İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
PİRƏLİ ORUCOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 8460/07)
Q Ə R A R
STRASBURQ
03 fevral 2011-ci il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Pirəli Orucov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Ciorcio Malinverni,
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
13 yanvar 2011-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Pirəli Məhərrəm oğlu Orucovun («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət (№ 8460/07) üzrə iş 29 yanvar 2007-ci ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab İ.Aşurov təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinə baxılması barədə bildirişin ona göndərilməməsi nəticəsində onun ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Daha sonra o, iddia edib ki, onun Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən təqsirsizlik prezumpsiyası hüququna daxili dövlət orqanları tərəfindən riayət edilməmişdir.
4. Bölmənin Sədri 29 iyun 2009-cu ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1958-ci ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. Ərizəçi vəkil və müxalifətdə olan Musavat Partiyasının üzvü olmuşdur.
Ərizəçinin həbsi və həbs qətimkan tədbirinin tətbiqi
7. 11 iyun 2005-ci ildə ərizəçi qəsdən mülkiyyətin məhv olunmasına cəhd etmə şübhəsi üzrə Milli Təhlükəsizlik Nazirliyinin (“MTN”) əməkdaşları tərəfindən tutulmuşdur.
8. 13 iyun 2005-ci ildə Nəsimi rayon məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülmüş ittihamlara və həbs qətimkan tədbirinin tətbiqi barədə prokurorun təqdimatına istinadən, onun iki ay müddətində həbsinə qərar vermişdir.
9. Ərizəçi Nəsimi rayon məhkəməsinin 13 iyun 2005-ci il tarixli qərarından şikayət verərək, həbs qətimkan tədbirinin tətbiqi üçün sübutların və ya əsasların çatışmazlığını iddia etmişdir. 22 iyun 2005-ci ildə Apellyasiya Məhkəməsi onun şikayətini rədd edərək, aşağı məhkəmənin qərarının əsaslı olduğunu göstərmişdir.
10. Sonradan ərizəçinin həbsi iki dəfə Nəsimi rayon məhkəməsinin 06 avqust və 03 oktyabr 2005-ci il tarixli qərarları ilə uzadılmışdır. Hər iki qərar ərizəçinin şikayətləri üzrə apellyasiya qaydasında qüvvədə saxlanılmışdır.
Ərizəçiyə qarşı cinayət icraatına aid hüquq-mühafizə orqanlarının birgə bəyanatı və həmin birgə bəyanatla bağlı daxili proses
11. 14 iyun 2005-ci ildə rəsmi qəzet olan Azərbaycan “Azərbaycan Respublikası Baş Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Birgə Məlumatı”nı dərc etmişdir. Birgə bəyanat mülkiyyətin məhv olunmasına cəhdlə bağlı ərizəçi daxil omaqla bir qrup şəxslərə qarşıcinayət icraatının başlanılması barədə ictimaiyyəti məlumatlandırmışdır. Birgə bəyanatda göstərilmişdir ki, ərizəçi və digər şəxslər Apellyasiya Məhkəməsi hakiminin və özəl telekanal olan ATV sədrinin şəxsi avtomobilini yandırmağa çalışmışlar.
12. 14 iyun 2005-ci il tarixli Birgə Bəyanatda, inter alia, göstərilir:
“A.N. təsdiq edib ki, partlayış üçün hazırlıqlar görülmüş və göstərib ki, bu hərəkətin arxasında olan şəxslər 1958-ci ildə anadan olmuş və Bakıda yaşayan, Azərbaycan Respublikasının daxili işlər və hərbi prokurorluq orqanlarında çalışmış, 1994-cü ildən polkovnik-leytenant kimi pensiyaya çıxmış və Musavat Partiyasına yaxın olan Pirəli Məhərrəm oğlu Orucov və 1958-ci ildə anadan olmuş və Moskvada iş adamı olan Q.R.-dir.
Müəyyən olunub ki, Pirəli Orucov radikalizminə görə müxalifət dairələrinə yaxın şəxslər arasında “Təxribatçı” adı ilə tanınan A.N.-i R.Q.-yə bu hərəkəti həyata keçirməsi planının təfsilatlarını müzakirə etmək üçün təqdim etmiş və onlar cinayət əlaqəsinə girmişlər. Onlar bu partlayışı həyata keçirmək üçün A.N.-ə böyük məbləğdə pul təklif etmiş və bir-biriləri ilə telefon vasitəsilə əlaqə saxlamamaq və hər hansı detalları yalnız şəxsi görüşlərdə müzakirə etmək qərarına gəlmişlər.
Yuxarıda qeyd olunmuş şəxslər ilk növbədə Apellyasiya Məhkəməsinin hakimi B.S.-in və bir neçə gün sonra müstəqil televiziya şirkəti olan ATV prezidentinin avtomobillərini partlatmaq niyyətində olmuşlar...”
13. 20 iyun 2005-ci ildə ərizəçi Baş Prokuror və Ombudsmana ərizə yazaraq, inter alia, hüquq-mühafizə orqanlarının 14 iyun 2005-ci il tarixli birgə bəyanatı ilə təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayət etmişdir. 27 iyun 2005-ci ildə ərizəçi şikayətini təkrarlamaqla, bir daha Baş Prokurora müraciət etmişdir.
14. 2005-ci ilin iyul ayının qeyri-müəyyən günündə ərizəçi Cinayət-Prosessual Məcəlləsinin (“CPM”) prokuror orqanlarının qərar və hərəkətlərinə aid 449-cu maddəsinə istinadən təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayət vermişdir.
15. 26 iyul 2005-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin şikayətini rədd etmişdir. Məhkəmə, inter alia, hesab etmişdir ki, Baş Prokurorluğun və MTN-in birgə bəyanatı CPM-in 449-cu maddəsi üzrə mübahisələndirilə bilən qərar və ya hərəkət kimi qiymətləndirilə bilməz.
16. 13 avqust 2005-ci ildə ərizəçi şikayətlərini təkrarlamaqla, bu qərardan şikayət vermişdir. İş materiallarından görünür ki, ərizəçinin şikayəti məhkəmə katibi tərəfindən həmin gündə qəbul edilmişdir. Ərizəçi şikayətinə hər hansı cavab almamışdır.
Ərizəçinin mühakiməsi və məhkum edilməsi
17. 03 mart 2006-cı ildə Yasamal rayon məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilən hökm çıxarmış və onu dörd il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə qeyd edib ki, ərizəçinin təqsiri digər təqsirləndirilən şəxsin ifadəsi və işin halları ilə sübut olunub. Ərizəçi təqsirsizliyini iddia edərək bu hökmdən şikayət vermişdir. O bildirib ki, yalnız bir şəxsin ifadəsi əsasında məhkum olunmuş və onun təqsiri hər hansı başqa sübutla müəyyən olunmamışdır.
18. 26 may 2006-cı ildə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd edərək, onun təqsirinin işin halları ilə sübut olunduğunu və müvafiq qanun normalarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edildiyini bildirmişdir.
19. 19 sentyabr 2006-cı il tarixli qərarla Ali Məhkəmə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayaraq, aşağı məhkəmələr qarşısında araşdırmaların müvafiq qanunvericiliyə uyğun həyata keçirildiyini qeyd etmişdir. Ali Məhkəmənin qərarından görünür ki, kassasiya qaydasında iclasın keçirilməsinin tarixi və yeri barədə ərizəçinin vəkilinin məlumatlandırılmasına baxmayaraq, o, iclasda iştirak etməmişdir. Qərarda ərizəçinin iclasda iştirak etməməsinə toxunulmamışdır.
20. Hökumətə görə, 28 avqust 2006-cı ildə Ali Məhkəmə ərizəçiyə məlumat verib ki, onun işinə aid kassasiya qaydasında iclas 19 sentyabr 2006-cı ilə təyin olunub. Ərizəçiyə görə, o, hər hansı bu cür bildirişi almamışdır.
21. Ərizəçi, Prezidentin əfv fərmanına əsasən 2007-ci ilin dekabrında həbsxanadan azad olunmuşdur.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
22. Ali Məhkəmədə icraata aid daxili qanunvericiliyin müvafiq müddəaları Məhkəmənin Maksimov Azərbaycana qarşı (№ 38228/05, §§ 22-24, 08 oktyabr 2009-cu il) və Abbasov Azərbaycana qarşı (№ 24271/05, §§ 19-21, 17 yanvar 2008-ci il) qərarlarında təfsilatı ilə təsvir edilmişdir.
23. CPM-in 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
24. CPM-in LII fəsli cinayət icraatında tərəflərin istintaq orqanlarının qərar və ya hərəkətlərini məhkəmədə mübahisələndirə bildiyi prosesi təsbit edir. 449-cu maddə müəyyən edir ki, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, inter alia, tutma və həbsdə saxlanılmasına, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsinə, tutulmuş şəxsin hüquqlarının pozulmasına, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsinə və s. aid istintaq orqanlarının qərar və ya hərəkətlərindən şikayət verə bilər. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxara bilər (451-ci maddə). Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinə aid hakimin qərarından CPM-in 452-453-cü maddələrinə uyğun olaraq apellyasiya qaydasında şikayət verilə bilər. Apellyasiya məhkəməsinin üç hakimdən ibarət kollegiyası belə şikayətləri aldığı tarixdən üç gün müddətində araşdırır (453-cü maddə).
25. CPM-in 455-ci maddəsinə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulduğunun müəyyən edilməsi məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsasdır. 456-cı maddəyə uyğun olaraq, belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərarların icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. İşə baxdıqdan sonra Ali Məhkəmənin Plenumu məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya instansiyası məhkəməsinin və ya digər məhkəmənin qərarının dəyişdirilməsi və ya kassasiya instansiyası məhkəməsinin və ya digər məhkəmənin qərarının ləğv edilməsi və yeni qərarın çıxarılması barədə qərar qəbul edə bilər (CPM-in 459-cu maddəsi).
HÜQUQİ MƏSƏLƏLƏR
ŞİKAYƏTİN KONVENSİYANIN 37-ci MADDƏSİ ƏSASINDA
SİYAHIDAN ÇIXARILMASI BARƏDƏ HÖKUMƏTİN MÜRACİƏTİ
26. 19 yanvar 2010-cu il tarixli məktubla Hökumət sözügedən şikayətdə qaldırılmış məsələlərin həlli üçün birtərəfli bəyanatı barədə Məhkəməni məlumatlandırmışdır.
27. Bəyanatda aşağıdakılar göstərilir:
“Hökumət - birtərəfli bəyanat vasitəsilə - təsdiq edir ki, hazırkı işdə Ali Məhkəmə qarşısında icraat ədalətlilik tələbinə cavab vermir.
Nəticə etibarilə, Hökumət ərizəçiyə 1.000 AZN (bir min manat) məbləğində kompensasiya ödəməyə hazırdır. Hökumətin qənaətinə görə, qeyd olunan məbləğ mübahisəli icraat üçün adekvat bərpaetməni və kifayət qədər kompensasiyanı və bununla da, hazırkı iş üzrə həcminə görə məqbul məbləği təşkil edir.
Yuxarıdakıları nəzərə alaraq, Hökumət təklif edir ki, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndində göstərildiyi kimi, şikayətə baxılmasına xitam verilməsini əsaslandıran “istənilən digər səbəb”in mövcudluğuna dair qənaətə gələ bilər və bundan başqa, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulduğu kimi, bu müddəaya əsasən işə baxılmasının davam etdirilməsini əsaslandıran hər hansı səbəblər yoxdur. Müvafiq olaraq, Hökumət Məhkəməni şikayəti işlərin siyahısından çıxarmağa dəvət edir.”
28. 04 mart 2010-cu il tarixli məktubla ərizəçi Hökumətin birtərəfli bəyanatı ilə razılaşmayaraq qeyd etmişdir ki, Hökumət Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin pozulduğunu etiraf etməmişdir. O, həmçinin iddia edib ki, Hökumətin bəyanatında nəzərdə tutulmuş kompensasiya məbləği çox azdır.
29. Məhkəmə təkrar edir ki, müəyyən hallarda ərizəçinin işin davam etdirilməsi ilə bağlı istəyinə baxmayaraq, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh Hökumətin birtərəfli bəyanatı ilə şikayət baxılan işlərin siyahısından çıxarıla bilər. Bununla bağlı, Məhkəmə şikayəti presedent-hüququ (xüsusilə, Tahsin Acar işi) baxımından diqqətlə gözdən keçirəcəkdir (baxın, Tahsin Acar Türkiyəyə qarşı (ilkin məsələ) (BP), № 26307/95, §§ 74-77, İHAM 2003‑VI; İsveç Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı İsveçə qarşı (siyahıdan çıxarma), № 53507/99, §§ 24-27, 18 İyul 2006; və Van Houten Niderlanda qarşı (siyahıdan çıxarma), № 25149/03, §§ 34-37, İHAM 2005‑IX).
30. Məhkəmə qeyd edir ki, birtərəfli bəyanatında Hökumət təsdiq edib ki, Ali Məhkəmədə icraat ədalətlilik tələbinə cavab vermir və ərizəçiyə 1.000 yeni Azərbaycan manatı (AZN) ödəməyi təklif edib. Lakin Məhkəmə qeyd edir ki, Hökumət daxili icraatı yenidən açmaq və yenidən açılmış icraatı Konvensiyanın 6-cı maddəsində göstərilmiş bütün tələblərə uyğun həyata keçirmək öhdəliyini götürməmişdir (müqayisə edin, Seydiyev Azərbaycana qarşı (qərardad), № 13648/06, 20 may 2010-cu il). Bununla əlaqədar, Məhkəmə qeyd edir ki, hazırkı işdə iddia olunan pozuntunun mahiyyəti belədir ki, daxili icraatı yenidən açmadan ərizəçinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasının nəticələrini aradan qaldırmaq mümkün deyildir. Bundan başqa, Məhkəmə qeyd edir ki, Məhkəmə tərəfindən pozuntu müəyyən edildiyi halda, daxili qanunvericilik cinayət prosesinin yenidən açılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin görünür ki, Məhkəmənin şikayəti işlərin siyahısından çıxarmaq barədə qərarından sonra daxili prosesin yenidən açılmasını mümkün edən qanun norması yoxdur (baxın, yuxarıda 25-ci paraqraf).
31. Hökumətin birtərəfli bəyanatının məzmununu nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiya və onun Protokollarında müəyyən olunduğu kimi insan hüquqlarına hörmətin Məhkəmədən şikayətə baxılmasının davam etdirilməsini tələb etməməsinə dair qənaətə gəlmək üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir (müqayisə edin, Hakimi Belçikaya qarşı, 665/08, § 29, 29 iyun 2010-cu il və Kessler İsveçrəyə qarşı, 10577/04, § 24, 26 iyul 2007-ci il).
32. Buna görə, Məhkəmə Konvensiyanın 37-ci maddəsinə əsasən şikayəti işlərin siyahısından çıxarmaq barədə Hökumətin tələbini rədd edir və müvafiq olaraq, onun məqbuliyyəti və işin mahiyyəti üzrə araşdırılmasını davam etdirəcək.
KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA
OLUNAN POZUNTUSU
33. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçi şikayət edib ki, o, Ali Məhkəmədə kassasiya şikayətinə 19 sentyabr 2006-cı ildə baxılması barədə məlumatlandırılmamış və bu səbəbdən iclasda iştirak edə bilməmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müvafiq hissəsində aşağıdakıları nəzərdə tutur:
“Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.”
Şikayətin məqbuliyyəti
34. Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükətməmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçi Ali Məhkəmənin 19 sentyabr 2006-cı il tarixli qərarından Ali Məhkəmənin Plenumuna şikayət verə bilərdi.
35. Ərizəçi Hökumətlə razılaşmamış və şikayətlərini təkrar etmişdir.
36. Məhkəmə xatırladır ki, o, daha əvvəl Ali Məhkəmənin Plenumunda əlavə kassasiya qaydasında icraatın Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında tükənməli olan vasitəni, bir qayda olaraq, təşkil etmədiyini müəyyən etmişdir (baxın, Babayev Azərbaycana qarşı (qərardad), № 36454/03, 27 may 2004-cü il). Buna görə, Hökumətin etirazı rədd olunmalıdır.
37. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən o, məqbul elan edilməlidir.
İşin mahiyyəti
Tərəflərin dəlilləri
38. Hökumət bildirib ki, ərizəçi Ali Məhkəmənin 19 sentyabr 2006-cı il tarixli iclasının vaxtı və yeri barədə lazımınca məlumatlandırılmışdır. Onlar Ali Məhkəmədə iclas barədə Ali Məhkəmənin hakimi tərəfindən imzalanmış, ərizəçiyə və onun vəkilinə ünvanlanmış və üzərində 28 avqust 2006-cı il tarixi göstərilmiş bildirişlərin surətlərini təqdim etmişlər.
Bildirişlərdə göstərilib ki, iclas 19 sentyabr 2006-cı ildə saat 10-da keçiriləcək.
39. Ərizəçi təkid edib ki, o və onun vəkili bu bildirişləri almamışlar.
Məhkəmənin qiymətləndirməsi
40. Məhkəmə qeyd edir ki, 19 sentyabr 2006-cı ildə Ali Məhkəmənin ərizəçinin kassasiya şikayətinə onun iştirakı olmadan baxmasını tərəflər mübahisələndirmirlər. Lakin tərəflər ərizəçinin əvvəlcədən bu barədə məlumat alıb-almamasını mübahisə edirlər.
41. Hökumətin 28 avqust 2006-cı ildə tərtib olunmuş bildirişlərin surətlərini təqdim etməsinə baxmayaraq, Məhkəmə qeyd edir ki, bu bildirişlərdə poçt möhürü yoxdur və Hökumət onların nə vaxtsa ərizəçiyə və ya onun vəkilinə göndərilməsi, ya da onlar tərəfindən alınmasını təsdiq edən sübutu təqdim etməmişdir. Belə olan halda, Hökumət Məhkəməni ərizəçiyə iclas barədə bildirişin göndərilməsi və ya hər hansı başqa vasitə ilə ona çatdırılması barədə dəlilinin təsdiqi üçün təqdim etdiyi sübutlarla inandıra bilməmişdir (müqayisə edin, yuxarıda qeyd olunmuş Maksimov, § 37; yuxarıda qeyd olunmuş Abbasov, § 29; və Metelitsa Rusiyaya qarşı, 33132/02, § 33, 22 iyun 2006-cı il).
42. Məhkəmə xatırladır ki, ədalətli məhkəmə araşdırılması anlayışı özünə tərəflərin bərabərliyi prinsipini və cinayət araşdırmalarının çəkişməli olması barədə fundamental hüququ daxil etdirir. Bu onu nəzərdə tutur ki, həm ittiham, həm də müdafiə qarşı tərəfin təqdim etdiyi dəlil və sübutlar barədə xəbərdar olmaq və öz şərhlərini vermək imkanına malik olmalıdırlar (baxın, Brandstetter Avstriyaya qarşı, 28 avqust 1991-ci il, §§ 66-67, A Seriyaları, № 211).
42. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi bütövlükdə götürülməklə təminat verir ki, cinayətdə təqsirləndirilən şəxs ümumi prinsip kimi ona qarşı cinayət ittihamına aid məhkəmə iclasında səmərəli iştirak etsin. Bu hüquq çəkişmə prosesinin özünün anlayışında olmaqla, Konvensiyanın 6-cı maddəsinin 3 “c”, “d” və “e” yarımbəndlərində təsbit olunan təminatlardan da irəli gələ bilər (baxın, Kolozza İtaliyaya qarşı, 12 fevral 1985-ci il, § 27, A Seriyaları, № 89 və Stenford Birləşmiş Krallığa qarşı, 23 fevral 1994-cü il, § 26, A Seriyaları, № 282-A). Buna görə, hazırkı işdə ərizəçinin məhkəmə iclasında bu hüquqlarını əvvəlcədən hansı yolla həyata keçirə bildiyini görmək çətindir.
44. Daha sonra Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı məhkəmə iclasında iştirak edib və məhkəməyə şifahi dəlillərini bildirib. Bu dəlillər ərizəçinin şikayətinin rədd olunmasına və onun barəsində hökmün qüvvədə saxlanılmasına yönəlib. Belə olan halda və ərizəçinin hüquqi şəkildə təmsil olunmamasını nəzərə alaraq, Ali Məhkəmənin üzərinə o vəzifə düşürdü ki, araşdırmaları çəkişməli xarakterdə həyata keçirmək üçün ərizəçinin iştirakının təmin edilməsi məqsədilə tədbirlər görsün. Lakin ərizəçinin iştirakı olmadan məhkəmə iclasını davam etdirmək üçün məsələni həll edərkən, bildirişin həqiqətən ərizəçiyə çatdırılmasına Ali Məhkəmənin əmin olmasına dair hər hansı əsaslar mövcud deyildir. Ali Məhkəmənin qərarı məhkəmə iclasının ərizəçinin iştirakı olmadan həyata keçirilməsi məsələsinə toxunmurdu.
45. Məhkəmə daha sonra xatırladır ki, bəzi işlərdə müəyyən etdi ki, şikayət üzrə yalnız hüquqi məsələlərə baxıldığı məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsən iştirakı həlledici deyildir (baxın, məsələn Kremzov Avstriyaya qarşı, 21 sentyabr 1993-cü il, A Seriyaları, № 268-B və Kamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il, A Seriyaları, № 168). Lakin Məhkəmə hesab edir ki, hazırkı iş təqsirləndirilən şəxslərin vəkil vasitəsilə təmsil olunduqları və prinsipcə, hər birinin öz müdafiəsini təşkil etmək imkanında olduğu Kremzov və Kamasinski işlərindən fərqlənir. Hazırkı işdə ərizəçi daha əhəmiyyətli şəkildə bunu etmək imkanında olmamışdır, ona görə ki, o, məhkəmə iclası barədə əvvəlcədən məlumatlandırılmamışdır (müqayisə edin, Ziliberberg Moldovaya qarşı, № 61821/00, § 41, 01 fevral 2005-ci il; yuxarıda qeyd olunmuş Maksimov, § 41 və yuxarıda qeyd olunmuş Abbasov, § 33).
46. Belə nəticə çıxır ki, Ali Məhkəmə qarşısında araşdırmalar ədalətlilik tələbinə cavab vermir. Müvafiq olaraq, bu iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
II. KONVENSİYANIN İDDİA OLUNAN DİGƏR POZUNTULARI
Konvensiyanın 5-ci maddəsi
47. Ərizəçi şikayət edib ki, o, tutulduğu andan qırx səkkiz saat ərzində daxili qanunvericiliyin tələb etdiyi kimi hakim qarşısına tezliklə çıxarılmamış, tutulmasının səbəbləri barədə tez məlumatlandırılmamış və onun həbsi üçün kifayət qədər əsaslar olmamışdır.
48. Məhkəmə xatırladır ki, həbs müddəti ilə bağlı Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün “yekun qərar”ın tarixi hökmün qüvvəyə mindiyi deyil, məhz birinci instansiya məhkəməsi tərəfindən ittihamın həll olunduğu tarixdir (baxın, digər bir çox qərarlar arasında, Maltabar və Maltabar Rusiyaya qarşı (qərardad), № 6954/02, 28 iyun 2007-ci il). Bu işdə ərizəçi birinci instansiyada 03 mart 2006-cı ildə məhkum edilmiş və nəticə etibarilə, şikayətə aid altı aylıq müddət həmin tarixdən axmağa başlamışdır. Şikayətin Məhkəməyə 29 yanvar 2007-ci ildə verildiyini nəzərə alaraq, Məhkəmə qeyd edir ki, bu şikayət vaxtında verilməmiş və altı aylıq tələbə cavab vermir.
49. Müvafiq olaraq, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi
50. Ərizəçi şikayət edib ki, Baş Prokurorluq və MTN tərəfindən mətbuata edilmiş 14 iyun 2005-ci il tarixli birgə bəyanat onun təqsirsizlik prezumpsiyası hüququnu pozur.
51. Hökumət bildirib ki, ərizəçi hüquq-mühafizə orqanlarının mübahisəli birgə bəyanatına aid bütün əlçatan və səmərəli daxili vasitələri tükətməmiş və hər bir halda altı aylıq qaydaya riayət etməmişdir. Bununla bağlı, Hökumət bildirib ki, ərizəçi cinayət prosesi orqanlarının qərar və ya hərəkətlərindən şikayətə aid CPM-in 449-451-ci maddələrində göstərilmiş vasitədən istifadə edə və ya böhtana görə şikayət verə bilərdi. CPM-in 449-451-ci maddələri əsasında ərizəçinin başladığı daxili prosedurlara gəldikdə, Hökumət iddia edib ki, ərizəçi bu araşdırmalar çərçivəsində Apellyasiya Məhkəməsinə şikayət verməmiş və hətta şikayət verilmiş olsa və sonradan bununla bağlı Apellyasiya Məhkəməsinin qərarı qəbul edilsə belə, bu 2005-ci ildə, yəni ərizəçinin Məhkəməyə şikayətinin verilməsindən xeyli əvvəl baş vermiş olardı. Bu səbəbə görə, şikayət altı aylıq qaydaya uyğun deyildir. Daha sonra Hökumət bildirib ki, ərizəçi təqsirsizlik prezumpsiyasının pozulmasından Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtana görə ayrıca şikayət verə bilərdi.
52. Ərizəçi Hökumətin etirazlarını mübahisələndirmiş və şikayətlərini təkrarlamışdır. Xüsusən, o iddia edib ki, CPM-in 449-451-ci maddələri əsasında icraat çərçivəsində Apellyasiya Məhkəməsinə şikayət verməklə daxili vasitələri tükətmişdir; lakin bu şikayətə hər hansı cavab almamışdır.
53. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən daxili vasitələri tükəndirib-tükəndirməməsinin və ya onu daxili qanunvericilikdə sonrakı vasitələrdən istifadə etmək öhdəliyindən azad edəcək xüsusi halların hazırkı işdə olub-olmadığının həllinə zərurət yoxdur. Səmərəli vasitələr olmasa belə, bu, onu altı aylıq müddətə riayət etmək öhdəliyindən azad etmir (baxın, mutatis mutandis, Aydın Türkiyəyə qarşı (qərardad), № 71998/01, § 39, 04 mart 2008-ci il).
54. Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən altı aylıq müddət məhdudiyyətinin məqsədi Konvensiya əsasında ortaya çıxmış işlərin ağlabatan müddətdə baxılmasını və keçmiş qərarların davamlı olaraq mübahisələndirilməməsini təmin etməklə, hüquqi müəyyənliyin bərqərar olmasıdır. O, Konvensiya orqanlarının həyata keçirdiyi nəzarətin vaxt məhdudiyyətini müəyyən edir və həm fərdi şəxslərə, həm də Dövlət orqanlarına belə nəzarətin mümkün olmadığı müddəti göstərir (baxın, digər qərarlar arasında, Uolker Birləşmiş Krallığa qarşı (qərardad), № 34979/97, İHAM 2000-I).
55. Bir qayda olaraq, altı aylıq müddət daxili vasitələrin tükənməsi prosesində yekun qərarın çıxarıldığı tarixdən axır. Lakin ərizəçiyə hər hansı səmərəli vasitənin əlçatan olmadığı əvvəlcədən aşkar olduğu halda, bu müddət şikayət olunan hərəkət və ya tədbirlərin, yaxud onun nəticələrinin ərizəçiyə zərəri barədə məlumatın aşkar olunduğu tarixdən axır (baxın, Dennis və digərləri Birləşmiş Krallığa qarşı (qərardad), № 76573/01, 02 iyul 2002-ci il). Eləcə də, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi ərizəçidən məsələ ilə bağlı mövqeyinin daxili müstəvidə həll olunmasından əvvəl Məhkəməyə şikayət verməyi tələb edən kimi təfsir oluna bilməz. Buna görə, ərizəçi aşkar olan vasitədən istifadə etdikdə və yalnız sonradan bu vasitəni səmərəsiz edən hallardan xəbərdar olduqda, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün müvafiq olar ki, altı aylıq müddətin axımı ərizəçinin bu hallardan xəbərdar olduğu və ya xəbərdar olmalı olduğu andan başlasın (baxın, Pol və Obri Edvards Birləmiş Krallığa qarşı (qərardad), № 46477/99, 04 iyun 2001-ci il).
56. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçinin şikayət etdiyi hərəkət, yəni birgə bəyanatın dərci 14 iyun 2005-ci ildə olmuş və ərizəçi 20 və 27 iyun 2005-ci ildə Baş Prokurora müraciət etmişdir. O, daha sonra Səbail rayon məhkəməsi tərəfindən 26 iyul 2005-ci ildə rədd olunmuş şikayəti vermişdir. Ərizəçinin bu qərardan 12 avqust 2005-ci il tarixli şikayətinə gəldikdə, o, buna dair hər hansı cavab almamışdır.
57. Ərizəçinin istifadə etməyə çalışdığı vasitənin açıq-aşkar səmərəsiz olduğu nəzərə alınarsa, Məhkəmə hesab edir ki, ərizəçi müəyyən vaxtda vasitənin səmərəsizliyindən xəbərdar olmalı idi. Ərizəçinin iddia etdiyi kimi, o, açıq-aşkar mövcud olan vasitədən istifadə etmək istəyirdisə və bu vasitəni səmərəsiz edən hallardan yalnız sonradan xəbərdar olmuşsa, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün müvafiq olar ki, altı aylıq müddətin axımı ərizəçinin ilk dəfə bu hallardan xəbərdar olduğu və ya olmalı olduğu vaxtdan başlasın. Hazırkı işdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından şikayəti 12 avqust 2005-ci ildə vermişdir. Lakin o, bu şikayətinə hər hansı cavab almamışdır. Bundan başqa, görünür ki, o, şikayətinin vəziyyəti və ona baxılıb-baxılmaması barədə Apellyasiya Məhkəməsindən hər hansı məlumatlar əldə etməyə çalışmamışdır. Başqa sözlə, ərizəçi tərəfindən göstərilməmişdir ki, şikayətin verilməsindən sonra o, apellyasiya instansiyası qarşısında bu şikayətinə baxılmasını israrla təkid etmişdir. Apellyasiya Məhkəməsinin bu növ şikayətləri üç gün müddətində həll etməli olduğunu (baxın, yuxarıda 24-cü paraqraf) nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi şikayətini verdikdən bilavasitə bir neçə ay sonra, yəni ən azı 2005-ci ilin sonunda ona baxılmasının hər hansı səmərəsinin olmadığı barədə xəbərdar olan kimi qiymətləndirilməlidir. Lakin o, şikayətinə 12 avqust 2005-ci ildən sonra hər hansı cavab almadığına baxmayaraq, Məhkəməyə şikayətini 29 yanvar 2007-ci ilədək verməmişdir (müqayisə edin, Bayram və Yıldırım Türkiyəyə qarşı (qərardad), № 38587/97, 29 yanvar 2002-ci il və Berkaru Rumıniyaya qarşı, 8870/ 02, §§ 33-34, 16 sentyabr 2008-ci il). Buna görə, Məhkəmə hesab edir ki, ərizəçi bu vəziyyət barədə 29 yanvar 2007-ci ildə Məhkəməyə şikayət verməzdən xeyli əvvəl xəbərdar olmuşdur. Bundan başqa, ərizəçi onu Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində müəyyən olunmuş müddət məhdudiyyətinə riayət etməyin qarşısını alan xüsusi halların mövcudluğunu əsaslandıra bilməmişdir.
58. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
Konvensiyanın 3, 6, 13 və 14-cü maddələri
59. Ərizəçi şikayət edib ki, onun MTN-in saxlama mərkəzində həbs şəraiti pis rəftarı təşkil edib. O şikayət edib ki, daxili məhkəmələr müstəqil və ya qərəzsiz olmamışlar, ona görə ki, onlar icra hakimiyyətindən asılıdırlar və ona qarşı olan cinayət işi saxtalaşdırılmışdır. O, həmçinin şikayət edib ki, onun məhkum edilməsinə aid cinayət prosesi səmərəsiz olmuş və o, siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalmışdır.
60. Lakin malik olduğu bütün materialları nəzərə alaraq və barəsində şikayət edilən məsələlərə səlahiyyəti çərçivəsində baxaraq, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın pozuntusunun hər hansı əlamətini aşkara çıxarmır. Buradan belə nəticə çıxır ki, şikayətin bu hissəsi açıq-aydın əsassız olduğuna görə 35-ci maddənin 3-cü bəndinə əsasən qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
51. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
Maddi zərər
61. Ərizəçi maddi zərərə görə 11.700 EUR tələb etmişdir. Bu məbləğə həbsdə olan vaxtda ərizəçini qida ilə təmin etmək üçün ailəsi tərəfindən xərclənmiş məsrəflər və itirilmiş gəlir üçün 4.200 EUR daxildir.
63. Hökumət tələbi mübahisələndirərək, ərizəçinin öz iddialarını əsaslandırmadığını bildirmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçi həbsxanada Dövlət tərəfindən qida ilə təmin olunmuş və tələblərinin təsdiqi kimi hər hansı sənədləri təqdim etməmişdir.
64. Məhkəmə vurğulayır ki, Məhkəmə Reqlamentinin 60-cı qaydasına əsasən ədalətli kompensasiya üçün hər hansı tələb təfsilatla göstərilməli və təsdiqedici sənədlərlə və ya qəbzlərlə birgə yazılı təqdim edilməlidir. Əks halda, Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər.
65. Hazırkı işdə ərizəçinin itirilmiş gəlir üçün tələbinə gəldikdə, iddia olunan zərərlə müəyyən olunmuş pozuntu arasında səbəbli əlaqənin olduğu güman edilsə belə, Məhkəmə qeyd edir ki, ərizəçi tələbini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Xüsusən, o, hər hansı əmək müqaviləsini və ya gəlirini təsdiq edən başqa sənədi təqdim etməmişdir.
66. Qida məhsulları üçün ərizəçinin tələbinə gəldikdə isə, Məhkəmə müəyyən olunmuş pozuntularla iddia olunan maddi zərər arasında hər hansı səbəbli əlaqə görmür.
67. Yuxarıdakılara əsasən, Məhkəmə ərizəçinin maddi zərərə aid tələblərini rədd edir.
2. Mənəvi zərər
68. Ərizəçi mənəvi zərərə görə 10.000 EUR kompensasiya tələb etmişdir.
69. Hökumət bu məbləği əsassız və həddən artıq hesab edib və bildirib ki, Konvensiya pozuntusunun müəyyən olunması özlüyündə kifayətedici kompensasiyanı təşkil edir.
70. Məhkəmə hesab edir ki, ərizəçi sadəcə olaraq pozuntunun müəyyən olunması ilə əhatə olunmayan mənəvi zərər çəkmiş və ona kompensasiya təyin edilməlidir. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 3.000 EUR kompensasiya məbləği təyin edir.
71. Мящкямя тякрар едир ки, Конвенсийанын 6-cы маддясинин тямин етдийи щцгугларынын потенсиал позулмасына бахмайараг, яризячинин мящкум едилдийи щалда, о, мцмкцн гядяр бу мцддяанын позулмадыьы вязиййятя гайтарıлмалыдыр (бахын, Пйерсак Белчикайа гаршы (50-cи маддя), 26 октйабр 1984-cц ил, § 12, А Серийалары, № 85 ). Йухарыда мцяййян едилдийи кими, Али Мящкямя гаршысындакы арашдырмалар ядалятлилик тялябиня cаваб вермяйиб, она эюря ки, яризячи Конвенсийанын 6-cы маддясиня ясасян щяр щансы щцгугларыны həyata кечирмяк имканындан мящрум олмушдур. Беля олан щалда, Конвенсийанын 6-cы маддясинин тялябляриня уйьун олараг шикайят цзря арашдырмаларын тямин едилмяси цчцн бярпаетмянин ян дцзэцн тярзи, принсипcя, kassasiya icraatının yenidən açılmasıdır (бахын, мутатис мутандис, Сомоги Италiйайа гаршы, № 67972/01, § 86, ИЩАМ 2004-ЫВ; Шулепов Русийайа гаршы, № 15435/03, § 46, 26 ийун 2008-cи ил; йухарыда гейд олунмуш Maksimov, § 46 və йухарыда гейд олунмуш Аббасов, §§ 41-42). Бунунла баьлы, Мящкямя гейд едир ки, Азярбайcан Республикасы Cинайят Просессуал Мяcяллясинин 455 вя 456-cы маддяляри нязярдя тутур ки, Мящкямя Конвенсийанын позунтусуну мцяййян етдикдя, cинайят арашдырмалары Али Мящкямянин Пленуму тяряфиндян йенидян ачылыр.
B. Xərc və məsrəflər
72. Ərizəçi 440 EUR daxili məhkəmələr və 550 EUR Məhkəmə qarşısında çəkdiyi xərclərə görə tələb etmişdir. Tələbinin əsası kimi o, Məhkəmə qarşısında hüquqi xidmətlər üçün müqaviləni təqdim edib. Bu müqaviləyə görə, Məhkəmə ərizəçinin hüquqlarının pozulmasını müəyyən etdiyi halda, müvafiq məbləğlər ödənilməlidir.
73. Hökumət bu tələbi əsassız və həddən artıq hesab etmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçi daxili proseslərdə xərclənmiş hüquqi xidmətlərə aid sənədləri təqdim etməmiş və Məhkəmə qarşısında hüquqi xidmətlərlə bağlı xərc və məsrəflər əslində çəkilməyib, ona görə ki, tələb olunan məbləğ ərizəçi tərəfindən ödənilməmişdir.
74. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd edir ki, ərizəçi hüquqi və tərcümə xidmətlərinə görə xərcləri hələ çəkməsə belə, müqavilə öhdəliyinə əsasən o, bu xərcləri çəkməlidir. Müvafiq olaraq, müqaviləyə əsasən vəkilin və tərcüməçinin nəzərdə tutulmuş məbləğləri ödəməyi tələb etmək hüquqlarına malik olduqlarını nəzərə alaraq, bu xərclər “həqiqətən çəkilmişdir” (baxın, Nemət Əliyev Azərbaycana qarşı, 18705/06, § 109, 08 aprel 2010-cu il).
75. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, 550 EUR məbləği təyin etməyi əsaslı hesab edir.
C. Faiz dərəcəsi
76. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Ali Məhkəmənin iclasında ərizəçinin iştirak etməməsinə aid şikayəti məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
3. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə 3.000 EUR (üç min avro) və xərc və məsrəflərə görə 550 EUR (beş yüz əlli avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 fevral 2011-ci ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Bölmə Katibi Sədr
Full & Egal Universal Law Academy