© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
DÖRDÜNCÜ BÖLMƏ
PETROPAVLOVSKIS (PETROPAVLOVSKIS) LATVİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 44230/06)
QƏRAR
Strasburq
13 yanvar 2015-ci il
Qüvvəyə minmə tarixi:
01.06.2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Petropavlovskis Latviyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
hakimlər:
Pyaivi Hirvela (Päivi Hirvelä), sədr,
İneta Ziemele (Ineta Ziemele),
George Nikolau (George Nicolaou),
Ledi Bianku (Ledi Bianku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Kşiştof Voytsiçek (Krzysztof Wojtyczek),
Faris Vehaboviç (Faris Vehabović),
habelə Bölmə katibi Fransuaza Elens-Passosdan (Françoise Elens-Passos) ibarət tərkibdə Palatada iclas keçirərək,
18 noyabr və 9 dekabr 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Latviya Respublikasında "daimi yaşayan qeyri-vətəndaş" cənab Yuris Petropavlovskis (Jurijs Petropavlovskis) (“ərizəçi”) tərəfindən 10 oktyabr 2006-cı ildə Məhkəməyə təqdim edilmiş Latviya Respublikasına qarşı ərizə (№ 44230/06) əsasında başlanıb.
2. Ərizəçini Brüsseldə vəkillik fəaliyyəti ilə məşğul olan cənab A. Dimitrovs təmsil edib. Latviya Hökumətini (“Hökumət”) Latviya Respublikasının nümayəndəsi xanım İ. Reyne (I. Reine) və daha sonra xanım K. Lise (K. Līce) təmsil ediblər.
3. Ərizəçi Konvensiyanın 10, 11 və 13-cü maddələri əsasında şikayət etdi ki, ona naturalizasiya yolu ilə Latviya vətəndaşlığı verməkdən əsassız olaraq imtina edilməsi ona tətbiq edilmiş cəza tədbiri olub, çünki o, Hökumətin mövqeyini tənqid etmək üçün öz ideyalarını paylaşıb və özünün dinc toplaşmaq hüququnu həyata keçirib.
4. 3 iyun 2008-ci il tarixli qərarla Məhkəmə ərizəni qəbul olunan elan etdi və qərara aldı ki, mahiyyətinə görə (ratione materiae) bu şikayətin Məhkəmənin yurisdiksiyasına aid olmaması ilə bağlı Hökumətin etirazını işə mahiyyəti üzrə baxılması ilə eyni vaxtda araşdırsın.
5. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu qaydanın 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1955-ci ildə doğulub və Riqada yaşayır.
7. Latviya parlamenti (Seym) tərəfindən "Təhsil haqqında" qanunun qəbul edildiyi 29 oktyabr 1998-ci ilə qədər dövlət və bələdiyyə məktəblərində təhsil latış və rus dillərində aparılmaqda davam edirdi və bu, sovet dövründən miras qalmış praktika idi. 1 iyun 1999-cu ildə qüvvəyə minmiş "Təhsil haqqında" qanunda nəzərdə tutulurdu ki, Latviya Respublikasında bütün dövlət və bələdiyyə məktəblərində dərslər dövlət dilində, yəni latış dilində aparılmalıdır. Orada həmçinin nəzərdə tutulurdu ki, özəl məktəblərdə və milli azlıqlar üçün qanunla nəzərdə tutulmuş tədris proqramlarını tətbiq edən dövlət və bələdiyyə məktəblərində və digər tədris müəssisələrində dərslər fərqli dildə keçilə bilər. Milli azlıqlar üçün qanunla nəzərdə tutulmuş tədris proqramlarını tətbiq edən dövlət və bələdiyyə məktəblərinə gəlincə, dövlət dilində keçilməli olan konkret fənləri müəyyənləşdirmək Təhsil Nazirliyinin səlahiyyətinə aid idi (9-cu maddənin 1-ci və 2-ci bəndləri) və təhsil naziri müvafiq qaydaların 1 sentyabr 1999-cu ilədək Nazirlər Kabinetinə təqdim edilməsini təmin etməli idi (keçid müddəaları, 3-cü bənd). Qanunda müəyyən edilmişdi ki, hər kəs dövlət dilini öyrənməli və ibtidai və orta təhsil almaq üçün dövlət dilini yetərli səviyyədə bilmə testindən keçməli idi (9-cu maddənin 3-cü bəndi).
8. 2003-cü ildən 2004-cü ilədək ərizəçi təhsil islahatına qarşı etirazlarda aktiv iştirak etdi. O, təhsil islahatına qarşı etirazların təşviqi və müdafiəsi ilə məşğul olan "Rusiya məktəblərinin müdafiəsi qərargahı" (latış dilində "Krievu skolu aizstāvības štābs") adlı hərəkatın əsas rəhbərlərindən biri idi. O, təhsil islahatına qarşı mitinq və nümayişlərdə iştirak etdi və rusdilli icmanın rus dilində təhsil hüquqlarına və dövlət tərəfindən maliyyələşdirilən, yeganə tədris dili rus dili olan məktəblərin saxlanmasına dair ideyaları müdafiə edən ictimai çıxışlar etdi. Hökumət 2003-cü il iyunun 28-dən 2005-ci il sentyabrın 23-dək olan dövrdə həmin etirazları işıqlandırmış media materiallarını, o cümlədən Latviyanın xəbər agentliyi LETA-nın reportajlarını və "Diena" və "Lauku Avīze" gündəlik qəzetlərinin və "Novaya qazeta" (rus dilində) regional qəzetinin məqalələrini Məhkəməyə təqdim etdi. Ümumilikdə bu cür on üç xəbər reportajları və məqalələr vardı.
9. İzdihamlı mitinq və nümayişlərdən sonra 5 fevral 2004-cü ildə parlament "Təhsil haqqında" qanuna dəyişikliklər etdi. Yeni mətndə nəzərdə tutulurdu ki, 1 sentyabr 2004-cü ildən milli azlıqlar üçün tədris proqramlarını tətbiq edən bütün dövlət və bələdiyyə orta məktəbləri tədris proqramının ən azı 60%-inin dövlət dilində keçilməsini təmin etməli idilər, onuncu sinfə keçmiş şagirdlər üçün xarici dillərin tədrisi də bu sıraya daxil idi. Bu məktəblər həmçinin milli azlıqlara, onların kimliyinə və mədəniyyətinə aid tədris proqramlarının həmin azlığın dilində tədris edilməsini təmin etməli idilər (keçid müddəaları, 3-cü bənd).
10. 2003-cü ilin noyabrında ərizəçi naturalizasiya yolu ilə Latviya vətəndaşlığı almaq üçün Naturalizasiya Şurasına (Naturalizācijas Pārvalde) müraciət etdi. 1 dekabr 2003-cü ildə o, naturalizasiya imtahanından keçdi (aşağıda 29-cu bəndə bax).
11. Naturalizasiya Şurası ərizəçinin təqdim etdiyi sənədləri araşdırdı və onun "Vətəndaşlıq haqqında" qanunun 11-ci və 12-ci maddələrinin tələblərinə cavab verdiyini müəyyən edərək onun adını vətəndaşlıq üçün müraciət etmiş namizədlərin siyahısına daxil etdi. Həmin siyahı vətəndaşlıq verilməsi barədə qərar layihəsinə əlavə olundu və yekun qərar üçün Nazirlər Kabinetinə (Ministru kabinets) göndərildi.
12. 16 noyabr 2004-cü ildə Nazirlər Kabineti ərizəçinin adının siyahıdan çıxarılmasını qərara aldı və beləliklə onun naturalizasiya barədə ərizəsini rədd etdi.
13. 30 noyabr 2004-cü ildə Naturalizasiya Şurası Nazirlər Kabinetinin qərarı barədə ərizəçiyə məlumat verdi.
14. 7 dekabr 2004-cü ildə ərizəçi Nazirlər Kabinetinə qarşı inzibati icraata başladı. O, Rayon inzibati məhkəməsindən (Administratīvā rajona tiesa) xahiş etdi ki, "Nazirlər Kabinetinin üzərinə onu Latviya vətəndaşlığına qəbul etmək barədə qərar çıxarmaq vəzifəsini qoysun". Ərizəçi bildirdi ki, Latviya vətəndaşlığına qəbul barədə qərar inzibati akt idi və siyasi qərar sayıla bilməzdi. O həmçinin belə hesab etdi ki, şəxs "Vətəndaşlıq haqqında" qanunun bütün tələblərinə riayət edibsə və ona həmin qanunda göstərilən hər hansı məhdudiyyət tətbiq edilə bilməzsə, o, loyallıq öhdəliyini yerinə yetirmiş sayılır. O hesab etdi ki, ona vətəndaşlıq verməkdən imtina edilməsi qanunsuzdur; bərabər rəftar prinsipinə əsasən onun baxışları imtina üçün əsas təşkil edə bilməz. O bildirdi ki, "Birləşmiş Latviyada insan hüquqları uğrunda" ("Par cilvēka tiesībām vienotā Latvijā" – qısa adı PCTVL) adlı siyasi partiyanın fəaliyyətində iştirakına və ictimai çıxışlarına görə adı siyahıdan çıxarılıb. PCTVL Riqa meri vəzifəsinə onun namizədliyini irəli sürmüşdü, amma imtina qərarı onu yerli bələdiyyə seçkilərində namizəd qismində iştirak hüququndan məhrum edib və siyasi motivlərdən qaynaqlanıb.
15. 10 dekabr 2004-cü ildə ərizəçi "Lauku Avīze" gündəlik qəzetindən olan jurnalistə müsahibə verdi. Məlumata əsasən, ölkədxaili və beynəlxalq məhkəmələrdə işi udacağına ümid edib-etmədiyi barədə suala onun cavabı aşağıdakı kimi oldu:
"Əgər mən siyasi hakimiyyət əldə etmək istəsəydim, xeyli müddət bundan əvvəl naturalizasiya olunar və [parlamentə] seçilərdim. Latviya məhkəməsində işi udmaq şansı əlli-əlliyə ola bilər. Amma mənim buna ehtiyacım yoxdur. Açıq desəm, bizim geniş beynəlxalq qalmaqala ehtiyacımız var. Mənim vətəndaşlıq işimin vasitəsilə biz buna nail olduq və bundan əlavə, PCTVL üçün pulsuz geniş ictimai təşviqat kampaniyası qazandıq".
16. Rayon inzibati məhkəməsinə təqdim etdiyi 5 yanvar 2005-ci il tarixli qeydlərində Nazirlər Kabineti vurğuladı ki, ədliyyə naziri diqqəti "Vətəndaşlıq haqqında" qanunun o müddəalarına cəlb edib ki, orada Latviya vətəndaşlığı üçün müraciət edərkən namizədin Latviya Respublikasına sədaqətini təkcə vəd vasitəsilə deyil, həm də hərəkətləri ilə nümayiş etdirməli olması nəzərdə tutulur, ərizəçinin hərəkətləri isə Latviya Respublikasına sədaqət andı ilə bir araya sığmır. Sərəncamında olan informasiyaları araşdırdıqdan sonra Nazirlər Kabineti qərara aldı ki, ərizəçi həmin dövrdəki hərəkətləri ilə Latviya Respublikasına loyallıq nümayiş etdirməyib.
17. Rayon inzibati məhkəməsinə təqdim etdiyi 17 noyabr 2005-ci il tarixli əlavə qeydlərində Nazirlər Kabineti digər məsələlərlə yanaşı iddia etdi ki, onun siyasi qərarı ərizəçinin hərəkətlərinə əsaslanıb; aydın məsələ idi ki, o, həqiqi sədaqət andı içə bilməzdi. Bu onun ictimai çıxışlarından görünürdü, onlar göstərirdi ki, onun Latviya Respublikası ilə həqiqi bağlılığı yoxdur, belə bağlılığı yaratmaq istəyində deyil və Latviya Respublikasına ziyan vurmağa yönələn siyasi təşviqat kampaniyasının tərkib hissəsi qismində vətəndaşlıq üçün müraciət edib. Nazirlər Kabineti onun 10 dekabr 2004-cü ildə müsahibə verdiyi zaman söylədiklərindən sitatlar gətirdi (yuxarıda 15-ci bəndə bax). O, "özünü müdafiə etməyə qadir olan demokratiya" prinsipinə istinadən iddia etdi ki, milli təhlükəsizlik, digər şəxslərin müdafiəsi və dövlət dili dövlət tərəfindən müdafiə edilməli olan demokratik dəyərlərdir. Ərizəçinin ictimai çıxışları onu üzə çıxarırdı ki, onun hərəkətləri ölkədə vəziyyətin sabitliyini pozmağa yönəlib və onun vətəndaş olmaq istəyində məqsəd buna nail olmaqdır. Onun çıxışları və hərəkətləri göstərirdi ki, o, milli təhlükəsizliyə qarşı real təhlükə yaradır: i) ərizəçi fəaliyyətləri ictimai qaydanı və təhlükəsizliyi pozmağa yönələn təşkilatın rəhbəri idi;[1] ii) təşkilatın fəaliyyətləri zorakılıqdan istifadənin mümkünlüyünə dəlalət edirdi;[2] iii) ərizəçinin çıxışları göstərirdi ki, o, zorakılıqdan istifadə etməyə hazırdır;[3] iv) ərizəçinin hərəkətləri təşkilatın fəaliyyətlərinin qanuniliyinə dövlət orqanları tərəfindən qanuni nəzarətin həyata keçirilməsinə onun imkan vermək istəyində olmadığını nümayiş etdirirdi;[4] və v) ərizəçinin əsil məqsədi Latviya vətəndaşlığı almaq deyil, siyasi qalmaqala rəvac verməyə yönələn mütəşəkkil kampaniya keçirmək idi.[5]
18. 16 dekabr 2005-ci ildə Rayon inzibati məhkəməsi işə mahiyyəti üzrə baxmadan icraata xitam verməyi qərara aldı. Məhkəmə bu nəticəyə gəldi ki, Nazirlər Kabinetinin Latviya vətəndaşlığına qəbulla bağlı qərarı (lēmums par personas uzņemšanu Latvijas pilsonībā) "siyasi qərardır" (aşağıda 33-cü bəndə bax) və buna görə məhkəmə baxışının predmeti ola bilməz. Ərizəçi apellyasiya şikayəti verərək digər məsələlərlə yanaşı bildirdi ki, "Vətəndaşlıq haqqında" qanundan siyasi silah kimi istifadə etmək olmaz və məhkəmə belə qərarları araşdırmaq üçün tam səlahiyyətə malikdir.
19. 13 fevral 2006-cı ildə Regional inzibati məhkəmə (Administratīvā apgabaltiesa) Rayon inzibati məhkəməsinin qərarını qüvvədə saxladı və o da hesab etdi ki, Nazirlər Kabinetinin qərarı siyasi qərardır. Ərizəçi qərardan şikayət verərək digər məsələlərlə yanaşı bildirdi ki, vətəndaşlıq verilməsindən siyasi silah kimi istifadə etmək olmaz və məhkəmə belə qərarları araşdırmaq üçün tam səlahiyyətə malikdir.
20. 11 aprel 2006-cı ildə Ali Məhkəmə Senatının inzibati departamenti (Augstākās tiesas Senāta Administratīvo lietu departaments) Regional inzibati məhkəmənin qərarının qüvvədə saxladı. Bu məhkəmə müəyyən etdi ki, "Vətəndaşlıq haqqında" qanuna əsasən, Naturalizasiya Şurası hüquqi faktların müəyyən edilməsi ilə bağlı qərar layihəsi hazırlamalı idi. Yekun qərar isə Nazirlər Kabineti tərəfindən çıxarılmalı idi. Nazirlər Kabineti öz qərarını Naturalizasiya Şurasının hazırladığı qərar layihəsi əsasında səsvermə yolu ilə çıxarmışdı. Nazirlər Kabineti üzvlərinin öz səslərini əsaslandırmaları tələb olunmurdu və bu məsələ ilə bağlı qərar qəbulu prosesinin detalları Qanunda nəzərdə tutulmamışdı. Məhkəmə digər məsələlərlə yanaşı bildirdi ki:
"[8.3]. ... Nazirlər Kabineti naturalizasiya meyarlarına cavab vermələri Naturalizasiya Şurası tərəfindən təsdiqlənmiş şəxslərə vətəndaşlıq vermək və ya verməkdən imtina etmək məsələsində qeyri-məhdud səlahiyyətə malikdir. Naturalizasiya Şurasının qərarına aid təfsilatlı qaydalarla tam ziddiyyət (krasi kontrastē) təşkil edən bu qeyri-məhdud hərəkət sərbəstliyi təsdiq edir ki, belə halda Nazirlər Kabineti inzibati funksiyanı deyil, konstitusion funksiyanı yerinə yetirir. Beləliklə, Nazirlər Kabineti inzibati prosesin məqsədləri üçün ümumi hüquq sahəsinə aid orqan sayıla bilməz. Buna görə də, sözügedən qərarın inzibat akt üçün irəli sürülən bütün meyarlara cavab verdiyi barədə əlavə şikayətdə qeyd edilmiş arqument əsassızdır.
Yuxarıdakılar nəzərə alınaraq, barəsində şikayət edilən qərarın inzibati akt deyil, siyasi qərar hesab edilməli olduğu barədə [Regional inzibati məhkəmənin] gəldiyi nəticə düzgündür. ...
[10]. İnzibati departamentin rəyinə görə, şəxs naturalizasiyanın bütün tələblərinə cavab verirsə və naturalizasiyaya heç bir məhdudiyyət tətbiq edilmirsə, vətəndaşlıq almaqla bağlı yalnız qərar layihəsi qəbul etməkdən ibarət subyektiv hüquq mövcud olur ki, həmin qərar layihəsi Nazirlər Kabineti tərəfindən araşdırılmalıdır.
[11]. Qanunvericilikdə Nazirlər Kabinetinin qərarından şikayət vermə prosedurunun nəzərdə tutulmaması faktı o demək deyil ki, "İnzibati prosessual qanun"a uyğun olaraq belə qərardan inzibati akt qismində şikayət verilə bilər. Latviyada müvafiq qərardan şikayət verməyin mümkünsüzlüyünü hüquqi aktda dəqiq şəkildə göstərmək kimi oturuşmuş praktika yoxdur...
[12]. ... İnzibati departamentin rəyinə görə, Latviya qanunları naturalizasiya məsələləri üzrə çıxarılmış qərarlar üzərində nəzarətin (kontrolēt) mümkünlüyünü nəzərdə tutur. Yəni, Naturalizasiya Şurasının qəbul etdiyi qərarlardan (inzibati aktlardan) "İnzibati prosessual qanun"a uyğun olaraq məhkəməyə şikayət edilə bilər, amma Nazirlər Kabinetinin qərarı və ya onun bir hissəsi qanuna zidd olarsa, "Prokurorluq haqqında" qanunun 19-cu maddəsinə uyğun olaraq prokuror işə nəzarət qaydasında baxılması üçün vəsatət (protests) verə bilər. Buna görə də, [ərizəçinin] Naturalizasiya haqqında Avropa Konvensiyasının [12-ci maddəsinə] istinad etməsi əsassızdır".
21. Ərizəçi indiyədək naturalizasiya yolu ilə Latviya vətəndaşlığı almaq üçün təkrar müraciət etməyib.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Konstitusiya (Satversme)
22. Konstitusiyanın 4-cü maddəsinə əsasən, Latviya Respublikasında dövlət dili latış dilidir.
23. Konstitusiyanın 100-cü maddəsinə əsasən, hər kəs ifadə azadlığı hüququna malikdir, bu hüquqa məlumatları sərbəst surətdə almaq, saxlamaq və yaymaq və öz baxışlarını ifadə etmək hüququ daxildir. Senzura qadağandır.
24. Konstitusiyanın 102-ci maddəsinə əsasən, hər kəs birliklər, siyasi partiyalar və digər ictimai təşkilatlar yaratmaq və onlara daxil olmaq hüququna malikdir.
25. Konstitusiyanın 103-cü maddəsinə əsasən, dövlət öncədən elan edilmiş dinc toplantıların, küçə yürüşlərinin və nümayişlərin mühafizəsini həyata keçirir.
26. 116-cı maddəyə əsasən, digər maddələrlə yanaşı, 100, 102 və 103-cü maddələrdə şəxslərin təsbit olunmuş hüquqları qanunla nəzərdə tutulmuş hallarda digər insanların hüquqlarının, dövlətin demokratik quruluşunun, ictimai təhlükəsizliyin, rifahın və mənəviyyatın müdafiəsi üçün məhdudlaşdırıla bilər. Bu maddədə təsbit olunmuş şərtlər əsasında məhdudiyyətlər dini əqidələrin ifadə edilməsinə də tətbiq edilə bilər.
B. "Vətəndaşlıq haqqında" qanunun (Pilsonības likums) həmin dövrdə qüvvədə olan müddəaları
27. "Vətəndaşlıq haqqında" qanunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulurdu ki, Latviya vətəndaşlığı (noturīga tiesiska saikne) şəxslə Latviya dövləti (Latvijas valsts) arasında daimi hüquqi bağlılıqdır. Ümumiyyətlə, vətəndaşlıq və immiqrasiya haqqında Latviya qanunvericiliyi insanların bir neçə kateqoriyasını fərqləndirirdi və onların hər birinin müəyyən statusu vardı. Slivenko Latviyaya qarşı ([BP], ərizə № 48321/99, 50-53-cü bəndlər, ECHR 2003-X) və Sısoyeva və başqaları Latviyaya qarşı ((ərizənin siyahıdan çıxarılması) [BP], ərizə № 60654/00, 46-47-ci bəndlər, ECHR 2007-I) işlərdə həmin kateqoriyaların icmalı verilib.
28. 11-ci maddədə naturalizasiyaya qoyulan məhdudiyyətlər sadalanırdı. Orada digər məsələlərlə yanaşı nəzərdə tutulurdu ki, qeyri-konstitusion yollarla Latviya Respublikasının müstəqilliyinə, dövlətin demokratik parlament quruluşuna və ya Latviyadakı mövcud hakimiyyətə qarşı hərəkət etmiş şəxslər, əgər bu hallar məhkəmə tərəfindən müəyyən edilərsə, vətəndaşlığa qəbul edilə bilməzlər.
29. 12-ci maddədə aşağıdakılar nəzərdə tutulurdu:
"1. Yalnız əhalinin reyestrində qeydiyyata alınmış şəxslər aşağıdakı hallarda naturalizasiya yolu ilə Latviya vətəndaşlığına qəbul edilə bilərlər:
1) naturalizasiya üçün ərizə təqdim edildiyi tarixədək Latviyada 4 may 19990-cı ildən hesablanmaqla azı beş il daimi yaşayış yerinə malik olduqda (1 iyul 1992-ci ildən sonra Latviyaya gəlmiş şəxslər üçün beş illik müddət daimi yaşayış icazəsi alındığı andan hesablanır);
2) latış dilini bildikdə [prast];
3) Latviya Respublikası Konstitusiyasının və "İnsanların və vətəndaşların hüquq və vəzifələri haqqında" [10 dekabr 1991-ci il tarixli] konstitusiya qanununun əsas prinsiplərini bildikdə [zināt];
4) dövlət himninin mətnini və Latviya tarixini bildikdə;
5) qanuni gəlir mənbəyinə malik olduqda;
6) Latviya Respublikasına sədaqət andı içdikdə;
7) keçmiş vətəndaşlıqlarından imtina etdikləri barədə bildiriş təqdim etdikdə və öncə vətəndaşı olduqları dövlətin vətəndaşlığından çıxmaları barədə həmin dövlətdən icazə aldıqda (əgər belə icazənin alınması həmin dövlətin qanunvericiliyində nəzərdə tutulubsa), yaxud vətəndaşlığın itirildiyini təsdiq edən sənəd aldıqda, yaxud da 4 may 19990-cı ilədək daimi yaşayış yeri Latviyada olan keçmiş SSRİ vətəndaşıdırlarsa, başqa dövlətin vətəndaşlığını əldə etmədikləri barədə arayış aldıqda; və
8) bu qanunun 11-ci maddəsində göstərilən naturalizasiya məhdudiyyətləri onlara şamil olunmadıqda.
2. Yalnız bu maddənin birinci bəndində göstərilən tələblərə cavab verən şəxslərə naturalizasiya yolu ilə Latviya vətəndaşlığı verilə bilər. ...
6. Vətəndaşlıq məsələlərinə dair ərizələri rədd edilmiş şəxslər əvvəlki qərarın qəbulundan bir il sonra ərizələrini yenidən təqdim edə bilərlər".
30. 17-ci maddənin 1-ci bəndində nəzərdə tutulurdu ki, Naturalizasiya Şurası naturalizasiya üçün ərizələri qəbul edir və araşdırır. Naturalizasiya xahişini rədd etmiş Naturalizasiya Şurasının qərarından məhkəməyə şikayət edilə bilər (17-ci maddənin 3-cü bəndi). Vətəndaşlığa qəbul ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən qəbul olunur (17-ci maddənin 2-ci bəndi).
31. Həmin dövrdə (1 oktyabr 2003-cü ildən qüvvəyə minmiş qanunvericilik dəyişikliklərinə qədər) qüvvədə olan 18-ci maddəyə əsasən, Latviya vətəndaşlığına qəbul edilmiş bütün şəxslər Latviya Respublikasına sədaqət barəsindəki aşağıdakı andı imzalamalı idilər:
"Mən, ___-də (doğum yeri və tarixi) doğulmuş ___ (ad, soyad), and içirəm ki, yalnız Latviya Respublikasına sadiq olacağam.
Mən Latviya Respublikasının Konstitusiyasına və qanunlarına vicdanla əməl etməyi və onların müdafiəsi üçün var qüvvəmi sərf etməyi öhdəmə götürürəm.
Mən, həyatım bahasına olsa belə, Latviya dövlətinin (Latvijas valsts) müstəqilliyini qorumağı və Latviya dövlətinin və xalqının rifahını artırmaq üçün vicdanla yaşamağı və işləməyi öhdəmə götürürəm".
32. 1 oktyabr 2013-cü ildə "Vətəndaşlıq haqqında" qanuna edilmiş bir neçə dəyişiklik qüvvəyə mindi; onlar yuxarıda qeyd edilən bütün müddəalarda dəyişiklikləri özündə ehtiva edirdi.
C. "İnzibati prosessual qanun" (Administratīvā procesa likums)
33. "İnzibati prosessual qanun"un 1-ci maddəsinin 3-cü bəndinin (1 fevral 2004-cü ildən 30 noyabr 2006-cı ilədək qüvvədə olmuş) mətninə əsasən, ümumi hüquq sahəsinə aid olan orqan (iestāde) tərəfindən kənar şəxs (və ya şəxslər) barəsində qəbul edilən, konkret hüquq münasibətlərini (tiesiskās attiecības) yaradan, dəyişdirən, müəyyən edən və ya xətm edən, yaxud mövcud vəziyyəti təsbit edən inzibati akt hüquqi sənəddir. Vəzifəli şəxsin (amatpersona) və ya xüsusi olaraq həmin orqanın tabeliyində olan şəxsin (īpaši pakļauta persona) hüquqi statusunun müəyyən edilməsi, dəyişdirilməsi və ya xətm olunması, yaxud ona intizam cəzası verilməsi ilə bağlı qərarlar, habelə vəzifəli şəxsin və ya xüsusi olaraq həmin orqanın tabeliyində olan şəxsin insan hüquqlarına müdaxilə təşkil edən digər qərarlar da inzibati aktlardır. Ümumi hüquq sahəsinə aid olan orqanın xüsusi hüquq sahəsinə aid qərarı və ya digər formada hərəkəti, habelə yalnız həmin orqana, yaxud onun tabeliyində olan struktura (padota institūcija) və ya xüsusi olaraq həmin orqanın tabeliyində olan şəxsə aid olan daxili qərarı inzibati akt deyil; həmçinin Seym, Prezident, Nazirlər Kabineti və ya yerli özünüidarə şuraları (rayon və dairə şuraları) tərəfindən qəbul edilmiş siyasi qərarlar, habelə cinayət prosesi ilə əlaqədar qərarlar və məhkəmə qərardadları da inzibati akt deyil.
D. Nazirlər Kabinetinin 34 (1999) saylı qərarı: "Naturalizasiya ərizələrinin qəbulu və onlara baxılması"
34. Nazirlər Kabinetinin "Naturalizasiya ərizələrinin qəbulu və onlara baxılması" (Naturalizācijas iesniegumu pieņemšanas un izskatīšanas kārtība) adlı 34 (1999) saylı qərarının 5 fevral 1999-cu ildən 9 iyul 2011-ci ilədək qüvvədə olmuş mətnində naturalizasiya xahişinin Naturalizasiya Şurasının rəhbəri tərəfindən rədd edilməsi barədə qərarın qəbulu üçün müəyyən əsaslar öz əksini tapıb. Məsələn, şəxsin bilərəkdən yalan məlumat verməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildikdə (32.1-ci bənd), yaxud ərizə araşdırıldıqdan sonra naturalizasiya üçün qanuni əsasın olmadığı və ya həmin əsasın mövcudluğunun başa çatdığı aşkar edildikdə (32.2-ci bənd) bu cür qərar qəbul edilməlidir.
35. Şəxs naturalizasiya olunmalıdırsa, Naturalizasiya Şurasının vəzifəli şəxsi həmin şəxsin naturalizasiya işinin materiallarındakı sənədləri nəzərə alaraq, naturalizasiya yolu ilə Latviya vətəndaşlığının verilməsi barədə Nazirlər Kabinetinin qərarının layihəsini hazırlayır (33-cü bənd). Naturalizasiya Şurası Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar barədə həmin şəxsi məlumatlandırır (34-cü bənd).
E. Konstitusiya Məhkəməsinin presedent hüququ
36. 13 may 2010-cu ildə Konstitusiya Məhkəməsi (Satversmes tiesa) 2009-94-01 saylı iş üzrə qərarını qəbul etdi, qərar "Vətəndaşlıq haqqında" qanunun keçid müddəalarının 1-ci bəndinin birinci cümləsinin müəyyən sözlərinin və ikinci cümləsinin Konstitusiyanın 1-ci və 2-ci maddələrinə, habelə "Latviya Respublikasının müstəqilliyinin bərpası haqqında" 4 may 1990-cı il bəyannaməsinin preambulasına uyğunluğu barədə idi. Bu iş Konstitusiya Məhkəməsinə Ali Məhkəmə Senatının inzibati işlər üzrə bölməsi (Augstākās tiesas Senāta Administratīvo lietu departaments) tərəfindən göndərilmişdi və sorğu ondan ibarət idi ki, qanunda əks olunmuş ikili vətəndaşlıq şərti Latviyanın dövlət varisliyi doktrinasına uyğundurmu? Konstitusiya Məhkəməsi müəyyən etdi ki, bu məsələnin hüquqi tənzimi Konstitusiyaya və Bəyannaməyə uyğundur. Onun qərarının müvafiq hissələrində deyilirdi (istinadlar buraxılıb):
"16. Ərizəçi iddia etdi ki, vətəndaşlığa insan hüquqlarından biri kimi baxılmalıdır və etiraz edilən müddəalar Konstitusiyanın 1-ci maddəsindən irəli gələn mütənasiblik və hüquqi müəyyənlik prinsiplərinə ziddir.
16.1. Konstitusiya Məhkəməsi öz presedent hüququnda təsdiq edib ki, Konstitusiyanın 1-ci maddəsində təsbit olunmuş demokratik respublika konsepsiyasından belə nəticə çıxır ki, dövlət qanunla idarə olunan dövlətin (tiesiska valsts) bir sıra təməl prinsiplərinə, o cümlədən mütənasiblik və hüquqi müəyyənlik prinsiplərinə riayət etmək öhdəliyini daşıyır. ...
Vətəndaşlığın tənzimlənməsi sahəsində dövlət geniş qiymətləndirmə sərbəstliyinə malikdir. ... Lakin bu qiymətləndirmə sərbəstliyinin hüdudları qeyri-məhdud sayıla bilməz. [Dövlətin] varisliyi doktrinası çərçivəsində qanunverici orqan işğal dövründə Latviya vətəndaşlığını qoruyub saxlamış heç bir şəxsin vətəndaşlar toplumundan xaric edilməməsini, habelə vətəndaşlığın bərpası üçün müəyyən edilmiş tələblərin mütənasibliyini təmin etmək öhdəliyini daşıyır.
Beləliklə, Konstitusiya Məhkəməsi onu qiymətləndirməlidir ki, 27 noyabr 1991-ci il tarixli qərar vasitəsilə ikili vətəndaşlıq əldə etmənin mümkünlüyü barədə insanlarda əminlik formalaşdırmaqla qanunverici orqan vətəndaşlığı tənzimləmək səlahiyyətinin hüdudlarını aşmışdımı? Bu o deməkdir ki, Konstitusiya Məhkəməsi etiraz edilən müddəaların şəxsin konkret dövlətin vətəndaşlığını əldə etmək hüququnu pozub-pozmadığını yoxlamalıdır.
16.2. Ərizədə [göstərilmişdir] ki, vətəndaşlıq və ya şəxsin dövlət ilə bağlılığı insan hüquqlarından biridir, belə ki, o, "İnsan hüquqları haqqında [ümumi] bəyannamə"nin 15-ci maddəsinə və sonradan Konstitusiyanın 89-cu maddəsinə daxil edilib. Ərizədə deyilir ki, şəxsin Latviya vətəndaşı kimi qeydiyyata alınmaqla digər dövlətin vətəndaşlığından imtina etməsi üçün müddət müəyyən edilməsi onun vətəndaşlıqdan məhrum edilməsinə və hətta konkret əlamətləri ilə identifikasiya olunan şəxslərin vətəndaşlıqdan kütləvi surətdə və ya qrup halında məhrum olunmasına bərabərdir.
Konstitusiya Məhkəməsi qeyd edir ki, "İnsan hüquqları haqqında bəyannamə" insan hüquqlarına aid mötəbər mənbədir və onun müddəalarının məzmunu zaman keçdikcə təkmilləşdirilib və beynəlxalq hüququn prinsip və adətlərinin formalaşması üçün əsas rolunu oynayıb. Lakin Konstitusiyanın 89-cu maddəsinə uyğun olaraq dövlət üçün məcburi qüvvəyə malik olan "İnsan hüquqları haqqında bəyannamə"nin 15-ci maddəsinin tətbiq dairəsini dəqiq müəyyən etmək üçün əlavə qiymətləndirməyə ehtiyac var.
"İnsan hüquqları haqqında bəyannamə"nin 15-ci maddəsində nəzərdə tutulur ki, hər kəs vətəndaşlıq hüququna malikdir. Lakin həmin maddə şəxsə müəyyən bir dövlətin vətəndaşı olmaq hüququnu vermir. Hətta zaman keçdikcə həmin maddənin məzmunu dəyişsə belə və beynəlxalq hüququn inkişafı vətəndaşlıq məsələlərində dövlətlərin diskresion səlahiyyətinə öz təsirini göstərsə belə, onun məzmunu hələ də məhdud olaraq qalır.
Hüquqi rəydə [qeyd edilib] ki, vətəndaşlıq təbii və ya ayrılmaz hüquq deyil, çünki o, mahiyyətcə suveren dövlətin mövcudluğundan doğur. ...
Hazırda "İnsan hüquqları haqqında bəyannamə"nin 15-ci maddəsində üç əsas element yer alır: vətəndaşlıq hüququ və ya vətəndaşsızlığın qarşısının alınması; şəxsin qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilməsinin qadağan olunması (kütləvi məhrumetmə halları da daxil olmaqla); və şəxsin öz vətəndaşlığını dəyişmək hüququ. Siyasi mülahizələrə və ya ayrı-seçkilik xarakterli digər mülahizələrə görə vətəndaşlıqdan məhrum edilmə vətəndaşlıqdan qanunsuz məhrum edilmə sayılmalıdır. ... Həmçinin vətəndaşsızlıq halının yaranması ilə nəticələnən vətəndaşlıqdan məhrum edilmə də qanunsuz sayılmalıdır. ... Ayrı-seçkiliyə qoyulan qadağanın şərhi geniş çərçivəli olmamalıdır; məsələn, dili yetərincə bilmək tələbi ayrı-seçkilik xarakterli hesab olunmur. Bundan əlavə, aşağıdakı iki məsələdə konsensus müəyyən etmək olar: onlardan birincisi gender bərabərliyi məsələsidir, bu o deməkdir ki, nikaha girmə hallarında vətəndaşsızlıq vəziyyətinin sayı azalmış olur; özünü daha qəti şəkildə büruzə verən ikinci məsələ isə dövlətin öz ərazisində doğulmuş olan və vətəndaşlıq verilməyəcəyi təqdirdə vətəndaşlığı olmayan şəxsə çevriləcək hər bir uşağa vətəndaşlıq vermək öhdəliyidir...".
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ PRAKTİKA
A. Daimi Beynəlxalq Ədalət Məhkəməsinin presedent hüququ
37. Tunis və Mərakeşdə qəbul edilmiş vətəndaşlıq fərmanlarına aid iş üzrə məsləhət rəyində (7 fevral 1923-cü il) Daimi Beynəlxalq Ədalət Məhkəməsi aşağıdakı nəticəyə gəldi:
"Görünür, “yalnız bir dövlətin səlahiyyəti daxilində” sözləri daha çox elə müəyyən məsələləri nəzərdə tutur ki, onlar birdən artıq dövlətin maraqları ilə sıx əlaqəli olsalar da, prinsipcə beynəlxalq hüquqla tənzimlənmirlər. Belə məsələlərdə yeganə hakim hər bir dövlətin özüdür.
Müəyyən məsələnin yalnız bir dövlətin səlahiyyəti daxilində olub-olmaması barədə sual mahiyyətcə nisbi sualdır; o, beynəlxalq münasibətlərin inkişafından asılıdır. Belə ki, beynəlxalq hüququn hazırkı durumunda vətəndaşlıq məsələləri, Məhkəmənin rəyinə görə, prinsipcə məhdud sahəyə aid olan bir məsələdir.
Hazırkı rəyin məqsədləri üçün bunu qeyd etmək kifayətdir ki, vətəndaşlıq kimi məsələ prinsipcə beynəlxalq hüquqla tənzimlənməyə bilər, amma bununla belə, dövlətin öz diskresion səlahiyyətindən istifadə etmək hüququ onun digər dövlətlərə münasibətdə üzərinə götürdüyü öhdəliklər vasitəsilə məhdudlaşdırılır".
B. Beynəlxalq Ədalət Məhkəməsinin presedent hüququ
38. Nottebomun işində (Lixtenşteyn Qvatemalaya qarşı, 6 aprel 1955-ci il tarixli qərar) Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) aşağıdakı nəticəyə gəldi:
"Vətəndaşlıq əldə etmək qaydalarını öz qanunvericiliyi ilə tənzimləmək və həmin qanunvericiliyə uyğun olaraq öz orqanları vasitəsilə naturalizasiya yolu ilə vətəndaşlıq vermək hər bir suveren dövlət kimi Lixtenşteynin səlahiyyətində olan məsələdir. Onun bu sahədə qərar qəbul etmək azadlığına beynəlxalq hüquqda hər hansı məhdudiyyətlərin tətbiq edilib-edilmədiyini müəyyənləşdirməyə ehtiyac yoxdur. Bundan başqa, vətəndaşlıq bir çox insanlar üçün birbaşa və uzunmüddətli nəticələr doğurur, o yalnız vətəndaşlığı verən dövlətin hüquq sistemi çərçivəsində qüvvədə olur. Vətəndaşlıq hər şeydən əvvəl onu müəyyənləşdirməyə xidmət edir ki, onun verildiyi şəxs sözügedən dövlətin qanunlarının həmin dövlətin vətəndaşlarına verdiyi hüquqlara malikdirmi və öhdəlikləri daşıyırmı? Bu, geniş mənada o deməkdir ki, vətəndaşlıq dövlətin səlahiyyəti daxilində olan məsələdir. ...
Dövlətlərin praktikasına, arbitraj və məhkəmə qərarlarına və mütəxəssislərin rəylərinə əsasən, vətəndaşlıq elə bir hüquqi bağlılıqdır ki, onun əsasını sosial bağlılıq faktı, habelə mövcudluq, maraqlar və hisslər arasında həqiqi əlaqənin olması, eləcə də hüquq və vəzifələrin mövcudluğu təşkil edir. Belə demək olar ki, vətəndaşlıq bu faktın hüquqi ifadəsini özündə əks etdirir ki, ya birbaşa qanunla, ya da dövlət orqanlarının aktı vasitəsilə onun verildiyi şəxs faktiki olaraq hər hansı digər dövlətin əhalisinə nisbətən vətəndaşlığı verən dövlətin əhalisi ilə daha sıx bağlı olur. Dövlət tərəfindən verilən vətəndaşlıq şəxsə yalnız bu hüququ verir ki, dövlət digər dövlət qarşısında onun müdafiəsini həyata keçirməlidir, hüquqi terminlə ifadə etsək, vətəndaşlıq şəxs ilə onu öz vətəndaşı etmiş dövlət arasında bağlılıq yaradır. ...
Naturalizasiya asanlıqla həll edilə bilən məsələ deyil. Bu yolla vətəndaşlıq üçün müraciət etmək və onu əldə etmək insanın həyatında tez-tez baş verən hadisə deyil. O, şəxsin əvvəlki sadiqlik bağlarının qırılmasını və yeni sadiqlik bağlarının yaranmasını özündə ehtiva edir. O, vətəndaşlıq əldə edən şəxsin taleyində uzunmüddətli nəticələr doğura və dərin dəyişiklikləri özündə ehtiva edə bilər. O, şəxsən həmin fərdə aid olan məsələdir və ona yalnız şəxsin mülkiyyəti üçün doğurduğu nəticələr nöqteyi-nəzərindən baxmaq onun dərin mənasını yanlış başa düşmək deməkdir. Vətəndaşlığın beynəlxalq nəticələrini qiymətləndirmək üçün onun hansı şəraitdə verildiyini, ciddi xarakter daşımasını, şəxsə vətəndaşlıq verən ölkə üçün həmin şəxsə vətəndaşlıq verilməsinin təkcə verbal deyil, həm də real və faktiki üstünlüklərini nəzərə almamaq mümkün deyil".
C. Vətəndaşlıq haqqında Avropa Konvensiyası (Avropa Şurası müqavilələrinin seriyası № 166)
39. Avropa Şurasının vətəndaşlığa aid başlıca sənədi 6 noyabr 1997-ci ildə qəbul edilmiş və 1 mart 2000-ci ildə qüvvəyə minmiş Vətəndaşlıq haqqında Avropa Konvensiyasıdır. O, Avropa Şurasına üzv olan 20 ölkə tərəfindən ratifikasiya olunub. Latviya bu Konvensiyanı 30 may 2001-ci ildə imzalayıb, amma ratifikasiya etməyib.
40. Bu Konvensiyanın müvafiq maddələrində deyilir:
Maddə 2. Anlayışlar
"Bu Konvensiyanın məqsədləri üçün:
“vətəndaşlıq” şəxslə dövlət arasında hüquqi bağlılığı bildirir və şəxsin etnik mənşəyini əks etdirmir...".
Maddə 3. Dövlətin səlahiyyəti
"1. Hər bir dövlət kimlərin onun vətəndaşı olduğunu öz qanunvericiliyinə uyğun olaraq müəyyən edir.
2. Bu qanunvericilik vətəndaşlıqla əlaqədar qüvvədə olan beynəlxalq konvensiyalara, beynəlxalq adət hüququna və hamılıqla tanınan ümumi prinsiplərə uyğun olduğu təqdirdə digər dövlətlər tərəfindən tanınır.
Maddə 4. Prinsiplər
"Hər bir iştirakçı dövlətin vətəndaşlığa aid qaydaları aşağıdakı prinsiplərə əsaslanır:
a. hər kəs vətəndaşlıq hüququna malikdir;
b. vətəndaşsızlıq halları aradan qaldırılmalıdır;
c. heç kəs qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilə bilməz;
d. nə iştirakçı dövlətin vətəndaşının əcnəbi ilə nikaha girməsi və onunla nikahının pozulması, nə də nikah müddətində ərlə arvaddan birinin vətəndaşlığının dəyişməsi digərinin vətəndaşlığına avtomatik təsir göstərmir.
41. Bu Konvensiyaya əlavə olunmuş İzahedici məruzədə, digər məsələlərlə yanaşı, 2-ci maddə ilə əlaqədar deyilir:
Maddə 2. Anlayışlar
"22. Vətəndaşlıq konsepsiyasına Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Nottebomun işində baxılıb. Bu məhkəmə vətəndaşlığa belə anlayış verib: əsasını sosial bağlılıq faktı, habelə mövcudluq, maraqlar və hisslər arasında həqiqi əlaqənin olması, eləcə də hüquq və vəzifələrin mövcudluğu təşkil edən hüquqi bağlılıq (Nottebomun işi, ICJ Reports 1955, p. 23).
23. Konvensiyanın 2-ci maddəsində vətəndaşlığa "şəxslə dövlət arasında hüquqi bağlılığı bildirən və şəxsin etnik mənşəyini əks etdirməyən" məfhum kimi anlayış verilib. Beləliklə, o, fərdlə dövlət arasında həmin dövlət tərəfindən tanınan spesifik hüquqi münasibətlərə aiddir. Bu İzahedici məruzənin 1-ci bəndinə aid mətnaltı qeyddə artıq göstərildiyi kimi, Konvensiyanın tətbiqinin nəticələrinə aid məsələlərdə “nationality” və “citizenship” terminləri sinonimdir.
D. Avropa İttifaqı Ədalət Məhkəməsinin presedent hüququ
42. Yanko Rottmannın Fraystaat Bayernə qarşı qaldırdığı C-135/08 saylı işdə (2 mart 2010-cu il tarixli qərar) Aİ Ədalət Məhkəməsi aşağıdakıları qərara aldı (istinadlar buraxılıb):
"45. Beləliklə, üzv dövlətlər vətəndaşlıq sahəsində səlahiyyətlərini həyata keçirərkən Avropa İttifaqı qanunvericiliyinə lazımi diqqət yetirməlidirlər. ...
48. Avropa İttifaqı qanunvericiliyinə lazımi diqqət yetirilməsi barədə şərt Məhkəmə tərəfindən əvvəllər tanınan və yuxarıda 39-cu bənddə qeyd edilən belə bir beynəlxalq hüquq prinsipinə xələl gətirmir ki, üzv dövlətlər vətəndaşlığın əldə edilməsi və itirilməsi şərtlərini müəyyən etmək səlahiyyətinə malikdirlər, əksinə, həmin şərt belə bir prinsipi təsbit edir ki, İttifaqın vətəndaşları barəsində bu səlahiyyətin həyata keçirilməsinə (onun həyata keçirilməsi İttifaqın hüquq sistemi tərəfindən təqdim edilən və qorunan hüquqlara təsir göstərərsə), xüsusən hazırkı iş üzrə əsas icraatda araşdırılan vətəndaşlığın geri alınması barədə qərara məhkəmə nəzarəti qaydasında yenidən baxıla bilər və bu yenidən baxma Avropa İttifaqı qanunvericiliyinin işığında həyata keçirilir. ...
55. Lakin belə halda əsas icraatda araşdırılan vətəndaşlığın geri alınması barədə qərarın (onun qəbulu Avropa İttifaqı qanunvericiliyinin işığında şəxsin durumu üçün müəyyən nəticələr doğurarsa) mütənasiblik prinsipinə uyğun olub-olmadığını aydınlaşdırmaq və bundan əlavə, lazımi hallarda qərarın mütənasibliyini milli qanunvericiliyin işığında araşdırmaq milli məhkəmənin üzərinə düşür".
E. İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin presedent hüququ
43. Kosta-Rika Konstitusiyasının naturalizasiya barədə müddəalarına təklif olunan dəyişikliklərlə əlaqədar işdə (19 yanvar 1984-cü il tarixli OC-4/84 saylı məsləhət rəyi) İnter-Amerika İnsan Hüquqları Məhkəməsi aşağıdakıları qərara aldı:
"31. Hökumət tərəfindən qaldırılan məsələlər ümumi xarakterli hüquqi problemlərin iki toplusunu əhatə edir ki, Məhkəmə onları ayrı-ayrılıqda araşdıracaq. Onlardan birincisi Konvensiyanın 20-ci maddəsində müəyyən edilmiş vətəndaşlıq hüququna aid məsələdir. İkinci məsələlər toplusu isə Konvensiya ilə qadağan olunan mümkün ayrı-seçkilik hallarını özündə ehtiva edən məsələlərdir.
32. Bu gün hamılıqla qəbul edilib ki, vətəndaşlıq bütün insanların ayrılmaz hüququdur. Vətəndaşlıq təkcə siyasi hüquqların həyata keçirilməsi üçün əsas şərt deyil, həm də şəxsin hüquq qabiliyyətinə mühüm təsir göstərir.
Beləliklə, baxmayaraq ki, vətəndaşlığın verilməsi və tənzimlənməsi məsələsinin həllinin hər bir dövlətin öz ixtiyarında olması ənənəvi olaraq qəbul edilib, müasir inkişaf göstərir ki, beynəlxalq hüquq dövlətlərin bu sahədə malik olduqları geniş səlahiyyətlərə müəyyən məhdudiyyətlər qoyur və bu gün vətəndaşlığa aid məsələlərin dövlətlər tərəfindən tənzimlənməsi üsulu təkcə onların səlahiyyətinə aid məsələ sayıla bilməz; dövlətin bu səlahiyyətləri həm də onun daşıdığı insan hüquqlarının tam müdafiəsini həyata keçirmək öhdəlikləri vasitəsilə məhdudlaşdırılır.
33. Vətəndaşlığı dövlət tərəfindən onun təbəələrinə verilən atribut hesab edən klassik doktrinal mövqe tədricən təkamülə uğrayıb və bu gün vətəndaşlıq həm dövlətin yurisdiksiyasını, həm də insan hüquqları məsələlərini özündə ehtiva edən məsələ kimi qəbul edilir. Bu, regional sənəd olan "İnsanın hüquq və vəzifələri haqqında" 2 may 1948-ci il tarixli Amerika Bəyannaməsində təsdiqlənib [burada 19-cu maddənin mətni verilir]. Digər bir sənəddə – "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"də aşağıdakılar nəzərdə tutulur [burada 15-ci maddənin mətni verilir].
34. Özlüyündə hər bir insanın vətəndaşlıq hüququ beynəlxalq hüquqda tanınıb. Bu hüququn iki aspekti Konvensiyanın 20-ci maddəsində öz əksini tapıb: birincisi, orada müəyyən edilmiş vətəndaşlıq hüququ şəxs ilə müvafiq dövlət arasında vətəndaşlıq əlaqəsi vasitəsilə həmin şəxsi beynəlxalq münasibətlərdə ən azı minimal hüquqi müdafiə ilə təmin edir; və ikincisi, orada nəzərdə tutulmuş müdafiə şəxsi qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilməkdən qoruyur, həmin müdafiə olmasa şəxsin siyasi hüquqları, eləcə də şəxsin vətəndaşlığı ilə bağlı olan mülki hüquqlar özünün bütün praktiki məqsədlərindən məhrum olardı.
35. Vətəndaşlıq şəxsi müəyyən dövlətlə əlaqələndirən və onu loyallıq və sadiqlik öhdəliyi ilə dövlətə bağlayan siyasi və hüquqi bağlılıq hesab edilə bilər. Bir çox dövlətlər öncə vətəndaşlığa malik olmayan şəxslərə sonradan müxtəlif yollarla vətəndaşlıq əldə etmək imkanı təklif ediblər, adətən bu, müəyyən şərtlərə əməl etdikdən sonra həmin şəxslərin vətəndaşlıq almaq niyyətlərini bəyan etmələri vasitəsilə baş verir. Belə hallarda vətəndaşlıq müəyyən ərazidə doğulmaq və ya valideynlərin həmin vətəndaşlığa malik olması kimi şərtdən asılı olmur; o, daha çox müəyyən siyasi cəmiyyətlə, onun mədəniyyəti ilə, həyat tərzi ilə və dəyərləri ilə münasibətləri bərqərar etməyə yönələn könüllü akt olur.
36. Öncə əcnəbi olan şəxslərə vətəndaşlıq imkanını təklif edən məhz dövlət olduğuna görə, təbii ki, vətəndaşlıq almanın şərtləri və qaydası da ilk növbədə həmin dövlətin daxili qanunvericiliyi ilə tənzimlənməlidir. Nə qədər ki, həmin qaydalar üstün qüvvəyə malik normalarla ziddiyyətə girmir, vətəndaşlığı verən dövlət naturalizasiya olunmaq istəyən ərizəçi ilə onun daxil olmaq istədiyi cəmiyyətin dəyərlər və maraqlar sistemi arasında effektiv əlaqəni təmin etmək üçün hansı şərtləri tətbiq etmək məsələsinin qiymətləndirilməsində daha yaxşı imkana malik olur. Həmin dövlət həmçinin bu şərtlərə riayət edilib-edilmədiyi barədə daha yaxşı qərar vermək iqtidarında olur. Bu məhdudiyyətlər çərçivəsində eynilə o da məntiqlidir ki, naturalizasiyanı çox və ya az dərəcədə asanlaşdırmağın mümkünlüyü hər bir dövlətin qəbul edilən tələbatları ilə müəyyən edilməlidir; dövlətin qəbul edilən tələbatları statik olaraq qalmadığına görə tamamilə təbiidir ki, naturalizasiya şərtləri dəyişən şəraitə uyğun olaraq liberallaşdırıla və ya məhdudlaşdırıla bilər. Buna görə də təəccüblü deyil ki, ölkə ilə şəxs arasında real və uzunmüddətli olan, vətəndaşlığın dəyişməsi kimi ciddi və uzunmüddətli nəticələr doğuracaq akta haqq qazandıra bilən bağlılığın yaranmadığı halda vətəndaşlığın dəyişməsinin ərizəçilərin qarşılaşdığı müəyyən müvəqqəti problemləri həll etmək məqsədini daşımamasını təmin etmək üçün müəyyən məqamda yeni şərtlər tətbiq edilə bilər".
44. Yin və Bosiko soyadlı qızlar Dominikan Respublikasına qarşı işdə (8 sentyabr 2005-ci il tarixli qərar) İnter-Amerika İnsan Hüquqları Məhkəməsi aşağıdakıları qərara aldı (mətnaltı qeydlər buraxılıb):
"139. Amerika Konvensiyası vətəndaşlıq hüququnun hər iki aspektini tanıyır: yəni, vətəndaşlığa malik olmaq hüququ, birincisi, "şəxs ilə müvafiq dövlət arasında vətəndaşlıq əlaqəsi vasitəsilə həmin şəxsi beynəlxalq münasibətlərdə ən azı minimal hüquqi müdafiə ilə təmin etmək; və ikincisi, şəxsi qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilməkdən qorumaq" baxımından tanınır.
140. Kimin vətəndaş olmaq hüququna malik olduğunu müəyyənləşdirmək dövlətin səlahiyyəti çərçivəsində qalmaqda davam edir. Lakin beynəlxalq hüquq inkişaf etdikcə bu məsələdə onun diskresion səlahiyyəti tədricən məhdudlaşdırılır ki, dövlətin qanunsuz hərəkətlərinə qarşı şəxsin daha yaxşı müdafiəsi təmin edilmiş olsun. Beləliklə, insan hüquqlarına dair beynəlxalq hüququnun inkişafının hazırkı mərhələsində dövlətlərin bu səlahiyyəti bir tərəfdən onların fərdləri qanunun bərabər və səmərəli müdafiəsi ilə təmin etmək öhdəliyi vasitəsilə, digər tərəfdən isə vətəndaşsızlıq hallarının qarşısını almaq, belə hallara yol verməmək və onların sayını azaltmaq öhdəliyi vasitəsilə məhdudlaşdırılıb.
141. Məhkəmə hesab edir ki, qeyd-şərtsiz hüquqi prinsip olan qanun vasitəsilə bərabər və səmərəli müdafiə ilə təmin edilmək prinsipi və ayrı-seçkiliyin yolverilməzliyi prinsipi müəyyən edir ki, vətəndaşlığın verilməsi üçün mexanizmləri tənzimləyərkən dövlətlər əhalinin müəyyən qrupları üçün onlar öz hüquqlarını həyata keçirdikləri zaman ayrı-seçkilik xarakteri daşıyan və ya ayrı-seçkilik xarakterli nəticələr doğuran qaydalar müəyyən etməkdən çəkinməlidirlər. Üstəlik, dövlətlər bütün səviyyələrdə, xüsusən dövlət orqanlarında ayrı-seçkilik xarakterli praktikaya qarşı mübarizə aparmalı və nəhayət, bütün şəxslərin effektiv bərabər müdafiə hüququnu təmin etmək üçün zəruri olan qəti tədbirlər görməlidirlər.
142. Dövlətlər vətəndaşlığın verilməsi ilə əlaqədar olan və tətbiq edilməsi vətəndaşlığı olmayan şəxslərin sayının artmasına şərait yaradan praktikanı və ya qanunları qəbul etməmək öhdəliyini daşıyırlar. Bu vəziyyət elə vətəndaşsızlıq hallarından irəli gəlir ki, bu zaman şəxs dövlətin qanunlarına əsasən vətəndaşlıq almaq meyarlarına uyğun gəlmir və bunun səbəbi onun qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilməsi və ya ona əslində effektiv olmayan vətəndaşlığın verilməsi olur. Vətəndaşsızlıq durumu şəxsi mülki və siyasi hüquqlardan istifadə etmək imkanından məhrum edir və olduqca əlverişsiz vəziyyətə salır".
45. Vətəndaşlıq hüququ ilə bağlı İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan irəli gələn prinsiplər son dövrdə Ölkədən çıxarılmış dominikanlılar və haitililər Dominikan Respublikasına qarşı işdə (28 avqust 2014-cü il tarixli qərar, 253-264-cü bəndlər) təsdiqlənib.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 10-CU VƏ 11-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
46. Ərizəçi Konvensiyanın 10-cu və 11-ci maddələrinə istinadən şikayət etdi ki, naturalizasiya yolu ilə Latviya vətəndaşlığına qəbuldan qanunsuz olaraq imtina edilməsi ona tətbiq edilmiş cəza tədbiridir, çünki o, Hökumətin mövqeyini tənqid etmək üçün bu yöndə ideyaları yayıb və toplaşmaq hüququnu həyata keçirib. O, daha sonra şikayət etdi ki, hüquqlarının yuxarıda qeyd edilən pozuntuları Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin və 11-ci maddəsinin 2-ci bəndinin tələblərinə zidd olmaqla qanunla nəzərdə tutulmayıb, qanuni məqsəd daşımayıb, qeyri-mütənasib olub və demokratik cəmiyyətdə zəruri olmayıb. Konvensiyanın 10-cu və 11-ci maddələrində deyilir:
Maddə 10 (ifadə azadlığı)
"1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyinə malik olmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".
Maddə 11 (toplaşmaq və birləşmək azadlığı)
"1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya dövlət idarəetmə orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur".
47. Hökumət bu maddələrin pozulduğunu inkar etdi.
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
48. Ərizəçi qeyd etdi ki, vətəndaşlığa aid məsələlər insan hüquqlarına təsir göstərirsə, dövlətin müstəsna səlahiyyətinə daxil deyil. O bildirdi ki, Tunis və Mərakeşdə qəbul edilmiş vətəndaşlıq fərmanlarına aid iş və Nottebomun işi beynəlxalq hüququn hazırkı durumunu deyil, müvafiq olaraq, 1923-cü və 1955-ci ildə mövcud olmuş durumunu əks etdirir. O iddia etdi ki, beynəlxalq miqyasda belə bir konsensus yaranmaqda idi ki, vətəndaşlığa aid qanunlar və praktika beynəlxalq hüququn ümumi prinsiplərinə, xüsusən insan hüquqlarına aid normalara uyğun olmalıdır. Vətəndaşlıq vermə məsələsində dövlətin diskresion səlahiyyəti tam qeyri-məhdud deyildi; ərizəçi "İnsan hüquqları haqqında ümumi bəyannamə"nin 15-ci maddəsinin 1-ci bəndinə istinadən iddia etdi ki, vətəndaşlığa dair qərarlar insan hüquqlarının işığında araşdırılmalıdır. O, İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin baxdığı yuxarıdakı iki işin (yuxarıda 43-cü və 44-cü bəndlərə bax), müvafiq olaraq, 32-ci və 140-cı bəndlərinə istinad etdi. Ərizəçi Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 4-cü maddəsinə və həmin Konvensiyaya əlavə olunmuş İzahedici məruzəyə istinadən iddia etdi ki, İnter-Amerika Məhkəməsinin yanaşması Avropada da təsdiqlənib. Ərizəçi öz statusunu "qeyri-vətəndaş" kimi göstərdi və beynəlxalq hüquq baxımından özünü vətəndaşlığı olmayan "imtiyazlı" şəxs hesab etdi. O həmçinin Nottebomun işinə istinad etdi və izah etdi ki, Latviyada doğulub, adətən yaşadığı yer və maraq dairəsinin mərkəzi Latviyadadır və arvadı və iki qızı Latviyada yaşayırlar. O iddia etdi ki, hər hansı başqa ölkə ilə həqiqi və ya faktiki bağlılığı yoxdur.
49. Müəyyən ölkənin vətəndaşı olmaq hüququnun özlüyündə Konvensiya ilə və ya onun Protokolları ilə təmin olunmadığını etiraf edərək ərizəçi Məhkəmənin Karassev Finlandiyaya qarşı iş üzrə qərardadına ((qərardad), ərizə № 31414/96, ECHR 1999‑II) istinad etdi və iddia etdi ki, vətəndaşlıq verməkdən qanunsuz imtina müəyyən hallarda Konvensiyanın 8-ci maddəsi üzrə məsələləri meydana çıxara bilər, çünki bu imtina şəxsin hüquqlarına təsir göstərir. O daha sonra Cenoveze Maltaya qarşı işə (ərizə № 53124/09, 45-ci bənd, 11 oktyabr 2011-ci il) istinad etdi, həmin işdə Məhkəmə vətəndaşlıq əldə etmək məsələsində 8-ci maddə ilə əlaqəli şəkildə götürülməklə 14-cü maddənin pozulduğunu müəyyən etmişdi. Ərizəçi iddia etdi ki, digər beynəlxalq orqanlarda da müəyyən edilib ki, milli orqanların vətəndaşlığa dair qaydaları müəyyən etmək səlahiyyəti müstəsna səlahiyyət deyil; o, misal olaraq Avropa İttifaqı Ədalət Məhkəməsi tərəfindən baxılmış yuxarıda qeyd edilən Rottmannın işinə istinad etdi. O həmçinin iddia etdi ki, hazırkı işin məqsədləri üçün vətəndaşlıq hallarının sayını azaltmaq öhdəliyi dövlətin diskresion səlahiyyətini məhdudlaşdırır və həmçinin Andreyeva Latviyaya qarşı işə ([BP], ərizə № 55707/00, 88-ci bənd, ECHR 2009) istinadən iddia etdi ki, Latviya onun stabil hüquqi bağlılığa malik olduğu yeganə dövlətdir.
50. Ərizəçi razılaşdı ki, Konvensiyaya əsasən Latviya vətəndaşlığı əldə etmək hüququna malik deyil; onun arqumenti bundan ibarət idi ki, 10-cu və 11-ci maddələrdə nəzərdə tutulmuş hüquqları naturalizasiya prosesində pozulub. Məhkəmənin presedent hüququnda heç bir şey belə düşünməyə əsas vermir ki, belə hallarda yalnız 8-ci və 14-cü maddələr üzrə məsələlər meydana çıxa bilər. Onun rəyinə görə, "vətəndaşlıq verməkdən qanunsuz imtina etmə" həmçinin 10-cu və 11-ci maddələr üzrə məsələləri meydana çıxara bilər. Ərizəçi iddia etdi ki, tədris dilinin rus dili olduğu məktəblərdə Latviya Respublikasının dövlət dilinin tətbiqinə qarşı fəaliyyətlərdə onun iştirakı ilə sonradan Nazirlər Kabinetinin onu naturalizasiya etməkdən imtina barədə çıxardığı qərarı arasında yetərli səbəbiyyət əlaqəsi var. O hesab etdi ki, "vətəndaşlıq verməkdən imtina etmə" onun fəaliyyətlərinə və çıxışlarına cavab olaraq ona qarşı cəza tədbiri idi.
51. Ərizəçi Hökumətin bu fikri ilə razılaşmadı ki, Ezelinin işi bu işdən fərqləndirilməlidir. Ərizəçi bildirdi ki, təyin olunmuş sanksiyanın xarakteri və sərtliyi müdaxilənin mütənasibliyi qiymətləndirilərkən nəzərə alınmalı olan amillərdir (o, Sürek Türkiyəyə qarşı işə (№ 1) istinad etdi: [BP], ərizə № 26682/95, 64-cü bənd, ECHR 1999‑IV). Ona Latviya vətəndaşlığı verməkdən imtina edilməsi bir sıra birbaşa nəticələr doğurub. O, misal olaraq onlardan birini qeyd etdi: o, 2005-ci ildə keçirilmiş bələdiyyə seçkilərində namizəd qismində iştirak edə bilməmişdi, çünki naturalizasiya üçün yalnız bir ildən sonra təkrar müraciət edə bilərdi ("Vətəndaşlıq haqqında" qanunun 12-ci maddəsinin 6-cı bəndi). Təhlükəsizlik polisinin müsbət rəyini nəzərə alsaq, belə nəticəni öncədən görmək mümkün deyildi. Ərizəçi "qeyri-vətəndaş" olaraq qalmış və siyasi proseslərdə tam iştirak etməkdən kənarlaşdırılmışdı. O qeyd etdi ki, hər hansı seçkidə – bələdiyyə və ya parlament seçkilərində, yaxud Avropa Parlamentinə seçkilərdə səs vermək və ya namizəd qismində iştirak etmək hüququna malik deyil.
52. O razılaşdı ki, sanksiyalar onun öz fikrini ifadə etməsinin qarşısını almırdı, amma bununla belə, onun rəyinə görə, onlar senzuranın bir növü idi və onu gələcəkdə bu cür tənqidi fikirlər söyləməkdən çəkindirməyə yönəlmişdi (o, Lingens Avstriyaya qarşı işə istinad etdi: 8 iyul 1986-cı il tarixli qərar, 44-cü bənd, A seriyaları, № 103). Ümumiyyətlə ərizəçi bildirdi ki, dövlət orqanları tərəfindən görülmüş tədbirlər "qeyri-vətəndaşları" ictimaiyyətdə qanuni maraq doğuran məsələlərin müzakirəsində iştirak etməkdən çəkindirə bilərdi (o, "Bladet Tromsö" və Stensaas Norveçə qarşı işə istinad etdi: [BP], ərizə № 21980/93, 64-cü bənd, ECHR 1999‑III).
53. Onun ilkin şərt olan loyallığa əməl etmədiyi barədə Hökumətin arqumentinə cavab olaraq ərizəçi dövlətə sadiqliklə hökumətə sadiqlik arasında fərq qoydu. O, etiraf etdi ki, dövlətə sadiqlik tələbi qanuni ola bilər, amma əgər fikirlər qanuna uyğun olaraq ifadə edilibsə, həmin tələb fikir plüralizminə qarşı mübarizə üçün istifadə edilməməlidir (o, Tenase Moldovaya qarşı işə istinad etdi: [BP], ərizə № 7/08, 166-167-ci bəndlər, ECHR 2010). Ərizəçi daha sonra iddia etdi ki, Hökumət onun hakimiyyəti devirməyə, zorakılıqdan istifadə etməyə və beynəlxalq qalmaqala rəvac verməyə çağırışlar etdiyini göstərən sübut təqdim etməyib. Ərizəçi ona təəccübləndi ki, Hökumət öz iddialarını əsaslandırmaq üçün media məlumatlarına istinad edib, halbuki daha obyektiv sübutlar tapa bilərdi. O, təhlükəsizlik polisinin müsbət rəyinə istinad etdi və qeyd etdi ki, nümayişdə iştiraka görə yazılı xəbərdarlıq almaqla yalnız bir dəfə cəzalandırılmışdı və ona qarşı heç vaxt cinayət sanksiyaları tətbiq edilməmişdi; media məlumatları isə yalnız onların müəlliflərinin rəylərini əks etdirirdi. O, mediada yer alan eyni fikirlərə istinadən (yuxarıda 17-ci bəndə bax) iddia etdi ki, onun etirazları hər hansı qanuni hökumətə qarşı deyil, yalnız baş nazirin rəhbərlik etdiyi konkret hökumətə qarşı təşkil olunmuşdu; o, hər hansı zorakılıqdan istifadə etmək istəmirdi; onun "polis idman klubunda boks yarışına" dəvət çağırışı küçələrdə hər hansı zorakılığa yol verməmək üçün edilmişdi. Nəhayət, 10 dekabr 2004-cü il tarixli müsahibəsində onun verdiyi açıqlamalar imtina qərarı üçün əsas ola bilməzdi, çünki müsahibə Nazirlər Kabinetinin ona Latviya vətəndaşlığı verməkdən imtina etməsindən sonra verilmişdi.
54. İstənilən halda, ifadə azadlığı qıcıqlandıran, şoka salan və ya narahatlıq yaradan ideya və rəylərə də şamil olunur (o, Həndisayd Birləşmiş Krallığa qarşı işə istinad etdi: 7 dekabr 1976-cı il tarixli qərar, 49-cu bənd, A seriyaları, № 24), toplaşmaq azadlığı isə ideyalarına və ya tələblərinə qarşı çıxan şəxsləri qıcıqlandıra və ya təhqir edə biləcək nümayişləri də müdafiə ilə təmin edir (o, "Həkimlər həyat uğrunda" platforması Avstriyaya qarşı işə istinad etdi: 21 iyun 1988-ci il tarixli qərar, 32-ci bənd, A seriyaları, № 139). Bundan başqa, hökumətə qarşı yol verilə bilən tənqidin hüdudları adi vətəndaşa qarşı tənqidin hüdudlarından daha genişdir (o, Kastells İspaniyaya qarşı işə istinad etdi: 23 aprel 1992-ci il tarixli qərar, 46-cı bənd, A seriyaları, № 236).
2. Hökumət
55. Hökumət iddia etdi ki, ərizəçinin şikayəti onun naturalizasiya barədə ərizəsinin rədd edilməsindən şikayət etməyə yönələn pərdələnmiş cəhddir. O iddia etdi ki, ərizəçi imtina qərarının onun Konvensiyanın 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə təşkil etdiyini və ya hər hansı digər formada mənfi təsir göstərdiyini sübuta yetirməyib.
56. Hökumətin bildirdiyinə görə, naturalizasiya etməkdən imtina ərizəçinin hüquq və azadlıqlarına heç bir şəkildə təsir göstərməyib. Hökumət ərizəçinin ictimai çıxışlarını əks etdirən geniş media materiallarına istinad etdi, həmin çıxışlarda o, təhsil islahatı barədə fikirlərini və mövqeyini, habelə bu məsələyə dair planlarını və addımlarını azad surətdə ifadə etmişdi. Media materiallarında həmçinin ərizəçinin 2005-ci ildəki növbəti mitinq və nümayişlərdə iştirakı əks olunmuşdu. O daha sonra Avropa Parlamentinin üzvü olan xanım Jdanokanın köməkçisi olmuş və təhsil islahatı ilə bağlı hökumətin siyasətinə qarşı fikirlərini səsləndirməkdə davam etmişdi. Hökumət 16 noyabr 2004-cü il tarixli qərar çıxarılandan bəri ərizəçinin iştirak etdiyi mitinqlərə aid konkret misallar gətirdi (məsələn, təhsil islahatı ilə bağlı 6 dekabr 2004-cü il tarixli mitinq). Bundan əlavə, o xatırlatdı ki, 2012-ci ildə ərizəçi "qeyri-vətəndaşlara" vətəndaşlıq verilməsi üçün referendum keçirilməsinə yönələn imza toplama kampaniyasının təşkilatçılarından biri idi. Elə həmin il ərizəçi "Qeyri-vətəndaşlar konqressi" adlı qurumun təsis edilməsində iştirak etdi və bu qurumun çərçivəsində özünü "Təmsil olunmayanların parlamenti" kimi elan etmiş quruma üzv seçildi. O bir sıra konfranslarda, etiraz aksiyalarında və nümayişlərdə iştirak etmiş və orada "qeyri-vətəndaşlara" avtomatik olaraq vətəndaşlıq verilməli olduğu barədə rəyini sərbəst surətdə ifadə etmişdi.
57. Ərizəçi rəylərinə və ya ictimai çıxışlarına görə hər hansı dövlət orqanları tərəfindən hər hansı cəzaya, sanksiyaya, məhkəmə təqibinə və ya məhkumluğa da məruz qalmamışdı. Hökumət Yokşas Litvaya qarşı işə (ərizə № 25330/07, 12 noyabr 2013-cü il tarixli qərar) istinad etdi və həmin işi hazırkı işin məqsədləri üçün aktual hesab etdi, belə ki, ictimai çıxışlara görə hər hansı intizam sanksiyasının, məhkəmə təqibinin və ya məhkumluğun olmadığı həmin işdə heç bir pozuntu aşkar edilməmişdi.
58. Hökumət ərizəçinin bu fikri ilə razılaşmadı ki, Latviyanın dövlət orqanlarının ona vətəndaşlıq verməkdən imtina etməsi cəza tədbiri idi və hazırkı iş ilə Ezelin Fransaya qarşı iş arasında fərq qoydu (26 aprel 1991-ci il tarixli qərar, A seriyaları, № 202). Sonuncu işdə ərizəçi nümayişdə iştirakına görə intizam sanksiyasına məruz qalmış və belə cəza ərizəçinin peşə fəaliyyəti üçün mənfi nəticələr doğurmuşdu. Lakin hazırkı işdə vətəndaşlıq verməkdən imtina qərarı yalnız birbaşa nəticə doğurmuş, yəni ərizəçinin müəyyən vaxtda Latviya vətəndaşlığı ala bilməməsinə səbəb olmuşdu. Hökumət bir daha bildirdi ki, imtina qərarı ərizəçinin Konvensiyanın 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına heç bir mənfi təsir göstərməyib və ərizəçinin gələcəkdə yeni ərizə ilə müraciət etməsinin qarşısını almayıb.
59. Hökumət həmçinin hesab etdi ki, hazırkı iş Redfirnin və Foqtun işlərindən fərqləndirilməlidir, həmin işlərdə ərizəçilər işdən azad edildikdən sonra iş tapmaqda çətinliklərlə qarşılaşmışdılar (Redfirn Birləşmiş Krallığa qarşı, ərizə № 47335/06, 6 noyabr 2012-ci il tarixli qərar; və Foqt Almaniyaya qarşı, 26 sentyabr 1995-ci il tarixli qərar, A seriyaları, № 323). Hazırkı işdə isə, əksinə, naturalizasiya yolu ilə Latviya vətəndaşlığı verməkdən imtina qərarı ərizəçi üçün sonradan düzəldilməsi mümkün olmayan hər hansı çətinliklər doğurmayıb, belə ki, o, Latviya vətəndaşlığı üçün yenidən müraciət edə bilər. Həmin qərar onun siyasi karyerası üçün də hər hansı mənfi nəticələr doğurmayıb. Ərizəçinin naturalizasiya üçün yenidən müraciət etməməsi faktı göstərir ki, onun Latviya vətəndaşlığı almaq kimi həqiqi niyyəti heç vaxt olmayıb.
60. Hökumət yuxarıda qeyd edilən Tunis və Mərakeşdə qəbul edilmiş vətəndaşlıq fərmanlarına aid iş üzrə məsləhət rəyinə və Nottebomun işinə istinad edərək iddia etdi ki, beynəlxalq hüquqa əsasən vətəndaşlıq məsələləri dövlətlərin müstəsna səlahiyyətinə aiddir və yalnız dövlətlərin ölkədaxili yurisdiksiyası çərçivəsindədir. Beynəlxalq hüquqda vətəndaşlıq məsələlərinin tənzimi fraqmentar olaraq qalır – o, vətəndaşlıq məsələsinin yurisdiksiya aidiyyətinin həll edilməsindəki ziddiyyətləri və dövlətin varisliyi kimi məsələləri əhatə edir, amma onların heç biri hazırkı işin məqsədləri üçün aktual deyil. Hökumət xatırlatdı ki, ümumən vətəndaşlıqla bağlı daha vahid standartları formalaşdırmağa yönələn cəhdlər hələ də davam etməkdədir və bu faktı qeyd etdi ki, Hökumət özünün ilk qeydlərini təqdim etdiyi vaxt Vətəndaşlıq haqqında Avropa Konvensiyası yalnız 16 dövlət tərəfindən ratifikasiya olunmuşdu (hazırda onu 20 dövlət ratifikasiya edib; yuxarıda 39-cu bəndə bax).
61. Strasburq Məhkəməsinin presedent hüququna istinadən (K. və W. ailəsi Niderlanda qarşı, ərizə № 11278/84, Komissiyanın 1 iyul 1985-ci il tarixli qərarı, Decisions and Reports (DR) 43, p. 216; Slepçik Niderlanda və Çexiya Respublikasına qarşı, ərizə № 30913/96, Komissiyanın 2 sentyabr 1996-cı il tarixli qərarı, DR 86-B, p. 176; və Yazvinski Slovakiya Respublikasına qarşı (qərardad), ərizələr № 33088/96, 52236/99, 52451/99, 52452/99, 52453/99, 52455/99, 52457/99, 52458/99, 52459/99, 7 dekabr 2000-ci il) Hökumət bir daha bildirdi ki, müəyyən dövlətin vətəndaşı olmaq hüququ Konvensiya və onun Protokolları ilə təmin edilən hüquqlar arasında yoxdur.
62. Konstitusiya Məhkəməsinin 2009-94-01 saylı iş üzrə qərarına istinadən Hökumət iddia etdi ki, vətəndaşlıq haqqında normaların müəyyən edilməsində dövlət geniş qiymətləndirmə sərbəstliyinə malikdir (yuxarıda 36-cı bəndə bax). Hökumət bir daha bildirdi ki, naturalizasiya qərarı dövlətin siyasi qərarıdır və hər bir dövlət həmin dövlətə sadiq olan vətəndaşları müəyyənləşdirməyə yönələn mexanizmə malikdir; dövləti məcbur etmək olmaz ki, cəmiyyətə inteqrasiya olunmayan, qeyri-loyal və güvənilə bilməyən hesab etdiyi şəxslərə vətəndaşlıq versin.
63. Latviya qanunvericiliyində naturalizasiya yolu ilə vətəndaşlıq əldə etməyə təminat verilmir; orada sadəcə olaraq müəyyən meyarlara cavab verdiyi təqdirdə şəxsin vətəndaşlıq üçün müraciət etmək hüququ nəzərdə tutulur. Hökumət daha sonra iki mərhələli naturalizasiya prosesini izah etdi. Birincisi, Naturalizasiya Şurası fərdi ərizələrin qanunla müəyyən olunmuş meyarlara cavab verib-vermədiyini müəyyənləşdirmək üçün onları almaq və nəzərdən keçirmək kimi inzibati vəzifəni həyata keçirir və "Vətəndaşlıq haqqında" qanunun 17-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq onun qərarına məhkəmə nəzarəti qaydasında yenidən baxıla bilər. İkincisi, Nazirlər Kabinetinin vəzifəsi diskresion xarakter daşıyır və o, digər məsələlərlə yanaşı siyasi mülahizələri, o cümlədən şəxsin Latviya Respublikasına sadiqliyini nəzər almalıdır. Nazirlər Kabineti bu nəticəyə gəlib ki, ərizəçinin çıxışları və hərəkətləri dövlətdəki stabil vəziyyəti pozmaq məqsədini daşıyır və o, bu məqsədə çatmaq üçün naturalizasiya prosedurundan sui-istifadə edib (yuxarıda 17-ci bəndə bax).
64. Bundan başqa, ərizəçinin çıxışları və hərəkətləri demokratik dövlət olan Latviya Respublikasının təməl dəyərlərinə zidd idi və o, "Vətəndaşlıq haqqında" qanunun 18-ci maddəsində yer alan sadiqlik şərtinə riayət etməmişdi. Yuxarıda qeyd edilən Nottebomun işinə istinadən Hökumət bunun tələb olunmasını normal hal hesab etdi ki, naturalizasiya üçün müraciət edən ərizəçilər ölkə vətəndaşlığını qəbul edərkən ölkə ilə həqiqi bağlılıqlarını, o cümlədən Latviya Respublikasına müəyyən səviyyədə sadiq olduqlarını sübut etməlidirlər. Hökumət Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığının prinsipcə qıcıqlandıran, şoka salan və ya narahatlıq yaradan ideya və rəylərə şamil olunduğunu etiraf etməklə yanaşı, həm də qeyd etdi ki, öz ifadə azadlığını həyata keçirən şəxs öhdəlik və vəzifələr daşıyır və onların dairəsi konkret vəziyyətdən asılıdır (o, yuxarıda qeyd edilən Həndisaydın işi üzrə qərarın 49-cu bəndinə istinad etdi). Hökumətin rəyinə görə, ərizəçi məqsədlərinə nail olmaq üçün vasitələri seçmək, zorakılıqdan istifadənin mümkünlüyü ilə bağlı təxribatçı çıxışlardan və beləliklə demokratik cəmiyyətin təməl dəyərlərini sarsıtmaqdan çəkinmək öhdəliyini daşıyırdı. Eynilə, o qeyd etdi ki, Konvensiyanın 11-ci maddəsi ictimai iğtişaşlarla nəticələnən zorakılıq törətmək niyyətində olanları müdafiə etmir (o, G. Almaniya Federativ Respublikasına qarşı işə istinad etdi: ərizə № 10833/84, Komissiyanın 13 oktyabr 1987-ci il tarixli qərarı).
65. Hazırkı işdə hesab etmək olmaz ki, ərizəçi rusdilli icma və təhsil islahatı ilə bağlı ideyaları müdafiə edərkən özünün ifadə və ya toplaşmaq azadlığını həyata keçirib. Ona naturalizasiya yolu ilə vətəndaşlıq verməkdən imtina etməkdə Nazirlər Kabinetinin məqsədi ərizəçini hər hansı xətaya görə cəzalandırmaq deyildi, Konstitusiyada müəyyən edilmiş demokratiyanı qorumaq idi.
66. Nəhayət, şikayət qəbul olunan elan edildikdən sonra təqdim etdiyi qeydlərində Hökumət bildirdi ki, ölkədaxili icraatda ərizəçi onun ifadə və ya toplaşmaq azadlığına hər hansı müdaxilə edilməsindən və ya məhdudiyyət qoyulmasından heç vaxt şikayət etməyib. Əvəzində o naturalizasiya olunmasından imtina qərarından şikayət edib və buna görə də Hökumətin rəyinə görə, bu iş Hayniş Almaniyaya qarşı iş ilə ziddiyyət təşkil edir (ərizə № 28274/08, ECHR 2011, çıxarışlar).
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
67. Məhkəmənin Böyük Palatası İsveçrə raelitlər hərəkatı İsveçrəyə qarşı iş üzrə qərarında ifadə azadlığı ilə bağlı təməl prinsipləri bir daha xatırladaraq (o, bu işlərə istinad etdi: Stoll İsveçrəyə qarşı [BP], ərizə № 69698/01, 101-ci bənd, ECHR 2007-V; və Stil və Morris Birləşmiş Krallığa qarşı, ərizə № 68416/01, 87-ci bənd, ECHR 2005-II) aşağıdakıları bildirdi:
"i) İfadə azadlığı demokratik cəmiyyətin təməl dəyərlərindən birini və onun tərəqqisinin və hər bir fərdin öz potensialını reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndini nəzərə almaq şərti ilə, o, təkcə müsbət qarşılanan, yaxud qeyri-təhqiramiz sayılan və ya etinasız yanaşılan "məlumat" və "ideyalara" deyil, həm də qıcıqlandıran, şoka salan və ya narahatlıq doğuran "məlumat" və "ideyalara" şamil olunur. Onlar plüralizmin, tolerantlığın və açıq fikirliliyin tələbləridir, bunlarsız isə "demokratik cəmiyyət" mövcud ola bilməz. 10-cu maddədə təsbit edildiyi kimi, bu azadlıqdan istisnalara yol verilir, ... lakin həmin istisnalar dar çərçivədə şərh olunmalı və hər hansı məhdudiyyətlərə tələbatın olması inandırıcı şəkildə sübut edilməlidir. ...
ii) "Zəruri" sifətinin 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan mənası təxirəsalınmaz ictimai tələbatın mövcudluğunu nəzərdə tutur. İştirakçı dövlətlər məhdudiyyətlərə tələbatın mövcudluğunu qiymətləndirərkən müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər, amma bu sərbəstlik Avropa orqanlarının nəzarəti ilə müşayiət olunur və bu nəzarət həm məhdudiyyəti nəzərdə tutan qanunvericiliyi, həm də onun tətbiqi barədə qərarları əhatə edir (hətta onlar müstəqil məhkəmə tərəfindən qəbul edilsələr belə). Buna görə də Avropa Məhkəməsi "məhdudiyyətin" 10-cu maddə ilə qorunan ifadə azadlığına uyğun olub-olmadığına dair yekun qərar vermək səlahiyyətinə malikdir.
iii) Özünün nəzarət səlahiyyətini həyata keçirərkən Məhkəmənin vəzifəsi səlahiyyətli milli orqanları əvəzləmək deyil, əksinə, onların öz sərbəst mülahizələrinə uyğun olaraq qəbul etdikləri qərarları 10-cu maddənin əsasında nəzərdən keçirməkdir. Bu o demək deyil ki, nəzarət funksiyası cavabdeh dövlətin öz diskresion səlahiyyətini ağlabatan şəkildə, diqqətlə və vicdanla tətbiq edib-etmədiyini müəyyənləşdirməklə məhdudlaşır; Məhkəmənin üzərinə düşən vəzifə şikayətə səbəb olmuş müdaxiləni işin bütün hallarının işığında nəzərdən keçirməkdən, onun "qarşıya qoyulan qanuni məqsədə mütənasib" olub-olmadığını və milli hakimiyyət orqanlarının müdaxiləyə haqq qazandırmaq üçün gətirdikləri əsasların "münasib və yetərli" olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. ... Bu vəzifəni həyata keçirərkən Məhkəmə əmin olmalıdır ki, milli hakimiyyət orqanları 10-cu maddədə təsbit olunmuş prinsiplərə uyğun olan normaları tətbiq ediblər və bundan əlavə, onların qərarı müvafiq faktların qəbul oluna bilən qiymətləndirilməsinə əsaslanıb".
68. Məhkəmə həmçinin sanksiyalar qorxusunun ifadə azadlığının həyata keçirilməsinə "çəkindirici təsir" göstərdiyini vurğulayır. Bütövlükdə cəmiyyətin ziyanına işləyən bu təsir eynilə şəxsə tətbiq edilən sanksiyaların mütənasibliyi ilə və beləliklə həm də onların əsaslandırılması ilə əlaqədar olan amildir (bax: Kudeşkina Rusiyaya qarşı, ərizə № 29492/05, 99-cu bənd, 26 fevral 2009-cu il, əlavə istinadlarla).
69. 11-ci maddədə təsbit olunmuş birləşmək azadlığı haqqında qaydadan istisnalar da, 10-cu maddədəki istisnalar kimi, dar çərçivədə şərh olunmalıdır və yalnız inandırıcı və təkzibolunmaz əsaslar bu azadlığa qoyulan məhdudiyyətlərə haqq qazandıra bilər. İstənilən müdaxilə "təxirəsalınmaz ictimai tələbata" uyğun olmalıdır; beləliklə, "zəruri" anlayışı "faydalı" və ya "arzu olunan" ifadələri kimi mütəhərrikliyə malik deyil (bax: Qorzelik və başqaları Polşaya qarşı [BP], ərizə № 44158/98, 95-ci bənd, ECHR 2004‑I).
70. Məhkəmə son dövrlərə aid işlərdə xatırladıb ki, plüralizm, tolerantlıq və açıq fikirlilik "demokratik cəmiyyətin" fərqləndirici əlamətləridir. Baxmayaraq ki, bəzən fərdi maraqlar qrup maraqlarına tabe etdirilməlidir, demokratiya sadəcə o demək deyil ki, çoxluğun baxışlarına həmişə üstünlük verilməlidir: azlıqlardan olan insanlarla ədalətli rəftarı təmin edən və hakim mövqedən sui-istifadənin qarşısını alan balansa nail olunmalıdır. Plüralizm və demokratiya həm də dialoqa və kompromis ruhuna əsaslanmalıdır ki, bu da qaçılmaz olaraq fərdlər və ya fərdlərin qrupları tərəfindən müxtəlif güzəştləri doğurur və demokratik cəmiyyətin ideya və dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək məqsədi bu güzəştlərə haqq qazandırır (bax: S.A.S. Fransaya qarşı [BP], ərizə № 43835/11, 128-ci bənd, ECHR 2014 (çıxarışlar), əlavə istinadlarla). Mahiyyətcə demokratik cəmiyyətin dəyərlərinə zidd olmayan, yaxud bütövlükdə həmin cəmiyyətdəki davranış normaları ilə ziddiyyət təşkil etməyən, haqsız qeyri-bərabərlik və ya ayrı-seçkilik doğurmaqdan uzaq olan davranışa dözümlü yanaşmaqla dövlət tərəfindən azlığın rəylərinə hörmət edilməsi cəmiyyətdə ardıcıl və davamlı plüralizmi təmin edir və harmoniyanı və tolerantlığı təşviq edir (bax (müvafiq dəyişikliklərlə): Bayatyan Ermənistana qarşı [BP], ərizə № 23459/03, 126-cı bənd, ECHR 2011).
71. Məhkəmə həmçinin bildirib ki, "Konvensiyanın kökündə duran dəyərlərə qarşı yönələn rəylər" 10-cu maddənin müdafiəsinin tətbiq dairəsindən 17-ci maddə vasitəsilə xaric edilib (bax: Leidye və İzorni Fransaya qarşı, 23 sentyabr 1998-ci il, 53-cü bənd, Reports 1998-VII; və Qarodi Fransaya qarşı (qərardad), ərizə № 65831/01, ECHR 2003-IX). Birlik öz fəaliyyətləri ilə dövlətin təsisatlarına zərər yetirirsə, o halda Konvensiyanın 10-cu və 11-ci maddələri ilə təmin edilən azadlıqlar dövlətin orqanlarını həmin təsisatları müdafiə etmək hüququndan məhrum edə bilməz. Bununla əlaqədar olaraq Məhkəmə əvvəlki işlərdə gəldiyi bu nəticəni qeyd edir ki, demokratik cəmiyyətin müdafiəsi tələbi ilə fərdin hüquqlarının qorunması tələbi arasında müəyyən kompromisin olması Konvensiya sisteminə xasdır. Belə kompromisin mövcudluğu üçün dövlət orqanlarının hər hansı müdaxiləsi 11-ci maddənin 2-ci bəndinə uyğun olmalıdır. Yalnız bu məsələnin nəzərdən keçirilməsi yekunlaşdıqda Məhkəmə işin bütün hallarının işığında Konvensiyanın 17-ci maddəsinin tətbiq edilməli olub-olmadığı barədə qərar vermək iqtidarında olacaq (bax: Rifah Partiyası və başqaları Türkiyəyə qarşı [BP], ərizələr № 41340/98, 41342/98, 41343/98 və 41344/98, 96-cı bənd, ECHR 2003‑II).
72. Məhkəmə hesab edir ki, heç kimin demokratik cəmiyyətin ideya və dəyərlərini zəiflətmək və ya məhv etmək üçün Konvensiya müddəalarına istinad etməsinə icazə verilməməlidir. Müvafiq olaraq, demokratik sistemin sabitliyini və səmərəliliyini təmin etmək üçün dövlətin özünü müdafiə etməyə yönələn konkret tədbirlər görməsi tələb oluna bilər. Fərdi hüquqlara müdaxiləyə haqq qazandırmaq üçün dövlət hər dəfə "özünü müdafiə etməyə qadir olan demokratiya" prinsipinə istinad edərkən yuxarıda qeyd edilən balansa nail olmaq üçün sözügedən tədbirin əhatə dairəsini və nəticələrini diqqətlə qiymətləndirməlidir (bax: Jdanoka Latviyaya qarşı [BP], ərizə № 58278/00, 99-cu və 100-cü bəndlər, ECHR 2006‑IV).
73. Nəhayət, Məhkəmə bir daha xatırladır ki, "İnsan hüquqları haqqında ümumi bəyannamə"nin 15-ci maddəsindəki hüququn analoqu olan "vətəndaşlıq hüququ", yaxud konkret vətəndaşlığın əldə edilməsi və ya saxlanması Konvensiya ilə və ya onun Protokolları ilə təmin edilmir. Bununla belə, Məhkəmə bu ehtimalı istisna etmir ki, vətəndaşlıq verməkdən qanunsuz imtina etmə müəyyən hallarda Konvensiyanın 8-ci maddəsi üzrə məsələni meydana çıxara bilər, belə ki, imtina qərarı fərdin şəxsi həyatına təsir göstərə bilər (bax: Karassevin işi üzrə yuxarıda istinad edilən qərar; və Slivenko və başqaları Latviyaya qarşı (qərardad) [BP], ərizə № 48321/99, 77-ci bənd, ECHR 2002‑II). Eynilə, Məhkəmə artıq bu qənaətə gəlib ki, vətəndaşlıqdan imtina hüququ Konvensiya ilə və ya onun Protokolları ilə təmin edilmir; amma Məhkəmə bunu istisna edə bilməz ki, vətəndaşlıqdan imtina barədə müraciəti qanunsuz olaraq rədd edən qərar müəyyən müstəsna hallarda fərdin şəxsi həyatına təsir göstərərsə, Konvensiyanın 8-ci maddəsi üzrə məsələni meydana çıxara bilər (bax: Riner Bolqarıstana qarşı, ərizə № 46343/99, 153-154-cü bəndlər, 23 may 2006-cı il).
74. Beləliklə, Məhkəmə hesab edir ki, üzv dövlət 8-ci maddə üzrə öhdəliklərinin hüdudlarını genişləndirərək nikahdankənar valideyndən övlada keçən vətəndaşlıq hüququ təsis edibsə və bu məqsəd üçün prosedur müəyyən edibsə, nəticə etibarı ilə həmin dövlət bu hüququn Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulmuş ayrı-seçkilik olmadan həyata keçirilə bilməsini təmin etməlidir (bax: Cenovezenin işi üzrə yuxarıda istinad edilən qərar, 34-cü bənd).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
75. Məhkəmə qeyd edir ki, ərizəçinin fikrincə onun naturalizasiya yolu ilə Latviya vətəndaşlığı almaq üçün müraciəti ilə bağlı Nazirlər Kabinetinin mənfi qərar qəbul etməsi faktı onun ifadə və toplaşmaq azadlığına müdaxilə təşkil edib və beləliklə, bu qərar onu rəylərinə görə cəzalandırmış olub və öz azadlıqlarını həyata keçirməsinə çəkindirici təsir göstərib. Hökumət naturalizasiya yolu ilə vətəndaşlıq verməmək haqqında qərarla ifadə azadlığı arasında fərq qoydu, belə ki, ərizəçi Latviya vətəndaşı olsa da, olmasa da bu azadlığı həyata keçirə bilərdi.
76. Mahiyyətinə görə (ratione materiae) bu şikayətin Məhkəmənin yurisdiksiyasına aid olmaması ilə bağlı Hökumətin etirazını işə mahiyyəti üzrə baxılması ilə eyni vaxtda araşdırmaq barədə Məhkəmənin qərarı (yuxarıda 4-cü bəndə bax) nəzərə alınaraq, hazırda Məhkəmənin həll etməli olduğu birinci məsələ ondan ibarətdir ki, 10-cu və 11-ci maddələr bu işin hallarına tətbiq edilə bilərmi?
77. Ərizəçi iddia etdi ki, ona naturalizasiya yolu ilə Latviya vətəndaşlığı verməkdən imtina edilməsi müxtəlif nümayişlər zamanı təhsil islahatına qarşı ifadə etdiyi rəylərinə görə cəza tədbiri idi. Lakin Məhkəmə qeyd edir ki, ərizəçi öz rəylərini sərbəst surətdə ifadə etmək imkanına malik idi və onlar həmin dövrdə kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılırdı (yuxarıda 8, 15, 17 və 56-cı bəndlərə bax). Bundan başqa, o, təhsil islahatına dair rəylərini naturalizasiya barədə müraciəti rədd edildikdən sonra hər hansı maneə olmadan ifadə etməkdə davam edirdi (yuxarıda 8-ci və 15-ci bəndlərə bax). Bundan əlavə, ərizəçi siyasi aktivlik göstərir və ictimai maraq doğuran digər məsələlərə dair rəylərini ifadə etməkdə davam edirdi (yuxarıda 56-cı bəndə bax). Məhkəmə qeyd edir ki, müəyyən vətəndaşlıq statusunun olması və ya olmaması, belə görünür ki, ərizəçinin mülki fəaliyyətlərinə müdaxilə təşkil etməyib. Ərizəçi iddia etmişdi ki, onun naturalizasiya müraciəti ilə bağlı qərar onun fikirlərini söyləmək imkanına təsir göstərib və buna görə də onun ictimai maraq doğuran məsələlərin müzakirəsində iştirakına maneə yaradıb, amma Hökumət bunun əksinə dəlalət edən çoxsaylı sübutlar təqdim etdi (yuxarıda 8, 15, 17 və 56-cı bəndlərə bax), ərizəçi isə sonradan iddiasını əsaslandırmadı və ya bununla bağlı hər hansı sübut təqdim etmədi. Məhkəmənin sərəncamında belə düşünməyə əsas verən hər hansı başqa informasiya da yoxdur ki, Hökumətin vətəndaşlığa dair siyasəti ərizəçi üçün və ya analoji rəylərini ifadə edənlər üçün çəkindirici təsirə malik olub.
78. Ərizəçi naturalizasiya etməkdən imtinanın bir aşkar nəticəsini qeyd etdi: o, bələdiyyə və parlament seçkilərində, yaxud Avropa Parlamentinə seçkilərdə səs verə və ya namizəd qismində iştirak edə bilməzdi. Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin şikayəti Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində təsbit olunmuş hüquqlara aid deyil (əks situasiya üçün bax: yuxarıda qeyd edilən Jdanokanın işi üzrə qərar, 73-cü bənd). Eləcə də ərizəçi hazırkı mülki statusunu qoruyub saxlaya bilməməsi ilə əlaqədar olaraq Konvensiyanın 8-ci maddəsinin pozulduğunu iddia etməyib (əks situasiya üçün bax: Kuriç və başqaları Sloveniyaya qarşı [BP], ərizə № 26828/06, 314-cü bənd, ECHR 2012, çıxarışlar). Bu işin əhatə dairəsi hər şeydən əvvəl hazırkı ərizənin qəbul edilən olması barədə Məhkəmənin qərarı ilə müəyyən edilir və həmin ərizəyə Konvensiyanın 10, 11 və 13-cü maddələri üzrə şikayətlərdən savayı başqa şikayətlər daxil edilməyib (yuxarıda 3-cü və 4-cü bəndlərə bax).
79. Bundan başqa, ərizəçi özü etiraf edib ki, rəylərini ifadə etdiyinə və ya nümayişdə iştirak etdiyinə görə heç vaxt cinayət sanksiyasına məruz qalmayıb. Belə məlum olur ki, o, etiraz aksiyasında iştiraka görə bir dəfə xəbərdarlıq alıb; lakin o, bununla bağlı hər hansı əlavə təfsilatları – hadisənin tarixini, yerini və ya kontekstini göstərməyib.
80. İndi Məhkəmə onu qiymətləndirməlidir ki, naturalizasiya ilə bağlı qərar ərizəçinin ifadə və toplaşmaq azadlığını həyata keçirməsinə mane olmaq məqsədi daşıyan cəza xarakterli qərar idimi? Beynəlxalq hüquqa əsasən, naturalizasiyaya və ya hər hansı digər formada vətəndaşlığın verilməsinə dair qərarlar ilk növbədə dövlətin səlahiyyəti çərçivəsində olan məsələlərdir; adətən onlar dövlətlə vətəndaşlıq üçün müraciət etmiş şəxs arasında bağlılıq yaratmağa yönələn müxtəlif meyarlara əsaslanır (yuxarıda 37-ci və 38-ci bəndlərə bax). Vətəndaşlıq haqqında Avropa Konvensiyası Avropa Şurasının üzvü olan bir çox dövlətlər tərəfindən ratifikasiya olunmasa da (yuxarıda 39-cu bəndə bax), ona əlavə olunmuş İzahedici məruzədə qeyd edildiyi kimi, vətəndaşlığın anlayışı Nottebomun işində BƏM tərəfindən ifadə edilən ənənəvi vətəndaşlıq bağlarına əsaslanır (yuxarıda 40-cı və 41-ci bəndlərə bax). Naturalizasiya prosedurunun məqsədləri üçün meyarların seçilməsi prinsipcə beynəlxalq hüququn hər hansı konkret normalarından asılı deyil və dövlətlər şəxsin naturalizasiya barədə müraciətinə dair qərar verməkdə sərbəstdirlər (yuxarıda 38-ci bəndə bax). Lakin müəyyən hallarda dövlətlərin diskresion səlahiyyəti "müdaxilənin yolverilməzliyi" prinsipi vasitəsilə məhdudlaşdırılır, həmin prinsipə əsasən, hər hansı dövlətin digər dövlətin daxili və ya xarici işlərinə müdaxilə etməsi qadağandır (bax: Nikaraqua ərazisində və ona qarşı hərbi və yarımhərbi fəaliyyətlərə dair iş (Nikaraqua Amerika Birləşmiş Ştatlarına qarşı), şikayətin mahiyyəti üzrə BƏM-in 27 iyun 1986-cı il tarixli qərarı, 202-205-ci bəndlər). Amma belə məhdudiyyət hazırkı işin məqsədləri üçün hər hansı əhəmiyyət daşıyan məhdudiyyət sayıla bilməz.
81. Ərizəçi bu məsələ ilə bağlı iki arqument irəli sürərək iddia etdi ki, vətəndaşlıq vermə məsələlərində dövlətin diskresion səlahiyyəti tam qeyri-məhdud deyil. Birincisi, o, "İnsan hüquqları haqqında ümumi bəyannamə"yə və İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad etdi. Lakin artıq yuxarıda Məhkəmənin qeyd etdiyi kimi, "İnsan hüquqları haqqında ümumi bəyannamə"nin 15-ci maddəsindəki hüququn analoqu olan "vətəndaşlıq hüququ" Konvensiyada nəzərdə tutulmayıb (yuxarıda 73-cü bəndə bax). Eynilə, ərizəçinin İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin presedent hüququna etdiyi istinad da yanlışdır, belə ki, regional sənəd olan İnsan hüquqları haqqında Amerika Konvensiyasının 20-ci maddəsində vətəndaşlıq hüququna aid ətraflı müddəa var (yuxarıda 43-45-ci bəndlərə bax).
82. Ərizəçinin ikinci arqumenti ondan ibarət idi ki, dövlətin diskresion səlahiyyəti onun vətəndaşsızlıq hallarını azaltmaq öhdəliyi vasitəsilə məhdudlaşdırılıb. Məhkəmə qeyd edir ki, ərizəçi daxili qanunvericiliyə əsasən xüsusi mülki status verilmiş Latviya sakinləri (ölkədə "daimi yaşayan qeyri-vətəndaşlar") sırasına daxildir (nepilsoņi), yəni SSRİ dağıldıqdan sonra SSRİ vətəndaşlığını itirən və sonradan hər hansı başqa ölkənin vətəndaşlığını əldə etmək hüququna malik olsalar da bunu etməyən keçmiş SSRİ vətəndaşlarındandır (Latviya sakinlərinin kateqoriyaları ilə bağlı təfsilatlar üçün bu qərarlara bax: Slivenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 50-53-cü bəndlər; və Sısoyeva və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar, 46-47-ci bəndlər). Ərizəçi göstərmədi ki, daxili qanunvericilikdə müəyyən statusun mövcud olması və ya olmaması onun ifadə və toplaşmaq azadlığını həyata keçirməsinə necə təsir göstərə bilərdi.
83. Konvensiya sisteminə gəlincə, Məhkəmə bir daha xatırladır ki, müəyyən hallarda o qərara alıb ki, vətəndaşlıq sahəsində qanunsuz və ya ayrı-seçkilik xarakterli qərarlar ümumən insan hüquqlarına dair beynəlxalq hüquqi məsələləri və konkret olaraq Konvensiya üzrə məsələləri meydana çıxara bilər (yuxarıda qeyd edilən bu işlərə bax: Karassevin işi; Rinerin işi, 153-cü bənd; və Cenovezenin işi, 34-cü bənd). Lakin artıq yuxarıda qeyd edildiyi kimi, nə Konvensiyada, nə də ümumən beynəlxalq hüquqda müəyyən ölkənin vətəndaşlığını əldə etmək hüququ nəzərdə tutulmayıb. Ərizəçi bununla razılaşıb. Məhkəmə qeyd edir ki, "Vətəndaşlıq haqqında" Latviya qanununda ərizəçinin qeyd-şərtsiz olaraq Latviya vətəndaşlığını tələb etmək hüququna malik olduğunu (yuxarıda 20, 29 və 63-cü bəndlərə bax), yaxud Nazirlər Kabinetinin mənfi qərarının həmin vətəndaşlığı verməkdən qanunsuz imtina hesab edilməli olduğunu göstərən heç nə yoxdur (əks situasiya üçün bax: yuxarıda qeyd edilən Cenovezenin işi üzrə qərar, 34-cü bənd).
84. Ərizəçinin dövlətin vətəndaşlığını əldə etmək hüququ barədə iddiasının əsaslı olub-olmaması məsələsi prinsipcə həmin dövlətin daxili qanunvericiliyinə istinadən həll edilməlidir (Kolosovski Latviyaya qarşı (qərardad), ərizə № 50183/99, 29 yanvar 2004-cü il). Eynilə, şəxsə dövlətin vətəndaşlığını verməkdən qanunsuz olaraq imtina edilməsinin Konvensiya üzrə məsələni meydana çıxarıb-çıxarmaması daxili qanunvericilin müddəalarına uyğun olaraq müəyyənləşdirilməlidir (bax: Feher və Dolnik Slovakiyaya qarşı (qərardad), ərizələr № 14927/12 və 30415/12, 41-ci bənd, 21 may 2013-cü il). Daxili qanunvericiliyə uyğun olaraq naturalizasiya yolu ilə vətəndaşlıq vermə məqsədləri üçün meyarların seçilməsi dövlətlə müvafiq şəxs arasında hər bir cəmiyyətin zəruri hesab etdiyi bağlılığın xarakteri ilə əlaqəlidir. Bir çox ölkələrdə vətəndaşlığın əldə edilməsi sədaqət andı ilə müşayiət olunur və həmin andla şəxs dövlətə sadiq olacağını vəd edir. Məhkəmə sadiqlik məsələsini digər bir işdə bir qədər fərqli kontekstdə olsa da artıq araşdırıb və dövlətə sadiqlik ilə hökumətə sadiqlik arasında fərq qoyub (bax: Tenasenin işi üzrə yuxarıda qeyd edilən qərar, 166-cı bənd).
85. Məhkəmə qeyd edir ki, hazırkı işdə naturalizasiyaya aid qərarın məqsədləri üçün sadiqlik məsələsinin qiymətləndirilməsi iqtidarda olan hökumətə sadiqliyi deyil, dövlətə və onun Konstitusiyasına sadiqliyi nəzərdə tutur. Məhkəmə hesab edir ki, demokratik dövlət vətəndaşlıq əldə etmək istəyən şəxslərdin dövlətə, onun dayağını təşkil edən konstitusiyaya sadiq olmalarını tələb etmək hüququna malikdir. Ərizəçi buna etiraz etməyib. Məhkəmə ərizəçi ilə razılaşır ki, özünün ifadə və toplaşmaq azadlığını həyata keçirərkən o, hökumətin siyasəti ilə razılaşmamaqda sərbəstdir və bu zaman tənqidlər qanun çərçivəsində olmalıdır; o da doğrudur ki, hökumətə qarşı yol verilə bilən tənqidin hüdudları ayrıca vətəndaşa, yaxud hətta siyasətçiyə qarşı yol verilə bilən tənqidin hüdudlarından daha genişdir. Lakin bu məsələ naturalizasiya və onun həyata keçirilməsi prosedurları üçün müəyyən edilmiş meyarlar məsələsindən tamamilə fərqlidir, sonuncuların hər ikisi daxili qanunvericiliklə müəyyən olunur. Dövlətə və onun Konstitusiyasına sadiqlik tələbi ifadə və toplaşmaq azadlığına müdaxilə təşkil edə biləcək cəza tədbiri sayıla bilməz. Əksinə, o, naturalizasiya yolu ilə Latviya vətəndaşlığını əldə etmək istəyən hər kəsin riayət etməli olduğu meyardır.
86. Məhkəmə bunu anlaya bilmir ki, ərizəçinin onda maraq doğuran məsələlərə aid hökumət siyasəti ilə razılaşmadığını ifadə etməsinin qarşısı hansı yolla alına bilərdi. Eləcə də Məhkəmə onun hər hansı mitinqlərdə və ya hərəkatlarda iştirakının qarşısının alındığını göstərən hər hansı faktlar aşkar etmədi.
87. Müvafiq olaraq, Konvensiyanın 10-cu və 11-ci maddələri hazırkı işin hallarına tətbiq edilə bilməz və Məhkəmə Hökumətin etirazını dəstəkləyir.
II. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
88. Ərizəçi həmçinin Konvensiyanın 13-cü maddəsinə əsasən şikayət etdi ki, pozulduğunu iddia etdiyi hüquqları ilə bağlı hər hansı səmərəli daxili hüquqi müdafiə vasitəsinə malik olmayıb, belə ki, Ali Məhkəmənin Senatı Nazirlər Kabinetinin qərarının siyasi qərar olduğu barədə qərar çıxarıb. O hesab etdi ki, işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün prokurorun qaldırdığı vəsatət səmərəli hüquqi müdafiə vasitəsi deyildi, çünki hazırkı işdə sözügedən orqanın qərarından şikayət etmək olmazdı.
89. Konvensiyanın 13-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir".
90. Hökumət bununla razılaşmadı.
91. Məhkəmənin dəfələrlə bildirdiyi kimi, Konvensiyanın 13-cü maddəsi, Konvensiyadakı hüquq və azadlıqların ölkədaxili hüquq sistemində hansı formada təmin edilməsindən asılı olmayaraq, onların həyata keçirilməsi üçün milli səviyyədə hüquqi müdafiə vasitəsinin əlçatan olmasını təmin edir. Beləliklə, 13-cü maddənin tələbi ondan ibarətdir ki, Konvensiyaya aid "əsaslandırıla bilən şikayətin" mahiyyətinin araşdırılması və müvafiq kompensasiyanın təyin olunması üçün daxili hüquqi müdafiə vasitəsi təmin edilməlidir, hərçənd ki, bu maddədə nəzərdə tutulmuş Konvensiya öhdəliklərinin yerinə yetirilməsi üsulunun müəyyənləşdirilməsində iştirakçı dövlətlərə müəyyən sərbəstlik verilir (misal üçün bax: Bazyaks Latviyaya qarşı, ərizə № 71572/01, 127-ci bənd, 19 oktyabr 2010-cu il; əlavə istinadlarla).
92. Yuxarıda Konvensiyanın 10-cu və 11-ci maddələrinin hazırkı işə tətbiqinin mümkünsüzlüyü qənaətinə gəlmiş Məhkəmə 13-cü maddə barəsində də eyni nəticəyə gəlir, belə ki, bu işdə Konvensiyaya aid "əsaslandırıla bilən şikayət" mövcud deyil (bax: Boyl və Rays Birləşmiş Krallığa qarşı, 27 aprel 1988-ci il tarixli qərar, 52-ci bənd, A seriyaları, № 131).
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, Konvensiyanın 10-cu və 11-ci maddələri bu işə tətbiq edilə bilməz;
2. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi bu işə tətbiq edilə bilməz.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 13 yanvar 2015-ci ildə yazılı şəkildə elan olunub.
Pyaivi Hirvela (Päivi Hirvelä)
Sədr
Fransuaza Elens-Passos (Françoise Elens-Passos)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Mənbə kimi 27 aprel, 28 iyul, 14 və 17 avqust 2004-cü il tarixli media məlumatlarına istinad edilmişdi.
[2] Mənbə kimi 21 fevral və 13 mart 2004-cü il tarixli media məlumatlarına istinad edilmişdi.
[3] Mənbə kimi 21 fevral, 8 mart və 1 aprel 2004-cü il tarixli media məlumatlarına istinad edilmişdi.
[4] Mənbə kimi 21 fevral 2004-cü il tarixli media məlumatlarına istinad edilmişdi.
[5] Mənbə kimi 10 dekabr 2004-cü il tarixli media məlumatlarına istinad edilmişdi.
Full & Egal Universal Law Academy