Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Perna (Perna) İtaliyaya qarşı [BP] - 48898/99
Qərar 6.5.2003 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Defamasiya işində təqsirləndirilən şəxs tərəfindən təqdim olunan sübutların qəbul edilməməsi: pozuntu yoxdur
Faktlar–Ərizəçi Giancarlo Perna İtaliyalı jurnalistdir, 1940-cı ildə Romada anadan olmuş və orada yaşayır. 1993-cü il 21 noyabr tarixində o İtaliyanın gündəlik nəşr olunan İl Giornale qəzetində həmin zaman Palermoda Prokuror olan, ədliyyə məmuru cənab Giancarlo Caselli haqqında məqalə nəşr etmişdir. Məqalə "Caselli, ağ kəkilli hakim (Caselli, il ciuffo bianco della giustizia) və alt-başlığı "Katolik məktəbi, kommunizm tərəfdarı - dostu Violante kimi..." (Scuola dai preti, militanza communista come l’amico Violante...) adlanırdı. Məqalə ilk öncə "riayət edəcəyi üç and - Tanrıya, Qanuna və Botteghe Oscure (keçmiş İtaliya Kommunist Partiyasının iqamətgahı, hal-hazırda Solçuların Demokrat Partiyası)" (un triplo giuramento di obbedienza. A Dio, alla Legge, a Botteghe Oscure) istinad edərək cənab Casellinin siyasi mübarizəsi haqqında tənqid ilə başlayır. Daha sonra müəllif cənab Casellini bütün İtaliya şəhərlərində prokurorluq qurumları üzrə idarəçiliyi ələ keçirmək planı və sübutun olmaması səbəbi ilə işi davam etdirə bilməyəcəyi haqqında tam məlumatlı olduğu halda, İtaliyanın keçmiş baş naziri cənab Giulio Andreottini, cinayət aləminə daxil olan informator (pentito) T.Buscettadan istifadə etməklə mafiya tipli təşkilata yardım etmək və cinayətdə iştirakda (appoggio esterno alla mafia) ittiham edərək onun siyasi karyerasını məhv etməyə cəhd etməkdə günahlandırırdı. 1996-cı il 10 yanvar tarixində cənab Caselli tərəfindən defamasiya şikayətindən sonra Monza Ərazi Məhkəməsi ərizəçini və qəzetin menecerini ağırlaşdırıcı hallarla defamasiyada təqsirli hesab etmişdir. Onlar müvafiq olaraq, 1 500 000 və 1 000 000 İtaliya lirası (İTL) (təxminən 775 və 515 avro) və dəymiş ziyana görə 60 000 000 İTL məbləği ödəmək (təxminən 31 000 avro), şikayətçinin xərclərini ödəmək və hökmü dərc etmək ilə cəzalandırılmışlar. Cənab Perna apellyasiya şikayəti vermişdir. Milan Apellyasiya Məhkəməsi 28 oktyabr 1997-ci il tarixində ərizəçinin əleyhinə qərar çıxarmışdır. O qeyd etmişdir ki, itaət andı ilə bağlı hissə diffamasiya xarakterlidir, çünki siyasi partiyanın təlimatlarından asılılığa işarə edir. Məqalənin qalan hissəsinə gəldikdə isə, cənab Casellinin Dövlət ədliyyə xidmətinin üzvü olaraq öz vəzifələrini yerinə yetirməsi forması ilə bağlı iddialar çox ciddi idi və heç bir sübut təqdim olunmadığı üçün, deffamasiya xarakterli hesab olunurdu. Daha sonra məhkəmə ərizəçinin məhkəmə işinə daxil etmək istədiyi sübutların nəzərə alınmasını zəruri hesab etməmişdir, çünki onun cənab Casellinin siyasi mənsubiyyəti və cənab Andreottiyə qarşı məhkəmə prosesində pentitodan istifadə etməsi ilə bağlı iddiaları defamasiya xarakteri daşımırdı və bu səbəbdən bu sübutların məhkəmə prosesi ilə heç bir əlaqəsi yox idi. Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Hüquqi məsələlər - Maddə 6 § 1 və 6 § 3 d): Məhkəmə bildirir ki, sübutların qəbul edilməsi birbaşa olaraq milli qanunvericiliklə tənzimlənməli məsələdir; onun Konvensiyaya əsasən vəzifəsi qəbul edilən sübutlar daxil olmaqla, bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etməkdir. Məhkəmə qeyd edir ki, ərizəçinin iki məqalənin təqdim olunması və cənab Casellinin məhkəmədə dindirilməsi yolu ilə əldə etmək istədiyi, məhkəmələr tərəfindən defamasiya xarakterli hesab edilməyən bəyanatların həqiqət olduğunu sübut etmək idi. Məhkəmə qeyd olunan sübutların cənab Casellinin Dövlət ədliyyə xidmətinin əməkdaşı olaraq öz vəzifələrinin yerinə yetirilməsi zamanı qərəzsizlik, müstəqillik və obyektivlik prinsiplərinə riayət etmədiyini sübuta yetirmək iqtidarında olmaması ilə bağlı milli məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Ərizəçi, öz iddialarının doğruluğunu sübuta yetirməyə cəhd göstərməmişdir; əksinə o, sübut edilməyə ehtiyac olmayan tənqidi fikirlər yazdığını iddia etmişdir. Müvafiq olaraq, sübutların əldə edilməsi yolu ilə bağlı məhkəmə prosesi ədalətsiz hesab oluna bilməz.
Nəticə: pozuntu yoxdur (yekdilliklə).
Full & Egal Universal Law Academy