Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 61
Fevral 2004-cü il
***
Peres (Perez) Fransaya qarşı [BP] – ərizə № 47287/99
12.2.2004 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
6-cı maddənin cinayət prosesinə qatılan mülki iddiaçıya tətbiqinin mümkünlüyü məsələsi: 6-cı maddə bu işə tətbiq edilə bilər
Faktlar: Şikayət ərizəsi ərizəçinin hücuma məruz qalması ilə əlaqədar olan cinayət işinə aid idi və ərizəçi zərərçəkmiş şəxs olaraq prosesdə mülki iddiaçı qismində iştirak edirdi. Məhkəmə qərara aldı ki, bu işdə cinayət məsuliyyətinə əsas verən hal yoxdur. Ərizəçi bu qərardan apellyasiya şikayəti verdi. İşə baxan məhkəmənin ittihamlar üzrə palatası qərara aldı ki, şikayət qəbuledilən deyil, çünki ərizəçi şikayətin verilmə müddətini ötürüb. Kassasiya Məhkəməsi ərizəçinin kassasiya şikayətini rədd etdi.
Hüquqi məsələlər: 6-cı maddənin 1-ci bəndi – Həmin bəndin bu işə tətbiqinin mümkünlüyü məsələsi: Məhkəmə cinayət prosesində iştirak edən mülki iddiaçıya 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsi ilə bağlı yeni yanaşma qəbul etdi. Əgər cinayət işində mülki iddiaçının şikayət ərizəsi kompensasiya almaq üçün qaldırılan mülki iddia ilə eyni mahiyyət kəsb edirsə, zərərçəkənin kompensasiya üçün rəsmən iddia tələbi irəli sürməməsi əhəmiyyət kəsb etmir. Fransa hüququnda 6-cı maddənin cinayət işində mülki iddiaçının şikayətlərinə tətbiqi hətta ayrıca götürülmüş halda ibtidai istintaq mərhələsinə və müvafiq hallarda həm də mülki məhkəmələrin icraatında olan iddialara və ya həmin məhkəmələrdə qaldırıla biləcək potensial iddialara da şamil oluna bilər. Cinayət işinin icraatı yalnız cinayət ittihamının müəyyənləşdirilməsi üçün həlledici əhəmiyyət daşıdığı hallarda 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü üçün həlledici amil ondan ibarətdir ki, ərizəçinin prosesə mülki iddiaçı qismində qatıldığı andan cinayət işinin icraatının yekunlaşdığı anadək həmin işin cinayət hüquqi komponenti ilə mülki hüquqi komponenti arasında bağlılıq qalırdımı? İşin icraatı həm cinayət ittihamı ilə, həm də işin mülki komponenti ilə əlaqədardırsa, 6-cı maddə birmənalı olaraq belə hallara tətbiq edilir. Lakin Konvensiya "şəxsi qisas" hüququnu və ya ictimai maraqlar naminə iddia qaldırmaq ("actio popularis") hüququnu təmin etmədiyinə görə, Konvensiyanın məqsədləri üçün cinayət əməlinə görə üçüncü şəxslərin cinayət təqibinə məruz qalması və ya məhkum edilməsi müstəqil surətdə (mülki iddia tələbindən ayrılıqda) götürülə bilməz. Bu cür hallar istisna olmaqla, cinayət prosesində mülki iddiaçının şikayətləri Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə düşür. Bundan başqa, şəxs cinayət prosesində iddiaçı qismində mülki hüquqi xarakterli tələb irəli sürmək hüququndan imtina etdikdə bu hal dəqiq (birmənalı) şəkildə müəyyən edilməlidir. Bu işdə ərizəçi cinayət işinin istintaqı zamanı prosesə mülki iddiaçı qismində qatılmış, qurbanı olduğunu iddia etdiyi cinayət nəticəsində ona dəymiş ziyanın kompensasiyasını tələb etmək hüququnu həyata keçirmiş və bu hüququndan imtina etməmişdi. Beləliklə, bu iş 6-cı maddəsinin tətbiq dairəsinə düşür.
Şikayət mahiyyəti üzrə baxıldıqdan sonra rədd edildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy