələrdir, belə ki, bu şəxslər dövlət hakimiyyətinin daşıyıcıları kimi hərəkət edir və dövlətin və ya digər idarəetmə orqanlarının ümumi maraqlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Silahlı qüvvələrin və ya polis orqanlarının üzvlərinin fəaliyyəti belə fəaliyyətlərin bariz nümunəsidir. Praktiki olaraq Məhkəmə hər bir işdə müəyyən etməlidir ki, ərizəçinin tutduğu vəzifə ümumi hüquq sisteminin verdiyi hakimiyyət səlahiyyətlərinin tətbiqində və dövlətin və ya digər idarəetmə orqanlarının ümumi maraqlarını təmin etmək məqsədini daşıyan vəzifələrin yerinə yetirilməsində onun birbaşa və ya dolayı iştirakına səbəb olurmu? Beləliklə, bu andan etibarən belə qəbul edilir ki, tutduqları vəzifə ilə əlaqədar olaraq ümumi hüquq sisteminin verdiyi hakimiyyət səlahiyyətlərinin tətbiqində iştirak edən işçilərlə idarəetmə orqanları arasındakı mübahisələrə 6-cı maddənin 1-ci bəndi tətbiq edilə bilməz. Digər tərəfdən, pensiyalarla bağlı bütün mübahisələr 6-cı maddənin 1-ci bəndinin tətbiq dairəsinə düşür, çünki pensiyaya çıxmış işçiləri hakimiyyət orqanları ilə əlaqələndirən xüsusi münasibətlər bitmiş olur. Bu işin faktlarından görünür ki, ərizəçiyə həvalə olunmuş vəzifələr onun üzərinə dövlət maliyyəsi sahəsində üzərinə böyük məsuliyyət qoymuşdu və həmin sahə əsas etibarı ilə dövlətin suveren hakimiyyətini həyata keçirdiyi sahə idi. Bu vəzifələr ümumi hüquq sisteminin verdiyi hakimiyyət səlahiyyətlərinin tətbiqində və dövlətin ümumi maraqlarını təmin etmək məqsədini daşıyan vəzifələrin yerinə yetirilməsində ərizəçinin birbaşa iştirakına səbəb olmuşdu. Müvafiq olaraq, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilməz.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
Full & Egal Universal Law Academy