© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Pentikaynen Finlandiyaya qarşı [BP] – ərizə № 11882/10
20.10.2015 tarixli qərar [BP]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Polisin əmrlərinə tabe olmadığına görə jurnalistin tutulması və məhkum olunması: pozuntu baş verməyib
Faktlar – 2006-cı ildə ərizəçi jurnalist və fotoqraf qismində nümayişdən reportaj hazırlamağa göndərildi. Nümayiş zorakı şəkil aldığına görə polislər nümayişçilərin yürüş etməsinin qarşısını almaq qərarına gəldilər, amma hadisə yerində dinc nümayişin keçirilməsinə imkan verdilər. Sonradan polislər nümayiş ərazisini qapatdılar və nümayişçilərə dağılışmaq əmri verilər. Hadisə yerini tərk etməsinin dəfələrlə tələb edildiyinə baxmayaraq, ərizəçi nümayişçilərlə qalmağı qərara aldı. Az sonra o, xeyli sayda nümayişçi ilə birlikdə tutuldu və 17 saat ərzində həbsdə saxlanıldı. Sonradan o, polisin əmrlərinə tabe olmamağa görə təqsirkar sayıldı, amma ona cəza təyin olunmadı. Apellyasiya icraatında bu qərar qüvvədə saxlanıldı və ərizəçinin Ali Məhkəməyə sonrakı şikayəti rədd edildi.
4 fevral 2014-cü il tarixli qərarı ilə Məhkəmənin Palatası iki səsə qarşı beş səslə müəyyən etdi ki, 10-cu maddənin pozuntusu baş verməyib (171 saylı Məlumat bülleteninə bax). 2 iyun 2014-cü ildə iş ərizəçinin vəsatəti əsasında Böyük Palata göndərildi.
Hüquqi məsələlər – Maddə 10: Ərizəçinin ifadə azadlığına müdaxiləni qiymətləndirərkən Məhkəmə bir-birinə zidd olan iki marağı bir-biri ilə müqayisə etməli idi: ictimaiyyətin ümumi maraq doğuran məsələyə dair məlumat almaq marağı və polisin zorakı nümayiş kontekstində ictimai qaydanı qorumaq marağı. Bununla əlaqədar olaraq Məhkəmə hakimiyyət orqanlarının ictimai nümayişlərlə və iğtişaşların qarşısının alınması ilə bağlı hərəkətləri barədə məlumat verilməsində medianın "ictimai nəzarətçi" rolunu vurğuladı. Buna görə də nümayişlərin keçirildiyi yerdən jurnalistlərin çıxarılmasına yönələn istənilən cəhd üzərində ciddi nəzarət olmalıdır. Digər tərəfdən, 10-cu maddədə nəzərdə tutulmuş müdafiə jurnalistlər üçün bu şərtlə təmin edilir ki, onlar məsuliyyətli jurnalistika prinsiplərinə uyğun olaraq hərəkət etsinlər. Müvafiq olaraq, ifadə azadlığını həyata keçirən jurnalistlər "öhdəlik və vəzifələr" daşıyırlar, bu isə o deməkdir ki, onlar sadəcə sözügedən hüquq pozuntusunu jurnalist funksiyalarını yerinə yetirdikləri zaman törətdiklərinə görə cinayət məsuliyyətindən azad edilməli olduqlarını iddia edə bilməzlər.
Ərizəçinin tutulmasına gəlincə, işin materiallarında polisin əmrlərinin faktların məntiqli şəkildə qiymətləndirilməsinə əsaslandığını şübhə altına almaq üçün heç bir səbəb aşkar edilmədi. Üstəlik, tədbirin zorakı şəkil alması ehtimalına qarşı görülmüş qabaqlayıcı tədbirlər əsaslı idi. Bu tədbirlər təkcə "mücərrəd" şəkildə ictimai qaydanın qorunmasına yönəlməmişdi, həm də nümayişçilərin arasında və ya nümayişin yaxınlığında olan şəxslərin, o cümlədən media nümayəndələrinin və beləliklə həm də ərizəçinin özünün təhlükəsizliyinin qorunmasına yönəlmişdi. Ərizəçinin davranışına gəlincə, Məhkəmə ilk növbədə qeyd etdi ki, nümayiş zamanı onun xarici görünüşü onu etirazçılardan aydın şəkildə fərqləndirməyə imkan vermirdi, çünki o, jurnalist olduğunu göstərən hər hansı fərqləndirici geyim geyməmiş və ya digər nişan taxmamışdı. Beləliklə, tutulmasından öncə onun jurnalist olduğunu asanlıqla təyin etmək mümkün deyildi. Ərizəçi polislərin onu jurnalist kimi tanımalarını istəsəydi, özünü jurnalist kimi təqdim etmək üçün ya fərqləndirici geyim geyməklə və ya jurnalist nişanını daim yaxasında gəzdirməklə, ya da hər hansı digər uyğun vasitələrlə bu istiqamətdə açıq-aydın səylər göstərməli idi. Polisin hərəkətləri barədə reportaj hazırlayan jurnalist olaraq, o, polisin əmrlərinə tabe olmamağın doğura biləcəyi hüquqi nəticələrdən xəbərdar olmalı idi və əmrlərə tabe olmamağa görə həbs edilmək riskini bilərəkdən öz üzərinə götürmüşdü. Bundan başqa, işin materiallarında belə düşünməyə əsas verən heç nə yox idi ki, ərizəçi mühasirəyə alınmış ərazini tərk etmək barədə polisin əmrinə tabe olduğu təqdirdə sonradan polis kordonu daxilindəki zonanın bilavasitə yaxınlığında öz peşə vəzifəsinin yerinə yetirilməsini davam etdirə bilməyəcəkdi.
Ərizəçinin həbsdə saxlanmasına gəlincə, o, polis bölməsində on yeddi saat yarımlıq müddət ərzində saxlansa da, jurnalist statusu ilə əlaqədar olaraq birinci dindirilənlər və azad edilənlər sırasında idi. Bundan başqa, tutulmasından sonra onun kamera avadanlıqları və yaddaş kartları ilə necə rəftar edildiyi ümumən aydın olmasa da, belə görünür ki, hər hansı məqamda onun avadanlıqları müsadirə edilməmiş, çəkdiyi fotoşəkilləri özündə saxlamasına icazə verilmiş və onların istifadəsinə heç bir məhdudiyyət qoyulmamışdı.
Ərizəçinin məhkum edilməsinə gəlincə, o, yekun qərarla polisin əmrlərinə tabe olmamaqda təqsirkar hesab edilmiş, amma ona heç bir cəza təyin edilməmişdi. Onun jurnalist azadlığını həyata keçirməsinə hər hansı müdaxilə məhdud çərçivəli idi, belə ki, tədbiri yetərincə işıqlandırması üçün imkanlar yaradılmışdı. Məhkəmə vurğuladı ki, ərizəçiyə cinayət sanksiyası onun jurnalist fəaliyyətinə görə deyil, polis tərəfindən iğtişaşa çevrilmiş olduğu hesab edilən nümayişin sonunda polisin əmrinə tabe olmadığına görə tətbiq edilmişdi. Ərizəçinin jurnalist olması faktı ona bu hüququ vermirdi ki, hadisə yerində qalan digər insanlarla müqayisədə onunla imtiyazlı və ya fərqli rəftar edilsin. Həqiqətən, Avropa Şurasına üzv olan dövlətlərin çoxunun qanunvericiliyi nümayiş yerini tərk etmək barədə polisin əmrlərinə tabe olmayan jurnalistlərə hər hansı xüsusi status vermirdi. Bundan başqa, məsuliyyətli jurnalistika konsepsiyası tələb edirdi ki, jurnalistlər ümumi cinayət hüququ normalarının onların üzərinə qoyduğu ümumi vəzifə ilə məlumatları əldə etməkdən və yaymaqdan və beləliklə medianın ictimai nəzarətçi kim mühüm rolunu oynamasına imkan yaratmaqdan ibarət peşə vəzifələri arasında seçim etmək məcburiyyətində qaldıqları halda və bu zaman ikinci variantı seçdikləri təqdirdə dərk etməlidirlər ki, hüquqi sanksiyalara, o cümlədən cinayət xarakterli sanksiyalara məruz qalma riskini öz üzərlərinə götürmüş olurlar. Nəhayət, ərizəçinin hərəkəti "bağışlanıla bilən" hesab edildiyinə görə ona heç bir cəza təyin edilməmişdi: jurnalist olaraq, o, bir tərəfdən polisin, digər tərəfdən isə müdirinin onun üzərinə qoyduğu vəzifələrdən irəli gələn ziddiyyətli gözləntilərlə üzləşmişdi. Beləliklə, onun məhkum edilməsi yalnız formal olaraq onun tərəfindən cinayət törədilməsinin müəyyən edilməsinə bərabər idi və nümayişdə iştirak edən şəxslərə, çətin ki, hər hansı "çəkindirici təsir" göstərə bilərdi. Buna görə də, ərizəçinin məhkum edilməsinin qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib olduğunu hesab etmək olardı.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
(Həmçinin bax: Stoll İsveçrəyə qarşı [BP], ərizə № 69698/01, 10 dekabr 2007-ci il, 103 saylı Məlumat bülleteni; Beynəlxalq heyvan müdafiəçiləri təşkilatı Birləşmiş Krallığa qarşı [BP], ərizə № 48876/08, 22 aprel 2013-cü il, 162 saylı Məlumat bülleteni; və Moris Fransaya qarşı [BP], ərizə № 29369/10, 23 aprel 2015-ci il, 184 saylı Məlumat bülleteni).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy