© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
ÜÇUNCÜ BÖLMƏ
POQOSYAN VƏ BAQDASARYAN ERMƏNİSTANA QARŞI İŞİ
(CASE OF POGHOSYAN AND BAGHDASARYAN v. ARMENIA)
(22999/06 saylı ərizə)
QƏRAR
STRASBURQ
12 iyun 2012-ci il
YEKUN
12/09/2012
Konvensiyanın 44 § 2 Maddəsinə əsasən qərar yekundur. Qərarda redaktə xarakterli dəyişikliklər edilə bilər.
Poqosyan və Baqdasaryan Ermənistana qarşı işinə
Aşağıdakı tərkibdən:
Josep Casadevall, Sədr,
Alvina Gyulumyan,
Egbert Myjer,
Ján Šikuta,
Ineta Ziemele,
Luis López Guerra,
Kristina Pardalos, hakimlər,
və Santiago Quesada, Bölmə Katibindən
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Bölmə) 22 may 2012-ci il tarixində qapalı müşavirə keçirərək
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş 16 may 2006-cı ildə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü Maddəsinə əsasən, Məhkəməyə müraciət edən iki Ermənistan vətəndaşının – c-b Armen Poqosyan və x-m Anahit Baqdasaryanın (“ərizəçilər”) Ermənistan Respublikasına qarşı təqdim etdikləri iddia ərizəsi (№- 22999/06) əsasında açılmışdır.
2. Ərizəçiləri Yerevanda peşəkar fəaliyyətlə məşğul olan vəkil x-m S. Safaryan təmsil edirdi. Ermənistan Hökumətini (“Hökumət”) onların nümayəndəsi, Ermənistan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsində Nümayəndəsi Q. Kostanyan təmsil edirdi.
3. C-b Poqosyan (“birinci ərizəçi”) xüsusilə onunla pis rəftar, qanunsuz tutulma və həbs və ədalətsiz məhkum edilməsi nəticəsində ona dəymiş qeyri-maddi zərərə görə heç bir təzminat ödənilmədiyini iddia edirdi.
4. 20 noyabr 2008-ci ildə iddia ərizəsi Hökumətə kommunikasiya edilib. Həmçinin, ərizəyə qəbuledilənliyi və mahiyyəti üzrə eyni zamanda baxmaq barədə qərar alınmışdır (Maddə 29 § 1).
FAKTLAR
I. İŞİN HALLARI
5. İddiaçılar müvafiq olaraq 1976 və 1932-ci illərdə anadan olublar və Ermənistanın Saratovka qəsəbəsində yaşayırlar.
6. İkinci ərizəçi birinci ərizəçinın anasıdır.
7. 8 oktyabr 1998-ci ildə birinci ərizəçi zorlama və adam öldürmə törətməkdə şübhəli bilinərək polis məntəqəsinə aparıldı. Həbs protokolunda qətl onun həbsinin səbəbi kimi qeyd olundu və protokol onun tərəfindən imzalandı. Polis məntəqəsində bir sıra polis işçisi onunla pis rəftar etdilər, sonra isə müstəntiq tərəfindən dindirildiyi zaman o, cinayəti etiraf etdi.
8. 11 oktyabr 1998-ci ildə birinci ərizəçi məhkəməyəqədər saxlama təcridxanasına salındı və 21 oktyabr 1998-ci ildə o, zorlama və adam öldürmədə rəsmi olaraq təqsirləndirildi.
9. 29 mart 1999-cu ildə Lori Rayon Məhkəməsi birinci ərizəçinı ona qarşı irəli sürülmüş ittihamlara əsasən təqsirli bildi və onu digər məsələlərlə yanaşı (inter alia) özünün etirafına əsasən on beş il müddətinə azadlıqdan məhrum etdi. Bu Məhkəmə qərarı Appelyasiya Məhkəməsi və Kassasiya Məhkəməsi tərəfindən müvafiq olaraq 20 may və 16 iyun 1999-cu ildə təsdiq edildi. Buradan görünür ki, bütün icraat boyunca birinci ərizəçi tərəfindən cinayət əməli törətdiyini təzyiq altında etiraf etməsini iddia etməsi uğursuz olmuşdur.
10. Ermənistana münasibətdə Konvensiya və 7 saylı Protokol müvafiq olaraq 26 aprel və 1 iyul 2002-ci il tarixlərində qüvvəyə mindi.
11. 24 noyabr 2003-cü ildə Baş Prokurorluq birinci ərizəçinın təqsirsizliyini sübut edəcək yeni dəlillər aşkar olunduğuna görə işin yenidən açılması üçün iddia qaldırmışdır. Xüsusilə, birinci ərizəçinın təqsirləndirildiyi cinayətlərin əsil törədicisi eyni mahiyyətli cinayətin təkrar törədilməsindən sonra tapıldı. Bundan başqa, birinci ərizəçinın məhkumluğu qanunlara zidd olaraq əldə edilən saxta dəlillərə əsaslanmışdı.
12. 2 aprel 2004-cü ildə Kassasiya Məhkəməsi ərizəni təmin etdi və birinci ərizəçinin məhkumluğunu ləğv edərək işi yenidən araşdırılması üçün geri göndərdi. Bununla, Kassasiya Məhkəməsi aşkar etdi ki, birinci ərizəçinın məhkum edilməsindən sonra işə baxılması zamanı məhkəməyə məlum olmayan yeni hallar aşkar edilmişdir. Bu hallar inanmağa əsas verir ki, birinci ərizəçinın cinayət işinə baxılan zaman yol verilən cinayət məcəlləsinin pozuntuları cinayət işinin obyektiv, hərtərəfli və tam şəkildə araşdırılmasına öz təsirini göstərmişdir
13. 17 aprel 2004-cü il tarixində ilkin istintaqda iştirak edən müstəntiq və bir neçə polis zabitinə qarşı cinayət icraatı başlandı. Onlar birinci ərizəçiyə ifadə vermək üçün vəzifə səlahiyyətlərini aşaraq təzyiq göstərməkdə ittiham olundular.
14. Həmin tarixdə birinci ərizəçi, cəzasının beş il altı ay müddətini çəkdiyindən sonra, öz yaşayış yerini tərk etməyəcəyinə dair yazılı iltizam verərək həbsxanadan azad edilmişdir.
15. 29 aprel 2004-cü il tarixində birinci ərizəçiyə qarşı cinayət işinə Cinayət Prosessual Məcəlləsinin (CPM) 35 § 1(2) Maddəsi ilə cinayət tərkibinin olmaması səbəbindən xitam verilmişdir.
16. Həmin tarixdə Baş Prokurorluqdan birinci ərizəçiyə məktub göndərilərək, ona, qərar və onun bundan sonra “bəraət qazanmış şəxs” hesab edilməsi və mülki hüquq əsasında təzminat tələb etmə hüququ olduğuna dair məlumat verilmişdir. Məktuba Baş Prokurorluğun baş vermiş bu məhkəmə səhvinə görə üzr istəməsi əlavə edilmişdir.
17. 6 may 2004-cü il tarixində birinci ərizəçinın zərərçəkmiş olduğu qəbul edilmişdir. Müvafiq qərarla, onun, polis zabitləri və istintaq orqanlarının qeyri-qanuni hərəkətləri nəticəsində psixoloji, fiziki və maddi zərərə məruz qaldığı bildirilmişdir.
18. 15 iyun 2005-ci il tarixində Lori Rayon Məhkəməsi iki polis zabitini onlara qarşı irəli sürülən ittihamlarda təqsirli bilərək, onları üç illik azadlıqdan məhrumetmə və iki il müddətinə müəyyən vəzifələri tutmadan məhrum etmə ilə cəzalandırmış, lakin amnistiyadan yararlanaraq onlar həbsxanadan vaxtından əvvəl azad edilmişdilər. Rayon Məhkəməsi, digər hallarla yanaşı, aşkar etmişdir ki, 8 oktyabr 1998-ci il tarixdə birinci ərizəçi və onun qardaşıni polis bölməsinə gətirmişlər və orada polis zabitləri birinci ərizəçiylə pis rəftar edərək ondan etiraf əldə etmək istəmişlər. Birinci ərizəçi etiraf etməkdən imtina etdiyi zaman, polis zabitlərindən biri onu təpikləyərək, yumruqla vurmuş və sonra onu qanunsuz şəkildə polis bölməsində saxlamışdır. Daha sonra, həmin gün iki polis zabiti birinci ərizəçinı döyməyə davam etmişlər. Onlardan biri iki əliylə onun qulaqlarından zərbə vurmuşdu ki, nəticədə onun sol qulaq pərdəsi partlamışdır. Sonra, onlar butulka gətirərək birinci ərizəçinı onun üstündə oturtmağa çalışmışlar. Eyni zamanda, digər polis zabiti birinci ərizəçinın qardaşını qonşu otaqda döyür və birinci ərizəçiyə öz qardaşının harayını eşitdirirdi. Pis rəftardan qurtarmaq üçün heç bir yolu olmadığını anlayan birinci ərizəçi cinayəti etiraf etdi. Növbəti gün, birinci ərizəçinı təhqiqat üçün cinayət hadisəsinin baş verdiyi yerə aparmadan əvvəl, polis zabitlərindən biri onu xəbərdarlıq məqsədilə bir neçə dəfə yumruq zərbələri ilə vurmşdur. Bundan sonra, 14, 16 və 19 oktyabr 1998-ci il tarixlərində birinci ərizəçi öz saxlanma kamerasından çıxarılıb, polis məntəqəsinə gətirilmişdir və burada polislər onunla pis rəftar edərək zərərçəkəni öldürdükdən əvvəl onu zorladığını qəbul etməyə məcbur etmişlər. Birinci ərizəçi pis rəftara dözə bilmədiyi üçün cinayəti boynuna almağa məcbur olmuşdur.
19. Həmin məhkəmə qərarından apelyasiya şikayəti verilməmişdir.
20. 17 sentyabr 2004-cü il tarixində birinci ərizəçi məhkəmələrdə mülki iddia qaldıraraq, əziyyət çəkdiyi pis rəftar, qanunsuz tutulma və həbs və ədalətsiz məhkum olunduğuna əvəz olaraq 34,050,000 AMD (Ermənistan dramı) məbləğində maddi zərərin ödənilməsini tələb etmişdir.
21. Qeyri-müəyyən tarixdə x-m Baqdasaryan (“ikinci ərizəçi”) mülki iddiaya birgə şikayətçi qismində qoşularaq birinci ərizəçinın tələb etdiyi maddi təzminatın təqribən yarısını tələb etmişdir.
22. Qeyri-müəyyən tarixdə birinci ərizəçi əlavə iddia qaldıraraq, 60,000,000 AMD dəyərində qeyri-maddi zərərin ödənilməsini tələb etmişdir. O, digər qeyd olunanlara əlavə olaraq, indiyədək yalnız maddi zərəri tələb etməsinə baxmayaraq, əslində daha çox mənəvi zərərdən əziyyət çəkdiyini bildirmişdir. Konvensiyanın presedent hüququ belə hallarda qeyri-maddi zərərin ödənilməsini təmin edir.
23. 28 aprel 2005-ci il tarixində Yerevanın Kentron və Nork-Maraş Rayon Məhkəməsi qeyri-maddi zərərə dair tələbi bu növ zərərin Mülki Məcəllənin 17-ci Maddəsində nəzərdə tutulmadığını əsas tutaraq rədd etdi. Rayon Məhkəməsi maddi zərərə dair tələbini qismən təmin edərək, digər hallarla yanaşı, CPM-in 66-cı Maddəsinə əsasən, birinci ərizəçinın – bəraət qazanmış şəxs kimi – qeyri qanuni tutulması, həbsi, ittiham və məhkum olunmasının əvəzi olaraq maddi təzminat tələb etmək hüquqna malik olduğunu müəyyən etmiş və ona 11 oktyabr 1998 və 17 aprel 2004-cü illər ərzində itirdiyi gəlir qarşılığında 6,250,000 AMD məbləğində təzminat ödəmişdir. İkinci ərizəçiyə, yol, bağlamaların poçtla göndərilməsi və məhkəmə xərcləri üçün 1,500,000 AMD ödənilmişdir.
24. 12 may 2005-ci il tarixində birinci ərizəçi apelyasiya şikayəti verib.
25. 31 avqust 2005-ci il tarixində Mülki Apelyasiya Məhkəməsi birinci ərizəçinın iddiasını təmin etməyərək Rayon Məhkəmənin qərarını qüvvədə saxladı.
26. 16 sentyabr 2005-ci il tarixində ərizəçilər hüquq məsələlərinə dair apellyasiya şikayəti qaldırdılar.
27. 18 noyabr 2005-ci il tarixdə, ərizəçilərın şikayəti Kassasiya Məhkəməsi tərəfindən rədd edildi.
II. MÜVAFİQ MİLLİ QANUNVERİCİLİK
A. Mülki Məcəllə (1 yanvar 1999-cu ildən qüvvədədir)
28. Mülki Məcəllənin müvafiq müddəaları aşağıda qeyd olunanları təmin edir:
Maddə 17: Vurulmuş ziyan üzrə təzminat
“1. Hüquqları pozulmuş hər hansı bir şəxs, qanun və ya müqavilə ilə aşağı məbləğdə təzminat nəzərdə tutulmayıbsa, zərər çəkdiyi ziyan üzrə tam təzminat tələb edə bilər.
2. Zərər – hüquqları pozulmuş şəxsin pozulmuş hüquqları, əmlakının itirilməsi və ya əlavə ziyanın (maddi ziyan), həmçinin şəxsin hüquqları pozulmadıqda (qazancın itirilməsi) normal vətəndaş həyatında əldə edə biləcəyi qazancın itirilməsini bərpa etməsi ilə əlaqədar yaranmış və ya yaranabiləcək xərclərdir. ...”
Maddə 1064: Müstəntiq, istintaq organı, Prokurorluq və məhkəmə tərəfindən qeyri qanuni hərəkətlər nəticəsində dəymiş zərər üzrə Öhdəlik
“1. Qeyri qanuni məhkumluq, [qeyri qanuni] cinayət ittihamı, saxlanılma şəklində [qeyri qanuni] məhdudlaşdırma tədbiri və ya yaşayış yerini tərk etməmə üzrə yazılı vədin təyin edilməsi, və [qeyri qanuni] inzibati cərimə nəticəsində vurulmuş zərər Ermənistan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada, müstəntiq, istintaq orqanı, prokurorluq və ya məhkəmənin səhvi olmasına baxmayaraq tam şəkildə ödənilməlidir.
B. Cinayət Prosessual Məcəlləsi (CPM) (12 yanvar 1999-cu ildən qüvvədədir)
29. Cinayət Prosessual Məcəllənin müvafiq müddəaları aşağıda qeyd olunanları təmin edir:
Maddə 35: Cinayət prosesi və ya cinayət ittihamını aradan qaldıran hallar
“1. Əgər: ... (2) aktda cinayət tərkibinə dair məlumat azlığı vardırsa heç bir cinayət prosesi açılmamalı (Քրեական գործի վարույթ) və ya cinayət ittihamı (քրեական հետապնդում) irəli sürülməməli, və artıq açılmış hər hansı bir cinayət prosesinə xitam verilməlidir; ...”
Maddə 66: Bəraət qazanmış şəxs
“1. Şəxs, ona qarşı qaldırılmış cinayət ittihamı və ya cinayət prosesinə, digər məsələlərlə yanaşı, bu Məcəllənin 35 § 1(2) Maddəsi ilə xitam verildikdə və ya şəxs məhkəmə qərarı əsasında bəraət qazandıqda o bəraət qazanmış hesab edilir.
...
3. Bəraət qazanmış şəxs ona, qeyri qanuni həbs, saxlanılma, ittiham və məhkum edilmə nəticəsində dəymiş maddi ziyanın və nəzərə alınan qazancın itirilməsi ehtimalı qarşılığında tam təzminat tələb etmək hüququna malikdir. ...”
III. AVROPA ŞURASININ MÜVAFİQ SƏNƏDLƏRİ
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyanın 7 saylı Protokoluna əlavə olunmuş İzahat Hesabatı (ETS # 117)
30. İzahat Hesabatının müvafiq bəndləri aşağıda verildiyi kimi səslənir:
Maddə 3
“22. Bu Maddə, qurbana məhkəmə səhvi səbəbindən ödəniləcək təzminatın müəyyən şərtlər əsasında veriləcəyini göstərir.
İlk olaraq, aidiyyatı olan şəxs yekun qərar ilə cinayət səbəbindən məhkum olunmalı və bu məhkumluq nəticəsində cəzasını çəkməlidir. Cinayət Qərarlarının Beynəlxalq Etibarlılığına dair Avropa Konvensiyasının izahatında verilmiş təyinata əsasən, qərar “ənənəvi ifadəyə əsasən, təkrar baxılmama qüvvəsini (res judicata) əldə etdikdə, yekun hesab edilir. Bu ləğv olunmaz bir haldır, yani ki, heç bir əlavə vasitənin əldə olunmadığı və ya tərəflərin bu kimi vasitələri tükətdiyi və ya onlardan istifadə etmədən müddətlərinin bitməsinə imkan verdikləri deməkdir. Buradan belə nəticə çıxır ki, yerli qanunvericilik tərəfindən dinləmələrin yenidən qaldırılması nəzərdə tutulubsa qərar yekun hesab edilmir. Buna bənzər olaraq, bu maddə ittihamın rədd edildikdə və ya təqsirləndirilən şəxs ya birinci instansiya məhkəməsi və ya appelyasiya zamanı daha yüksək instansiyalı məhkəmə tərəfindən azad edildiyi hallarda tətbiq edilmir. Lakin əgər, belə imkanın nəzərdə tutulduğu Dövlətlərdən birində şəxsə apelyasiya şikayəti vermış müddəti başa çatdıqdan sonra həmin şikayıti verməyə imkan yaradılarsa və apelyasiya baxışı zamanı onun məhkumluğu ləğv edilərsə, bu zaman maddənin digər şərtləri, xüsusilə, aşağıdakı 24-cü bənddə təsvir edilmiş şərtlər tətbiq edilə bilər.
23. İkincisi, maddə yalnız şəxsin məhkumluğu ləğv və ya o əfv edildikdə, və bu zaman aydın şəkildə yeni və ya yenicə aşkarlanmış fakt əsaslı şəkildə ədalət sistemində səhvin baş verdiyini göstərdikdə - yəni ki, məhkəmə prosesində məhkum edilmiş şəxsə ağır şəkildə xələl gətirən ciddi nöqsanlar olduğu zamanı tətbiq edilir. Nəticə etibarı ilə, ittiham digər səbəblərlə ləğv və ya əfv edildiyi zaman bu maddə altında heç bir təzminatın ödənilməsi tələbi mövcud deyildir. Maddə, məhkəmə prosesi zamanı baş verən səhvləri düzəltmək üçün tətbiq ediləcək prosesin təbiətinə dair hər hansı bir qaydalar qoymağa çalışmır. Bu, müvafiq Dövlətin yerli qanun və ya təcrübəsinə aid məsələdir. “Və ya o, əfv edilmişdir” sözləri ona görə daxil edilmişdir ki, bəzi hüquq sistemlərində yekun qərar verildikdən sonra istifadə edilməli olan uyğun vasitə məhkumluğun ləğv edilməsi məqsədilə aparan hüquqi icraatlar deyil, məhz əhv ola bilər.
24. Yekun olaraq, naməlum faktın zamanında tamamilə və ya qismən təqsirləndirən şəxsə görə açıqlanmamasını göstərmək mümkün olduqda, bu müddəa altında heç bir təzminat ödənilməsi hüququ mövcud deyildir.
25. Bu ilkin şərtlərin təmin edildiyi bütün hallarda, təzminat “aidiyyəti olan ölkənin qanun və ya təcrübəsinə əsasən” ödənilə biləndir. Bu o demək deyildir ki, qanun və ya təcrübədə belə müddəalar olmadığı halda heç bir təzminat ödənilə bilməz. Bu, dövlətin qanun və ya təcrübəsinin maddənin tətbiq olunduğu bütün hallar üzrə ödənişləri təmin etməsi deməkdir. Burada məqsəd ondan ibarətdir ki, Dövlət ədliyyə sistemində aşkar səhv baş verdikdə və ya şəxsin günahsızlığı dəqiq şəkildə təsdiqləndiyi halda təzminat ödəmək öhdəliyi daşımalıdır. Bu maddə, bütün ilkin şərtlərə əməl olunmadıqda, məsələn, apelyasiya məhkəməsinin təqsirləndirilən şəxsin təqsirli olmasına dair əsaslı şübhə yaradan və birinci instansiya məhkəməsinin hakimi tərəfindən nəzərdən qaçırılmış faktı aşkarlaması səbəbindən məhkumluğu ləğv etdiyi hallarda təzminat hüququnun verilməsini nəzərdə tutmur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. İKİNCİ ƏRİZƏÇİNİN ZƏRƏRÇƏKMIŞ STATUSU
31. Məhkəmə ilk növbədə ikinci ərizəçinin zərərçəkmiş kimi statusu barədə qərar verməyi zəruri hesab edir. Məhkəmə təkrarən qeyd edir ki, Konvensiyanın 34-cü Maddəsində istifadə olunmuş “zərərçəkmiş” ifadəsində hərəkət və ya hərəkətsizlik nəticəsində birbaşa təsir edilmiş şəxs nəzərdə tutulur (bax, digər bir sıra mənbələrlə yanaşı, Vatan Rusiyaya qarşı (Vatan v. Russia) 7 oktyabr 2004-cü il, no. 47978/99, § 48).
32. Hazırkı işdə yalnız birinci ərizəçi həbs edilib pis rəftara məruz qalmışdır və məhz onun barəsində çıxarılmış məhkumluq hökmü sonradan ləğv edilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, ikinci ərizəçiyə münasibətdə ərizə ratione personae (nəzərdə tutulan şəxs səbəbindən) Konvensiyanın 35 § 3 Maddəsinin mənasına uyğyn deyil və, beləliklə, Konvensiyanın 35 § 4 Maddəsinə əsasən rədd edilməlidir.
33. Bu səbəbdən Məhkəmə ərizədə qeyd olunmuş şikayətlərə baxışı yalnız birinci ərizəçiyə aidiyyəti olan şikayətlər ilə məhdudlaşdıracaq. Aydınlıq üçün, birinci ərizəçi bundan sonra sadəcə “ərizəçi” adlandırılacaq.
II. KONVENSİYANIN 5 § 5 VƏ 13-cü MADDƏLƏRİNİN VƏ KONVENSİYANIN 7 SAYLI PROTOKOLUNUN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
34. Ərizəçi ona qarşı pis rəftara, qanunsuz tutulub saxlanılmasına və ədalətsiz məhkum edilməsinə dair qeyri-maddi zərərin ödənilməsinə görə verdiyi iddianın təmin edilməməsindən şikayət edərək Konvensiyanın 3, 5 və 6-cı Maddələrinə istinad edib. Məhkəmə hesab edir ki, bu şikayətə mətnləri aşağıda verilmiş Konvensiyanın 5 § 5 və 13-cü Maddələri və Konvensiyanın 7 saylı Protokolunun 3-cü Maddəsi çərçivəsində baxılmaldır:
Konvensiyanın 5 § 5 Maddəsi
“Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.”
Konvensiyanın 13-cü Maddəsi
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
Konvensiyanın 7 saylı Protokolunun 3-cü Maddəsi
“Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı sürətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.”
A. Qəbuleddilənlik
35. Məhkəmə qeyd edir ki, onun ərizəçinin şikayətlərinin mahiyyətinə qiymət vermək yurisdiksiyası müddət baxımından sual altına alına bilər, nəzərə alaraq ki, ərizəçinin pis rəftara məruz qalması, qanunsuz tutulması və həbsi və ədalətsiz məhkum edilməsinə dair Konvensiyanın 3, 5 və 6-cı Maddələrinə istinadən etdiyi şikayətləri ratione temporis (müddət səbəbindən – aşağıdakı 55-57 bəndlərə bax) Məhkəmənin səlahiyyətindən kənardır. Buna baxmayaraq, Məhkəmə qeyd edir ki, ərizəçinin iddia etdiyi pis rəftarın araşdırılması, polis əməkdaşlarının məhkum edilməsi və ərizəçiyə təzminat ödənilməsinə dair məhkəmə prosesi Konvensiyanın Ermənistana münasibətdə qüvvəyə minməsindən sonra baş vermişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 5 § 5 və 13-cü Maddələri və Konvensiyanın 7 saylı Protokolunun 3-cü Maddəsinə dair şikayətləri Məhkəmənin ratione temporis səlahiyyətinə daxildir.
36. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35 § 3 (a) Maddəsinin mənası daxilində açıq-aşkar əsassız deyil və hesab edir ki, bunlar hər hansı digər səbəbdən də qəbuledilməz sayıla bilməz. Beləliklə, bunlar qəbuledilən elan edilməlidir.
B. İşin halları
1. Tərəflərin təqdimatları
(a) Hökumət
37. Hökumət 5 § 5 Maddəyə münasibətdə iddia etmişdir ki, bu Maddə 5-ci Maddənin bir və ya bir neçə digər müddəasının pozulmasını nəzərdə tutur, həmin hallar isə hazırkı işdə mövcud deyil. Ərizəçinin müvafiq vaxtda tutulması və həbsi 5-ci Maddəni pozmamışdır, çünki milli məhkəmələr qanuna uyğun hərəkət etmişlər. Ərizəçinin səlahiyyətli məhkəmə tərəfindən məhkum edilməsi səbəbindən 5 § 1 (a) Maddəsinin pozulması halı mövcud deyil, və ərizəçinin həbs edilməsinin məqsədi onun zorlama və adam öldürmə cinayətlərində şübhəli şəxs qismində səlahiyyətli hakim qarşısına gətirmək olduğundan bu işdə 5 § 1 (c) Maddəsinin pozulması halı da müşahidə olunmur. Müvafiq vaxtda milli məhkəmədə fərqli qərarın verilməsini əsaslandıra bilən heç bir sübutlar yox idi. Bu işdə 5 § 2 Maddəsinin pozulması da mövcud deyil, çünki ərizəçi polis məntəqəsinə gətirildiyi gün özünün həbs protokolunu imzalamışdır və, şübhəsiz, həbs olunduğunun səbəbini bilirdi. Müvafiq olaraq, bu işdə 5 §§ 3 və 4 Maddələrinin də pozulması halı yoxdur.
38. Hökumət sonra iddia etmişdir ki, ərizəçinin məhkumluğunun sonradan ləğv edilməsi və ona qarşı cinayət işinə xitam verilməsi hələ onun əvvəlki tutulmasını və həbsini 5-ci Maddəyə zidd etmir, çünki bunlar vaxtında həmin Maddənin tələblərinə uyğun və ağlabatan şübhə əsasında aparılmışdır.
39. Hökumət eyni zamanda 13-cü Maddəyə münasibətdə iddia etmişdir ki, ərizəçi müvafiq müdafiə vasitələrindən istifadə etmişdir. Xüsusilə də, yeni hallar müəyyən edildiyi kimi polis əməkdaşlarına qarşı dərhal cinayət işi açıldı, ərizəçiyə zərərçəkən statusu verildi, polis əməkdaşları məhkum edildi, ərizəçiyə qarşı cinayət işinə xitam verildi və onun maddi zərərə dair iddiası təmin edildi. Bundan əlavə Baş Prokuror ərizəçiyə ədalət mühakiməsində yol verilmiş səhvə görə rəsmi üzr məktubu göndərdi. Bütün bu tədbirlər qeyri-maddi zərərə görə yetərli kompensasiya hesab olunmalıdır. Bundan başqa, hazırkı işin halları Keenan Birləşmiş Krallığa qarşı (Keenan v. the United Kingdom, no. 27229/95, § 130, AİHM 2001‑III) və Kontrova Slovakiyaya qarşı (Kontrová v. Slovakia, 31 may 2007-ci il, no. 7510/04, § 64) işlərindən fərqlidir, çünki hazırkı işdə 3-cü Maddənin pozuntusu müşahidə olunmur.
40. Nəhayət, Hökümət 7 saylı Protokolun 3-cü Maddəsinə münasibətdə qeyd etmişdir ki, ərizəçi adekvat kompensasiya almışdır. Ona vurulmiş maddi zərər qarşılanmışdır və Baş Prokurorluq ondan rəsmi üzr istəmişdir, bu da qeyri-maddi zərərə görə yetərli kompensasiya hesab olunmalıdır. Bundan əlavə, 7 saylı Protokolun 3-cü Maddəsi kompensasiya məsələsində onun müvafiq Dövlətin qanunvericiliyinə və ya qüvvədə olan praktikasına uyğun şəkildə edilməsini tələb edir. Ona görə də ərizəçinin qeyri-maddi zərərə görə üzr məktubu şəklində aldığı kompensasiya özbaşına deyildir, çünki oxşar hallarda belə praktikadan istifadə olunur.
(b) Ərizəçi
41. Ərizəçi onun işinə münasibətdə 3, 5 və 6-cı Maddələrin tətbiq edilməsini israr edərək ədalətli kompensasiyanın ödənilməsini ümdə məsələ kimi iddia etmişdir. Onun aldığı üzr məktubu ciddi hesab oluna bilməz, çünki rəsmi məktuba əlavə olaraq Baş Prokuror ona Aleksandr Dümanın “Qraf Monte-Cristo” kitabının nüsxəsini göndərmişdir. Hər halda, onun beş il yarım ərzində əzab, ruhi iztirab və kəskin fiziki ağrılar çəkməsi sadə bir üzr məktubundan daha ağlabatan kompensasiyaya layiqdir. Bundan əlavə, ərizəçinin həbsdə olduğu dövr ərzində hər ilin 1 sentyabr tarixində Ermənistan Dövlət Televiziyasının göstərdiyi və Ermənistan polisi tərəfindən hazırlandığı verilişdə ərizəçinin təqsiri tam boynuna aldığı haqda məlumat verilirdi. Beləliklə, ərizəçi ictimaiyyətin gözündə davamlı olaraq hörmətdən salınmışdır. Sonradan isə dövlət orqanları onun nüfuzunun bərpa olunması üçün heç nə etməmişlər. 2007-ci ildə o, evlənmişdir, lakin hələ də övlad sahibi ola bilmir. Həkimlər bunu ərizəçinin məhkumluğu ilə əlaqələndirlər. Ərizəçinin qulaqlarına vurulmuş zərbələr nəticəsində o, sol qulaq pərdəsində ortaqulaq yapışqan iltihablanmasından və birinci-ikinci dərəcəli ikitərəfli nitq eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir, indiyə kimi ağrıkəsicilərdən istifadə edir və onun karlığı dönməz xarakter almışdır. Bu hallara görə milli məhkəmələr heç bir təzminat təyin etməmişlər, baxmayaraq ki, ona qarşı qeyri-insani rəftarın işlədilməsi faktı sübut edilmişdir. Nəhayət, onun həbs edilməsinin 5-ci Maddəyə uyğun aparılması və ağlabatan şübhəyə əsaslanması barədə Hökumətin israrı qəbuledilməzdir, çünki həbs qərarı verildikdə ona qarşı pis rəftarın işlədilməsi izləri onun üzərində açıq-aydın görünürdü. Bundan əlavə, o, heç bir zaman ona qarşı məhkəmələrdə irəli sürülən ittihamları qəbul etməmişdir və öz məhkumluğu barədə yuxarı instansiyalara şikayət etmişdir.
2. Məhkəmənin qiymətləndirilməsi
42. Məhkəmə ilk növbədə Konvensiyanın 13-cü Maddəsi və Konvensiyanın 7 saylı Protokolunun 3-cü Maddəsi daxilində edilmiş şikayətlərə, sonra isə Konvensiyanın 5 § 5 Maddəsi daxilində edilmiş şikayətlərə baxmağı lazım bilir.
(a) Konvensiyanın 13-cü Maddəsi
43. Məhkəmə bir daha qeyd edir ki, onun müddət səlahiyyəti çatmadığından (aşağıdakı 55-57 bəndlərə bax) ərizəçi ilə polis məntəqəsində rəftar edilməsinin Konvensiyanın 3-cü Maddəsi baxımından müvafiq tələblərin pozulması məsələsinə qiymət verə bilməz. Buna baxmayaraq, Məhkəmə təkrarən qeyd edir ki, 13-cü Maddənin tətbiqi üçün Konvensiyanın hər hansı digər müddəasının pozulması şərt deyil. 13-cü Maddə milli hüquq sistemində təmin edilən istənilən tərzdə Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların tətbiq edilməsi və, məntiqi olaraq, onların pozulmasının iddia edilməsi üçün hüquqi müdafiə vasitələrinin olmasını təmin edir. Beləliklə, 13-cü Maddənin tətbiqi üçün Konvensiya baxımından əsaslı iddianın olması kifayətdir (bax Boyle və Rice Birləşmiş Krallığa qarşı (Boyle and Rice v. the United Kingdom), 27 aprel 1988-ci il, § 52, seriya A no. 131).
44. Məhkəmə müşahidə edir ki, ərizəçinin polis əməkdaşlarının əlində qeyri-insani rəftarı halı milli məhkəmələr tərəfindən şəksiz sübuta yetirilmişdir, konkret olaraq, bunun əsasında Lori Rayon Məhkəməsi 15 iyun 2005-ci il tarixli qərarı ilə iki polis əməkdaşını azadlıqdan məhrum etməyə məhkum etmişdir (yuxarıdakı 18-ci bəndə bax). Bu səbəbdən Məhkəmə hesab edir ki, ərizəçinin milli məhkəmələr qarşısında Konvensiyanın 3-cü Maddəsi ilə qadağan edilmiş rəftara məruz edilməsi barədə 13-cü Maddə daxilində, sübhəsiz, əsaslı iddiası olmuşdur.
45. Polis əməkdaşların məhkum edilməsindən sonra ərizəçi ayrıca prosedur əsasında kompensasiyaya dair mülki iddia qaldırmişdır və bu iddiada, digər məsələlər ilə yanaşı, ona vurulmuş qeyri-maddi zərərin ödənilməsini tələb etmişdir (yuxarıdakı 22-ci bəndə bax). Lakin ərizəçiyə vurulmuş qeyri-maddi zərərə görə heç bir təzminat ödənilməmişdir, çünki belə kompensasiya növü milli qanunvericilikdə nəzərdə tutulmamışdır.
46. Beləliklə, bu kontekstdə 13-cü Maddənin belə kompensasiyanın mövcud olmasını tələb edib-etməməsi məsələsi qalxır. Məhkəmənin özü müvafiq hallarda ağrı, stress, əndişə və iztirab hisslərinin təsirini tanıyaraq vurulmuş qeyri-maddi zərərə görə ədalətli kompensasiyanın ödənilməsi barədə qərar çıxartmışdır. Məhkəmə əvvəlki qərarlarında müəyyən etmişdir ki, Konvensiyanın ən təməl müddəaları sayıla bilən 2 və 3-cü Maddələrinin pozulması hallarında mümkün hüquqi müdafiə vasitələrinin sırasına, prinsip etibarilə, qeyri-maddi zərərin kompensasiyası imkanı da daxil edilməlidir (bax yuxarıda istinad edilmiş Keenan, § 130 və Kontrová, § 64 işləri).
47. Bu halda Məhkəmə nəticəyə gəlir ki, ərizəçinin ona qarşı pis rəftarın işlədilməsi nəticəsində vurulmuş qeyri-maddi zərərin kompensasiyasını tələb etmək hüququ olmalıdır. Ermənistan qanunvericiliyində belə kompensasiyanın olmaması ərizəçini səmərəli hüquqi müdafiə vasitələrindən məhrum etmişdir.
48. Nəticə etibarilə, Konvensiyanın 13-cü Maddəsinin pozuntusu baş vermişdir.
(b) 7 saylı Protokolun 3-cü Maddəsi
49. Məhkəmə təkrarən qeyd edir ki, 7 saylı Protokolun 3-cü Maddəsinin məqsədi məhkəmə səhvi nəticəsində məhkum edilmiş şəxslərin kompensasiya hüququnun tanınmasıdır, o halda ki, onlar barədə hökmlər yeni və ya yenicə aşkar olmuş faktlar əsasında ləğv edilmişdir. Beləliklə, 7 saylı Protokolun 3-cü Maddəsi yalnız hökmün ləğvindən sonra tətbiq edilə bilər (bax Matveyev Rusiyaya qarşı (Matveyev v. Russia), 3 iyul 2008-ci il, no. 26601/02, §§ 38-39).
50. Hazırkı işdə ərizəçi barədə hökmün ləğv olunmasını və onun kompensasiya almaq iddiasının 1 iyul 2002-ci ildən, yəni 7 saylı Protokolun Ermənistana münasibətdə qüvvəyə minməsindən sonra verilməsini nəzərə alaraq, Məhkəmənin ratione temporis yurisdiksiyasına malik olması şərtlərinə əməl edilmişdir. Bundan əlavə, Məhkəmə sübhə etmir ki, bu Maddə bütün zəruri şərtlərə əməl olduğundan ərizəçinin işinə tətbiq oluna bilər.
51. 7 saylı Protokolun 3-cü Maddəsindəki təminatlara əmə letməyə gəlincə, Məhkəmə hesab edir ki, bu müddəa müvafiq Dövlətin qanunvericiliyinə və ya qüvvədə olan praktikasına uyğun olaraq təzminatın ödənilməsini təmin edirsə, bu o demək deyil ki, milli qanunvericilik və ya qüvvədə olan praktika belə təzminatın ödənilməsini nəzərdə tutmursa, heç bir təzminat ödənilməməlidir (bax həmçinin Konvensiyanın 7 saylı Protokoluna İzahat Hesabatının 25-ci bəndi - yuxarıdakı 30-cu bənddə verilir). Bundan əlavə, Məhkəmə hesab edir ki, 7 saylı Protokolun 3-cü Maddəsinin məqsədi şəxsin səhvən məhkum edilməsi nəticəsində ona dəymiş yalnız maddi zərərin təzminatı deyil, eyni zamanda məhkəmə səhvi nəticəsində məhkum edilmiş şəxsə iztirab, əndişə, rahatsızlıq və həyat keyfiyyətinin itkisi kimi qeyri-maddi zərərə görə də kompensasiyanın alınmasını təmin etməkdir. Buna rəğmən, hazırkı işdə ərizəçiyə belə bir kompensasiya verilməmişdir.
52. Nəticə etibarilə, Konvensiyanın 7 saylı Protokolun 3-cü Maddəsinin pozuntusu baş vermişdir.
(c) Konvensiyanın 5 § 5 Maddəsi
53. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda qiymətləndirilmiş şikayət ilə əlaqəlidir və ona oxşar tərzdə qəbuledilən elan edilməlidir.
54. 7 saylı Protokolun 3-cü Maddəsi barədə gəldiyi nəticəyə əsaslanaraq (yuxarıdakı 52-ci bəndə bax), Məhkəmə hesab edir ki, bu işdə Konvensiyanın 5 § 5 Maddəsinin pozulub-pozulmamasını qiymətləndirmək zərurəti yoxdur.
III. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR POZUNTULARI
55. Ərizəçi həmçinin şikayət edib ki, ona qarşı pis rəftar, onun qanunsuz tutulması və həbsi və ədalətsiz məhkum edilməsi Konvensiyanın 3, 5 və 6-cı Maddələrinin təminatlarını pozmuşdur.
56. Məhkəmə təkrarən qeyd edir ki, beynəlxalq hüququn ümumi qaydalarına görə Konvensiyanın müddəaları Razılığa gələn Tərəfi həmin Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə minməsi tarixindən öncə baş vermiş hər hansı hərəkət və ya fakt, yaxud mövcudluğu həmin tarixdən öncə bitmiş hər hansı vəziyyətə münasibətdə məcburiyyət yaratmır (bax Blečić Xorvatiyaya qarşı (Blečić v. Croatia), [GC], no. 59532/00, § 70, AİHM 2006‑III). Məhkəmə müşahidə edir ki, barəsində şikayət verilmiş hadisələr Ermənistana münasibətdə Konvensiyanın qüvvəyə minməsindən, yəni 26 aprel 2002-ci il tarixindən öncə baş vermişdir.
57. Nəticə etibarilə, ərizənin bu hissəsi ratione temporis (müddət səbəbindən) Konvensiyanın 35 § 3 Maddəsinin mənasına uyğyn deyil və, beləliklə, Konvensiyanın 35 § 4 Maddəsinə əsasən rədd edilməlidir.
58. Nəhayət, ərizəçi şikayət edib ki, həmin Maddələr əsasında onun maddi zərərə görə iddiası tam olaraq təmin edilməmişdir.
59. Öz sərəncamında olan bütün materiallara əsasən və bu şikayətin onun səlahiyyətinə aid olduğu çərçivədə Məhkəmə müəyyən edir ki, bu hissədə Konvensiyada və ya onun Protokollarında təsbit edilmiş hüquq və azadlıqların pozulmasını müşahidə etmir. Nəticə etibarilə, ərizənin bu hissəsi Konvensiyanın 35 §§ 3 və 4 Maddəsinə əsasən açıq-aşkar əsassız olduğundan rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
60. Konvensiyanın 41-ci Maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
61. Ərizəçi xərcləri və qazanc itkisini nəzərə almaqla maddi zərərə görə 34,000,000 AMD (Ermənistan dramı) məbləğində əvəzin ödənilməsini iddia edib. Bundan əlavə, ərizəçi qeyri-maddi zərərə görə 274,959 EUR (avro) əvəzin ödənilməsini iddia edib.
62. Hökumət öz təqdimatında qeyd edib ki, ərizəçinin maddi zərərə dair iddiası əsaslı deyil və əslində milli məhkəmələr tərəfindən ona maddi zərərin ödənilməsi barədə qərar verilmişdir. Hökumət həmçinin qeyd edib ki, ərizəçinin qeyri-maddi zərərə dair iddiası əsassızdır.
63. Məhkəmə müəyyən edilmiş pozuntular və iddia edilən maddi zərər arasında səbəb-təsir əlaqəsini görmədiyinə görə bu iddianı rədd edir. Digər tərəfdən, Məhkəmə qeyri-maddi zərərin əvəzi olaraq ərizəçiyə 30,000 EUR təzminat verilməsi barədə qərar verir.
B. Xərclər və məsrəflər
64. Ərizəçi həmçinin Məhkəmə qarşısında çəkdiyi xərclərin və məsrəflərin (hüquqi məsrəflər, tərcümə və poçt xərcləri daxil olmaqla) qarşılanması üçün 1,000,000 AMD iddia edib.
65. Hökumət öz təqdimatında qeyd edib ki, ərizəçinin xərc və məsrəflərə görə iddiası tam olaraq əsaslandırılmamışdır.
66. Məhkəmənin presedent hüququna əsasən, ərizəçinin yalnız o xərc və məsrəfləri qarşılanır ki, onlar miqdar baxımından ağlabatandır və onların həqiqətən və zəruri olaraq edilməsi sübut olunur. Hazırkı işdə Məhkəmənin sərəncamında olan sənədlərə və qeyd olunmuş meyarlara uyğun olaraq, Məhkəmə onun qarşısında prosedurlara görə 500 EUR ödənilməsini ağlabatan hesab edir.
C. Cərimə faiz dərəcəsi
67. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 5 § 5 və 13-cü Maddələri və Konvensiyanın 7 saylı Protokolunun 3-cü Maddəsi altında ərizəçinin ona dəymiş qeyri-maddi zərərə dair iddiasını qəbuledilən, ərizənin yerdə qalan hissəsini isə qəbuledilməz elan edır.
2. Qərara alır ki, Konvensiyanın 13-cü Maddəsinin pozulması baş vermişdir;
3. Qərara alır ki, Konvensiyanın 7 saylı Protokolun 3-cü Maddəsinin pozulması baş vermişdir;
4. Qərara alır ki, şikayətin Konvensiyanın 5 § 5 Maddəsi altında araşdırılmasına ehtiyac yoxdur.
5. Qərara alır ki,
(a) Cavabdeh Dövlət Konvensiyanın 44 § 2 Maddəsinə əsasən qərarın yekun qüvvəyə minməsi tarixindən üç ay ərzində ərizəçiyə, odəniş tarixində tətbiq olunan məzənnə ilə Cavabdeh Dövlətin pul vahidinə çevrilməsi şərtilə aşağıdakı məbləğləri ödəməlidir
(i) qeyri-maddi zərərin əvəzi olaraq 30,000 EUR (otuz min avro), üstəgəl ərizəçiyə tətbiq oluna bilən hər hansı vergilər;
(ii) xərc və məsrəflərin əvəzi olaraq 500 EUR (beş yüz avro), üstəgəl ərizəçiyə tətbiq oluna bilən hər hansı vergilər;
(b) yuxarıda göstərilmiş üç ayın bitməsindən hesablanaraq ərizəçiyə qeyd olunmuş məbləğlərin üstündə sadə faiz ödənilməlidir ki, onun faiz dərəcəsi Avropa Mərkəzi Bankının gecikdirilmə dövrü ərzindəki marjinal kredit dərəcəsinə üstəgəl 3 faizə bərabər olmalıdır;
6. Ərizəçilərin ədalətli əvəz üzrə iddialarının qalan hissəsini qəbul etmir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Qaydalarının 77 §§ 2 və 3 Qaydasına əsasən yazılı şəkildə təsdiq edilib.
Santiago QuesadaJosep Casadevall
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy