© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
PENTİKAYNEN (PENTIKÄINEN) FİNLANDİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 11882/10)
QƏRAR
Strasburq
20 oktyabr 2015-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Pentikaynen Finlandiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Qvido Raymondi (Guido Raimondi),
Mark Villiger (Mark Villiger),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Pyaivi Hirvela (Päivi Hirvelä),
Kristina Pardalos (Kristina Pardalos),
Angelika Nyussberger (Angelika Nußberger),
Linos-Alexandr Sitsilyanos (Linos-Alexandre Sicilianos),
Andre Potoki (André Potocki),
Paul Lemmens (Paul Lemmens),
Aleş Peyçal (Aleš Pejchal),
Yohannes Silvis (Johannes Silvis),
Dmitri Dedov (Dmitry Dedov),
Egidiyus Küris (Egidijus Kūris),
Robert Spano (Robert Spano),
Yuliya Antoanella Motok (Iulia Antoanella Motoc),
habelə hüquq məsləhətçisi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
17 dekabr 2014-cü ildə və 3 sentyabr 2015-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Finlandiya vətəndaşı cənab Markus Veykko Pentikaynen (Markus Veikko Pentikäinen) (“ərizəçi”) tərəfindən 19 fevral 2010-cu ildə Məhkəməyə təqdim edilmiş Finlandiya Respublikasına qarşı ərizə (№ 11882/10) əsasında başlanıb.
2. Ərizəçini Helsinkidə vəkillik fəaliyyəti ilə məşğul olan cənab Yussi Salokanqas (Jussi Salokangas) təmsil edib. Finlandiya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər Nazirliyindən olan cənab Arto Kosonen (Arto Kosonen) təmsil edib.
3. Ərizəçi iddia etdi ki, onun Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığına müdaxilə baş verib, belə ki, polis ondan nümayiş yerini tərk etməsini tələb edib, 17,5 saat ərzində həbsdə saxlanıldığı müddətdə məlumat ötürmək imkanına malik olmayıb və cinayət törətməkdə şübhəli bilinib, ittiham olunub və təqsirkar hesab edilib ki, bu da onun hüquqlarını həyata keçirməsinə və işinə "çəkindirici təsir" göstərib.
4. Ərizə Məhkəmənin Dördüncü Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 4 fevral 2014-cü ildə hakimlər İneta Ziemele (Ineta Ziemele) (sədr), Pyaivi Hirvela, George Nikolau (George Nicolaou), Ledi Bianku (Ledi Bianku), Vinsent A. De Qaetano (Vincent A. De Gaetano), Pol Mahoni (Paul Mahoney), Faris Vehaboviç (Faris Vehabović), habelə Bölmənin katibi Fransuaza Elens-Passosdan (Françoise Elens-Passos) ibarət tərkibdə təşkil edilmiş Palata qərar qəbul etdi. Yekdilliklə qərara alındı ki, şikayət ərizəsi qəbul olunan elan edilsin və iki səsə qarşı beş səslə qərara alındı ki, Konvensiyanın 10-cu maddəsi pozulmayıb. Hakimlər George Nikolau və Vinsent A. De Qaetanonun qərarla üst-üstə düşməyən birgə rəyi qərara əlavə olundu. 30 aprel 2014-cü ildə ərizəçi Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin Böyük Palatanın icraatına verilməsi barədə vəsatət verdi və 2 iyun 2014-cü ildə Böyük Palatanın kollegiyası həmin vəsatəti təmin etdi.
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi. Yekun müşavirələrdə Mark Villiger hakimlik müddəti bitdikdən sonra da iş üzrə yekun müşavirələrdə iştirak etdi, İzabella Berro isə ehtiyat hakim Pol Lemmenslə əvəzləndi (Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndi və 24-cü Qaydanın 4-cü bəndi). Hakim Josep Kasadeval (Josep Casadevall) və Elizabet Ştayner (Elisabeth Steiner) iş üzrə yekun müşavirələrdə iştirak edə bilmədilər və ehtiyat hakimlər Xanlar Hacıyev və Angelika Nyussbergerlə əvəzləndilər.
6. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi).
7. 15 dekabr 2014-cü ildə Böyük Palata tərəflərin təqdim etdiyi DVD (rəqəmsal videodisk) materialına baxdı.
8. 17 dekabr 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
nümayəndə:
cənab A. Kosonen (A. Kosonen), direktor, Xarici İşlər Nazirliyi,
məsləhətçilər:
xanım S. Heykinheymo (S. Heikinheimo), polis direktoru, Xarici İşlər Nazirliyi,
xanım T. Mayuri (T. Majuri), baş məsləhətçi, Ədliyyə Nazirliyi,
xanım M. Spolander (M. Spolander), hüquqşünas, Xarici İşlər Nazirliyi,
cənab P. Kotyaho (P. Kotiaho); hüquqşünas, Xarici İşlər Nazirliyi;
b) ərizəçinin adından:
vəkillər:
cənab Y. Salokanqas (J. Salokangas),
cənab V. Matilaynen (V. Matilainen).
Məhkəmədə ərizəçi də iştirak etdi.
Məhkəmə cənab Kosonenin, cənab Salokanqasın və cənab Matilaynenin çıxışlarını, habelə hakimlər Hirvela, Potoki, Silvis, Motok, Sitsilianos, Spano, Küris və Dedov tərəfindən verilmiş suallara onların cavablarını və xanım Mayuri ilə cənab Pentikaynenin cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1980-ci ildə doğulub və Helsinkidə yaşayır.
10. Ərizəçi "Suomen Kuvalehti" həftəlik jurnalında işləyən fotoqraf və jurnalistdir. 9 sentyabr 2006-cı ildə müdiriyyəti onu Helsinkidə davam edən Asiya-Avropa toplantısına (ASEM) etiraz əlaməti olaraq keçirilən nümayişin fotoşəkillərini çəkməyə göndərdi. Bu, Finlandiya üçün müstəsna dərəcədə geniş nümayiş idi və bütün media qurumları onu yaxından izləyirdilər. Ərizəçi jurnalın kağız versiyası üçün nümayiş barədə geniş reportaj hazırlamalı və nümayiş qurtaran kimi onu dərhal İnternetdə yerləşdirməli idi.
11. İşin hallarına dair aşağıdakı məlumatlar tərəflərin təqdim etdiyi informasiyalara, o cümlədən ASEM-ə qarşı etiraz tədbirini işıqlandıran DVD materialına (yuxarıda 7-ci bəndə bax), habelə Helsinki rayon məhkəməsinin hökmünə əsaslanır (aşağıda 37-ci bəndə bax).
A. ASEM-ə qarşı etiraz nümayişi
12. 30 iyun 2006-cı ildə nümayiş baş verməzdən əvvəl Finlandiya Təhlükəsizlik Xidməti ASEM-ə qarşı gözlənilən etiraz nümayişinin doğuracağı riskin səviyyəsini qiymətləndirdi və Helsinki polis idarəsinə xəbərdarlıq etdi ki, nümayiş aqressiv xarakter daşıyacaq və hər hansı aydın siyasi ismarıcı çatdırmaq məqsədini daşımayacaq. Həmin vaxt polis idarəsi, bütün səylərinə baxmayaraq, nümayişin təşkilatçıları ilə təmas yarada bilmədi. Polisin sonrakı addımları, digər səbəblərlə yanaşı, aşağıdakı səbəblərə əsaslanmışdı.
13. Həmin il Helsinkidə keçirilmiş əvvəlki iki nümayişin kontekstində də analoji risk qiymətləndirməsi aparılmış, hər iki nümayiş zorakılıqlara çevrilmişdi. Birinci nümayiş 30 aprel 2006-cı ildə keçirilmiş "EuroMayDay" nümayişi idi, bu zaman təxminən 1.500 nəfərin yürüşü iğtişaşlara çevrilmiş, nümayişçilər tərəfindən ətrafa əşyalar atılmış və əmlaka ziyan yetirilmişdi. Nəticədə Helsinki rayon məhkəməsi səkkiz nəfəri iğtişaş törətməkdə və polisə zor tətbiq edərək müqavimət göstərməkdə təqsirkar hesab etmiş və hökmün icrası təxirə salınmaqla həbs cəzaları təyin etmişdi. Analoji insident 24 avqust 2006-cı ildə Helsinki İncəsənət Gecəsi zamanı baş vermiş və o da əmlakın məhv edilməsi ilə və zorakılıqlarla nəticələnmiş və 56 nəfərin həbsə alınmasına səbəb olmuşdu.
14. 8 sentyabr 2006-cı ildə "Donqju koalisiyası" deyilən koalisiya ASEM-ə qarşı etiraz nümayişi barədə polisi məlumatlandırdı. Parlament ombudsmanının müavininin məruzəsinə əsasən (aşağıda 34-cü bəndə bax), polislər "Donqju koalisiyası" barədə heç bir məlumata malik deyildilər və buna görə də əslində təşkilatçının kim olduğu onlara məlum deyildi. İctimai mənbələrin məlumatlarından belə ğörünür ki, sözügedən "koalisiya" ASEM-ə qarşı etiraz nümayişinin müdafiə etdiyi ideya ilə razılaşan və nümayiş məkanına hər hansı partiyanın emblemini gətirməmək öhdəliyi götürən hər kəs üçün açıq olan qeyri-formal qrup idi.
15. Nümayişçilər elan etmişdilər ki, 9 sentyabr 2005-ci ildə saat 17.45-dən 21-dək Kiasma Müasir İncəsənət Muzeyindən (nəqliyyatın hərəkətinin sıx olduğu ərazidən) ASEM sammitinin keçiriləcəyi Helsinki Sərgi və Konfrans Mərkəzinə qədər 4,9 kilometrlik məsafə boyu yürüş etməyi planlaşdırırlar. Elan edilmiş yürüş Mannerheymintye – Kayvokatu – Siltasaarenkatu – Aqrikolankatu – Kaarlenkatu – Helsinqinkatu – Lantinen Brahenkatu – Sturenkatu – Aleksis Kivenkatu – Ratapihantye – Asemapaallikönkatu – Ratamestarinkatu – Rautatyelaystenkatu marşrutu boyunca davam edəcək və sammitin məkanına yaxın olan Velodromun yanındakı parkda başa çatacaqdı. Nümayişin mövzusu ASEM sammitinə qarşı çıxmaq idi, bu zaman insan hüquqları məsələləri də müəyyən qədər önə çəkiləcəkdi. İnsanları nümayişdə iştiraka dəvət edən plakatlarda nümayişçilər xahiş etmişdilər ki, onlar qara geyim geyinsinlər. Plakatlarda həmçinin Molotov kokteyli atan nümayişçi təsvir olunmuşdu və plakatlar potensial iştirakçıları "Helsinki küçələrində də azacıq da olsa iğtişaş yaratmağa" təşviq edirdilər (“tuoda edes hieman sekasortoa myös Helsingin kaduille”, att få även en liten bit av kaos också på gatorna i Helsingfors).
16. Hökumətin bildirdiyinə görə, polislər tədbir barədə məlumat üçün əlaqə yaradılmalı şəxs kimi göstərilən təşkilatçılardan biri ilə telefonla əlaqə saxlaya bildilər. Lakin təşkilatçıların adından hərəkət edən həmin şəxs, digər məsələlərlə yanaşı, nümayişçilərin tədbir məkanından ASEM sammitinin keçiriləcəyi sərgi mərkəzinin yanına qədər yürüş etməsinin şərtlərinə aid məsələni müzakirə etməkdən imtina etdi. Həmçinin polislərin tədbirin keçirildiyi məkanda təşkilatçılarla əlaqə yaratmaq cəhdləri də bu cür imtina ilə qarşılandı.
17. Hökumətin bildirdiyinə görə, hadisənin işıqlandırılmasından ötrü polis tərəfindən media nümayəndələri üçün ayrıca zona ayrılmışdı. O, Kiasma Müasir İncəsənət Muzeyinin qarşısında, Mannerheymintyenin o biri tərəfində Paasikivi meydanında yerləşirdi. Polis standart prosedura uyğun olaraq Finlandiyanın əsas media təşkilatlarına ASEM-ə etiraz tədbiri barədə məlumat verdi və polisin ictimaiyyətlə əlaqələr bölməsinin əlaqə məlumatlarını bildirdi, həmin bölmə tədbirin işıqlandırılması ilə bağlı mediada yarana biləcək istənilən sualları, o cümlədən medianın rahat işi üçün ayrılmış zona bərədə informasiyaları müzakirə etməyə hazır idi. Bundan başqa, Helsinki rayon polisinin ictimaiyyətlə əlaqələr bölməsi media nümayəndələrində yarana biləcək hər hansı sualların cavablandırılması, habelə gün ərzində cərəyan edən hadisələrə dair müsahibələr verilməsi üçün əraziyə yüksək rütbəli polis əməkdaşını təhkim etmişdi.
18. Nümayiş 9 sentyabr 2006-cı ildə saat 18-də başlanmalı idi. 500-ə yaxın kənar müşahidəçi, təxminən 50 nəfərlik əsas nümayişçilər qrupu və 50-yə yaxın jurnalist yürüşün başlanacağı yerə toplaşdılar. Polis orqanı tədbirlə bağlı ehtiyat təhlükəsizlik tədbirləri görərək 480 nəfər polis və sərhəd-mühafizə əməkdaşını oraya cəlb etdi. Polisin belə miqyasda hazırlıqlar görməsi Finlandiya standartlarına görə müstəsna hal idi.
19. Nümayişin başlanğıcında ictimaiyyət nümayəndələrinə və polislərə butulkalar, daşlar və içərisi boya ilə doldurulmuş bankalar atıldı. Bəzi nümayişçilər polis əməkdaşlarını təpiklə və əllə vurdular. Güman ki, saat 18.05 radələrində polislər nümayiş zonasını mühasirəyə aldılar. Bu məqamda insanlar polis sıralarının arasından sərbəst keçə bilirdilər. Polislər bir neçə dəfə səsgücləndiricilərlə elan etdilər ki, dinc nümayişin yalnız təyin olunmuş yerdə keçirilməsinə icazə verilib və kütlənin yürüş etməsinə icazə verilməyib.
20. Zorakılıq şiddətləndikdən sonra saat 18.30-da polislər belə hesab etdilər ki, tədbir iğtişaşa çevrilib. Saat 18.30-dan 19.17-dək polislər iğtişaş dairəsini məhdudlaşdırmaq üçün ərazini mühasirəyə aldılar. Kütlə polislərin müdafiə cərgəsini yarıb keçməyə cəhd edirdi. Bununla belə, bu zaman polis kordonu uşaqlı ailələrin, media nümayəndələrinin keçib getməsinə icazə verirdi. Bu qaydada keçib gedənləri bəzən polisin tərk etdiyi yerə atılan butulkalar və digər əşyalar narahat edirdi.
21. Polislər səsgücləndiricilərlə elan etdilər ki, nümayiş dayandırılır və kütlə tədbir yerini tərk etməlidir. Bu elan bir neçə dəfə təkrar edildi. Sonra yüzlərlə insan polisin yaratdığı bir neçə çıxış marşrutu ilə oranı könüllü surətdə tərk etdi. Getdikləri zaman onlardan şəxsiyyət vəsiqələrini göstərmələri xahiş edilir və əşyaları yoxlanılırdı.
22. Ərizəçi iddia etdi ki, kordonun ətrafındakı polislərin sırası olduqca sıx və çoxcərgəli idi. Kordonun xaricindən baxanda daxilini görmək praktiki olaraq mümkün deyildi. Müşahidə imkanlarına həmçinin polis mini-avtobusları və tutulanlar üçün avtobuslar da maneçilik törədirdi. Saat 19.15-də polislər daha geniş ikinci kordonu yaratmağa başladılar və bilavasitə şəhərin mərkəzini bütünlüklə mühasirəyə aldılar. Kiasma ərazisinə aparan yaxın küçələrdən nəsə görmək mümkün deyildi.
23. Bəzi nümayişçilər kordon vasitəsilə mühasirəyə alınmış ərazinin daxilində zor tətbiq edilməklə yaxalandılar. Bu cür yaxalanmalar polis tərəfindən "açıb-bağlama" metodundan istifadə edilməklə həyata keçirildi, bu metod çərçivəsində tutmanı həyata keçirəcək polis əməkdaşlarının hərəkət etməsinə imkan yaratmaq üçün polis kordonu açılır və şəxsin tutulması təmin edildikdən sonra kordon dərhal bağlanırdı.
24. Polislər dəfələrlə elan etdilər ki, kütlə dağılışsın. Ərizəçi iddia etdi ki, ərazinin boşaldılması barədə polisin əmrini birinci dəfə saat 20.30-da eşidib. Ərizəçi müdiriyyətinə zəng vurdu və onlar ərizəçinin ərazini tərk etməli olub-olmadığı barədə danışdılar. Ərizəçi digər amillərlə yanaşı həm də bu söhbətin əsasında bu qənaətə gəldi ki, onun kordonun içərisində olması zəruridir.
25. Ərizəçi iddia etdi ki, nümayiş sona yaxınlaşanda o, polislərlə nümayişçilərin arasında qalmışdı. Polislər kütləyə dağılışmaq əmrini verməkdə davam edir və bildirirdilər ki, çıxıb getməyən hər bir kəs saxlanılacaq. Təxminən saat 21-də bir polis əməkdaşı şəxsən ərizəçiyə dedi ki, hadisə yerini tərk etməsi üçün ona son şans verilir. Ərizəçi həmin polis əməkdaşına dedi ki, "Suomen Kuvalehti" üçün reportaj hazırlayır və tədbiri sona qədər izləyəcək, bundan sonra polis əməkdaşı onu təklikdə qoyub getdi. Ərizəçi düşündü ki, polislərə bu izahatı verdikdən sonra onlar onun işinə müdaxilə etməyəcəklər.
26. Saat 21-də təxminən 500 nəfər polislərin yoxlama məntəqələrindən keçib hadisə yerini tərk etdilər. Ərizəçinin sözlərinə görə, 20-yə yaxın nümayişçi mühasirəyə alınmış birinci zonada hələ də yerdə oturmuşdular və polislər həmin zonanı sıx mühasirəyə almışdılar. Nümayişçilər birləşərək bir-birinin əllərindən tutmuşdular. Bu məqamda kordonun içərisində bir saat idi ki, sakit bir durum mövcud idi. Bundan sonra polislər nümayişçilərin kütləsini dağıtdılar və etirazçıları yaxaladılar.
27. Ərizəçi iddia etdi ki, saxlanılmazdan əvvəl polis əməkdaşının qışqırtısını eşidib: "Fotoqrafı tutun!" Ərizəçi tutularkən keçmiş parlament üzvünün yanında dayanmışdı və fotoşəkillər çəkirdi.
Ərizəçi onu yaxalayan polis əməkdaşına jurnalist olduğunu demiş, sonradan polis əməkdaşı bunu təsdiq etmişdi. Onu yaxalayan polis əməkdaşı məhkəməyəqədər araşdırma zamanı bildirmişdi ki, ərizəçi saxlanılarkən müqavimət göstərməyib və telefonla zəng etməsinə icazə istəyib və buna icazə verilib. Ərizəçi jurnaldakı həmkarına zəng vuraraq izah etdi ki, polislər onu tutublar və bundan sonra nə olacağını bilmir. O düşünürdü ki, tezliklə azad ediləcək. Ərizəçi həmçinin onu saxlamış polis əməkdaşına çantasında kamera avadanlıqları olduğunu dedi və bu məlumat həmin polis əməkdaşı tərəfindən nəzərə alındı: ərizəçinin kamera avadanlıqlarını çantasından çıxarmasına icazə verildi. Polis əməkdaşı şəxsiyyət sənədini istədikdə ərizəçi jurnalist kartını təqdim etdi. Ərizəçinin saxlanılmasında iştirak edən digər polis əməkdaşı məhkəməyəqədər araşdırma zamanı bildirmişdi ki, ərizəçi saxlanılarkən müqavimət göstərməyib və o, ərizəçinin jurnalist olduğunu söylədiyini eşitməyib. Ərizəçini saxlamış polis əməkdaşı həmçinin ifadəsində bildirmişdi ki, tutma protokolunu tərtib edərək tutulmasının səbəblərini ərizəçiyə izah edib və onun fərdi məlumatlarını qeydə alıb. Məhkəməyəqədər araşdırmanın məlumatlarına əsasən, ərizəçinin saxlanılmasına səbəb onun polisə müqavimət göstərməsi olub.
28. Sonra ərizəçi tutulanlar üçün avtobusa aparıldı. İddia etdiyinə görə, o, avtobusda polislərə yenə də izah etdi ki, jurnalın fotoqrafıdır. Ərizəçi polis bölməsinə aparıldı və orada xahiş etdi ki, polis rəisi ilə danışmasına icazə versinlər. İddia etdiyinə görə, o, yenə də izah etdi ki, jurnalistdir, amma xahişlərinə əhəmiyyət verilmədi. O iddia etdi ki, bundan sonra jurnalist kartını "yuxarı qaldırdı" və sinəsində nəzərə çarpan yerə taxdı ki, onu görsünlər. Ərizəçi həmçinin iddia etdi ki, polis bölməsində onu qəbul etmiş polis əməkdaşı onun boynundan asılmış jurnalist kartını çıxarmağa məcbur olmuşdu. Ərizəçinin sözlərinə görə, beləliklə, polis bölməsində onu qəbul etmiş polis əməkdaşı onun jurnalist olduğundan xəbərdar idi. Saxlama kamerasında olarkən ərizəçi, iddia etdiyinə görə, polis əməkdaşlarının eşitməsi üçün qışqırmışdı ki, onlar jurnalisti tutublar, amma onun sözlərinə əhəmiyyət verməmişdilər.
29. Ərizəçi iddia etdi ki, onun kamera avadanlıqları və yaddaş kartları müsadirə edilib. Lakin Hökumət iddia etdi ki, polislər ərizəçinin mətbuat nümayəndəsi olduğunu bilən kimi onun kamerasına, yaddaş kartlarına və digər avadanlıqlarına dərhal jurnalist mənbələri kimi yanaşılıb və onlar müsadirə olunmayıb. O, fotoşəkilləri özündə saxlamaq imkanına malik olub və hər hansı hakimiyyət orqanı tərəfindən hər hansı məqamda onun fotoşəkillərdən istifadə etməsinə heç bir məhdudiyyət qoyulmayıb. Parlament ombudsmanının müavininin məruzəsinə əsasən (aşağıda 34-cü bəndə bax), polislər ərizəçinin mobil telefonundakı qeydləri yoxlayıblar. Bununla belə, ərizəçinin mobil telefonunun yoxlanılıb-yoxlanılmadığı və yaddaş kartlarına baxılıb-baxılmadığı aydın deyil.
30. Polislər ərizəçini sentyabrın 9-u saat 21.26-dan sentyabrın 10-u saat 15.05-dək, yəni 17,5 saat həbsdə saxladılar. O, sentyabrın 10-u saat 13.32-dən 13.57-dək polis tərəfindən dindirildi.
31. Ərizəçini işə götürmüş jurnalın baş redaktoru, təbii ki, ərizəçinin tutulduğunu və polis tərəfindən həbsdə saxlanıldığını öyrəndi. Belə məlum olur ki, o, polis bölməsinə zəng etmiş, amma ərizəçinin saxlanıldığı barədə ona heç bir məlumat verilməmişdi. Ərizəçinin sözlərinə görə, yalnız baş redaktor ertəsi gün Daxili İşlər Nazirliyindəki yüksək vəzifəli şəxsə (ərizəçi təqdim etdiyi məlumatlarda onu adını çəkməyib) zəng etdikdən sonra ərizəçinin azad edilməsi üçün hazırlıqlara başlanılmışdı.
32. Polis nümayiş yerində ümumilikdə 128 nəfəri tutmuşdu. Polislər yetkinlik yaşına çatmayanları (on altı nəfəri) bir neçə saat saxladıqdan sonra buraxdılar. Saxlanılanların çoxu 11 sentyabr 2006-cı ildə azad edildi. Ərizəçi tutulanlar arasında yetkinlik yaşına çatmayanların buraxılmasından sonra dindirilmiş yeddinci və azad edilmiş altıncı şəxs idi. Sonuncu şübhəli şəxs 12 sentyabr 2006-cı ildə saat 11.07-də azad edildi.
B. Hadisələrin sonrakı gedişatı
33. Həm ölkədaxili, həm də beynəlxalq media qurumları hadisəni və polisin tədbirlərini geniş işıqlandırdılar. Məsələ həm də parlament ombudsmanının müavininin 2006 və 2007-ci illərdə apardığı geniş miqyaslı araşdırmanın predmeti oldu. Bununla belə, prosessual normalara görə parlament ombudsmanının müavini ərizəçinin işini araşdıra bilməzdi, çünki həmin vaxt ərizəçi barəsindəki cinayət prosesi davam edirdi.
34. Parlament ombudsmanının müavininin 9 sentyabr 2006-cı il tarixli məruzəsindən digər məsələlərlə yanaşı o da məlum olur ki, polislər "Donqju koalisiyası" barədə heç bir məlumata malik deyildilər və buna görə də əslində nümayişin təşkilatçısının kim olması onlar üçün aydın deyildi. Həminin o da məlum olur ki, polislər tutulmuş şəxslərin mobil telefonlarındakı qeydləri yoxlamışdılar. Bundan başqa, parlament ombudsmanının müavini digər məsələlərlə yanaşı bu faktı da tənqid etdi ki, çoxsaylı insanların keçib getməsi üçün yoxlama məntəqələri kifayət qədər deyildi və insanların kordonla mühasirəyə alınmış ərazidə üç saat saxlanılması lüzumsuz dərəcədə uzun müddət idi. Parlament ombudsmanının müavini həmçinin təhlükəsizlik yoxlamalarının qanuniliyini şübhə altına aldı.
35. 5 fevral 2007-ci ildə polislər 37 şübhəli şəxsə məlumat verdilər ki, onların barəsində ilkin istintaqa xitam verilib və barələrindəki işlər ittihamların nəzərdən keçirilməsi üçün prokurora göndərilməyəcək. Prokuror ümumilikdə 86 nəfərin barəsində ittihamlar irəli sürdü.
C. Ərizəçiyə qarşı cinayət prosesi
36. 23 may 2007-ci ildə prokuror ərizəçinin barəsində Cinayət Məcəlləsinin (rikoslaki, strafflagen) 16-cı fəslinin 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş polisə tabe olmama (niskoittelu poliisia vastaan, tredska mot polis) əməli üzrə ittihamlar irəli sürdü.
37. 17 dekabr 2007-ci ildə Helsinki rayon məhkəməsi (käräjäoikeus, tingsrätten) ərizəçini Cinayət Məcəlləsinin 16-cı fəslinin 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş polisə tabe olmama əməlində təqsirkar hesab etdi, amma ona heç bir cəza təyin etmədi.
Ərizəçi məhkəmədə bildirdi ki, dağılışmaq barədə əmrləri saat 20.30 radələrində eşidib, amma elə başa düşüb ki, bu yalnız nümayişçilərə aiddir. Məhkəmə bunu sübuta yetirilmiş hesab etdi ki, polisin hərəkətləri qanuni olub və ərizəçi hadisə yerini tərk etmək barədə polisin əmrlərindən xəbərdar olub, amma onlara əhəmiyyət verməməyi qərara alıb. Məhkəməyə verilmiş şahid ifadələrindən belə məlum olur ki, ərizəçi tutulduğu zaman yaxınlıqda dayanan polis əməkdaşına jurnalist olduğunu deməyib və ya hansısa formada göstərməyib. Həmin polis əməkdaşının sözlərinə görə, bu fakt ona yalnız müvafiq jurnalın buraxılışını gördükdən sonra məlum olub. Həmçinin başqa bir jurnalistin şahid ifadəsindən belə məlum olur ki, o və mühasirəyə alınmış ərazidəki üçüncü fotoqraf ərizəçinin tutulmasından az öncə hadisə yerini hər hansı insident olmadan tərk edə bilmişdilər. Qalanlar arasında sonuncu olan jurnalist ifadəsində bildirdi ki, sonuncu fotoşəkli saat 21.15-də çəkib və ərizəçinin tutulmasından cəmi 2-3 dəqiqə əvvəl hadisə yerini tərk edib. Daha sonra rayon məhkəməsi bunu da sübuta yetirilmiş hesab etdi ki, polisin əmrləri aydın idi və açıq-aşkar nümayişçilərdən ibarət kütlədəki hər bir kəsə, habelə kənardakı müşahidəçilərə və ictimaiyyət nümayəndələrinə aid idi.
Bundan əlavə, rayon məhkəməsi ərizəçinin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş hüququna müdaxiləyə haqq qazandıran əsasları aşağıdakı qaydada araşdırdı:
"...
Pentikaynenin jurnalist olaraq özünün ifadə azadlığı əsasında polisin ona verdiyi əmrlərə tabe olmamaq hüququna malik olub-olmaması məsələsində fikir ayrılıqları var. Pentikaynen fotoqraf kimi öz ifadə azadlığından istifadə etməyə hazırlaşırdı. Buna görə də dağılışmaq barədə polislərin əmrləri Pentikaynenin ifadə azadlığını məhdudlaşdırmışdı. Sual ondan ibarətdir ki, bu məhdudlaşdırma əsaslı idimi?
Konstitusiyanın 12-ci maddəsinə və İnsan hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs ifadə azadlığı hüququna malikdir. Bu hüquqa hakimiyyət orqanlarının müdaxiləsi olmadan məlumatları dərc etmək və yaymaq hüququ da daxildir. Konstitusiyaya əsasən, ifadə azadlığının həyata keçirilməsinə dair daha əraflı müddəalar qanunvericilikdə təsbit olunur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə əsasən, ifadə azadlığının həyata keçirilməsi qanunla nəzərdə tutulmuş formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Adı çəkilən maddəyə və İnsan Hüquqları Məhkəməsinin prsedent hüquna əsasən, məhdudiyyətlər qiymətləndirilərkən üç tələb nəzərə alınmalıdır: 1) məhdudiyyət qanunla nəzərdə tutulmalı, 2) qəbul edilə bilən əsasa malik olmalı və 3) demokratik cəmiyyətdə zəruri olmalıdır.
Birincisi, rayon məhkəməsi qeyd edir ki, "Polis haqqında" qanunun 18 və 19-cu maddələrinə əsasən polis ərazini mühasirəyə almaq və kütləni dağıtmaq səlahiyyətinə malikdir. Bu səlahiyyətin əsasında polis Kiasmo-Postitalo ərazisində qalmış şəxslərə dağılışmaq əmri vermiş və Pentikaynen də bu əmrə tabe olmaqdan imtina etmişdi. Beləliklə, məhdudiyyət qanunla nəzərdə tutulmuşdu.
İkincisi, rayon məhkəməsi hesab edir ki, "Polis haqqında" qanunun 18 və 19-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətlər ictimai qaydanın və təhlükəsizliyin qorunması və iğtişaşın və cinayətin qarşısının alınması ilə əlaqədardır və bu işdə digər şəxslərlə yanaşı Pentikaynenə də verilmiş dağılışmaq əmri iğtişaşın və cinayətin qarşısının alınması ilə bağlıdır. Beləliklə, məhdudiyyət qəbul edilə bilən əsasa malikdir.
Üçüncüsü, onu araşdırmaq lazımdır ki, Pentikaynenə verilmiş dağılışmaq əmri və onun bu əmrə tabe olmaq vəzifəsi demokratik cəmiyyətdə zəruri idimi? Rayon məhkəməsi hesab edir kİ, kütləyə dağılışmaq əmri verməklə və ərazidəki şəxslərdən oranı tərk etmələrini xahiş etməklə Kiasmadakı vəziyyətə son qoymaq zəruri idi.
Rayon məhkəməsi bu nəticəyə gəlir ki, araşdırdığı bu işdə qalan kütlə ilə birlikdə Pentikaynenə dağılışmaq əmri verməklə onun ifadə azadlığının məhdudlaşdırılması yuxarıdakı şərtlərə cavab verirdi. Rayon məhkəməsi Pentikaynenin hərəkətinin cəzalandırılmalı hesab edilməsinə səbəb olan elementlərlə bağlı aşağıdakı mövqeyini bildirdi:
Pentikaynenin istinad etdiyi iş (Dammann İsveçrəyə qarşı, 25 aprel 2006-cı il) elə bir situasiyaya aid ki, bu zaman jurnalist prokurorluqda inzibati işlər üzrə köməkçidən reyestrdəki bəzi qeydlər barədə məlumatları istəyərkən və onları alarkən dövlət sirrini açıqlamağa təhrik etmə əməlinə görə İsveçrədə məhkum edilmişdi. Məhkəmə bu qənaətə gəlmişdi ki, ərizəçinin məhkum edilməsi jurnalistlərin ümumi maraq doğuran məsələlər barədə ictimai müzakirələrdə iştirakının qarşısını ala bilər. İttiham hökmünün çıxarılması qarşıya qoyulan məqsədə mütənasib deyildi, buna görə də Konvensiyanın 10-cu maddəsi pozulmuşdu. Rayon məhkəməsi hesab edir ki, istinad edilən həmin işin hazırkı işlə oxşarlığı yoxdur.
..."
Bununla belə, Cinayət Məcəlləsinin 6-cı fəslinin 12-ci maddəsinə istinad edilməklə ərizəçiyə heç bir cəza təyin olunmadı, çünki bu cinayət "bağışlanıla bilən" hərəkətlə müqayisə oluna bilən cinayət idi (anteeksiannettavaan tekoon rinnastettava, jämförbar med en ursäktlig gärning). Rayon məhkəməsi qərara adı ki:
"...
Cinayət Məcəlləsinin 6-cı fəslinin 12-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq Pentikaynenin cəzalandırılmasından imtina edilir, çünki onun hərəkətinin xüsusi səbəblərini nəzərə alsaq, bu cinayəti "bağışlanıla bilən" hərəkətlə müqayisə oluna bilən cinayət saymaq olar. Jurnalist olaraq Pentikaynen davranışını vəziyyətə uyğunlaşdırmaq məcburiyyətində idi, belə ki, bir tərəfdən polislərin ondan gözlədikləri davranış, digər tərəfdən isə onun peşəsindən irəli gələn və müdiriyyəti tərəfindən ondan gözlənilən davranış ziddiyyət təşkil edirdi.
..."
38. 23 yanvar 2008-ci il tarixli məktubla ərizəçi Helsinki Apellyasiya Məhkəməsinə (hovioikeus, hovrätten) apellyasiya şikayəti verərək iddia etdi ki, rayon məhkəməsi ona qarşı ittihamları onun üzərindən götürməli idi. O iddia etdi ki, onun tutulması və təqsirkar hesab edilməsi Konstitusiyaya və Konvensiyanın 10-cu maddəsinə ziddir. Ərizəçi jurnalist idi və nə nümayişdə iştirak etmiş, nə də hər hansı iğtişaş törətmişdi. Rayon məhkəməsi onun tutulmasının və təqsirkar hesab edilməsinin "demokratik cəmiyyətdə zəruri" sayılmasının səbəbini göstərməmiş və beləliklə müdaxiləni əsaslandırmamışdı.
39. 30 aprel 2009-cu ildə Apellyasiya Məhkəməsi hər hansı əlavə əsaslar gətirmədən ərizəçinin apellyasiya şikayətini rədd etdi.
40. Daha sonra 24 iyun 2009-cu il tarixli məktubla ərizəçi növbəti apellyasiya şikayəti vermək üçün Ali Məhkəməyə (korkein oikeus, högsta domstolen) müraciət etdi və Apellyasiya Məhkəməsinə təqdim etmiş olduğu apellyasiya şikayətində göstərdiyi əsasları təkrarladı.
41. 1 sentyabr 2009-cu ildə Ali Məhkəməsi ərizəçinin növbəti apellyasiya şikayəti verməsinə icazə verməkdən imtina etdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. "Polis haqqında" qanun
42. "Polis haqqında" qanunun (poliisilaki, polislagen; 493/1995 saylı qanunun sözügedən dövrdə qübbədə olan mətni) 14-cü maddəsinə əsasən, mənzilin və ya ictimai binanın sakininin, yaxud onun nümayəndəsinin müraciəti əsasında polis əməkdaşları həmin yerə qanunsuz olaraq daxil olmuş, gizli şəkildə və ya dolayı yolla girmiş, yaxud orada gizlənmiş, yaxud da oranı tərk etmək əmrinə məhəl qoymayan istənilən şəxsi oradan çıxarmaq hüququna malikdirlər. Polis əməkdaşları hər hansı ərazidə və ya məkanda olmaq üçün icazəsi olan istənilən şəxsi, əgər həmin şəxs həmin ərazidəki və ya məkandakı digər şəxslərin dincliyini pozarsa, yaxud onlara hər hansı digər formada narahatlıq yaradarsa və narahatlıq yaratmanın təkrarlanacağından şübhələnmək üçün əsaslı səbəblər olarsa, oradan çıxarmaq hüququna malikdirlər. Onun çıxarılmasının narahatlıqların təkrarlanmasının qarşısını almayacağı güman edilərsə, polis əməkdaşları narahatlıq yaradan həmin şəxsi tutmaq və həbsdə saxlamaq hüququna malikdirlər. Tutulmuş şəxs yalnız onun yenidən narahatlıq yarada biləcəyi müddətin sonuna qədər həbsdə saxlanıla bilər, amma bu müddət onun tutulma anından sonra 12 saatdan artıq olmamalıdır.
43. "Polis haqqında" qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, ictimai qaydanın və təhlükəsizliyin qorunması, istintaq aparılması, yaxud hadisə yerində tədbirlər görülməsi, həmin tədbirlərin şamil olunduğu şəxslərin şəxsi həyatının toxunulmazlığının təmin edilməsi və təhlükə altında olan hər hansı əmlakın qorunması üçün zərurət olarsa, polis əməkdaşları ümumi istifadədə olan məkanı və ya ərazini mühasirəyə almaq, qapatmaq və ya insanları oradan çıxarmaq, yaxud orada hərəkəti qadağan etmək və ya məhdudlaşdırmaq hüququna malikdirlər.
44. "Polis haqqında" qanunun 19-cu maddəsində nəzərdə tutulur ki, toplantı ictimai qaydaya və təhlükəsizliyə qarşı təhlükə yaradarsa və ya nəqliyyata maneçilik törədərsə, polis əməkdaşları kütləyə dağılışmaq və ya başqa yerə getmək əmri vermək hüququna malikdirlər. Kütlə dağılışmaq və ya başqa yerə getmək əmrinə tabe olmadıqda polis əməkdaşları kütləni dağıtmaq üçün güc tətbiq etmək və əmrə tabe olmayan şəxsləri tutmaq hüququna malikdirlər. Tutulmuş şəxslər görülmüş tədbirin məqsədinə nail olunduqdan sonra mümkün qədər tezliklə azad edilirlər, amma saxlanmanın müddəti tutulma anından sonra 12 saatdan artıq olmamalıdır.
45. 1 yanvar 2014-cü ildə "Polis haqqında" yeni qanun (poliisilaki, polislagen; 872/2011 saylı qanun) qüvvəyə mindi. Yenin qanunun 2-ci fəslinin 5, 8 və 9-cu maddələrində yuxarıda qeyd edilənlərlə eyni müddəalar yer alır, o cümlədən deyilir ki, tutulmuş şəxs onun yenidən narahatlıq yarada biləcəyi müddətin sonuna qədər həbsdə saxlanıla bilər, amma bu müddət onun tutulma anından sonra 12 saatdan artıq olmamalıdır.
B. "Məcburiyyət tədbirləri haqqında" qanun
46. "Məcburiyyət tədbirləri haqqında" qanunun (pakkokeinolaki, tvångsmedelslagen; 450/1987 saylı qanun) 1-ci fəslinin 2-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulurdu ki, həbs üçün zəruri şərtlər mövcud olarsa və həbsin sonradan həyata keçirilməsinin mümkünlüyü təhlükə altında ola bilərsə, polis əməkdaşı cinayət törətməkdə şübhəli bilinən şəxsi həbs orderi olmadan da tuta bilər. Polis əməkdaşı həbsə alma səlahiyyətinə malik olan vəzifəli şəxsə bu tutma barəsində ləngimədən məlumat verməlidir. Həbsə alma səlahiyyətinə malik olan həmin vəzifəli şəxs tutma anından sonra 24 saat ərzində tutulmuş şəxsin azad edilməsi və ya həbsdə saxlanması barədə qərar çıxarmalıdır.
47. 1 yanvar 2014-cü ildə "Məcburiyyət tədbirləri haqqında" yeni qanun (pakkokeinolaki, tvångsmedelslagen; 806/2011 saylı qanun) qüvvəyə mindi. Yenin qanunun 2-ci fəslinin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
"Polis əməkdaşı cinayət məsələsini aydınlaşdırmaq məqsədi ilə həmin cinayətdə şübhəli bilinən şəxsi cinayət hadisəsi yerində və ya qaçmağa cəhd edərkən tuta bilər.
Polis əməkdaşı həmçinin cinayətdə şübhəli bilinən, barəsində tutma qərarı və ya həbs qətimkan tədbiri haqqında qərar olan şəxsi tuta bilər. Bundan əlavə, polis əməkdaşı gözlənilən məhkəmə qərarı ilə əlaqədar olaraq həbsə alınması tələb olunan müttəhimi əsas məhkəmə iclasında və ya həbs qərarının qəbulu məsələsi nəzərdən keçirilən zaman tuta bilər, bu şərtlə ki, onun qaçıb getməsinin qarşısını almaq üçün məhkəməyəqədər həbs tədbiri zəruri olsun.
Həbs üçün zəruri şərtlər mövcud olarsa və həbsin sonradan həyata keçirilməsinin mümkünlüyü təhlükə altında ola bilərsə, polis əməkdaşı cinayət törətməkdə şübhəli bilinən şəxsi həbs orderi olmadan da tuta bilər. Polis əməkdaşı həbsə alma səlahiyyətinə malik olan vəzifəli şəxsə bu tutma barəsində ləngimədən məlumat verməlidir. Həbsə alma səlahiyyətinə malik olan həmin vəzifəli şəxs tutma anından sonra 24 saat ərzində tutulmuş şəxsin azad edilməsi və ya həbsdə saxlanması barədə qərar çıxarmalıdır. Həbsdə saxlamanın 12 saatdan artıq davam etməsindən ötrü həbs üçün zəruri şərtlərin mövcud olması tələb olunur".
C. "Cinayət istintaqı haqqında" qanun
48. "Cinayət istintaqı haqqında" qanunun (esitutkintalaki, förundersökningslagen; 449/1987 saylı qanunun sözügedən dövrdə qüvvədə olan mətni) 21-ci maddəsinə əsasən, 12 saatdan az müddətə tutulmuş və ya həbsdə saxlanmış şübhəli şəxsin, yaxud "Məcburiyyət tədbirləri haqqında" qanunda nəzərdə tutulmuş həbs üçün zəruri şərtlər mövcud olduğu təqdirdə 24 saatdan az müddətə tutulmuş və ya həbsdə saxlanmış şübhəli şəxsin cinayət istintaqının aparılmasında iştirak etməsi tələb olunmur.
49. Yuxarıda göstərilən qanunun 24-cü maddəsinin 2-ci bəndinə əsasən, yalnız aşağıdakı hallarda dindirmə saat 22-dən 7-dək aparıla bilər:
"1) dindirilən şəxs özü bunu tələb etdikdə;
2) istintaq sadələşdirilmiş qaydada aparıldıqda və bu zaman dindirilən şəxsin saxlanıldığı yerdə qalması və ya dərhal gəlməsi tələb olunduqda; yaxud
3) bunun üçün hər hansı digər təcili səbəb olduqda".
50. Eyni normalar, müvafiq olaraq, "Cinayət istintaqı haqqında" yeni qanunun (esitutkintalaki, förundersökningslagen; 805/2011 saylı qanun) 6-cı fəslinin 5-ci maddəsinin 2-ci bəndinə və 7-ci fəslinin 5-ci maddəsinin 2-ci bəndinə daxil edilib və bu qanun 1 yanvar 2014-cü ildə qüvvə minib.
D. Cinayət Məcəlləsi
51. Cinayət Məcəlləsinin (rikoslaki, strafflagen; 39/1889 saylı qanun; sonradan bu qanuna 563/1998 saylı qanunla dəyişikliklər edilib) 16-cı fəslinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən:
"1) ictimai qaydanı və ya təhlükəsizliyi qorumaq üçün və ya vəzifəsini yerinə yetirdiyi zaman polis əməkdaşının səlahiyyəti daxilində verdiyi əmrə və ya qoyduğu qadağaya tabe olmayan,
2) "Polis haqqında" qanunun 10-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş kimlik haqqında məlumatları təqdim etməkdən imtina edən,
3) "Polis haqqında" qanunun 10-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dayandırmaq və ya hərəkətə gətirmək barədə polisin açıq-aydın görünən işarəsinə və ya əmrinə tabe olmayan,
4) "Polis haqqında" qanunun 45-ci maddəsində nəzərdə tutulmuş yardım göstərmək vəzifəsinə etinasız yanaşan,
5) səbəb olmadan polisə təhlükə barədə xəbərdarlıq edən və ya yalan məlumat verməklə polisin işinə mane olan şəxs –
qanunvericiliyin hər hansı digər müddəasında bu əmələ görə daha ağır cəza nəzərdə tutulmayıbsa, polisə tabe olmamağa görə cərimə ilə və ya ən çoxu üç ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
52. Eyni Məcəllənin 6-cı fəslinin 12-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
"Məhkəmə aşağıdakı hallarda cəza təyin etməkdən imtina edə bilər:
1) cinayətin yetirdiyi zərər və ya onu törədənin təqsiri nəzərə alınmaqla cinayət bütövlükdə qiymətləndirildikdə onun az əhəmiyyətli cinayət olduğu hesab edilərsə;
2) cinayəti törətmiş şəxsin yaşı 18-dən az olarsa və onun hərəkəti anlaşılmazlığın və ya ehtiyatsızlığın nəticəsi hesab olunarsa;
3) hərəkətlə və ya onu törədənlə bağlı mövcud olan xüsusi səbəblərlə əlaqədar olaraq həmin hərəkətin "bağışlanıla bilən" hərəkətlə müqayisə oluna bilən hərəkət olduğu hesab edilərsə;
4) konkret olaraq yuxarıda 6-cı maddənin 3-cü bəndində və 7-ci maddədə göstərilən amillər və ya sosial təminat və səhiyyə orqanları tərəfindən görülmüş tədbirlər nəzərə alınmaqla cəza əsassız və ya mənasız hesab edilərsə; yaxud
5) cinayət hərəkətinin cəzalandırılması cəzaların birləşdirilməsi yolu ilə cəza təyinetmə barədə müddəalarla əlaqədar olaraq ümumi cəzaya əhəmiyyətli təsir göstərməyəcəksə".
E. "Məhkumluğun qeydə alınması haqqında" qanun
53. "Məhkumluğun qeydə alınması haqqında" qanunun (rikosrekisterilaki, straffregisterlagen; 770/1993 saylı qanun) 2-ci maddəsinin 1-2-ci bəndlərində nəzərdə tutulur ki:
"Məhkəmələrin bildirişləri əsasında Finlandiyada şəxsin aşağıdakı cəzalara məhkum olunmasına dair qərarlar barədə məlumatlar cinayət dosyelərinə daxil edilir: hökmün icrası təxirə salınmamaqla azadlıqdan məhrumetmə; ictimai işlər; hökmün icrası təxirə salınmaqla azadlıqdan məhrumetmə; əlavə cəza qismində cərimə, ictimai işlər və ya nəzarətə verilmə cəzaları ilə birlikdə təyin olunmaqla hökmün icrası təxirə salınmadan azadlıqdan məhrumetmə; yetkinlik yaşına çatmayanlara verilən cəza; yetkinlik yaşına çatmayanlara verilən cəzanı əvəzləyən cərimə; vəzifədən azadetmə; yaxud Cinayət Məcəlləsinin (39/1889) 3-cü fəslinin 4-cü maddəsinə uyğun olaraq cəza təyin etməkdən imtina etmə. Lakin nə cərimə cəzalarının azadlıqdan məhrumetmə cəzasına çevrilməsi barədə məlumatlar, nə də "Mülki qulluq haqqında" qanun (1723/1991) əsasında təyin olunan azadlıqdan məhrumetmə cəzaları barədə məlumatlar cinayət dosyelərinə daxil edilmir. Korporativ cinayət məsuliyyətini tənzimləyən normalar əsasında təyin olunan cərimələr barədə məlumatlar da cinayət dosyelərinə daxil edilir.
Bundan başqa, Fərmana uyğun olaraq, Finlandiya vətəndaşının və ya Finlandiyada daimi yaşayan əcnəbinin xaricdə 1-ci bənddə göstərilənlərin ekvivalenti olan cəza ilə cəzalandırılmasına dair məhkəmə qərardadları barədə məlumatlar cinayət dosyelərinə daxil edilir".
III. BEYNƏLXALQ VƏ AVROPA STANDARTLARI
54. Məhkəmənin sərəncamında olan beynəlxalq və Avropa standartlarına dair məlumatlarda nümayişlər zamanı jurnalistlərin davranış normaları barədə konkret qeydlər əvvəlkitək çox azdır. Bununla belə, nümayişləri və ya analoji tədbirləri işıqlandıran jurnalistlərə münasibətdə polislərin davranışını tənzimləyən bəzi normalar və ya tövsiyələr mövcuddur, həmçinin jurnalistlərin də üzərinə belə bir vəzifə düşür ki, polisin ictimai qaydanı və ya təhlükəsizliyi qorumasına mane olmaqdan çəkinsinlər.
55. Məsələn, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası ("Venesiya Komissiyası") tərəfindən tərtib edilmiş rəhbər prinsiplərdə (bax: ATƏT/DTİHB/Venesiya Komissiyasının "Dinc toplaşmaq azadlığı haqqında rəhbər prinsipləri"nin 2-ci redaksiyası; ATƏT/ DTİHB-nin Toplaşmaq azadlığı üzrə ekspertlər qrupu və Venesiya Komissiyası tərəfindən hazırlanıb və Venesiya Komissiyasının 83-cü plenar iclasında qəbul edilib) aşağıdakılar nəzərdə tutulur:
"168. Kütləni dağıtmaq zəruri sayılarsa, hüquq mühafizə personalı tərəfindən hər hansı müdaxilə edilməmişdən əvvəl toplantının təşkilatçısı və iştirakçıları aydın və eşidilə bilən şəkildə məlumatlandırılmalıdırlar. Həmçinin iştirakçılara könüllü dağılışmaq üçün ağlabatan müddət verilməlidir. İştirakçılar bu müddətdə dağılışmazlarsa, yalnız bundan sonra hüquq mühafizə əməkdaşları müdaxilə edə bilərlər. Üçüncü şəxslərdən də (məsələn, yetkinlik yaşına çatmayanlardan, jurnalistlərdən və fotoqraflardan) xahiş edilə bilər ki, dağılışsınlar, amma onların polisin əməliyyatını müşahidə etmələrinin və ya qeydə almalarının qarşısı alınmamalıdır...
169. İstər hüquq mühafizə personalı, istərsə də iştirakçılar tərəfindən foto və video çəkilişi aparılması məhdudlaşdırılmamalıdır, amma informasiyaların qorunub saxlanması şəxsi həyatın toxunulmazlığı hüququnu poza bilər. İctimai toplantılar zamanı hüquq mühafizə personalı tərəfindən iştirakçıların foto və ya video çəkilişinin aparılmasına icazə verilir. Baxmayaraq ki, identifikasiya məqsədləri üçün ictimai yerlərdə fərdlərin müşahidəsinin aparılması şəxsi həyatın toxunulmazlığı hüququna müdaxiləyə səbəb olmaya bilər, belə məlumatların qeydə alınması və sistematik emalı və ya qeydlərin daimi əsasda saxlanması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb ola bilər. Bundan başqa, kəşfiyyat xarakterli məlumatların toplanması məqsədi ilə toplantıların foto və ya video çəkilişinin aparılması fərdləri toplaşmaq azadlığından istifadə etməkdən çəkindirə bilər, buna görə də bu hal daimi praktika kimi istifadə edilməməlidir. İştirakçılar və digər üçüncü şəxslər tərəfindən polisin asayişi mühafizə əməliyyatlarının foto və ya video çəkilişinin aparılmasının qarşısı alınmamalıdır və fotolentlərdəki təsvirləri, yaxud rəqəmsal formatda və ya videolentlərdə əks olunan görüntüləri hüquq mühafizə orqanlarına təhvil vermək barədə hər hansı tələb üzərində ilkin məhkəmə nəzarəti mövcud olmalıdır. Hüquq mühafizə orqanları ictimai toplantıların açıq şəkildə çəkilmiş videolentlərinin və ya fotoşəkillərinin onlar tərəfindən istifadəsi ilə bağlı siyasəti işləyib hazırlamalı və ictimaiyyətə çatdırmalıdırlar".
56. Jurnalistlərin davranışına aid Avropa və beynəlxalq səviyyəli normalarda, standartlarda, tövsiyələrdə və ya açıqlamalarda nümayişlərin və ya analoji tədbirlərin işıqlandırılması zamanı jurnalistlərin davranışı barədə əksər hallarda bir söz deyilmir. Eyni sözlər jurnalistlərin davranış məcəllələrinə və peşə etikası məcəllələrinə də aiddir.
IV. MÜQAYİSƏLİ HÜQUQ
57. Məhkəmənin sərəncamında olan məlumatlardan, o cümlədən Avropa Şurasının üzvü olan otuz dörd dövlətin (Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Çexiya Respublikası, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, keçmiş yuqoslav respublikası Makedoniya, Moldova, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Birləşmiş Krallığın) qanunvericiliklərinin müqayisəli tədqiqindən belə məlum olur ki, tədqiq edilən bütün dövlətlər nümayişləri işıqlandıran jurnalistlərə cinayət hüququnun ümumi müddəalarını tətbiq edirlər. Jurnalistlərin saxlanması, həbsə alınması və məhkum edilməsi məsələsində onlar üçün heç bir xüsusi status müəyyən edilməyib. Beləliklə, media nümayəndələri nümayiş zamanı törətdikləri cinayətlərə görə nümayiş iştirakçıları ilə eyni qaydada məsuliyyət daşıyırlar. Tədqiq edilmiş beş dövlətdə (Avstriya, Macarıstan, keçmiş yuqoslav respublikası Makedoniya, İspaniya və İsveçdə) bu işə bənzər presedentlər aşkar edilsə də, bu, hər hansı ümumi nəticələr çıxarmağa imkan vermir.
58. Polisin səlahiyyətlərinə gəlincə, tədqiq edilmiş dövlətlərin böyük əksəriyyətində konkret olaraq zorakı nümayişlərdən xəbərlər toplanması məsələsi tənzimlənmir. Polislə medianın münasibətlərini tənzimləyən ümumi prinsiplər və tövsiyələr on iki üzv dövlətdə (Belçika, Bolqarıstan, Almaniya, Yunanıstan, Macarıstan, Lüksemburq, Moldova, Niderland, Rusiya, İspaniya, İsveç və Birləşmiş Krallıqda) aşkar edildi ki, həmin ölkələrdə, bir qayda olaraq, tədbirləri işıqlandıran media nümayəndələri iştirakçılardan fərqləndirilmək üçün kimliklərini açıq-aydın göstərməyə təşviq edilirlər. Lakin media nümayəndələrinin fərqləndirilməsi jurnalistika fəaliyyətinə şərait yaratmaq və onu asanlaşdırmaq məqsədi daşısa da, bu, nümayiş yerini tərk etmək barədə polislərin əmrlərini yerinə yetirməyən jurnalistlərə hər hansı növ immunitet vermir. Yalnız az sayda üzv dövlətlərdə (Gürcüstan, Moldova, Rusiya və Serbiyada) nümayişlər zamanı xəbərlərin toplanması məsələsi xüsusi qaydalarla tənzimlənir. Bu üzv dövlətlərdə jurnalistlərə ya nümayişlərin gedişatını işıqlandırmaq üçün qorunan ərazi ayrılır, ya da fəaliyyətlərini hansı zonada daha təhlükəsiz şəkildə həyata keçirə biləcəkləri barədə məlumat verilir. Bununla belə, görünür, maraqlar arasında ümumi balans gözlənilməli və polisin ictimai qaydanın və təhlükəsizliyin qorunmasına yönələn göstərişlərinə əməl edilməlidir.
59. Tədqiq edilmiş üzv dövlətlərin böyük əksəriyyətində jurnalistlər üçün peşə davranışı məcəllələri və etika məcəllələri olsa da, orada nümayişlər zamanı jurnalistlərlə polis arasında münasibətləri tənzimləyən konkret müddəalar yoxdur. Bu məcəllələrdə jurnalist araşdırması üsullarına və jurnalist mənbələrinə, habelə üçüncü şəxslərin şəxsi həyatının toxunulmazlığının qorunmasına daha çox diqqət yetirilir.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
60. Ərizəçi Konvensiyanın 10-cu maddəsinə əsasən şikayət etdi ki, onun ifadə azadlığı pozulub. Konvensiyanın 10-cu maddəsində deyilir:
"1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyinə malik olmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".
A. Palatanın qərarı
61. Palata hesab etdi ki, polisə tabe olmadığı zaman ərizəçinin tutulması və məhkum edilməsi jurnalın fotoqrafı və jurnalisti qismində davranışının nəticəsi olduğuna görə onun ifadə azadlığı hüququna müdaxilə edildiyini güman etmək olar. Palata daha sonra müəyyən etdi ki, tərəflər şikayətə səbəb olmuş tədbirlərin Finlandiya qanunvericiliyində, konkret olaraq Cinayət Məcəlləsinin 16-cı fəslinin 4-cü maddəsində əsası olduğunu qəbul ediblər. Beləliklə, müdaxilə "qanunla nəzərdə tutulmuşdu" və bir neçə qanuni məqsəd daşıyırdı, yəni ictimai təhlükəsizliyi qorumaq, habelə iğtişaşın və cinayətin qarşısını almaq məqsədini güdürdü.
62. Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi məsələsinə gəlincə, Palata qeyd etdi ki, ərizəçi hətta dağılışmaq barədə əmrlərdən sonra da nümayişçilərlə birlikdə qalmağa qərar verməklə mətbuat üçün ayrılmış təhlükəsiz zonadan istifadə etmək hüququndan imtina etmişdi. Müəyyən edilib ki, ərizəçi hadisə yerini tərk etmək barədə polisin əmrlərindən xəbərdar olub, amma onlara əhəmiyyət verməməyi qərara alıb. Mühasirə davam etdiyi müddətdə ərizəçi istənilən vaxt hər hansı insident olmadan hadisə yerini tərk edə və mətbuat üçün ayrılmış təhlükəsiz zonaya keçə bilərdi. Bunu etməməklə ərizəçi qəsdən əmrə tabe olmamağa görə tutulmaq riskini bilərəkdən öz üzərinə götürmüşdü.
63. Palatanın fikrincə, polislərin məhz hansı mərhələdə ərizəçinin jurnalist olduğunu öyrəndikləri tam aydın deyildi. Belə görünür ki, ərizəçi özünü jurnalist kimi təqdim etmək üçün aşkar səylər göstərməmişdi. Bundan başqa, ərizəçinin nümayişin fotoşəkillərini çəkməsinə hər hansı formada maneçilik törədildiyini göstərən bir şey yoxdur. Onun nə kamerası, nə də digər avadanlıqları müsadirə olunmuşdu və çəkdiyi bütün fotoşəkilləri özündə saxlamasına və məhdudiyyətsiz olaraq istifadə etməsinə icazə verilmişdi.
64. Palata hesab etdi ki, konkret olaraq nümayişin xarakterini nəzərə alsaq, bu nümayiş ictimaiyyətdə haqlı maraq doğuran məsələ idi. Rayon məhkəməsi məsələni 10-cu maddə nöqteyi-nəzərindən təhlil edərək bir-birinə zidd olan müxtəlif maraqları balanslaşdırdı və bu qənaətə gəldi ki, ərizəçiyə münasibətdə onun şikayət etdiyi tədbirlərin görülməsinə təxirəsalınmaz ictimai tələbat vardı. Palata həmçinin bu fakta önəm verdi ki, ərizəçinin hərəkəti daxili məhkəmələr tərəfindən "bağışlanıla bilən" hərəkət sayıldığına görə ərizəçiyə heç bir cəza təyin edilməmişdi. Bütün bu amilləri nəzərə alaraq, Palata hesab etdi ki, daxili məhkəmələr toqquşan maraqlar arasında ədalətli balansı düzgün təyin ediblər. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməyib.
B. Tərəflərin arqumentləri
1. Ərizəçi
65. Ərizəçi iddia etdi ki, onun ifadə azadlığı hüququna müdaxilə baş verib, belə ki, polis ondan nümayiş yerini tərk etməsini tələb edib, 17,5 saat ərzində həbsdə saxlanıldığı müddətdə məlumat ötürmək imkanına malik olmayıb və cinayət törətməkdə şübhəli bilinib, ittiham olunub və təqsirkar hesab edilib ki, bu da onun hüquqlarını həyata keçirməsinə və işinə "çəkindirici təsir" göstərib.
66. Müdaxilənin qanunla nəzərdə tutulmuş olub-olmaması məsələsinə gəlincə, ərizəçi iddia etdi ki, bir neçə müxtəlif məqamlarda polis qanunla müəyyən edilmiş səlahiyyətlərini aşıb və ya diskresion səlahiyyətlərindən sui-istifadə edib. Birincisi, kütlənin dağılışması barədə polisin qəti əmrinin qeyri-mütənasibliyi göstərirdi ki, bu hal Finlandiya qanunvericiliyinə uyğun deyil. Polisin nümayişlə iğtişaş kimi davranmaq qərarına gəlməsi də sual altında idi, çünki nümayişçilərin davranışının aqressivlik səviyyəsi nisbətən məhdud idi və yalnız bir neçə şəxsi əhatə edirdi.
İkincisi, ərizəçinin saxlanması qanunsuz idi, çünki bu, bütün gecə boyu uzanmış və təxminən 17,5 saat davam etmişdi. Tutulmuş şəxslər mümkün qədər tezliklə azad edilməli idilər və bu, tutulmalarından sonra ən çoxu 12 saat ərzində baş verməli idi. Yalnız iğtişaşda şübhəli bilindikləri təqdirdə polislər onları 12 saatdan artıq saxlaya bilərdilər. Polislər əvvəlcə ərizəçini polisə tabe olmadığına görə tutmuşdular, amma ərizəçinin sözlərinə görə, onun tutulmasının səbəbi sonradan dəyişdirilərək iğtişaş törətmə ilə əvəz edilmişdi. Ərizəçi nümayişdə qətiyyən iştirak etmədiyinə görə onun davranışı iğtişaş törətmə anlayışına uyğun gələ bilməzdi. Buna görə də, polislərin onu tutması üçün yetərli əsas yox idi və o, dərhal, yaxud ən azı 12 saat ərzində azadlığa buraxılmalı idi. Bundan başqa, bir halda ki, araşdırmaları hətta saat 22 ilə 7 arasında aparmaq mümkün idi, ərizəçi bunu tələb etdiyi və ya digər təcili səbəb olduğu təqdirdə ərizəçini yubanmadan dərhal dindirməli və ya onunla müsahibə aparmalı idilər.
67. Ərizəçi həmçinin hesab etdi ki, cinayət işində faktiki olaraq təqsirkar sayılması qanuna əsaslanmamışdı, çünki o, mühasirəyə alınmış ərazidə fotoşəkillər çəkməkdə davam etdiyinə görə cinayət əməlində təqsirkar sayıla biləcəyini bilmirdi. Daxili məhkəmələrin öz qərarlarını əsaslandırmamalarına gəlincə, qanunilik məsələləri onlar tərəfindən qiymətləndirilməmişdi. Buna görə də, ərizəçi iddia etdi ki, polisin, prokurorun və daxili məhkəmələrin müdaxiləsi üçün Finlandiya qanunvericiliyində əsas yox idi.
68. Ərizəçi qəbil etməyə hazırdır ki, ola bilsin müdaxilə qanuni məqsəd daşıyırdı.
69. Müdaxilənin zəruriliyinə gəlincə, ərizəçi qeyd etdi ki, onun vəzifəsi nümayiş barədə məlumatları ağlabatan müddət ərzində yaymaqdan ibarət idi. O həm tərəflərin hər birinin davranışı barədə təfsilatlı material üzərində işləmişdi, həm də nümayiş başa çatdıqdan dərhal sonra nümayiş barədə onlayn məlumatları İnternetdə yerləşdirməli idi. Ərizəçi iddia etdi ki, nümayişin keçirildiyi ərazidə mətbuat üçün ayrılmış ayrıca və təhlükəsiz zona yox idi. O, əsas media təşkilatlarının hamısı ilə əlaqə saxlamış və müəyyən etmişdi ki, ərazidə olan jurnalistlərin heç birinə təhlükəsiz zonaya getmək təlimatı verilməmiş və faktiki olaraq həmin ərazini heç kim görməmişdi. Kənardan baxanda mühasirəyə alınmış ərazinin daxilini görmək mümkün deyildi, çünki polislərin sırası olduqca sıx və çoxcərgəli idi və polislərin mini-avtobusları və avtobusları müşahidə imkanlarına maneçilik törədirdi. Saat 19.15-də polislər daha geniş ərazidə mühasirə kordonu yaratmağa başladılar ki, bu da hadisələri izləməyi daha da çətinləşdirdi. Jurnalistlər üçün təhlükəsiz zonanın mövcud olması mümkün deyildi, çünki nümayiş əvvəlcə yürüş formasında olmalı idi və buna görə də mətbuat üçün statik zona hər hansı reportaj məqsədinə xidmət edə bilməzdi. Hətta bu cür zona olsaydı belə, onun istifadəsi könüllü olmalı idi, çünki jurnalistlərin hadisələri hansı rakursdan işıqlandırmalı olduqlarına dair qərar vermək dövlət orqanlarının işi deyildi.
70. Ərizəçi daha sonra iddia etdi ki, özünü jurnalist kimi təqdim etmədiyinin iddia olunması sağlam məntiqə zidd idi. Onun boynundan asılmış mətbuat nişanı vardı və bu fakt rayon məhkəməsində şahid tərəfindən təsdiqlənmişdi. O, yanında iki kamera gəzdirirdi və 2006-cı ildə bu növ kameralardan yalnız peşəkar jurnalistlər istifadə edirdilər, həmçinin onun kamera çantası da vardı. Məhkəməyəqədər istintaqa dair hesabatdan belə görünür ki, ərizəçi onu saxlamış polis əməkdaşına özünü jurnalist kimi təqdim etmişdi. Nümayişin sonuna doğru ərizəçi nümayişçilərlə polis cərgəsinin arasında dayanmışdı və beləliklə, birincilərdən açıq-aydın kənar durmuşdu. Həmin məqamda sakitlik idi və vəziyyət polisin nəzarəti altında idi. Nümayişçilər tutulduqdan sonra polis əməkdaşı "fotoqrafı tutun" deyə qışqırdı və ərizəçi fotoşəkilləri çəkərkən yaxalandı. O, polisin saxlama kamerasında olarkən polis əməkdaşlarının eşitməsi üçün durmadan qışqıraraq jurnalist olduğunu deyirdi.
71. Ərizəçi iddia etdi ki, 17,5 saatlığa həbsdə saxlanması qeyri-mütənasib addım idi. Polislər onu hadisə yerində, yaxud da ən geci 12 saat ərzində azadlığa buraxmalı idilər. Ərizəçinin nümayiş zamanı çəkib topladığı kadrlar o azad edilən zaman artıq "köhnə" idi. Polis yetkinlik yaşına çatmayanları bir neçə saatlığa saxladıqdan sonra buraxmışdı və belə olan halda ərizəçini də azadlığa buraxa bilərdilər. Həmçinin polislər onun işi üzrə məhkəməyəqədər istintaqa xitam verə, prokuror isə ona qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürə bilərdi. Lakin dövlət polisə tabe olmamağa görə ərizəçi barəsində cinayət təqibinin aparılmasını və ola bilsin onun məhkum edilməsini önəmli hesab etmişdi. Hətta o, artıq polisin konkret hərəkətlərinin nəticələrindən əziyyət çəkdikdən sonra da dövlət onu öz işini yerinə yetirdiyinə görə təqsirkar hesab etmişdi. Rayon məhkəməsinin qərarı və onun saxlanma müddəti jurnalistlərin işinə açıq-aydın "çəkindirici təsir" göstərəcəkdi. Daxili məhkəmələr müdaxilə üçün "təxirəsalınmaz ictimai tələbatın" mövcud olub-olmadığını qiymətləndirməmişdilər. Rayon məhkəməsi ziddiyyətə girən maraqları düzgün qiymətləndirməmiş və sadəcə bildirmişdi ki, kütlənin dağılışması barədə əmr verməklə nümayişə son qoyulması zəruri idi. O, ərizəçinin hadisə yerindən çıxarılması üçün "təxirəsalınmaz ictimai tələbatın" xarakterini qiymətləndirməmişdi. O həmçinin belə qərarın jurnalistikaya "çəkindirici təsir" göstərəcəyinə dair Avropa Məhkəməsinin presedent hüququnu nəzərə almamışdı.
2. Hökumət
72. Hökumət Palatanın bu qənaəti ilə razılaşdı ki, hazırkı işdə Konvensiyanın 10-cu maddəsi pozulmayıb.
73. Hökumətin rəyinə görə, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verməmişdi. O qeyd etdi ki, polis ərizəçinin hadisəni işıqlandırmasına mane olmamışdı. Ərizəçinin saxlanmasının səbəbi onun fotoqraf qismində hərəkətləri deyildi, səbəb ondan ibarət idi ki, o, hadisə yerini tərk etmək barədə polisin ardıcıl və aydın əmrlərinə dəfələrlə itaətsizlik göstərmişdi. Polisin əmrləri hadisə yerində olan hər kəsə aid idi. Sübutlar da göstərir ki, polis əməkdaşı ərizəçiyə şəxsən əmr etmişdi ki, hadisə yerini tərk etsin, o isə bundan sonra müdiri ilə məsləhətləşmişdi ki, polisin əmrlərinə baxmayaraq hadisə yerində qalsın, yoxsa yox. Ərizəçiyə hər hansı məqamda, hətta tutulmasından öncəki ən son ana qədər fotoşəkilləri çəkməyi dayandırmaq əmri verilməmişdi. Polis ərizəçinin mətbuat nümayəndəsi olduğunu bilən kimi onun kamerasına, yaddaş kartlarına və digər avadanlıqlarına dərhal jurnalist mənbələri kimi yanaşılmış və onlar müsadirə olunmamışdı. O, fotoşəkilləri özündə saxlamaq imkanına malik idi və hər hansı hakimiyyət orqanı tərəfindən hər hansı məqamda onun fotoşəkillərdən istifadə etməsinə heç bir məhdudiyyət qoyulmamışdı. Ərizəçi ertəsi gün dindirilmiş 81 məhbus arasında ifadələri alınmış yeddinci və azad edilmiş altıncı şəxs idi. Sonuncu şübhəli şəxs 12 sentyabr 2006-cı ildə saat 11.07-də azad edildi. Yetkinlik yaşına çatmayanları azadlığa buraxdıqdan sonra polis mümkün qədər tezliklə diqqətini ərizəçiyə yönəltmişdi.
74. Hökumət daha sonra qeyd etdi ki, nə ərizəçi barəsində aparılmış ölkədaxili icraatların hər hansı biri, nə də Avropa Məhkəməsindəki hazırkı iş üzrə icraat ərizəçinin fotoqraf qismində hərəkətlərinə aid idi. Araşdırılan məsələ (dağılışmaq barədə məlumatlandırıldıqdan, təkidlə dağılışmaq barədə xəbərdarlıq edildikdən və nəhayət, dağılışmaq barədə əmr verildikdən sonra) polisə tabe olmaqdan sistematik olaraq imtina edən kütlənin tərkib hissəsi qismində onun hərəkətlərinə aid idi. Məhz bu səbəbdən daxili məhkəmələr ərizəçini polisin əmrinə tabe olmamağa görə təqsirkar hesab etmişdilər. Bundan başqa, rayon məhkəməsi ərizəçiyə hər hansı sanksiya təyin etməməyi qərara almışdı, çünki onun rəyinə görə, ərizəçi ziddiyyətli duruma düşmüşdü. O, bir tərəfdən qanunun tələblərinə və polisin gözləntilərinə uyğun olaraq polisin əmrinə tabe olmaq, digər tərəfdən isə onu hadisəni işıqlandırmağa göndərmiş və polisin şəxsən ona hadisə yerini tərk etmək əmrini verməsindən sonra ona hadisə yerində qalmağı məsləhət görmüş müdirinin gözləntilərini doğrultmaq arasında seçim etməli idi. Bu çətin durumun başa düşülən olduğunu nəzərə alaraq, rayon məhkəməsi hesab etmişdi ki, ərizəçinin polisə tabe olmaqdan imtina etməsi "bağışlanıla bilən" hərəkətlə müqayisə oluna bilər.
75. Hökumət alternativ variant olaraq iddia etdi ki, əgər Məhkəmə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qənaətinə gələrsə, həmin müdaxilə "qanunla nəzərdə tutulmuş" müdaxilə idi. Həmçinin müdaxilə bir neçə qanuni məqsəd daşıyırdı, yəni Palatanın müəyyən etdiyi kimi, ictimai təhlükəsizliyi qorumaq, habelə iğtişaşın və cinayətin qarşısını almaq məqsədini güdürdü.
76. Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi məsələsinə gəlincə, Hökumət Palatanın bu qənaəti ilə razılaşdı ki, daxili məhkəmələr toqquşan maraqlar arasında ədalətli balansı düzgün təyin ediblər. O qeyd etdi ki, media nümayəndələri tədbirin sonuna qədər, hətta polislərlə çox yaxın məsafədə olanda da reportaj hazırlamaq və fotoşəkillər çəkmək imkanına malik idilər. Həmçinin media nümayəndələri üçün ayrıca zona vardı. Lakin ASEM-ə qarşı etiraz tədbirinin keçirildiyi məkanda zorakılıqların şiddətlənməsi polislərin çoxsaylı nəqliyyat vasitələri ilə oraya gəlməsi ilə nəticələndi ki, onların da bəziləri, ola bilsin ki, tədbirin keçirildiyi məkanın müəyyən hissələrini təhlükəsiz zonadan görmək imkanını məhdudlaşdırmışdı. Bu məsələ şübhə altına alınmayıb ki, ərizəçi polisin dağılışmaq barədə əmrlərini artıq saat 20.30-da eşitmiş və insanların çıxışa doğru getdiklərini görmüşdü. Saat 21 radələrində polislər dağılışmaq barədə son əmrlərini verərkən hadisə məkanında iki başqa fotoqraf da vardı, amma onlar hadisə yerini saat 21.15 radələrində tərk etmişdilər. Onlara qarşı hər hansı məqamda heç bir tədbir tətbiq edilməmişdi. Polisin əmrləri vəziyyəti sakitləşdirmək, ictimai qaydanı bərpa etmək və xüsusən ictimai təhlükəsizliyi təmin etmək üçün verilmişdi. Saat 21.15-də polislər ərizəçiyə hadisə yerini tərk etmək əmrini verdikdə o bunu etməkdən imtina edərək bildirmişdi ki, fotoqraf olduğuna görə əmrin ona aidiyyəti yoxdur. Həmin vaxt kütlənin müqavimət göstərən nümayəndələri tutulmuş və tədbir başa çatmışdı. Bir neçə dəqiqə sonra polislər ərizəçini tutmuşdular, çünki aydın olmuşdu ki, o, polislərə tabe olmamaqda qərarlıdır. Ərizəçi orada qalmalı, yoxsa getməli olduğu barədə məsləhət almaq üçün telefon vasitəsilə müdiri ilə söhbətləşdiyinə görə, açıq-aydın başa düşmüşdü ki, polisin əmrləri ona da aiddir. Rayon məhkəməsi də bunu sübuta yetirilmiş hesab etmişdi ki, polisin əmrləri açıq-aşkar hər kəsə aid idi, buna görə də ərizəçinin saxlanması onun üçün sürpriz ola bilməzdi.
77. Hökumət qeyd etdi ki, ərizəçinin saxlanmasının məqsədi onun ifadə azadlığını həyata keçirməsinə maneə yaratmaq deyildi, törətməkdə şübhəli bilindiyi cinayət əməlini araşdırmaq idi. O, tədbir zamanı çəkdiyi bütün fotoşəkillərdən istifadə etmək imkanına malik idi. Beləliklə, ərizəçinin tutulması və həbsdə saxlanması əsaslı, zəruri və mütənasib addım idi, belə ki, polislər növbəti zorakılıqların və dağıntıların törədilməsi riskinin mövcud olduğu bir şəraitdə zorakı nümayişə reaksiya göstərmişdilər. Buna görə də, iddia edilən müdaxilə demokratik cəmiyyətdə zəruri idi.
78. Hökumət Finlandiya Konstitusiyası ilə və Konvensiyanın 14-cü maddəsi ilə təmin olunan bərabər qaydada rəftarın və qanun qarşısında bərabərliyin vacibliyini vurğuladı. O iddia etdi ki, ərizəçi kütlənin nümayiş yerində olan digər nümayəndələri ilə müqayisədə onunla imtiyazlı və ya fərqli rəftar edilməsi hüququna malik deyildi. Polisin əmrləri statusa və ya peşəyə görə fərq qoyulmadan verilmişdi və ərizəçinin peşə fəaliyyətinə maneçilik törətmək məqsədi daşımırdı. Polisin məqsədi vəziyyəti sakitləşdirmək və ictimai qaydanı bərpa etmək idi. Bundan başqa, rayon məhkəməsi müəyyən etmişdi ki, ərizəçi onu tutmuş və ya polis bölməsində qəbul etmiş polis əməkdaşına mətbuat nişanını göstərməyib. O, nişanını yalnız onu polis bölməsinə aparan avtobusda göstərmişdi. Ərizəçi tədbir barəsindəki məqaləsində özü yazmışdı ki, nişanını yalnız tutulduqdan sonra taxıb ki, nişan göz önündə olsun. Buna görə də, ərizəçinin ifadə azadlığını pozduğu iddia edilən tədbirlərin mütənasibliyini qiymətləndirərkən dövlət ona verilən qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdı, çünki ərizəçi özünü jurnalist kimi təqdim etmək üçün açıq-aydın səylər göstərməmişdi.
79. Nəhayət, Hökumət iddia etdi ki, hazırkı işin "çəkindirici təsir" ilə heç bir əlaqəsi ola bilməz. Ərizəçi jurnalist qismində fəaliyyətlərinə görə deyil, polisin aydın əmrlərinə sistematik itaətsizlik göstərdiyinə görə tutulmuş və məhkum edilmişdi. Hadisə yerində olan bir neçə başqa jurnalist isə polisə tabe olmamaq seçimini etməmişdilər. Eləcə də ərizəçiyə heç bir sanksiya təyin olunmamışdı, çünki rayon məhkəməsi hesab etmişdi ki, ərizəçinin hərəkətləri "bağışlanıla bilən hərəkətlə" müqayisə oluna bilər. Həmçinin onun hər hansı məhkəmə xərclərini ödəməsi barədə qərar da çıxarılmamışdı.
C. Məhkəmənin qiymətləndirməsi
1. Böyük Palatanın icraatındakı işin əhatə dairəsi
80. Böyük Palataya təqdim etdiyi yazılı qeydlərində ərizəçi iddia etdi ki, həbsdə saxlanması qanunsuz olub, çünki bütün gecə davam edib və 18 saat çəkib. O iddia etdi ki, polisin onu həbs etməsi üçün zəruri şərtlər mövcud olmayıb və o, tutulduqdan sonra ən geci 12 saat ərzində azadlığa buraxılmalı idi. Bu səbəbdən onun həbsdə saxlanmasının 12 saatdan artıq uzanması "qanunla nəzərdə tutulmamışdı" (yuxarıda 66-cı bəndə bax). Hökumət bu şikayətlə bağlı şərh bildirmədi.
81. Məhkəmənin oturuşmuş presedent hüququna əsasən, Böyük Palataya göndərilən "iş" dedikdə elə şikayət ərizəsi nəzərdə tutulur ki, o, Palata tərəfindən qəbul olunan edilmiş olsun (digər qərarlar arasında bax: K. və T. Finlandiyaya qarşı [BP], ərizə № 25702/94, 141-ci bənd, ECHR 2001‑VII). Ərizəçi ilk dəfə Böyük Palataya təqdim etdiyi arqumentlərində həbsdə saxlanmasının qanunsuz olmasından şikayət etmişdi, belə ki, saxlanma müddəti 12 saatı ötmüşdü. Ərizəçinin 10-cu maddədə nəzərdə tutulmuş hüququna müdaxilənin zəruriliyi məsələsini araşdırarkən Palata Hökumətin bu arqumentini nəzərə almışdı ki, ərizəçinin 18 saata yaxın müddət ərzində həbsdə saxlanması onunla izah olunurdu ki, o, gec saatlarda həbsə alınmışdı və daxili qanunvericilik saat 22-dən 7-dək dindirmə aparılmasını qadağan edirdi (Palatanın qərarının 48-ci bəndinə bax). Lakin ərizəçi Palatadakı icraatda həbsdə saxlanmasının 12 saatdan artıq davam etməsinin qanunsuz olmasından şikayət etməmişdi. Bu şikayət Palatanın qəbul olunan elan etdiyi şikayətin tərkib hissəsini təşkil etmir və bu səbəbdən Böyük Palatanın araşdırmasının əhatə dairəsi xaricindədir. Buna görə də Məhkəmə öz araşdırmasını ərizəçinin şikayətinin Palata tərəfindən qəbul olunan elan edilmiş hissəsi ilə məhdudlaşdıracaq, yəni onun saxlanması, həbsə alınması və məhkum edilməsinin onun Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı hüququna əsassız müdaxilə ilə nəticələnib-nəticələnmədiyini araşdıracaq.
2. Müdaxilə baş vermişdimi?
82. Hökumət ilk növbədə iddia etdi ki, hazırkı işdə ərizəçinin ifadə azadlığı hüququna heç bir müdaxilə baş verməyib.
83. Ərizəçi polislər tərəfindən nümayiş kontekstində tutulmuş, 18 saata yaxın həbsdə saxlanmış və sonradan polisə tabe olmamaqda ittiham olunmuş və daxili məhkəmələr tərəfindən təqsirkar sayılmışdı. Bununla belə, ona heç bir cəza təyin edilməmişdi, çünki bu cinayət "bağışlanıla bilən hərəkət" hesab edilmişdi. Hətta barəsində şikayət edilən tədbirlər jurnalist qismində ərizəçini hədəfə almış olmasa belə və polisin mühasirəyə alınmış ərazidə olanların hamısına aid olan dağılışmaq əmrlərinə onun tabe olmamasının nəticəsi olsa belə, onun jurnalist funksiyalarını yerinə yetirməsinə mənfi təsir göstərmişdi, belə ki, o, hadisələr barədə reportaj hazırlamaq üçün jurnalın fotoqrafı qismində hadisə yerində idi. Buna görə də Məhkəmə qəbul edir ki, onun ifadə azadlığı hüququna müdaxilə baş verib (bax (müvafiq dəyişikliklərlə): Qzell İsveçrəyə qarşı, ərizə № 12675/05, 49-cu bənd, 8 oktyabr 2009-cu il).
3. Müdaxilə qanunla nəzərdə tutulmuşdumu?
84. Məhkəmə qeyd edir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan mənada "qanunla nəzərdə tutulmuş" ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinadən tələb edir ki, həmin qanun müvafiq şəxs üçün əlçatan olmalı və onun nəticələrini öncədən görmək mümkün olmalıdır (digər qərarlar arasında bax: "Centro Europa 7 S.r.l." və Di Stefano İtaliyaya qarşı [BP], ərizə № 38433/09, 140-cı bənd, ECHR 2012; və Rotaru Rumıniyaya qarşı [BP], ərizə № 28341/95, 52-ci bənd, ECHR 2000-V).
85. Müdaxilənin "qanunla nəzərdə tutulmuş" olub-olmaması məsələsində tərəflər arasında fikir ayrılığı var. Məhkəmə qeyd edir ki, ərizəçinin əsas arqumenti həbsdə saxlanmasının qanunsuz olmasından ibarətdir, çünki bu müddət 12 saatı aşıb, amma bu məsələ Böyük Palatanın iş üzrə araşdırmasının əhatə dairəsi xaricindədir (yuxarıda 81-ci bəndə bax). Qalan məsələlərə gəlincə, ərizəçinin arqumentlərindən belə məlum olur ki, o, tutulmasının, həbsdə saxlanmasının və məhkum edilməsinin Finlandiya qanunvericiliyində hüquqi əsasa malik olmadığını iddia etməyib, sadəcə olaraq onun işində daxili qanunvericiliyin müvafiq normalarının milli hakimiyyət orqanları tərəfindən necə tətbiq edilməsindən şikayətlənib. Lakin daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir (bax: Kopp İsveçrəyə qarşı, 25 mart 1998-ci il, 59-cu bənd, Reports of Judgments and Decisions 1998-II; və Kruslin Fransaya qarşı, 24 aprel 1990-cı il, 29-cu bənd, A seriyaları, № 176-A). Ərizəçinin arqumentlərinin heç birində milli hakimiyyət orqanlarının qanunvericiliyi əsassız şəkildə tətbiq etdiklərini göstərən hər hansı əlamət yoxdur. Bu səbəbdən Məhkəmə qəbul edir ki, barəsində şikayət edilən və ərizəçinin tutulmasından, həbsdə saxlanmasından və məhkum edilməsindən ibarət olan müdaxilə Finlandiya qanunvericiliyində, yəni "Polis haqqında" qanunun 19-cu maddəsində, "Məcburiyyət tədbirləri haqqında" qanunun 1-ci fəslinin 2-ci maddəsinin 2-ci bəndində və Cinayət Məcəlləsinin 16-cı fəslinin 4-cü maddəsində nəzərdə tutulmuş hüquqi əsasa malik idi. Buna görə də Məhkəmə bu nəticəyə gəlir ki, müdaxilə "qanunla nəzərdə tutulmuşdu".
4. Müdaxilə qanuni məqsəd daşıyırdımı?
86. Tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, müdaxilə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan mənada bir neçə qanuni məqsəd daşıyırdı, yəni ictimai qaydanı, ictimai təhlükəsizliyi qorumaq və iğtişaşın və cinayətin qarşısını almaq məqsədini güdürdü.
5. Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
a) Ümumi prinsiplər
87. İfadə azadlığına müdaxilənin zəruriliyinə aid ümumi prinsiplər Stoll İsveçrəyə qarşı iş üzrə qərarda ([BP], ərizə № 69698/01, 101-ci bənd, ECHR 2007‑V) qısaca ümumiləşdirilib və son dövrlərdə Beynəlxalq heyvan müdafiəçiləri təşkilatı Birləşmiş Krallığa qarşı ([BP], ərizə № 48876/08, 100-cü bənd, ECHR 2013, çıxarışlar) və Moris Fransaya qarşı ([BP], ərizə № 29369/10, 124-cü bənd, 23 aprel 2015-ci il) işlər üzrə qərarlarda bir daha təkrarlanıb:
"i) İfadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından birini, onun tərəqqisinin və hər bir fərdin öz potensialını reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaq şərti ilə, bu azadlıq təkcə müsbət qəbul edilən, yaxud zərərsiz sayılan və ya etinasız yanaşılan "məlumat" və ya "ideyalara" deyil, həm də inciklik yaradan, şoka salan və ya narahatlıq doğuran "məlumat" və ya "ideyalara" da şamil olunur. Bunlar plüralizmin, tolerantlığın və açıqfikirliliyin tələbləridir və bunlarsız "demokratik cəmiyyət" ola bilməz. 10-cu maddədə müəyyən edildiyi kimi, bu azadlıq istisnalara məruz qala bilər, ... lakin həmin istisnalar dar çərçivədə şərh olunmalı və istənilən məhdudiyyətlərin zəruriliyi inandırıcı şəkildə sübut edilməlidir...
ii) 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan mənada "zəruri" sözü "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu nəzərə tutur. İştirakçı dövlətlər bu tələbatın mövcudluğunun qiymətləndirilməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər, amma bu sərbəstlik Avropa orqanlarının nəzarəti ilə müşayiət olunur və bu nəzarət həm qanunvericiliyi, həm də onun tətbiqinə dair qərarları (hətta müstəqil məhkəmə tərəfindən qəbul edilmiş qərarları) əhatə edir. Buna görə də Məhkəmə "məhdudiyyətin" 10-cu maddə ilə qorunan ifadə azadlığına uyğun olub-olmadığı barədə yekun qərar vermək səlahiyyətinə malikdir.
iii) Nəzarət səlahiyyətini həyata keçirərkən Məhkəmənin vəzifəsi səlahiyyətli millik hakimiyyət orqanlarını əvəz etmək deyil, sadəcə olaraq onların diskresion səlahiyyətlərinə uyğun olaraq qəbul etdikləri qərarların 10-cu maddəyə uyğunluğunu yoxlamaqdır. Bu o demək deyil ki, nəzarət funksiyası cavabdeh dövlətin diskresion səlahiyyətini əsaslı, ehtiyatlı və vicdanlı şəkildə tətbiq edib-etmədiyini müəyyənləşdirməklə məhdudlaşır; Məhkəmə həm də barəsində şikayət edilən müdaxiləni işin bütün hallarının işığında nəzərdən keçirməli və müdaxilənin "qarşıya qoyulmuş məqsədə mütənasib olub-olmadığını" və müdaxiləyə haqq qazandırmaq üçün milli hakimiyyət orqanlarının gətirdiyi əsasların "münasib və yetərli" olub-olmadığını müəyyənləşdirməlidir... Bunu həyata keçirərkən Məhkəmə əmin olmalıdır ki, milli hakimiyyət orqanları 10-cu maddədə təsbit olunmuş prinsiplərə uyğun olan standartları tətbiq ediblər və bundan əlavə, qərar verərkən müvafiq faktların qəbul edilə bilən şəkildə qiymətləndirilməsinə əsaslanıblar".
10-cu maddədə nəzərdə tutulmuş müdafiə təkcə ifadə edilmiş ideya və məlumatların məzmununa deyil, həm də onların ötürülməsi formasına şamil olunur (Yersild Danimarkaya qarşı, 23 sentyabr 1994-cü il tarixli qərar, 31-ci bənd, A seriyaları, № 298).
88. Bundan başqa, Məhkəmə medianın demokratik cəmiyyətdə mühüm funksiyanı yerinə yetirdiyini vurğulayır. Baxmayaraq ki, kütləvi informasiya vasitələri müəyyən hüdudları aşmamalıdırlar, onların vəzifəsi ictimai maraq doğuran bütün məsələlərə dair məlumat və ideyaları (öhdəlik və vəzifələrinə uyğun şəkildə) yaymaqdan ibarətdir (bax: "Bladet Tromsö" və Stensaas Norveçə qarşı [BP], ərizə № 21980/93, 59-cu bənd, ECHR 1999-III; De Hayes və Giysels Belçikaya qarşı, 24 fevral 1997-ci il, 37-ci bənd, Reports of Judgments and Decisions 1997‑I; və Yersild Danimarkaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd). Nəinki media bu cür məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də ictimaiyyət onları almaq hüququna malikdirlər (bax: "Sandi Tayms" Birləşmiş Krallığa qarşı (№ 1), 26 aprel 1979-cu il, 65-ci bənd, A seriyaları, № 30).
89. Bununla əlaqədar olaraq (və həmçinin hazırkı işin faktları nəzərə alınmaqla), hakimiyyət orqanlarının ictimai nümayişlərlə və iğtişaşların qarşısının alınması ilə bağlı hərəkətləri barədə məlumat verilməsində medianın mühüm rolu vurğulanmalıdır. Medianın "ictimai nəzarətçi" rolu bu kontekstdə xüsusi önəm daşıyır, belə ki, hadisə yerində media nümayəndələrinin olması geniş toplantılar zamanı asayişi qoruyarkən hakimiyyət orqanlarının nümayişçilərə və geniş ictimaiyyətə qarşı yol verdikləri hərəkətlərə görə, o cümlədən etirazçılara nəzarət etmək və ya onları dağıtmaq, yaxud da ictimai qaydanı qorumaq üçün tətbiq etdikləri metodlara görə məsuliyyətə cəlb edilməsinin mümkünlüyünün təminatıdır. Buna görə də nümayişlərin keçirildiyi yerdən jurnalistlərin çıxarılmasına yönələn istənilən cəhd üzərində ciddi nəzarət olmalıdır.
90. Məhkəmə həmçinin xatırladır ki, Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş müdafiə jurnalistlər üçün bu şərtlə təmin edilir ki, onlar məsuliyyətli jurnalistika prinsiplərinə uyğun olaraq dəqiq və mötəbər məlumat çatdırmaq üçün vicdanla hərəkət etmiş olsunlar (bax (müvafiq dəyişikliklərlə): "Bladet Tromsö" və Stensaas Norveçə qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 65-ci bənd; Fressoz və Ruar Fransaya qarşı [BP], ərizə № 29183/95, 54-cü bənd, ECHR 1999‑I; Kasabova Bolqarıstana qarşı, ərizə № 22385/03, 61 və 63-68-ci bəndlər, 19 aprel 2011-ci il; və "Tayms Nyuspeypers Ltd." Birləşmiş Krallığa qarşı (№ 1 və 2), ərizələr № 3002/03 və 23676/03, 42-ci bənd, ECHR 2009). Məhkəmənin presedent hüququnda yer alan məsuliyyətli jurnalistika konsepsiyasında indiyədək diqqət jurnalistin ictimai yerlərdəki davranışından daha çox, nəşrin məzmununa və ya şifahi açıqlamaya aid olan məsələlər önə çəkilib (misal üçün bax: "Bladet Tromsö" və Stensaas Norveçə qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 65-67-ci bəndlər; Fressoz və Ruar Fransaya qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 52-55-ci bəndlər; "Krone Verlag GmbH" Avstriyaya qarşı, ərizə № 27306/07, 46-47-ci bəndlər; 19 iyun 2012-ci il; "Novaya Qazeta" və Borodyanski Rusiyaya qarşı, ərizə № 14087/08, 37-ci bənd; 28 mart 2013-cü il; Perna İtaliyaya qarşı [BP], ərizə № 48898/99, 47-ci bənd, ECHR 2003‑V; "Tayms Nyuspeypers Ltd." Birləşmiş Krallığa qarşı (№ 1 və 2) iş üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd; Unqvari və "İrodalom Kft" Macarıstana qarşı, ərizə № 64520/10, 42-ci bənd, 3 dekabr 2013-cü il; və Yordanova və Toşev Bolqarıstana qarşı, ərizə № 5126/05, 53 və 55-ci bəndlər, 2 oktyabr 2012-ci il).
Lakin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu peşə fəaliyyətinə dair məsuliyyətli jurnalistika konsepsiyası jurnalistika vasitələri ilə toplanılan və (və ya) yayılan məlumatların məzmunu ilə məhdudlaşmır. Bu konsepsiya, digər məsələlərlə yanaşı, jurnalistin davranışının qanuniliyini, o cümlədən jurnalistika funksiyalarını həyata keçirərkən jurnalistin hakimiyyət orqanları ilə qarşılıqlı ictimai münasibətlərini əhatə edir və bu sonuncu məsələ hazırkı iş üçün də aktuallıq kəsb edir. Bu baxımdan jurnalistin məsuliyyətli şəkildə hərəkət edib-etmədiyi müəyyənləşdirilərkən onun qanun pozuntusuna yol verməsi həlledici olmasa da hər halda mühüm əhəmiyyət daşıyır.
91. Məhkəmə bu kontekstdə bir daha xatırladır ki, ifadə azadlığını həyata keçirən jurnalistlər "öhdəlik və vəzifələr" daşıyırlar (bax: Stoll İsveçrəyə qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 102-ci bənd; və Həndisayd Birləşmiş Krallığa qarşı, 7 dekabr 1976-cı il, 49-cu bəndin son hissəsi, A seriyaları, № 24). Bununla əlaqədar olaraq onu da xatırlatmaq lazımdır ki, 10-cu maddənin 2-ci bəndi, hətta ciddi ictimai maraq doğuran məsələlərin media tərəfindən işıqlandırıldığı hallarda belə, bütünlüklə qeyri-məhdud ifadə azadlığını təmin etmir. Konkret olaraq, demokratik cəmiyyətdə medianın həyati əhəmiyyətli rol oynamasına baxmayaraq, prinsipcə jurnalistlər 10-cu maddənin jurnalist qismində onları möhkəm müdafiə ilə təmin etdiyini əsas gətirərək ümumi cinayət hüququ müddəalarına riayət etmək vəzifəsindən azad edilə bilməzlər (digər qərarlar arasında bax (müvafiq dəyişikliklərlə): Stoll İsveçrəyə qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 102-ci bənd; "Bladet Tromsö" və Stensaas Norveçə qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 65-ci bənd; və Monna İsveçrəyə qarşı, ərizə № 73604/01, 66-cı bənd, ECHR 2006-X). Başqa sözlə, jurnalist, öz ifadə azadlığını həyata keçirən digər insanlardan fərqli olaraq, sadəcə sözügedən hüquq pozuntusunu jurnalist funksiyalarını yerinə yetirdiyi zaman törətdiyinə görə cinayət məsuliyyətindən tam azad edilməli olduğunu iddia edə bilməz.
b) Ümumi prinsiplərin ərizəçinin işinə tətbiqi
92. Məhkəmə qeyd edir ki, ərizəçi polisə tabe olmadığına görə tutulmuş, həbsdə saxlanılmış, ittiham edilmiş və təqsirkar sayılmışdı. Onun tutulması "Suomen Kuvalehti" həftəlik jurnalının fotoqrafı və jurnalisti qismində iştirak etdiyi ASEM-ə qarşı etiraz nümayişi kontekstində baş vermişdi. Bu məsələdə fikir ayrılığı yoxdur ki, nümayiş medianın böyük diqqətini cəlb etmişdi.
93. Konvensiyanın 10-cu maddəsi əsasında jurnalistlər tərəfindən qaldırılmış bir çox digər işlərdən, o cümlədən Stollun işindən və yuxarıda 87-91-ci bəndlərdə istinad edilən o biri işlərdən fərqli olaraq, hazırkı iş hər hansı materialın nəşrinin (müəyyən informasiyanın ictimaiyyətə açıqlanmasının) qadağan olunmasına və ya hər hansı nəşrlə bağlı təyin olunmuş hər hansı sanksiyalara aid deyil. Hazırkı işdə araşdırılan məsələ zorakı şəkil almış nümayiş barədə reportaj hazırlamaq üçün fotoşəkillər çəkərkən polisin əmrlərinə tabe olmayan jurnalistə qarşı görülmüş tədbirlərə aiddir.
94. Finlandiyanın hakimiyyət orqanlarının ərizəçiyə qarşı gördükləri tədbirlərin zəruri olub-olmadığını qiymətləndirərkən Məhkəmə bunu nəzərə alacaq ki, hazırkı işdə önəm verilməli olan maraqlar ictimai xarakterlidir, yəni söhbət polisin zorakı nümayiş kontekstində ictimai qaydanı qorumaq marağından və ictimaiyyətin ümumi maraq doğuran məsələyə dair məlumat almaq marağından gedir (bax (müvafiq dəyişikliklərlə): Stoll İsveçrəyə qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 115-116-cı bəndlər). O, bütövlükdə götürülmüş halda etiraz edilən müdaxilənin münasib və yetərli əsaslara söykənib-söykənmədiyini və qarşıya qoyulan qanuni məqsədlərə mütənasib olub-olmadığını müəyyənləşdirmək üçün ərizəçinin tutulmasının, həbsdə saxlanmasının və məhkum edilməsinin hallarını növbə ilə araşdıracaq.
i) Ərizəçinin tutulması
95. Ərizəçinin tutulması ilə əlaqədar olaraq Məhkəmə bu məsələyə diqqət yetirəcək ki, polisin əmrləri faktların məntiqli şəkildə qiymətləndirilməsinə əsaslanırdımı və ərizəçi nümayiş barədə reportaj hazırlamaq imkanına malik idimi? O həmçinin ərizəçinin davranışını, o cümlədən özünü jurnalist kimi təqdim edib-etmədiyini nəzərə alacaq.
96. Nümayiş başlayarkən təxminən 50 nəfərlik əsas nümayişçilər qrupu, 500-ə yaxın kənar müşahidəçi və 50-yə yaxın jurnalist yürüşün start götürəcəyi yerə toplaşdılar. Nümayiş zorakı şəkil aldığına görə polislər əvvəlcə kütlənin yürüş etməsinin qarşısını aldılar, amma hadisə yerində dinc nümayişin keçirilməsinə imkan verdilər. Sonradan polislər nümayiş ərazisini qapatdılar və kütləyə dağılışmaq əmri verilər. Polislər hadisə yerinə 480 polis və sərhəd mühafizəçisi cəlb etməklə ehtiyat təhlükəsizlik tədbirləri görmüşdülər. Polislər Finlandiya Təhlükəsizlik Xidməti tərəfindən aparılmış riskin qiymətləndirilməsinə və həmin il baş vermiş iğtişaşlarla bağlı əvvəlki təcrübələrinə əsaslanaraq, habelə ictimaiyyət nümayəndələrini "Helsinki küçələrində də azacıq da olsa iğtişaş yaratmağa" dəvət edən plakatlardakı yazıların tonunu və nümayişin təşkilatçısının anonimliyini (yuxarıda 12-16-cı bəndlərə bax) nəzərə alaraq, nümayişin zorakı şəkil ala biləcəyini güman etmək üçün tutarlı əsasa malik idilər. Sonradan rayon məhkəməsi müəyyən etdi ki, polisin hərəkətləri qanuni olub və dağılışmaq əmrini vermək üçün polisin əlində əsalı səbəblər olub (yuxarıda 37-ci bəndə bax). Buna görə də Məhkəmə polisin əmrlərinin faktların məntiqli şəkildə qiymətləndirilməsinə əsaslandığını şübhə altına almaq üçün heç bir səbəb görmür. Üstəlik, Məhkəmənin rəyinə görə, tədbirin zorakı şəkil alması ehtimalına qarşı görülmüş qabaqlayıcı tədbirlər, o cümlədən nümayiş yerini tərk etmək barədə polisin əmrləri əsaslı idi. Bu tədbirlər təkcə "mücərrəd" şəkildə ictimai qaydanın qorunmasına (ictimai təhlükəsizliyin qorunmasına, habelə iğtişaş və cinayətin qarşısının alınmasına) yönəlməmişdi, həm də nümayişçilərin arasında və ya nümayişin yaxınlığında olan şəxslərin, o cümlədən media nümayəndələrinin və beləliklə həm də ərizəçinin özünün təhlükəsizliyinin qorunmasına yönəlmişdi.
97. İndi isə Məhkəmə onu araşdıracaq ki, ərizəçi ASEM-ə qarşı etiraz tədbiri müddətində jurnalist qismində öz işini yerinə yetirərkən ona hər hansı şəkildə maneə yaradılmışdımı? Mətbuat üçün təhlükəsiz zonanın mövcudluğu məsələsində tərəflər arasında fikir ayrılığı var. Lakin belə görünür ki, nümayişin başlanğıcında jurnalistlərin çoxu, təxminən onların əlli nəfəri nümayiş məkanında qalmışdılar. Tədbir zamanı hər hansı məqamda hakimiyyət orqanları nə onlardan, nə də ərizəçidən mətbuat üçün ayrılmış ayrıca zonadan istifadə etmələrini xahiş etməmişdilər. Bundan başqa, nümayişin xarakteri elə idi ki (əvvəlcə müəyyən marşrut boyu yürüş nəzərdə tutulmuşdu), "öncədən müəyyənləşdirilə bilməyən" hər hansı zonada zorakı hadisələr baş verə bilərdi və həqiqətən də baş verdi. Belə vəziyyətdə bu cür tədbirlərə yaxın olan ərazidə hakimiyyət orqanlarının hansısa formada təhlükəsizliyi öncədən təmin etməsi mümkün deyildi. Müvafiq olaraq, Məhkəmə təhlükəsiz zonanın mövcud olduğuna əmin deyil, çünki bütün jurnalistlər, belə görünür ki, nümayiş zonasında idilər və orada sərbəst işləyə bilirdilər. Buna görə də söyləmək olmaz ki, ərizəçinin tədbir barədə reportaj hazırlamasına maneə yaradılmışdı. Əksinə, o, tutulduğu ana qədər bütün nümayiş boyu fotoşəkillər çəkmək imkanına malik idi. Bunu, məsələn, nümayişin DVD-də qeydə alınmış görüntülərindən, habelə ərizəçinin çəkdiyi sonuncu şəklin onun polis əməkdaşı tərəfindən tutulduğu anın fotosu olmasından da aydın görmək olar.
98. Ərizəçinin davranışına gəlincə, Məhkəmə qeyd edir ki, o, mühasirəyə alınmış ərazinin daxilində tutulmuşdu və orada bir-birinin əllərindən tutmuş əsas nümayişçilər qrupu ilə birlikdə idi. DVD-dəki görüntülərdən məlum olur ki, ərizəçi nümayişçilər üçün tələb olunan "geyim koduna" uyğun gələn tünd rəngli geyimdə idi. O, jurnalist olduğunu göstərən hər hansı fərqləndirici geyim geyməmiş və ya digər nişan taxmamışdı. Məsələn, o, bəzi jurnalist həmkarları kimi sarı jilet və ya gödəkçə geyməmişdi. Eləcə də, məsələn, ərizəçinin istifadə etdiyi kameranın üzərində onun "Suomen Kuvalehti" jurnalında işlədiyini göstərən hər hansı aydın nişanə yox idi. Həmçinin DVD-dəki görüntülərdə, yaxud ərizəçinin təsvirləri olan fotoşəkillərin hər hansı birində onun jurnalist nişanı görünmürdü. Buna görə də ərizəçinin xarici görünüşü, belə görünür ki, onu etirazçılardan aydın şəkildə fərqləndirməyə imkan vermirdi. Beləliklə, tutulmazdan öncə onun mühasirəyə alınmış ərazinin daxilində olması və xarici görünüşü əsasında onun jurnalist olduğunu asanlıqla təyin etmək mümkün deyildi.
99. Həmçinin rayon məhkəməsinin qərarından və işin digər materiallarından o da aydın olmur ki, ərizəçi hansı polis əməkdaşlarına özünü jurnalist kimi təqdim etmişdi. Məhkəməyəqədər istintaqa dair hesabatdan belə məlum olur ki, ərizəçi onu tutmuş polis əməkdaşına özünü təqdim edib və həmin polis məhkəməyəqədər istintaq zamanı bildirib ki, ərizəçi tutulmasına müqavimət göstərməyib və telefonla zəng etməyə icazə istəyib və buna icazə verilib. Polis əməkdaşı şəxsiyyət sənədini istədikdə ərizəçi jurnalist kartını təqdim edib (yuxarıda 27-ci bəndə bax). Bundan belə nəticə çıxarmaq olar ki, ərizəçi mətbuat nişanı taxmamışdı, yaxud ən azından onu nəzərə çarpan elə bir yerə taxmamışdı ki, jurnalist olduğunu dərhal təyin etmək mümkün olsun. Ərizəçinin tutulmasında iştirak etmiş digər polis əməkdaşı məhkəməyəqədər istintaq zamanı bildirmişdi ki, ərizəçi saxlanılarkən müqavimət göstərməyib və o, ərizəçinin jurnalist olduğunu söylədiyini eşitməyib (yuxarıda 27-ci bəndə bax). Digər tərəfdən, həbs yerinə aparılmaq üçün avtobusa mindirilərkən ərizəçinin özünü jurnalist kimi təqdim edib-etmədiyi də müəyyənləşdirilməyib. Bununla belə, Məhkəmə hesab edir ki, polislər ən geci polis bölməsində gələnləri qəbul edən polis əməkdaşı ərizəçinin mətbuat kartını çıxardığı zaman onun jurnalist statusundan xəbərdar olmalı idi, belə ki, ərizəçinin verdiyi məlumata əsasən, o, jurnalist kartını "yuxarı qaldırmış" və sinəsində nəzərə çarpan yerə taxmışdı ki, onu görsünlər (yuxarıda 28-ci bəndə bax). Bu məlumatın əsasında Məhkəmə hesab edir ki, ərizəçi polislərin onu jurnalist kimi tanımalarını istəsəydi, özünü jurnalist kimi təqdim etmək üçün ya fərqləndirici geyim geyməli və ya jurnalist nişanını daim yaxasında gəzdirməli, ya da hər hansı başqa vasitələrlə kifayət qədər aşkar səylər göstərməli idi. Amma o bunu etməmişdi. Buna görə də ərizəçinin situasiyası Nəcəfli Azərbaycana qarşı işdə jurnalistin düşdüyü situasiyadan fərqli idi, belə ki, həmin jurnalist nişanını sinəsinə taxmış və jurnalist olduğunu polis əməkdaşlarına konkret olaraq söyləmişdi (bax: Nəcəfli Azərbaycana qarşı, ərizə № 2594/07, 67-ci bənd, 2 oktyabr 2012-ci il; həmçinin bax (müvafiq dəyişikliklərlə): Qzell İsveçrəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd).
100. Bundan başqa, ərizəçi iddia etdi ki, polisin dağılışmaq barədə əmrlərindən xəbərsiz olub. Məhkəmə qeyd edir ki, rayon məhkəməsi bunu sübuta yetirilmiş hesab edib ki, ərizəçi hadisə yerini tərk etmək barədə polisin əmrlərindən xəbərdar olub, amma onlara əhəmiyyət verməməyi qərara alıb (yuxarıda 37-ci bəndə bax). Ərizəçi özü rayon məhkəməsində və Avropa Məhkəməsinə təqdim etdiyi arqumentlərində etiraf etmişdi ki, əmrləri saat 20.30 radələrində eşidib (yuxarıda 24 və 37-ci bəndə bax). Bunu bu fakt da təsdiqləyir ki, ərizəçi ərazini tərk etməli olub-olmadığını müzakirə etmək üçün sonradan müdiriyyətinə zəng vurmuşdu (yuxarıda 24-cü bəndə bax). Məhkəmənin fikrincə, bu fakt göstərir ki, ərizəçi əmrin ona da aid olduğunu anlamış, yaxud ən azından bu barədə düşünmüşdü. Bundan əlavə, ərizəçi Məhkəməyə təqdim etdiyi arqumentlərində etiraf etmişdi ki, təxminən saat yarım sonra polis əməkdaşı şəxsən ona demişdi ki, dağılışsın, o isə polis əməkdaşına cavabında qalmağı qərara aldığını bildirmişdi (yuxarıda 25-ci bəndə bax). Bu etiraf polisin dağılışmaq əmrlərindən xəbərsiz olduğu barədə ərizəçinin iddiası ilə açıq-aydın ziddiyyət təşkil edir. Beləliklə, ərizəçi nə etdiyini açıq-aydın bilirdi və buna görə də polisin əmrlərindən onun xəbərsiz olduğunu qəbul etmək olmaz. Bundan başqa, polisin hərəkətləri barədə reportaj hazırlayan jurnalist olaraq, o, polisin əmrlərinə tabe olmamağın doğura biləcəyi hüquqi nəticələrdən xəbərdar olmalı idi. Buna görə də Məhkəmə yalnız bu nəticəyə gələ bilər ki, polisin verdiyi əmrlərə tabe olmamaqla ərizəçi polisin əmrinə tabe olmamağa görə həbs edilmək riskini bilərəkdən öz üzərinə götürmüşdü.
101. Məhkəmə bunu da əhəmiyyətli hesab edir ki, ərizəçi istisna olmaqla qalan jurnalistlərin hamısı polisin əmrlərinə tabe olmuşdular. Hətta onlardan sonuncusu oradakı şəxslərin dağılışmayacaqları təqdirdə həbs ediləcəkləri barədə sonuncu xəbərdarlığı eşitdikdən sonra hadisə yerini tərk etmişdi. Qalanlar arasında sonuncu olan bu jurnalistin rayon məhkəməsindəki icraatda verdiyi şahid ifadəsindən göründüyü kimi, o, sonuncu fotoşəkli saat 21.15-də çəkmiş və ərizəçinin tutulmasından cəmi 2-3 dəqiqə əvvəl hadisə yerini tərk etmişdi. Bu jurnalistlərə hər hansı məqamda hər hansı tədbir tətbiq edilməmişdi (yuxarıda 37-ci bəndə bax). Ərizəçi də mühasirə davam etdiyi müddətdə istənilən vaxt hər hansı insident olmadan hadisə yerini tərk edə və polis kordonundan bayıra keçə bilərdi. Bundan başqa, işin materiallarında belə düşünməyə əsas verən heç nə yoxdur ki, ərizəçi mühasirəyə alınmış ərazini tərk etmək barədə polisin əmrinə tabe olduğu təqdirdə sonradan polisin nümayişçilər kütləsini dağıtdığı və etirazçıları tutduğu polis kordonu daxilindəki zonanın bilavasitə yaxınlığında öz peşə vəzifəsinin yerinə yetirilməsini davam etdirə bilməyəcəkdi.
ii) Ərizəçinin həbsdə saxlanması
102. Ərizəçi 17,5 saat ərzində polis tərəfindən həbsə saxlanılmışdı. Artıq Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, ərizəçinin 12 saatdan artıq müddət ərzində həbsdə saxlanmasının qanunsuzluğu məsələsi iş üzrə Böyük Palatanın araşdırmasının əhatə dairəsi xaricindədir (yuxarıda 81-ci bəndə bax). Bundan əlavə, ərizəçi iddia edib ki, tez bir zamanda dindirilməli və azad edilməli idi.
103. Hökumət iddia etdi ki, ərizəçinin həbsdə saxlanmasının uzun sürməsi əsasən bu faktla izah olunurdu ki, o, gec saatlarda tutulmuşdu və daxili qanunvericilik saat 22-dən 7-dək dindirmə aparılmasını qadağan edirdi. Daxili qanunvericilikdə, "Cinayət istintaqı haqqında" qanunun 24-cü maddəsinin 2-ci bölməsində bu qaydadan istisnalar nəzərdə tutulmuşdu (yuxarıda 49-cu bəndə bax). Məhkəmə qeyd edir ki, işin materiallarında ərizəçinin gecə vaxtı dərhal dindirilməsini tələb etdiyini göstərən heç bir informasiya yoxdur. Hətta ərizəçinin özü də bunu tələb etdiyini iddia etməyib. Bundan əlavə, nümayişlə əlaqədar olaraq ümumilikdə 128 nəfər tutulmuş və həbsdə saxlanmışdı ki, bu fakt da ərizəçinin azadlığa buraxılmasını ləngidə bilərdi. Bununla belə, ərizəçi jurnalist statusu ilə əlaqədar olaraq birinci dindirilənlər və azad edilənlər sırasında idi: o, tutulanlar arasında yetkinlik yaşına çatmayanların buraxılmasından sonra dindirilmiş yeddinci və azad edilmiş altıncı şəxs idi (yuxarıda 32-ci bəndə bax). Bu fakt açıq-aydın göstərir ki, polis orqanları media nümayəndəsi qismində ərizəçiyə qarşı yetərincə xoş münasibət göstəriblər.
104. Məhkəmə qeyd edir ki, ərizəçinin mobil telefonunun, kamera avadanlıqlarının və yaddaş kartlarının polis tərəfindən yoxlanılıb-yoxlanılmadığı məlum deyil. Ərizəçi iddia etdi ki, onlar yoxlanılıb. Parlament ombudsmanının müavininin məruzəsinə əsasən (yuxarıda 34-cü bəndə bax), polislər tutulmuş şəxslərin mobil telefonlarındakı qeydləri yoxlamışdılar. İşin materiallarından aydın deyil ki, ərizəçinin də mobil telefonu və yaddaş kartı yoxlanılmışdı, yoxsa yox. Lakin Hökumət iddia etdi ki, polislər ərizəçinin mətbuat nümayəndəsi olduğunu bilən kimi onun kamerasına, yaddaş kartlarına və digər avadanlıqlarına dərhal jurnalist mənbələri kimi yanaşılıb və onlar müsadirə olunmayıb (yuxarıda 29-cu bəndə bax). Ərizəçi Hökumətin bu iddiasına etiraz etməyib.
105. Ərizəçi tutulduqdan sonra onun kamera avadanlıqları və yaddaş kartları ilə necə rəftar edildiyi ümumən aydın olmasa da, Məhkəmə qeyd edir ki, ərizəçi malik olduğu kamera avadanlıqlarının və ya fotomateriallarının tam halda ona qaytarılmadığını və ya dəyişikliyə məruz qaldığını iddia etməyib. Məhkəmənin fikrincə, hər hansı məqamda ərizəçinin avadanlıqlarının müsadirə edildiyini göstərən heç bir əlamət yoxdur, sadəcə olaraq ərizəçi həbsdə saxlanıldığı müddətdə adi praktikaya uyğun olaraq onları alıb bir kənara qoymuşdular. Bundan başqa, ərizəçinin çəkdiyi bütün fotoşəkilləri özündə saxlamasına icazə verilmişdi. Onun fotoşəkillərdən istifadə etməsinə hər hansı məqamda hər hansı hakimiyyət orqanı tərəfindən heç bir məhdudiyyət qoyulmamışdı.
iii) Ərizəçinin məhkum edilməsi
106. Nəhayət, ərizəçinin məhkum edilməsinə gəlincə, Məhkəmə qeyd edir ki, rayon məhkəməsi ərizəçini polisin əmrlərinə tabe olmamaqda təqsirkar hesab etmiş, amma cinayət əməli "bağışlanıla bilən" olduğuna görə ona heç bir cəza təyin etməmişdi. Bu ittiham hökmü sonradan Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanmış və həmin məhkəmə bu qərarı üçün hər hansı əlavə əsaslar gətirməmişdi. Nəhayət, Ali Məhkəmə ərizəçinin növbəti apellyasiya şikayəti vermək üçün müraciətini rədd etmişdi.
107. Məhkəmə hesab edir ki, nümayiş, xüsusən onun xarakterini nəzərə alsaq, ictimaiyyətdə qanuni maraq doğuran məsələ idi. Buna görə də media hadisə barədə məlumatları yaymaq vəzifəsini daşıyırdı, ictimaiyyət isə həmin məlumatları almaq hüququna malik idi. Bunu dövlət orqanları da etiraf etmişdilər və buna görə də medianın tələbatlarını təmin etmək üçün hazırlıq aparmışdılar. Tədbir medianın böyük diqqətini cəlb etmiş və sıx surətdə izlənilmişdi. Bununla belə, Məhkəmə qeyd edir ki, nümayiş yerində olan əlliyə yaxın jurnalist arasında ərizəçi yeganə şəxs idi ki, nümayiş kontekstində öz ifadə azadlığının pozulduğunu iddia edirdi.
108. Bundan başqa, onun jurnalist azadlığını həyata keçirməsinə hər hansı müdaxilə məhdud çərçivəli idi, belə ki, tədbiri yetərincə işıqlandırması üçün imkanlar yaradılmışdı. Məhkəmə bir daha vurğulayır ki, ərizəçiyə cinayət sanksiyası onun jurnalist fəaliyyətinə, yəni dərc etdiyi hər hansı materiala görə tətbiq edilməmişdi. Baxmayaraq ki, materialın dərc olunmasına qədərki mərhələ də Məhkəmənin 10-cu maddə üzrə apardığı araşdırmanın əhatə dairəsində düşür (bax: (bax: "Sandi Tayms" Birləşmiş Krallığa qarşı (№ 2), 26 noyabr 1991-ci il, 51-ci bənd, A seriyaları, № 217), hazırkı iş jurnalist araşdırması apardığına və ya məlumat əldə etdiyinə görə ərizəçiyə tətbiq edilmiş sanksiya ilə əlaqədar deyil (fərqli situasiya üçün bax: (Dammann İsveçrəyə qarşı, ərizə № 77551/01, 52-ci bənd, 25 aprel 2006-cı il – bu iş dövlət sirri sayılan məlumatı əldə etdiyinə görə jurnalistə cərimə tətbiq edilməsi ilə əlaqədar idi). Ərizəçinin məhkum edilməsi sadəcə polis tərəfindən iğtişaşa çevrilmiş olduğu hesab edilən nümayişin sonunda polisin əmrinə tabe olmaqdan imtina etməsi ilə əlaqədardır.
109. Rayon məhkəməsi daha sonra müəyyən etdi ki, polisin bu əmrləri verməsi üçün əsaslı səbəblər vardı (yuxarıda 37-ci bəndə bax). O hesab etdi ki, iğtişaş və ictimai təhlükəsizliyə qarşı təhlükə ilə əlaqədar olaraq kütləni dağıtmaq və insanların çıxıb getməsi barədə əmr vermək zəruri idi. Bu qanuni əmrlər yerinə yetirilmədiyinə görə polislər əmrə tabe olmayan nümayişçiləri tutmaq və həbsdə saxlamaq hüququna malik idilər. Hökumətin qeyd etdiyi kimi, ərizəçinin jurnalist olması faktı ona bu hüququ vermirdi ki, hadisə yerində qalan digər insanlarla müqayisədə onunla imtiyazlı və ya fərqli rəftar edilsin (yuxarıda 78-ci bəndə bax). Bu yanaşmanı Məhkəmənin sərəncamında olan məlumatlar da təsdiqləyir, belə ki, həmin məlumatlara əsasən, Avropa Şurasına üzv olan dövlətlərin çoxunun qanunvericiliyi nümayiş yerini tərk etmək barədə polisin əmrlərinə tabe olmayan jurnalistlərə hər hansı xüsusi status vermir (yuxarıda 57-ci bəndə bax).
110. İşin materiallarından belə məlum olur ki, müxtəlif növ hüquq pozuntularında təqsirli bilinən 86 nəfər tutulmuş şəxsin hamısı barəsində məhkəmə təqibi həyata keçirilmişdi. Ərizəçi iddia etdi ki, prokuror ona qarşı ittihamları onun üzərindən götürə bilərdi və götürməli idi, çünki o, jurnalist qismində yalnız öz işini yerinə yetirmişdi. Məhkəmənin presedent hüququna əsasən, diskresion məhkəmə təqibi prinsipi hüquq pozuntusu törətmiş hər hansı şəxsə qarşı məhkəmə təqibinə başlamaq və ya başlamamaq məsələsində dövlətlərin manevr etmələri üçün geniş imkan yaradır (bax (müvafiq dəyişikliklərlə): Stollun işi üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd). Bundan başqa, Məhkəmə bir daha bildirir ki, jurnalistlər sadəcə 10-cu maddənin onları müdafiə ilə təmin etdiyini əsas gətirərək ümumi cinayət hüququ müddəalarına riayət etmək vəzifəsindən azad edilə bilməzlər (bax: Stollun işi üzrə yuxarıda istinad edilən qərar, 102-ci bənd). Bununla belə, Məhkəmə qəbul edir ki, bəzən jurnalistlər ümumi cinayət hüququ normalarının onların üzərinə qoyduğu ümumi vəzifə ilə (jurnalistlər həmin normalara əməl etmək vəzifəsindən azad edilmirlər) məlumatları əldə etməkdən və yaymaqdan və beləliklə medianın ictimai nəzarətçi kim mühüm rolunu oynamasına imkan yaratmaqdan ibarət peşə vəzifələri arasında ziddiyyətin yarandığı durumla üzləşə bilərlər. Bu maraqlar münaqişəsi fonunda vurğulamaq lazımdır ki, məsuliyyətli jurnalistika konsepsiyası tələb edir ki, jurnalistin (eləcə də onun müdiriyyətinin) bu iki vəzifə arasında seçim etməsi tələb olunduğu halda və onun seçimi ümumi cinayət hüququ normalarına tabe olmaq vəzifəsinin əleyhinə olduğu halda həmin jurnalist dərk etməlidir ki, polis də daxil olmaqla müvafiq şəxslərin qanuni əmrlərinə tabe olmamaqla hüquqi sanksiyalara, o cümlədən cinayət xarakterli sanksiyalara məruz qalma riskini öz üzərinə götürmüş olur.
111. Rayon məhkəməsi belə bir sual qaldırdı ki, jurnalist olaraq ərizəçi polisin ona verdiyi əmrlərə tabe olmamaq hüququna malik idimi? O, işin halları baxımından bu qənaətə gəldi ki, ərizəçinin ifadə azadlığının məhdudlaşdırılmasın üçün şərtlər bu halda mövcud idi. Bu nəticəyə gələrkən rayon məhkəməsi (yuxarıda qeyd edilən) Dammanın işinə istinad edərək iddia etdi ki, ərizəçinin işi həmin işdən fərqləndirilməlidir. Polisin əmrinə tabe olmamağa görə ərizəçinin məhkum edilməsi barədə qərarı üçün rayon məhkəməsinin gətirdiyi əsaslar çox qısadır. Bununla belə, hazırkı işdə ərizəçinin ifadə azadlığına edilmiş müdaxilənin xüsusi xarakterini nəzərə alaraq (yuxarıda 108-ci bəndə bax), Məhkəmə həmin əsasların münasib və yetərli olduğunu qəbul edir. Üstəlik, rayon məhkəməsi ərizəçinin üzləşdiyi maraqlar münaqişəsini nəzərə alaraq ona hər hansı cəza təyin etməmişdi.
112. Bu kontekstdə Məhkəmə bir daha bildirir ki, təyin olunmuş cəzanın xarakteri və sərtliyi müdaxilənin mütənasibliyi qiymətləndirilərkən nəzərə alınmalı olan əlavə amillərdir (bax: Stollun işi üzrə yuxarıda istinad edilən qərar, 153-cü bənd, sonrakı istinadlarla). Hazırkı işdə rayon məhkəməsi ərizəçiyə hər hansı cəza təyin etmək fikrindən daşınmışdı, çünki onun hərəkətini "bağışlanıla bilən" hərəkət hesab etmişdi. Bu nəticəyə gələrkən o nəzərə almışdı ki, jurnalist olaraq ərizəçi bir tərəfdən polisin, digər tərəfdən isə müdirinin onun üzərinə qoyduğu vəzifələrdən irəli gələn ziddiyyətli gözləntilərlə üzləşib.
113. Bəzi hallarda şəxsin məhkum edilməsi faktı təyin olunmuş cəzanın az əhəmiyyətli xarakter daşımasından daha önəmli ola bilər (bax: Stollun işi üzrə yuxarıda istinad edilən qərar, 154-cü bənd, sonrakı istinadlarla). Lakin hazırkı işdə Məhkəmə bu fakta önəm verir ki, ərizəçinin məhkum edilməsi onun üçün heç bir mühüm mənfi nəticəyə səbəb olmayıb: heç bir sanksiya təyin olunmadığına görə məhkumluq barədə məlumat daxili qanunvericiliyə əsasən hətta onun cinayət dosyesinə də daxil edilməyib (yuxarıda 53-cü bəndə bax). Ərizəçinin məhkum edilməsi yalnız formal olaraq onun tərəfindən cinayət törədilməsinin müəyyən edilməsinə bərabər idi və etiraz aksiyalarında iştirak edən şəxslərə (bu işlə tutuşdur və müqayisə apar: Taranenko Rusiyaya qarşı, ərizə № 19554/05, 95-ci bənd, 15 may 2014-cü il), yaxud da ümumiyyətlə jurnalistlərin işinə (bu işlə tutuşdur və müqayisə apar: Kumpene və Mazere Rumıniyaya qarşı [BP], ərizə № 33348/96, 116-cı bənd, ECHR 2004‑XI), çətin ki, hər hansı "çəkindirici təsir" göstərə bilərdi. Xülasə, ərizəçinin məhkum edilməsinin qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib olduğunu söyləmək olar.
6. Ümumi nəticə
114. Yuxarıdakı bütün amilləri, habelə dövlətə verilən müəyyən qiymətləndirmə sərbəstliyini nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə dövlət hakimiyyəti orqanları qərarlarını əsaslandırmaq üçün münasib və yetərli əsaslar gətirmiş və ziddiyyətə girən maraqlar arasında ədalətli balansı gözləmişdilər. İşin materiallarından açıq-aydın belə məlum olur ki, hakimiyyət orqanları bütövlükdə nümayişə və ya ayrı-ayrı etirazçılara qarşı polislərin hərəkətlərini ictimaiyyətin nəzərlərindən gizlətməyə cəhd göstərməmiş və bunun üçün nə media nümayəndələrinin nümayişi işıqlandırmasına bilərəkdən maneçilik törəmiş, nə də bu işıqlandırmanın qarşısını almışdılar (yuxarıda 89-cu bəndin son hissələrinə bax). Həqiqətən nə nümayiş zamanı, nə də ondan sonra ərizəçinin öz vəzifəsini yerinə yetirməsinə maneə yaradılmamışdı. Buna görə də Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan mənada "demokratik cəmiyyətdə zəruri" olduğunu söyləmək olar. Məhkəmə vurğulamaq istərdi ki, onun bu nəticəyə yalnız hazırkı işin xüsusi halları əsasında gəldiyi və medianın "ictimai nəzarətçi" roluna hər hansı zərər yetirilməsinə yol verməməyin zəruri olduğu nəzərə alınmalıdır (yuxarıda 89-cu bəndə bax).
115. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməyib.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
Dörd səsə qarşı on üç səslə qərara alır ki, Konvensiyanın 10-cu maddəsi pozulmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 20 oktyabr 2015-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Lourens Erli (Lawrence Early)
Hüquq məsləhətçisi
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy