Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 197
İyun 2016-cı il
***
Filippu (Philippou) Kiprə qarşı – ərizə № 71148/10
14.6.2016 tarixli qərar [III Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsi birinci bəndi
Öz mülkiyyətindən maneəsiz istifadə hüququ
İşdən azad edilmə ilə nəticələnmiş intizam icraatından sonra avtomatik olaraq mülki dövlət qulluqçusu pensiyası almaq hüququndan məhrum edilmə: pozuntu baş verməyib
Faktlar – Mülki dövlət qulluqçusu olan ərizəçi 2005-ci ildə digər əməllərlə yanaşı dələduzluq, aldatma yolu ilə pul əldə etmə, çekləri saxtalaşdırma əməllərinə görə məhkum edildi və beş il müddətinə azadlıqdan məhrumetmə cəzası aldı. Bunun ardınca aparılmış intizam icraatı nəticəsində o, işdən azad edildi ki, bu da avtomatik olaraq onun mülki dövlət qulluqçusu pensiyası almaq hüququndan məhrum edilməsi ilə nəticələndi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi imtiyazlı pensiya hüququndan məhrum edilməsi ilə əlaqədar olaraq 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasından şikayət etdi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçinin imtiyazlı pensiya hüququndan məhrum edilməsi onun öz mülkiyyətindən maneəsiz istifadə hüququna qanuni müdaxilə təşkil edirdi.
Bu müdaxilənin mütənasibliyi məsələsinə gəlincə, Məhkəmə xatırlatdı ki, o, pensiya məbləğinin azaldılması, yaxud hətta müvafiq hallarda ümumiyyətlə pensiya hüququndan məhrum edilmə barədə müddəanın nəzərdə tutulmasının mahiyyət etibarı ilə əsassız olduğunu hesab etməyib. Ümumiyyətlə,* pensiya hüququndan tam məhrum edilmə böyük ehtimalla 1 saylı Protokolun 1-ci maddəsinin pozmuş olur,** pensiya məbləğinin Məhkəmə tərəfindən ağlabatan və mütənasib hesab edilən həddədək azaldılması isə, əksinə, həmin maddəni pozmaya bilər.*** Bu məsələdə düzgün balansın təmin edilib-edilməməsi hər bir ayrıca işin hallarından və konkret amillərindən asılıdır.
Ərizəçinin işinə gəlincə, Məhkəmə qeyd etdi ki, birincisi, ərizəçi cinayətə görə məhkum edildikdən sonra ona qarşı başlanmış ayrıca intizam icraatında ərizəçinin fərdi durumu dərindən nəzərdən keçirilmiş və yalnız bundan sonra dövlət orqanları ona bu sanksiyanı tətbiq etməyi qərara almışdılar. Bundan başqa, imtiyazlı pensiya hüququndan məhrum edilmə qərarına iki yurisdksiya səviyyəsində Ali Məhkəmə tərəfindən yenidən baxılmışdı. Beləliklə, ərizəçi geniş prosessual təminatlardan yararlanmışdı.
İkincisi, mübahisələndirilən qərar ərizəçini yaşayış üçün vəsaitdən tam məhrum etmirdi. Məhrumetmə qərarı yalnız onun dövlət qulluqçusu qismində imtiyazlı pensiya hüququna aid idi. Ərizəçinin ümumi sosial təminat sistemi çərçivəsində özünün və işəgötürəninin sığorta haqları ödədiyi Sosial Sığorta Fondundan pensiya almaq hüququ saxlanılmış və o, 2012-ci ildə həmin pensiyanı almağa başlamışdı.
Üçüncüsü, ərizəçi həbsdə olarkən onun arvadı ərizəçinin işdən azad edilməsi əsasında deyil, vəfat etməsi ehtimalı əsasında ailə başçısını itirməyə görə pensiya alırdı ki, bu da ailənin dərhal pensiya almasını təmin edirdi.
Ərizəçi tərəfindən törədilmiş hüquq pozuntularının ağırlığını intizam tədbirlərinin nəticələri ilə tutuşdurub müqayisə edərək və yuxarıdakı bütün amilləri nəzərə alaraq, Məhkəmə müəyyən etdi ki, ərizəçinin üzərinə fərdi və həddən artıq ağır yük qoyulmayıb.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
* Misal üçün bax: Da Silva Karvalyu Riku Portuqaliyaya qarşı (qərardad), ərizə № 13341/14, 1 sentyabr 2015-ci il; və Stefanetti və başqaları İtaliyaya qarşı, ərizələr № 21838/10 və s., 15 aprel 2014-cü il, 173 saylı Məlumat bülleteni.
** Misal üçün bax: Apostolakis Yunanıstana qarşı, ərizə № 39574/07, 22 oktyabr 2009-cu il, 123 saylı Məlumat bülleteni.
*** Misal üçün bax: Da Silva Karvalyu Rikunun işi üzrə yuxarıda istinad edilən qərar; Arras və başqaları İtaliyaya qarşı, ərizə № 17972/07, 14 fevral 2012-ci il, 149 saylı Məlumat bülleteni; və Pulen Fransaya qarşı (qərardad), ərizə № 52273/08, 8 fevral 2011-ci il.
Full & Egal Universal Law Academy